1-11
(Bu epizod bir çox qədim əlyazmada yoxdur. Müqəddəs Kitabın bəzi tərcümələrində yalnız qeydlərdə verilir. Azərbaycan dilinə tərcümədə həmin hadisə əksini tapıb. Lakin yenə də bu kitabın sonunda verilən xüsusi qeydlərə diqqət yetirin).
İlahiyyatçılar və fariseylər İsanı xalq qarşısında rüsvay etmək üçün onu ittiham edəcək səbəb axtarırdılar. Onlara elə gəlirdi ki, onlar İsanı həllolunmaz problem qarşısında qoya bilərlər. Adətən, qanunla bağlı çətin problem yarananda, həlli üçün ravvinə müraciət edilirdi. Buna görə də ilahiyyatçılar və fariseylər İsaya bir ravvin kimi üz tutdular və zina edərkən yaxalanan qadının taleyini həll etsin deyə İsaya müraciət etdilər. Yəhudi qanunlarına görə zina ağır cinayət sayılırdı. Ravvinlər deyirdilər ki, hər bir yəhudi bütpərəstlikdən, adam öldürməkdən və ya zina etməkdənsə ölməyi üstün tutmalıdır. Zina ölüm cəzasının təyin olunduğu üç böyük günahdan biri idi, baxmayaraq ki, onların həyata keçirilməsi üsullarında bəzi fərqlər var idi. Levililər 20:10-da deyilir: «...qonşusunun arvadı ilə zina edən kişi zinakar qadınla birlikdə öldürülməlidir». Bu halda edam üsulu göstərilmir. Qanunun təkrarı 22:13-24-də nişanlı qızın zina etdiyinə görə cəza müəyyən olunur. Bu halda həm qızı, həm də onu yoldançıxaranı şəhər darvazalarından kənara aparmalı və «ölənə qədər daşqalaq etmək» lazım gəlirdi.
İsanın qarşısında qoyulan həllolunmaz problem belə idi: əgər O, qadının, həqiqətən də, daşqalaq edilməli olduğunu söyləsəydi, ilk növbədə, məhəbbət və mərhəmətlə qazandığı yaxşı nüfuzunu itirər və heç kim Onu günahkarların Dostu adlandırmazdı. İkincisi, O, Roma qanununu pozmuş olardı, çünki yəhudilərin ölüm hökmü çıxarmaq və ya onu yerinə yetirmək hüququ yox idi. Əgər O, qadının əfv edilməli olduğunu söyləsəydi, onda Onu insanlara Musa peyğəmbərin Qanununu pozmağı öyrətməkdə, zinanı bağışlamaqda, hətta zinaya təşviq etməkdə günahlandıra bilərdilər. İlahiyyatçılar və fariseylər İsanı məhz belə tələyə salmaq istəyirdilər. Lakin O, hər şeyi elə etdi ki, onların hücumu özlərinə qarşı yönəldi.
Amma əvvəlcə İsa əyilib barmağı ilə yerdə nəsə yazdı. O, niyə belə etdi? Bunun dörd səbəbi ola bilər.
1. Bəlkə də O, tələsik qərar verməmək üçün sadəcə vaxt qazanmaq istəyirdi. Həmin anda, yəqin ki, O, nə baş verdiyini düşünür və eyni zamanda bunu Allaha dua edərək söyləyirdi.
2. Bəzi əlyazmalarda «onlara fikir verməyərək» və ya «onları eşitmirmiş kimi» ifadələri əlavə edilir. Ola bilsin, İsa qəsdən fariseyləri ittihamlarını təkrar etməyə məcbur edib ki, onlar təkrar etməklə daxillərində gizlənən sadist qəddarlığı anlasınlar.
3. Yazıçı Sili «Esse Homo» haqqında maraqlı bir ehtimal irəli sürür: «İsa dəhşətli bir hiss keçirirdi. O, kütlənin, ittihamçıların və ən çox da qadının gözlərinin içinə baxa bilmirdi... Dəhşətli çaşqınlıq içində üzünü gizlətmək üçün əyilib və barmağı ilə yerdə yazmağa başladı». Ola bilsin, ilahiyyatçıların və fariseylərin üzlərindəki hiyləgər, adamyeyən ifadə, baxışlarındakı soyuq qəddarlıq, camaatın şəhvət dolu marağı, qadının rüsvayçılığı — bütün bunlar İsanın qəlbini elə əzab və mərhəmətlə doldurmuşdu ki, O, baxışlarını izdihamdan gizlətməli oldu.
4. Lakin sonrakı əlyazmalardan daha maraqlı bir fərziyyə çıxarmaq olar. Tərcümələrin birində bu hissə belə oxunur: «İsa başını aşağı salıb onlara günahlarını göstərərək barmağı ilə yerə yazır və hər biri öz günahlarını daşların üstündə görürdü». Bu hissənin mənası ondan ibarətdir ki, İsa qadını ittiham edən kişilərin günahlarını torpağın üstündə yazırdı. Bu fikir daha ağlabatandır. Adətən, yunanlar qrafein (yazmaq) sözündən istifadə edirdilər, lakin bu halda kiminsə pis əməllərinin, günahlarının siyahısını ifadə edən kataqrafein sözü işlədilir. Məsələn, Əyyub peyğəmbərin kitabı 13:26-da belə sözlər var: «Çünki əleyhimə acı şeylər yazırsan, gənclikdə etdiyim günahları mənə irs olaraq verirsən». Ola bilər ki, İsa özündənrazı sadistlərə günahlarının siyahısını təqdim edib. Amma necə olursa-olsun, ilahiyyatçılar və fariseylər cavab tələb etməyə davam edirdilər və nəticədə onu aldılar. İsa onlara dedi: «Yaxşı, qadını daşlayın! Ancaq ilk daşı günahsız olan adam atsın». Çox güman ki, anamartetos sözü nəinki günahsız, hətta günahı belə ağlından keçirməyən deməkdir. İsa dedi: «Bəli, siz onu daşqalaq edə bilərsiniz, ancaq o halda ki, sizin heç vaxt eyni günahı etmək istəyiniz olmasın». Araya sükut çökdü. Sonra ittihamçılar yavaş-yavaş uzaqlaşmağa başladılar. İsa qadınla üz-üzə qaldı. Avqustinin dediyi kimi, «yalnız böyük əzab (mizeria) və böyük mərhəmət (mizerikordia) üz-üzə qaldı». İsa qadına dedi: «Ey qadın, bəs heç kim səni məhkum etmədi?» Qadın «heç kim, Ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə».
Bu hissə bizə ilahiyyatçılar və fariseylər haqqında iki şey deyir.
1. Bu hissə bizə onların səlahiyyət anlayışını göstərir. O dövrdə ilahiyyatçılar və fariseylər Qanunu yaxşı bilən adamlar sayılırdı. İnsanlar problemlərini həll etmək üçün onlara müraciət edirdilər. Aydın məsələdir ki, onların səlahiyyət anlayışı ilk növbədə məzəmmət, ciddilik və mühakimə ilə xarakterizə olunurdu. Onların ağlına da gəlməzdi ki, səlahiyyət mərhəmətə əsaslana, məqsədi cinayətkarı və günahkarı islah etmək ola bilər. Onlar hesab edirdilər ki, tutduqları mövqe onlara başqalarından üstün olmaq, hər bir səhvə və Qanundan yayınmaya ciddi nəzarət etmək, günahkarlara qarşı amansız cəzalar tətbiq etmək hüququ verir. Ağıllarına da gəlməzdi ki, onların üzərinə cinayətkarı və günahkarı islah etmək məsuliyyəti düşür. Bu gün də elə insanlar var ki, səlahiyyətin onlara hökm etmək və cəzalandırmaq hüququ verdiyini düşünür. Onlar fikirləşir ki, onlara verilən səlahiyyət mənəvi gözətçi olmaq, günahkarı parçalamaq hüququ verir. Amma həqiqi səlahiyyət rəğbətə əsaslanır. Corc Vitfild cinayətkarın dar ağacına getdiyini görəndə məşhur ifadəni söyləmişdir: «Allahın lütfü olmasaydı, məni də dar ağacı gözləyərdi». Səlahiyyət, ilk növbədə, günahkarı günaha sövq edən sınağın gücünü və günahı bu qədər cəlbedici edən şəraitin şirnikləndiriciliyini anlamağa çalışmalıdır.
Heç kim başqasının yaşadıqlarını anlamağa çalışmadıqca onu mühakimə edə bilməz. Səlahiyyətin ikinci vəzifəsi cinayətkarı islah etməyə çalışmaqdır. Cinayətkarı əzən və ya onun qəzəbinə səbəb olan hər hansı səlahiyyət öz vəzifəsini yerinə yetirmir. İqtidarın vəzifəsi günahkarı layiqli cəmiyyətdən qovmaq, yox etmək yox, onu yaxşı insan etməkdir. Səlahiyyət sahibi olan şəxs müdrik həkim kimi olmalıdır: onun yalnız bir arzusu olmalıdır — sağaltmaq.
2. Bu hadisə ilahiyyatçıların və fariseylərin xalqa münasibətini şişirdilmədən açıq-aydın göstərir. Onlar bu qadını adam yerinə qoymurdular. Onlar qadını yalnız bir əşya, İsaya qarşı ittihamlar irəli sürmək üçün alət kimi görürdülər. Onlar qadından öz məqsədləri üçün alət kimi istifadə edirdilər. Onların təsəvvüründə nə ad, nə şəxsiyyət, nə hisslər var idi. Qadın onlar üçün İsanı məhv etməyə çalışdıqları oyunda sadəcə bir piyada idi.
İnsanlara obyekt kimi yanaşmaq pis haldır. İnsanlardan bu məqsədlə istifadə etmək məsihçiliyə ziddir. Doktor P.Turniyer «Həkimin kitabçası» adlı kitabında «Müqəddəs Kitabın şəxsiyyətləri»ndən danışır. O qeyd edir ki, Müqəddəs Kitab adlara böyük əhəmiyyət verir. Məsələn, Allah Musa peyğəmbərə deyir: «...səni adınla tanıyıram» (Çıxış 33:17). Allah Kir padşahına deyir: «Səni adınla çağıran Rəbb Mənəm, İsrailin Allahıyam Mən» (Yeşaya 45:3). Müqəddəs Kitabda adların bir sıra siyahıları var. Doktor Turniyer burada Müqəddəs Kitabın insanı kütlənin zərrəsi və ya mücərrəd bir şey, ideya və ya nümunə kimi deyil, ilk növbədə fərdi olaraq gördüyünü təsdiqləyir. Sonra əlavə edir: «Ad insanın, fərdin simvoludur. Xəstənin soyadını və ya adını unudanda, öz-özümə «budur, öd kisəsi nümunəsi gəlir!» və ya «Bu mənim dünən müayinə etdiyim vərəmdir» deyəndə, bu o deməkdir ki, məni insanların özündən daha çox onların xəstəlikləri maraqlandırır». O, iddia edir ki, xəstə ilk növbədə «xəstəlik nümunəsi» deyil, şəxs olmalıdır.
İlahiyyatçılar və fariseylər çətin ki qadının adını bilirdilər. Onların nəzərində o, sadəcə olaraq, utanmaz zina nümunəsi idi və indi onlar bundan məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə edə bilərdilər. İnsan vasitəyə çevriləndə, məsihçilik ölür.
Allah insanı məhəbbətlə yaxşılığa yönəltmək üçün Öz qüdrətindən istifadə edir. Allahın nəzərində heç kim heç vaxt vasitəyə, alətə çevrilmir. Biz həmişə bizə verilən səlahiyyətdən insanı anlamaq üçün istifadə etməli və yolunu azmış insanı düz yola qaytarmağa çalışmalıyıq. Ancaq hər bir kişi və hər qadının bir nümunə deyil, bir şəxs olduğunu dərk etməyənə qədər bunu edə bilmərik.
Bu hadisədən biz İsanın günahkara münasibəti haqqında çox şey öyrənirik.
1. İsa hesab edir ki, yalnız yolunu azmayanların başqalarını mühakimə etmək hüququ var. İsa deyir: «Mühakimə etməyin ki, mühakimə olunmayasınız» (Matta 7:1). O, həmçinin deyir ki, qardaşını mühakimə edən şəxs, öz gözündə tir olduğu halda, qardaşının gözündən çöp çıxarmağa çalışan adama bənzəyir (Matta 7:3-5). Bir çoxumuz başqalarından elə yüksək standartlar tələb edirik ki, özümüz onlara əməl etməyə belə cəhd göstərməmişik. Çoxları başqalarını özlərinin etdiyi günahlarla qınayır. Mühakimə etmək hüququ biliklə deyil (bu hamıda var), heç birimizin mükəmməl şəkildə əldə edə bilməyəcəyi xeyirxahlıq dərəcəsi ilə verilir. İnsan vəziyyətinə dair faktlar onu göstərir ki, yalnız Allah mühakimə etmək hüququna malikdir. Çünki heç bir insan başqasını mühakimə edə biləcək qədər mükəmməl deyil.
2. İsanın bizim üçün çox vacib olan başqa əsas prinsipi budur ki, səhv etmiş birinə qarşı ilk yanaşmamız mərhəmət olmalıdır. Deyirlər ki, həkimin vəzifəsi «bəzən sağaltmaq, çox vaxt ağrıları azaltmaq və həmişə təsəlli verməkdir». Xəstəlik iyrənc görsənəndə belə, həkim ikrahla baxmır. Həkimdə yaranan ikrah hissi kömək etmək və sağalmaq istəyi ilə əvəz olunur. Həyatda yolunu azmış bir insanla qarşılaşanda ilk münasibətimiz «belə bir insana baş qoşmaq istəmirəm» deyil, «ona necə kömək edə bilərəm?» olmalıdır. Biz eyni vəziyyətə düşdüyümüz vaxt özümüzə qarşı necə rəftar istəyiriksə, başqalarına da həmin münasibəti göstərməliyik.
3. İsanın qadına qarşı necə münasibət bəslədiyini başa düşmək çox vacibdir. İsanın sanki günahı önəmsəməyib üstündən ötüb keçdiyini düşünmək yanlış olardı. Onun etdiyi tək şey «Mən də səni məhkum etmirəm, get, daha günah etmə» oldu. Mahiyyət etibarı ilə, O, mühakimədən yan keçib «Eybi yoxdur, narahat olma» demədi. O, sanki hökmü təxirə saldı. O dedi: «İndi sənə hökm oxumayacağam. Get və özünü yaxşı apara biləcəyini sübut et. Sən günah etdin. İndi isə get, bir daha günah etmə. Mən sənə hər zaman kömək edəcəyəm. Axirətdə sənin necə yaşadığını görəcəyik».
İsanın günahkar insana münasibəti bir neçə aspektdən ibarətdir.
a) Birincisi, insana daha bir şans vermək lazımdır. İsa qadına sanki dedi: «Əməllərinin pis olduğunu bilirəm. Amma həyat hələ bitməyib. Mən sənə ikinci bir şans, səhvlərini düzəltmək, hər şeyi yenidən başlamaq imkanı verirəm».
Kimsə belə bir fikirlər yazıb:
Ah, kaş ki «Hər şeyə yenidən başla» adlı diyar olaydı,
Orada xətalarımızı, kədərimizi, acılarımızı
Qapıda plaş kimi soyunub, bir daha geyinməzdik.
İsa Məsihdə insan yeni başlanğıcın Müjdəsini alır. O, həmişə insanın əvvəllər necə olduğu ilə deyil, gələcəkdə nə ola biləcəyi ilə maraqlanır. O, qadına demədi ki, əməllərin əhəmiyyəti yoxdur; pozulmuş qanunlar və sınmış ürəklər həmişə böyük əhəmiyyət daşıyır. Ancaq eyni zamanda əmin idi ki, hər bir insanın təkcə keçmişi deyil, həm də gələcəyi var.
b) İkincisi, İsanın günahkara olan şəfqəti. Bir tərəfdən İsa ilə fariseylər arasındakı əsas fərq odur ki, onlar qadını mühakimə etmək istəyirdilər, İsa isə onu bağışlamaq istəyirdi. Bu hadisədən aydın görünür ki, ilahiyyatçılar və fariseylər, həqiqətən də, qadını daşqalaq etmək istəyirdilər və bunu böyük məmnuniyyətlə edərdilər. Onlar başqasını mühakimə etmək üçün onlara verilən səlahiyyətdən istifadə etməkdən həzz alırdılar. İsa isə insanları bağışlamaq hüququndan doğan sevincin nə olduğunu bilirdi. İsa məhəbbət sayəsində günahkara mərhəmətlə baxırdı, lakin ilahiyyatçılar və fariseylər öz salehlik hissinə əsaslanaraq günahkara nifrət edirdilər.
c) Üçüncüsü, İsanın günahkara münasibətində bir çağırış var. O, günahkar qadına günahsız həyatın gözəlliyini göstərdi. İsa ona: «Heç narahat olma, get öz həyatına davam et» demədi. Əksinə, «Sən pis həyat tərzi sürmüsən, get mübarizə apar, həyatını tamamilə dəyiş və daha günah etmə» dedi. Bu, sadə bağışlanma deyildi. Bu, günahkar qadına onun xəyalına belə gətirə bilməyəcəyi düzgün həyat tərzinə işarə edən çağırış idi. İsa yeni, yaxşı həyat perspektivini qəbul etməyi təklif edir.
d) Dördüncüsü, İsanın günahkara münasibətində insan qabiliyyətlərinə inam var. Çünki dərindən düşünsək, İsanın yüngül həyat tərzi sürən bir qadına «Get və daha günah etmə» deməsi heyrətamizdir. Qəlbi heyrətləndirən və ruhlandıran da məhz Onun insana olan inamıdır. O, büdrəmiş qadınla qarşılaşanda ona «Yox, sən dəyərsiz, ümidsiz varlıqsan!» demədi. O, «get və daha günah etmə» dedi. O, inanırdı, həm də bilirdi ki, günahkar Onun köməyi ilə mömin olmaq üçün özündə güc tapacaq. O, insanlara özlərinin də yaxşı bildiklərini — günahkar olduqlarını söyləyərək lənətləmədi. Əksinə, əvvəllər onlara məlum olmayan, potensial möminlər olduqlarını göstərdi.
e) Sonda İsanın günahkara münasibətində açıq şəkildə deyilməsə də, lakin nəzərdə tutulan bir xəbərdarlıq var. Burada yenə də qarşımızda əbədi seçim var. İsa həmin gün qadına ya köhnə həyat tərzinə qayıtmaq, ya da Onunla yeni həyatı əldə etmək üçün seçim imkanı verdi. Bu günahkar qadının hekayəsi burada bitmədi. Çünki o, Allahın qarşısında dayanana qədər heç bir həyat tamamlanmaz.
Çoxları bu hadisəni Müqəddəs Kitabda ən təsirli və ən vacib hadisə hesab edir, lakin məhz bu hadisə böyük çətinliklərlə əlaqələndirilir.
Müjdə əlyazması nə qədər köhnədirsə, bir o qədər qiymətlidir. Onların hamısı əl ilə köçürülüb və təbii ki, orijinal yazılara nə qədər yaxındırsa, bir o qədər dəqiqdir. Biz bu ən qədim əlyazmalara unsial şriftlə (böyük hərflərlə) yazıldığına görə unsial deyirik və əsl Əhdi-Cədid mətnini 4-6-cı əsrlərə aid ən qədim əlyazmalarla əsaslandırırıq. Məsələ bundadır ki, bu hekayə bütün erkən əlyazmalardan yalnız birində qeyd olunur, həm də ən yaxşısında deyil. Altı əlyazmada bu hadisədən ümumiyyətlə bəhs edilmir. İkisində hadisənin əksini tapmalı olduğu yerdə boşluq var. Yalnız sonrakı yunan və orta əsr əlyazmalarını açanda, həqiqiliyinə dair qeyd-şərtlər olsa da, bu hadisə ilə rastlaşırıq.
Müjdə mətnlərinin həqiqiliyini təsdiq edən başqa bir məlumat mənbəyi versiyalardır, yəni yunan dilindən başqa dillərə tərcümələrdir. Bu hadisə ilkin Suriya versiyasında, eləcə də Kopt, Misir və bəzi erkən latın versiyalarında əksini tapmayıb. Həmçinin, erkən İmanlı Cəmiyyətinin ağsaqqallarının heç biri bu hadisə haqqında heç nə bilmirdi. Çünki onların heç biri bu hadisəni qeyd etmir və ya bu barədə danışmır. Nə Origen, nə Zlatoust, nə Mopsuestiyalı Fyodor, nə də İsgəndəriyyəli Kiril26 əlyazmalarında onun adını çəkir. 1118-ci ildə bu hadisədən ilk dəfə bəhs edən yunan şərhçisi Yevtimey Siqabenidir. Amma o da deyir ki, bu hadisə yaxşı olmayan əlyazmalarda əksini tapıb.
Bəs bu hadisə haradan götürülüb? Şübhəsiz ki, Yeronim bu barədə dördüncü əsrdə bilirdi. Buna görə də o, həmin hadisəni Vulqata27 (İncilin latın tərcüməsi) kitabına daxil etdi. Biz bilirik ki, Avqustin və Amvrosi də bu hadisədən xəbərdar idilər, çünki hər ikisi bu barədə danışmışdılar. Bizə məlumdur ki, bu hadisə sonrakı əlyazmaların hamısında əksini tapıb. Sadəcə qeyd etmək lazımdır ki, ona müxtəlif yerlərdə rast gəlinir: bəzi əlyazmalarda dördüncü Müjdənin sonunda, bəzilərində isə Luka 21:38-dən sonra.
Bununla belə, həmin hadisəni başqa yerlərdə də izləmək olar. Məsələn, çox sərt olan yepiskoplara xəbərdarlıq olaraq üçüncü əsrdə yazılmış «Həvarilərin Konstitusiyası» adlı kitabda qeyd olunub. İmanlı Cəmiyyətinin tarixçisi Evsebi deyir ki, Papiy «Rəbbin qarşısında çox günah etməkdə ittiham olunan bir qadın haqqında» danışır. Papiy isə 100 il sonra yaşayıb. Beləliklə, faktlar belədir: bu hekayəni ikinci əsrin əvvəllərinə aid etmək olar. Yeronim Vulqata-nı yaradanda bu hadisəni də ora daxil etmişdi. Orta əsrlərdəki, eləcə də sonrakı əlyazmalarda bu epizod var. Bununla belə, böyük əlyazmaların heç birində bu hadisəyə rast gəlinmir və böyük yunan İmanlı Cəmiyyətinin ağsaqqallarının heç biri bu barədə danışmır. İmanlı Cəmiyyətinin latın ağsaqqallarından bəziləri bu barədə bilir və qeyd ediblər.
Bunu necə izah etmək olar? Bu heyrətamiz hekayədən imtina etmək məcburiyyətində qalacağımızdan qorxmamalıyıq. 100-cü ilə qədər qeyd olunduğuna görə onun həqiqiliyinə zəmanət verilir. Ancaq ən mühüm və məşhur əlyazmalarda bu hadisənin olmamasını izah etməyə ehtiyac yoxdur. Bəzi tərcümələrdə (Moffatt, Vemut və Ryu) bu hadisə mötərizədə, bəzi versiyalarda isə səhifənin sonunda kiçik şriftlə çap edilir.
Avqustin eyham vurur ki, bu hadisə «Bəzilərinin imanı zəif olduğu üçün» və «qalmaqaldan qaçmaq üçün» Müjdədən çıxarılmışdır. Əmin deyilik, amma ola bilsin ki, qədim zamanlarda insanlar Əhdi-Cədidin əlyazmalarını köçürəndə, bunun zinaya yüngül baxışı əsaslandıran təhlükəli hekayə olduğuna qərar veriblər və buna görə də onu çıxarıblar. Axı İmanlı Cəmiyyəti o zaman bütpərəstlik dənizində kiçik bir ada kimi idi. İmanlı Cəmiyyətin üzvləri çox asanlıqla uzaqlaşa və iffət bilməyən dünyaya qayıda bilərdilər. Möminlərin üzərində daim bütpərəstliyə yoluxma təhlükəsi var idi. Amma zaman keçdikcə təhlükə bir qədər sovuşanda və ya bu hadisənin təsirindən daha az qorxmağa başlayanda, əlyazmaların birində qorunub saxlanılan bu hekayə dildən-dilə keçib qəbul olundu.
Onun indi olması lazım olan yerdə yer alması ehtimalı azdır. Çox güman, bu, İsanın «Mən heç kəsi mühakimə etmirəm» (Yəhya 8:15) sözlərini təsvir etmək üçün daxil edilmişdir. Müasir tərcümələrin hekayə üzərində yaratdığı şübhələrə və ilk əlyazmalara onun daxil edilməməsinə baxmayaraq, biz əmin ola bilərik ki, bu, İsa Məsihin əsl hekayəsidir. Lakin həmin hadisə o qədər mərhəmətlə doludur ki, insanlar uzun müddət bu barədə danışmaqdan qorxublar.
12-20
Yəhudi rəhbərləri ilə bu mübahisə qadınların həyətində Məbədin nəzir qutularının yerləşdiyi yerdə baş vermişdir. Məbədin birinci həyəti bütpərəstlərə məxsus idi. İkincisi isə qadınların idi. Çünki qadınların kahinlərin həyətinə keçmək hüququ yox idi. Yalnız kahinlərin həyətindəki qurbangahda qurban təqdim etmək istəyəndə ora girə bilərdilər. Qadınların həyətinin ətrafında eyvan təşkil edən örtülü sütunlardan ibarət sıra var idi. Həmin eyvanda divara yaxın on üç nəzir qutusu qoyulmuşdu. Bu qutuların ağzı dar, aşağısı isə geniş olduğundan formasına görə «boru» adlanırdı. On üç qutunun hər biri müəyyən ianə üçün nəzərdə tutulmuşdu. İlk iki qutuya hər bir yəhudinin Məbədin saxlanması üçün gətirməli olduğu yarımşekellər atılırdı. Üçüncü və dördüncü qutuya qadınların doğuşdan sonra paklanmaq məqsədilə qurban gətirdikləri iki göyərçin almaq üçün pul qoyulurdu (Levililər 12:8). Beşincisinə qurbangahda daim alov yandırmaqdan ötrü lazım olan odunu almaq üçün pul qoyulurdu. Altıncısına ibadət zamanı istifadə edilən buxur alınması üçün ianələr daxil idi. Yeddinci qutuya ibadət zamanı da istifadə edilən qızıl qablara qulluq üçün ianələr qoyulurdu. Bəzən bir nəfər və ya bütün ailə günah qurbanı və ya şükür qurbanı gətirmək üçün böyük bir məbləğ verərdi. Digər altı qutuya həmin qurbandan qalan pullar qoyulurdu. Aydın məsələdir ki, Məbədin bir həyətindən digərinə ora-bura hərəkət edən ibadətçilərə görə Məbədin nəzir qutularının başı həmişə insanlarla dolu olurdu. Bir qrup dindar dinləyici toplayıb onlara dərs vermək üçün Məbədin bu qutularının olduğu yerdən daha yaxşısı yox idi.
Bu hissədə İsa vacib bir bəyanat verir: «Dünyanın nuru Mənəm». Onun bu sözləri dediyi mühit, şübhəsiz ki, onları daha canlı və təsirli edirdi. Yəhya İsanın bu kəlamını Çardaqlar bayramı ilə əlaqələndirir (7:2). Artıq 7:37-dən gördük ki, bu bayramla bağlı mərasimlərdə İsanın insanlara həyat suyu verməsi iddiası vurğulanır. Amma bu bayramla bağlı başqa bir mərasim də var idi.
Çardaqlar bayramının ilk axşamı Məbədin işıqlandırılması mərasimi keçirilirdi. Bu mərasim qadınların həyətində baş tuturdu. Həyət tamaşaçılar üçün dərin qalereyalarla əhatə olunurdu. Həyətin ortasında dörd nəhəng şamdan quraşdırılırdı. Qaranlıq düşəndən sonra şamdanlar yandırılırdı. Deyilənə görə, onların işığı bütün Yerusəlimi nura boyayırdı. Hər həyət nura bürünürdü. İlk xoruz banına qədər bütün gecə İsrailin ən müdrik və mömin adamları Rəbbin önündə rəqs edir, sevinc məzmurları və ilahilər oxuyurdular. İnsanlar isə bu səhnəyə tamaşa edirdilər. İsa Məsih deyir: «Gecənin qaranlığını yaran Məbədin işığını gördünüzmü? Dünyanın nuru Mənəm. Mənim ardımca gedən hər kəsin təkcə bayram gecəsində deyil, bütün ömrü boyu həyatı işıqlı olacaq. Məbəddəki işıq hər yerə yayılsa da, sonda sönür. Mənsə əbədi parlayan Nuram».
İsa dedi: «Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq». Həyat nurunun iki mənası var. Bu həm həyat mənbəyindən gələn işıq, həm də həyat verən işıq mənasını verə bilər. Bu hissədə İsanın sözləri hər ikisini ifadə edir. İsa insanlara aşkar edilən Allahın həqiqi nurudur. Eyni zamanda O, insanlara həyat verən nurdur. Günəş işığı olmadan çiçək açıla bilmədiyi kimi, İsanın hüzurunun işığı olmadan həyatımız lazım olduğu qədər güc və gözəlliklə çiçəklənə bilməz.
Bu hissədə İsa Onun ardınca getməkdən danışır. Biz tez-tez İsanın ardınca getmək haqqında danışırıq və başqalarını Onun ardınca getməyə inandırırıq. Bununla nə demək istəyirik? «Ardınca getmək» yunan dilində akolufein deməkdir. Bu sözün mənası İsanın ardınca getməyin nə demək olduğunu çox aydın şəkildə izah edir. Akolufein sözü bir-biri ilə sıx əlaqəli olan beş məna ifadə edir.
1. Bu söz çox vaxt komandirinin ardınca gedən döyüşçünü təsvir etmək üçün istifadə olunur. Uzun yürüşlərdə, döyüşlərdə, xarici ölkələrdəki yürüşlərdə əsgər komandirinin ardınca gedir. Məsihçi komandiri Məsih olan döyüşçüdür.
2. Bu söz çox vaxt ağasının arxasınca gedən qulu təsvir edir. Ağa hara gedirsə, qul həmişə onun yanındadır, istənilən tapşırığı yerinə yetirməyə həmişə hazırdır. O, sözün əsl mənasında, həmişə onun qulluğunda, tamamilə onun ixtiyarındadır. Məsihçi Məsihə xidmət etməkdən məmnun olan quldur.
3. Bu söz çox vaxt müdrik adamın məsləhətinə əməl etmək mənasında işlənir. Özünə əmin olmayan insan məsləhət üçün mütəxəssisə müraciət edir. Məsihçi də həyatını və davranışını Məsihin planlarına və məsləhətlərinə uyğun idarə edir.
4. Bu söz şəhər və ya ölkənin qanunlarına əməl etmək mənasında işlənir. Yaxşı vətəndaş olmaq və cəmiyyətə faydalı olmaq istəyən insan qanunlara tabe olmalıdır. Səmavi Padşahlığın vətəndaşı olan məsihçi Allahın Padşahlığının və Məsihin qanunlarını onun həyatına rəhbərlik edən qanunlar kimi yerinə yetirir.
5. Bu söz müəllimin fikrini, yaxud kiminsə nitqinin mahiyyətini izləmək mənasında işlənir. Məsihçi — Məsihin təliminin mənasını dərk edən insandır. O, anlaşılmazlıqla və ya diqqətsizliklə qulaq asmır; sözü ağlı ilə dinləyib anlayır, yaddaşında saxlayır, ürəyində qoruyub ona əməl edir.
Məsihin davamçısı olmaq Rəbbə tamamilə — bədənlə, canla və ruhla itaət etmək deməkdir. Rəbbi izləməyin başlanğıcı nurda yeriməkdir. Biz təkbaşına yol gedəndə, mütləq əl ilə yoxlaya-yoxlaya gedir və büdrəyirik. Çünki həyatın bir çox problemini özümüz həll edə bilmirik. Tək getdiyimiz vaxt yolu azmaq təhlükəsi ilə üzləşirik, çünki etibarlı həyat xəritəmiz yoxdur. Bu həyatda yaşamaq üçün bizə səmavi hikmət lazımdır. Etibarlı bələdçisi və dəqiq xəritəsi olan insan səyahətinin sonuna mütləq salamat çatar. İsa Məsih bizim bələdçimizdir, yalnız Onda həyat xəritəsi var. Onun ardınca getmək — bu həyatı yaşamaq və Allahın izzətinə qovuşmaq deməkdir.
İlahiyyatçılar və fariseylər İsanın «Dünyanın nuru Mənəm» ifadəsinə düşməncəsinə reaksiya verdilər. Belə bir bəyanat onlara bizdən daha çox sarsıdıcı görünürdü. Onlar üçün bu, Məsih olmaq iddiası, hətta yalnız Allahın edə biləcəyini edə bilmək kimi səslənirdi. Yəhudi təfəkküründə və yəhudi dilində nur sözü Allahla əlaqələndirilirdi. «Rəbdir nurum, qurtuluşum!» (Zəbur 27:1). «Çünki Rəbb əbədi nurun, Allahın sənin şöhrətin olacaq» (Yeşaya 60:19). «Çırağının başım üstə işıq saçdığı, nuru ilə qaranlıqda gəzdiyim günlər» (Əyyub 29:3). «Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq!» (Mikeya 7:8)
Ravvinlər deyirdilər ki, Məsihin adı Nurdur. İsa dünyanın Nuru olduğunu bəyan edəndə, bu, ondan yüksək olmayan bir bəyanat kimi səsləndi.
Bu hissədə əks olunan müzakirə çətin və mürəkkəbdir. Lakin onda üç əsas məqamı müəyyən etmək olar.
1. Əvvəla, yəhudilər deyirdilər ki, İsanın bu bəyanatı dəlillərlə yetərincə dəstəklənmədiyi üçün doğru sayıla bilməz. Onlar hesab edirdilər ki, bu, yalnız İsanın sözlərindən başqa bir şey deyil. Yəhudi qanunlarına görə isə, hər hansı bir ifadə həqiqət kimi qəbul edilməzdən əvvəl iki şahidin ifadəsi ilə təsdiq edilməlidir. «Ölümə məhkum olan adam iki yaxud üç nəfərin şahidliyi ilə öldürülməlidir. Tək bir nəfərin şahidliyi ilə öldürülməsin» (Qanunun təkrarı 17:6). «...heç bir qatil tək şahidin ifadəsi ilə öldürülməsin» (Saylar 35:30). İsanın cavabı iki məqamı özündə birləşdirir.
Birincisi, O bildirdi ki, yalnız Onun şəhadəti kifayət edir. İsa Öz qüdrətinə o qədər arxayın idi ki, başqa bir şahidə ehtiyac duymurdu. Bu, qürur və ya özündənrazılıq deyildi. Bu, tam güvən idi. Məsələn, məşhur cərrah qoyduğu diaqnoza arxayındır və heç kimin təsdiqinə ehtiyac duymur; onun ehtiyac duyduğu təsdiq bacarığıdır. Məşhur hüquqşünas və ya hakim qanunun şərhində və onun tətbiqində özünə əmindir. Ona görə yox ki, biliyi ilə öyünür, ona görə ki, haqlı olduğunu bilir. İsa Səmavi Ata ilə sıx əlaqədə olduğu üçün Onun iddiasının heç bir sübuta ehtiyacı yox idi. İkincisi, İsa hətta dedi ki, Onun əslində ikinci şahidi var və bu Şahid Allahdır. Allah İsanın ali hakimiyyətinə necə şəhadət edir?
a) Allah İsanın sözləri vasitəsilə şəhadət edir. Biliyi yalnız Allahdan olan insan belə hikmətli danışa bilərdi.
b) Allah İsanın işləri vasitəsilə şəhadət edir. İsanın etdiklərini yalnız Allahın yanında olan şəxs edə bilərdi.
c) Allah İsanın insanlara göstərdiyi təsir vasitəsilə şəhadət edir. O, insanlarda adi bir insanın iqtidarında olmayan dəyişikliklər edirdi. İsanın pis insanı yaxşı insan edə bilməsi artıq sübut edir ki, Onun qüdrəti insani deyil, Tanrıdandır.
d) Allah insanların İsaya olan münasibəti vasitəsilə şəhadət edir. Məkandan və zamandan asılı olmayaraq, İsanın həyatı və təlimi insanlara tam şəkildə çatdırılanda, onlar həmişə ürəklərində bu çağırışa cavab veriblər. Bu onların ürəklərində şahidlik edən Allahın Müqəddəs Ruhunun işidir. Allahın ürəyimizdə yaşaması bizə İsanın Allah olduğunu görməyə imkan verir.
Beləliklə, İsa Onun sözlərini əlavə dəlillər olmadan qəbul edə bilməyəcəklərini bəyan edən ilahiyyatçıların və fariseylərin arqumentlərini təkzib etdi. Onun sözləri, mahiyyət etibarilə, ikiqat şəhadətlə — Onun Öz səlahiyyətini dərk etməsi və Allahın şəhadəti ilə təsdiqləndi.
2. Daha sonra İsa burada hökm etmək hüququndan danışır. O, dünyaya mühakimə etmək üçün gəlməyib; insanın Məsihə olan münasibəti artıq məhkumluğu təmsil edir: əgər insan İsada gözəlliyi görmürsə, özünü məhkum etmiş olur. Burada İsa iki növ mühakiməni qarşı-qarşıya qoyur.
a) Elə mühakimə var ki, insan biliklərinə və insan standartlarına əsaslanır. Belə bir mühakimə yalnız zahirə əsaslanır. İlahiyyatçıların və fariseylərin, ümumiyyətlə, insanların mühakiməsi məhz belə idi. Çünki hər bir insan yalnız zahiri tərəfi görür.
b) Elə mühakimə də var ki, bütün faktları, hətta gizli faktları üzə çıxarır. Belə bir mühakimə ancaq Allahın səlahiyyətindədir. İsa bəyan edir ki, Onun hökmü insani deyil, Allahındır, çünki O, Allahla birdir. Bunda bizim üçün həm təsəlli, həm də xəbərdarlıq var. Yalnız İsa bütün faktları bilir və bu Ona insanların görmədiyi bütün gizli günahlarımızı görməyə imkan verir. İsanın hökmü mükəmməldir, çünki o, İlahi biliyə əsaslanır.
3. Sonda İsa ilahiyyatçılara və fariseylərə açıq şəkildə dedi ki, onlar Allahı tanımırlar. Onların İsanı tanımaması, Allahı tanımadıqlarını sübut edir.
Faciə onda idi ki, İsrailin bütün tarixi Allahın Oğlu gələndə yəhudilərin Onu tanımasına yönəlmişdir. Lakin onlar öz fikirlərinə o qədər qapılmış, başları öz işlərinə o qədər qarışmış, öz dini dünyagörüşlərinə o qədər arxayın olmuşdular ki, korazehin olub Allahı görmədilər.
21-30
Bu hissəni dördüncü Müjdəyə xas olan arqument və əsaslandırma ilə izah etmək və başa düşmək çətindir. Orada bir neçə bir-birinə bağlı olan əsaslandırma növü var.
İsa rəqiblərinə gedəcəyini söyləməklə başlayır. O gedəndən sonra onlar nəyi itirdiklərini anlayacaq və Onu axtarmağa başlayacaq, lakin tapa bilməyəcəklər. Bu, sırf peyğəmbərlik sözü idi. Həmin peyğəmbərlik bizə üç şeyi xatırladır.
1. Elə fürsətlər var ki, həyatda bir dəfə olur və bir daha təkrarlanmır. Hər bir insan Məsihi Xilaskar və Rəbb kimi qəbul etmək imkanı əldə edir. Amma bu fürsət rədd edilərsə, itirilə bilər.
2. İsanın sözlərində vaxtın və həyatın məhdud olması həqiqəti əksini tapıb. Bizə ayrılan vaxt ərzində biz Məsihlə münasibətimiz haqqında qərar verməliyik. Bu qərarın qəbulu üçün vaxt məhduddur, ona ayrılan müddəti heç kim bilmir. Ona görə də bu qərarı indi, dərhal qəbul etməyə tələsmək üçün əsas var.
3. Həyatda bizim məhz qərar qəbul etmək imkanımız olduğu üçün məhkəmə mövcuddur. Belə imkanlar nə qədər çox olarsa, nə qədər israrlı və tez-tez verilərsə, onlardan istifadə etməkdən imtina və ya fürsətin əldən verilməsi halında qərar bir o qədər sərt olur. Bu hissə verilən fürsətin izzətindən və onun məhdud vaxtından açıq şəkildə danışır.
İsa getmək haqqında danışarkən, Atasının yanına və izzətinə qayıtmasından bəhs edirdi. Bu Onun rəqiblərinin arxasınca gedə bilmədiyi bir yer idi. Çünki daimi itaətsizlikləri və Onu qəbul etməkdən imtinaları ilə onlar özlərini Allahdan ayrı salmışdılar. Rəqibləri Onun sözlərini kobud istehza ilə qarşıladılar. İsa dedi ki, Onun gedəcəyi yerə onlar gedə bilməzlər. Onlar da İsanın intihar edəcəyini güman edirdilər. Amma yəhudi inancına görə, özünə qəsd edənləri cəhənnəm gözləyir.
Onlar küfr edərək deyirdilər: «Bəlkə O Özünü öldürmək istəyir. Bəlkə də O, cəhənnəmə gedir. Onun ardınca da biz ora gedə bilmərik». İsa dedi ki, əgər Onu inkar etməyə davam etsələr, günahları içində öləcəklər. Bu, peyğəmbərin sözüdür (Yezekel 3:18 və 18:18-lə müqayisə edin). Günah haqqında aşağıdakıları söyləmək olar.
1. Günah mənasını verən hamartiya sözü bir vaxtlar atəşlə əlaqələndirilmiş və hərfi mənada hədəfdən yayınmaq demək idi. İsa Məsihi Xilaskar və Rəbb kimi qəbul etməkdən imtina edən insan həyatda hədəfdən yayınır. O, həyatın məqsədinə və mənasına çatmadan dünyasını dəyişir. Buna görə də gələcək Tanrı ilə birlikdə ali həyat üçün yararsız olur.
2. Günahın mahiyyəti odur ki, insanı Allahdan ayırır. Adəm, qədimdə deyildiyi kimi, ilk günahı edəndə dərhal Allahdan gizlənmək istədi (Yaradılış 3:8-10). Günah içində ölən insan Allahla düşmənçilik içində ölür; Məsihi qəbul edən şəxs artıq Allahla bir yol gedir, ölüm isə yalnız Allahla daha yaxın addımlamağa yol açır. Məsihdən imtina etməklə insan Allahla əlaqəsini kəsir. İnsan Məsihi qəbul etməklə Allahın dostu olur və bu dostluqda ölüm qorxusu həmişəlik yoxa çıxır.
İsa bir sıra müqayisələr aparır. Onun düşmənləri yerə, O isə göylərə məxsusdur. Onlar dünyadandır, O isə dünyadan deyil. Yəhya Müjdəsində tez-tez dünyadan söz açır. O, yunanca dünya mənasını verən sözü özünəməxsus şəkildə işlədir.
1. Dünya səmanın əksidir. İsa dünyaya göydən gəldi (1:9). O, Allah tərəfindən dünyaya göndərilmişdir (3:17). O, dünyadan deyil, rəqibləri isə dünyadandır (8:23). Dünya yaşadığımız dəyişən, keçici həyatdır. Bu, ilahi olan hər şeyə əks olaraq insanidir.
2. Bununla belə, dünya Allahdan ayrı deyil. O, ilk növbədə Allahın yaratdığıdır (1:10). Dünya Allahın sözü ilə yaradılmışdır. Dünya ilə səma arasındakı fərqə baxmayaraq, onların arasında keçilməz uçurum yoxdur.
3. Bundan başqa, dünya Allahın sevdiyi məkandır. Allah dünyanı elə sevdi ki, Öz Oğlunu verdi (3:16). Dünya Allahın aləmindən nə qədər fərqli olsa da, Allah onu heç vaxt tərk etməmişdir. Dünya Allahın məhəbbətinin obyekti olaraq qalır və Onun qiymətli ənamları dünya üçün nəzərdə tutulub.
4. Ancaq eyni zamanda, dünyada hər şey qaydasında getmir. Dünya kordur. Yaradan dünyaya gələndə dünya Onu tanımadı (1:10). Dünya həqiqət Ruhunu qəbul edə bilmir (14:17). Dünya Allahı tanımadı (17:25). Bundan əlavə, dünyada Allaha və Onun xalqına qarşı düşmənçilik var. Dünya Məsihə və Onun davamçılarına nifrət edir (15:18-19). Bu düşmənçilik mühitində Məsihin davamçılarını bəlalar, bədbəxtliklər və kədər gözləyə bilər (16:33).
5. Qarşımızda bir sıra qəribə faktlar var. Dünya Allahdan ayrı düşsə də, Onunla dünya arasında aşılması mümkün olmayan heç bir uçurum yoxdur. Allah dünyanı yaratdı; Allah dünyanı sevir və Öz Oğlunu dünyaya göndərdi. Amma bütün bunlara baxmayaraq, dünya Allaha qarşı kor və düşməndir.
Buradan yalnız bir nəticə çıxarmaq olar. Bir adamın dediyi kimi: «İnsan haqqında yalnız bir şeyi əminliklə söyləmək olar: o, lazım olduğu kimi deyil. Dünya haqqında da yalnız bir şeyi demək olar: o, lazım olduğu kimi deyil. Nəsə hər şeyi məhv edib. Bu da günahdır. Günah insanı Allahdan ayırıb. Günah insanı kor edib və Allahı görməyə mane olur. Günah Allaha qarşı düşmənçilikdir. Məsih günahla süquta uğramış bu dünyaya gəldi. Məsih islah və şəfa üçün çarə gətirdi. O, bağışlanma və paklıq gətirdi. O, insanın yaşamasına lazım olan güc və lütf gətirdi, dünyanı olması lazım olması kimi etdi. Ancaq insan şəfadan imtina edə bilər. Həkim xəstəyə müəyyən bir dərmanın onun sağlamlığını yaxşılaşdıra və bərpa edə biləcəyini, hətta bu dərmandan istifadə etmədikdə ölümün qaçılmaz olduğunu söyləyə bilər. İsa Məsih də eynilə belə dedi: «Əgər inanmasanız ki, O Mənəm, günahlarınız içində öləcəksiniz».
Hər bir insan dünyada hər şeyin qaydasında olmadığını görə bilər. Lakin yalnız İsanın Allahın Oğlu olduğunu dərk etmək, Onun mükəmməl müdrikliyinə itaət etmək, Onu Xilaskar və Rəbb kimi qəbul etmək canı sağalda və dünyanı islah edə bilər.
Biz hamımız dünyanı təqib və şikəst edən xəstəliklə yaxşı tanışıq. Şəfa da bizə yaxşı məlumdur və bizim üçün əlçatandır. Onu rədd etmək və ya qəbul etmək bizdən asılıdır.
Bütün Əhdi-Cədiddə Yəhya 8:25 kimi tərcüməsi çətin olan heç bir ayə yoxdur. Yunan mətnində nəyin nəzərdə tutulduğunu heç kim dəqiq deyə bilməz. Bu, «Əvvəlcədən sizə nə söyləyirəmsə» mənasını verə bilər, eynilə Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində olduğu kimi. Rus dilinə tərcümədə belə səslənir: «Sizə dediyim kimi əzəldən Var olanam». Bu ayənin mənası belə ola bilər: «İlk növbədə, Mən Özümü adlandırdığım Şəxsəm» və ya «Sizə deyirəm ki, Mən başlanğıcın Özüyəm», yaxud Moffatın təklif etdiyi tərcümədəki kimi «Mən niyə sizinlə danışıram?» Tərcümənin belə olduğunu da güman etmək olar: «Sizə söylədiyim hər şey yalnız başlanğıcdır». Əgər buna belə yanaşsaq, bu hissədən belə bir nəticə çıxarmaq olar: insanlar Məsihin əsl mənasını görəcəklər, bunu üç şəkildə ifadə etmək olar.
1. Onlar bunu Qolqotada görəcəklər. İsa Çarmıxa çəkiləndə biz Onun Kim olduğunu gördük. İnsanları özünə cəlb edən və həmişə insanları sevəcək sevgini məhz belə görürük.
2. Onlar İsanı Hakim kimi görəcəklər. İsa hökmünü dəfələrlə verməli olacaq. İndi İsa onlara Nazaretdən qovulmuş dülgər kimi görünür, lakin gün gələcək, onlar İsanı Hakim kimi görəcək və Onun Kim olduğunu biləcəklər.
3. Bütün bunlar baş verəndə, onlar İsada Allahın iradəsinin təcəssümünü görəcəklər. İsa dedi: «Mən daim Onun (Allahın) xoşuna gələnləri edirəm» (Yəhya 8:29). Digər insanlar, hətta ən xeyirxah olanlar belə, həmişə itaətli olmurlar. İsanın itaəti isə daimi, mükəmməl və tamdır. Gün gələcək ki, insanlar İsada Allahın ağlının təcəssümünü görəcəklər.
31-32
O zaman İsa Ona iman etmiş yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək».
Əhdi-Cədidin bir neçə yerində şagirdlik tamlığı ilə belə təsvir edilir.
1. Şagirdlik imanla başlayır. Şagirdlik insanın Məsihin sözlərini həqiqət kimi qəbul etdiyi — Allahın sevgisi, günahın dəhşəti, həyatın əsl mənası və məqsədi haqqında söylədiyi hər şeyi qəbul etdiyi anda yaranır.
2. Şagirdlik daim Məsihin sözündə qalmaq deməkdir. Bu da dörd məqamdan ibarətdir.
a) Bu Onun sözünü daim dinləməkdən ibarətdir. Bir təbliğçi haqqında deyirdilər ki, o, vəz edərkən arabir susur, sanki kiminsə səsinə qulaq asır. Məsihçi bütün həyatı boyu İsanın səsinə qulaq asan və Onun dediklərini eşitmədən heç bir qərar verməyən insandır.
b) Bura İsanın daimi təlimi daxildir. Şagird (mafetes) hərfi mənada öyrənən deməkdir, yunan sözünün mənası belədir. Məsihçi bütün həyatını İsanı daha çox tanımağa sərf etməlidir. Tanımaq istəməyən şagird ola bilməz.
c) Bu, İsanın sözlərində olan həqiqəti daim qavramaqdan ibarətdir. Heç kim Məsihin sözlərini bir dəfə oxuyaraq və ya eşidərək, onların mənasını tam başa düşdüyünü deyə bilməz. Möhtəşəm bir kitabla adi kitab arasındakı fərq ondadır ki, biz ikincini oxuyuruq və bir daha ona toxunmamaq üçün kənara qoyuruq, halbuki möhtəşəm kitabı bir neçə dəfə təkrar oxuyuruq. İsanın sözündə qalmaq — Onun dediklərini daim öyrənmək və üzərində düşünmək, Onun dediklərinin mənasını dərindən araşdırmaq deməkdir.
d) Bura İsanın sözünün yerinə yetirilməsi daxildir. Biz Onun sözlərini akademik mövzu kimi mücərrəd mühakimə yürütmək üçün deyil, Allahın bizdən nə gözlədiyini bilmək üçün öyrənirik. Şagird öhdəsindən gəlmək üçün öyrənir. İsanın gətirdiyi həqiqət həyata keçirilməsi üçündür.
3. Şagirdlik həqiqəti dərk etməyə gətirib çıxarır. İsadan öyrənmək — həqiqəti öyrənmək deməkdir. İsa dedi: «...həqiqəti dərk edəcəksiniz». Bəs həqiqət nədir? Bu suala bir çox mümkün cavablar var. Lakin ən dolğun cavab odur ki, Məsihin gətirdiyi həqiqət bizə həyatın əsl mənasını göstərir. Hər bir insanın şüurlu və ya şüursuz cavab verməli olduğu əsas sual budur: «Həyatımı nəyə həsr edəcəyəm? Karyeraya? Maddi sərvət toplamağa? Dünyəvi həzzə? Allaha xidmətə?» İsanın həqiqətinin işığında, həyatda nəyin səhv, nəyin düz olduğunu görməyə başlayırıq.
4. Şagirdlik azadlıq bəxş edir. «Həqiqət sizi azad edəcək». Məsihə xidmət etməkdə əsl azadlıq var. Şagirdlik dörd növ azadlıq bəxş edir:
a) Qorxudan azad olmaq. Məsihin şagirdi həyatda heç vaxt tək olmayacaq. Məsih həmişə Onun yanında olacaq. Onun yanında isə qorxuya yer yoxdur.
b) «Mən»dən azadlıq. Əksər insanlar yaxşı bilirlər ki, onların həyatında ən böyük maneə özləridir, öz «mən»ləridir. Onlar ümidsizliklə fəryad edirlər: «Mən dəyişə bilmərəm. Çox çalışdım, amma bu, mümkün deyil». Lakin İsa Məsihin qüdrəti və hüzuru insanı yenidən yarada və köhnə «mən»ini yeniləyə bilər.
c) Başqalarının fikirlərindən azad olmaq. Bir çox insanlar başqalarının onlar haqqında nə düşünəcəyi və ya nə deyəcəyi qorxusu ilə yaşayırlar. Bir adamın dediyi kimi: «Qonşumuzun səsi bizim qulağımızda Allahın səsindən daha güclü eşidilir». Şagird başqalarının onun haqqında nə düşünəcəyi və ya nə deyəcəyi ilə bağlı narahat olmağı dayandıran bir şəxsdir. Çünki o, yalnız Allahın dedikləri haqqında düşünür.
d) Günahdan azad olmaq. Bir çox insanlar artıq günah etmək istədikləri üçün deyil, başqa cür edə bilmədikləri üçün günah edirlər. Günahları onları elə tutub ki, nə qədər çalışsalar da, onlardan qurtula bilmirlər. Şagirdlik bizi günaha bağlayan zəncirləri qırır və bizi azad edərək olmaq istədiyimiz şəxsə çevirir.
Ah, kaş ki məndə içimdəkini əbədi qovan
Başqa bir adam doğulaydı!
Budur, Məsihin şagirdinin cavab aldığı dua.
33-36
İsanın azadlıq haqqında danışması yəhudiləri qıcıqlandırırdı. Yəhudilər İsanı əmin edirdilər ki, onlar heç vaxt heç kimə qul olmayıblar. Amma bu, heç də belə deyildi. Onlar bir vaxtlar Babil əsarətində olmuşdular və həmin vaxt Romanın boyunduruğu altında idilər. Lakin yəhudilər azadlığı yüksək qiymətləndirir və onu hər bir yəhudinin anadangəlmə haqqı hesab edirdilər. Qanunda deyilirdi ki, heç bir yəhudi nə qədər kasıb olursa-olsun, qul mövqeyinə düşməməlidir. «Yanındakı soydaşın yoxsullaşıb sənə özünü qul kimi satarsa, ona qulun ağır işini gördürmə. Qoy o, yanında muzdlu işçi, yaxud gəlmə kimi olsun. O, Azadlıq ilinədək yanında işləsin, sonra uşaqları ilə birlikdə səndən ayrılıb ailəsinin yanına, atalarının mülkünə qayıtsın. Çünki İsrail övladları Mənim Misir torpağından çıxartdığım qullarımdır, buna görə də onlar qul kimi satılmasınlar» (Levililər 25:39-42). Dəliqanlı rəhbər ayağa qalxıb yəhudilərin yeganə Padşahının Allah olduğu üçün yer üzündəki padşahlara tabe olmayacaqlarını deyəndə, tez-tez üsyanlar baş qaldırırdı.
Tarixçi İosif Flavi romalılara qarşı üsyana rəhbərlik edən Qalileyalı Yəhudanın davamçıları haqqında belə yazırdı:
«Onların azadlığa sarsılmaz bir bağlılığı var. Onlar iddia edirlər ki, onların yeganə Rəhbəri və Rəbbi yalnız Allah ola bilər»
(İosif Flavi «Yəhudilərin qədimliyi» 18:1-6)
Yəhudilər heç kimə qul olmadıqlarını deyəndə, həyat nizamnamələrinin əsas məqamı olan bir şeyi nəzərdə tuturdular. Onlar zaman-zaman başqa xalqların əsarətində olsalar da, elə həmin dövrdə Romanın boyunduruğu altına düşsələr də, bu tabeçilikdə ruh müstəqilliyini qoruyub saxlayırdılar. Bu da o demək idi ki, zahirən və cismən qul olsalar da, əqlən və ruhən qul deyillər. Onun qul sayıla biləcəyinə dair ən kiçik eyham yəhudi üçün böyük təhqir hesab olunurdu.
Amma İsa başqa köləlikdən danışır. O deyir: «...günah edən hər kəs günahın köləsidir». Bəzi müdrik yunanlar buna bənzər bir şey söyləyirdilər. Stoik-filosoflar deyirdilər: «Bacarıqlı olan yalnız müdriklərdir, qul isə axmaqlardır». Sokrat deyirdi: «Həzzin idarəsi altında olan bir insanı necə azad adlandırmaq olar?» Paul daha sonra məsihçiləri günah əsarətindən azad etdiyi üçün Allaha şükür edirdi (Romalılara 6:17).
Burada çox maraqlı və düşündürücü məqamlar var. İnsana onun hərəkətlərinin pis bir şeyə gətirib çıxaracağı barədə xəbərdarlıq edəndə, o, belə cavab verir: «Mən istədiyim kimi yaşaya bilərəm». Amma həqiqət budur ki, günah edən insan özünün istədiyi kimi deyil, günahın istədiyi kimi yaşayır. İnsan bir vərdişə o qədər aludə ola bilər ki, onu heç bir qüvvə azad edə bilməz. O, həyatında həzzə o qədər yer verə bilər ki, onsuz yaşaya bilməyəcəyini düşünə bilər. O, Senekanın günahına həm nifrət etdiyini, həm də onu sevdiyini dediyi vəziyyətə düşə bilər. O ona hakim olan vərdişlərinin quluna çevrilib. İsanın dediyi də elə budur. Günah edəni azad adlandırmaq olmaz. Sonra İsa yəhudi dinləyicilərinin Onu asanlıqla başa düşə biləcəyi xəbərdarlığı edir. Qul ilə oğul arasında fərq var. Oğul evin daimi sakinidir, qul isə istənilən vaxt çölə atıla bilər. İsa sanki yəhudilərə deyir: «Siz elə bilirsiniz ki, Allahın evində oğullarsınız və heç bir şey sizi oradan çıxara bilməz. Ehtiyatlı olun, çünki davranışlarınızla özünüzü qul edirsiniz və qullar hər an ağasının hüzurundan uzaqlaşdırıla bilər». Bu, xəbərdarlıq idi. Allahın mərhəmətindən sui-istifadə etmək dəhşətlidir. Yəhudilər də məhz belə edirdilər. Ancaq buradakı xəbərdarlıq təkcə yəhudilərə aid deyil.
37-41
Bu hissə İsanın yəhudilərin vacib fikirlərinə vurduğu ölümcül zərbədən bəhs edir. Yəhudi üçün İbrahim peyğəmbər tarixdə ən ali şəxsiyyət idi. Yəhudi İbrahim peyğəmbərin nəslindən olduğuna görə hesab edirdi ki, Allahı razı salır.
Məzmurçu xalqa xitabən «Ey Onun qulu İbrahim nəsli, ey Yaqub övladları, ey Onun seçdikləri!» deyirdi (Zəbur 105:6). Yeşaya peyğəmbər deyirdi: «Lakin sən ey qulum İsrail, seçdiyim Yaqub nəsli, dostum İbrahimin övladları!» (Yeşaya 41:8). Yəhudilərin İbrahim peyğəmbərə duyduqları heyranlıq tamamilə qanuni idi.
İbrahim peyğəmbər bəşəriyyətin din tarixində nəhəng simadır. Lakin yəhudilərin İbrahim peyğəmbərin böyüklüyündən çıxardıqları nəticələr yanlış idi. Onlar inanırdılar ki, İbrahim peyğəmbər Allahın lütfünü öz salehliyi ilə qazanıb, həm də təkcə özü üçün yox, bütün nəsli üçün qazanıb. Onlar inanırdılar ki, İbrahim peyğəmbərin salehliyi bütün nəslinə bəs edəcək qədər böyükdür. Onlar inanırdılar ki, İbrahim peyğəmbərin Allah yanında olan krediti ondan tükənməyəcək qədər həmişə istifadə etmək üçün bəs edər. Əzabkeş Yustin Trifo ilə (yəhudi) yəhudilik haqqında söhbət edəndə belə bir fikir eşitdi:
«Əbədi Padşahlığı İbrahim peyğəmbərin cismani nəsli miras alacaq, onlar hətta günahkar, imansız və Allahın əleyhdarları olsalar belə»
(Əzabkeş Yustin «Trifo ilə dialoq», 140).
Yəhudi İbrahim peyğəmbərin nəslindən olduğu üçün, sözün əsl mənasında, özünü təhlükəsizlikdə hiss edirdi. Yəhudilər indi də eyni fikirdədirlər.
a) Bəziləri həyatlarını öz nəsil şəcərəsinə və ya adlarına görə qurmağa çalışırlar. Onların ailəsindən kimsə müəyyən bir dövrdə kilsədə və ya dövlətdə böyük xidmət göstərib, buna görə də o vaxtdan onun nəsli özlərini müəyyən bir şərəfə layiq görürlər. Şöhrət qazanmış ad avaraçılığa bəhanə olmamalıdır, əksinə, gələcək səylər üçün stimul verməlidir.
b) Elələri də var ki, həyatlarını tarix və ənənə üzərində qurmağa çalışırlar. Elə imanlı cəmiyyətləri var ki, bir vaxtlar böyük xidmət göstərdikləri üçün özlərini yüksək qiymətləndirirlər. Keçmişin ruhani kapitalı ilə yaşayan icmalar mövcuddur. Ancaq kapital yalnız tükənirsə və yeri doldurulmursa, onun bitəcəyi gün gələcək. Nə insan, nə imanlı cəmiyyəti, nə də xalq keçmişin nailiyyətləri ilə yaşaya bilməz. Ancaq yəhudilər məhz belə edirdilər. İsanın bu barədə mövqeyi olduqca açıq idi. O bəyan edirdi ki, İbrahim peyğəmbərin əsl nəsli onun kimi saleh yaşayanlardır. Vəftizçi Yəhya da eyni fikirləri söylədi. O, xalqa açıq-aşkar deyirdi ki, Qiyamət günü yaxınlaşır və İbrahim peyğəmbərin nəslindən olduğuna güvənməyin mənası yoxdur. Çünki Allah istəsə, daşlardan İbrahimə övlad yaratmağa qadirdir (Matta 3:9; Luka 3:8). Paul da tez-tez eyni arqumentdən istifadə edirdi. İnsanı İbrahim peyğəmbərin nəslinin nümayəndəsi edən qan və ət deyil, əxlaqi keyfiyyətlər və ruhani saflıqdır.
İsa yəhudiləri məhz buna görə məzəmmət edirdi. Onlar İsanı öldürməyə çalışırdılar, lakin bu, İbrahim peyğəmbərin etdiklərinə əks olardı. Allahın elçisi İbrahim peyğəmbərin yanına gələndə, İbrahim onu mehribanlıqla və hörmətlə qarşılamışdı (Yaradılış 18:1-8). İbrahim peyğəmbər Allah elçisini qarşıladı, yəhudilər isə Allah Elçisini öldürməyə cəhd edirdilər. Davranışları İbrahim peyğəmbərin əməllərindən fərqli olduğu halda, onlar hansı cəsarətlə özlərini İbrahim peyğəmbərin nəsli adlandıra bilirdilər?
Burada İsa onlara vacib bir həqiqəti xatırladır. İsa Yaradılış kitabının 18-ci fəslində yazılmış hadisəni xatırladaraq deyir ki, O, həm də Allahın Elçisidir. O deyir: «Mən Atanın yanında gördüklərimi söyləyirəm». İsa insanlara Öz fikrini deyil, Onu göndərən Atanın Sözünü çatdırırdı. İsa insanlara düşündüklərini demirdi, O, Allahın Oğlu olduğu üçün Onu göndərən Atanın iradəsini insanlara bəyan edirdi. İnsanlar ən yaxşı halda həqiqəti gördükləri kimi deyə bilərlər. İsa isə həqiqəti Allahın gördüyü kimi danışırdı.
Budur, dəhşətli sözlər səslənir. İsa deyir: «...sizsə öz atanızdan eşitdiklərinizi yerinə yetirirsiniz». O, indicə İbrahim peyğəmbərin onların atası olmadığını söylədi. Bəs onda onların atası kimdir? Cavab bir anlıq gecikir və 8:44-də verilir: «Siz atanız iblisdənsiniz». İbrahim peyğəmbərin övladları olmaqla öyünənlər qəfildən iblisin övladları olduqlarına dair ittiham edilirlər. Onların əməlləri əsl oğulluqlarını üzə çıxartdı. Çünki insan Allaha olan münasibətini ancaq davranışı ilə göstərə bilər.
41-ci ayənin ikinci yarısının şərhi üçün növbəti hissəyə baxın.
42-45
İsa indicə yəhudilərə dedi ki, onlar Ona qarşı davranışları və rəftarları ilə İbrahimin övladları olmadıqlarını açıq şəkildə göstərirlər. Cavab olaraq, onlar daha güclü bir iddia irəli sürməyə cəsarət etdilər, belə ki Allahın onların Atası olduğunu dedilər. Əhdi-Ətiq boyu dəfələrlə təkrarlanır ki, Allah İsrail xalqının Atasıdır. Allah Musa peyğəmbərə əmr etdi ki, firona desin: ««Rəbb belə deyir: İsrail Mənim oğlum, Mənim ilkimdir» (Çıxış 4:22).
Musa peyğəmbər xalqa qəzəblənəndə onlara belə sual verdi: «Ey axmaq, ağılsız xalq, Rəbbə budurmu əvəziniz? Sizi yaradan, sizə görkəm verən Atanız, Yaradanınız O deyilmi?» (Qanunun təkrarı 32:6) Yeşaya peyğəmbər Allaha güvənməsindən danışır: «Sənsən Atamız. İbrahim bizi tanımasa da, İsrail bizim kim olduğumuzu bilməsə də, Atamız Sənsən, ya Rəbb, Əzəldən bəri adın «Bizi Satınalan»dır» (Yeşaya 63:16). «Yenə də, ya Rəbb, Sənsən Atamız: biz gilik, Sən isə dulusçu, biz hamımız Sənin əlinin işiyik» (Yeşaya 64:8). Malaki peyğəmbər də deyir: «Hamımızın atası bir deyilmi? Bizi eyni Allah yaratmadımı?» (Malaki 2:10). Beləliklə, yəhudilər Allahın onların Atası olduğuna iddia edirdilər. Onlar qürurla dedilər: «Biz zinadan doğulmamışıq». Əhdi-Ətiqdə İsrail xalqının ən gözəl təsviri onun Allahın gəlini adlandırılmasıdır. Bu səbəbdən İsrail Allahdan üz döndərəndə onun xəyanətinin ruhani zina olduğu deyilirdi. Xalqın sədaqətsiz olduğu ortaya çıxanda onlar haqqında deyirdilər ki, onlar zinadan doğulublar (Huşə 2:4). Buna görə də yəhudilər zinadan doğulmadıqlarını deyəndə, bütpərəst olmadıqlarını nəzərdə tuturdular. Onlar iddia edirdilər ki, həmişə Var Olan, həqiqi Allaha ibadət ediblər. Bu isə onların öz gözlərində saleh olmasından başqa bir şey deyildi.
Yəhudilərin sözlərində təkcə özünü doğrultmaq yox, həm də İsaya münasibətdə sırf şəxsi bir şey var idi. Onlar İsaya qarşı hər cür şər-böhtan atırdılar. Yəhudilər Məryəmin Yusifə xəyanət etdiyinə, onun Panfera adlı bir Roma əsgəri ilə sevgili olduğuna və İsanın da bu zinadan doğulduğuna eyham vururdular. Buna görə də yəhudilərin İsanın doğulması ilə bağlı Ona təhqiramiz sözlər yağdıraraq «Bizimlə bu cür tonda danışmağa nə haqqın var?» demələri tamamilə mümkündür. İsa onlara cavab verdi ki, onların iddiaları yanlışdır. Əgər Allah, həqiqətən, onların Atası olsaydı, onlar Onu (İsanı) sevər və Onu görməkdən şad olardılar. Burada dördüncü Müjdənin əsas ideyası yenidən qarşımıza çıxır: insan Rəbb İsaya olan münasibətinə görə sınanır. İsa ilə qarşılaşmaq — mühakimə ilə qarşılaşmaq deməkdir. O, hər bir insanın sınandığı Məhək Daşıdır.
İsa deyir: «Söylədiyimi niyə anlamırsınız?» Cavab dəhşətlidir. Onlar İsanı axmaq olduqları üçün deyil, ruhən kar olduqları üçün başa düşmürdülər. Onu dinləməkdən və anlamaqdan imtina edirdilər. İnsan istənilən xəbərdarlığa qulaqlarını bağlaya bilər. Bunu uzun müddət edərsə, ruhən kar olar. Nəticədə insan ancaq eşitmək istədiyini eşidər. Əgər o, yalnız öz istəklərinə və pis təsirlərə uzun müddət qulaq asarsa, sonda Allahın səsini dinləmək və Onu dərk etmək qabiliyyətini itirər.
İsa yəhudilərin karlığının və korazehinliyinin əsl səbəbini göstərir. Yəhudilərin əsl atası iblisdir və İsa onun iki xarakterik xüsusiyyətini vurğulayır.
1. İblis təbiətcə qatildir. İsa iblisin bu xüsusiyyətini vurğulayanda ağlında iki fikir var idi. Ola bilər ki, O, Habil və Qabilin qədim hekayəsini xatırlamışdı. Qabil iblisin təsirinə düşən ilk qatil idi. Amma ola bilsin ki, O, bu hadisədən daha ciddi bir şey haqqında düşünürdü. Axı ilk insanları yoldan çıxaran iblis idi. Onun vasitəsilə dünyaya günah, günah vasitəsilə isə ölüm isə daxil oldu (Romalılara 5:13). Əgər iblisin təsiri olmasaydı, günah da olmazdı. Günah olmasaydı, ölüm də olmazdı. Buna görə də müəyyən mənada iblis bütün bəşəriyyətin qatilidir.
Hətta qədim hekayələr olmasa belə, həqiqət odur ki, Məsih həyata, iblis isə ölümə aparır. İblis yaxşılığı, məsumluğu, namusu, gözəlliyi — yəni həyatı gözəlləşdirən hər şeyi məhv edir. O, ruhun dincliyini və xoşbəxtliyini, hətta sevgini öldürür. Şər öz təbiətinə görə dağıdıcıdır, Məsih isə öz təbiətinə görə yaradıcıdır və həyat gətirəndir. Yəhudilər həmin vaxt Məsihi öldürməyi planlaşdırırdılar. Onlar iblisin tərəfini tutub, onun təbiətinə uyğun hərəkət etdilər.
2. Şeytan öz təbiətinə və xasiyyətinə görə bütün yalanları sevir. Hər cür yalan onun təlqini ilə gəlir və xoşuna gələn işi görür. Yalan həmişə həqiqətə nifrət edir və onu məhv etməyə çalışır. İsanın yəhudilərlə toqquşması əslində yalanın həqiqətlə toqquşması idi və bu yalan həqiqəti yox etməyə çalışırdı. İsa yəhudiləri iblisin övladları olmaqda ittiham etdi, çünki onların düşüncələri yaxşılığı məhv etmək və pisliyi qorumaq məqsədi daşıyırdı. Həqiqəti yox etməyə çalışan hər kəs şeytanın işini görür.
46-50
Gəlin elə təsəvvür edək ki, bu hadisə gözümüzün qabağında baş verir. Bu hadisənin dramatikliyi təkcə sözdə deyil, həm də ayrı-ayrı frazalar arasındakı fasilələrdə idi. İsa dinləyicilərinə deyir: «Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm?» Bu sualdan sonra, yəqin ki, araya sükut çökdü. İsa bir-bir adamlara baxıb gözlədi, bəlkə kimsə Onun qeyri-adi sualına cavab verməyə cəsarət edər. Sükut davam etdi. Onlar İsanın həyatında nöqsan tapmaq üçün nə qədər düşünsələr də, Ona qarşı ittiham irəli sürmək üçün bir şey axtarıb tapa bilmədilər. İsa onlara düşünmək üçün kifayət qədər vaxt verəndən sonra sözünə davam etdi: «Görürəm ki, susursunuz və Məni ittiham etmirsiniz. Bəs onda niyə Mənə inanmırsınız?» Yenə də araya xoşagəlməz sükut çökdü. Onda İsa Özü verdiyi suala cavab verdi: «Allahdan olan şəxs Allahın sözlərini dinləyər. Sizsə dinləmirsiniz, çünki Allahdan deyilsiniz». İsa bununla nə demək istəyirdi?
Gəlin buna belə baxaq: insanın dərk etmək qabiliyyəti olmasa, ağlına və ürəyinə heç nə nüfuz edə bilməz. İnsan müəyyən bir təcrübəni dərk etmək və yaşamaq üçün lazım olan qabiliyyətə malik olmaya bilər. Məsələn, musiqi qavrama qabiliyyəti olmayan adam gözəl musiqidən həzz ala bilməz. Rəngləri ayırd edə bilməyən adam günəşin qürubunun gözəlliyindən zövq ala bilməz və s.
Yəhudilər Müqəddəs Ruhun fəaliyyətini çox yaxşı başa düşürdülər. Onlar bilirdilər ki, Müqəddəs Ruhun iki məqsədi var: insana Allahın həqiqətini aşkar edib dərk etdirmək və onu qəbul etməyə kömək etmək. Bu o deməkdir ki, əgər insanın ürəyində Allahın Ruhu yoxdursa, o, həqiqətlə üz-üzə gəlsə belə, onu görə bilməz. Bu həm də o deməkdir ki, əgər insan qəlbinin qapısını Müqəddəs Ruha bağlasa, Müqəddəs Ruh ona həqiqəti təqdim etməyə çalışanda, insan onu nə görə, nə tanıya, nə də dərk edib mənimsəyə bilər. İsa yəhudilərə dedi: «Siz öz iradənizlə, öz yollarınızla getdiyiniz üçün Allahın Ruhu qəlbinizə nüfuz edə bilmir. Buna görə də indi Məni nə başa düşür, nə sözlərimi dərk edir, nə də onları qəbul edirsiniz». Yəhudilər dindar bir xalq olduqlarına inanırdılar. Lakin Allahın baxışlarını qəbul etmək əvəzinə öz din anlayışlarına möhkəm bağlı olduqlarına görə tədricən Allahdan uzaqlaşdılar və müəyyən mənada allahsız oldular. Onların ruhani vəziyyəti dəhşətli idi və Allaha Allahsız xidmət edirdilər.
İsa onlara Allahdan olmadıqlarını deyəndə, bu onları möhkəm sancdı, onlar da ağır təhqirlə cavab verdilər. İsanın üzərinə yeni ittihamlar yağdı. Onlar Allahın Oğlunu bidətçi adlandırdılar. Əgər İsa yenidən dünyaya gəlsə və bəzi imanlı cəmiyyətləri ziyarət etsə, şübhəsiz ki, bu, yenidən baş verəcək. Çox güman, «samariyalı» sözü alçaldıcı sözdür. Biz görürük ki, İsa Onda olan cinlə bağlı onların ittihamlarına cavab verdi, lakin «samariyalı» təhqirinə cavab vermədi. Bu o deməkdir ki, yəhudilərin bu ittihamı düzgün çatdırılmayıb. Orijinal arami dilində «samariyalı» sözü şomeroni kimi səslənir. Şomeron cinlərin başçılarının adlarından biri idi. Onun başqa adı Aşmeday, Sammael və ya Şeytan idi. Quran kitabında deyilir ki, cinlərin başçısı Şomeron yəhudiləri azdırıb, onları bütpərəstliyə sövq edib. Deməli, Şomeroni (samariyalı) sözü bu halda şeytanın övladı mənasını verirdi. Böyük ehtimalla yəhudilər İsaya «Sən şeytanın övladısan, Səndə cin var. Sən şər kimi dəlisən» demişdilər. Cavabında İsa onlara dedi ki, O, nəinki şeytanın qulu deyil, həm də Onun xidmətinin əsas məqsədi Allahı izzətləndirməkdir, halbuki onların davranışı Allaha qarşı küfr idi. Mahiyyət etibarı ilə İsa onlara deyir ki, cin Onda deyil, onlardadır. Sonra İsanın böyük, üstün imanı özünü təzahür etdirir: «Mən bu dünyada Özümə izzət axtarmıram. Bilirəm ki, təhqir olunacaq, rədd ediləcək və Çarmıxa çəkiləcəyəm. Amma hər şeyi təyin olunmuş vaxtda düzgün ölçüb-biçən və hər kəsə layiq olduğunu verən Biri var». O, həm də Məni də həqiqi izzətə çatdıracaq. Çünki bu mükafat Ondan olacaq». İsa bir şeyə tam əmin idi — Allah son nəticədə Ona məxsus olan izzəti qoruyacaq. Bu dünyada İsa iztirab, rəddolunma və təhqirdən başqa heç nə görmədi. Əbədiyyətdə O, Allaha itaət etdiyinə görə əldə edəcəyi izzəti görəcək. İsa daha yüksək imandan doğan ən yüksək nikbinliyə — Allahdan gələn nikbinliyə malik idi.
51-55
Həqiqətin sözləri o qədər heyrətamizdir ki, bu fəsil bir həqiqət vəhyindən digərinə keçir. İsa bir-birinin ardınca açıqlama verir. Hər yeni açıqlama əvvəlkindən daha heyrətamizdir.
Burada O deyir ki, əgər kimsə Onun sözlərinə əməl edərsə, ölümü dadmayacaq. Yəhudilər şoka düşdülər. Zəkəriyyə peyğəmbər deyirdi: «Atalarınız indi haradadır? Peyğəmbərlər də əbədi yaşayırmı?» (Zəkəriyyə 1:5) İbrahim peyğəmbər artıq həyatda deyildi, peyğəmbərlər də çoxdan ölmüşdülər. Doğrudanmı onlar bu müddət ərzində Allahın sözünü yerinə yetirmirdilər? İsa kimdir ki, Özünü bu böyük iman adamlarından üstün tutsun? Yəhudilərin İsanın sözlərini hərfi mənada başa düşməsi onların Onu anlamasına mane oldu və düşüncələrini kütləşdirdi. İsa onlara fiziki həyat və fiziki ölüm haqqında danışmırdı. O, başqa bir şeyi nəzərdə tuturdu, yəni Onu qəbul edən şəxsin üzərində ölüm öz hökmünü itirir. Məsihə iman edən insan Allahla yeni münasibətə girir, bu münasibəti nə zaman, nə də əbədiyyət məhv edə bilər. O, həyatdan ölümə deyil, həyatdan həyata keçir. Ölüm yalnız Allaha daha yaxın olmaq üçün bir vasitəyə çevrilir.
Bundan sonra İsa bəyan edir ki, həqiqi izzət Allahdan gəlməlidir. İnsanların gözündə şöhrət qazanmaq çətin deyil. Dünya uğurlu insana hörmət edir. Lakin həqiqi izzət, əbədiyyətin aşkar etdiyi izzətdir. Əbədiliyin meyarı isə zamanın meyarı deyil.
Sonra İsa həyatının əsasını təşkil edən iki açıqlama verir:
1. O, Allahı daha dərin tanıdığına işarə edir. İsa iddia edir ki, Allahı heç kimin tanımadığı və tanıya bilməyəcəyi kimi tanıyır. O, Allah haqqında biliyi aşağılamır, çünki əks halda yalan danışmış olardı. İnsan yalnız İsa Məsih vasitəsilə Allahın ürəyini və ağlını dərk edə bilər. Biz Allah haqqında öz ağlımızla ancaq zərrə qədər bilik əldə edə bilərik. Tam həqiqət isə yalnız Məsihdə aşkar edilir. Çünki biz Allahın necə olduğunu yalnız Onda görürük.
2. İsa Allaha bənzərsiz itaətə dəlalət edir. İsa Məsihi tanımaq, «Allah məni belə görmək istəyir» deməkdir. Onun həyatını görmək «Allaha əsl xidmət budur» deməkdir. Yalnız İsada biz Allahın bizim necə görmək istədiyini və necə olmalı olduğumuzu görürük.
56-59
Bütün əvvəlki sözlər bu açıqlamanın qarşısında öz parıltısını itirir. İsa yəhudilərə deyəndə ki, İbrahim peyğəmbər Onun gününü görməkdən şad olub, onların başa düşə biləcəyi dildə danışdı. Yəhudilərin İbrahim peyğəmbər haqqında çoxlu inancları var idi ki, bu da onlara İsanın nə demək istədiyini başa düşməyə imkan verdi. Biz beş mümkün şərhi nümunə gətirə bilərik.
a) İbrahim peyğəmbər cənnətdə olduğu üçün yer üzündə baş verən hər şeyi görə bilirdi. İsa zəngin adam və Lazar məsəlini danışarkən yəhudilərin bu inancından istifadə etdi (Luka 16:22-31). Bu hissənin sadə şərhi belədir.
b) Lakin bu şərh səhvdir. İsa dedi: «İbrahim Mənim günümü görəcəyi üçün şad oldu, görüb sevindi», yəni keçmiş zamanda söylədi. Yəhudilər Müqəddəs Yazıların bir çox ayələrini elə şərh edirdilər ki, bunu izah etmək olar. Məsələn, onlar Yaradılış kitabının 12:3 «Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq» ayəsini belə şərh edirdilər: İbrahim peyğəmbərə bu vəd veriləndə o, vədin mənasını başa düşmüşdü, yəni Allahın Məsh Olunmuşu onun nəslindən gələcək, buna görə də çox sevinmişdir.
c) Bəzi ravvinlər belə hesab edirdilər ki, Yaradılış 15:8-21-də təsvir olunan görüntüdə İbrahim peyğəmbərə İsrail xalqının bütün gələcəyi aşkar olmuşdur. Buna görə də o, Məsihin gəlişinin vaxtını əvvəlcədən bilirdi.
d) Bəzi ravvinlər Yaradılış 17:17-də Allah İbrahim peyğəmbərə oğlu olacağını söyləyəndə onun gülüşünü imansızlığın gülüşü kimi deyil, Məsihin onun nəslindən gələcəyinə dair sevinc gülüşü kimi şərh edirdilər.
e) Bəzi ravvinlər Yaradılış 24:1 ayəsindəki «İbrahim qocalıb yaşa dolmuşdu» deyən hissəni xüsusi başa düşürdülər. İbrani dilində bu hərfi mənada «günlərini sayırdı» demək idi. Bu, ravvinlərin dediyi kimi, İbrahim peyğəmbərin gələcək günlərə (gələcəyə) daxil olması və xalqın bütün tarixini, Məsihin gəlişini görməsi deməkdir.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, yəhudilər İbrahimin hələ sağ ikən İsrailin tarixini və Məsihin gəlişini gördüyünə inanırdılar. Buna görə də, İsa İbrahim peyğəmbərin Onun gününü gördüyünü deyəndə, birbaşa və açıq şəkildə Özünün Məsih olduğunu bəyan etdi. O, sözün əsl mənasında, belə dedi: «Mən İbrahimin görüntüdə gördüyü Məsihəm». İsanın sözlərinin mənasını düzgün başa düşən yəhudilər yenə də onları hərfi mənada anlamağa üstünlük verib dedilər: «Bu necə ola bilər? Sənin hələ əlli yaşın yoxdur, amma İbrahimi gördüyünü deyirsən?» Nə üçün məhz əlli? Çünki bu yaşda Levililər rəsmi olaraq təqaüdə çıxırdılar (Saylar 4:3). Yəhudilər İsaya dedilər: «Sən gəncsən, ömrünün ən yaxşı çağındasan və təqaüdə çıxmaq yaşına belə çatmamısan, İbrahimi necə görə bilərsən? Necə də axmaq söhbətdir». Onda İsa heyrətamiz sözlərini söylədi: «İbrahim olmazdan qabaq Var Olan Mənəm». Bax, əbədi var olmaq iddiası məhz bu yerdə səslənir. Onun mövcud olmağa başladığı vaxt olmamışdır, varlığını dayandırdığı bir zaman da olmayacaq.
O, bununla nə demək istəyirdi? Təbii ki, O, insan cildində olan İsanın həmişə var olduğuna işarə etmirdi. Biz bilirik ki, İsa bu dünyada Bet-Lexem şəhərində anadan olub. Ancaq bundan daha böyük məna əks etdirilir. Bir düşünün: kainatda yalnız bir Varlıq əbədidir, o da Allahdır. İsa deyir ki, Allah Onda yaşayır. İbranilərə Məktubun müəllifi bunu belə ifadə etmişdir: «... İsa əbədi yaşadığı üçün» və «... həmişə yaşayır» (İbranilərə 7:24-25).
İsada biz təkcə dünyaya gələn, yaşayan və ölən bir insanı deyil, İbrahimin, İshaqın və Yaqubun Allahı olan, dövrün başlanğıcından əvvəl olub və həmişə Var olan əbədi Allahı görürük. Əbədi yaşayan Allah Özünü insanlara İsa vasitəsilə göstərdi.