1-12
İsanın dövründə yəhudilərin ölüm hökmünü icra etmək hüququ yox idi. Ölüm hökmünə yalnız Roma qubernatoru qərar verir və Roma hakimiyyəti icra edirdi. Buna görə də İsa Ponti Pilatın yanına aparıldı. Heç bir şey bizə yəhudilərin İsaya qarşı irəli sürdükləri ittihamlar qədər bəd niyyətini açıq şəkildə göstərmir. O Özünü Allahın Oğlu adlandırdığına görə Ali Şura Onu küfrdə ittiham edirdi. Pilata isə bu barədə bir söz belə deyilməmişdi. Onlar yaxşı bilirdilər ki, Pilatın nəzərində belə bir şikayətin nəticəsi olmayacaq və o, yəhudi dini və xurafatı ilə bağlı ittihamı heç vaxt araşdırmayacaq. İsaya qarşı olan ittiham tamamilə siyasi xarakter daşıyırdı. Bir çox cəhətdən bu, sadukeylər tərəfindən irəli sürülmüşdü. Məsihin Çarmıxa çəkilməsinə nail olan da məhz aristokratlar və sadukeylər idi. Onlar Məsihin xalq arasında iğtişaşlar törədəcəyindən, var-dövlət, rahatlıq və səlahiyyətlərini itirəcəklərindən qorxurdular.
Ponti Pilatın qarşısına çıxarılan ittiham üç hissədən ibarət idi. Onlar İsanı a) qiyam qaldırmaqda, b) qeysərə vergi ödəməyi qadağan etməkdə, c) padşah titulunu mənimsəməkdə ittiham edirdilər. İttihamın hər bir bəndi açıq-aşkar yalan idi, yəhudilər bunu yaxşı bilirdilər. Lakin İsanı öldürmək istəkləri o qədər güclü idi ki, ən böyük yalana əl atmaqdan çəkinmədilər.
Pilat əbəs yerə Romanın ən təcrübəli hökmdarlarından biri sayılmırdı. O, yəhudilərin niyyətini yaxşı başa düşürdü və onların istəklərini təmin etmək fikrində deyildi. Eyni zamanda onları özünə düşmən etmək istəmirdi. Yəhudilər İsaya qarşı daha bir ittiham irəli sürmək üçün Onun Qalileyadan olduğunu söylədilər. Çünki Qalileya «üsyançıların beşiyi» adı ilə məşhur idi. Lakin Pilat çətin vəziyyətdən çıxmaq üçün bu ittihamdan yapışdı. Qalileya Hirod Antipanın yurisdiksiyasına daxil idi. Həmin vaxt Pasxa bayramı münasibətilə o, Yerusəlimə gəlmişdi. Beləcə Ponti Pilat işi Hiroda ötürdü. İsanın Hiroda deyəcək sözü yox idi. Nəyə görə İsa düşünürdü ki, Hirodla danışmağa dəyməz?
1. Hirod sadəcə İsanı görmək istəyirdi: onun üçün İsa tamaşa və əcaib maraqdan başqa bir şey deyildi. Lakin İsada əcaib heç nə yox idi: O, itaət edilməli olan Padşah idi. Məşhur yunan stoiki Epiktet şikayət edirdi ki, insanlar dünyanın hər yerindən onun mühazirələrinə, təliminə qulaq asmaq və icra etmək üçün yox, sadəcə ona məşhur bir heykəlmiş kimi baxmaq üçün gəlirlər. İsa baxılası surət deyil, O, itaət edilməli olan Rəbdir.
2. Hirod İsada özü üçün əyləncə görür və Ondan möcüzə gözləyirdi. O, İsaya padşah paltarı geyindirərək Onu ələ saldı. Başqa sözlə, Hirod İsanı ciddi qəbul etməkdən imtina etdi. O, sadəcə İsanı öz sarayında nadir bir əyləncə kimi təqdim etmək istəyirdi, bundan başqa marağı yox idi. Bu gün də insanların böyük əksəriyyəti İsanı ciddi qəbul etməkdən imtina edir. Əgər onlar İsanı ciddi qəbul etsəydilər, Onun sözlərinə və göstərişlərinə daha çox diqqət yetirərdilər.
3. 11-ci ayə başqa cür də tərcümə oluna bilər. «Hirod öz əsgərləri ilə Onu təhqir edib...», yəni «arxasında əsgərlər olan Hirod İsanın əhəmiyyətsiz olduğunu düşündü». Qalileya və Pereyanın padşahı kimi yüksək mövqeyə malik olan, arxasında güclü mühafizə ordusu olan Hirod elə hesab edirdi ki, qalileyalı bu Dülgər heç bir gücü təmsil etmir və heç bir əhəmiyyət kəsb etmir. Hətta bu gün də şüurlu və ya şüursuz olaraq İsanın heç bir məna daşımadığına, Onsuz rahat yaşamağın mümkün olduğuna inanan insanlar var. Onların qəlbində İsa üçün yer yoxdur. İsanın onların həyatına heç bir təsiri yoxdur. Bu insanlar İsasız keçinməyin mümkün olduğunu düşünürlər. Məsihçi üçünsə İsa kainatda ən vacib Şəxsdir.
13-25
Bu hissə son dərəcə heyrətamizdir. Bununla belə, aydındır ki, Ponti Pilat İsaya ölüm hökmü vermək istəmirdi. O, bilirdi ki, ölüm cəzasını təsdiqləsə, Romanı məşhur edən qərəzsiz ədalət prinsipini pozacaq. O, ölüm hökmünün təsdiqini ləğv etmək üçün ən azı dörd dəfə cəhd etdi. O, yəhudilərə təklif etdi ki, bu problemi özləri həll etsinlər (Yəhya 19:6, 7). O, qərar vermək məsuliyyətini Hirodun boynuna qoymağa çalışdı. O, adət üzrə, Pasxa bayramı münasibətilə İsanı azad etməkdən ötrü yəhudiləri inandırmağa çalışdı (Mark 15:6). O, yəhudilərə güzəştə getməyə çalışdı və dedi ki, İsanın qamçılanmasını, sonra isə azad edilməsini əmr edəcək. Sonda yəhudilər Pilatı öz iradəsinə zidd olaraq ölüm hökmünü təsdiqləməyə məcbur etdilər.
Necə oldu ki, yəhudilər təcrübəli Roma valisini ölüm hökmünü təsdiqləməyə məcbur edə bildilər? Onlar əslində şantaj yolu ilə buna nail oldular. Bu, onunla izah olunur ki, Romanın imperiya məhkəmə praktikasına əsasən, hər bir vilayət zəif idarə olunduğuna görə Romaya şikayət etmək hüququna malik idi. Belə olan halda, qubernatorun başı ağrıyırdı. Ponti Pilat İsraildəki hakimiyyəti dövründə iki kobud səhvə yol vermişdi.
Romalıların Yəhudeyadakı əsas idarəsi Yerusəlimdə deyil, Qeysəriyyədə yerləşirdi. Yerusəlimdə yalnız bir qisim qoşun var idi. Roma qoşunlarının bayraqlarında hökmranlıq edən imperatorun kiçik bir təsviri var idi. Həmin dövrdə imperator rəsmi olaraq tanrı sayılırdı. Yəhudi qanunları hər hansı bütləri qadağan edirdi. Buna görə də bütün keçmiş hökmdarlar qoşunlarını Yerusəlimə gətirməzdən əvvəl bayraqlardakı təsvirlərinin çıxarılmasını əmr edirdilər. Amma Ponti Pilat bunu etməkdən imtina etmişdi: o, bayraqlarda imperatorun təsviri ilə öz qoşunlarını gecə vaxtı Yerusəlimə gətirmişdi. Yəhudilər Qeysəriyyəyə gəlib, Pilatdan xahiş etdilər ki, bayraqlardan şəkli götürsün. Lakin Pilat razı olmadı. Yəhudilər isə uzun müddət israr etdilər. Altıncı gün o, açıq ərazidə, qoşunların əhatəsində onlarla görüşməyə razılaşdı. O, yəhudilərə bildirdi ki, əgər onlar davamlı tələblərlə onu təngə gətirsələr, dərhal ölümlə cəzalandırılacaqlar. «Onda yəhudilər diz çöküb, boyunlarını açdılar və qanunlarının müdrikliyini pozmaqdansa, ölməyi üstün tutduqlarını dedilər». Hətta Ponti Pilat belə, soyuqqanlılıqla qırğın əmrini verə bilmədi, sonda güzəştə getməyə məcbur oldu. Bütün bunlar İosif Flavinin «Yəhudilərin qədimliyi» 18-ci kitabının, 3-cü fəslində qeyd edilib. Bundan sonra Pilat şəhərdə yeni su təchizatı sistemi tikdirdi, xərcini isə Məbədin xəzinəsindən ödəməyi əmr etdi. Bu barədə artıq Luka 13:1-4-də danışılıb.
Böyük imperiyada Roma hökuməti üçün qəbuledilməz bir şey var idi — xalq iğtişaşları və üsyanlar. Şübhəsiz ki, yəhudilər bu hadisələrdən birini belə Roma hökumətinə çatdırsaydılar, Ponti Pilat dərhal taxtından salınardı. Yəhyanın Müjdəsində biz yəhudilərin Ponti Pilatla söhbətində ona vurduqları məşum eyhamla rastlaşırıq: «Əgər bu Adamı azad etsən, qeysərin dostu deyilsən» (Yəhya 19:12). Onlar Pilatı Romaya rəsmi şikayət göndərməklə hədələyərək, İsanın ölüm hökmünü təsdiqləməyə məcbur etdilər.
Qarşımızda dəhşət doğuran həqiqət var: insanın keçmişi həmişə üzə çıxa və qərarlarını iflasa uğrada bilər. Müəyyən əməllərə görə təqsirkar olan şəxs, özünü istədiyini söyləmək hüququndan məhrum edir. Çünki əks halda keçmişi onu təqib edəcək. Biz elə yaşamağa çalışmalıyıq ki, öz fikrimizi ifadə etmək hüququmuzu itirməyək və insanlar «Bu barədə danışmaq haqqı ən az olan adam sənsən» deyə bizi qınamasınlar.
Ancaq belə bir vəziyyətə düşsək də, ondan yeganə çıxış yolu — vəziyyəti və onun nəticələrini cəsarətlə qəbul etməkdir. Pilatın da belə bir cəsarəti yox idi. Hökmdar kimi İsrailin başında qalmaq üçün o, ədaləti qurban verməyi seçdi və İsanın ölüm hökmünü təsdiqlədi. Əgər o, cəsarətli insan olsaydı, ədalətin ondan tələb etdiyi kimi hərəkət edər və əməllərinin nəticələrinə görə cavab verməyə hazır olardı. Lakin onun keçmişi onu qorxaq etmişdi.
26-31
Çarmıxa çəkilməyə məhkum edilmiş cinayətkar məhkəmə zalından çıxarılır və dörd tərəfi Roma əsgərləri ilə əhatə olunurdu. Bundan sonra çəkiləcəyi Çarmıx çiyninə qoyulur və onu ən uzun yol ilə edam yerinə aparırdılar. Öndə əlində məhkumun cinayəti yazılmış plakat tutan daha bir Roma əsgəri gedirdi ki, dəhşətli cinayət planlaşdıran hər kəsə xəbərdarlıq olsun. İsaya qarşı da yəhudilər eyni şeyi etdilər.
İsa əvvəlcə Çarmıxını Özü daşıdı (Yəhya 19:17). Lakin O, taqətdən düşdü və artıq Çarmıxını daşıya bilmədi. İsrail işğal olunmuş ərazi idi və istənilən vətəndaş istənilən vaxt hökumətin xidmətinə çağırıla bilərdi. İstənilən insanı xidmətə cəlb etmək üçün onun çiyninə Roma nizəsinin başlığı ilə vurmaq kifayət idi. İsa Çarmıxın ağırlığına tab gətirməyəndə, romalı yüzbaşı ətrafa baxaraq Onun Çarmıxını daşıyacaq bir adam axtardı. Uzaq Kirenadan, müasir Tripolidən olan Şimon Yerusəlimə gəlmişdi. Şimon ömründə bir dəfə olsa da, Yerusəlimdə Pasxa bayramını qeyd etmək üçün bütün həyatı boyu qəpik-qəpik yığan yəhudi idi. Roma nizəsi onun çiyninə toxunanda, o, istər-istəməz «cinayətkar»ın Çarmıxını daşımağa məcbur oldu.
Təsəvvür edin, həmin vaxt Şimon nə hiss etdi. O, illərdir ürəyində bəslədiyi arzusunu yerinə yetirmək üçün Yerusəlimə gəlir, amma bunun əvəzində Qolqotaya gedən yolda Çarmıx daşımalı olur. Onun ürəyi bütün bunlara görə romalılara və Çarmıxını daşıdığı «cinayətkar»a nifrətlə dolmuşdu.
Amma fikrin mənasına varsaq, bu hadisə yazılanlarla bitmədi. C.A.Robertson Əhdi-Cədiddə gözə çarpmayan çoxlu gözəl epizodlardan birini həmin yerdə gördü. Müjdəçi Mark Şimonu İsgəndər və Rufusun atası kimi tanıdır (Mark 15:21). Təbii ki, heç kim atanı övladlarına görə tanımaz, əgər bu oğullar müjdənin ünvanlandığı cəmiyyətə yaxşı tanış deyildilərsə. Etibarlı məlumatlara görə, Mark Müjdəsini Romadakı İmanlı Cəmiyyəti üçün yazmışdı. İndi isə Romalılara məktuba nəzər salaq. Digər salamlar arasında Paul sonda yazır: «Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin» (Romalılara 16:13). Beləcə Rufus Roma İmanlı Cəmiyyətində o qədər görkəmli məsihçi idi ki, Paul onu «Rəbdə seçmə insan olan» adlandırmışdı. Anası da Paul üçün o qədər əziz idi ki, ona imanda analıq edən ana adlandırmışdı. Ola bilsin, həmin Rufus Kirenalı Şimonun oğlu, anası isə Şimonun arvadı idi.
Çox güman, Şimon İsanı seyr edərkən onun nifrəti və qəzəbi təəccüb, heyranlıq və sonda imanla əvəzlənmişdi. Beləcə o, Məsihin ardıcılına çevrilmiş, ailə üzvləri isə Roma imanlı cəmiyyətində ən görkəmli məsihçilər olmuşdular. Ola bilsin, həyatının arzusunun nəhayət gerçəkləşəcəyinə, yəni Pasxa bayramını Yerusəlimdə qeyd edəcəyinə ümid edən Şimon, iradəsinə zidd olaraq «cinayətkar»ın Çarmıxını daşıyan bir adamın vəziyyətinə düşmüşdü. Bu zaman İsanı seyr edərkən qəzəbi və nifrəti heyranlıq və imanla əvəzlənmişdi. Əvvəlcə ona alçaldılma kimi görünən vəziyyət sonradan onu Xilaskara yönəltmişdi.
İsanın ardınca Onun üçün yas tutan bir qrup qadın gedirdi. O, dönüb onlara Özü üçün deyil, onlar üçün ağlamağa icazə verdi, çünki qarşıda onları dəhşətli günlər gözləyirdi. Yəhudeyada sonsuzluqdan dəhşətli faciə yox idi. Çünki sonsuzluq boşanma üçün əsas idi. Amma elə günlər gələcək ki, sonsuz qadınlar övladının olmadığına görə sevinəcəklər. İsa yenə də keçmişdə olduğu kimi, indi də Allahın çağırışını rədd edən bu şəhərin gələcək məhvini qabaqcadan görürdü. 31-ci ayə bir çox vəziyyətlərə uyğun gələn atalar sözüdür. Onun mənası belədir: «Əgər günahsızlara belə edilirsə, bəs günahkarın aqibəti necə olacaq?»
32-38
Cinayətkar edam yerinə çatanda onun Çarmıxı yerə qoyulurdu. Adətən, Çarmıx «T» hərfi şəklində olurdu. Bununla belə, cinayətkarın başının söykənəcək yeri olmurdu. Çarmıx çox da hündür deyildi. Cinayətkarın ayaqları yerdən 60-90 sm hündürlükdə qalırdı. Yerusəlimdə bir qrup dindar qadın var idi. Onlar həmişə edam yerinə gəlirdilər ki, Çarmıxa çəkilmiş adama dəhşətli ağrılarını bir qədər azaldacaq narkotik otlarla qarışdırılmış şərab içirtsinlər. İsaya da bu içki təklif olunmuş, lakin O, bundan imtina etmişdi (Matta 27:34). O, ən dəhşətli ölümü aydın zehinlə qarşılamağa qərar vermişdi. Qurbanın əlləri üst dirək boyunca qoyulur və ovucları mismarlanırdı. Ayaqlar isə mıxlanmırdı, sadəcə Çarmıxa yüngülcə bağlanırdı. Çarmıxın ortasında çıxıntılı bir taxta parçası vardı. Ona yəhər deyilirdi. Çarmıxa çəkilmiş adamın çəkisi həmin yəhərə düşürdü, çünki onsuz ovucun içi cırıq-cırıq olardı. Bundan sonra Çarmıx qaldırılır və çuxura bərkidilirdi. Çarmıxa çəkilmənin dəhşəti onda idi ki, bu edam növü dəhşətli ağrılara səbəb olsa da, insanı öldürmək üçün kifayət etmirdi. Qurban günəşin yandırıcı şüaları altında və gecə şaxtasında aclıq və susuzluqdan yavaş-yavaş ölümə məhkum edilirdi. Elə hallar olurdu ki, cinayətkarlar bir həftə Çarmıxda asılı qalır, sonda havalanıb dəlilikdən ölürdülər.
Cinayətkarın paltarı Onu Çarmıxa çəkilməyə aparan dörd Roma əsgərinə düşürdü. Hər bir yəhudinin geyimi beş hissədən — altdakı tunikadan, xitondan, kəmərdən, səndəldən və çalmadan ibarət idi. Dörd əsgərdən hər biri geyimdən özünə bir hissə götürürdü. Beşinci ən böyük hissə — xiton idi. O, bir tikişi olmadan bütöv parçadan toxunurdu (Yəhya 19:23-24). Əgər xiton hissələrə bölünsə, ondan bir şey qalmazdı. Budur, Çarmıxın kölgəsində gizlənən əsgərlər püşk atmağa başladılar. İsanın yavaş-yavaş dəhşətli əzab içində ölməsi onların vecinə deyildi.
Çarmıxdakı yazı küçələrdə edam yerinə gedən cinayətkarın önündə aparılan plakatdakı kimi idi.
İsa gözəl sözlər çox söyləmişdi. Lakin onların çox az hissəsi «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər» sözləri ilə müqayisə oluna bilərdi. Məsihçilərin bağışlaması — heyrətamizdir. Stefan daşqalaq edilərək öldürüləndə o da belə dua etmişdi: «Ya Rəbb, bunu onlara günah sayma» (Həvarilərin İşləri 7:60). Məsihçilərin bağışlaması qədər gözəl və nadir heç nə yoxdur. Bağışlamamazlıq ruhu qəlbimizi nifrətlə doldurmağa çalışanda, Onu Çarmıxa çəkənlərin bağışlanması üçün dua edən Rəbbimizi yada salaq. Həmçinin dostlarına «Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın» (Efeslilərə 4:32) deyən Paulu da xatırlayaq.
Yəhudilərin bu dəhşətli pisliyi cəhalət üzündən törətmələri Əhdi-Cədidin hər yerində qeyd olunur. Bu hadisədən bir qədər sonra Peter xalqa deyir: «İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi, siz də bunu bilmədən etmisiniz» (Həvarilərin İşləri 3:17). Paul deyir ki, onlar İsanı tanımadan Çarmıxa çəkdilər (Həvarilərin İşləri 13:27).
Böyük Roma imperatoru və stoik Mark Avreli hər səhər deyirdi: «Bu gün siz müxtəlif xoşagəlməz insanlarla qarşılaşacaqsınız. Onlar sizi incidəcək və təhqir edəcəklər. Ancaq belə yaşaya bilməzsiniz. Çünki siz daxilində Allahın Ruhu yaşayan insanlarsınız». Digər insanların ürəyində bağışlamazlıq ruhu yaşaya bilər. Başqaları nadanlıq üzündən günah işlədə bilər. Amma biz yaxşı bilirik ki, bizə daha çox verilib. Biz Məsihdənik və Onun bağışladığı kimi biz də bağışlamalıyıq.
39-43
Səlahiyyətlilər bilərəkdən İsanın iki məşhur quldur arasında Çarmıxa çəkilməsini əmr etdilər. Hər şey qəsdən elə qurulmuşdu ki, İsa camaatın gözü qarşısında alçaldılsın və cinayətkarlarla bərabər tutulsun. Tövbə edən quldur haqqında müxtəlif əfsanələr var. Onu müxtəlif cür adlandırırlar: Dismas, Demasi və Dumaxus. Əfsanələrin birində o, yoxsullara kömək etmək üçün varlıları soyan yəhudi Robin Qud kimi təqdim olunur. Ən yaxşı əfsanə isə Yusif və Məryəmin Körpə İsa ilə Bet-Lexemdən Misirə qaçarkən quldurların hücumuna məruz qalması haqqındadır. Körpə İsanı dəstə başçısının oğlu xilas etdi. Uşaq o qədər şirin idi ki, gənc oğru Onu tutmağa ürək etmədi və «Ey övladların ən bəxtiyarı, əgər nə vaxtsa mənim mərhəmətə ehtiyacım olsa, məni yada sal və bu günü unutma» sözləri ilə Onu buraxdı. Budur, Körpə İsanı xilas edən bu gənc oğru Onunla yenidən Çarmıxda qarşılaşdı və indi İsa onu xilas etdi.
Cənnət sözü fars dili mənşəlidir. Bu söz divarla əhatə olunmuş bağ deməkdir. Fars padşahı öz təbəələrindən birini xüsusi şərəfləndirmək istəyəndə, onu bağ ordeninə layiq görürdü, bu da o demək idi ki, padşah onu öz bağında gəzmək üçün seçib.
İsa tövbə edən quldura daha böyük şey — əbədi həyat vəd etdi. İsa ona Allahın Padşahlığının bağında şərəfli yer vəd etdi. Bununla İsa deyir ki, Məsihə üz tutmaq heç vaxt gec deyil. Bəzən biz belə deyirik: «Artıq gecdir. Bunun üçün çox qocayam». Amma Məsihə üz tutmaq haqqında bunu heç vaxt deyə bilmərik. Nə qədər ki, insanın ürəyi döyünür, Məsihin çağırışı qüvvədədir. Şair atdan yıxılaraq ölən adam haqqında belə yazır.
Üzəngi ilə yer arasında
Bağışlanmaq üçün dua etdim,
Bağışlanmanı aldım.
Nə qədər ki sağıq, tövbə edə bilərik.
44-49
Hər cümlədə bir hadisə əks olunur.
1. İsa Məsih Çarmıxda öləndə hər yeri qaranlıq bürüdü. Sanki günəşin özü bədxahların əməllərinə tab gətirə bilmədi. İnsanlar Məsihi qovmağa çalışanda, dünya qaranlığa qərq olur.
2. Məbəddəki pərdə iki yerə bölündü. Bu, Müqəddəslərin Müqəddəsini, Allahın hüzuru olduğu yeri ayıran bir pərdə idi. Oraya baş kahindən başqa heç kim girə bilməzdi. Özü də ildə yalnız bir dəfə, Kəffarə günündə. Allahın hüzuruna girişi bağlayan qapı sanki hamı üçün açıldı. Əvvəllər gizli olan Allahın ürəyi indi sanki hamıya açıq idi. İsanın doğulması, yaşayışı və ölümü Allahı insanlardan gizlədən pərdəni ikiyə böldü. İsa dedi: «Məni görən, Atanı görmüş olur» (Yəhya 14:9). İnsanlar Çarmıxda heç vaxt olmadığı kimi Allahın məhəbbətini gördülər.
3. İsa uca səslə nida etdi. Bu barədə üç Müjdədə danışılır (Matta 27:50; Mark 15:37). Yəhya isə İsanın uca səslə nida etdiyini vurğulamır. O deyir ki, İsa öləndə «Tamam oldu!» deyə nida etdi (Yəhya 19:30). Tamam oldu sözü həm yunan, həm də arami dillərində eyni sözdür. Tamam oldu və uca səslə nida, əslində, eyni şeydir. İsa qələbə nidası ilə öldü. O, diz çöküb məğlubiyyəti etiraf etməyə məcbur edilən insan kimi tamam oldu deyə pıçıldamadı. O, düşmənlə son döyüşünü başa vurub, böyük, əzəmətli vəzifəsini təntənəli şəkildə yekunlaşdıraraq, bu sözü fateh kimi bəyan etdi. Həm Çarmıxa çəkilmiş, həm də qalib Məsih «Tamam oldu!» dedi.
4. İsa dilində «Ey Ata! Ruhumu Sənin əlinə verirəm» duası ilə öldü. Bu, Zəbur 31:5-dən olan ayədir. Sadəcə ey Ata sözü əlavə olunub. Bu, yəhudi anaların axşam duasında uşaqlarına öyrətdikləri ayə idi. Eynilə analarımızın bizə öyrətdikləri kimi.
Gecənin sükutunda dincəlməyə gedirəm,
Həm bədəni, həm də ruhumu Sənin əlinə verirəm.
«Ruhumu Sənin əlinə verirəm». İsa bu ayəyə Ata sözü əlavə etməklə onu daha da mənalandırdı. Hətta İsa Çarmıxda belə atasının qucağında yuxuya gedən uşaq kimi öldü.
5. Yüzbaşı və camaat İsanın ölümündən çox təsirlənmişdi. İsa ölümü ilə həyatda nail ola bilmədiklərini yerinə yetirdi — insanların qəddar qəlblərini sındırdı. Artıq Onun «Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm» sözləri gerçəkləşirdi. O, canını tapşırdığı anda Çarmıxın maqnit təsiri özünü göstərdi.
50-56
Adətə görə, cinayətkarların cəsədləri, ümumiyyətlə, basdırılmır, itlər və yırtıcı quşlar tərəfindən parçalanmağa buraxılırdı. Lakin Arimateyalı Yusif İsanın cəsədini belə bir alçalmaqdan xilas etdi. Həmin gün vaxt çox az idi. İsa cümə günü Çarmıxa çəkilmişdi. Yəhudi Pasxası — bizim Şənbəmizdir. Amma yəhudilərdə gün axşam saat 6-da başlayır. Başqa sözlə, Şənbə cümə günü axşam saat 6-da başlayırdı. Buna görə də qadınlar yalnız İsanın cəsədinin harada qoyulduğunu görə bildilər. Sonra evə gedib ətir və məlhəm hazırladılar. Başqa heç nə etmədilər, çünki qanun saat 6-dan sonra işləməyi qadağan edirdi.
Arimateyalı Yusif çox maraqlı bir insan idi. Ola bilsin, onun həyatında böyük faciə baş vermişdi. O, İsaya öz qəbrini verdi. O, Ali Şuranın üzvü idi. Lakin İsanın Çarmıxa çəkilməsi barədə qərar veriləndə, o, Ali Şurada iştirak etməmişdi. Eyni zamanda heç yerdə onun İsanın edamı əleyhinə danışdığı deyilmir. Bəlkə də razılaşmadığı hadisələrin gedişini dəyişdirə bilməyəcəyini anlayaraq, susmuş və ya zalı tərk etmişdi. Hətta o dillənsəydi, nə dəyişərdi? Nifrətin açıq şəkildə ifadə olunduğu yığıncaqda bir səs İsanın lehinə olsaydı, İsanı çoxmu ruhlandırardı? Lakin Yusif İsanın ölümünə qədər gözlədi, sonra öz qəbrini Ona verdi. Bu bizim də faciəmizdir. Çox vaxt biz insanın sağlığında təqdim etməli olduğumuz gülləri onun məzarına düzürük. Ona nekroloqlar yazır, məclislərdə yaxşılıqlarını sadalayır, onu tərifləyir və təşəkkür edirik, halbuki bunları sağlığında etməli idik. Çox vaxt bunları etmədiyimizə görə peşmançılıq hissi yaşayırıq. Diriyə bir söz — ölüyə min tərifdən yaxşıdır.