Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Yəhyanın müjdəsi: Giriş

V. Barklinin şərhləri

YƏHYANIN MÜJDƏSİNƏ GİRİŞ

QARTAL BAXIŞINDAN MÜJDƏ

Bir çox məsihçilər Yəhyanın Müjdəsini Əhdi-Cədidin ən qiymətli kitabı hesab edirlər. Onlar bu kitabla daha çox ağıllarını və qəlblərini qidalandırır, ruhlarını sakitləşdirirlər. Müjdələrin müəllifləri vitrajlarda və digər əsərlərdə çox vaxt simvolik olaraq Vəhy müəllifinin taxtın ətrafında gördüyü dörd heyvan şəklində təsvir edilir (Vəhy 4:7). Müxtəlif yerlərdə hər bir müjdəçiyə fərqli bir simvol aid edilir. Əksər hallarda hesab edilir ki, müjdəçi Markın simvolu insandır. Onun Müjdəsini ən sadə və ən humanist Müjdə adlandırmaq olar. Aslan — müjdəçi Mattanın simvoludur. Çünki heç kim onun qədər İsada Məsihi və Yəhuda qəbiləsinin aslanını görməmişdir. Dana (öküz) — müjdəçi Lukanın simvolu sayılır. Çünki bu heyvan həm xidmət, həm də qurbanlıq üçün istifadə olunurdu. Luka İsada insanların böyük xidmətçisini və bütün bəşəriyyət üçün universal qurbanı görürdü. Qartal — Müjdəçi Yəhyanın simvoludur. Çünki bütün canlılar arasında yalnız qartal gözünü qıymadan birbaşa günəşə baxa bilir. Beləliklə, əbədi sirlərə, əbədi həqiqətlərə və Allahın düşüncələrinə nüfuz edir. Yəhya digər Əhdi-Cədid müəlliflərinə nisbətən daha açıq gözlüdür. Əksər insanlar elə hesab edirlər ki, onlar Yəhyanın Müjdəsini oxuyanda özlərini Allaha və İsa Məsihə daha yaxın hiss edirlər.

DİGƏRLƏRİNDƏN FƏRQLƏNƏN MÜJDƏ

Dördüncü Müjdənin digər üç Müjdədən fərqləndiyini görmək üçün onu tez-bazar oxumaq da kifayət edir: digər üç Müjdədə yer alan hadisələrin çoxu onda yoxdur. Dördüncü Müjdədə İsanın doğulması, vəftiz olunması, şeytan tərəfindən sınağa çəkilməsi, Axırıncı Şam yeməyi, Getsemani bağı və ya göylərə qaldırılması haqqında heç nə deyilmir. Burada cinə tutulmuş insanların sağaldılmasından bəhs edilmir. Ən maraqlısı isə odur ki, burada digər üç Müjdənin əvəzolunmaz hissəsi olan İsanın məsəllərindən heç nə yoxdur. Üç Müjdə boyunca İsa daima bu gözəl məsəllərlə və yaddaqalan qısa, ifadəli cümlələrlə danışır. Dördüncü Müjdədə isə İsanın nitqi bəzən bütöv bir fəsli əhatə edir və digər üç Müjdədəki qısa, unudulmaz sözlərdən tamamilə fərqli olan mürəkkəb, sübutlarla dolu ifadələr yer alır. Daha təəccüblüsü isə odur ki, İsanın həyatı və xidməti haqqında dördüncü Müjdədə yer alan faktlar digər Müjdələrdə yazılanlardan fərqlənir.

1. Yəhyanın Müjdəsində İsanın xidmətinin başlanğıcı haqqında fərqli məlumat verilir. Digər üç Müjdədə isə aydın şəkildə göstərilir ki, İsa təbliğ etməyə yalnız Vəftizçi Yəhya həbs edildikdən sonra başlayır. «Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın Müjdəsini vəz edirdi...» (Mark 1:14; Luka 3:18-20; Matta 4:12). Yəhyanın Müjdəsinə görə, İsanın təbliği ilə Vəftizçi Yəhyanın fəaliyyətinin üst-üstə düşdüyü dövr kifayət qədər uzun olub (Yəhya 3:22-30; 4:1-2).

2. Yəhyanın Müjdəsi İsanın təbliğ etdiyi əraziyə fərqli bir baxış təqdim edir. Digər üç Müjdədə İsanın təbliğ etdiyi ərazi əsasən Qalileya idi, Yerusəlimə isə həyatının son həftəsinə qədər getməmişdi. Yəhyanın Müjdəsinə görə, İsa ən çox Yerusəlimdə və Yəhudeyada vəz edirdi və yalnız arada Qalileyaya gedirdi (Yəhya 2:1-13; 4:35-51; 6:1-7:14). Yəhyaya görə, İsa Məbədin təmizlənməsi ilə üst-üstə düşən Pasxa bayramında (Yəhya 2:13), adı açıqlanmayan bayram zamanı (Yəhya 5:1); Çardaqlar bayramı zamanı (Yəhya 7:2-10) Yerusəlimdə olub. O, qışda Kəffarə Bayramı zamanı da orada idi (Yəhya 10:22). Dördüncü Müjdəyə görə, bu bayramdan sonra İsa heç vaxt Yerusəlimi tərk etmədi. 10-cu fəsildən sonra Onu həmişə Yerusəlimdə görürük. Bu o deməkdir ki, İsa qış Kəffarə Bayramından bahara qədər — Pasxa bayramına, Çarmıxa çəkilənə qədər aylarla orada qalmışdı. Qeyd etmək lazımdır ki, məhz bu fakt Yəhyanın Müjdəsində düzgün təsvir olunmuşdu. Digər Müjdələr İsanın Çarmıxa çəkilmə ərəfəsində Yerusəlimə gələndə şəhərin taleyinə görə necə kədərləndiyini göstərir. «Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz!» (Matta 23:37; Luka 13:34). Aydın məsələdir ki, İsa Yerusəlimə bir neçə dəfə gəlməsəydi və onun sakinlərinə dəfələrlə müraciət etməsəydi, belə deyə bilməzdi. İlk dəfə gəlmiş olsaydı, O, bu sözləri deyə bilməzdi. Məhz bu fakt «İmanlı Cəmiyyətinin tarixinin atası» Evsebiyə (263-340) (İsrail Qeysəriyyəsinin yepiskopu və Məsihin doğulmasından 324-cü ilə qədər imanlı cəmiyyətinin ən qədim tarixinin müəllifi) dördüncü Müjdə ilə digər üçü arasındakı fərqi ilk dəfə izah etməyə imkan verdi. Evsebi bəyan edirdi ki, onun dövründə yaşayan (təxminən 300-cü ildə) bir çox ilahiyyatçılar belə təxmin edirdilər:

Yəhudilərə ilk dəfə təbliğ edən Matta olmuşdur. Lakin sonra başqa xalqlara da müjdə yaymaq vaxtı gəlib çatır. Yola düşməzdən əvvəl o, Məsihin həyatı haqqında bildiyi hər şeyi ibrani dilində yazmış və «beləliklə, yəhudilərin işini asanlaşdırmışdır». Mark və Luka öz Müjdələrini yazdıqdan sonra Yəhya hələ də İsanın həyatının hekayəsini şifahi şəkildə təbliğ edirdi.

«Nəhayət, o, İsanın həyatını qələmə almaq qərarına gəldi. Deyilənə görə, adı çəkilən üç Müjdə hər kəs üçün əlçatan olanda və ona da gəlib çatanda, Yəhya onların həqiqət olduğunu təsdiqləmişdi. Sonra isə əlavə etmişdi ki, İsanın xidmətinin əvvəlində etdikləri haqqında hekayə yoxdur. Məhz buna görə də Yəhya öz Müjdəsində ilk müjdəçilərin buraxdığı bir dövrü — yəni Vəftizçi Yəhyanın həbsindən əvvəlki dövrdə Xilaskarın gördüyü işləri təsvir edir. Digər üç müjdəçi isə həmin hadisədən sonra baş verənləri təsvir edir. Yəhyanın Müjdəsi Məsihin ilk əməlləri, digərləri isə Onun sonrakı həyatı haqqında hekayələrdir».

(Evsebi, «İmanlı Cəmiyyətinin tarixi» 5:24)

Evsebiyə görə, dördüncü ilə digər üç Müjdə arasında heç bir ziddiyyət yoxdur. Bütün fərq yalnız ondan ibarətdir ki, dördüncü Müjdədə ilk fəsillər Yerusəlimdəki xidmətə həsr olunub. Bu da Qalileyadakı təbliğdən və Vəftizçi Yəhyanın həbsindən əvvəl baş vermişdi. Evsebinin bu izahının düzgün olmaq ehtimalı yüksəkdir.

3. Yəhyaya görə, İsanın xidmət müddəti fərqli idi. Digər üç Müjdədən belə aydın olur ki, İsanın xidməti cəmi bir il davam etmişdir. Çünki xidmət boyunca bir Pasxa bayramı qeyd olunur. Yəhyanın Müjdəsində isə üç Pasxa qeyd olunur: biri Məbədin təmizlənməsi ilə üst-üstə düşür (Yəhya 2:13); o biri Pasxa beş min nəfərin doydurulması vaxtı ilə üst-üstə düşür (Yəhya 6:4); nəhayət, sonuncu Pasxa bayramı İsanın Çarmıxa çəkildiyi vaxta təsadüf edir. Yəhyaya görə, bütün bu hadisələr baş verə bilsin deyə, Məsihin xidməti təxminən üç il davam etməlidir. Yenə də Yəhya, şübhəsiz ki, haqlıdır. Çünki digər üç Müjdəni diqqətlə oxuyanda, bunlar aydın görünür. Məsələn, şagirdlər sünbülləri qoparanda (Mark 2:23), çox güman ki, bahar idi. Beş min adam doydurulan zaman yaşıl otların üstündə oturmuşdular (Mark 6:39). Bu da baharda baş verə bilərdi və bu iki hadisə arasında bir il keçməli idi. Bundan sonra Sur, Sidonda baş verən hadisələr və İsanın görünüşünün dəyişilməsi gəlir. İsanın görünüşünün dəyişildiyi dağda Peter üç çadır qurub orada qalmaq istəyirdi. Bunun Çardaqlar Bayramı zamanı, yəni oktyabrın əvvəlində baş verdiyini güman etmək təbiidir. Məhz buna görə Peter belə bir təklif vermişdir (Mark 9:5). Bunun ardınca apreldə sonuncu Pasxa bayramına qədər bir müddət keçir. Beləliklə, üç Müjdədə deyilənlərdən belə nəticə çıxarmaq olar ki, İsanın xidməti, Yəhyada təqdim edildiyi kimi, üç il davam edib.

4. Lakin Yəhyanın Müjdəsinin digər üç Müjdədən əhəmiyyətli fərqləri də var. Məsələn, iki diqqətçəkən nümunəyə nəzər salaq.

Birincisi, Yəhya Məbədin təmizlənməsini İsanın xidmətinin əvvəlində (Yəhya 2:13-22), digər müjdəçilər axırında göstərir (Mark 11:15-17; Matta 21:12-13; Luka 19:45-46). İkincisi, Yəhya Məsihin Çarmıxa çəkilməsinin Pasxadan bir gün əvvəl, digər müjdəçilər isə Pasxa günündə olduğunu yazır. Biz Yəhyanın Müjdəsi ilə digər Müjdələr arasında mövcud olan fərqlərə göz yummamalıyıq.

YƏHYANIN XÜSUSİ BİLİYİ

Aydın məsələdir ki, əgər Yəhyanın Müjdəsi digər Müjdələrdən fərqlənirsə, bu, biliksizlikdən və ya məlumatsızlıqdan qaynaqlanmır. Yəhya başqa müjdəçilərin gündəmə gətirdiklərini qeyd etməsə də, onların yazmadıqları bir çox şeyə toxunub. Yalnız Yəhya Qalileyanın Qana şəhərindəki toy mərasimindən (2:1-11), Nikodimin İsanın yanına gəlməsindən (3:1-17), samariyalı qadından (4-cü fəsil), Lazarın dirilməsindən (11-ci fəsil), İsanın şagirdlərinin ayaqlarını yumasından (13:1-17), Müqəddəs Ruh, Təsəlliverici haqqında gözəl təlimindən bəhs edir (14-17-ci fəsillər).

Yalnız Yəhyanın hekayəsində İsanın bir çox şagirdləri, həqiqətən, gözümüzün önündə canlanır, biz Tomasın nitqini eşidirik (11:16; 14:5; 20:24-29); Andrey canlı insana çevrilir (1:40-41; 6:8-9; 12:22).

Yalnız Yəhyanın Müjdəsindən biz Filipin xarakteri haqqında nəsə öyrənirik (6:5-7; 14:8-9); İsanın Bet-Anyada ətirli yağla məsh edilməsinə Yəhudanın qəzəbli etirazını eşidirik (12:4:5). Nə qədər qəribə olsa da, qeyd etmək lazımdır ki, bu kiçik ştrixlər bizə heyrətamiz dərəcədə çox şey açır. Yəhyanın Müjdəsindəki Tomas, Andrey və Filipin portretləri kiçik kameyalara1 və ya vinetkalara bənzəyir. Məhz orada onların hər birinin xarakteri yaddaqalan şəkildə təsvir olunur.

Bundan əlavə, Yəhyanın Müjdəsində təkrar-təkrar şahid ifadələri kimi oxunan kiçik detallara rast gəlirik: məsələn, oğlan İsaya təkcə çörək deyil, arpa çörəyi gətirdi (6:9); İsa fırtına zamanı gölü keçən şagirdlərin yanına gələndə onlar təxminən iyirmi beş və ya otuz stadi2 getmişdilər (6:19); Qalileyanın Qana şəhərində su üçün altı daş küp var idi (2:6). Yalnız Yəhya İsanın tikişsiz və başdan-ayağa toxunma olan köynəyi üçün püşk atan dörd əsgərdən bəhs edir (19:23); İsanın cəsədini məsh etmək üçün nə qədər qarışıq mirra və əzvay istifadə edildiyini yalnız o bilir (19:39); İsanın Bet-Anyada məsh edildiyi vaxt evin ətirlə necə dolduğunu yalnız o xatırlayır (12:3). Bunların çoxu ilk baxışda əhəmiyyətsiz təfərrüatlar kimi görünür və hadisə şahidinin xatirələri olmasaydı, sonradan anlaşılmazlıq yaradardı. Yəhyanın Müjdəsi digər Müjdələrdən nə qədər fərqlənsə də, bu fərq biliksizliklə deyil, məhz Yəhyanın daha çox biliyə malik olması və ya digərlərindən daha yaxşı mənbələrə, yaxud daha yaxşı yaddaşa malik olması ilə izah edilməlidir. Dördüncü müjdənin müəllifinin xüsusi məlumata malik olmasının başqa bir sübutu isə onun İsraili və Yerusəlimi çox yaxşı tanımasıdır. O, Yerusəlim Məbədinin nə qədər vaxta tikildiyini (2:20), yəhudilər və samariyalıların daim qarşıdurma içində olduqlarını (4:9), yəhudilərin qadınlar haqqında aşağı fikirdə olduqlarını (4:9), yəhudilərin Şənbə gününə necə yanaşdıqlarını bilir (5:10; 7:21-23; 9:14). O, İsraili yaxşı tanıyır. O, iki Bet-Anyanın mövcud olduğunu bilir — biri İordan çayının o tayında yerləşirdi (1:28; 12:1). O bilir ki, şagirdlərin bəziləri Bet-Sayda şəhərindəndir (1:44; 12:21). Yəhya Qana şəhərinin Qalileyada olmasını (2:1; 4:46; 21:2); Sixar şəhərinin Şekemdən uzaq olmadığını (4:5) bilir. O, necə deyərlər, Yerusəlimin hər küçəsini tanıyırdı. O, Qoyun darvazasını və onun ətrafında yerləşən hovuzu tanıyır (5:2). O, Şiloah hovuzunu (9:7), Süleymanın eyvanını (9:23); Qidron vadisini tanıyır (18:1); ibranicə Qabbata olan yerin Daş döşəmə adlandığını (19:13), Qolqotanın kəllə sümüyünə bənzədiyini bilir (19:17). Unutmayaq ki, eramızın 70-ci ilində Yerusəlim dağıdıldı. Yəhya isə öz Müjdəsini eramızın 100-cü ilindən sonra yazmağa başladı. Buna baxmayaraq, o, Yerusəlimdəki hər şeyi yaxşı xatırlayırdı.

YƏHYANIN MÜJDƏSİNİN YAZILDIĞI ŞƏRAİT

Biz artıq dördüncü Müjdə ilə digər üç Müjdə arasında böyük fərq olduğunu gördük. Onu da gördük ki, buna səbəb Yəhyanın məlumatsızlığı deyil. Buna görə də özümüzə sual verməliyik: «Yəhya hansı məqsədlə öz Müjdəsini yazıb?» Əgər biz bu suala cavab tapa bilsək, onda Yəhyanın niyə məhz bu konkret faktları seçdiyini və belə təqdim etdiyini başa düşəcəyik. Dördüncü Müjdə təxminən 100-cü ildə Efesdə yazılıb. Həmin vaxtlarda məsihçi imanlı cəmiyyətlərində iki özəllik vardı. Birincisi, məsihçilik bütpərəstlərin dünyasına gəlmişdi.

Həmin vaxta qədər İmanlı Cəmiyyəti yəhudilərə xas xüsusiyyətləri daha özündə birləşdirmirdi. Çünki İmanlı Cəmiyyətinə gələnlərin əksəriyyəti yəhudilər deyil, ellinizm mədəniyyətinin üzvləri idi. Buna görə də İmanlı Cəmiyyəti özünü yeni tərəfdən təqdim etməli oldu. Bu, heç də o demək deyil ki, məsihçi həqiqətlərinin dəyişdirilməsinə ehtiyac yaranmışdı. Sadəcə onları yeni tərzdə ifadə etmək lazım idi. Məsələn, belə bir misal çəkək. Tutaq ki, bir yunan Mattanın Müjdəsini oxumağa başlayır, ancaq onu açan kimi uzun bir şəcərə ilə qarşılaşır. Nəsil şəcərəsini yəhudilər başa düşsə də, yunanlar üçün tamamilə anlaşılmaz idi. Müjdəni oxuyan yunan görür ki, İsa yunanların heç vaxt haqqında eşitmədiyi bir padşahın — Davudun oğludur. Üstəlik də, Davud yəhudilərin irqi və millətçilik istəklərinin simvolu sayılırdı. Bu da yunanlar üçün heç maraqlı deyildi. Mattanın Müjdəsini oxuyan yunan yenə də heç vaxt eşitmədiyi «Məsih» anlayışı ilə qarşılaşır. Bəs Məsihin ardınca getməyə qərar verən bir yunan üçün düşüncə tərzini tamamilə yeniləməyə və yəhudi anlayışlarına alışmağa ehtiyac varmı? Onun Məsihin ardıcılı olmazdan əvvəl, yəhudi tarixini və Məsihin gəlişindən bəhs edən yəhudi apokaliptik ədəbiyyatını yaxşı bilməsinə ehtiyac varmı? İngilis ilahiyyatçısı Qudspidin dediyi kimi: «Məgər o, yəhudi mədəniyyətinə varmadan məsihçi xilasının xəzinələri ilə birbaşa tanış ola bilməzdi? O öz intellektual irsindən ayrılıb, yalnız yəhudi anlayışları üzərində düşünməyə məcburdur?» Yəhya bu məsələyə dürüst və birbaşa yanaşır: o, heç kəsin ağlına gəlməyən ən böyük həllini tapdı. Bir qədər sonrakı şərhdə Yəhyanın qərarını daha dolğun şəkildə nəzərdən keçirəcəyik. Hələlik isə bunun üzərində qısa dayanacağıq.

Yunanların iki böyük fəlsəfi konsepsiyası var idi.

a) Birincisi, onların Loqos anlayışı var idi. Yunan dilində onun iki açıqlaması var: söz (nitq) və məna (anlayış, səbəb). Yəhudilər yaxşı bilirdilər ki, Allahın Sözü hər şeyə qadirdir. «Allah dedi: «Qoy işıq olsun». İşıq oldu» (Yaradılış 1:3). Yunanlar isə yaxşı bilirdilər ki, hər şeyin öz səbəbi var. Yunanlar dünyaya baxanda onda heyrətamiz və etibarlı bir nizam görürdülər: gecə və gündüz eyni qaydada bir-birini əvəz edir; fəsillər daim bir-birini əvəz edir, ulduzlar və planetlər dəyişməz orbitlərdə hərəkət edir. Bir sözlə, təbiətin öz dəyişməz qanunları var. Bu nizam-intizam haradan gəlir? Onu kim yaradıb? Yunanlar buna əminliklə cavab verdilər: bu əzəmətli dünya nizamını Loqos — İlahi Ağıl yaradıb. Daha sonra yunanlar başqa sual verirdilər: «Bəs insana düşünmək, araşdırmaq və bilmək qabiliyyəti necə verilir?» Yenə də əminliklə cavab verirdilər: «İnsanda məskunlaşan Loqos — İlahi ağıl onu düşündürür».

Yəhyanın Müjdəsi sanki belə deyir: «Bütün ömrünüz boyu sizin təxəyyülünüzü böyük, istiqamət verən və məhdudlaşdıran İlahi Ağıl heyran edib. Həmin İlahi Ağıl yer üzünə Məsihdə insan şəklində gəldi. Ona nəzər salın və Onun İlahi Ağıl və İlahi İradə olduğunu görəcəksiniz». Yəhyanın Müjdəsi yunanlara İsa haqqında düşünə biləcəkləri yeni bir konsepsiya verdi. Bu konsepsiyada İsa insan şəklində zühur edən Tanrı kimi təqdim edilir.

b) Yunanların iki dünya haqqında nəzəriyyəsi var idi. Onlardan biri — bizim yaşadığımız dünyadır. Onların fikrincə, bu, müəyyən mənada gözəl bir dünya idi, lakin eyni zamanda kölgələr və kopiyalar dünyası, yəni qeyri-real dünya idi. Digər dünya əbədi varlıqların real olduğu dünya idi, yer üzü onun solğun və miskin surəti idi. Yunanlar üçün görünməz dünya real, görünən dünya isə yalnız kölgə və qeyri-reallıq idi. Yunan filosofu Platon bu fikri forma və ya ideyalar haqqında təlim kimi sistemləşdirmişdir. O, hesab edirdi ki, görünməz dünyada hər şeyin mükəmməl qeyri-cismani prototipləri mövcuddur, bu dünyanın hər şeyi isə əbədi prototiplərin yalnız kölgələri və surətləridir. Sadə dillə desək, Platonun fikrincə, haradasa bir prototip, masa ideyası var. Yer üzündəki bütün masalar isə həmin masa prototipinin yalnız qeyri-kamil surətləridir. Ən böyük reallıq, ən yüksək ideya bütün prototiplərin prototipi, bütün formaların forması isə Allahdır. Bununla belə, yalnız bir məsələni həll etmək qalırdı: bu real dünyaya necə daxil olmalı, kölgələrimizdən əbədi həqiqətlərə necə varmalı? Yəhya bəyan edir ki, bu fürsəti bizə yalnız İsa Məsih verir. Məsihin Özü yer üzünə bizim üçün gələn reallıqdır. Yunan dilində real sözünün anlayışını çatdırmaq üçün alefeynos sözü işlədilir. Bu söz doğru, həqiqi mənasında olan alefes və həqiqət anlayışını verən alefeyia sözü ilə yaxın mənalıdır. Müqəddəs Kitabda yunan sözü alefeynos həqiqi kimi tərcümə olunur, lakin onu real sözü kimi tərcümə etmək daha düzgün olardı. Məsələn, İsa — həqiqi işıqdır (1:9). İsa — həqiqi çörəkdir (6:32); İsa — həqiqi üzüm meynəsidir (15:1); Məsihin hökmü — həqiqidir (8:16). Kölgələr və qeyri-kamillik dünyamızda tək real olan İsadır. Buradan bəzi nəticələr çıxır. İsa Məsihin hər bir əməli yalnız müəyyən zaman çərçivəsində edilən hərəkət deyil, həm də əsl reallığı görə biləcəyimiz bir pəncərəni təmsil edir. Müjdəçi Yəhya İsanın əlamət (semeyya) kimi göstərdiyi möcüzələrdən danışarkən məhz bunu nəzərdə tutur. İsanın göstərdiyi möcüzələr sadəcə heyrətamiz deyil, onlar özlüyündə Allahın olduğu reallığa pəncərə açır. Bu, Yəhyanın Müjdəsində əksini tapan İsanın möcüzələrinin digər üç müjdəçidən tamamilə fərqli şəkildə göstərdiyini izah edir.

A) Dördüncü Müjdədə digər Müjdələrdəki möcüzə hekayələrində mövcud olan şəfqətə rast gəlinmir. Digər Müjdələrdə İsa cüzamlıya şəfqət göstərir (Mark 1:41); Yairə (Mark 5:22) və epilepsiya xəstəsi olan oğlanın atasına (Mark 9:19) ürəyi yanır. İsa Nain şəhərindən olan bir dul qadının oğlunu diriltdiyi zaman Luka hekayəsinə şəfqət hissi əlavə edir: «İsa onu anasına verdi» (Luka 7:15). Yəhyanın Müjdəsində isə İsanın möcüzələri mərhəmət aktı kimi deyil, Məsihin izzətinin nümayişi kimi əksini tapır. Beləcə Yəhya Qalileyanın Qana şəhərində göstərilən möcüzədən sonra belə şərh edir: «İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı» (2:11). Lazarın dirilməsi «Allahın izzəti üçün» baş verdi (11:4). Anadangəlmə kor olan insanın korluğu «Allahın işləri onun həyatında görünsün deyə» olmuşdu (9:3). Yəhya demək istəmir ki, İsanın göstərdiyi möcüzələrdə məhəbbət və mərhəmət hissi yoxdur. Lakin o, Məsihin hər möcüzəsində ilk növbədə zamana və bəşəriyyətə müdaxilə edən İlahi gerçəkliyin izzətini görürdü.

B) Dördüncü Müjdədə İsanın möcüzələri çox vaxt uzun-uzadı söhbətlərlə müşayiət olunur. Beş min nəfərin doydurulması təsvirindən sonra həyat çörəyi haqqında uzun müzakirə gedir (6-cı fəsil). Kor adamın sağalmasından əvvəl İsa dünyanın nuru olduğunu söyləyir (9-cu fəsil). Lazarın dirilməsindən əvvəl İsanın dirilmə və həyat olduğu deyilir (11-ci fəsil). Yəhyanın nəzərində İsanın möcüzələri yalnız müəyyən zaman çərçivəsində həyata keçirilən əməllər deyildi, onlar — Allahın etdiklərini və İsanın necə etdiyini görməyə imkan verir. İsanın möcüzələri — İlahi reallığa açılan pəncərədir. İsa sadəcə olaraq beş min nəfəri bir dəfəyə doyuzdurmadı — bu Onun əbədi həqiqi həyat çörəyi olduğunun nümayişi idi. İsa sadəcə olaraq kor adamın gözlərini açmadı. O, əbədi olaraq dünyanın nurudur. İsa Lazarı təsadüfən ölümdən diriltmədi — O, əbədi olaraq hamı üçün dirilmə və həyatdır. Möcüzə heç vaxt Yəhyaya təcrid olunmuş əməl kimi görünmürdü — bu onun üçün həmişə İsanın əvvəl və indi Kim olduğunu, nə etdiyini göstərən reallığa açılan bir pəncərə idi. Buna əsaslanaraq, böyük alim İsgəndəriyyəli Klement (təxminən 230-cu il) dördüncü Müjdənin mənşəyi və onun yazılma məqsədi haqqında ən məşhur fikirlərdən birini söylədi. Onun fikrincə, əvvəlcə nəsil şəcərələrinin yer aldığı Müjdələr, yəni Lukanın və Mattanın Müjdələri yazılmışdır. Sonra Mark Peterin təbliğlərini eşidənlərin xahişi ilə öz Müjdəsini yazır və ora Peterin söylədiyi hekayələri daxil edir. Yalnız bundan sonra — «Yəhya İsanın vəzlərinin və təlimlərinin lazımi qədər hərtərəfli qeyd olunduğunu görəndən sonra, dostları tərəfindən təşviq edilərək və Müqəddəs Ruhdan ilhamlanaraq sonuncu ruhani Müjdəni yazdı (Evsebi, «İmanlı Cəmiyyətinin tarixi», 6:14). İsgəndəriyyəli Klement bununla demək istəyir ki, Yəhyanı ən çox faktlar deyil, onların mənası və əhəmiyyəti maraqlandırırdı. O, faktları yox, həqiqəti axtarırdı. Yəhya İsanın əməllərində sadəcə müəyyən zaman çərçivəsində baş verən hadisələri görmürdü; o, İsanın əməllərini əbədiyyətə açılan pəncərə kimi görürdü. Buna görə də İsanın sözlərinin və əməllərinin ruhani əhəmiyyətini heç bir müjdəçinin cəhd belə etmədiyi şəkildə vurğulayırdı. Dördüncü Müjdə ilə bağlı bu nəticə bu günə qədər ən doğru nəticələrdən biri olaraq qalır. Yəhya tarixi deyil, ruhani Müjdə yazdı. Beləliklə, Yəhyanın Müjdəsində İsa yer üzünə zühur etmiş İlahi Ağıl, əsl var olan və insanları kölgələr dünyasından real dünyaya aparmağa qadir olan Yeganə Şəxs kimi təqdim olunur. Bu da Platon və dahi yunanların həmişə xəyalını qurduğu şey olub. Bir vaxtlar yəhudi təsəvvürləri ilə dolmuş məsihçilik yunan dünyagörüşünə büründü.

BİDƏTLƏRİN YARANMASI

Dördüncü Müjdənin yazıldığı dövrdə İmanlı Cəmiyyəti mühüm bir problemlə — bidətin yaranması problemi ilə üzləşmişdi. İsa Məsihin Çarmıxa çəkilməsindən yetmiş il keçirdi. Bu müddət ərzində İmanlı Cəmiyyəti nizamlı bir təşkilata çevrilmişdi; teoloji nəzəriyyələr və iman etiqadları işlənib qurulmuş, istər-istəməz bəşəri düşüncələr ortaya çıxmış və insanları doğru yoldan uzaqlaşdıran bidətlər yaranmışdı. Bidət isə nadir hallarda tam yalan olur. Bidət, adətən, həqiqətin hər hansı bir tərəfinə xüsusi vurğunun olmasından irəli gəlir. Biz dördüncü Müjdənin müəllifinin təkzib etməyə çalışdığı ən azı iki bidət görürük.

a) Yəhudilər arasında elə məsihçilər var idi ki, Vəftizçi Yəhyanı çox yüksək tuturdular. Vəftizçi Yəhyada yəhudiləri özünə cəlb edən nəsə var idi. O, peyğəmbərlərin sonuncusu idi və peyğəmbər səsi ilə danışırdı. Bildiyimizə görə, sonrakı dövrlərdə ortodoksal yəhudilikdə Vəftizçi Yəhyanın ardıcıllarının rəsmi olaraq tanındığı bir məzhəb var idi. Həvarilərin işləri 19:1-7-də biz üzvləri İmanlı Cəmiyyətinə mənsub olan, lakin yalnız Yəhyanın vəftizi ilə vəftiz olunan on iki nəfərlik kiçik bir qrupla qarşılaşırıq.

Dördüncü Müjdənin müəllifi dönə-dönə, lakin sakit və qətiyyətlə Vəftizçi Yəhyanı lazımi yerə qoyur. Vəftizçi Yəhya özü dəfələrlə bəyan edirdi ki, o, ən yüksək yerə iddia etmir və buna haqqı yoxdur. O, qeyd-şərtsiz bu yeri İsaya verirdi. Biz artıq gördük ki, digər Müjdələrdə İsa xidmətə və təbliğ etməyə yalnız Vəftizçi Yəhya həbs edildikdən sonra başlayır. Dördüncü Müjdədə isə İsanın xidməti ilə Vəftizçi Yəhyanın təbliğinin üst-üstə düşdüyü vaxtlar var. Tamamilə mümkündür ki, dördüncü Müjdənin müəllifi İsa ilə Vəftizçi Yəhyanın həqiqətən görüşdüyünü göstərmək üçün bu arqumentdən şüurlu şəkildə istifadə edir. Bununla da Yəhyanın bu görüşlərdən istifadə edərək İsanın üstünlüyünü tanımaq və başqalarını da buna təşviq etdiyini göstərmək istəyib.

Dördüncü Müjdənin müəllifi Vəftizçi Yəhyanın Nur olmadığını vurğulayır (8). Yəhya qeyd edir ki, Vəftizçi Yəhya Məsih olduğuna dair iddiaları qəti şəkildə rədd edir (1:20 və davamı; 3:28; 4:1; 10:41) və onun daha vacib bir şəhadət verdiyini güman belə etmək olmaz (5:36). Dördüncü Müjdədə Vəftizçi Yəhya haqqında heç bir tənqid yoxdur. Orada yalnız İsaya məxsus olan yeri Vəftizçi Yəhyaya verənlər məzəmmət edilir.

b) Bundan əlavə, dördüncü Müjdənin yazıldığı dövrdə qnostisizm adı ilə tanınan bidət geniş yayılmışdı. Əgər bunu təfərrüatlı şəkildə araşdırmasaq, biz müjdəçi Yəhyanın böyüklüyünü və onun qarşısında duran vəzifənin əhəmiyyətini nəzərdən qaçıracağıq. Qnostisizmin əsasında materiyanın mahiyyət etibarilə pis və zərərli, ruhun isə yaxşı olduğu təlim dayanırdı. Buna görə də qnostiklər belə nəticəyə gəlmişdilər ki, Tanrı materiyaya toxuna bilməz və bu səbəbdən də dünyanı O yaratmamışdı. Onların fikrincə, Allah getdikcə Ondan uzaqlaşan bir sıra emanasiyalar3 yayırdı, hətta bu emanasiyalardan biri Ondan o qədər uzaqlaşdı ki, materiyaya toxuna bildi. Dünyanı yaradan da məhz həmin emanasiya oldu.

Bu fikir özlüyündə yanlış idi, daha bir fikir isə onu tamamilə alt-üst etdi. Qnostiklərin fikrincə, bu emanasiyaların hər biri Allah haqqında getdikcə daha az bilirdi. Günlərin bir günü həmin emanasiyaların Allah haqqında bilikləri tamamilə bitməklə yanaşı, həm də Ona qarşı düşmənçilik edən ana gəlib çatdı. Sonda qnostiklər belə bir nəticəyə gəldilər ki, yaradıcı tanrı nəinki həqiqi Tanrıdan tamamilə fərqlidir, həm də Ona tamamilə yad və düşməndir. Qnostiklərin liderlərindən biri olan Serinti deyirdi ki, «dünya Allah tərəfindən yaradılmayıb, əksinə, Ondan və bütün kainatı idarə edən Qüvvədən çox uzaq olan və hər şeyin Hakimi olan Allaha yad hansısa başqa qüvvə tərəfindən yaradılmışdır». Beləcə qnostiklər hesab edirdilər ki, Allahın dünyanın yaradılması ilə heç bir əlaqəsi yoxdur. Buna görə də Yəhya Müjdəsini təsirli bir ifadə ilə başlayır: «Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı» (1:3). Məhz buna görə Yəhya «Allah dünyanı elə sevdi» fikrini təkidlə qeyd edir (3:16). Həvari Yəhya Allahı bu qədər uzaq saxlayan və Onu dünya ilə heç bir əlaqəsi olmayan bir varlığa çevirən qnostisizm qarşısında məsihçilərin dünyanı yaradan və varlığı ilə yaratdığı dünyanı dolduran Allah anlayışını təqdim edir.

Qnostiklərin nəzəriyyəsi İsa Məsih haqqında təsəvvürlərə də təsir etdi.

a) Bəzi qnostiklər inanırdılar ki, İsa Allahın şüalandırdığı emanasiyalardan biridir. Onlar hesab edirdilər ki, İsanın İlahiliklə heç bir əlaqəsi yoxdur. O, həqiqi Tanrıdan uzaqlaşdırılmış bir növ yarımallahdır. O, Allahla dünya arasında duran varlıqlardan sadəcə biridir.

b) Digər qnostiklər İsanın həqiqi bədənə malik olmadığına inanırdılar: bədən ətdən ibarətdir və onların fikrincə, Allah materiyaya toxuna bilməzdi. Buna görə də İsa həqiqi bədəni və həqiqi qanı olmayan ruh idi. Məsələn, onlar inanırdılar ki, İsa yer üzündə gəzəndə heç bir iz buraxmırdı, çünki Onun nə cismi, nə də çəkisi var idi. Onlar heç vaxt «Kəlam bəşər olub» deyə bilməzdilər (1:14).

Qərb imanlı cəmiyyətinin görkəmli ruhani atası Hippon (Şimali Afrika) yepiskopu Avreli Avqustin4 (354-430) deyir ki, o, çoxlu müasir filosofların əsərlərini oxumuş və onların bir çoxunun Əhdi-Cədiddə yazılanlara çox bənzədiyini aşkar etmişdir. Amma onların heç birində «Kəlam bəşər olub... aramızda məskən saldı» ifadəsinə rast gəlməmişdir. Buna görə də həvari Yəhya birinci məktubunda İsanın bədəndə gəldiyini israrla bildirir və bəyan edir ki, bunu inkar edən hər kəs Məsihin əleyhdarının ruhu tərəfindən idarə olunur (1 Yəhya 4:3).

Bu bidət doketizm kimi tanınır. Bu söz yunanca dokeyn sözündən yaranıb və «mənə elə gəlir ki» mənasını verir. Bidətin belə adlanmasının səbəbi odur ki, onun ardıcıllarına görə, insanlar İsanın insan olduğuna inanırdılar.

c) Bəzi qnostiklər bu bidətin müxtəlif variantlarını qəbul edirdilər: onlar hesab edirdilər ki, İsa adi bir insan idi və vəftiz zamanı Müqəddəs Ruh Onun üzərinə enib. Bu Ruh ömrünün sonuna kimi Onda yaşayıb, lakin Allahın Ruhu nə əzab çəkə, nə də ölə bildiyi üçün İsa Çarmıxa çəkilməzdən əvvəl Onu tərk edib. İsanın Çarmıxdakı fəryadını onlar belə şərh edirdilər: «Gücüm, qüdrətim Mənim! Nə üçün Məni tərk etdin?» Həmin bidətçilər öz kitablarında yazırdılar ki, insan olan İsa Çarmıxda ölsə də, insanlar Zeytun dağında Ona çox oxşayan biri ilə danışırdılar.

Beləcə qnostiklərin bidətləri iki növ inanca bölünürdü: onlardan bəziləri İsanın İlahiliyinə inanmırdılar və Onu Allahın yaydığı emanasiyalardan biri hesab edirdilər. Digərləri isə İsanın insan olduğuna inanmırdılar və Onu insana bənzər bir ruh hesab edirdilər. Qnostiklərin inancı İsanın həm İlahi, həm də insani təbiətini təkzib edirdi.

İSANIN İNSAN TƏBİƏTİ

Yəhya qnostiklərin bu nəzəriyyələrinə cavab verir, bu da onun Müjdəsində qeyd etdiyi ikiqat vurğunun qəribə paradoksunu izah edir. Heç bir başqa Müjdədə İsanın insani təbiəti Yəhyanın Müjdəsi qədər aydın şəkildə vurğulanmır. Məsələn, İsa insanların Məbəddə alver etməsinə çox qəzəblənmişdi (2:15); İsa uzun yolçuluqdan sonra fiziki cəhətdən yorulduğuna görə Samariyadakı Sixar quyusunun yanında oturmuşdu (4:6); Şagirdləri hər hansı ac adama təklif etdikləri kimi Ona da yemək təklif etmişdilər (4:3); İsa ac olanların və qorxu içində yaşayanların halına acıyırdı (6:5-20); O, kədərlənirdi, hətta doğmasını itirən insan kimi ağlayırdı (11:33:35-38); İsa Çarmıxda öləndə Onun qurumuş dodaqları «Susamışam» deyə pıçıldayırdı (19:28). Dördüncü Müjdədə biz İsanı kölgə və ya ruh kimi deyil, insan kimi görürük. Biz Onda bədənin yorğunluğunun, qəlb yaralarının və mənəvi iztirabın nə olduğunu bilən bir insan görürük. Dördüncü Müjdədə İsa qarşımızda əsl insan kimi canlanır.

İSANIN İLAHİLİYİ

Digər tərəfdən, heç bir Müjdə İsanın İlahiliyini bu qədər aydın şəkildə göstərmir.

a) Yəhya İsanın əbədiliyini vurğulayır. İsa Məsih dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm» (8:58). Yəhyanın Müjdəsində İsa dünya yaranmazdan əvvəl Atanın yanında olarkən malik olduğu izzətdən danışır (17:5). O, tez-tez göylərdən endiyini xatırladır (6:33-38). Yəhya İsada dünya yaranmazdan əvvəl Var Olanı görürdü.

b) Dördüncü Müjdə heç bir Müjdədə olmadığı qədər İsanın hər şeyi bildiyini vurğulayır. Yəhya inanır ki, İsa samariyalı qadının keçmişi haqqında fövqəltəbii biliyə malik idi (4:16-17). O, Bet-Xasda hovuzunda yatan adamın nə vaxtsa xəstə olduğunu bilirdi, baxmayaraq ki, heç kim Ona ​​bu barədə məlumat verməmişdi (5:6). Filipə sual verməmişdən əvvəl hansı cavabı alacağını İsa artıq bilirdi (6:6). O bilirdi ki, Yəhuda İskaryot ona xəyanət edəcək (6:61-64). O, Lazarın ölümü barədə Ona xəbər verilməmişdən əvvəl bilirdi (11:14). Yəhya İsanı xüsusi fövqəltəbii biliyə malik olan Biri kimi görürdü. Ona sual verməyə ehtiyac yox idi, çünki O, bütün cavabları bilirdi.

c) Dördüncü Müjdədə o da vurğulanır ki, İsa heç kəsin təsiri olmadan tamamilə sərbəst hərəkət edirdi. Qalileyanın Qana şəhərində anasının xahişi ilə deyil, Öz təşəbbüsü ilə möcüzə göstərdi (2:4); Onun Çardaqlar bayramı zamanı Yerusəlimə səfərinin qardaşlarının təkidi ilə heç bir əlaqəsi yox idi (7:10). Heç kim Onun həyatını əlindən ala bilməzdi. O, canını tamamilə könüllü olaraq verdi (10:18; 19:11). Yəhyanın nəzərində İsa insan təsirlərindən asılı olmayan İlahi müstəqilliyə malik idi. O Öz hərəkətlərində tamamilə müstəqil idi. Yəhya qnostikləri və onların qəribə inanclarını inkar edərək, İsanın həm insanlığını, həm də ilahiliyini təkzibedilməz faktlarla göstərir.

DÖRDÜNCÜ MÜJDƏNİN MÜƏLLİFİ

Dördüncü Müjdənin müəllifi məsihçi inancını elə göstərməyi qarşısına məqsəd qoymuşdu ki, o, həm yunanlar üçün maraqlı olsun, həm də İmanlı Cəmiyyətinin daxilində yaranan yanlış bidətlərə və bidətçilərə qarşı çıxsın. Biz özümüzə sual verməyə davam edirik: onun müəllifi kimdir? Ənənə yekdilliklə deyir ki, onun müəllifi həvari Yəhyadır. Müzakirə etdikcə görəcəyik ki, bu Müjdənin arxasında, doğrudan da, Yəhya dayanıb, halbuki onu yazan və ona məzmun verən o deyildi. Gəlin Yəhya haqqında bildiklərimizi bir yerə toplayaq.

O, Qalileya dənizində balıqçı gəmisi olan və muzdlu işçilər tutmaq üçün kifayət qədər imkanlı olan Zavdayın oğullarının ən kiçiyi idi (Mark 1:19-20). Yəhyanın anasının adı Şalomit idi, çox güman, İsanın anası Məryəm onun bacısı idi (Matta 27:56; Mark 16:1). Yəhya və qardaşı Yaqub İsanın çağırışına cavab verərək Onun ardınca getdilər (Mark 1:20).

Görünür, Yaqub və Yəhya Peterlə birlikdə balıq tuturdular (Luka 5:7-10). Yəhya İsanın ən yaxın şagirdlərindən biri idi, çünki şagirdlərin siyahısı həmişə Peter, Yaqub və Yəhyanın adları ilə başlayır. Bəzi möhtəşəm hadisələrdə isə yalnız bu üç nəfər iştirak edirdi (Mark 3:17; 5:37; 9:2; 14:33).

Təbiətinə görə, Yəhya narahat və iddialı bir insan idi. İsa Yəhyaya və qardaşına İldırım oğulları mənasını verən Bene-Rageş adını vermişdi. Yəhya və qardaşı Yaqub səbirsiz idilər, həmişə başqalarının özbaşınalığına qarşı çıxırdılar (Mark 9:38; Luka 9:49). Onların xasiyyəti o qədər tünd idi ki, onlar Samariya kəndini yer üzündən silməyə hazır idilər, çünki Yerusəlimə gedərkən orada onları qəbul etməmişdilər (Luka 9:54). Ya özləri, ya da anaları Şalomit iddialı planlar qururdular. Onlar İsadan xahiş etmişdilər ki, O, Padşahlığını quranda onları sağ və sol tərəfdə otuzdursun (Mark 10:35; Matta 20:20). Sinoptik Müjdələrdə Yəhya bütün şagirdlərin lideri, İsanın yaxın ətrafının üzvü, eyni zamanda son dərəcə iddialı və səbirsiz biri kimi təqdim olunur. Həvarilərin İşləri kitabında Yəhya həmişə Peterin yanında olur, lakin özü danışmır. Onun adı həvarilər siyahısında ilk üçlük arasındadır (Həvarilərin İşləri 1:13). Onlar Məbədin Gözəl adlı qapısında şikəst adama şəfa verəndə, Yəhya Peterin yanında idi (Həvarilərin İşləri 3:1 və davamı). Onu Peterlə birlikdə Ali Şuranın və Yəhudilərin başçılarının qarşısına çıxartdılar. Məhkəmədə hər ikisi özlərini heyrətamiz cəsarətlə apardılar (Həvarilərin İşləri 4:1-13). Yəhya Filipin fəaliyyətini yoxlamaq üçün Peterlə birlikdə Samariyaya getdi (Həvarilərin İşləri 8:14).

Paulun məktublarında Yəhyanın adı yalnız bir dəfə çəkilir. Qalatiyalılara məktub 2:9-da o, Paulun xidmətini dəstəkləyən Peter və Yaqubla birlikdə İmanlı Cəmiyyətinin sütunu adlanır. Yəhya mürəkkəb bir insan idi: bir tərəfdən həvarilər arasında başçılardan, İsanın yaxın dairəsinin üzvü, yəni Onun ən yaxın dostlarından biri idi. Digər tərəfdən inadcıl, iddialı, səbirsiz və eyni zamanda cəsarətli bir insan idi.

Biz erkən İmanlı Cəmiyyəti dövründə Yəhya haqqında deyilənlərə nəzər sala bilərik. Evsebi yazır ki, o, Roma imperatoru Domisianın5 hakimiyyəti dövründə Patmos adasına sürgün edilib (Evsebi, «İmanlı Cəmiyyətinin tarixi» 3:23). Eyni kitabda Evsebi İsgəndəriyyəli Klementin Yəhya haqqında danışdığı bir hekayəni qeyd edir. O, Kiçik Asiyanın bir növ yepiskopu olub və bir dəfə Efes yaxınlığındakı imanlı cəmiyyətlərindən birinə baş çəkmişdi. Cəmiyyətə gələnlər arasında o, qamətli və çox yaraşıqlı bir gənc görmüşdü. Yəhya imanlı cəmiyyətinin ağsaqqalına üz tutaraq demişdi: «Mən bu gənci sizə həvalə edirəm. Siz ona görə məsuliyyət daşıyıb, qayğısına qalacaqsınız. Qoy imanlılar buna şahid olsunlar». Cəmiyyətin ağsaqqalı gənci evinə aparıb, onun qayğısına qaldı, nəsihət verdi. Gəncin vəftiz olunaraq cəmiyyətə qəbul edildiyi gün gəlib çatdı. Lakin çox keçməmiş o, pis dostlara qoşuldu və o qədər cinayətlər törətdi ki, sonda qatil və oğru dəstəsinin başçısına çevrildi. Bir müddət sonra Yəhya yenidən həmin cəmiyyətə baş çəkəndə ağsaqqala dedi:

  • Mənim, Rəbbin və rəhbərlik etdiyin İmanlı Cəmiyyətinin sənə olan etibarını bərpa et.

Ağsaqqal əvvəlcə Yəhyanın nədən danışdığını başa düşmədi. Onda Yəhya əlavə etdi:

  • Demək istəyirəm ki, sənə əmanət etdiyim gəncə görə hesabat verəsən.

  • Təəssüf ki, — ağsaqqal cavab verdi, — o öldü.

  • Öldü? — deyə Yəhya soruşdu.

  • Allah üçün öldü. O, lütfdən məhrum olub, cinayətlərinə görə şəhərdən qaçmağa məcbur oldu. İndi o, dağlarda quldurluq edir.

Yəhya dağlara gedib, bilərəkdən quldurların əlinə düşdü. Onu dəstənin başçısı olan həmin gəncin yanına apardılar. Utandığından özünə yer tapmayan gənc ondan qaçmağa çalışdı, lakin Yəhya onun dalınca qaçdı.

  • Oğlum! — deyə Yəhya qışqırdı, — sən atandan qaçırsan. Mən qocalmışam, zəifləmişəm, mənə yazığın gəlsin. Qorxma, sənin xilas olmağına hələ ümid var. Mən səni Rəbb İsa Məsihin qarşısında müdafiə edəcəyəm. Lazım gələrsə, Məsih mənim üçün öldüyü kimi, mən də sənin uğrunda məmnuniyyətlə ölümə gedərəm. Dayan, qaçma, inan! Məni sənin yanına göndərən Məsihdir.

Belə bir çağırış gənci təsirləndirdi. O dayandı, silahını yerə atıb hönkürə-hönkürə ağladı. O, Yəhya ilə birlikdə dağdan enərək imanlı cəmiyyətinə və Məsihin yoluna qayıtdı. Burada biz Yəhyanın sevgisini və cəsarətini görürük.

Evsebi (3:28) Yəhya haqqında Smirnalı Polikarpın tələbəsi İrineydən6 (140-202-ci illər) tapdığı başqa bir hekayə danışır. Artıq qeyd etdiyimiz kimi, Serenti baş qnostiklərdən biri idi. Bir dəfə həvari Yəhya hamama gedir. Serintinin orada olduğunu biləndə, onunla bir dam altında qalmamaq üçün yerindən sıçrayaraq çölə çıxır və yoldaşlarına da bunu tövsiyə edir.

  • Gəlin gedək ki, hamam çökməsin, — Yəhya deyir, — çünki orada həqiqətin düşməni olan Serenti var.

Budur, Yəhyanın xasiyyətinin daha bir xüsusiyyəti: Bene-Rageş onda hələ ölməyib.

Lütf doktrinasının və Qərbi Avropada rahibliyin inkişafına mühüm töhfə verən İoann Kassionun7 (360-430-cu illə) həvari Yəhya haqqında başqa bir hekayəsi var.

Bir dəfə onu əhliləşdirilmiş kəkliklə oynayarkən tapırlar. Xasiyyətcə daha sərt olan qardaşı onu vaxtını boş yerə sərf etdiyinə görə danlayır. Yəhya isə ona belə cavab verir: «Əgər yay həmişə tarım çəkilirsə, tezliklə o, əyri atmağa başlayacaq».

Stridonlu İyeronimin8 (330-419-cu illər) Yəhyanın son sözləri haqqında hekayəsi var. O, ölüm ayağında olanda şagirdləri Yəhyadan soruşdular ki, onlara son sözü nədir?

  • Övladlarım, — Yəhya dedi, — bir-birinizi sevin.

Sonra yenə həmin fikri təkrarladı.

  • Elə bu? — şagirdləri soruşdu.

  • Bəli, elə bu qədər. Çünki bu, Rəbbin əhdidir.

SEVİMLİ ŞAGİRD

Əgər biz burada həvari Yəhya haqqında deyilənlərə diqqət yetirmişiksə, onda bir şeyi görməli idik: biz bütün məlumatları ilk üç Müjdədən götürmüşük. Maraqlıdır ki, dördüncü Müjdədə həvari Yəhyanın adı bir dəfə də olsun çəkilmir. Amma başqa iki nəfərin adı çəkilir.

Birincisi, İsanın sevdiyi şagirddən bəhs edilir. Onun haqqında dörd dəfə qeyd edilir. O, Axırıncı Şam yeməyi zamanı İsanın köksünə sığınmışdı (Yəhya 13:23-25); İsa Çarmıxda öləndə anasını ona tapşırdı (19:25-27); Məcdəlli Məryəm onunla ​​və Peterlə Pasxa bayramının səhəri boş məzardan qayıdarkən rastlaşmışdı (20:2). O, İsa ölülərdən diriləndən sonra Tiberiya dənizinin sahilində şagirdlərinə son dəfə görünəndə orada idi (21:20).

İkincisi, dördüncü Müjdədə şahid adlandırdığımız bir şəxs var. Dördüncü Müjdədə əsgərlərdən birinin İsanın qabırğasını nizə ilə deşəndən sonra oradan qan və suyun axdığı təsvir olunduqda, dərhal belə bir şərh gəlir: «Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün həqiqəti söylədiyini bilir» (19:35). Müjdənin sonunda bir daha deyilir ki, bütün bunlara şəhadət edən sevimli şagirddir «biz də bilirik ki, onun şəhadəti etibarlıdır» (21:24).

Burada olduqca qəribə bir vəziyyətlə qarşılaşırıq. Dördüncü Müjdədə Yəhyanın adı heç yerdə çəkilmir, lakin sevimli şagirdin adı çəkilir. Bundan başqa, bütün baş verən hadisələrin xüsusi şahidi var. Ənənəyə görə, sevimli şagirdin Yəhya olduğu heç vaxt şübhə doğurmayıb. Yalnız bəziləri sevimli şagird olaraq Lazarı qələmə verməyə çalışırdı. Çünki İsa Lazarı sevirdi (Yəhya 11:3-5). Yaxud da İsanın məhəbbətlə baxdığı zəngin gəncin sevimli şagird olduğu deyilir (Mark 10:21). Müjdədə bu barədə heç vaxt təfərrüatlı danışılmasa da, ənənəyə görə, sevimli şagird həmişə Yəhya olub. Bu ehtimalı şübhə altına qoymağa ehtiyac yoxdur.

Ancaq ortaya real bir problem çıxır — əgər biz fərz etsək ki, Müjdəni, həqiqətən, Yəhya özü yazıb, onda o, İsanın sevimli şagirdi kimi özü haqqında danışardımı? O özünü «Mən Onun sevimli şagirdiyəm. O məni hamıdan çox sevirdi» deyə fərqləndirmək istərdimi? Yəhyanın özünə belə bir titul verməsi ehtimalı azdır. Əgər bu titul başqaları tərəfindən verilibsə, onda bu, çox məmnunedicidir. Lakin bir insan onu özünə aid edirsə, onda bu, şöhrətpərəstliyə bərabərdir.

Bəlkə bu Müjdə sadəcə Yəhyanın şəhadəti idi, onu yazan isə başqası idi?

İMANLI CƏMİYYƏTİNİN QURULUŞU

Biz həqiqət axtarışımıza dördüncü Müjdənin görkəmli və müstəsna məqamlarını qeyd etməklə başladıq. Ən çox diqqət çəkən də İsanın bəzən bütün fəsilləri əhatə edən uzun nitqlərinin digər üç Müjdədəki çıxışlarından tamamilə fərqlənməsidir.

Dördüncü Müjdə eramızın 100-cü ilində, yəni Məsihin Çarmıxa çəkilməsindən təxminən yetmiş il sonra yazılmışdır. Yetmiş ildən sonra yazılanları İsanın sözbəsöz dedikləri zənn etmək olarmı? Yoxsa zamanla aydınlaşan həqiqətlərin izahlı şəkildə hekayəyə əlavə edilməsidir? Bunu yadda saxlayaq və növbəti məqamları nəzərdən keçirək.

Gənc İmanlı Cəmiyyətinin əsərləri arasında bir sıra hesabatlar bizə gəlib çatmışdır və onlardan bəziləri dördüncü Müjdənin yazılmasına vəsilə olub. Onların ən qədimi Smirnalı Polikarpın şagirdi olan İrineyə aiddir. Smirnalı Polikarp da öz növbəsində Yəhyanın şagirdi olub. Beləliklə, İrineylə həvari Yəhya arasında birbaşa əlaqə var idi. İriney yazır: «Rəbbin şagirdi, həm də köksünə sığınan Yəhya Asiyada yaşayarkən Müjdəni Efesdə özü yaymışdır». İrineyin bu ifadəsində belə bir fikir formalaşır: Yəhya təkcə Müjdəni yazmamışdır, həm də onu Efesdə çoxaldıb yaymışdır (Eksedoke). İrineyin işlətdiyi söz onu deməyə əsas verir ki, bu, sadəcə şəxsi qeydlər deyildi, hansısa rəsmi sənədin yayılması idi.

Başqa bir əsər 230-cu ildə böyük İsgəndəriyyə məktəbinin rəhbəri olmuş İsgəndəriyyəli Klementə aiddir. O yazırdı: «Sonda Yəhya maddi və cismani hər şeyin Müjdələrdə lazımi şəkildə əks olunduğunu görüb, dostlarından ilhamlanaraq ruhani Müjdə yazdı». Burada dostlarından ilhamlanaraq ifadəsi böyük əhəmiyyət kəsb edir. Aydın olur ki, dördüncü Müjdə bir insanın şəxsi əsərindən daha böyük bir işdir və onun arxasında bir qrup, bir icma, bir cəmiyyət dayanır. Eyni mənada biz onuncu əsrə aid «Kodeks Toletanus» siyahısında dördüncü Müjdə haqqında oxuyuruq. Həmin siyahıda Əhdi-Cədidin hər bir kitabından əvvəl qısa xülasə verilir. Orada dördüncü Müjdə haqqında belə deyilir: «Rəbb İsanın hamıdan çox sevdiyi həvari Yəhya Asiya yepiskoplarının xahişi ilə Serintiyə və digər bidətçilərə qarşı öz Müjdəsini sonuncu yazan şəxs idi».

Burada yenə də dördüncü Müjdənin arxasında böyük bir qrupun və İmanlı Cəmiyyətinin nüfuzunun dayandığı fikrinə rast gəlirik.

İndi isə Murator kanonu kimi tanınan çox mühüm sənədə nəzər salaq — bu sənəd onu kəşf edən alim Muratorinin şərəfinə belə adlandırılıb. Bu, 170-ci ildə Romada tərtib edilmiş İmanlı Cəmiyyəti tərəfindən buraxılan Əhdi-Cədid kitablarının ilk siyahısıdır.

Orada təkcə Əhdi-Cədidin kitabları sadalanmır, hər birinin mənşəyi, təbiəti və məzmunu haqqında qısa məlumat verilir. Dördüncü Müjdənin necə yazıldığı haqqında böyük maraq doğurur.

«Şagird yoldaşlarının və yepiskoplarının xahişi ilə şagirdlərdən biri olan Yəhya dedi: «Üç gün mənimlə oruc tutun. Allah kimə nə açsa, istər Müjdəmin xeyrinə olsun, istərsə də ziyanına, bunu bir-birimizə deyək». Həmin gecə Andrey vəhy alır ki, Yəhya hər şeyi danışmalıdır, qalanlar da ona kömək etməli, sonra isə yazılan hər şeyi yoxlamalıdırlar.

Biz o fikirlə razılaşa bilmərik ki, həvari Andrey 100-cü ildə Efesdə idi (görünür, o, başqa bir şagird idi). Lakin burada aydın görünür ki, dördüncü Müjdənin əsasında həvari Yəhyanın nüfuzu, ağlı və yaddaşı dayansa da, bu, bir nəfərin deyil, bir qrupun işi idi.

İndi isə biz əslində nə baş verdiyini təsəvvür etməyə çalışaq. Təxminən 100-cü ildə Efesdə həvari Yəhyanın ətrafında bir qrup insan var idi. Həmin insanlar Yəhyaya bir mömin kimi hörmət edir və onu ata kimi sevirdilər: o vaxt, çox güman ki, Yəhyanın təxminən yüz yaşı vardı. Onlar fikirləşdilər ki, qoca həvari İsa ilə birlikdə olduğu illər haqqında xatirələrini yazsa, çox yaxşı olar. Ancaq sonda daha böyük bir şey etdilər. Biz onları oturub keçmişi necə xatırladıqlarını təsəvvür edə bilərik. Yəqin ki, onlar bir-birilərinə belə deyirdilər: «İsanın bu sözünü xatırlayırsan...?» Yəhya da, yəqin ki, belə cavab verirdi: «Bəli, İsanın o vaxt nə demək istədiyini indi başa düşürük...» Başqa sözlə, bu insanlar təkcə İsanın dediklərini qeydə almamışdılar — onda bu, yalnız yaddaşın qələbəsi olacaqdı, — həm də İsanın nəyi nəzərdə tutduğunu yazmışdılar. Bu işdə onlara Müqəddəs Ruhun Özü rəhbərlik etmişdir. Yəhya İsanın dediyi hər bir kəlməni dərindən düşünmüşdü və bunu Müqəddəs Ruhun rəhbərliyi altında etmişdir.

«İsa Onu çoxdan tanıyan insan üçün kimdir?» adlı bir vəz var. Bu başlıq İsanı dördüncü Müjdədən necə tanıdığımız haqqında əla tərifdir. Bütün bunlar ingilis ilahiyyatçısı A.Q.N. Qrin-Armitaj tərəfindən «Öz gözləri ilə görən Yəhya» kitabında mükəmməl şəkildə izah edilmişdir. O deyir ki, Markın Müjdəsi İsanın həyatına dair faktları aydın şəkildə təqdim etməklə, missioner üçün çox əlverişli kitabdır. İsanın təlimlərini sistematik şəkildə izah edən Mattanın Müjdəsi nəsihətçi üçün çox əlverişli kitabdır. Bütün insanların dostu olan İsanın obrazına dərin rəğbət bəsləyən Lukanın Müjdəsi imanlı cəmiyyətinin ağsaqqalı və ya vaizi üçün əlverişli kitabdır. Yəhyanın Müjdəsi isə düşünən ağıl üçün kitabdır.

Daha sonra Qrin-Armitaj Mark və Yəhyanın Müjdələri arasındakı diqqət çəkən fərq haqqında danışmağa davam edir: «Bu Müjdələrin hər ikisi müəyyən mənada eynidir. Lakin Markın birbaşa, səthi və hərfi gördüyü məqamları Yəhya incə, nüfuzedici və ruhani olaraq görür. Demək olar ki, Yəhya Markın Müjdəsinin sətirlərini çıraqla işıqlandırır».

Bu, dördüncü Müjdənin fərqli xüsusiyyətidir. Məhz buna görə Yəhyanın Müjdəsi bütün Müjdələrin ən böyüyüdür. Yəhyanın məqsədi İsanın sözlərini qəzet xəbərlərində olduğu kimi sadəcə çatdırmaq deyildi, onların əsl mənasını açıqlamaq idi. Yəhyanın vasitəsilə ölülərdən dirilən Məsih danışır. Yəhyanın Müjdəsi daha çox Müqəddəs Ruhun Müjdəsidir. Onu Efesli Yəhya yazmadı. Onu Müqəddəs Ruh Yəhya vasitəsilə yazdı.

MÜJDƏNİ QƏLƏMƏ ALAN

Biz daha bir suala cavab verməliyik.

Biz əminik ki, dördüncü Müjdənin arxasında həvari Yəhyanın ağlı və yaddaşı dayanır. Amma bundan əlavə onu da gördük ki, Müjdənin arxasında onu yazan, yəni hərfi mənada kağıza köçürən başqa bir şahid da var. Onun kim olduğunu aydınlaşdıra bilərikmi? İlk məsihçi yazıçılarının bizə qoyub getdiklərindən bilirik ki, o vaxtlar Efesdə iki Yəhya var idi: həvari Yəhya və ağsaqqal-Yəhya kimi tanınan Yəhya. Əhdi-Cədidin tarixi və İsanın tərcümeyi-halı ilə bağlı hər şeyi toplamağı sevən Hierapolis yepiskopu Papiy (70-145-ci illər) bizə çox maraqlı məlumatlar qoyub gedib. O, Yəhyanın müasiri idi. Papiy özü haqqında yazır ki, o, «Rəbbin şagirdləri olan Andreyin və ya Peterin, Filipin, Tomasın, Yaqubun, Yəhyanın, Mattanın və ya Rəbbin hər hansı bir şagirdinin, yaxud da Aristionun və ya ağsaqqal Yəhyanın nə dediyini öyrənməyə çalışırdı». Efesdə həvari Yəhya və ağsaqqal Yəhya var idi. Üstəlik, ağsaqqal Yəhya hamı tərəfindən o qədər sevilirdi ki, qoca ağsaqqal adı ilə tanınırdı. Onun İmanlı Cəmiyyətində xüsusi yer tutduğu açıq-aydın görünür. Evsebi (263-340-cı illər) və Böyük Dionisi deyirdilər ki, onların dövründə Efesdə iki məşhur qəbir var idi: biri — həvari Yəhyanın, digəri — ağsaqqal Yəhyanındır.

İndi isə iki qısa məktuba — həvari Yəhyanın İkinci və Üçüncü Məktublarına nəzər salaq. Bu məktublar Müjdə ilə eyni əldən çıxmışdır. Bəs məktublar necə başlayır? İkinci məktub bu sözlərlə başlayır: «Mən ağsaqqaldan həqiqətə görə sevdiyim seçilmiş xanıma və onun övladlarına salam!» (2Yəhya 1) Üçüncü məktub da belə başlayır: «Mən ağsaqqaldan həqiqətə görə sevdiyim əziz Qaya salam!» (3 Yəhya 1) Bu da bizim gəldiyimiz nəticə. Əslində, məktubları yazan ağsaqqal Yəhya idi. Məktublarda ağsaqqal Yəhyanın «İsanın sevdiyi şagird» sözləri ilə xarakterizə etdiyi həvari Yəhyanın düşüncələrini və xatirəsini əks etdirir.

BİZİM ÜÇÜN ƏZİZ OLAN MÜJDƏ

Dördüncü Müjdə haqqında nə qədər çox öyrəniriksə, bizim üçün o, bir o qədər əziz olur. Yəhya yetmiş il İsa haqqında düşünmüşdür. Müqəddəs Ruh günbəgün İsanın dediklərinin mənasını ona açıqlayırdı. Budur, Yəhya artıq tam bir əsri geridə qoyduqda və son günləri yaxınlaşanda, o, dostları ilə oturub İsanın təlimini bir-bir yada salmağa başladı. Ağsaqqal Yəhya müəllimi və nəsihətçi həvari Yəhyanın sözlərini yazmaq üçün əlində qələm tuturdu. Həvarilərin sonuncusu isə təkcə İsadan eşitdiklərini deyil, həm də İsanın dediklərini indi necə dərk etdiyini yazdı. O, İsanın «hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. Lakin O — həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək» sözlərinin necə dediyini yaxşı xatırlayırdı (Yəhya 16:12-13).

O vaxt, yetmiş il əvvəl Yəhya çox şeyi başa düşmürdü. Bu yetmiş il ərzində Müqəddəs Ruh ona açıqlamalar verdi. Baxmayaraq ki, Yəhya üçün əbədi izzət sübhü açılmaq üzrə idi, o, bütün bunları yazmaq qərarına gəldi. Bu Müjdəni oxuyarkən yadda saxlamalıyıq ki, ağsaqqal Yəhya vasitəsilə həvari Yəhyanın yaddaşında qalan İsanın həqiqi fikirlərini bizə çatdırır. Bu Müjdənin arxasında Efesin bütün imanlı cəmiyyəti, bütün möminlər, həvarilərin sonuncusu, Müqəddəs Ruh və Dirilmiş Məsihin Özü dayanır.