1-13
Bəzən İsa izdihamdan uzaqlaşmaq istəyirdi. O, daim gərginlik içində idi. Onun istirahətə ehtiyacı vardı. Bundan əlavə, bəzən Onun şagirdləri ilə tək qalması lazım idi ki, onlar İsanı daha yaxşı tanıya və başa düşə bilsinlər. Həmçinin Ona dua etmək üçün də vaxt lazım idi. Bu halda da yəhudi başçılarla birbaşa münaqişədən qaçmaq daha yaxşı idi, çünki son münaqişənin vaxtı hələ gəlib çatmamışdı.
Kefernahum şəhərindən Qalileya dənizinin o biri sahilinə qədər məsafə altı kilometrə yaxın idi. İsa ora qayıqla getmişdi. İnsanlar Onun nə etdiyini və hara getdiyini çox diqqətlə izləyirdilər. Buna görə onlar qayığın hara getdiyini aydın görüb, tələsik gölün sahili ilə həmin yerə yollandılar. İordan çayı şimal tərəfdə Qalileya dənizinə axdığına görə təxminən üç kilometr boyunca çayın yuxarısı ilə onun dayaz yerindən o biri sahilə keçmək mümkün idi. Orada Qalileyadakı Bet-Saydadan fərqli olaraq Yulia Bet-Saydası adlanan kənd yerləşdirdi. İsa Məsih məhz oraya getmişdi (Luka 9:10). Yulia Bet-Saydasının yaxınlığında, gölün sahilində həmişə otla örtülmüş kiçik düzənliklər var idi. İndi həmin yer Əl-Batiya adlanır. Möcüzə də məhz orada baş vermişdi. İsa şagirdləri ilə dağa çıxdı və orada onlarla oturdu. Bu zaman camaat həmin yerə axın etməyə başladı. Gölün sahilindən və İordan çayının dayaz yerindən keçmək təxminən 14 km təşkil edirdi. İnsanlar həmin məsafəni çox tez qət etdilər. Mətndə deyilir ki, Pasxa bayramı yaxınlaşırdı. Bu da yollarda çoxlu zəvvarların olması demək idi. Görünür, çoxları həmin yolla Yerusəlimə doğru gedirdi. Qalileyalı zəvvarlar şimala doğru gedir, İordan çayının dayaz yerindən keçir, sonra Pereyaya gedərək yenə Yerixoda İordan çayının dayaz yerindən o biri sahilə keçirdilər. Bu, zəvvarların yolunu uzatsa da, mənfur və düşmən kəsilən samariyalılarla qarşılaşmadan qaçmağa imkan verirdi. Hətta ola bilsin, həmin böyük izdiham Pasxa bayramında Yerusəlimə gedərkən yolda yubanan zəvvarlardan ibarət idi.
İsa izdihamı görəndə ona rəhmi gəldi: insanlar ac və yorğun idilər, onları yedizdirmək lazım idi. İsanın Filipə müraciət etməsi tamamilə təbii idi, çünki Filip Bet-Saydadan idi (Yəhya 1:44). O, ərazini yaxşı tanıyırdı. İsa ondan çörəyi haradan ala biləcəyi barədə soruşanda Filip məyus oldu: onun fikrincə, hətta həmin ərazidə çörək almaq mümkün olsaydı belə, hamıya bir tikə çatması üçün iki yüz dinardan çox pul tələb olunurdu. Daha əvvəl araşdırdığımız kimi, fəhlənin gündəlik maaşı bir dinardan ibarət idi. Filip özlüyündə hesablamışdı ki, belə bir kütləni doydurmaq üçün yarım ildən çox işləmək lazımdır.
Sonra Andrey gəldi. O, beş arpa çörəyi və iki balığı olan bir oğlan gördü. Bəlkə də həmin oğlan evdən çıxıb, sonra oğlanların çox vaxt etdiyi kimi, camaata qoşulmuşdu? Andrey isə həmişə olduğu kimi insanları İsanın yanına gətirirdi.
Ancaq oğlan özü ilə çox yemək götürməmişdi. Arpa çörəyi — ən ucuz çörək idi. Yəhudilər həmin çörəyi sevmirdilər. Çünki Mişnada zina edən qadının təqdim etməli olduğu qurbanla bağlı bir qayda var idi. Əlbəttə ki, bu, tövbə qurbanı, günah qurbanı idi. Adi qurbana həmişə un, şərab və yağ qarışığından ibarət taxıl təqdimi daxil olurdu. Un isə buğda unu olmalı idi. Lakin zinaya görə tövbə qurbanı gətiriləndə, təqdim arpa unundan hazırlanmalı idi, çünki arpa heyvanların yeməyidir, zina edən qadının günahı isə heyvani günah sayılırdı. Arpa çörəyi yoxsulların yeməyi hesab olunurdu.
Balıq da, çox güman, ölçüsünə görə sardinadan böyük deyildi. Qalileyanın turşuya qoyulmuş və duzlu balıqları bütün Roma imperiyasında məşhur idi. O dövrlərdə təzə balıq, ümumiyyətlə, böyük dəbdəbə sayılırdı. Çünki diri balıqları uzun məsafələrə daşımaq və saxlamaq üçün heç bir vasitə yox idi. Qalileya dənizi bizim sardina kimi balıqlarla dolu idi. Balıqçılar onu tutur, duzlayır və ondan ədviyyatlı qəlyanaltı kimi bir şey hazırlayırdılar. Həmin oğlanda quru arpa çörəyi üçün ədviyyat kimi istifadə olunan iki belə balıq var idi.
İsa şagirdlərinə xalqı yerə oturtmağı əmr etdi, sonra çörək və balıqları götürüb xeyir-dua verdi. O, sanki ailənin başçısı rolunda çıxış edirdi. Ola bilsin, İsa hər evdə yemək zamanı oxunan eyni duanı oxumuşdu: «Ey torpaqda nemət bitirən Allahımız Rəbb, Sənə həmd olsun». Camaat yeyib doydu. Doydu kimi tərcümə olunan söz çox maraqlıdır. Yunan dilində buna hortadzesfay deyilir. Bu söz qədim yunan dilində heyvanlara yem vermək, insanlara münasibətdə isə onları doyunca yedizdirmək mənasını verirdi.
Camaat yeyib-doyandan sonra İsa şagirdlərindən artıq qalan tikələri toplamasını xahiş etdi. Nə üçün? Yəhudilərin ziyafətdən sonra nökərlərə yeməkdən bir pay saxlamaq adəti var idi. Həmin yemək Peah adlanırdı. Burada da insanlar, təbii ki, onlara xidmət edənlərə pay saxlamışdılar.
Yeyənlərin qabağından qalan hissələrdən on iki zənbil yığılmışdı. Şagirdlərin hər birinin öz zənbili (kofinos) var idi. Bu, butulkaya oxşayan bir səbət idi. Heç bir yəhudi özü ilə belə zənbil götürmədən səyahət etməzdi. Görkəmli Roma şairi-satirik Yuvenal (3-cü satirada, səh. 14 və 6-cı satirada, səh. 542) yəhudilərdən danışarkən deyirdi ki, onların əşyaları yalnız «səbətdən və samandan» ibarətdir. Doğrudan da, bir qucaq saman yataq kimi xidmət edirdi, çünki yəhudilərin əksəriyyəti köçəri həyat tərzi sürürdü. Yanında zənbili olan yəhudi hər kəsə tanış bir fiqur idi. O, həmişə zənbilini hər yerə özü ilə daşıyırdı. Çünki yəhudi bir tərəfdən tamahkarlığı ilə tanınırdı, digər tərəfdən isə əgər o, yəhudilərin pak və murdar qida ilə bağlı qaydalarına riayət etmək istəyirdisə, yeməyini özü ilə götürməli idi. Şagirdlər yerdə qalan hissələrlə səbətlərini doldurdular. Ac izdiham yeyib-doymuşdur. Həm də nəinki doymuşdur, hətta daha böyüyünü əldə etmişdir.
Biz Yulia Bet-Saydası yaxınlığındakı çəmənlikdə əslində nə baş verdiyini heç vaxt bilməyəcəyik. Baş verənlər bizim üçün üç tərzdə aydınlaşa bilər.
a) Birincisi, İsanın çörək və balıqların sayını çoxaltdığı bir möcüzə kimi. Bu, çoxlarına inanılmaz görünə bilər. Digərləri isə bunun möcüzə olduğunu qəbul etməkdə çətinlik çəkirlər, çünki İsa səhrada sınaq zamanı həmin möcüzəni göstərməkdən imtina etmişdi (Matta 4:3-4). Bu möcüzənin fövqəltəbiiliyinə inanan hər kəs öz fikrində qala bilər. Ancaq bunun fövqəltəbii möcüzə kimi qəbul etməyənlər üçün başqa iki ehtimal var.
b) Ola bilsin, bu, həqiqətən də, Rəbbin müqəddəs süfrəsi olub. Bu fəslin sonunadək İsa şagirdlərinə Onun bədənini yeyib, qanını içdiklərini söylədiyi Axırıncı Şam yeməyində olduğu kimi, eyni dildə danışır. Bəlkə əl-Batiyada da hər kəs Rəbbin Şam yeməyində olduğu kimi bir tikə alıb? Məsihin hüzurundan və Allahın hüzurunun gerçəkliyindən vəcd və heyranlıq çörək qırıntılarını orada olanların ürəklərini və ruhlarını doyuran bir şeyə çevrilib? Necə ki bu gün də Rəbbin Şam yeməyi zamanı baş verir.
c) Amma daha maraqlı başqa bir izahat da ola bilər. On beş kilometr piyada yola çıxan insanların özləri ilə tədarük götürməmələrini təsəvvür etmək çətindir. Əgər onların arasında zəvvarlar olubsa, çox güman, onlar yola özləri ilə yemək götürmüşdülər. Lakin onlar səbətlərindən tədarüklərini çıxarmadılar, çünki hər biri eqoistcəsinə və insan kimi yeməyi özünə saxlamaq istəyirdi. Ola bilsin ki, İsa Allaha şükür edərək Özündə və şagirdlərində olanları insanlara göstərdi, beləcə onları da şəxsi nemətləri ilə bölüşməyə dəvət etdi. Onlar da belə bir nümunədən təsirlənərək əlində olanları çıxarıb paylaşmağı təklif etdilər. Sonda hər kəsə kifayət qədər, hətta artıqlaması ilə çörək çatdı. Ola bilsin, burada möcüzə məhz ondadır ki, İsanın varlığı eqoist kişi və qadınlardan ibarət izdihamı hər şeylərini bölüşməyə hazır olan insanların qardaşlığına çevirib. Bəlkə də bu hekayədə ən böyük möcüzə çoxalan çörəklər və balıqlar deyil, dəyişən insanlar olub.
Hər necə olursa-olsun, orada elə insanlar var idi ki, onlarsız heç bir möcüzə baş verə bilməzdi.
1. Orada Andrey var idi. Andrey ilə Filip çox fərqlənirdi. Filip dedi: «Vəziyyət tamamilə ümidsizdir; heç nə etmək mümkün deyil». Andrey isə dedi: «Mən əlimdən gələni edəcəyəm, qalanını İsanın öhdəsinə buraxacağam».
Uşağı İsanın yanına gətirən və bununla da möcüzəni mümkün edən Andrey idi. Əgər İsanın yanına yeni bir insan gətirsəniz, nə olacağını təsəvvür belə edə bilməzsiniz. Valideynlər övladını savadlı, Allah sevgisində və Allah qorxusunda böyüdəndə, bir gün bu uşağın Allah və insanlar üçün nələr edə biləcəyini heç kim qabaqcadan deyə bilməz. Uşaq ibadətində müəllim uşağın diqqətini addımbaaddım Məsihə yönəldəndə, heç kim həmin vaxt uşağın Məsih və Onun Cəmiyyəti üçün nələr edə biləcəyini ağlına belə gətirə bilməz.
Hər səhər sinif otağına daxil olan və papağını şagirdlərinin qarşısında təntənəli şəkildə çıxarıb baş əyən yaşlı bir alman müəllimi var idi. O, həmişə deyirdi: «Heç vaxt bilə bilməzsən bir gün bu oğlanlardan biri kim olacaq». O, haqlı idi, çünki həmin oğlanlardan birinin adı Martin Lüter idi.
Andrey həmin uşağı Məsihin yanına gətirəndə bunun hansı nəticələrə gətirib çıxaracağını heç düşünmürdü də. Amma möcüzənin baş verməsi üçün şərait yaratmışdı. Biz kimisə Məsihə gətirəndə, hansı imkanlar və şərait yaratdığımızı bilmirik.
2. Orada oğlan var idi. O, çox az şey təklif etmişdir, lakin onun təklif etdikləri ilə İsa möcüzə yaratdı. Əgər bu oğlan gəlməsəydi, yaxud çörəyini və balıqlarını özünə saxlasaydı, tarixdə baş verən möcüzələrdən biri az olardı.
İsa bizim Ona nə gətirə biləcəyimizi istəyir. Qoy az olsun, ancaq onu İsanın yanına gətirmək lazımdır. Bəlkə də biz İsaya məhz əlimizdə olanı gətirmədiyimiz və özümüzü Ona vermədiyimiz üçün dünya bir-birinin ardınca möcüzələrdən və qələbələrdən məhrum olur. Əgər Ona xidmət etmək naminə biz özümüzü qurbangahın üzərinə qoysaq, Onun bizimlə və bizim vasitəmizlə nə edə biləcəyi ağlımıza belə gəlməz. Ola bilsin, vicdanımız bizə əzab verir və bizim gətirə biləcək heç nəyimiz olmadığına görə utanırıq. Eybi yoxdur. Lakin bu, İsaya təqdim edə biləcəklərimizdən bizi çəkindirməməlidir. İsanın əlində az şey həmişə çox olur.
14-15
Burada biz izdihamın reaksiyasını görürük. Yəhudilər Musa peyğəmbərin vəd etdiyi peyğəmbərin gəlişini gözləyirdilər. «Allahınız Rəbb sizin üçün aranızdan — öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın» (Qanunun təkrarı 18:15).
Həmin gün Yulia Bet-Saydasındakı camaat İsanı peyğəmbər kimi qəbul etməyə və sevincindən Onu hakimiyyətə gətirməyə hazır idi. Lakin çox keçmədi ki, başqa bir izdiham «Onu Çarmıxa çək! Onu Çarmıxa çək!» deyə qışqıraraq tələb etdi. Nəyə görə həmin vaxt camaat İsanı yüksəltmək istəyirdi?
Birincisi, yəhudilər İsanın onlara istədiklərini verdiyi anda Onu dəstəkləməyə hazır idilər. İsa onlara şəfa verirdi, yedizdirirdi. Onlar da İsanı özlərinə rəhbər etməyə hazır idilər. Sadiqlik satın alınır, sevgi isə öz mənfəətini güdür. Bir dəfə kimsə minnətdarlığı «gələcəkdə ediləcək yaxşılığın canlı təcəssümü» kimi qiymətləndirmişdi.
Kütlənin bu davranışı bizdə xoşagəlməz hisslər oyadır. Bəs biz bu yəhudilərdən çoxmu fərqlənirik? Kədər içində olduğumuz vaxt, çətinliyimiz olanda, dəstəyə və təsəlliyə ehtiyacımız olanda məmnuniyyətlə İsaya üz tuturuq. Həmin ərəfədə biz Onunla danışır, Onunla bir yol gedir və ürəyimizi Ona açırıq. Lakin O bizə nəyisə qurban vermək və ya nədəsə səy göstərmək tələbi ilə müraciət edəndə, Çarmıxımızı daşımalı olduğumuzu xatırladanda, biz Onu tanımaq istəmirik. Bəlkə də ürəyimizə dürüst baxsaq, görərik ki, biz İsanı yalnız Ondan ala biləcəyimiz şeyə görə sevirik.
İkincisi, yəhudilər İsadan öz məqsədləri üçün — ümid və istəklərini həyata keçirmək üçün istifadə etmək istəyirdilər. Düzdür, onlar Məsihi gözləyirdilər, lakin Onun haqqında öz baxışları var idi. Onlara görə, Məsih Roma qartalını ayaqlar altına tapdaq edəcək, romalıları ölkədən qovacaq bir padşah və fateh idi.
Onlar İsanın nəyə qadir olduğunu görürdülər və düşünürdülər ki: «Bu adamın ecazkar gücü var; Onun gücünü ideallarımıza uyğun yönəldə bilsək, çox şey dəyişəcək». Əgər onlar özləri ilə dürüst olsaydılar, onda görərdilər ki, onlar sadəcə İsadan öz məqsədləri üçün istifadə etmək istəyirlər.
Bəs biz onlardan çox fərqlənirikmi? Biz Məsihdən nə diləyirik — istəklərimizi və planlarımızı həyata keçirmək üçün güc, yoxsa Onun istəklərini və planlarını qəbul etmək üçün itaət və təvazökarlıq? Ona «Ya Rəbb, Sənin istədiyini yerinə yetirmək üçün mənə güc ver» deyə dua edirik, yoxsa «Ya Rəbb, istədiyimi etmək üçün mənə güc ver» deyə dua edirik? Bax o gün yəhudilər İsanın ardınca getməyə hazır idilər, çünki İsa onlara istədiklərini vermişdi. Həm də onlar İsadan öz məqsədləri üçün istifadə etmək istəyirdilər. Bu gün də heç nə dəyişməyib: biz Məsihin ənamlarına Çarmıxsız sahib olmaq istəyirik, Onun bizdən istifadə etməsinə icazə vermək əvəzinə Ondan istifadə etmək istəyirik.
16-21
Bu dördüncü Müjdənin ən gözəl hekayələrindən biridir. Biz yunan mətninin mənasını daha dərindən araşdırdıqca bu hekayə daha da heyrətamiz olur. Xüsusilə də burada təsvir olunan hadisədə İsanın sevimli şagirdi Yəhyanın Ustadının necə olduğunu dərk etdiyini və bunu heç vaxt unutmadığını gördükcə.
Gəlin bütün hekayəyə yenidən diqqətlə nəzər salaq. İsa beş min nəfəri doydurandan və yəhudilər Onu padşah etməyə cəhd etdikdən sonra təkbaşına dağlara çıxdı. Gün sona çatmaq üzrə idi, yəhudilərin dediyi kimi, «ikinci axşam» — toranlıq və qaranlıq arasındakı vaxt düşmüşdü. İsa hələ də yox idi. Şagirdlərin İsanı tək buraxdıqlarını, Onu unutduqlarını və ya Ona qarşı nəzakətsizlik etdiyini düşünmək lazım deyil. Markın Müjdəsində deyilir ki, İsa şagirdlərinə qayığa minib o biri sahilə keçmələrini əmr etdi (Mark 6:45), Özü isə camaatı evlərinə göndərmək üçün orada qaldı. Görünür, O, şagirdləri qayıqla gedərkən, sahil boyunca piyada gedib Kefernahumda onlarla görüşmək niyyətində idi.
Şagirdlər yola düşdülər. Hər tərəfdən sahillərlə sıxılan dar göllərdə olduğu kimi, şiddətli külək əsdi, dalğalar coşmağa başladı. Pasxa bayramı idi, bu isə bədr vaxtı idi (Yəhya 6:4). İsa dağda dua edirdi, Allahla ünsiyyət qururdu. O, bədr ayın işığında yola çıxanda, hava gündüz kimi işıqlı idi. Gölün aşağısında İsa qayığı, dalğalarla mübarizə aparan avarçəkənləri gördü. O, gölə tərəf düşdü.
Xatırladaq ki, şimal hissəsində gölün eni altı-yeddi kilometrə çatırdı. Müjdəçi Yəhya deyir ki, şagirdlər artıq iyirmi beş-otuz stadi (təxminən altı kilometr) getmişdilər və Kefernahumdan çox da uzaqda deyildilər. İsa gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsir. İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi.
İsa epi tes falasses — gölün üstü ilə yeridi. Barkli qeyd edir ki, «gölün üstü ilə» (epi tes falasses) ifadəsi Yəhya 21:1-də «gölün kənarında» kimi tərcümə olunub. Ancaq paralel yerlərdə Matta 14:25-26 və Mark 6:48-də eyni epi tes falasses ifadəsi kontekstinə görə çox düzgün şəkildə — «gölün üstü ilə» kimi tərcümə olunub. Yunanca epi sözönü, adətən, «üstündə», «üzərində» deməkdir; «yaxınlığında», «yanında», «ətrafında» mənasını vermək üçün isə para sözönü istifadə olunur. Güclə avar çəkən şagirdlər başlarını qaldırıb birdən İsanı gördülər: hər şey o qədər gözlənilməz oldu ki, qarşılarında bir ruh olduğunu zənn edib qorxdular. Sonra gölün üzərində Onun sevgi dolu səsi eşidildi: «Mənəm, qorxmayın!» Şagirdlər istədilər ki, İsa qayığa minib onlara qoşulsun. Yunan mətnindən aydın görünür ki, onların istəyi həyata keçmədi, çünki qayıq o andaca getdikləri sahilə çatdı.
Bu hekayəni nəsli balıqçı olan Yəhya yaxşı yadında saxlamışdı. Hər dəfə bu hadisəni xatırlayanda, həmin gecə yadına düşürdü: ayın gümüşü işığı, əllərində ağır avarlar, çırpınan yelkən, küləyin vıyıltısı, coşan dalğalar, hamını qorxudan İsanın qəfil peyda olması, sonra dalğalara əmr edən Onun səsi və sahilə çatan qayığın altındakı çınqılların xışıltısı.
Bu hadisəni xatırlayaraq, Yəhya bu gün də bizim görə biləcəyimiz gözəl anlar gördü.
1. O, İsanın diqqətli olduğunu gördü. İsa onları dağdan gördü, onları unutmadı. O, duada Allahla ünsiyyətdə olsa da, onları düşünürdü. Yəhya başa düşdü ki, onlar ağır avarlar çəkərkən İsa məhəbbət dolu nəzərini onlardan çəkmirdi. Çətinliklə və ya təhlükə ilə üzləşəndə, İsa nəzərini bizdən çəkmir. O, çətinliklərimizi bizim üçün asanlaşdırmır, əksinə, imkan verir ki, özümüz onların öhdəsindən gələ bilək. Valideynlər oğlunun və ya qızının uğur qazandığını görəndə sevindiyi kimi, O da bizim üçün sevinir. Eləcə də valideynlər oğlunun və ya qızının uğursuzluğunu görəndə məyus olduğu kimi, O da məyusluq hiss edir. Biz daim İsanın sevgi dolu baxışları altında yaşayırıq.
2. Yəhya İsanın gəldiyini gördü. İsa dağdan endi ki, şagirdlərinin sahilə çatmasına təkan versin. Gücümüz tükənəndə, İsa bizə laqeyd yanaşmır. O, qələbəyə çatdıran son səyimizdə bizə güc vermək üçün gəlir.
3. Yəhya İsanın kömək etdiyini gördü. İsa müşahidə edir, gəlir və kömək edir. Məsihçi həyatının özəlliyi ondadır ki, biz hansısa işi və ya tapşırığı yerinə yetirərkən taleyin öhdəsinə buraxılmırıq. Bir dəfə kənd müəllimlərindən biri öz şagirdlərinə bir əhvalat danışmışdı. Görünür, müəllim hekayəni yaxşı danışmışdı, çünki uşaqlar onu yaxşı yadında saxlamışdılar. Bir qədər sonra güclü külək əsdi və qar yağdı. Dərs bitəndən sonra müəllim şagirdlərin evə getməsinə kömək etdi. Uşaqları, sözün əsl mənasında, qar yığınları arasında sürükləmək lazım gəlirdi. Hamı yorulanda oğlanlardan biri dedi: «Kaş ki İsa bizimlə olaydı». İsa həmişə bizimlədir və biz daim kömək üçün Ona müraciət edə bilərik.
4. Yəhya İsanın bizi limana apardığını gördü. Yəhya xatırlayırdı ki, İsa gələndə qayığın altı sahildəki çınqıllara dəydi və onlar məkana çatdılar. Məzmurçunun dediyi kimi: «Sakitlik yarananda onlar çox sevindilər, Rəbb də onları istədikləri limana çatdırdı» (Zəbur 107:30). İsanın olduğu yerdə ən uzun yol qısa, ən çətin döyüş isə asan görünür. Dördüncü Müjdənin ən gözəl məqamlarından biri də odur ki, nəsli balıqçı olan və müjdəçiyə çevrilən Yəhya balıqçılıq hekayəsində İsanın bütün xəzinələrini aşkar edib.
22-27
Camaat gölün o tayında İsanı gözləyirdi. Çünki bir gün əvvəl şagirdlərin İsasız qayığa minib getməsini görmüşdülər. Buna görə də düşündülər ki, İsa yaxınlıqda olmalıdır. Bir müddət gözlədikdən sonra Onun həmin sahildə olmadığını anladılar. Bu vaxt Tiberiyadan qayıqlar buxtaya22 gəldi, çox güman, gecə tufanından sığınacaq axtarırdılar. Camaat həmin qayıqlara minib gölün o tayına — Kefernahuma qayıtdı. İsanı gölün o biri sahilində görəndə təəccüblə Onun buraya nə vaxt gəldiyini soruşdular, həm də belə qısa müddətdə. İsa həmin suala cavab vermədi — Onun səyahət haqqında danışmağa vaxtı yox idi. O, birbaşa məsələnin mahiyyətinə keçdi. O dedi: «Siz möcüzə gördünüz, Rəbbin xeyir-duası ilə izdihamın necə doydurulduğunu gördünüz. Ürəyiniz bunu edən Allaha yönəlməli idi. Amma siz yalnız çörək haqqında düşünürsünüz». İsa onlara sanki dedi: «Ruhunuzun ehtiyacı haqqında ona görə düşünə bilmirsiniz, çünki yalnız mədənizi güdürsünüz».
İoann Zlatoust (354-407) deyirdi: «İnsanlar bu dünyaya bağlıdırlar». İsanın önündə gözlərini heç vaxt ətraf aləmin hüdudlarından kənara, sonsuzluğa qaldırıb baxmayan insanlar var idi. Yer üzündəki şeylərə bağlanan insan natamam həyat yaşayır, üfüqə baxan və ulduzları görən gözüaçıq insan əsl həyat yaşayır. İsa əmrini bir cümlə ilə ifadə etdi: «Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün». Bir vaxtlar Yeşaya peyğəmbər deyirdi: «Nə üçün pulunuzu çörək olmayan şeylərə, qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz?» (Yeşaya 55:2). Fiziki aclığı fiziki qida ilə doyurmaq olar. Ruhani aclığı isə fiziki qida ilə doyurmaq mümkün deyil. İnsan zəngin ola bilər, amma həyatı natamam olar.
Eramızın altmışıncı illərində Roma cəmiyyətində dəbdəbə və israfçılıq görünməmiş həddə çatmışdı. Məhz o vaxtlar ziyafətlərdə tovuz quşu beynindən və bülbüllərin dillərindən paştet23 hazırlanıb süfrəyə verilirdi. Bir yeməkdən sonra başqa yeməkdən həzz almaq üçün qusdurucu maddələr qəbul edilirdi, bahalı ziyafətlər təşkil olunurdu. Roma tarixçisi Böyük Pliniyin qeydlərinə görə, məhz həmin dövrdə Roma qadınlardan biri qiymətli daşlarla və qızılla işlənmiş, demək olar ki, bir milyon dollar dəyərində gəlinlik geyinmişdi. Bunun da öz səbəbləri var idi — Roma aristokratiyasının öz həyatlarından narazılığı, dərk edilməyən qəlbin susuzluğu. Onlar həyatı yenidən yaşamaq üçün hər şeyə hazır idilər. Çünki onlar inanılmaz dərəcədə zəngin idilər, yeni və qeyri-adi bir şeyə usanmadan can atırdılar.
İngilis şairi Metyu Arnoldun belə misraları var.
Sərin otaqda vəhşi baxışlı
Roma zadəganı uzanmışdı.
Qorxunc görünüşlə Appian yolu ilə
Uzaqlara çapırdı.
O, ziyafətlər təşkil edir,
Quduzlaşmış kimi tez-tez içirdi.
Saçlarını gözəl çələng bəzəyirdi.
Ancaq inadkar zaman nə sevinc bəxş edir,
Nə də keçmək bilirdi.
İsa yəhudilərə dedi ki, onlar yalnız fiziki ehtiyaclarını ödəmək haqqında düşünürlər. Onlar gözləmədikləri halda doyana qədər pulsuz yemək yedilər, indi isə yenə istəyirlər. Ancaq insanın daha başqa bir aclığı və susuzluğu var — onları da yalnız İsa yatıra bilər. İnsanın daxilində həqiqətə olan susuzluq yaşayır, Allahın həqiqəti isə yalnız İsadadır; insanın daxilində həyata olan susuzluq yaşayır, əsl həyatı və həyatın dolğunluğunu yalnız O verir. İnsanın daxilində sevgiyə olan susuzluq yaşayır, günaha və ölümə qalib gələn sevgini verən ancaq Odur. Yalnız Məsih ürəyin susuzluğunu və ruhun aclığını yatıra bilər.
Nə üçün İsa bunu edə bilər? Çünki Ata Allah Ona Öz möhürünü vurub. Burada böyük həqiqət var. Q.B.Tristramın «Müqəddəs Kitab ölkələrində şərq adətləri» kitabında qədim dünyada möhürlərlə bağlı çox maraqlı bir bölmə var. Sənədin həqiqiliyi imza ilə deyil, möhürlə təsdiqlənirdi. Kommersiya və ya siyasi sənəd möhürləndiyi zaman etibarlı sayılırdı. Vəsiyyət yalnız üzərində möhür olanda etibarlı sayılırdı. Bağlanmış torba və ya səbət üzərindəki möhür məzmunun bütövlüyünə zəmanət verirdi. Hamı möhürdən istifadə edirdi. Tristram səyahətlərinin birində qatırçılar və yükdaşıyanlarla necə müqavilə bağladığından danışır. Onlar da müqavilənin məcburi olduğunu göstərmək üçün üzərinə möhürlərini vurmuşdular. Möhürlər gildən, metaldan və ya qiymətli daşlardan hazırlanırdı. Londondakı Britaniya Muzeyində çoxlu sayda Aşşur padşahlarının möhürləri indiyədək qorunub saxlanılır. Möhür gil üzərinə vurulur, gil isə sənədə yapışdırılırdı. Sənəd yoxa çıxsa da, möhür qalırdı.
Yəhudi ravvinlərinin belə bir atalar sözü var idi: «Allahın möhürü — həqiqətdir». Talmudda deyilir ki, günlərin bir günü böyük sinaqoq (yəhudi qanunşünaslarının məclisi) Rəbb önündə ağlayanda, dua edəndə və oruc tutanda, göydən perqamentdən olan bir tumar düşdü. Onu açıb oxuyanda, yalnız bircə yazılmış söz gördülər — Amet, bu da həqiqət deməkdir. Ravvinlər dedilər: «Bu, Allahın möhürüdür». Qədim ibrani dilində Amet sözü üç hərflə yazılır: «alef — əlifbanın birinci hərfi; mem — orta hərfi və tav — sonuncu hərf. Allahın həqiqəti — həyatın başlanğıcı, ortası və sonudur. Məhz buna görə İsa əbədi susuzluğu və əbədi aclığı yatıra bilər. İsanın üzərində Allahın möhürü var, O, Allahın həqiqətinin təcəssümüdür. Ruhumuzu və qəlbimizdə Özünə qarşı susuzluq yaradan Allah qəlbimizin susuzluğunu yatıra bilər.
28-29
İsa Allahın istədiyi işlərdən danışanda, yəhudilər dərhal «xeyirxah» işlər haqqında düşünməyə başlayırdılar. Onlar əmin idilər ki, fəzilətli həyat tərzi sürən insan Allahın rizasını qazana bilər. Yəhudilər inanırdılar ki, insanları üç qrupa bölmək olar — yaxşı, pis və orta. Əgər orta insanlar daha bir yaxşı iş görsələr, yaxşı insana çevrilə bilərlər. Yəhudilər Allahın istədiyi işlər haqqında soruşanda, İsadan görülməli olan işlərin siyahısını eşidəcəklərini gözləyirdilər. Ancaq İsa qətiyyən bunları nəzərdə tutmurdu.
İsanın cavabı çox qısadır və bu cavabın arxasında nəyin durduğunu görmək üçün onu geniş müzakirə etməliyik. İsa Məsih deyir ki, Allahın istədiyi iş — Ona, Allahın göndərdiyi Şəxsə iman etməkdir. Həvari Paul bunu başqa sözlə ifadə edərdi: «Allaha insandan yalnız bir şey lazımdır — bu da imandır». Yaxşı, bəs iman nə deməkdir? İman — Allahla müəyyən münasibəti ifadə edir. Bu, Allahla dostluq münasibəti qurmaq, Onun hüzurunda qorxu hissi yaşamamaq, Onu Ata və Dost kimi tanımaq deməkdir. Allaha iman etmək, Ona itaət etmək və tabe olmaq — yeni münasibətin təbii nəticəsidir. Bəs bunun İsaya imanla nə əlaqəsi var? Allahdan uzaq düşmək və düşmənçilik kimi köhnə münasibətlər aradan qaldırıldı, yeni münasibətlər yarandı. Bu yeni münasibətlər yalnız ona görə mümkün oldu ki, İsa yer üzünə gəldi və Öz həyatı, ölümü vasitəsilə bizə Allahın Atamız olduğunu, Onun bizi nə qədər sevdiyini və bizi bağışlamaq istədiyini söylədi.
Amma bu yeni münasibətlər özünü yeni həyat tərzində büruzə verir. İndi biz Allahın necə olduğunu bildiyimizə görə həyatımızı bu biliyə əsasən qurmalıyıq. Bu da İsanın bizə Allah haqqında söylədiklərinə əsasən üç formada özünü göstərə bilər.
1. Allah sevgidir. Buna görə biz də öz qardaşlarımızı sevməliyik, onları Allahın bizi sevdiyi kimi sevməliyik. Allah bizi bağışladığı kimi biz də başqalarını bağışlamalıyıq.
2. Allah müqəddəsdir. Buna görə bizim həyatımız da Allahın müqəddəsliyi kimi qüsursuz olmalıdır.
3. Allah hikmətdir. Buna görə biz də həyatımızı Ona təslim etməli və Ona güvənməliyik.
Məsihçi həyatının mahiyyəti Allahın bizə təklif etdiyi və İsa Məsihin vəhyi sayəsində əldə edilən yeni münasibətdir. Bu münasibət Allahı əks etdirən xidmətdə, nöqsansızlıqda və imanda təzahür edir. Allah bizim bunları etməyimizi istəyir və bunu etmək üçün bizə güc verir.
30-34
İfadələr və fikirlər üzərində olan bu mübahisə yalnız yəhudi tarixində başa düşülə bilər. İsa indicə böyük vəhy açıqladı: Allahın istədiyi əsl iş — Ona iman etməkdir. Yəhudilər dedilər: «Sən Məsih olduğunu iddia edirsən. Bunu sübut et».
Onlar hələ də camaatın çörəklə doyuldurulması haqqında düşünürdülər, düşüncələri istər-istəməz səhrada göydən verilən manna haqqında idi. Onlar bu iki hadisə arasındakı bənzətməni (analogiyanı) görməyə bilməzdilər. Onlar həmişə göydən yağdırılan mannaya Allahın çörəyi kimi baxırdılar (Zəbur 78:24, Çıxış 16:15). Ravvinlər inanırdılar ki, Məsih zühur edəndə yenidən xalqı manna ilə qidalandıracaq. Bu hadisə — İsrailin manna ilə doydurulması Musa peyğəmbərin ən böyük işi hesab olunurdu. Məsih isə Musa peyğəmbərdən üstün olmalı idi. «Birinci xilaskar necə idisə, sonuncu Xilaskar da elə olacaq. Birinci xilaskar mannanın göydən enməsini əmr etdiyi kimi, ikincisi də göydən manna yağdıracaq». «Siz mannanı bu dünyada deyil, gələcək dünyada alacaqsınız». «Manna kimlər üçün hazırlanıb? Gələcək dövrdə salehlər üçün. İman edən hər kəs buna layiqdir və mannadan dadacaqdır». Belə bir mövhumat var idi: Məbəd dağıdılan zaman vəhy sandığının içində olan mannanı Yeremya peyğəmbər gizlədib, Məsih gələndə isə onu üzə çıxaracaq. Başqa sözlə, yəhudilər İsadan onlara Allahın çörəyini verməsini və bununla da Öz sözlərini əsaslandırmasını tələb edirdilər. Onlar beş min nəfərin doydurulduğu çörəyi Allahın çörəyi hesab etmirdilər. Onlar deyirdilər ki, İsa yerdəki çörəklə başlayıb, yerdəki çörəklə də bitirdi. Manna isə tamam başqa məsələdir, onu əsl təsdiq hesab etmək olar. İsanın cavabı iki hissəyə bölünür. Birincisi, O, yəhudilərə xatırlatdı ki, onlara manna verən Musa peyğəmbər deyil, Allahdır. İkincisi, O dedi ki, göydən enən manna heç də Allahın çörəyi deyil, yalnız Allahın çörəyinin simvolu idi. Allahın çörəyi Odur — İsa. O, göylərdən yerə gəlib insanların nəinki fiziki aclığını doydurur, həm də onlara həyat verir. İsa iddia edirdi ki, həqiqi məmnunluq Ondadır.
35-40
Bu, dördüncü Müjdənin və həqiqətən də, bütün Əhdi-Cədidin ən əhəmiyyətli hissələrindən biridir. Burada təhlil etməli olduğumuz iki böyük fikir var. Birincisi, İsa «Həyat çörəyi Mənəm» deyəndə nə demək istəyirdi? Axı bu, sadəcə, gözəl və poetik bir ifadə deyil. Bunu sözbəsöz nəzərdən keçirək.
1. Çörək həyatı təmin edir. Onsuz həyat yoxdur.
2. Söhbət hansı həyatdan gedir? Aydın məsələdir ki, söhbət fiziki cəhətdən daha yüksək olan həyatdan gedir. Bəs həyatın ruhani mənası nədir?
3. Həqiqi həyat, artıq dediyimiz kimi, iman, məhəbbət və itaətə əsaslanan Allahla yeni münasibətdir.
4. Bu münasibət İsa Məsih vasitəsilə mümkün olmuşdur. Onsuz və Ondan başqa heç kim Allahla bu yeni münasibətə girə bilməz.
5. Başqa sözlə, İsa həyat verir. İsasız həyat, sözün tam mənasında, mümkün deyil. İsa olmadan insan mövcud ola bilər, lakin onun həyatı əsl həyat olmayacaq.
6. Buna görə də İsa həyat verir. Əgər O, həyatın əsasıdırsa, Onu həyat çörəyi adlandırmaq lazımdır. İnsanın susuzluğu və aclığı Məsihi və Onun vasitəsilə Allahı tanıyanda yatırılır. Narahat olan qəlb rahatlıq tapır, ac ürək toxtayır. İkincisi, bu hissə bizə məsihçi həyatının mərhələlərini açıqlayır. Burada İsa Allahın Ona verdiyi, Onun yanına gələn şəxslərdən danışır.
Gəlin bir daha buna sözbəsöz nəzər salaq.
1. Biz İsanı görürük. Bizim Onun haqqında təsəvvürümüz var. Biz Onu Əhdi-Cədidin səhifələrində, İmanlı Cəmiyyətinin təlimlərində, bəzən hətta üz-üzə görürük.
2. Onu görəndə biz Ona tərəf gedirik. Biz Onda kitabdan olan uzaq bir qəhrəmanı və ya nümunəni deyil, yaxınlaşa biləcəyimiz Birini görürük.
3. Biz Ona iman edirik. Başqa sözlə, biz Onda Allahın ali hakimiyyətini, həyatın və insanlığın ali hakimiyyətini tanıyırıq. Biz Ona hansısa mənfəət üçün deyil, tamamilə Ona təslim olmaq üçün üz tuturuq.
4. Bu bizə həyat verir və Allahla yeni gözəl münasibət bəxş edir. Bu münasibət vasitəsilə biz Onunla yaxın dostluq əlaqələri qurur, qorxduğumuz və ya heç tanımadığımız Birinin yanında özümüzü xoşbəxt hiss edirik.
5. Hər bir insan öz seçimində azad və sərbəstdir. İsa bütün insanlara təklif edir: biz həyat çörəyini götürə bilərik.
6. Bu yeni münasibətə aparan yalnız bir yol var — Məsih vasitəsilə. Məsihsiz bu, tamamilə qeyri-mümkün olardı. İsa olmadan nə axtaran ağıl, nə də susayan ürək Allahı tapa bilər.
7. Bütün bunların arxasında Allah dayanır. Məsihə Atanın Ona verdiyi şəxslər gəlir. Allah insana təkcə məqsəd göstərmir, insanın qəlbində Məsihə qarşı maraq və susuzluq oyadır. Allah insana qəlbində Ona təslim olmağa mane olan üsyan və təkəbbürdən azad olmağa kömək edir. Əgər Allah bizi tapmasaydı, biz Onu axtarmağa belə cəhd edə bilməzdik. Ancaq insanda hələ də Allahın təklifini rədd etmək üçün itaətsizliyə sövq edən nəsə var. Yalnız insan qəlbinin açıq-aşkar itaətsizliyi Allahı rədd etməyə səbəb olur. Həyat təklif olunub — onu ya götürün, ya da ondan imtina edin.
Həyatı seçəndə nə baş verir? İki şey. Birincisi, məmnunluq yaranır. Aclıq və susuzluq yatırılır. Ürək axtardığını tapır, həyat artıq sadəcə mövcud olmaqdan ibarət olmur. O, sülh və sevinclə dolur.
İkincisi, biz bu həyatdan köçəndən sonra da xilas oluruq. Hətta bu dünyanın ən son günündə belə, biz sakit və arxayın ola bilərik. Müqəddəs Kitab şərhçilərindən birinin dediyi kimi, «İsa Məsih bizi daha heç bir təhlükə olmayan göylərə aparır».
Məsih həm yer üzündə, həm də əbədiyyətdə həyat təklif edir. Bu, əzəmət və izzətdir. Əgər biz həmin həyatdan imtina etsək, özümüzü əzəmət və izzətdən məhrum etmiş olarıq.
41-51
Burada yəhudilərin nə üçün İsanı inkar etdikləri qeyd olunur. Onlar İsadan imtina etməklə əbədi həyatdan imtina etmiş oldular.
1. Onlar hər şeyi insani standartlara və zahiri görünüşə görə mühakimə edirdilər. İsanın sözlərinə cavab olaraq onlar dedilər ki, Onun dülgər oğlu olduğunu və Nazaretdə böyüyüb boya-başa çatdığını bilirlər. Onlar kasıb ailədə böyüyən peşəkarın Allahın xüsusi elçisi ola biləcəyini təsəvvür edə bilmirdilər.
Məşhur ingilis kəşfiyyatçısı Tomas Lourens tanınmış ingilis yazıçısı və şairi Tomas Hardinin yaxın dostu idi. Hərbi Hava Qüvvələrində işlədiyi müddətdə Lourens hərdən Hardigilə hərbi formada qonaq gəlirdi. Günlərin bir gün Hardigilə baş çəkəndə Dorçester merinin həyat yoldaşını onlarda gördü. Lourensin əslində kim olduğunu bilməyən xanım sadə bir təyyarəçi ilə görüşməsindən çox sarsılmışdı. O, Tomas Hardinin həyat yoldaşına fransızca demişdi ki, ömründə heç vaxt əsgərin yanında oturmaq məcburiyyətində olmayıb. Hamı susdu, sonra fransızca səlis danışan Lourens dilləndi: «Bağışlayın, xanım, bəlkə sizə tərcüməçi kimi kömək edə bilərəm? Xanım Hardi fransız dilini bilmir». İnsanı geyiminə görə mühakimə edən nəzakətsiz və təkəbbürlü xanım pis vəziyyətdə qaldı.
Eləcə də yəhudilər İsanı mühakimə edirdilər. Belə bir səhvə yol verməmək üçün olduqca diqqətli olmalıyıq. Müjdəni gətirən elçini bəyənmədiyimiz üçün Allahın Xoş Xəbərini rədd etmək olmaz. Çətin ki hansısa adam blank kağızının keyfiyyətsizliyinə görə neçə min manat almaqdan imtina etsin. İsa Qalileyalı dülgər olduğuna görə yəhudilər Onu qəbul etməkdən imtina etdilər.
2. Yəhudilər öz aralarında mübahisə edirdilər. Onların başı mübahisələrə o qədər qarışırdı ki, Allahın qərarını bilmək ağılarına belə gəlmirdi. Onlar hər şeydən çox insanlara öz fikirlərini çatdırmaq istəyirdilər. Allahın fikirləri onları qətiyyən maraqlandırmırdı. Çox vaxt biz də hər kəsin öz ideyasını irəli sürməyə çalışdığı görüşdə susmalı və Allahın bu məsələ ilə bağlı nə düşündüyünü, bizdən hansı hərəkəti gözlədiyini Ondan soruşmalıyıq. Axı önəmli olan bizim nə düşündüyümüz deyil, Allahın nə düşündüyüdür. Biz isə nadir hallarda bunu bilməyə çalışırıq.
3. Yəhudilər həmişə qulaq asır, lakin heç nə öyrənmirdilər. Çünki müxtəlif cür dinləmək olar. Tənqidi, narazılıqla, təkəbbürlə, laqeydliklə dinləmək olar. Digərləri isə öz adından danışmaq imkanı olmadığı üçün dinləyirlər. Ancaq dinləmək yalnız nəsə öyrəndiyimiz zaman məna kəsb etməyə başlayır. Allaha da məhz bu cür qulaq asmaq lazımdır.
4. Yəhudilər Allahın seçiminə qarşı çıxırdılar. İsanın yanına yalnız Allahın cəzb etdiyi insanlar gəlir. Yəhya burada helkueyn (cəzb etmək) sözündən istifadə edir. Eyni söz Yeremya peyğəmbərin kitabının yunan dilinə tərcüməsində, Yeremya Allahın «Səni əbədi bir məhəbbətlə sevdim...» (Yeremya 31:3) sözlərini eşidəndə istifadə olunur. Bu söz hansısa bir müqavimətin öhdəsindən gəlməyi güman edir. Məsələn, Yəhya 21:6-11-də həmin söz ağır torların sahilə çıxarılması ilə bağlı istifadə olunur. Paul və Silanın bazar meydanına Filipidəki rəhbərlərin yanına aparıldığı deyiləndə də eyni söz işlədilir (Həvarilərin işləri 16:19). Eyni söz Şimon Peterin qılınc çəkərkən — Yəhya 18:10-da da işlədilir. Beləliklə, bu söz müqavimətlə bağlıdır. Allah insanları cəzb edə bilər, amma insan müqavimət göstərməklə bu çağırışdan imtina edə bilər.
İsa — həyat çörəyidir, yəni yaşamaq üçün çox vacibdir. Buna görə də İsanın dəvətini rədd etmək, Onun göstərişlərinə tabe olmamaq həyatı itirmək və ölmək deməkdir. Ravvinlərin belə bir atalar sözü var idi: «Səhrada yaşayan yəhudi nəsli o dünyada yaşaya bilməz». Saylar kitabında deyilir ki, kəşfiyyatçılar qayıdandan sonra Vəd Olunmuş torpaqda onları gözləyənlərdən qorxan insanlar ölənə qədər səhrada dolaşmağa məhkum edildi. Onlar Allahın rəhbərliyini rədd edərək, Vəd Olunmuş torpağa daxil olmaq hüququndan əbədi olaraq məhrum oldular. Ravvinlər hesab edirdilər ki, səhrada ölənlər təkcə Vəd Olunmuş torpağı deyil, həm də o biri dünyanı da itirirlər. İsa Məsihin təklifindən imtina etmək həm bu dünyada, həm də o dünyada həyatını itirmək, Onun təklifini qəbul etmək isə həm bu dünyada həqiqi həyat, həm də axirətdə izzət qazanmaq deməkdir.
51-ci ayənin ikinci yarısının şərhinə növbəti bölümdə baxın.
52-59
Əksəriyyət üçün bu, çox çətin hissədir. Bizə görə, bu hissə qəribə dildə yazılıb, orada deyilən fikirlər isə fantastik, hətta cəfəng səslənir. Lakin İsanın dövründə onları eşidənlər üçün bu sözlər bəşəriyyətin doğulduğu dövrə aid yaxşı məlum olan fikirlər idi.
İsanın dedikləri qədim qurbanlıq adətləri ilə böyümüş insanlar üçün olduqca normal səslənirdi. Qurban gətirilən heyvan nadir hallarda bütöv yandırılırdı. Adətən, heyvan tanrılardan birinə təqdim olunsa da, qurbangahda simvolik olaraq onun yalnız kiçik hissəsi yandırılırdı. Ətin bir hissəsi zəhmət çəkənlərə, yəni kahinlərə düşürdü. Digər hissəsi isə ibadətgahın həyətində dostları ilə ziyafət təşkil etmək üçün qurbanın yiyəsinə qaytarılırdı. İnsanlar inanırdılar ki, belə bir ziyafətdə qurban təqdim olunan tanrının özü iştirak edir. Üstəlik, insanlar inanırdılar ki, qurban əti tanrıya gətirildiyinə görə o, artıq qurbanın içinə daxil olub. Beləcə bayram zamanı yemək yeyən insanlar tanrını dadmış, ziyafətdən sonra isə həmin tanrı ilə dolmuş olurdular. Biz bunu bütpərəstlik və ya yanlış inanc hesab edə bilərik. Amma bu da bir həqiqətdir ki, insanlar belə bir ziyafətdən ayrılarkən öz tanrılarının həyat gücü ilə dolduqlarına inanırdılar. Buna görə də həmin insanlar üçün bu kimi sözlər qeyri-adi səslənmirdi. Bundan əlavə, qədim dövrdə dinin ən geniş yayılmış forması misteriya-dinlər idi. Həmin misteriya-dinlər insana hansısa tanrı ilə vəhdətə girməyi təklif edirdi. Vəhdətə isə belə nail olunurdu: misteriya-dinlər mahiyyətcə dramdan ibarət idi, başqa sözlə, həyatın, ölüm əzabının və hansısa tanrının dirilməsinin təsirli dramasından ibarət «tamaşa» idi. Yenicə həsr edilmiş insan ayində iştirak etmək imkanı əldə etməzdən əvvəl, dram-misteriyanın mahiyyətinə varmalı, təmizlənmə mərasimindən keçmək üçün uzun müddət kurs keçməli, oruc tutmalı və nəfsinə hakim olmalı idi. Misteriyanın təqdimatı yüksək emosional atmosfer yaratmağa yönəldilirdi: xüsusi işıqlandırma, buxurun yandırılması, gözəl musiqi və əsaslı şəkildə hazırlanmış ayin — bütün bunlar yeni həsr olunmuş insanı vəcd vəziyyətinə gətirməli idi. Bunu hallüsinasiya və ya hipnoz, özünü hipnozetmə adlandırmaq olar. Tanrılarla birlik məhz bu yolla əldə edilirdi. Xüsusi hazırlıq keçmiş həsr olunan adam baş verənləri seyr etdikcə, bunu canlı yaşayır və özünü tanrı ilə eyniləşdirməyə başlayırdı: yəni onunla kədəri bölüşür, onunla birlikdə ölür və dirilirdi. Həmin adam onunla əbədi birləşərək həm həyatda ikən, həm də öləndən sonra xilas olurdu.
Nəticə etibarı ilə, antik dövrdə yaşayan insanlar öz allahları ilə birləşmək və bu birləşmənin səadətini yaşamaq istəyini yaxşı anlayırdılar. Onlar Məsihin əti və qanı haqqında dediyi sözləri hərfi mənada başa düşmürdülər. Onlar artıq bu sözlərdə izah edilən hər hansı dünyəvi birlikdən daha dərin, ifadəolunmaz birlik hissi ilə tanış idilər. Qədim dövrdə yaşayan insanlar bu dili yaxşı anlayırdılar, biz də anlaya bilərik.
Yəhya burada da öz üsulundan istifadə edir: o, Məsihin dediklərini sözbəsöz çatdırmır. Yetmiş il ərzində o, Məsihin dedikləri üzərində fikirləşir və indi Müqəddəs Ruhun rəhbərliyi altında İsanın sözlərinin əsl mənasını çatdırır. O, sözbəsöz İsanın dediklərini çatdırmır, əks halda, bu, yetmiş ildən sonra yaddaş şücaəti olardı. Yəhya onların mənasını çatdırır, bunda da ona Müqəddəs Ruh rəhbərlik edirdi.
İndi isə gəlin İsanın nə demək istədiyini və Yəhyanın bu sözləri necə başa düşdüyünü öyrənməyə çalışaq. Bu hissə iki cür başa düşülə və qəbul edilə bilər.
1. Onu geniş mənada başa düşmək olar. İsa Onun ətini yeyib, qanını içənlərdən danışırdı. İsanın əti — Onun insan təbiətidir. Yəhyanın Birinci Məktubunda bu barədə belə yazılıb: «...İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır, İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil...» (1Yəhya 4:2-3). İsa Məsihi iqrar etməyən ruh — «Məsih əleyhdarı»nın ruhudur. Yəhya tələb edir ki, biz bunu yadda saxlayaq və İsanın insan təbiətini, Onun bizim kimi bədəndə yaşadığını heç vaxt unutmayaq.
Bunun mənası nədir? Dəfələrlə gördüyümüz kimi, İsa insan cismində təcəssüm olunmuş Allahın dərrakəsidir. Bu o deməkdir ki, biz İsada insan həyatını bütün çətinlikləri və problemləri ilə Öz üzərinə götürən, bizim insani sınaqlarımızla mübarizə aparan və insani çətinliklərimizi yaşayan Allahı görürük.
Buna görə də İsa sanki deyir: «Ürəklərinizi, zehninizi və ruhunuzu Mənim insan təbiətimlə bağlı düşüncələrlə qidalandırın. Ruhdan düşdüyünüz və ümidsizliyə qapıldığınız zaman, həyat sizi darmadağın edəndə və siz bu həyatdan ikrah edəndə, unutmayın ki, Mən sizin yaşadıqlarınızı və bu həyatla əlaqəli bütün qayğıları Öz üzərimə götürmüşəm». Həyat və bədən izzətə büründü, çünki Allah onlara toxunmuşdu. Yunan pravoslav xristologiyası hesab edir ki, İsa bədəndə gələrək bizim bədənimizi ilahiləşdirdi. Məsihin ətindən yemək — Onun insan təbiəti vasitəsilə bizim insan təbiətimiz daha güclü, saf və təmiz olana qədər Onun insan təbiəti haqqında düşüncələrimizi qidalandırmaq deməkdir.
İsa deyir ki, biz Onun qanını içməliyik. Yəhudilərin dünyagörüşündə qan həyatı simvollaşdırır, bunun səbəbi tamamilə aydındır. Yaradan qan axdıqca, həyat bədəni tərk edir. Bundan başqa, yəhudilərin nəzərində, qan Allaha məxsusdur. Məhz buna görə ortodoksal yəhudilər bu günədək qanlı ət yemirlər. «Ancaq əti onun canı olan qanla birgə yeməyin» (Yaradılış 9:4). «Qanını isə yeməyin, onu su kimi torpağa tökün» (Qanunun təkrarı 15:23). Onun qanını içməli olduğumuzu deməklə, İsa demək istəyirdi ki, biz Onun həyatını ürəyimizə qəbul etməliyik.
Bu nə deməkdir? Gəlin belə bir misal çəkək: tutaq ki, şkafda insanın heç vaxt oxumadığı bir kitab var. Bəlkə də həmin kitab Şekspir faciələrinin gözəlliyindən, ya da başqa şeylərdən bəhs edir. Amma kitab rəfdə oxunmamış qaldıqca insan üçün yad bir şey olaraq qalır. Bir gün onu oxuyanda isə heyrətlənir, məftun olur, təsirlənir, oxuduqlarını unuda bilmir, çünki kitabın dərin mənalı sətirləri yaddaşına həkk olunub. Sonra o, istədiyi zaman bu möcüzəni yadına salıb, oxuduqlarının üzərində düşünə, ağlını və qəlbini qidalandıra bilər. Artıq kitab onun daxili xəzinəsinə çevrildiyindən o öz həyatını onunla qidalandıra bilər. Həyatdakı bütün mühüm hadisələr və yaşantılar da belədir: biz onları daxilimizə hopdurmayanadək onlar bizim üçün yad bir şey olaraq qalır.
İsa ilə münasibətimiz də belədir. Nə qədər ki O bizim üçün kiminsə Onun haqqında nəsə dediyi bir addır, O bizə yad olaraq qalacaq. Lakin O, ürəyimizə daxil olan kimi düşüncələrimizi və həyatımızı Onun bizə verdiyi həyatdan, qüdrətdən və enerjidən qidalandıra bilərik. İsa dedi ki, biz Onun qanını içməliyik. Bununla O, sanki belə deyir: «Mənə ilahiyyat mübahisəsinin predmeti kimi yanaşmağı dayandırın. Siz Məni daxilinizə qəbul etməli və Məndə qalmalısınız, məhz onda siz əsl həyata malik olacaqsınız». İsa «biz Onda qalır və O da bizdə qalır» deyəndə məhz bunu nəzərdə tuturdu. Onun ətini yeyib qanını içməliyik deməklə, İsa demək istəyir ki, biz həyatımızı, canımızı və ağlımızı Onun insan təbiətindən qidalandırmalı, həyatımızı Onun həyatı ilə yeniləməli və Allahın həyatı ilə dolmalıyıq.
2. Lakin həvari Yəhya təkcə bunu nəzərdə tutmur, həm də Axırıncı Şam yeməyi haqqında da düşünür. O deyir: «Əgər həyata malik olmaq istəyirsinizsə, onda bu bölünmüş çörəkdən yeyəcəyiniz, bu şərabı içəcəyiniz süfrəyə oturmalısınız. Məhz bu sizi Allahın lütfü ilə İsa Məsihin sevgisinə və həyatına qovuşduracaq». Amma məsələyə bu cür yanaşmaq son dərəcə təəccüblüdür. Çünki Yəhya Axırıncı Şam yeməyi haqqında heç nə demir. Onun nəqlində təmizlənmiş yuxarı otaq haqqında hekayə deyil, mavi Qalileya dənizinin sahillərində Yulia Bet-Saydasının yaxınlığındakı təpələrdə insanların doydurulması haqqında hekayə əksini tapır.
Şübhəsiz, müjdəçi bununla demək istəyir ki, əsl məsihçi üçün hər yemək müqəddəs mərasimdir. Ola bilsin, onun dövründə Rəbbin Şam yeməyinə həddən artıq əhəmiyyət verən insanlar var idi və onlar həmin Şam yeməyini Dirilmiş Məsihin hüzuruna daxil ola biləcəkləri yeganə yer olduğunu hesab edirdilər. Doğrudur, Rəbbin Şam yeməyi Allahla xüsusi bir görüşdür. Amma Yəhya əmin idi ki, istər ən kasıb bir evdə, istər ən dəbdəbəli sarayda, istərsə də otların xalça kimi xidmət etdiyi açıq səma altında — hər yemək Rəbbin müqəddəs süfrəsidir. Müjdəçi Məsihin varlığını ibadət evinin divarları və ibadətlə məhdudlaşdırmağa çalışmır. O deyir: «Hər dəfə süfrədə yemək yeyərkən siz Ustadın insan təbiətindən xəbər verən çörək və həyatın Özü olan, Onun qanından xəbər verən şərab tapacaqsınız». Bizi Məsihə qovuşduracaq çörəyi və şərabı hər yerdə dada bilərik. Əgər Məsihin varlığını yalnız ibadət binaları ilə məhdudlaşdırsaq, məsihçilik çox yoxsullaşmış olacaq. Yəhya bizə xatırladır ki, biz Məsihlə dolu bu dünyada Onunla hər yerdə görüşə bilərik.
Yəhya Rəbbin Şam yeməyinin əhəmiyyətini kiçiltmir, əksinə, onu daha genişləndirir ki, imanlı cəmiyyətində Məsihi Rəbbin süfrəsində tapandan sonra biz Onu insanların Allahın nemətlərindən daddıqları hər yerdə tapa bilək.
60-65
Şagirdlərin İsanın sözlərini başa düşməkdə çətinlik çəkməsi təəccüblü deyil. Yunanca skleros sözünün mənası «başa düşmək çətindir» yox, «qəbul etmək çətindir» deməkdir. İsa «göydən enən Allahın həyatıdır, kimsə Ona tabe olmazsa nə Onun verdiyi həyata malik ola, nə də əbədiyyəti görə bilər» deyəndə, şagirdlər İsanı yaxşı başa düşürdülər.
Qarşımızda hər əsr üzə çıxan bir həqiqət var. Xeyr, insanın məsihçi olmasına mane olan intellektual çətinliklər deyil, Məsihin onun qarşısında qoyduğu yüksək tələblərdir. İmanın əsasında bir sirr olmalıdır, çünki onun əsasında Allah durur. İnsan təbiətcə Allahı tam dərk edə bilməz. Hər dürüst mütəfəkkir razılaşar ki, bunun arxasında bir sirr olmalıdır. İnsan üçün Məsihin yolu iki səbəbə görə çətinləşir. Birincisi, Məsihin yolu insandan İsa Məsihə tam tabe olmağı, Onun ali hakimiyyətinin tanınmasını tələb edir. İkincisi, o, insan qarşısında ən yüksək mənəvi tələblər qoyur. İsa Özünün yer üzünə enən Allahın həyatı və ağlı olduğunu deyəndə, şagirdlər bunu yaxşı başa düşürdülər. Onlar üçün çətin olan bunu bütün nəticələri ilə birlikdə həqiqət kimi qəbul etmək idi. Bu gün də çoxları İsanı rədd edirlər, ona görə yox ki, İsa onları çıxılmaz vəziyyətə salır, ona görə ki, İsa onların həyatına çağırış verir. İsa Öz sözlərini sübut etməyə və əsaslandırmağa çalışmır. O, sadəcə olaraq, bildirir ki, hadisələrin özü bir gün Onun sözlərinin doğruluğunu sübut edəcək. Əslində, O, belə deyir: «Həyatın ən vacib elementi olan göydən enmiş çörək olduğuma inanmaq sizin üçün çətindir. Amma bir gün yenidən göylərə qalxdığımı görəndə, buna inanmaqda çətinlik çəkməyəcəksiniz». Bu, İsa Məsihin göylərə qaldırılacağı haqqında qabaqcadan edilən peyğəmbərlik idi. Bu o deməkdir ki, ölülərdən dirilmə İsanın sözlərinin doğruluğuna zəmanətdir. O, şərəflə yaşayıb, ümidsiz bir məqsəd uğrunda şücaətlə həlak olanlardan deyildi. O Öz sözlərinin doğruluğunu dirilməsi ilə sübut etdi.
Daha sonra İsa deyir ki, ən vacib şey — həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Biz bu ifadənin mənasının heç olmasa bir hissəsini başa düşmək üçün onu sadələşdirə bilərik — hər şeydən vacib ruhdur, əməldə göstərilən münasibətdir. Bir adam bunu belə ifadə etmişdir: «İnsanların yaratdığı hər şey, əgər onun hansısa uca məqsədi yoxdursa, boş və əhəmiyyətsizdir». Hər şeyin əsl dəyəri onun məqsədindən, hansı məqsəd üçün nəzərdə tutulmasından asılıdır. Kim yalnız yemək xatirinə yemək yeyirsə, qarınquludur, yemək ona xeyirdən çox zərər verə bilər. Yeməyi yalnız yaşamaq və işimizi daha yaxşı yerinə yetirmək üçün yediyimiz zaman həqiqi məna kəsb edir. Məna verən ruhun məqsədidir. Hər bir cismani şeyin mənası yalnız ruhun məqsədindən asılıdır.
İsa davam edir: «Sizə söylədiyim sözlər Ruh və həyat gətirir». Təkcə O bizə həyatın nə olduğunu deyə, onu necə yaşamalı olduğumuza görə məqsəd verə bilər. Həyatın əhəmiyyəti və dəyəri onun məqsədi və mənasından asılıdır. Yalnız Məsih həyatımıza, bütün daxili və zahiri müqavimətlərə baxmayaraq, həqiqi məqsəd və bu məqsədə çatmaq üçün məna və güc verə bilər. İsa yaxşı bilirdi ki, bəziləri Onun təklifini rədd etməklə yanaşı, düşmənçilik edəcəklər. Əgər Allahın Ruhu insana təkan verməzsə, heç kim İsanın təklifini qəbul edə bilməz. Lakin insan ömrünün sonuna qədər Ruha müqavimət göstərə bilər. Belə insanı Allah deyil, insan özü özünü Allahdan uzaq salır.
66-71
Bu hissə sonun başlanğıcı olduğu üçün faciə ilə doludur. Bir vaxtlar adamlar dəstə-dəstə İsanın yanına gəlirdilər. Pasxa bayramı zamanı İsa Yerusəlimdə olanda, çoxları Onun etdiyi möcüzələri görüb Ona iman etmişdilər (Yəhya 2:23). Çoxları İsanın şagirdlərinin yanına vəftiz olunmağa gələndə bu, hamını təəccübləndirirdi (Yəhya 4:1-3). Samariyada böyük işlər görülmüşdü (Yəhya 4:39-45). Bir gün əvvəl Qalileyadakı insanlar da dəstə-dəstə Onun ardınca gedirdilər (Yəhya 6:2). Ancaq indi hər şey tamamilə fərqli bir dönüş aldı. İsaya nifrət artırdı və bu nifrət Qolqota ilə bitmişdi. Yəhya qarşımızda faciənin son aktının pərdəsini qaldırır. Məhz belə bir vəziyyətdə insan ürəyi bütün nüansları ilə özünü büruzə verir. Belə mühitdə insanların İsaya qarşı üç fərqli münasibəti ortaya çıxdı.
1. Bəziləri geri çəkildi, Ondan ayrılıb daha Onunla addımlamadı. Onlar müxtəlif səbəblərdən İsadan ayrıldılar.
Onlardan bəziləri İsanın əməllərinin Onu hara aparacağını aydın görməyə başladı. Tamamilə aydın idi ki, hakimiyyətə qarşı bu cür hərəkət etmək olmaz. İsa ölümə gedirdi, onlar da vaxtında bütün bunlardan uzaqlaşmağa qərar verdilər. Onlar etibarsız yol yoldaşı idilər. Deyirlər ki, yaxşı ordu yorulanda da yaxşı döyüşür. İsadan uzaqlaşanlar Onun uğur qazandıqca ardınca getməyə hazır idilər. Lakin qarşıda təhlükə yaranan kimi Onu tərk etdilər.
Elələri də var idi ki, İsa onlara çağıranda çağırışdan imtina etdilər. Onlar İsanın ardınca Ondan nəsə almaq xatirinə gedirdilər; İsanın uğrunda əzab çəkmək və Ona nəsə vermək lazım gələn kimi, Onu tərk etdilər. Heç kim hansısa insana İsadan artıq verə bilməz. Ancaq heç nə vermədən yalnız İsadan nəsə almaqdan ötrü Ona tərəf gedən, əlbəttə ki, tezliklə geri dönəcəkdir. Məsihin ardınca gedən insan həmişə onu Çarmıxın gözlədiyini unutmamalıdır.
2. Bəziləri rüşvətə düçar oldular: bu, Yəhudanın timsalında daha aydın görünür. Çox güman, İsa onu Öz məqsədləri üçün uyğun bir insan kimi görmüşdü. Lakin Yəhuda qəhrəman olmaqdansa, cani olmağı seçdi. O, mömin ola bilərdi, amma adı belə rüsvayçılığa qarışdı.
Rəssamlardan birinin Axırıncı Şam yeməyini çəkməsi ilə bağlı dəhşətli bir hekayə var. O, böyük şəkil çəkmişdi və ona bir neçə il sərf etmişdi. Məsihin simasını çəkmək üçün model olaraq yaraşıqlı və nur üzlü bir gənc seçmişdir. Tədricən şəkil doldu və Yəhudadan başqa bütün şagirdlər çəkildi. Yəhuda üçün də model tələb olunurdu. Rəssam şəhərin ən dəhşətli ünvanlarına getdi və uzun axtarışlardan sonra onun təsvirinə tam uyğun gələn rəzil və azğın simalı bir adam tapdı. Seanslar bitəndə və Yəhudanın üzü tamamlananda həmin adam rəssama dedi:
Sən əvvəllər də məni çəkmisən.
Ola bilməz! — rəssam dedi.
Sən Məsihi çəkəndə həmin model mən idim.
Zaman insanı çox pis vəziyyətə salmışdı. Zaman bizə qarşı qəddar ola bilər; o özü ilə ideallarımızı, şövqümüzü, arzularımızı, sədaqətimizi apara bilər; illər həyatı Məsihə məhəbbətlə doldurmaq əvəzinə, həyatı dayazlaşdıra və ürəyi sərtləşdirə bilər. Həyat öz gözəlliyini itirə bilər — Allah bizi bundan qorusun!
3. Başqaları isə qərar verdilər. Bu, Peterin Filip Qeysəriyyəsində imanının böyük iqrarı idi (Mark 8:27; Matta 16:13; Luka 9:18). Belə vəziyyətdə Peter ürəyini boşaldır və sədaqətini etiraf edir — həm də başqa kimin yanına getmək olardı? Əbədi həyatın sözlərini söyləyən İsadır.
Peterin sədaqəti İsa ilə şəxsi münasibətə əsaslanır. O, çox şey başa düşmürdü. O da başqaları kimi İsanın sözlərindən çaşıb qalmışdı. Lakin Peter İsada Onun uğrunda ölməyə hazır olduğu bir şey gördü. Həm də Məsihin yolu — qəbul edilməli hansısa fəlsəfə və ya inanılmalı hansısa nəzəriyyə deyil, İsa Məsihlə qurulan şəxsi münasibətdir. İnsan Məsihə ona görə sadiqdir və ona görə Onu sevir ki, çünki ürəyi bundan başqa heç nə edə bilmir.