1-5
Bu, Müjdələrdə bəhs edilən yeganə möcüzədir ki, xəstə insanın anadangəlmə xəstə olduğu qeyd edilir. Həvarilərin işləri kitabında anadangəlmə xəstələr barədə iki dəfə danışılır: biri Məbədin Gözəl adlı qapısına gətirilən, ayaqları anadangəlmə şikəst olan bir kişi haqqında (Həvarilərin işləri 3:2), digəri Listrada ayaqlarından şikəst olan başqa kişi haqqında (Həvarilərin işləri 14:8). Amma Müjdələrdə bu, yeganə haldır ki, anadangəlmə xəstə barədə qeyd olunur. Görünür, həmin adamı hamı tanıyırdı, çünki şagirdlər onun haqqında hər şeyi yaxşı bilirdi. Onu görəndə, şagirdlər fürsətdən istifadə edərək, yəhudiləri qədim zamanlardan narahat edən və bu gün də bir çoxlarını maraqlandıran sualla İsaya müraciət etdilər. Yəhudilər iztirabı günahla əlaqələndirirdilər. Onlar düşünürdülər ki, harada əzab varsa, demək, orada kökdə günah var. Buna görə şagirdlər İsadan soruşdular: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?» Əgər bu adam kor doğulubsa, axı onun korluğu günahının nəticəsi necə ola bilər? Yəhudi ilahiyyatçıları bu suala iki cür cavab verirdilər.
1. Bəzi ilahiyyatçıların insanın ana bətnində olarkən, günahkar olmasına dair qəribə təsəvvürü var idi. Onlar, sözün əsl mənasında, inanırdılar ki, insan ana bətnində olanda belə günah işlədə bilər. Antoni ilə ravvin Yəhuda Patriarx arasındakı xəyali söhbətdə Atoni guya Yəhudadan soruşur: «Pislik insanın ürəyində nə vaxt öz izini qoyur — döl ana bətnində formalaşanda, yoxsa insan doğulanda?» Ravvin əvvəlcə «döl ana bətnində formalaşanda» deyə cavab verdi. Antoni buna etiraz etdi və öz arqumentlərini irəli sürüb Yəhudanı inandırdı. Yəhuda etiraf etməli oldu ki, doğrudan da, əgər insanın ürəyində pislik dölün formalaşma dövründə başlayırsa, onda uşaq ana bətnində çox çırpınardı və çölə çıxardı. Yəhuda bu fikri təsdiqləmək üçün Kəlamdan bir yer tapdı — Yaradılış kitabı 4:7. Orada deyilir: «...günah qapının ağzında durub». Yəhuda belə izah etdi ki, günah insanı ana bətnində, doğulduğu anda gözləyə bilər. Həmin mübahisə onu göstərir ki, ana bətnində günahın işlədib-işlədilməməsi ideyası o dövrdə yaxşı məlum idi.
2. İsa Məsihin dövründə yəhudilər insan ruhunun əzəldən mövcud olduğuna inanırdılar. Onlar bu fikri Platondan və yunanlardan mənimsəmişdilər. Onlar inanırdılar ki, bütün ruhlar dünya yaranmazdan əvvəl Eden bağında və ya göyün yeddinci qatında, ya da bədənə yerləşdirmələrini gözlədikləri müəyyən bir yerdə mövcud olub. Yunanlar inanırdılar ki, insan ruhu əslində xeyirxahdır, o, bədənə girdiyi vaxt murdarlanır. Ancaq elə yəhudi qrupları da var idi ki, onlar insan ruhunun əzəldən yaxşı və pis olduğuna inanırdı. «Hikmət kitabı»nın müəllifi deyir: «Mən təbiətcə yaxşı uşaq idim və mənim payıma yaxşı ruh düşdü» (Hikmət 8:19). İsa Məsihin dövründə bəzi yəhudilər inanırdılar ki, insanın xəstəliyi, hətta anadangəlmə olsa belə, onun dünyaya gəlməzdən əvvəl işlətdiyi günaha görə ola bilər. Bizim üçün bu fikir qəribə, hətta fantastik görünür. Lakin bu fikrin əsasında günaha yoluxmuş kainat ideyası dayanır.
Kor olmuş adamın xəstəliyinin ikinci mümkün səbəbi valideynlərinin günahı ola bilər. Uşaqların valideynlərinin günahının cəzasını çəkmə fikri bütün Əhdi-Ətiq boyu rast gəlinir. «Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm» (Çıxış 20:5, 34:7, Saylar 14:18). Məzmurçu pis adam haqqında deyir: «Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın, anasının günahı heç zaman yuyulmasın!» (Zəbur 109:14) Yeşaya peyğəmbər vasitəsilə Allah insanların və «atalarının təqsirlərindən» danışır, sonra əlavə edir: «Mən əvvəlki əməllərini ölçüb onların əvəzini onlara çəkdirəcəyəm» (Yeşaya 65:6-7). Əhdi-Ətiqdəki əsas fikirlərdən biri odur ki, valideynlərin günahları həmişə uşaqlara təsir edir. Qoy heç kim unutmasın ki, heç bir insan özü üçün yaşamır və özü üçün ölmür. İnsan günah işlədəndə, sonu olmayan nəticələr zəncirini hərəkətə gətirir.
Bu hissədə iki böyük və əbədi prinsip var.
1. Burada İsa iztirab və günah arasındakı əlaqəni göstərməyə və ya izah etməyə çalışmır. O deyir ki, bu adamın xəstəliyi Allahın işləri onun həyatında görünsün deyə əmələ gəlib. Bunu iki mənada başa düşmək olar:
a) Yəhyanın Müjdəsinə görə, möcüzələr həmişə Allahın izzətinin və qüdrətinin əlamətidir. Digər müjdəçilər isə başqa fikirdədirlər. Onlara görə, möcüzələr İsanın insanlara göstərdiyi mərhəmətinin təzahürüdür. Məsələn, İsa izdihamı görüb onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi (Mark 6:34). Cüzam xəstəliyinə tutulan adam paklanmaq üçün İsanın yanına gələndə, İsanın ona rəhmi gəldi (Mark 1:41). Məhz bu baxımdan deyilir ki, dördüncü Müjdə digərlərindən fərqlənir. Düzdür, burada heç bir ziddiyyət yoxdur. Bunlar, sadəcə olaraq, eyni hadisəyə iki fərqli baxışdır. Hər ikisi də ali həqiqətə əsaslanır: Allahın izzəti mərhəmət göstərməkdə izhar olunur və O Öz izzətini mərhəmətdə göstərdiyi qədər başqa heç bir şeydə göstərmir.
2. Amma başqa bir məna da var ki, insanın iztirabı Allahın işləri onun həyatında görünməsi üçündür. Xəstəliklər, kədər, bədən zəifliyi, məyusluq, itki həmişə İlahi lütfünün təcəssümü üçün gözəl imkandır.
Birincisi, bütün bunlar iztirab çəkən adama Allahın qüdrətini izhar etməyə imkan verir. İmansız adamın başına bəla gələndə, o, bəlanın yükü altında əzilə bilər. Lakin Allahla yaşayan və Onunla bir yol gedənin başına bəla gələndə, bədbəxtlik onda güc, səbir, nəciblik oyadır və bütün bunlar vasitəsilə Allah Özünü göstərir. Ölüm ayağında olan və ağır xəstəlikdən əzab çəkən bir məsihçi haqqında hekayə var. Ölməzdən əvvəl o, «Gəlin və məsihçinin necə öldüyünü görün» deyərək yaxınlarını çağırmasını xahiş etdi. Həyat bizə ağır zərbə vuranda bizim dünyaya məsihçinin necə yaşadığını və lazım gələrsə, necə öldüyünü göstərmək imkanımız olur. İstənilən iztirab — həyatımızda Allahın izzətini göstərmək üçün bir imkandır.
İkincisi, əziyyət çəkənlərə və ya sıxıntı içində olanlara kömək etməklə biz başqalarına Allahın izzətini göstərə bilərik. Bir dəfə Frank Laubah maraqlı bir fikir ifadə etdi: «Yol olan Məsih bizim daxilimizdə yaşayanda «biz Yolun bir hissəsinə çevrilirik. Allahın yolu bizim daxilimizdən keçir»«. Biz özümüzü çətinliyə düşən, kədər içində olan və ya xəstəlikdən əziyyət çəkən adamlara kömək etmək üçün həsr edəndə, Allah bizdən Öz övladlarının həyatına yardım əlini uzadan bir yol kimi istifadə edir. Ehtiyacı olana kömək etmək — Allahın izzətini göstərmək deməkdir. Çünki bu Onun necə olduğunu göstərir.
Daha sonra İsa deyir: O və Onun davamçıları nə qədər ki gündüzdür, yaxşılıq etməlidirlər. Allah insana gündüzü işləmək, gecəni isə istirahət etmək üçün verib. Gün başa çatır və iş görmək vaxtı bitir. İsa Allahın işlərini görməyə tələsməli idi, çünki Onun günü bitmək üzrə idi və Çarmıx gecəsi yaxınlaşırdı. Ancaq bu həqiqət hər bir insan üçün doğrudur. Bizim hər birimizə müəyyən bir vaxt verilib və etməli olduğumuz bütün işlər həmin zaman çərçivəsində edilməlidir. Qlazqo şəhərində üzərində «Vaxt bitməmiş vaxt barədə düşün» yazılmış günəş saatı var. Biz nəyisə sonraya saxlaya bilmərik, çünki sonra gəlməyə bilər. Məsihçinin vəzifəsi — ona verilən vaxtdan istifadə etməkdir. Heç kim Allaha və qonşusuna xidmət üçün nə qədər vaxtının olduğunu bilmir. Görülməli işləri etmək üçün artıq gec olduğunu anlamaqdan daha faciəli heç nə yoxdur. Hər şeyin gec olduğunun kədəri dəhşətlidir.
Lakin bizim əldən verə biləcəyimiz başqa bir imkan da var. İsa dedi: «Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm». İsa bu sözləri deməklə Onun həyatının və xidmətinin vaxtının məhdud olduğunu nəzərdə tutmurdu. O demək istəyirdi ki, Onu qəbul etmək imkanımız məhduddur. Hər bir insana İsa Məsihi Rəbb və Xilaskar kimi qəbul etmək imkanı verilir. Əgər bu imkan əldən verilərsə, bir daha olmaya bilər. E.D.Starbukun «Dinin fəlsəfəsi» adlı kitabında Allaha tərəf dönməyin, adətən, hansı yaşda baş verdiyinə dair maraqlı müşahidələr var. Bu, erkən yaşda — yeddi və ya səkkiz yaşda baş verə bilər, çox vaxt on və on bir yaşda baş verir, sonra istək on altı yaşa qədər kəskin şəkildə artır, lakin iyirmi yaşa qədər qəfil azalır. Otuz yaşdan sonra isə bu, nadir hallarda baş verir. Allah həmişə bizə deyir: «Mənə tərəf dönməyin vaxtı indidir». Ona görə yox ki, Məsihin gücü zəifləyir və ya Onun işığı azalır. Ona görə ki, həyatda ən böyük qərarı təxirə saldıqca, tədricən bu qərardan uzaqlaşırıq. Gündüz ikən və gecə düşməzdən əvvəl işləmək və qərarlar vermək lazımdır.
6-12
Bu, İsanın şəfa vermək üçün tüpürcəkdən istifadə etdiyi iki möcüzədən biridir. İkinci möcüzə kar və pəltək adamda baş vermişdi (Mark 7:33). Tüpürcəkdən istifadə etmək bizə qəribə, xoşagəlməz və qeyri-gigiyenik görünür. Lakin o dövrdə bu üsul çox yayılmışdı. Tüpürcək, xüsusən də görkəmli bir insanın tüpürcəyi şəfaverici sayılırdı. Tasit deyir ki, Vespasian İsgəndəriyyəyə səfər edəndə, onun yanına iki adam gəldi: birinin gözü, digərinin əli xəstə idi. Onlar Vespasiana tanrılarının məsləhəti ilə onun yanına gəldiyini söylədilər. Gözü xəstə olan adam Vespasiandan xahiş etdi ki, gözlərini tüpürcəklə nəmləndirsin, əli xəstə adam isə ayağı ilə əlini tapdalasın. Vespasian əvvəlcə onların xahişlərini yerinə yetirməyə razı olmadı, amma sonda yola gəldi, istədiklərini etməyə razı oldu. «Əl dərhal sağaldı, kor isə yenidən görməyə başladı. Həmin hadisədə iştirak edənlər bu iki faktı bu günədək təsdiqləyir» (Tasit «Tarixlər» 4:81).
O dövrə görə elmi məlumat hesab olunan və bu məlumatları toplayan romalı Plininin tüpürcəkdən istifadə ilə bağlı bütöv bir fəsli var. O deyir ki, bu, ilan sancmasına qarşı ən güclü profilaktik tədbirdir. Eləcə karsinoma (bədxassəli şiş) və boyun əzələlərinin zədələnməsi tüpürcəklə sağala bilər. Tüpürcək həm də «gözdəymədən» qurtulmaq üçün faydalı bir vasitə hesab olunurdu. Persi yazır ki, tanrılardan qorxan və «gözdəymə»ni qaytaran bir xala və ya nənə uşağı beşikdən qaldırıb, orta barmağı ilə «alnını və dodaqlarını tüpürcəkləyirdi». Tüpürcəkdən istifadə qədim dövrdə adi hal idi. Biz bu gün də barmağımızı yandıranda, instinktiv olaraq ağzımıza qoyuruq. Çoxları isə inanır ki, ziyilləri oruc tutulan zaman tüpürcəklə sağaltmaq olar.
Məsələ bundadır ki, İsa Öz dövrünün üsul və adətlərindən istifadə edirdi. O, müdrik bir həkim kimi xəstənin etibarını qazanmağa çalışırdı. İsa bunu tüpürcəyinin gücünə inandığı üçün etmədi. O, xəstənin həkimdən gözləntilərini qarşılamaq və xəstədə iman yaratmaq istədiyi üçün belə etdi. Axı bu gün də istənilən üsulla müalicənin müvəffəqiyyəti dərmandan asılı olduğu kimi, xəstənin ona olan inamından da eyni dərəcədə asılıdır.
İsa tüpürcəkdən palçıq düzəldib kor adamın gözlərinə sürtükdən sonra onu Şiloah hovuzuna göndərdi. Həmin hovuz Yerusəlimin abidələrindən biri idi. Bu, qədim dövrün tikinti sənətinin nailiyyətlərindən biri sayılırdı. Mühasirə zamanı Yerusəlimin su təchizatı həmişə etibarsız olub. Əsasən Qidron vadisində yerləşən Qız bulağı və ya Geon (İbranicə Gixon) bulağından doldurulurdu. Oraya otuz üç daş pilləli bir pilləkən enirdi. Camaat aşağı düşüb daş hovuzdan su çəkirdi. Hovuz tamamilə açıq idi və mühasirə halında asanlıqla zəbt oluna bilərdi. Bunun nəticəsi isə şəhər üçün fəlakətli ola bilərdi. Padşah Xizqiya Sanxerivin İsrailə hücum edib, onu ələ keçirməyi planlaşdırdığını biləndə, qayadan su kəmərini kəsib şəhəri mənbəyə birləşdirmək qərarına gəldi (2Salnamələr 32:2-8; Yeşaya 22:9-11; 2Padşahlar 20:20). Əgər inşaatçılar dağı düzünə yarsaydılar, boru kəmərinin uzunluğu 335 metr olardı. Lakin onlar qayadakı təbii çatları izləyərək və ya müqəddəs yerlərdən yan keçərək qayanı ziqzaq şəklində yardılar, beləcə tunelin uzunluğu 533 metrə çatdı. Bəzi yerlərdə tunelin eni yetmiş santimetrdən çox deyildi, hündürlüyü isə orta hesabla iki metrə qədər idi. İnşaatçılar ortada görüşmək üçün işə hər iki başdan başladılar. Bu da o dövrün tikinti sənayesində heyrətamiz bir nailiyyət idi.
1880-ci ildə həmin tikintinin başa çatması haqqında üzərində yazı olan xatirə lövhəsi aşkar edilmişdir. Lövhəni nohurda çimən iki oğlan təsadüfən tapmışdı. Lövhədə belə yazılmışdı: «İş tamamlandı. İşçilər o biri başdakı yoldaşlarına çatmaq üçün külüngləri ilə qayanı oyanda və bir-biri ilə görüşməkdən ötrü cəmi üç qulac qalanda, hər iki tərəf qarşı tərəfdən onlara qışqıran səsləri eşitdi. Çünki sağ tərəfdə qayada çat var idi. Tunelin qazılmasının sonuncu günündə daşyonanlar əks tərəfdə öz yoldaşlarını görmək üçün sonuncu dəfə zərbə endirdilər. Budur, su tuneldən min iki yüz qulacadək axdı, daşyonanların başları üstündəki divarın hündürlüyü isə yüz qulac idi».
Şiloah hovuzu Qız Bulağının (Geon) şəhərə axdığı yer idi. Bu, doqquz metr ölçüsündə balaca göl idi. Məhz buradan həmin su hövzəsi «göndərilmiş» mənasını verən Şiloah adını almışdır: içindəki su kəmər vasitəsilə şəhərə ötürülürdü.
İsa kor olan adamı hovuzda yuyunmağa göndərdi. O, yuyundu və gözləri açıldı. Şəfa tapandan sonra o, xalqı heç cürə inandıra bilmirdi ki, həqiqətən, onunla möcüzə baş verib. Lakin o, İsanın göstərdiyi möcüzəni səbatla müdafiə edirdi. İsa hələ də imansızlar üçün inanılmaz kimi görünən işlər görür.
13-16
Fariseylər narazılıq etməyə başlayır. İsa tüpürcəkdən palçıq düzəldib, Şənbə günü kor adamı sağaltdı. İsa Şənbə gününü pozdu və fariseylər Onu çox şeydə ittiham etməyə hazır idilər.
1. Tüpürcəkdən palçıq düzəldən İsa, Şənbə günü «işləməkdə» günahkar bilindi, çünki ən sadə işlər belə Şənbə günü iş sayılırdı. Məsələn, Şənbə günü qadağa olunan bəzi işlər:
«Bir qaba yağ tökmək və onu çırağın yanına qoyub fitili yağa batırmaq olmaz!»
«Şənbə günü altı mıxlı səndəl geyinmək olmaz!» (Mıxlar yük sayılırdı, Şənbə günü isə yük daşımağa icazə verilmirdi.)
«Şənbə günü dırnaq tutmaq, başdan və ya saqqaldan bir tük belə qoparmaq olmaz!»
Görünür, belə sərt qanuna əsasən, tüpürcəkdən palçıq hazırlamaq Şənbəni pozan əmək sayılırdı.
2. Şənbə günü şəfa vermək qadağan edilirdi. Tibbi yardım yalnız həddindən artıq ağır vəziyyətdə olan şəxsə göstərilə bilərdi. Ancaq o halda da xəstənin vəziyyətini yüngülləşdirmək deyil, pisləşməsin deyə yardım göstərmək olardı. Məsələn, dişi ağrıyan adama dişlərin arasından ağrıkəsicini sormaq qadağan edilirdi. Yerindən çıxmış oynaqları da yerinə salmaq qadağan idi.
«Əgər kiminsə qolu və ya ayağı yerindən çıxıbsa, üzərinə soyuq su tökmək olmaz!»
Aydındır məsələdir ki, anadangəlmə kor adamın vəziyyəti təhlükədə deyildi, buna görə İsa onu sağaltmaqla Şənbə gününü pozdu.
3. Tüpürcəkdən istifadə etmək qaydası də açıq şəkildə izah edilirdi:
«Tüpürcəyə gəlincə, onu göz qapaqlarında istifadə etmək haramdır».
Fariseylər bizim dövrdə də onlar kimi dinə etiqad etməyən hər kəsi məhkum edən adamlar kimi idilər. Onlar elə düşünürdülər ki, Allaha yalnız onlar kimi xidmət etmək lazımdır. Ancaq aralarında eyni zamanda həm günahkar olduğunu, həm də İsanın etdiklərini heç kimin edə bilməyəcəyini düşünənlər də var idi.
Onlar şəfa tapan adamı yanına gətizdirdilər və onu sorğu-sual etdilər. İsa haqqında nə düşündüyünü soruşanda o, tərəddüd etmədən İsanın peyğəmbər olduğunu söylədi. Əhdi-Ətiq dövründə peyğəmbər göstərdiyi əlamətlər və möcüzələrlə tanınırdı. Məsələn, Musa peyğəmbər fironun qarşısında möcüzələr göstərməklə Allahın elçisi olduğunu sübut etdi (Çıxış 4:1-17). İlyas peyğəmbər Baal peyğəmbərlərinin edə bilmədiyi işləri edəndə, həqiqi Allahın peyğəmbəri olduğunu sübut etdi (1Padşahlar 18). Şübhəsiz ki, bu adam İsanı peyğəmbər adlandırmağa cürət etməzdən əvvəl bu hadisələri xatırlamışdı.
Bu adam cəsarətli idi. O, fariseylərin İsa haqqında nə düşündüklərini yaxşı bilirdi. O bilirdi ki, əgər İsanın tərəfini tutsa, sinaqoqdan qovulacaq. Amma öz fikrini bildirdi və fikrindən dönmədi. Sanki deyirdi: «Mən Ona iman etməyə və Onu müdafiə etməyə borcluyam, çünki O mənim üçün çox şey edib». Bizim üçün həmin adam yaxşı nümunə ola bilər.
17-34
Bütün İncildə personajların buradakı qədər parlaq təsviri yoxdur. Həvari Yəhya mahircəsinə aydın cizgilərlə hadisənin bütün iştirakçılarını gözümüzün qabağında canlandırır.
1. Birinci heyət — kor adamdır. O, fariseylərin ondan əl çəkmədiklərinə görə qıcıqlanmağa başlayır. «O Adam haqqında nə istəyirsiniz deyin, — deyə o, sanki bəyan etdi, — Onun barəsində heç nə bilmirəm. Bir şeyi bilirəm ki, əvvəl kor idim, O isə mənim gözlərimi açdı». Bu, çoxlarının İsa haqqında düşündüklərini sözlə və ya teoloji dildə ifadə edə bilmədiyi, lakin İsanın onların qəlbində nə etdiyində dair şəhadət edən sadə məsihçi təcrübəsidir. İnsan hətta ağlı ilə anlamayanda belə, ürəyi ilə hiss edə bilər. İsanı sevmək Onun haqqında gözəl danışmaqdan daha yaxşıdır.
2. Anadangəlmə kor olan adamın valideynləri də orada idi. Çox güman, onlar fariseylərlə yaxşı münasibətdə deyildilər, lakin onlardan qorxurdular. Fariseylərin əllərində güclü bir silah var idi — sinaqoqdan qovmaq silahı. İnsan sinaqoqdan qovulandan sonra Allahın xalqı ilə ünsiyyətdən məhrum edilirdi. Kəlamda biz oxuyuruq ki, hakimiyyətə itaətsizlik göstərən adamın «başçıların və ağsaqqalların məsləhətinə görə ... bütün əmlakı müsadirə ediləcək və özü də sürgündən qayıdan camaatın içərisindən çıxarılacaq» (Ezra 10:8). İsa xəbərdarlıq etdi ki, Bəşər Oğluna görə insanlar bizə nifrət edəcək, bizi cəmiyyətdən qovub təhqir edəcək, adımızı bədnam edəcək (Luka 6:22). O dedi: «Sizi sinaqoqlardan qovacaqlar» (Yəhya 16:2). Yerusəlimdə bir çox rəhbərlər İsaya iman edirdilər, lakin «sinaqoqdan qovulmasınlar deyə» bunu açıq etiraf etməkdən qorxurdular (Yəhya 12:42).
İki növ qovulma var idi. Haram deyilən lənət var idi. Belə hallarda insan ictimaiyyətin gözü qarşısında lənətlənirdi, Allahdan və insanlardan ayrı düşürdü. Bundan sonra belə adam sinaqoqdan ömürlük xaric edilirdi. Müvəqqəti qovulma hökmü də var idi. Bu da bir ay və ya müəyyən müddət davam edirdi. Ən pisi o idi ki, belə hallarda yəhudi özünü təkcə cəmiyyətdən deyil, Allahdan da uzaq düşdüyünü hesab edirdi. Buna görə də şəfa tapan oğlanın valideynləri ehtiyatla dedilər ki, oğulları yetkin yaşdadır və özü cavab verə bilər. Fariseylər İsaya qarşı o qədər qəzəbli idilər ki, onlar ruhanilərin bəzən əl atdığı ən pis şeyə — öz məqsədlərinə çatmaq üçün ruhani prosedurlardan istifadə etməyə hazır idilər.
3. Orada fariseylər var idi. Onlar bu adamın kor olduğuna inanmırdılar, yəni bu möcüzənin saxta olmasından şübhələnirdilər. Qanun öz məqsədlərinə çatmaqdan ötrü yalançı peyğəmbərlərin saxta möcüzələr göstərə biləcəyini təsdiq edir. Qanunun təkrarı 13:1-5 insanları yalançı allahların ardınca aparmaq üçün saxta əlamətlər göstərən yalançı peyğəmbərlər barədə xəbərdarlıq edir. Bu səbəbdən fariseylər şübhələnməyə və şəfa tapan adamı qorxutmağa başladılar: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar olduğunu bilirik». «Allahın izzəti naminə» ifadəsi sorğu-sual zamanı işlədilən ifadə idi. Həm də bu ifadə «Allahın qarşısında və Allah naminə doğru danış» mənasını verirdi. Akan İsraili bəlaya düçar edən günah işlədəndə, Yeşua ona dedi: «Oğlum, buyur, İsrailin Allahı Rəbbi izzətləndir və Onun önündə etiraf et. Nə etmisən? İndi mənə bildir, məndən gizlətmə» (Yeşua 7:19).
Onlar şəfa tapan adamın dəlillərinə müqavimət göstərə bilmədiyinə görə qıcıqlanırdılar «İsa heyrətamiz möcüzə etdi, Onun bunu edə bilməsi göstərir ki, Allah Onu eşidir». Allahın günahkar insanı eşitməməsi Əhdi-Ətiqin əsas fikirlərindən biri idi. Əyyub ikiüzlülərdən danışaraq deyir: «Dara düşəndə fəryadını Allah eşidəcəkmi?» (Əyyub 27:9) Məzmurçu deyir: «Mən qəlbimdə təqsirə yer versəydim, Xudavənd məni eşitməzdi» (Zəbur 66:18). Allah Yeşaya peyğəmbər vasitəsilə günahkar xalqa belə deyir: «Siz əl açıb Mənə yalvaranda göz yumacağam. Nə qədər çox dua etsəniz də, yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur...» (Yeşaya 1:15). Yezekel peyğəmbər üsyankar xalq haqqında deyir: «...Məni ucadan çağırsalar da, onlara qulaq asmayacağam» (Yezekel 8:18). «Rəbbin üzü şər iş görənlərə qarşıdır, yer üzündə onlardan nişanə qoymayacaq» (Zəbur 34:16). «Ondan qorxanları murada çatdırar, fəryadlarına qulaq asıb onları qurtarar» (Zəbur 145:19). «Rəbb şər adamdan gen dayanar, saleh insanların duasına qulaq asar» (Süleymanın məsəlləri 15:29).
Şəfa tapan kor adam fariseylərə onların cavab verə bilmədiyi bir arqument təqdim etdi. Görün, onlar buna necə reaksiya verdilər: ona məzəmmət yağdırdılar. Sonra təhqirə keçib, ona günah içində doğulduğunu söylədilər. Yəni ana bətnində olarkən günahkar olmasında ittiham etdilər. Bu da kömək etməyəndə, hədə-qorxu gələrək onu qovdular.
Bizim də insanlarla tez-tez fikir ayrılığımız olur, bu, problem deyil. Amma söhbət tənbehə, təhqirə, hədəyə gəlib çatanda və əsas mübahisəyə çevriləndə, bu, artıq mübahisə deyil, qəddarlıqda rəqabətdir. Əgər mübahisəyə girib əsəbiləşməyə, təhqir etməyə və hədə-qorxu gəlməyə başlayırıqsa, bu o deməkdir ki, mövqeyimiz çox zəifdir.
35-41
Bu hissə iki böyük ruhani həqiqətlə başlayır.
1. İsa şəfa tapan adamı axtarırdı. İoan Zlatoust (Hrizostom) bu hadisə haqqında belə deyir: «Yəhudilər onu Məbəddən qovdular, lakin Məbədin Ağası onu tapdı». Əgər hansısa məsihçinin şəhadəti onu yaxınlarından ayırırsa, bu şəhadət onu İsa Məsihə yaxınlaşdırır. İsa sadiq olana həmişə sadiqdir.
2. Bu adama İsanın Allahın Oğlu olması vəhyi verildi. Sədaqət həmişə vəhylərə yol açır. Rəbb Ona hamıdan çox sadiq olanlara Özünü daha çox açır. Sədaqət insanlar tərəfindən təqiblə nəticələnə bilər, lakin onun mükafatı Məsihə daha yaxın olmaq və Onun ecazkar təbiətini daha çox dərk etməkdir.
Yəhya bu hekayəni iki fikirlə bitirir.
1. İsa bu dünyaya mühakimə etmək üçün gəldi. İnsan hər dəfə İsa ilə qarşılaşanda, istər-istəməz özünə hökm çıxarır. Əgər o, İsada Onun ardınca getməyə, Ona heyran olmağa və Onu sevməyə layiq heç nə görmürsə, onda özünü mühakimə etmiş olur. Əgər İsada Ona heyran olmağa, Onun çağırışına cavab verməyə, Ona can atmağa layiq nəsə görürsə, deməli, o, Allaha gedən yoldadır. Öz korluğunu dərk edən, daha yaxşı görmək və daha çox bilmək istəyən şəxsin İsanın toxunuşu ilə gözləri açıla bilər. İsa getdikcə ona ən dərin həqiqətləri açacaq. Amma hər şeyi bildiyini zənn edən, kor olduğunu anlamayan insan, həqiqətən də, kor və ümidsizdir. Yalnız zəifliklərinin fərqində olanlar güclü ola bilər. Yalnız öz korluğunu dərk edənlərin gözləri açıla bilər. Yalnız günahını dərk edən insan bağışlana bilər.
2. İnsan nə qədər çox bilirsə — əgər həqiqəti görüb onu dərk etmirsə — bir o qədər mühakiməyə layiqdir. Əgər fariseylər cəhalət içində böyüsəydilər belə, bu da onları mühakimədən qurtarmayacaqdı. Çünki onların mühakiməsi özləri haqqında yüksək fikirdə olması, hər şeyi bildiklərini və gördüklərini söyləməsində idi. Buna baxmayaraq, Allahın Oğlu gələndə, Onu tanımadılar. «Məsuliyyət — imtiyazın ikinci tərəfidir» qanunu həyata həkk olunub.
GETDİKCƏ DAHA ÇOX (Yəhya 9)
Anadangəlmə kor insan haqqında bu gözəl fəsli bitirməzdən əvvəl, onu əvvəldən axıra qədər yenidən oxumaq yaxşı olardı.
Əgər biz onu diqqətlə oxusaq görərik ki, kor adamın İsa ilə bağlı fikirlərində gözəl açıqlamalar izlənilir. Onun mülahizələri üç mərhələdən keçir və hər yeni mərhələ əvvəlkindən daha üstündür.
1. O, İsanı insan adlandırmaqla başladı. «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü» (9:11). O, İsanın heyrətamiz insan olduğunu söylədi. O, heç vaxt İsanın ona etdiklərini edə biləcək kimsəyə rast gəlməmişdi. O, İsanı başqalarından üstün bir İnsan kimi düşünməklə başladı.
Bəzən İsanın bir İnsan kimi böyüklüyü haqqında düşünmək yaxşı olar. Dünyada istənilən qəhrəman sırasında Ona birinci yer verməlidir. İstənilən məşhur tərcümeyi-hal kolleksiyasında Onun adı birinci olmalıdır. Dünyanın ən böyük ədəbiyyatının istənilən toplusunda Onun məsəlləri əks olunmalıdır.
Şekspirin əsərində Mark Antoni Yuli Sezar haqqında belə deyir:
O, sadə yaşayırdı,
Onun heyəti elə qarışıq idi ki,
Təbiət ayağa qalxıb bütün dünyaya
«Əsl insan budur» deyə hayqıra bilərdi.
Hər şeydən şübhələnmək olarsa, bir şeyə dəqiq şübhə yoxdur: İsa insanların ən yaxşısı idi.
2. Sonra kor adam İsanı peyğəmbər adlandırır. İsa gözlərini açdıqdan sonra kor adamdan Onun haqqında nə düşündüyünü soruşanda, o, bu cavabı verdi: «O, peyğəmbərdir» (9:17). Peyğəmbər — Allahın kəlamlarını insanlara çatdıran şəxsdir. «Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir» (Amos 3:7). Peyğəmbər Allaha yaxın olan şəxsdir və Onun düşüncələrini bilir. İsanın sözlərini oxuyanda biz «Nə gözəl peyğəmbərdir!» deməyə bilmərik. Əgər kimsə peyğəmbər adlanmağa layiq görülürdüsə, İsa onlardan ən böyüyü idi.
3. Nəhayət, anadangəlmə kor insan İsanın Allahın Oğlu olduğunu dərk etdi. O gördü ki, Onu təsvir etmək üçün insani keyfiyyətləri bəs etmir. Deyilənə görə, günlərin bir günü Napoleon qonaqlıqda olarkən bir neçə skeptikin İsanın şəxsiyyəti haqqında söhbətini eşidir. Onlar deyirdilər ki, O, dahi insandır, amma insandan artıq deyil. «Cənablar, — deyə Napoleon söhbətə müdaxilə edir, — mən insanları yaxşı tanıyıram, amma İsa insandan daha artıq idi». İsanın heyrətamiz cəhəti odur ki, Onu daha çox tanıdıqca, gözümüzdə daha çox ucalır. Onun bizim anlayışımızdakı böyüklüyü getdikcə daha da artır. İnsanları yaxından tanıdıqca, zəifliklərini və çatışmazlıqlarını daha çox görürük. Lakin İsanı daha çox tanıdıqca, daha çox təəccüblənirik. Bu, təkcə yer üzündə deyil, həm də əbədiyyətədək davam edir.