Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: 1-ci fəsil

V. Barklinin şərhləri

1-ci fəsil

1-18

KƏLAM (Yəhya 1:1-18)

Biz bu bölümü təfərrüatı ilə kiçik hissələrə ayırıb araşdıracağıq. Lakin gəlin əvvəlcə Yəhyanın İsanı Kəlam kimi təqdim edərək nə demək istədiyini aydınlaşdıraq.

KƏLAM BƏŞƏR OLUB

Dördüncü Müjdənin birinci fəsli dini nöqteyi-nəzərdən insan şüurunun ən böyük nailiyyətlərindən biridir.

Tezliklə İmanlı Cəmiyyəti qarşısında çox çətin problemlər yarandı. Məsihçilik yəhudilikdən yaranıb və ilk vaxtlar imanlı cəmiyyətinin bütün üzvləri yəhudilər idi. İsa insan mənşəyinə görə yəhudi idi. O, Sur, Sidon və Dekapolisə səfərləri istisna olmaqla, heç vaxt İsraildən kənara çıxmamışdır. Məsihçilik yəhudi mühitində yaranmışdır, buna görə də imanlılar istər-istəməz ibrani dilində danışır və yəhudilər kimi düşünürdülər.

Ancaq məsihçilik yəhudilikdə yaransa da, tezliklə bütün dünyaya yayıldı. İsanın ölüb-dirilməsindən sonrakı ilk otuz ildə məsihçilik Kiçik Asiya və Yunanıstana yayılaraq Romayadək çatmışdı. Eramızın 60-cı ilində hər bir yəhudi məsihçiyə yüzlərlə yunan məsihçi düşürdü. Yəhudi düşüncə tərzi yunanlara tamamilə yad idi. Məsələn, yunanlar heç vaxt Məsih haqqında eşitməmişdilər, onlar Məsihin gəlişi ilə bağlı yəhudilərin intizarla gözləntilərini başa düşmürdülər. Yəhudi məsihçilərin İsa haqqındakı düşüncələri və təsəvvürləri yunanlara yad idi. Problem də bunda idi — məsihçiliyi yunan dünyasında necə təqdim etməli?

Tarixçi Lekki hesab edirdi ki, ideyanın inkişafı və yayılması təkcə onun həyata keçmə gücündən deyil, həm də bu ideyanı qəbul etmək üçün qoyulan ilkin şərtlərdən asılıdır. Yunan dünyasında məsihçiliyin Xoş Xəbərini qəbul etdirmək üçün bu ilkin şərtləri yaratmaq İmanlı Cəmiyyətinin üzərinə düşürdü.

İngilis ilahiyyatçısı İ.J.Qudspidin dediyi kimi və artıq yuxarıda qeyd olunduğu kimi, İmanlı Cəmiyyəti qarşısında belə bir sual yaranmışdı: «Məsihi qəbul edən yunanların Məsih haqqında yəhudi düşüncə tərzinə malik olması lazımdırmı? Yoxsa yunanın öz tarixi keçmişindən keçməklə ağlına və ürəyinə sirayət edən yeni bir yanaşma tapılmalıdır?» Problem onda idi ki, məsihçilik yunanların başa düşəcəyi şəkildə təqdim olunmalı idi.

Eramızın təxminən 100-cü ilində Efesdə bu barədə fikirləşən bir adam yaşayırdı. Onun adı Yəhya idi. O, yunan şəhərində yaşayır, yəhudi düşüncələrini yad və anlaşılmaz, hətta qəribə və kobud görən yunanlarla ünsiyyət qururdu. Yunanlara məsihçiliyi onların başa düşəcəkləri və qəbul edəcəkləri şəkildə tanıtmağın yolunu necə tapmaq olardı? Yəhya bunun yolunu tapdı. Yəhudilərdə olduğu kimi, yunan dünyagörüşündə də kəlam anlayışı var idi. Məhz həmin ifadədən elə istifadə oluna bilərdi ki, həm yunanların, həm də yəhudilərin dünyagörüşlərinə uyğun gəlsin. Bu, hər iki irqin tarixi irsinə məxsus bir şey idi. Onların hər ikisi bunu başa düşə bilərdi.

Əvvəlcə gəlin bu iki ayrı dünyada kəlam anlayışının tarixi köklərinə nəzər salaq.

YƏHUDİLİKDƏKİ TARİXİ KÖKLƏR

Yəhudi dünyagörüşündə kəlam anlayışının inkişafına töhfə verən dörd «idarəetmə» var idi.

  1. Yəhudilər üçün kəlam sadəcə söz deyildi. Onların təsəvvürünə görə, kəlam sərbəst mövcud idi və iş görüb müəyyən tapşırıqlar yerinə yetirirdi. Bir ingilis aliminin dediyi kimi: «Yəhudilər üçün kəlam heyrətamiz dərəcədə canlı idi... Enerjiyə malik idi və nüvə kimi təyin olunduğu yerdə dayanırdı». Məhz buna görə də yəhudilər sözə xəsislik edirdilər: qədim ibrani dilində 10.000-dən az, qədim yunan dilində isə 200.000-dən çox söz var idi.

Qədim şairlərdən biri deyir ki, günlərin bir günü şücaət göstərən bir adam bu barədə öz yoldaşlarına danışa bilməyib, çünki bunun üçün söz ehtiyatı olmayıb. Onda söz ehtiyatı çox olan adam ayağa qalxıb, hekayəni o qədər parlaq ifadələrlə danışıb ki, «sözlər canlanıb və dinləyicilərin qəlbinə nüfuz edib». Şairin sözləri təsirli olub. Tarixdə buna dair çoxlu nümunələr var.

Deyilənə görə, Con Noks (1514-1572, Şotlandiya Presviterian Kilsəsinin banisi) Reformasiya dövründə Şotlandiyada təbliğ edəndə bu, xalqın qəlbini daha çox ruhlandırırdı, nəinki onların qulaqlarında cingildəyən on min truba. Kəlamla insanlar əməllərə sövq edilirdi. Fransada inqilab vaxtı fransız hərbi mühəndis, şair və bəstəkar Ruje de Lisle (1760-1836) «La Marseillaise» əsərini yazmışdı və bu mahnı insanları döyüşə ruhlandırırdı. Kəlam əməllərə sövq edirdi.

Şərqdə sözlərin həmişə böyük təsiri olub. Bu, indi də belədir. Şərq adamı üçün söz sadəcə səs deyil. Bu, əmələ sövq edən gücdür.

Bir dəfə səhrada bir qrup müsəlman ingilis səyyahı və assurişünas9 Corc Adam Smitlə rastlaşaraq onu «Sülh olsun» sözləri ilə salamladı. Onlar görəndə ki, qarşılarında duran adam məsihçidir, kafirə xeyir-dua verdiklərini başa düşüb, bu xeyir-duanı geri qaytarmasını xahiş etdilər. Onların fikrincə, söz real qüvvədir. Onu hansısa iş görmək üçün göndərmək, sonra isə geri almaq olar. Aşağıdakı şeirdə də buna bənzər bir şey ifadə olunur:

«Çərpələng uçuran oğlanlar ağ qanadlı quşunu qaytara bilər;

Amma ağzınızdan çıxan sözlərlə eyni şeyi edə bilməzsiniz.

Biz yaxşı məsləhət bilirik: «Odla ehtiyatlı ol».

«Sözlərlə ehtiyatlı ol» — bu, iyirmi qat daha vacibdir.

Deyilməyən fikirlər öz-özünə yox ola bilər,

Amma onlar ağızdan çıxanda heç kim onları öldürə bilməz.

Şərq xalqları arasında sözün müstəqil, təsirli qüdrəti var.

2. Əhdi-Ətiq də sözün gücü ilə bağlı fikirlərlə doludur. İshaq Esavın əvəzinə səhvən Yaquba xeyir-dua verəndə, xeyir-duanı geri qaytarmaq üçün heç nə edə bilmədi (Yaradılış 27). Söz ki ağızdan çıxdı öz işinə başlayır və heç nə onu dayandıra bilmir. Dünyanın yaradılış hekayəsində biz Allahın kəlamının necə təsir etdiyini görürük. Hər dəfə «Allah dedi...» oxuyuruq (Yaradılış 1:3-6-11). Allahın Kəlamı — yaradıcı qüvvədir. Allahın yaradıcı, təsirli, dinamik Sözünə dair bu ideya ilə tez-tez qarşılaşırıq. «Göylər Rəbbin sözü ilə, səma cisimləri Onun hökmü ilə yarandı» (Zəbur 33:6). «Kəlamını göndərib onlara şəfa verdi» (Zəbur 107:20); «Kəlamını yer üzünə yollar, Onun sözü tez yayılar» (Zəbur 147:15). «Ağzımdan çıxan kəlmə də belədir: boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər» (Yeşaya 55:11). «Mənim sözüm bir od kimi, qayaları parçalayan gürz kimi deyilmi?» (Yeremya 23:29). «Sən əzəldən danışırdın; yaradılışın ilk günü «Qoy göylər və yer olsun» dedin. Sənin sözün icra olundu» (3Ezra 6:38). Süleymanın Hikməti kitabının müəllifi Allahı «Hər şeyi Sözü ilə Yaradan» adlandırır (Süleymanın hikmət 9:1). Əhdi-Ətiqin, demək olar ki, hər səhifəsində fövqəltəbii yaradıcı bir Sözdən bəhs olunur. Hətta insanın sözü də müəyyən təsirə malikdir. Onda təsəvvür edin ki, Allahın Sözü nə qədər təsirlidir.

3. Lakin yəhudilərin dini həyatına elə bir şey daxil oldu ki, Allah Kəlamına dair bu ideyanın inkişafını xeyli sürətləndirdi. Məsihin doğulmasına yüz il qalmış ibrani dili artıq unudulmuşdu. Əhdi-Ətiq qədim ivrit dilində yazılmışdı, lakin alimlər istisna olmaqla, yəhudilər artıq onu bilmirdilər. Sadə insanlar arami adlanan ivrit dilinin fərqli formasında danışırdılar. Bu da təxminən müasir Azərbaycan dili ilə qədim türk dili arasındakı əlaqəyə bənzəyir. Buna görə də insanlar başa düşsün deyə, Əhdi-Ətiqi arami dilinə tərcümə etmək lazım idi. Həmin tərcümələr Tarqumi adlanırdı. Sinaqoqlarda Müqəddəs Yazılar, adətən, orijinal ivrit dilində oxunurdu. Lakin tədricən arami dilinə tərcümə edildi və Tarqumi rəsmi olaraq istifadə olunmağa başladı. Tarquminin yaranması elə bir dövrə təsadüf etmişdir ki, insanlara görə, Tanrı çox uzaqda və tamamilə əlçatmaz idi. Buna görə də Tarquminin yazılması ilə məşğul olan adamlar insan düşüncələrinin, hisslərinin və hərəkətlərinin Allaha aid edilməsindən qorxurdular. Başqa sözlə desək, Allah haqqında olan hər şeyi antropomorfizmdən (insanlaşmasından) uzaqlaşdırmaq üçün hər cür səy göstərirdilər.

Ancaq Əhdi-Ətiqdə Allahdan danışılanda çox vaxt insan obrazı təsvir olunur. Tərcüməçilər belə bir yerə rast gələndə, Tarqumidə Tanrının adının yerinə Allahın Kəlamı ifadəsini qoyurdular. Gəlin bunun necə edildiyinə nəzər salaq. Çıxış 19:17-də biz oxuyuruq: «Allahı qarşılamaq üçün Musa xalqı ordugahdan apardı və onlar dağın ətəyində durdular». Tərcüməçilər və Tarquminin yaradıcıları burada Allahın insanla eyniləşdirildiyini düşündülər, buna görə də, «Allahın Kəlamını qarşılamaq üçün Musa xalqı ordugahdan apardı» deyə yazdılar. Çıxış 31:13-də biz oxuyuruq ki, Allah İsrail xalqına Şənbə günü haqqında «Mənim Şənbə günlərimə riayət edin. Çünki bu Mənimlə sizin aranızda nəsildən-nəslə onu bilmək üçün bir əlamətdir...» demişdir. Bu da Tarqumi üçün Allaha münasibətdə çox insani ifadə idi. Bu səbəbdən də belə yazılmışdı: «Şənbə Mənim Sözümlə sizin aranızda bir əlamətdir». Qanunun Təkrarı 9:3-də yazılıb ki, Allah hər şeyi yandırıb-yaxan alovdur. Tarqumidə isə deyilir ki, Allahın Kəlamı hər şeyi yandırıb-yaxan alovdur. Yeşaya 48:13-də yaradılış haqqında möhtəşəm mənzərə təsvir edilir: «Mənim əlim yerin təməlini qoydu, sağ əlim göyləri sərdi. Mən onları çağıranda onlar birlikdə düzülür». Tarqumi üçün Tanrının bu obrazı həddən artıq insana oxşayırdı. Onda tərcüməçilər Allahın dilinə bu sözləri qoydular: «Sözümlə yerin təməlini qoydum, qüdrətimlə göyləri sərdim». Hətta Qanunun Təkrarı 33-27-də «Pənahgahın əzəli əbədi» Allah haqqında deyilənlər belə dəyişdirilib: «Əbədi Allah sığınacaqdır və dünya Onun sözü ilə yaranmışdır».

Yonatanın Tarqumi əsərində Allahın Kəlamı ifadəsinə ən azı üç yüz iyirmi dəfə rast gəlinir. Bu, Allahın adının sadəcə başqa şəkildə ifadə edilməsidir. Amma əsas fakt bundan ibarətdir ki, Allahın Kəlamı ən çox yayılmış yəhudi ifadələrindən birinə çevrilmişdir. Hər bir dindar yəhudi bu ifadəni yaxşı bilirdi. Çünki o, sinaqoqda Müqəddəs Yazılar oxunarkən bu ifadəni tez-tez eşidirdi. Hər bir yəhudi memardan — yəni Allahın Sözündən danışmağa öyrəşmişdir.

4. Burada ön sözdə haqqında danışdığımız bəzi şeylərə daha yaxından nəzər salmalıyıq. Yunan dilində kəlam — loqos deməkdir. Lakin loqos kəlam mənası ilə yanaşı — anlayış, səbəb mənasını da daşıyır. Bu ideyaya müraciət edən Yəhya və digər böyük mütəfəkkirlər üçün hər iki məna bir-biri ilə sıx bağlı idi. Loqosdan söz düşəndə onların təsəvvüründə bir-biri ilə sıx bağlı olan Allahın kəlamı və Allahın hikməti canlanırdı.

Yəhudilərin xüsusi ədəbi Hikmət janrı var idi. Hikmət kitablarında ən müdrik adamların sözləri yer alırdı. Bu, mücərrəd və fəlsəfi müdriklik deyil, gündəlik həyatın praktiki müdrikliyi idi. Əhdi-Ətiqdə bu ədəbi janrın ən yaxşı nümunəsi — Süleymanın məsəlləri kitabıdır. Bu kitabda hikmətin (sofiya) mistik və əbədi gücə aid edildiyi yerlər var. Bu hissələrdə dərrakə — canlı, insani, Allahın əbədi vasitəçisi və əməkdaşı kimi təsvir olunur. Gəlin üç belə hissəni qeyd edək.

Bunlardan birincisi Süleymanın məsəlləri 3:13-26-dır. Xüsusilə növbəti məqamı vurğulayaq: «Ona bağlananlar üçün o, həyat ağacıdır, ondan möhkəm yapışanlar nə bəxtiyardır! Rəbb dünyanın təməlini hikmətlə qurub, dərrakə vasitəsilə göyləri bərqərar edib. Biliyi ilə dərinliklər yarılıb, göylərdən şeh çilənir» (Süleymanın məsəlləri 3:18-20).

Yuxarıda qeyd etdiyimiz kimi, loqos həm kəlam, həm də məna (səbəb) deməkdir. Biz həm də gördük ki, yəhudilərə görə, Allahın Kəlamı qüdrətli və yaradıcı gücə malikdir. Burada isə biz yeni bir baxışın meydana çıxdığını görürük. Dərrakə — Allahın yaradılış vasitəçisidir. Dərrakə və məna bir çox cəhətdən üst-üstə düşür. Biz loqosun kəlam mənasında işlədildiyini gördük. İndi isə onu dərrakə və məna aspektindən anlamağa başlayırıq.

İkinci mühüm hissə Süleymanın məsəlləri 4:5-13-dür. Burada növbəti məqamı qeyd edək: «Aldığın tərbiyəyə bağlan, ayrılma, onu saxla, o sənin həyatındır». «Kəlam — insanlar üçün çıraqdır, dərrakə isə insanların nurudur». Bu iki fikir birləşir.

Üçüncü və ən mühüm hissə Süleymanın məsəlləri 8:1 — 9:2-dir. Burada aşağıdakı məqamları qeyd edə bilərik:

«Rəbb Öz yolunun başlanğıcında, hər işindən əvvəl mənə malik oldu. Yaradılışın əzəlindən, dünya yaranmazdan əvvəl mən var idim. Dərin sular olmazdan əvvəl, bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam. Dağlar yaradılmazdan əvvəl, təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam. Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda, göyləri yaradanda, dərinliyin üzü üstündə bir dairə çəkəndə, buludları yuxarıda yerləşdirəndə, dərinlikdə bulaqları bağlayanda, sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə yerin bünövrələrini təyin edəndə Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, hüzurunda həmişə sevinirdim» (Süleymanın məsəlləri 8:22-30).

Bu hissəni oxuduqca biz Müjdənin birinci fəslində Yəhyanın Kəlam haqqında söylədiklərinin əks-sədasını eşidirik. Yəhyanın İsanı bərabər tutduğu Sözə, Loqosa aid etdiyi həyatverici funksiyaya və yaradıcı gücə malik olan Dərrakə əbədi olaraq mövcud idi.

Lakin dərrakə ideyası bununla da bitmədi. Əhdi-Ətiqlə Əhdi-Cədid arasındakı dövrdə insanlar Hikmət ədəbi janrında əsərlər yaratmağa davam edirdilər. Həmin əsərlərdə o qədər müdriklik və o qədər zəngin insan təcrübəsi toplanmışdı ki, onlar həyatda əvəzolunmaz bələdçi rolunu oynayırdılar. Xüsusilə, Apokrifə daxil olan, lakin hər kəs üçün faydalı olacaq ən böyük İki kitab yazılmışdır.

a) Onlardan biri Sirax oğlu Yeşuanın hikmət kitabı adlanır. Allahın yaradıcı və əbədi hikməti anlayışı da bu kitabda aydın şəkildə öz əksini tapmışdır.

«Dənizin qumunu, yağış damlalarını, əbədiyyətin günlərini kim saya bilər? Səmanın hündürlüyünü, yer üzünün genişliyini, dənizin dərinliyini və hikməti kim tədqiq edə bilər? Hər şeydən əvvəl hikmət yarandı, ağlın mühakiməsi daim mövcuddur» (Sirax 1:2-4).

«Mən Uca Olanın ağzından çıxıb gəldim, Yer üzünü duman kimi örtdüm. Yüksəklərdə məskən saldım, taxtım bulud dirəyinin üstündə idi. Təkbaşına göy qübbəsini əhatə etdim, dibsiz dərinlikdə dolaşdım» (Sirax 24:3-5).

«Əbədiyyətdən bəri, başlanğıcda O, məni yaratdı, mən əbədiyyətə qədər bitibtükənməyəcəyəm» (Sirax 24:10).

Biz burada dərrakəni yaradılış günlərində və zamanın başlanğıcında Allahın yanında olan əbədi, yaradıcı qüvvə kimi görürük.

b) Sirax oğlu Yeşuanın hikmət kitabı eramızdan əvvəl təxminən 100-cü ildə İsraildə yazılmışdır.

Təxminən eyni vaxtda Misirin İsgəndəriyyə şəhərində Süleymanın hikmət kitabı adlanan eyni dərəcədə başqa böyük bir kitab yazılmışdır. O, hikmətin ən böyük təsvirini verir. Hikmət — insanların Allahla ünsiyyətə girdiyi bir xəzinədir (Süleymanın hikmət kitabı 7:14); Müdriklik hər şeyin yaradıcısıdır (Süleymanın hikmət kitabı 7:22); o, Allahın qüdrətinin nəfəsi və Külli-İxtiyarın izzətinin zahir olmasıdır (Süleymanın hikmət kitabı 7:25); o, hər şeyi edə bilir və hər şeyi yeniləyir (Süleymanın hikmət kitabı 7:27).

Amma müəllif təkcə hikmətdən danışmır. O, hikməti kəlamla eyniləşdirir. Onun nəzərində, hikmət kəlamla eynidir. O, bir cümlə ilə həm Allahın hikməti, həm də Allahın kəlamından eyni mənada istifadə edərək danışa bilər. O, duada Allaha belə müraciət edir: «Hər şeyi Sözlə yaradan və müdrikliyi ilə insanı yaradan ey əcdadlarımın Allahı və mərhəmət Sahibi» (Süleymanın hikmət kitabı 9:2).

O, Kəlam haqqında Yəhyanın sonralar deyəcəyi şəkildə danışır.

«Zira hər yer sükuta qərq olanda, gecə yarısına çatanda, göydəki padşah taxtlarından məhv olmuş yerə Sənin qüdrətli Sözün endi; Sənin dəyişməz əmrin nəhəng bir döyüşçü kimi, iti qılınc kimi zahir oldu və hər şeyi ölümlə doldurdu: o, göyədək çatırdı və yer üzünü dolandı» (Süleymanın hikmət kitabı 18:14-16).

Süleymanın Hikmət Kitabının müəllifi üçün dərrakə Allahın əbədi, yaradıcı gücüdür, hikmət və kəlam eyni şeydir. Dərrakə və kəlam dünyanın yaranmasında Allahın əlində alət olub və vasitəçi rolunu oynayıb, Allahın iradəsini həmişə insanların qəlbinə və zehninədək çatdırıb.

Beləcə Yəhya Məsihin yolunu təqdim etmək üçün bir yol axtararkən gördü ki, onun inancında və xalqının tarixində artıq Kəlam ideyası var. Elə bir kəlam ki özlüyündə sadəcə səs deyil, Allahın yer üzünü yaratdığı, dinamik hərəkət edən Allahın sözüdür. Tarqumidə (Müqəddəs Kitabın aramicə tərcüməsi) Kəlam kimi qeyd olunan söz Allahın hərəkət etməsini ifadə edir; Hikmət kitablarında olan dərrakə — Allahın əbədi, yaradıcı və işıq salan gücünü ifadə edir.

Beləliklə, Yəhya deyir: «Əgər siz Allahın Kəlamını görmək istəyirsinizsə, Allahın yaradıcı gücünü görmək istəyirsinizsə, yer üzünü yaradan, hər kəsə işıq və həyat verən Kəlamı görmək istəyirsinizsə, onda İsa Məsihə baxın. Onun vasitəsilə Allahın Kəlamı yanınıza gəldi».

YUNAN DÜNYAGÖRÜŞÜNDƏ TARİXİ KÖKLƏR

Biz gördük ki, Yəhyanın qarşısında yunan dünyasına Məsihin yolunu necə təqdim etmək problemi dururdu.

Gəlin Kəlam ideyasının yunan dünyagörüşünə necə uyğun gəldiyinə baxaq. Sən demə, bu ideya onlarda artıq çoxdan mövcud idi və onlar onun tətbiq edilməsini gözləyirdilər. Kəlam ideyası eramızdan əvvəl təxminən 560-cı ildə yunan dünyagörüşündə, məhz dördüncü Müjdənin yazıldığı Efes şəhərində yaranıb.

O dövrdə Efesdə filosof Heraklit yaşayırdı. Onun əsas ideyası hər şeyin keçici, hər şeyin dəyişkən olması idi: hər şey günbəgün, anbaan dəyişilir. Nümunə olaraq o, iki dəfə girilməsi mümkün olmayan məşhur çayı göstərirdi. Siz çaya girib-çıxırsınız, sonra yenidən çaya girirsiniz, amma daha həmin çaya girə bilməzsiniz, çünki girdiyiniz su artıq axıb gedib. Heraklitə görə, hər şey davamlı olaraq axır və dəyişir. Əgər belədirsə, onda niyə həyat xaosa dönməyib? Belə davamlı hərəkət edən və dəyişən dünyanın nə mənası var? Heraklit buna belə cavab vermişdir: bütün bu dəyişiklik təsadüfən baş vermir. Bu dəyişiklik idarə olunur və yönləndirilir və həmişə hansısa sxemə tabe olur. Həmin sxemlər isə, Heraklitə görə, loqosla, kəlamla və Tanrının biliyi ilə tənzimlənir. Heraklitə görə, loqos kainatın bu gün mövcud olduğu nizamı müəyyən edir; lakin Heraklitə görə, bu nizam təkcə fiziki cisimlər aləmində deyil, həm də dünyadakı hadisələrdə də mövcuddur. Onun fikrincə, bu dünyada heç nə boş yerə baş vermir, bütün hadisələrin bir məqsədi, planı var. Bəs bütün bu hadisələri idarə edən nədir? Cavab yenə eyndir — loqos.

Ancaq Heraklit daha irəli gedir. Bəs nəyin yaxşı, nəyin pis olduğunu daxilimizdə bizə göstərən nədir? Bizə düşünmək və fikir yürütmək imkanını verən nədir? Bizə həqiqəti görəndə düzgün olanı etməyə və həqiqəti dərk etməyə imkan verən nədir? Heraklit yenə də eyni cavabı verir. Ağıl, həqiqəti bilmək, yaxşını pisdən ayırmaq bacarığını insana onun daxilindəki loqos verir. Heraklit belə hesab edirdi ki, təbiət və hadisələr aləmində «hər şey loqosa uyğun baş verir» və hər bir insanda «həqiqəti loqos müəyyən edir». Loqos dünyanı və hər bir insanı istiqamətləndirən Allahın ağlından başqa bir şey deyil.

Bu ideyanı kəşf etdikdən sonra yunanlar artıq ondan əl çəkmirdilər. Bu ideya onları, xüsusən də stoikləri valeh edirdi. Stoiklər dünyada mövcud olan nizama heyran olmuşdular.

Nizam-intizam həmişə ağıla əsaslanır. Stoiklər sual verirdilər: «Görəsən, ulduzları dövr etdirən nədir? Dənizin suyunun axmasına səbəb nədir? Gecə ilə gündüzün daimi növbələşməsi nədən qaynaqlanır? Fəsillərin vaxtında başlamasını necə izah etmək olar?»

Onlar buna belə cavab verirdilər: «Hər şeyi Allahın loqosu idarə edir. Loqos — dünyaya xaos əvəzinə məna və nizam gətirən qüvvədir. Loqos — dünyanı hərəkətə gətirən və bu hərəkəti mükəmməl nizamda saxlayan qüvvədir». Stoiklər deyirdilər: «Loqos hər şeyə nüfuz edir».

Ancaq yunan dünyagörüşündə daha bir ad var ki, onunla tanış olmalıyıq. İsgəndəriyyədə Filon adlı bir yəhudi yaşayırdı. O, ömrünü iki dünyanın — yunan və yəhudi dünyasının hikmətinin öyrənilməsinə həsr etmişdir. Yunanların arasında yəhudilərin Müqəddəs Yazılarını onun kimi yaxşı bilən yox idi. Eynilə heç bir yəhudi yunan düşüncə tərzini onun qədər yaxşı bilmirdi.

Filon da loqos, kəlam, Allahın hikməti ideyasını sevir və istifadə edirdi. Onun fikrincə, dünyada loqosdan daha qədim heç nə yoxdur və loqos dünyanı yaratmaq üçün Allahın əlində bir vasitə idi. Filon deyirdi ki, loqos Tanrının kainata həkk olunmuş düşüncəsidir. Loqos vasitəsilə Tanrı dünyanı və dünyadakı hər şeyi yaratdı. Allah kainatın sükançısıdır. O, loqosu sükan kimi tutur və hər şeyi onun vasitəsilə idarə edir. Filona görə, loqos insan beyninə də həkk olunub, insana ağıl, düşünmək və dərk etmək qabiliyyəti verir. Filon deyirdi ki, loqos dünya ilə Tanrı arasında vasitəçidir. Loqos insanın canını Allaha təqdim edən kahindir. Yunan fəlsəfəsi loqos haqqında hər şeyi bilirdi. Bu fəlsəfə loqosda Allahın yaradıcı və yönləndirici gücünü, kainatı yaradan vasitəni və onun sayəsində həyat və hərəkətin qorunub saxlandığını görürdü.

Budur, Yəhya yunanların yanına gəlib dedi: «Siz əsrlər boyu loqos haqqında, dünyanı yaradan və onda nizam-intizamı saxlayan qüvvə haqqında düşünürdünüz; insana zəka, düşünmək qabiliyyəti verən qüvvə haqqında fikirləşirdiniz; insanların Allahla münasibət qurduğu güc haqqında xəyal edirdiniz. İsa Məsih yer üzünə enmiş məhz həmin Loqosdur». O dedi: «Kəlam bəşər olub». Bunu belə ifadə edə bilərik: «Allahın hikməti insan cildində təcəssümünü tapdı».

YƏHUDİLƏR VƏ YUNANLAR

Beləliklə, yəhudilərin və yunanların düşüncəsində dünyanı yaradan və ona məna verən loqos, Tanrının hikməti anlayışı var idi. Budur, müjdəçi Yəhya yəhudilərə və yunanlara üz tutub, onlara Allahın bu yaradıcı, maarifləndirici, rəhbər və dəstəkləyici hikmətinin yer üzünə İsa Məsihdə gəldiyini söylədi. O gəldi ki, insanlara qaranlıqda dolaşmalarının və axtarış aparmalarının lüzumsuz olduğunu söyləsin. Allahın ağlını görmələri üçün onların İsaya baxmaları kifayət idi.

ƏBƏDİ KƏLAM (Yəhya 1:1-2)

Yəhyanın Müjdəsinin başlanğıcı o qədər əhəmiyyətli və o qədər dərin məna ilə doludur ki, hər ayəni növbə ilə öyrənməli olacağıq. Yəhyanın əsas ideyası odur ki, İsa Məsih — həyat və işıq verən Allahın yaradıcı Kəlamıdır. O, bu dünyanı yaradan və qoruyub-saxlayan Allahın insan bədənində yer üzünə enmiş qüdrətidir.

Burada, lap əvvəldə Yəhya Kəlam, yəni İsa haqqında üç fikir söyləyir.

1. Kəlam əzəldən mövcud idi. Yəhyanın bu fikri Müqəddəs Kitabın birinci ayəsinə istinad edir. «Başlanğıcda Allah göyləri və yeri yaratdı» (Yaradılış 1:1). Yəhya bunu belə deyir: «Kəlam yaradılışa aid deyil; Kəlam yaradılışdan əvvəl mövcud idi; Kəlam zamanla yaranmış dünyanın bir hissəsi deyil; Kəlam əbədi olub, zamanın və dünyanın başlanğıcından əvvəl Allahla birlikdə idi». Bununla Yəhya Məsihin əbədiliyi haqqında düşünürdü. Əbədiyyət ideyası və onu dərk etmək bəzi çətinliklər yaradır. Amma buna baxmayaraq, bu ideya çox sadə, praktik və heyrətamiz bir fikri ehtiva edir: əgər kəlam zamanın başlanğıcından əvvəl Allahla birlikdə idisə və Allahın Kəlamı kainatın əbədi sxeminin ayrılmaz hissəsidirsə, bu o deməkdir ki, Allah həmişə İsa kimi olub. Bəzən biz Allahı sərt və intiqam alan kimi təsvir edirik. Bizə elə gəlir ki, İsanın etdikləri Allahın qəzəbini məhəbbətə çevirdi və Onun insanlara münasibətini dəyişdirdi. Əhdi-Cədiddə Allahın belə təsvirinə dair heç bir eyham yoxdur. Bütün Əhdi-Cədid, xüsusilə də Yəhyanın Müjdəsinin bu hissəsi bizə deyir ki, Allah həmişə İsa kimi olub və İsa Məsih elə bir pəncərə açıb ki, biz Allahın əbədi və dəyişməz məhəbbətini görə bilək.

Onda sual yaranır: «Bəs Əhdi-Ətiqdə oxuduğumuz bəzi hissələr necə olsun? Bəs Allahın bütün şəhərləri yerlə-yeksan etmək, kişiləri, qadınları və uşaqları məhv etmək əmrindən bəhs edən ayələr necə olsun? Bəs Müqəddəs Yazıların qədim hissələrində Allahın qəzəbi və qısqanclığı haqqında oxuduqlarımız barədə nə demək olar?» Buna belə cavab vermək olar ki, dəyişən Allah deyil, insanların Onun haqqında bilikləri idi. Onun barəsində belə yazan insanlar idi, çünki onlar bundan yaxşı heç nə bilmirdilər. O dövrdə onların bilikləri ancaq bu qədər idi.

Uşaq bir mövzunu mərhələlərlə öyrənir. O, tam biliyə birdən-birə yiyələnmir, başa düşdüyü ilə başlayır, sonra yavaş-yavaş irəli gedir. O, musiqini anlamağa başlayanda Baxın müqəddimə və fuqalarından10 deyil, daha sadə bir şeydən başlayır və biliyi artana qədər müxtəlif mərhələlərdən keçir. Eynilə insanların Allahla da münasibətləri belə idi. Onlar əvvəlcə Allahın varlığını və Onun etdiklərini təxmin edə və anlaya bilirdilər. Yalnız İsanın gəlişi ilə onlar Allahın həmişə necə olduğunu tam və mükəmməl şəkildə görə bildilər.

Deyilənə görə, bir dəfə kiçik bir qıza Əhdi-Ətiqin qəddar hekayələrindən birini oxuyurmuşlar. Qız hekayəni dinlədikdən sonra demişdi: «Axı bütün bunlar Allah məsihçi olmamışdan əvvəl baş verib». Əgər biz də bu mənada Kəlamın əzəldən mövcud olması haqqında Yəhyanın fikirlərini oxusaq, onda başa düşərik ki, bununla o, Allahın həmişə «məsihçi» olduğunu nəzərdə tutur. O bizə deyir ki, Allah həmişə İsa kimi olub, İsa kimidir və Onun kimi də olacaq. Lakin insanlar bunu İsa gələnədək dərk edə bilmirdilər.

2. Yəhya daha sonra deyir: «Kəlam Allahla birlikdə idi». O, bununla nə demək istəyir? O demək istəyir ki, Kəlam və Allah həmişə bir-biri ilə sıx bağlı olub. Sadə dillə desək, İsa ilə Allah arasında həmişə qırılmaz bağ olub. Bu o deməkdir ki, İsadan başqa heç kim bizə Allahın Kim olduğunu, Allahın bizimlə bağlı iradəsinin nə olduğunu, Allah sevgisinin, Allahın qəlbinin və ağlının necə olduğunu deyə bilməz.

İnsanların həyatından sadə bir analogiya götürək.

Əgər bir insanın bir şey haqqında nə düşündüyünü, nə hiss etdiyini bilmək istəyiriksə, özümüz də ona yaxınlaşıb bu barədə soruşa bilmiriksə, onda onu az-çox tanıyana deyil, onun ən yaxın dostu olan birinə müraciət edirik. Çünki bilirik ki, yalnız həmin yaxın adam maraqlandığımız şəxsin düşüncələrini, hisslərini bizə izah edə biləcək.

Yəhya da İsa haqqında eyni şeyi deyir. O deyir ki, İsa həmişə Allahla birlikdə idi. Gəlin insani nöqteyi-nəzərdən baxaq, çünki biz ancaq bu nöqteyi-nəzərdən dərk edə bilirik. Yəhya bəyan edir: «İsa Allaha o qədər yaxın idi ki, Allahın Ondan heç bir gizli sirri yox idi. Buna görə də kainatda yalnız İsa Məsih bizə Allahın Kim olduğunu və Onun bizə necə yanaşdığını açıqlaya bilər.

3. Sonda Yəhya Kəlamın Allah olduğunu deyir. Bu ifadəni başa düşmək bizim üçün çətindir. Həm də ona görə çətindir ki, onun yazıldığı yunan dilində Azərbaycan dilindən fərqli ifadə üsulları var. Yunan dilində isim, demək olar ki, həmişə müəyyən artikllə işlədilir. Yunan dilində Tanrı — tvoye deməkdir, müəyyən artikl isə ho-dur. Yunan dilində Tanrıdan söhbət gedəndə, təkcə teos sözü işlədilmir, həm də ho tvoye işlədilir. Yunan dilində isim müəyyən artiklsiz işlədiləndə, həmin isim daha çox sifətə çevrilir. Yəhya isə demir ki, bu söz ho teos idi. Belə olan halda, həmin sözün Allahla eyni olduğunu, Allahla bir olduğunu bildirir. O deyir ki, Kəlam teos idi, yəni müəyyən artikl olmadan işlədilirdi. Bu da o deməkdir ki, Kəlam xarakter, xüsusiyyətlərinə görə, mahiyyətcə və varlıq baxımından Tanrı ilə eyni idi. Yəhya Kəlamın Allah olduğunu söyləyərkən, İsanın Allahla birlikdə olduğunu demir. O deyir ki, İsa ağıl, qəlb və varlıq baxımından Allaha o qədər bənzəyir ki, biz Onda Allahın necə olduğunu görürük. Beləliklə, Yəhyanın Müjdəsinin lap əvvəlində deyilir ki, Allahın necə olduğu Onun insanlara qarşı olan bütün hissləri və istəkləri İsa Məsih vasitəsilə açılır.

HƏR ŞEYİN YARADICISI (Yəhya 1:3)

Yəhyanın dünyanın necə yaradıldığını bu qədər xüsusi vurğulaması qəribə görünə bilər. Həmçinin Yəhyanın İsanın yaradılışla əlaqəsini bu qədər güclü vurğulaması da qəribə görünə bilər. Amma bu, o dövrün dünyagörüşünün müəyyən cərəyanları ilə əlaqədar olaraq zəruri idi.

Yəhyanın dövründə məsihçiliyə intellektual və fəlsəfi yanaşma ilə səciyyələnən qnostisizm adlanan geniş yayılmış bidət var idi. Qnostiklər məsihçi kimi sadəcə iman etməyi yetərsiz hesab edirdilər. Onlar Məsihin yolunu bir növ fəlsəfi sistemə çevirməyə çalışırdılar. Onları bu dünyada günah və pisliyin, kədər və iztirabın mövcudluğu narahat edirdi. Bütün bunları izah etmək üçün onlar öz nəzəriyyələrini yaratmışdılar. Bu nəzəriyyə belə səslənirdi: başlanğıcda bir tərəfdən Allah, digər tərəfdən materiya mövcud idi. Qnostiklərə görə, materiya əzəldən mövcud olub və dünyanın yaradıldığı xammalı təmsil edirdi. Qnostiklərin fikrincə, bu əzəli materiya qeyri-kamil və pisliklərlə dolu idi. Başqa sözlə, bu dünyanın pis başlanğıcı var idi, yəni o, təməlində pislik olan toxumdan yaradılmışdır.

Lakin qnostiklər bununla da kifayətlənmədilər. Onlar deyirdilər ki, Allah pak Ruhdur. Pak Ruh isə pis heç nəyə, xüsusilə də qeyri-kamil materiyaya toxuna bilməz. Buna görə də Allah dünyanı yaratmaq işini təkbaşına yerinə yetirə bilməzdi.

Qnostiklərin sözləri ilə desək, Allah hər biri Ondan getdikcə uzaqlaşan bir sıra emanasialar yayırdı. Bu emanasiyalar Ondan uzaqlaşdıqca, Allah haqqında daha az məlumat ötürməyə başladı. Elə bir həddə gəlib çatdı ki, artıq Allah haqqında heç bir informasiya ötürə bilmirdi. Getdikcə nəinki Allah haqqında bilir, hətta Ona düşmən kəsildi. Sonda bu emanasiya silsiləsində Allah haqqında heç nə bilməyən və Ona tamamilə düşmən olan biri meydana gəldi. Dünyanı yaradan qüvvə də məhz həmin emanasiya oldu. O, Allahdan o qədər uzaqlaşmışdı ki, pis və qeyri-kamil materiyaya toxuna bildi: yaradan-tanrı həqiqi Tanrıdan son dərəcə uzaq idi və Ona qarşı qatı düşmən idi.

Lakin qnostiklər daha da irəli getdilər. Onlar yaradan-tanrını Əhdi-Ətiqin Allahı ilə eyniləşdirirdilər və hesab edirdilər ki, yaradan-tanrı İsa Məsihin Atası olan Allahdan tamamilə fərqlidir, Onun haqqında heç nə bilmir və Ona qarşı düşməndir. Yəhyanın dövründə bu cür inanclar geniş yayılmışdı. İnsanlar dünyanın pis olduğuna və onu pis Tanrının yaratdığına inanırdılar. Budur, Yəhya bu təlimlərə qarşı mübarizədə iki əsas məsihçi həqiqətini izah edir. Allahın yaratdığı dünyadan tamamilə uzaq olması və Özünü təcrid etməsi ideyasına görə Əhdi-Cədid İsa Məsihin yaradılışla əlaqəsinə dəfələrlə istinad edir. Kolosselilərə 1:16-da həvari Paul yazır: «Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey — taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı». İbranilərə məktubun müəllifi yazır ki, Allah kainatı Oğul vasitəsilə yaratmışdı (İbranilərə 1:2).

Yuxarıda deyilənlərlə əlaqədar olaraq iki böyük həqiqəti qeyd etmək lazımdır.

1. Məsihçilik həmişə inanıb ki, dünya yoxdan yaradılıb. Biz ona inanmırıq ki, Allah dünyanı yaradan zaman Ona yad olan pis materiya ilə işləməli idi. Biz inanmırıq ki, dünyanın başlanğıcında hansısa bir pislik və ya qüsur var idi. Biz inanmırıq ki, dünyanın başlanğıcında həm Allah, həm də başqa bir şey dayanır. Biz inanırıq ki, hər şeyin arxasında yalnız və yalnız Allah dayanır.

2. Məsihçilik həmişə inanıb ki, bu dünya — Tanrının dünyasıdır. Allah heç də dünyadan uzaqlaşmayıb və təcrid olunmayıb. Əksinə, O, dünyaya yaxından bağlıdır. Qnostiklər dünyada hökm sürən pisliyin günahını onun yaradıcısının boynuna atmağa çalışırdılar. Məsihçilik isə dünyanın pisliklərinin insanın günahı ilə əlaqəli olduğuna inanır. Ancaq günah dünyaya böyük zərər versə də və onun ola biləcəyi kimi olmasına mane olsa da, biz bu dünyaya xor baxa bilmərik, çünki o, həqiqətən də, Allahın yaratdığı dünyadır. Bu həqiqət bizə dünyanın dəyərli olduğunu və onun üçün yeni məsuliyyət hissi aşılayır.

Böyük şəhərdən bir günlüyə kəndə aparılmış qız haqqında hekayə var. Qız meşədə zəngçiçəyini görəndə soruşur: «Sizcə, bir neçə çiçək dərsəm, Allah mənə qəzəblənməz ki?» Bu, Tanrının dünyasıdır və Allaha məxsusdur. Orada hər şey həmişəki kimi öz axarı ilə davam edir. Buna görə də hər şeyin Allaha məxsus olduğunu xatırlayaraq, Onun yaratdıqlarından istifadə edə bilərik.

Məsihçiyə görə, dünya cahil və düşmən bir tanrı tərəfindən yaradılmayıb. Məsihçi bu dünyanı vəsf edir və Allahın hər yerdə, hər şeydə olduğunu unutmur. Məsihçi inanır ki, bu dünyanı yenidən bərpa edən Məsih dünyanın ilkin yaradılışında Allahın əməkdaşı idi və satınalma aktında Allah Ona məxsus olanı Özünə qaytarmaq istəyir.

HƏYAT VƏ NUR (Yəhya 1:4)

Bəzən bəstəkar böyük musiqi əsərini çatdırmaq istədiyi mövzu ilə başlayır. Yəhya da burada eyni şeyi edir. Həyat və işıq — budur, dördüncü Müjdənin üzərində qurulduğu iki böyük söz. Bunlar Müjdənin müəllifinin açıqlamaq və genişləndirmək istədiyi iki əsas mövzudur. Gəlin onlara daha yaxından nəzər salaq.

Dördüncü Müjdə həyat sözü ilə başlayır, həyat sözü ilə də bitir. Müjdənin əvvəlində oxuyuruq ki, həyat İsada idi. Sonda isə oxuyuruq ki, Müjdə «siz İsanın Məsih — Allahın Oğlu olduğuna inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız» (20:31). Həyat sözü daim İsanın dilində idi. O, insanların həyata malik olmaq üçün Onun yanına gəlmək istəmədiklərinə görə təəssüflənir (5:40). O, bəyan edir ki, dünyaya insanların həyata və bol həyata malik olması üçün gəlib (10:10). İsa deyir ki, O, insanlara əbədi həyat verir, onlar heç vaxt həlak olmayacaq və heç kim onları İsanın əlindən qapmayacaq (10:28). O, yol, həqiqət və həyatdır (14:6). Dördüncü Müjdədə həyat (coe) sözü otuz beş, yaşamaq və ya həyata malik olmaq ifadəsi (cen) on beş dəfədən çox işlədilir. Beləliklə, Yəhya həyat sözü ilə nə demək istəyir?

1. O, hesab edir ki, həyat — məhvolmanın, məhkumluğun və ölümün əksidir. Allah Öz Oğlunu ona görə göndərdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun (3:16). İsanın sözünə qulaq asıb Onu Göndərənə iman edən şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq (5:24). Həyat üçün dirilənlər, mühakimə olunmaq üçün dirilənlərlə müqayisə olunur (5:29). İsanın əbədi həyat verdiyi şəxslər heç vaxt həlak olmayacaqlar (10:28). İsa insana həm bu həyata, həm də gələcək həyata əminlik verir. İsanı öz Xilaskarı kimi qəbul etməyən və Onu öz Padşahı kimi tanımayanlar, ümumiyyətlə, yer üzündə yaşadıqlarını hesab edə bilməzlər. Məsihsiz yaşayan insan sadəcə mövcuddur və həyatın nə olduğunu anlamır. Yalnız İsa həyata məna qata bilər, ölüm Onunla daha dolğun həyatın başlanğıcıdır. 

2. Yəhya İsanın Allahdan gələn həyatı verdiyinə tam əmindir. O, bütün Müqəddəs Kitabda olduğu kimi, yaşayan Allah ifadəsini dönə-dönə işlədir. İsanı göndərən Atanın iradəsi budur ki, Oğlu görən və Ona iman edən hər kəs əbədi həyata malik olsun (6:40). İsa həyat verəndir, çünki Ata Allah Ona Öz möhürünü vurub (6:27). İsa Allahın Ona verdiyi hər kəsə əbədi həyat verir (17:2). Bütün bunların arxasında Allah Özü dayanır. Allah sanki belə deyir: «Mən insanları yaratdım ki, onlar real, həqiqi həyata sahib olsunlar; günahları sayəsində onlar yaşamaqdan məhrum oldular və sadəcə mövcud oldular. Mən Oğlumu onlara göndərdim ki, həqiqi həyatın nə olduğunu görsünlər». 

3. Burada biz soruşmalıyıq: «Bəs bu həyat nədən ibarətdir?» Dördüncü Müjdədə yenə və yenə əbədi həyat ifadəsinə rast gəlirik. Bu ifadənin tam mənasını bir qədər sonra müzakirə edəcəyik. Hələlik isə bunu qeyd edək: əbədi sözünün mənasını çatdırmaq üçün Yəhya ayonios sözündən istifadə edir. Aydın məsələdir ki, burada həyat dedikdə sadəcə əbədi davam edən həyatdan söhbət getmir. Əbədi davam edən həyat dəhşətli lənət də ola bilər. Əbədi həyat uzun sürən ömürdən fərqli bir şey olmalıdır. Bu həyatın xüsusi keyfiyyəti olmalıdır. 

Həyat ancaq xüsusi bir həyat olduqda arzuolunan ola bilər. Problemin açarı budur: ayonios çox vaxt Allahı xarakterizə etmək üçün istifadə olunan sifətdir. Sözün həqiqi mənasında, yalnız Allahı ayonios, əbədi yaşayan adlandırmaq olar. Buna görə də əbədi həyat — Allahın yaşadığı həyat deməkdir. Beləliklə, İsa bizə Allahın yaşadığı həyatı təqdim edir. Əbədi həyat elə bir həyatdır ki, orada Allahın həyatındakı rahatlıq və qüdrət var. İsa insanlara əbədi həyat təklif etməyə gələndə, onları Allahın həyatını yaşamağa dəvət etdi. 

4. Yaxşı, bəs biz bu həyatı necə əldə edə bilərik? Biz onu İsa Məsihə iman vasitəsilə əldə edə bilərik. İman etmək (pisteveyn) sözünə dördüncü Müjdədə ən azı yetmiş dəfə rast gəlinir: «Oğula iman edən əbədi həyata malikdir» (3:36). İsa Məsih deyir: «Mənə iman edən əbədi həyata malikdir» (6:47). Allahın iradəsi budur ki, insanlar Onun Oğlunu görüb Ona iman etsinlər və əbədi həyata malik olsunlar (5:24). Yəhya iman etmək dedikdə nəyi nəzərdə tutur? O, iki məqamı nəzərdə tutur:

a) İsanın, həqiqətən, Allahın Oğlu olduğuna əmin olmaq; yəni biz bunu özümüz üçün kəşf etməliyik. Axı İsanın adi bir insan olduğunu etiraf etməklə, Onun tələb etdiyi şəkk-şübhəsiz itaəti göstərməyə heç bir səbəb olmayacaq. Bu sualın cavabını biz özümüz üçün müəyyənləşdirməliyik — O kimdir? Biz Onun Allahın Oğlu olduğu qənaətinə gələnə qədər Ona baxmalı, Onun haqqında öyrənməli, Onun haqqında düşünməliyik.

b) Amma imana ağılla yanaşmaq olmaz. İsaya iman etmək — Onun sözünə güvənmək, Onun əmrlərini vacib kimi qəbul etmək və Onun dediyi hər sözün həqiqət olduğuna qeyd-şərtsiz inanmaq deməkdir.

Yəhya üçün iman — İsanın Allahın Oğlu olduğuna tam əmin olmaqdır; Onun dediyi hər kəlmənin həqiqət olduğuna ürəkdən inanmaqdır; Onun sözünə güvənə biləcəyimizə və ona uyğun hərəkət edə biləcəyimizə inanmaqdır. Onda biz mövcud olmağı dayandırıb, əsl həyatı yaşamağa başlayırıq. Onda, sözün əsl mənasında, Həyatın nə olduğunu dərk edirik.

HƏYAT VƏ NUR (Yəhya 1:4 (ardı))

Yəhyanın Müjdəsindəki digər əsas söz — nurdur. Bu sözə dördüncü Müjdədə ən azı iyirmi bir dəfə rast gəlinir. İsa insanlar üçün nurdur. Vəftizçi Yəhya Məsihdə olan nur haqqında şəhadət etmək üçün göndərilmişdi. İsa iki dəfə Özünü dünyanın nuru adlandırır (8:12; 9:5). Bu nur insanlarla ola bilər (11:10); belə ki, onlar nurun oğulları ola bilərlər (12:36). İsa Məsih deyir: «Mən dünyaya nur olub gəldim» (12:46). Gəlin İsanın dünyaya gətirdiyi nurun nə olduğuna baxaq. Beləcə üç məqama diqqət yetirək.

1. İsanın gətirdiyi nur xaosu aradan qaldırır. Yaradılış hekayəsində deyilir ki, Tanrı (Allahın Ruhu) dünya yaradılmazdan əvvəl qaranlıq və formasız xaosun üzərində dolaşırdı, sonra isə belə dedi: «Qoy işıq olsun (Yaradılış 1:3). İsanın gəlişi ilə Allahın yaratdığı işıq yenidən xaosu aradan qaldırdı. Ona görə də İsa qaranlıqda parlayan nurdur (1:5). Yalnız O, həyatı xaosdan xilas edə bilər. Biz özlüyümüzdə öz ehtiraslarımızın təsiri altında qalırıq.

İsa həyata daxil olanda, Onunla birlikdə işıq gəlir. Qaranlıq qorxusu dünyanın ən qədim qorxularından biridir. Bir dəfə bir oğlan tanımadığı evdə gecələməli olur. Ev sahibəsi öz mehribanlığını nümayiş etdirərək yataq otağında işığı söndürməməyi təklif edir. Lakin uşaq nəzakətlə bu təklifdən imtina edir. «Fikirləşdim ki, — ev sahibəsi deyir, — bəlkə qaranlıqdan qorxursan». «Xeyir, — oğlan deyir, — bu, İlahi qaranlıqdır». İsa ilə birlikdə olanda gecə gündüz kimi parlaq olur.

2. İsanın gətirdiyi nur ifşa edəndir. İnsanların lənəti də məhz bundadır ki, onlar zülməti işıqdan daha çox sevirlər, çünki onların əməlləri pisdir. Pislik edən hər kəs isə nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf getməz (3:19-20). İsanın gətirdiyi nur hər şeyi olduğu kimi göstərir, onların maskasını çıxarıb, bütün çılpaqlığı ilə həqiqi xarakterini və həqiqi dəyərini göstərir.

Bir vaxtlar kinik-filosoflar deyirdilər ki, insanlar həqiqətə nifrət edirlər, çünki işıq xəstə gözü incitdiyi kimi, həqiqət də onları elə incidir.

Anglo-Sakson şairi Kedmonun (təxminən 680-ci ildə vəfat edib) bir şeirində Qiyamət günü ilə bağlı görüntü var: mərkəzdə qəribə al-qan rəngində işıq saçan, şüalarında hər şeyi olduğu kimi göstərən Çarmıx var. Zahirən olan hər şey, bütün maskalar qoparılıb və hər şey öz çılpaqlığı ilə aşkardır.

Biz özümüzə İsanın gözü ilə baxmayınca, özümüzü heç vaxt görə bilmərik; həyatımıza Onun gözü ilə baxmayınca, onun necə olduğunu heç vaxt bilməyəcəyik. İsa bizi özümüzə göstərməklə bizi Allaha yönəldir.

3. İsanın gətirdiyi nur — yol göstərən nurdur. Bu nura malik olmayan insan qaranlıqda dolaşır və hara getdiyini bilmir (12:36). Bu nura malik olan və onu qəbul edən insan artıq qaranlıqda dolaşmır (12:46). Bütün Müjdələrdə diqqətəlayiq bir məqam var — insanlar İsanın yanına «Mən nə etməliyəm?» sualı ilə gəlirlər. İsa insanın həyatına daxil olanda, insan təxmin etməyi və kor kimi gəzməyi dayandırır — şübhə, qeyri-müəyyənlik və tərəddüd dövrü keçib gedir. Qaranlıqdan keçən yol işıqlanır, hər bir problem aydınlaşır. İsa Məsihsiz biz naməlum qaranlıq yolda kor kimi yol axtarırıq. Onunla isə yolumuz aydınlanır.

DÜŞMƏN KƏSİLƏN QARANLIQ (Yəhya 1:5)

Burada Yəhyanın Müjdəsinin daha bir əsas sözü var — qaranlıq (skotos, scotia). Bu sözə Müjdədə yeddi dəfə rast gəlinir. Yəhyanın təsəvvüründə dünyada işıq qədər real olan qaranlıq da var.

1. Qaranlıq işığa düşməndir; işıq qaranlıqda parlayır. Amma qaranlıq nə qədər çalışsa da, onu söndürə bilmir. Günahda yaşayan adam qaranlığı sevir və işığa nifrət edir, çünki işıq çox şeyin üstünü açır.

Ola bilsin ki, Yəhya bu ideyanı kimdənsə götürüb. Gördüyümüz kimi, Yəhya Xoş Xəbəri insanlara çatdırmaq və onları Məsihə cəlb etmək üçün kimdənsə hansısa ideyanı götürməyə hazır idi. Həmin dövrdə İranın zərdüştilik dini insanların dünyagörüşünə böyük təsir göstərmişdir. Bu inancın əsası ondan ibarət idi ki, kainatda iki qüvvənin — işıq tanrısı Əhriman və qaranlıq tanrısı Hörmüzdün qarşıdurması dayanır. Zərdüştün (zərdüşt) fikrincə, kainat işıqla qaranlığın əbədi kosmik mübarizə apardığı döyüş meydanıdır: insanın bu mübarizədə hansı tərəfi seçməsi vacibdir.

Beləliklə, Yəhya deyir: «Dünyanın nuru olan İsa bu dünyaya gəldi. Onu məhv etmək, həyatdan məhrum etmək, Onun qarşısını kəsmək istəyən bir qaranlıq var. Lakin İsada böyük bir güc var: qaranlıq Ona nifrət edə bilər, amma Ondan heç vaxt qurtula bilməz». Necə ki haqlı olaraq deyilirdi: «Dünyanın bütün zülməti ən kiçik alovu belə söndürə bilməz». Yenilməz işıq sonda düşmən zülmətə qalib gələcək. Yəhya deyir: «Bu əbədi mübarizədə hansı tərəfi tutacağınızı seçin və çalışın düzgün seçim edəsiniz».

2. Qaranlıq yaxşılığa nifrət edənlərin rəmzidir. Pislik edən insanlar nurdan qorxurlar (3:19-20). Gizlin bir şeyi olan insan qaranlığı sevir, lakin Allahdan heç nə gizlin qala bilməz: Onun nuru bütün kölgələri yox edir və dünyanın gizli pisliklərini aşkara çıxarır.

3. Bəzi hissələrdə qaranlıq cəhaləti simvolizə edir, xüsusən də İsa Məsihin işığını rədd edən cəhaləti. İsa deyir: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq» (8:12).

O, şagirdlərinə deyir ki, qısa bir müddət də nur onların arasında olacaq. Nurda gəzsinlər ki, onları qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz (12:35). İsa deyir ki, O, dünyaya nur olub gəldi ki, Ona iman edən hər kəs qaranlıqda qalmasın (12:46). İsa Məsih olmasa, insan öz yolunu tapa bilməz, çünki hara getdiyini görmür. O, gözü bağlı ya da kor adama bənzəyir. İsa Məsih olmadan insan həyatını itirir. Böyük alman şairi və mütəfəkkiri Höte belə çağırış edirdi: «İşıq — daha çox işıq olsun!»

Sonunun yaxınlaşdığını hiss edən bir tokio qəbilə başçısı dostlarına dedi: «Şamları yandırın ki, öləndə görə bilim». İsa Məsih insana yol göstərən və bu yolun hər addımını işıqlandıran nurdur.

Bəzən Yəhya qaranlıq sözünü simvolik mənada işlədir. Belə olan halda, bu söz yer üzündəki gecənin qaranlığından daha böyük məna kəsb etməlidir. Yəhya İsa olmadan qayığa minən şagirdlərin Tiberiya dənizinin o biri sahilinə gedəndə, İsanın suyun üzərində necə gəzdiyindən danışır, sonda əlavə edir: «Qaranlıq düşmüşdü, amma İsa hələ onların yanına gəlməmişdi» (6:17). İsa olmasaydı, yalnız dəhşətli qaranlıq olardı. İsanın ölülərdən dirildiyi səhərdən və Onu sevənlərin Onun dirildiyini hələ dərk etmədiyi saatlardan danışan Yəhya belə deyir: «Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi» (20:1). Həmin vaxt o, İsanın əbədi olaraq tərk etdiyi bir dünyada yaşadığını düşünürdü. Belə bir dünya isə qaranlığa qərq olmuşdu. Axırıncı Şam yeməyi haqqında danışarkən Yəhya deyir ki, Yəhuda tikəni götürüb İsaya xəyanət etmək üçün dərhal otaqdan çıxdı. O, bu hadisəni dəhşətli simvolik sözlə çatdırır: «Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi» (13:30). Yəhuda həyatın qaranlığına qərq oldu. Həmin qaranlıq İsa Məsihə xəyanət etdi.

Həvari Yəhya üçün İsa Məsihsiz həyat qaranlıqda həyat demək idi. Qaranlıq Məsihsiz həyatı, xüsusən də Məsihdən üz döndərmiş həyatı simvollaşdırır.

Başqa hissəyə keçməzdən əvvəl daha bir məqamı qeyd edək. Müqəddəs Kitabda «bürüyə bilmədi» kimi tərcümə olunan söz (yunanca katalambaneyn) üç mənada istifadə edilə bilər.

a) Bu o mənanı verə bilər ki, qaranlıq heç vaxt işığı dərk etmədi. Müəyyən mənada dünyəvi insan Məsihin tələblərini və Məsihin təklif etdiyi yolu sadəcə başa düşə bilməz. Bütün bunlar ona axmaqlıq kimi görünür. İnsan Məsihi Ona təslim olmayana qədər başa düşə bilməz.

b) Bu o mənanı ifadə edə bilər ki, qaranlıq heç vaxt işığa qalib gəlməyib. Katalambaneyn — tutmaq, ələ keçirmək və sonda qalib gəlmək üçün uzun müddət təqib etmək mənasını verə bilər. Bu o deməkdir ki, dünyanın qaranlığı İsa Məsihi yox etmək üçün əlindən gələni etdi. Hətta Onu Çarmıxa çəkdi, lakin öldürə bilmədi. Bu, Çarmıxa çəkilmiş və sonda qalib olan Məsihə işarə ola bilər.

c) Bu söz alovu söndürmək mənasını ifadə edə bilər. Burada biz «bürüyə bilmədi» sözünü məhz bu mənada başa düşürük. İnsanlar Məsihdə Allahın işığını söndürmək üçün əllərindən gələni etsələr də, Onu məhv edə bilmədilər. İnsanların alovu söndürmək üçün bütün səylərinə baxmayaraq, hər nəsildə Məsihin işığı yenidən parlayır.

İSA MƏSİHİN ŞAHİDİ (Yəhya 1:6-8)

Qəribə olsa da, dördüncü Müjdədə hər dəfə Vəftizçi Yəhya xatırlananda, sanki onun rolu bir qədər kiçildilir. Amma bunun izahı var. Vəftizçi Yəhyanın səsi peyğəmbərin səsi idi. Son dörd əsr boyunca peyğəmbərlərin səsi eşidilmədi. Lakin Vəftizçi Yəhya vasitəsilə yenidən eşidildi. Bu səsi eşidən bəzi insanlar o qədər sevindilər ki, Vəftizçi Yəhyaya lazım olduğundan daha yüksək yer verdilər. Hətta Vəftizçi Yəhyanı hər kəsdən üstün tutan bir sektanın mövcudluğuna dair məlumatlar var. Bunun əks-sədasını biz Həvarilərin işləri kitabında 19:3-4-də görürük. Efesdə həvari Paul yalnız Yəhyanın vəftizini bilən insanlara rast gəldi. Xeyr, dördüncü Müjdənin məqsədi Vəftizçi Yəhyanı tənqid etmək və ya onun rolunu kiçiltmək deyildi. Məsələ burasındadır ki, müjdəçi Yəhya Vəftizçi Yəhyaya xüsusi yer verən, hətta onu İsa ilə bərabər tutan insanların mövcudluğu haqqında bilirdi. Buna görə də, Yəhya dördüncü Müjdə boyunca Vəftizçi Yəhyanın Allahın planında kifayət qədər yüksək mövqe tutduğunu, lakin İsa Məsihə tabe olduğunu vurğulayır. Burada müjdəçi Yəhya ehtiyatla qeyd edir ki, Vəftizçi Yəhya işıq deyildi, o, İşıq haqqında şəhadət etmək üçün göndərilmişdi (1:8). Müjdəçi Yəhya qeyd edir ki, Vəftizçi Yəhya özünün Məsih olduğunu və ya Musanın vəd etdiyi böyük peyğəmbər olduğunu inkar etdi (1:20). Yəhudilər İsanın təlim verməyə başladığını bildirmək üçün Vəftizçi Yəhyanın yanına gələndə, yəqin gözləyirdilər ki, Vəftizçi Yəhya onun fəaliyyət sahəsinə bu cür müdaxilədən qəzəblənəcək. Lakin dördüncü Müjdədə biz görürük ki, Vəftizçi Yəhya üstün mövqeyə malik olduğunu inkar edir və İsanın böyüməli, özünün isə kiçilməli olduğunu bəyan edir (3:25-30). Müjdəçi Yəhya qeyd edir ki, İsa insanları Allaha yönəltməkdə Vəftizçi Yəhyadan daha da uğurlu idi (4:1). O, İsanın bacardıqlarını Vəftizçi Yəhyanın edə bilmədiyi barədə insanların söylədiklərindən sitat gətirir (10:41).

Ola bilsin, İmanlı Cəmiyyətində Vəftizçi Yəhyaya çox yüksək yer vermək istəyən bir qrup insan var idi. Vəftizçi Yəhya bu cür düşüncələrə rəvac vermirdi, əksinə, insanlara bunun əksini təlqin edirdi. Lakin dördüncü Müjdənin müəllifi bu cərəyandan xəbərdar idi və onunla mübarizə aparmaq üçün addımlar atırdı. Bu gün də elə insanlar var ki, təbliğçiyə Məsihdən daha çox hörmət edirlər. Onların gözləri Padşahdan daha çox Allahın göndərdiyi elçisinə yönəlir. Baş verənlərdə Vəftizçi Yəhyanın günahı yox idi. Lakin müjdəçi Yəhya İsanın Ona aid birinci yerdən götürülməsinə qarşı tədbirlər görməyə qərar verdi.

Bu hissədə biz dördüncü Müjdənin başqa bir açar sözü ilə qarşılaşırıq — şəhadət etmək. Dördüncü Müjdənin müəllifi İsa Məsihin ən yüksək yerə aid olduğunu təsdiqləyən səkkiz şəhadəti bir-birinin ardınca gətirir.

1. Səmavi Atanın şəhadəti. İsa deyir: «Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi» (5:37). «...Məni göndərən Ata da Mənim barəmdə şəhadət edir» (8:18). İsa bununla nə demək istəyirdi? O, iki şeyi nəzərdə tuturdu.

Birincisi, Öz hisslərini. Onun ürəyində daim Allahın səsi danışırdı. Bu səs Onun kimlər üçün göndərildiyini və nə edəcəyi ilə bağlı heç bir şübhə yeri qoymurdu. İsa heç düşünmürdü ki, bu tapşırığı O Özü seçib. O, daxilən tam əmin idi ki, Allah Onu dünyaya insanlar üçün yaşamaq və onlar üçün ölməyə göndərib.

İkincisi, O, insanların nə hiss etdiyini nəzərdə tuturdu: insanlar Məsihlə görüşəndə ​​daxilən əmin olurlar ki, onların qarşısında Allahın Oğlu Özü durub. Tirell deyirdi ki, dünya «Çarmıxdakı qəribə Adamı» unuda bilmir. Məsihi unutmağa çalışsaq belə, nəzərlərimizi Ona yönəldən daxili qüvvə bizim ruhumuzda olan Allahın şəhadətidir. İsanın Allahın Oğlu və dünyanın Xilaskarı olduğunu söyləyən daxili səs bizim ruhumuzda əks-səda verən Allahın səsidir.

2. İsanın Özünün şəhadəti var. O, 8:18-də belə deyir: «Mən Öz barəmdə şəhadət edirəm». «Mən Öz barəmdə şəhadət etsəm də, şəhadətim etibarlıdır...» (8:14). O, bununla nə demək istəyir? Demək istəyir ki, Onun kim olduğuna ən gözəl dəlil Onun davranışı və əməlləridir. İsa iddia edirdi ki, O, nur, həyat, həqiqət və yoldur. O, Allahın Oğludur və Ata ilə birdir. O, bütün insanların Xilaskarı və Rəbbi olduğunu iddia edirdi. Əgər Onun həyatı başqa cür olsaydı və O, başqa xarakterə malik olsaydı, bu kimi ifadələr sadəcə olaraq şok təsiri yaradar və küfr hesab olunardı. Onun həyatı və davranışı iddialarının doğruluğunun ən yaxşı sübutu idi.

3. İsanın əməllərinə dair dəlillər də var. O deyirdi: «..Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər — indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir» (5:36). «Atamın adı ilə gördüyüm işlər Mənim barəmdə şəhadət edir» (10:25). İsa Filipə deyir ki, O, Ata ilə birdir, sonra əlavə edir: «Heç olmasa o işlərə görə inanın» (14:11). İnsanların faciəsi də elə onda idi ki, onlar İsanın işlərini görüb iman etmədilər (15:24). Burada qeyd etmək lazımdır ki, müjdəçi Yəhya İsanın işləri haqqında danışanda, təkcə Onun möcüzələrindən söz açmır, eyni zamanda Onun bütün həyatını nəzərdə tutur. O, təkcə İsanın möhtəşəm və qüdrətli anlar haqqında deyil, həm də gündəlik həyatındakı hər anı düşünür. İsa daima Allahla olmasaydı, böyük işlər görə bilməzdi. Eləcə də əksinə. Heç kim Allahda olmasa, Allah da onda olmasa, hər gün sevgi, mərhəmət, şəfqət, bağışlama, xidmət və yardımla dolu bir həyat yaşaya bilməz. Xeyr, bizim Məsihə aid olduğumuzu sübut edən möcüzələr deyil, hər günün hər dəqiqəsində məsihçi həyat tərzimizdir. Biz adi gündəlik əməllərimizlə Ona məxsus olduğumuzu sübut edirik.

4. Müqəddəs Yazılarda Onun barəsində şəhadətlər var. «Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir» (5:39); «Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb» (5:46). Filip əmin idi ki, o, Musanın Qanunda və peyğəmbərlərin kitablarında haqqında bəhs edilən Şəxsi tapıb (1:45). İsrailin bütün tarixi boyu insanlar Allahın göndərdiyi Məsihin gələcəyi günü xəyal edirdilər. Onlar artıq Məsihin gəlişini bütünlüklə təsvir edir və bu barədə öz fikirlərini yazırdılar. İndi isə bu arzular, təsvirlər və ümidlər, nəhayət, gerçəkləşdi. Dünyanın gözlədiyi həmin Şəxs gəldi.

5. Sonuncu peyğəmbərin — Vəftizçi Yəhyanın şəhadəti var. «O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin» (1:7-8). O, şəhadət etdi ki, Müqəddəs Ruhun İsanın üzərinə endiyini görüb. Peyğəmbərliyin zirvəsinə çatan Vəftizçi Yəhya bütün peyğəmbərlərin şəhadət etdiyi İsa haqqında şəhadət etdi.

6. İsanın ünsiyyət qurduğu insanların şəhadəti var. Samariyalı qadın Onun gələcəyi görə bildiyini və qüdrəti haqqında şəhadət etdi (4:39). Anadangəlmə kor insan Onun şəfa gücünə şəhadət etdi (9:25-38). İlk gündən Onun yanında olan insanlar etdiyi möcüzələr haqqında şəhadət etdilər (12:17). İsa Məsih mühakimə olunanda Ali Şuranın şahidlər axtardığına dair bir əfsanə var. Ali Şuraya bir izdiham gəldi. Onlardan biri belə dedi: «Mən cüzamlı idim, O məni sağaltdı». Başqa biri «Mən kor idim, O, gözlərimi açdı» dedi. Üçüncüsü isə «Mən kar idim, O mənə eşitmə qabiliyyətimi qaytardı» dedi. Lakin Ali Şura bu cür sübutları eşitmək istəmirdi. Bütün əsrlər, bütün nəsillər boyu Məsihin onlar üçün etdiklərinə şəhadət etməyə hazır olan çoxlu insanlar olub.

7. Həvarilərin, xüsusilə dördüncü Müjdənin müəllifinin də şəhadətləri var. İsa şagirdlərinə dedi: «Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz» (15:27). Müjdənin müəllifi şəxsən şəhadət edir və söylədiyi hər sözün doğruluğuna zəmanət verir. O, Çarmıxa çəkilmə haqqında belə yazır: «Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur...» (19:35). Həmin şagird deyir: «Bu hadisələrə şəhadət edərək bunları yazan həmin şagirddir» (21:24). Yəhya kimdənsə eşitdiklərini deyil, şəxsən gördüklərini və yaşadıqlarını danışır. Ən yaxşı şahid «Doğrudur, mən öz təcrübəmdən bilirəm» deyə bilən adamdır.

8. Müqəddəs Ruhun şəhadəti var. «Atadan sizə göndərəcəyim Vəsatətçi... həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək» (15:26). Yəhyanın Birinci Məktubunda deyilir: «Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir» (1Yəhya 5:6). Yəhudi təfəkküründə Ruhun iki funksiyası var: Müqəddəs Ruh Allahın həqiqətini insanlara çatdırır və onlar bu həqiqəti görəndə onlara onu dərk etmək qabiliyyəti verirdi. Məhz Müqəddəs Ruh bizə İsanı tanımağa və Onun bizim üçün nə edəcəyinə inanmağa kömək edir.

Yəhya bu Müjdəni ona görə yazdı ki, İsa Məsihin insanlara tam açılmış Allahın ağlı olduğunu təkzibedilməz şəkildə sübut etsin.

HƏR BİR İNSANI İŞIQLANDIRAN NUR (Yəhya 1:9)

Bu ayədə Yəhya İsanı xarakterizə etmək üçün çox vacib bir sözdən istifadə edir: o, İsanı həqiqi Nur adlandırır. Yunan dilində buna oxşar iki söz var. Müqəddəs Kitabda bu sözlərin hər ikisi həqiqi kimi tərcümə olunub. Lakin onlar məna baxımından bir qədər fərqlidir. Onlardan biri alefesdir. Bu söz doğru, düzgün, səhvin əksi mənasını verir. Məsələn, düzgün ifadə, xəbər mənasında işlənir. Digər söz alefinosdur. Bu söz saxtaya əks olan real, həqiqi və əsl mənasını verir.

Beləliklə, Yəhya deyir ki, İsa hər bir insanı işıqlandırmaq üçün dünyaya gələn həqiqi nurdur. İsa gəlməmişdən əvvəl insanlar başqa işıq mənbələrinin ardınca gedirdilər: bu mənbələr həqiqətin zəif parıltısı və ya reallığın cüzi əlaməti idi. Digər mənbələr isə insanların təxəyyülünün bəhrəsi olub, onları qaranlığa sürükləyirdi. Bu gün də belədir: sayrışan və saxta işıq olur. İnsanlar hələ də belə işığın ardınca gedirlər. İsa həqiqət yoluna yönəldən yeganə həqiqi Nurdur.

Yəhya deyir ki, İsanın gəlişi insanlara həqiqi işıq gətirdi. İsanın gəlişi şəfəq saçan işıq kimi, günəş doğması kimi idi. Səyahətçilərdən biri danışırdı ki, bir dəfə o, Neapol körfəzinin üstündəki təpədə dayanmışdı: çox qaranlıq idi, heç nə görünmürdü. Birdən şimşək çaxması ilə hər yer işıqlandı. İsa da dünyaya gecənin qaranlığını aydınladan İşıq kimi gəldi.

1. İsanın gəlişi şübhə kölgələrini dağıtdı. Onun gəlişindən əvvəl insanlar Allahı yalnız təxmin edə bilirdilər. Qədimdə yaşayan bir yunan belə demişdi: «Tanrı haqqında nəsə öyrənmək çətindir. Nəsə öyrənəndə isə bu barədə kiməsə danışmaq mümkün deyil». Bütpərəstlərə görə Allah ya zülmət qaranlıqda, ya da heç kimin yaxınlaşa bilməyəcəyi bir nurda yaşayırdı. İsa gələndə isə insanlar Allahın əslində necə olduğunu gördülər: kölgələr və duman dağıldı, təxminlər və qeyri-müəyyənlik dövrü bitdi. Beləcə əsl işıq gəldi.

2. İsanın gəlişi ümidsizlik kölgələrini dağıtdı. İsanın gəldiyi dünya ümidsizliklə dolu idi. Roma filosofu Seneka deyirdi: «İnsanlar hətta ən adi işlərdə belə aciz olduqlarının fərqindədirlər». İnsanlar səbirsizliklə yuxarıdan bir əlin enib onlara kömək edəcəyini gözləyirdilər. «Onlar öz günahlarına nifrət edirlər, lakin onlardan ayrıla bilmirlər». Onların nə vaxtsa özlərini, ya da dünyanı düzəldə biləcəklərinə ümidləri yox idi. İsa Məsihin gəlişi ilə həyata yeni bir güc gəldi. İsa təkcə bilik deyil, həm də qüdrət gətirdi. O, nəinki düz yolu göstərdi, həm də insanlara bu yolla getməyə güc verdi. O, insanları nəinki doğru yola yönəltdi, həm də mümkün olmayanı mümkün etmək üçün onlara Öz hüzurunu verdi. Bədbinliyin və ümidsizliyin qaranlığı əbədi olaraq yox oldu.

3. İsanın gəlişi ölümün qaranlığını yox etdi. Qədim dünya ölümdən qorxurdu. İnsanlar ölümü tamamilə məhv olmaq, çürümək kimi təsəvvür edirdilər. Belə bir fikir onları lərzəyə gətirirdi. Onlar ölümü müxtəlif tanrılar qarşısında sonsuz işgəncələr silsiləsi kimi təsəvvür edirdilər. Bu da insanları dəhşətə gətirirdi. Amma İsa Öz gəlişi ilə — yaşadığı həyatı ilə, ölümü ilə, dirilməsi ilə — insanlara göstərdi ki, ölüm yalnız Həyata aparan yoldur. Qaranlıq yox oldu. Məşhur ingilis yazıçısı Stivensonun öləcəyinə əmin olduğu dueldən möcüzəvi şəkildə sağ çıxan gənc haqqında hekayəsi var. Sağ qalanda o oxumağa başlayır: «Ölüm acısı keçdi». Ölüm acısı İsa ilə birlikdə hər bir insan üçün yox oldu.

Sonda, İsa dünyaya gələn hər bir insanı işıqlandıran Nurdur. O dövrdə dünya müstəqil icmalara bölünmüşdü: yəhudilər bütpərəstlərə nifrət edirdilər. Onlar inanırdılar ki, Allah bütpərəstləri cəhənnəm odunu alovlandırmaq üçün yaradıb. Düzdür, Yeşaya peyğəmbər adlı bir nəfər var idi. O, İsrailin taleyini başqa millətlər üçün nur olmaqda görürdü (Yeşaya 42:6; 49:6). Amma İsrailin özü belə bir vəzifədən həmişəlik imtina etmişdir. Yunanlara görə də bilik hər insana verilmirdi. Romalılar barbarlara Roma qanunlarından bixəbər olan aşağı irq kimi baxırdılar. İsa isə belə bir dünyaya hamıya — hər bir insana nur olmaq üçün gəldi. Yalnız İsa Məsihin Atası — Allahın ürəyi bütün dünya insanlarına bəs edəcək qədər böyükdür.

DƏRK OLUNMAMIŞ (Yəhya 1:10-11)

Yəhya bu hissəni yazarkən, çox güman, aşağıdakı iki şey haqqında düşünürdü.

1. O, İsanın cismani olaraq yer üzünə gəlməzdən əvvəlki vaxt haqqında düşünürdü. Allahın loqosu bu dünyada əzəldən mövcud idi və iş görürdü. Əvvəlcə Allahın yaradıcı və dinamik sözü dünyanı yaratdı. O vaxtdan bəri dünyanı nizama salan, insanı isə düşünən varlıq edən söz, loqos, Allahın ağlı oldu. Əgər insan Allahı tanımağa can atırdısa, loqosu kainatda həmişə tanımaq olardı.

Vestminster iman etiqadı belə sözlərlə başlayır: «Təbii çıraqlar, yaradılış və hikmət Allahın əzəmətini və qüdrətini o qədər açıq-aydın nümayiş etdirir ki, insanların heç bir bağışlanmağa layiq olmadığını göstərir». Paul deyir: «Allah görünən dünyanı elə yaradıb ki, insanların düşüncələrini görünməz aləmə yönəltsin və insanlar dünyaya açıq gözlə, açıq ürəklərlə baxanda onların fikirləri dünyanın Yaradanına yönəlsin» (Romalılara 1:19-20). Dünya elə yaradılmışdır ki, insanlar ona düzgün baxışlarla baxanda, düşüncələri Allaha yönəlir.

İlahiyyatda həmişə təbii, elmi teologiya ilə Allahdan ilhamlanmış teologiya, vəhy teologiyası arasında fərq qoyulurdu. Vəhy teologiyası Müqəddəs Kitabın səhifələrindəki peyğəmbərlərin sözləri, ən əsası da İsa Məsihdə Allahın bizə verdiyi həqiqətlə əlaqədardır. Təbii, elmi ilahiyyat insanın yaşadığı dünyanı təhlil edərək ağlı ilə çata biləcəyi həqiqətlə əlaqədardır. Bəs biz dünyamızda Allahın sözünü, loqosu və ağlını necə görə bilərik?

a) Biz dünya nizamına nəzər salmalıyıq. Yunanlar həmişə belə hesab edirdilər ki, harada nizam varsa, orada ağıl var. Dünyamıza nəzər salanda, orada heyrətamiz bir nizam görürük. Suyun dövri olaraq axması və çəkilməsi həmişə öz vaxtında baş verir; əkin-biçin, yay-qış, gecə-gündüz öz axarı ilə davam edir. Təbiətdə böyük bir nizam mövcuddur. Buna görə də bunun arxasında ağılın dayanması aydın məsələdir. Üstəlik, bu ağıl insan ağlından üstün olmalıdır. Çünki o, insan ağlının heç vaxt edə bilməyəcəyi nəticələrə nail olur. İnsan gündüzü gecəyə, gecəni gündüzə çevirə bilməz. İnsan cücərə bilən toxum yarada bilməz. İnsan canlı varlıq yarada bilməz. Dünyada nizam varsa, onun arxasında ağıl dayanır. Bu nizamda insan ağlından kənar bir şey varsa, onda o, daha yüksək və insan ağlının çatmadığı yerdə olmalıdır. Beləliklə, biz Allaha gəlib çatdıq. Dünyamıza nəzər salmaq — onu yaradan Allahla üz-üzə gəlmək deməkdir.

b) Biz səmaya nəzər salmalıyıq. Bu heyrətamiz nizam heç bir yerdə göy cisimlərinin hərəkətində olduğu qədər aydın görünmür. Astronomlar deyirlər ki, səmadakı ulduzların sayı dəniz sahilindəki qum dənələri sayı qədərdir. Gəlin bunu bizim dilimizlə ifadə edək. Təsəvvür edin ki, səmada yol hərəkətinin tənzimlənməsi problemi var. Amma səma cisimləri onun müəyyən etdiyi cığırları və marşrutları izlədiyinə görə yollarını azmır. Astronom istənilən planetin yerini dəqiq müəyyən edə bilər. Astronom yüz illər öncədən günəş tutulmasının nə vaxt baş verəcəyini təxmin edə və müddətini saniyəsinə qədər hesablaya bilər. Bir nəfər deyirdi ki, astronom ateist ola bilməz. Göyə nəzər salanda, o, Allahı görür.

c) Biz özümüzə baxmalıyıq. Düşünmək, təhlil etmək və bilmək qabiliyyətini haradan əldə etmişik? Yaxşı və şəri bilməyimiz haradandır? Ən zalım cani qəlbinin dərinliyində pislik etdiyini haradan bilir? Alman filosofu Kant bir dəfə demişdi ki, Tanrının varlığına onu iki fakt inandırır: başının üstündəki ulduzlu səma və qəlbində olan əxlaq qanunu. Bu həyatı, zehni özümüz özümüzə verməmişik: onu özümüzdən kənar hansısa qüvvədən almalı idik.

Peşmanlıq, günahkarlıq hissi və vicdan əzabını haradan almışıq? Nə üçün yalnız öz mənfəətimizi güdəndə özümüzü rahat hiss edə bilmirik? İçimizə nəzər saldıqda Roma imperatoru və filosofu Mark Avrelinin adlandırdığı «içimizdəki tanrı»nı, Roma stoik-filosofu Senekanın isə adlandırdığı «qəlbimizdə məskən salan müqəddəs ruh»u görürük. İnsan Allaha istinad etmədən öz varlığını izah edə bilməz.

d) Biz geriyə baxmalıyıq. Böyük tarixçi C.A.Froud (1818-1898) bir dəfə demişdi ki, bütün tarix qüvvədə olan əxlaq qanununun bariz nümunəsidir. İngilis yazıçısı Ridyard Kiplinqin yazdığı kimi:

Təəssüf ki, bizim dünənki bütün parlaqlığımız

Ninevaya və Tirə bərabər olacaq!

Tarix göstərir ki, mənəvi tənəzzül həmişə milli tənəzzüllə yanaşı gedir. İngilis yazıçısı və dramaturqu Bernard Şou deyirdi: «Heç bir xalq öz tanrılarını itirməyib». Bütün tarix açıq şəkildə göstərir ki, dünyada Tanrı var. Ancaq hər kəs Allah kəlamının bu təsirini görə bilsə də, çoxları bunu heç vaxt görməyib».

DƏRK OLUNMAMIŞ (Yəhya 1:10-11 (ardı))

2. Budur, Allahın yaradan və yönləndirən Kəlamı dünyaya İsanın timsalında insan şəklində gəldi. Yəhya deyir ki, İsa Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. Yəhya bununla nə demək istəyir? O demək istəyir ki, Allahın Kəlamı bu dünyada Romaya, Yunanıstana, Misirə və ya şərq ölkələrinə gəlmədi. O, İsrailə gəldi. İsrail Allahın seçilmiş torpağı, yəhudilər isə Allahın seçilmiş xalqı idi. Bu torpaq və bu xalq haqqında deyilənlər Əhdi-Ətiqdəki mətnlərdən aydın görünür. İsrail dəfələrlə müqəddəs torpaq adlanır (Zəkəriyyə 2:12; 2Makkabilər 1:7; Hikmət Kitabı 12:3).

Allah İsrail haqqında Mənim torpağım deyə danışır (Huşə 9:3; Yeremya 2:7; 16:18; Levililər 25:23). O, İsrail xalqını Öz mülkü, Öz irsi adlandırır (Çıxış 19:5; Zəbur 135:4). Yəhudilər Rəbbin müqəddəs xalqı, Onun xalqı adlanır (Qanunun Təkrarı 7:6; 14:2; 26:18). İsrail Rəbbin payı adlanır (Qanunun Təkrarı 32:9).

İsa Allahın torpağı olan bir ölkəyə və Allahın xalqı olan bir xalqın yanına gəldi. Əslində, İsa xalqın yanına gələndə, insanlar Onu sevinclə qarşılamalı idilər, qapılar Onun qarşısında taybatay açılmalı idi. Onu evinə qayıdan sərgərdan kimi, yaxud evinə qayıdan Padşah kimi qarşılamalı idilər. Lakin onlar İsanı rədd etdilər. Onu səcdə ilə deyil, nifrətlə qarşıladılar.

Xüsusi tapşırıq üçün seçilmiş və bu tapşırığı yerinə yetirməkdən boyun qaçıran bir xalqın faciəsi də elə bundadır.

Elə olur ki, valideynlər oğluna və ya qızına həyatda ən yaxşı imkanları vermək, onları xüsusi bir işə hazırlamaq üçün çox şeyə qənaət edir, pul toplayır və qurban verirlər. Vaxt gəlib çatanda isə uşaqlar bu fürsətdən imtina edirlər, yaxud ondan faydalana, istifadə edə bilmirlər. Ən böyük faciə də elə budur, eynilə Allahın başına gələn kimi.

Amma Allahın Öz işləri üçün yalnız İsrail xalqını hazırladığını düşünmək səhv olardı. Allah bu dünyada hər kişini, hər qadını və hər uşağı hansısa bir xidmətə hazırlayır. Çirkin şeylərə baxmaqdan imtina edən bir qız haqqında hekayə var. Ondan bu davranışının səbəbini soruşanda o, belə cavab verib: «Bir gün həyatıma gözəl bir şey gələcək və mən buna hazır olmaq istəyirəm». Faciə odur ki, insanların çoxu Allahın onlara tapşırdığı işi yerinə yetirməkdən imtina edir.

Bunu başqa cür də ifadə etmək olar. Onda vəziyyət daha aydın təsvir olunar. Yalnız çox az adam öz çağırışını yerinə yetirir. Bu isə tənbəllik, laqeydlik, qorxaqlıq, intizamsızlıq və ya özünə laqeydlik, ikinci dərəcəli və ya təsadüfi həvəs səbəbindən baş verir. Dünya öz imkanlarını qiymətləndirə bilməyən insanlarla doludur. Düşünmək lazım deyil ki, Allah bizim üçün ancaq bütün bəşəriyyətin xeyrinə olacaq və hamıya məlum olacaq böyük işlər və nailiyyətlər hazırlayıb. Ola bilsin, bizim vəzifəmiz uşağa həyatı, ümumiyyətlə, ona lazım olan hər şeyi öyrətməkdir; həyatı boşa getməsin deyə həlledici anda ona lazımi sözü demək və təsir göstərməkdir. Bəlkə də bizim vəzifəmiz çox kiçik bir işi ən yaxşı şəkildə etməkdir; bəlkə də əllərimizlə, sözlərimizlə, düşüncələrimizlə kiminsə həyatına təsir etməkdir. Məsələ burasındadır ki, Allah bizi qazandığımız təcrübələrlə hansısa xidmətə hazırlayır. Çoxları onlara tapşırılan vəzifədən imtina edir və ya bu çağırışdan belə xəbəri olmur.

«Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi» — bu sadə cümlədə çox böyük məna və duyğu var. O dövrdə bəziləri İsaya qarşı belə etdilər. Bu gün də Ona qarşı belə edənlər var.

ALLAHIN ÖVLADLARI (Yəhya 1:12-13)

Amma hamı İsadan üz döndərmədi. Onu qəbul edənlər də oldu. İsa belələrinə Allahın övladları olmaq səlahiyyəti verdi. Sözün əsl mənasında olmasa da, müəyyən mənada insan, həqiqətən də, Allahın övladıdır. Müəyyən mənada o, Allahın övladı olmalıdır. Buna görə biz yalnız insani nöqteyi-nəzərdən müzakirə edəcəyik, çünki biz yalnız insan kimi düşünə bilərik.

İki növ övlad var. Məsələn, evinə heç nə vermədən evindəki hər şeydən istifadə edənlər. Valideynlər övladlarına həyatda hər şeyin ən yaxşısını vermək üçün çox çalışır, fədakarlıq edirlər. Övladları isə bunu adi hal kimi qəbul edirlər. Onlar buna layiq olmağı və ya əvəzini ödəməyi ağıllarından belə keçirmirlər. Ata evini tərk edərkən valideynləri ilə münasibət saxlamağa cəhd etmirlər. Ailəsi onlar qarşısında öz vəzifəsini yerinə yetirib və artıq onlara ailə lazım deyil. Onlar valideynləri ilə hər hansı bir əlaqə saxlamaq və ya onlara övlad borcunu ödəmək haqqında düşünmürlər. Əslində isə onlar həyatlarını və malik olduqları hər şeyi valideynlərinə borcludurlar. Amma onlarla valideynləri arasında heç bir sevgi və yaxınlıq bağı yoxdur. Valideynləri sevgi ilə onlara hər şeyi verdilər, amma övladları valideynlərinə heç nəyi qaytarmırlar.

Amma elə övladlar da var ki, bütün həyatı boyu valideynlərinin onlar üçün etdiklərini unutmurlar. Onlar öz minnətdarlıqlarını göstərmək üçün əllərindən gələni edir, valideynlərinin onları görmək istədiyi kimi olmağa çalışırlar. İllər keçdikcə onlar valideynlərinə daha da yaxınlaşır, valideyn-övlad münasibətləri dostluq və yoldaşlığa çevrilir. Belə uşaqlar ata evini tərk edəndə onları bu evə bağlayan bağları qırmır, valideyn qarşısında borclarını həmişə xatırlayırlar. Birinci halda, uşaqlar böyüdükcə valideynlərindən getdikcə uzaqlaşırlar, ikincisində isə getdikcə onlara yaxınlaşırlar. Hər iki halda söhbət övladlardan gedir, amma onlar tamamilə fərqlidirlər. İkinci halda olan övladlar birincilərin heç vaxt olmadığı övlad olurlar.

Bunu başqa bir misalla da göstərmək olar. Tanınmış professora onun tələbəsi olduğunu iddia edən gənc alimin adı veriləndə, professor belə cavab vermişdir: «Ola bilsin, o mənim mühazirələrimdə iştirak edib, lakin mənim tələbəm olmayıb». Professorun mühazirə zalında oturmaqla onun tələbəsi olmaq arasında böyük fərq var. Həyatda ünsiyyət qurmadan təmas, yoldaşlıq etmədən münasibətlər ola bilər. Bütün insanlar Allahın övladlarıdır. Onlar Allaha onları yaratdıqlarına və həyatlarını qoruduğuna görə borcludurlar. Lakin yalnız bir neçəsi Allahla yaxın və dərin münasibətlər sayəsində Onun övladları olurlar.

Müjdəçi deyir ki, Allahla belə yaxın münasibət yalnız İsa Məsih vasitəsilə ola bilər. Yəhya «Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil» deməklə, yəhudilərin uşağın ata toxumu ilə ana qanının birləşməsindən doğulması fikrini nəzərdə tutur. Yəhya deyir ki, Allahla münasibətlər qan əlaqəsinə əsaslanmır, onlar insan istəyindən və ya insan iradəsindən yaranmayıb. Bu münasibətlər yalnız Allahdan gəlir. Biz özümüz Allahın övladları ola bilmərik — yalnız Allahın bizə təklif etdiyi münasibətləri qura bilərik. İnsan öz iradəsi ilə Allahla dostluq əlaqəsinə girə bilməz. Bu onun ixtiyarında deyil. Çünki insanla Allah arasında böyük uçurum var. İnsan yalnız Allah Özü bu yolu onun üzünə açandan sonra Onunla dostluq əlaqəsi qura bilər.

Gəlin bir daha insan analogiyasından istifadə edək: sadə bir adam bu dünyanın padşahına və ya başqa güclü adamına dostluğunu təklif edə bilməz. Ümumiyyətlə, əgər belə bir dostluq yaranarsa, bu, tamamilə güclü tərəfin iradəsindən asılıdır. Eyni şey bizim Allahla münasibətimizə də aiddir. Biz öz iradəmizlə və ya nailiyyətlərimizlə Allahla yoldaşlıq münasibətləri qura bilmərik. Çünki biz insan, O isə Allahdır. Biz yalnız Allah Öz böyük mərhəməti ilə bizə iltifat edib Özünə tərəf yol açanda, Onunla yoldaşlıq münasibətinə girə bilərik.

Ancaq burada da insan analogiyasını görmək lazımdır. Biz Allahın bizə təklif etdiklərini qəbul etməliyik. Ata oğluna öz sevgisini, məsləhətini, dostluğunu təklif edə bilər. Lakin oğul bütün bunlardan imtina edib öz yolu ilə gedə bilər. Allahla münasibətimizdə də belədir: Allah bizə Onun övladları olmaq səlahiyyəti, imkanı verir, amma insanlar həmişə Onun təklifini qəbul etmirlər.

Əgər biz İsa Məsihin adına iman ediriksə, onda belə bir təklifi qəbul etmiş oluruq. Bəs bunun mənası nədir? Yəhudi dünyagörüşündə ad sözü bizim üçün qəribə bir məna kəsb edir. Bu ifadə ilə yəhudilər insanın hansı adla tanındığını deyil, adamlara məlum olan xasiyyətini, təbiətini, davranışlarını başa düşürdülər.

Məsələn, məzmurçu Zəbur 9:10-da deyir: «İsmini tanıyanlar Sənə güvənir». Aydın məsələdir ki, bu, Yehova Allahın adını bilənlərin Ona güvənəcəyi demək deyil. Bu o deməkdir ki, Allahın xasiyyətini, Allahın təbiətini, Allahın necə olduğunu bilənlər Ona güvənməyə hazırdırlar və Ona güvənməkdən şaddırlar. Zəbur 20:7-də məzmurçu deyir: «Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, bizsə Allahımız Rəbbin adı ilə öyünürük». Burada da aydın məsələdir ki, biz Allahın adının Yehova olması ilə öyünmürük. Bu o deməkdir ki, bəzi adamlar insan imkanlarına güvənir, biz isə Allaha arxalanırıq, çünki biz Onun necə olduğunu bilirik.

İsanın adına inanmaq isə — Onun Kim olduğuna inanmaq deməkdir, yəni O, xeyirxahlığın, sevginin, zərifliyin və xidmətin təcəssümüdür. Yəhyanın söylədiklərinin mahiyyəti ondan ibarətdir ki, biz İsada Allahın ağlının təzahürünü, Onun insanlara münasibətini görürük. Buna inanmaqla biz Allahın da İsanın yer üzündə olduğu kimi olduğuna inanırıq. İsanın adına inanmaq — Allahın Onun kimi olduğuna inanmaqdır. Yalnız buna inanmaqla biz Allaha tabe olub Onun övladları ola bilərik. Əgər biz İsada Allahın necə olduğunu görməsəydik, heç vaxt Allahın övladları ola biləcəyimizi düşünməyə belə cəsarət etməzdik. Allahın övladları olmaq səlahiyyəti bizə İsanın kim olduğunu dərk etməklə verilir.

KƏLAM BƏŞƏR OLUB (Yəhya 1:14)

Biz elə bir hissəyə gəlib çatmışıq ki, Yəhya Müjdəni bundan ötrü yazıb. O, qüdrətli, yaradan və dinamik olan Allah Kəlamı haqqında düşünür və danışırdı. O Kəlam ki Allahın yaradılışda köməkçisi olub. O Kəlam ki kainata və insan şüuruna nizam-intizam gətirir. Bu fikir yəhudilər və yunanlara yaxşı məlum idi. Bununla yanaşı müjdəçi birdən ən heyrətamiz və inanılmaz bir fikir deyir: «Dünyanı yaradan həmin Kəlam, dünyanın nizamını yönləndirən həmin Ağıl Bəşər oldu. Biz də Onu öz gözümüzlə gördük». Burada Yəhya gördük kimi tərcümə olunan feasfay sözündən istifadə edir. Bu söz Əhdi-Cədiddə iyirmi dəfədən çox istifadə olunur. Hər dəfə də ruhani görmə deyil, fiziki görmə mənasında işlədilir. Yəhya bəyan edir ki, Kəlam, həqiqətən, dünyaya İnsan şəklində gəlib və bütün insanlar Onu öz gözləri ilə görüblər. O deyir: «Əgər siz bu yaradıcı Kəlamın, bu idarə edən Ağılın nə olduğunu görmək istəyirsinizsə, onda Nazaretli İsaya baxın».

Məhz burada Yəhyanın yolu özündən əvvəlki ideya və dünyagörüşündən ayrılır. Yəhyanın Müjdəsini yazdığı yunan dünyası üçün bu fikir tamamilə yeni idi. İmanlı Cəmiyyətinin görkəmli ağsaqqallarından biri olan Avreli Avqustin11 sonralar deyirdi ki, o, məsihçiliyi qəbul etməmişdən əvvəl bir çox bütpərəst filosofların əsərlərini oxuyub öyrənmişdi. Həmin əsərlərdə çox şey tapmışdır, lakin Kəlamın bəşər olması fikrinə heç vaxt rast gəlməmişdir.

Yunanların fikrincə, bu, inanılmaz bir şey idi. Yunanların inana biləcəyi ən son şey — Tanrının insan şəklini ala biləcəyi anlayışı idi. Yunanlara görə, bədən şər idi, ruhun zəncirləndiyi və sıxıldığı bir zindan, bir məzar idi.

Qədim müdrik yunan tarixçisi Plutarx inanmırdı ki, Tanrı bizim dünyamızda baş verən hadisələri birbaşa istiqamətləndirə və idarə edə bilər. Onun fikrincə, Tanrı bunu vasitəçilər və köməkçiləri vasitəsilə etməli idi. Çünki Plutarxın fikrincə, Allahı dünyaya və dünyəvi işlərə cəlb etmək əsl küfr olardı. İsgəndəriyyəli Filon da heç vaxt belə söz deməzdi. O deyirdi: «Allahın həyatının bizimlə heç bir əlaqəsi yoxdur. O, insan bədəninin ehtiyacları səviyyəsinə enə bilməzdi». Böyük Roma stoik-filosofu imperator Mark Avreli bədəni ruhla müqayisə edəndə, bədənə xor baxırdı. «...bədəninə laqeyd yanaş: o, yalnız qandan və sümüklərdən, sinirlərin, damarların və arteriyaların ölümcül toxumalarından ibarətdir». «Bütün bədən tez məhz olur».

Burada isə heyrətamiz yeni bir şey var idi: Allah İnsan ola bilər və O, İnsan oldu. Allah yaşadığımız həyata daxil ola bilər; əbədiyyət zamana müdaxilə edə bilər; Yaradan Özünü elə bir formada izhar edə bilər ki, insanlar Onu həqiqətən öz gözləri ilə görə bilsinlər.

İnsan şəklində gələn Tanrı anlayışı o qədər heyrətamiz idi ki, hətta İmanlı Cəmiyyətində buna inana bilməyən insanlar var idi. Yəhya deyir ki, Kəlam sark oldu. Paul isə tez-tez bədən adlandırdığını — bütün zəiflikləri və günaha meyli ilə insan təbiətini izah etmək üçün sark sözündən istifadə edir. Bu sözü Allaha münasibətdə işlətmək fikri insanları heyrətə gətirdi. Məhz buna görə də İmanlı Cəmiyyətində doketist adlanan insanlar meydana çıxdı.

Yunan dilində dokein sözü mövcud kimi görünən deməkdir. Bu insanlar İsanın yalnız bir illüziya, kabus olduğuna inanırdılar. Onlar hesab edirdilər ki, İsanın insan bədəni həqiqi bədən deyil; əslində, O, aclıq, yorğunluq, kədər və ağrı hiss edə bilməzdi; O, insan kimi görünsə də, əslində, bədənsiz olan bir ruhdur.

Bu səbəbdən Yəhya birmənalı olaraq özünün Birinci Məktubunda bu insanlar haqqında belə yazmışdır: «Allahın Ruhunu bundan tanıya bilərsiniz: İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır, İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil. Bu, «Məsih əleyhdarı»nın ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır» (1Yəhya 4:2-3).

Aydındır ki, bu bidət İsanın, sözün tam mənasında, insan olduğunu iddia etməkdən imtina edən bir növ yalançı ehtiramın məhsulu idi. Yəhyanın fikrincə, həmin bidət məsihçi Xoş Xəbərinə tamamilə zidd idi.

Bu gün də bəzən elə olur ki, biz İsanın İlahiliyi haqqında danışarkən, Onun, sözün əsl mənasında, insan olduğunu unuduruq. Kəlam bəşər oldu — ifadəsi, bəlkə də, İsanın insan təbiətini Əhdi-Cədidin başqa heç bir yerində bu cür möcüzəvi şəkildə elan etmir. İsa Məsihdə biz insanda təcəssüm edən Allahın yönləndirən Ağlını, yaradıcı Kəlamını gördük. Əgər Allah insan olsaydı, bu həyatı necə yaşayacağını bizə İsa göstərdi. Əgər İsa Məsih haqqında deyəcək bir sözümüz qalmasaydı, yenə də deyə bilərdik ki, O bizə yaşamalı olduğumuz həyatı Allahın necə yaşayacağını göstərdi.

KƏLAM BƏŞƏR OLDU (Yəhya 1:14 (ardı))

Sözügedən ayə, demək olar ki, bütün Əhdi-Cədidin ən möhtəşəm ayəsidir. Buna görə də onda olan xəzinəni daha yaxşı dərk etmək üçün onun öyrənilməsinə kifayət qədər vaxt ayırmalıyıq.

Biz artıq gördük ki, Yəhya daim müəyyən açar sözlərdən istifadə edir. Biz bunları Müjdənin əsas mövzuları adlandırardıq. Budur, daha üç belə açar söz.

1. Lütf. Bu sözdə iki əsas fikir mövcuddur.

a) Lütf sözü — qətiyyən layiq olmadığımız, heç vaxt layiq ola bilməyəcəyimiz və ya öz gücümüzlə əldə edə bilməyəcəyimiz fikri ehtiva edir. Allahın insanlar üçün yaşamaq və onlar uğrunda ölməkdən ötrü yer üzünə gəlməsi faktı artıq buna layiq olmadığımızı göstərir: bu, sırf Allahın məhəbbətinin aktıdır. Lütf sözü eyni zamanda insanın aciz yoxsulluğunu və Allahın sonsuz xeyirxahlığını vurğulayır.

b) Lütf sözü özlüyündə gözəllik ideyasını ehtiva edir. Müasir yunan dilində bu söz cazibə, füsunkarlıq deməkdir. İsada biz Allahın mükəmməl cazibəsini görürük. Əvvəllər insanlar Allahı qüdrətli, əzəmətli, səlahiyyətli və cəzalandıran kimi təsvir edirdilər. Onlar Allahın qüdrətini istənilən yad qüvvəni və üsyanı əzə bilən kimi təsəvvür edirdilər. İsa Məsihdə isə insanlar Allahın mükəmməl cazibəsini gördülər.

2. İkinci söz — həqiqətdir. Bu söz dördüncü Müjdədə aparıcı sözlərdən biridir. Biz bu sözə tez-tez rast gəlirik. Gəlin müjdəçi Yəhyanın İsa və həqiqət haqqında dediklərini ümumiləşdirək.

a) İsa — həqiqətin təcəssümüdür. O dedi: «Mən... həqiqətəm» (14:6). Həqiqəti görmək üçün İsaya baxmaq lazımdır: bu, sadə ağıl və sadə insan üçün dərkedilməz bir şeydir. Mücərrəd ideyaları çox az adam başa düşə bilir. Əksər insanlar isə təsvir və mənzərələrlə düşünür. Həqiqət haqqında çox mübahisə edib, düşünmək olar. Amma gözəl insanı göstərib bunun gözəllik olduğunu deyəndə, onda hər şey aydın olur.

İnsanlar Allah haqqında düşünməyə başlayandan bəri Onun Kim və necə olduğunu konkret şəkildə formalaşdırmağa çalışırdılar. Amma onların zəif düşüncələri arzuolunan tərifə yaxınlaşa bilmədi. Bu barədə düşünməyi dayandırıb, sadəcə İsa Məsihə baxıb belə demək lazımdır: «Allah Onun kimidir». İsa yalnız Allah haqqında danışmaq üçün deyil, insanlara Allahın necə olduğunu göstərmək üçün gəldi ki, hətta ən sadə düşüncəli insan belə Allahı ən dahi filosof kimi yaxından tanısın.

b) İsa — həqiqəti insanlara çatdıran vasitəçidir. İsa şagirdlərinə dedi ki, əgər onlar Onun sözündə qalsalar, həqiqəti dərk edəcəklər (8:32). O, Ponti Pilata dünyaya həqiqətə şəhadət etmək üçün gəldiyini söylədi (18:37). İnsanlar çətin anlarında onlara doğru yolu göstərən müəllim və təbliğatçıların yanına axın edəcəklər. İsa aydınlıq gətirəndir. O, həyatın yolayrıcında qalana doğru yolu göstərəndir. O, çətin problemlər qarşısında düzgün qərar qəbul etmək bacarığı verəndir. O bizi yoldan çıxaran səslər arasında nəyə inanıb-inanmayacağımızı deyəndir.

c) İsa bu dünyanı cismani olaraq tərk etsə də, bizi həqiqətə aparan Ruhunu qoyub getdi (14:17; 15:26; 16:13). O bizə təkcə nəyi necə etmək barədə göstərişlər verən bir təlimat kitabı qoymadı, həm də Öz Ruhunu qoyub getdi. Bu gün də biz birbaşa nəyi necə edəcəyimizi Ondan soruşa bilərik, çünki Onun Ruhu hər addımımızda bizi müşayiət edir.

d) Həqiqət bizi azad edir (8:32). Həqiqət həmişə bir növ rahatlıq və azadlıq gətirir. Sərbəst şəkildə məsələnin dərinliyinə varmağa çalışan uşaq çox vaxt onun haqqında qəribə və yanlış fikirlərə qərq olur, bu da onda qorxu yaradır. O, yalnız bütün həqiqəti biləndən sonra qorxudan azad olur. İnsana elə gələ bilər ki, o xəstədir. Sonra həkimə müraciət edir. Həkim, həqiqətən də, onda bir xəstəlik tapsa da, o, rahat olur və ona əzab verən naməlum qorxulardan azad olur. İsanın bizə bəxş etdiyi həqiqət bizi Allahdan uzaqlaşmaqdan, məyusluqlardan, bütün zəifliklərdən və qorxu hissindən azad edir. İsa Məsih yer üzündə ən böyük Xilaskardır.

e) Həqiqət düşmənin qəzəbinə səbəb olur. İnsanlar İsanı öldürmək istəyirdilər, çünki O onlara həqiqəti söyləmişdir (8:40). Həqiqət bir insanı mühakimə edə, onun nə qədər yanıldığını göstərə bilər. Kinik-filosoflar deyirdilər ki, «Həqiqət xəstə gözə işıq kimi təsir edir». Tənqidçilər deyirdilər ki, heç kimi qəzəbləndirməyən müəllim heç kimə yaxşılıq etməyib. İnsanlar həqiqətə göz yuma, zehinlərini bağlaya, onlara həqiqəti deyəni öldürə bilərlər — amma həqiqət — həqiqət olaraq qalır.

f) Həqiqət çox vaxt qəbul edilmir (8:45). İnsanın həqiqəti qəbul etməməsinin iki əsas səbəbi var: ya bu, həqiqətə oxşamır, ya da insan yarım həqiqətinə o qədər qapılıb ki, ondan ayrıla bilmir. Çox vaxt yarım həqiqətlər — həqiqətin ən qatı düşməni olur.

g) Həqiqət — mücərrəd bir şey deyil: insan həqiqətə uyğun hərəkət etməlidir (3:21). Həqiqət ağılla dərk edilməli, ürəklə qəbul edilməli və həyatda tətbiq olunmalıdır.

KƏLAM BƏŞƏR OLUB (Yəhya 1:14 (ardı))

Hətta bütün ömür boyu bu ayəni öyrənməklə belə, onda olan bütün həqiqətləri dərk etmək olmaz. Biz artıq iki açar sözə nəzər saldıq. İndi isə gəlin üçüncüyə — ehtişam sözünə keçək. Yəhya bu sözü İsa Məsihə münasibətdə tez-tez istifadə edir. Biz əvvəlcə onun Məsihin ehtişamı haqqında nə dediyinə baxacağıq, sonra onun bununla nə demək istədiyini araşdıracağıq.

1. İsa Məsihin həyatı ehtişamın təzahürü idi. Qalileyanın Qana şəhərində ilk möcüzəni — suyu şəraba çevirən İsa, Yəhyanın dediyinə görə, Öz izzətini üzə çıxardı (2:11). İsanı görmək, Onun səlahiyyətini, gücünü və məhəbbətini hiss etmək — Onun izzətini görmək deməkdir.

2. İsanın izhar etdiyi izzət — Allahın izzətidir. O, insanlardan izzət qəbul etmirdi (5:41). O Özü üçün deyil, Onu Göndərən üçün izzət axtarırdı (7:18). Onu isə Atası izzətləndirdi (8:50-54). Lazarın dirilməsində də İsa Allahın izzətini görür (11:4). Lazarın dirilməsi Allahın izzəti üçün idi ki, Allahın Oğlu onun vasitəsilə izzətlənsin (11:4). İsada olan və Onun vasitəsilə izhar olunan izzət — Allahın izzətidir.

3. Lakin bununla belə, bu izzət yalnız Ona — İsaya məxsus idi. Sona yaxınlaşdıqca İsa dua etdi ki, Allah dünya yaranmazdan əvvəl Onun yanında olarkən malik olduğu izzəti İsaya versin (17:5). O, başqasının nuru ilə parlamır, Onun izzəti Ona məxsusdur, Onun haqqıdır.

4. İsa Öz izzətini şagirdlərinə verdi. O, Atanın Ona verdiyi izzəti şagirdlərinə verdi (17:22). İsa sanki Allahın izzətinə şərik idi, Onun şagirdləri isə sanki Onun izzətinə şərik idilər. İsanın dünyaya gəlişi — Allahın izzətinin insanlara gəlişidir.

Yəhya bununla nə demək istəyir? Bu suala cavab vermək üçün biz Əhdi-Ətiqə müraciət etməliyik. Yəhudilər üçün mövcud olan mənasını verən şekinah anlayışı çox dəyərli idi. Bu söz insanlar arasında Allahın gözlə görünən varlığını bildirmək üçün istifadə edilmişdir. Biz dəfələrlə Əhdi-Ətiqdə insanların Allahın izzətini gördüklərini oxuyuruq. Sina səhrasında İsrail övladları göydən manna almazdan əvvəl «səhraya baxıb Rəbbin əzəmətinin buludda göründüyünü gördülər» (Çıxış 16:10). Yəhudilər On Əmri almazdan əvvəl «Rəbbin izzəti Sina dağının üstündə məskən saldı» (Çıxış 24:16). Hüzur Çadırı tikilib təqdis olunanda «Rəbbin izzəti məskəni doldurdu» (Çıxış 40:34). Süleyman peyğəmbərin tikdirdiyi Rəbbin Məbədinin açılışında kahinlər ibadət etmək üçün orada dayana bilmədilər, çünki «Rəbbin izzəti Onun məbədini doldurmuşdu» (1Padşahlar 8:11). Yeşaya peyğəmbər Məbəddə görüntü görərkən, mələklərdən ibarət xorun «bütün yer üzü Onun əzəməti ilə doludur» mahnısını eşitdi (Yeşaya 6:3). Yezekel peyğəmbər «Rəbbin izzətinə bənzər bir görüntü» gördü (Yezekel 1:28). Əhdi-Ətiqdə Rəbbin izzəti insanlara Allah çox yaxın olanda gəlirdi.

Allahın izzəti, sadəcə olaraq, Allahın hüzurunu ifadə edir. Yəhya hamıya yaxşı tanış olan nümunədən istifadə edir. Dünyəvi ata öz səlahiyyətini və izzətini böyük oğluna ötürür. Taxtın varisi — padşahın varisi atasının şöhrətinə bürünür. İsa ilə də belə oldu: O, bu dünyaya gələndə insanlar Onda Allahın nurunu və əzəmətini gördülər. Bu nurun mərkəzində isə məhəbbət dayanırdı. İsa bu dünyaya gələndə insanlar Allahın möcüzəsini gördülər. Bu möcüzə sevgi idi. İnsanlar gördülər ki, Allahın izzəti ilə Allahın sevgisi eynidir. Allahın izzəti şərq tiranının izzəti deyil, məhəbbətin nurudur. Biz bu nura qorxudan yox, heyranlıqla, heyrətlə və məhəbbətlə dolub-daşaraq səcdə edirik.

TÜKƏNMƏZ BÜTÖVLÜLÜK (Yəhya 1:15-17)

Dördüncü Müjdə elə bir vaxtda yazılıb ki, insanların Vəftizçi Yəhyanı öz düşüncələrində yüksək yerə qoymamalarını təmin etmək lazım idi. Biz artıq bunu əvvəlki hissələrdə gördük. Beləliklə, müjdəçi Yəhya bu hissəni Vəftizçi Yəhyanın ifadəsi ilə başlayır. O ifadə ki Vəftizçi Yəhya İsanı birinci yerə qoyur.

Vəftizçi Yəhya bu barədə belə deyir: «Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi». Bunun bir neçə mənası ola bilər:

a) İsa yaşca Vəftizçi Yəhyadan altı ay kiçik idi. Ola bilsin, Vəftizçi Yəhya bununla belə demək istəyirdi: «Məndən yaşca kiçik olan məni üstələyib».

b) Ola bilsin, Vəftizçi Yəhya belə demək istəyirdi: «Mən İsadan əvvəl meydana çıxdım. O gəlməmişdən əvvəl mərkəzdə oldum. Lakin bütün fəaliyyətimin mahiyyəti o idi ki, Ona yol hazırlayım. Mən yalnız əsas qüvvələrin avanqardı12 və Padşahın elçisiyəm».

c) Amma ola da bilsin, Vəftizçi Yəhya daha dərin fikirlər ifadə edir: bəlkə o, ümumiyyətlə, keçici deyil, əbədiyyət baxımından düşünür. Ola bilsin ki, o, İsa haqqında əzəldən mövcud olan, yanında insanın nə nüfuzu, nə də əhəmiyyəti olan bir Şəxs kimi düşünür. Ola bilsin ki, Vəftizçi Yəhya bütün bu fikirləri düşünürdü. Hər halda, o öz əhəmiyyətini böyütmədi. Amma onun bəzi ardıcılları burada səhvə yol verdilər. Ən yüksək yer İsaya məxsusdur.

Bundan başqa bu hissədə İsa haqqında üç böyük fikir ifadə edilmişdir.

1. Hamımız Onun bütövlüyündən pay götürürük. Bütövlük kimi tərcümə olunan pleroma sözü çox təsirli sözdür və mənası Allahda olan hər şeyin cəmi deməkdir. Bu sözü Paul tez-tez işlədir. O, Kolosselilərə 2:9-da deyir ki, Allahın bütövlüyü bədəncə Məsihdə yaşayır. Kolosselilərə 1:19-da isə o deyir ki, Onda tam pleroma, yəni Allahın bütövlüyü yaşayırdı. Paul bununla demək istəyir ki, İsada Allahın müdrikliyinin, qüdrətinin və məhəbbətinin bütün dolğunluğu yaşayır. İsanın tükənməzliyi məhz Allahdan qaynaqlanır. İnsan istənilən ehtiyacla Onun hüzuruna gələ və bu ehtiyacının qarşılığını ala bilər. İnsan istənilən ideya ilə İsaya müraciət edib, Onun vasitəsilə bu ideyanın tam yerinə yetirilməsinə nail ola bilər. Gözəlliyi sevən insan İsada ən böyük gözəlliyi tapacaq. Ömrünü bilik axtarışına həsr edən şəxs İsada ən yüksək vəhyi tapacaq. Cəsarətə susayan insan İsada cəsarətin nümunəsini və sirrini tapacaq. Həyatda məyus olan və çətinliklərin öhdəsindən gələ bilməyən insan İsada həyatın Ağasını və məhəbbətin gücünü tapacaq. Günahlarını dərk edən insan İsada günahların bağışlanmasını və xeyirxah olmaq üçün güc tapacaq. İnsanlar İsada pleroma, yəni Tanrının dolğunluğunu əldə edirlər. Başqa sözlə, Tanrıda olan hər şeyə nail olurlar. Vestkot bunu «ilahi həyatın mənbəyi (quyusu)» adlandırır.

2. İsa vasitəsilə biz lütf və həqiqət aldıq. Bu, yunan dilində hərfi mənada belə səslənir: lütf ardınca lütf. Bu qəribə ifadə nə deməkdir?

a) Bu o demək ola bilər ki, biz İsada möcüzə ardınca möcüzə kəşf edirik. Məsihçi missionerlərdən biri qədim Şotlandiya krallarından birinin yanına gələndə, kral ondan soruşur ki, Məsihi qəbul etmək ona nə verəcək. Missioner belə cavab verir: «Sən möcüzə ardınca möcüzə görəcəksən. Onların hər biri həyata keçəcək». Bəzən gözəl yerləri gəzərkən, gözlərimizin önündə bir-birinin ardınca gözəl mənzərə açılır. Hər dəfə düşünürük ki, bundan daha gözəli ola bilməz. Növbəti döngədə isə daha gözəl mənzərə görürük.

Hansısa böyük fənni, musiqini, incəsənəti və ya poeziyanı öyrənməyə başlayan insan heç vaxt sona çata bilmir. Həmişə hələ də baxmalı və öyrənməli olduğu gözəl nəsə qalır. İsa Məsihlə münasibətimiz də eynilə belədir: Onun haqqında çox şey öyrəndikcə, hər şey daha da gözəl olur; Məsihdə nə qədər çox yaşayırıqsa, bir o qədər gözəlliklər görürük; biz Onun haqqında nə qədər çox düşünürüksə, həqiqətin üfüqləri bir o qədər genişlənir. Ola bilsin ki, Yəhya bununla İsanın sonsuzluğunu ifadə etmək istəyir. Bəlkə də, o, bununla demək istəyir ki, Məsihlə yaşayan insan hər gün ruhunu və ürəyini heyran edən, işıqlandıran daha çox heyrətamiz şeylər kəşf edir.

b) Bəlkə də bu ifadəni — Məsihdə biz lütf müqabilində lütf tapırıq — hərfi mənada başa düşməliyik. Müxtəlif dövrlərdə və müxtəlif vəziyyətlərdə insana fərqli lütf lazımdır. Çətin günlərdə — bir lütf, gənclikdə — başqa lütf, qocalıq yaxınlaşanda isə tamam başqa bir lütf lazım gəlir. İmanlı Cəmiyyəti təqib dövründə bir lütfə, azadlıq əldə edəndə isə başqa bir lütfə ehtiyac duyur. Özümüzü zirvədə hiss edəndə bizim bir lütfə ehtiyacımız olur, çarəsiz, çaşqın və ya depressiyaya düşəndə ​​isə başqa bir lütfə. Bizə öz yükümüzü daşımaq üçün bir lütf, qonşumuzun yükünü daşımaq üçün başqa bir lütf lazımdır. Hər şeyə əmin olduğumuz zaman bir lütfə, heç nəyə əmin olmadığımız zaman isə başqa bir lüftə ehtiyacımız var. Allahın lütfü də həmişə fərqli cavab verir. O ya dinamik olur, ya da qarşısına qoyulan tələblərə cavab verir. Həyatda yeni ehtiyac yaranan kimi Allahın artıq ona uyğun lütfü hazır olur. Bir ehtiyac qarşılananda, digər ehtiyac yaranır. Bu zaman onunla birlikdə yeni lütf gəlir. Beləcə həyatımız boyu bizə lütf üzərinə lütf, ya da lütf ardınca lütf verilir. Çünki hər vəziyyət üçün Məsihin fərqli lütfü olur və onun öhdəsindən gəlir.

3. Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. Əvvəllər həyat qanunla idarə olunurdu. İnsan istəsə də, istəməsə də, səbəbini və məqsədini bilsə də, bilməsə də, qanunu yerinə yetirməli idi. İsanın gəlişi ilə biz artıq Allahın qanununu qul kimi yerinə yetirməyə çalışmırıq, Allahın məhəbbətinə övlad kimi cavab verməyə çalışırıq. İsa Məsih vasitəsilə qanun verən Allah — Ata Allah oldu, Hakim Allah — insanları sevən Allah oldu.

ALLAHIN VƏHYİ (Yəhya 1:18)

Qədim dövrdə istənilən insan Allahı heç kimin görmədiyi ilə bağlı Yəhyanın söylədiyi fikirlərlə razılaşardı: insanların düşüncəsinə görə, Allah uzaqda və əlçatmaz idi. Onlar bu fikirdən kədərlənir və məyus olurdular. Allah Musaya dedi: «Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz» (Çıxış 33:20). Allah insanlara necə əhd verdiyini xatırladaraq deyir: «Siz Onun danışıq səsini eşitdiniz, lakin bir surət görmədiniz» (Qanunun təkrarı 4:12). Əhdi-Ətiq baxımından heç kim Allahı görə bilməzdi. Böyük yunan filosofları da Allah haqqında eyni fikirdə idilər. Beləcə qədim yunan şairi və filosofu, Elea məktəbinin banisi Ksenofan13 deyirdi: «Hər yerdə yalnız təxminlər var». Böyük qədim yunan filosofu Platon isə deyirdi: «İnsan və Tanrı heç vaxt görüşə bilməz». Qədim Roma filosofu və alimi Avl Korneli Sels məsihçilərin Allahı Ata adlandırmasına gülürdü və belə deyirdi: «Allah hər şeydən üstündür». Məşhur qədim Roma yazıçısı və filosof-sofisti Apuleyus14 hesab edirdi ki, ən yaxşı halda insanlar Tanrını bir anlıq görə bilərlər — necə ki şimşəyin parıltısı bir anlıq gecənin qaranlığını yarır, sonra isə yenidən qaranlıq olur. Başqa birisi isə belə demişdi: «Allah Kim olursa-olsun, hər halda, insanın əli çatmadığı yerdədir». İnsanlar ekstazın ən nadir hallarında uzağı bir anlıq «Var olan» adlandırdıqlarını görə bilərlər. Amma çox vaxt insanlar cəhalət və fantaziya əsiri olaraq qalırlar. Çox güman, o dövrdə heç kim bu məsələdə Yəhyaya etiraz etməmişdi. Lakin o, bununla kifayətlənmir. Daha da irəli gedərək insanları sarsıdan bir bəyanat verir: İsa bütün dolğunluğu ilə insanlara Allahın necə olduğunu aşkar edir. Bu, bir ingilis ilahiyyatçısının dediyi kimi, «Allahın Məsihdə dünyaya zühuru» idi. Burada yenə də Yəhyanın Müjdəsinin əsas mövzusu səslənir: «Əgər Allahın necə olduğunu bilmək istəyirsinizsə, onda Məsihə baxın».

Nə üçün İsa heç kimin heç vaxt etmədiyini edə bilər? İnsanlara Allahı göstərmək gücü və qabiliyyətini O, haradan əldə edib?

Görün Yəhya bu mövzuda İsa haqqında nə deyir.

1. İsa — vahid Oğuldur. Yunan dilində vahid sözünə monoqenez deyilir. Bu da yeganə Oğul, tək olan deməkdir. Bu söz Müqəddəs Kitabın Azərbaycanca tərcüməsinə tam uyğun gəlir. Amma məsələ burasındadır ki, dördüncü Müjdə yazılmamışdan xeyli əvvəl bu söz sırf fiziki mənasını itirmiş və iki xüsusi məna qazanmışdır.

Bu söz unikal, xüsusi və xüsusilə sevimli mənalarını ifadə etməyə başlamışdır. Buradan belə nəticə çıxır ki, yeganə oğul atasının qəlbində xüsusi yer tutur və atasının xüsusi rəğbətini qazanır. Buna görə də bu söz, ilk növbədə, unikal mənasını verir. Əhdi-Cədidin müəllifləri İsanın unikal olduğuna, Onun bənzərinin olmadığına tamamilə əmin idilər: Allahı insanlara, insanları da Allaha yalnız O gətirə bilər.

2. İsa — Var olandır. Bu o deməkdir ki, İsa Allahla eynidir. Bu o deməkdir ki, O, xarakterinə və düşüncə tərzinə görə Allahla birdir. Onu görmək, Allahın necə olduğunu görmək deməkdir.

3. İsa — Atanın qucağındadır. İbranicə qucaqda olmaq, sinənin üstündə olmaq, ürəkdə olmaq həyatda mümkün olan ən intim yaxınlığı nəzərdə tuturdu: bu ifadə ana və uşağa, ər-arvada münasibətdə işlənirdi (Saylar 11:12; Qanunun təkrarı 13:6). Bu ifadə qəlbən bir-birinə bağlı iki yoldaşa münasibətdə istifadə olunurdu. Bu ifadəni İsa və Ataya münasibətdə işlətməklə, Yəhya İsa ilə Allah arasında tam və ayrılmaz yaxınlığın olduğunu nəzərdə tutur. İsa məhz Ata ilə bir olduğuna görə, O, Allahla birdir və Onu insanlara izhar edə bilər. Bir vaxtlar uzaq, görünməz, əlçatmaz Allah İsa Məsih vasitəsilə insanların yanına gəldi. Allah bir daha bizim üçün əlçatmaz olmayacaq.

19-28

YƏHYANIN ŞƏHADƏTİ (Yəhya 1:19-28)

Burada Yəhyanın Müjdəsinin hekayə hissəsi başlayır. Əvvəlcə ümumi plan göstərildi: İsa bu dünyaya insan şəklində gəlmiş Allahın Ağlı, Allahın Dərrakəsi, Allahın Kəlamıdır. Bundan sonra Yəhyanın Müjdəsi İsanın həyatı haqqında hekayəyə keçir.

Yəhya heç kimin olmadığı kimi, tarixləri dəqiqliklə qeyd edir. Bu hissədən başlayaraq 2:11-ə qədər o, İsanın ictimai xidmətinin vacib ilk həftəsini addımbaaddım təsvir edir. Birinci günün hadisələri 1:19-28-də, ikinci günün hadisələri 1:29-34-də, üçüncü günün hadisələri 1:35-39-da, dördüncü günün hadisələri 1:40-42-də, beşinci günün hadisələri 1:43-51-də təsvir olunur. Altıncı gün haqqında heç nə deyilmir. Həftənin son günündə baş verən hadisələr isə 2:1-11-də göstərilib.

Dördüncü Müjdənin 1:19-dan 2:11-dək hissəsində İsanın böyüklüyünə və unikallığına dair üç fərqli şəhadət var.

1. Vəftizçi Yəhyanın şəhadəti (1:19-34).

2. İsanı müəllim və Rəbb kimi qəbul edən şagirdlərin şəhadətləri (1:41-51).

3. İsanın göstərdiyi möcüzəvi gücünün şəhadəti (2:1-11).

Yəhya bizə İsanı üç aspektdə göstərir. Bu aspektlərin hər birində Onun ecazkarlığını vurğulayır. Artıq gördüyümüz kimi, dördüncü Müjdənin müəllifi Vəftizçi Yəhyaya onun iddia etdiyi mövqedən daha yüksək mövqe verilən vəziyyətlə hesablaşmalı oldu. 250-ci ildə yazılmış və İsgəndəriyyəli Klementə aid edilən «Klementin etirafları»nda oxuyuruq ki, «Vəftizçi Yəhyanın bəzi şagirdləri onun Məsih olduğunu təbliğ edirdilər». Bu hissədən aydın olur ki, Vəftizçi Yəhyanın özü belə bir bəyanata qarşı çıxardı.

İndi isə hissənin özünə qayıdaq. Artıq dördüncü Müjdənin lap əvvəlində biz xüsusi bir özəlliyi görürük: yəhudi başçılarının elçiləri Vəftizçi Yəhyaya sual verməyə gəlmişdilər. Yəhudilər (youdayoy) sözünə dördüncü Müjdədə ən azı yetmiş dəfə rast gəlinir və hər dəfə yəhudilər əleyhdar kimi çıxış edirlər. Onlar dərhal özlərini İsa ilə müqayisə etdilər və Ona qarşı çıxdılar: artıq Müjdənin əvvəlində yəhudilərin xatırlanması əleyhdarların mövcudluğundan xəbər verir. Dördüncü Müjdə — bir tərəfdən İsa Məsih vasitəsilə Allahın izharı, digər tərəfdən isə yəhudilər tərəfindən İsa Məsihin rədd edilməsinin hekayəsidir. Bu, Allahın qurbanı və insanlar tərəfindən rədd edilməsinin, Allahın sevgisi və insanların günahkar olmasının, İsa Məsihin insanlara dəvəti və bu dəvətin rədd edilməsi haqqında bir hekayədir. Digərlərinə nisbətən dördüncü Müjdəni daha çox məhəbbət və xəbərdarlıq müjdəsi adlandırmaq olar.

Vəftizçi Yəhyanı bəyan etməyə gələn yəhudi nümayəndə heyəti kahinlərdən və Levililərdən ibarət idi. Onların marağı tamamilə təbii idi. Çünki Yəhya kahin Zəkəriyyənin oğlu idi (Luka 1:5). Yəhudilikdə kahinlik hüququ yalnız insanın nəsil şəcərəsindən asılı idi. Harunun nəslindən olmayan adam kahin ola bilməzdi. Lakin Harunun nəslindən olan birinin kahin olmasına heç nə mane ola bilməzdi. Buna görə də yəhudi başçılarının nəzərində Vəftizçi Yəhya kahin idi. Kahinlərin onun yanına gəlib davranışlarında bu qədər qəribə olmasının səbəbini soruşması tamamilə təbii idi. Digər elçilər fariseylərin göndərdiyi adamlar idi. Onların arxasında Ali Şuranın dayanması təbii hal idi. Ali Şuranın vəzifəsinə, başqa məsələlərlə yanaşı, yalançı peyğəmbər olmaqda şübhəli bilinən hər hansı bir şəxsin işinə baxmaq da daxil idi. İnsanlar təbliğ edən Vəftizçi Yəhyanın yanına axışırdı. Bu səbəbdən Ali Şura həmin şəxsin yalançı peyğəmbər olub-olmadığını yoxlamağı özünə borc bilirdi.

Bütün bunlar ortodoks yəhudilərin qeyri-adi hər hansı bir şeyə nə qədər şübhə ilə yanaşdığını göstərir. Vəftizçi Yəhya kahin və vaiz təsiri bağışlamırdı. Buna görə də yəhudi başçıları ona şübhə ilə baxırdılar. İmanlı Cəmiyyəti çox vaxt yeni olanları yeni olduğu üçün qınamağa meyillidir. Hətta demək olar ki, dünyada İmanlı Cəmiyyəti qədər dəyişmək istəməyən başqa bir təşkilat yoxdur. O, çox vaxt böyük müəllimləri və mühüm hadisələri rədd edirdi, çünki yeni olan hər şeydən şübhələnirdi.

YƏHYANIN ŞƏHADƏTİ (Yəhya 1:19-28 (ardı))

Ortodoks yəhudiliyin nümayəndələri Yəhyaya üç sual verdilər.

1. Onlar Yəhyanın Məsih olub-olmadığını soruşdular. Yəhudilər Məsihin gəlişini gözləyirdilər, bu günə qədər də gözləyirlər. Lakin onların Məsih haqqında ümumi təsəvvürləri yox idi. Bəziləri bütün yer üzünə sülh gətirəcək Məsihi, bəziləri isə ədalət padşahlığını gətirəcək Məsihi gözləyirdi. Əksəriyyət isə bütün dünyada yəhudiləri qalib edən bir orduya rəhbərlik edəcək böyük bir qəhrəman gözləyirdi. Bəziləri Allahdan birbaşa fövqəltəbii varlıq gözləyirdilər. Böyük əksəriyyət isə Davud nəslindən bir padşah gözləyirdi. Məsih olduğunu iddia edənlər tez-tez meydana çıxır və iğtişaşlar, üsyanlara səbəb olurdular. İsanın dövrü təlatümlü və üsyankar dövr idi. Ona görə də Vəftizçi Yəhyadan onun Məsih olub-olmadığını soruşmaq təbii idi. Yəhya Məsih olduğuna dair bütün iddialardan qətiyyətlə imtina etdi, amma maraqlı bir işarə verdi. Yunan mətnində «mən» əvəzliyi üzərində vurğu var. Başqa sözlə, Yəhya sanki dedi: «Mən Məsih deyiləm, ancaq kaş ki Məsihin burada olduğunu biləydiniz».

2. Onda onlar Yəhyadan İlyas peyğəmbər olub-olmadığını soruşdular. Yəhudilər inanırdılar ki, Məsihin gəlişindən bir qədər əvvəl İlyas peyğəmbər Məsihin gəlişini elan etmək üçün qayıdacaq və dünyanı Onunla görüşdürməyə hazırlayacaq. Onların fikrincə, İlyas peyğəmbər gəlib bütün mübahisələri aradan qaldırmalı, dini cəhətdən murdar olan əşyaları və insanları pak əşyalardan və insanlardan ayırmalı, kimin yəhudi, kimin yəhudi olmadığını müəyyənləşdirməli, dağılmış ailələri yenidən birləşdirməli idi. Yəhudilər buna o qədər inanırdılar ki, sahibi müəyyən edilməmiş mübahisəli əmlak və tapılan pulla bağlı qərarı ənənəvi olaraq «İlyas peyğəmbərin» gəlişinə qədər təxirə salırdılar. Məsihin gəlişindən əvvəl İlyas peyğəmbərin gəlişinə əminlik Malaki peyğəmbərin kitabı 4:5-dən irəli gəlir. Hətta belə bir inanc da var idi ki, bütün padşahların məsh olunduğu kimi, İlyas peyğəmbər də Məsihi padşahlıq üçün məsh edəcək. Bundan başqa o, ölüləri dirildəcək ki, onlar da Allahın Padşahlığına layiq olsunlar. Lakin Vəftizçi Yəhya belə bir şərəfi öz adına çıxarmaqdan imtina edirdi.

3. Onlar Yəhyadan vəd edilmiş peyğəmbər olub-olmadığını soruşdular. Bəzi yəhudilər inanırdılar ki, Məsih zühur edəndə Yeşaya peyğəmbər, xüsusilə Yeremya peyğəmbər qayıdacaq. Bu, Musanın Qanunun təkrarı kitabı 18:15-də öz xalqına verdiyi vəddən irəli gəlirdi «Allahınız Rəbb sizin üçün aranızdan — öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın». Bu vədi heç bir yəhudi heç vaxt unutmurdu. Yəhudilər səbirsizliklə bütün peyğəmbərlərdən daha böyük, xüsusi bir peyğəmbərin zühurunu gözləyirdilər. Lakin Vəftizçi Yəhya belə bir şərəfi öz adına çıxarmaqdan imtina edirdi. Buna görə Vəftizçi Yəhyadan onun kim olduğunu soruşdular. O da cavabında yalnız insanları Rəbbin yolunu hazırlamağa çağıran səs olduğunu dedi. Bu, Yeşaya peyğəmbərin kitabı 40:3-dən olan bir sitatdır. Bütün müjdəçilər həmin sitatı xüsusi vurğulayırlar (Mark 1:3; Matta 3:3; Luka 3:4). Onun mənası belədir: qədim Şərqdə səki yox idi, adi torpaq yollar var idi. Padşah öz vilayətini ziyarət edəndə, fateh öz mülklərinə baxmaq istəyəndə yollar qaydaya salınır, bütün əyriliklər və kələ-kötürlər hamarlaşdırılırdı. Vəftizçi Yəhya əslində bunu dedi: «Mən heç kiməm. Mən sadəcə sizə Padşahın gəlişinə hazırlaşmağınızı söyləyən bir səsəm. O yoldadır».

Vəftizçi Yəhya əsl təbliğçi və müəllim idi — Padşaha işarə edən səs idi. O istəmirdi ki, insanlar bütün diqqəti ona yönəltsinlər. O istəyirdi ki, insanlar onu unudub yalnız Padşahı görsünlər.

Onda fariseylər heyrətləndilər: «Yəhya hansı haqla insanları vəftiz edirdi? O, Məsih, ya da İlyas peyğəmbər, yaxud peyğəmbərlərdən biri olsaydı, insanları vəftiz edə bilərdi». Bu barədə Yeşaya peyğəmbər belə yazırdı: «Lakin o, çox millətləri heyrətə salacaq» (Yeşaya 52:15). Yezekel peyğəmbər də belə yazırdı: «Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm» (Yezekel 36:25). Zəkəriyyə peyğəmbər də yazırdı: «O gün Davud nəslini və Yerusəlimdə yaşayanları günahdan və murdarlıqdan təmizləmək üçün bir bulaq açılacaq» (Zəkəriyyə 13:1). Bəs nə üçün Yəhya vəftiz edir?

Vəziyyəti qəlizləşdirən həm də o idi ki, yəhudilərin insan əli ilə vəftiz olunmasına ehtiyac yox idi. Yunanlar — fərqli dindən olan yeni gələnlər belə vəftiz olundular. Yəhudi heç vaxt vəftiz olunmurdu, çünki o, artıq Allahın xalqına aid idi və paklanmasına ehtiyacı yox idi. Vəftiz zamanı yalnız qeyri-yəhudilərin paklanması lazım idi. Vəftizçi Yəhya isə yəhudiləri yalnız bütpərəstlərin etməli olduqları işi etməyə məcbur edirdi: yəni o, yəhudilərin — seçilmiş xalqın da təmizlənməyə ehtiyacı olduğunu hesab edirdi. Vəftizçi Yəhya, həqiqətən də, belə fikirləşirdi, amma bunu açıq demirdi. O dedi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». Çətin ki bundan daha alçaldıcı və qullara xas bir iş olsun. Çarıqların bağını açmaq sırf qul işi idi. Ravvinlərin belə bir məsəli var idi ki, nökərin etdiyi hər işi şagird müəlliminə edə bilər, yalnız onun ayaqqabılarının bağını açmaqdan başqa. Bu, hətta şagird üçün belə alçaldıcı iş idi. Beləliklə, Vəftizçi Yəhya dedi: «Məndən sonra Biri gəlir. Mən hətta onun qulu olmağa layiq deyiləm». Nəzərə almaq lazımdır ki, bu vaxta qədər İsa artıq vəftiz olunmuşdu, Yəhya da Onu tanımışdı. Buna görə Vəftizçi Yəhya deyir: «Padşah gəlir. Siz də bütpərəstlər kimi murdarlıqlarınızdan təmizlənməlisiniz. Padşahın həyatınıza daxil olmasına hazır olun».

Vəftizçi Yəhyanın vəzifəsi yalnız yolu hazırlamaq idi. Onda olan əzəmət gəlişini xəbər verdiyi Şəxsin əzəməti idi. Vəftizçi Yəhya hər kəsin İsanı görə bilməsi üçün özünü tamamilə kiçiltməyə hazır olan insanın ən böyük nümunəsidir. O özünü Məsihi işarə edən barmaq kimi görürdü. Qoy Allah bizə də özümüzü unudub, yalnız Məsihi xatırlamaq lütfü versin!

29-31

ALLAHIN QUZUSU (Yəhya 1:29-31)

Qarşımızda İsanın həyatında çox vacib olan həftənin ikinci günü durur. Bu vaxta qədər Onun vəftizi və sınaqları arxada qalmışdı. O, dünyada görməli olduğu işi yerinə yetirməyə hazır idi. Dördüncü Müjdədə bir daha görürük ki, Vəftizçi Yəhya könüllü və səmimi olaraq İsaya Öz haqqını verir. O, İsaya dinin əsas ifadəsinə çevrilmiş Allahın Quzusu titulunu verir. Vəftizçi Yəhya Onu belə adlandıranda nə düşünürdü? Burada əksini tapan ən azı dörd məqam var.

1. Çox güman ki, Vəftizçi Yəhya Pasxa quzusunu nəzərdə tuturdu: Pasxa bayramına az qalmışdı (Yəhya 2:13). İlk Pasxa haqqında hekayəyə görə, kəsilmiş quzunun qanı yəhudilərin Misirdən çıxdığı gecə onların evlərini qorumuşdu (Çıxış 12:11-13). Ölüm mələyi Misir torpağında bütün ilk övladı öldürmək üçün hər evin yanından keçdiyi gecə yəhudilər evlərinin hər iki yan taxtasına və üst dirəyinə kəsilmiş quzunun qanı ilə məsh etdilər ki, bu əlaməti görən mələk oradan yan keçsin. Quzunun qanı yəhudilərin bütün ilk oğullarını ölümdən xilas etmişdi. Belə bir fikir irəli sürülür ki, Vəftizçi Yəhya İsanı görən anda Pasxa üçün nəzərdə tutulan qurbanlıq quzular sürü ilə kənddən Yerusəlimə doğru gedirdi. Pasxa quzusunun qanı Misirdəki yəhudiləri ölümdən qurtardı. Çox güman, Vəftizçi Yəhya bunu nəzərdə tutaraq belə demişdi: «Sizi ölümdən azad edə biləcək əsl qurban Odur». Paul da İsanı Pasxa Quzusu kimi görürdü (1Korinflilərə 5:7). Yalnız İsa Məsih bizə bu cür azadlığı verə bilər.

2. Vəftizçi Yəhya kahinin oğlu olduğu üçün Məbədin bütün ayinlərini və qurban mərasimlərini bilməli idi. Hər səhər və hər axşam Məbəddə İsrail xalqının günahları üçün bir quzu təqdim edilirdi (Çıxış 29:38-42). Bu qurbanlar Məbədin qurulduğu gündən bəri hər gün təqdim edilir. İnsanlar müharibədə və ya mühasirəyə alınmış şəhərdə aclıqdan ölərkən belə, quzu qurbanı təqdim etməyi unutmurdular, ta ki eramızın 70-ci ilində Məbəd dağıdılana kimi. Bəlkə də Vəftizçi Yəhya belə demək istəyirdi: «Məbəddə hər axşam və hər səhər xalqın günahları üçün bir quzu qurban gətirilir. Ancaq İsa insanları günahdan tamamilə azad edə bilər».

3. Peyğəmbərlərin quzunun surətinə dair iki istinadı var. Yeremya peyğəmbər yazırdı: «Mənsə kəsilməyə aparılan müti quzu kimi idim...» (Yeremya 11:19).Yeşaya peyğəmbər «...kəsilməyə aparılan quzu kimi...» (Yeşaya 53:7) Şəxsin möhtəşəm təsvirini verir. Bu peyğəmbərlərin hər ikisi məhəbbət dolu qurbanı və deyinmədən əzabları ilə xalqını satın alacaq Şəxsi görüblər. Bəlkə də Vəftizçi Yəhya bununla belə demək istəyir: «Peyğəmbərləriniz xalqı sevən, onun uğrunda iztirab çəkən və canını qurban verən Birini xəyal edirdilər. Budur, həmin Şəxs gəldi». Yeşaya 53-cü fəsildə təsvir olunanlar sonralar İmanlı Cəmiyyəti üçün Əhdi-Ətiqdə İsa Məsihin gəlişi ilə bağlı ən qiymətli peyğəmbərliklərdən birinə çevriləcək. Çox güman, bunu birinci görən Vəftizçi Yəhya olmuşdur.

4. Bizə qəribə görünsə də, yəhudilərə yaxşı məlum olun daha bir simvol var idi. Makkabilərin böyük müharibə dövrü Əhdi-Ətiqlə Əhdi-Cədid arasındakı dövrə təsadüf edir. Həmin günlərdə quzu, xüsusən də buynuzlu quzu böyük fatehin simvolu idi. Yəhuda Makkabi Davud və Süleyman padşahların öz dövrlərində təsvir olunduğu kimi təsvir edilmişdir. Bizə çox qəribə görünsə də, quzu — Allah yolunda qalib gələn döyüşçünün simvolu idi. Ola bilsin, bu, heç də incəlik və müdafiəsiz zəiflik simvolu deyil, qalib və əzəmətli bir qüvvənin obrazıdır. İsa Məsih — Allah yolunda günaha qarşı vuruşan və onu tək bir döyüşdə məğlub edən döyüşçüdür.

Allahın Quzusu ifadəsində heyrətamiz və sarsıdıcı bir şey var. Bu ifadəyə Vəhy kitabında iyirmi doqquz dəfə rast gəlinir. Bu ad Məsihin ən vacib titullarından birinə çevrilib: bir sözdə Məsihin məhəbbəti, fədakarlığı, əzabları və zəfəri ifadə olunur. Vəftizçi Yəhya deyir ki, İsanı tanımırdı, baxmayaraq ki, onlar qohum idi (Luka 1:36) və Yəhya Onu tanımalı idi. Bəlkə də, o, İsanı qətiyyən tanımadığını demək istəmirdi, Onun Kim olduğunu bilmədiyini söyləmək istəyirdi. Ona İsanın Allahın Oğlu olduğu birdən açıqlandı.

Vəftizçi Yəhya bir daha öz vəzifəsini aydın şəkildə ifadə edir — o, insanları Məsihə yönəltməlidir. O özlüyündə heç kimdir, İsa isə həyatın Özüdür. Vəftizçi Yəhya özü üçün nə böyüklük, nə də xüsusi bir yer iddia etdi. O, İsanı mərkəzdə saxlamaq üçün pərdəni açdı.

32-34

RUHUN ENMƏSİ (Yəhya 1:32-34)

İsa Məsih vəftiz olunanda elə bir şey baş verdi ki, Vəftizçi Yəhyanı İsanın Allahın Oğlu olduğuna əmin etdi. Əsrlər əvvəl İmanlı Cəmiyyətinin ağsaqqalları hesab edirdilər ki, həmin vaxt baş verənləri yalnız ruhən dərk etmək olardı. Lakin Vəftizçi Yəhya bunu öz gözləri ilə gördü və əmin oldu.

İsraildə göyərçin müqəddəs quş sayılırdı: onu nə ovlayır, nə də qida kimi istifadə edirdilər. İsgəndəriyyəli Filon Aralıq dənizinin şərq sahilində yerləşən Aşkelon şəhərində göyərçinlərin sayını göstərir. Onlara tutmaq və öldürmək qadağan edilir və onları əhliləşdirirdilər. Yaradılış 1:2-də biz Allahın yaradan Ruhunun suların üzərində dolaşması haqqında oxuyuruq. Ravvinlər deyirdilər ki, Allahın Ruhu əzəldən xaosun üzərində göyərçin kimi dolaşır, ona nizam və gözəllik qatırdı. Yəhudilər göyərçin simvolunu bilir və sevirdilər.

Məhz vəftiz zamanı Ruh qüdrətlə İsanın üzərinə endi. Unutmayaq ki, həmin dövrdə məsihçi nöqteyi-nəzərindən Müqəddəs Ruh haqqında təlim yox idi: bunun üçün biz Yəhyanın Müjdəsinin son fəsillərini və Əllinci günü bayramına qədər gözləməliyik. Vəftizçi Yəhya, Müqəddəs Ruhdan danışarkən, çox güman, yəhudi nöqteyi-nəzərindən düşünürdü. Yaxşı, bəs yəhudilər Müqəddəs Ruhu necə təsəvvür edirdilər?

Ruh ibranicə — ruah deməkdir, külək mənasını verir. Yəhudilərin Ruh haqqında üç təsəvvürü var idi. Ruh bir qüvvədir, güclü küləyə bənzəyir; Ruh — həyatdır, insan varlığının mənbəyi kimidir; bir də Allahın Ruhu. Ruh qüdrət və həyat kimi insan səyləri və cəhdləri xaricində idi. Allahın Ruhu insan həyatına daxil olub, ilk növbədə peyğəmbərlərə rəhbərlik edərək onları ilhamlandırırdı. "Mən isə Yaqub övladlarına üsyankarlığını, İsrailə günahını bildirmək üçün qüvvətlə, Rəbbin Ruhu ilə, ədalət və cəsarətlə qurşanıram» (Mikeya 3,8).

Allah Yeşaya peyğəmbərə deyir: «...üzərindəki Ruhum, ağzına qoyduğum sözlərim indidən sonsuzadək sənin, övladlarının, nəvə-nəticələrinin ağzından düşməyəcək» (Yeşaya 59:21), «Xudavənd Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi» (Yeşaya 61:1). «Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam... Öz Ruhumu sizin daxilinizə qoyacağam» (Yezekel 36:26-27). Demək olar ki, Allahın Ruhu nazil olduğu insana üçqat təsir göstərirdi: birincisi, O, insana Allahın həqiqətini çatdırırdı; ikincisi, insan bu həqiqəti görəndə onu dərk etmək qabiliyyətini verirdi; üçüncüsü, O, insana bu həqiqəti başqalarına təbliğ etmək bacarığı və cəsarəti verirdi. Yəhudilərin fikrincə, Ruh Allahın insanların həyatında zühur etməsi idi.

İsa Məsih vəftiz olunanda Müqəddəs Ruh Onun üzərinə başqa insanlara nazil olduğundan fərqli şəkildə nazil oldu: başqaları üçün Müqəddəs Ruhun nazil olması xüsusi təəssürat, qeyri-adi vəhy, qeyri-adi güc və qeyri-adi qabiliyyət, fövqəltəbii cəsarətin vaxtaşırı məqamları idi. Ancaq həmin məqamlar gəlib-gedirdi. Vəftizçi Yəhya iki dəfə (1:32-33) Ruhun İsanın üzərinə enib Onda qaldığını vurğulayır: bu, bir anlıq ilhamlanma deyildi. Ruh İsanı daimi məskəni kimi seçdi. Başqa sözlə, Allahın ağlı və gücü İsada unikal idi.

Buradan biz vəftiz sözünün nə demək olduğunu öyrənə bilərik. Yunanca baptizeyn sözü batmaq və ya daxil olmaq deməkdir. Məsələn, paltarı boyayarkən onu tamamilə boyaya batırırlar, yaxud gəmi tamamilə dalğaların altında bata bilər. Bu söz həm də çox sərxoş olan insana münasibətdə də işlənə bilər. Sərxoş o qədər içkiyə aludə olur ki, spirt tamamilə onun bədəninə hopur. Vəftizçi Yəhya İsanın Müqəddəs Ruhla vəftiz edəcəyini söyləyəndə, İsanın bizi Allahın Ruhu ilə elə dolduracağını nəzərdə tutur ki, Ruh varlığımıza hopacaq və həyatımız Onunla dolacaq.

Yaxşı, bəs Vəftizçi Yəhyanın vəftizi hansı əhəmiyyət daşıyırdı? Onun vəftizinin iki mənası var idi: o, insanı pak edirdi. İnsan ona yapışan murdarlıqdan təmizlənirdi. Vəftiz insanı həsr edirdi — insan yeni və tamamilə fərqli bir həyata daxil olurdu. İsanın edəcəyi vəftiz isə Ruhun vəftizi idi. Yəhudilərin Ruh anlayışını xatırlasaq, o zaman deyə bilərik ki, Ruh insanın üzərinə enəndə növbəti proseslər baş verir.

1. İnsanın həyatı paklaşır: o, Allah haqqında bilik əldə edir və Onun iradəsi dərk edir. O, Allahın məqsədinin, həyatın, həyatdakı vəzifəsinin nə olduğunu dərk edir. Allahın hikməti və nuru ona bəxş olunur.

2. İnsanın həyatı güc və möhkəmlik əldə edir. Qüdrətsiz bilik — yorucudur, həm də boş bir şeydir. Ruh isə bizə yalnız doğru olanı bilmək deyil, həm də doğru olanı etmək üçün güc verir. Ruh bizə həyat qurmaq qalibiyyəti verir.

3. İnsanın həyatı təmizlənir. Vəftizçi Yəhyanın sözlərinə görə, Məsihin Müqəddəs Ruhla vəftiz etməsi odla vəftizdir (Matta 3:11; Luka 3:16). İnsan cismən və ruhən təmizlənənə qədər bütün pis fikir, əməllər, çirkablar odda yandırılır.

Çox vaxt bizim dualarımız rəsmi olur. Lakin nə üçün dua etdiyimizi biləndə, dua ürəyin fəryadına çevrilir.

35-39

İLK ŞAGİRDLƏR (Yəhya 1:35-39)

Çox ehtimal ki, Müqəddəs Yazılarda bu qədər maraqlı və əhəmiyyətli təfərrüatları ehtiva edən başqa bir hissə yoxdur.

Biz yenə Vəftizçi Yəhyanın İsaya işarə etdiyini görürük. O, yaxşı başa düşürdü ki, İsa haqqında öz şagirdlərinə danışarkən, onlara onu tərk edib yeni və daha böyük Ustada etimad göstərmələrini təklif edir. O, belə də etdi. Vəftizçi Yəhyada qısqanclıq yox idi. O, gəldi ki, insanları öz ardınca deyil, İsanın ardınca getməyə çağırsın. Birinci yerin tutulduğunu bilib, ikinci yeri tutmaqdan çətin bir şey yoxdur. Lakin İsa meydana çıxan kimi Vəftizçi Yəhyanın yalnız bir fikri var idi — insanları Onun yanına göndərmək.

Budur, Vəftizçi Yəhyanın iki şagirdi İsanın ardınca getdi. Ola bilsin, onlar birbaşa İsaya müraciət etməkdən çox utanırdılar. Ona görə də Onu uzaqdan izləyirdilər. Birdən İsa xüsusi bir addım atdı: İsa dönüb onlarla danışdı. Başqa sözlə, İsa onlara yardım etdi və onların işini asanlaşdırdı. İsa onların içəri girməsi üçün qapını açdı.

Bu da İlahi təşəbbüsün simvoludur: ilk addımı həmişə Allah atır. İnsanın ağlı Allahı axtaranda, qəlbi isə Onun üçün susayanda, Allah yardım edərək yolun yarısından da irəli gedir. Allah insanı tək Onun hüzuruna gəlməyə məcbur etmir, onun qabağına çıxır. Avreli Avqustinin dediyi kimi: «Əgər Allah bizi çoxdan tapmasaydı, biz hələ də Onu axtarmağa başlamamışdıq». Biz Allaha üz tutanda gizlənən və uzaqda duran Allaha deyil, bizi gözləyən, hətta bizimlə görüşməyə tələsən Allaha doğru gedirik.

İsa gənc şagirdlərə həyatda ən vacib sualı verməklə başladı: «Sizə nə lazımdır?» İsraildə İsanın dövründə insana belə bir sual vermək tamamilə normal idi.

Ola bilsin, bu adamlar ilahiyyatçılar və fariseylər kimi qanunun xırda tərəfləri haqqında incə və mənasız söhbətlər axtaran qanunşünaslardır; ya da sadukeylər kimi mövqe və güc axtaran iddialı ikiüzlülərdir; yaxud işğalçının — Roma hakimiyyətini darmadağın edəcək siyasi demaqoq və hərbi lider axtaran millətçilərdir? Bəlkə də onlar bir çoxları kimi həqiqi Allahı və ya Allahın iradəsini axtaran təvazökar mömin insanlardır və ya həyatda nur və Allahın bağışlanmasını axtaran çaşqınlıq içində olan ağıllı insanlardır?

Yaxşı olardı ki, hərdən özümüzə bu sualı verək: «Mənə nə lazımdır? Məqsədim nədir? Mən həyatdan nə istəyirəm?»

Bəziləri təhlükəsizlik axtarır. Onlar sabit və etibarlı bir mövqe tutmaq, həyat ehtiyaclarını ödəmək üçün kifayət qədər pula sahib olmaq istəyirlər. Eyni zamanda qara gün üçün pul yığmaq istəyirlər. Başqa sözlə, onları gündəlik qayğılardan xilas edəcək maddi təminat axtarırlar. Əslində, bu, pis məqsəd deyil. Amma yalnız bundan ötrü yaşamağa dəyməyən xırda məqsəddir. Çünki nəticədə həyatda heç kim heç nədən sığortalanmayıb.

Digərləri, özlərinin də dediyi kimi, karyera — öz qabiliyyət və istedadlarına görə layiq olduqlarını düşündükləri səlahiyyət, mövqe, prestij və s. axtarırlar. Bəziləri yalnız onların edə biləcəyini düşündükləri işi görmək üçün fürsət axtarırlar. Əgər bütün bunları etməyin məqsədi şöhrətpərəstlikdirsə, bu, pis məqsəddir; əgər bu öz qardaşlarına xidmət etmək istəyindən irəli gəlirsə, onda yüksək məqsəddir. Ancaq təkcə bu, kifayət etmir. Çünki belə bir məqsəd zamanla və bu dünya ilə məhdudlaşır.

Bəzi insanlar onlara Allahla və insanlarla sülh içində yaşamağa imkan verən sülh, rahatlıq axtarırlar: bu, Allahı axtarmaqdır. İsa yalnız belə axtarışları təqdir edə və onlara kömək edə bilər.

Şagirdlər İsaya cavab verdilər ki, Onun harada yaşadığını bilmək istəyirlər. Onlar İsanı «Rabbi» adlandırırdılar. Bu da qədim ibrani dilində hərfi mənada «mənim müəllimim», «böyük ustadım» deməkdir. Şagirdlər və elm axtarışında olanlar öz müəllimlərinə və müdrik adamlara hörmətlə belə müraciət edirdilər. Müjdəçi Yəhya Müjdəni yunanlar üçün yazırdı və bilirdi ki, onlar bu qədim ibrani sözünü bilmirlər. Ona görə də həmin sözü yunan dilinə didaskolos, müəllim kimi tərcümə etdi. Gənc şagirdlər suallarını maraqdan vermirdilər: bununla onlar bildirdilər ki, təsadüfi tanışlar kimi yolda bir-iki kəlmə ilə salam-sağ ol etmək üçün demirlər. Şagirdlər İsa ilə bir az oturub danışmaq, problemlərini, qayğılarını dilə gətirmək istəyirdilər. İsanın şagirdi olmaq istəyən insan heç vaxt salam-sağ ol ilə kifayətlənməyəcək. O, İsa ilə təsadüfi bir tanış kimi deyil, özünün və ya Onun evində Dostu kimi görüşmək istəyəcək.

İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Yəhudi ravvinləri öz təlimlərində bu ifadədən istifadə edirdilər. Onlar deyirdilər: «Bu sualın cavabını bilmək istəyirsən? Bu problemin həllini bilmək istəyirsən? Mənimlə gəl, görərsən. Bu barədə ikimiz düşünərik». İsa «Mənimlə gəlin, görərsiniz» deməklə onları nəinki evə girib danışmağa, həm də gəlib yalnız Onun açıqlaya biləcəyi həqiqətləri tapmağa dəvət etdi.

Müjdəni yazan Yəhya abzası bu sözlərlə bitirir: «Onuncu saat radələri idi». Madam ki, Yəhya belə yazır, böyük ehtimal, o, həmin iki şagirddən biri olub. O, İsa ilə günün hansı saatda görüşdüyünü, hətta hansı daşın yanında durduğunu göstərə bilərdi. Yazda, saat onda (günorta saat dörddə) Yəhya üçün Qalileyada yeni həyat başladı.

40-42

İZZƏTİ BÖLÜŞƏNLƏR (Yəhya 1:40-42)

Azərbaycanca olan Müjdədə deyilir ki, Andrey öncə qardaşı Şimonu axtarıb tapır. Yunanlarda bu yer iki variantda təsvir olunur. Versiyaların birində «öncə» mənasını verən proton sözü işlədilir. Azərbaycan dilinə tərcümə üçün məhz bu söz istifadə olunub. Digər versiyada sübh tezdən mənasını verən proy sözü işlədilir. Biz ikinci varianta üstünlük veririk, çünki o, ikinci günün hekayəsi üçün daha uyğundur. Müəyyən etdiyimiz kimi, bu ayələr İsanın ictimai xidmətinin ilk həftəsi haqqındadır. Belə olan halda, hadisənin görüşdən sonrakı gün baş verdiyini ehtimal edə bilərik.

Yəhya yunan oxucularına mətni daha yaxşı başa düşməyə kömək etmək məqsədilə ibrani sözünün izahını verir. Məsih — Məsh olunmuş sözü ilə eynidir: Məsih — ibranicə, Xristos — yunancadır. Hər ikisi məsh olunmuş, Məsih deməkdir. Qədim dövrlərdə, bugünkü kimi, məsələn, İngiltərədə krallar tacqoyma mərasimində yağla məsh edilirdilər. Həm Məsih, həm də Xristos sözü Allahın məsh olunmuş Padşahını bildirir.

Biz Andrey haqqında çox şey bilmirik, lakin az da olsa haqqında bildiklərimiz onun xarakterini göstərir: o, bütün həvarilərin içərisində çox maraqlı şəxslərdən biridir. Onu başqalarından fərqləndirən iki əsas xüsusiyyət var.

1. Andrey ikinci olmağa hazır olması ilə fərqlənir. Onu dəfələrlə Şimon Peterin qardaşı adlandırırdılar. Tamamilə aydındır ki, o, Peterin kölgəsində yaşayırdı. İnsanlar Andreyin kim olduğunu bilmirdilər. Amma hamı Peteri tanıyırdı və Andrey haqqında danışarkən onu Peterin qardaşı kimi tanıyırdılar. Andrey İsanın ən yaxın şagirdlərinin çevrəsinə daxil deyildi. İsa Yairin qızına şəfa verəndə, görünüşünün dəyişildiyi dağa çıxanda, Getsemani bağında sınaqdan keçəndə, Özü ilə Peter, Yaqub və Yəhyanı aparmışdı. Bu, Andreyi incidə bilərdi: məgər o, İsanın ardınca gedən ilk şagirdlərdən biri deyildimi? Məgər o, şagirdlər arasında özünə daha yüksək mövqe gözləyə bilməzdimi? Ancaq bütün bunlar Andreyin heç ağlından belə keçməmişdi. Qardaşı diqqət mərkəzində olanda o, arxa planda qalmağa hazır idi. O, On ikilər arasında təvazökar mövqe tutmağa hazır idi. Andrey birincilik, yer və şərəf məsələlərinə əhəmiyyət vermirdi. Onun üçün bir şey vacib idi — İsaya yaxın olmaq və bacardığı qədər Ona xidmət etmək. Andrey təvazökar, sədaqətlə və öz mənfəətini güdmədən ikinci olanların nümunəsidir.

2. Andrey həmişə başqalarını İsa ilə tanış etməsi ilə fərqlənirdi. Bütün Müjdədə Andrey üç dəfə — başqalarını İsa ilə tanış etməsi ilə diqqət mərkəzinə düşür. O, Peteri İsaya təqdim edir; o, beş çörək və iki balığı olan bir oğlan uşağını İsanın yanına gətirir (Yəhya 6:8-9); yunanları İsanın yanına gətirir (Yəhya 12:22). Başqalarını İsanın yanına aparmaq Andrey üçün ən böyük sevinc idi. O bizə yalnız izzəti bölüşmək istəyən bir insan təsiri bağışlayır. O, xidmətçi ürəyi olan bir insandır. İsa ilə dostluq edərək, o, bütün həyatını başqalarının Onunla dostluq etməsinə sərf etdi. Andreydə biz İsanı yalnız özü üçün saxlamayan bir adamın gözəl nümunəsini görürük.

Andrey Peteri İsanın yanına gətirəndə İsa Peterə baxdı. Yəhya burada emblepeyn sözünü istifadə edir. Bu da diqqəti bir yerə cəmlənmiş, daha dərin baxan, yalnız xarici, üzdə olanı deyil, həm də insan qəlbini oxuyan deməkdir. İsa Şimonu görüb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə daş (Peter) deməkdir.

Qədim dövrdə, demək olar ki, hər kəsin iki adı var idi: çünki yunan dili ümumi dil idi və hər kəsin ana dilində ən yaxın dostlarının onu çağırdığı bir adı var idi. Məsələn, Tomas arami dilində idi, Didim isə Əkizlər mənasını verən yunan versiyası idi. Tabita — arami dilində idi, Dorka isə Tabita adının yunan versiyası idi. Bəzən arami dilinə oxşadığı üçün yunan adı seçilirdi: evində Elyaqim və ya Habil adlanan bir adam yunan tanışları üçün Alkim və ya Apelles ola bilərdi; Odur ki, Peter və Kefa fərqli adlar deyil — onlar iki dildə eyni adın iki formasıdır.

Əhdi-Ətiqdə ad dəyişikliyi həmişə Allahla münasibətin dəyişilməsi ilə bağlı idi. Məsələn, Allahla yeni münasibətə girəndə Yaqub İsrail (Yaradılış 32:28), İbram isə İbrahim (Yaradılış 17:5) oldu. Allahla yeni münasibətə girən insan sanki yeni həyata qədəm qoyur, yeni insan olur, ona görə də yeni bir ada ehtiyac duyur.

Ancaq bu hekayədə çox vacib bir məqam var: o, İsanın insanlara necə baxdığını göstərir. O, təkcə insanın necə olduğunu deyil, bu insanın kim ola biləcəyini görür. O, təkcə real vəziyyəti deyil, həm də imkanları görür. İsa Peterə baxanda, onda təkcə qalileyalı bir balıqçı deyil, həm də İmanlı Cəmiyyətinin əsasını qoya biləcək bir daş gördü. İsa bizi təkcə olduğumuz kimi deyil, ola biləcəyimiz kimi görür. O deyir: «Həyatını Mənə ver, mən də daxilindəki imkanları üzə çıxarıb səni sən edim».

Günlərin bir günü böyük italyan heykəltəraşı, rəssam və memar Mikelancelonun nəhəng mərmər parçasından bir kəsik qopardığını görüb, ondan nə etdiyini soruşdular. O, belə cavab verdi: «Mən bu mərmərin içindəki mələyi azad edirəm!» İsa hər kəsdə gizli qəhrəmanı görür və onu azad edə bilər.

43-51

NATANAELİN GƏLİŞİ (Yəhya 1:43-51)

İndi isə İsa cənubdan ayrılıb şimala, Qalileyaya doğru gedir. Ola bilsin, orada, yəni Qanada Filipi tapıb ardınca gəlməyə çağırdı. Filip də Andrey kimi eşitdiyi xoş xəbəri gizlədə bilmədi. Fransız ilahiyyatçısı Qode (1812-1900) bu vəziyyəti belə ifadə etmişdir: «Bir yanan çıraqla digər çırağı yandırmaq olar». Filip gedib dostu Natanaeli gördü və ona dedi ki, Nazaretli İsada çoxdan vəd edilmiş Məsihi tapıb. Natanael buna şübhə ilə yanaşırdı: Əhdi-Ətiqdə Allahın Seçilmişinin Nazaretdən gələcəyinə dair heç nə deyilməmişdir. Nazaretdə qeyri-adi heç nə yox idi. Natanael özü Qalileyanın başqa bir şəhərindən olan Qanadan idi. Kənd yerlərində isə şəhərlər və kəndlər arasında rəqabət həmişə böyük olur. Buna görə də Natanaelin Nazaretdən yaxşı bir şeyin çıxacağına inanmadığını bildirdi. Filip də müdrik olduğuna görə Natanaellə mübahisə etmədi, sadəcə olaraq, ona «gəl özün bax» dedi.

İnsanları arqumentlərin köməyi ilə məsihçiliklə maraqlandırmaq çox vaxt mümkün olmur. Arqumentlər bəzən xeyirdən çox zərər gətirir. İnsana İsa haqqında həqiqəti göstərməyin yeganə etibarlı yolu — ona Məsihlə görüşmək imkanı verməkdir.

İnsanları Məsihə cəlb edən vəzlərdəki sübutlar və fəlsəfi söhbətlər deyil, Məsihin həyat və fəaliyyətidir desək, daha ədalətli olar.

Deyilənə görə, keçən əsrin sonlarında bir dəfə ingilis yazıçısı və aqnostik Oldous Haksli şəhərdən kənarda bir bağ evində vaxt keçirirmiş. Qonaqların çoxu bazar günü kilsəyə gedir. Haksli onlarla getmək fikrində deyildi. Amma sonra imanı ilə tanınan bir adama yaxınlaşıb deyir:

  • Bəlkə bu gün sən də kilsəyə getməyəsən? Bəlkə mənə məsihçi imanının nə olduğunu, ümumiyyətlə, nə üçün imanlı olduğunu danışasan?

Həmin adam belə cavab verir:

  • Amma sən bir anın içində mənim dəlillərimi təkzib edəcəksən.

  • Mən səninlə qətiyyən mübahisə etmək istəmirəm — Haksli deyir, — sadəcə Məsihin sənin üçün Kim olduğunu mənə deməyini istəyirəm.

Həmin adam evdə qalıb, ən sadə dildə öz inancı barədə Haksliyə danışır.

Hekayəsini bitirəndə Hakslinin gözləri yaşarır:

  • Dediklərin həqiqət olsaydı, sağ əlimi qurban verərdim.

Hakslinin ürəyinə toxunan ağıllı dəlillər deyildi. Çünki o, bu sadə məsihçinin gətirə bildiyi istənilən arqumentin dərhal «öhdəsindən gələrdi». Lakin onun ürəyinə toxunan Məsih haqqında hekayənin səmimi şəkildə ifadə olunması idi. Ən yaxşı arqument insanlara «gəl, özün bax» deməkdir.

Düzdür, başqalarını Məsihə dəvət etməzdən əvvəl ilk növbədə özümüz Onu yaxşı tanımalıyıq. Müjdəçi əvvəlcə özü Məsihlə görüşməlidir.

Natanael İsanın yanına gəldi, İsa onun ürəyini gördü. İsa dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». İsanın belə tərifi Allahdan qorxan hər bir yəhudini sevindirərdi: «Rəbb tərəfindən təqsirkar sayılmayan, qəlbində hiylə olmayan insan nə bəxtiyardır!» (Zəbur 32:2)

Natanael onu çox az tanıyan bir adamın ağzından belə bir qiymətləndirmə eşidəndə təəccübləndi və İsanın onu haradan tanıdığını soruşdu. İsa ona dedi ki, onu əncir ağacının altında görüb. Bu nə deməkdir? Yəhudilərə görə, əncir ağacı rahatlıq və əmin-amanlıq simvolu idi. Onlar rahatlıq dedikdə — insanın üzüm meynəsi və əncir ağacının altında sakit otura biləcəyi vəziyyəti başa düşürdülər (1Padşahlar 4:25; Mikeya 4:4 ilə müqayisə edin). Üstəlik, əncir ağacının çoxlu yarpaqları olur və yaxşı kölgə verir. Buna görə də yəhudilər onun kölgəsi altında oturub fikrə dalmağa adət etmişdilər. Çox güman, Natanael vaxtını məhz bu şəkildə keçirirdi. O, əncir ağacının altında oturaraq, yəqin ki, Allahın Seçilmişinin gələcəyi gün üçün Ona dua edirdi. Əlbəttə, o, Allahın əmrləri barədə düşünürdü və budur, o hiss etdi ki, İsa onun ürəyindəkiləri oxuyur. Natanaeli təəccübləndirən İsanın onu əncir ağacının altında görməsi deyildi, ürəyindəkiləri oxuması idi. Natanael ürəyində dedi: «Budur mənim xəyallarımı başa düşən adam! Budur mənim dualarımı bilən adam! Budur, dilə gətirməyə belə cəsarət etmədiyim ən dərin arzularımı görən adam! Budur, mənim qəlbimin ah-naləsini başa düşə bilən adam! Bu, Allahın vəd etdiyi məsh olunmuş Məsihdir». Natanael ürəyindəkiləri oxuyana, onu başa düşənə, ürəyinin sirrini yerinə yetirənə həmişəlik tabe oldu. Ola bilsin, İsa gülümsədi. O, yuxusunda göyə qədər qalxan nərdivan görən Yaqubu xatırladı (Yaradılış 28:12-13). İsa sanki Natanaelə belə dedi: «Natanael, Mən nəinki sənin ürəyindəkiləri oxuya bilirəm, hətta səni və bütün insanları göylərə aparan nərdivan ola bilərəm». İnsanlar yalnız və yalnız İsa vasitəsilə göylərə aparan nərdivanla qalxa bilərlər.

Ancaq bu hissə ilə bağlı sual yaranır: Natanael kimdir? Dördüncü Müjdədə onun adı ilk şagirdlər arasında yer alır, digər üç Müjdədə isə onun adı, ümumiyyətlə, çəkilmir. Bu, müxtəlif cür izah olunur.

1. Belə bir fikir irəli sürülür ki, o, real obraz deyil, milli qürur və qərəz bağlarını qırmış, özlərini İsa Məsihə həsr etmiş bütün həqiqi yəhudiləri simvolizə edən ideal obrazdır.

2. Çoxları eyni əsaslara istinad edərək iddia edirlər ki, o, Paulu və ya hansısa sevimli şagirdi simvollaşdırır. Paul Məsihi qəbul edən nüfuzlu yəhudi nümunəsi idi, sevimli şagird isə ideal şagird obrazı idi. Buna görə də güman edilir ki, Natanael idealı simvollaşdırır. Bu, insan deyil, bir obrazdır. Əgər Natanael daha heç vaxt xatırlanmasaydı, bu fikir inandırıcı ola bilərdi. Lakin Natanael Yəhya 21:2-də yenidən xatırlanır və burada ideal obraza dair heç bir işarə yoxdur.

3. Onu Matta ilə eyniləşdirirdilər. Çünki bu adların hər ikisi — həm Matta, həm də Natanael eyni məna daşıyır — Allahın hədiyyəsi. Artıq qeyd etdik ki, o dövrlərdə insanların çox vaxt iki adı var idi — biri yunan, digəri isə yəhudi. Lakin bu halda həm Matta, həm də Natanael yəhudi adıdır.

4. Ancaq bunun sadə bir izahatı var. Natanaeli İsanın yanına Filip gətirdi. Digər üç Müjdənin heç birində Natanaelin adı heç vaxt xatırlanmır. Dördüncü Müjdədə isə Bartalmayın adı xatırlanmır. Matta 10:3 və Mark 3:18-də göstərilən şagird siyahısında Filip və Bartalmayın adları yan-yana qoyulur, sanki onları bir-birinə bağlamaq təbii və zəruridir. Üstəlik, Bartalmay, həqiqətən, ikinci addır — bu, Tolmay və ya Ptolemeyin oğlu deməkdir. Bartalmayın başqa bir adı da olmalı idi. Buna görə, çox güman ki, Bartalmay və Natanael eyni şəxsdir, sadəcə fərqli adlarla göstərilib.

Hər necə olursa-olsun, Natanael qəlbi qürur və mövhümatlardan təmizlənmiş, İsanı ürəklərinin susuzluğunu yatıran Biri kimi görən yəhudiləri simvollaşdırır.

Azərbaycan dilində Müqəddəs Kitab

Allah Kəlamı
1 Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2 O, başlanğıcda Allahla birlikdə idi. 3 Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4 Həyat Onda idi və bu həyat insanların nuru idi. 5 Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.
6 Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 7 O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 8 O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 9 Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10 O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11 Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12 Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13 Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.
14 Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15 Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16 Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17 Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18 Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.
Yəhyanın şəhadəti
(Matta 3:1-12; Mark 1:1-8; Luka 3:1-18)
19 Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20 o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21 Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22 Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23 Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi
“Rəbbin yolunu düz edin”
deyə səhrada nida edənin səsiyəm».
24 Göndərilən bəzi fariseylər 25 Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 26-27 Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 28 Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi.
29 Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30 “Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31 Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32 Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33 Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34 Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm».
İsanın ilk şagirdləri
35 Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 36 İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 37 Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 38 İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 39 İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. 40 Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 41 Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir. 42 Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir.
43 Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 44 Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 45 Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 46 Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 47 İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 48 Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 49 Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 50 İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 51 Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz».