Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 22-ci fəsil

V. Barklinin şərhləri

22-ci fəsil

1-6

İBLİS YƏHUDANIN ÜRƏYİNƏ GİRDİ (Luka 22:1-6)

Pasxa bayramı zamanı İsa Çarmıxa çəkilmək üçün Yerusəlimə gəldi. Əslində, Mayasız Çörək bayramı Pasxa bayramı ilə tam eyni deyil. Mayasız Çörək bayramı bir həftə — nisan (aprel) ayının 15-dən 21-nə kimi qeyd olunurdu. Pasxanın özü isə İsrail xalqının Misir əsarətindən azad edilməsini xatırlamaq üçün nisan ayının 15-də yeyilirdi (Çıxış 12). Həmin gecə ölüm mələyi Misirdəki bütün ailələrin ilk oğlunu öldürdü; lakin o, Yəhudi evlərinin yanından keçdi, çünki evlərin qapısının hər iki yan taxtası və üst dirəyi quzunun qanı ilə məsh olunmuşdu. Həmin axşam yəhudilər sonuncu yeməklərini tələsik yeməli olduqlarından mayalı çörək bişirməyə vaxt tapmadılar. Onlar mayasız çörək yeməli oldular.

Pasxaya xüsusi hazırlıqlar görülürdü. Yolları düzəldir, körpüləri möhkəmləndirir, yolların kənarındakı qəbir daşlarını ağardırdılar ki, zəvvarlar onları yaxşı görsünlər və səhvən onlara toxunub murdar olmasınlar. Bayramdan bir ay əvvəl sinaqoqlarda Pasxa bayramının tarixi və mənası öyrədilirdi. Pasxaya iki gün qalmış adət kimi bütün evlərdə maya qırıntıları axtarılırdı. Ailə başçısı əlində şamla təntənəli şəkildə səssizcə evin ətrafında dolanır, hər küncə baxır və mayanın son qırıntılarını atırdı.

Müəyyən yaşa çatmış və Yerusəlimdən 25 kilometr uzaqlıqda yaşayan hər bir yəhudi Pasxa bayramında Yerusəlimə getməli idi. Dünyanın istənilən yerində yaşayan hər şəxs həyatında ən azı bir dəfə Pasxa bayramını Yerusəlimdə keçirmək arzusunda idi (bu arzu hələ də var). Bu gün də yəhudilər yad ölkədə Pasxa bayramını qeyd edəndə, növbəti Pasxa bayramını Yerusəlimdə keçirmək üçün Allaha dua edirlər. Buna görə də Pasxa bayramı zamanı Yerusəlimə böyük insan kütləsi toplaşırdı. İmperator Neron yəhudi dininin əhəmiyyətini azaltmağa çalışırdı. Yəhudeya valisi olan Sestius Neronu fikrindən vaz keçirmək üçün siyahıyaalma aparıb, Pasxa bayramında kəsilən quzuların dərilərini saydırdı. İosif Flaviyə görə, onların sayı 265,5 min oldu.

Yəhudi qanunlarına görə, Pasxa bayramında bir quzunu ən azı on iştirakçı kəsdirməli idi. Bu o deməkdir ki, Pasxa bayramında həmin vaxt 2,7 milyondan çox zəvvar iştirak etmişdi. Bax belə bir izdihamlı şəhərdə İsa Məsihin son günlərinin faciəsi yaşanırdı.

Pasxa bayramının atmosferi həmişə gərgin olub. Roma hökmdarının iqamətgahı Qeysəriyyədə idi və adətən, Yerusəlimdə Roma qoşunlarının kiçik bir dəstəsi olurdu. Pasxa bayramında isə bura çoxlu sayda qoşun cəlb edilirdi.

Yəhudi hakimiyyəti İsanı xalq üsyan qaldırmadan həbs etmək problemi ilə üzləşmişdi. Yəhudanın xəyanəti onlara bu problemi həll etməyə kömək etdi. İblis Yəhudanın ürəyinə girdi. Bu anda iki məqam göz qabağına gəlir:

1. Allah Öz iradəsini yerinə yetirmək üçün insanları necə axtarırsa, şeytan da onları o cür axtarır. İnsan yaxşılığın və ya şərin, Allahın və ya şeytanın alətinə çevrilə bilər. Məsələn, Zərdüşt təliminin davamçıları bu dünyanı işıq tanrısı ilə qaranlıq tanrısı arasında döyüş meydanı kimi təsvir edirlər. Həmin mübarizədə insan hansı tərəfdə vuruşacağını seçməlidir. Biz bilirik ki, insan nurun və ya qaranlığın quluna çevrilə bilər.

2. Əgər Yəhuda şeytanı qəlbinə buraxmasaydı, şeytan ona sahib ola bilməzdi. İnsanın ürəyi ancaq içəridən açılır, çünki çöl tərəfdən açar yeri yoxdur.

Hər kəsin qarşısında səmanın və yerin yolu açılır;

Hər kəs özü hansı yolla gedəcəyinə qərar verir.

Allahın, yoxsa şeytanın əlində alət olacağımıza yalnız özümüz qərar veririk. Biz ya Məsihə, ya da şeytana xidmət edə bilərik. Qoy Allah bizə düzgün seçim etməyimizə kömək etsin!

7-23

AXIRINCI ŞAM YEMƏYİ (Luka 22:7-23)

İsa yenə də qabaqcadan hər şeyin qayğısına qaldı. Onun Öz planı var idi. Varlı adamların evləri iki otaqdan ibarət idi: bir otaq digərinin üstündə tikilirdi, ev sanki böyük bir qutunun üzərinə nisbətən kiçik qutu qoyulmuş kimi görünürdü. Yuxarı otağa evin bayır tərəfində yerləşən pilləkənlə çıxılırdı. Pasxa bayramı zamanı Yerusəlimdə qalmaq pulsuz idi. Ev sahibinin zəvvarlardan ala biləcəyi yeganə ödəniş — bayramda kəsilən quzu dərisi idi. Ravvinlər, adətən, yuxarı otağı sevimli tələbələri ilə görüşmək, müxtəlif problemləri müzakirə etmək və ürəklərini boşaltmaq üçün istifadə edirdilər. İsa belə bir otağı götürmək üçün lazımi tədbirlər gördü. O, Peterlə Yəhyanı şəhərə göndərdi ki, səhənglə su daşıyan bir adam tapsınlar. Əslində, su daşımaq qadınların işi idi. Səhəngdə su daşıyan kişi yağışlı gündə qadın çətiri ilə gəzən kişi kimi asanlıqla gözə dəyə bilərdi. Bu, İsa ilə şagirdləri arasında əvvəlcədən razılaşdırılmış əlamət idi.

Nəhayət, bayram axşamı yetişdi və İsa qədim simvollara yeni məna verməklə onlardan istifadə etdi.

1. Çörək haqqında «Bu Mənim sizin üçün verilən bədənimdir» dedi. Rəbbin müqəddəs süfrəsi dedikdə bunu nəzərdə tuturuq. Rəbbin müqəddəs süfrəsi adi şəraitdə olan, ancaq görməyə gözü, anlamağa ürəyi olan insan üçün tamam başqa məna kəsb edən bir mərasimdir. Burada xüsusi teoloji və ya anlaşılmaz bir şey yoxdur.

Hər birimizin evində köhnə əşyalar yığdığımız sandıq var. Biz həmin köhnə əşyaları atmırıq, çünki hər dəfə bu və ya digər əşyanı götürəndə, yaxud ona baxanda, müxtəlif insanlar və müxtəlif hadisələr yaddaşımızda canlanır. Əslində, bunlar adi əşyalardır, lakin bizim üçün onlar tamam başqa məna kəsb edirlər. Rəbbin müqəddəs süfrəsinin də mənası elə budur.

Ser Ceyms Barrinin anasının ölümündən sonra onun əşyaları yığışdırılanda, məlum oldu ki, o, oğlunun mütəmadi olaraq və məhəbbətlə ona göndərdiyi pul köçürmələrinin qəbzlərini saxlayıb. Onlar köhnə qəbzlərdən başqa bir şey deyildi, lakin anası üçün çox şey ifadə edirdi. Burada xüsusi məna var.

Londondakı Müqəddəs Paul kilsəsində admiral Nelsonun dəfn mərasimi zamanı bir qrup dənizçi tabutu çiynində aparırdı. Bu səhnəni müşahidə edənlərdən biri belə qeyd etmişdi: «Onlar ehtiramla bir nəfər kimi böyük admiralın cəsədini sərdabəyə endirdilər, sanki gəminin göyərtəsindən qəfil verilən əmri yerinə yetirirmiş kimi, eyni zamanda tabutun üstündəki ingilis bayrağını götürüb hissələrə parçaladılar. Hər biri məşhur mərhumun xatirəsi kimi özünə bayrağın bir parçasını götürdü». Bütün ömrü boyu bu rəngli parça onlara sevimli admiralı xatırladacaqdı. Müqəddəs mərasim elə budur.

Birlikdə yediyimiz çörək adi çörəkdir, amma başa düşə bilən ürəyə sahib insan üçün bu, həqiqətən, Məsihin Bədənidir.

2. Kasa haqqında O, belə dedi: «Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir». Müqəddəs Kitabda əhd insanla Allah arasındakı əlaqəni təmsil edir. Allah insana mərhəmətlə müraciət etdi, insan da Onun qanunlarına itaət etməyə razı oldu. Bütün bunlar Çıxış 24:1-8-də əksini tapıb. Bu qanunun təsirli olması insanın əhdinə riayət etməsindən və onu necə icra etməsindən asılıdır. İnsan bu qanunu yerinə yetirmək gücündə deyil, çünki günah insanla Allah arasındakı bu əlaqəni pozur.

Yəhudilərin bütün qurban sistemi günahın kəffarəsi üçün Allaha qurbanlar təqdim etməklə bu əlaqəni bərpa etməyə yönəlmişdi. İsa isə belə dedi: «Öz həyatım və ölümümlə sizinlə Allah arasında yeni münasibət yaratdım. Bəli, siz günahkarsınız. Amma Mən sizin üçün canımı qurban verdim ki, Allah artıq sizə düşmən deyil, dost olsun». Allahla insan arasındakı dostluq əlaqəsini bərpa etməkdən ötrü Məsih Öz həyatını qurban verməli idi.

3. İsa dedi: «Bunu Məni xatırlamaq üçün edin». İsa insan yaddaşının nə qədər unutqan olduğunu bilirdi. Yunanlarda zamanı müəyyən etmək üçün cümlə üzvü kimi xüsusi bir sifət var idi. Yunanlar deyirdilər ki, zaman hər şeyi silir. Sanki insan yaddaşı lövhə, zaman isə hər şeyi ondan təmizləyən süngərdir. Başqa sözlə, İsa dedi: «Həyatın girdabında siz Məni unudacaqsınız. İnsan istədiyi üçün deyil, unutmalı olduğu üçün unudur. Rahatlıq tapmaq üçün tez-tez Evimə gəlin və bunu Mənimlə yaxınlarımla edin. Onda Məni unutmayacaqsınız».

Şam yeməyi zamanı süfrədə satqının oturması bu faciəni daha da dəhşətli edirdi. Rəbbin hər süfrəsinin arxasında, hər imanlı cəmiyyətində İsa Məsihə xəyanət edəcək bir xain oturur. Çünki Onun evində İsaya vəd verib, sonra çölə çıxanda Onu təkzib ediriksə, Ona xəyanət etmiş oluruq.

24-30

MƏSİHİN ŞAGİRDLƏRİ ARASINDA MÜBAHİSƏ (Luka 22:24-30)

İsanın Çarmıxa çəkilməsi ərəfəsində şagirdlər arasında onlardan hansının daha üstün olduğuna dair düşən mübahisə — bütün Müjdədə ən faciəli hadisələrdən biridir. Yəhudi bayramlarında masa arxasındakı yerlər ciddi şəkildə müəyyən edilirdi. Masa bir tərəfi boş qalan kvadrat şəkilində idi. Süfrənin başında ev sahibi otururdu. Onun sağında ən vacib qonaq, solunda — ikinci ən vacib qonaq otururdu. Ev sahibinin sağından ikinci yerdə üçüncü vacib qonaq, solundan ikinci yerdən dördüncü vacib qonaq və s. otururdu. İsanın şagirdləri harada oturacaqlar deyə mübahisə edirdilər, çünki onlar hələ də dünyəvi padşahlıq ideyasından azad olmamışdılar. İsa onlara açıq dedi ki, Onun Padşahlığının standartları dünyanın standartlarından tamamilə fərqlənir. Dünyəvi padşah sahib olduğu gücə görə qiymətləndirilir. Şərq padşahının ən tipik titullarından Eurgetes idi, bu da yunan dilində xeyriyyəçi sözünə uyğun gəlir. İsa dedi: «Mənim Padşahlığımda bu titulu padşah deyil, qul alacaq».

1. Dünyanın ilk növbədə xidmətə ehtiyacı var. Qəribədir, amma işgüzar insanlar bunu yaxşı başa düşürlər. Bryus Barton qeyd edir ki, magistral yol boyunca tez-tez yanacaqdoldurma məntəqəsi işarələrinə rast gəlmək olur. Hər birində yazılıb: «Biz avtomobilinizin altına daha çox girəcəyik, çünki rəqiblərimizə nisbətən üst-başımızı daha çox bulaşdırmaqdan qorxmuruq». Qəribədir ki, insanın əhəmiyyəti və hörməti barədə mübahisələr başqa yerlərə nisbətən daha çox imanlı cəmiyyətlərində yaranır. Dünyanın xidmətə ehtiyacı var və o, yalnız xidməti qəbul edir.

2. Başqalarından daha çox xidmət etməyə hazır olanlar, həqiqətən, böyük zirvələrə çata bilər. Sadə bir işçi, adətən, saat 4-də evə gedir və səhərə qədər işi barədə fikirləşmir, halbuki rəhbərin otağında işıqlar gecə saatlarına qədər yanır. Çox vaxt yoldan keçənlər şirkətin bütün pəncərələrindəki işıqların söndüyü halda, Con Rokfellerin otağındakı işığın yandığını görürdülər. Həyatın qanunu belədir — xidmət zirvəyə aparır. İnsan karyera nərdivanı ilə nə qədər yüksəyə qalxarsa, bir o qədər xidmətə hazır olmalıdır.

3. İnsan həyatını müxtəlif yollarla qura bilər: bəziləri yalnız almağa üstünlük verir, bəziləri isə verməyə. Həyatını ancaq almağa kökləyən insan həm dostlarından, həm də Allahın mükafatından məhrum olur. Çünki yalnız özünü düşünən insan heç vaxt heç kimdə rəğbət oyatmayıb.

4. İsa xəbərdarlığını belə vədlə tamamladı: sona qədər Onun yanında qalan hər kəs Allahın Padşahlığında Onunla birlikdə olacaq. Allah heç kimə borclu qalmır. Məsihə Çarmıxı daşımağa kömək edənlər Göylərdə tacı Onunla bölüşəcəklər.

31-62

PETERİN FACİƏSİ (Luka 22:31-38 və 54-62)

Biz Peterin faciəsinə bütöv nəzər salacağıq. Peterin davranışı və xarakteri qəribə ziddiyyətlərlə doludur.

1. O, Məsihi sözdə inkar etsə də, Ona sadiq qaldı. Herbert Vells bir dəfə belə demişdi: «İnsan pis musiqiçi ola bilər, amma eyni zamanda musiqini ürəkdən sevə bilər». Sədaqətli insan günah etsə belə, itirilmiş sayılmır.

2. Peterə hərtərəfli xəbərdarlıq edilmişdi. İsa onu birbaşa və dolayısı yolla xəbərdar etmişdi. Bıçaq zərbəsi kimi səslənən 33-38-ci ayələr çox qəribə bir hissədir. Amma onun mənası belədir: «İndiyə qədər Mən sizinlə olmuşam. Lakin tezliklə tək qalıb gücünüzü dəyərləndirməli olacaqsınız. Onda nə edəcəksiniz? Təhlükə əlinizdə heç nəyin qalmamağında deyil, sağ qalmaq uğrunda mübarizə aparmalı olmağınızdadır». Bu, əsgərlərə dözümlü olmaq çağırışı deyil, şagirdlərə həyatlarının təhlükə altında olduğunu göstərmək üçün şərq üsuludur. Heç kim deyə bilməz ki, vəziyyətin ciddiliyi və təhlükəsi, ona məsuliyyətli yanaşması Peterə izah edilməmişdir.

3. Peter həddindən artıq özünə əmin idi. Əgər insan «Mən bunu heç vaxt etmərəm» deyirsə, bundan qorxmalıdır. Dəfələrlə olub ki, yenilməz görünən qalalar alınıb, çünki mühasirəçilər keçilməz görünən yol seçib, heç qorunmayan yerdə peyda olublar. Şeytan hiyləgər və bacarıqlıdır. O, insanın özünə tamamilə arxayın olduğu bir sahədə yaxınlaşır, çünki məhz həmin sahə müqavimət göstərməyə hazır deyil.

4. Lakin biz Peteri qınamamalıyıq. O, İsanın ardınca baş kahinin həyətinə qədər cəsarətlə gedən iki şagirddən biri idi (Yəhya 18:15). Peter yalnız cəsur bir insanın başına gələ biləcək sınağa uğradı. Cəsur insan həmişə əmin-amanlıq axtaran insandan daha çox təhlükəyə məruz qalır. Düşüncələrində və hərəkətlərində ehtiyatsız olmaq — insana imtahana düşmək bahasına başa gəlir. Bəzən nəcib bir işdə uğursuzluğa düçar olmaq, öz əməllərini sınamadan vəziyyətdən qaçmaqdan daha yaxşıdır.

5. İsa Peterlə qəzəbli danışmadı, ona sadəcə kədərlə baxdı. Əgər İsa Peterdən üz döndərib onu danlasaydı, o, buna tab gətirərdi. Amma İsanın sakit kədərli baxışı Peterin ürəyini parçaladı və onu göz yaşlarına boğdu.

O baxışları görməkdənsə,

Cəhənnəm alovunda yanmaq yaxşıdır.

Günahın cəzası İsanın qəzəbini görmək deyil, Onun ürək parçalayan baxışlarını görməkdir.

6. İsa Peterə çox vacib bir söz dedi: «Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir». İsa sanki Peterə belə demişdi: «Sən Məni inkar edəcəksən və acı-acı ağlayacaqsan. Amma sonra bu yolu keçməli olan qardaşlarına daha yaxşı kömək edə biləcəksən». Biz özümüz kədər çarxından və ya utanc uçurumundan keçməyincə, başqalarına kömək edə bilmərik. İsa haqqında deyilir: «Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər» (İbranilərə 2:18). Xəyanətin xəcalətini çəkən insan nəsə itirmir, əksinə, başqalarına şəfqət və anlayış göstərmək təcrübəsi qazanır.

QOY SƏNİN İRADƏN OLSUN! (Luka 22:39-46)

Yerusəlimdə boş yer olmadığı üçün bağlar və parklar, demək olar ki, yox idi. Buna görə də bir çox varlı insanların bağları Zeytun dağının ətəyində, şəhər divarları xaricində idi. İsanın varlı dostlarından biri Ona belə bir bağdan istifadə etmək imkanı verdi. O öz mübarizəsini təkbaşına aparmaq üçün oraya yollandı. O, can çəkişirdi. Yunanca can çəkişmə sözü dəhşətli qorxu ilə mübarizə aparmaq deməkdir. Tarixdə buna bənzər başqa səhnə yoxdur. Bu, İsanın həyatında mühüm dönüş nöqtəsi idi. Axı Onun Çarmıxdan imtina etmək üçün hələ də fürsəti var idi. Allahın Oğlunun alnını qanlı tər bürüdüyü vaxt dünyanın xilası təhlükə altında idi. O qalib gəldi. Məşhur pianoçu bir dəfə Şopenin noktürnü25 haqqında belə demişdi: «Sizə deməliyəm ki, Şopen bunu Listə demişdi, List də mənə. Onda hər şey — həm qüssə, həm də kədər cəmlənib. Elə böyük kədər ki... Allahla danışmağa və dua etməyə başlayana qədər çəkir. Sonra isə qəfildən hər şey yoluna düşür». İsa ilə də belə oldu. O, Getsemani bağına kədər içində yollandı, lakin Allahla danışandan sonra oradan qətiyyətlə qayıtdı. O, Getsemaniyə can çəkişə-çəkişə getdi, lakin Allahla danışdığı üçün oradan rahatlıq içində qələbə ilə qayıtdı. Hər şey insanın «Qoy Sənin iradən olsun!» sözlərini hansı tonda deməyindən asılıdır.

1. O, bu sözləri mübarizə apardığı qüvvənin qarşısında aciz kimi məğlub bir tonla deyə bilər. Belə olan halda, bu sözlər bütün ümidlərə mərsiyə kimi səslənə bilər.

2. O, bu sözləri zorla fəth edilmiş adamın tonu ilə deyə bilər. Onda bu sözlər tam məğlubiyyətin etirafı ola bilər.

3. O, bu sözləri uğursuzluğa düçar olmuş və arzusunu həyata keçirməyin mümkünsüzlüyünü dərk etmiş adam kimi söyləyə bilər. Onda bu sözlər acı məyusluq və ya dözülməz qəzəb kimi səslənə bilər. Çünki insan vəziyyəti dəyişmək gücündə deyil.

4. O, bu sözləri tamamilə etibar edərək deyə bilər. İsa məhz bu tonda dedi. O, Ata ilə danışmışdı. O, hər yerdə mövcud Olan, əlləri ilə Onu hər tərəfdən bürüyən Allahla danışmışdı. O, sevən Ataya güvəndiyi üçün təslim oldu.

O, diz üstə müqəddəs üzünü rütubətli torpağa əydi,

Sükut içində dua edən qəlbin iniltisi eşidildi:

"Qoy bu kasa Məndən yan keçsin, Ey Ata!

Amma qoy Mənim deyil, Sənin iradən olsun, Ata!

Hazıram Mən!» Bağda sakitlik hökm sürürdü;

Məsihin üzündən Çarmıxdan axıdılan qan kimi

Təri yerə düşüb qan damlalarına bənzəyirdi

Orada Allahın mələyi dayanıb

Allahın Oğlunu qüvvətləndirirdi.

İ.S.Proxanovun sözlərinə görə, İsa Getsemani bağında məhz belə dua etmişdi. Bizim üçün ən çətini — ağılla dərk edə bilmədiklərimizi qəbul etməkdir. Amma səylə dua edərək və mübarizə apararaq Allahın iradəsini və məhəbbətini axtarmaqla onları özümüz üçün mümkün edə bilərik. Buna görə də İsanın hər bir davamçısı tam arxayınlıqla «Qoy Sənin iradən olsun» deyib dua edə bilər.

XƏYANƏTKARIN ÖPÜŞÜ (Luka 22:47-53)

Yəhuda İsanı təslim etmək üçün elə bir yol tapdı ki, izdiham olmayanda Onu tuta bilsinlər. O yaxşı bilirdi ki, İsa, adətən, axşam saatlarında Zeytun dağındakı bağa gedir. Buna görə Ali Şuranın elçilərini ora gətirdi. Məbədin başçısı, yəni saqan Məbəddə nizam-intizamın qorunmasına cavabdeh şəxs idi. Onun zabitlərinə İsanı həbs etmək tapşırılmışdı. Adətən, şagird sevimli bir ravvini ilə qarşılaşanda, sağ əlini sol çiyninə, sol əlini isə sağ çiyninə qoyub onu öpərdi. Xəyanət əlaməti olaraq, Yəhuda bu öpüşdən istifadə etdi. Həbs prosesində dörd qrup iştirak edirdi; onların hər birinin hərəkətləri və reaksiyaları fərqli idi.

1. Birincisi, xain Yəhuda idi — Allahdan üz döndərən və şeytanla ittifaqa girən insan. Yalnız Allahı şeytanla əvəz edən adam Məsihə xəyanət edəcək qədər süquta uğraya bilər.

2. İkincisi, İsanı həbs etməyə gələn yəhudilər idi. Onlar ruhən kor idilər və Allahı tanımırdılar. Tanrı insan şəklində yer üzünə gələndə, yəhudilər yalnız bir şeyi düşünürdülər — mümkün qədər Onu tez Çarmıxa çəksinlər. Onlar öz yollarına elə qapılmışdılar ki, qulaqlarını Allahın səsinə bağlamış və Onun idarəçiliyini görmək istəmirdilər, nəticədə də Onu tanıya bilmədilər. Allahın səsinə kar olmaq və Onun əlamətlərinə kor olmaq dəhşətlidir. Elizabet Barrett Brouningin dediyi kimi: «Məndə Onu görmək və Ona heyran olmamaq, Ondan geri çəkilmək və Ona fəryad etməmək gücü var». Allah bizi belə gücdən qurtarsın!

3. Üçüncüsü, şagirdlər idi. Onlar bir anlıq Allahı unutmuşdular. Onların dünyası dağılmışdı. Onlar sonun yaxınlaşdığını düşünürdülər. Onlar Allah haqqında düşünə bilmirdilər. Yalnız bir anda düşdükləri dəhşətli vəziyyəti düşünürdülər. Belə anlarda insanları elə bir dəhşət bürüyür ki, onlar çaşqınlıq içində qalırlar və həyatın gözünə baxıb onunla mübarizə aparmaq gücündə olmurlar. Sınağa düşəndə insan Allaha üz tutmasa, həyat dözülməz olar.

4. Nəhayət, dördüncüsü İsa idi. Yalnız O, Allahı xatırladı. Onda ən diqqətçəkən və heyrətamiz cəhət Getsemani bağında dua etdikdən sonra sahib olduğu sakitlik idi. Hətta həbs anında belə, özünü itirməyən yeganə şəxs O idi. Mühakimə zamanı əslində hakim Onun Özü idi. Allahın yolu ilə gedən insan istənilən vəziyyətin öhdəsindən gələ bilər, istənilən düşmənə əyilməz və qorxmadan onun gözlərinə baxa bilər. Yalnız belə insan sonda deyə bilər:

Sınaqların amansız məngənəsində

Mən nə qışqırır, nə inildəyirdim.

İşgəncə və əzabın ortasında

Təslim olub başımı əymədim.

Qapı nə qədər dar olsa da,

Cəzaların siyahısı uzun olsa da,

Qəlbimin hökmdarı yalnız mənəm

Tanrımın əmanətidir bu mənə.

Yalnız Allaha təslim olan insan fateh kimi danışa və hərəkət edə bilər.

63-71

İSTEHZA, KÜFR VƏ MÜHAKİMƏ (Luka 22:63-71)

Həmin gecə İsa baş kahinin evinə gətirildi. Bu, özəl və qeyri-rəsmi araşdırma idi. Onlar bunu İsanı məsxərəyə qoymaq, ələ salmaq, mümkünsə, Onu sözdə tutmaq və bununla da Ona qarşı ittiham əsaslandırmaq məqsədilə təşkil etmişdilər. Bundan sonra İsa Məbədin mühafizəçilərinə təhvil verildi, onlar da İsa ilə dəhşətli zarafatlar etdilər. Səhər açılanda Onu Ali Şuraya gətirdilər.

Ali Şura yəhudilərin ali məhkəməsi idi. Dini və teoloji məsələlərlə bağlı işlər onun müstəsna yurisdiksiyasına daxil idi. Ali Şura yetmiş nəfərdən ibarət idi. Oraya ilahiyyatçılar, ravvinlər, fariseylər, kahinlər, sadukeylər və ağsaqqallar daxil idi. Ali Şura gecə vaxtı yığışmırdı, buna görə də məhkəmənin qərarı olmadan İsanı səhərə qədər həbsdə saxladılar. Ali Şura yalnız Qazzit adlanan zalda toplana bilərdi. Məbədin həyətlərindən birində baş kahin Ali Şuraya başçılıq edirdi.

Bizim qarşımızda Ali Şuranın prosedur qaydaları canlanır. Bəlkə də onlar heç vaxt ideal məhkəməni təcəssüm etdirməmişdilər. Amma Ali Şuranın necə olmasını və İsanın mühakiməsi zamanı əsl vəzifələrindən nə qədər uzaqlaşdıqlarını görmək olar. Məhkəmədə bütün iştirakçılar bir-birini görə bilsin deyə yarımdairəvi şəkildə otururdular. Təqsirləndirilən şəxs isə matəm paltarı geyinərək məhkəmə qarşısında dayanırdı. Onun arxasında ravvinin tələbələri və şagirdləri düzülürdü. Onlar həbs olunan şəxsin müdafiəsi üçün çıxış edə bilərdilər. Görünür, məhkəmədəki boş yerlər tələbələr vasitəsilə doldurulurdu. Bütün ittihamlar bir-birindən ayrı dinlənilmiş iki şahidin ifadəsi ilə təsdiq edilməli idi. Məhkəmə üzvü əvvəlcə həbs olunan şəxsin əleyhinə, sonra fikrini dəyişib lehinə danışa bilərdi. Amma əksinə olmazdı. Hökm elan olunanda məhkəmənin kiçikdən böyüyə hər bir üzvü öz fikrini bildirməli idi. Bəraət üçün bir səs çoxluğu kifayət edirdi. Mühakimə üçün ən azı iki səs çoxluğu lazım idi. Ölüm hökmü heç vaxt elan edildiyi gün icra oluna bilməzdi. Bunun üçün bir gecə keçməli idi. Çünki bu müddət ərzində məhkəmə üzvləri fikirlərini dəyişə və məhkumu əfv edə bilərdilər. Bütün prosedur mərhəmət təsiri bağışlamalı idi. Lakin Lukanın hekayəsindən aydın görünür ki, Ali Şura İsanı sorğu-sual edərkən öz qaydalarını və prosedurlarını belə pozurdu.

Qeyd etmək lazımdır ki, Ali Şura sonda İsanı küfrdə ittiham etdi. Allahın Oğlu olduğunu iddia edən şəxs Allahın əzəmətini təhqir etmiş sayılırdı. Bu da küfr idi və ölümlə cəzalandırılmalı idi.

Ən böyük faciə ondadır ki, İsa onları sevdiyi halda, onlardan heç bir ədalət görmədi. İsa zəfərinə bəd niyyətli sorğu-suallar, təhqir, qamçı və istehza ilə dolu bir gecədən sonra Allahın sağında oturacağına tam əmin idi. Onun qələbəsi mütləq idi. Onun imanı vəziyyətdən üstün idi. O, pisliyin Allahın planlarını alt-üst edə bilməyəcəyinə bir an belə tərəddüd etmədi.

Azərbaycan dilində Müqəddəs Kitab

İsanı öldürmək üçün sui-qəsd hazırlanır
(Matta 26:1-5; Mark 14:1-2; Yəhya 11:47-53)
1 Pasxa adlanan Mayasız Çörək bayramı yaxınlaşırdı. 2 Başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün bir yol axtarırdılar, çünki xalqdan qorxurdular.
Yəhudanın xəyanəti
(Matta 26:14-16; Mark 14:10-11; Yəhya 13:18-30)
3 O zaman Şeytan On İki şagirddən biri olan İskaryot adlanan Yəhudanın ürəyinə girdi. 4 O da gedib başçı kahinlər və məbəd mühafizəçilərinin başçıları ilə danışdı ki, İsanı necə onlara təslim etsin. 5 Onlar sevindilər və ona pul verməyə razı oldular. 6 Buna söz verən Yəhuda İsanı xalqdan gizlin onlara təslim etmək üçün fürsət axtarmağa başladı.
Axırıncı şam yeməyi
(Matta 26:17-30; Mark 14:12-26; Yəhya 13:21-30; 1Kor. 11:23-25)
7 Pasxa quzusunun qurban kəsilməli olduğu Mayasız Çörək bayramı günü gəldi. 8 İsa Peter və Yəhyanı qabaqca göndərib «gedin, Pasxa yeməyimiz üçün bizə hazırlıq görün» dedi. 9 Onlarsa İsadan soruşdular: «Harada hazırlıq görməyimizi istəyirsən?» 10 İsa onlara dedi: «Bax siz şəhərə girəndə qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin və onun girəcəyi evə girin. 11 Oranın sahibinə deyin: “Müəllim sənə deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağı haradadır?›” 12 Ev sahibi sizə yuxarı mərtəbədə hər şeyi hazırlanmış böyük bir otaq göstərəcək. Orada hazırlıq işləri görün». 13 Onlar gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.
14 Yemək vaxtı çatanda İsa həvarilərlə süfrəyə oturdu. 15 İsa onlara dedi: «Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım. 16 Sizə bunu deyirəm: Pasxa Allahın Padşahlığında yerinə yetənədək Mən bir daha onu yeməyəcəyəm».
17 Sonra İsa bir kasa götürüb şükür etdi və dedi: «Bunu götürün və aranızda bölüşdürün. 18 Mən sizə deyirəm: Allahın Padşahlığı gələnədək üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».
19 Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». 20 Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. 21 Amma budur, Mənə xəyanət edən Mənimlə birlikdə əlini bu süfrəyə uzadır. 22 Bəşər Oğlu təyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xəyanət edir!» 23 Şagirdlər öz aralarında bunu kimin edəcəyini araşdırmağa başladılar.
24 Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də oldu. 25 Amma İsa onlara dedi: «Millətlərin padşahları onların üzərində hökm edir və bu hakimiyyətdə olanlar himayədar adlanır. 26 Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik edən xidmətçi kimi olsun. 27 Axı kim daha böyükdür, süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mənsə sizin aranızda xidmətçi kimiyəm.
28 Keçirdiyim sınaqlarda Mənimlə qalanlar sizsiniz. 29 Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram; 30 belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.
Peterin inkarı əvvəlcədən bildirilir
(Matta 26:31-35; Mark 14:27-31; Yəhya 13:36-38)
31 Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi. 32 Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim. Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir». 33 O, İsaya cavab verdi: «Ya Rəbb, mən Səninlə zindana da, ölümə də getməyə hazıram». 34 Amma İsa dedi: «Peter, sənə bunu deyirəm: bu gün xoruz banlamazdan əvvəl sən Məni tanıdığını üç dəfə inkar edəcəksən».
35 Sonra şagirdlərə dedi: «Mən sizi kisəsiz, torbasız və çarıqsız göndərəndə bir şeydə korluq çəkmisinizmi?» Onlar cavab verdilər: «Heç bir şeydə». 36 Onda İsa onlara dedi: «İndi isə kisəsi və torbası olan bunları götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın. 37 Çünki sizə deyirəm: bu yazılmış olan
“Üsyankarlara tay tutuldu”
sözü Məndə tam yerinə yetməlidir. Çünki Mənim barəmdə yazılanlar tamam olur». 38 Onlar dedilər: «Ya Rəbb, budur, burada iki qılınc var». O isə onlara dedi: «Bu kifayətdir».
İsa Zeytun dağında dua edir
(Matta 26:36-46; Mark 14:32-42)
39 İsa çıxıb adətinə görə Zeytun dağına getdi. Şagirdlər də Onun ardınca getdi. 40 Oraya çatanda İsa onlara dedi: «Dua edin ki, sınağa düşməyəsiniz». 41 İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi. 42 O belə dedi: «Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun». 43 Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi. 44 İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi. 45 İsa duadan qalxıb şagirdlərin yanına gəldi, onları kədərdən üzülmüş və yatmış tapdı. 46 O, şagirdlərə dedi: «Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz».
İsa həbs olunur
(Matta 26:47-56; Mark 14:43-50; Yəhya 18:3-12)
47 İsa hələ danışarkən bir izdiham göründü. On İki şagirddən biri, Yəhuda adlı bir nəfər onlardan qabaqda gedirdi. O, İsanı öpmək üçün yaxınlaşdı. 48 Amma İsa ona dedi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?» 49 İsanın ətrafında olanlar nə baş verəcəyini görəndə Ona dedilər: «Ya Rəbb, bəlkə qılıncla vuraq?» 50 Onlardan biri baş kahinin qulunu vurub sağ qulağını qopartdı. 51 Lakin İsa dedi: «Bəsdir, eləməyin». Sonra qulun qulağına toxunaraq onu sağaltdı.
52 İsa üstünə gələn başçı kahinlərə, məbəd mühafizəçilərinin başçılarına və ağsaqqallara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə gəlmisiniz? 53 Mən hər gün məbəddə sizinlə birlikdə olanda siz Mənə əl qaldırmadınız. Amma indi sizin vaxtınızdır, zülmət hökmranlığıdır».
Peter İsanı inkar edir
(Matta 26:57-58,67-75; Mark 14:53-54,65-72; Yəhya 18:13-18,25-27)
54 İsanı tutub apardılar və baş kahinin evinə gətirdilər. Peter isə uzaqdan Onun ardınca gedirdi. 55 Həyətin ortasında tonqal qalanmışdı. Peter gəlib onun ətrafında oturanların arasında oturdu.
56 Qarabaşlardan biri tonqalın işığında oturan Peteri gördü. Ona diqqətlə baxıb dedi: «Bu adam da İsa ilə birlikdə idi». 57 Amma Peter «Ay arvad, mən Onu tanımıram!» deyərək Onu inkar etdi. 58 Bir az sonra başqa bir adam onu görüb dedi: «Sən də onlardansan». Amma Peter dedi: «Ay kişi, mən deyiləm!» 59 Bir saata yaxın vaxt keçdi və digər bir adam təkidlə dedi: «Doğrudan da, bu adam da Onunla birlikdə idi, çünki Qalileyalıdır». 60 Peter isə dedi: «Ay kişi, dediyini başa düşmürəm».
Elə o danışdığı an xoruz banladı. 61 Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin «bu gün xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. 62 Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.
63 İsanı tutub saxlayan adamlar Onu ələ sala-sala döyürdülər. 64 Gözlərini bağlayıb Ondan soruşurdular: «Peyğəmbərlik elə görək, Səni vuran kimdir?» 65 Ona başqa sözlər də deyib çoxlu böhtan atırdılar.
İsa Ali Şuranın önündə
(Matta 26:57-66; Mark 14:53-64; Yəhya 18:19-24)
66 Səhər açıldıqda xalqın ağsaqqalları, başçı kahinlər və ilahiyyatçılar yığıldı və İsanı öz Ali Şuralarına gətirdilər. 67 Onlar dedilər: «Bizə de, Məsih Sənsənmi?» İsa onlara dedi: «Əgər sizə desəm, inanmazsınız. 68 Əgər sizdən soruşsam, Mənə cavab verməyəcəksiniz. 69 Bundan sonra isə Bəşər Oğlu qüdrətli Allahın sağında oturacaq». 70 Onların hamısı dedi: «Deməli, Sən Allahın Oğlusan?» İsa onlara cavab verdi: «Sizin dediyiniz kimi O Mənəm». 71 Onda onlar dedilər: «Artıq şəhadətə nə ehtiyacımız var? Axı biz özümüz Onun ağzından eşitdik».