Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 18-ci fəsil

V. Barklinin şərhləri

18-ci fəsil

1-8

DAİM DUA ETMƏK (Luka 18:1-8)

Bu məsəl keçmişdə, hətta indi də tez-tez təkrarlanan bir hadisədən bəhs edir. Məsəldə yenə iki obraz iştirak edir.

1. Hakim. O, yəhudi deyil. Çünki yəhudilər arasında bütün dava və mübahisələrə açıq xalq məhkəməsində yox, ağsaqqallar məclisində baxılırdı. Yəhudi qanunlarına görə əgər hər hansı bir iş münsiflər məhkəməsinə gəlib çatıbsa, onda məsələ ilə bağlı bir nəfər deyil, ən azı üç nəfər qərar verirdi. Biri iddiaçı, digəri cavabdeh tərəfindən təyin olunan şəxs, üçüncüsü isə heç kəsdən asılı olmayan tam müstəqil tərəf olurdu.

Məsəldəki hakim isə dövlət işçisi idi, yəni onu Hirod və ya romalılar təyin edirdi. Belə hakimlərin nüfuzu aşağı idi. Kiminsə hakimə rüşvət vermək və ya məhkəmədə öz xeyrinə qərar çıxartmaq üçün yaxşı əlaqələri və pulu yox idisə, onun işi udmaq ehtimalı az idi. Deyilənə görə, hakimlər bir qonaqlıq qarşılığında bu və ya digər şəkildə vəziyyəti manipulyasiya edə bilərdilər. Həmin hakimlərin vəzifəsinin rəsmi adı Dayyneh Qazerot idi, bu da hakimi qadağan edən və ya cəzalandıran şəxs kimi səciyyələndirirdi. Xalq arasında onlara Dayyneh Qazerot, yəni quldur-hakimlər deyirdilər.

2. Dul qadın. O, bütün kasıbların və müdafiəsizlərin simvoludur. Aydındır ki, pul və ya yaxşı əlaqələr olmadan o, ədalətli qərarı təmin edə bilməzdi.

Ancaq onun bir özəlliyi var idi — əzmkarlıq. Ola bilsin ki, hakim sonda döyüləcəyindən qorxurdu. «Bir də gəlib baş-qulağımı aparmasın» ifadəsini «gözümü vurub göyərtməsin» kimi şərh etmək olar. İnsanın gözləri ya yuxudan, ya da fiziki zorakılıqdan bağlana bilər. Hər iki halda əzmkarlıq üstün gəlir.

Bu məsəldə gecəyarı dostunun evinə gələn məsəlindəki kimi eyni prinsip istifadə olunur. Həm o, həm də bu məsəldə İsa Allahla ədalətsiz hakim arasında paralellik aparmır, əksinə, onları qarşılaşdırır. İsa sanki deyir: «Əgər ədalətsiz hakim belə təkidli tələblərdən yorularaq dul qadını müdafiə edirsə, onda Allahın, sevən Atanın övladlarının ehtiyaclarını qarşılaması nə qədər yəqindir».

Bu doğrudur. Lakin bu o demək deyil ki, biz Allahdan istədiyimiz hər şeyi alacağımıza əvvəlcədən əmin ola bilərik. Çox vaxt ata övladına «yox» deməyə məcbur olur. Çünki övladının istədiyi şeyin ona xeyirdən çox, zərər verəcəyini bilir. Allah da belədir: biz bir dəqiqədən sonra nə baş verəcəyini bilmirik, qaldı ki, bir həftə, bir ay və ya bir ildən sonra nə baş verəcəyini bilək. Uzağı görən yalnız Allahdır. Yalnız O, son nəticədə bizə nəyin fayda verəcəyini bilir.

Məhz buna görə Məsih deyir ki, biz həmişə dua etməli və ruhdan düşməməliyik. Dua və istəklərimizi Allaha bildirdikdən sonra ən mükəmməl duanı — «Qoy Sənin iradən olsun» deyə etsək, onda dua etməkdən yorulmayacağıq və imanımız heç vaxt sarsılmayacaq.

9-14

QÜRURDAN DOĞAN GÜNAH (Luka 18:9-14)

Dindar yəhudilər gündə üç dəfə — səhər saat 9-da, günorta saat 12-də və saat 3-də dua edirdilər. Elə zənn edilirdi ki, Məbəddə edilən dua xüsusi gücə malikdir. Bu səbəbdən həmin saatlarda dua etmək üçün Məbədə çoxlu insan gəlirdi. İsa Məbəddə dua edən iki nəfər haqqında danışır.

1. Onlardan biri farisey idi. Əslində, o, Allaha dua etməyə deyil, özü üçün dua etməyə gəlmişdi. Dua həmişə yalnız və yalnız Allaha yönəlməlidir. Bir ədəbsiz amerikalı vaizin duasını belə təsvir etmişdi: «Bu, Boston ictimaiyyətinin indiyə qədər eşitdiyi ən ikiüzlü dua idi». Farisey, həqiqətən, Allah qarşısında özü haqqında şəhadət edirdi.

Yəhudi qanunlarına görə, yalnız bir vacib oruc var idi — bu da Kəffarə günü tutulan oruc idi. Lakin bəziləri Allahın rəğbətini qazanmaq üçün bazar ertəsi və cümə axşamı da oruc tuturdular. Qeyd edək ki, bu, insanların bazara mal gətirmək üçün kəndlərdən Yerusəlimə gəldiyi günlər idi. Oruc tutanlar üzlərini ağ rəngə boyayaraq, çula bürünmüş halda küçələrə çıxırdılar. Məhz həmin günlərdə çoxlu insanlar onların dindarlığının şahidi olurdu. Levililər hər yəhudinin qazancının onda birini alırdılar (Saylar 18:21; Qanunun Təkrarı 14:22). Farisey isə nümayişkarcasına hətta qanunda adı çəkilməyən məhsullardan ondabir verirdi.

Onun davranışı ikiüzlülüyün ən pis forması idi.

Ravvinlərdən birinin bu günə kimi gəlib çatmış duası belədir: «Ey Rəbb Allah, Sənə şükür edirəm ki, mənə küçələrin kəsişməsində oturanlara deyil, Akademiyada oturanlara aid olmağıma icazə verdin; çünki mən tez dururam, onlar da tez oyanır: mən Qanunun sözləri üçün, onlar boş vurnuxma üçün oyanırlar; mən də işləyirəm, onlar da işləyir: mən işləyib mükafat alıram, onlar da işləyir, amma mükafat almırlar; mən də qaçıram, onlar da qaçırlar: mən cənnətə, onlar isə cəhənnəmə doğru gedirlər». Ravvin Cakayanın bir dəfə dediklərinin yazılı sübutu var: «Əgər dünyada yalnız iki saleh insan varsa, onlardan biri mən, digəri oğlumdur. Əgər dünyada yalnız bir saleh insan varsa, o da mənəm!»

Faktiki olaraq fariseylər Məbədə Allaha dua etmək üçün yox, özlərini Allaha tərifləmək üçün gedirdilər.

2. Məbədə fariseydən başqa vergiyığan da daxil olmuşdu. O, uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi. Müqəddəs Kitabda haqlı olaraq vergiyığanın təvazökarlığı göstərilir: «Ya Allah! Mən günahkara rəhm et!» Sanki o, adi günahkar deyil, ən pis günah işlətmiş biri idi. İsa dedi: «Kədərə qərq olmuş və özünü alçaldan adamın duası onu Allah qarşısında saleh saydı və Allah onu qəbul etdi».

Bu məsəldən dua haqqında çox şey öyrənirik.

1. Təkəbbürlü insan dua edə bilmir. Göylərin qapısı o qədər alçaqdır ki, ora yalnız diz üstə girmək olar. Buna görə Rəbbə belə dua etmək lazımdır:

Məni Sənə yaxınlaşdıran yol ilə apar

İçimə rahatlıq, sevinc qaytar,

Qoy düz yolunla gedim.

2. Qardaşlarına xor baxan insan dua edə bilməz, çünki duada biz qardaşlarımızdan üstün ola bilmərik. Biz etiraf edirik ki, günahkar, əzabkeş nəsilik və hamımız mərhəmətli Allahın taxtı qarşısında baş əyirik.

3. Dua bizim həyatımızı Allahın həyatı ilə müqayisə edir. Şübhəsiz ki, farisey doğru danışırdı. O, doğrudan da, oruc tutur, müntəzəm ondabir verir və başqalarına, xüsusilə də vergiyığana bənzəmirdi. Amma burada vacib olan odur ki, bizim xeyirxahlığımız qardaşlarımızın xeyirxahlığı ilə deyil, Allahın xeyirxahlığı ilə müqayisə oluna bilərmi?»

Günlərin bir günü qatarla Şotlandiyadan İngiltərəyə gedirdim. Biz bataqlıqdan keçərkən Yorkşirdə toz-torpaq içində ağardılmış kiçik bir ev gördüm. Mənə elə gəldi ki, o, dümağdır. Bir neçə gündən sonra eyni yol ilə Şotlandiyaya qayıdırdım. Qar yağmışdı, hər yeri qar yığını bürümüşdü. Yenə həmin balaca evin yanından keçdik. Amma bu dəfə onun ağlığı mənə yaman sönük gəldi, hətta ətrafdakı ağ qarla müqayisədə boz göründü.

Hər şey özümüzü kiminlə müqayisə etməyimizdən asılıdır. Əgər həyatımızı İsanın həyatı və Allahın müqəddəsliyi ilə müqayisə etsək, bizə yalnız «Ya Allah! Mən günahkara rəhm et!» demək qalar.

15-17

İSA MƏSİH VƏ UŞAQLAR (Luka 18:15-17)

Uşaqların bir yaşı tamam olanda analar adət üzrə onları, xeyir-dua versin deyə məşhur ravvinin yanına gətirirdilər. Eyni səbəbdən analar öz uşaqlarını İsanın yanına gətirmişdilər. İsanın şagirdlərinin sərt və qəddar olduqlarını düşünmək olmaz. Əksinə, onları bu hərəkətə sövq edən xeyirxahlıqları idi. İsanın hara getdiyini xatırlayaq. O, Çarmıxa çəkiləcəyi Yerusəlimə doğru gedirdi. Şagirdlər Məsihin simasında Onun daxilində gedən mübarizəni görürdülər; onlar insanların İsanı narahat etməsini istəmirdilər. Bəzən uşağa belə deyilir: atanı incitmə, o, bu gün yorğun və əsəbidir. İsanın şagirdləri də İsaya məhz belə yanaşırdılar.

İsanın ölümündən əvvəl Yerusəlimə gedərkən uşaqlara vaxt tapması Onun həyatında ən təsirli məqamlardan biridir.

İsa nə demək istəyirdi?

  1. Uşaqlar hələ də təəccüblənmək qabiliyyətini itirməyiblər. Tennison deyir ki, bir dəfə səhər kiçik nəvəsinin yataq otağına girərkən onun çaypayısının taxtasına düşən günəş şüalarına necə heyranlıqla baxdığını gördü. Biz böyüdükcə dünya gözümüzdə boz və yorğun görünür. Uşaq isə Allahın həmişə onun yanında olduğu şəfəq dolu bir dünyada yaşayır.

2. Uşağın bütün həyatı etibar üzərində qurulur. Biz uşaq olanda növbəti naharın haradan gələcəyini, paltarı haradan əldə edəcəyimizi düşünmürdük. Məktəbə gedib qayıdandan sonra evimizi eyni yerdə, əşyalarını da eyni vəziyyətdə tapacağımıza şübhə etmirdik. Səfərə gedərkən biletə nə qədər pul veriləcəyini düşünmürdük, valideynlərin yolu yaxşı bildiyinə və hər kəsin öz ünvanına salamat çatmasını təmin edəcəyinə şübhə etmirdik. Uşaqlar valideynlərinə etibar etdiyi kimi, biz də Ata Allahımıza elə etibar etməliyik.

3. Uşaqlar təbiətcə itaətkar və sözəbaxandırlar. Düzdür, onlar çox vaxt valideynlərindən narazıdırlar və gileylənirlər, lakin onlarda itaət instinkti var. Onlar itaət etməli olduqlarını və itaətsizliyin onları bədbəxt edəcəyini başa düşürlər. Onların qəlbində valideyn sözünün qanun olduğuna əminlik var. Bizim də Allahla münasibətimiz məhz belə olmalıdır.

4. Uşağın bağışlama qabiliyyəti heyrətamizdir. Demək olar ki, bütün valideynlər çox vaxt övladlarına qarşı haqsızlıq edirlər. Belə ki, onlar uşaqlardan itaətkarlıq, gözəl davranış, ədəbli danışıq, zəhmətkeşlik tələb edirlər, halbuki özləri bu tələblərə heç də həmişə əməl etmirlər.

Valideynlər bəzən uşaqlarını özlərinin əməl etmədiyi davranış qaydalarına görə danlayırlar. Əgər insanlar bizim uşaqlarımızla rəftar etdiyimiz kimi rəftar etsələr, biz onları heç vaxt bağışlaya bilmərik. Uşaqlar bağışlayır və yaddan çıxarırlar, hətta uşaqlıqda buna əhəmiyyət vermirlər. Uşaqların bağışladığı kimi biz də bağışlaya bilsəydik, dünya nə qədər gözəl olardı.

İsa Məsihin heyrətamiz əzəməti qarşısında baş əymək, təəccüblənmək, Ona güvənmək və itaət etmək, bağışlamaq və günahların bağışlanmasını istəmək — Allahın Padşahlığına aparan əsl təvazökarlıq da məhz budur.

18-30

SƏRVƏT KÖLƏSİ (Luka 18:18-30)

Bu rəhbər İsa ilə yəhudilərə xas olmayan şəkildə danışırdı. Ümumiyyətlə, yəhudi ədəbiyyatında ravvinə «Yaxşı Müəllim» deyə xitab edilməsinə rast gəlinmir. Ravvinlər həmişə deyirdilər ki, yaxşı olan yalnız qanundur. İsaya belə müraciət kobud yaltaqlığa bənzəyirdi. Buna görə İsa rəhbərin fikirlərini Özündən uzaqlaşdırmağa və Allaha yönəltməyə çalışdı. İsa əmin idi ki, Onun qüdrəti və səlahiyyəti, gətirdiyi Xoş Xəbər Ona Allah tərəfindən verilib. Doqquz cüzamlı geri qayıtmayanda İsa onların sağaldığı üçün təşəkkür etmədiklərinə yox, Allaha izzət vermədiklərinə görə kədərləndi (Luka 17:18).

Rəhbərin yaxşı insan olduğuna heç kim şübhə etmirdi. Amma o, həyatının natamam olduğunu daxilən hiss edirdi. İsa ona dedi ki, əgər o, ömrü boyu axtardığını, həqiqətən, əldə etmək istəyirsə, onda bütün var-dövlətini satmalı, hər şeyi kasıblara paylamalı və Onun ardınca getməlidir. Nəyə görə İsa bunu məhz ondan tələb etdi? Axı Qadara məmləkətindəki cinə tutulmuş adam şəfa tapanda və Onun ardınca getmək istəyəndə, İsa ona evdə qalmağı əmr etmişdi (Luka 8:38-39). Bəs nəyə görə O, bu rəhbərə tamamilə fərqli məsləhət verir?

Yəhudilərin Müjdəsi adlanan apokrif Müjdə var. Bu Müjdənin çox hissəsi itib. Bizə qədər gəlib çatmış hissədə burada qeyd olunan hadisənin təsvirini tapırıq. Bu da bizə onu anlamağa açar verir.

«Başqa bir varlı adam İsaya üz tutub soruşdu: «Ey yaxşı Müəllim! Əbədi həyatı irs olaraq almaq üçün mən hansı yaxşı işləri görməliyəm?» İsa ona belə cavab verdi: «Qanun və peyğəmbərlərə tabe ol». Varlı adam dedi: «Mən buna əməl edirəm». Onda İsa ona dedi: «Get, var-dövlətini sat, yoxsullara payla və Mənim ardımca gəl!» Varlı adam belə bir əmri bəyənmədiyi üçün başını qaşımağa başladı. Sonra Rəbb ona dedi: «Sən necə deyə bilərsən ki, qanunu və peyğəmbərlərin sözlərini yerinə yetirirsən? Axı qanunda deyilib ki, «Qonşunu özün kimi sev». Ətrafına nəzər sal. Sənin yanındakı qardaşlarının, İbrahimin oğullarının bir çoxu aclıqdan ölür. Sənin evin isə sərvətlə doludur və onlara bu sərvətdən heç nə vermirsən. Rəbb yanında oturan şagirdi Şimona üz tutub dedi: «Yunus oğlu Şimon, dəvənin iynənin deşiyindən keçməsi varlı adamın Səmavi Padşahlığa girməsindən daha asandır.

Varlı rəhbərin faciəsi də elə bunda idi. O, eqoist idi. O, varlı olsa da, insanlara heç nə vermir, ancaq öz rifahına və var-dövlətinə sitayiş edir, rahatlığını ilahiləşdirirdi. Məhz buna görə İsa ona bütün var-dövlətini verməyi təklif etdi.

Çoxları öz sərvətlərini yoldaşlarının rahatlığı və onlara xeyir-dua bəxş etmək üçün istifadə edir. Bu adam isə öz firavanlığının bəhrəsindən həzz alırdı. Əgər bir insan üçün tanrı onun bütün vaxtı, düşüncəsi, enerjisi və sədaqətidirsə, deməli, bu rəhbərin də tanrısı onun sərvəti idi. Əgər o, nə vaxtsa xoşbəxtliyi əldə etmək istəyirdisə, onda bütün sərvətinə son qoymalı, ömrünü başqalarına həsr etməli, vaxtilə özünə sərf etdiyi şövqü bu xidmətə həsr etməli idi.

Daha sonra İsa dedi ki, var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir! Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır. Ravvinlər tez-tez tamamilə qeyri-mümkün görünən iynənin gözündən keçməyə çalışan fili misal çəkirdilər.

Lakin İsanın metaforası iki mənadan birini ifadə edə bilər.

1. Deyilənə görə, Yerusəlimdə gediş-gəlişin olduğu böyük darvaza ilə yanaşı, həm də yalnız insanın keçə biləcəyi kifayət qədər hündür və geniş doqqaz da var idi. Bu doqqaz «iynə gözü» adlanırdı. Dəvə oradan çətinliklə keçə bilərdi. Məsihin nəzərdə tutduğu elə bu idi.

2. Yunan dilində dəvə kamelos adlanır. Eyni zamanda yunan dilində sait səsləri aydın tələffüz edilmirdi, bu səbəbdən gəminin trosu mənasını verən başqa bir yunan sözü olan kamilos eyni şəkildə tələffüz olunurdu. Buna görə də, ola bilsin, İsa dedi ki, iynənin deşiyinə trosu keçirtmək, zəngin bir adamın Allahın Padşahlığına girməsindən daha asandır.

Bəs nəyə görə O, belə dedi? Məsələ ondadır ki, var-dövlət insanı bu dünyanın köləsi edir. O, var-dövlətinə o qədər bağlı olur ki, ondan ayrıla və başqa heç nə haqqında düşünə bilmir. Var-dövlətə sahib olmaq özlüyündə günah deyil. Amma sərvətin insanı əsarət altına almaq təhlükəsi var və insanın üzərinə böyük məsuliyyət qoyur.

Onda Peter İsaya dedi ki, o və digər şagirdlər hər şeyi qoyub Onun ardınca gəliblər. İsa əmin etdi ki, Allahın Padşahlığından ötrü hər şeyini tərk edən adam daha çox şey alacaq. Məsihçilər bunun doğru olduğunu öz təcrübələrindən bilirlər.

Bir dəfə bir adam çox sınaqlara və əzablara tab gətirmiş, üstəlik, həyat yoldaşını itirmiş və Afrikada xidmət edərkən sağlamlığını itirmiş Devid Livinqstona acıyaraq belə demişdi: «Siz necə böyük qurbanlar vermisiniz». Livinqston belə cavab vermişdi: «Qurban? Mən həyatımda bir dəfə də olsun fədakarlıq etməmişəm».

Məsihçi imanına qədəm qoyan şəxsin həyatında insan nöqteyi-nəzərindən çətin məqamlar ola bilər. Amma qəlbən əldə edəcəyi rahatlığı və sevinci dünya ona nə verə, nə də əlindən ala bilər.

31-34

İSANI GÖZLƏYƏN ÇARMIX (Luka 18:31-34)

Cəsarət müxtəlif olur. Bəzən cəsur insan qəfildən ehtiyacla və ya gözlənilməz bir vəziyyətlə qarşılaşır, heç bir tərəddüd etmədən təhlükəyə atılır. Başqa bir halda, cəsur insan qarşıda onu gözləyən təhlükənin fərqindədir və başa düşür ki, ondan qaçmaq imkanı var, lakin buna baxmayaraq, inadla irəliləməyə davam edir. Hansı cəsarətin daha layiqli olduğu bəllidir. Çoxları bir anın təsiri altında qəhrəmanlıq göstərməyə qadirdir. Ancaq geriyə dönməklə onu gözləyən təhlükədən qaçmaq imkanı olduğu halda təhlükənin üstünə gedən adam misilsiz cəsarətə malikdir.

Bir romanda iki oğlanın yolda gedərkən oyun oynamaqları təsvir olunur. Biri digərinə deyir: «Yolda gedəndə heç fikirləşirsənmi ki, qarşıda səni dəhşətli bir şey gözləyir, amma buna baxmayaraq, onun üstünə getməlisən? Bu barədə fikirləşəndə elə həyəcanlanıram ki!»

İsa Məsih üçün bu, təxəyyülün məhsulu deyildi, amansız həqiqət idi: qarşıda Onu dəhşətli bir şey gözləyirdi. O, Çarmıxa çəkilməyin nə olduğunu bilirdi, amma yenə də irəli gedirdi. İsa hətta Çarmıxda ölməsəydi belə, O, yenə də dünya tarixinin ən böyük qəhrəmanlarından biri olaraq qalacaqdı.

İsa Yerusəlimdə Onu gözləyən təhlükə ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, Onun Çarmıxa çəkilməsi nə üçün şagirdlərini belə heyrətləndirdi? Məsələ bundadır ki, şagirdlər İsanın onlara nə dediyini anlamırdılar. Onlar təsəvvürlərində qalib padşah ideyasını canlandırır və hələ də ümid edirdilər ki, İsa Yerusəlimdə bütün səlahiyyət və qüdrətindən istifadə edib, düşmənlərini yer üzündən siləcək.

Burada biz bütün dinləyicilərə edilən xəbərdarlıqla qarşılaşırıq. İnsan ağlı yalnız eşitmək istədiyini eşitməyə meyllidir. Heç kim görmək istəmədiyi qədər kor deyil. Ürəklərimizin dərinliyində xoşagəlməz bir həqiqətin əsla baş tutmayacağını, arzuolunmaz olanın isə heç reallaşmayacağını düşünmək istərdik. İnsan həmişə yalnız eşitmək istədiyini eşitmək meyli ilə mübarizə aparmalıdır.

Bir vacib məqamı da qeyd etmək lazımdır. İsa Çarmıxa çəkilmə haqqında danışarkən, dirilmədən də bəhs etdi. O bilirdi ki, təhqirə məruz qalacaq, eyni zamanda qarşıda Onu izzətin gözlədiyinə də əmin idi. O, insani qəddarlığın nəyə qadir olduğunu bilirdi, lakin Allahın qüdrətinin də nəyə qadir olduğunu bilirdi. Qələbəyə olan əminliyi Ona Çarmıxda məğlubiyyət kimi görünən iztirabı qəbul etməyə kömək etdi. O bilirdi ki, Çarmıxsız izzət ola bilməz.

35-43

ÇARƏSİZLİKDƏN TƏKİD EDƏN ADAM (Luka 18:35-43)

Bu hissədə bizi təəccübləndirən kor adamın israrlı təkididir. İsa Pasxa üçün Yerusəlimə gedirdi. Bu zaman zəvvarlar, adətən, qrup halında gəzirdilər. Ravvinlər çox vaxt gəzinti və ya səyahət zamanı təlim verirdilər. İsa da belə etdi. Zəvvarlar Onun bir kəlməsini qaçırmamaq üçün ətrafına toplaşdılar. Yerusəlimdəki Pasxa bayramında iştirak edə bilməyənlər yol kənarında oturub, zəvvarlar kənddən və ya qəsəbədən keçəndə onlara baxır və uğurlu yol arzulayırdılar.

Həmin izdihamda bir kor adam oturmuşdu. Yoldan keçən zəvvarların səsini eşidən kor ətrafda nələrin baş verdiyini bilmək istədi. Ona İsanın yoldan keçdiyini dedilər. Kor adam dərhal İsaya fəryad edərək, ona şəfa verməsini istədi. İsanın ətrafında olanlar kor adamı sakitləşdirməyə çalışdılar, çünki İsanı dinləyənlər kor adamın fəryadından Məsihi eşidə bilmirdilər.

Amma kor adam dayanmadı, qışqırmağa davam etdi. Luka 39-cu ayədə 38-ci ayədə eyni hərəkəti bildirmək üçün istifadə edilən sözdən tamamilə fərqli bir söz işlədir. 38-ci ayədə diqqəti cəlb etmək üçün yüksək səslə qışqırıq mənasını verən sözdən istifadə edir. 39-cu ayədə kor adamın ümidsizliyini göstərən heyvansayağı ucadan bağırdığı qeyd olunur.

İsa ayaq saxladı və kor adam çox istədiyi şəfanı aldı. Bu hissədən biz kor adam və İsa haqqında bir şey öyrənirik.

1. Kor adam İsa ilə görüşməyə susamışdı. Heç bir şey onu bu istəyindən çəkindirə bilməzdi. O, susmaq və sakitləşmək niyyətində deyildi. Onun kəskin ehtiyacı onu qarşısıalınmaz şəkildə İsaya tərəf itələdi. Möcüzə həsrətində olan insan məhz belə etməlidir. Allah səthi sentimentallığa cavab vermir, lakin həmişə sınıq qəlbin ehtiyacına cavab verir.

2. Bu zaman İsa Öz dövrünün ravvinləri kimi, zəvvarlara təlim verirdi. Lakin kor adamın naləsi Onu dayandırdı. Müəllim bir müddət təliminə fasilə verdi. O, həmişə elə hesab edirdi ki, danışmaqdansa nəsə etmək daha vacibdir. Əməllər qarşısında sözlər həmişə arxa plana keçir. Xilaskarın qarşısında ehtiyacı olan bir insan var idi. Onun sözlərə deyil, əmələ ehtiyacı var idi. Bir nəfər belə deyirdi ki, müəllimlər çox vaxt fırtınalı dənizdə boğulan adama gözəl məsləhət verən insanlara bənzəyirlər. Amma İsa belə deyildi: O, köməyə gəlmişdi və onu xilas etdi. Biz də iki sözü qoşub deyə bilməyən, lakin mehribanlığı ilə sevilən çox insana rast gəlirik. Adamlar natiqlərə hörmət edə bilər, amma daha çox onlara kömək edən insanı sevirlər. Adamlar dahilərə heyran qalır, amma səxavətli, fədakar ürək qarşısında baş əyirlər.

Azərbaycan dilində Müqəddəs Kitab

Dul qadın və ədalətsiz hakim məsəli
1 İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi. 2 O dedi: «Bir şəhərdə Allahdan qorxmayan və adamlara hörmət etməyən bir hakim var idi. 3 Elə həmin şəhərdə bir dul qadın da var idi. Qadın hey onun yanına gələrək deyərdi: “Rəqibimlə olan işimdə mənim haqqımı qoru”. 4 Amma hakim bir müddət bunu etmək istəmədi, sonra isə öz-özünə dedi: “Hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət edirəm, 5 bu qadın mənim zəhləmi tökdüyü üçün onun haqqını qoruyum ki, bir də gəlib baş-qulağımı aparmasın”». 6 Rəbb sözünə belə davam etdi: «Ədalətsiz hakimin nə dediyini dinləyin. 7 Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? 8 Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?»
Farisey və vergiyığan məsəli
9 Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: 10 «Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi. 11 Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm. 12 Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”. 13 Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” 14 Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».
İsa uşaqlara xeyir-dua verir
(Matta 19:13-15; Mark 10:13-16)
15 Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər. 16 Amma İsa uşaqları yanına çağırıb dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur. 17 Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».
Var-dövlət və Allahın Padşahlığı
(Matta 19:16-30; Mark 10:17-31)
18 Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» 19 İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. 20 Onun əmrlərini bilirsən: “Zina etmə. Qətl etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”». 21 Bu adamsa dedi: «Bunların hamısına gəncliyimdən bəri riayət edirəm». 22 İsa bunu eşidib ona dedi: «Sənin bir şeyin çatışmır: nəyin varsa, satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl». 23 Amma bu sözləri eşitdikdə həmin adamı dərin kədər bürüdü, çünki çox varlı idi.
24 İsa onun dərindən kədərləndiyini görəndə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir! 25 Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». 26 Bunları eşidənlər dedilər: «Elə isə, kim xilas ola bilər?» 27 O isə dedi: «İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür».
28 Peter isə dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik». 29 İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki, 30 bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın».
İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir
(Matta 20:17-19; Mark 10:32-34)
31 İsa On İki şagirdi kənara çəkib onlara dedi: «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu üçün peyğəmbərlər vasitəsilə yazılanların hamısı tam yerinə yetəcək. 32 Çünki O, başqa millətlərə təslim ediləcək. Onlar Onu ələ salıb təhqir edəcək, Ona tüpürəcək 33 və qamçılayıb öldürəcəklər. O, üçüncü gün diriləcək». 34 Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar.
Kor adamın gözləri açılır
(Matta 20:29-34; Mark 10:46-52)
35 İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kənarında oturub dilənirdi. 36 Yanından çoxlu adamın keçdiyini eşitdikdə soruşdu: «Nə olub?» 37 Ona xəbər verdilər: «Nazaretli İsa buradan keçir». 38 Onda o qışqırdı: «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» 39 Qabaqda gedənlər ona qadağan edib susdurmaq istəsələr də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı. 40 İsa dayanıb əmr etdi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu: 41 «Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın». 42 İsa ona dedi: «Qoy gözlərin açılsın, imanın səni xilas etdi». 43 Həmin an bu adamın gözləri açıldı və o, Allahı izzətləndirərək İsanın ardınca getdi. Bunu görən bütün xalq Allaha həmdlər etdi.