1-10
Yerixo zəngin şəhər idi və vacib mərkəz sayılırdı. Şəhər İordan vadisi boyunca uzanır, Yerusəlimə aparan yollara və çayın şərq sahilindəki torpaqlara doğru gedən İordan çayının üzərindəki keçidə nəzarət edirdi. Şəhərin yaxınlığında böyük palma meşəsi və qoxusu bir neçə kilometrlərlə ətrafı bürüyən dünyaca məşhur balzam ağaclarından ibarət bağ var idi. Yerixo qızılgül bağları ilə məşhur idi. Yerixonu «xurma ağacları şəhəri» də adlandırırdılar. İosif Flavi Yerixonu «ilahi torpaq», «İsrailin ən məhsuldar torpağı» adlandırırdı. Romalılar Yerixodan dünyaca məşhur olan xurma və balzamı ixrac edirdilər.
Bu, Yerixonun daha da zənginləşməsinə, vergi və rüsumlardan xəzinəyə böyük gəlirlər gətirməsinə səbəb olmuşdu. Biz artıq vergiyığanların hansı vergiləri necə topladığını və bu prosesdə yırtıcı kimi necə varlandıqlarını gördük (Luka 5:27-32). Zakkay karyerasının zirvəsində idi və bölgənin ən nifrət edilən adamı idi. Onun haqqında üç əsas fikir mövcud idi.
1. Zakkay zəngin olsa da, bədbəxt idi. O, tənha idi, çünki onu aşağılayan bir peşə seçmişdi. O, İsa haqqında, Onun günahkar vergiyığanlara qarşı mehriban münasibəti haqqında eşitmişdi. Zakkay elə fikirləşirdi ki, bəlkə, İsanın onun üçün də yaxşı sözü olar. İnsanlar tərəfindən nifrət edilən Zakkay Allahın sevgisi üçün susamışdı.
2. Zakkay nə olursa-olsun, İsanı görməyə qərarlı idi və heç nə ona mane ola bilməzdi. Onun camaat içinə çıxması cəsarət tələb edirdi: axı hər kəs nifrət etdiyi vergiyığanı itələmək, vurmaq və ya təpikləmək fürsətindən istifadə edə bilərdi! Lakin Zakkay bu barədə düşünmürdü, baxmayaraq ki, onun qançırlardan, əzilmələrdən və göyərmələrdən salamat yeri yox idi. Camaat onun İsanı görməsinə imkan vermədi — onun belə sıxışdırılmasından adamlar zövq alırdı. Buna görə Zakkay irəliyə qaçıb, gövdəsi alçaq, budaqları ətrafa yayılmış bir firon ənciri ağacına dırmaşdı. Bir səyyah yazır ki, «bu ağacın yaxşı kölgəsi olur... ona görə də həmin ağac yol boyunca əkilir». Təbii ki, bəstəboy Zakkaya ağaca dırmaşmaq asan başa gəlmədi, lakin güclü istək ona cəsarət verdi.
3. Zakkay hər kəsə göstərdi ki, indi o, başqa bir insandır. İsa həmin günü Zakkayın evində olacağını bildirəndə, Zakkay isə özünə həqiqi dost tapdığını düşünəndə, var-dövlətinin yarısını yoxsullara vermək qərarına gəldi. O, var-dövlətinin digər yarısını da özünə saxlamaq fikrində deyildi. Onu zərər vurduğu insanlara əvəzini ödəmək qərarına gəlmişdi.
Zakkay xalqa məxsus olanı geri qaytarmaq qərarında qanunun ondan tələb etdiyindən daha irəli getdi. Dördqat əvəzini ödəmək qanunla yalnız qəsdən və zorakılıqla vurulan zərərə görə nəzərdə tutulmuşdu (Çıxış 22:1). Adi oğurluq halında, oğurlanmış əşyanın qaytarılması mümkün olmadıqda, mülkiyyətçi oğurlanmış əşyanın dəyərinin iki qatı məbləğində kompensasiya ödəməli idi (Çıxış 22:4-7). Əgər kimsə könüllü olaraq əməlini etiraf edirdisə, oğurlanmış əşyanın dəyərindən əlavə olaraq bu dəyərin beşdə birini ödəməli idi (Levililər 6:5; Saylar 5:7). Zakkay isə vurduğu zərəri qanunun ondan tələb etdiyindən qat-qat artıq ödəməyə hazır idi. Bununla da o, tamamilə başqa bir insana çevrildiyini əməldə sübut etdi.
Bir hakim məhkəmə iclası zamanı bir neçə qadının məhkəmə qarşısında necə ifadə verməsi ilə bağlı çox acınacaqlı hadisə danışdı. Qadınlardan biri israrla susur və ifadə verməkdən imtina edirdi. Ondan bu davranışının səbəbini soruşduqda qadın dedi: «Bu şahidlərdən dördünün mənə borcu var, amma onlar borclarını qaytarmırlar. Mənimsə ailəmi dolandırmağa pulum yoxdur».
Səmimiyyəti əməllərlə təsdiqlənməyən ifadə yalandır. Məsih insanlardan yalnız xoş sözlər deyil, həyatda əsaslı dəyişiklik tələb edir.
4. Vergiyığan Zakkayın iman gətirməsinin bütün hekayəsi Bəşər Oğlunun itmişləri axtarıb xilas etmək üçün gəldiyi fikri ilə bitir. İtmiş sözünü həmişə ehtiyatla şərh etmək lazımdır. Unutmayaq ki, Əhdi-Cədiddə bu söz lənətlənmiş və ya məhkum edilmiş demək deyil. Bu söz, sadəcə olaraq, nəyinsə öz yerində olmadığını bildirir. Məsələn, hansısa əşya öz yerindən yoxa çıxıbsa və başqa yerdədirsə, itmiş sayılır. Biz həmin əşyanı tapanda, onu olduğu yerə qaytarırıq. İtmiş insan haqq yolundan üz döndərib, Allahdan uzaqlaşan insandır; o, itaətkar uşaq kimi Atasının ailəsində yenidən öz layiqli yerini tutanda, tapılmış və xilas olmuş sayılır.
11-27
Bu məsəl İsanın danışdığı məsəllər arasında müstəsna yer tutur, çünki yalnız bu məsəl qismən reallığa əsaslanır. Bu məsəl əsilzadənin padşah təyin olunması üçün getməsindən, təbəələrinin isə ona mane olmaqdan ötrü hər şeyi etməsindən bəhs edir. Eramızdan əvvəl 4-cü ildə Böyük Hirod öləndə, onun padşahlığı Hirod Antipa, Hirod Filip və Arxela arasında bölündü. Bu bölgü Romanın razılığı əsasında baş tutdu, çünki həmin dövrdə Roma İsrailin ali hökmdarı idi. Yəhudeyanı miras alan Arxela imperator Avqustdan miras haqqını təsdiqləmək üçün Romaya getdi; eyni zamanda yəhudilər Arxelanı taxtda görmək istəmədiklərini imperator Avqusta bildirmək üçün Romaya əlli nəfərdən ibarət nümayəndə heyəti göndərdilər. Lakin imperator Arxelanın miras hüququnu təsdiqləsə də, ona padşah titulu vermədi. Bu məsəli eşidən hər bir yəhudi, şübhəsiz ki, dərhal onun mahiyyətini açıqlayan tarixi şəraiti xatırlayırdı.
Padşah və onun xidmətçiləri haqqında məsəl məsihçi həyatının bəzi mühüm xüsusiyyətlərini əks etdirir.
1. Bu məsəldə padşahın etibarından bəhs edilir. O, qullarına pul verib getdi. Qullar da pulları istədikləri kimi istifadə edə bilərdilər. Padşah qullarının işlərinə və hərəkətlərinə qarışmırdı. Allah da bizə belə etibar edir. Bir nəfər belə demişdi: «Allahda heyranedici xüsusiyyət odur ki, O, hər bir insana istədiyi kimi hərəkət etmək haqqı verir».
2. Bu məsəldə sınaq haqqında bəhs edilir. Həmişə olduğu kimi, bu, həm də hər bir insanın xırda işlərdə nə qədər sadiq və etibarlı olmasının sınağı idi. Bəzən insanlar adi problemləri ona görə həll etmirlər ki, guya «bu problemlər onlar üçün çox əhəmiyyətsizdir». Lakin Allah belə düşünmür: Allah insanı məhz gündəlik işlərində sınayır. Buna İsadan yaxşı nümunə yoxdur. İsa otuz üç ilinin otuzunu Nazaretdə keçirdi. Əgər O, bir dülgər və ailəni təmin etmək vəzifəsini sədaqətlə yerinə yetirməsəydi, Allah dünyanın Xilaskarı olmaq kimi yüksək vəzifəni Ona həvalə etməzdi.
3. Məsəl həm də padşah mükafatından bəhs edir. Ağasına sadiq olan qulların aldıqları mükafat, heç bir şey etmədən boş oturaraq alacaqları mükafatdan kəskin şəkildə fərqlənir. Sadiq qullardan biri on şəhəri, digəri isə beş şəhəri idarə etmək üçün təyin olundu. Çalışqanlıqla görülən işin mükafatı daha çətin bir vəzifə ilə əvəz edildi. İnsan üçün ən yaxşı tərif, daha böyük və daha çətin işlərin ona həvalə edilməsidir. Allah da sınaqdan keçmiş insana daha böyük işlərdə etibar etməklə onu mükafatlandırır.
4. Məsəl həyatın amansız qanunlarından biri ilə bitir: «...kimin varıdırsa, daha çox veriləcək, kimin yoxudursa, əlində olan da alınacaq». Əgər insan hər hansı idman növü ilə məşğul olur və məşq etməyə davam edirsə, zaman keçdikcə daha yaxşı oynayacaq; əgər o, məşqi atarsa, onda malik olduğu çeviklik və bacarığını itirəcək. Bədəni daim məşq etdirməklə, onu daha güclü və sağlam etmək olar: məşq olmadan o zəifləyəcək və malik olduğu gücü itirəcək. Latın dilini öyrənən və biliyini təkmilləşdirməkdə davam edən tələbə üçün latın ədəbiyyatının xəzinələri getdikcə daha əlçatan olacaq. Lakin təhsilini yarımçıq qoysa, bildiklərinin çoxunu unudacaq. Əgər biz, həqiqətən, xeyirxahlığa can atırıqsa, bu və ya digər sınaqlara qalib gəliriksə, qarşımızda yeni mənzərələr və yeni xeyirxahlıq zirvələri açılacaq. Yox, mübarizədən əl çəkib asan yolu seçsək, qazandığımız qabiliyyətin böyük bir hissəsini itirib, çatdığımız zirvələrdən aşağı yuvarlanacağıq. Məsihçi həyatında rahatlıq və əldə edilənlərdən məmnun olmağa yer yoxdur. Biz ya yeni zirvələrə qalxırıq, ya da çatdığımız zirvədən aşağı yuvarlanırıq.
28-40
Yerixodan Yerusəlimə qədər olan məsafə cəmi iyirmi yeddi kilometr idi. İsa, demək olar ki, Öz məqsədinə çatmışdı. Səyahətinin son mənzili olan Yerusəlim Onun qarşısında idi.
Əhdi-Ətiqdə tez-tez rast gəldiyimiz peyğəmbərlərin bir vərdişi var idi. Artıq sözlər təsirsiz olanda, insanlar Allahdan gələn şifahi xəbəri qəbul etməkdən və anlamaqdan imtina edəndə, peyğəmbərlər əlamətlər göstərirdilər ki, hər kəsdə silinməz təəssürat yaratsın. Belə əlamətlərin nümunələrinə biz 1Padşahlar 11:29-31; Yeremya 13:1-11; 27:1-11 Yezekel 4:1-3; 5:1-4-də rast gəlirik. İsa da eyni əlamətə üstünlük verdi. O, hamının Onun Məsih, Allahın məsh olunmuş Padşahı olduğunu görsün deyə, Yerusəlimə xüsusi şəkildə girməyə qərar verdi.
İsanın Yerusəlimə daxil olması ilə bağlı bir neçə məqamı qeyd edək.
1. Bu giriş dəqiqliklə planlaşdırılmışdı: bu, qəfil atılan addım deyildi. İsa hər şeyi xırdalığına qədər düşünmüşdü. Allah sıpanın sahibini hazırlamışdı, onun üçün «bu sıpa Rəbbə lazımdır» sözləri kifayət idi.
2. Həmin təntənəli giriş həm də güclü çağırış və misilsiz cəsarətin sübutu idi. Çünki bu vaxta qədər İsanın başı üçün mükafat artıq müəyyən edilmişdi (Yəhya 11:57). Əgər İsa belə bir şəraitdə Yerusəlimə getməyə qərar vermişdisə, Onun gözə dəymədən gizlicə girişi və arxa küçələrdə gizlənməsi təbii olardı. Lakin O, sanki diqqət mərkəzində olmaq istəyirmiş kimi Yerusəlimə girdi. Qanundan uzaqlaşdırılmış və başı üçün mükafat təyin olunmuş bir adamın hamı ona diqqət yetirsin deyə şəhərə bu cür daxil olmasını düşünmək insanı valeh edir. İsanın cəsarəti və qorxmazlığı sərhəd tanımır.
3. Sonda İsanın Yerusəlimə təntənəli girişi Onun Özünü yəhudilərin Padşahı adlandırmaq hüququna açıq şəkildə iddia etməsi, həmçinin Zəkəriyyə peyğəmbərin kitabı 9:9-dakı peyğəmbərliyin sonu kimi qəbul edilməlidir. Bununla belə, İsa Özünün hansı padşahlığın Padşahı olduğunu iddia etdiyini vurğulamış oldu. İsraildə eşşəyə bizdəki kimi xor baxılmırdı. Əksinə, o, nəcib heyvan sayılırdı. Yalnız müharibə zamanı padşahlar atın belində gedirdilər; padşahlar sülhlə gələndə eşşəyə minirdilər. İsa Yerusəlimə, əslində, izdihamın gözlədiyi qalib qəhrəman kimi deyil, məhəbbət və sülh padşahı kimi daxil oldu.
4. İsanın Yerusəlimə girişi həm də xalqa son müraciəti oldu. İsa sanki yalvarırmış kimi əllərini uzadaraq dedi: «Hələ də Məni padşahınız kimi qəbul etmirsiniz?» Nə qədər ki, insan nifrəti Onu Çarmıxa çəkməmişdi, O, bir daha sevgi çağırışı ilə insanlara müraciət etdi.
41-48
Bu hissədə üç fərqli hadisə təsvir olunur.
1. İsanın Yerusəlim üçün fəryadı. Zeytun dağının yamaclarından Yerusəlimə gözəl mənzərə açılırdı: bütün şəhər göz önündə canlanırdı. İsa yolayrıcında dayanıb, gələcəkdə Yerusəlimi gözləyən aqibət üçün ağladı. O, şəhəri nələrin gözlədiyini bilirdi. Yəhudilər o dövrdə siyasi intriqalara cəlb olunmuşdular, bu da eramızın 70-ci ilində Yerusəlimin dağıdılması ilə başa çatmışdır. Şəhər elə viran qalmışdı ki, onun mərkəzində şırım açılmışdı. Yəhudilərin faciəsi onda idi ki, onlar siyasi hökmranlıqla bağlı xam xəyallarından əl çəkib Məsihin yolu ilə getsəydilər, bunlar baş verməyəcəkdi.
İsanın göz yaşları — Allahın iradəsinə üsyankarlıqla qarşı çıxan insanların öz başlarına gətirdikləri mənasız əzab və ağrıları görəndə, Allahın tökdüyü göz yaşlarıdır.
2. Sonra Məbədin ikinci dəfə təmizlənməsi haqqında söhbət açılır. Luka bu hadisəni çox qısa təsvir edir; Mattanın təsviri (Matta 21:12-13) daha genişdir. Nə üçün məhəbbətin təcəssümü olan İsa Məbəddə və onun həyətlərində olan sərraflara və tacirlərə qarşı bu qədər sərt və şiddətli davrandı?
Əvvəlcə sərraflara nəzər salaq. Hər bir yəhudi yarım şekel olmaqla Məbəd vergisi ödəyirdi. O dövrdə bu məbləğ işçinin iki günlük maaşı idi. Pasxa bayramından bir ay əvvəl Məbəd vergisini ödəmək üçün bütün şəhərlərdə köşklər qurulurdu. Amma verginin çox hissəsini Yerusəlimdə Pasxa bayramına gələn yəhudi zəvvarlar ödəyirdilər. İsraildə dövriyyədə müxtəlif sikkələr — Yunan, Roma, Finikiya, Suriya, Misir sikkələri var idi. Lakin onlar Məbəd vergisini ödəməyə yaramırdı: vergi ya yarım şekellə, ya da adi Qalileya şekeli ilə ödənilməli idi.
Burada sərraflar köməyə gəlirdi. Sərraflar bərabər dəyərli sikkələri yarım şekelə dəyişdirərkən, öz xeyrinə bir kollibos — çox kiçik bir yunan sikkəsi götürürdülər. Əgər daha böyük bir sikkə yarım şekelə dəyişdirilirdisə, sərraflar öz xeyrinə hər yarım şekelə bir kollibos, dəyişmə üçün də əlavə bir kollibos alırdılar. Belə bir sərraf təxminən illik 8000-9000 funt-sterlinq ekvivalentində gəlir əldə edirdi. Əslində, bu cür pul əməliyyatları sırf soyğunçuluq və kasıb adamların aldadılması idi.
İndi isə gəlin heyvan satıcılarına nəzər salaq. Demək olar ki, Məbədə edilən hər ziyarətdə heyvan qurbanı gətirilməli idi. Onları Məbədin xaricində münasib qiymətə almaq olardı, lakin Məbədin rəhbərliyi xüsusi nəzarətçilər təyin etmişdi ki, heyvanların qüsursuz və ləkəsiz olmasına nəzarət etsin. Buna görə də, qurbanlıq heyvanları Məbəddə qurulmuş xüsusi çadırlardan almaq daha etibarlı idi. Amma Məbəddəki heyvanlar çöldəkindən qat-qat baha idi. Bu, yenə də yazıq zəvvarların aldadılması və bir növ qanuni quldurluq idi. Daha pisi o idi ki, bu çadırlar baş kahinin — Xananın adını daşıyırdı. Məhz buna görə İsa həbs olunandan dərhal sonra ilk növbədə Xananın evinə gətirildi (Yəhya 18:13). Xanan öz iyrənc monopoliyasına belə zərbə vuran bu Adamı bir qaşıq suda boğmağa hazır idi. İsanın Məbədi qəzəblə təmizləməsinin əsas səbəbi o idi ki, orada yoxsulları istismar edirdilər. Məsələ təkcə onda deyildi ki, alqı-satqı ibadətin ləyaqətini və təntənəsini pozurdu, həm də Rəbbin evindəki ibadəti Allaha ibadət edənləri istismar etmək üçün istifadə olunurdu. İsa bu addımı atmağa qərar verəndə Onun ürəyi də sosial ədalətə susayırdı.
3. Məbədin həyətində təlim verən İsanın hərəkətində böyük cəsarət görmək olar. Bu, açıq-aşkar meydan oxumaq idi. Həmin vaxt hakimiyyət Onu həbs edə bilmədi, çünki bütün xalq Onun hər sözünə qulaq asırdı. Lakin hər dəfə O, Məbəddə öyrədəndə, Öz həyatını riskə atırdı. İsa yaxşı bilirdi ki, Onunla bağlı qərar verilib. Bu, sadəcə zaman məsələsidir. Hər bir məsihçi Rəbbimiz kimi cəsarətli olmalıdır. O, nümunə göstərdi. Biz də insanlara kim olduğumuzu və Kimə xidmət etdiyimizi göstərməkdən heç vaxt utanmamalıyıq.