Çardaqlar bayramı sentyabrın sonu — oktyabrın əvvəlinə düşürdü. Bu, məcburi bayramlardan biri sayılırdı. Buna görə də qanunla Yerusəlimdən iyirmi beş kilometr aralıda yaşayan bütün yetkin kişilərin iştirak etməsi tələb olunurdu. Amma Yerusəlimdən iyirmi beş kilometrdən uzaqda yaşayan yəhudilər də məmnuniyyətlə bayrama gəlirdilər. Bayram səkkiz gün davam edirdi. Çardaqlar bayramı yaxınlaşanda İsanın qardaşları Onu Yerusəlimə getməyə təhrik etdilər, lakin İsa onların dəlillərini rədd etdi və oraya lazım bildiyi vaxt getdi.
Bu hissədə xüsusi bir məqam var ki, onu mütləq qeyd etməliyik. Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsinə görə, İsa deyir: «Mənim vaxtım hələ gəlməyib» (Yəhya 7:6). İsa tez-tez Öz vaxtı və ya saatı barədə danışırdı. Burada yalnız bir dəfə işlənən söz qeyd edilir. Başqa yerlərdə (Yəhya 2:4; 7:30; 8:20; 12:27) ora sözü işlədilir, bu da Allahın əvvəlcədən təyin etdiyi saat mənasını verir. Həmin vaxt və ya həmin saat nə dəyişdirilə, nə təxirə salına bilər; o, qeyd-şərtsiz qəbul edilməlidir, çünki onu təyin edən Allahdır. Burada isə kayros sözü işlədilir. Bu da, adətən, fürsət, şans, yəni bir işi görmək üçün ən yaxşı məqam, ən əlverişli an deməkdir. İsa burada Allahın təyin etdiyi vaxtın hələ gəlmədiyindən danışmır. O, sadəcə olaraq, gözlədiyi fürsəti görmədiyini qeyd edir.
Bu, İsanın sonradan Yerusəlimə niyə getdiyini izah edir. Əksər insanlar bu hissəni oxuyarkən çətinliklə üzləşirlər. Çünki İsa əvvəlcə qardaşlarına Yerusəlimə getməyəcəyini söyləyir, sonra isə oraya gedir. Alman filosofu Şopenhauer24 hətta demişdir ki, «İsa Məsih qəsdən yalan danışıb». Digərləri iddia edirlər ki, İsa belə deməklə rəsmi şəkildə bayrama getmək niyyətində olmadığını bildirib. Lakin bu Onun oraya tək getməsinə mane olmadı. İsa sadəcə olaraq deyir: «Əgər Mən indi oraya sizinlə getsəm, Mənə lazım olan imkanlar olmayacaq. İndi münasib vaxt deyil». O, Yerusəlimə səfərini təxirə saldı və yalnız bayramın ortasında gəldi. Elə vaxt gəldi ki, bayramda toplaşan izdiham şənlikdən savayı daha nələrsə gözləyirdi. Bu Ona daha yaxşı imkanlar verdi, nəinki əgər bayramın əvvəlində Yerusəlimə gəlsəydi. İsa ən yaxşı nəticələrə nail olmaq üçün vaxtını və fürsətini diqqətlə seçirdi.
Bu hissədən biz iki şeyi öyrənirik:
1. İsanı hərəkətə keçməyə və planlarını açıqlamağa məcbur etmək olmaz. Qardaşları Onu Yerusəlimə getməyə məcbur etmək istəyirdilər. Bu Ona meydan oxumağa bərabər idi. İnsani nöqteyi-nəzərindən İsanın qardaşları haqlı idilər. Çünki ən böyük möcüzələri — suyu şəraba çevirməsi (Yəhya 2:1-11), saray əyanının oğlunu sağaltması (Yəhya 4:46-54), beş min nəfəri çörəklə doyuzdurması (Yəhya 6:1-14) kimi möcüzələri İsa Qalileyada etmişdir. Yerusəlimdə isə İsa yalnız bir möcüzə göstərmişdi — hovuzdakı xəstəyə şəfa vermişdi (Yəhya 5:1-15). İsanı Yerusəlimə getməyə dəvət etmək təbii idi, belə ki, oradakı davamçıları da Onun möcüzələrini görə bilsinlər. Həm də hekayədən görürük ki, hovuzdakı xəstənin sağalması möcüzə kimi deyil, Şənbə gününün pozulması kimi qəbul edilmişdir. Bundan əlavə, əgər İsa insanların diqqətini cəlb etmək niyyətində idisə, O, ictimaiyyət qarşısına çıxmalı idi, səhrada gizlənməklə buna nail ola bilməzdi. Hər kəs Onun əməllərini görməli idi, Yerusəlim isə ən münasib yer idi. Qalileya sakinləri hərarətli xasiyyəti və qaynayıb-coşan təbiətləri ilə tanınırdı. Qalileyada davamçı tapmaq çətin deyildi. Yerusəlim isə başqa bir məsələ idi — bu, əsl ciddi sınaq idi.
İsanın qardaşları öz təkliflərini yaxşıca əsaslandıra bilərdilər, lakin İsanı istədiyi kimi nəsə etməyə məcbur etmək olmazdı: O, etdiyi işləri insanların dediyi vaxtda deyil, Allahın təyin etdiyi vaxtda görür. İnsan Allahın hikmətini gözləməyi öyrənməlidir.
2. Heç kim İsaya laqeyd yanaşa bilməz. İsanın qardaşlarının Yerusəlimə getdiyi vaxta heç kim əhəmiyyət vermədi, onların orada olduqlarını heç kim görmədi, çünki onların gəlişi də, gedişi də heç nəyi dəyişmədi. İsanın gəlişi isə tamamilə fərqli idi. Nəyə görə? İsanın qardaşlarının əhval-ruhiyyəsi və davranışı ümumi qəbul edilmiş standartlara uyğun idi. İsanın gəlişi isə — dünyəvi həyat tərzinin ifşa edilməsi, eqoizm və ruhani durğunluğa meydan oxuması idi. İsa vaxtı Özü seçir, çünki O gələndə həmişə nəsə baş verir.
10-13
İsa Özü üçün əlverişli məqam seçib Yerusəlimə gəldi. Biz insanların Onunla necə davrandıqlarını, Onun haqqında nə danışdıqlarını görürük. Bu fəsildə əks olunan insanların İsaya qarşı müxtəlif münasibətləri olduqca maraqlıdır. Gəlin onları nəzərdən keçirək.
1. Qardaşlarının İsaya olan rəftarı (7:1-5) yarı istehzalı, yarı aşağılayıcı idi. Bəzilərinin inkişafdan geri qalan oğlan uşağını lağa qoyduğu kimi, onlar da İsanı elə lağa qoyurdular. Məsihin yoluna həqarətlə yanaşan həmin münasibəti bu gün də görmək olar.
Romanların birində bir kənd keşişinin vaxtaşırı aristokratların evinə böyük şam yeməyinə dəvət edilməsindən bəhs olunur. Ev sahibi yarızarafat, yarı alçaldıcı şəkildə uşağı özünü göstərməyə və ya köpəyi öz hoqqalarını nümayiş etdirməyə təhrik edirmiş kimi, keşişi qonaqlarla söhbətə və mübahisəyə sövq edirdi. Bu gün də bəzi insanlar məsihçi inancının ölüm-dirim məsələsi olduğunu unudurlar.
2. Fariseylərin və baş kahinlərin nifrəti (7:19) onların ümumi maraqlarına əsaslanmırdı, çünki onlar da bir-birilərinə nifrət edirdilər. Fariseylər İsaya ona görə nifrət edirdilər ki, İsa onların xırda qayda və qanunlarına məhəl qoymurdu: əgər İsa haqlı idisə, deməli, onlar yanılırdılar. Onlar isə öz xırda sistemlərini Allahdan daha çox sevirdilər. Sadukeylər siyasi partiya idilər: onlar fariseylərin norma və qaydalarına əməl etmirdilər. Demək olar ki, bütün kahinlər sadukeylər idi. Onlar Roma işğalçılarına kömək edir, çox rahat və dəbdəbəli həyat tərzi sürürdülər. Onların Məsihə ehtiyacı yox idi, çünki Məsihin gəlişi ilə bütün siyasi sistemləri çökəcəkdi, bununla da onların mövqeləri və rahatlıqları pozulacaqdı. Onlar İsaya ona görə nifrət edirdilər ki, İsa onların qanuni faydalarına müdaxilə edirdi, bu da onlar üçün Allahdan daha əziz idi. Bu gün də insan öz xırda «həqiqətini» Allahdan çox sevə, «qanuni» mənafeyini tələblərdən, fədakarlıq yolundan üstün tuta bilər.
3. Belə münasibət İsanı yox etmək arzusuna çevrildi (7:30-32). İnsanın şəxsi idealları Məsihin idealları ilə ziddiyyət təşkil edəndə, insan ya İsaya tabe olmağa, ya da Onu aradan qaldırmağa çalışır. Adolf Hitler ətrafında məsihçiləri görmək istəmirdi, çünki onlar Məsihə sədaqəti dövlətə sədaqətdən üstün tuturdular. Məsihi tanıyan insan sadə seçim qarşısında qalır: ya öz istədiyi kimi, ya da İsanın istədiyi kimi etməlidir. Əgər o öz istədiyi kimi etmək niyyətindədirsə, onda Məsihi aradan qaldırmağa çalışacaq.
4. Bəziləri İsaya təkəbbürlə yanaşırdılar (7:15-47-49). Yəni Onun gəlib burada qanun qoymağa nə haqqı var? İsanın böyük və ali təhsilli əcdadları yox idi; O, ravvinlərin məktəblərində və akademiyalarında oxumamışdı. Məgər savadlı insan Onu dinləyə bilərdimi? Onlarda intellektual snobizm25 püskürürdü. Ən böyük şairlərin, yazıçıların və təbliğatçıların çoxu, ümumiyyətlə, ali ixtisas təhsili almayıb. Düzdür, bu, o demək deyil ki, məktəbə, mədəniyyətə, təhsilə laqeyd yanaşmaq lazımdır. Təbii ki, xeyr. Ancaq xüsusi təhsili olmadığı üçün insanları rədd etmək olmaz.
5. Camaat İsaya tam fərqli münasibət bəsləyirdi. Camaatın reaksiyası ikitərəfli idi. Bir tərəfdən insanlar İsaya maraq göstərirdilər (7:11). İsa Məsih insanın həyatına daxil olanda, o, laqeyd qala bilməz. Hansı tərəfdən baxırıqsa-baxaq, İsa Məsih bəşəriyyət tarixində ən görkəmli Şəxsdir. Digər tərəfdən, camaat arasında Onun haqqında çoxlu dedi-qodular və söhbətlər gəzirdi (7:12-43). Camaat İsa haqqında danışır, Onun haqqında öz fikirlərini bildirir, müzakirələr aparırdı. Bunun həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət məqam budur ki, biz öz nöqteyi-nəzərimizi başqalarının fikri ilə müqayisə etməklə daha yaxşı başa düşə bilərik. Necə deyərlər, dəmir dəmiri itiləyər, ağıl da ağılı. Amma təhlükə də məhz ondadır ki, bir çoxları dini mübahisə, debat və diskussiya mövzusu, ömrü boyu yalnız danışa biləcəyi, amma heç vaxt əməl etmədiyi bir sıra maraqlı mövzuları qəbul etməyə şirnikləndirilə bilər. Dəlilləri sevən, səhərə qədər mülahizə yürütməyə hazır olan ilahiyyatçı ilə Məsihin yolu haqqında danışmaqdan çox onun dərinliyinə varan həqiqi dindar insan arasında böyük fərq var.
Qarşımızda İsa haqqında bir sıra yəhudi fikirləri var.
1. Bəziləri Onun yaxşı olduğunu düşünürdü (7:12). Bu, düzgün fikirdir, lakin tamamilə həqiqət deyil. Napoleonun məşhur bir sözü vardı: «Mən insanları tanıyıram, amma İsa Məsih bütün insanlardan üstündür». İsa, həqiqətən də, əsl insan idi, lakin O, Allahın ağlına malik idi. Onun nitqi — bir adamın başqası ilə bölüşdüyü fikir mübadiləsi deyildi. Əgər belə olsaydı, biz Onun əmrləri haqqında mübahisə edərdik. İsanın müraciət etməsi Allahın insanlara müraciət etməsidir. Həm də Məsihin yolu — əmrlər haqqında mübahisə deyil, onların qəbul edilməsidir.
2. Başqaları Onun peyğəmbər olduğunu hesab edirdilər (7:40). Bu doğrudur. Peyğəmbər Allahın iradəsini insanlara çatdırır. Peyğəmbər Allaha o qədər yaxın olan bir insandır ki, Onun düşüncələrini və məqsədlərini bilir. Bu İsaya da aiddir, amma burada bir fərq var. Peyğəmbər deyir: «Rəbb belə deyir». Peyğəmbər Allahın nüfuzunu daşıyır və xalqa çatdırdığı xəbər onun şəxsi xəbəri deyil. İsa Məsih isə deyir: «Mənsə sizə deyirəm». Onun başqasının nüfuzunu daşımaq və başqasının adından danışmaq yox, Öz adından danışmaq haqqı var.
3. Başqaları Onun cinə tutulduğunu hesab edirdilər (7:20). Burada yalnız bir həqiqət var: ya İsa bu dünyada ağlı başında olan yeganə insan idi, ya da O, dəli idi. O, qüdrətə malik olduğu halda, Çarmıxa çəkilməyi seçdi; O, padşah ola biləcəyi halda, əzab çəkən bir qul oldu; O, şagirdlərinin ayaqlarını yudu, halbuki istəsəydi, insanlar Onun qarşısında diz çökərdilər; O, dünyaya xidmət etmək üçün gəldi, halbuki bütün dünyanı Öz quluna çevirə bilərdi. Bəli, İsanın sözləri cismani məna daşımır, qeyri-adi məna daşıyır. O, dünyəvi normaları alt-üst etdi, çünki cahil dünyaya Allahın ali sağlam düşüncəsini gətirdi.
4. Bəziləri düşünürdülər ki, O, camaatı aldadır. Yəhudi başçıları İsanı xalqı dindən uzaqlaşdıran biri kimi görürdülər. O, dinə qarşı hər cür cinayətdə ittiham olunurdu: məsələn, O, Şənbəni pozandır, sərxoş və qarınquludur; Onun yaramaz dostları var; O, ortodoks dini məhv edir və s. Şübhəsiz ki, əgər biz öz dinimizi Onun yolundan üstün tutsaq, Onun yoldan çıxaran olduğunu güman edəcəyik; ən çətini də elə budur — insanı yanıldığına inandırmaq.
5. Bəziləri İsanın cəsur insan olduğunu düşünürdü (7:26). Onun böyük şücaətinə heç kim şübhə edə bilməz. O, şərtiliklərə və adət-ənənələrə qarşı çıxmaq, hamıdan fərqli olmaq üçün mənəvi cəsarətə malik idi. Ailəsi və dostları Onu tərk edəndə, hətta ən yaxın şagirdlərindən biri tərəfindən xəyanətə uğrayanda, Onun irəli getmək üçün cəsarəti vardı. Budur, O, cəsarətlə Yerusəlimə daxil oldu. Bu, aslan qəfəsinə girməyə bərabər idi. Onun Allahdan qorxusu o qədər böyük idi ki, insanlardan qorxmurdu.
6. Başqaları İsada insanlarda güclü təəssürat yaradan qeyri-adi bir Şəxsiyyət görürdülər (7:46). Onu həbs etmək üçün göndərilən mühafizəçilər əliboş qayıdaraq dedilər ki, hələ indiyəcən kiminsə belə danışdığını görməyiblər. Bu Qalileyalı dülgər ölkənin ali hakimiyyət nümayəndələrinin üzünə cəsarətlə baxırdı. O Öz varlığı və sözləri ilə onları susdururdu. Belə ki, artıq mühakimə olunan O deyildi, onlar idi. İsanı həlim və zəif kimi təsəvvür etmək olmaz. Ondan qüdrət çıxırdı. Ona görə də İsanı həbs etmək üçün göndərilənlər heyrət içində, əliboş qayıtdılar.
7. İsada Allahın məsh olunmuş Məsihini görənlər də var idi. Bu, yeganə düzgün yanaşma idi, çünki bütün digər mülahizələr Onu yalnız bir tərəfdən xarakterizə edirdi. Aydındır ki, İsa bizim üçün mövcud olan heç bir insan kateqoriyasına uyğun gəlmir; Ona yalnız ilahi kateqoriyalar uyğun gəlir.
Bu fəslin ümumi xarakteristikasını tamamlamazdan əvvəl İsaya qarşı başqa üç münasibəti qeyd etmək lazımdır.
a) Camaatda qorxu var idi (7:13). Camaat Onun haqqında danışsa da, açıq danışmaqdan qorxurdu. Yəhya burada səsə bənzər, səsi təqlid edən sözdən istifadə edir — qonqusmos. Bu söz müxtəlif cür tərcümə olunur: vızıldama, deyinmə, narazılıq, yəni deyinmək, giley-güzar etmək. Eyni söz Çıxış 15:24-də də istifadə olunur. Orada deyilir ki, İsrail xalqı səhranı dolaşarkən Musa peyğəmbərdən giley-güzar etməyə başladı. Onlar Musadan narazılıq edərək dodaqlarının altında donquldayırdılar: ucadan narazılığını bildirməkdən qorxduqları üçün şikayətlənib mırıldayırdılar. Qorxu insana öz imanını ucadan iqrar etməsinə mane ola və deyinməyə gətirib çıxara bilər. Məsihçi heç vaxt Məsihə inandığını dünyaya ucadan bəyan etməkdən qorxmamalıdır.
b) Xalq arasından çoxu İsaya iman etmişdir (7:31). Həmin insanlar öz gözləri ilə gördüklərini inkar edə bilməzdilər. Onlar İsanın dediklərini eşidirdilər; Onun nə etdiyini görürdülər və iman etmişdilər. Xurafatdan və qorxudan imtina edən insan sonda iman etməlidir.
c) Nikodim İsanı müdafiə etməyə çalışdı (7:50). Yəhudi başçılarının iclasında Nikodim səsini ucaldıb dilləndi. Bu bizim hər birimizin borcudur. Bir dəfə ilahiyyatçılardan biri öz tələbələrinə belə bir tövsiyə vermişdi: «Hər vəzinizdə İsa Məsih haqqında yaxşı söz deyin». Bu gün biz məsihçiliyə düşmən kəsilən bir dünyada yaşayırıq. Eyni zamanda dünya Məsih haqqında bu qədər danışmağa və din məsələlərini müzakirə etməyə heç vaxt hazır olmamışdır. Biz elə bir dövrdə yaşayırıq ki, hər bir insan «iman müdafiəçisi» adını qazana bilər. Allah hər birimizə insanların tənqidi, bəzən də ələ salınması qarşısında Məsihin müdafiəçisi adlandırılmaq imtiyazını verib.
14-18
Biz artıq danışmışdıq ki, Yəhyanın Müjdəsinin bəzi hissələrinin yeri, çox güman, səhv düşüb. Bəlkə də Yəhyanın onları düzgün sıralamağa vaxtı yox idi. Bəlkə də müvafiq vərəqlər sadəcə düzgün qoyulmayıb. Bu və sonrakı hissələr həmin uyğunsuzluğun ən bariz nümunələrindən biridir. Burada təqdim olunan hissələr çətin ki hansısa məna kəsb etsin. Çünki onların burada qeyd olunmasının mətnlə heç bir əlaqəsi yoxdur. Bu hissələr, çox güman, Yəhya 5:47-dən sonra gəlməlidir. Beşinci fəsil hovuzdakı xəstənin sağalmasından bəhs edir. Şəfa möcüzəsi Şənbə günü baş vermişdir və yəhudi başçıları tərəfindən Şənbə günü Qanununun pozulması kimi qiymətləndirilmişdir. İsa Özünü müdafiə edərkən Musa peyğəmbərin kitablarından sitatlar gətirdi və qeyd etdi ki, əgər onlar, həqiqətən də, Müqəddəs Yazıların mənasını bilsəydilər və Musaya iman etsəydilər, onda Ona da iman etmiş olardılar. Beşinci fəsil bu sözlərlə bitir: «Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?» (Yəhya 5:46-47) Əgər bundan dərhal sonra Yəhya 7:15-24 ayələrini oxusaq, onda aydın əlaqəni görərik. İsa indicə Musa peyğəmbərin kitabına istinad etdi və yəhudi rəhbərləri dərhal (Onun bu sözlərindən) təəccüblənərək müdaxilə etdilər: «Bu Adam yaxşı təhsil almadığı halda necə olub ki savadlıdır?» Əgər biz Yəhya 7:15-24-ü Yəhya 5:47-nin ardınca gəldiyini fərz etsək, onda onun mənasını və münasibliyini daha yaxşı başa düşəcəyik. Bunu nəzərə alaraq, araşdırdığımız hissəyə diqqət yetirək.
Tənqid İsanın tamamilə savadsız olmasına yönəlmişdi. Peter və Yəhya Ali Şuranın qarşısına çıxarılanda da eyni ittiham irəli sürülmüşdü (Həvarilərin işləri 4:13). İsa ravvinlərin məktəbində təhsil almamışdı. Yalnız rəsmi tanınan müəllimin tələbələrinin Müqəddəs Yazıları şərh etmək və Qanun haqqında danışmaq hüququ var idi. Heç bir ravvin öz nəticələrinə əsaslanaraq özündən heç bir açıqlama vermirdi. Onlar, adətən, belə deyirdilər: «Belə bir təlim var ki...», ardınca da verilən bəyanatı dəstəkləyən sitatlar və mötəbər mənbələrə istinad edirdilər.
Burada isə heç bir təhsili olmayan Qalileyalı dülgər Musa peyğəmbərin kitabından sitat gətirməyə və şərh etməyə cəsarət edir. Fariseylər düşünürdülər ki, İsa burada onların tələsinə düşəcək. İsa «Mənə müəllim lazım deyil, Mən Öz-Özümə öyrənmişəm. Müəllimliyim də, müdrikliyim də Özümə aiddir» deyə bilərdi. Amma əvəzində İsa dedi: «Soruşursunuz ki, Mənim müəllimim kimdir? Bilmək istəyirsiniz ki, Müqəddəs Yazıları şərh edərkən kimə istinad edirəm? Mən Allaha istinad edirəm». İsa dedi ki, Onu öyrədən Allahın Özüdür. O, dəfələrlə bunu bəyan edib. «Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi» (Yəhya 12:49). «Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür» (Yəhya 14:10).
İngilis rəssamı Frenk Solsberi deyir ki, Vestminster abbatlığında «Naməlum əsgərin dəfni» adlı böyük kətan əsərini tamamlayanda, rəssam yoldaşlarından biri ona belə bir məktub yazmışdır: «Çəkdiyiniz, ya da çox güman, Allahın sizə çəkməyə kömək etdiyi möhtəşəm şəkil münasibətilə sizi təbrik edirəm». İnsan ağlının və ruhunun istənilən böyük işi Allahın ənamıdır. Əgər nəyisə təkbaşına öyrəndiyimizlə fəxr ediriksə, heç kimin köməyi olmadan hansısa işi özümüz yerinə yetirdiyimizi iddia ediriksə, onda yalnız özümüzü və adımızı tərifləyirik. Dahi insanlar isə ağıllarının gücü və ya əllərinin bacarığı haqqında deyil, onlara elm öyrədən və bacarıq verən Allah haqqında düşünürdülər.
Sonra İsa həqiqəti izah edir: yalnız Allahın iradəsini yerinə yetirən şəxs Onun təlimini başa düşə bilər və bu, teoloji deyil, universal həqiqətdir. Biz nəsə etdiyimiz zaman öyrənirik, təcrübə həqiqətin meyarıdır. Həkim cərrahiyyənin bütün üsullarını kitabdan öyrənə bilər. O, hər hansı əməliyyatın nəzəriyyəsini bilə bilər, amma bu onu cərrah etmir. O, əməliyyatlar edərək öyrənməlidir. İnsan avtomobilin mühərrikinin necə işlədiyini öyrənə bilər, istənilən təmir və tənzimləmənin necə aparıldığını nəzəri olaraq izah edə bilər. Lakin bu onu usta etmir: o, təcrübədə öyrənməlidir.
Eyni şey məsihçi həyatına da aiddir. Əgər biz hər şey bizə aydın olana qədər gözləsək, heç vaxt başlaya bilməyəcəyik. Amma biz açıq olan Allahın iradəsini yerinə yetirməyə başlasaq, getdikcə daha yaxşı başa düşəcəyik: biz təcrübədə öyrənəcəyik. Əgər bir adam «Mən məsihçi ola bilmərəm, çünki məsihçi təlimində anlaşılmaz məqamlar çoxdur. Mən bütün bunları özüm başa düşənə qədər gözləməliyəm» desə, ona belə cavab vermək lazımdır: «Sən heç vaxt hər şeyi başa düşməyəcəksən. Amma məsihçi kimi yaşamağa başlasan, getdikcə hər şeyi daha yaxşı anlayacaqsan». Hər yerdə olduğu kimi, məsihçiliyi də təcrübədə öyrənmək lazımdır.
Unutmayın ki, bu hissə hovuzdakı xəstənin sağalmasından sonra gəlməlidir. İsa Şənbə günü xəstələrə şəfa verdiyinə görə mühakimə edildi. İsa isə göstərir ki, O, yalnız Allahın izzətini axtarır və Onun əməlində heç bir qəbahət yoxdur.
19-24
Bu hissənin ətraflı təhlilinə keçməzdən əvvəl bir məqamı qeyd etməliyik. Yaranmış vəziyyəti təsəvvür edin — İsa ilə yəhudilərin elitası arasındakı mübahisəni ətrafda dayanan izdiham izləyir. İsa Şənbə günü xəstəni sağaltdığını və bununla Şənbə günü Qanununu rəsmi şəkildə pozduğunu izah etməyə çalışır. O deyir ki, Musa peyğəmbər onlara Qanun verib, amma heç kim Qanuna əməl etmir. Onda nə üçün onlar daim Qanunu pozduqları halda, İsanın bir adamı sağaltdığına görə Onu öldürmək istəyirlər?
İzdiham içindən qışqırıqlar eşidilir: «Sən dəlisən!»; «Kim Səni öldürməyə çalışır?» Camaat hələ öz başçılarının açıq nifrətini görmür, Onu aradan götürmək planından xəbəri yoxdur; xalq İsanın təqib maniyasına tutulduğunu, təxəyyülü və zehninin pozulmuş olduğunu düşünürdü, çünki əsl vəziyyəti bilmirdi. İsa camaatın sualına cavab vermir. Bir də ki bu sual deyildi, kənar müşahidəçinin replikası idi.
İsa Öz arqumentini gətirir. Arqument isə belə idi: Qanuna görə, uşaq səkkizinci gün sünnət edilməlidir. «Səkkizinci gün uşaq sünnət olunsun» (Levililər 12:3).
Aydın məsələdir ki, həmin gün çox vaxt Şənbə gününə təsadüf edir. Qanun açıq şəkildə qeyd edir ki, «sünnət üçün lazım olan hər şey Şənbə günü edilə bilər». Buna görə İsanın arqumentini belə başa düşmək lazımdır: «Siz Musa peyğəmbərdən aldığınız Qanuna tam riayət etdiyinizi iddia edirsiniz. Qanunda deyilir ki, Şənbə günü heç bir iş görülməməlidir. Ancaq siz həyat üçün təhlükə yaratmayan hər hansı tibbi yardımı iş kimi xarakterizə edirsiniz. Bununla belə, Şənbə günü sünnət olunmağa icazə verirsiniz».
Sünnətin iki tərəfi var: bu, insan bədəninin bir hissəsinə edilən tibbi əməliyyatdır. Bədənin isə iki yüz qırx səkkiz hissəsi var (yəhudilərin düşüncələrinə görə). Bundan başqa, sünnət bir növ şikəst etməkdir: o, bədənin bir hissəsinin kəsilməsidir. İsa soruşur: «Şənbə günü insanın bədənini şikəst etməyə icazə verdiyiniz halda, onun bədənini sağaltdığıma görə siz Məni necə günahlandıra bilərsiniz?» Bu, güclü arqumentdir.
Sonda İsa yəhudilərə zahirdə olanlara görə deyil, ədalətlə mühakimə etməyi tövsiyə edir: əgər ədalətlə hökm etsələr, Onu Qanunu pozmaqda ittiham etməyə heç bir əsasları olmayacaq. Bizə elə gələ bilər ki, bu hissənin bizə heç bir aidiyyəti yoxdur. Amma burada biz İsanın uzaqgörən, iti və məntiqli ağlını görürük. Onun dövrünün ən müdrik adamlarını onların silahları ilə onların ərazisində necə məğlub etdiyini və onlara qalib gəldiyini müşahidə edirik.
25-30
Biz artıq gördük ki, çox ehtimal, 7:14-24-cü hissə 5:47-ci hissədən sonra gəlməlidir. Buna görə əlaqəni yaratmaq üçün biz 7:14-dən başlayır və 7:24-ə qədər davam edirik.
Camaat İsanın Məbəddə təlim verdiyini görəndə təəccübləndi. Bütpərəstlərin həyətinin hər tərəfində iki cərgə sütun var idi — padşah eyvanı və Süleymanın eyvanı: burada, adətən, insanlar gəzişir və ravvinlər təlim verirdi. Çox güman, İsa təlim verəndə onlar da orada idilər. Yəhudi başçılarının İsaya qarşı düşmənçiliyi hamıya bəlli idi. Buna görə də xalq İsanın yəhudi başçılarına meydan oxumaqda göstərdiyi cəsarətə heyrət etdi. Onları ən çox heyrətləndirən o idi ki, İsaya sərbəst şəkildə öyrətməyə icazə verilmişdi. Onlar fikirləşdilər: «Bəlkə bu adam Allahın Məsh olunmuş Məsihidir və rəhbərlər bunu bilir?» Ancaq belə fikirləşən kimi dərhal bu fikri özlərindən uzaqlaşdırırdılar. Onlar elə bilirdilər ki, İsanın haradan gəldiyini, harada boya-başa çatdığını bilirlər, valideynlərini, qardaş-bacılarını və nəslini tanıyırlar. Bu isə Məsihin zühuru ilə bağlı ümumi fikrə tamamilə ziddir. Yəhudilər inanırdılar ki, Məsih haradasa gizlənib və günlərin bir günü dünyada peyda olacaq.
Onlar bilirdilər ki, Məsih Bet-Lexemdə doğulacaq (bu, padşah Davudun şəhəri idi). Lakin bundan başqa, onların fikrincə, Onun haqqında heç nə məlum olmamalıdır. Ravvinlərin belə bir deyimi var idi: «Üç şey gözlənilmədən baş verir: Məsih, uğur və əqrəb». İnsanın bəxti qəfil gətirdiyi kimi və ya gizlənmiş əqrəbin qəfildən üstünə çıxdığı kimi, Məsih də gözlənilmədən peyda olacaq. Uzun illər sonra Əzabkeş Yustin bir yəhudi ilə iman barədə danışanda, yəhudi Məsih haqqında dedi: «Baxmayaraq ki, Məsih artıq doğulub və haradasa yaşayır, Onu heç kim tanımır. Hətta O Özü də Məsih olduğundan xəbərsizdir. Üstəlik, İlyas peyğəmbər gəlib Onu məsh etməyənə qədər, Onun nə səlahiyyəti, nə də qüdrəti var». Ənənəvi yəhudi inancına görə, Məsih dünyada qəfil və müəmmalı şəkildə peyda olacaq. İsa həmin yəhudi standartlarına heç uyğun gəlmirdi — Onun haradan gəldiyi ilə bağlı heç bir sirr yox idi. Yəhudilərin bu cür baxışı Allahı qeyri-adi şəkildə axtarmaq fikrindən qaynaqlanırdı. Yəhudiləri «Allahı adi şeylərdə də görmək olar» fikrinə inandırmaq mümkün deyildi. Məsihçi təlimi isə bunun tam əks nöqteyi-nəzərini qeyd edir: əgər Allah dünyaya yalnız qeyri-adi vasitələrlə gəlsəydi, onda Onun hüzuru çox nadir hallarda dünyada olardı. Yox, əgər biz Onu adi şeylərdə də görə biliriksə, deməli, Onun hüzuru həmişə buradadır. Məsihçilik Tanrının bu dünyaya hərdən və təsadüfi müdaxilə etdiyini hesab etmir. O hesab edir ki, Tanrının hüzuru həmişə bu dünyada mövcuddur.
İsa bu ifadələrə qarşı həm xalqı, həm də rəhbərləri şoka salan iki etiraz etdi. Onlar İsanın Kim olduğunu və haradan gəldiyini çox yaxşı bilirlər. Lakin eyni zamanda Onun bilavasitə Allahdan gəldiyi də doğrudur. Daha sonra İsa dedi ki, yəhudilər Allahı tanımırlar, amma O, Allahı tanıyır. Allahın seçilmiş xalqı olan yəhudilərə Allahı tanımadıqlarını söyləmək böyük təhqir idi. Onlara görə, İsanın Allahı heç kimin tanımadığı kimi tanıması və Onunla xüsusi münasibətdə olduğunu söyləməsi inanılmaz bir şey idi.
Burada biz İsanın həyatında böyük dönüş nöqtələrindən birini görürük: bundan əvvəl yəhudi başçıları Onu Şənbəni pozan üsyankar kimi görürdü. Əslində, bu özlüyündə kifayət qədər ciddi ittiham idi. Lakin həmin andan etibarən, onların nəzərində İsa artıq Şənbəni pozmaqda yox, ən dəhşətli günahda — küfr etməkdə günahkar idi. Onların fikrincə, heç kim Allah və İsrail haqqında İsanın danışdığı kimi danışa bilməz.
Biz də bu gün seçim etməliyik: ya İsanın Özü haqqında söylədiyi hər şey doğru deyil, (onda O, heç kəsin heç vaxt söyləməməli olduğu küfrdə günahkar idi), ya da Onun Özü haqqında söylədiyi hər şey həqiqətdir. Belə olan halda, O Özünü iddia etdiyi Şəxsdir. O, Allahın Oğlu adlandırılmalıdır. Hər bir insan özü üçün qərar verməlidir — o ya İsa Məsihin lehinədir, ya da əleyhinə.
31-36
İzdihamda bəziləri əmin idilər ki, İsa Allahın Məsh Olunmuşudur. Onlar inanırdılar ki, heç kim Onun etdiklərindən daha böyük şeylər edə bilməz. Vəftizçi Yəhya şübhə edəndə və öz şagirdlərini İsanın yanına göndərib gəlməli olanın İsanın olub-olmadığını, yoxsa başqasını gözləməli olduğunu soruşanda, İsa eyni arqumentdən istifadə etdi. İsa Vəftizçi Yəhyanın elçilərinə belə cavab verdi: «Gedin, eşitdiklərinizi və gördüklərinizi Yəhyaya danışın» (Matta 11:1-6). Camaat arasından bəzilərinin tərəddüd etməsi və İsanı Məsih kimi qəbul etməyə hazır olması faktı yəhudi başçılarını hərəkətə keçməyə sövq etdi. Onlar öz xidmətçilərini — çox güman, Məbədin mühafizəçilərini — Onu həbs etməyə göndərdilər. İsa onlara dedi: «O, az müddət onlarla olacaq və elə gün gələcək ki, onlar Onu tutmaq üçün deyil, Onun verə biləcəyini almaq üçün axtaracaqlar, lakin onda çox gec olacaq. Çünki Onun olacağı yerə gələ bilməyəcəklər».
İsa demək istəyirdi ki, O, Atanın yanına qayıdacaq, onlar üçünsə itaətsizliklərinə görə oraya giriş bağlıdır. Amma bunu eşidənlər İsanın nə demək istədiyini başa düşmədilər. Yəhudilər uzun əsrlər boyu dünyanın hər yerinə səpələnmişdilər: bəzən onlar yadelli torpaqlara zorla aparılmış, bəzən də ölkələrinin çətin vəziyyətinə görə özləri xarici ölkələrə üz tutmuşdular. İsraildən kənarda yaşayan yəhudilər ümumi olaraq diaspor, səpələnmə kimi tanınırdılar. Alimlər hələ də bu termini İsraildən kənarda yaşayan yəhudilər üçün istifadə edirlər. Yəhudilər həmin anda məhz bu sözdən istifadə etmişdilər. «Bəlkə İsa diaspor olmaq istəyir? Doğrudanmı, O gedib yunanlara vəz etmək və bütpərəst dünyanın geniş kütləsində itib-batmaq istəyir? O, heç kimin Onu tapa bilməyəcəyi qədər uzaqlara qaçmaq niyyətindədir?» Maraqlıdır ki, bu acı atmaca peyğəmbərliyə çevrildi. Yəhudilər bunun sadəcə bir zarafat olduğunu düşündülər. Amma zaman keçdikcə bu, mübarək bir həqiqət oldu — Dirilmiş Məsih bütpərəstlərin yanına getdi.
Bu hissədə biz İsanın xəbərdarlığı ilə qarşılaşırıq. Bir dəfə İsa dedi: «Axtarın, tapacaqsınız» (Matta 7:7). İndi isə O deyir: «Siz Məni axtarıb tapmayacaqsınız» (Yəhya 7:34). Xeyli müddət əvvəl qədim peyğəmbərlərdən biri bu fikirlərin hər ikisini bir cümlə ilə mükəmməl şəkildə ifadə etmişdir: «Tapmaq fürsəti olarkən Rəbbi axtarın» (Yeşaya 55:6). Bu dünyada vaxt məhduddur: insanın fiziki gücü zəifləyir, otuz yaşında bacardığını altmış yaşında edə bilmir. Əqli cəhətdən də zəifləyir, insan gəncliyində və həyatın çiçək açdığı çağında edə bildiklərini qoca yaşında edə bilmir. Əxlaqi qabiliyyətlər də zəifləyir. Bir zamanlar gözündə asan kimi görünən hansısa vərdiş insan yaşlandıqca ondan qurtula bilmir.
Eyni şey İsa Məsihlə münasibətimizə də aiddir. İsa bu adamlara dedi: «Rəbbə olan ehtiyac hissi sizdə çox gec oyana bilər». İnsan İsa Məsihi o qədər uzun müddət rədd edə bilər ki, axırda Onun gözəlliyini belə görməyə bilər; o, pisliyi xeyir hesab edəcək və artıq tövbə edə bilməyəcək. Nə qədər ki pislik bizi incidir, xeyirxahlıq isə özünə cəzb edir, bizim hələ də axtarmaq və tapmaq fürsətimiz var. Amma diqqətli olun ki, günaha qarşı kor olana qədər günah etməyə vərdiş etməyəsiniz. Allahı da Onun mövcudluğunu unudacaq qədər Onu uzun müddət rədd etməyəsiniz. Çünki o zaman insanda Allaha ehtiyac hissi ölür. İnsanda Allaha ehtiyac hissi yoxdursa, o Onu axtara bilməz. Axtara bilmirsə, deməli, heç vaxt tapa bilməz. İnsan heç vaxt günaha olan həssaslığını itirməməlidir.
37-44
Bu fəsildə qeyd olunan hadisələr Çardaqlar bayramı zamanı baş verir. Həmin hadisələri düzgün başa düşmək üçün bu bayramın mənası və onunla bağlı bəzi adət-ənənələr haqqında təsəvvürümüz olmalıdır. Çardaqlar bayramı və ya məhsulun toplanması bayramı Pasxa və Əllinci gün bayramları qədər vacib bayramlardan biri sayılırdı. Yerusəlimdən iyirmi beş kilometr aralıda yaşayan hər yəhudinin bu bayramlarda iştirak etməsi məcburi idi. Bu bayram yeddinci ayın on beşinci gününə, yəni təxminən oktyabrın 15-nə təsadüf edirdi. Bütün mühüm yəhudi bayramları kimi, bu bayram da ikiqat məna daşıyırdı.
Birincisi, tarixi məna daşıyırdı. Bayramın adı bayram boyu insanların evlərini tərk edib çadırlarda yaşaması ilə bağlıdır. Bayram zamanı çadırlar hər yerdə — evlərin yastı damlarında, küçələrdə, şəhər meydanlarında, bağlarda, hətta Məbədin həyətlərində qurulurdu. Qanunda xüsusi qeyd olunub ki, həmin çadırlar daimi tikili kimi deyil, xüsusi olaraq bu bayram üçün hazırlanmalıdır. Çadırın divarları şüvüldən və yarpaqlı budaqlardan düzəldilirdi. Həmin konstruksiya havadan qorumalı idi, ancaq günəşi tamamilə örtməməli idi. Dam qamışla örtülməli idi, lakin elə bir şəkildə örtülməli idi ki, gecələr ulduzlar görünə bilsin. Bayramın mənası bir vaxtlar yəhudilərin səhrada başlarının üstündə damı olmadığını, evsiz-eşiksiz sərgərdan olduqlarını xatırlatmaq idi (Levililər 23:40-43). «Beləliklə, sizin nəsilləriniz bilsin ki, Mən İsrail övladlarını Misir torpağından çıxarandan sonra onları çardaqlarda yerləşdirdim». Əvvəlcə bu bayram yeddi gün qeyd edilirdi, lakin İsanın dövründə ona səkkizinci gün də əlavə edildi.
İkincisi, kənd təsərrüfatı mənası daşıyırdı. Bu, minnətdarlıq bayramı idi — hərdən bu bayram əkinin nübarı ilə biçin bayramı adlanır (Çıxış 23:16; 34:22). Çardaqlar bayramı ən məşhur bayramlardan biri idi. Buna görə də o, bəzən sadəcə bayram (1Padşahlar 8:2), bəzən isə Rəbbin bayramı (Levililər 23:39) adlanırdı. Bu bayram, ümumiyyətlə, xüsusi yer tuturdu. Xalq arasında onu «sevinc vaxtımız» adlandırırdılar. Çünki həmin vaxta qədər həm arpa, həm buğda, həm də üzüm yığılırdı. Qanun xüsusi olaraq deyirdi ki, bu bayram «İlin sonunda işinin bütün məhsulunu tarladan» yığandan (Çıxış 23:16), «Xırmanınızdan, üzümsıxanınızdan məhsul götürəndən» sonra qeyd olunmalıdır (Qanunun təkrarı 16:13-16). Bu, hətta cari məhsul üçün sadə şükür bayramı deyildi — bu, həyatı dolğun və xoşbəxt edən Allahın səxavətinə görə sevincli bir minnətdarlıq idi. Zəkəriyyə peyğəmbərin yeni dünya haqqında gördüyü görüntüdə həmin xüsusi bayram hər yerdə qeyd olunurdu (Zəkəriyyə 14:16-18). Roma tarixçisi İosif Flavi bunu «yəhudilərin ən müqəddəs və ən böyük bayramı» adlandırmışdı («Yəhudilərin qədimliyi» 3:10,4). Bu bayram təkcə zənginlər üçün deyildi — Qanuna görə, nökərlər, qəriblər, dullar və kasıblar həmin sevinc dolu bayramda iştirak etməli idilər.
Çardaqlar bayramı ilə əlaqədar xüsusi bir adət var idi. İştirakçılar «gözəl ağacların meyvələrini, xurma ağaclarının budaqlarını, sıx yarpaqlı ağacların və çay kənarında bitən qovaq ağaclarının budaqlarını» toplamalı idilər (Levililər 23:40). Sadukeylər deyirdilər ki, çadırlar bu materialdan düzəldilməlidir. Fariseylər isə deyirdilər ki, iştirakçılar bu budaqları özləri ilə birlikdə Məbədə gətirməlidirlər. Təbii ki, xalq fariseylərin nöqteyi-nəzərini seçirdi, çünki o zaman onlar gözəl mərasimdə iştirak edirdilər.
Məhz bu mərasim bu hissə və İsanın sözləri ilə birbaşa əlaqəlidir. İsa bu mərasimi nəzərdə tuturdu. Bəlkə də bu mərasim Onun sözlərinə birbaşa fon kimi xidmət edirdi. İnsanlar hər gün xurma və qovaq ağaclarının budaqları ilə Məbədə gəlir, budaqlardan bir növ örtük və ya dam düzəldir və böyük qurbangahın ətrafında yürüş edirdilər. Bu zaman kahinlərdən biri üç loq tutan (təxminən 1,5 litr) qızıl küp götürüb, Şiloah bulağına enərək, onu su ilə doldururdu və Bulaq darvazalarından geri qayıdırdı. Bu vaxt xalq Yeşaya 12:3-də yazılmış ayəni mahnı kimi oxuyurdu: «Sevinclə xilas mənbələrindən su çəkəcəksiniz». Su Məbədə gətirilir və Allaha qurban olaraq qurbangahın üzərinə tökülürdü. Bu zaman Levililərdən ibarət xor fleytaların müşayiəti ilə Zəbur 113-118-i oxuyurdu. Hər dəfə «Rəbbə şükür edin» (Zəbur 118:1), «Aman, ya Rəbb, bizi qurtar!» (Zəbur 118:25) və «Rəbbə şükür edin» (Zəbur 117:29) sözlərini oxuyanda, ibadətdə olanlar nida edir və xurma budaqlarını qurbangah tərəfə yellədirdilər. Bütün təmtəraqlı mərasim Tanrıya Onun gözəl nemətlərinə — suya, yağışa və səhrada dolaşarkən qayadan çıxan suya görə şükür xatirəsi idi. Son gün bu mərasim daha da təsirli olurdu: yəhudilər Yerixonun divarları ətrafında yeddi dəfə dövrə vurmalarının və sonda divarların uçub şəhərin alınmasının xatirəsinə qurbangahın ətrafında yeddi dəfə dolanırdılar. Bütün bunlardan sonra, bəlkə də, elə həmin anda İsanın səsi eşidildi: «Kim susayıbsa, yanıma gəlib içsin». İsa sanki deyirdi: «Bədənlərinizin susuzluğunu yatıran suya görə Allaha həmd və şükür edirsiniz. Ruhunuzun susuzluğunu yatıracaq su istəyirsinizsə, yanıma gəlin». O, bu təmtəraqlı andan insanların düşüncələrini Allaha və əbədiyyətə yönəltmək üçün istifadə etdi.
Hadisənin baş verdiyi tarixi fonla tanış olduqdan sonra, gəlin bu hissəni daha ətraflı nəzərdən keçirək.
İsanın təklifi düşüncələrimizdə bəzi çətinliklər yaradır. O deyir: «Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». Hələ heç kim bu sitatın haradan götürüldüyünü qənaətbəxş bir şəkildə göstərə bilməyib. Həm də bizdə «bunun mənası nədir?» deyə sual yardır. İki ehtimal var.
1. Bu, İsaya iman edəcək insanlara aid ola bilər: onların daxilində canlı həyat suyu axan çaylar yaranacaq. Yəqin ki, bu, samariyalı qadına deyilən «...ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək» (Yəhya 4:14), yaxud Yeşaya peyğəmbərin «Rəbb həmişə sizə yol göstərəcək, quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək. Siz də sulanmış bağça kimi, suları heç vaxtı əskilməyən bulaq kimi olacaqsınız» (Yeşaya 58:11) sözlərinin digər formasıdır. Onda İsanın ifadəsi o deməkdir ki, O, Müqəddəs Ruh vasitəsilə insanın gücünü bərpa edə bilər.
Yəhudilər bütün düşüncə və duyğuları bədənin müəyyən hissələri ilə əlaqələndirirdilər. Onlar ürəyi ağıl, böyrəkləri və qarını isə gizli hissələrlə əlaqələndirirdilər. Süleymanın məsəlləri kitabının müəllifinin dediyi kimi: «İnsanın ruhu Rəbbin çırağıdır, daxilinin dərin yerlərini araşdırar» (Süleymanın məsəlləri 20:27). Bu isə o deməkdir ki, İsa insanlara təqdis edən, təravətləndirən, həyat bəxş edən Müqəddəs Ruhun xəfif axınını təklif etdi. Bununla O, düşüncələrimiz və hisslərimizin təmizlənməsini və canlanmasını istəyirdi. İsa sanki deyirdi: «Mənim yanıma gəlin və Mənə iman edin. Mən də Ruhumun vasitəsilə sizə yeni həyat verəcəyəm, sizə həmişə arzuladığınız, amma heç vaxt əldə edə bilmədiyiniz paklığı və məmnunluğu verəcəyəm». Şübhəsiz ki, bu təfsirlərdən hansını doğru qəbul etsək də, hər biri özlüyündə doğrudur.
2. Başqa bir şərh budur ki, «daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək» ifadəsi İsanın Özünə aiddir. Ola bilsin, bu, İsanın bizə məlum olmayan mənbədən götürdüyü Məsihin xüsusiyyətidir. Məsihçilər həmişə İsanı səhrada israillilərə su verən qaya ilə eyniləşdirirlər (Çıxış 17:16). Paul da bu obrazı İsaya tətbiq etmişdi (1Korinflilərə 10:4). Yəhya deyir ki, bir əsgərin nizəsinin zərbəsindən İsadan qan və su axdı (Yəhya 19:34). Su vəftiz yolu ilə əldə edilən paklığı, qan isə Qolqotanın kəffarə qurbanını simvollaşdırır. Əhdi-Ətiqdə tez-tez Allahdan gələn həyatverici suyun simvoluna rast gəlinir (Zəbur 105:41; Yezekel 47:1-12). Yoel peyğəmbərin kitabında belə bir möhtəşəm mənzərə var: «Rəbbin evindən bir qaynaq çıxacaq» (Yoel 3:18). Ola bilsin, müjdəçi İsanı təqdis edən xəfif axının axdığı bir mənbə kimi düşünür. İnsan susuz yaşaya bilməyəcəyi kimi, Məsihsiz də insan nə yaşaya, nə də ölə bilər. Ancaq yenə də, hansı təfsiri götürürüksə-götürək, onların hər birində dərin həqiqət var.
Bu hissədə möhtəşəm bir məqam var. Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində, eləcə də ingilis dilində bu ayə bir qədər yumşalmışdır. Lakin ən yaxşı yunan nüsxələrində 7:39-da maraqlı bir ifadə var: «Ruh isə hələ yox idi». Bunun mənası nədir? Gəlin bunu belə təsəvvür edək: uzun illər, hətta əsrlər boyu hansısa böyük qüvvə mövcuddur, amma insanlar ona nə qovuşa, nə də ondan istifadə edə bilir. Məsələn, bizim dünyadakı atom enerjisini götürək: insanlar onu yaratmayıblar, yalnız ondan bizim dövrümüzdə istifadə edə biliblər. Müqəddəs Ruh həmişə mövcud olub, lakin insanlar Əllinci gün bayramına qədər Onun qüdrətindən heç vaxt istifadə edə bilməyiblər. Bir adamın dediyi kimi: «Qolqota olmasaydı, Əllinci gün də olmazdı».
İnsanlar yalnız İsanı tanıdıqdan sonra Müqəddəs Ruhu tanıdılar. İsaya qədər Ruh insanlar üçün bir qüvvə idi, indi isə Şəxs oldu. Çünki O, həmişə bizimlə olan ölülərdən dirilən İsa Məsihdir. Bu heyranedici cümlədə Yəhya demir ki, Müqəddəs Ruh mövcud olmayıb. O deyir ki, qapını açmaq və Ruhu bütün insanlara real və aktiv etmək üçün İsa Məsihin həyatı və ölümü lazım idi.
Bu hissənin necə başa çatdığını qeyd etmək maraqlıdır.
Bəziləri İsanın, həqiqətən də, Musanın yəhudilərə vəd etdiyi peyğəmbər olduğunu hesab edirdilər (Qanunun təkrarı 18:15). Başqaları Onun Allahın Məsh edilmişi olduğuna inanırdılar. Bu zaman Allahın Məsh edilmişinin Bet-Lexemdən gəlib-gəlməməsi ilə bağlı mübahisələr gedirdi. Əgər biz İsada Xilaskarı görüb Onu Rəbb kimi qəbul ediriksə, burada xüsusi bir şey yoxdur. Əgər biz dini təəssüratlarımızı müxtəlif yollarla ifadə ediriksə, bu bizi bir-birimizdən ayırmamalıdır, çünki əsas təəssüratlardır, dinin izahı yox.
45-52
Biz burada İsaya fərqli münasibət görürük.
1. Mühafizəçilər həm çaşqın, həm də heyrət içində idilər. Onlar İsanı həbs etməyə getdilər, amma Onsuz qayıtdılar, çünki həyatlarında heç kimin Onun danışdığı kimi danışdığını görməyiblər. Həqiqətən də, İsanı dinləmək hər kəs üçün təkrarolunmaz hiss və təəssüratdır.
2. Baş kahinlər və fariseylər İsaya nifrət etdiklərini göstərdilər. Fariseylər qanunun minlərlə qaydalarına əməl etməyən sadə insanları cahil adlandırırdılar, onların hətta nifrətə layiq olmadıqlarını hesab edirdilər. Fariseylərin fikrincə, belə bir insana qız vermək, onu vəhşi heyvanın qarşısına bağlı və köməksiz vəziyyətdə atmağa bərabərdir. «Qanunu bilməyən kütlə artıq mühakimə olunub». Ravvinlərin qanunu buyururdu: «Kənd camaatına, avamlara qarşı altı şey qeyd etmək lazımdır: onların şəhadətinə etibar etmə; onlardan dəlil qəbul etmə; onlara heç bir sirr vermə; onları bir yetimə himayədar etmə; onları xeyriyyə fondlarının qəyyumlarına çevirmə (onları xeyriyyə fondlarının mühafizəsinə çevirmə); onlarla səyahət etmə». Belə kəndlini ziyarət etmək, yaxud onu evində qonaq qəbul etmək qadağan idi. Mümkün qədər onlardan heç nə alınmamalı və onlara heç nə satılmamalıdır. Fariseylər aristokratik qürurlarına, intellektual və ruhani təkəbbürlərinə görə sadə insana yuxarıdan aşağı baxırdılar. Onlar özlərinə bəraət qazandırmaq üçün belə bəyan edirdilər: «Ruhani və ya savadlı insanlardan heç kim İsaya iman etməyib. Yalnız cahil adamlar Onu qəbul edirlər». Bir insanın özünü Məsihə ehtiyac duymayacaq qədər ağıllı və ya yaxşı olduğunu düşünməsi dəhşətlidir. Bu gün də belə insanlar var.
3. Nikodim az da olsa, İsanı müdafiə etdi: o, İsanı birbaşa müdafiə etmədi, ancaq Qanunun bir neçə müvafiq müddəalarından sitat gətirdi. Qanunda deyilir ki, hər bir insanla ədalətli davranılmalıdır (Çıxış 23:1; Qanunun təkrarı 1:16). Bura hər kəsin müdafiə hüququ da daxildir. Bundan başqa, yalnız ikinci əldən alınan ifadə ilə adamı mühakimə etmək olmaz. Fariseylər bu qanunu pozmaq niyyətində idilər, lakin Nikodim etirazını davam etdirmədi. Ürəyi ona İsanı qorumalı olduğunu söyləyirdi, ağlı isə belə bir riskdən qaçmağı xəbərdar edirdi. Fariseylər onu ifadələr və şüarlarla «atəşə tutdular». Onlar Nikodimə dedilər ki, peyğəmbər Qalileyadan gələ bilməz. Eyni zamanda onun da Qalileyanın avam kütləsi ilə əlaqəsinin olub-olmadığına zarafat edib güldülər. Bundan sonra Nikodim heç nə demədi.
İnsan tez-tez elə vəziyyətə düşür ki, o, İsanı, öz inancını müdafiə etmək və kimin tərəfində olduğunu göstərmək istəyir. Çox vaxt insan tərəddüdlə Onun müdafiəsində bir söz söyləməyə çalışır, sonra pərt və utancaq şəkildə susur. İsa Məsihi müdafiə edərkən, ağıllı başdansa ağılsız bir ürəyə sahib olmaq daha yaxşıdır. Onun müdafiəsinə qalxmaqla biz insanların rəğbətini itirə və istehza obyektinə çevrilə bilərik. Bu, hətta həyatımızı çətinləşdirə və ya bizdən qurbanlar verməyi tələb edə bilər. Lakin İsa dedi ki, yer üzündə Onu insanlar qarşısında iqrar edən şəxsi O da Atasının qarşısında iqrar edəcək. Məsihə sədaqət bizə yer üzündə Çarmıx gətirə bilər, amma əbədiyyətdə bizə həyat çələngi bəxş edəcək.
53
Yəhya 7:53-ün şərhinə növbəti hissədə baxın.