Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: 5-ci fəsil

V. Barklinin şərhləri

5-ci fəsil

1-9

İNSANIN ZƏİFLİYİ VƏ MƏSİHİN QÜDRƏTİ (Yəhya 5:1-9)

Artıq qeyd edildiyi kimi, yəhudilərin üç məcburi bayramı var idi: Pasxa, Əllinci gün bayramı və Çardaqlar bayramı. Qanuna görə, Yerusəlimdən iyirmi beş kilometrdən çox olmayan məsafədə yaşayan hər yetkin yəhudi bu bayramlarda iştirak etməli idi. Əgər 6-cı fəsildə baş verən hadisələrin 5-ci fəsildə baş verən hadisələrdən sonra gəldiyini fərz etsək, o zaman qeyd olunan bayram Pasxa hesab edilməlidir. Çünki 6-cı fəslin hadisələri Pasxadan bir qədər əvvəl baş verir (6:4). Pasxa aprelin ortalarında, Əllinci bayramı isə yeddi həftə sonra qeyd olunurdu. Yəhyanın Müjdəsində İsanın mühüm yəhudi bayramlarını ziyarət etməsi göstərilir. Çünki İsa yəhudilərin ibadət öhdəliklərinə laqeyd yanaşmırdı. Onun üçün Öz xalqı ilə birlikdə ibadətdə iştirak etmək xoş idi.

Görünür, İsa Yerusəlimə tək gəlmişdi. Çünki burada Onun şagirdlərinin adı, ümumiyyətlə, çəkilmir. İsa ibranicə mərhəmət evi mənasını verən Bet-Xasda, ya da ola bilsin, zeytun evi mənasını verən Bet-Zafa adlanan məşhur hovuza gəldi. Bir çox əlyazmalarda ikinci ad qeyd olunub. Bundan əlavə, İosif Flavinin əsərindən bilirik ki, Yerusəlimdə belə adlanan məhəllə də var idi. Hovuza yunan dilində kolumbefron deyilir. Bu söz kolumban felindən yaranıb, mənası suya baş vurmaq, sualtı üzmək deməkdir. Hovuz üzmək üçün kifayət qədər böyük idi. Rəbbin bir mələyi hərdən hovuzun içinə enib suyu çalxalayırdı. Suyun çalxalanmasından sonra oraya girən ilk adam, hansı xəstəliyi olursa-olsun, sağalırdı.

Bizim üçün bu, əsl mövhumat kimi görünür. Amma o dövrdə belə inanclar geniş yayılmışdı. İndi də bəzi yerlərdə qorunub saxlanılır. İnsanlar müxtəlif ruhların və cinlərin mövcudluğuna inanırdılar. Onlar hesab edirdilər ki, cinlər və ruhlar havada sıx məskunlaşıb və müəyyən yerlərə sığınıb. Hər ağacın, hər çayın, hər təpənin, hər hovuzun öz cinləri və ruhları vardı.

Bundan əlavə, qədim dövrdə yaşayan insanlar, ümumiyyətlə, suya, xüsusən də çaylara və bulaqlara hörmətlə yanaşırdılar. Su qiymətli bir xəzinə idi, çaylar isə daşqın zamanı gur selə çevrilə bilirdi. Bütün bunlar insanlarda böyük təəssürat yaradırdı. Bu gün çoxlarımız suyu ancaq məişətdə görürük. Qədim zamanlarda isə, bu gün bir çox yerlərdə olduğu kimi, su dünyanın ən qiymətli, bəzən isə ən təhlükəli neməti idi.

Ola bilsin, İsa hovuzun yanında olanda Ona iflic olmuş bu adamı həyatda ən acınacaqlı hal kimi göstərmişdilər. Çünki su çalxalananda onun xəstəliyi hovuza ilk girə bilməsini mümkünsüz, hətta qeyri-mümkün edirdi. Ona kömək edəcək biri də yox idi. Lakin İsa həmişə heç bir dostu olmayanların Dostu və heç kimin kömək edə bilmədiyi adamların Köməkçisi idi. Xəstə adam sağalmaq istəyirdi, İsa da bu qədər gözləyən adama kömək etdi.

Bu hekayə İsanın qüdrətinin şərtlərini göstərir. Burada İsanın əmrlə danışdığını görmək olar. İsa insanlara göstərişlər, əmrlər verir. Onları yerinə yetirməyə çalışan insanlar qüvvət alır.

1. İsa əvvəlcə xəstə adamdan, həqiqətən, sağalmaq istəyib-istəmədiyini soruşdu. Bu, göründüyü kimi, əbəs yerə verilən sual deyildi: həmin adam otuz səkkiz il gözləmişdi. Ola bilsin, o, passiv və küt məyusluğa qapılaraq son ümidini itirmişdi. İnsan daxilində xəstəliyi ilə barışa bilər, çünki sağaldığı halda gündəlik çörəyinin qayğısına qalmalı olacaq. Bəzi insanlar üçün onların xəstə olması və özü üçün heç nə edə bilməməsi o qədər də xoşagəlməz olmur. Axı başqası onların əvəzinə hər şeyi edir və hər şeyin qayğısına qalır. Ancaq bu adam dərhal cavab verdi: o, sağalmaq istəyirdi, halbuki ona kömək edəcək bir kimsənin olmadığı halda bunun necə baş verəcəyini başa düşmürdü.

Məsihdən kömək və Onun gücünü almaq üçün, ilk növbədə, bunu var-gücü ilə arzulamaq lazımdır. İsa soruşur: «Doğrudan da, sən dəyişmək istəyirsən?» Əgər ürəyimizdə hazırkı mövqeyimizlə razıyıqsa, onda dəyişə bilməyəcəyik. Bizdə ən yaxşısını əldə etmək arzusu yaşamalıdır.

2. İsa xəstə adama ayağa qalxmağı əmr etdi. O, sanki dedi: «Qulaq as, iradəni bir yerə topla, biz bunu birlikdə edəcəyik». Allahın qüdrəti heç vaxt insanı öz səylərinin zəruriliyindən azad etmir. Həqiqət budur ki, biz öz acizliyimizi dərk etməliyik. Lakin bu da həqiqətdir ki, möcüzələr bizim istəyimizlə Allahın qüdrətinin vəhdət təşkil etdiyi zaman baş verir.

3. İsa xəstəyə qeyri-mümkün olanı etməyi əmr etdi. O dedi: «Qalx!» Xəstənin yatağı, çox güman, yüngül xərəyə oxşayan bir şey idi. Yunanca ona kravvatos deyilirdi, sadə dillə desək — döşək. İsa isə ona döşəyini götürüb getməyi əmr etdi. Xəstə adam deyə bilərdi ki, döşək otuz səkkiz ildir onun üçün daşınıb, indi o, döşəyi necə götürüb aparsın? Ancaq o, Məsihlə birlikdə cəhd etdi və məsələ həll olundu.

4. Bu, nailiyyətlərə aparan yoldur. Dünyada bizi məğlub etməyə çalışan şeylər çoxdur. Hətta qarşıya qoyduğumuz məqsədlər bizim üçün əlçatmaz görünsə də, əgər biz hər cür səy göstərmək arzusu və qətiyyətlə doluyuqsa, Məsihin gücü istəyimizə çatmaq imkanı verir. Nəticədə əvvəllər bizi məğlub edən şeyləri biz məğlub edirik.

GİZLİ MƏNA (Yəhya 5:1-9 (ardı))

Bir çox ilahiyyatçılar bu hissənin alleqoriya olduğuna inanırlar. Onlar hesab edirlər ki, insan və bütün mühit «başqa bir şeyi simvollaşdırır: xəstə adam İsrail xalqının rəmzidir. Beş eyvan Qanunun beş kitabıdır. Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatırdı. Qanun insana günahlarını göstərə bilər, lakin onu islah etmək iqtidarında deyil. Qanun örtülü eyvanlar kimi, xəstənin qəlbini qoruyur, amma onu sağalda bilmir. Otuz səkkiz il yəhudilərin Vəd olunmuş torpağa girməzdən əvvəl səhrada dolaşdıqları otuz səkkiz il müddətinə uyğun gəlir, ya da insanların Məsihin gəlişini gözlədikləri əsrlərin sayına müvafiqdir. Suyun çalxalanması — vəftiz olunmağın rəmzidir». Məsələ burasındadır ki, erkən məsihçi dövrünün rəsmlərində vəftiz olunandan sonra sudan çıxan adam çox vaxt kürəyində xərək daşıyaraq təsvir edilirdi. Əlbəttə, bu gün biz bu hissəni hər iki mənada başa düşə bilərik. Amma çətin ki müjdəçi Yəhya bu hekayəni alleqoriya kimi təsvir etsin: bu hekayə real faktın aydın möhürünü daşıyır. Ancaq unutmayaq ki, Müqəddəs Kitabın istənilən hekayəsi təkcə faktların ifadəsi deyil. Zahiri şeylərin altında, hətta sadə hekayələrdə belə, həmişə dərin, əbədi bir həqiqət yatır. Biz əbədi həqiqətləri görməliyik.

10-18

ŞƏFA VƏ NİFRƏT (Yəhya 5:10-18)

İnsan anlayışlarına görə, bu adam sağalmaz bir xəstəlikdən şəfa tapdı. Bunun hamıda sevinc və minnətdarlıq doğuracağını gözləmək olardı. Lakin bəziləri bu şəfaya qəzəblə baxdılar. Şəfa tapan adam şəhərin küçələrindən keçərək döşəyini aparırdı, ortodoksal yəhudilər isə onu saxlayıb yük daşıdığına görə Şənbə qanununu pozduğunu xatırlatdılar.

Biz artıq yəhudilərin Allahın Qanunu ilə necə davrandıqlarını gördük (Yəhya 3:1-6-nın şərhinə bax). Əslində, Allahın Qanunu insanların mənimsəməli və yerinə yetirməli olduğu bir sıra böyük prinsiplərdən ibarət idi. Lakin zaman keçdikcə yəhudilər onu minlərlə kiçik qayda və normaya çevirdilər. Qanunda sadəcə deyilirdi ki, Şənbə günü başqa günlərdən fərqlənməlidir. Şənbə günü nə ağanın özü, nə onun qulluqçusu, nə də heyvanları işləməlidir. Yəhudilər isə işin nə hesab olunduğunu anlamaq üçün otuz doqquz tərifi işləyib hazırladılar. Bunlardan biri — yüklərin daşınması ilə bağlı idi.

Onların bütün əsaslandırmaları iki mətnə ​​istinad edirdi. Yeremya peyğəmbərin kitabında deyilir: «Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın, Yerusəlim darvazalarından içəri gətirməyin. Şənbə günü evlərinizdən yük çıxarmayın, heç bir iş görməyin. Atalarınıza əmr etdiyim kimi Şənbə gününü təqdis edin» (Yeremya 17:19-27). Nehemya peyğəmbər Şənbə günü işin və ticarətin çox olmasından narahat idi. O öz xidmətçilərini Yerusəlimin darvazalarına qoydu ki, heç kim Yerusəlimə heç nə gətirə bilməsin (Nehemya 13:15-19).

Nehemya 13:15-dən aydın görünür ki, söhbət adi bir gündə olduğu kimi, Şənbə günü də çiçəklənən ticarətlə bağlı idi. Lakin İsanın dövründə ravvinlər ciddi şəkildə iddia edirdilər ki, əgər insan Şənbə günü hətta paltarına iynə taxarsa, günah işlətmiş olur. Onlar hətta Şənbə günü insanın taxta ayaq və ya diş protezi taxa bilib-bilməcəyi ilə bağlı mübahisə edirdilər. Onlar əmin idilər ki, Şənbə günü bəzək sancağı belə taxmaq olmaz. Bütün bunlar onlar üçün ölüm-dirim məsələsi idi. Bu adam isə Şənbə günü döşəyini daşıyırdı!

Şəfa tapan adam onlara dedi ki, onu sağaldan Şəxs ona bunu etməyi əmr edib, amma Onun kim olduğunu bilmir. İsa Məbəddə yenidən onunla rastlaşanda, bu adam onu Kimin sağaltdığını başa düşdü. Onda o, tələsik rəislərin yanına gəlib dedi ki, onu sağaldan və ona döşəyini götürüb getməyi əmr edən İsadır. O, İsanı bəlaya salmaq niyyətində deyildi, lakin qanunda deyilirdi: «Kim ictimai yerdən şəxsi evinə nəsə apararsa, həmin adam cəzalandırılmalı və daşqalaq edilərək öldürülməlidir». Şəfa tapan adam sadəcə təhlükəli vəziyyətdən canını qurtarmağa çalışdı. O, yəhudi başçılarına izah etməyə çalışdı ki, qanunu öz istəyi ilə pozmayıb. Buna görə yəhudi başçıları İsaya qarşı ittiham irəli sürdülər. Axı O, Şənbə gününü tez-tez pozurdu. 5:16-18-dəki ayələrdə qeyri-kamil zaman istifadə olunur. Bu da o deməkdir ki, bu hadisə keçmişdə dəfələrlə təkrarlanıb. Buna görə də təsvir edilən hadisə İsanın əvvəllər etdiklərinin yalnız bir nümunəsi idi.

İsanın cavabı son dərəcə heyrətləndirici idi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». Yəhudi ilahiyyatçıları Onun nə demək istədiyini tam anlamalı idilər. İsgəndəriyyəli Filon demişdir: «Allah heç vaxt yaratmaqdan əl çəkmir, çünki alov yandırdığı kimi, şaxta dondurduğu kimi, yaratmaq da Ona xas olan təbiətdir». Başqa biri demişdir: «Hər gün olduğu kimi, şənbə günü də günəş parlayır, çaylar axır, ölüm və doğuş prosesi öz axarı ilə davam edir. Bu da Allahın işidir». Düzdür, yaradılış hekayəsinə görə, Allah yeddinci gün istirahət etdi. Amma O yaratmaq işlərindən istirahət etdi. Onun mühakimə etmək və rəhm etmək kimi əsas işi hələ də davam edir.

İsa sanki dedi: «Allahın məhəbbəti, mərhəməti və şəfqəti Şənbə günündə də təsirlidir. Mənim də eləcə». Bu son ifadə yəhudiləri sarsıtdı: bu o demək idi ki, İsa Öz əməllərini Allahın işlərinə bərabər tuturdu. Elə təəssürat yarandı ki, sanki İsa Özünü Allahla eyni tutur. İsanın, əslində, nə demək istədiyini biz növbəti hissənin təhlilində nəzərdən keçirəcəyik. İndi isə biz növbəti məqamları qeyd etməliyik. İsa öyrədir ki, insan həmişə çətinliyə düşəndə və ehtiyac içində olanda ona kömək etmək lazımdır. Kiminsə iztirabını və kədərini yüngülləşdirməkdən daha mühüm vəzifə yoxdur. Məsihçinin şəfqəti Tanrıdakı kimi daim və fasiləsiz olmalıdır. İstənilən başqa işi bir kənara qoymaq olar, amma şəfqəti, çətin vaxtda kömək etməyi yox.

Bu hissə başqa bir yəhudi inancını da əks etdirir. İsa Məbəddə yenidən bu adamla görüşəndə ona dedi ki, bir daha günah etməsin, yoxsa onun başına daha pis şeylər gələ bilər. Yəhudi üçün günah və iztirab bir-biri ilə sıx bağlı idi: əgər insan əzab çəkirsə, deməli, günah edib. Günahı bağışlanmayana qədər onun sağalması mümkün deyil. Şəfa tapan adam isə indi günah işlətdiyini və bağışlandığını iddia edə bilərdi, belə demək olarsa, sudan quru çıxardı. O, hətta iddia edə bilərdi ki, onu günahın nəticəsindən azad edən birini tapdığına görə günahını davam etdirə və yenidən sudan quru çıxa bilər. İmanlı Cəmiyyətində elə insanlar var idi ki, azadlıqlarından istifadə edərək öz bədənlərini razı salmağa çalışırdılar (Qalatiyalılara 5:13). Elə adamlar da var idi ki, Allahın lütfünün hamı üçün kifayət olduğuna inanaraq günah içində yaşamağa davam edirdilər (Romalılara 6:1-18). Günahlarına haqq qazandırmaqdan ötrü Allahın məhəbbətindən, bağışlamasından və lütfündən istifadə edən insanlar həmişə olub. Amma bağışlanmağımız üçün ödənilən qiyməti xatırlasaq, Qolqotadakı Çarmıxa baxsaq, başa düşəcəyik ki, biz həmişə günaha nifrət etməliyik: hər bir günah Allahın ürəyini dönə-dönə qırır.

19-29

BÖYÜK İDDİALAR (Yəhya 5:19-29)

Qarşımızda dördüncü Müjdədə Xilaskarın söylədiyi bir sıra uzun nitqlərindən və ya söhbətlərindən biri canlanır. Bu hissələri oxuyanda unutmayaq ki, Yəhya daha çox İsanın dediklərini sözbəsöz yox, nə demək istədiyini çatdırmağa çalışır. Bu Müjdə təxminən 100-cü ildə yazılıb. Yetmiş il ərzində Yəhya İsa Məsihin Özü haqqında və Onun söylədiyi heyrətamiz sözlər üzərində çox düşünüb. O, bu sözləri ilk dəfə eşidəndə çoxunu tam dərk etməmişdi. Lakin yarım əsrdən çox üzərində düşündüyü kəlamlar Müqəddəs Ruhun rəhbərliyi altında ona İsanın sözlərinin daha dərin mənasını açıqlamışdı. Buna görə də Yəhya təkcə İsanın dediklərini deyil, həm də nə demək istədiyini açıqlayır.

Bu hissə o qədər vacibdir ki, əvvəlcə onu bütöv, sonra isə hissə-hissə araşdırmalıyıq. Bununla belə, gəlin onun təkcə bizim üçün necə səsləndiyinə deyil, həm də onu ilk dəfə eşidən yəhudilərə necə təsir etdiyinə diqqət yetirək. Onları əhatə edən mühit bizimkindən çox fərqli idi. Onların dünyagörüşü və düşüncə tərzi tamamilə fərqli idi. Onları başqa mədəniyyət, din və ədəbiyyat əhatə edirdi. Yəhudilərin bu sözləri eşidərkən necə qəbul etdiklərini anlamaq üçün hər şeyi aydın təsəvvür etməliyik. Belə etsək, İsanın açıq-aydın ifadələrinin vəd edilmiş Məsih olması ilə bağlı necə heyrətamiz sözlər olduğunu görərik. Biz bu ifadələrin çoxunu yəhudilərin yaşadıqları atmosferdə yaşamadığımıza görə aydın başa düşə bilmirik. Lakin onlar üçün bu ifadələr olduqca aydın idi və onları heyrətə salırdı.

1. Ən aydın ifadə İsanın Bəşər Oğlu olması ilə bağlı sözləridir. Biz bu qeyri-adi titula Müjdələrdə və İsanın nitqində nə qədər tez-tez rast gəlindiyini bilirik. Bu titulun qədim tarixi var. Ona ilk dəfə Daniel peyğəmbərin kitabında rast gəlinir (Daniel 7:1-14).

Daniel peyğəmbərin kitabı Babil əsarətinin çətin günlərində yazılmışdır. O, bir gün İsrailin çəkdiyi əzabları əvəz edəcək izzətin görüntüsüdür. Daniel 7:1-7-də peyğəmbərin böyük bütpərəst imperiyalara dair görüntüləri heyvanlar şəklində təsvir edilir. Qartal qanadlı şir (7:4) — qədim Babil imperiyasını simvollaşdırır. Ağzında üç dişli ət yeyən ayı (7:5) — Aşşur imperiyasını simvollaşdırır. Dörd quş qanadı və dörd başı olan bəbir — Midiya-Fars imperiyasını simvolizə edir. Böyük dəmir dişli və on buynuzlu heybətli və güclü heyvan (7:7) — Makedoniya imperiyasını simvollaşdırır. Bütün bu dəhşətli qüvvələr keçib-gedəcək və məhv olacaq. Hakimiyyət alan isə bəşər oğluna bənzəyəcək. Bunun mənası belədir: hakim dövlətlər o qədər qəddar və vəhşi idilər ki, onları vəhşi heyvanlar kimi xarakterizə etmək olardı. Amma dünyaya elə həlim və xeyirxah bir hakimiyyət gələcək ki, o, heyvani deyil, insani olacaq. Daniel peyğəmbərin kitabında bu ifadə dünyanı idarə edəcək hakimiyyəti xarakterizə edir. Kimsə bu hakimiyyəti tanıtmalı və onu qorumalı idi. Yəhudilər bu titulu dünyaya həqiqət, məhəbbət və sülh gətirəcək Allahın Seçilmişinə verdilər. Buna görə də onlar Məsihi Bəşər Oğlu adlandırmağa başladılar.

Əhdi-Ətiqlə Əhdi-Cədid arasındakı dövrdə qızıl dövrü təsvir edən bir sıra ədəbiyyat yazılmışdı. Xüsusilə ən böyük təsirə malik olan Xanok peyğəmbərin kitabı idi. Bu kitab Allahın Padşahlığını yer üzünə gətirmək və onun üzərində hökmranlıq etmək üçün göylərdə Onu yerə göndərməsini gözləyən Bəşər Oğlunun simasını təsvir edir. Buna görə də Özünü Bəşər Oğlu adlandırmaqla İsa açıq-aydın şəkildə Özünü Məsih, Allahın Seçilmişi, Allahın Məsh olunmuşu adlandırdı. Bu ifadə o qədər aydın səslənmişdi ki, heç kim onu ​​səhv başa düşə bilməzdi.

2. Lakin İsanın Allahın Məsihi olduğunu bəyan etməsi təkcə sözlərlə deyil, bir çox başqa şeylərdə də aydın şəkildə ifadə olunur. İflic adamın üzərində göstərilən möcüzə artıq İsanın Məsih olduğuna işarə idi. Yeşaya peyğəmbərin kitabında Allahın yeni dövrünün təsviri var: o zaman «axsaqlar ceyran kimi hoppanacaq» (Yeşaya 35:6). Yeremya peyğəmbər də bir görüntü görmüşdü: korlar və topallar dünyanın uzaq yerlərindən toplanacaqlar (Yeremya 31:8-9).

3. İsa dəfələrlə ölüləri dirildəcəyini və onların Hakimi olacağını bəyan edir. Əhdi-Ətiqdə yalnız Allah ölüləri dirildə bilər və yalnız O, mühakimə etmək hüququna malikdir. «Allah yalnız Mənəm. Başqası yoxdur. Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, heç kim əlimdən qurtara bilməz» (Qanunun təkrarı 32:39). «Rəbb insanı həm öldürür, həm dirildir» (1Şamuel 2:6). Suriyalı sərkərdə Naaman cüzamdan şəfa tapmaq üçün İsrailə gələndə, İsrailin padşahı məyus halda qışqırdı: «Məgər mən öldürüb-dirildən Allaham?» (2Padşahlar 5:7). Öldürmək və diriltmək, həmçinin mühakimə etmək yalnız Allahın işidir. «Hökm Allahındır» (Qanunun Təkrarı 1:17).

Zaman keçdikcə yəhudilərin təsəvvüründə ölüləri diriltmək və Hakim kimi fəaliyyət göstərmək Allahın Seçilmişinin mühüm xüsusiyyətlərindən birinə çevrildi. Xanok peyğəmbərin kitabında Bəşər Oğlu haqqında belə deyilir: «Hökm çıxarmaq səlahiyyəti Onun ixtiyarına verildi» (Xanok 69:26-27). Araşdırılan hissədə İsa deyir ki, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. Baruk peyğəmbərin Apokalipsisində yazılıb ki, Rəbbin günü gələndə «Bu gün pislik edənlərin halı daha da pisləşəcək, onlar əzab çəkəcəklər. Qanuna inanıb qanuna uyğun davrananlar isə gözəlliyə və nura bürünəcəklər» (Baruk 51:1-4). Xanok peyğəmbərin kitabında həmçinin deyilir ki, o gün «yer bölünəcək, eyni yerdə olanların hamısı məhv olacaq, bütün insanlar mühakimə olunacaq» (Xanok 1:5-7). Binyaminin əhdində bu, belə ifadə edilir: «Bütün insanlar — bəziləri ucaldılmaq, bəziləri isə alçaldılmaq və rüsvay olmaq üçün — diriləcək».

Bunu söyləmək İsanın qeyri-adi və bənzərsiz cəsarətindən xəbər verir. O, yaxşı bilməli idi ki, bu cür bəyanatlar yəhudi başçılarının qulağında küfr kimi səslənəcək, bununla da O Özünü edam olunmaq təhlükəsinə məruz qoymuş olacaq. İsa Özünü Padşah elan etdi. Bu sözləri eşidən insanlar İsanı ya Allahın Oğlu kimi qəbul etməli, ya da Ona küfr edən Biri kimi nifrət etməli idilər.

İndi bu mətni hissə-hissə nəzərdən keçirəcəyik.

ATA VƏ OĞUL (Yəhya 5:19-20)

İsa Özünü Allahla bərabər tutmaq ittihamına cavab olaraq belə başladı.

1. O Özünü Allaha bərabər tutması haqqında danışır. Həqiqət budur ki, biz İsada Allahı görürük. Əgər biz Allahın insanlara necə münasibətinin olduğunu, bizə qarşı hansı hisslər bəslədiyini, Allahın günaha necə baxdığını, insanların vəziyyətini necə təsəvvür etdiyini görmək istəyiriksə, İsaya baxmalıyıq. İsanın dərrakəsi — Allahın dərrakəsidir; İsanın sözləri — Allahın sözləridir; İsanın əməlləri — Allahın əməlləridir.

2. Bu bərabərlik əslində bərabərliyə deyil, itaətə əsaslanır. İsa heç vaxt Özünün etmək istədiyini etmirdi: O, həmişə Allahın Ondan nə etmək istədiyini edirdi. İsanın iradəsi tamamilə Allahın iradəsinə tabe olduğuna görə biz Onda Allahı görürük. Biz İsaya Onun Allaha yanaşdığı kimi yanaşmalıyıq.

3. Bu itaət məcburi itaət deyil, sevgiyə əsaslanan itaətdir. İsa ilə Allahın birliyi — məhəbbətin birliyidir. Söhbət eyni düşünən iki ağıldan və eyni döyünən iki ürəkdən gedir. İnsan baxımından bu, İsa ilə Allah arasındakı əlaqənin ideal xarakteristikasıdır. Ata ilə Oğul arasında elə bir fikir, iradə və ürək vəhdəti var ki, Ata və Oğul birlik təşkil edir.

Lakin bu hissə İsa haqqında başqa bir şey də deyir.

1. Bu hissə İsanın tam əminliyindən bəhs edir. O, əmin idi ki, insanlar yalnız başlanğıcı görürlər, hələ daha çox şeylər görəcəklər. Sırf insani baxımından İsa Özü üçün yalnız ölümü gözləyə bilərdi. Bütün ortodoksal yəhudi qüvvələri Ona qarşı çıxırdılar. Bunun sonu artıq məlum idi. Lakin İsa tamamilə əmin idi ki, gələcək — insan əlində deyil, Allahın əlindədir. O, insanların Ona nələr edə biləcəyindən qorxmurdu və insanların Onun etməli işi dayandıra biləcəyini də düşünmürdü.

2. Bu hissə İsanın qorxmazlığından bəhs edir. Aydın məsələ idi ki, insanlar Onu səhv başa düşəcəklər. Aydın məsələ idi ki, Onun sözləri eşidənlərin şüuruna və qəlbinə od vuracaq, Onun həyatı təhlükə altına düşəcək. İsa Məsih heç bir halda Öz tələblərini yumşaltmaq və ya həqiqətə xəyanət etmək niyyətində deyildi. İnsanların Onu nə ilə hədələməsindən asılı olmayaraq, O, yenə də Öz iddialarını, tələblərini və həqiqətini söyləyirdi. Allahın həqiqəti Onun üçün insanların təhdidindən daha üstün idi.

MÜHAKİMƏ VƏ İZZƏT (Yəhya 5:21-23)

Biz burada görürük ki, Allahın Oğlu İsa üç böyük xüsusiyyətə malikdir.

1. O, həyat verəndir. Yəhya bunu iki mənada nəzərdə tutur. Birincisi, zaman çərçivəsində. İsa Məsih insanın həyatına daxil olmayanadək və insan İsa Məsihlə birləşməyənədək o, əsl həyat yaşaya bilməz. Məsələn, biz özümüz üçün musiqinin, ədəbiyyatın və incəsənətin yeni sahəsini, yaxud da yeni bir ölkə kəşf edəndə, qarşımızda yeni bir dünyanın açıldığını söyləyirik. İsa Məsih insanın həyatına daxil olanda həmin şəxs yeni həyata qovuşur. O dəyişməyə başlayır, başqaları ilə olan münasibətləri dəyişir, iş, vəzifə, zövq və həzz haqqında baxışları dəyişir, Allaha olan münasibəti dəyişir.

İkincisi, əbədiyyətdə. İsa Məsihi qəbul edən insan üçün bu həyat bitdikdən sonra daha dolğun və gözəl həyat açılacaq. İsa Məsihdən imtina edən insan isə ölümlə üzləşəcək, bu da Allahdan tamamilə uzaq düşmək deməkdir. İsa Məsih həm bu dünyada, həm də o dünyada həyat verir.

2. O, hökm edəndir. Allah bütün hökmü İsa Məsihin ixtiyarına verib, yəni insanın mühakimə olunması onun İsaya olan münasibətindən asılıdır. Əgər o, sevdiyi və ardınca getdiyi Şəxsi İsada tapıbsa, deməli, həyata doğru gedir. Əgər insan İsada öz düşmənini görürsə, bununla o özünü mühakimə etmiş olur. İsa hər bir insanın üzərində sınaqdan keçirildiyi məhək daşıdır. Ona olan münasibət insanları bir-birindən ayırır.

3. O, izzəti qəbul edəcək. Əhdi-Cədidin ən təəccüblü və ən əzəmətli cəhəti — onun sönməz ümidi və sarsılmaz əminliyidir. Əhdi-Cədid Çarmıxa çəkilmiş Məsihdən bəhs edir və sonda bütün insanların Çarmıxa çəkilmiş Xilaskara üz tutacağına, Onu sevəcəyinə və Onu tanıyacağına dair şübhə yeri qoymur. Təqiblərin və soyuqqanlılığın, uğursuzluğun və xəyanətin ortasında, ardıcılların az olmasına və heç bir təsiri olmamasına baxmayaraq, Əhdi-Cədid və gənc İmanlı Cəmiyyəti Məsihin son qələbəsinə heç vaxt şübhə etməyib. Bizi ümidsizlik bürüyəndə yada salmalıyıq ki, Allahın məqsədi — insanların xilasıdır və heç nə Onun iradəsini poza bilməz. İnsanların pis niyyəti Onun iradəsini ləngidə bilər, amma təslim edə bilməz.

QƏBUL ETMƏK — HƏYATIN ÖZÜDÜR (Yəhya 5:24)

İsa Məsih açıq şəkildə deyir ki, Onu qəbul etmək — yaşamaq, Onu rədd etmək isə ölmək deməkdir. İsanın sözünü dinləmək və Onu göndərən Ataya iman etmək nə deməkdir? Bunu üç məqamla izah etmək olar.

1. Bu o deməkdir ki, biz Allahı İsanın bizə təqdim etdiyi kimi olduğuna inanırıq. Bu o deməkdir ki, biz Onun məhəbbət olduğuna inanırıq və beləcə Onunla qorxuya yer olmayan yeni münasibətə girmiş oluruq.

2. Bu o deməkdir ki, nə qədər çətin olsa da, bizdən hansı qurbanlar tələb olunsa da, İsanın bizdən tələb etdiyi həyat tərzini qəbul edirik. Bu o deməkdir ki, biz bunun sülh və xoşbəxtliyə aparan həqiqi yol olduğuna əminik və ölümə, mühakiməyə aparan yoldan imtina edirik.

3. Bu o deməkdir ki, biz İsanın təklif etdiyi köməyi və Müqəddəs Ruhun rəhbərliyini qəbul edirik, bununla da Məsihin yolunda lazım olacaq qüdrəti əldə edirik. Bunları qəbul edəndə yeni münasibətə başlayırıq, daha doğrusu...

a) Allahla yeni münasibət qurmuş oluruq: yəni Hakim Allah — bizim üçün Ataya çevrilir; həddindən artıq uzaq olan — bizə yaxın olur, qəriblik — qohumluğa çevrilir, qorxunun yerini — sevgi əvəz edir.

b) Qardaşlarla yeni münasibət qurmuş oluruq: yəni nifrət — sevgiyə, eqoizm — xidmətə, qəddarlıq — bağışlamaya çevrilir.

c) Özümüzlə yeni münasibət qurmuş oluruq: yəni zəiflik yerinə güc əldə edirik, uğursuzluq — nailiyyətlərlə, gərginlik — rahatlıqla əvəz olunur.

İsa Məsihin təklifini qəbul etmək — həyat tapmaq deməkdir. Belə demək mümkünsə, hamı yaşayır, ancaq bir neçəsi əsl həyatın nə olduğunu bilir. Çoxları yaşamır, sadəcə mövcuddurlar. Tibb bacılarından biri Labrador yarımadasında işləmək istədiyini bildirəndə, missiya rəhbəri Qrenfell cavab olaraq yazdı ki, ona çox pul təklif edə bilməyəcək, lakin o, Məsihə və bu ölkənin xalqına xidmət etməklə həyatının ən gözəl çağını yaşayacaq.

Məsihi qəbul edən insan ölümdən həyata keçir. Həm bu dünyada həyatı heyrətamiz olur, həm də o biri dünyada Allahla birlikdə əbədi həyat gözəl olur.

HƏYAT VƏ ÖLÜM (Yəhya 5:25-29)

Bu, İsanın Məsih olması iddiasının ən aydın şəkildə əks olunduğu yerdir. O — Bəşər Oğludur; O — həyat verir; O — ölüləri dirildəcək; dirildəndə isə onların Hakimi olacaq.

Görünür, Yəhya bu hissədə ölülər sözünü iki mənada işlədir.

1. Ruhən ölü mənasında. İsa onlara yeni həyat verir. Bu nə deməkdir?

a) Ruhən ölü olmaq — hər hansı bir şeyi arzulamaq və ya nəsə etmək cəhdini dayandırmaq deməkdir; özünü olduğu kimi qəbul etmək, nöqsanların aradan qaldırılmasının mümkün olmadığını, yaxşılığın isə əlçatmaz olduğunu düşünmək, dəyişiləcəyinə bütün ümidləri kəsmək deməkdir. Ancaq məsihçi həyatı heç bir halda yerində dayana bilməz. O, ya irəli, ya da geri gedir. Cəhd etməyi, səy göstərməyi dayandırmaq, yenidən ölümə doğru yuvarlanmaq deməkdir.

b) Ruhən ölü olmaq — hissiyyatı itirmək deməkdir. İnsanların əksəriyyəti bir vaxtlar dünyanın günahlarını, acısını, iztirablarını kəskin şəkildə hiss edib yaşasalar da, zaman keçdikcə onlara alışıb, hissiyatsızlaşırlar. Onlar pisliyi görür, amma heç bir narazılıq bildirmirlər, kədəri və acını duyur, amma şəfqət hissi ürəklərini dəlib-deşmir. Şəfqətə malik olmayan ürək ölüdür.

c) Ruhən ölü olmaq — düşünməyi dayandırmaq deməkdir. Yazıçılardan biri belə demişdir: «Siz qərar qəbul edən andan öldünüz». Bununla o, demək istəyirdi ki, qərar qəbul etdikdən sonra yeni həqiqəti dinləməkdən imtina edən insan əqli və ruhani cəhətdən ölüdür. Nə vaxt ki yeni bilik əldə etmək həvəsi bizdə sönür, yeni həqiqət, yeni metod və ya yeni ideyalar bizi qıcıqlandırır, deməli, ruhən ölürük.

d) Ruhən ölü olmaq — tövbə etməyi dayandırmaq deməkdir. Rahat günah edib vicdan əzabı çəkmədiyimiz gün ruhən ölmüş oluruq. Buna gəlib çatmaq asandır. İlk dəfə nəyisə edəndə qorxu və peşmançılıq hissi ilə edirik. İkinci dəfə eyni şeyi daha asan edirik, üçüncü dəfə isə daha rahat edirik. Əgər günahı beləcə davam etdirsək, çətin ki günah barədə düşünməyə başlayacağıq. Ruhani ölümün qarşısını almaq üçün insan İsa Məsihin həmişə onun yanında olduğunu xatırlamalı və günaha qarşı kor olmamalıdır.

2. Lakin Yəhya ölü sözünü həm də hərfi mənada istifadə edir. İsa öyrədirdi ki, bir gün dirilmə baş verəcək və gələcək həyatda hər şey insanın bu dünyada etdiklərindən asılı olacaq. Bu həyat son dərəcə vacibdir, çünki əbədi həyat ondan asılıdır. Biz ömrü boyu özümüzü əbədi həyat üçün ya tamamilə yararsız edir, ya da Allahın hüzuruna hazırlayırıq. Biz ya həyata aparan yolu, ya da ölümə aparan yolu seçirik.

30

YEGANƏ ƏDALƏTLİ HÖKM (Yəhya 5:30)

Əvvəlki hissədə İsa Məsih mühakimə etmək hüququndan danışırdı. Təbii olaraq insanlar İsadan soruşa bilərdilər: «O, başqalarını hansı hüquqla mühakimə etmək niyyətindədir?» İsa buna cavab verdi ki, Onun hökmü ədalətli və qətidir, çünki O, bunu Öz iradəsi ilə deyil, Allahın iradəsinə görə edir. Onun yalnız bir arzusu var — Allahın iradəsini yerinə yetirmək. İsa bəyan etdi ki, O, mühakimə edərkən, Onun hökmü — Allahın hökmüdür.

Bir insanın başqasını ədalətlə mühakimə etməsi çətindir. Əgər özümüzə dürüst və vicdanla baxsaq, görərik ki, mühakiməmizə çox şey təsir edəcək. Bizim mühakiməmiz ədalətsiz olacaq, çünki daxilimizdə alçaldılmış qürur və ya xurafatdan yaranan qısqanclıq ya da paxıllıq hissi püskürür. Bu, nifrət təkəbbürdən, yaxud dözümsüzlük hissindən irəli gələ bilər. Mühakiməmiz ədalətli ola bilməz, çünki mühakimə etdiyimiz adam haqqında hər şeyi bilmirik. Yalnız saf niyyətli və təmiz qəlbli insan başqasını mühakimə edə bilər. Bu da o deməkdir ki, heç kim digərini mühakimə edə bilməz.

Allahın hökmü ədalətlidir, çünki Allah ədalətlidir. Allah müqəddəsdir, insanları və dünyada olan hər şeyi hansı ölçü ilə mühakimə etmək lazım olduğunu yalnız O bilir. Yalnız Allah kamil məhəbbətdir. Ancaq O, hər hansı bir mühakimə edilməli olana mərhəmətlə hökm edir. Mühakimə yalnız bütün hallar nəzərə alındıqda doğru ola bilər. Hər şeyi bilən isə tək Allahdır. İsanın mühakimə etmək hüququ ona əsaslanır ki, Allahın kamil dərrakəsi Ondadır. Onun mühakiməsi insanın istənilən qərəzindən azaddır. O, mükəmməl müqəddəslikdə, kamil məhəbbətdə və Allahın mükəmməl şəfqətində hökm edir.

31-36

MƏSİHİN ŞAHİDİ (Yəhya 5:31-36)

İsa yenə də əleyhdarların ittihamlarına cavab verir. Onlar soruşdular: «İddialarını təsdiqləmək üçün hansı dəlillər gətirə bilərsən?» İsanın cavabı ravvinlər üçün olduqca başadüşülən idi, çünki O, cavabı onların öz formasına görə qurmuşdur.

1. İsa yaxşı məlum olan prinsiplə başlayır: bir insanın şəhadətini həqiqət hesab etmək olmaz. Ən azı iki şəhadət tələb olunur. «Ölümə məhkum olan adam iki yaxud üç nəfərin şahidliyi ilə öldürülməlidir. Tək bir nəfərin şahidliyi ilə öldürülməsin» (Qanunun təkrarı 17:6). «Bir adamı işlədə biləcəyi hər hansı bir günahda yaxud cinayətdə təqsirləndirmək üçün bir şahid kifayət deyil. Hər iddia iki yaxud üç nəfərin şahidliyi ilə təsdiq edilsin» (Qanunun təkrarı 19:15). Paul həmçinin deyir: «Hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin» (2Korinflilərə 13:1). İsa Məsih də deyir ki, əgər məsihçinin qardaşı ilə davası olarsa, özü ilə bir və ya iki adamı götürməlidir ki, «hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin» (Matta 18:16). Gənc İmanlı Cəmiyyətində ağsaqqala qarşı ittihamın iki və ya üç şahidin qarşısına çıxarılması qaydası var idi (1Timoteyə 5:19). Beləcə İsa yəhudilərin qaydalarına tam uyğun olaraq cavab verdi.

Bundan əlavə, belə ümumi qayda da var idi ki, insanın özü haqqında verdiyi ifadə nəzərə alınmamalıdır. Mişnada deyilir: «İnsan özü haqqında danışanda, dediklərini etibarlı saymaq olmaz». Böyük qədim yunan natiqi Demosfen məhkəmə icraatının prinsiplərindən birini belə ifadə etmişdir: «Qanun insana özü haqqında şahidlik etməyə icazə vermir». Qədim qanunlara yaxşı məlum idi ki, şəxsi mənafe və özünü qorumaq instinkti insanın özü barədə etdiyi şəhadətə təsir edə bilər. İsa yəhudilərdə mövcud olan məhkəmə icraatının prinsiplərini qəbul edir və razılaşır ki, Onun Özü haqqında etdiyi təsdiqlənməyən şəhadətinin doğru olması mütləq deyil.

2. Lakin Onun başqa şəhadəti var. O deyir ki, Onun haqqında şəhadət edən başqa Birisi var, o da Allahdır. O, bu mövzuya daha sonra qayıdacaq, indi isə Onun haqqında dəfələrlə şəhadət edən Vəftizçi Yəhyanın sözlərindən sitat gətirir (Yəhya 1:19, 20, 26, 29, 35, 36). İsa Vəftizçi Yəhyaya layiq olduğu haqqını verir və yəhudi rəhbərliyini məzəmmət edir.

İsa deyir ki, Yəhya yanan və nur saçan bir çıraq idi. İsanın sözləri Vəftizçi Yəhya haqqında mükəmməl qiymətləndirmədir:

a) Çıraq öz-özünə işıq vermir. O öz-özünə yanmır, yandırılır.

b) Vəftizçi Yəhya yanan çıraq idi, çünki onun insanlara çatdırdığı xəbər ağılın məhsulu deyil, alovlu ürəyin bəhrəsi idi.

c) Vəftizçi Yəhya işıq saçırdı. İşıq insanlara yol göstərir. Vəftizçi Yəhya isə insanları tövbəyə və Allaha yönəldirdi.

d) Çıraq insanlara işıq verərək, adətən, müəyyən müddət yanır, sonra alovu öz-özünə sönür. Vəftizçi Yəhya isə İsa böyüdükcə kiçilməli idi. Həqiqi şahid Allaha xidmət edərkən özünü kül edir.

İsa Vəftizçi Yəhyaya layiq olduğu haqqını verir və yəhudi rəhbərliyini məzəmmət edir. Onlar bir müddət onun saçdığı işıqdan həzz aldıqlarına görə sevinirdilər, lakin heç vaxt onu ciddiyə almamışdılar. Bir adamın dediyi kimi, onlar «günəşin şüalarında rəqs edən mığmığalara» və ya «günəşdə oynayan uşaqlara bənzəyirlər». Vəftizçi Yəhya onlar üçün xoş bir sensasiya idi. Nə qədər ki Yəhya onların eşitmək istədiklərini söyləyirdi, onlar Yəhyaya qulaq asırdılar. Nitqi onlar üçün narahat olan kimi dərhal onu tərk edirdilər. Həmçinin insanların əksəriyyəti də Allahın Kəlamına və Allahın həqiqətinə qulaq asırlar. Onlar vəzdən tamaşa kimi həzz alırlar. Tanınmış vaizlərdən biri deyir ki, bir dəfə o, ciddi mövzulardan biri — qiyamət günü barədə təbliğ edəndən sonra, bəzi insanlar ona belə bir şərhlə yaxınlaşıb demişdilər: «Çox ağıllı vəz idi». İlahi həqiqətlər əsəblərin xoş qıdıqlanması üçün nəzərdə tutulmayıb. İlahi həqiqətlər özünü alçaldaraq, tövbə ilə qəbul edilməlidir. Lakin İsa Vəftizçi Yəhyanın şəhadətinə belə istinad etmir. O Öz iddialarını səhvə meyilli olan insanların şahidliyi ilə əsaslandırmır.

3. İsa etdiyi işləri şəhadət kimi gətirir. Vəftizçi Yəhya həbsxanada olarkən şagirdlərini İsanın yanına Onun Məsih olub-olmadığını, yoxsa başqasını gözləməli olduqlarını soruşmaq üçün göndərəndə, İsa eyni şeyi etdi. İsa Vəftizçi Yəhyanın elçilərini onun yanına qayıtmağı və gördüklərini ona danışmağı təklif etdi (Matta 11:4; Luka 7:22). İsa işlərini Özünü göstərmək üçün etmir, Allahın Onun vasitəsilə izhar olunan qüdrətini göstərmək üçün edir. Allah Onun əsas şahididir.

37-43

ALLAHIN ŞƏHADƏTİ (Yəhya 5:37-43)

Bu hissənin birinci hissəsini iki cür şərh etmək olar.

1. Ola bilsin, İsa burada Allahın insan qəlbində etdiyi gözəgörünməz şəhadəti nəzərdə tutur. Həvari Yəhya birinci məktubunda yazır: «Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir» (Yəhya 5:9-10). Yəhudilər əmin idilər ki, Allahı heç kim görməmişdir və görə də bilməz. Musa peyğəmbər On Əmri alanda Kəlamda deyilir: «Siz Onun danışıq səsini eşitdiniz, lakin bir surət görmədiniz. Yalnız bir səs var idi» (Qanunun təkrarı 4:12). Buna görə də, bu yerin birinci hissəsinin mənası belə ola bilər: «Həqiqətən, Allah, eləcə də Onun şəhadəti gözəgörünməzdir, çünki Allahın şəhadəti insanın qəlbində Mənimlə görüşən zaman öz əksini tapır». Biz Məsihlə görüşəndə Onda xeyirxahlıq və hikmət Sahibi görürük. Məhz bu etiqad bizim qəlbimizdə əksini tapan Allahın şəhadətidir. Stoik-filosoflar hesab edirdilər ki, həqiqət ölçüsü ağıl deyil, onların dediyi kimi, «dərk edilən anlayışdır». Əminlik insanda sanki əlini çiyninə qoyurmuş kimi qəfildən yaranır. O zaman insan bütün qəlbi ilə inanmağa başlayır, amma necə və nə üçün inandığını bilmir. Ola bilsin ki, burada İsa Onun ali hökmranlığına dair ürəyimizdə olan əminliyi Allahın şəhadəti olduğunu nəzərdə tutur.

2. Ola bilsin, Yəhya demək istəyir ki, Allahın Məsih haqqında şəhadətini Müqəddəs Yazılarda tapmaq olar. Yəhudilər üçün Müqəddəs Yazılar hər şey idi. «Qanunun sözlərini dərk edən əbədi həyata malikdir». «Qanunu tapan adam həm bu dünyada, həm də axirətdə lütf bağına bürünüb». «Kim Musanın öz idrakı ilə qanunda bir ayə olsa belə yazdığını iddia edərsə, Allaha xor baxmış olur». «Budur, Allahın əmrləri yazılmış kitab və əbədi qanun. Ona bağlı qalanlar yaşayacaq, onu rədd edənlər isə öləcək» (Qanunun təkrarı 4:1-2). «Əgər ömrünü cəmi bir saatlıq uzadan yeməkdən ötrü yeməzdən əvvəl və sonra xeyir-dua duası etmək lazımdırsa, axirət dünyasını saxlayan qanuna xeyir-dua vermək nə qədər vacibdir?» Yəhudilər qanuna sahib idilər, onlar qanunu öyrəndilər, lakin Məsih gələndə onu tanıya bilmədilər. Görəsən, nə baş vermişdi? Dünyanın ən yaxşı Müqəddəs Kitab tədqiqatçıları, Müqəddəs Yazılara hörmətlə yanaşan və daim onları oxuyan insanlar İsanı inkar etdilər. Bu necə baş verə bilərdi?

1. Bir şey aydındır — onlar Müqəddəs Yazıları səhv oxuyurdular. Onlar Müqəddəs Yazıları qabaqcadan hasil olan yanlış qənaətə əsasən oxuyurdular. Onlar Müqəddəs Yazılarda Allahı yox, öz mövqelərinin lehinə arqumentlər axtarırdılar. Onlar Allahı deyil, Onun haqqında öz təsəvvürlərini sevirdilər. Allahın Sözünün onların zehinlərinə çatmasını gözləmək, suyun betona nüfuz etməsini gözləməyə bənzəyərdi. Onlar Müqəddəs Yazıları Allahın yollarını öyrənmək üçün araşdırmırdılar, öz ilahiyyat baxışlarını dəstəkləmək üçün Müqəddəs Yazılardan istifadə edirdilər. Bu gün də belə bir təhlükə var ki, biz imanımızı sınamaq üçün yox, onun təsdiqini tapmaq üçün Müqəddəs Kitabdan istifadə edirik.

2. Amma daha böyük səhvə yol verdilər. Onlar inanırdılar ki, Allah insanlara yazılı şəkildə vəhy verir, lakin Allahın vəhyini tarixdə görmək lazımdır. Allahın vəhyi — Allahın sözləri deyil, Onun əməlləridir. Həm də Müqəddəs Kitabın Özü Allahın vəhyi deyil, Onun vəhyinin qeydləridir. Yəhudilər isə Müqəddəs Kitabın sözlərini bütləşdirirdilər.

Müqəddəs Kitabı oxumağın yalnız bir düzgün yolu var: Müqəddəs Kitabı oxuyarkən biz görməliyik ki, orada yazılan hər şey İsa Məsihə işarə edir. O zaman bizi çaşdıran, hətta bizə əzab verən bir çox şey İsa Məsihə doğru aparan yolda mərhələlər kimi qarşımızda aydın görünəcək. Çünki İsanın Özü — ən yüksək vəhydir, bütün digər vəhylər məhz Onun işığında sınaqdan keçirilməlidir. Yəhudilər daha çox yaradan və iş görən Allaha yox, Kəlam yazan Allaha ibadət edirdilər. Buna görə də Məsih onların yanına gələndə, onlar Onu tanımadılar. Müqəddəs Yazı əbədi həyat verə bilməz, yalnız onu verə Bilənə işarə edir. Burada biz iki mühüm açıqlama görürük.

1. Yəhyanın Müjdəsi 5:34-də İsanın belə dediyi qeyd olunur: «...sizin xilas olmağınız üçün bunları söyləyirəm» və Yəhya 5:41-də İsa belə deyir: «İnsanlardan izzət qəbul etmirəm». Başqa sözlə desək: «Mən sizinlə mübahisə etmirəm və sizinlə höcətləşmək fikrində deyiləm. Bunu sizə nə qədər ağıllı olduğumu göstərmək, sizi heyrətləndirmək və ya sizdən minnətdarlıq sözləri eşitmək üçün demirəm. Bunu sizi sevdiyim üçün və sizi xilas etmək istədiyim üçün deyirəm».

Bunda heyrətamiz bir şey var. İnsanlar bizə etiraz edəndə və biz özümüzü müdafiə etmək məcburiyyətində qalanda, ilk növbədə bizi sövq edən nə olur? Alçaldılmış qürur? Uğursuzluq qorxusu? Qıcıq? İnsanların axmaq olduğunu saydığımız üçün öz fikrimizi insanlara aşılamaq istəyi? İsa insanları sevdiyi üçün bunları söyləyirdi. O, heç vaxt səsini qaldırmırdı, lakin sərt danışanda belə, səsində sevgi duyulurdu. Onun gözlərində alov görmək olardı, lakin bu, sevgi alovu idi.

2. İsa deyir: «Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz». Yəhudilərin arasında Məsih olduqlarını iddia edən bir çox fırıldaqçılar meydana gəlirdi. Onların həmişə davamçıları olub (Mark 13:6-22; Matta 24:5-24-lə müqayisə edin). Nə üçün insanlar fırıldaqçıların ardınca gedirlər? Çünki fırıldaqçıların istəyi və tələbləri xalqın istəklərinə uyğundur. Fırıldaqçılar imperiyalar, qələbələr və maddi rifah vəd edirdilər, İsa Məsih isə insanları Çarmıx daşımağa dəvət etdi. Fırıldaqçıların ümumi bir cəhəti var: onların hamısı insanlara öz istəklərini təmin etmək üçün asan yol təklif edir, lakin İsa Allahın çətin yolunu təklif etdi. Fırıldaqçılar yoxa çıxdılar, lakin Məsih bu günədək yaşamağa davam edir.

44-47

SON MÜHAKİMƏ (Yəhya 5:44-47)

İlahiyyatçılar və fariseylər xalqın diqqətini çəkməyə çalışırdılar. Hətta elə geyinirdilər ki, hamı onları tanısın. Onlar elə yerlərdə və elə tərzdə dua edirdilər ki, hamı onları görə bilsin. Onlar sinaqoqda birinci yerləri tutmağı xoşlayırdılar. Küçələrdə insanların ehtiramla salamlaşmasını sevirdilər. Məhz buna görə də onlar Allahın səsini eşidə bilmirdilər. Axı bu necə oldu? Nə qədər ki insan özünü qardaşları ilə müqayisə edir, o, həmişə razı qala bilər. Anacaq məsələ «mən qonşumla müqayisədə necə görünürəm?» sualında deyil, «Allahın tələblərinə cavab verirəmmi?» sualındadır. Nə qədər ki biz özümüzü bəşəri ölçülərlə mühakimə edirik, həmişə özümüzdən razı olmağın bir yolunu tapacağıq. Özündən razılıq imanı öldürür, çünki iman ehtiyac hissindən yaranır. Biz özümüzü İsa Məsihlə və Onda yaşayan Allahla müqayisə edəndə, özümüzü yerin tozu hiss edirik, o zaman iman yaranır. Çünki Allahın mərhəmətinə güvənməkdən başqa heç nə qalmır.

İsa nitqini yerinə düşən ittihamla bitirdi. Yəhudilər, zənn etdikləri kimi, Allahın sözünə görə Musanın onlara verdiyi kitablara inanırdılar. İsa Məsih isə dedi: «Əgər siz bu kitabları düzgün oxusaydınız, onda görərdiniz ki, onların hamısı Mənə işarə edir». Sonra da davam etdi: «Siz düşünürsünüz ki, Musa peyğəmbər Allahla sizin aranızda vasitəçi olduğuna görə siz sakit ola bilərsəniz. Amma sizi mühakimə edən məhz Musa olacaq. Bəlkə də Mənə qulaq asmamalı olduğunuzu düşünürsünüz, amma çox böyük əhəmiyyət verdiyiniz Musanın sözlərinə qulaq asmalısınız. O isə Mənim haqqımda danışır».

Bu, vacib və böyük bir həqiqətdir: yəhudilərin ən böyük imtiyazı onların ən böyük mühakiməsinə çevrildi. Əgər bir insanın nəsə etmək imkanı olmayıbsa, heç kim onu ​​mühakimə edə bilməz. Lakin yəhudilərə bilik verildi, onlar bundan haqlı olaraq istifadə edə bilmədilər. Buna görə də bilik onların qınağına çevrildi. İmtiyaz həmişə insanın üzərinə məsuliyyət qoyur.

Azərbaycan dilində Müqəddəs Kitab

Hovuz kənarındakı xəstənin şəfa tapması
1 Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. 2 Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. 3 Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. 4  5 Otuz səkkiz il xəstə olan bir adam da orada idi. 6 İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» 7 Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». 8 İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» 9 O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi.
O gün Şənbə günü idi. 10 Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». 11 O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». 12 Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 13 Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. 14 Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». 15 O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. 16 Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi. 17 Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 18 Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı.
İsanın səlahiyyəti
19 Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 20 Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 21 Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 22 Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23 hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir.
24 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 25 Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 26 Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 27 Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 28 Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 29 qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək.
30 Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir.
İsaya şəhadət
31 Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 32 Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 33 Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 34 Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 35 Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 36 Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 37 Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 38 Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 39 Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 40 sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz.
41 İnsanlardan izzət qəbul etmirəm. 42 Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 43 Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 44 Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 45 Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 46 Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 47 Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»