Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 24-cü fəsil

V. Barklinin şərhləri

24-cü fəsil

1-12

NƏ ÜÇÜN SİZ DİRİNİ ÖLÜLƏR ARASINDA AXTARIRSINIZ? (Luka 24:1-12)

Yəhudilərin Şabbat günü — bizim şənbəmiz, həftənin son günüdür. Şabbat yaradılışın altı günündən sonra Allahın istirahət etdiyini xatırladır. Məsihçilərin bazar günü isə yəhudilərdə həftənin ilk günüdür. Həmin gün İsa Məsihin dirilməsini xatırladır. Həftənin ilk günü (yəni məsihçilərin bazar günü) qadınlar ölən əziz Müəllimlərinə son ehtiramlarını bildirmək və Onun cəsədini ətirli yağlarla məsh etmək üçün məzara getdilər.

Şərqdə məzarı çox vaxt qayanın içində oyurdular. Cəsəd sarğı kimi uzun ensiz kətan parçalara bükülür və məzarda rəfə bənzər bir yerə qoyulurdu. Bundan sonra məzarın girişi çuxur boyunca oyulmuş yivdə yuvarlanan təkərə bənzər böyük yuvarlaq bir daşla örtülürdü. Qadınlar qəbirin yanına gələndə qapısındakı daşı yuvarlanmış gördülər.

Burada biz məsihçiliyin əleyhdarları tərəfindən daim eyham vurulan dirilmə barədə təsvirdə uyğunsuzluqlarla qarşılaşırıq. Markın Müjdəsində deyilir ki, qəbirin sağ tərəfində ağ xalat geyinmiş bir gənc oturmuşdu (Mark 16:5). Mattada isə o, Rəbbin mələyi idi (Matta 28:2). Araşdırdığımız mətndə deyilir ki, bu, şimşək kimi parıldayan paltar geyinmiş iki kişi idi. Yəhyanın Müjdəsində isə iki mələk idi (Yəhya 20:12). Düzdür, təqdimatda aşkar uyğunsuzluq var, amma bu da həqiqətdir ki, təsvir necə olursa-olsun, əsas fakt olan məzarın boş olması bütün təsvirlərdə eynidir. Önəmli olan da məhz budur. Bu günədək hələ heç vaxt iki insan eyni şəkildə, eyni terminlə eyni hadisəni təsvir etməmişdir. Heç bir hadisə dirilmə qədər dəfələrlə təkrarlanan və şişirdilmədən təsvir edilməmişdir. Lakin hekayənin mahiyyəti — məzarın boş olması ilə bağlı son dərəcə vacib fakt — bütün variantlarda qeyd olunub. Qadınlar geri qayıdıb bu barədə digər şagirdlərə danışsalar da, onlar inanmaq istəmədilər. Qadınların sözləri onlara boş göründü. Luka burada yunan həkimlərinin xəstənin qızdırma zamanı sayıqladığını təsvir etmək üçün işlətdiyi sözü işlədir. Lakin Peter getdi və bunun doğru olub-olmadığına şəxsən əmin olmaq istədi. Peterin məzara getməsi artıq onun haqqında çox şey deyir. Onun Ustaddan necə imtina etdiyini hamı bilirdi. Bununla belə, onun bu biabırçı əməlini bilənlərlə üzləşməyə mənəvi cəsarəti çatmışdı. Peterdə həm qəhrəmanlıq, həm də qorxaqlıq vardı. Qeyri-sabit xarakterli insan qayaya çevrilməyə yaxındır.

Bütün bu hekayədə ən vacib məqam — məzar başında verilən sualdır: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız?» Çoxlarımız hələ də İsanı ölülər arasında axtarırıq.

1. Bunlar İsanın timsalında insanların ən böyüyünü və qəhrəmanların ən zadəganını, yer üzündə ən gözəl həyatı yaşamış, lakin sonra öldüyünü görənlərdir. Ancaq bu, hamısı deyil. İsa ölməyib, O diridir. O, keçmişin qəhrəmanı deyil, bu günün canlı reallığıdır.

Şekspir — torpağa qarışıb, bir daha eyvon ənənəsi ilə ovsunlamağa gəlməyəcək,

Sokrat isə Şelli kimi, Attika və İtaliya yuxusuna qərq olub.

Onlar bixəbərdirlər. Lakin siz, ey məsihçilər,

Məsih məzarda olsa da, meydanda və təyyarədən,

Nazaretdən olan dirilən İsanı görmədinizmi?

2. Bunlar İsanın timsalında yalnız Onun həyatını və sözlərini öyrənmək, təlimini araşdırılmaq lazım olan sadə bir insan kimi görənlərdir. Məsihin yolunu və Məsihi yalnız bir araşdırma mövzusu kimi düşünmək üçün ümumi bir tendensiya var. Bu tendensiyanı getdikcə daha çox təhsil qruplarının formalaşmasında, dua və Kəlam üzərində düşünmə qruplarının tədricən yox olmasında görmək olar. Düzdür, İsanın həyatını öyrənmək lazımdır, lakin Onu öyrənmək kifayət deyil. İsa ilə görüşmək və hər gün Onunla yaşamaq lazımdır. İsa təkcə kitabın qəhrəmanı deyil, hətta həmin kitab dünyanın ən böyük kitabı olsa belə. O, sağdır və bizimlədir.

3. İsanı mükəmməl nümunə kimi görənlər də var. Bu da düzdür, amma mükəmməl nümunə dünyanın ən darıxdırıcı və sıxıcı bir varlığına çevrilə bilər. Quşlar əsrlər boyu insanlara uçmaq üçün örnək olub, buna baxmayaraq, insanlar uçmağı ancaq bizim dövrümüzdə öyrəniblər. Bəzilərimizin hələ məktəb illərində xəttatlıq dəftərləri var idi. Hər birinci sətirdə nümunə verilmişdi, digər sətirlərdə isə onları köçürməli olurduq. Nə qədər olub ki, mükəmməl nümunəni təkrarlamaq üçün göstərdiyimiz səylər ümidimizi boşa çıxarıb! Amma müəllim həmişə köməyə gəlib. O, əlimizdən tutaraq onu xətt boyu aparır və biz yavaş-yavaş ideala yaxınlaşırdıq. İsanın da etdiyi elə budur. O bizim üçün təkcə nümunə deyil. O bizə kömək edir, istiqamətləndirir və Onun nümunəsini təqlid etmək üçün bizə güc verir. O, sadəcə həyat nümunəsi deyil. O, həmişə yanımızdadır və bizə yaşamağa kömək edir. Bəlkə, şagirdlər kimi, bizim də imanımız vacib nələrdənsə məhrum olub, çünki biz də Onu — Diri Olanı ölülər arasında axtarmışıq.

13-35

QARANLIQ YOL İŞIQLANDI (Luka 24:13-35)

Budur, başqa bir ölməz hekayə.

1. Həmin hekayə qərbə doğru gedən iki şagirddən bəhs edir. Belə fikirlər irəli sürülür ki, onlar qərbə doğru getdiklərinə görə İsanı tanıya bilmədilər. Xamma kəndi Yerusəlimin qərbində yerləşirdi. Günəş qürub etdiyi üçün onların gözləri elə qamaşdı ki, onlar öz Rəbbini tanımadılar. Hadisə hər necə olursa-olsun, bir şey həqiqət olaraq qalır ki, məsihçi günəşin qürub etdiyi səmtə yox, doğan günəşin səmtinə doğru hərəkət edir. Uzun illər əvvəl İsrail övladlarına deyilmişdi ki, onlar düşən gecəyə doğru deyil, sübhə doğru irəliləsinlər (Saylar 21:11). Həmin iki şagird Xammaya gedən yolda kədər və məyusluqdan boğularaq bunu unutmuşdular.

2. Hekayədə söhbət İsanın hər şeyə məna vermək və canlandıra bilmək qabiliyyətindən gedir. Bu iki şagird üçün yaranan vəziyyət ümidsiz və mənasız görünürdü. Onların arzuları, ümidləri puç olmuşdu. Onların «Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır» kədərli sözlərində böyük məyusluq hiss olunur. Bu, xəyalları qırılan və dəfn olunan insanların sözləridir. İsa yaxınlaşıb onlarla danışanda, həyatın mənası onlara aydın oldu və işıq qaranlığı dəlib keçdi. Hekayələrin birində qəhrəman sevgilisinə belə deyir: «Mən sənin gözlərinə baxmayana qədər həyatın nə olduğunu bilmirdim». Yalnız İsada, hətta ən dəhşətli vaxtlarda belə, əsl həyatın nə olduğunu dərk etməyə başlayırıq.

3. Hekayədə İsanın lütfkar olmasından və Özünü başqalarına zorla qəbul etdirməməsindən bəhs edilir. İsa Özünü şagirdlərə sanki yoluna davam etmək istəyirmiş kimi göstərdi, əslində isə, onların dəvətini gözlədi. Allah insana dünyanın ən böyük və ən təhlükəli ənamını — iradə azadlığını verdi. Biz ondan Məsihi həyatımıza dəvət etmək üçün istifadə edə və ya Onun yan keçməsinə icazə verə bilərik.

4. Hekayədə deyilir ki, İsa çörəyi böləndə, şagirdlər Onu tanıdılar. Çoxları bunun Rəbbin süfrəsi olduğunu düşünür. Amma bu, sadə bir evdə adi yemək idi və süfrə arxasında əyləşənlər arasında çörək bölünəndə şagirdlər İsanı tanıdılar. Kimsə təxmin etdi ki, ola bilsin, həmin iki şagird İsa beş min adamı doyuzduranda orada olublar, ona görə də, O, evlərində çörək böləndə, Onun əllərini tanıdılar. Biz təkcə Rəbbin süfrəsi mərasimində deyil, həm də nahar yeməyində Məsihlə ola bilərik. O, təkcə İmanlı Cəmiyyətinin Rəbbi deyil, həm də hər evin qonağıdır. Məsihçilər həmişə və hər yerdə Məsihin var olduğu dünyada yaşayırlar.

5. Bu hekayə iki şagirdin necə xoşbəxt olduğundan, sevincini bölüşməyə tələsdiklərindən bəhs edir. Yerusəlimə gedən yol on kilometrdən çox idi, amma onlar olduqları evdə daha qala bilmədilər. Məsihçi Müjdəsi başqaları ilə paylaşmadıqca heç vaxt yalnız bizə məxsus ola bilməz.

6. Onlar Yerusəlimə qayıdanda öyrəndilər ki, başqa şagirdlər də İsa ilə qarşılaşıbmışlar. Məsihçinin izzəti və böyüklüyü ondadır ki, o onunla eyni hadisələri və hissləri yaşamış insanların qardaşlığında yaşayır. Bir nəfərin dediyi kimi, «Əsl dostluq o zaman başlayır ki, insanlar ümumi xatirələri yada salıb, biri-birilərinə «Yadındadırmı?» deyirlər». Hər birimiz ortaq yaşantılar və Rəbbimizin ortaq xatirələrini bölüşən qardaşlığın üzvüyük.

7. Hekayədə İsanın Peterə göründüyü deyilir. Bu hadisə dünyada heç vaxt izah olunmayan ən böyük hadisələrdən biri olaraq qalacaq. Amma maraqlıdır ki, İsa Onu inkar edən insana birinci göründü. İsanın böyüklüyü həm də ondadır ki, O, tövbə edən günahkara özünə hörməti qaytarır.

36-49

YUXARI OTAQDA (Luka 24:36-49)

Burada İsanın yuxarı otaqda toplaşan şagirdlərinin yanına necə gəldiyindən bəhs olunur. Xüsusilə məsihçi inancının bəzi meyarlarını qeyd edir.

1. Burada Məsihin dirildiyinin həqiqiliyi vurğulanır. Dirilən Rəbb — ruh deyil, gerçəklikdir. Ölən İsa, həqiqətən, ölülərdən dirilmiş Məsih idi. Bu, tarixi həqiqətdir ki, məsihçilik insanların pərişan olmuş zehinlərində doğan xəyallara və ya qarabasmalara deyil, tarixən sübut olunduğu kimi, həqiqətən, ölümün gözünə baxan, onunla vuruşan, ona qalib gələn və sonda ölülərdən dirilən bir İnsana əsaslanır.

2. Burada Çarmıxın zəruriliyi vurğulanır. Bütün Müqəddəs Yazılar və peyğəmbərlər Çarmıxa və Çarmıxa çəkilməyə işarə edirdilər. Məsihin Çarmıxa çəkilməsi Allahın boynuna məcbur qoyulmamışdı. Məsihin Çarmıxa çəkilməsi Allahın planının bir hissəsini təmsil edirdi və başqa heç bir şey olmadığı kimi, Onun əbədi məhəbbətini açıq-aşkar nümayiş etdirirdi.

3. Burada İsa Məsihə həvalə edilmiş tapşırığın təkidi vurğulanır. Tövbəyə çağırış və günahların bağışlanması xəbəri bütün insanlara çatdırılmalı idi. İmanlı Cəmiyyəti yuxarı otaqda əbədi qalmamalı idi. O, dünyaya göndərildi. Yuxarı otaqdan sonra İmanlı Cəmiyyətinin ümumdünya missiyasının vaxtı gəlib çatdı. Kədərli günlər keçdi, indi sevinc dalğaları bütün insanlara çatdırılmalıdır.

4. Burada qüdrətin sirri vurğulanır. Şagirdlər göylərdən gələn qüdrətlə dolmayanadək Yerusəlimdə gözləməli idilər. Bəzən adama elə gəlir ki, məsihçi vaxtını müdrik gözləmədə keçirərək boş yerə vaxt itirir. Lakin hazırlıqsız atılan addımlar çox vaxt uğursuzluğa məhkumdur. İnsan Allahı gözləməyi, Allah üçün nə vaxt çalışmaq vaxtının gəldiyini bilməlidir. Fey İnçfon yazır ki, bəzən xırdalıqların öhdəsindən gəlmək üçün həyatı boşa sərf edirik. Amma nə qədər işlə məşğul olsaq da, Allahın yanında bir anlıq olmaq üçün hər şeyi kənara qoyuruq. Allahı gözləməkdən ötrü keçirdiyimiz sakit vaxt heç vaxt boşa getmir. Çünki belə anlarda təxirə saldığımız işlərin yerinə yetirilməsi üçün güc almaqdan ötrü gündəlik həyatımızın işlərini bir kənara qoyuruq.

50-53

XOŞBƏXT SONLUQ (Luka 24:50-53)

İsanın göylərə qaldırılması bizim üçün əbədi olaraq sirr qalacaq, çünki bəzən biz izaholunmaz olanı izah etməyə və təsvir olunmayanı təsvir etməyə çalışırıq. Ancaq bu hadisəni qeyd etmək çox vacib idi. Çünki İsanın zühurlarının getdikcə daha az olacağını, sonra isə tamamilə dayandırılacağını güman etmək ağlasığmaz idi. Bu, doğrudan da, insanların inamını məhv edərdi. Yer üzündəki İsanın göylərin Məsihinə çevrildiyi zaman, ayrılıq günü mütləq gələcəkdi. Lakin şagirdlər üçün İsanın göyə qaldırılması üç məna kəsb edirdi:

1. Bu onlar üçün son idi. Onların imanının ətdən və qandan olan insana iman etdikləri və Onun cismən varlığına bağlı olduğu günlər arxada qaldı. İndi onlar zamandan və məkandan əbədi azad olan Şəxsə bağlı idilər.

2. Digər tərəfdən, bu onlar üçün başlanğıc idi. Şagirdlər məyus halda evə qayıtmadılar. Onlar böyük sevinclə Yerusəlimə qayıtdılar, çünki artıq bilirdilər ki, onların Rəbbi var və daha heç bir şey onları biri-birindən ayıra bilməz.

Sahillərinin, Onun xurma ağaclarının harada bitdiyini bilmirəm;

Bircə onu bilirəm ki, Məsihin məhəbbəti və qayğısı məni xilas edəcək.

Həvari Paul deyir: «Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq» (Romalılara 8:38-39).

3. Bundan əlavə, İsanın göyə qaldırılması şagirdlərə əminlik verdi ki, onların təkcə yerdə deyil, həm də göydə bir Dostu var. Doğrudan da, göylərdə bizi yer üzündəki kimi heyrətamiz dərəcədə xeyirxah olan həmin İsanın gözlədiyini bilməkdən daha qiymətli heç nə yoxdur. Ölmək — qaranlıqda qərq olmaq demək deyil; Onun hüzuruna getmək deməkdir. Şagirdlər İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar. Onlar daim Allaha alqış edərək Məbəddə olurdular. Təsadüfi deyil ki, Lukanın Müjdəsi başladığı yerdə — Rəbbin evində bitir.


  1. Draqun — inq. əv. bəzi, xüsusi atlı qoşun hissələri nəfəri.↩︎

  2. Maqnifikat (latınca Magnificat anima mea Dominum — «Qəlbim Rəbbi ucaldır» katolik himninin birinci beytinin ilk sözünə görə) — Lukanın Mükdəsindən bakirə Məryəmə mədhiyyə (Luka 1:46-55) latın tərcüməsində (bax: Vulqata).↩︎

  3. Publius Sulpisius Kvirini (lat. Publius Sulpicius Quirinius, digər yunanca Κυρήνιος, transkripsiya variantları — Quirinius, Kyrinius, Kyrenia; təxminən e. ə. 45-ci ildə anadan olub; e. ə. 21-ci ildə vəfat edib) — qədim Roma siyasətçisi, e. ə. 12. konsul; Suriya əyalətinin Roma valisi (e. ə. 6-cı ildə).↩︎

  4. Kövşənlik — taxılı biçilmiş tarla.↩︎

  5. Güdül — kəsilmiş əl-ayaqların üstündə qalan hissəsi.↩︎

  6. İltizam — dövlətə müəyyən miqdarda pul vermək müqabilində xüsusi şəxslərə verilən vergi toplama hüququ.↩︎

  7. Nubiyalılar və ya Nubailər — Cənubi Misir və Şimali Sudan bölgəsində Nil vadisi boyunca uzanan tarixi bir bölgə Nubiyada yaşayan Nil-Səhra dilləri danışan yerli etnik qrup.↩︎

  8. Mühafizəkarlıq — köhnəlik tərəfdarlığı, köhnəpərəstlik, yeniliyə zidd olma.↩︎

  9. Gilbert Kit Çesterton (ing. Gilbert Keith Chesterton; 29 may 1874, London — 14 iyun 1936, London) — ingilis yazıçısı.↩︎

  10. Pamflet — adətən, siyasi məzmunlu, kəskin ruhda yazılmış satirik, ifşaedici məqalə və ya kitabça.↩︎

  11. Polibi (q.yun. Πολύβιος— Polybius; e.ə. 200, Meqolopol, Arkadiya — E.ə. 120) — Yunan tarixçisi və sərkərdəsi.↩︎

  12. Simbal — üzərinə simlər çəkilmiş qutuşəkilli musiqi aləti.↩︎

  13. Publi Vergili Maron (15 oktyabr e.ə. 70 — 21 sentyabr e.ə. 19, Brindizi, Roma imperiyası) — Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şairdir. E.ə. 70-19-cu illərdə yaşamışdır. Romanın klassik şairi və ən qüdrətli ədəbi xadimlərindən biri sayılır.↩︎

  14. Assizli Fransisko — məşhur katolik din xadimi və Fransiskan Ordeninin banisidir.↩︎

  15. Ağıçı — ağlaşma zamanı ağı söyləyən, ölünü oxşayıb ağlayan qadın.↩︎

  16. Evsebi Pamfil (təq. 265 və ya 270-ci illər, Fələstin Kesariyası, Roma imperiyası — may 339, Fələstin Kesariyası, Roma imperiyası) — İlk dövr məshçi ilahiyyatçılarından biri (263–340).↩︎

  17. Oçerk — hekayə şəklində yazılmış qısa bədii əsər.↩︎

  18. Vilyam Tindeyl (1494-1536), ingilis humanisti, protestant islahatçı və Müqəddəs Kitabın tərcüməçisi. Onun Əhdi-Cədidin və Əhdi-Ətiqin bir hissəsini ingilis dilinə tərcüməsi Tindeyl bibliyası kimi tanınır.↩︎

  19. Teruma və ya truma — termini ibrani dildə Əhdi-Ətiqdə və ya Talmudda belə məna verir: 1) israillilərin səhrada Hüzur Çadırının tikintisi üçün gətirdikləri ianə; 2) torpağın məhsullarından yəhudi kahinlərə gətirilən ianə.↩︎

  20. Anemon — qaymaqçiçəklilər fəsiləsindən bəzək bitkisi.↩︎

  21. Universalist — Allahın istisnasız olaraq bütün insanlara mərhəmət göstərdiyinə inanan insandır.↩︎

  22. Hidropos — yəni bədənə su yığılması xəstəliyi.↩︎

  23. Qorodki — oyun adı.↩︎

  24. Övliya — məcazi mənada: müqəddəs, təmiz, saf, pak (həlim və gözəl əxlaqa malik adam haqqında).↩︎

  25. Noktürn — kiçik lirik musiqi əsəri.↩︎

Azərbaycan dilində Müqəddəs Kitab

İsanın dirilməsi
(Matta 28:1-10; Mark 16:1-11; Yəhya 20:1-18)
1 Həftənin ilk günü səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər. 2 Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər. 3 Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar. 4 Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. 5 Qadınlar təlaş içində üzüstə yerə sərildilər. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız? 6 O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın. 7 Demişdi ki, “Bəşər Oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”». 8 Qadınlar da İsanın sözlərini yada saldılar.
9 Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər. 10 Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi. 11 Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar. 12 Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı.
İsa iki şagirdə görünür
(Mark 16:12-13)
13 Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi. 14 Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi. 15 Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi. 16 Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.
17 İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar. 18 Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?» 19 İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi. 20 Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər. 21 Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib. 22 Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib 23 Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər. 24 Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər».
25 Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər! 26 Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?» 27 Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.
28 Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı. 29 Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.
30 İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. 31 Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu. 32 Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»
33 Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər. 34 Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür». 35 Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.
İsa On Bir şagirdə görünür
(Matta 28:16-20; Mark 16:14-18; Yəhya 20:19-23; Həvarilərin işləri 1:6-8)
36 Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi. 37 Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər. 38 Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir? 39 Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur». 40 İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi. 41 Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?» 42 Ona bir tikə bişmiş balıq verdilər. 43 İsa da yeməyi götürüb onların qabağında yedi.
44 Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır». 45 Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı. 46 İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir. 47 Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir. 48 Siz bu hadisələrin şahidisiniz. 49 Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüdrətə bürünənədək bu şəhərdə qalın».
İsanın göyə qaldırılması
(Mark 16:19-20; Həvarilərin işləri 1:9-11)
50 İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi; 51 xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı. 52 Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar. 53 Onlar daim Allaha alqış edərək məbəddə olurdular.