Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: 3-cü fəsil

V. Barklinin şərhləri

3-cü fəsil

1-6

GECƏ GƏLƏN ADAM (Yəhya 3:1-6)

Çox vaxt biz İsanı adi insanların əhatəsində görürük. Bu hissədə isə Onun Yerusəlim aristokratiyasının nümayəndələrindən biri ilə görüşdüyünü görürük. Bizə Nikodim haqqında bəzi şeylər məlumdur.

1. Nikodim, çox güman, zəngin idi. İsa dəfn edilmək üçün Çarmıxdan endiriləndə, Nikodim Onun bədənini balzamlamaq üçün «yüz litraya qədər (təqribən 30 kq.) qarışıq mirra və əzvay gətirdi» (Yəhya 19:39). Bunu ancaq varlı adam ala bilərdi.

2. Nikodim farisey idi. Fariseylər bir çox cəhətdən ölkənin ən yaxşı insanları hesab edilirdi. Onların sayı heç vaxt altı mini keçmirdi. Onlar haburah və ya qardaşlıq adı ilə tanınırdılar. Onlar həmin qardaşlığa daxil olmaq üçün bütün həyatları boyu ilahiyyatçıların qanununun ən xırda təfərrüatlarına əməl edəcəklərinə dair üç şahidin qarşısında and verirdilər.

Bu nə demək idi? Əhdi-Ətiqin ilk beş kitabı — Qanun yəhudilər üçün dünyada ən müqəddəs şey idi. Onlar bunun Allahın həqiqi sözü olduğuna inanırdılar. Ona bir söz əlavə etmək və ya ondan bir söz çıxarmaq ölümcül günah sayılırdı. Əgər Qanun Allahın kamil sözüdürsə, o zaman insanın Allaha məqbul həyat sürməsi üçün bilməli olduğu şeyləri aydın və dəqiq söyləməlidir. Əgər orada hansısa təfərrüat çatışmırdısa, onların fikrincə, deyilənlərdən nəticə çıxarmaq olardı. Qanun hər bir insanın özü üçün öyrənməli olduğu hərtərəfli, nəcib və geniş şəkildə tərtib edilmiş bir prinsip idi. Lakin sonrakı dövrlərdə bu, yəhudilər üçün artıq kifayət etmirdi. Onlar deyirdilər: «Qanun mükəmməldir. Orada Allaha məqbul həyat tərzi sürmək üçün lazım olan hər şey var. Ona görə də Qanunda hər bir insan üçün həyatın istənilən vəziyyətini tənzimləyən qaydalar olmalıdır». Onlar Qanunun bu böyük prinsiplərindən həyatda istənilən vəziyyəti tənzimləyən saysız-hesabsız qaydaları işləyib hazırlamağa başladılar. Başqa sözlə desək, böyük ümumi prinsiplər Qanununu nizam-intizam və qaydalar toplusuna çevirdilər.

Onların fəaliyyəti ən yaxşı Şənbə günü üçün olan müddəalarda görünür. Müqəddəs Kitabda sadəcə olaraq deyilir ki, yəhudilər Şənbə gününə riayət etməli və həmin gün nə özləri, nə qulları, nə də heyvanları heç bir iş görməməlidirlər. Sonrakı dövrlərdə fərqli fikirdə olan yəhudilər nəsildən-nəslə nəyin iş olduğunu, nəyin iş olmadığını, yəni Şənbə günü nəyin edilə, nəyin edilə bilməyəcəyini müəyyən etməyə çalışaraq çoxlu vaxt sərf etdilər. Mişna — yazılı, sistemə salınmış qanundur. Orada Şənbə ilə bağlı bölmə nə az, nə çox, iyirmi dörd fəsildən ibarətdir. Talmud — Mişnanın izahı və şərhidir. Yerusəlim Talmudunda Şənbə qanununun izahları və təfsirləri ilə bağlı bölmə altmış dörd yarım sütun, Babil Talmudunda isə yüz əlli altı böyük səhifədən ibarətdir. Deyilənə görə, ravvinlərdən biri Mişnanın bu iyirmi dörd fəslindən birini öyrənməyə iki il yarım vaxt sərf edib.

Budur, qanunda əksini tapanlardan bir neçə nümunəyə baxaq: Şənbə günü düyün bağlamaq iş sayılırdı. Lakin indi düyünün nə olduğunu müəyyən etmək lazım idi. «İnsanın qanunu pozduğu düyünlər bunlardır: dəvəçinin düyünü və dənizçinin düyünü. İnsan düyün bağlamaqla qanunu pozurdusa, onda düyünü açmaqla da qanunu pozmuş olurdu». Bir əllə bağlanıb açılan düyünlər qanuna zidd sayılmırdı. Bundan əlavə, «qadın öz köynəyində və ya paltarında düyün vura, papağının lentini və kəmərini, ayaqqabısının və ya səndəlinin bağlarını, şərab və ya yağ tuluğunu bağlaya bilərdi». İndi isə bütün bunların praktikada necə tətbiq edildiyinə baxaq. Tutaq ki, insan Şənbə günü su çəkmək üçün vedrəni quyuya salmalıdır: o, vedrəyə düyün bağlaya bilməzdi, çünki Şənbə günü kəndirlə düyün bağlamaq qanuna zidd idi. Amma o, vedrəsini qadının kəmərinə bağlayıb, quyuya sala bilərdi. Bu kimi şeylər qanunşünaslar və fariseylər üçün ölüm-dirim məsələsi idi. Onlar üçün Allahın yolu bu idi. Onların fikrincə, bu, Allaha xidmət etmək və Onu razı salmaq demək idi. Yaxud da Şənbə günü yol getməklə bağlı nümunəyə baxaq. Çıxış 16:29-da deyilir: «Qoy hər kəs öz evində qalsın və yeddinci gün heç yerə çıxmasın». Buna görə Şənbə günü yol getmək 900-1000 metr məsafə ilə məhdudlaşırdı. Amma küçənin sonunadək kəndir çəkilirdisə, bütün küçə ev sayılırdı. Beləcə adam küçənin o biri başınadək daha 900-1000 metr gedə bilərdi. Ya da əgər insan cümə axşamı müəyyən bir yerdə kifayət qədər yemək qoyurdusa, həmin yer onun evinə çevrilirdi. O, həmin yerdən 1000 metr məsafəni qət edə bilərdi. Belə qaydalar, normalar və qeyd-şərtlər yüzlərlə və minlərlə idi.

Yük daşımaqla bağlı qayda isə belə idi. Yeremya peyğəmbərin kitabı 17:21-24-də deyilir: «Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın». Buna görə də yükün və ağırlığın tərifini vermək lazım idi. Yük deyəndə «quru əncirə ekvivalent qida, bir stəkanda qarışdırmaq üçün kifayət edən şərab, bir qurtum süd, yaranın üzərinə çəkməyə bəs edən bal, bədənin kiçik bir sahəsinə sürtməyə çatacaq qədər yağ; göz məlhəmi hazırlamağa bəs edəcək qədər su» və sair və ilaxır. Sonra müəyyən etmək lazım idi ki, qadın Şənbə günü saçına sancaq, kişi isə taxtadan protez ayaq və protez diş taxa bilərdi, ya yox. Yoxsa bu da yük daşımağa bərabər idi? Stul və ya heç olmasa uşağı qucağa almaq olardımı? Və sair və ilaxır.

Bu kimi normaları işləyib hazırlayan qanunşünaslar idi. Fariseylər isə həyatlarını onlara riayət etməyə həsr edirdilər. Necə olursa-olsun, bir şey aydın idi ki, əgər insan saysız-hesabsız olan bütün qaydalara riayət etmək istəyirdisə, hər şeyi çox ciddi qəbul etməli idi. Fariseylər də məhz belə edirdilər. Farisey sözünün mənası ayrılmış deməkdir. Fariseylər qanunşünasların yazdığı qanunun hər birinə riayət etmək üçün özlərini adi həyatdan ayıran insanlar idi.

Nikodim farisey idi. Buna görə xeyirxahlığa bu nöqteyi-nəzərdən baxan və bununla da Allahı razı saldığına inanaraq, həyatını qanuna bu qədər ciddi riayət etməyə həsr etmiş bir adamın, ümumiyyətlə, İsa ilə danışmaq istəməsi təəccüblüdür.

3. Nikodim yəhudi başçılarından biri idi; yunanca orijinalda onlara arxon deyilirdi. Başqa sözlə, o, Ali Şuranın üzvü idi. Ali Şura yetmiş nəfər üzvü olan yəhudilərin ali məhkəməsi idi. Roma hakimiyyəti dövründə Ali Şuranın səlahiyyətləri məhdud idi. Lakin o, bütün hüquqlarını itirməmişdi. Məsələn, Ali Şura din və harada yaşamasından asılı olmayaraq, istənilən yəhudi ilə bağlı məhkəmə məsələlərini həll edirdi. Digər işlərlə yanaşı, onun vəzifəsi yalançı peyğəmbərlikdə şübhəli bilinənləri izləmək və müvafiq tədbirlər görmək idi. Buna görə yenə də Nikodimin İsanın yanına gəlməsi təəccüblüdür.

4. Nikodim, çox güman, Yerusəlimin zadəgan ailələrindən birinə mənsub idi. Məsələn, eramızdan əvvəl 63-cü ildə yəhudilər Roma ilə müharibə edərkən, yəhudi başçısı Aristobul Nikodim adlı birini öz elçisi kimi Roma sərkərdəsi Böyük Pompeyin yanına göndərmişdi. Üstündən uzun illər keçəndən sonra Yerusəlimin mühasirəsinin dəhşətli günlərində qarnizonun qalıqlarının təslim edilməsi üçün danışıqlar ya Nikodimin, ya da Nikomedin oğlu olan Qorion tərəfindən aparılmışdı. Ehtimal edilir ki, onların hər ikisi həmin Nikodimin nəslindən idi və o, Yerusəlimin ən zadəgan nəsillərindən biri sayılırdı. Belə olan halda, yəhudi zadəganının evsiz bir peyğəmbərin, Nazaretdən olan keçmiş dülgərin yanına gələrək ürəyini Ona açması ağlasığmaz görünürdü.

Nikodim İsanın yanına gecə gəlmişdi. Bunun iki səbəbi ola bilər.

  1. Bu, ehtiyatlılıq əlaməti ola bilər. Ola bilsin, Nikodim gündüz İsanın yanına gələrək özünü açıq göstərmək istəməyib. Buna görə onu günahlandırmaq olmaz. Ümumiyyətlə, belə bir adamın İsanın yanına gəlməsi təəccüblü idi. Gecə gəlmək heç gəlməməkdən daha yaxşı idi. Lütfün möcüzəsi də məhz elə bundadır ki, Nikodim öz mövhumatlarının, tərbiyəsinin və həyata olan baxışlarının öhdəsindən gəlib, İsaya üz tuta bilmişdi.

2. Amma başqa səbəb də ola bilər. Ravvinlər deyirdilər ki, gecə insanın diqqətini heç nə yayındırmır, ona görə də gecə Qanunu öyrənmək üçün ən yaxşı vaxtdır. İsanın bütün günü izdihamın əhatəsində keçirdi. Ola bilsin, Nikodim İsanın yanına gecə ona görə gəlib ki, heç kimin onları narahat etməsini istəmirdi və o, İsa ilə tamamilə təklikdə vaxt keçirmək istəyirdi.

Görünür, Nikodim çaşmışdı. Onun hər şeyi var idi, amma həyatında nəsə çatışmırdı. Budur, o, gecənin qaranlığında işıq tapmaq üçün İsa ilə danışmağa gəlmişdi.

GECƏ GƏLƏN ADAM (Yəhya 3:1-6 (ardı))

İsanın yanına gələn insanlarla söhbətləri təsvir edərkən, Yəhya burada aydın şəkildə görə biləcəyimiz nümunə təqdim edir. Adam nəsə soruşur (3:2), İsanın cavabını başa düşmək çətindir (3:3), adam cavabı düzgün başa düşmür (3:4), növbəti cavab sual verənə daha az aydın olur (3:5). Sonra müzakirə və izahat gəlir. Müjdəçi bu üsuldan ona görə istifadə edir ki, biz İsanın yanına suallarla gələn insanların həqiqətə necə çatmağa çalışdıqlarını görə bilək və biz də eyni şeyi edək.

İsanın yanına gələndə Nikodim dedi ki, Onun göstərdiyi əlamətlər və möcüzələr hər kəsi heyrətə salır. İsa isə cavabında dedi ki, vacib olan möcüzələr və əlamətlər deyil, yenidən doğulma adlandırılan ruhani həyatda baş verən dəyişiklikdir.

İsa yenidən doğulmaq haqqında danışanda, Nikodim Onu başa düşmədi. Bu anlaşılmazlıq onunla bağlıdır ki, Azərbaycan dilində olan Müqəddəs Kitabda yenidən kimi tərcümə edilən yunan sözü apofen üç fərqli məna daşıyır.

1. O, hərtərəfli, tamamilə, radikal mənasını verə bilər.

2. O, yenə, ikinci dəfə mənasında ola bilər.

3. O, yuxarıdan, yəni Allahdan mənasını verə bilər.

Azərbaycan dilində bunu bir sözlə çatdırmaq olmur, ancaq yenidən doğulmaq ifadəsi ilə məna tam çatdırılır. Yenidən doğulmaq o qədər dərindən dəyişmək deməkdir ki, bu, yeni doğuşa bərabər olmalıdır. Bu o deməkdir ki, qəlblə bağlı tam dirçəliş kimi səciyyələndirilə bilən dəyişiklik baş verib. Bu, insanın nailiyyətlərindən asılı deyil, çünki bütün bunlar Allahın lütfünə və qüdrətinə görədir.

Yəhyanın Müjdəsindən həmin yeri oxuyanda belə bir təəssürat yaranır ki, Nikodim apofen sözünü yalnız ikinci mənada və həm də hərfi mənada başa düşür. O, «yaşa dolmuş bir adam necə yenidən doğula bilər?» deyə soruşur. Ancaq Nikodimin bu sualında sanki başqa bir şey səslənir: ürəyində böyük bir istək var idi. O, böyük həsrət çəkirmiş kimi sanki belə deyirdi: «Sən yenidən doğulmaqdan danışırsan, köklü və tam dəyişikliyə ehtiyacdan danışırsan. Mən bunun zəruri olduğunu bilirəm, amma mənim xidmətimdə bu, mümkün deyil. Mənim də ən çox istədiyim şey budur. Lakin Sən mənə — bu boyda adama deyirsən ki, anamın bətninə girib yenidən doğulum». Nikodim bu dəyişikliyin zəruri olduğuna şübhə etmir (o, bunun vacibliyini çox yaxşı başa düşürdü), onun mümkünlüyünə şübhə ilə yanaşır. Nikodim dəyişmək istəyən, lakin bunu edə bilməyən insanın daimi problemi ilə üzləşir.

Yenidən doğulmaq ifadəsinə bütün Əhdi-Cədid boyu rast gəlinir. Peter bizim yenidən doğulmamızı təmin edən Allahın böyük mərhəmətindən danışır (1Peter 1:3); çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan Kəlamı vasitəsilə yenidən doğulma haqqında danışır (1Peter 1:22-23). Yaqub deyir ki, Allah həqiqət kəlamı ilə doğulmağımıza səbəb olub (Yaqub 1:18). Titə Məktubda yenidən doğuzdurub təzələmədən bəhs edilir (Titə 3:5). Bəzən buna ölüm də deyilir. O ölüm ki, ondan sonra yenidən doğulma və ya yenilənmə baş verir. Paul məsihçilər haqqında Məsihlə birlikdə ölən və sonra yeni həyat üçün dirilən adamlar kimi danışır (Romalılara 6:1-11). O, məsihçiliyi yeni qəbul edənlər haqqında Məsihdə körpə olan insanlar kimi danışır (1Korinflilərə 3:1-2). «Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi» (2Korinflilərə 5:17). Məsih İsada yalnız yeni yaradılış əhəmiyyət kəsb edir (Qalatiyalılara 6:15). Əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənlik yaranır (Efeslilərə 4:24). Məsihin yolunu öyrənməyə başlayan insan körpədir (İbranilərə 5:12-14). Əhdi-Cədiddə yenidən doğulma, yenidən yaranma fikrinə hər zaman rast gəlinir.

Lakin bu fikir Əhdi-Cədid dövründə onu eşidən insanlar üçün heç də yeni bir şey deyildi. Yəhudilər yenidən doğulmanın nə olduğunu yaxşı bilirdilər. Başqa dindən olan bir şəxs yəhudiliyi qəbul edəndə — bu, dua, qurban və vəftizlə müşayiət olunurdu — ona yenidən doğulmuş kimi baxılırdı. Ravvinlər deyirdilər ki, yəhudiliyi qəbul edən bütpərəst yeni doğulmuş uşaq kimidir. Yeni doğulanın dəyişməsi o qədər radikal görünürdü ki, onun əvvəllər etdiyi günahlar birdəfəlik silinmiş hesab olunurdu. Çünki yəhudilərin nəzərində o, indi başqa bir insan idi. Nəzəri olaraq, hətta belə bir insanın anası və ya bacısı ilə evlənə biləcəyi iddia edilirdi, çünki o, tamamilə yeni bir insana çevrilirdi və bütün köhnə əlaqələr qırılmış və məhv edilmiş olurdu. Yenidən doğulmaq ideyası yəhudilərə yaxşı tanış idi.

Bu ideya yunanlara da tanış idi, həm də çox yaxşı tanış idi. Həmin dövrlərdə Yunanıstanda ən çox yayılmış din misteriya-dini idi. Misteriya hansısa əzab çəkən və bu əzablardan ötrü ölüb-dirilən tanrının həyat hekayəsinə əsaslanırdı. Bu hekayə iztirab misteriyası kimi oynanılırdı. Dinə yeni qoşulan şəxs əvvəlcə uzun bir hazırlıq, təlimat, zahidlik və orucluq kursundan keçirdi. Bundan sonra dram möhtəşəm musiqi və heyrətamiz ayin, buxur və digər duyğulara təsir edən vasitələrlə səhnələşdirilirdi. Dram oynanarkən, dinə yeni qoşulan adam tanrı ilə bir olmalı, hətta bu tanrının iztirablarının bütün yolunu keçməli, onun qələbəsində və səmavi həyatına qovuşmaq üçün iştirak etməli idi. Bu mistik-dinlər insana hansısa tanrı ilə bir növ mistik birləşmə təklif edirdi. Həmin birliyə çatdıqdan sonra yeni qoşulanlar, bu misteriyanın dili ilə desək, yenidən doğulurdu. Hermes tanrısının misteriyasının əsasında «yenidən doğulmadan xilas ola bilməz» prinsipi dayanırdı. Dinə gəlmək prosesini keçən Roma yazıçısı Apuley deyirdi ki, o, «könüllü ölümdən keçib» və beləcə «ruhani doğuluşa» nail olub, o, sanki «yenidən doğulmuş kimi»dir. Mistik-din çox vaxt gecə yarısında, gün öləndə və yeni bir gün doğulanda qəbul edilirdi. Frigiyalılar dini yencə qəbul edən insanları, yeni doğulmuş körpə kimi südlə qidalandırırdılar.

Buna görə də qədim dünya yenidən doğulma və yenilənmə haqqında hər şeyi bilirdi. Ona susamış və hər yerdə onu axtarırdı. Məsihçiliyin dünyaya dirilmə və yenidən doğulma xəbərini gətirdiyi vaxt bütün dünya onu gözləyirdi.

Yaxşı, bu yenidən doğulma bizim üçün nə deməkdir? Əhdi-Cədiddə və xüsusilə dördüncü Müjdədə bir-biri ilə sıx əlaqəli dörd fikir var: yenidən doğulma ideyası; bir insanın yenidən doğulmadıqca daxil ola bilməyəcəyi Səmavi Padşahlıq ideyası; Allahın övladları ideyası və əbədi həyat ideyası. Yenidən doğulma ideyası təkcə dördüncü Müjdəyə xas olan bir şey deyil. Mattanın Müjdəsində biz eyni böyük həqiqətin daha sadə və daha aydın şəkildə ifadə edildiyini görürük: «...əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz» (Matta 18:3). Bu fikirlərin əsasında eyni fikir dayanır.

YENİDƏN DOĞULMUŞ (Yəhya 3:1-6 (ardı))

Səmavi Padşahlıqdan başlayaq. Bu nə deməkdir? Əldə edə biləcəyimiz ən yaxşı tərif «Ey göylərdə olan Atamız» duasıdır. Burada iki xahiş var:

«Padşahlığın gəlsin,

Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun».

Yəhudilərdə eyni şeyi iki dəfə söyləmək adi hal idi, bununla belə, ikincisi birincini izah edir və mənasını gücləndirir. Məzmurların əksəriyyəti paralellik kimi tanınan fikirlərə misal ola bilər:

«Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır!» (Zəbur 46:7).

«Mən doğulandan bəri günahkaram, ana bətnindən belə, təqsirkaram» (Zəbur 51:5).

«O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir» (Zəbur 23:2).

Gəlin bu prinsipi Rəbbin Duasında qeyd olunan iki yalvarışa tətbiq edək. İkinci yalvarış birincini izah edir və mənasını gücləndirir. Nəticədə belə bir tərif alırıq: Səmavi Padşahlıq Allahın iradəsinin göydə olduğu kimi yerdə də mükəmməl şəkildə yerinə yetirildiyi bir cəmiyyətdir. Buna görə də Allahın Padşahlığında olmaq elə bir həyat tərzi sürmək deməkdir ki, biz könüllü olaraq hər şeyi Allahın iradəsinə təslim etmişik, yəni Allahın iradəsini tamamilə və bütünlüklə qəbul etdiyimiz bir mərhələyə çatmışıq.

İndi isə gəlin Allahın övladı ideyasına keçək. Allahın övladı olmaq böyük bir imtiyazdır. İman edənlərə Allahın övladları olmaq imkanı və ixtiyarı verilir (Yəhya 1:12). Uşaqlarla onların valideynləri arasındakı münasibətin əsas məqsədi itaətdir. «Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur» (Yəhya 14:21). Övlad münasibətlərinin məğzi — məhəbbət, məhəbbətin məğzi isə itaətdir. Bir insanın ürəyini ağrıdan, onu incidən bir iş görüb, onu, doğrudan da, sevdiyimizi deyə bilmərik. Övladlıq münasibətləri imtiyazdır, lakin onlar yalnız Allaha mütləq itaət etdiyimiz zaman təsirli olur. Beləliklə, Allahın övladı olmaq və Allahın Padşahlığında olmaq eyni şeydir. Allahın iradəsini tamamilə və könüllü olaraq qəbul etmiş insanlar həm Allahın övladı, həm də Allahın Padşahlığının vətəndaşıdır.

İndi də əbədi həyat ideyasına nəzər salaq. Əbədi həyatdan danışmaqdansa, həyatın əbədiliyindən danışmaq daha yaxşıdır. Həyatın əbədiliyinin əsas ideyası təkcə sonsuz olması deyil. Sonsuza qədər davam edən həyat cənnət olduğu kimi, cəhənnəm də ola bilər. Həyatın əbədiliyinin arxasında müəyyən bir keyfiyyət ideyası dayanır. Bəs bu necə həyatdır? Əbədi (aponios) sözünün əsl mənasını ifadə edən yalnız Birini təyin etmək olar, o da Allahdır. Allah əbədi yaşayır. Əbədi həyat — Allahın həyatıdır. Əbədi həyata daxil olmaq — Allahın Özünün yaşadığı həyatı əldə etmək deməkdir. O, Allahın yaşadığı həyatdır, yəni Allahın həyatıdır. Bu, insani, keçici şeylərdən üstün olan, yalnız Allaha məxsus olan sevinc və dincliyə yüksəlmək deməkdir. İnsan Allahla bu dostluğa onu Allahla dostluğa qovuşduracaq sevgini, ehtiramını, sədaqətini, itaətini Ona göstərəndə nail ola bilər.

Beləliklə, qarşımızda üç böyük bir-biri ilə əlaqəli konsepsiya var — Səmavi Padşahlığa daxil olmaq, Allahla övlad münasibəti və əbədi həyat. Bunların hamısı bilavasitə Allahın iradəsinə mükəmməl itaətdən asılıdır və onun nəticələridir. Onları da yenidən doğulmaq ideyası birləşdirir. Bütün bu üç anlayışı birləşdirən məhz odur. Tamamilə aydındır ki, indiki vəziyyətimizdə və öz gücümüzlə Allaha mükəmməl şəkildə itaət edə bilmirik. Yalnız Allahın lütfü bizə daxil olduqda, bizə sahib olduqda və bizi dəyişdirdikdə, biz Ona göstərməli olduğumuz ehtiram və sədaqəti verə bilərik. Biz İsa Məsih vasitəsilə yenidən doğulduq. O, ürəyimizə və həyatımıza sahib olanda bu dəyişiklik baş verir.

Dəyişiklik baş verəndə isə biz sudan və Ruhdan doğuluruq. Burada iki fikir var. Su təmizlənməyin simvoludur. İsa həyatımıza sahib olanda, biz Onu bütün qəlbimizlə sevəndə, keçmişin günahları bağışlanır və unudulur. Ruh — qüdrətin simvoludur. İsa həyatımıza sahib olanda təkcə günahlarımız bağışlanmır və unudulmur. Əgər hər şey bununla bitsəydi, biz eyni günahları davam etdirə bilərdik. Amma həyatımıza elə bir güc daxil olur ki, bizə heç vaxt təkbaşımıza ola bilməyəcəyimiz və heç vaxt təkbaşına edə bilməyəcəklərimizi etməyə imkan verir. Su və Ruh keçmişi silən və gələcəyə qələbə bəxş edən Məsihin təmizləyici və qüvvətləndirici gücünü simvollaşdırır.

Nəhayət, bu hissədə böyük bir qanun əks olunub. Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. İnsan özlüyündə bədəndir və onun gücü bədənin edə biləcəyi ilə məhdudlaşır. O özlüyündə yalnız uğursuzluq və boşluq hiss edə bilər: bu bizə çox yaxşı tanışdır — bu, bəşəriyyətin təcrübəsindən məlum olan faktdır. Ruhun Özü isə insan gücündən və həyatından yüksək olan güc və həyatdır. Ruh bizi bürüyəndə, insan təbiətinin uğursuz həyatı Allahın qalib həyatına çevrilir.

Yenidən doğulmaq — elə dəyişmək deməkdir ki, onu yalnız yenidən doğulma və yenidən yaradılışla müqayisə etmək olar. Dəyişiklik biz İsanı sevəndə və Onu ürəyimizə buraxanda baş verir. Onda biz keçmiş üçün bağışlanmış olur, gələcək üçün Ruhla silahlanır və Allahın iradəsini həqiqətən qəbul edə bilirik. Onda biz Səmavi Padşahlığın vətəndaşları və Allahın övladları oluruq. Onda biz Allahın həqiqi həyatı olan əbədi həyata daxil oluruq.

7-13

BİLMƏK BORCU VƏ DANIŞMAQ HAQQI (Yəhya 3:7-13)

İki növ anlaşılmazlıq var. Biri həqiqəti anlamaq üçün lazım olan bilik və təcrübə səviyyəsinə çatmamış insanın başa düşülməməsidir. İnsan bu səviyyədə olanda biz çox səy göstərməli və ona hər şeyi izah etməliyik ki, ona təklif olunan biliyi mənimsəsin. Digəri də başa düşmək istəməyən insanın anlamamasıdır: görməmək və dərk edə bilməmək görmək istəməməyin nəticəsidir. İnsan qəbul etmək istəmədiyi həqiqətlərə qəsdən gözünü və ağlını bağlaya bilər.

Nikodim də belə idi. Tanrıdan yenidən doğulmaq təlimi onun üçün qeyri-adi olmamalı idi. Məsələn, Yezekel peyğəmbər dəfələrlə insanda yaradılacaq yeni ürəkdən danışırdı. «Etdiyiniz günahların hamısını üstünüzdən götürün, özünüzdə yeni ürək və yeni ruh yaradın. Nə üçün öləsiniz, ey İsrail nəsli?» (Yezekel 18:31). «Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam» (Yezekel 36:26). Nikodim Müqəddəs Yazıları yaxşı bilirdi və İsanın indi danışdıqları barədə peyğəmbərlər dəfələrlə danışmışdılar. Yenidən doğulmaq istəməyən insan, yenidən doğulmağın nə olduğunu bilərəkdən dərk etməyəcək, onu dəyişə biləcək bir gücün təsirinə qəsdlə gözlərini, ağlını, ürəyini bağlayacaq. Nəticədə çoxumuzun problemi ondan ibarətdir ki, İsa Məsih bizi dəyişdirmək və bərpa etmək təklifini edəndə, biz çox vaxt deyirik: «Xeyr, təşəkkür edirəm: mən halımdan çox razıyam və heç bir dəyişikliyə ehtiyacım yoxdur».

İsanın sözləri Nikodimi öz arqumentini dəyişməyə məcbur etdi. O dedi: «Sənin haqqında danışdığın bu yenidən doğulma, bəlkə də, mümkün ola bilər, amma bunun necə baş verəcəyi mənə aydın deyil». İsanın Nikodimin etirazına cavabı və bu cavabın mənası ondan asılıdır ki, Onun işlətdiyi pneuma, ruh sözünün ikinci mənası da var — külək; İbranicə ruax sözü də ruh və külək deməkdir. Beləliklə, İsa sanki Nikodimə dedi: «Sən küləyi (pneuma) eşidə, görə və hiss edə bilərsən, lakin onun haradan gəldiyini və haraya əsdiyini bilmirsən; sən küləyin niyə əsdiyini başa düşməyə bilərsən, lakin onun nə etdiyini görürsən; sən küləyin haradan gəldiyini bilməyə bilərsən, amma onun taxılı necə əydiyini və ağacları necə kökündən qopardığını görürsən. Küləklə əlaqədar olaraq çox şey başa düşürsən, çünki onun təsirini aydın görürsən. Ruhla (pneuma) da eynilə belədir. Sən Ruhun necə işlədiyini bilə bilməzsən, lakin bunun insanların həyatında təsirini görə bilərsən».

İsa deyir: «Biz nəzəri məsələni müzakirə etmirik, biz öz gözlərimizlə gördüklərimizdən danışırıq. Biz Ruhun qüdrəti ilə yenilənmiş konkret insanları göstərə bilərik». Alkoqoldan əziyyət çəkən, sonra Məsihə üz tutan ingilis fəhlə haqqında belə bir hekayə var. Keçmiş içki yoldaşları ona istehza ilə «Demə ki möcüzələrə və bu kimi şeylərə inanırsan. Yoxsa İsanın suyu şəraba çevirdiyinə inanırsan?» deyirdilər. O isə belə cavab vermişdir: «İsanın İsraildə suyu şəraba çevirib-çevirmədiyini bilmirəm, bir onu bilirəm ki, O mənim evimdə pivəni mebelə çevirib!»

Dünyada hər gün istifadə etdiyimiz çox şey var, lakin onların əslində necə işlədiyini bilmirik. Nisbətən az adam elektrikin, radionun, televiziyanın necə işlədiyini bilir, lakin biz onların varlığını inkar etmirik. Bir çox insan kapotun altında baş verənlərdən xəbərsiz halda avtomobil sürürlər. Lakin bu onların avtomobildən istifadə etməsinə və rahatlığından zövq almalarına mane olmur. Biz Ruhun necə işlədiyini başa düşməyə bilərik, lakin hamı Onun insanların həyatına təsirinin nəticəsini görür. Məsihçilik əleyhinə təkzibedilməz arqument — məsihçi həyat tərzidir. Pis insanları yaxşı insanlara çevirən dini heç kim inkar edə bilməz.

İsa Nikodimə deyir: «Mən sənin vəziyyətini asanlaşdırmağa çalışdım: gündəlik həyatdan götürülmüş sadə insan bənzətmələrindən istifadə etdim, amma sən başa düşmədin. Sadə olanlar sənin üçün anlaşılan deyilsə, bəs onda dərin və mürəkkəb problemləri necə başa düşə bilərsən?» Burada hamımıza xəbərdarlıq var. Müzakirə qruplarında, sakit kabinetdə oturub kitab oxumaq, məsihçiliyin həqiqətlərini müzakirə etmək çətin deyil. Məsələ onların gücünü hiss etmək və həyata keçirməkdir. Ümumiyyətlə, insan məsihçiliyi təcrübə və dərk edilməli olan yol kimi deyil, mübahisəli bir problem kimi görməklə asanlıqla səhv edə bilər. Şübhəsiz ki, Məsihin həqiqətini ağılla dərk etmək vacibdir, lakin daha vacibi İsa Məsihin gücünü həyatda hiss etməkdir. İnsan müalicə kursu keçdikdə, əməliyyat olunduqda və ya dərman qəbul etməli olduqda sağalması üçün anatomiya, anestezik preparatların və ya dərmanların insan orqanizminə təsiri haqqında hərtərəfli biliyə ehtiyacı yoxdur. Yüz nəfərdən doxsan doqquzu necə sağaldığını bilmədən müalicə alır. Müəyyən mənada məsihçilik də belədir: onun mahiyyətində ağılın çata bilməyəcəyi bir sirr var, çünki bu sirr — satınalmadır.

Dördüncü Müjdəni oxuyarkən İsanın sözlərinin harada bitdiyi və Müjdə müəllifinin sözlərinin harada başladığı həmişə aydın olmadığı üçün çətinliklər yaradır. Yəhya İsanın sözləri üzərində o qədər uzun müddət düşünüb ki, özü də hiss etmədən onlar haqqında öz düşüncələrini ifadə edir. Çox güman, bu fəslin son sözləri Yəhyaya məxsusdur. Sanki kimsə soruşur: «İsanın bunu deməyə nə haqqı var? Biz bunun doğru olduğunu necə bilək?» Müjdəçi buna sadə və hərtərəfli cavab verir: «İsa göydən yerə endi ki, bizə Allahın həqiqətini söyləsin. O, insanlar arasında yaşayıb, onlar üçün öldükdən sonra Öz izzətinə qayıtdı». Yəhya İsa haqqında deyir ki, O, Allahdan, yer üzünə birbaşa səma sirlərindən gəlib. Onun insanlara söylədiyi hər kəlmə, sözün əsl mənasında, Allahın həqiqətidir, çünki İsa Allahın təcəssüm olunan ağlıdır.

14-15

YÜKSƏLMİŞ MƏSİH (Yəhya 3:14-15)

Yəhya Əhdi-Ətiq hekayəsinə, Saylar 21:4-9-dakı hekayəyə istinad edir: İsrail xalqı səhrada sərgərdan gəzərkən deyinir, səhrada ölmək üçün Misiri tərk etdiklərinə görə gileylənirdi. Yəhudiləri cəzalandırmaq üçün Allah onların üzərinə zəhəri dəhşətli dərəcədə ölümcül olan ilanlar göndərdi. Xalq tövbə edib rəhmət dilədi. Allah Musa peyğəmbərə misdən ilan düzəltməyi və onu düşərgənin ortasına qoymağı tapşırdı ki, kimisə ilan sancsa, bu mis ilana baxıb sağ qalsın. Bu hekayə yəhudilərdə böyük təəssürat yaratdı. Sonradan bu mis ilan büt halına gəldi və hətta xalq ona sitayiş etdiyi üçün Yezekel peyğəmbərin dövründə məhv edildi (2Padşahlar 18:4). Bundan əlavə, bu hadisə yəhudiləri həmişə çaşdırırdı, çünki onlara bütə sitayiş etmək və büt düzəltmək qadağan edilmişdi. Ravvinlər bunu belə izah edirdilər: «Həyat və şəfa verən ilan deyildi. Musa peyğəmbər ilanı qaldıranda xalq Musa peyğəmbərə bunu Öyrədənə inanırdı. Şəfanı verən Allah idi». Şəfa qüdrəti mis ilandan gəlmirdi: bu, yalnız yəhudilərin düşüncələrini Allaha yönəltmək üçün nəzərdə tutulmuş bir simvol idi. Onların düşüncələri Ona tərəf dönəndə onlar şəfa tapırdılar.

Yəhya bu hekayədən bir növ İsanın məsəli kimi istifadə etdi. O deyir: «Həmin ilan yuxarı qaldırılanda, insanlar ona baxdı, düşüncələri Allaha yönəldi və inandıqları Allahın qüdrəti ilə sağaldılar. İsa da belə qaldırılmalıdır. İnsanlar düşüncələrini Ona tərəf yönəldəndə və Ona iman edəndə onlar da əbədi həyata malik olacaqlar».

Burada son dərəcə maraqlı bir məqam var: yunanca hupsoun, yuxarı qaldırmaq feli İsaya münasibətdə iki mənada işlənir: Çarmıxda qaldırılmaq mənasında (Yəhya 8:28; 12:32) və Onun göyə qaldırıldığı vaxt izzət üçün yüksəliş mənasında (Həvarilərin işləri 2:33; 5:31; Filipililərə 2:9). İsa iki dəfə — Çarmıx və izzət üçün qaldırıldı. Bu yüksəlişlərin hər ikisi ayrılmaz şəkildə bir-biri ilə bağlıdır: biri digəri olmadan baş tuta bilməzdi. İsa üçün Çarmıx izzətə aparan yol idi. Əgər İsa Çarmıxdan imtina etsəydi, ondan yan qaçsaydı, izzət Ondan yan keçərdi. Bizim üçün də eynilə belədir: istəsək, sadə, asan bir yol seçə və hər bir məsihçinin daşımalı olduğu Çarmıxdan imtina edə bilərik. Lakin bu halda izzətdən məhrum olacağıq. Həyatın dəyişilməz qanunu bəyan edir: Çarmıx olmadan çələng olmaz.

Bu hissədə iki ifadəyə xüsusi diqqət yetirməliyik. Qeyd etmək lazımdır ki, biz onların bütün mənasını açıqlaya bilmərik, çünki onlar bizim anlaya biləcəyimizdən daha çox məna daşıyır. Lakin heç olmasa bir hissəsini anlamağa çalışmalıyıq.

  1. Bu, İsaya olan imandan bəhs edən ifadədir. Onun ən azı üç mənası var.

  1. Allahın, həqiqətən, İsanın dediyi kimi olduğuna bütün qəlbimizlə inanmaq, yəni Allahın bizi sevdiyinə, qayğımıza qaldığına, hər şeydən əvvəl bizi bağışlamaq istədiyinə inanmaq. Yəhudi üçün buna inanmaq asan deyildi. O, Allahın timsalında qanunların yükünü onun xalqının üzərinə qoyan və onları pozan insanları cəzalandıran Birini görürdü. O, Allahın timsalında Hakimi, adamları isə müttəhimlər kürsüsündə oturan cinayətkarlar kimi görürdü. O, Allahın timsalında qurbanlar və təqdimlər tələb Edəni görürdü. Onun hüzuruna daxil olmaq üçün insan müəyyən bir dəyər ödəməli idi. Allahı hökm çıxarmaq üçün fürsət axtaran Hakim, hansısa büdrəmə və ya qüsur axtaran nəzarətçi kimi yox, övladlarının evə qayıtmasını ən çox istəyən Ata kimi düşünmək yəhudi üçün çətin idi. Bunu insanlara çatdırmaqdan ötrü İsanın həyatı və ölümü lazım idi. Biz buna bütün qəlbimizlə inanana qədər məsihçi ola bilmərik.

  2. İsanın Allahın nə haqqında danışdığını bildiyinə dair sübut haradadır? Onun möhtəşəm Müjdəsinin doğru olduğuna zəmanət haradadır? Biz inanmalıyıq ki, İsa Allahın Oğludur, Onda Allahın dərrakəsi var. O, Allahdan gəlib, Onunla birdir və ona görə də Onun haqqında tam həqiqəti bizə deyə bilər.

  3. Biz Allahın sevən Ata olduğuna inanırıq, çünki İsanın Allahın Oğlu olduğuna inanırıq. Buna görə də Onun Allah haqqında dediyi hər şey həqiqətdir. Beləcə biz İsanın söylədiklərinin həqiqət olduğuna inanmalıyıq. O, nə deyirsə, biz onu da etməliyik, əmr etdiyi vaxt Ona itaət etməliyik. O bizə qeyd-şərtsiz olaraq Allahın mərhəmətinə güvənməyi əmr edəndə, biz bunu etməliyik; biz İsanın sözünə inanmalıyıq. Hər bir əməl Ona tam itaətlə edilməlidir.

Beləliklə, İsaya iman aşağıdakı üç elementi ehtiva edir: Allahın bizim sevimli Atamız olduğuna iman; İsanın Allahın Oğlu olduğuna və buna görə də bizə Allah və həyat haqqında həqiqəti söylədiyinə iman; Ona qeyri-şərtsiz itaət.

2. Bu hissədə ikinci mühüm ifadə — əbədi həyatdır. Biz artıq gördük ki, əbədi həyat Allahın Özünün həyatıdır. Ancaq gəlin özümüzə belə bir sualı verək: əgər biz əbədi həyat əldə etmişiksə, onda nəyə malikik? Əgər biz əbədi həyata qovuşmuşuqsa, bu nəyə bənzəyir? Biz əbədi həyatı əldə edəndə əmin-amanlıq və rahatlıq əldə edirik.

a) Əbədi həyat bizə Allahla barışıq bəxş edir. Biz tiran-padşahın önündə alçalmağı və ya sərt hakimdən gizlənməyi dayandırırıq. Biz öz evimizdə Atamızla birlikdəyik.

b) Əbədi həyat bizə insanlarla barışıq verir. Bir halda ki bağışlanmışıq, biz də bağışlamalıyıq. Əbədi həyat bizə insanları Allahın onları gördüyü kimi görmək imkanı verir. Bu bizi yuxarıdan yenidən doğulan bütün insanlarla birlikdə sevgi ilə birləşmiş böyük bir ailəyə çevirir.

c) Əbədi həyat bizə həyatla barışıq verir. Əgər Allah Atadırsa, O, elə edir ki, hər şey yaxşı olsun. Alman yazıçısı və sənətşünası Lessinq deyirdi ki, əgər onun sfinksə sual vermək imkanı olsaydı, onda belə bir sual verərdi: «Bu dünya xeyirxahdırmı?» Biz Allahın Atamız olduğuna inanırıqsa, onda əmin ola bilərik ki, Ata Allahın əli heç vaxt övladına lazımsız ağrı verməz və ya səbəbsiz göz yaşları tökməsinə imkan verməz. Bəlkə də həyatı yaxşı başa düşməyəcəyik, amma daha ondan küsməyəcəyik.

d) Əbədi həyat bizə özümüzlə barışıq verir. İnsan ən çox özündən qorxur: o, şirnikdirici şeylərin təsir gücünü, öz vəzifəsini və həyatın tələblərini bilir. Həm də bilir ki, bütün bunlarla o, Allahın hüzuruna çıxmalıdır. Amma indi o özü təkbaşına yaşamır, Məsih onda yaşayır. Bu yeni gücə əsaslanaraq onun həyatına sülh və əmin-amanlıq gəlib.

e) O, əmin olur ki, ən gözəl dünyəvi rahatlıq gələcək mükəmməl rahatlığın yalnız kölgəsidir. Bu ona ümid və hədəflədiyi məqsədi verir. Bu ona indi şərəfli və ecazkar həyat və eyni zamanda ən yaxşısının hələ qarşıda olduğu həyatın ümidini verir.

16

ALLAHIN SEVGİSİ (Yəhya 3:16)

Hər bir insanın sevimli ayəsi var. Yəhya 3:16 isə «hamının və hər kəsin ayəsi» adlanır. Bu ayədə hər bir ürək üçün Müjdənin mahiyyəti açıqlanır. Bu ayədən biz bəzi böyük həqiqətləri öyrənirik.

1. Ayə bizə öyrədir ki, xilasın təşəbbüsü Allahdan gəlir. Bəziləri xilası elə təqdim edirlər ki, sanki Allahı razı salmaq, insanları bağışlasın deyə Onu yola gətirmək lazım idi. Bəzi insanlar elə danışır ki, sanki üstümüzdə bir tərəfdən sərt, qəzəbli və bağışlamaz Allah, digər tərəfdən isə mülayim, sevən və bağışlayan Məsih var. Bəzən insanlar müjdəni elə təqdim edirlər ki, sanki İsa Allahın insanlara münasibətini dəyişməsi üçün möhtəşəm bir şey edib, Onun mühakiməsini bağışlanmaya çevirib. Lakin bu ayədən aydın olur ki, hər şeyin təşəbbüskarı Allah Özüdür: Oğlunu yer üzünə göndərən Allah idi və bunu insanları sevdiyi etmişdir. Hər şeyin arxasında Allahın böyük sevgisi dayanır.

2. Bu ayə Allahda əsas şeyin sevgi olduğunu bildirir. Allahın diqqətsiz, itaətsiz və üsyankar insanlara baxaraq: «Onları sındıracağam, günahlarından dönməyənədək onları cəzalandıracaq və tərbiyələndirəcəyəm» dediyini özlüyümüzdə təsəvvür etmək asandır. Allahın hökmranlıq hüququndan istifadə etdiyini və nəticədə kainatı Özünə təslim etmək üçün insanların sədaqətinə nail olduğunu təsəvvür etmək asandır. Amma bu hissədə bizi sarsıdan odur ki, Allah Öz mənafeyinə görə deyil, bizim mənafeyimizə uyğun hərəkət edir. Bu davranış Özünün güc və qüdrət istəyini təmin etmək, kainatı itaətə gətirmək üçün deyil, yalnız məhəbbət duyğusundan irəli gəlir. Allah insanı alçaldıcı köləliyə aparacaq şəkildə rəftar edən padşah deyil. O, itmiş övladı evə qayıtmayana qədər xoşbəxt ola bilməyən Atadır. O, insanları zorla itaətə gətirmir, əksinə, onlara görə əziyyət çəkir, onlara sevgi ilə yanaşır.

3. Bu ayədə Allahın məhəbbətinin qüdrətindən və hüdudsuzluğundan bəhs edilir. Allah bütün dünyanı sevir: təkcə bəzi xalqları və ya yaxşı insanları, yaxud Onu sevənləri deyil, dünyanı sevir. Sevgiyə layiq olmayan, görkəmsiz, tənha, sevəcək kimsəsi olmayan və qayğılara qərq olan, Allahı sevən və heç vaxt Onun haqqında düşünməyən, Allahın məhəbbətində dincələn və onu nifrətlə rədd edənlərin hamısını Allahın sonsuz sevgisi əhatə edir. Avreli Avqustinin dediyi kimi, «Allah bizim hər birimizi elə sevir ki, sanki Onun bizdən başqa sevəcəyi bir kimsə yoxdur».

17-21

SEVGİ VƏ MÜHAKİMƏ (Yəhya 3:17-21)

Qarşımızda dördüncü Müjdənin görünən paradokslarından biri — sevgi və mühakimə paradoksu durur. Bayaq Allah sevgisindən danışdıq və indi birdən-birə mühakimə, qınama, məhkumluq kimi şeylərlə qarşılaşırıq. Yəhya əvvəlki ayədə deyir ki, Allah dünyanı çox sevdiyi üçün Oğlunu göndərdi. Biz bir qədər sonra İsanın «Mühakimə etmək üçün bu dünyaya gəldim» (Yəhya 9:39) dediyi sözlərlə qarşılaşacağıq. Bu cür fərqli sözləri necə doğru hesab etmək olar?

Əgər insanda sevgi göstərmək qabiliyyəti varsa, onun təzahürünə görə hökm də çıxarıla bilər. Əgər insanın insanlara sevinc və həzz bəxş etmək qabiliyyəti varsa, o zaman nəticəyə görə mühakimə olunacaq. Təsəvvür edək ki, biz ciddi musiqini sevirik və sevimli simfoniyamızı dinləyəndə Allaha daha çox yaxınlaşırıq. Tutaq ki, belə musiqi haqqında heç nə bilməyən bir dostumuz var və biz onu bu musiqi ilə tanış etmək və bizə həzz verən o görünməz gözəlliklə təmasda olmasını istəyirik. Bunda bizim yalnız bir məqsədimiz var — dostumuza böyük bir yeni təcrübə sevinci bəxş etmək. Biz onu simfonik konsertə aparırıq, lakin çox keçmədən onun dəhşətli dərəcədə darıxdığını və zala narahatlıqla baxdığını görürük. Dostumuz özü üçün hökm çıxarır — musiqi onun qəlbini qətiyyən təsirləndirmir. Ona xoşbəxtlik gətirməli olan təcrübə mühakimə gətirir.

Biz insanı böyük bir şeylə tanış edəndə həmişə belə olur: onu hansısa şah əsərə baxmağa aparanda, oxuması üçün nadir kitab hədiyyə edəndə, ya da hansısa gözəl məkanı görmək üçün özümüzlə aparanda, onun reaksiyası özünümühakimə olacaq. Əgər o, bütün bunlarda gözəl və ya heyrətamiz bir şey tapmırsa, onda ruhunun ölü olduğunu biləcəyik. Bir dəfə incəsənət qalereyasının əməkdaşı ziyarətçini hədsiz dərəcədə qiymətli sənət əsərlərinin, tanınmış rəssamların əsərlərinin nümayiş olunduğu salonlarda gəzdirirdi.

  • Mən sizin köhnə şəkillərinizdə xüsusi nəsə tapmıram, — deyə qonaq dilləndi.

  • Cənab, — deyə qalereya işçisi cavab verdi, — bu rəsmlər çoxdan qiymətləndirilməyə ehtiyac duymur, amma onları seyr edənlər qiymətləndirilməyə ehtiyac duyur.

Həmin ziyarətçi öz reaksiyası ilə ancaq acınacaqlı korluğunu göstərdi.

İsanı qəbul etmək də eynilə belədir. Əgər bir insanın qəlbi İsa ilə görüşəndə ​​heyrət və sevinclə dolursa, deməli, bu insan xilas yolundadır. Yox, əgər gözəl heç nə görmürsə, onda o öz reaksiyası ilə özünü mühakimə etmiş olur. Allah Öz məhəbbəti sayəsində İsanı dünyaya həmin insanı xilas etmək üçün göndərdi. O isə məhəbbət əvəzinə mühakimə qazandı. Xeyr, insanı mühakimə edən Allah deyil — Allah onu sevir, insan özü-özünü mühakimə edir.

İsaya düşmən kəsilən insan qaranlığı işıqdan çox sevdi. Səmimi insanda həmişə şüuraltı bir hiss var ki, o, mühakimə olunmağa layiqdir. Özümüzü İsa ilə müqayisə etməklə biz özümüzü olduğumuz kimi görürük. Dahi, lakin eyni zamanda da pozğun afinalı, Sokratın dostu (Alkiviad) tez-tez belə deyirdi: «Sokrat, mən sənə nifrət edirəm, çünki səni hər dəfə görəndə özümün necə olduğumu görürəm».

Yaramaz işlərlə məşğul olan insan üzərinə parlaq üzərinə nur saçılmasını istəməz, yaxşı iş görən isə nurdan qorxmaz.

Günlərin bir günü Yunan filosofu Platonun yanına bir memar gəlib, ona küçədən baxanda heç bir otağın görünməyəcəyi bir ev tikməyi təklif edir. Platonun bu təklifə cavabı belə olur: «Əgər hər kəsin hər otağı görə biləcəyi bir ev tiksən, sənə ikiqat pul verəcəyəm». Yalnız bədxah və günahkar insan özünü görmək istəməz, başqalarının da onu görməsini istəməz. Belə bir insan mütləq İsa Məsihə nifrət edəcək, çünki Məsih ona həqiqətdə necə olduğunu göstərir. Onun da ən az istədiyi budur. Belə bir insan hər şeyi üzə çıxaran işığı deyil, hər şeyi gizlədən qaranlığı sevir.

İnsanın Məsihə belə münasibəti onun qəlbini ifşa edir. Məsihə məhəbbətlə, hətta böyük həsrətlə baxan adamın ümidi var. Məsihdə cəlbedici heç nə görməyən adam isə özünü mühakimə etmiş olur. Onun üçün göndərilən Şəxs həm də onun üçün mühakiməyə çevrildi.

22-30

PAXILLIĞI OLMAYAN İNSAN (Yəhya 3:22-30)

Biz artıq gördük ki, dördüncü Müjdənin müəllifinin məqsədi Vəftizçi Yəhyanın əslində tutduğu yeri göstərmək idi: o, bir elçi idi və bundan artığı deyildi. Vəftizçi Yəhyanı müəllim və rəbb adlandıranlar var idi. Müəllif göstərir ki, Vəftizçi Yəhya, həqiqətən də, yüksək yer tutur, lakin ən yüksək yer yalnız İsaya məxsusdur. Bundan əlavə, Vəftizçi Yəhya özü birinci yerin İsaya aid olduğunu bildirdi. Dördüncü Müjdənin müəllifi bu mülahizələrə əsaslanaraq qeyd edir ki, Vəftizçi Yəhyanın xidməti İsanın xidməti ilə qismən üst-üstə düşür. Sinoptik Müjdələr bu məsələyə fərqli baxır. Markın Müjdəsi 1:14-də deyilir ki, İsa Vəftizçi Yəhya zindana salındıqdan sonra xidmətə başladı. Bu faktın tarixi dəqiqliyi ilə bağlı müzakirələrə girməyə ehtiyac yoxdur. Görünür, Yəhyanın Müjdəsində İsanın üstünlüyünü daha yaxşı vurğulamaq üçün bu iki xidmət üst-üstə düşür.

Bir şey aydındır: bu hissə Vəftizçi Yəhyanın heyrətamiz təvazökarlığını göstərir. İnsanların Vəftizçi Yəhyadan ayrılaraq İsanın yanına getdikləri aydın idi. Bu, Vəftizçi Yəhyanın şagirdlərini narahat edirdi. Onlar müəllimlərinin ikinci plana qoyulduğunu görmək istəmirdilər. Camaat yeni müəllimi dinləmək üçün toplaşanda, müəllimlərini tərk edilmiş görmək istəmirdilər.

Onların şikayətlərini eşidən və rəğbətini görən Vəftizçi Yəhya incimiş və haqsız yerə unudulmuş kimi reaksiya vermədi. Bəzən dostun şəfqəti bizdə özümüzə qarşı yazıqlıq hissini doğura və haqsız münasibətə uğradığımızı hiss etdirə bilər. Lakin Vəftizçi Yəhya bütün bunlardan üstün idi. O, şagirdlərinə üç şey dedi.

1. O, başqa heç nə gözləmirdi. Vəftizçi Yəhya onlara xatırlatdı ki, o, baş rolun ona məxsus olmadığını, yalnız carçı, sələf, müjdəçi kimi və ondan sonra Gələnin yolunu hazırlamaq üçün göndərildiyini artıq qeyd edib. Əgər insan daha çox tabeçiliyində olanların rolunu yerinə yetirməyə hazır olsaydı, həyat daha asan olardı. Ancaq çoxları özləri üçün yalnız böyük şeylər axtarırlar! Amma Vəftizçi Yəhya belə deyildi: o, yaxşı bilirdi ki, Allah ona ikinci olmaq rolunu verib. Bəzi şeylərin sadəcə bizim üçün nəzərdə tutulmadığını başa düşsək və Allahın bizim üçün təyin etdiyi işi ürəkdən qəbul edib yerinə yetirsək, onda bir çox narazılıq və xoşagəlməz hisslərdən qurtulmuş olarıq. Allah üçün kiçik bir iş görmək — əslində böyük işdir. İngilis şairi Elizabet Brauninqin dediyi kimi: «Allah üçün bütün xidmətlər bərabərdir». Allah üçün edilən istənilən xidmət — böyük işdir. 

2. Vəftizçi Yəhya onlara dedi ki, heç kim Allahın ona verdiyindən çoxunu üzərinə götürə bilməz: əgər İsa indi getdikcə daha çox davamçı qazanırsa, bu, heç də o demək deyil ki, O onları Vəftizçi Yəhyadan oğurlayır. Davamçıları Ona verən Allahdır. 

Amerikalı vaiz doktor Spens bir vaxtlar çox məşhur idi. Onun kilsəsi həmişə insanlarla dolu olardı. Lakin zaman keçdikcə insanlar get-gedə azalmağa başladılar. Günlərin bir günü üzbəüz olan kilsəyə gənc bir təbliğçi gəldi. O, daha çox adamları öz kilsəsinə cəlb edirdi. Bir dəfə axşam Spensinin kilsəsinə çox az adam gəlmişdi və o, «Bütün insanlar hara yoxa çıxıb?» deyə soruşdu. Xoşagəlməz bir sükut çökdü, sonda xidmətçilərdən biri dedi: «Yəqin ki, onlar yeni təbliğçini dinləmək üçün küçənin o başındakı kilsəyə gediblər». Spens bir anlıq susdu, sonra əlavə etdi: «Məncə, biz də onların ardınca getməliyik». Daha sonra kafedradan düşüb adamlarını yolun o biri tərəfinə apardı. Əgər biz dərk etsək ki, başqalarına uğur verən Allahdır və Onun qərarını, seçimini qəbul etməyə hazır olsaq, nə qədər qısqanclıqdan, bəladan, küskünlükdən qaçmış olarıq.

3. Müjdəçi Yəhya yəhudilərin həyatından hər kəsin bilməli olduğu canlı bir mənzərədən istifadə etdi. Vəftizçi Yəhya İsanı bəylə, özünü isə bəyin dostu ilə müqayisə edir. Əhdi-Ətiqin ən böyük simvolik təsvirlərdən biri — İsrailin gəlin kimi, Tanrının isə bəy kimi təqdim edilməsidir. İsrail Allaha o qədər yaxın idi ki, onu yalnız nikah birliyi ilə müqayisə etmək olardı. İsrail yad allahların ardınca gedəndə isə bu, zina kimi qəbul edilirdi (Çıxış 34:15; Qanunun təkrarı 31:16; Zəbur 73:27; Yeşaya 54:5). Əhdi-Cədidin müəllifləri bu təsviri götürüb Məsihin gəlini kimi İmanlı Cəmiyyətinə tətbiq etdilər (2Korinflilərə 11:2; Efeslilərə 5:22-32). İsa Allahdan gəldi, O, Allahın Oğludur. İmanlı Cəmiyyəti — Onun xilas etdiyi insanlar — Onun qanuni gəlini, O isə onun bəyidir. Vəftizçi Yəhya özünü bəyin dostu hesab edirdi. 

Yəhudilərin nikah mərasimində bəyin dostu — şoşben xüsusi yer tuturdu: o, bəylə gəlinin arasında bağlayıcı vasitə kimi çıxış edirdi. O, toyu təşkil edir, dəvətnamələr paylayır, toy mərasiminin gedişini idarə edirdi. O, bəylə gəlini məclisə gətirir və bundan əlavə, onun xüsusi tapşırığı var idi: gəlinin otağını qorumalı və bəydən başqa heç kimi ora buraxmamalı idi. O, qaranlıqda qapını ancaq bəyin səsini eşidəndə açırdı. Bəyin səsini tanıyandan sonra isə onu gəlinin otağına buraxırdı, özü isə sevinə-sevinə çıxıb gedirdi, çünki tapşırığını tamamlamışdı və sevgililər indi bir-birinə qovuşmuşdular. O, bəyə və gəlinin xoşbəxtliyinə həsəd aparmırdı: onların qovuşmasına kömək etməli olduğunu bilirdi və tapşırığını yerinə yetirəndən sonra səhnədəki yerini sevinclə tərk edirdi. 

Vəftizçi Yəhyanın vəzifəsi insanlara İsa ilə görüşməyə və Onu Bəy kimi qəbul etməyə kömək etmək idi. Bu tapşırığı yerinə yetirdikdən sonra kölgəyə çəkilməkdən məmnun olurdu. Paxıllıq etmədən o, sevinclə dedi ki, İsaya böyümək, ona isə kiçilmək gərəkdir. Biz də unutmamalıyıq ki, bizim vəzifəmiz insanları özümüzə deyil, İsa Məsihə cəlb etməkdir; insanları öz ardımızca deyil, Onun ardınca getməyə və bizə yox, Ona sadiq olmağa təşviq etməkdir. 

31-36

GÖYLƏRDƏN GƏLƏN (Yəhya 3:31-36)

Yuxarıda gördüyümüz kimi, Dördüncü Müjdəni oxuyarkən, başqa məqamlarla yanaşı, personajların nitqinin harada bitdiyi və müjdəçi Yəhyanın şərhlərini harada əlavə etdiyi tam aydın olmadığı üçün çətinlik yaranır. Bu sətirlər Vəftizçi Yəhyanın sözləri ola bilər, lakin daha çox müjdəçi Yəhyanın şəhadətini və şərhini əks etdirir.

Müjdəçi Yəhya İsanın aparıcı rolunu təsdiqləməklə başlayır. Əgər nəsə bilmək istəyiriksə, onda onu bilənin yanına getməliyik; əgər bir ailə haqqında nəsə bilmək istəyiriksə, ən yaxşısı onu həmin ailənin üzvündən öyrənməkdir. Əgər bizə hansısa şəhər haqqında məlumat lazımdırsa, ən yaxşı halda onu həmin şəhərin sakinindən ala bilərik.

Buna görə, əgər biz Allah haqqında nəsə bilmək istəyiriksə, bunu yalnız Allahın Oğlundan öyrənə bilərik. Əgər cənnət və səmavi həyat haqqında nəsə bilmək istəyiriksə, bu barədə yalnız Göylərdən enən Şəxsdən öyrənə bilərik. Yəhya deyir ki, İsa Allah və səmavi həqiqətlər haqqında şəhadət edəndə, O, gördüklərindən və eşitdiklərindən bəhs edir — bu da ikinci mənbədən qaynaqlanmır. Bir sözlə, yalnız İsa Allah haqqında həqiqətləri söyləyə bilər. Həmin həqiqətlər Müjdəni təşkil edir. Yəhya İsanın gətirdiyi xəbəri bu qədər az adamın qəbul etməsindən təəssüflənir. Amma onu qəbul edən şəxs bununla Allah Kəlamının həqiqət olduğuna imanını təsdiqləyir. Qədim dövrdə insanlar hər hansı bir sənədi, məsələn, vəsiyyətnaməni, müqaviləni və ya razılaşmanı təsdiq etmək istəyəndə, ona öz möhürlərini vurardılar. Möhür onun məzmunla razılaşdığına, onu mötəbər və özü üçün məcburi hesab etdiyinə təsdiq idi. Buna görə də, İsanın müjdəsini qəbul edən şəxs öz imanı ilə təsdiq edir ki, Allahın dediyi hər şey həqiqətdir. Müjdəçi davam edir: «Biz İsanın dediklərinə inana bilərik, çünki Allah Öz Ruhunu Ona hədsiz verib». Yəhudilər deyirdilər ki, Allah peyğəmbərlərə Öz Ruhunu müəyyən ölçüdə verir, hədsizini isə Öz Seçilmişi üçün saxlayıb. Yəhudi dünyagörüşündə Allahın Ruhu iki funksiyanı yerinə yetirirdi: birincisi, Ruh insanlara Allahın həqiqətini açıqlayırdı. İkincisi, həqiqət onlara açılanda, Ruh bu həqiqəti ayırd etmək və dərk etmək qabiliyyəti verirdi. Beləliklə, Yəhya Allahın İsaya Öz Ruhunu hədsiz verdiyini dedikdə, bu, İsanın Allahın həqiqətini mükəmməl bildiyini və başa düşdüyünü bildirir. Başqa sözlə, İsanı dinləmək — Allahı dinləmək deməkdir.

Sonda Yəhya insanları əbədi seçim qarşısında qoyur: ya həyat, ya da ölüm. Bu seçim tarix boyu İsrailin qarşısında olub. Qanunun təkrarı kitabı 30:15-20-də Musa peyğəmbərin sözləri sitat gətirilir: «Bax bu gün sizin qarşınızda həyatla xoşbəxtliyi, ölümlə bədbəxtliyi qoyuram... Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz». Bu çağırışı Yeşua da təkrar etdi: «...bu gün kimə qulluq edəcəyinizi özünüz seçin» (Yeşua 24:15). Bir adamın dediyi kimi: «insan həyatı əsasən yol ayrıcında həll olunur». İnsanın həyatında ən vacib şey — onun İsa Məsihə olan münasibətidir: İsanı sevən və Onunla görüşmək istəyən hər kəs əbədi həyatı görəcək. Ona qarşı biganə və ya düşmənçilik edən isə ölüm dadacaq. Xeyr, insana qəzəbini tökən Allah deyil: insan özü Allahın qəzəbini üzərinə gətirir.

Azərbaycan dilində Müqəddəs Kitab

İsa və Nikodim
1 Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. 2 O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 3 İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 4 Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» 5 İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 6 Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 7 Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. 8 Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». 9 Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. 10 İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? 11 Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. 12 Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? 13 Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. 14 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, 15 Ona iman edən hər kəs əbədi həyata malik olsun».
16 Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. 17 Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. 18 Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. 19 Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. 20 Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. 21 Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun.
Yəhyanın İsa barədə şəhadəti
22 Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. 23 Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. 24 Yəhya hələ zindana salınmamışdı.
25 Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü. 26 Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». 27 Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. 28 “Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. 29 Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. 30 İndi Ona böyümək, mənə kiçilmək gərəkdir».
31 Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. 32 Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. 33 Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. 34 Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. 35 Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. 36 Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır.