Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 21-ci fəsil

V. Barklinin şərhləri

21-ci fəsil

1-4

QİYMƏTLİ HƏDİYYƏ (Luka 21:1-4)

Məbədin qadınlar üçün olan həyətində könüllü ianələrdən ötrü on üç qutu qoyulurdu. Onların üst hissəsi dar, aşağı hissəsi enli idi. Hər qutu müəyyən bir qurban üçün nəzərdə tutulmuşdu — məsələn, qurbanı yandırmaqdan ötrü lazım olan odun üçün ianə; qurbangahdakı buxuru yandırmaq üçün ianə; qızıl qabların saxlanması və başqa məqsədlər üçün ianələr və s. İsa məhz bu qutuların yanında oturmuşdu.

Ali Şuranın və sadukeylərin elçiləri ilə gərgin mübahisədən sonra O yorulmuş və başını əllərinin arasına almışdı. Başını qaldıranda gördü ki, adamlar qutulara ianə qoyurlar. Sonra kasıb dul qadın gəldi. Onun sahib olduğu hər şey yalnız iki leptondan ibarət idi. Lepton isə ən kiçik sikkə idi, onun adı belə «nazik sikkə» kimi tərcümə olunur. Lakin İsa dedi ki, bu kasıb dul qadın hamıdan çox pul atdı. Çünki dolanmaq üçün əlində nə varsa, hamısını verdi.

İanənin dəyəri iki şeylə müəyyən edilir:

1. Birincisi, ianə verənin ürəyinin vəziyyəti ilə. İradəyə zidd olaraq verilən və ya verənə xoşagəlməz hisslər bəxş edən, nümayiş üçün və ya səxavətli görünmək üçün verilən ianə öz dəyərini itirir. Yalnız ürəkdən gələn ianə həqiqidir, çünki ürək başqa cür edə bilməz.

2. İkincisi, ianənin nisbi dəyəri ilə. Bir insan üçün kiçik olan digəri üçün böyük məbləğdir. İanələrini qutulara atan varlıların qurbanları onlar üçün xüsusi dəyər daşımırdı. Dul qadının iki leptonu isə onun bütün sərvəti idi. Digərləri verə biləcəklərinin haqq-hesabını çəkərək verirdilər. Dul qadın isə əlində olan hər şeyi ürəkdən səxavətlə qurban vermişdi.

Əgər ianə verən üçün qurbanın heç bir dəyəri yoxdursa, bu, qurban deyil. İanə o zaman qurban hesab edilir ki, özümüzə onsuz keçinmək çətin olur və ya onu qazanmaqdan ötrü ikiqat işləməli oluruq. Lakin təəssüf ki, Allaha bu cür qurban verənlər azdır!

Bir nəfər kilsədə şən mahnı oxuyan adamı belə təsvir edir:

Bütün dünyanı qurban versəm də,

Hədiyyəm kiçik olar.

Bəs sevginin əvəzinə nə verəcəyəm Sənə mən?

Heç nə! Yalnız, ya Rəbb, özümü.

İanə verənlər arasında elələri də var idi ki, əlini cibinə salanda ianə qutusuna birdən on qəpiklik əvəzinə əlli qəpiklik atar deyə diqqətlə baxırdılar.

Dul qadın və iki lepton haqqında sətirləri özünütənqid etmədən oxuyan hər kəs duyğusuz insandır.

5-24

GƏLƏCƏK ÇƏTİNLİKLƏR BARƏDƏ PEYĞƏMBƏRLİK (Luka 21:5-24)

5-ci ayədən başlayaraq bu fəslin tarixi fonu çətinləşir. Bu çətinlik dörd fərqli anlayışa əsaslanır.

1. Birincisi, Rəbbin günü anlayışı. Yəhudilər zamanı iki dövrə bölürdülər — tamamilə pis və artıq düzəlməsi mümkün olmayan, yalnız məhv edilə bilən indiki dövr və Allahın qızıl dövrü sayılan, İsrailin hökmranlıq edəcəyi gələcək dövr. Bu iki dövr arasında yəhudilər Rəbbin Gününü — kosmik sarsıntıların və dağıntıların, doğum sancılarının dəhşətli gününü yerləşdirmişdilər.

Həmin gün dəhşətli cəza günü olmalıdır. «Budur Rəbbin günü gəlir, amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, yeri səhraya döndərsin, oradakı günahkarları məhv etsin» (Yeşaya 13:9, Yoel 2:1-2; Amos 5:18-20: Sefanya 1:14-18). Həmin gün gözlənilmədən gələcək. «Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək» (1Saloniklilərə 5:2; 2Peter 3:10 ilə müqayisə edin). Bu, dünyanın lərzəyə gələcəyi gün olacaq. «Göydəki ulduzlar və bürclər işıq verməyəcək, günəş doğarkən tutulacaq, ay nurunu saçmayacaq... Buna görə də Mən Ordular Rəbbi, qızğın qəzəb günündə qeyzlə göyləri titrədəcəyəm, yer üzü lərzəyə gələcək» (Yeşaya 13:10-13; Yoel 2:30-31; 2Peter 3:10 ilə müqayisə edin).

Rəbbin günü anlayışı İsanın dövründə yəhudilərin əsas dini inanclarından biri idi. Hamı bu dəhşətli mənzərə ilə tanış idi. 9, 11, 25 və 26-cı ayələr araşdırdığımız hissənin anlayışına istinad edir.

2. İkincisi, Yerusəlimin dağılması haqqında anlayış. 70-ci ildə romalılar Yerusəlimi dəhşətli bir mühasirədən sonra aldılar, bu müddət ərzində şəhər sakinləri kannibalizm həddinə gəlib çatmışdı. Romalılar şəhəri, sözün əsl mənasında, daş-daş ələ keçirməli oldular. İosif Flavi yazır ki, mühasirə zamanı saysız-hesabsız, yəni bir milyondan çox sakin öldü, 97 mini isə əsir götürüldü. İsrail xalqı məhv edilmişdi; Məbəd yandırılmış və yerlə yeksan olunmuşdu. Bu hissənin 5, 6, 20-24-cü ayələri gələcəkdə baş verən hadisəyə işarə edirdi.

3. Üçüncüsü, Məsihin İkinci gəlişi anlayışı. İsa İkinci Gəlişindən əminliklə danışırdı və ilk İmanlı Cəmiyyəti Onu gözləyirdi. Əgər bu hadisələrin Rəbbin Günü ilə əlaqəli olduğunu xatırlasaq, Əhdi-Cədidin Məsihin İkinci Gəlişi ilə bağlı hissələrini daha yaxşı başa düşəcəyik. Bu hissənin 27 və 28-ci ayələrində məhz bundan bəhs edilir. Belə güman edilirdi ki, Məsihin İkinci Gəlişindən əvvəl çoxları özünün Məsih olduğunu iddia edəcək, əlamətlər və dəhşətlər baş verəcək. 7-9-cu ayələrdə bundan bəhs edilir.

4. Sonda gələcək təqiblərdən danışılır. İsa xalqının Ona sadiq qalmasına görə gələcəkdə onları gözləyən əzabları aydın şəkildə qabaqcadan görmüş və xəbərdarlıq etmişdi. Bu barədə 12-19-cu ayələrdə deyilir.

Bu yerin tək bir konsepsiyaya deyil, bir-biri ilə aydın şəkildə əlaqəli dörd fikrə əsaslandığını nəzərə alsaq, mənası daha aydın olur.

Açıqlamanın dərk edilməsi

İsanın peyğəmbərliyinə Məbədin əzəməti səbəb olmuşdu. Məbədin sütunlarının və tağlarının hündürlüyü on iki metrdən çox idi və hər biri mərmərdən yonulmuşdu. Ornamentlərdən ən gözəli hər salxımı insan boyda olan nəhəng qızılı üzüm idi. Məbədin ən yaxşı təsvirini İosif Flavi «Yəhudi müharibələri», 5-ci kitab, 5-ci hissədə vermişdir. İosif Flavi belə yazır: «Məbəd sütunlarının zahiri görünüşü həm ağlı, həm də gözləri heyran edirdi. Çünki üzəri ağır qızıl plitələrlə örtülmüşdü. Günəş doğanda həmin plitələr alovlu bir parıltı əks etdirirdi. Məbədə baxmağa çalışan hər kəs sanki günəşin özünə baxırmış kimi gözlərini qıymalı olurdu. Amma yadelli üçün Məbəd uzaqdan qarlı dağ kimi görünürdü, çünki qızılla örtülməyən bütün hissələri ağappaq ağarırdı. Yəhudilər Məbədin əzəmətinin toz-torpağa çevriləcəyini ağıllarına belə gətirməzdilər.

Bu hissədən biz Məsih və məsihçi həyatı haqqında bəzi vacib məlumatları öyrənirik.

1. İsa tarixin əlamətlərinə işarə edirdi. Başqaları yaxınlaşan fəlakətin əlamətlərini görə bilməsələr də, İsa Məsih fəlakətin yaxınlaşmaq üzrə olduğunu görürdü. İnsan əlamətləri yalnız onlara Allahın gözü ilə baxanda anlaya bilir.

2. İsa tamamilə dürüst idi. O dedi: «Budur, Mənim ardımca getmək qərarına gəlsəniz, sizi nələr gözləyir». Ədalət uğrunda mübarizənin qızğın vaxtlarında qəhrəman rəhbərlərdən biri dostuna belə yazır: «Kəllələr qumda yuvarlanır, gəl, özününkünü də onlara əlavə et». İsa Öz ardıcıllarına asan deyil, qəhrəmanların yolunu təklif etdi.

3. İsa şagirdlərinə söz verdi ki, onlar çətinlikdə heç vaxt tək qalmayacaqlar. Tarix aydın şəkildə sübut edir ki, Məsihə görə şəhid olanlar həm əzablarda, həm də ölüm ayağında Məsihlə birliyin gözəl anlarını yaşayırlar. Əgər Məsih bizimlədirsə, həbsxana — saraya, edam kürsüsü — taxta, həyatın fırtınası — günəşli bir yaya çevrilə bilər.

4. İsa yer üzündəki bütün təhlükələrdən üstün olan müdafiədən danışırdı. O dedi: «Amma başınızdan bir tük belə, əskik olmayacaq».

Burada qeyd olunanların çoxu İ.S.Proxanovun şeirindəki növbəti misraları xatırladır:

Məsihin cəmiyyəti nə məbəddir, nə bina,

Nə seçilmiş dostlardır, nə də xüsusi kilsə,

Məsihin Cəmiyyəti Çarmıxda satın alınan

Rəbbə itaət edən insanların yığıncağıdır.

Cənubun səhrasından, qərb və şərq ölkələrindən,

Çovğunlu, soyuq şimaldan

Qar qasırğasının əsdiyi yerdən

Toplaşan insanların Rəbbə ibadət yeridir.

Məsihin cəmiyyəti bu dünyada rahatlıq

Tapmaq üçün seçilməyib,

Burada onun alnına mübarizə yazılıb.

Ancaq budur, Bəy gəlir

Fırtına arasında, fəlakətin içində

Sevinc sədaları gəlir.

Məsihdə yenilənmiş insan zindanda ölə bilər, lakin o, heç vaxt canını itirməyəcək. Xilaskar onu göylərdəki Yerusəlimdə gözləyir.

25-38

AYIQ-SAYIQ OLUN (Luka 21:25-38)

Bu hissədə iki mühüm anlayış var.

1. Birincisi, İsa Məsihin İkinci Gəlişi haqqında anlayış. Bu barədə çox danışılıb, çox mübahisələr olub. Biz İsanın İkinci Gəlişinin nə vaxt baş verəcəyini və necə olacağını bilmirik. Amma bu ideyada bir vacib fikir var — tarix müəyyən məqsədə doğru inkişaf edir. Stoiklər tarixin inkişafında dövrilik ideyasına sadiq qalırdılar. Onların nəzəriyyəsinə görə, təxminən hər üç min ildən bir yer kürəsi qlobal yanğına bürünür, bundan sonra inkişaf yenidən başlayır və tarix təkrarlanır. Bu o demək idi ki, tarixin heç bir məqsədi yoxdur və boşluğa aparır. İnsanlar isə yerində addımlayırlar. Məsihçi anlayışına görə, tarix İsa Məsihin bütün dünyanın Rəbbi olacağı müəyyən bir məqsədə doğru inkişaf edir. Bildiyimiz və bilməli olduqlarımız yalnız budur.

2. İkincisi, ayıq olmaq zərurəti. Məsihçi heç vaxt hər şeyin yaxşılığa doğru getdiyinə və heç bir dəyişikliyin olmayacağı düşüncəsi ilə özünə təsəlli verməməlidir. O, həmişə gözləmə mövqeyində olmalıdır. Bir yazıçının qəhrəmanı başqalarının etdikləri kimi etmir. «Bilirəm ki, — o deyir, — bir gün mən böyük bir işlər görəcəyəm, buna görə həmişə hazır olmaq istəyirəm». Biz bir gün Allahın hüzuruna gələcəyik deyə daim əbədiyyət düşüncəsi ilə yaşamalıyıq. Məsihçi həyatından əzəmətli heç nə yoxdur.

3. İsa günlərini Məbəddə, izdiham arasında, gecələrini isə açıq havada Allahla tək keçirirdi. Tək qaldığı vaxtlarda xalqla danışmaq üçün güc toplayırdı. O, Allahın hüzurundan gəldiyi üçün insanların yanına cəsarətlə gələ bilirdi.

Azərbaycan dilində Müqəddəs Kitab

Dul qadının ianəsi
(Mark 12:41-44)
1 İsa başını qaldırıb baxdı və məbədin ianə qutusuna ianələri atan varlı adamları gördü. 2 Bir kasıb dul qadını da gördü. O, ianə qutusuna iki lepton pul atdı. 3 İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı. 4 Çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».
Axır zamanın əlamətləri
(Matta 24:1-28; Mark 13:1-23)
5 Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi: 6 «Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq».
7 Ondan soruşdular: «Müəllim, bəs bu dediklərin nə vaxt baş verəcək? Bunlar baş vermək üzrə olanda hansı əlamətlər olacaq?» 8 İsa dedi: «Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin. 9 Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək».
10 Sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. 11 Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq.
12 Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi yaxalayacaqlar, təqib edəcəklər, sinaqoqlara və zindanlara təslim edəcəklər, padşahların və valilərin qarşısına aparacaqlar. 13 Bu işlər şəhadət etdiyiniz vaxt olacaq. 14 Buna görə də ürəyinizdə qərara alın ki, özünüzü necə müdafiə edəcəyiniz barədə əvvəlcədən düşünməyəsiniz. 15 Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək. 16 Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək. 17 Mənim adıma görə hamı sizə nifrət edəcək. 18 Amma başınızdan bir tük belə, əskik olmayacaq. 19 Dayanıb dözməklə canlarınızı qurtarın.
20 Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır. 21 O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin. 22 Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin. 23 Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq. 24 Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq.
Bəşər Oğlunun zühuru
(Matta 24:29-35; Mark 13:24-31)
25 Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək. 26 İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək. 27 O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək. 28 Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır».
29 İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın: 30 onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır. 31 Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxınlaşıb. 32 Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. 33 Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.
34 Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin. 35 Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək. 36 Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun».
37 İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi. 38 Səhər tezdən bütün xalq İsanı dinləmək üçün Onun yanına, məbədə gəlirdi.