1-9
Gəlin əvvəlcə bu hissədə təsvir olunan hadisələrin baş verdiyi yeri müəyyənləşdirək. İsrail şimaldan cənuba təxminən 200 km qədər uzanır. İsa Məsihin dövründə bu ərazi üç yerə bölünmüşdü. Şimalda — Qalileya, cənubda — Yəhudeya, onların arasında — Samariya yerləşirdi. Xidmətinin bu mərhələsində İsa vəftizlə bağlı mübahisəyə girişmək istəmədi. Buna görə də O, bir müddət Yəhudeyanı tərk edib, Öz xidmətini Qalileyada davam etdirmək qərarına gəldi. Yəhudilər və samariyalılar arasında əsrlər boyu düşmənçilik olub. Lakin Yəhudeyadan Qalileyaya ən qısa yol Samariyadan keçirdi. Bunun üçün cəmi üç gün yol getmək tələb olunurdu. Samariyaya girmədən Yəhudeyadan Qalileyaya gedən başqa bir yol da var idi. Həmin yol İordan çayının şərq sahili boyunca, sonra da yenidən İordan çayından keçirdi. Bu yol iki dəfə uzun idi və daha çox vaxt aparırdı. İsa Qalileyaya tez gəlmək istəyirdisə, Samariyadan keçməli idi.
İsa və Onun şagirdləri Samariyanın Sixar adlanan şəhərinə gəldilər. Oraya yaxın yolayrıcı — biri şimal-şərqdən Skifopolisə, digəri qərbə Nablus və daha sonra En-Qannimə gedən yol var idi. Yolayrıcında bu günə qədər Yaqub peyğəmbərin məşhur quyusu dayanır. Bir çox yəhudi ənənələri və xatirələri bu yerlə bağlı idi. Orada Yaqub peyğəmbərin satın aldığı torpaq sahəsi var idi (Yaradılış 33:18-19). Yaqub peyğəmbər ölüm yatağında olarkən bu torpağı Yusifə vəsiyyət etmişdi (Yaradılış 48:22); Yusif Misirdə öləndən sonra onun cəsədi İsrailə qaytarılaraq orada basdırılmışdı (Yeşua 24:32).
Quyunun dərinliyi otuz metrdən çoxdur. Bu, bulaq quyusu deyil — su yerdən sızıb çıxır. Məlum məsələdir ki, kəndirsiz quyudan su çəkmək mümkün deyil. İsa kiçik dəstəsi ilə yolayrıcına gələndə, yol onları yorduğu üçün O, quyunun yanında oturdu. Günorta idi. Yəhudilərdə gün saat 6-da başladığına görə onlarda altıncı saat — hazırkı vaxtla günorta saat on iki idi, yəni istinin ən qızmar vaxtı. İsa yorulmuşdu və susamışdı. Şagirdlər yemək almaq üçün samariyalıların şəhərlərindən birinə yollandılar. Çox güman, onlarda artıq bəzi dəyişikliklər baş verirdi. Çünki İsa ilə görüşməzdən əvvəl Samariya şəhərində yemək almaq onların ağıllarına belə gəlməzdi. Yavaş-yavaş, bəlkə, özləri də hiss etmədən onların şüurunda sədlər dağılırdı.
İsa orada oturarkən samariyalı qadınlardan biri quyunun yanına gəldi. Onun ora getməsinin səbəbi hələ də sirr olaraq qalır. Çünki quyu onun yaşadığı Sixar şəhərindən təxminən bir kilometr aralıda yerləşirdi və çox güman, şəhərdə su olmalı idi. Bəlkə də onu o qədər əxlaqsız sayırdılar ki, qadınlar onu kənddəki quyudan qovurdular, o da su çəkmək üçün bura gəlməli olurdu. İsa ondan su istədi. Samariyalı qadın da təəccüblə Ona tərəf çevrilib dedi: «Sən bir yəhudisən, mənsə samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Burada Yəhya Müjdəni yazdığı yunanlara izah edir ki, yəhudilər və samariyalılar arasında, demək olar, heç bir ünsiyyət yox idi.
Aydın məsələdir ki, burada qeyd olunan dialoq baş verən söhbətin yalnız xülasəsidir. Hətta görüşün özü də burada qeyd olunanlardan daha böyük əhəmiyyət kəsb edirdi. Analogiya üçün müzakirə olunan məsələlərin yalnız ən vaciblərinin qeyd olunduğu iclasın protokolunu götürmək olar. Görünür, samariyalı qadın yad adama ürəyini boşaltmışdı. Axı o, heç vaxt belə mehriban baxışlı, mühakimə etməyən və özünü üstün saymayan bir insana rast gəlməmişdi. Qadın ürəyini Ona açdı. Burada İsanın xarakteri haqqında çox şey deyilir.
1. Burada Onun insan təbiətinin əsl sübutu göstərilir. İsa yoldan yorulub, quyunun kənarında dincəlmək üçün oturmuşdu. Maraqlıdır ki, digər müjdəçilər arasında məhz Yəhya həm İsanın ilahiliyini, həm də insan təbiətini vurğulayır. Yəhya bizə yorulmaq və ya əziyyətin nə olduğunu bilməyən bir fiqur göstərmir. O bizə eynilə bizim kimi — həyat bizim üçün gərgin olduğu kimi Onun üçün də gərgin olan bir insanı göstərir. Qarşımızda yolunu davam etdirməli yorğun olan bir insan durur.
2. Burada İsanın isti münasibəti və şəfqəti göstərilir. Samariyalı qadın adi dini fanatikdən və ya ortodoksal dini liderdən qorxuya düşüb qaçardı. O, belə bir insanla görüşməkdən çəkinərdi. Hətta belə bir adam onunla danışsaydı da, halbuki bunun ehtimalı çox azdır, qadın onu qaraqabaq, həm də düşməncəsinə sükutla qarşılayardı. Amma İsa ilə danışmaq ona adi gəldi. O, tənqidçi olmayan, mühakimə etməyən, lakin başa düşən bir Dostla tanış oldu.
3. Burada İsa Məsih maneələri dağıdan kimi göstərilir. Yəhudilər və samariyalılar arasındakı düşmənçilik çox köhnə məsələ idi. Təxminən eramızdan əvvəl 720-ci ildə assuriyalılar Şimali Padşahlığa — Samariyaya hücum etdilər, onu ələ keçirdilər və özlərinə tabe etdirdilər. Onlar o dövrdə bütün işğalçıların etdiyi kimi etdilər — demək olar ki, bütün əhalini Aşşur torpağına sürgün etdilər (2Padşahlar 17:6). Babildən, Kutadan, Avvadan, Xamatdan və Sefarvayimdən adamlar gətirib Samariyanın şəhərlərində yerləşdirdilər (2Padşahlar 17:24). Ancaq yenə də bütün xalqı əsarətə almaq mümkün deyildi: Şimal Padşahlığının bəzi sakinləri öz torpaqlarında qaldılar. Onlar yeni gələn əcnəbilərlə evlənməyə başladılar, bununla da yəhudilər üçün bağışlanmaz günah işlətdilər — yəni irqlərini, qanlarını qarışdırdılar. Bu günədək ciddi yəhudi ailəsində oğul və ya qız bütpərəstlə evlənərsə, onların simvolik dəfn mərasimi keçirilir. Belə bir insan ortodoksal yəhudiliyin gözündə ölüdür. Beləcə Samariya sakinlərinin çoxu Assuriyada əsarətə götürüldü. Onlar bir daha öz torpaqlarına geri qayıtmadılar, yeni vətənlərinin əhalisi ilə assimilyasiya olundular. Bu, itirilmiş qəbilələrdir. Öz torpağında qalanlar isə gələn yadellilərlə qarışaraq yəhudi adlanmaq hüququnu itirdilər.
Zamanla eyni işğal və eyni məğlubiyyət paytaxtı Yerusəlim olan cənub padşahlığının başına gəldi. Bütün sakinlər Babilə sürgün edildi, amma heç də hamısı öz milli xüsusiyyətlərini itirmədi. Onlar inadkarcasına və qətiyyətlə yəhudi olaraq qaldılar. Ezra və Nehemyanın dövründə sürgün edilənlər Fars padşahlarının mərhəməti ilə Yerusəlimə qayıtdılar. Onlar, ilk növbədə, Məbədi bərpa etmək qərarına gəldilər. Samariyalılar gəlib müqəddəs bir işdə öz yardımlarını təklif etdilər. Lakin onlara nifrətlə dedilər ki, onların köməyinə ehtiyac yoxdur, çünki onlar yəhudi mənşəyini və Allahın evinin, Məbədin bərpasında iştirak etmək hüququnu itiriblər. Samariyalılar özlərini təhqir olunmuş hiss etdilər və Yerusəlimə qayıdan yəhudilərdən çox incidilər. Bütün bunlar təxminən eramızdan əvvəl 450-ci ildə baş vermişdir. Şiddətli düşmənçilik hətta İsanın dövrünə qədər davam edirdi. Bu düşmənçilik xüsusilə Menaşşe adlı dönük yəhudi samariyalı Sanballatın qızı ilə evləndikdən (Nehemya 13:28) və Samariyanın tam mərkəzində, Gerizim dağında ikinci Məbədi tikməyə başlayandan sonra daha da şiddətləndi. Makkabilər dövründə eramızdan əvvəl 129-cu ildə yəhudi lideri və sərkərdəsi İoann Hirkan Samariyaya hücum etdi, Gerizim dağındakı Məbədi ələ keçirdi və yerlə yeksan etdi. Bu, samariyalıların yəhudilərə nifrətini daha da artırdı. Yəhudilər nifrətcəsinə samariyalıları assuriyalılar tərəfindən orada məskunlaşan xalqlardan birinin adı ilə qutlular adlandırmağa başladılar. Yəhudi ravvinlərinin belə bir sözü var idi: «Qoy heç kim qutluların çörəyini yeməsin, çünki onların çörəyini yeyən donuz əti yeyən kimidir». Sirax oğlu Yeşuanın kitabında Allah deyir: «Qəlbimi hiddətləndirən iki millət var, üçüncüsünə isə millət demək olmaz: Seir dağında sakin olan Edomlular, Filiştlilər, Şekemdə yaşayan axmaq xalq olan Samariyalılar» (Sirax 50:27-28). Şekem Samariyanın ən məşhur şəhərlərindən biri idi. Samariyalılar yəhudilərə nifrətlə cavab verirdilər.
Deyilənə görə, bir dəfə ravvin Yohanan dua etmək üçün Yerusəlimə gedərkən Samariyadan, Gerizim dağından keçirmiş. Samariyalılardan biri ondan soruşdu:
Hara gedirsən?
Mən dua etmək üçün Yerusəlimə gedirəm, — ravvin Yohanan cavab verdi.
Lənətlənmiş evdə dua etməkdənsə, sənin üçün bu müqəddəs dağda (Gerizim dağında) dua etmək daha yaxşı olmazmı? — samariyalı dedi.
Əvvəldə qeyd etdiyimiz kimi, əgər zəvvarlar Qalileyadan Yerusəlimə gedən ən qısa yolu tutmaq istəyirdilərsə, Samariyadan keçməli idilər. Samariyalılar isə onların səyahətinə mane olmaqdan həzz alırdılar. Yəhudilər və samariyalılar arasındakı düşmənçilik 400 ildən çox idi ki, davam edirdi, həmişə də şiddətli və kəskin idi. Buna görə də samariyalı qadının İsanın onunla — samariyalı qadınla danışmasına heyrət etməsi təəccüblü deyildi.
4. Ancaq İsa başqa mənada da maneələri dəf edirdi. Samariyalı qadın — qadın xeylağı idi. Ortodoksal ravvinlər ictimai yerdə ravvinə qadını salamlamağa qadağan edirdilər. Ravvin hətta arvadı, qızı və ya bacısı ilə ictimai yerdə danışa bilməzdi. Hətta elə fariseylər də var idi ki, «kontuziyalı və daim xəsarət alan farisey» adlanırdı. Çünki onlar küçədə istənilən qadını görəndə gözlərini yumduqlarına görə daşa-divara dəyirdilər! Əgər kimsə ravvinin ictimai yerdə qadınla danışdığını görsəydi, bu, ravvinin nüfuzunun sonu olacaqdı. İsa Məsih isə nəinki qadınla, həm də adı bədnam olmuş bir qadınla danışdı. Hətta ravvin olmasa belə, özünə hörmət edən heç bir kişi bu cür qadının yanında görünmək istəməzdi, onunla bir kəlmə də olsa kəsmək istəməzdi. Ancaq İsa onunla danışdı.
Bir yəhudi üçün bu heyrətamiz hekayə idi. Amma qarşımızda yorğun və susamış Allahın Oğlu dayanır; qarşımızda bir qadının kədərli hekayəsini şəfqətlə dinləyən ən günahsız insan dayanır; qarşımızda milli baryerləri və yəhudi adət-ənənələrinin maneələrini məhv edən İsa dayanır. Budur, Müjdənin universallığının başlanğıcı. Budur, dünyanı nəzəri cəhətdən deyil, əməldə sevən Allah.
10-15
Qeyd etmək lazımdır ki, samariyalı qadınla bu söhbət Nikodimlə söhbətdəki kimidir. İsa nəsə deyir, Onun dedikləri yanlış başa düşülür, İsa fikrini bir daha məcazi formada təkrarlayır, qadın hələ də Onu başa düşmür, sonda İsa həmsöhbətini həqiqəti kəşf edib görməyə məcbur edir. İsa həmişə belə öyrədirdi və bu üsul son dərəcə effektli idi. Bir adamın dediyi kimi: «Elə həqiqətlər var ki, insan onları qəbul edə bilmir. O özü onları kəşf etməlidir».
Qadın, Nikodim kimi, İsanın sözlərini hərfi mənada başa düşmüşdü, halbuki İsa həyat suyundan danışanda onları ruhani mənada başa düşməli idi. Danışıq dilində yəhudi üçün həyat suyu axar su demək idi, yəni gölcükdən fərqli olaraq axan çay. Artıq gördüyümüz kimi, Yaqubun quyusu bulaq suyu deyildi, su yerdən sızaraq quyuda yığılırdı. Yəhudilərin anlayışında canlı, axar su həmişə daha yaxşı olub. Ona görə qadın deyir: «Sən mənə təmiz çay suyu təklif edirsən? Onu haradan alacaqsan?»
Daha sonra qadın «atamız Yaqub»dan danışır. Təbii ki, yəhudilər Yaqub peyğəmbərin samariyalıların atası olduğunu inadla inkar edirdilər. Lakin samariyalılar başqa şeylərlə yanaşı, Efrayim və Menaşşe vasitəsilə Yaqub peyğəmbərin oğlu Yusifin nəslindən olduqlarını iddia edirdilər. Qadın mahiyyət etibarı ilə İsaya deyir: «Bu ki küfrdür. Bizim əcdadımız Yaqub bura gələndə, ailəsinə və mal-qarasına su vermək üçün bu quyunu qazmalı oldu. Bəlkə təzə axar çay suyu tapa biləcəyini iddia edirsən? Onda Yaqubdan daha güclü və müdrik olduğunu iddia etmiş olursan. Buna isə heç kimin haqqı yoxdur».
Səyahətçilər, adətən, yolda rast gəlinən quyulardan su çəkmək üçün özləri ilə bir növ kiçik dəri vedrə daşıyırdılar. Çox güman, İsanın şagirdlərinin də belə vedrələri var idi. Onlar həmin vedrələri özləri ilə şəhərə aparmışdılar. İsanın yanında belə dəri vedrə olmadığını görüb qadın yenə dedi: «Sən hansı sudan danışırsan? Axı Sənin su çəkmək üçün vedrən belə yoxdur». G.B.Tristan «Müqəddəs Kitab ölkələrində şərq adətləri» kitabına həyatından bir hadisə ilə başlayır. O, otelin yaxınlığındakı quyuda oturmuşdu. O, xeyirxah samariyalı məsəlində bəhs olunan mehmanxananın yaxınlığındakı quyunun yanında oturmuşdu.
«Ərəb qadınlardan biri su çəkmək üçün təpədən aşağı endi. O, bir növ keçi dərisindən çuvala oxşayan bir tuluq götürdü, kəndiri açıb özü ilə gətirdiyi dəridən olan kiçik vedrəyə bağladı. Bu kiçik vedrənin köməyi ilə yavaş-yavaş tuluğu doldurdu, ağzını bağlayıb çiyninə atdı, sonra vedrəni əlində tutub dağa qalxmağa başladı.
Yerixodan dik bir cığırla qalxan tər-suyun içində yorğun ərəbi görəndə, Yaqubun quyusunda samariyalı qadın yadıma düşdü. Ərəb quyuya tərəf gəldi və diz çöküb həsrətlə quyuya baxdı. Onun su çəkməyə heç nəyi yox idi, quyu isə dərin idi. O ondan qabaq gələn qadının tökdüyü su damcılarını dili ilə yaladı və yoluna davam etdi».
Samariyalı qadın İsanın dərin quyudan su çəkməyə heç nəyi olmadığını deyəndə, məhz bu barədə fikirləşdi.
Amma yəhudilər su sözünü başqa mənada da işlədirdilər. Onlar tez-tez insan ruhunun Allaha susamasından və bu susuzluğun yalnız həyat suyu ilə yatırılmasından danışırdılar. İsa heç vaxt səhv başa düşülən sözlərdən istifadə etmirdi; Onun işlətdiyi sözlər ruhani həqiqətlərə həssas olan hər bir insan tərəfindən başa düşülməli idi. Vəhy kitabında bu vəd belə səslənir: «Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm» (Vəhy 21:6). «Quzu onları canlı su bulaqlarına aparacaq» (Vəhy 7:17). Yeşaya peyğəmbərin kitabında seçilmiş xalq üçün vəd var: «Sevinclə xilas mənbələrindən su çəkəcəksiniz» (Yeşaya 12:3). Məzmurçu maralın axar sulara həsrət qaldığı kimi, Allahın həsrətini çəkən qəlbindən danışırdı (Zəbur 42:1). Allah vəd etmişdi: «Susamış torpağı sulayacağam, quru torpağa sellər axıdacağam» (Yeşaya 44:3). O, bütün susamışları su başına gəlməyə çağırırdı (Yeşaya 55:1). Allah kədərlənərək deyir ki, israillilər Onu — həyat suyu mənbəyini tərk edib, özləri üçün su saxlamayan çatlı hovuzlar düzəltdilər (Yeremya 2:13). Yezekel peyğəmbər də görüntüsündə həyat verən su axını görmüşdü (Yezekel 47:1-12). Zəkəriyyə peyğəmbər də görmüşdü ki, gələcək yeni dünyada günahı və murdarlığı yumaq üçün bir bulaq açılacaq (Zəkəriyyə 13:1). O gün Yerusəlimdən həyat verən sular axacaq (Zəkəriyyə 14:8).
Bəzən ravvinlər canlı suyu qanunun hikməti ilə, bəzən də Allahın Müqəddəs Ruhu ilə eyniləşdirirdilər. Yəhudilərin bütün məcazi dini dili qəlbin susuzluğu ideyası ilə dolu idi, onu yalnız Allahın bəxşişi olan həyat suyu ilə yatırmaq olar. Qadın isə İsanın sözlərini hərfi mənada başa düşdü. O, ruhən kor idi, çünki görmək istəmirdi.
Lakin İsa qadına susuzluğunu əbədi olaraq yatıracaq həyat suyu təklif edərkən daha heyrətamiz bir şey etdi. Qadın yenə də bunu hərfi mənada başa düşdü, baxmayaraq ki, mahiyyət etibarı ilə, İsa — Məsih olduğunu açıq bəyan etdi. Peyğəmbərlər gələcək dövrə — Allahın dövrünə dair görüntülərində belə deyirdilər: «Onlar nə ac, nə də susuz qalacaq» (Yeşaya 49:10). Susuzluğu yatıran bulaqlar yalnız və yalnız Allahda idi. «...həyat mənbəyi Səndədir» (Zəbur 36:9). Həyat suyu axan çay Allahın taxtından çıxmalıdır (Vəhy 22:1). Axar sular mənbəyi Rəbbin Özüdür (Yeremya 17:13). Məsihin dövründə «Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək» (Yeşaya 35:7). Susuzluğu əbədi olaraq yatıran sudan danışarkən İsa birbaşa bildirdi ki, O, Allahın Məsh olunmuşudur və yeni dövr gətirəndir. Qadın yenə başa düşmədi. Bəlkə də bir az ağlını itirmiş adamla zarafatlaşırmış kimi rişxəndlə danışdı. Qadın dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». O, əbədi qalan şeylər haqqında bir qədər həqarətlə danışdı.
Bütün bu söhbətin əsasında fundamental bir həqiqət dayanır: insanın qəlbində bir həsrət var, onu yalnız İsa Məsih yatıra bilər. Amerikalı yazıçı Sinkler Lyuis romanlarının birində sevgilisi ilə danışan hörmətli bir iş adamı haqqında yazır. Sevgilisi ona deyir: «Zahirən biz tamamilə fərqli görünürük, amma daxilən eyniyik. Nədənsə ikimiz də bədbəxtik, amma bunun səbəbini bilmirik». Hər insanda qeyri-müəyyən bir məmnunsuzluq var, sanki nəsə çatışmır, nəsə yoxdur.
«Kapitan Sorel və oğlu» əsərində Vorvik Dipinq Sorelin oğlu ilə etdiyi söhbətindən yazır. Oğlan həyatdan söhbət açır. Onun fikrincə, həyat — sehrli bir dumanın içində əl ilə yoxlaya-yoxlaya yolun axtarılmasıdır. Sonra duman bir anlıq çəkilir, o zaman ayı və ya qızın simasını görürsən. Sənə elə gəlir ki, sən ayı və ya qızın üzünü görmək istəyirsən. Daha sonra yenidən duman qatılaşır, sən də nə olduğunu dəqiq bilmədən yenə də əl ilə yoxlaya-yoxlaya nəsə axtarırsan.
İngilis romantik şairi Vilyam Vurdsvort «Ölümsüzlük işarəsi» odasında deyir:
Üstümüzə gələn, sonra da yoxa çıxan
Dünyanın mənası ilə bağlı bu inadkar məsələlər
Dərk edilməyən aləmlərdə hərəkət edən
Yaradılışın boş təsəvvürləri.
Avreli Avqustin «ürəklərimiz Səndə rahatlıq tapana qədər narahatdır» deyir. İnsan problemlərinin bir hissəsi də insani təbiətinin ona verdiyi şeylərdə xoşbəxtlik tapa bilməməsi ilə bağlıdır. Allahın ruhumuza yerləşdirdiyi əbədiyyət həsrətindən heç kim qurtula bilməz. Bu susuzluğu ancaq İsa Məsih yatıra bilər.
16-21
Biz artıq gördük ki, samariyalı qadın daha susamasın və su çəkmək üçün hər gün quyuya gəlməsin deyə istehza ilə İsadan ona həyat suyu verməsini xahiş etdi. Lakin İsa qəfil və kəskin şəkildə onu özünə qaytardı. O dedi: «get ərini çağır və buraya gəl». Qadın qəfil ağrı tutarmış kimi yerində donub qaldı; nəyəsə dəyirmiş kimi geri sıçradı, rəngi soldu, sanki qəflətən kabus gördü. Elədir ki var, çünki o, birdən özünə nəzər saldı və həyatının əxlaqsızlığını, pozğunluğunu və uğursuzluğunu gördü. Məsihçilikdə iki vəhy mövcuddur — Allahın vəhyi və özümüzün vəhyi. İnsan Məsihin hüzurunda özünü olduğu kimi görməyincə, əslində hansı yolla getdiyini və necə olduğunu görə bilmir. Özünə nəzər salanda isə dəhşətə gəlir. Bunu başqa cür də ifadə etmək olar — məsihçilik günahın dərk edilməsi ilə gəlir. Hər şey «daha belə yaşamaq olmaz»ın dərk edilməsi ilə başlayır. Biz oyanırıq və daxilimizdə Allaha ehtiyac oyanır.
Qadının beş ərinə gəlincə, bəzi ilahiyyatçılar bunun real hadisə deyil, alleqoriya olduğuna inanırdılar. Biz gördük ki, Samariyanın yerli əhalisi Aşşur padşahlığında əsarətə alındıqdan sonra başqa beş yerdən adamlar Samariyaya köçürülür. Həmin beş xalq özləri ilə beş tanrılarını gətirir (2Padşahlar 17:29). Bəzi ilahiyyatçılar hesab edirlər ki, qadın Samariyanı simvolizə edir və beş ər samariyalıların qarışdığı xalqların inandığı beş tanrıdır. Onların fikrincə, altıncı ər samariyalıların Allahın buyurduğu kimi deyil, öz cahillikləri üzündən ibadət etdikləri həqiqi Allahı simvollaşdırır. Buna görə də heç vaxt Onunla «nikah bağlamayıblar». Ola bilər, hekayədə samariyalıların Allaha olan imansızlıqları xatırladılır, lakin hekayə alleqoriyaya bənzəmir, daha çox həyata oxşayır.
Bir adamın dediyi kimi: «Peyğəmbərlik — iman əsasında tənqiddir». Peyğəmbər insana və ya bir ümmətə nöqsanları göstərir, lakin onları ruhdan salmır, şəfa, islah və saleh həyata aparan yolları göstərir. İsa samariyalı qadına günahlı həyatını göstərməklə başladı, sonra ona qəlbimizin Allahla qovuşa biləcəyi həqiqi ibadət haqqında danışdı.
Qadının sualı bizə qəribə gəlir. Sanki karıxmış halda deyir: «Bizim ata-babalarımız bu Gerizim dağında ibadət edirdilər, Sənsə deyirsən ki, ibadət Yerusəlimdə edilməlidir. Bəs mən nə edim?» Samariyalılar tarixi özlərinə uyğun şəkildə dəyişdirmişdilər. Onlar öyrədirdilər ki, İbrahim peyğəmbər İshaqı qurban gətirmək üçün Gerizim dağına çıxmışdı; onlar öyrədirdilər ki, İbrahim peyğəmbər Melkisedeqi məhz burada görmüşdü; onlar öyrədirdilər ki, xalq Vəd Olunmuş torpağa girəndə ilk qurbangahlar və qurbanlar məhz Gerizim dağında təqdim edilmişdi, halbuki, əslində, bu, Eval dağında baş vermişdi (Qanunun təkrarı 27:4). Onlar Gerizim dağını üstün tutmaq məqsədilə mətnlərdə və tarixdə icazəsiz dəyişikliklər etmişdilər. Samariyalı qadın da elə tərbiyə olunmuşdu ki, Gerizim dağını dünyanın ən müqəddəs yeri hesab edir, Yerusəlimə isə xor baxırdı. O özlüyündə belə fikirləşirdi: «Mən Allah qarşısında günahkaram, Onunla münasibətimi bərpa etmək üçün Ona günah qurbanı təqdim etməliyəm. Bəs mən qurbanı harada təqdim edim?» Bütün müasirlərinin düşüncəsində olduğu kimi, onun düşüncəsinə görə, günahın yeganə çarəsi qurbanlıq idi. Sadəcə bir problem var idi: bu qurbanı harada təqdim etsin? O, artıq Gerizim dağındakı məbədlə Sion dağındakı Məbəd arasında edilən ibadətin fərqi haqqında mübahisə etmir. O, yalnız bir şeyi bilmək istəyir: «Mən Allahı harada tapa bilərəm?»
İsa cavab verir ki, insan tərəfindən yaradılan rəqabət erası artıq sona çatır və insanın Allahı hər yerdə tapacağı vaxt gəlir. Hətta Sefanya peyğəmbər də ruhda görmüşdü ki, «uzaqlarda yaşayan bütün millətlər olduqları yerlərdə Ona (Allaha) səcdə edəcək» (Sefanya 2:11). Başqa bir yerdə də belə yazılıb: «Hər yerdə adıma buxur yandırılacaq, pak təqdimlər gətiriləcək» (Malaki 1:11). İsa qadına dedi ki, Allahı tapmaq üçün daha nə Gerizim, nə də Sion dağına getməyə ehtiyac yoxdur. İnsanın hər hansı bir xüsusi yerdə qurban gətirməsinə ehtiyac yoxdur. Allaha həqiqi edilən ibadət — Allahı hər yerdə tapacaqdır.
22-26
İsa samariyalı qadına dedi ki, əvvəlki rəqabət tezliklə sona çatacaq, Gerizim dağının və ya Sion dağının üstünlükləri ilə bağlı mübahisələr tamamilə yersiz olacaq, həqiqətən, Allahı axtaranlar Onu hər yerdə tapacaq. Bununla belə, İsa Məsih vurğuladı ki, yəhudilərin Allahın planında və vəhyində yeri xüsusidir.
O dedi ki, samariyalılar Allaha kor-koranə ibadət edirlər. Bu o demək idi ki, samariyalılar yalnız Əhdi-Ətiqin ilk beş kitabı olan Beşliyi qəbul edirdilər, digər kitabları isə rədd edirdilər. Onlar peyğəmbərlərin kitablarının əzəmətini və məzmurların ali ilahiliyini inkar edirdilər. Mahiyyətcə, onların Müqəddəs Yazıları məhdud olduğuna görə dinləri də məhdud idi. Samariyalılar onlar üçün əlçatan olan və mənimsəyə biləcəkləri bilikdən imtina etmişdilər. Yəhudi ravvinləri həmişə samariyalıları həqiqi Allaha batil ibadət etməkdə ittiham edirdilər. Onlar deyirdilər ki, samariyalıların ibadəti və Allaha səcdəsi məhəbbət və bilik üzərində deyil, cəhalət və qorxu üzərində qurulub. Artıq gördüyümüz kimi, Samariyada məskunlaşan əcnəbilər özləri ilə yalançı allahlarını da gətirmişdilər (2Padşahlar 17:29). Həmçinin bilirik ki, kahinlərdən biri gəlib Bet-Eldə məskən salmış və Rəbbə necə sitayiş etməyi onlara öyrətməyə başlamışdı (2Padşahlar 17:28). Ancaq çox güman, Samariyaya əcnəbi köçkünlər, sadəcə olaraq, Yehovanı öz tanrılarının siyahısına əlavə etmişdilər, çünki xurafatlarına görə Allaha etinasızlıq etməkdən qorxurdular: nə qədər olmasa, Allah onların indi yaşadıqları torpağın Allahı idi, etinasızıq isə başlarına bəla gətirə bilərdi.
Allaha batil ibadətdə üç məqamı qeyd etmək olar.
1. Batil ibadət seçki xarakterli ibadətdir — insan Allah haqqında nəyi bilmək istədiyini seçir, qalanını isə rədd edir. Samariyalılar da Müqəddəs Yazılardan istədiklərini götürüb, qalanına isə əhəmiyyət vermirdilər. Dünyada ən təhlükəli şeylərdən biri də birtərəfli olan dindir. İnsan üçün Allahın həqiqətinin ona rahat olan hissələrini qəbul etmək, onlara riayət etmək, qalanına isə əhəmiyyət verməmək asandır. Hərdən bəzi mütəfəkkirlərin, kilsə rəhbərlərinin və siyasətçilərin Müqəddəs Yazıların müəyyən hissələrinə istinad edərək aparteid17 və irqi seqreqasiyaya18 necə haqq qazandırdıqlarını, Müqəddəs Yazıların bunu qadağan edən hissələrinə sakitcə göz yumduqlarını görürük.
Bir dəfə böyük şəhərlərinin birində keşişlərdən biri hansısa cinayətə görə məhkum edilmiş bir adamı müdafiə etmək məqsədilə imzalar toplayırdı. O hesab edirdi ki, yaranmış vəziyyətdə məsihçi mərhəməti göstərmək lazımdır. Həmin ərəfələrdə telefon zəng çaldı və xəttin o biri başından bir qadının səsi eşidildi:
Siz keşiş ola-ola bu əfv ərizəsinin altına necə imzanızı qoya bilərsiniz? Bu məni çox təəccübləndirir.
Bu sizi niyə təəccübləndirir ki? — deyə keşiş soruşdu.
Ümid edirəm ki, siz oxuduğunuz Müqəddəs Kitabı yaxşı bilirsiniz.
Mən də buna ümid edirəm.
Onda siz Müqəddəs Kitabın gözə göz, dişə diş dediyini bilmirsiniz?
Həmin qadın Müqəddəs Kitabdan özünə sərf edəni götürüb, İsanın mərhəmət haqqındakı böyük təlimini unutmuşdu.
Düzdür, heç kim bütün həqiqəti dərk edə bilməz. Amma hər halda, biz həqiqəti dərk etməyə çalışmalı və hazırda bizə uyğun olan Müqəddəs Kitab hissələrini seçməməliyik.
2. Batil ibadət — cahilliklə edilən ibadətdir. İbadətdə insan bütün varlığı ilə Allaha yaxınlaşmalıdır. İnsan ağla malikdir və ondan istifadə etməlidir. Bəli, iman emosional təkanla başlaya bilər, amma nə vaxtsa həmin emosional impuls üzərində dərin düşünməliyik. E.F.Scott deyirdi ki, din düşüncənin nəticəsi deyil, lakin əksər dini səhvlər yalnız zehni tənbəlliyin nəticəsidir. Hər şeyi sona qədər düşünməməyin özü belə günahdır. İman isə insanın təkcə nəyə inandığını deyil, həm də niyə inandığını söyləyə bildiyi vaxt möhkəm olur. İman — ümiddir, arxasında şüur və əminliyin dayandığı təvəkküldür (1Peter 3:15).
3. Batil ibadət — mövhumata əsaslanan ibadətdir. Belə ibadət ehtiyacın və ya səmimi istəyin nəticəsi deyil, qorxunun, təhlükələrdən qaçmaq istəyinin nəticəsidir. Çoxları yollarından qara pişik keçəndə dəhşətli dərəcədə qorxur; çoxları uğur əldə etmək ümidi ilə sevinə-sevinə yerdən nal qaldırır; çoxlarını 13 rəqəmi ölüm dərəcəsində qorxudur. Bəlkə də onlar bu kimi mövhumatlara inanmırlar, amma yenə də bunda nəsə ola biləcəyini düşünürlər və beləcə «taleyi sınamaq» istəmirlər. Əksər insanların dini Allaha məhəl qoymadıqları təqdirdə nəyinsə baş verə biləcəyi ilə bağlı qeyri-müəyyən qorxuya əsaslanır. Amma iman qorxuya deyil, Allaha məhəbbətə və Allahın bizim üçün etdiklərinə görə minnətdarlığa əsaslanır. Dinin böyük hissəsi bir növ xurafata əsaslanan ayinlərdən ibarətdir. Məqsədi tanrıların mümkün qəzəbinin qarşısını almaqdır. İsa həqiqi ibadətin nə olduğunu izah edir. O deyir ki, Allah Ruhdur. İnsan bunu dərhal başa düşür, onun üçün hər şey aydın olur: Allahın maddiyyatla heç bir əlaqəsi yoxdur, buna görə bütlərə sitayiş etmək nəinki yersizdir, həm də Allahın təbiətinə təhqirdir. Əgər Allah Ruhdursa, deməli, O, heç bir yerə bağlı deyil. Bu səbəbdən səcdəni və ibadəti Yerusəlim və ya başqa bir yerlə məhdudlaşdırmaq, təbiəti etibarilə sonsuz Olana məhdudiyyətlər qoymaq deməkdir. Əgər Allah Ruhdursa, deməli, Allaha gətirilən təqdimlər də Ruhun bəhrələri olmalıdır. Heyvan qurbanları və insanların yaratdığı hər şey tamamilə yersiz olur. Yalnız sevgi, sədaqət, itaət kimi Ruhun bəhrələri Allahı razı salır.
İnsanda ən dəyərli olan — ruhdur. İnsanın fiziki hissəsi yox olduqda belə, ruh mövcudluğuna davam edir. Yuxuları, görüntüləri də görən ruhdur, bədənin zəifliyi və naqisliyi səbəbindən heç vaxt yerinə yetirilə bilməyən arzular da ruhdan qaynaqlanır. İnsanın ən yüksək fikir və arzularının, ideal və istəklərinin mənbəyi məhz onun ruhudur.
Əsl ibadət də odur ki, insan öz ruhu vasitəsilə Allahla dostluq və yaxınlıq əldə edir. Həqiqi ibadət müəyyən yerləri ziyarət etməkdən, müəyyən ayin və mərasimlərdən keçməkdən və ya müəyyən təqdimlər gətirməkdən ibarət deyil. Həqiqi ibadət — ruhun, yəni insanın ölməz və gözəgörünməz hissəsi — Əbədi və Gözəgörünməz Allahla ünsiyyət qurub görüşməsidir. Bu hissə möhtəşəm bəyanatla bitir. Qadının qarşısında nəfəs kəsən bir mənzərə açıldı; bu, möcüzəli və onun dərk edə biləcəyindən xaric bir şey idi. Qadın yalnız «Bilirəm ki, «Məsih» deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək» deyə bildi. İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». İsa sanki dedi: «Bu, həqiqət haqqında röya deyil, həqiqətin özüdür».
27-30
Bu arada şagirdlərin Sixar şəhərində ərzaq alıb qayıdarkən İsanın samariyalı qadınla danışdığını görəndə heyrətə gəlməsi və çaşqınlıq içində olması təəccüblü deyil. Biz yəhudilərin qadınlara olan münasibətini artıq nəzərdən keçirdik. Ravvinlərin belə bir qaydası var idi: «Küçədə qadınla, hətta öz arvadınla belə danışma». Ravvinlər qadınlara o qədər xor baxır və onları əsl təlimi qavramaqda o qədər aciz hesab edirdilər ki, belə deyirdilər: «Qanunun sözlərini yandırmaq onları qadına verməkdən yaxşıdır». Onların hətta belə bir məsəli də var idi: «Kişi qadınla danışanda özünə ziyan vurur, qanundan uzaqlaşır və sonda özünə cəhənnəmə yol açır». Ravvinlərin nəzərində İsa bu qadınla danışmaqdan daha heyrətamiz və qeyri-adi bir şey edə bilməzdi. Burada İsa maneələri aradan qaldırır.
Gəlin baş verənləri dərindən araşdıran insanları xarakterizə edə biləcək maraqlı bir məqamı qeyd edək. Şagirdlər nə qədər çaşqın olsalar da, qadından nə istədiyini və ya İsadan niyə qadınla danışdığını soruşmağı belə heç vaxt ağıllarına gətirməzdilər. Onlar İsanı anlamağa başlayırdılar və başa düşürdülər ki, Onun hərəkətləri onlara nə qədər qəribə görünsə də, sual vermək lazım deyil. İnsan «İsa Məsihin etdikləri və tələbləri barədə suallar vermək mənim işim deyil, çünki baxışlarım və vərdişlərim onlarla üst-üstə düşmür» yanaşmasını başa düşdükdə, şagirdlik yolunda böyük bir addım atmış olur.
Bu zaman samariyalı qadın səhəngini yerə qoyub kəndə tələsdi. Səhəngini yerə qoyub getməsi onun gördüklərini və eşitdiklərini insanlara danışmağa çox tələsdiyini və mütləq geri dönəcəyini düşündüyünü göstərir. Onun davranışı bizə məsihçi təəssüratları haqqında çox şey deyir.
1. Qadının təəssüratı özünə nəzər salmağa və özünü olduğu kimi görməyə məcbur olması ilə başladı. Eyni şey Peter çoxlu balıq tutandan sonra birdən İsanın böyüklüyünə dair nəsə anlayanda baş vermişdi. Peter yalnız «Ya Rəbb, məndən uzaqlaş, axı mən günahkar bir adamam» deyə bildi (Luka 5:8). Bizim məsihçi kimi ilk təcrübəmiz çox vaxt özünə ikrah hissi ilə başlaya bilər. İnsan, adətən, özünə axırıncı növbədə nəzər salır. Amma Məsih insanı məhz özünü görməyə vadar etməkdən başlayır — yəni insanın həyatı boyu rədd etdiyi şeyi etməklə başlayır.
2. Samariyalı qadın Məsihin əsl mahiyyəti və ümumiyyətlə, insanın ürəyində gizli olanları görmək qabiliyyətinə heyran oldu və təəccübləndi. Xüsusən məzmurçu da bu barədə düşünəndə ehtiram hissi ilə dolurdu: «...fikirlərimi uzaqdan duyursan... Sözlərimi dilə gətirməmişdən əvvəl, ya Rəbb, hamısını tamamilə bilirsən» (Zəbur 139:2-4).
Bir dəfə balaca qızcığaz məşhur bir təbliğçinin vəzini dinlədikdən sonra anasından soruşdu: «Ana, o bizim evdə nə baş verdiyini haradan bilir?» Heç bir pərdə və ya maskalanma adamı İsanın nəzərindən qurtara bilməz: O, insan qəlbinin dərinliklərini görə bilir. Lakin İsa ürəkdə təkcə pis şeyləri görmür, həm də hər insanın qəlbində mürgüləyən bir qəhrəmanı da görür. O, bir cərrah kimi təkcə xəstə orqanı deyil, bədxassəli şiş çıxarıldıqdan sonra insanın əldə edəcəyi sağlamlığı da görür.
3. Samariyalı qadının ilk arzusu öz kəşfi haqqında başqalarına danışmaq idi. Bu heyrətamiz insanı tanımaqla Onu başqalarına tanıtmaq istədi. Məsihçi həyatı iki sütuna — kəşfə və ünsiyyətə əsaslanır. Qəlbimiz aldığımız vəhyi başqaları ilə bölüşmək istəyi ilə dolmayana qədər vəhy tam olmur; başqalarına isə Məsih haqqında yalnız Onu özümüz üçün kəşf etdiyimiz zaman danışa bilərik. Əvvəlcə özümüz üçün kəşf edirik, sonra başqalarına danışırıq — budur, məsihçi həyatının iki böyük mərhələsi.
4. Məsih haqqında başqalarına danışmaq istəyi samariyalı qadında utanc hissini yox etdi. Şübhəsiz ki, o, rədd edilmiş, dillərdə dastan olmuş bir pariya19 idi. Şəhərdən kənar quyudan su çəkməsi onun qonşularından necə qaçdığını, onların həmin qadından necə uzaq durduğunu göstərir. İndi isə o öz kəşfini onlarla bölüşmək üçün yanlarına qaçırdı. Bəzən insanın danışmaq istəmədiyi, gizlətdiyi bir dərdi, yaxud xəstəliyi olur. Amma dərdi həll olunanda, ya da xəstəliyindən sağalanda o qədər sevinir və şükür edir ki, bunu hamıya şəhadət etmək istəyir. İnsan öz günahlarını uzun müddət gizlədə bilər, lakin o, İsa Məsihi Xilaskar kimi kəşf edəndə, ilk növbədə hamıya danışmaq istəyir: «Baxın, keçmişdə mən necə nə idim və indi necəyəm. İsa Məsih məni dəyişdi».
31-34
Bu söhbət də dördüncü Müjdə üçün tipik bir model üzərində qurulub. İsa Məsih bir söz deyir, həmsöhbətləri isə Onu səhv başa düşür. O, ruhani mənada söyləyir, Onu isə hərfi mənada başa düşürlər. Sonra İsa həmsöhbətlərinin qarşısında deyilənlərin mənasını əlçatan olana və başa düşülənə qədər açıqlayır. Eyni hal İsa Nikodimə yenidən doğulmaqdan, samariyalı qadına isə həyat suyundan danışanda da baş vermişdi.
Bu arada şagirdlər yemək alıb İsanın yanına qayıtmışdılar və Onu yeməyə dəvət etdilər. Onlar şəhərə gedəndə İsa çox yorğun və ac idi. İndi isə onlar məəttəl qalmışdılar ki, İsa onların gətirdiklərinin heç birini sanki yemək istəmir. Vacib bir məsələnin insana öz fiziki ehtiyaclarını necə unutdurduğunu görmək çox maraqlıdır. Zənci azadlığı uğrunda mübarizə aparan Vilberfors kiçik, nəzərə çarpmayan, xəstə bir varlıq idi. O, İngiltərə İcmalar Palatasında çıxış etmək üçün kürsüyə qalxanda, çoxları bu qəribə kiçik fiquru görüb əvvəlcə gülmüş, lakin ondan gələn alovu və gücü hiss edəndə, bütün skamyalar dolmağa başlamışdı. Onlar deyirdilər: «Kiçik qumlaqçı20 balinaya çevriləcək». Onun ideyaları, məqsədləri, həqiqət alovu və ruhunun gücü fiziki zəifliyinə qalib gəlmişdi.
Şotlandiya kilsəsinin qurucusu Con Noks qocalıb əldən düşmüş halda moizələr oxumağa davam edirdi: onu kilsənin minbərinə qucaqda qaldırıb qolundan tutmaq lazım gəlirdi. Lakin o, vəz etməyə başlayanda səsi əvvəlki kimi gur gəlir və döyüş şeypuru kimi səslənirdi. Adama elə gəlirdi ki, o, indi «minbəri parça-parça edib oradan sıçrayıb atılacaq». Onun insanlara çatdırdığı xəbər onu fövqəltəbii güclə doldururdu.
İsa şagirdlərinə «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz» deyə cavab verdi. Şagirdlər sadəlövhlüklə soruşdular: «Görəsən, kimsə Ona yemək gətirdimi?» Onda İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır». İsanın həyatının ən böyük məqsədi — Öz həyatını Allahın iradəsinə tabe etdirməsi idi. Onun həyatının müstəsnalığı və bənzərsizliyi ondadır ki, Allahın iradəsinə tamamilə tabe olan yalnız Odur. Həqiqətən, demək olar ki, dünyada yalnız İsa heç vaxt Öz iradəsi ilə heç nə etməmişdir, lakin hər şeyi yalnız Allahın iradəsi ilə etmişdir.
O — Allahın elçisidir. Dördüncü Müjdə İsanın Allah tərəfindən göndərildiyini təkrar-təkrar vurğulayır. Bu söz orijinal yunan dilində iki sözlə — aposteleyn on yeddi dəfə və pempeyn iyirmi yeddi dəfə qeyd edilir. Başqa sözlə, dördüncü Müjdə ən azı qırx dörd dəfə bizə İsanın Allah tərəfindən göndərildiyini söyləyir və ya göstərir.
Dünyaya gələrək İsa dəfələrlə Ona tapşırılmış iş haqqında danışırdı. Yəhya 5:36-da İsa Atanın Ona tapşırdığı işlərdən danışır. Yəhya 17:4-də İsa deyir ki, O, Allahın Ona tapşırdığı işi tamamladı. İsa canını vermək, sonra onu geri almaq ixtiyarına malik olmaqdan danışarkən dedi: «Bu əmri Atamdan almışam» (Yəhya 10:18). O, burada, bu hissədəki kimi, daima Allahın iradəsindən danışır. O deyir: «Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm» (Yəhya 6:38). «...Mən daim Onun xoşuna gələnləri edirəm» (Yəhya 8:29). Yəhya 14:23-də İsa Öz şəxsi təcrübəsindən və nümunəsi ilə bəyan edir ki, məhəbbətin yalnız bir sübutu var — sevdiyin şəxsin sözünə əməl etmək. İsanın bu itaəti gah alovlanan, gah da sönən itaət deyildi. Onun Allaha itaət etməsi bizimki kimi deyildi. Bu Onun həyatının mahiyyəti, özəyi və hərəkətverici qüvvəsi idi. O, çox istəyir ki, biz Ona bənzəyək.
1. Allahın iradəsini yerinə yetirmək — əmin-amanlığın yeganə yoludur. Kainatın Padşahı ilə ziddiyyətdə yaşadığımız zaman biz əmin-amanlığa və rahatlığa nail ola bilmərik.
2. Allahın iradəsini yerinə yetirmək — xoşbəxtliyin yeganə yoludur. Əgər insan cəhalətimizi Allahın hikmətinə qarşı qoysaq, heç vaxt xoşbəxtlik əldə edə bilmərik.
3. Allahın iradəsini yerinə yetirmək — güc əldə etməyin yeganə yoludur. Biz öz yolumuzla gedəndə ancaq öz gücümüzə arxalana bilərik, buna görə də bizim üçün fəlakətə uğramaq qaçılmazdı. Allahın yolunda irəliləyəndə isə Onun gücü ilə gedirik, buna görə də qələbə bizə zəmanət verilir.
35-38
Samariyada baş verənlər İsaya «Allah üçün məhsul yığmaq vaxtı gəlib çatıb» deməyə əsas verdi. O, «biçinə dörd ay qalıb» deyəndə, Samariyada faktiki mövsümü nəzərdə tutduğunu düşünmək lazım deyil. Çünki belə olan halda, quyudakı görüş yanvar ayında baş verməli idi, heç bir yorucu istinin və su qıtlığının olmadığı bir vaxtda. Onda su üçün quyuya getməyə ehtiyac qalmazdı: yağışlı mövsüm olardı və hər yerdə çoxlu su olardı.
İsa sadəcə atalar sözünü misal çəkir. Yəhudilər kənd təsərrüfatı ilini hər birində iki ay olmaqla altı hissəyə — əkin, qış, yaz, məhsul, yay və çox isti mövsümə bölürdülər. İsa deyir: «Sizdə belə bir məsəl var: toxum səpdikdən sonra məhsul yığımına başlamaq üçün ən azı dörd ay gözləmək lazımdır». Sonra ətrafa baxır. Sixar şəhəri (Nablus) bu gün məhsuldarlığı ilə tanınan ərazinin mərkəzində yerləşir. Qayalıq, dağlıq İsraildə kənd təsərrüfatına yararlı torpaqlar azdır. İsrailin, demək olar ki, heç bir yerində ətrafa baxıb qızıl sünbüllərin yellənən zəmilərini görmək olmur. İsa ətrafı göstərib dedi: «başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. Onların tam böyüməsinə hələ dörd ay var, amma Samariyada məhsul artıq biçin üçün hazırdır».
Həmin vaxtda İsa təbiətdən fərqli olaraq Allahın lütfünü nəzərdə tuturdu. Adətən, insanlar toxum əkir və gözləyirlər. Lakin Samariyada hər şey ilahi qüvvə ilə baş verdi: Kəlam əkildi və biçilmək üçün məhsul dərhal hazır oldu. Ağaran tarlalar və hazır məhsullarla bağlı ingilis yazıçısı Morton çox maraqlı fikir söyləyib. Bir dəfə o özü Yaqub peyğəmbərin quyusunun yanında oturub, insanların kənddən çıxıb necə təpəyə qalxıb-düşdüyünü izləyirdi. Onlar kiçik qruplarla gedib-gəlirdilər. Onlar ağ paltar geyinmişdilər və bu ağ paltarlar əkin sahəsinin, səmanın fonunda seçilirdi. Bəlkə də İsa bu sözləri deyəndə insanlar samariyalı qadının şəhadətinə və çağırışına cavab olaraq Onun yanına axışmağa başladılar. Bəlkə də onlar ağ paltarlarında tarlalardan keçərkən İsa dedi: «Başınızı qaldırıb tarlalara baxın! Onlara nəzər salın! Məhsul bar verib, biçilməyə hazırdır». Ağ paltarlı izdiham İsanın Allah üçün toplamaq istədiyi məhsul idi. İsa şagirdlərinə göstərir ki, inanılmaz bir hadisə baş verib: əkən də, biçən də birlikdə bayram edə və sevinə bilər. Heç kimin gözləmədiyi bir şey baş verdi: yəhudi üçün əkin çətin və kədərli vaxt idi, yalnız məhsul zamanı sevinmək olardı. «Göz yaşı ilə əkənlər sevinc harayı çəkərək biçəcək. Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək» (Zəbur 126:5-6).
Ancaq burada başqa bir şey də var. Yəhudilər qızıl dövrün, gələcək əsrin, dünyanın Allahın dünyasına çevriləcəyi, günahın və kədərin aradan qalxacağı, Allahın hər şeyə hökm edəcəyi bir dövr xəyal edirdilər. Amos peyğəmbərin kitabında belə bir mənzərə var: «Budur, elə günlər gələcək ki, kotan sürən biçinçiyə yetişəcək, üzüm sıxan meynə əkənlə rastlaşacaq...» (Amos 9:13). «Sizin xırmanınız o qədər bol olacaq ki, onun döyülməsi üzüm yığımına qədər davam edəcək, üzümünüz o qədər bol olacaq ki, onun yığılması əkin vaxtına qədər davam edəcək» (Levililər 26:5). Yəhudilər əkin və biçin ardınca getdiyi bu qızıl dövrü arzulayırdılar. Torpaq o qədər münbit olacaq ki, daha gözləməyə ehtiyac qalmayacaq.
Buradan görünür ki, İsa Onun gəlişi ilə qızıl dövrün başladığını göstərir. Kəlam söylənən, toxum səpilən və dərhal məhsul yetişən Allahın vaxtı gəlir.
Ancaq burada daha bir şey var, İsa Məsih buna işarə etdi: «Başqa bir atalar sözü var — «biri əkər, biri biçər». Onun da öz həqiqəti var — biri əkər, o biri isə bəhrəsini biçər». İsa həmin atalar sözünün iki mənasını izah edir.
a) O, şagirdlərə deyir ki, onlar zəhmət çəkmədikləri məhsulu biçəcəklər. İsa demək istəyir ki, toxumu səpən Odur və bu, ilk növbədə Çarmıxda — Allahın məhəbbəti və qüdrətinin toxumu olacaqdır. Vaxt gələcək, Onun şagirdləri İsanın həyatı və ölümü ilə əkdiyi məhsulu biçmək üçün dünyaya gedəcəklər.
b) İsa şagirdlərə deyir ki, vaxt gələcək, onlar əkəcəklər, başqaları isə məhsul toplayacaq. İmanlı Cəmiyyətinin öz müjdəçilərini, səyahət edən təbliğçilərini dünyaya göndərəcək bir vaxt gələcək. Onlar məhsulu görməyəcəklər: bəziləri şəhid kimi öləcək, amma şəhidlərin qanı İmanlı Cəmiyyətinin toxumu olacaq. İsa sanki onlara deyir: «Bir gün siz də zəhmət çəkəcəksiniz və zəhmətinizin bəhrəsini görməyəcəksiniz; əkəcəksiniz və məhsul götürülməmiş səhnəni tərk edəcəksiniz. Amma heç vaxt qorxmayın! Ruhdan düşməyin! Əkin əbəs deyil, toxum boşa getməz! Başqaları sizin görə bilməyəcəyiniz məhsulu görəcək».
Beləliklə, bu hissədə iki məqam qeyd olunur.
1. Bir tərəfdən bu, imkanlara göstərişdir. Məhsul Allah üçün biçilməyə yetişir. Tarixdə elə dövrlər olur ki, insanlar Allaha xüsusi maraq göstərirlər və qəlbləri Ona qarşı açıq olur. Əgər belə bir vaxtda Məsihin Cəmiyyəti Rəbbin məhsulunu biçmək iqtidarında olmasa, necə də böyük faciə olar!
2. Digər tərəfdən bu, insanlara olan tələblərin göstərişidir. Çoxlarına biçmək deyil, əkmək qismət olur. Bir çox təbliğçilər öz gücünə və fəzilətinə görə deyil, onlardan əvvəl yaşamış və sonrakı nəsillərə öz dövründəki nəsildən daha çox təsir edən başqa bir təbliğçinin olmasına görə uğur qazanırlar. Çoxlarının qismətində işləmək, zəhmətlərinin bəhrəsini isə görməmək var.
Günlərin bir günü məni rododendronlarla21 dolu məşhur olan malikanəyə apardılar. Malikanənin sahibi öz plantasiyasını çox sevirdi və bütün rododendron bitkisinin növlərinin adını bilirdi. O mənə iyirmi beş ildən sonra çiçək açacaq tingləri göstərdi. Onun yetmiş beş yaşı var idi və çox güman, onların gözəlliyini görəcəyini gözləmirdi. Amma başqası onu görə biləcək. Məsih naminə söylənən heç bir söz və ya heç bir iş boşa getmir. Əgər biz işimizin bəhrəsini görə bilməsək, başqaları görəcək. Məsihçilər heç vaxt ruhdan düşməməlidirlər.
39-42
Samariyada baş verən hadisələrin nümunəsində Xoş Xəbərin necə yayıldığını görmək olar. Samariyalılar arasında imanın yayılmasının üç mərhələsini qeyd etmək lazımdır.
1. Tanışlıq. Qadın samariyalıları İsa ilə tanış etdi. Buradan Allahın bizim qayğımıza necə qaldığı aydın görünür. Paul deyirdi: «Vəz edən olmasa, necə eşidəcəklər?» (Romalılara 10:14). Allahın Kəlamı insandan insana ötürülməlidir. Əgər Allahın xəbərini çatdıra biləcək başqa kimsə yoxdursa, Allah Xoş Xəbəri heç vaxt eşitməyənlərə çatdıra bilməz.
Bu gün Onun işini görmək üçün
Bizim əlimizdən başqa əli yoxdur;
İnsanları Öz yoluna yönəltmək üçün
Onun bizim ayaqlarımızdan başqa ayağı yoxdur;
Xalqa necə öldüyünü anlatmaq üçün
Onun bizim səsimizdən başqa səsi yoxdur;
Onları öz tərəfinə çəkmək üçün
Bizdən başqa köməyi yoxdur.
Bizim üzərimizdə böyük məsuliyyət var. Eyni zamanda bizə ən böyük imtiyaz verilib — insanları Məsihə gətirmək. Bu tanışlıq yalnız bizi Onunla tanış edən şəxsin vasitəsilə baş verə bilər.
Bu tanışlıq şəxsi şəhadət gücünə əsaslanır. Samariyalı qadın səsləndi: «Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün». O, qonşularını nəzəriyyə ilə deyil, möcüzəli və hər şeyi dəyişən qüdrətlə tanış etdi. İmanlı Cəmiyyəti yer üzünün padşahlıqları Rəbbin Padşahlığına çevrilənə, bütün insanlar — kişilər və qadınlar — Məsihin qüdrətini və hakimiyyətini öz üzərində hiss edib, yaşadıqlarını və təcrübələrini başqalarına ötürənə qədər yayılacaq.
2. Bu tanışlıq yaxın tanışlığa və daha yaxşı biliyə çevrilir. Samariyalılar İsa ilə tanış olandan sonra Onunla ünsiyyət axtarmağa başladılar; Onu daha yaxından tanımaq üçün İsadan onlarla qalmasını xahiş etdilər. İnsanı Məsihlə tanış etmək lazımdır, lakin Onun hüzurunda yaşamağı insan özü seçməlidir. İnsan başqasının yerinə Rəbbin hüzurunda qala bilməz; insanlar bizi Məsihlə dostluğa apara bilər, amma bu dostluğu biz özümüz qoruyub saxlamalıyıq.
3. Bunun ardınca açıqlama və həsr olunma gəlir. Samariyalılar Məsihdə dünyanın Xilaskarını gördülər. Düzdür, bəlkə də həmin vaxt onlar belə deməzdilər. Yəhya uzun illər sonra Müjdəni yazarkən bunu İsa Məsih haqqında çoxillik fikirlərini çatdıran öz sözləri ilə ifadə etdi. Bu möhtəşəm titula yalnız Yəhyanın Müjdəsində və 1Yəhya 4:14-də rast gəlirik. İsa Məsihin bu titulu Yəhya üçün xüsusilə vacib görünürdü.
Amma onu icad edən Yəhya deyildi. Əhdi-Ətiqdə Allah tez-tez Xilas Allahı, Xilaskar, xilas edən Allah kimi xatırlanır. Bu titulu bir çox yunan tanrıları da daşıyırdı. Yəhya Müjdəni yazdığı dövrdə dünyanın xilaskarı titulu Roma imperatoruna verilmişdi. Müjdəçi Yəhya sanki deyir: «Xəyal etdiyiniz hər şey İsa Məsihdə gerçəkləşdi».
Biz bu titulu yaxşı yadda saxlamalıyıq. İsa Allahın xəbəri ilə dünyaya gələn peyğəmbər deyildi; insanların düşüncələrini oxumaq üçün qeyri-adi qabiliyyətə malik olan incə psixoloq da deyildi. Samariyalı qadınla ünsiyyət qurarkən O, bu bacarığı göstərdi, lakin təkcə bunu yox. İsa təkcə yaxşı nümunə qoyan deyil. İsa dünyaya təkcə insanlara necə yaşamalı olduqlarını göstərmək üçün gəlmədi. Əgər gözəl nümunəyə əməl etməyə gücümüz yoxdursa, o da çətin və məyusedici ola bilər.
İsa, həqiqətən, Xilaskardır. O, insanları düşdükləri dəhşətli və ümidsiz vəziyyətdən xilas etdi. Onları keçmişə bağlayan zəncirləri qırdı və gələcəyə üz tutmaları üçün güc verdi. Samariyalı qadın, həqiqətən də, Onun xilasedici qüdrətinin gözəl nümunəsidir. Yaşadığı şəhər onu damğalamışdı və o, tədricən ləyaqətli həyat tərzinin onun üçün olmadığı ilə razılaşacaqdı. Amma İsa gəldi və onu xilas etdi. İsa qadına keçmişindən üz döndərmək gücü verdi və önündə yeni bir gələcək açdı. Yalnız bir ad İsanı düzgün xarakterizə edə bilər — O, Dünyanın Xilaskarıdır.
43-45
Hər üç sinoptik Müjdədə İsanın «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar» dediyi sitat gətirilir (Mark 6:4; Matta 13:57; Luka 4:24). Bu, «təklifsizlik nifrət doğurur» mənasında olan bir deyim idi və burada sanki yersiz kimi qeyd olunur. Həmin deyim digər Müjdələrdə İsanın Nazaretdəki həmkəndliləri tərəfindən rədd olunduğu zaman qeyd olunur. Yəhya isə bunu İsanın qəbul edilməsi ilə əlaqədar olaraq qeyd edir.
Bəlkə də Yəhya İsanın fikirlərinə istinad edir. Biz artıq gördük ki, İsa Yəhudeyanı tərk edərək, Onun populyarlığının artması ilə baş verə biləcək toqquşmadan xilas olmaq üçün Qalileyaya getdi, halbuki münaqişə hələ baş verməmişdi (Yəhya 4:1-4). Ola bilsin, Samariyada bu heyrətamiz uğur İsanın Özünü heyrətləndirmişdi, çünki məhsul haqqında dediyi sözlərdə heyrət hiss olunur. Ola da bilsin, İsa Qalileyaya dincəlmək ümidi ilə getmiş, Öz ölkəsinin xalqının Onu dinləyəcəyini gözləmirdi. Ancaq Samariyada olduğu kimi, Qalileyada da eyni şeyin baş verməsi tamamilə mümkündür, Onun təliminə səs verildi. Biz bu ifadəni ya bu şəkildə izah edə bilərik, ya da onun yanlış yerə düşdüyünü söyləməliyik.
Hər necə olursa-olsun, bu və ondan əvvəlki hissə bizə Məsih haqqında danılmaz sübutlar verir. Samariyalılar İsaya kiminsə sözünə görə iman etmədilər, onlar İsadan əvvəllər eşitmədikləri sözləri eşitdilər. Qalileyalılar İsaya kimsə onlara danışdığına görə deyil, Yerusəlimdə indiyə qədər görmədikləri işləri gördükləri üçün Ona iman etdilər. Onun sözləri və əməlləri təkzibedilməz dəlillər idi.
Bu, məsihçi həyatının ən böyük həqiqətlərindən biridir. Məsihçiliyin lehinə yalnız bir təkzibedilməz arqument var — məsihçi həyatının şəxsi təcrübəsi. İnsanların ucaltdıqları intellektual qalalarını, qüllələrini sarsıtmaq üçün bəzən onlara çox şey sübut etmək lazım gəlir. Ancaq yalnız bir inandırıcı arqument gətirmək daha faydalıdır: «Mən İsa Məsihin necə olduğunu və nə edə biləcəyini bilirəm. Məsləhət görürəm ki, Ona müraciət edəsən, onda nə baş verdiyini özün görəcəksən».
Burada yenə bizim üzərimizə böyük məsuliyyət düşür: əgər davranışımız onun dəyərinin sübutu olmasa, heç kim təcrübəmizi təkrarlamaq istəməz. Əgər həyatımız tutqun, dərdli və uğursuzluqlarla doludursa, insanlara İsa Məsihin onlara sevinc, sülh və güc gətirəcəyini söyləməyin mənası yoxdur. İnsanlar məsihçiliyin bizə əla nəticə verdiyini görsələr, yalnız o zaman təcrübəmizi təkrarlamağa çalışmağın zəruriliyinə əmin olacaqlar.
46-54
Bir çox şərhçilər hesab edirlər ki, bu, Matta 8:5-13 və Luka 7:1-10-da yüzbaşının xidmətçisinin sağalması hekayəsinin başqa bir versiyasıdır. Bəlkə də elədir, lakin bu hekayəni tamamilə müstəqil hesab etməyə imkan verən fərqlər var. Məmurun davranışının bəzi məqamları hamıya nümunə ola bilər.
1. Hökmdarın məmuru dülgərin yanına gəldi. Yunan dilinin orijinalında məmur sözü bazilikos kimi qeyd olunur. Bu da kiçik və ya tabe olan padşah olduğunu ifadə edir. Lakin bu söz həm də padşahın yüksək vəzifəli şəxslərini ifadə edir. Çox güman, o, padşah Hirodun sarayında yüksək vəzifə tuturdu. İsa isə Nazaretdən olan kənd dülgəri idi. Bundan başqa, İsa həmin vaxt Qana şəhərində idi, məmur isə otuz kilometrdən çox uzaqda olan Kefernahumda yaşayırdı. Ona görə geriyə yolun bu qədər uzun çəkməsi belə izah olunur.
Bu mənzərəni təsəvvür etmək çətindir — saray əyanı kənd dülgərindən mərhəmət diləmək üçün tələsik otuz kilometr məsafəni qət edir. Məmur ilk növbədə öz qürurunu boğmalı oldu. O, böyük ehtiyac içində idi. Nə şərtilik, nə də adət-ənənələr ona ehtiyacı ilə Məsihə müraciət etməyə mane oldu. Onun hərəkəti dedi-qoduya səbəb olacaqdı. Ancaq insanların nə deyəcəyi onu maraqlandırmırdı, əsas o idi ki, lazım olanı əldə etsin. Biz də Məsihin köməyinə ehtiyac duyduğumuz zaman qürurumuzu unudacaq qədər təvazökar olmalıyıq və insanların dedi-qodularına əhəmiyyət verməməliyik.
2. Məmuru ruhdan salmaq asan deyildi. İsa ilk baxışda onu çox da xoş olmayan bir ifadə ilə qarşıladı: insanlar yalnız əlamətlər və möcüzələr gördükdən sonra inanırlar. Ola bilsin, İsa bu sözləri daha çox saray əyanının özünə deyil, belə qeyri-adi hadisə ilə bağlı toplaşmış kütləyə ünvanlamışdır. Yəqin ki, onlar ağızları açılı halda dayanıb, bundan sonra nə olacağını gözləyirdilər. Lakin İsanın, ümumiyyətlə, insanın Onu və öz xahişinə nə qədər ciddi yanaşdığını öyrənmək vərdişi var idi. Biz bunu Kənanlı qadının timsalında görürük (Matta 15:22-28). Əgər insan hirslə və əsəbi halda üz döndərsə, məzəmməti qəbul edə bilməyəcək qədər qürurlu olsa, dərhal geri çəkilsə, İsa bilərdi ki, o, həqiqətən, inanmır. Yalnız ciddi şəkildə inanan insan Məsihin köməyinə arxalana bilər.
3. Məmurun imanı var idi. Oğlunun sağ qalacağına yalnız şifahi zəmanətlə dönüb evə getmək onun üçün, bəlkə də, çətin idi. Bu gün insanlar telepatiya və düşüncənin uzaqdan ötürülməsi barədə bilirlər, onlar bu möcüzənin uzaqdan həyata keçirildiyini söyləyə bilərlər. Amma məmur üçün belə deyildi. Onun üçün inanmaq asan deyildi. Bununla belə, təsəlli kimi yalnız İsanın bir sözü ilə evinə dönüb otuz kilometri getməyə onun imanı kifayət etdi.
İmanın mahiyyəti də elə ondan ibarətdir ki, biz İsanın dediyi hər şeyin doğru olduğuna inanmalıyıq. İsanın vədlərinin doğru olması ilə bağlı qeyri-müəyyən, lakin güclü istəyin bizi bürüməsi halları çox olur. Ancaq bu vədlərə həqiqətən nail olmağın yeganə yolu — suda batan saman çöpündən yapışan adamın imanı ilə inanmaqdır. İsanın dediklərinə «bəlkə də doğrudur» kimi deyil, «doğru olmalıdır» kimi baxmaq lazımdır.
4. Məmur itaət etdi. O, İsadan lazım olanı alıb, sonra hər şeyi unudaraq gedənlərdən deyildi. Məmurun özü və bütün ailəsi İsaya iman etdi. Bu onun üçün çətin olmalı idi, çünki İsanın Allahın Məsh olunmuş olması fikri onun bütün əvvəlki fikirlərinə zidd idi. Padşah Hirodun sarayında İsaya imanını açıq etiraf etmək də asan deyildi: yəqin ki, o, istehzaya dözməli oldu. Bəlkə də bəziləri onun ağlını itirdiyini düşündülər. Amma məmur faktların üzünə dik baxdı və onları olduğu kimi qəbul etdi: o, İsanın nə edə biləcəyini gördü, özü də bunu hiss etdi və yaşadı, ona yalnız itaət etmək və inanmaq qalırdı. Hər şey çarəsiz ehtiyacdan başladı. Ehtiyac təmin edildi, ehtiyac hissi qarşısıalınmaz sevgiyə çevrildi: məsihçi həyatının əsl yolu budur.
Əksər Əhdi-Cədid tədqiqatçıları hesab edirlər ki, bu hissədə dördüncü Müjdənin fəsillərinin düzülüşü pozulub. Onlar düşünürlər ki, 6-cı fəsil 5-ci fəsildən əvvəl gəlməlidir, buna görə də 4-cü fəsil İsanın Qalileyada qalması ilə bitir. 7-ci fəslin əvvəli düşünməyə vadar edir ki, İsa Yerusəlimdə qarşılaşdığı düşmənçilikdən sonra yenicə Qalileyaya gəlir. Qalileyadan Yerusəlimə və geriyə gedən keçidləri izləmək çətinləşir. 4-cü fəsil (4:54) bu sözlərlə bitir: «Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi» (Yəhya 4:54). 6-cı fəsil isə bu sözlərlə başlayır: «Bu hadisələrdən sonra İsa Qalileya — Tiberiya gölünün o biri sahilinə keçdi». Buna da 4-cü fəslin normal davamı kimi baxıla bilər.
5-ci fəsildə İsanın yəhudi başçıları ilə toqquşduğu bayram münasibətilə Yerusəlimə səfəri göstərilir. Orada deyilir: «Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar» (5:16). 7-ci fəsil belə sözlərlə başlayır: «Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi» (7:1). Biz burada müəyyən edilmiş qaydanı dəyişmirik, lakin yadda saxlamaq lazımdır ki, 5-ci fəsildən əvvəl 6-cı fəsli nəzərdən keçirsək, hadisələr daha asan və daha təbii cərəyan edər.