Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: 10-cu fəsil

V. Barklinin şərhləri

10-cu fəsil

1-6

ÇOBAN VƏ ONUN QOYUNLARI (Yəhya 10:1-6)

İsa onlara bu məsəli danışdı. Lakin onlar İsanın nə dediyini başa düşmədilər.

İsanın Yaxşı Çobandan başqa sevimli obrazı yoxdur. Çoban obrazı Müqəddəs Kitabın mövzusuna və qəhrəmanlarına hopub. Başqa cür ola da bilməz. Yəhudeya ərazisinin əsas hissəsi Bet-Eldən Xevrona qədər uzunluğu 56 km və eni 22-27 km olan dağlıq yayladan ibarət idi. Burada torpağın çox hissəsi sərt və daşlıq idi. Yəhudeyanın ərazisi əkinçilikdən daha çox maldarlıq üçün əlverişli idi. Buna görə də onun dağlıq bölgələrində çoban obrazı yaxşı tanış idi.

Çobanların həyatı son dərəcə çətin idi. Heç bir sürü çobanın nəzarəti olmadan otlamazdı. Çoban heç vaxt bekar qalmazdı. Ot az olduğundan qoyunlar daim bir yerdən digər yerə keçirdi və həmişə nəzarət altında olmalı idi. Otlaqların hasarı olmadığı üçün qoyunlar asanlıqla itə bilərdi. Yayla hər iki tərəfdən uçurumla əhatə olunduğundan qoyunlar asanlıqla uçurumdan aşağı sürüşə bilərdi.

Çobanın işi nəinki çətin, həm də təhlükəli idi. Çünki hər şeydən əlavə, qoyunları vəhşi heyvanlardan, xüsusən də canavarlardan və qoyunları oğurlamağa həmişə hazır olan oğru və quldurlardan qorumalı idi. Bütün Fələstini gəzmiş cənab Corc Adam Smit belə yazır:

«Gecələr kaftarın uladığı yerlərdə daim ayıq-sayıq durub, əsasına söykənib hər tərəfə səpələnmiş qoyun sürüsünə nəzarət edən, bir dənə də qoyunu gözündən uzaq buraxmayan uzaqgörən çobanla görüşəndə, yəhudi tarixində çobanın niyə öndə olduğunu, niyə onların padşahının çoban adını daşıdığını, niyə qayğıkeşlik simvoluna çevrildiyini və niyə Məsihin onu fədakarlıq nümunəsi kimi təqdim etdiyini anlamağa başlayırsan. Daimi sayıqlıq, cəsarət, sürüyə səbirlə məhəbbət göstərmək çobanın zəruri xüsusiyyətləri idi».

Müqəddəs Yazılarda Allah çox vaxt Çoban, Onun xalqı isə sürü kimi təsvir edilir. «Rəbb mənim çobanımdır, möhtac olmaram» (Zəbur 23:1). «Sən Musa və Harunun əli ilə xalqını bir sürü kimi aparmışdın» (Zəbur 77:20). «Biz Sənin xalqın, otlağının sürüsüyük, əbədilik Sənə şükür edərik» (Zəbur 78:13). «Ey İsrailin Çobanı, Yusif nəslinə sürü kimi Baxan, qulaq as! Ey keruvlar üstündə Oturan, nurunu saç!» (Zəbur 80:1). «Çünki O, Allahımızdır, biz Onun otlağının xalqıyıq, əlinin altındakı sürüsüyük» (Zəbur 95:7). «Rəbb Allahdır, siz bunu bilin, O bizi yaradıb, biz Ona aidik, xalqıyıq, otlağında otardığı sürüyük» (Zəbur 100:3). Allahın məsh edilmiş Məsihi də tez-tez qoyunların çobanı kimi təsvir olunur. «O Öz sürüsünü çoban kimi otaracaq, quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, sağmal heyvanların qayğısını çəkib otaracaq» (Yeşaya 40:11). Xalqın başçıları da çox vaxt Allahın sürüsünün çobanları adlandırılırdı: «Otlağımın qoyunlarını məhv edən və pərən-pərən salan çobanların vay halına!» Buna görə də İsrailin Allahı Rəbb xalqımı otaran çobanların əleyhinə belə deyir: «Siz Mənim sürümü pərən-pərən salıb qovdunuz, onların qayğısına qalmadınız. İndi Mən də etdiyiniz bəd əməllərə görə cəzanızın qayğısına qalacağam» Rəbb belə bəyan edir. «Sürümün qalanlarını sürgün etdiyim bütün ölkələrdən yığıb-toplayacağam, onları yenə ağıllarına qaytaracağam və törəyib çoxalacaqlar. Üstlərinə onları otaracaq çobanlar qoyacağam. Daha qorxub dəhşətə düşməyəcəklər, biri də itməyəcək» Rəbb belə bəyan edir» (Yeremya 23:1-4)

Yezekel peyğəmbər yalançı çobanları sürünün qayğısına qalmaq əvəzinə şəxsi mənfəət güddüyünə görə ağır ittiham edir. «Yalnız özlərini bəsləyən İsrail çobanlarının vay halına!» (Yezekel 34:2). Bu obraz Əhdi-Cədiddə də əksini tapıb. Burada İsa Məsih qoyunlarından ötrü canını verməyə hazır olan və bir itmiş qoyunu xilas edən Yaxşı Çoban kimi təsvir olunur (Matta 18:12; Luka 15:4). Onun çobansız qoyunlar kimi olan insanlara rəhmi gəlirdi (Matta 9:36; Salnamələr 6:34). Onun şagirdləri «kiçik sürü» adlanırdı (Luka 12:32). Çoban İsa vurulanda qoyunlar pərən-pərən oldu (Mark 14:27; Matta 26:31). Çoban İsa insanların canının Çobanıdır (1Peter 2:25), həmçinin qoyunların Çobanıdır (İbranilərə 13:20). Çobanın vəzifəsi Allahın sürüsünə zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, üzərində ağalıq etmədən, sürüyə nümunə olaraq nəzarət etmək məsuliyyətini həvəslə öz üzərinə götürməkdir (1Peter 5:2-3). Paul Efes İmanlı Cəmiyyətinin rəhbərlərinə belə demişdir: «Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin» (Həvarilərin işləri 20:28). İsanın Peterə verdiyi son əmri bu idi: «Quzularımı bəslə» və «Quzularımı otar» (Yəhya 21:15-17). Yəhudilərdə Allahın Musa peyğəmbəri İsrail xalqına rəhbər seçməsi ilə bağlı füsunkar bir əfsanə var: «Musa səhrada arvadının atasının qoyunlarını otaranda bir quzu itir. Musa onu axtarmağa gedəndə görür ki, quzu bir dərəyə girib və orada özünə içməyə su tapıb. Musa onu görəndə deyir: «Mən bilmirdim ki, sən susadığına görə qaçıbsan. İndi yəqin ki, yorulmusan». Musa quzunu çiyninə alıb sürüyə qaytarır. Onda Allah ona belə deyir: «Sən insana məxsus sürünün bir qusuzuna rəhm edib onu sürüyə qaytardığına görə, Mən səni İsrail sürüsünə rəhbər qoyacağam»«.

Çoban sözü bizim gözlərimiz önündə Tanrının tarlasında yorulmaz bir işçi obrazını yaratmalı və yaxınlarımıza qarşı borcumuzu xatırlatmalıdır, xüsusən də İmanlı Cəmiyyətində xidmət etdiyimiz zaman.

ÇOBAN VƏ ONUN QOYUNLARI (Yəhya 10:1-6 (ardı))

İsrailli çoban öz işini dövrümüzün və ölkəmizdəki çobanlardan fərqli şəkildə görürdü. Bu obrazı tam başa düşmək üçün biz qədimdə olan çobanlara və onların vəzifələrini necə yerinə yetirdiyinə baxmalıyıq.

O dövrdə çobanın ləvazimatları çox sadə idi. Onun heyvan dərisindən hazırlanmış çoban çantası var idi və içərisində çörək, quru meyvələr, zeytun və pendir kimi ərzaqlar olurdu. O özü ilə həmişə sapand gəzdirirdi. O dövrdə əksər kişilər üçün «sərrast sapand atıb daşla başda olan bir tükü belə, vura bilmək» bacarıq hesab olunurdu (Hakimlər 20:16). Çoban sapanddan hücum və müdafiə silahı kimi, eləcə də daha bir məqsəd üçün istifadə edirdi. O vaxtlar sürüyə baxmaq üçün çoban itləri və ya xüsusi itlər yox idi. Buna görə də çoban sürüdən uzaq düşən qoyunu geri qaytarmaq istəyəndə, sapandın içinə bir daş qoyub onu elə atardı ki, qoyunun düz qabağında düşsün. Bu da o demək idi ki, geri dönməyin vaxtıdır. Onun ucu şiş olan və üzəri mismarlarla dolu qısa dəyənəyi var idi. Dəyənəyin tutacağında deşik var idi. Həmin deşiyin sayəsində çoban onu kəmərindən asa bilirdi. Çoban dəyənəklə özünü və sürüsünü yırtıcı heyvanlardan və quldurlardan qoruyurdu. Bundan başqa, onun ucu qarmaqlı uzun əsası var idi. Həmin əsa ilə qaçmağa cəhd edən qoyunu tutub ayağından çəkə bilirdi. Günün sonunda qoyunlar ahıla qayıdanda çoban əsasını girişdə aşağıdan tuturdu ki, hər qoyun onun altından keçsin (Yezekel 20:37; Levililər 27:32). Qoyunlar əsanın altından keçərkən, çoban gün ərzində onun yaralanıb-yaralanmadığına baxırdı.

İsraildə qoyunla çoban arasındakı münasibət digər ölkələrdəkindən fərqlidir. Əksər ölkələrdə qoyunlar əsasən ətlik, İsraildə isə yunluq məqsədilə yetişdirilir. Buna görə də orada qoyunlar uzun illər çobanları ilə birlikdə olur. Çoban hər qoyuna ad verir. O çağırdığı zaman qoyun ona cavab verir. Bu adlar, adətən, heyvanın xarici görünüşünə uyğun olur, məsələn: «Qəhvəyi ayaq», «Qara qulaq» və s. İsraildə çoban qoyunları aparacağı yolun təhlükəsiz olub-olmadığını görmək üçün özü öndə, qoyunlar isə onun ardınca gedir. Bəzən qoyunları getməyə məcbur etmək lazım gəlir. Bir dəfə səyyahlardan biri çobanın sürüsünü kiçik çaydan necə keçirdiyini görmüşdü. Qoyunlar inadkarlıq edir, çayı keçməkdən qorxurdu. Onda çoban quzunu qucağına alıb çayın o biri tərəfinə keçirdi. Anası görəndə ki, balası çayın o biri tərəfindədir, həvəslə özü o tərəfə keçdi. Bundan sonra bütün sürü onun ardınca getdi. Doğrudan da, qoyunlar şərq çobanının səsini tanıyır, eşidir və heç vaxt yad adamın səsinə cavab vermir. H.V.Morton İsraildə çobanın qoyunları ilə necə danışdığını belə təsvir edir:

«Bəzən o, mahnı oxuyurmuş kimi qoyunlarla yüksək səslə, həyatımda heç vaxt eşitmədiyim qəribə dildə danışır. İlk dəfə idi ki, mən Yerixo şəhərinin kənarında qoyun və keçi səsi eşitdim. Keçi sürüsü dərəyə enərək o biri taydakı təpənin yamacına qalxmağa başladı. Çoban gördü ki, keçilərdən bir neçəsi giləmeyvəsi olan kolun yanında yubanır. Keçilərə tərəf dönərək onlarla yüksək səslə — nə vaxtsa Panın Yunanıstan dağlarında danışdığı dildə danışdı. Səs heyvansayağı çıxırdı. O, səsləməyini bitirməmiş sürüdən cavab mələrtisi gəldi, iki və ya daha çox heyvan başını ona tərəf çevirdi. Lakin onlar çobana qulaq asmadı. Çoban gülüşə bənzər mələrti səsi çıxardı. Boynunda zınqırov olan keçi dərhal çeynəməyi dayandırdı və sürüdən ayrılaraq təpədən aşağı, dərədən o biri tərəfdəki başqa təpəyə qaçdı. Çoban keçinin müşayiəti ilə irəli gedib təpənin arxasında gözdən itdi. Çox keçmədi ki, sürüdə çaxnaşma başladı; keçilər kolları unudurmuş kimi gözləri ilə çobanı axtardı. Amma o görünmürdü. Başa düşdü ki, boynunda zınqırov olan başçıları artıq aralarında deyil. Uzaqdan çobanın qəhqəhəyə bənzər qəribə mələrtisi gəldi. Onda bütün sürü həmin səsə doğru vadiyə, oradan da başçılarının və çobanlarının onları gözlədiyi təpəyə qaçdı».

(H.V.Morton «Müəllimin izləri ilə» səh. 154-155)

V.M.Tomson «Torpaq və kitab» kitabında eyni təsviri verir:

«Çoban qoyun və ya keçilərə varlığını xatırlatmaq üçün vaxtaşırı ucadan səslənir. Sürüsü onu səsindən tanıyır, arxasınca gedir. Amma yad adam çağırırsa ehtiyatlanır, təşvişlə ətrafa baxır. Səs bir daha gəlsə yad adamın səsini tanımadıqları üçün dönüb qaçır. Mən bunu bir neçə dəfə sınaqdan keçirmişəm».

H.V.Morton Bet-Lexemdəki mağarada müşahidə etdiyi mənzərəni təsvir edir:

«İki çoban gecələmək üçün sürülərini mağaraya saldı. Onlar sonra bu iki sürünü bir-birindən necə ayıra bildilər? Çobanlardan biri kənara çəkilib yalnız onun qoyunlarına məlum olan səsi çıxardı. Tezliklə bütün sürü ona tərəf qaçdı, çünki onlar onun səsini tanıyırdı. Onlar başqasının səsinə məhəl qoymazdı, çünki ancaq öz çobanlarının səsini tanıyırdı».

XVIII əsrin səyyahlarından biri danışır ki, Fələstində qoyunlar çoban tütəklərinin özünəməxsus səsləri qarşısında necə sürətli və ya yavaş rəqs edir.

Çobanların həyatının hər bir təfərrüatı qoyunları Onun səsini eşidən və daim sürüsünün qayğısına qalan Yaxşı Çobanın obrazını açıqlayır.

7-10

HƏYAT QAPISI (Yəhya 10:7-10)

Yəhudilər Yaxşı Çoban məsəlini başa düşmədilər. Onda İsa məsəl çəkmədən birbaşa Özü haqqında danışmağa başladı: «...qoyunların qapısı Mənəm». O dövrdə İsraildə iki növ qoyun ahılı var idi. Kəndlərdə və şəhərlərdə bütün sürülərin gecələdiyi ümumi ahıllar var idi. Belə ahılların möhkəm qapıları var idi, açarı yalnız qapıçıda olurdu. İsa 10:2-də belə bir qapıdan danışır. Qoyunlar isti mövsümdə yaylağa gedəndə, onları təpələrin yamaclarında ahıllara yığırdılar. Həmin ahıllar açıq havada olurdu. Sürü yalnız qoyunların girib-çıxması üçün içərisində dəlik olan divarla qorunurdu. Orada heç bir qapı yox idi. Gecə çobanın özü həmin dəlik qarşısında uzanırdı və heç bir qoyun onun üstündən keçmədən çölə çıxa bilməzdi. Hərfi mənada çoban qapı rolunu oynayırdı.

İsa «qoyunların qapısı Mənəm» deyəndə, məhz bunu nəzərdə tuturdu. İnsan yalnız və yalnız Onun vasitəsilə Allahın yanına gedə bilər. Paul deyir: «...bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik» (Efeslilərə 2:18). İbranilərə Məktubun müəllifinin sözləri ilə desək, İsa «yeni və canlı bir yoldur» (İbranilərə 10:19). İsa birbaşa Allaha yol açır. Məsihin gəlişindən əvvəl insanlar Allahı ən yaxşı halda yad, ən pis halda isə düşmən kimi təsəvvür edirdilər. Lakin İsa insanlara Allahı olduğu kimi göstərmək və Ona yol açmaq üçün gəldi. O, insan üçün Allaha gedən qapıdır.

Allaha aparan bu yolun mənasını izah etmək üçün İsa yəhudilərə tanış olan ifadədən istifadə edir. O deyir ki, biz Onun vasitəsilə bu qapıdan girib-çıxa bilərik. Yəhudi üçün rahat girib-çıxmaq sakit və təhlükəsiz həyatın əlaməti idi. İnsan qorxmadan içəri girib-çıxa bilirsə, bu o deməkdir ki, ölkədə əmin-amanlıq hökm sürür, asayiş qüvvələri üstünlük təşkil edir və onun həyatı tam təhlükəsizlikdədir. Xalqın rəhbəri insanların önündə girib-çıxan, onların önündə döyüşə gedib-gələn olmalıdır ki, Rəbbin icması çobansız sürü kimi olmasın (Saylar 27:17). İtaətkar insan haqqında Qanunun Təkrarı 28:6-da belə deyilir: «Hər girişiniz, hər çıxışınız xeyir-dualı olacaq». Cavanın isə nə girə, nə də çıxa biləcəyi deyilir. «...mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm» (1Padşahlar 3:7). Zəburun müəllifi əmindir ki, Allah onun girişini və çıxışını həm bundan sonra, həm də əbədi olaraq qoruyacaq (Zəbur 121:8). İnsan İsa Məsih vasitəsilə Allahı tanıdıqdan sonra qəlbində sülh və təhlükəsizlik hissi yaranır, həyatın Allahda bu qədər ecazkar olduğunu dərk edəndə narahatlıqlar yox olur.

İsa dedi ki, Ondan əvvəl gələnlərin hamısı oğru və quldurdur. O, belə deməklə, təbii ki, böyük peyğəmbərləri və qəhrəmanları nəzərdə tutmurdu. O, İsraildə daim üsyan edən və xalqa onların ardınca gedəcəkləri təqdirdə Qızıl Dövr vəd edən fırıldaqçıları nəzərdə tuturdu. Özünü başçı hesab edən bu iddiaçılar Qızıl Dövrə yalnız qan tökməklə çata biləcəyinə inanan üsyançılar idi. Yəhudi tarixçisi İosif Flavi həmin hadisələr haqqında yazırdı: «Yəhudeyada hərfi mənada minlərlə iğtişaşlar baş qaldırıb, onların təhrikçiləri döyüşçü üsyançılar olublar». O öz məqsədlərinə çatmaq, ümidlərini doğrultmaqdan ötrü ölməyə, əzizlərinin öldürülməsinə hazır olan kənançılardan28 bəhs edir. İsa deyir ki, onlar Allah tərəfindən göndərildiklərinə iddia edirdilər. Ancaq onlar yalnız müharibəyə, sui-qəsdlərə, qətllərə inanırdılar, bununla da Allahdan daha da uzaq düşürdülər. «Mənim yolum sülh, sevgi və həyatdır, əgər həmin yol ilə getsəniz, Allaha daha da yaxınlaşacaqsınız».

O dövrdə olduğu kimi, indi də Qızıl dövrün zorakılıq, sinfi mübarizə, qətl və məhv yolu ilə əldə oluna biləcəyini düşünənlər var. Amma İsa deyir ki, göydə Allaha, yerdə isə Qızıl dövrə gedən yol sevgi yoludur.

İsa dedi: «Mən gəldim ki, insanlar həyata, bol həyata malik olsun». İsanın davamçısı olmaq, Onu tanımaq və Onun dediklərini dərk etmək — bol həyata malik olmaq deməkdir.

Bir dəfə romalı əsgər intihar etməsinə icazə almaq üçün Yuli Sezarın yanına gəlir. O, yaşamaq istəməyən bədbəxt, məyus bir əsgər idi. Sezar ona baxıb soruşur: «Dost, məgər sən indiyə qədər yaşamısan ki?» Biz öz bildiyimiz kimi yaşamağa çalışanda həyat darıxdırıcı və qaranlıq olur. Əgər biz İsa ilə yaşayırıqsa, Ondan həyat almışıqsa, onda həyat enerjisi ilə doluruq və bol həyat yaşayırıq. Yalnız İsa Məsihlə yaşamağa dəyər. Onda biz, sözün əsl mənasında, yaşamağa başlayırıq.

11-15

HƏQİQİ VƏ SAXTA ÇOBAN (Yəhya 10:11-15)

Bu hissə yaxşı çobanla pis, sadiqlə sədaqətsiz arasında təzad yaradır. Çoban qoyunlara görə məsuliyyət daşıyırdı. Əgər qoyunların başına nəsə gəlsə idi, o, buna görə günahkar olmadığını sübuta yetirməli idi. Özü də çoban olan Amos peyğəmbər «şir ağzından iki bud sümüyü yaxud qulağın bir parçasını çəkib» qurtarmışdı (Amos 3:12). Əgər qoyun vəhşi heyvan tərəfindən parçalanardısa, Qanun onun parçalanmasının sübutunu tələb edirdi. «Əgər heyvanı vəhşi heyvan parçalayıbsa, onu saxlayan adam parçalanan heyvanı sübut kimi sahibinə gətirsin, zərərini isə ödəməsin» (Çıxış 22:13).

Başqa sözlə desək, çoban özü ilə heyvanın öldüyünə dair dəlil gətirməli və onu xilas edə bilməyəcəyini sübut etməli idi. Davud padşah Şaula atasının qoyunlarını otararkən bəzən ayı və aslanı qovmaq məcburiyyətində qaldığı barədə danışdı: «...mən arxadan çıxıb onu vurardım və ağzından quzunu qurtarardım. Əgər üstümə atılardısa, mən boğazının tüklərindən tutaraq çırpıb öldürərdim....» (1Şamuel 17:35). Yeşaya peyğəmbər aslanı öldürmək üçün bir araya gələn çoxlu çobanlardan bəhs etdi (Yeşaya 31:4). Çobanın qoyunlarından ötrü həyatını riskə atması təbii və normal idi. Bəzən çoban sadəcə həyatını riskə atmaqdan daha çox şey etməli olurdu. Bəzən quldurlar və ya oğrular sürüyə hücum edəndə o, canını qurban verirdi. Yazıçı U.M.Tompson daha əvvəl sitat gətirdiyimiz «Torpaq və kitab» kitabında belə yazır:

«Mən onların vəhşi heyvanlar və oğrularla amansız savaşları haqqındakı söhbətlərini böyük maraq və diqqətlə dinləyirdim. Oğru və ya quldur hücum edəndə (onlar, doğrudan da hücum edirdi), çoban sürünü xilas etmək üçün, sözün əsl mənasında, həyatını riskə atmalıdır. Mən çobanların belə savaşlarda öldüyünə dair bir çox nümunə bilirəm. Ötən il yaz fəslində Tiberiya ilə Tabor arasında qalan bir bədbəxt çoban bədəvi soyğunçularından qaçmaq əvəzinə onlarla əlbəyaxa döyüşə başladı. Onlar isə çobanı qoruduğu qoyunların arasında xəncərləyib öldürdülər».

Əsl çoban sürünü xilas etmək üçün həyatını həmişə təhlükəyə atmağa, hətta qurban verməyə hazırdır.

Muzdur çoban isə belə deyildi. Əsl çoban — çoban olmaq üçün doğulub. O, müəyyən yaşa çatan kimi onu sürünü otarmağa göndərirdilər, qoyunlar da ona dost və yoldaş olurdu. Onun üçün birinci növbədə qoyunları, sonra isə özünü düşünməsi təbii idi. Muzdur isə çağırışına görə deyil, pul xatirinə çobanlıq edirdi. O, sırf maddi mənfəət üçün işə düzəlirdi. O, hətta şəhərə uyğunlaşmadığı üçün şəhərdən kənarda — yamaclarda vaxt keçirməyə qərar verən adam ola bilərdi. Onun məsuliyyətinin həddindən xəbəri yox idi. O, sadəcə muzdur idi. Qurdlar belə sürü üçün böyük təhlükə demək idi. İsa şagirdlərinə demişdi ki, onları qurdların arasında quzular kimi dünyaya göndərir (Matta 10:16). Paul Efes imanlı cəmiyyətinin rəhbərlərini «sürüyə rəhm etməyən yırtıcı canavarlar» haqqında xəbərdarlıq edir (Həvarilərin işləri 20:29). Canavarlar hücum edəndə muzdur öz həyatını xilas etməkdən başqa hər şeyi unudub qaçır. Zəkəriyyə peyğəmbər deyir ki, yalançı çobanın əlaməti təhlükə anında pərən-pərən düşmüş sürüyə sahib çıxmamasıdır (Zəkəriyyə 11:16). İmanlı cəmiyyətinin ağsaqqalı vəz zamanı kimisə ifşa etməkdən ötrü bu obrazdan istifadə etmişdi. Həmin cəmiyyətdə bəzi çətinliklər var idi. Ən pisi isə o idi ki, bu çətinliklər pula görə yaranmışdı. Ağsaqqal ayağa qalıb sərt şəkildə demişdi: «Muzdura maaşını verin getsin». Maaş xətrinə işləyən yalnız maaş haqqında düşünür. Sevgi ilə işləyən adam isə ən çox xidmət etdiyi insanları düşünür. İsa yaxşı Çoban idi. O, sürüsündən ötrü həyatını təhlükəyə atmağa və canını qurban verməyə hazır idi.

Başqa hissəyə keçməzdən əvvəl burada daha iki məqama diqqət yetirməliyik. İsa Özünü Yaxşı Çoban adlandırır. Yunan dilində «yaxşı» sözünün iki mənası var: biri xeyirxahlığı təsvir edən aqafos, digəri xeyirxahlığın cəlbedici olduğunu söyləyən kalos. İsa Yaxşı Çobandır deyiləndə kalos sözü istifadə olunur. İsada sədaqətdən daha çox, cəlbedicilik və cazibədarlıq var.

Bəzən şəhərdə və ya kənddə adamlar yaxşı həkimdən danışırlar. İnsanlar onun təkcə həkimlik peşəsindəki məharətini və biliyini deyil, həm də şəfqətini, xəstəyə xeyirxahlıq və mərhəmət göstərməsini nəzərdə tutur. Bu keyfiyyətləri onu hamının dostuna çevirir. İsanın Yaxşı Çoban kimi obrazında qüdrət və səlahiyyətlə yanaşı cəlbedicilik də var.

Bu məsəldə sürü — iki növ təhlükəyə məruz qalan Məsihin cəmiyyətidir. Məsihin cəmiyyəti daim xaricdən canavarların, quldurların və qarətçilərin, daxildən isə yalançı çobanların hücumu ilə təhdid edilir. İmanlı cəmiyyəti həmişə ikiqat təhlükə ilə üz-üzədir. O, kənardan hücumlara məruz qalır və tez-tez daxildən gələn zəif rəhbərlikdən, öz çağırışını yaxınlarına xidmət etməkdənsə, karyera kimi görən çobanlardan əziyyət çəkir. İkinci təhlükə birincidən qat-qat pisdir. Çünki çoban sadiq və yaxşı olarsa, xaricdən gələn hücumlara qarşı güclü müdafiəni təmin edəcək. Lakin çoban zəif və vəfasız muzdursa, düşmənlər xaricdən sürünün içinə girib onu məhv edə bilər. İmanlı cəmiyyətində ən vacib olanı — İsa Məsihin nümunəsinə əsaslanan rəhbərlikdir.

16

ƏSL BİRLİK (Yəhya 10:16)

Dünyada qurtulması ən çətin şey — müstəsnalıq düşüncəsidir. Bir xalq və ya onun bir hissəsi xüsusi imtiyaza malik olduğuna inandıqda, müstəsna olaraq özlərinə məxsus hesab etdikləri imtiyazların birdən-birə bütün insanlar üçün əlçatan olmasını qəbul etmələri çətindir. Yəhudilərin qəbul etmədikləri məhz bu idi. Onlar inanırdılar ki, Allahın seçdiyi xalqdır və başqa xalqlar Allahı maraqlandırmır. Onlar inanırdılar ki, başqa xalqlar onların köləsi olmaq üçün yaradılıb. Axirətdə onlar tamamilə məhv ediləcəklər. Burada isə İsa deyir ki, vaxt gələcək, bütün xalqlar Onu öz Çobanı kimi tanıyacaq.

Hətta Əhdi-Ətiqdə bu baxış əksini tapıb. Yeşaya peyğəmbərin də eyni xəyalı var idi. O, əmin idi ki, Allah İsraili başqa millətlərə nur kimi yaradıb (Yeşaya 42:6; 49:6; 56:8). Amma Allahın yalnız İsrailə aid olmadığını, gələcəkdə Onun hamıya aşkar olacağını bildirən ayrı-ayrı səslər də var idi.

İlk baxışdan belə görünə bilər ki, Əhdi-Cədid bu barədə iki mövqeyə malikdir. Hətta bəzi hissələr bizi bir az çaşdıra bilər. Matta İsanın şagirdlərini xidmətə göndərməsi barədə belə yazır: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin» (Matta 10:5-6). Kənanlı qadın kömək üçün Məsihə müraciət edəndə, İsanın ilk cavabı o oldu ki, O, yalnız İsrail evinin itmiş qoyunları üçün göndərilib (Matta 15:24). Amma bəzi yerlər bunun əksini təsdiqləyir. Məsələn, İsa Samariyada bir neçə gün qalıb öyrətdi (Yəhya 4:10). O deyirdi ki, İbrahimin nəslindən olmaq səmavi Padşahlığa daxil olmağa zəmanət vermir (Yəhya 8:39). İsa romalı yüzbaşı haqqında dedi ki, İsraildə belə bir imana rast gəlməyib (Matta 8:10). Cüzam xəstəliyindən sağalan on nəfərdən yalnız biri İsaya təşəkkür etmək üçün qayıtmışdır. Həmin bir nəfər də samariyalı idi (Luka 17:18-19). Səyahət edən samariyalı bütün dövrlərdə hamı üçün nümunə olacaq mərhəmət göstərdi (Luka 10:37). Çoxları şərqdən, qərbdən, şimaldan və cənubdan gələcək və Allahın Padşahlığına daxil olacaqlar (Matta 8:11; Luka 13:29). İsanın son əmri bütün dünyaya getmək və hər kəsə Müjdəni çatdırmaq idi (Mark 16:15; Matta 28:29). İsa təkcə yəhudilərin deyil, bütün dünyanın Nuru idi.

Bəs onda İsanın xidmətini yalnız yəhudi xalqı ilə məhdudlaşdıran sözləri necə izah edək? İzahat əslində çox sadədir. İsanın əsas məqsədi bütün dünyanı Allaha qazandırmaq idi. Ancaq hər bir komandir bilir ki, əvvəlcə hədəflərini məhdudlaşdırmalıdır. İsa da eynilə belə etdi. Əgər O, birdən bütün istiqamətlərə yönəlsəydi və şagirdlərinə heç bir məhdudiyyət qoymadan göndərsəydi, heç nəyə nail olmazdı. O, ilk növbədə diqqətini yəhudi xalqına yönəltdi. Amma Onun əsas məqsədi bütün dünyanı məhəbbəti ilə əhatə etmək idi. Bu ayədə üç böyük həqiqət var.

1. Dünyanın birliyi yalnız İsa Məsihdə mümkündür. Egerton Yanq hindlilərə müjdələyən ilk missioner olub. O, Saskaçevanda olarkən, yerli hindlilərin yanına gedib, onlara Allahın məhəbbətindən danışmışdı. Hindlilər üçün bu, yeni bir açıqlama idi. Missioner sözünü bitirəndə qəbilə başçısı ondan soruşmuşdu:

— Sən Böyük Ruh haqqında danışanda Onu Ata adlandırdın?

— Bəli — deyə Egerton Yanq cavab verdi.

— Bu mənim üçün yaxşı xəbərdir, — qəbilə başçısı dedi, — biz heç vaxt Böyük Ruhu Ata kimi təsəvvür etmirdik. Biz Onun səsini göy guruldayanda, şimşək çaxanda, tufan qopanda, qarlı tufanlarda eşidirdik, həmişə də dəhşətli dərəcədə qorxurduq. Sən isə deyirsən ki, Böyük Ruh Atamızdır. Bunu eşitmək bizim üçün xoşdur.

Qoca bir anlıq susdu. Sonra sanki Allahın izzətini görürmüş kimi sözünə davam etdi:

  • Ey cavan, sən deyirsən ki, Böyük Ruh sənin Atandır?

  • Bəli, — deyə missioner cavab verdi.

  • Sən deyirsən ki, O, hindlilərin də Atasıdır?

  • Bəli, elədir ki var, — deyə missioner cavab verdi.

  • Deməli, biz qardaşıq! — qəbilə başçısı dedi.

İnsanların birləşməsi yalnız Allahın övladı olduqda mümkündür. Dünyada xalqlar və siniflər arasında çoxlu təbəqələşmələr var. Allahda heç vaxt bir xalq və bir neçə təbəqə olmayacaq. Baryerləri aşan və fərqləri aradan götürə bilən yeganə şey — insanlara Allahın Atalığı haqqında danışan İsa Məsihin müjdəsidir.

2. Müqəddəs Kitabın ingilis dilinə tərcüməsində səhv tərcümə edilmiş bir söz var: «Bir ahıl, bir Çoban olacaq». Bu, İyeronim və Vulqatadan (Müqəddəs Kitabın latın dilinə tərcüməsindən) irəli gəlir. Bu sözün bu səhv tərcüməsinə əsaslanaraq, Roma katolik kilsəsi iddia edir ki, yalnız bir ahıl olduğu üçün başqa kilsələr də ola bilməz. Yalnız bir kilsə — Roma Katolik (kainat) kilsəsi olacaq və bu kilsədən kənarda xilas yoxdur. Düzgün tərcümə isə Azərbaycan dilində verilmişdir: «Bir sürü, bir Çoban olacaq», yəni: «Onlar bir Çobanla bir sürü olacaqlar». Birlik bütün qoyunların bir ahıla yığılacağına görə deyil. Birlik hamının bir Çobanın səsini eşidəcəyinə və Ona itaət edəcəyinə görə baş verəcək. Bu, kilsə birliyi deyil, bu, İsa Məsihdəki birlikdir. Bir sürünün olması o demək deyil ki, yalnız bir kilsə, bir növ ibadət, bir növ kilsə rəhbərliyi olmalıdır. Bu o deməkdir ki, bütün müxtəlif imanlı cəmiyyətlərini birləşdirən Məsihə olan sədaqətləridir.

3. İnsanlar vaiz olmadan eşidə bilməzlər. Əgər kimsə sürüdən uzaq düşən qoyunları tapıb gətirməsə, onlar bir yerə yığıla bilməz. Beləliklə, İmanlı Cəmiyyətinin qarşısında böyük missioner tapşırığı dayanır. Bunu təkcə bizim «xarici» missiyalar mənasında başa düşmək lazım deyil. Əgər ətrafımızda olan hər hansı insanın Məsihin məhəbbətindən kənarda olduğunu görürüksə, onu Məsihə yönəldə bilərik. Məsihin arzusu bizdən asılıdır. Biz Ona dünyanı bir sürü etməkdə kömək edə bilərik. Həmin sürünün də tək Çobanı Məsih olacaq.

17-18

SEVGİNİN SEÇİMİ (Yəhya 10:17,18)

Əhdi-Cədidin çox az yerində İsa haqqında bu qədər yığcam formada bəhs edilir.

1. Bu hissə bizə deyir ki, İsa Öz həyatını Allaha itaət etmək aktı kimi görür. Allah Ona bir tapşırıq verdi, O da sona qədər onu yerinə yetirməyə hazır idi. İsanın Allahla əlaqəsi unikal idi. Bu münasibəti yalnız Onun Allahın Oğlu olması faktı ilə təsvir etmək olar. Amma bu əlaqə Ona istədiyini etmək hüququ vermirdi. Əksinə, Allahın istəyinin yerinə yetirilməsini tələb edirdi. Onun üçün Oğulluq, bizdə olduğu kimi, itaətdən başqa heç nəyə əsaslana bilməzdi.

2. İsa həmişə Çarmıxı və izzəti bir yerdə görürdü. O, bir an belə canını qurban verməli olduğuna şübhə etmədi, eyni zamanda yenidən diriləcəyinə də şübhə etmədi. Bunun səbəbi Onun Allaha tamamilə etibar etməsi idi. O, əmin idi ki, Allah Onu heç vaxt tərk etməyəcək. Həyatda dəyərli olan hər şey çətinliklə əldə edilir. Hər şeyin öz qiyməti var. Təhsili çox çalışanlar alır; istənilən sənətkarlıq və texniki bacarıq yalnız təcrübə yolu ilə qazanılır; istənilən idman növündə məşhur olmaq gərgin məşq və nizam-intizam bahasına başa gəlir. Dünya lazımi qiyməti ödəmək istəmədikləri üçün öz çağırışlarını itirən insanlarla doludur. Heç kim şöhrəti və aliliyi asan yolla əldə etmir. Çətin yoldan keçən heç kim şöhrət və alilikdən uzaq düşməz.

3. Bu ayə İsanın ölümünün tamamilə könüllü olduğunu təsdiqləyir. İsa Özü bunu dönə-dönə vurğulayır. Getsemani bağında İsa Onu qorumaq istəyənə qılıncını qınına qoymağı əmr etdi. İsa istəsəydi, səmadakı ordunu Öz köməyinə çağıra bilərdi. Lakin O, bunu etmədi (Matta 26:53). O, açıq şəkildə bildirdi ki, onu ölümə məhkum edən Pilat deyil, O Özü ölümə gedir (Yəhya 19:10, 11). O, şəraitin qurbanı deyildi və heyvan kimi nə baş verdiyini anlamadan zorla qurban gətirilmədi. İsa Məsih bu yolu Özü seçməklə canını qurban verdi.

Deyilənə görə, Birinci Dünya Müharibəsi zamanı bir fransız əsgəri ağır yaralanmışdı. Onun bir qolu o qədər əzilmişdi ki, kəsmək lazım gəldi. Həmin əsgər o qədər yaraşıqlı bir gənc idi ki, onun ömrünün sonuna qədər şikəst qalacağını təsəvvür etmək bir cərrah üçün çətin idi. Kədərli fikirlər içində cərrah əsgərin çarpayısının yanında dayanıb, narkozdan oyanmasını gözləyirdi ki, ona kədərli xəbəri çatdırsın. Gənc gözlərini açanda cərrah ona dedi: «Bunu sənə demək mənə çətindir, amma sən qolunu itirmisən». «Müsyö, — deyə gənc cavab verdi, — mən onu itirməmişəm, Fransa naminə qurban vermişəm».

İsa Özünü xilas edə bilməyəcəyi vəziyyətə düşmədi. Onun hər an kömək üçün müraciət edə biləcəyi İlahi qüvvələr olsa da, geri dönüb həyatını xilas edə bilsə də, O, bunu etmədi. İsa canını itirmədi, əksinə, onu qurban verdi. O, Çarmıxa məcbur edilmədi, lakin onu bizim xatirimizə könüllü olaraq qəbul etdi.

19-21

DƏLİ, YOXSA ALLAHIN OĞLU (Yəhya 10:19-21)

O gün İsanı dinləyənlər bu gün də bir çoxunun üzləşdiyi dilemma ilə üzləşdilər. İsa ya allahlıq iddiasından əziyyət çəkən ruhi xəstə, ya da həqiqətən Allahın Oğlu idi. Bu iki variantdan qaçmaq olmazdı. İnsan özü haqqında İsa kimi danışanda, o ya tamamilə yanıla, ya da tamamilə haqlı ola bilər. İsanın irəli sürdüyü iddialar dəlilik və ya ilahilik əlaməti ola bilər. İsanın yanılmadığına, haqlı olduğuna necə əmin ola bilərik?

1. İsanın dedikləri dəlinin sözləri deyildi. Onun təliminin son dərəcə sağlam olduğunu sübut etmək üçün bir-birinin ardınca şahidlər gətirə bilərik. Bütün dövrlərin zəkalı adamları belə qənaətə gəliblər ki, İsanın təlimi bizim ağlını itirmiş dünyamız üçün yeganə ümiddir. İnsanın yanlış düşüncələri arasında yalnız Onun səsi İlahi məna daşıyır.

2. İsanın gördüyü işlər bir dəlinin görə biləcəyi işlər deyil. O, xəstələrə şəfa verir, acları doydurur, yaslılara təsəlli verirdi. Allahlıq iddiasına düşən dəli həmişə həddindən artıq eqoist olur. Belə insan şəxsi şöhrət və nüfuzdan başqa heç nə axtarmır. Rəbb İsa Məsihin həyatı yaxınlarına fədakarlıqla xidmət etməkdə keçdi. Necə ki yəhudilər deyirdi: «Cin heç kor adamın gözlərini aça bilərmi?»

3. İsanın təsiri dəlinin təsiri deyildi. Təkzibedilməz bir faktdır ki, milyonlarla insan Məsihin təsiri sayəsində yaxşılığa doğru köklü şəkildə dəyişmişdir. Zəiflər güclü oldu, eqoistlər fədakar, məğlublar qalib, üzgün insanlar sakit, pislər xeyirxah oldu. Dəlilik heç vaxt bu qədər faydalı təsir göstərmir və belə dəyişikliklərə səbəb olmur. Yalnız müdriklik və sağlam düşüncə belə təəssürat yaradır. Ancaq seçim yerində qalır: İsa ya dəlidir, ya da Tanrı. Heç bir vicdanlı insan hər şeyi ölçüb-biçdikdən sonra İsanın dünyaya yanlışlığı deyil, Allahın mükəmməl ağlını gətirdiyindən başqa bir nəticəyə gəlməz.

22-28

İDDİA VƏ VƏD (Yəhya 10:22-28)

Həvari Yəhya bu hissəni İsa Məsihin insanlarla harada, nə vaxt söhbət etdiyini göstərməklə başlayır. Həmin vaxt Təqdis bayramı idi. Yəhudilər bu bayramı sonradan təqvimə salmışdılar. Bu bayram bəzən Nur bayramı, yəhudi dilində desək Xanukkah adlanır. Bu bayram Haslev ayının 20-dən sonra bir neçə gün ərzində qeyd olunurdu. Xahukkah bayramı dekabr ayına təsadüf edir və bizim Milad bayramımızla üst-üstə düşür. Dünyada olan bütün yəhudilər həmin bayramı bu günə kimi qeyd edirlər. Təqdis bayramı İsrail xalqının tarixindəki böyük fəlakət və qəhrəmanlıq dövrlərindən gəlir. Suriya padşahı Antiox Epifan e.ə. 175-164-cü illərdə hökmranlıq etmişdir. Yunanlara məxsus hər şeyə sevgi ilə yanaşan Epifan yəhudi dinindən birdəfəlik qurtulmaq, yunan adət-ənənələrini, düşüncəsini və dinini İsraildə yaymaq qərarına gəlmişdi. O, əvvəlcə yeni ideyaları sülh yolu ilə həyata keçirməyi düşündü. Bəzi yəhudilər yeni adətləri alqışlasalar da, əksəriyyət inadla əcdadlarının inancına sadiq qaldılar.

E.ə. 170-ci ildə Antiox Yerusəlimə hücum etdi. Tarixdən bəllidir ki, işğal vaxtı 80 000 yəhudi öldü və eyni sayda yəhudi köləliyə satıldı. Məbədin xəzinəsindən 1800 talant gümüş oğurlandı (hər talant 240 funt sterlinqə bərabərdir). Ağır qanunlar qəbul edildi. Müqəddəs Yazıların surətinə sahib olmaq və körpələrin sünnət edilməsi ölümlə cəzalandırılırdı. Yeni doğulan oğlan uşaqlarını sünnət etdirən analar Çarmıxa çəkilir, uşaqlar isə boyunlarından asılırdı. Məbədin həyətləri murdarlanır, daxili otaqlar fahişəxanalara çevrilirdi. Sonda Antiox dəhşətli addım ataraq böyük yandırma qurbangahını Olimpiya Zevsin qurbangahına çevirdi, onun üzərində bütpərəst tanrılara donuz ətindən qurbanlar kəsməyə başladı.

Həmin vaxt azadlıq uğrunda döyüşə Yəhuda Makkabi və qardaşları rəhbərlik edirdilər. E.ə. 164-cü ildə müharibə başa çatdı, Məbəd təmizləndi, qurbangah yenidən quruldu, üç illik murdarlıqdan sonra kahinlərin paltarları və Məbədin qabları yeniləndi. Məbədin paklanmasını qeyd etmək üçün Təqdis bayramı təsis edildi və Yəhuda Makkabi üzünü camaata tutub belə dedi: «...qurbangahın təqdis günləri hər il həmin mövsümdə Kislev ayının iyirmi beşindən başlayaraq səkkiz gün ərzində fərəh və sevinclə qeyd edilsin» (1Makkabilər 4:59). Bu səbəbdən bu bayram bəzən qurbangahın təqdisi, bəzən də Məbədin təmizlənməsinin anım günü adlandırılır.

Amma gördüyümüz kimi, həmin bayramın başqa adı da var idi — Nur bayramı. Bütün Məbəd işıqlandırılır və hər yəhudi evinin pəncərələrində işıq yanırdı. Bayramın ilk günü pəncərədə səkkiz lampa yandırılır, sonda biri qalana qədər hər gün biri söndürülürdü. Bu göstərişi böyük müəllim Şammay vermişdir. Başqa böyük müəllim Hillel isə demişdir ki, ilk çıraq bayramın birinci günü yandırılmalı, digər yeddi gün ərzində hər dəfə yeni bir yanan çıraq əlavə olunmalıdır. Həmin çıraqları biz bu gün də hər dindar yəhudi evinin pəncərələrində görə bilərik.

Bu çıraqların iki mənası var idi. Birincisi, onlar bayramın təməli qoyulanda, ilk dəfə qeyd olunduğu vaxt İsrailə azadlıq qayıtdığını xatırladırdı. İkincisi, onlar çox qədim bir əfsanə ilə əlaqələndirilirdi. Həmin əfsanəyə görə Məbəd təqdis olunanda və böyük çıraq hazırlananda yalnız bir kiçik küpə murdarlanmamış yağ tapılmışdı. Ona əl dəyilməmiş və baş kahinin üzüyünün möhürü ilə möhürlənmişdi. Küpün içindəki yağ yalnız bir günə çata bilərdi. Lakin dəqiq reseptlə yeni yağ hazırlanana və müqəddəs mərasimlərdə istifadə olunmaq üçün təqdis olunana qədər möcüzəvi şəkildə səkkiz günə bəs etmişdi. Həmin il səkkiz gün də küpün hesabına Məbəddə və insanların evlərində işıq yanmışdı. Allah yağı bərəkətləyərək istifadə müddətini bir gündən səkkiz günədək uzatmışdı. İsanın «Dünyanın Nuru Mənəm» deməsi əbəs yerə deyildi. Musanın Qanununa əsasən Allaha xidmət etmək azadlığı əldə ediləndən sonra hər yerdə çıraqlar yanarkən, İsa dedi: «Dünyanın Nuru Mənəm. Yalnız Mən insanın qəlbini nurlandıra, Allahın biliyi ilə doldura və Onun hüzuruna gətirə bilərəm».

Həvari Yəhya bizə İsanın ilahiyyatçılar və fariseylərlə danışdığı yeri də göstərir. O deyir ki, İsa «Süleymanın eyvanında gəzirdi». Məbədin ərazisindəki birinci həyət bütpərəstlərin həyəti idi. Həmin həyətin hər iki tərəfində «Padşahın eyvanı və Süleymanın eyvanı» adlanan əzəmətli sütunlar var idi. Bunlar möhtəşəm sütunların üstü bağlı cərgəsi idi. Həmin yerin sakitliyində insanlar gəzişə, dua edə və düşünə bilərdilər. Ravvinlər burada öz şagirdləri ilə birlikdə gəzir, onlarla söhbət edir və təlimlərini onlara izah edirdilər. Yəhyanın dediyinə görə, həmin vaxt «qış idi» və İsa orada gəzirdi.

İDDİA VƏ VƏD (Yəhya 10:22-28 ardı))

Yəhudilər İsaya yaxınlaşıb Ondan soruşdular: «Nə vaxta qədər ürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə, bizə açıq söylə». Şübhəsiz ki, bu sualın arxasında ikili məna var idi. Orada İsanın, həqiqətən, Məsih olub-olmadığını bilmək istəyənlər var idi, onlar da səbirsizliklə cavab gözləyirdilər. Amma İsanı tutmaq üçün qəsdən bu sualı verənlər də var idi. Onlar İsadan elə cavab eşitmək istəyirdilər ki, onu ya Allaha küfr ittihamına görə mühakimə edə bilsinlər, ya da qiyamçı kimi Roma qubernatoruna təslim etsinlər.

İsa cavab verdi ki, Özünün kim olduğunu onlara artıq deyib. Düzdür, O, bunu hərfi mənada ifadə etmədi. İsa Özü barədə ən böyük iki açıqlamanı adamların qarşısında deyil, təklikdə etmişdi. Samariyalı qadına O Özünü Məsih kimi göstərmişdi (Yəhya 4:26), sağaltdığı anadangəlmə kor adama Allahın Oğlu olduğunu söyləmişdi (Yəhya 9:37). Amma bu da bir həqiqətdir ki, bütün açıqlamaların hərfi mənada sözlə ifadə edilməsinə ehtiyac yoxdur, xüsusən də onları başa düşən dinləyicilərə. İsa açıqlamalarını sözlə ifadə edib-etməməsindən asılı olmayaraq, heç bir şübhə yeri qoymurdu. Buna dair Onun iki əsas xüsusiyyəti var idi. Birincisi, Onun əməlləri idi, özlüyündə hər şeyi təsdiqləyirdi. Yeşaya peyğəmbərin Qızıl Dövr haqqında görüntüsü var idi və bunu belə ifadə edirdi: «O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək, çünki səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq» (Yeşaya 35:5-6). İsanın göstərdiyi hər bir möcüzə Məsihin artıq gəldiyinin sübutu idi. İsanın ikinci xüsusiyyəti Onun sözləri idi. Musa peyğəmbər peyğəmbərlik etdi ki, Allah hər kəsin dinləyəcəyi bir peyğəmbər göndərəcək (Qanunun təkrarı 18:15). İsanın səsinin tonu və padşah kimi Qanunu ləğv edib, Öz təlimini yerinə qoyması da Onun Allahın Məsh olunmuşu olduğuna sübut idi.

Lakin yəhudilərin böyük əksəriyyəti bu dəlilləri qəbul etmirdi. Daha əvvəl dediyimiz kimi, İsraildə qoyunlar çobanının səsini tanıyır və ona cavab verirdilər. Bu adamlar isə Onun sürüsündən deyildi. Dördüncü Müjdədə hər şeyin Allahın nəzərdə tutduğu kimi baş verdiyinə dair ideya var. Əslində həvari Yəhya deyir ki, həmin yəhudilər Məsihin ardınca getməməli idilər. Hər halda, bütün Əhdi-Cədid iki fikir arasında tarazlığı qoruyur: hər şey Allahın niyyəti çərçivəsində baş verir, bununla belə, insan azad iradəsinə görə özü məsuliyyət daşıyır. Həmin yəhudilər o qədər inadkar idilər ki, İsanı qəbul etməməli idilər. Ancaq yenə də Yəhyanın fikrincə, bu onları mühakimədən azad etmirdi.

Əksəriyyət İsanı qəbul etməsə də, bəziləri qəbul etdi. İsa Onu qəbul edənlərə üç şey vəd etdi:

1. İsa onlara əbədi həyatı vəd etdi. O, söz verdi ki, əgər onlar Onu Müəllim və Rəbb kimi qəbul etsələr, Onun sürüsünün üzvləri olsalar, onda mənasız həyat yox olacaq və onlar həyatın bütün gözəlliklərini və əzəmətini Allahda görəcəklər.

2. İsa onlara sonu olmayan həyat vəd etdi. Ölüm onların həyatının sonu deyil, başlanğıcı olacaq. Onlar sonsuz həyatın izzətini dadacaqlar.

3. İsa onlara təhlükəsiz həyat vəd etdi. «Onları heç kim Atanın əlindən qapa bilməz». Bu o demək deyil ki, onların kədəri, əzab-əziyyəti olmayacaq və onlar ölümü dadmayacaq. Lakin bu o deməkdir ki, onlar ən çətin zamanda, ən çətin anda üzərində daim Allahın qüdrətli əlini hiss edəcəklər. Hətta məhvə doğru gedən dünyada belə, onlar Allahda rahatlıq tapacaqlar.

29-30

ƏN BÖYÜK GÜVƏN VƏ ƏN BÖYÜK AÇIQLAMA (Yəhya 10:29-30)

Bu hissədə İsanın həm ən böyük güvənini, həm də ən böyük açıqlamasını görürük. O, indicə Öz qoyunları və sürüləri haqqında dedi ki, heç kim Onun qoyunlarını qapa bilməyəcək və O, qoyunlarını əbədi təhlükəsizlikdə qoruyan Çobandır.

Əgər İsa sözünü burada bitirsəydi, elə təəssürat yaranardı ki, O Öz sürüsünü qorumaq qabiliyyətinə güvənir. Amma biz burada Onun güvəninin əsasını görürük. Əslində, quzuları Ona Ata verib, İsa da, quzular da Atanın əlindədir və təhlükəsizlikdədir. İsa Özünə ona görə güvənirdi ki, Ataya son dərəcə arxayın idi. O Özünə yox, Ataya güvənirdi. O Öz qüdrətinə deyil, Allahın qüdrətinə arxalanırdı. Bütün qüdrəti Özünə aid etdiyinə görə deyil, Allaha aid etdiyinə görə sonda qələbə çalacağına qəti əmin idi. İsanın Allaha olan təvəkkülü sonda hər şeyi Allaha qaytarırdı. İndi isə biz ən böyük açıqlamaya gəlib çatdıq: «Mən və Ata birik». Bu nə deməkdir? Bu bizim üçün mütləq bir sirdir? Yoxsa biz imanın simvollarını tərtib edənlərin mübahisə etdikləri anlayışların dolaşıqlığından bir şey başa düşə bilərik? Bu heyrətamiz ifadənin mənasını cüzi də olsa dərk etmək üçün ilahiyyatçı və ya filosof olmaq lazımdır?

Əgər izahat üçün Müqəddəs Kitabın özünə müraciət etsək, görərik ki, əslində bu, çox sadədir və ən adi insan belə bu kəlamın mənasını başa düşə bilər. Gəlin İsanın iztirab çəkməzdən əvvəl davamçıları üçün etdiyi duaya baxaq. Orada biz belə bir ifadəyə rast gəlirik: «Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar» (Yəhya 17:11).

İsa məsihçilərin birliyini Onunla Ata Allah arasındakı birlik kimi qəbul edirdi. Sonra O, belə davam edir: «Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın. Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun» (Yəhya 17:20-22). İsa o qədər sadə və aydın şəkildə deyir ki, burada səhv anlamaq mümkün deyil: məsihçi həyatının məqsədi, Onun Öz Səmavi Atası ilə bir olduğu kimi, məsihçilərin də öz aralarında bir olmasıdır.

Məsihə iman edənlər arasında necə birlik hökm sürməlidir? Bunun sirri — sevgidir. «Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin» (Yəhya 13:34). İsa Ata ilə bir olub Onu sevdiyi kimi, Məsihə iman edənlər də birdirlər, çünki onlar da bir-birilərini sevirlər. Ancaq gəlin daha da irəli gedək. Sevgini büruzə verən yeganə şey nədir? Gəlin yenidən Məsihin sözlərinə baxaq. «Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram (Yəhya 15:10). «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq. Məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanın sözüdür» (Yəhya 14:23-24). «Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm (Yəhya 14:21).

Məsələnin mahiyyəti də elə bundadır. Birliyin bağı məhəbbətdir, məhəbbətin sübutu isə itaətdir. Məsihçilər aralarında məhəbbət bağı olanda və Məsihin sözlərinə itaət edəndə bir olurlar. İsa Allahla birdir, çünki heç kimin etmədiyi kimi Ataya itaət edir və Onu sevirdi. Onun Allahla birliyi kamil itaətə aparan kamil məhəbbətdir. İsa «Mən və Ata birik» deyəndə, fəlsəfə, metafizika və abstrakt dünyanı deyil, şəxsi münasibətləri nəzərdə tuturdu. Heç kim «Bir olmaq» ifadəsinin mahiyyətinin nə demək olduğunu tam başa düşə bilməz. Amma qəlblərin birliyinin nə olduğunu hamı anlayır. İsanın Allahla birliyi iki faktın nəticəsi idi: mükəmməl məhəbbət və mükəmməl itaət. O, Allahı sevdiyi və Ona itaət etdiyi üçün Onunla bir idi və bu dünyaya da bizi Özünə bənzətmək üçün gəldi.

31-39

CİDDİ YOXLAMA (Yəhya 10:31-39)

İsanın Onun və Atanın bir olması barədə sözləri yəhudilərə görə küfr idi. Onlar üçün bu, insanın yalnız Allahın ola biləcəyi yerə müdaxiləsi sayılırdı. Yəhudi qanunlarına görə, küfrün cəzası daşqalaq edilmək idi. «Rəbbin adına küfr edən hər kəs öldürülməlidir. Bütün icma onu daşqalaq etsin; istər yadelli, istər yerli olsun, Allahın adına küfr etdiyinə görə öldürülməlidir» (Levililər 24:16). Buna görə də onlar İsanı daşqalaq etməyə hazırlaşırdılar. Yunan dilində bu hissədə deyilir ki, onlar gedib İsaya atmaq üçün daş yığdılar. İsa onların düşmənçiliyinə məntiqli dəlillərlə cavab verdi.

1. İsa onlara dedi ki, bütün vaxtını yaxşılıq etməyə sərf edib: xəstələrə şəfa verib, acları yedizdirib, qəmli olanlara təsəlli verib və s., yəni o qədər gözəl işlər görüb ki, bütün bunlar yalnız Allahdan ola bilərdi. Bu işlərdən hansına görə Onu daşqalaq etmək istəyirlər? Onlar da cavab verdilər ki, Onu yaxşı işlərinə görə deyil, insan olduğu halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq etmək istəyirlər.

2. İsa Özünü Allahın Oğlu adlandırdı və bu iddiaya görə yəhudilər Onu daşqalaq etməyə hazır idilər. İsa buna da iki arqumentlə cavab verdi. Birinci arqument sırf yəhudi baxışlarına aid idi. Bizim üçün bunu başa düşmək çətindir. İsa onlara Zəbur 82:6-nı xatırlatdı. Bu məzmur ədalətsiz hakimlərə ünvanlanıb ki, onlar öz ədalətsiz üsullarından əl çəkib, yoxsulları və günahsızları vicdanla müdafiə etməyə başlasınlar. Hakimlərə edilən bu müraciət məhz bu sözlərlə bitir: «Siz allahlarsınız, hər biriniz Haqq-Taala övladlarısınız». Hakim insanlara tanrı olsun deyə Allah tərəfindən təyin edilir. Bu fikir Çıxış kitabının bir neçə yerində çox aydın şəkildə ifadə edilir. Çıxış 21:1-6 yəhudi olan qulun yeddinci ildə necə azad oluna biləcəyindən bəhs edir: «...onda qoy qulun ağası onu məbədə Allahın hüzuruna (yəni hakimin hüzuruna) gətirsin». Yəhudi dilində bu söz hakim kimi deyil, elohim, yəni tanrı kimi səslənir. Eyni ifadə Çıxış 22:9-28-də də istifadə olunur. Deməli, hətta Müqəddəs Yazılar da Allah tərəfindən xüsusi xidmətə təyin olunanları tanrı kimi təqdim edir. Buna görə də İsa belə deyir: «Əgər Müqəddəs Yazı insanlar haqqında belə deyirsə, mən niyə Özüm haqqında bunu deyə bilmərəm?»

İsa Özü haqqında iki məqamı vurğulayır:

a) O, xüsusi iş üçün Allah tərəfindən təqdis olunub. Təqdis olunmaq — hagiacein, hagios — yəni müqəddəs sözündən yaranıb. Bu söz bir insanı və ya hansısa əşyanı başqa insanlardan və ya əşyalardan xüsusi istifadə üçün ayrıldığı mənasını verir. Məsələn, Şənbə günü müqəddəsdir (Çıxış 20:11). Qurbangah müqəddəsdir (Levililər 16:19). Kahinlər (təqdis olunub) müqəddəsdirlər (2Salnamələr 26:18). Peyğəmbər təqdis olunub (Yeremya 1:5). İsa Allahın Onu təqdis etdiyini, müqəddəs etdiyini söyləyəndə, Allahın Ona xüsusi tapşırıq verdiyinə görə Onu başqa insanlardan ayırdığını nəzərdə tuturdu.

b) İsa dedi ki, Allah Onu dünyaya göndərib. Burada istifadə edilən söz, elçi və ya ordunun göndərilməsini ifadə etmək üçün işlədilən sözlə eynidir. İsa Özünü dünyaya Gələn kimi deyil, dünyaya göndərilmiş kimi görürdü. Onun gəlişi Allahın istəyi idi və O, Allahın Ona verdiyi tapşırığı yerinə yetirmək üçün gəldi.

Buna görə də İsa deyir: «Qədim dövrlərdə Müqəddəs Yazı hakimləri tanrı adlandıra bilərdi. Çünki onlar Allah tərəfindən dünyaya həqiqət və ədalət gətirmək üçün təyin edilmişdilər. Mən də xüsusi tapşırıq üçün ayrıldım (təqdis olundum), dünyaya Allah tərəfindən göndərildim. Onda Özümü Allahın Oğlu adlandırmağıma necə müqavimət göstərə bilərsiniz? Axı Mən sadəcə olaraq, Müqəddəs Yazıların dediklərini edirəm». Bu bizim üçün asan olmayan, lakin yəhudi dinləyicisi üçün inandırıcı olan Müqəddəs Kitab arqumentlərindən biridir.

3. İsa Onun sözlərini sınamağı təklif edir və belə deyir: «Mən xahiş etmirəm ki, sözlərimi qəbul edəsiniz, amma əməllərimi inkar etməyin». İnsanlar sözə görə mübahisə edə bilərlər, amma əməllər mübahisədən üstündür. İsa kamil Müəllim olduğunu göstərdi, çünki O, iddialarını sözlərə deyil, əməllərə əsaslandırdı. O, yəhudiləri Onun dediklərinə deyil, Onun etdiklərinə əsasən mühakimə etməyə dəvət etdi. Bu Onun davamçılarının qarşılaşmağa hazır olmalı olduğu ən böyük sınaqdır. Təəssüf ki, çox az adam belə bir imtahanla üzləşməyə hazırdır. Xüsusilə belə bir imtahana çağırış etməyə çoxu hazır deyil.

40-42

FIRTINADAN ƏVVƏLKİ SAKİTLİK (Yəhya 10:40-42)

İsanın yer üzündəki vaxtı bitmək üzrə idi, lakin O Öz saatını bilirdi. O, həyatını boş yerə itirmək üçün təhlükə ilə oynamırdı: O, sadəcə olaraq, son mübarizədən əvvəl rahatlıq və sakitlik istəyirdi. O, insanlarla görüşməzdən əvvəl həmişə Allahla görüşüb silahlanırdı. Bu səbəbdən O, İordan çayının o tayına keçdi. İsa heç kimdən qaçmırdı, əksinə, növbəti fəaliyyətə hazırlaşırdı.

İsanın getdiyi yerin xüsusi əhəmiyyəti var idi. O, Vəftizçi Yəhyanın vəftiz etdiyi və Özünün vəftiz olunduğu yerə getdi. Məhz orada O, Allahın səsini eşitdi və bu səs Onu əmin etdi ki, Onun qərarı düzgündür, O, doğru yoldadır. İnsan həyatında ən təsirli anları yaşadığı yerə vaxtaşırı qayıdır və bunun böyük mənası var. Yaqub peyğəmbərin işləri yolunda getməyəndə, o, Bet-Elə qayıtdı (Yaradılış 35:1-5). O, Allaha ehtiyac duyanda Onunla ilk görüşdüyü yerə gedirdi. İsa Çarmıxa getməzdən öncə xidmətinin başladığı yerə getdi. Allahla ilk qarşılaşdığımız yerə səyahət etmək qəlbimizə böyük fayda verər. Lakin İordan çayının uzaq sahilində belə, yəhudilər İsanın yanına gəldilər və orada Vəftizçi Yəhyanı xatırladılar. Onlar xatırladılar ki, Vəftizçi Yəhya peyğəmbər kimi danışır, lakin böyük möcüzələr göstərmirdi. Onlar Vəftizçi Yəhya ilə İsa arasındakı fərqi görürdülər. Vəftizçi Yəhya vəziyyətə diaqnoz qoymağı bacarırdı, İsa isə vəziyyəti dəyişmək gücünə malik idi. Oraya gələn yəhudilər Vəftizçi Yəhyanı peyğəmbər kimi görürdülər. Amma sonra gördülər ki, Vəftizçi Yəhyanın İsa haqqında söylədiyi hər şey həyata keçdi. Buna görə çoxu İsaya iman etdi. Çox vaxt elə olur ki, hansısa insan ümidlərini başqa bir müvəqqəti uğurlu və ya böyük bir insana bağlayır və çox keçmir ki, məyus olur. Ancaq İsa Vəftizçi Yəhyanın Onun haqqında söylədiklərindən qat-qat üstündür. İsa yeganə Şəxsdir ki, Ona ümid bağlayanları heç vaxt məyus etmir. Onda xəyallar həmişə gerçəkləşir.

Azərbaycan dilində Müqəddəs Kitab

Yaxşı çoban
1 Doğrusunu, doğrusunu sizə deyirəm: qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur. 2 Amma qapıdan girən qoyunların çobanıdır. 3 Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar. 4 Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar. 5 Amma yad adamın ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar». 6 İsa bu məsəli onlara söylədi, amma onlar İsanın sözlərinin mənasını anlamadılar.
7 İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm. 8 Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı. 9 Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. 10 Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun. 11 Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. 12 Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. 13 Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz. 14-15 Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. 16 Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq.
17 Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım. 18 Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam».
19 Bu sözlər üstündə Yəhudilər arasında yenə fikir ayrılığı düşdü. 20 Onların çoxu dedi: «Onda cin var, dəlidir. Niyə Ona qulaq asırsınız?» 21 Başqaları isə dedilər: «Bunlar cinə tutulmuş adamın sözləri deyil. Cin heç kor adamın gözlərini aça bilərmi?»
Yəhudilərin İsa ilə mübahisəsi
22 O vaxt Yerusəlimdə Təqdis bayramı keçirilirdi. Qış idi. 23 İsa məbədin həyətində olan Süleymanın eyvanında gəzirdi. 24 Yəhudilər İsanın ətrafına yığılıb Ona dedilər: «Nə vaxta qədər ürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə, bizə açıq söylə». 25 İsa onlara cavab verdi: «Sizə söylədim, ancaq buna inanmırsınız. Atamın adı ilə gördüyüm işlər Mənim barəmdə şəhadət edir. 26 Amma siz inanmırsınız, çünki Mənim quzularımdan deyilsiniz. 27 Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. 28 Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. 29 Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. 30 Mən və Ata birik».
31 Yəhudilər yenə yerdən daş götürdülər ki, Onu daşqalaq etsinlər. 32 İsa onlara dedi: «Sizə Atadan gələn çoxlu yaxşı iş göstərdim. Siz bunların hansına görə Məni daşqalaq etmək istəyirsiniz?» 33 Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik». 34 İsa onlara dedi: «Məgər sizin öz Qanununuzda yazılmayıb ki, “demişəm: ‹Siz allahlarsınız›”? 35 Allah Öz kəlamını göndərdiyi adamlara “allahlarsınız” deyir. Müqəddəs Yazı ki pozula bilməz. 36 Bəs siz niyə “Allahın Oğluyam” dediyim üçün Mənə – Atanın təqdis edib dünyaya göndərdiyi Şəxsə “küfr edirsən” deyirsiniz? 37 Əgər Atamın işlərini görmürəmsə, Mənə inanmayın. 38 Amma bu işləri görürəmsə, Mənə inanmasanız da, bunlara inanın. Onda Atanın Məndə, Mənim də Atada olduğumu anlayıb bilərsiniz». 39 Onlar yenə İsanı tutmağa çalışdı, amma O, əllərindən sıyrılıb çıxdı.
40 İsa yenə İordanın o biri sahilinə, Yəhyanın əvvəllər vəftiz etdiyi yerə getdi və orada qaldı. 41 Çoxlu adam Onun yanına gəlib dedi: «Yəhya heç bir əlamət göstərməsə də, onun bu Adam barədə dediyi bütün sözlər doğru çıxdı». 42 Bir çox adam da orada İsaya iman etdi.