1-8
Bu fəsildə «sual günü» deyilən gün təsvir olunur. Bu gün yəhudi başçılarının nümayəndələri Məbədə gəlib, İsanı Öz sözündən tutmaq və ittihama əsas tapmaq üçün Ona suallar verməyə başladılar. İsa isə müdrikliyi sayəsində onlara elə cavab verdi ki, onlar mat qaldılar və bir söz deyə bilmədilər.
Birinci sualı baş kahinlər, ilahiyyatçılar və ağsaqqallar verdilər. Baş kahinlər dedikdə, keçmiş baş kahinlər və onların ailə üzvlərindən ibarət bir qrup insan başa düşülməlidir. Onlar Məbədin dini aristokratiyasını təmsil edirdilər. Baş kahinlər, ilahiyyatçılar və ağsaqqallar yəhudilərin idarəedici orqanı olan Ali Şuranı təşkil edirdilər. Buna görə də, demək olar ki, suallar İsaya qarşı ittiham irəli sürmək üçün Ali Şuranın özü tərəfindən verilmişdi.
Onların İsadan bütün bunları hansı səlahiyyətlə etdiyini soruşması təəccüblü deyil! Yerusəlimə təntənəli şəkildə daxil olmaq, ondan sonra hər şeyi öz qaydasında qurub Məbədi təmizləmək — İsa bunun izahını verməli idi. Axı kiminsə bunu etməsi üçün Ona səlahiyyət verməli idi! O dövrün dindar yəhudiləri üçün İsanın Məbəddə belə rahat davranması fövqəladə və heyrətamiz davranış idi. Heç bir ravvin heç vaxt kiminsə səlahiyyətinə istinad etmədən heç bir qərar qəbul etməyib, hətta rəsmi açıqlama da verməyib. O, arqumentini belə əsaslandırardı: «Çünki deyilib ki...» Yaxud belə deyərdi: «Filan rabbi təsdiqləyir ki...» Amma heç kim İsanın Məbəddə etdiyi kimi müstəqil hakimiyyətə iddia etməmişdi. Buna görə də onlar istəyirdilər ki, İsa — Məsih və Allahın Oğlu olduğunu açıq-aydın desin. Onda onların əlində İsaya qarşı küfr ittihamı olacaqdı və Onu yerindəcə həbs edə biləcəkdilər. Lakin İsa onların istədiyi cavabı vermədi, çünki Onun vaxtı hələ gəlməmişdi.
Bəzən İsanın cavabı yeganə məqsədi taktiki üstünlük əldə etmək olan ağıllı polemik cavab kimi xarakterizə olunur. Amma bu, heç də belə deyil. İsa onlara sual verdi: «Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan?» Məsələ burasındadır ki, Onun sualına düzgün cavab verməklə, onlar öz suallarına cavab vermiş olardılar. Hər kəs Vəftizçi Yəhyanın İsaya necə baxdığını, Onu kim hesab etdiyini və özünü yalnız ondan sonra gələn Məsihin elçisi hesab etdiyini bilirdi. Əgər baş kahinlər və onların dəstəsi Yəhyanın səlahiyyətinin göydən olduğuna razılaşsaydılar, onda İsanın Məsih olduğunu qəbul etməli idilər. Çünki Yəhya Onun Məsih olduğunu demişdi. Əgər onlar bu həqiqəti inkar etməyə cürət etsəydilər, xalq onlara qarşı qalxardı. İsa belə sual verməklə sanki soruşdu: «Sizcə, Mən bu səlahiyyəti kimdən almışam?» Əgər onlar İsanın sualına cavab versəydilər, O, artıq onlara cavab verməli olmazdı. Həqiqətlə üz-üzə qalan insan özünü çətin vəziyyətə sala bilər. Amma insan həqiqətlə üz-üzə gəlməkdən qaçırsa, o qədər çətin vəziyyətə düşər ki, heç oradan çıxa bilməz.
Fariseylərin göndərdiyi adamlar həqiqətlə üz-üzə gəlməkdən imtina etdilər və onlar əliboş qayıtmalı oldular, beləcə camaatın onlara olan inamını itirdilər.
9-18
Məsəlin mənası olduqca aydındır. İsa üzüm bağı dedikdə İsraili, bağbanlar dedikdə isə İsrail hökmdarlarını nəzərdə tuturdu (Yeşaya 5:1-7). Göndərilən qullar — hökmdarlar tərəfindən xor baxılan, təqib olunan və öldürülən peyğəmbərlərin təsvirini verir. Ağanın oğlu isə İsadır. Mühakimə isə ondan ibarətdir ki, İsrailin mirası başqalarına veriləcək.
Məsəldə haqqında danışılan mühakimə sonradan gerçəkləşdi. İsanın dövründə Yəhudeya iqtisadi çətinliklər və xalq üsyanları içində yaşayırdı. Bir çox torpaq sahibləri Yəhudeyadan kənarda yaşamağa və torpaqlarını icarəyə verməyə üstünlük verirdilər. İcarə haqqı nadir hallarda nağd şəkildə ödənilirdi: çox vaxt bu, yaxşı və ya pis olmasından asılı olmayaraq, sabit miqdarda məhsul, ya da məhsulun müəyyən bir hissəsi şəkildə ödənilirdi.
Bu, mənalı və ibrətamiz məsəllərdən biridir. Biz bu məsəldən insan haqqında bəzi şeyləri öyrənirik.
1. Məsəldə insanlara verilən imtiyazlardan bəhs edilir. Bağbanlar üzüm bağı salmamışdılar. Onlar bağın idarə edilməsi hüququnu almışdılar, üzüm bağının sahibi isə dəyənəklə onların başında durmamışdı. O, bağı təhvil verib getdi və bağbanların istədikləri kimi işləməsi üçün şərait yaratdı.
2. Məsəldə insanların günahkar təbiətindən bəhs edilir. Bağbanların günahı onda idi ki, onlar üzüm bağının sahibinə məhsul verməkdən imtina etdilər və onun mülkünü ələ keçirmək istədilər. Onların günahı həm də onda idi ki, Allahı Allah yerinə qoymadılar və Ona itaət göstərmək istəmədilər.
3. Məsəldə insanın məsuliyyətindən bəhs edilir. İcarəçi bağbanlar uzun müddət özbaşınalıq etdilər; lakin haqq-hesab günü gəldi. İnsan gec-tez ixtiyarına verilənlərə görə haqq-hesab verməli olacaq.
Bu məsəldən biz Allah haqqında da öyrənirik.
1. Məsəldə Allahın səbrindən bəhs edilir. Üzüm bağının sahibi bağban-icarəçilərin ilk etirazından sonra onlara qarşı güc tətbiq etmədi. O onların yola gəlməsi üçün dəfələrlə onlara vaxt verdi. Allahın səbrindən heyrətamiz heç nə yoxdur. Əgər dünyanı yaradıcısı insan olsaydı, ümidsizlik içində onu məhv edərdi.
2. Məsəldə Allahın hökmündən bəhs edilir. Bağban-icarəçilər düşündülər ki, onlar sahibinin səbrindən sui-istifadə edib, ondan qurtula bilərlər. Lakin Allah Öz haqqını əldən vermədi. İnsan ona istədiyini etməyə icazə verilib deyə nə qədər özünə təsəlli versə də, qiyamət günü gələcək. Romalıların dediyi kimi, «ədalət qərəzsizdir və sonda qalib gələcək».
Məsəl bizə İsa haqqında bəzi şeylər deyir.
1. Biz görürük ki, İsa yəhudiləri gələcəkdə nə gözlədiyini bilirdi. Axı O, Yerusəlimə Çarmıxdan qaça biləcəyi ümidi ilə gəlməmişdi. O, ölümün gözünə dik baxaraq qorxmadan irəli getdi. Peyğəmbər qadın Kassandra böyük yunan qəhrəmanı Axillesə deyəndə ki, döyüşə getsə, mütləq öləcək, Axilles ona belə cavab vermişdi: «Buna baxmayaraq, yenə də döyüşə getmək niyyətindəyəm». İsanın başqa yolu yox idi.
2. Məsəldə deyilir ki, İsa heç vaxt Allahın son qələbəsinə şübhə etmirdi. Allahın sarsılmaz əzəmətinə günahkar insanların gücü çatmaz. Bəzən adama elə gəlir ki, şər sanki qələbə çalır, amma sonda o, cəzadan qaça bilməyəcək.
Ədalətli Olan səbirlə zindanlarda, hər yerdə
Qanuniləşdirilmiş vəhşiliklərin özbaşınalığı ilə
Törədilmiş saysız-hesabsız qətllərin icrasını seyr edir.
Haqq həmişəki kimi edam edilir,
Şər nəsildən-nəslə taxtı miras alır.
Amma qəm və əzab zülmətinin arxasında
Allahın cəzası ilə hökmü gəlir.
3. Bu məsəldə İsa birmənalı şəkildə Allahın Oğlu olduğunu bəyan edir. O, qəsdən Özünü peyğəmbərlərin sırasından kənarlaşdırır. Onlar Allahın qulları idilər. O isə Allahın Oğlu, Allah tərəfindən məsh edilmiş Padşahdır. «Bənnaların rədd etdiyi daş guşədaşı olub» ifadəsi Zəbur 118:22-dən götürülmüşdür. Erkən İmanlı Cəmiyyətində bu, İsa Məsihin ölümünü və dirilməsini təsvir etmək üçün sevimli sitat idi (Həvarilərin İşləri 4:11:1 Peter 2:7).
19-26
Budur, Ali Şuranın elçiləri yenidən hücuma keçdilər. Onlar insanları guya onları, həqiqətən, narahat edən suallarla İsaya müraciət etməyə təhrik etdilər. Qeysərə ödənilən vergi — hər bir adamdan ildə bir dinar məbləğində tutulan vergi idi. 14-65 yaş arası hər kişi və 12-65 yaş arası hər bir qadın onu ödəməli idi. Həmin vergi İsraildə qızğın mübahisələrə və dəfələrlə üsyana səbəb olmuşdur. Düzünü desək, mübahisə yaradan onun pul tərəfi deyildi. Çünki heç kim onu yüksək məbləğ hesab etmirdi və o, ağır yük deyildi. Əslində, mübahisə yaradan başqa tərəf idi: yəhudi fanatikləri inanırdılar ki, yalnız bir padşah var, o da Tanrıdır. Buna görə də Allahdan başqa birinə vergi ödəməyin qanuna zidd olduğunu düşünürdülər. Məsələ dini xarakter daşıyırdı və çoxları bu prinsip uğrunda ölməyə hazır idi. Belə olan halda, Ali Şuranın elçiləri İsanı iki şər arasında seçim etməyə məcbur qoydular. Əgər İsa qeysərə vergi ödəməyin lazımsız olduğunu desəydi, baş kahinlər bu barədə dərhal Ponti Pilata məlumat verəcəkdilər və şübhəsiz, Onun həbs edəcəkdilər. Əgər O, qeysərə vergi ödənməsinin lazım olduğunu söyləsəydi, bu Onun ardıcıllarını dərhal Ondan uzaqlaşdırardı, xüsusilə Qalileyadan olan ardıcıllarını, çünki onlar orada daha çox idi.
İsanın cavabı Ona verilən sual qədər mübahisəli idi. İsa onlardan bir dinar göstərmələrini istədi. Qədim dövrdə padşah hakimiyyətinin əlamətlərindən biri — özünə sikkə zərb etmək hüququ idi. Məsələn, Makkabilər Yerusəlimi suriyalılardan azad edən kimi, öz sikkələrini çıxarmağa başladılar. Bundan əlavə, öz sikkəsini zərb edənlərin vergi qoymaq və onları toplamaq hüququ vardı. Öz təsviri və öz yazısı olan sikkə zərb etmək hüququ olan şəxs, bununla da vergi toplamaq hüququ əldə edirdi.
Beləliklə, İsa soruşanlara belə cavab verdi: «Əgər siz qeysərin sikkələrini qəbul edirsinizsə, onun vergi toplamaq hüququnu tanımağa borclusunuz; lakin elə bir sahə var ki, orada qeysərin qanunları və göstərişləri keçmir, o sahə yalnız Allaha məxsusdur».
1. İnsan yaşadığı və imtiyazlarından istifadə etdiyi dövlətdən özünü təcrid edə bilməz. Vicdanlı insan həmişə ləyaqətli vətəndaş olaraq qalacaq. İstənilən dövlətdə məsihçilər ən etibarlı və vicdanlı vətəndaşlar olmalıdırlar. Lakin təəssüf ki, məsihçilər öz ölkələrinin idarəçiliyində çox da iştirak etmirlər. Əgər onlar məsuliyyətdən boyun qaçırıb ölkənin idarə olunmasını siyasətçilərin öhdəsinə buraxırlarsa, onda ətrafında baş verənlərdən şikayət etmək hüquqlarını itirirlər.
2. Amma yenə də məsihçilərin həyatında son söz dövlətə deyil, Allaha məxsusdur. Vicdanın səsi insanların çıxardığı hər hansı qanunun səsindən daha yüksəkdir. Məsihçi eyni zamanda həm dövlətin xidmətçisi, həm də vicdanıdır. Məsihçi yaxşı vətəndaş olduğuna görə etməməli olduğu şeyi etməkdən imtina edəcək. Məsihçi Allah qorxusunda yaşayır və padşaha hörmət edir.
27-40
İsa Ali Şuranın elçilərini susduranda, sadukeylər peyda oldular. Onların sualı, əslində, iki məqama köklənmişdi.
1. Birincisi, o, nikah qanununa aid idi (Qanunun Təkrarı 25:5). Bu qanuna əsasən, əgər kişi uşağı olmadan ölürdüsə, qardaşı onun nəslini davam etdirmək üçün arvadı ilə evlənməli idi. İsanın dövründə bu qanuna əməl edilməsi inanılmaz görünürdü. Lakin bu tələb Musanın qanununda yazıldığı üçün sadukeylər onun əməl olunmasını labüd hesab edirdilər.
2. İkincisi, o, sadukeylərin təliminə aid idi. Sadukeylər və fariseylərin adları tez-tez birlikdə çəkilir, lakin onların inancları bir çox cəhətdən bir-birinə zidd idi.
a) Fariseylər dini məqsədlər güdürdülər. Onlar siyasi məsələlərə az əhəmiyyət verirdilər və qanunla nəzərdə tutulmuş bütün ayinləri yerinə yetirməyə icazə verən istənilən hökumətdən razı idilər. Sadukeylər sayca az olsa da, israillilərin ən varlı təbəqəsini təmsil edirdilər. Demək olar ki, bütün kahinlər və aristokratlar sadukeylər idi. Onlar hakim elitanı təşkil edirdilər. Sərvətlərini, rahatlıqlarını və mövqelərini itirmək qorxusundan, demək olar ki, hamısı Roma hökuməti ilə əməkdaşlıq edirdilər.
b) Fariseylər Müqəddəs Yazıları, Şənbə günü qanununu, əllərin yuyulması ilə bağlı müddəalar kimi mərasimlərin bütün saysız-hesabsız işlənmiş norma və qaydalarını qəbul edirdilər. Sadukeylər yalnız Əhdi-Ətiqin yazılı qanununu tanıyırdılar. Əhdi-Ətiqdə onlar yalnız Musanın qanununa istinad edir, peyğəmbərlərin kitablarına isə əhəmiyyət vermirdilər.
c) Fariseylər ölülərin dirilməsinə, mələklərin və ruhların mövcud olmasına inanırdılar. Sadukeylər isə ölülərdən dirilmənin mümkün olmadığına, mələklərin və ruhların yoxluğuna inanırdılar.
d) Fariseylər taleyə, insanın həyatının Allah tərəfindən tənzimləndiyinə və əvvəlcədən təyin olunduğuna inanırdılar. Sadukeylər insanın qeyri-məhdud iradə azadlığının olmasına inanırdılar.
k) Fariseylər Məsihə inanır və Onun gəlişini gözləyirdilər. Sadukeylər isə Ona inanmırdılar. Onlar üçün Məsihin gəlişi onların diqqətlə nizamlanmış həyat tərzinin pozulması demək idi.
Beləliklə, sadukeylər İsaya sualla müraciət etdilər. Yeddi kişi ilə evlənmiş qadının əri göylərdə kim olacaq? Onlar hesab edirdilər ki, belə bir sual ölülərin dirilməsinin mənasızlığını sübut edir. İsanın verdiyi cavab əbədi həqiqəti ehtiva edir. O qeyd etdi ki, insan göylərə bizim dünyamız kimi yanaşmamalıdır. Göylərdəki həyat tamamilə fərqli olacaq, çünki biz də tamamilə fərqli olacağıq. Əgər cənnətin necə olduğu barədə özümüzü ağıllı göstərməyi dayandırsaq və hər şeyi Allah sevgisinə buraxsaq, köhnə təfəkkürdən və bir çox ağrılı suallardan qurtularıq.
Lakin İsa daha da irəli getdi. Dediyimiz kimi, sadukeylər ölülərin dirilməsinə inanmırdılar. Onlar ölülərdən dirilmənin olmadığının onunla əsaslandırırdılar ki, Musa peyğəmbərin qanun kitablarında bu barədə nəinki bir dəlil, hətta bir qeyd də yoxdur. Bu vaxta qədər heç bir ravvin sadukeylərin suallarına cavab verə bilmirdi, amma İsa cavab verdi. İsa sadukeylərə xatırlatdı ki, Musa şəxsən Allahın belə dediyini eşitmişdi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam» (Çıxış 3:6). Amma Allahın ölülərin Allahı olduğunu təsəvvür etmək mümkün deyil. Ona görə də İbrahim, İshaq və Yaqub sağ olmalıdır, onların bədəndə dirilməsi də mümkündür. İlahiyyatçıların İsanın cavabını yüksək qiymətləndirməsi təəccüblü deyil, çünki O, sadukeyləri öz silahları ilə vurdu.
Ancaq çoxlarına bu hissə inandırıcı görünməyə bilər. O, bu gün də maraq doğuran suallardan bəhs edir. İsanın ravvin üçün tamamilə inandırıcı olan arqumentləri bizim üçün inandırıcı olmaya bilər. Amma bu, az inandırıcı görünsə belə, Məsihin yolunu öz həmkarlarına təbliğ edən və ya təbliğ etməyə hazırlaşanların hər biri üçün onda böyük həqiqət var. İsa insanları başa düşə biləcəkləri dəlillərlə inandırır. İsa onlarla onların dilində danışır, onların arqumentlərindən istifadə edirdi. Bu da sadə insanların xoşuna gəlirdi.
Dini və ilahiyyat kitabları oxuyanda insan bəzən bütün bunların doğru olduğunu hiss etməyə başlayır. Amma bunların çoxu teoloji təhsili olmayan əksər insanlar üçün anlaşılmazdır. İsa insanlarla onların başa düşdüyü dildə danışır və onların anlayacağı arqumentlər gətirirdi. Onun nitqi hamı üçün əlçatan idi. İsa onların suallarını və fikirlərini onların qanunları ilə izah edirdi. Biz Ondan öyrənsək, Məsihin yolunu təbliğ etməkdə daha effektiv və Məsih haqqında daha yaxşı şəhadət edəcəyik.
41-44
Bu hissə çətin olduğu üçün ona ayrı nəzər salmaq lazımdır. Məsih yəhudilər arasında Davudun Oğlu kimi tanınırdı. Yerixodakı dağın ətəyində kor adam İsaya məhz belə müraciət etmişdi (Luka 18:38-39). İsa Yerusəlimə girəndə də xalq Onu belə çağırmışdı (Matta 21:9). Lakin burada İsa Öz titulunu sanki şübhə altına alır. İsa Zəbur 110:1-dən sitat gətirdi. İsa Məsihin dövründə inanırdılar ki, bütün məzmurlar Davuda, bu məzmur isə Məsihə aiddir. Həmin məzmurda Davud Allahın Öz Məsh etdiyinə necə müraciət etdiyindən və Ona düşmənlərini ayaqlarının altına kətil kimi salanadək sağında oturmağı əmr etdiyindən danışır. Eyni məzmurda Davud Məsihi «Rəbbim» adlandırır. Məsih eyni zamanda həm Davudun oğlu, həm də onun Rəbbi necə ola bilərdi? Məsələ burasındadır ki, İsa burada həmişəki kimi Məsih haqqında insanlarda dərin kök salmış, Onun gəlişi ilə qızıl əsrin gələcəyi və İsrailin dünyanın ən güclü xalqına çevriləcəyi barədə yanlış fikrə düzəliş verir. Yəhudilər siyasi hakimiyyət arzusunda idilər. Bəs bu arzunu necə gerçəkləşdirmək olardı? Yəhudilərin bu barədə çoxlu ideyaları var idi. Lakin ən məşhur fikir Davudun nəslindən böyük birinin gəlib yenilməz sükançı və padşah olacağı idi. Buna görə «Davud Oğlu» adı dünya hökmranlığı, hərbi güc və ərazi fəthi ideyası ilə ayrılmaz şəkildə əlaqədar idi. Əslində, İsa belə söylədi: «Gələcək Məsihin Davudun Oğlu olduğunu düşünürsünüz. Elədir ki, var. Amma O, təkcə Davudun Oğlu deyil, həm də Rəbdir». O, insanlara deyirdi ki, «Davud Oğlu» adının mənası ilə bağlı təsəvvürlərini dəyişməlidirlər. İnsanlar dünyəvi hakimiyyətlə bağlı səhv fikirlərini bir kənara qoyub, Məsihdə insanların qəlblərinin və həyatlarının Rəbbini görməlidirlər. Amma bunu açıq demədən onları Allah haqqında təsəvvürlərinin məhdud olduğuna görə qınadı. İnsan həmişə Allahı özü kimi təsəvvür edir və Onun böyüklüyünü görmür.
45-47
İlahiyyatçılar və ravvinlər xüsusi şöhrətə can atırdılar. Onların diqqətlə işlənmiş sistemi bir növ «Rütbələr cədvəli» var idi. Məktəbdə elmli ravvinə, şam yeməyində isə böyük ravvinə xüsusi hörmət edilirdi. Belə bir rəvayət var ki, iki ravvin gəzintidən qayıdanda, bir neçə nəfərin onlara «Salam olsun» deyib, «Rəbb sizinlə olsun!» deməməsindən hiddətlənib. Ravvinlər hətta iddia edirdilər ki, onlar valideynlərdən daha çox hörmətə layiqdirlər.
«Qoy dostunuza olan hörmətiniz müəlliminizə olan hörmətinizlə, müəlliminizə olan hörmətiniz isə Allaha olan hörmətinizlə kifayətlənsin».
«Müəllimə hörmət ataya olan hörmətdən üstündür, çünki ata da, oğul da müəllimə hörmət etməlidir».
«Əgər ata və müəllim nəyisə itiribsə, onda itkinin əvəzi əvvəlcə müəllimə, sonra isə ataya ödənməlidir. Çünki ata yalnız övlad dünyaya gətirir, övlada hikmət öyrədən, onu axirət dünyasına aparan isə müəllimdir... Əgər ata və müəllim hansısa yükü daşıyırsa, şagird əvvəlcə müəllimə, sonra isə atasına kömək etməlidir. Ata və müəllim həbsdədirsə, o zaman oğul əvvəlcə müəllimi, sonra isə atanı xilas etməlidir».
Belə iddialar, demək olar ki, ağlasığmaz görünür. Normal adamın belə şeylərə iddia etməsi yaxşı deyil. Bundan daha pisi bu iddiaların doğru olduğuna bəraət qazandırmaqdır. Amma ilahiyyatçılar və fariseylər məhz belə iddialar irəli sürürdülər.
İsa ilahiyyatçıları həm də dul qadınların evlərini talan etməkdə günahlandırdı. Qanuna əsasən, ravvin pulsuz öyrətməli idi. Hər bir ravvin özünü dolandırmaq üçün hansısa peşə ilə məşğul olmalı, öz əlinin zəhməti ilə dolanmalı idi və pulsuz öyrətməli idi. Bütün bunlar qulağa xoş səslənir, lakin ravvinlər eyni zamanda öyrədirdilər ki, hansısa ravvini maddi cəhətdən dəstəkləmək ən yüksək dindarlıqdır.
Onlar deyirdilər ki, gəlirinin bir hissəsini müdrik adamın pul kisəsinə qoyan hər kəs səmavi akademiyada yer tutmağa layiqdir. «Hikmət adamına sığınacaq verən şəxs hər gün qurban kəsən adam kimidir». «Qoy sizin eviniz müdriklərin sığınacağı olsun».
Təsir altına düşən qadınların yaxşı yaşamağa adət etmiş ravvinlərin qanuni ovuna çevrilməsində qeyri-adi heç nə yoxdur. Ən pisi də o idi ki, onlar dul qadınların evlərini talan edirdilər. Ravvinlərin bütün bu dəhşətli əməlləri İsanı şoka salır və qəzəbləndirirdi. Onlar öz aqibətlərini savadlı olmaları və cəmiyyətdə məsul vəzifə tutmaları ilə daha da ağırlaşdırırdılar. Maddi vəziyyətini yaxşılaşdırmaq, dəbdəbə və rahatlıq eşqini yaşatmaq üçün öz mövqeyindən istifadə edən insanı Allah həmişə cəzalandırar.