1-11
Dördüncü Müjdənin xəzinələri onu öyrənənlər və şərh edənlər üçün çətinliklər yaradır. Qarşımızda həmişə iki obraz olur — sadə bir hekayə və ya hər kəsin başa düşüb danışa biləcəyi hansısa hadisənin sadə təsviri. Onun arxasında isə axtaran, görən və anlayan üçün bir növ xəzinə var. Bu hissədə o qədər çox xəzinə var ki, onu öyrənmək üçün bizə ən azı üç fəsil lazım olacaq. İlk növbədə biz ona ümumi nəzər salacağıq, yəni hekayənin inkişaf etdiyi fon kimi baxacağıq; sonra biz burada Məsih və Onun gördüyü işlər haqqında deyilənlərin bəzilərini nəzərdən keçirəcəyik. Sonda müjdəçi Yəhyanın burada bizə demək istədiyi əbədi həqiqətləri təhlil edəcəyik.
Qalileyanın Qana şəhəri Aşer qəbiləsindəki Qanadan fərqləndirmək üçün belə adlandırılırdı. Aşer qəbiləsindəki Qana Aralıq dənizinin sahilindəki Tir şəhərindən iki kilometr məsafədə yerləşir. Qalileyanın Qana şəhəri Nazaret yaxınlığında kiçik bir kənddir. Ömrünün son illərini İsrailin Bet-Lexem şəhərində bir monastırda keçirən imanlı cəmiyyətinin görkəmli müəllimlərindən biri olan Stridonlu İyeronim (330-419) Qananın Nazaretdən göründüyünü deyirdi. Beləliklə, Qalileyanın bu Qana şəhərində İsanın anası Məryəmin dəvət olunduğu bir toy ziyafəti var idi. Yəqin ki, o, ziyafətin təşkilatçılarından biri idi. Çünki şərab qurtaranda narahat olmağa başladı və nökərlərə İsanın əmr etdiyi hər şeyi tapşırmaq üçün kifayət qədər səlahiyyəti var idi. Əhdi-Cədidə düşməyən bəzi apokrif Müjdələr bu hekayə haqqında bəzi əlavə məlumatları ehtiva edir. Kopt Müjdələrinin birində deyilir ki, Məryəm bəyin anasının bacısı idi. Əhdi-Cədid kitablarına aid Monarxik Ön sözlər adlanan çox köhnə ön sözlər toplusu mövcuddur. Orada deyilir ki, bəy Yəhyanın özü idi, anası Şalomit isə Məryəmin bacısı idi. Biz bu əlavə təfərrüatların doğruluğunu şübhə altına ala bilmərik. Lakin hekayə bizə o qədər canlı təsvir olunur ki, onun şahid ifadəsi olduğu şübhə doğurmur.
Burada Məryəmin adı tək çəkilir, Yusifin adı isə heç çəkilmir. Ola bilsin ki, o, həmin vaxta qədər artıq dünyasını dəyişmişdir. Hətta güman etmək olar ki, Yusif İsanın on iki yaşı tamam olandan qısa müddət sonra vəfat etmişdi. İsa da sonrakı on səkkiz ilini məhz ona görə Nazaretdə keçirmişdi. O, anasının və bacı-qardaşlarının qayğısını çəkmək məcburiyyətində qalmışdı. İsa kiçik bacı-qardaşları böyüyüb özlərini təmin edə bildikdən sonra evdən çıxmışdı.
Hekayədə hadisələr şəhərdəki toy ziyafətində baş verir. İsraildə toy insanın həyatında əlamətdar hadisə idi: yəhudi qanunlarına görə, gənc qızın toyu çərşənbə günü təşkil olunmalı idi. Bu fakt xüsusilə diqqət çəkir. Çünki onda əlimizdə dəqiq tarix olur. Əgər toy, həqiqətən, çərşənbə günü idisə, onda İsa şənbə günü Andrey və Yəhya ilə görüşür, onlar da bütün günü Onunla birlikdə olurlar. Toy şənliyi bir neçə gün davam edirdi. Nikah mərasimi axşam saatlarında, ziyafətdən sonra baş tuturdu. Bundan sonra cütlük yeni evə yola salınırdı. O vaxta qədər hava artıq qaralırdı, onları məşəllərin işığı və bəzəkli çardaq altında küçə boyunca müşayiət edirdilər. Onların yolunu uzadırdılar ki, mümkün qədər çox adam onlara xeyir-dua verə bilsin. Yeni evlənənlər bal ayı səyahətinə getmirdilər: onlar evdə qalır və həftə ərzində qonaqlar qəbul edirdilər. Onlar toy paltarında olur və başlarına tac taxılırdı. Onlara padşah ailəsi kimi yanaşırdılar, hətta onları padşah və mələkə adlandırırdılar. Onların sözü qanun idi. Ehtiyac və zəhmətlə dolu bir həyatda, sevinc dolu həmin həftə çox vacib idi. İsa da bu xoşbəxt vaxtı qonaqpərvər ev sahibləri ilə bölüşməkdən məmnun idi. Ancaq bir problem yarandı — görünür, İsanın gəlişi bəzi problemlərə səbəb olmuşdu. O, toya gələndə tək deyildi, beş şagirdi ilə birlikdə idi. Bu da əlavə beş ağızın gətirəcəyi çətinlikdən xəbər verirdi. Beş gözlənilməz qonaq hər yerdə çətinlik yarada bilərdi. Bax bu toyda da şərab qurtarmışdır.
Şərab yəhudi bayramının əsas elementi idi. Ravvinlər deyirdilər ki, «Şərab olmadan sevinc olmaz». Demək olmaz ki, insanlar sərxoşluq edirdilər. Lakin şərqdə şərab içki kimi mühüm rol oynayırdı. Sərxoşluq, əslində, böyük rüsvayçılıq sayılırdı. Ona görə insanlar şərabı ikinin-üçə nisbətində su qatıb içirdilər: iki hissə şərab — üç hissə su. Qonaq gələndə yemək çatışmazlığı yaxşı hal sayılmırdı. Çünki şərqdə qonaqpərvərlik müqəddəs idi. Xüsusilə toy məclisində yemək və içkinin çatışmazlığı bəylə gəlin üçün son dərəcə alçaldıcı olardı.
Bu səbəbdən Məryəm vəziyyəti izah etmək üçün İsanın yanına gəldi. Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində İsanın cavabı kifayət qədər ədəbsiz səslənir: Onun dilinə belə sözlər qoyulur: «Ana, Məndən nə istəyirsən?» Bu, həqiqətən də, hərfi tərcümədir, lakin oxuduğumuz tonda səslənmir. «Ana, məndən nə istəyirsən?» ümumi danışıq ifadəsi idi. Qəzəbli və kəskin danışanda, bu ifadə tam narazılıq və məzəmmət bildirir. Lakin yumşaq formada deyiləndə, məzəmmətdən daha çox təəssüf hissi bildirir. Bu ifadənin mənası belədir: «Narahat olma, sən nə baş verdiyini bilmirsən; bunu Mənim öhdəmə burax, Mən Özüm həll edəcəyəm». İsa sadəcə Məryəmə hər şeyi Onun öhdəsinə buraxmağı, vəziyyəti həll etməyin bir yolunu tapacağını söylədi.
Bəzi tərcümələrdə qadın (qunay) sözü də yanıltıcıdır. Bu bizim üçün bir qədər sərt səslənir, lakin İsa anasını Yəhyaya tapşıranda Çarmıxdan ona eyni sözlə müraciət edir (Yəhya 19:26). Homerdə Odissey bu sözlə sevimli arvadı Penelopaya müraciət edir. Eyni sözü Roma imperatoru Avqust məşhur Misir kraliçası Kleopatra üçün işlədir. Bu, hörmətli müraciət forması idi və heç də kobud, hörmətsiz deyildi. Bəzi müasir dillərdə bu sözə uyğun ekvivalent yoxdur. Bəziləri üçünsə bu ifadə nəzakət mənasında madam, xanım kimi səslənir.
Hər necə olursa-olsun, Məryəm Ona güvənirdi: o, xidmətçilərə İsanın əmr etdiyi hər şeyi yerinə yetirməyi tapşırdı. Qapıda hər biri iki-üç ölçü (ibranicə bat) su tuta bilən altı daş küp var idi. Bir bat isə təxminən 40 litr su tuturdu. Buna görə də həmin küplər çox böyük idi və hər biri yüz litrə yaxın maye tuta bilirdi.
Yəhya Müjdəni yunanlar üçün yazdığına görə onlara izah edir ki, bu küplər paklanma mərasimi üçün nəzərdə tutulub. Su iki məqsəd üçün istifadə edilirdi. Birincisi, evə gələndə ayaqları yumaq üçün. Yollar asfaltsız idi, səndəllər isə yalnız altlıqdan ibarət olduğu üçün ayaqlara bağlanırdı. Günəşli havada ayaqlar toza, yağışlı havada isə palçığa batırdı. Suyu ayağı yumaq üçün istifadə edirdilər. İkincisi, əlləri yumaq üçün. Ortodoksal yəhudilər yeməkdən əvvəl və hər yemək arası əllərini yuyardılar. Əvvəlcə əl barmaqlarının ucları yuxarı tutulurdu ki, su töküləndə biləyə axsın. Sonra əl barmaqları aşağı tutulurdu ki, su töküləndə biləkdən barmaqların ucuna axsın. Beləcə hər iki əl növbə ilə yuyulurdu. Bundan sonra hər bir ovuc digər əlin sıxılmış yumruğu ilə ovuşdurularaq təmizlənirdi. Yəhudi adət-ənənəsinə görə, əl yuyulması təkcə yeməkdən əvvəl deyil, yemək arasında da edilməli idi. Əgər əllər bu qaydada yuyulmurdusa, murdar sayılırdı. Bu iri su küpləri məhz əllərin və ayaqların yuyulması üçün orada qoyulmuşdu. İsa küpləri ağzına qədər su ilə doldurmağı əmr etdi. Müjdədə bu məqam ona görə vurğulanır ki, küplərə sudan başqa heç nə tökülə bilməzdi. Sonra İsa nökərlərinə əmr etdi ki, suyu götürüb toyağasına, arxitriklinosun yanına aparsınlar. Adətən, ziyafətlərdə romalıların bir növ tamadası idi. Onu arbitr, bibendi, yəni bayramın təşkilatçısı adlandırırdılar. Yəhudilərin nikah mərasimində isə bəzən qonaqlardan biri toyağası rolunu oynayırdı. Arxitriklinosun rolu tamadanın roluna uyğun gəlirdi. O, qonaqları yerbəyer edir, ziyafətin normal gedişinə nəzarət edirdi. O, şəraba çevrilən sudan dadanda heyrətləndi və bəyi çağırdı. Yəhudilərdə toy mərasimini, adətən, bəyin valideynləri təşkil edirdi. Toyağası zarafat etməyə başladı: «Adətən, yaxşı şərabı əvvəldə verirlər, qonaqlar sərxoş olandan, dad qabiliyyətini itirəndən sonra isə pis şərab verirlər. Sənsə yaxşı şərabı sona saxlamısan».
İlk dəfə bax belə İsa kənd qızının toyunda Öz izzətini dünyaya izhar etdi. İsanın şagirdləri bir daha Onun Kim olduğunu orada gördülər.
YENİ SEVİNC (Yəhya 2:1-11 (ardı))
Gəlin əvvəlcə İsanın etdiyi bu möcüzə ilə bağlı üç ümumi məqamı qeyd edək.
1. Möcüzənin nə vaxt və hansı şəraitdə olduğuna nəzər salaq. Möcüzə toy mərasimində baş vermişdir. İsa belə bir mühitdə Özünü əla hiss edirdi — O, sərt və deyingən deyildi. Toy şənliyinin sevincini bölüşmək Onun xoşuna gəlirdi.
Elə dindar insanlar var ki, hər kəsi hər yerdə ümidsizliyə düçar edirlər. Onlar istənilən sevincə, xoşbəxtliyə şübhə ilə yanaşırlar. Onlar üçün din qara paltarlar, boğuq səslər demək, şənlənmək qadağasıdır.
Ancaq başqa tip insanlar da var. Bir şagird öz müəllimi haqqında belə demişdi: «O mənə günəş şüalarında çimdiyimi hiss etdirir». İsa da belə idi. Çarlz Sperdcen «Tələbələrim üçün Mühazirələr» kitabında bir neçə müdrik və kəskin sitat gətirir: «Qəbiristanlıq işçiləri üçün qəbir səsi uyğun ola bilər, lakin Lazarı boğuq iniltilərlə məzardan qaldırmaq mümkün deyildi». «Mən elə qardaşlar tanıyıram ki, təpədən dırnağa kimi — geyimləri, səsi, davranışları, qalstukları və ayaqqabıları keşişə çox bənzəyir, amma onlarda insani heç nə gözə dəymir... Sanki bəzilərinin ürəklərinə ağ qalstuk taxaraq insani hər şeyi boğublar». «Yaxşı olardı ki, heç bir xeyirxahlığı, səmimiyyəti, ünsiyyəti olmayan insan dəfn bürosunda işləyib ölüləri dəfn etsin. Çünki o, heç vaxt dirilərə təsir göstərə bilməyəcək». «Can qazanmaq istəyən hər kəsə sevinc dolu və şən olmağı tövsiyə edirəm: qeyri-ciddi və daxilində boş deyil, sevinc dolu və ünsiyyətcil. Bala daha çox milçək yığılır, nəinki sirkəyə. Üzündə nur əks olunan adam daha çox insanı cənnətə gətirə bilər, nəinki gözündə cəhənnəm atəşi və soyuqluq olan biri».
İsa heç vaxt sevinci cinayət hesab etmirdi. Onun davamçıları niyə də belə davranmasınlar?
2. Möcüzənin harada baş verdiyinə diqqət yetirək. O, Qalileya şəhərindəki sadə bir evdə baş vermişdir. Bu möcüzə hansısa mühüm hadisə ilə bağlı deyildi və böyük izdihamın içində yox, evdə baş vermişdir. A.Qrin-Armitac «Müqəddəs Lukanın portreti» kitabında müjdəçi Lukanın İsanı sadə insanların əhatəsində necə sevinclə təsvir etdiyini söyləyir. Qrin-Armitac deyir ki, Lukanın Müjdəsində «Allah evə, ailəyə daxil olub». O, Allahı ailəyə və ən adi hadisələrin əhatəsinə gətirir. İsanın Qana şəhərində göstərdiyi möcüzə Onun ailəyə necə yanaşdığını göstərir. Müqəddəs Kitabda deyildiyi kimi, İsa «izzətini üzə çıxardı». Bu hadisə evdə baş vermişdir. İnsanlar ev dediklərinə fərqli münasibət bəsləyirlər. Onlar dərhal razılaşacaqlar ki, dünyada onlar üçün evləri qədər əziz yer yoxdur. Eyni zamanda razılaşacaqlar ki, orada özlərini çox vaxt yad insanlara nisbətən daha təkəbbürlü, kobud, eqoist və ədəbsiz aparırlar. Çoxları öz doğmaları ilə elə rəftar edir ki, təsadüfi tanışlarla belə davranmağa cəsarət etməzlər. Çox vaxt kənar adamlar bizim ən yaxşı, bizimlə bir dam altında yaşayanlar isə ən pis tərəfimizi görürlər. Biz həmişə xatırlamayılıq ki, İsa ilk dəfə Öz izzətini sadə bir evdə nümayiş etdirdi. Onun üçün ev hər şeyin yaxşı olmalı olduğu bir yer idi.
3. İndi gəlin baxaq, O, bu möcüzəni niyə göstərdi. Biz artıq gördük ki, şərqdə qonaqpərvərlik, ümumiyyətlə, müqəddəs sayılırdı. Həmin gün evdə artıqlaması ilə şərab olmasaydı, bu, ev sahibini xoşagəlməz və biabırçı vəziyyətə salardı. Buna görə də İsa Öz qüdrətindən və səlahiyyətindən istifadə etdi ki, qalileyalı sadə ailəsini xəcalət və rüsvayçılıqdan xilas etsin. O, insanlara qarşı şəfqət, xeyirxahlıq göstərir və onları başa düşmək hissi ilə idarə olunurdu. Əksər insanlar fövqəladə şəraitdə qeyri-adi işlər görə bilərlər. İsa isə, bu hadisədə olduğu kimi, ən adi şəraitdə belə qeyri-adi möcüzə göstərə bilər. Çox vaxt insanlar hətta başqalarının uğursuzluqları və problemlərindən bir növ zövq alır, çay və ya şərab süfrəsi başında onlar haqqında qeybət etməyi xoşlayırlar. Həyatın Ağası və izzət Padşahı olan İsa sadə qalileyalı cütlüyü alçalmaqdan xilas etmək üçün Öz qüdrətindən və səlahiyyətindən istifadə etdi. Məhz bu cür xeyirxahlıq və anlayış tələb edən sadə məsələlərdə biz İsa Məsihin davamçıları olduğumuzu göstərə bilərik.
Bundan əlavə, bu hekayə Məryəmin İsaya olan etibarının iki nümunəsini gözəl şəkildə təsvir edir.
1. Hansısa problem yarananda, Məryəm instinktiv olaraq İsaya üz tuturdu: O, Oğlunu yaxşı tanıyırdı. İsa otuz yaşına qədər evini tərk etməmiş və bütün bu illər ərzində Məryəm Onunla yaşamışdır. İsanın Nazaretdəki uşaqlıq çağı ilə bağlı belə bir əfsanə var ki, insanlar özlərini yorğun, əsəbi və qayğılı hiss edəndə, çətinlik çəkəndə və ya narahat olanda deyirdilər: «Gəlin gedək Məryəmin Övladını görək». Onlar da İsanın yanına gedir və qayğıları aradan qalxırdı. Bu gün də belədir: İsanı yaxından tanıyanlar nəsə çətinlik yarananda həmişə Ona müraciət edirlər. O da heç vaxt Özünü gözlətmir.
2. Məryəm İsanın nə edəcəyini tam başa düşməsə, hətta onun xahişi sanki rədd edilmiş görünsə belə, Ona o qədər güvənirdi ki, xidmətçilərə üz tutub, onlara İsanın dediyi kimi etmələrini söylədi. Məryəm İsanı tamlığı ilə başa düşməsə də, Ona çox güvənirdi. O, İsanın nə edəcəyini bilmirdi, amma bilirdi ki, O, lazım olan hər şeyi düzgün edəcək. Hər kəsin həyatında elə anlar olur ki, artıq çıxış yolu görmür. Hər kəsin həyatında elə hallar olur ki, izahını verə bilmir, mahiyyəti başadüşülməz olaraq qalır. Xoşbəxt o kəsdir ki, heç nə başa düşə bilməsə də, inanmağa davam edir.
Bu hekayə bizə İsa haqqında daha bir şey deyir. İsa Məryəmə cavab verdi: «Mənim vaxtım hələ çatmayıb». Müjdə boyu İsa Öz vaxtından danışır. Yəhya 7:6-8-də bu vaxt İsanın Məsih kimi zühur vaxtıdır. Yəhya 12:23; 17:1; Matta 26:18-45; Mark 14:41-də həmin vaxt Çarmıxa çəkilmə və ölüm vaxtıdır. İsa bütün həyatı boyu bu dünyaya xüsusi məqsəd və tapşırıqla gəldiyini bilirdi. O, həyatına Öz istəklərinin məcmusu kimi deyil, Allahın təyinatının işığında baxırdı. O Öz həyatını zamanın və insan həyatının dəyişən fonunda deyil, əbədiyyətin dəyişməz fonunda görürdü. İsa Öz vaxtını bilirdi və bütün həyatı boyu dünyaya gəliş səbəbi olan həmin vaxta doğru addımlayırdı. Lakin Allahın tapşırığını yerinə yetirmək üçün dünyaya gələn təkcə İsa deyildi. Bir adamın dediyi kimi: «Hər bir insan Allahın xəyalı və ideyasıdır». Biz də öz arzularımız və məqsədlərimiz haqqında deyil, Allahın bizi bu dünyaya hansı məqsədlə göndərdiyi haqqında düşünməliyik.
İndi biz Yəhyanın bu hekayədə bizə öyrətmək istədiyi dərin və əbədi həqiqəti tapmalıyıq. Unutmamalıyıq ki, Yəhya yəhudi olduğu üçün həm yəhudilərin mənəvi irsinə, həm də yunanların mənəvi keçmişinə əsaslanaraq bu Müjdəni yazmışdır. Çünki onun əsas məqsədi bu Müjdəni yaxşı başa düşüləcək, həm yunanlar, həm yəhudilər tərəfindən qəbul ediləcək şəkildə yazmaq idi.
Gəlin əvvəlcə bu hekayəyə yəhudi nöqteyi-nəzərindən baxaq. Yadda saxlamaq lazımdır ki, Yəhyanın Müjdəsinin sadə hekayələrinin arxasında həmişə dərin bir məna durur. Bu məna yalnız görmək üçün gözü olanlara açılır. Yəhya heç bir lazımsız və ya əhəmiyyətsiz təfərrüat vermir: hər şeyin müəyyən bir mənası var və hər bir detal çox vacib məqama işarə edir.
Evdə su üçün altı daş küp var idi. İsanın sayəsində onların içindəki su şəraba döndü. Yəhudilərdə yeddi rəqəmi tam və kamil, altı isə natamam və qeyri-kamil hesab olunur. Su üçün altı daş küp yəhudi qanununun bütün natamamlıqlarını simvollaşdırır. İsa bu dünyaya qanunun bütün natamamlıqlarını aradan qaldırmaq, onların yerinə mərhəmət və lütf Müjdəsinin yeni şərabını qoymaq üçün gəldi. İsa qanunun qeyri-kamilliyini lütfün kamilliyinə çevirdi.
Bununla bağlı bir məqamı da qeyd etmək lazımdır. Su üçün küplərin sayı altı idi. Hər birinin tutumu 100-120 litr olan bu daş küplər ümumilikdə 600-700 litr şərab tuturdu. Müjdəçinin dediklərini hərfi mənada qəbul etmək lazım deyil: o, bununla bizə göstərmək istəyirdi ki, İsa Öz lütfünü və mərhəmətini insanlara yağdıranda, bu, hər kəsə artıqlaması ilə kifayət edir. Dünyanın heç bir toyunda 600-700 litr şərab içilmir. Yer üzündə elə bir ehtiyac yoxdur ki, Məsihin lütfü bəs etməsin. İsada heyrətamiz ilahi bolluq vardır. İsada natamamlıq kamilliyə çevrildi, lütf hədsiz-hüdudsuz oldu. O, hər bir insanın ehtiyacını ödəmək üçün bəs qədərdir, hətta artıqdır.
İndi isə bu hekayəyə yunan nöqteyi-nəzərindən baxaq. Məsələ burasındadır ki, yunanlarda belə hekayələr çox idi. Yunanların şərab tanrısı Dionis var idi. Yunan yazıçısı Pavianius öz ölkəsi və onun qədim adətləri haqqında bəhs edir. Elladanı təsvir edərkən o, köhnə bir adətdən və qədim inancdan danışır:
«Bazar meydanı ilə Menos arasında köhnə teatr və Dionisin ziyarətgahı yerləşir. Heykəli Praksitel düzəltmişdir.
Elladanın sakinləri Dionisə bütün tanrılardan daha çox hörmət edir. Onlar iddia edirlər ki, Dionis onların bayramında iştirak edir. Bu bayramın keçirildiyi yer şəhərdən bir kilometr yarım aralıda yerləşir. Boş qazanlar vətəndaşların və bu ölkəyə təsadüfən gələn əcnəbilərin iştirakı ilə binaya gətirilir və kahinlərə verilir. Binanın qapısına kahinlər və istəyən hər kəs öz möhürünü vurur. Ertəsi gün möhürlərinin pozulmadığını yoxlaya bilirlər, binaya girəndə isə şərabla dolu qazanları görürlər. Bayramda mən özüm orada olmamışam, amma Elladanın ən hörmətli adamları, eləcə də əcnəbilər and içirdilər ki, hər şey eynilə dediyim kimidir».
Bu kimi əhvalatlar yunanlara da yaxşı məlum idi. Müjdəçi Yəhya sanki onlara belə deyir: «Sizin tanrılarınız haqqında əfsanələriniz və hekayələriniz var, amma bilirsiniz ki, bunlar sadəcə hekayələrdir, onlar həqiqəti əks etdirmir. İsa Məsih isə sizin tanrılarınızın edə biləcəyini xəyal etdiklərinizi yerinə yetirmək üçün gəldi. O sizin arzularınızı reallaşdırmaq üçün gəldi».
Yəhya yəhudilərə deyir: «İsa qanunun çatışmazlıqlarını və natamamlığını lütfün kamilliyinə çevirmək üçün gəldi». Yunanlara isə deyir: «İsa sizin allahlarınızın edə biləcəyini xəyal etdiyiniz işləri görmək üçün gəldi».
İndi isə biz Yəhyanın bizə nə öyrətdiyini görürük: hər hekayə İsanın bir dəfə nəyisə etməsi haqqında deyil, Onun həmişə etdiyi şeylər haqqında bəhs edir. O, İsanın bir vaxtlar İsraildə etdiklərindən deyil, İsanın bu gün də hansı işləri gördüyündən danışır. Yəhya istəyir ki, biz İsanın bir vaxtlar daş küpdəki suyu necə şəraba çevirdiyini yox, İsanın insanın həyatına daxil olanda ona yenilik gətirdiyini görək. Bu yenilik sanki suyun şəraba çevrilməsinə bənzəyir. Məsihsiz həyat monoton, mənasız və yeknəsəqdir. İsa həyata daxil olanda o, canlanır, parlaq və maraqlı olur. İsasız həyat ləng və maraqsızdır, Onunla isə maraqlı və sevinclidir.
Labrador yarımadasında işləmək üçün könüllüləri cəlb edən ekspedisiya rəhbəri böyük maaş vəd edə bilməyəcəyini, lakin bu günlərin onların həyatlarının ən yaxşı günləri olacağını vəd edə biləcəyini söyləmişdi. Məsihin də vədi bizə belədir. Unutmayın ki, Yəhya bunu Məsihin Çarmıxa çəkilməsindən yetmiş il sonra yazmışdı: bu illər ərzində o, çox düşündü, xatırladı və əvvəllər fərqində olmadıqlarının mənasını anladı. O, bu hekayəni danışarkən, o vaxt İsa ilə həyatın necə olduğunu xatırlayır və deyir: «İsanın insanın həyatına daxil olması sanki suyun şəraba çevrilməsinə bərabərdir». Bu hekayə ilə Yəhya bizə deyir: «Əgər siz yeni həyat istəyirsinizsə, Məsihin davamçısı olun və su şəraba çevrildiyi kimi, sizin də həyatınıza dəyişiklik gələcək».
12-16
Qalileyanın Qana şəhərində toy mərasimindən sonra İsa dostları ilə qısa müddətə Qalileya (Tiberiya) gölünün şimal sahilində, təxminən otuz kilometr aralıda yerləşən Kefernahuma getdi.
Bir qədər sonra İsa Yerusəlimə Pasxa bayramını qeyd etməyə getdi. Pasxa nisan ayının 15-nə düşür, yəni aprelin ortalarına. Yəhudi qanunlarına görə, Yerusəlimdən iyirmi beş kilometr uzaqlıqda yaşayan hər yetkin yəhudi kişi bayramda Yerusəlimə gəlmək məcburiyyətində idi.
Burada maraqlı bir faktla qarşılaşırıq: artıq ilk baxışdan aydın olur ki, İsanın həyatının xronologiyasına görə, Yəhyanın Müjdəsi digər Müjdələrdən tamamilə fərqlənir. Digər Müjdələrdə İsanın Yerusəlimə yalnız bir dəfə, uşaq ikən Məbədi ziyarət etməsi istisna olmaqla, Çarmıxa çəkildiyi Pasxa bayramında səfər etməsindən bəhs edilir. Yəhyanın Müjdəsində isə biz İsanın Pasxa bayramı zamanı Yerusəlimə ən azı üç dəfə — indi, sonra 6:4-də və 11:55-də baş çəkdiyini görürük. Üstəlik, Yəhyanın Müjdəsinə görə, İsa adı açıqlanmayan bir bayramda da Yerusəlimdə idi (5:1). Bundan başqa, Çardaqlar bayramında (7:2-10) və Təqdis bayramında (10:22). Digər üç Müjdəyə görə, İsanın təbliğinin əsas ərazisi Qalileyadır. Yəhyanın Müjdəsinə görə, İsa Qalileyanı yalnız qısa müddətlik ziyarət edirdi (2:1-12; 4:43-5:1; 6:1-7:14). O, əsasən Yerusəlimdə təbliğ edirdi.
Məsələ bundadır ki, bu faktlar, əslində, bir-biri ilə ziddiyyət təşkil etmir. Bir tərəfdən Yəhya, digər tərəfdən müjdəçilər İsanın həyat hekayəsini xidmətin müxtəlif aspektlərini nəzərə alaraq təqdim edirlər: onlar bir-biri ilə ziddiyyət təşkil etmir, əksinə, bir-birini tamamlayır. Müjdəçilər Matta, Mark və Luka Qalileyadakı, Yəhya isə Yerusəlimdəki təbliğə diqqət yetirirlər. Digər üç müjdəçi İsanın Yerusəlimə yalnız bir dəfə səfər etməsindən və bir Pasxa bayramı haqqında danışsalar da, İsanın Yerusəlimə başqa səfərlərinin də olduğu nəzərdə tutulur. Sonuncu səfər zamanı onlar İsanın Yerusəlimə görə fəryad qopardığını göstərirlər: «Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz!» (Matta 23:37). Əgər İsa Yerusəlimə dəfələrlə müraciət etməsəydi və bu Onun Yerusəlimə ilk səfəri olsaydı, İsa heç vaxt belə deməzdi. Biz dördüncü Müjdə ilə digər üçü arasındakı ziddiyyətlərdən danışmamalıyıq, İsanın həyatının bütün mənzərəsini görmək üçün hamısından istifadə etməliyik.
Ancaq burada çətinlik yaradan bir məqama diqqət yetirməliyik: bu hissə Məbədin təmizlənməsindən bəhs edir. Yəhya bu hadisəni İsanın xidmətinin və təbliğinin ən başlanğıcına qoyur, halbuki qalan müjdəçilər bu hadisəni ən sonda yerləşdirirlər (Matta 21:12-13; Mark 11:15-17; Luka 19:45-46). Bunu necəsə izah etmək lazım idi. Bunun üçün bir neçə izahat irəli sürülüb.
1. Belə güman edilir ki, İsa Məbədi iki dəfə təmizləyib — bir dəfə xidmətinin əvvəlində, bir dəfə də sonunda. Amma bunun ehtimalı azdır. Əgər İsa bir dəfə belə heyrətamiz iş görsəydi, şübhəsiz ki, yenidən bunu etməsinə mane olardılar. Artıq Onun Məbədə təkrar gəlməsi ehtiyat tədbirlərinə səbəb olardı ki, yeni təmizlənmə baş verməsin.
2. Belə güman edilir ki, müjdəçi Yəhya hadisələrin gedişini xronoloji cəhətdən düzgün təsvir edir, digər üç müjdəçi isə səhvə yol verib. Lakin hadisənin özü məzmunca İsanın xidmətinin sonuna daha uyğundur: bu, möhtəşəm cəsarətin və Yerusəlimə zəfərlə daxil olmağın təbii nəticəsi, Çarmıxa çəkilmənin qaçılmaz müqəddiməsidir. Əgər müjdəçi Yəhyanın versiyası ilə digər üç müjdəçinin versiyası arasında seçim etməli olsaq, ikincisini seçərik.
3. Belə bir fikir irəli sürülür ki, Yəhya ölümündən əvvəl Müjdənin yazılmasını tamamlamağa vaxt tapmayıb və özündən sonra müxtəlif hadisələr, hekayələr olan ayrı-ayrı papirus vərəqləri qoyub. Eləcə də güman edilir ki, bu hadisənin əks olunduğu vərəq səhv yerə düşüb və əlyazmanın sonunda deyil, əvvəlində qoyulub. Ola bilər. Amma onda etiraf etmək lazımdır ki, son əlyazmanı hazırlayan şəxs əslində hər şeyin hansı ardıcıllıqla baş verdiyini bilmirdi. Bunu təsəvvür etmək isə çətindir, çünki Yəhya digər Müjdələrdən heç olmasa birini bilməli idi.
4. Biz həmişə yadda saxlamalıyıq ki, Yəhyanı, bir nəfərin dediyi kimi, faktlardan daha çox həqiqət maraqlandırırdı. Onun məqsədi İsanın xronoloji tərcümeyi-halını yazmaq deyildi. O, hər şeydən əvvəl İsanı Allahın Oğlu və Məsih kimi göstərmək istəyirdi. Ola bilsin, Yəhya Məsihin gəlişi ilə bağlı böyük peyğəmbərliklərə istinad edirdi. «...Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz Əhd Mələyi gələcək» deyir Ordular Rəbbi. «Ancaq Onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki O, əridicinin odu, yuyucunun sabunu kimi olacaq. O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər. Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək» (Malaki 3:1-4). Yəhya bu heyrətamiz peyğəmbərlikləri xatırlayırdı. O, insanlara İsanın Məbədi nə vaxt təmizlədiyini deyil, həqiqətən, təmizlədiyini söyləmək istəyirdi. Çünki Məbədin təmizlənməsi Allahın Məsih haqqında vədlərindən biri idi. Çox güman, o, bu hadisəni burada, hekayəsinin lap əvvəlində ona görə yerləşdirib ki, İsanın Allahın Məsihi olduğunu, insanların ibadətini təqdis etmək və onlar üçün Allaha qapını açmaqdan ötrü gəldiyini göstərsin. Yəhyanı tarix maraqlandırmır. O göstərmək istəyir ki, İsanın davranışı Onun Allahın vəd etdiyi Məsih olduğunu təsdiqləyir. Yəhya artıq başlanğıcda İsanı bizə Allahın Məsh etdiyi Şəxs kimi təqdim edir.
İndi isə gəlin baxaq, İsa niyə belə etdi. Onun qəzəbi dəhşətlidir: əlində qamçı olan İsanın görünüşü insanı dəhşətə gətirir. Məbədin həyətində İsanı bu qədər qəzəbləndirən nə idi?
Pasxa yəhudilərin ən vacib bayramı idi. Gördüyümüz kimi, qanun Yerusəlimin iyirmi beş kilometrliyində yaşayan hər bir yetkin yəhudinin orada iştirak etməsini tələb edirdi. Ancaq Pasxa bayramında Yerusəlimə təkcə İsraildən olan yəhudilər getmirdi. O vaxta qədər yəhudilər artıq bütün dünyaya səpələnmişdilər. Lakin onlar nə əcdadlarının imanını, nə də əcdadlarının torpağını unutmuşdular. Harada yaşamasından asılı olmayaraq, hər bir yəhudinin arzusu ən azı bir Pasxa bayramını Yerusəlimdə keçirmək idi. Bəlkə də bu, inanılmaz görünür, amma bəzən Pasxa bayramında iki milyondan çox yəhudi müqəddəs şəhərə toplaşırdı.
Yaşı on doqquzdan yuxarı olan hər bir yəhudi Məbəd vergisi ödəməli idi. Vergini hər kəs ödəməli idi ki, hər gün Məbəddə qurbanlar kəsilsin və Məbəd mərasimləri keçirilə bilsin. Həmin vergi yarım şekeldən ibarət idi. Roma tarixçisi İosif Flaviyə görə, şekel dörd Roma dinarına bərabər idi. Muzdlu işçinin gündəlik maaşı isə Matta 20:2-yə görə, bir dinar, yəni 1/4 şekel idi. Deməli, Məbədin yarım şekeli fəhlənin iki günlük əmək haqqı idi. İsraildə bütün növ gümüş sikkələr — Roma, Yunan, Misir, Tir, Sidon və İsrail sikkələri bərabər şərtlərlə dövriyyədə idi. Lakin Məbəd vergisi Qalileya şekelləri və ya müqəddəs şekellərlə ödənilməli idi. Bunlar yəhudi pulları idi, onları ianə kimi Məbədə gətirmək olardı. Digər pul və sikkələr xarici olduğu üçün murdar sayılırdı. Onlarla başqa borcları ödəmək olardı, təkcə Allaha olan borcdan başqa.
Zəvvarlar Yerusəlimə dünyanın hər yerindən gələrək müxtəlif növ sikkələr gətirirdilər. Buna görə də Məbədin həyətində sərraflar otururdular. Əgər onlar vicdanla işləsəydilər, yaxşı iş sayılardı. Lakin onlar hər yarım şekel üçün təxminən 1/12 şekel və böyük bir sikkə dəyişməli olsaydılar, hər yarım şekel üçün əlavə 1/12 şekel komissiya alırdılar. Beləliklə, bir şəxs iki şekel ekvivalentində bir sikkə ilə gəlirdisə, o, mübadilə üçün 1/12 şekel və üç yarım şekelin artığını almaq üçün də 3/12-ni ödəməli idi. Bu da ümumilikdə şekelin 4/12 və ya təxminən bir günlük əmək haqqı demək idi.
Məbəd vergisi və bu cür pul mübadiləsi üsulu inanılmaz miqdarda gəlir gətirirdi. Məbədin vergidən əldə etdiyi illik gəliri təqribən 125 min şekel, yəni 418 min 750 misqal idi. Sərrafların qazancı isə həmin məbləğin 1/8 hissəsinə, yəni 15 min şekelə bərabər idi. Roma sərkərdəsi Krass15 eramızdan əvvəl 54-cü ildə Yerusəlimi ələ keçirib Məbədin xəzinəsini talayanda, oradan dörd milyon şekeldən çox pul götürmüşdür. Bu da heç hamısı deyildi.
Lakin sərrafların mübadilə üçün komissiya götürmələri qanun pozuntusu sayılmırdı. Talmudda deyilir: «Hər kəs özü üçün yarım sikkə ödəməlidir. Ona görə də hər kəs bir şekeli iki yarım şekelə dəyişməyə gəlirsə, o, sərrafları da nəzərə almalıdır». Yunan dilində həmin komissiya pullara kollubos, sərraflara isə kollubustay deyilirdi. Kollubos sözdən yunanca Kollibos və Roma komediyasında Kollibus adı yaranıb. Bu da ingiliscə Şeylok ilə eyni söz deməkdir.
İsanı qəzəbləndirən o idi ki, zəvvarlar tələb olunan məbləği çətinliklə topladığı halda sərraflar onlardan həddən artıq komissiya götürüb soyğunçuluq edirdilər. Onu qəzəbləndirən din adı altında baş verən həyasızlıq və açıq-aşkar sosial ədalətsizlik idi.
Sərraflarla yanaşı orada öküz, qoyun və göyərçin alverçiləri də var idi. Çox vaxt ziyarət zamanı Məbədə qurbanlar gətirilirdi. Bir çox zəvvar müqəddəs şəhərə təhlükəsiz gəlib çatdıqları üçün şükür qurbanı gətirmək istəyirdi. Bundan əlavə, insanların bir çox əməlləri və həyatlarında baş verən hadisələr müəyyən qurbanlarla bağlı idi. Buna görə də Məbədin həyətində qurbanlıq heyvanları almaq təbii və əlverişli idi. Bəlkə də bu, pis deyildi, amma Qanun tələb edirdi ki, qurban gətirilən heyvan qüsursuz olmalıdır. Məbəd rəhbərliyi qurban gətirilən heyvanları yoxlamaq üçün müfəttişlər təyin etmişdir. Yoxlama üçün 1/12 şekel ödənilməli idi. Əgər qurbanlıq heyvan Məbəddən kənar alınırdısa, çox güman, yoxlanılandan sonra onu yararsız bilib rədd edirdilər. Məbəddən kənar qiyməti bir şekel olan bir cüt göyərçin Məbəddə iyirmi dəfə baha idi. Bu, yoxsul və təvazökar zəvvarlara qarşı açıq-aşkar quldurluq idi. Onlar qurban gətirmək istəyəndə Məbəd həyətində qurbanlıq heyvan almaq üçün şantaj edilirdilər. Bu, din adı altında edilən açıq-aşkar haqsızlıq idi.
İsanı da qəzəbləndirən məhz bu idi. Müjdədə deyilir ki, O, iplərdən bir qamçı düzəltdi. Stridonlu İyeronim hesab edir ki, İsanın həmin andakı görünüşü qamçını lazımsız edirdi. «Onun gözlərindən çıxan alov bir növ işıq saçırdı və İlahi əzəmət Onun üzünü nurlandırırdı». İsa Allahı sevdiyinə görə Onun övladlarını da sevirdi. Yerusəlimdəki imanlılarla bu cür rəftar olunarkən O, sakit dayanıb baxa bilməzdi.
Biz artıq gördük ki, İsanın qəzəbinə tuş gələnlər zəvvarları həyasızcasına istismar edənlər idi. Ancaq Məbədin təmizlənməsinin arxasında daha dərin həqiqətlər var. Gəlin baxaq, İsanı bu qəti addımı atmağa sövq edən daha dərin səbəbləri kəşf edə bilərikmi?
İsanın dedikləri hətta iki müjdəçi arasında belə sözbəsöz üst-üstə düşmür: onların hər biri öz versiyasını verir. Yalnız bütün təsvirləri müqayisə edib birləşdirməklə İsanın dedikləri haqqında tam təsəvvür əldə etmək olar. Gəlin əvvəlcə müjdəçilərin İsanın sözlərindən sitat gətirdikləri müxtəlif variantlara nəzər salaq.
Bu fikirlər
müjdəçi Mattada ««Mənim evim dua evi adlandırılacaq» deyə yazılıb. Amma siz onu «quldur yuvasına» çevirmisiniz!»» (Matta 21:13);
müjdəçi Markda «Məgər yazılmayıb ki, «Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq»? Amma siz onu «quldur yuvasına» çevirmisiniz!» (Mark 11:17);
müjdəçi Lukada ««Mənim evim dua evi olacaq» deyə yazılıb. Amma siz onu quldur yuvasına çevirmisiniz!» (Luka 19:46)
deyə səslənir.
Müjdəçi Yəhyada isə belə qeyd olunub:
«Bunları buradan götürün. Atamın evini bazara döndərməyin» (Yəhya 2:16).
İsanın belə etməsinin və qəzəblənməsinin ən azı üç səbəbi var idi.
1. O, Allahın evinin murdarlandığına görə belə etdi. Məbəddə ibadət heç bir ehtiram olmadan yerinə yetirilirdi. Ehtiram etmək — instinktiv haldır. Rəssam E.Siqo bir dəfə iki qaraçı uşağını ingilis kilsəsinə apardığından danışır. Adətən, uşaqlar səs-küylü olur, lakin kilsəyə daxil olan kimi susur, evə qayıdanda yol boyu ciddi olur, axşama yaxın həmişəki kimi səs-küylü olurdular. Onların qəlbində istər-istəməz instinktiv ehtiram yaranmışdı.
Ehtiramsız ibadət dəhşətli bir şeydir; bu, yolaverdi olan formal xidmətdir. Bu, Allahın müqəddəsliyi haqqında heç bir təsəvvürün olmadığı ibadətdir. Sanki ibadətə gələnlər «dostun yanına gəlirmiş kimi» hazırlıqsız gəlirlər. Çox vaxt insanlar Allahın ənamlarından elə istifadə edirlər ki, Allah evinin əsl məqsədini tamamilə unudurlar. Yerusəlimdəki Allahın evinin həyətlərində insanlar qiymət, köhnəlmiş və nazik görünən sikkələr haqqında mübahisə edirdilər, sanki bazarda imiş səs-küy yaradırdılar. Bəlkə də bu gün imanlı cəmiyyətində belə ehtiramsızlıq formaları yoxdur, amma ibadətə hörmətsizliyin başqa formaları var.
2. İsa ona görə belə etdi ki, bütün heyvanların qurban sisteminin tamamilə mənasız olduğunu göstərsin. Peyğəmbərlər bu barədə əsrlər boyu deyirdilər. «Qurbanlarınız çoxalıb, Mənə nə? Yandırma qoç qurbanlarından, bəslənmiş heyvanların piyindən doymuşam. Buğa, quzu, təkə qanını istəmirəm... Mənə artıq batil təqdimlər gətirməyin» (Yeşaya 1:11-13). «Çünki atalarınızı Misir torpağından çıxaran vaxt yandırma qurbanı və başqa qurban barədə onlara əmr etmədim və bir söz demədim» (Yeremya 7:22). «Qoyun-keçi, mal-qara qurban edərək Rəbbi axtarmağa gedəcəklər, amma tapmayacaqlar, çünki Rəbb onları tərk etdi» (Huşə 5:6). «Mənə kəsilən qurbanlara gəlincə, əti Mənə qurban gətirib özləri yeyir. Rəbb onlardan razı deyil» (Huşə 8:13). «Sən qurbanlardan zövq almazsan, yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan» (Zəbur 50:18). Peyğəmbərlərin hamısı bir səslə insanlara Yerusəlimdəki qurbangahda daim tüstülənən yandırma qurbanlarının tamamilə mənasız olduğunu bildirirdilər. Bununla İsa göstərmək istəyirdi ki, qurbanlıq heyvan insanın Allahla münasibətini düzəldə bilməz.
Biz bu gün də hələ bu tendensiyadan tam azad olmamışıq. Düzdür, biz heyvanları Allaha qurban gətirmirik. Lakin kilsədə rəngli vitrajlar, daha gözəl səslənən orqan alətinin quraşdırılmasını, divarların səxavətli bəzədilməsini və yeni mebellərin alınmasını Ona xidmət etməklə bərabər tuturuq. Təbii ki, bütün bunları qınamaq lazım deyil. Əksinə, Allaha bunlara görə şükür olsun! Çünki bunlar sevən ürəkdən gələn ianələrdir. Əgər bunlar həqiqi sevginin təzahürüdürsə, onda xeyir-dualıdır. Amma yox, bütün bunlar həqiqi ibadət və duanı əvəz edirsə, onda Allahın qəlbini çox incidər.
3. İsanın belə etməsinin daha bir səbəbi var idi. Markın Müjdəsində digər Müjdələrdə olmayan kiçik bir qeyd var: «Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq» (Mark 11:17). Məbəd ən Müqəddəs Yerə aparan bir sıra həyətlərdən ibarət idi: əvvəlcə bütpərəstlər üçün həyət, sonra qadınlar üçün həyət, daha sonra israillilərin həyəti və sonda kahinlərin həyəti. Bütün alqı-satqı bütpərəstlərin həyətində baş verirdi. Oraya yalnız bütpərəst girə bilərdi, çünki onun başqa həyətlərə girişi qadağan idi. Əgər Allah bütpərəst bir insanın qəlbinə toxunardısa, o, dua etmək, düşünmək və Allaha yaxınlaşmaq üçün bütpərəstlərin həyətinə girə bilərdi. Onun ola biləcəyi yeganə yer bütpərəstlərin həyəti idi. Amma sərraflar və tacirlər bütpərəstlərin həyətində elə bir səs-küy yaradırdılar ki, adamlar dua edə bilmirdi. Öküzlərin böyürtüsü, qoyunların mələməsi, göyərçinlərin uğultuları, tacirlərin səs-küyü, sikkələrin cingiltisi — bütün bunlar bütpərəstlərin həyətini heç kəsin dua edə bilməyəcəyi bir yerə çevirmişdi. Beləcə bütpərəstlər Allahın hüzuruna yaxınlaşa bilmirdilər. Ola bilsin ki, İsanı belə hərəkət etməyə sövq edən məhz bu amil idi. Yalnız Markın Müjdəsində bu qədər dərin məna kəsb edən kiçik bir ifadə var. Allahı axtaran insanların Onun hüzurundan kənarda qalması İsaya çox pis təsir etmişdi.
Bizim imanlı cəmiyyətimizdə buna bənzər bir şey varmı? Məsələn, dikbaşlıq, qeyri-adi olduğuna dair iddialar, soyuqluq, qonaqpərvərliyin yoxluğu, təkəbbür, bir sözlə, Allaha yaxınlaşmaq istəyənləri məbədin qapısından uzaqlaşdıran nələrsə varmı? Gəlin Allahı axtaranların Onun hüzuruna girməsini çətinləşdirən və ya qeyri-mümkün edənlərə qarşı İsanın necə qəzəbləndiyini xatırlayaq.
17-22
Şübhəsiz ki, Məbədin təmizlənməsi prosesi orada olanların hamısının reaksiyasına səbəb olmalı idi. Heç kəs bu hadisəyə biganəliklə baxa bilməzdi: bu, həddən artıq sarsıdıcı proses idi.
Biz iki reaksiya görürük.
Birincisi, məşhur məzmurun sözlərini xatırlayan şagirdlərin reaksiyası (Zəbur 69:9). Hamı əmin idi ki, bu məzmur Məsihdən bəhs edir: Məsih gələndə Allahın evinin qeyrətini çəkəcək. Şagirdlər bu ayəni xatırladıqca, onlar İsanın Məsih olduğuna daha çox inandılar. Yalnız Məsih belə bir hərəkət edə bilərdi. Onlar İsanın Allahın Məsh etdiyi Şəxs olduğuna daha da əmin oldular.
İkincisi, biz yəhudilərin reaksiyasını görürük. Onlar İsanın bunu hansı haqla etdiyini soruşdular və Ondan bunu etmək hüququnu təsdiq edən bəzi əlamətlər göstərməsini tələb etdilər. Çünki yəhudilər başa düşürdülər ki, İsa belə etməklə Məsih olduğuna iddia edir. Hamı əmin idi ki, Məsih gələndə Öz haqqını heyrətamiz əməllərlə təsdiq edəcək. O zaman yalançı məsihlər peyda olmuşdu. Məsələn, onlar vəd edirdilər ki, İordan çayının sularını ikiyə böləcəklər, ya da bir sözlə şəhərin divarlarını yıxacaqlar. İnsanlar Məsihi möcüzələrlə əlaqələndirirdilər. Buna görə yəhudilər dedilər: «Bu hərəkətinlə Sən Məsih olduğunu açıq elan etdin. İndi bizə Öz iddialarını təsdiq edən bir əlamət göstər».
İsanın cavabı isə bizim üçün böyük sual yaradır. Əslində, O nə demək istəyirdi? O nəyi nəzərdə tuturdu? Həmişə yadda saxlamaq lazımdır ki, Yəhya 2:21-22-ci ayələr onun uzun illər keçəndən sonra yazdığı hekayədir. Tamamilə aydındır ki, o, yetmiş il ərzində öz düşüncələrinin nəticəsini, bütün yaşadıqlarını və Məsihin dirilməsi ilə bağlı fikrini bu ayələrdə göstərib. Smirnalı Polikarpın tələbəsi İrineyin16 bir dəfə dediyi kimi: «Heç bir peyğəmbərlik yerinə yetirilməyənədək dərk olunmur». Bəs İsa nə demək istəyirdi? O nəyi nəzərdə tuturdu?
Şübhəsiz, İsa cavabında elə bir söz demişdir ki, o pis şəkildə təhrif oluna və təhdidə çevrilə bilər. Məhkəmə zamanı İsa, həqiqətən də, bu sözlə ittiham edilmişdi: «Bu Adam dedi: «Mən Allahın məbədini dağıdıb üç gün ərzində tikə bilərəm»» (Matta 26:61). Stefana qarşı da eyni ittiham irəli sürülmüşdür: «Bu adam dayanmadan bu Müqəddəs məkana və Qanuna qarşı danışır. «Nazaretli İsa bu məkanı darmadağın edəcək və Musadan bizə əmanət qalan adətləri dəyişəcək» dediyini özümüz eşitmişik» (Həvarilərin işləri 6:14).
Biz iki şeyi yadda saxlamalı və onları birlikdə nəzərdən keçirməliyik. Birincisi, İsa heç vaxt gözlə görünən Məbədi dağıdıb yenidən tikəcəyini söyləməmişdi. Lakin İsa Məbədin sonunu əvvəlcədən görmüşdü. O, samariyalı qadına demişdi ki, vaxt gələcək, insanlar Korazin dağında və ya Yerusəlimdə deyil, ruhda və həqiqətdə Allaha ibadət edəcəklər (Yəhya 4:21-23). İkincisi, Məbədin təmizlənməsi prosesində İsa insanları Allaha tərəf apara bilməyən ayinlər və qurbanlarla birlikdə Məbədin bütün ibadət prosedurunun mənasızlığını göstərmişdi. İsa bilirdi ki, bütün bu Məbəd adət-ənənəsi yox olacaq. Çünki O, bu ibadət formasını və Allaha belə ibadəti yığışdırmaq üçün gəlmişdi. Buna görə də O, Məbədi yenidən tikməyi təklif edə bilməzdi.
İndi isə gəlin Markın Müjdəsinə müraciət edək. Burada biz başqa Müjdələrdə olmayan bir ifadə tapırıq. Bu da bizi düşündürən açıqlama ola bilər. Markın Müjdəsinə görə, İsaya qarşı ittihamda deyilir: «Mən əllə qurulan bu məbədi dağıdıb üç gün ərzində əllə qurulmayan başqa bir məbəd tikəcəyəm» (Mark 14:58). İsa əslində nəzərdə tuturdu ki, O, insan tərəfindən yaradılan Allaha ibadət formasını ruhani bir ibadətlə əvəz etmək üçün gəlib. O, bütün bu heyvan qurbanı və kahinlik adət-ənənəsinə son qoyacaq, onu Allahın Ruhu ilə əlaqələndirəcək ibadətlə əvəz edəcək. Beləliklə, əllə tikilmiş Məbədə, yandırma buxurlara və təqdim edilən qurbanlara ehtiyac qalmayacaq. İsa xəbərdarlıq etdi: «Məbəddə Allaha ibadətinizin, incə mərasimlərinizin, israfçı heyvan qurbanlarınızın sonu çatdı. Çünki Mən gəldim». İsa əvəzində bunu vəd etdi: «Mən sizə elə bir yol verəcəyəm ki, siz insan tərəfindən yaradılan bu ayinlər olmadan Allaha yaxınlaşa biləcəksiniz. Mən Yerusəlimdəki bu Məbədi dağıtmaq və bütün dünyanı insanların yaşayan Allahın varlığını dərk edəcəyi bir məbəd etmək üçün gəlmişəm».
Yəhudilər bunu öz gözləri ilə gördülər. Böyük Hirod bu gözəl Məbədin tikintisinə eramızdan əvvəl 19-cu ildə başlamış və tamamilə yekunlaşması 64-cü ilinə təsadüf edir. Artıq qırx altı il idi ki, Məbədin tikintisi davam edirdi və onun tamamlanmasına iyirmi ildən çox vaxt qalmışdı. İsa deyəndə ki, Məbədin bütün əzəməti, parlaqlığı, səxavətlə xərclənən pullar, bacarıq heç bir məna kəsb etmir və O, Məbədə ehtiyac olmadan Allaha gedən yolu göstərmək üçün gəlib, yəhudilər heyrətə gəldi. İsa məhz bunu nəzərdə tuturdu. Lakin uzun illərdən sonra Yəhya İsanın sözlərində daha dərin məna gördü. O, İsanın dediklərini Dirilmə ilə bağlı peyğəmbərlik kimi gördü. O dedi ki, İsa Öz bədənindən qurtulmayana, hər yerdə mövcud olmayana və dünyanın ucqarlarınadək insanlarla birlikdə ola bilməyənə qədər bütün dünya Allahın canlı Məbədi ola bilməz.
Yalnız ölülərdən dirilmiş Məsihin varlığı bütün dünyanı Allahın Məbədinə çevirir. Buna görə də Yəhya deyir ki, şagirdlər sonradan bu sözləri xatırlayanda, İsanın dirilməsi barədə etdiyi peyğəmbərliyi gördülər. Lakin həmin anda onlar bunu görə bilməmişdilər, görə də bilməzdilər. Yalnız dirilmiş Məsihlə olan münasibət şagirdlərə sonradan Onun söylədiklərinin əsl mənasını göstərdi.
Sonda deyilir ki, onlar «Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar». Hansı Müqəddəs Yazıya? Yəhya erkən İmanlı Cəmiyyətinin istinad etdiyi Müqəddəs Yazıları nəzərdə tutur — «...mömin insanını qəbirə salmazsan» (Zəbur 16:10). Peter bu məzmurdan Əllinci gün bayramında sitat gətirdi (Həvarilərin işləri 2:31). Paul Antakyada bu məzmurdan sitat gətirdi (Həvarilərin işləri 13:35). Həmin ayə İmanlı Cəmiyyətinin Allahın gücünə, səlahiyyətinə və Məsihin dirilməsinə imanını ifadə edirdi.
Burada heyrətamiz bir həqiqət var. Bizim Allahla olan münasibətimiz, Onun hüzuruna daxil olmağımız, Ona yaxınlaşmağımız əllərin tikə biləcəyi və ya insan zehninin icad edə biləcəyindən asılı deyil. Küçədə, evdə, işdə, dağlarda, uzun bir səfərdə, imanlı cəmiyyətində, bir sözlə, hər yerdə, hər zaman Məsihin varlığı mövcuddur. Daxili Məbədimiz həmişə və hər yerdə bizimlədir. İsa yer kürəsinin istənilən yerində həmişə bizimlədir.
23-25
Yəhyanın Müjdəsində İsanın həmin il Pasxa bayramı zamanı Yerusəlimdə göstərdiyi möcüzələr haqqında heç nə deyilmir. Lakin İsa orada möcüzələr göstərmiş və Onun səlahiyyətini, qüdrətini görənlərin çoxu Ona iman etmişdir.
Yəhya burada bizi maraqlandıran suala cavab verir: əgər o vaxt Yerusəlimdə çoxları İsaya iman etmişdisə, niyə O, dərhal bayrağını qaldırıb Özünü açıq bəyan etmədi? Məsələ ondadır ki, İsa insanın təbiətini yaxşı bilirdi. O bilirdi ki, çoxları üçün O, sadəcə olaraq, qısa bir sensasiyadır. O bilirdi ki, çoxlarını yalnız Onun göstərdiyi möcüzələr cəlb edir. O bilirdi ki, Onun seçdiyi yolu heç kim başa düşmür. O bilirdi ki, əlamətlər və möcüzələr göstərdiyi müddətcə çoxları Onun ardınca getməyə hazırdır. O bilirdi ki, xidmətdən və özünü inkar etməkdən, Allahın iradəsinə könüllü təslim olmaqdan, Çarmıx daşımaqdan danışan kimi, adamlar çaşqınlıqla Ona baxacaq və dərhal uzaqlaşacaqlar.
İsanın xüsusi yanaşması var idi: Ona yalnız Onun tələblərini və məqsədlərini bilən, onlarla razılaşan davamçılar lazım idi. İsa, müasir dövrdə deyildiyi kimi, qısa populyarlıqdan istifadə etmək istəmirdi. Əgər O, Yerusəlimdəki izdihama etibar etsəydi, onlar dərhal İsanı Məsih elan edərdilər və Ondan Məsihin gəlişini bildirən mühüm sübutlar tələb edərdilər. Lakin İsa istəmədi ki, insanlar Onu qəbul etməyin nə demək olduğunu başa düşmədən qəbul etsinlər. O istəyirdi ki, insanlar Onun nə etdiyini başa düşsünlər.
İsa insan təbiətinə yaxşı bələd idi. O, insan qəlbinin dəyişkən olduğunu bilirdi. İsa bilirdi ki, insan bir anda duyğulara qapılıb zirvəyə qalxa bilər, sonra qərarının hara apardığını görən kimi tez yerə enəcək. O, insan ürəyinin sensasiyaya necə can atdığını bilirdi. İsa asanlıqla hər şeyi qəbul edən insanların deyil, nə etdiklərini bilən və sona qədər getməyə hazır olan kiçik bir qrup insan görmək istəyirdi.
Bu hissə ilə bağlı bir məqamı qeyd etməliyik, çünki bir daha ona qayıtmalı olacağıq. Müjdəçi Yəhya tez-tez bəzi yerlərdə möcüzə kimi tərcümə olunan əlamət sözündən istifadə edir. Əhdi-Cədiddə Allahın və İsanın möcüzələrini ifadə edən üç fərqli söz istifadə olunur. Biz onların hər birindən möcüzənin nə olduğunu öyrənə bilərik.
1. Teras — sadəcə möcüzəli, heyrətamiz bir şeydir. Bu sözdə heç bir mənəvi məzmun yoxdur. Sehrbazın hiyləsi tperas — yəni heyranedici, maraqlı ola bilər.
Teras — heyranedici bir hadisədir, insan onu görəndə heyrətdən donub qalır. Əhdi-Cədiddə Allahın və ya İsanın əməllərindən bəhs edildikdə bu söz heç vaxt təklikdə işlədilmir.
2. Dunamis sözü hərfi mənada gücü ifadə edir. Dinamit sözü bu sözdən yaranıb. Ondan istənilən qeyri-adi qüvvəni ifadə etmək üçün istifadə etmək olar. Bu söz böyümə gücünü, təbiətin gücünü, dərman gücünü, insan dühasının gücünü ifadə edə bilər. O, həmişə təsirli, effektli gücü ifadə edir: onu hər bir insan görə və tanıya bilər.
3. Əlamət mənasını verən semepon sözü. Bu sözə Yəhyanın Müjdəsində tez-tez rast gəlinir. Yəhya üçün möcüzə sadəcə heyrətamiz və ya təkcə gücün nəticəsi deyildi, — bu, bir əlamət idi. Başqa sözlə, semepon insanlara bunu edən Şəxsin xarakteri, təbiəti haqqında nələrsə deyirdi. Həmin əlamətlər vasitəsilə onu edən Şəxsin xarakterini daha yaxşı dərk etmək olardı. Yəhyanın Müjdəsində İsanın möcüzələri ilə bağlı ən mühüm şey onların Allahın təbiəti və xasiyyəti haqqında nələrsə söyləməsidir. İsa Öz qüdrətindən xəstələrə şəfa vermək, acları doyurmaq, yas tutanlara təsəlli vermək üçün istifadə edirdi. İsanın Öz qüdrətindən bu şəkildə istifadə etməsi Allahın insanların kədərinə, ehtiyaclarına və əzablarına laqeyd qalmamasının sübutu idi. İsanın göstərdiyi möcüzələr Allahın məhəbbətinin əlamətləri idi.
Beləliklə, istənilən möcüzədə üç fakt mövcuddur: 1. Möcüzə heyran edir, təəccübləndirir; 2. Xəstə bədəni, pozulmuş zehni, yaralı ürəyi sağaltmağa qadir olan təsirli qüdrəti var; 3. Allahın qəlbindəki sevgidən xəbər verir və bunun insanlara görə edilən bir əlamət olduğunu göstərir.