Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 17-ci fəsil

V. Barklinin şərhləri

17-ci fəsil

1-10

MƏSİHÇİ HƏYATININ QANUNLARI (Luka 17:1-10)

Bu hissə dörd ayrı bölmədən ibarətdir.

1. 1 və 2-ci ayələrdə İsa başqalarını günaha çəkən insanları mühakimə edir. Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində insanı pis yola çəkən şeylərdən bəhs edilir, bu da yunan sözü olan skandalon sözünə uyğundur. Onun iki mənası var:

a) İlkin mənası — tələdəki yem deməkdir.

b) Sonralar bu söz insanı şirnikləndirmək üçün onu yolundan azdıran hər hansı maneə mənasında işlədilirdi.

İsa deyir ki, dünyada insanları azdıran şeylərin olmaması qeyri-mümkündür. Amma vay o adamın halına ki, başqasına günah etməyi öyrədir və ya onu saflıqdan məhrum edir.

Hər bir insan vəsvəsə ilə qarşılaşır, heç kim onu pisliyə həvəsləndirən şeylərdən yan keçməz. Kennedi Vilyamson ölüm yatağında olan bir qocadan danışır. Qocaya nəsə bərk əzab verirdi, nəhayət, o dilləndi: «Mən uşaq olanda tez-tez çöllükdə oynayırdım. Onun mərkəzində iki yol kəsişirdi və kəsişmədə köhnə yol nişanı dayanırdı. Yadımdadır, bir dəfə onu elə çevirdim ki, yanlış istiqamət göstərdi. O vaxtdan bəri məni bu fikir narahat edir: mənim günahım ucbatından nə qədər insan yanlış istiqamətə gedib». Allah imanda kiçik və ya zəif qardaşını yanlış yola göndərən adamı cəzalandıracaq.

2. 3 və 4-cü ayələrdə İsa məsihçi həyatında bağışlamanın vacibliyindən danışır. İsa Məsih bizi gündə yeddi dəfə olsa belə, insanı bağışlamağa çağırır. Ravvinlərin belə bir deyimi var idi ki, qardaşını üç dəfə bağışlayan insan — kamil insandır. Məsihçilikdə bağışlama norması yəhudilərə nisbətən iki dəfə çoxdur. Lakin məsələ rəqəmlərdə deyil. Yeddi rəqəmi sadəcə bağışlamanın bəşəriyyətə məlum olan istənilən miqyasını üstələyir.

3. 5 və 6-cı ayələrdə İsa Məsih imanın dünyada ən böyük güc olduğunu söyləyir. Gəlin yada salaq ki, şərqdə obrazlı şəkildə danışmağı xoşlayırlar. Bu ifadə o deməkdir ki, qeyri-mümkün olan şeylərin olacağına iman edilirsə, onların həyata keçməsi mümkündür. Əlli il əvvəl inanılmaz və qeyri-mümkün kimi görünən bir çox elmi möcüzələr, cərrahi əməliyyatlar, qəhrəmanlıqlar və mətanətlik şücaətlərinin bu gün reallığa çevrildiyini düşünmək kifayətdir. Əgər biz işə «bu, mümkün deyil» fikri ilə başlayırıqsa, onda heç nə edə bilməyəcəyik. Əgər «biz bunu etməliyik» düşüncəsi ilə işə başlasaq, işin öhdəsindən gəlməyimiz tamamilə mümkündür. Unutmayaq ki, biz problemi özümüz yox, yalnız Allahla, Onun gücü və qüdrəti ilə həll edəcəyik.

4. 7-10-cu ayələrdə İsa Məsih deyir ki, biz heç vaxt Allahı özümüzə borclu hesab edə və heç vaxt Ondan heç nə tələb edə bilmərik. Hətta əlimizdən gələni etsək belə, yalnız vəzifəmizi yerinə yetirmiş oluruq. Vəzifəsini yerinə yetirən insan isə yalnız ondan gözlənilənləri edir.

Bütün dünyanı versəm belə, hədiyyəm yenə də kiçik olar.

Bəs sevginin əvəzini nə ilə ödəyə bilərəm? Heç nə ilə!

Mən tamamilə Səninəm.

Qanunun bütün tələblərini yerinə yetirmək olar, amma sevən insan bilir ki, sevginin bütün tələblərini heç kim yerinə yetirə bilməz.

11-19

NADİR HALLARDA BİLDİRİLƏN MİNNƏTDARLIQ (Luka 17:11-19)

İsa Yerusəlimə doğru yoluna davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi. Yolda Onu on cüzamlı qarşıladı. Artıq bildiyimiz kimi, yəhudilər samariyalılarla ünsiyyət qurmurdular. Həmin cüzamlıların arasında isə bir samariyalı var idi. Yenə də qarşımızda həyatın böyük qanununun təzahürü dayanır. Ümumi bədbəxtlik nə irqi, nə də milli fərq tanıyır. Cüzam xəstəliyi onlara bəzilərinin yəhudi, digərlərinin isə samariyalı olduğunu unutdurmuşdu. Cüzamlılar yalnız onu bilirdilər ki, onları əzab-əziyyət birləşdirir və hamısının köməyə ehtiyacı var. Yer üzünü daşqın bürüyəndə, vəhşi heyvanlar qurtuluş axtaranda, başqa vaxt başqa şəraitdə bir-biri ilə ölüm-qalım mübarizəsi aparan heyvanların hansısa quru yerdə sakitcə yan-yana durduğunu görmək olar. İnsanlarda da belədir — onları yalnız Allaha olan ehtiyacları birləşdirir.

İsa yoldan keçəndə cüzamlılar uzaqda dayanmışdılar (Levililər 13:45-46; Saylar 5:2 ilə müqayisə edin).

Qanunda cüzamlının nə qədər məsafədə dayanmalı olduğu dəqiq göstərilməmişdi. Lakin biz küləyin səmtində dayanan cüzamlının sağlam adamdan 45 metrdən yaxın məsafədə olmamasına dair ən azı bir sübut bilirik. Artıq buradan cüzamlıların necə təcrid olunmuş vəziyyətdə yaşadığını görmək olar. Heç bir müjdə hekayəsi insanın nankorluğunu buradakı qədər aydın göstərmir. Çünki cüzamlılar şəfa həsrəti ilə İsanın yanına gəlmişdilər. İsa onların hamısını sağaltdı, lakin on nəfərdən doqquzu Ona təşəkkür etmək üçün heç vaxt yanına gəlmədi. İstədiyini alandan sonra təşəkkür etməyə qayıtmayan o qədər insan var ki...

1. Biz çox vaxt valideynlərimizə qarşı münasibətdə nankorluq edirik. Amma hər birimizin həyatında elə günlər olub ki, valideynlərimizin qayğısı olmadan biz çarəsiz qalıb ölə bilərdik. Bütün canlılar arasında yalnız insan ayağa qalxıb, ehtiyaclarını təmin edənə qədər uzun müddət qayğıya ehtiyac duyur. Uzun illər biz, demək olar ki, hər şeydə valideynlərimizdən asılı oluruq. Ancaq bir çoxları böyüyəndən sonra qocalara maneə kimi baxmağa başlayır və valideynlərinə olan borcunu qaytarmaq istəmirlər.

Kral Lirin çətin vaxtlarında dediyi kimi:

...nankor övlad sahibi olmaq ilan sancmasından daha ağrılıdır!

2. Biz qardaşlarımıza qarşı da çox vaxt nankorluq edirik. Qardaşlarına borcu olmayan adam yoxdur. Çətin anlarda ona kömək göstərildikdə, hamı bu yaxşılığı heç vaxt unutmayacağını deyir. Lakin çox az adam qardaşlarına olan borcunu ödəməyi düşünür. Biz çox vaxt dostumuza, müəllimimizə, həkimə, cərraha borclu qalırıq. Amma faciə ondadır ki, bəzən onlara göstərdikləri qayğıya görə təşəkkür etməyə belə cəhd etmirik.

Əs, qış küləyi, əs!

Sən insan nankorluğu qədər qəddar deyilsən.

(Şekspir, Kral Lir, 3-cü akt, 2-ci səhnə.)

3. Çox vaxt biz Allaha qarşı nankorluq edirik. Ehtiyac duyduğumuz vaxt Allaha fəryad edirik; elə ki, fəlakət bitir, Onu yaddan çıxarırıq. Çoxları yeməkdən əvvəl dua belə etmir. Allah Öz Yeganə Oğlunu bizim üçün qurban verdi, çoxları isə Onun mərhəmətinə görə Allaha heç vaxt şükür etmir. Bizim Ona olan ​​ən böyük minnətdarlığımız Onun lütfü və mərhəmətinin əbəs olmadığı üçün səy göstərməyimizdir. Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları» (Zəbur 103:2).

20-37

İSANIN GƏLİŞİNİN ƏLAMƏTİ (Luka 17:20-37)

Qarşımızda iki çətin hissə var. 20 və 21-ci ayələrdə İsa fariseylərin Səmavi Padşahlığın nə vaxt gələcəyi ilə bağlı sualına cavab verir. İsa onlara deyir ki, Səmavi Padşahlığın gəlişinin əlamətləri yəhudilərin heç də gözlədiyi kimi deyil. Bununla belə, Luka diaqnoz qoymaq — yəni araşdırma əsasında xəstəliyi müəyyən etmək mənasını verən sözdən istifadə edir.

Biz İsanın bununla nə demək istədiyinə tam əmin deyilik. Yunan dilində həmin söz iki mənada işlədilə bilər:

a) Həmin söz Allahın Padşahlığı bizim içimizdədir mənasına gələ bilər, yəni o, qəlbimizdə iş görür və yeni şeylər deyil, yeni insanlar yaradır. Bu dəyişikliklər maddi sahədə deyil, insanların qəlbində baş verir.

b) Həmin söz Allahın Padşahlığı aranızdadır mənasını verə bilər. Belə olan halda, İsa Özünü nəzərdə tuturdu. İsa Allahın Padşahlığının parlaq təcəssümü idi, lakin Onu tanımadılar. İsa Məsih sanki deyirdi: «Allahın sizə təklif etdiyi hər şey — Onun bütün sirləri sizin qarşınızdadır. Siz isə onları qəbul etmək istəmirsiniz».

22-37-ci ayələr İsa Məsihin İkinci gəlişindən bəhs edir. Bu hissədən biz yalnız müəyyən yerləri seçə bilərik, zənnimcə, onlar kifayət edər:

1. Vaxt gələcək, məsihçilər Məsihin gəlişini ürəkdən arzulayacaqlar. Onlar mömin şəhidlər kimi «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi...?» deyə fəryad edəcəklər (Vəhy 6:10). Lakin onlar səbir edib, gözləməli olacaqlar. Allah tələsmir və Öz vaxtında gələcək.

2. İsa Məsihin İkinci gəlişi əvvəlcədən müəyyən edilib, lakin dəqiq tarix məlum deyil. Bu tarixi tapmaca etmək mənasızdır. İnsanlar yalançı peyğəmbərliklər edəcək, yalan ehtimallar irəli sürəcəklər. Amma biz gündəlik işimizi buraxıb onların arxasınca getməməliyik. İnsan üçün ən yaxşısı odur ki, Məsih gələndə onu öz vəzifəsini imanla, təvazökarlıqla və sayıqlıqla yerinə yetirdiyini görsün. Müqəddəs Kitab şərhçilərindən biri Məsihin İkinci gəlişi haqqında belə demişdi: «Heç kim Məsihin gəlişini qabaqcadan bilə bilməz, amma hamı onu görəcək».

3. Həmin gün gələndə Allahın ədaləti bərqərar olacaq, ömür boyu bir yerdə yaşayan iki insandan biri götürüləcək, digəri isə qalacaq. Bu ifadədə bir xəbərdarlıq var. Saleh insanla yaxın münasibət — bizim xilas olmağımız demək deyil. «Heç bir insan öz qardaşını xilas edə bilməz». Məgər ailə çox vaxt imanlı cəmiyyətinə getmək məsuliyyətini üzvlərindən birinə həvalə etməyə meyilli deyilmi? Məgər ər çox vaxt imanlı cəmiyyətinin vəzifələrini yerinə yetirməyi arvadına həvalə etmirmi? Axı Allah hər bir insanı fərdi olaraq mühakimə edəcək. İnsan Allaha olan borcunu etibarlı bir şəxs, hətta ən yaxın qohumları vasitəsilə yerinə yetirə bilməz. Tanrının ər-arvaddan yalnız birini götürüb, digərini yerdə qoyması qaçılmaz olacaq. 4. Fariseylər bunun nə vaxt baş verəcəyini soruşanda, İsa məşhur atalar sözü ilə cavab verdi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar». Bu o deməkdir ki, hər şey bütün lazımi şərtlər yerinə yetiriləndən sonra olacaq. Başqa sözlə, Allah biləndə ki, vaxtı çatıb, onda İsa Məsihi dünyaya göndərəcək. Biz o vaxtın nə vaxt gələcəyini bilmirik, bununla bağlı illüziyalara qapılmamalıyıq. Biz elə yaşamalıyıq ki, O, nə vaxt zühur etsə — istər səhər, istər günorta, istərsə də axşam olsun — Onunla görüşməyə hazır olaq.

Azərbaycan dilində Müqəddəs Kitab

Günah, iman və vəzifə
(Matta 18:6-7; Mark 9:42)
1 İsa şagirdlərinə belə dedi: «İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir! 2 Bu kiçiklərdən birini pis yola çəkməkdənsə öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. 3 Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, ona xəbərdarlıq et. Əgər o tövbə edərsə, onu bağışla. 4 Əgər gündə yeddi dəfə sənə qarşı günah etsə və gündə yeddi dəfə yanına gəlib sənə “tövbə edirəm” deyərsə, onu bağışla».
5 Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!» 6 Rəbb onlara belə dedi: «Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı.
7 Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda “tez ol, gəl süfrəyə otur” deyər? 8 Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi? 9 Əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi? 10 Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”».
On cüzamlının şəfası
11 İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi. 12 Kəndlərin birinə girəndə Onu on nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub 13 ucadan çığırdılar: «İsa, Ustad, bizə rəhm et!» 14 İsa onları görüb «gedin, özünüzü kahinlərə göstərin» dedi. Onlar yol gedə-gedə pak oldular. 15 Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı. 16 O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi. 17 Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır? 18 Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?» 19 Sonra o adama dedi: «Ayağa qalx, get. İmanın səni xilas etdi».
Allahın Padşahlığı nə zaman gələcək?
20 Fariseylər İsadan «Allahın Padşahlığı nə zaman gələcək?» deyə soruşanda İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz. 21 Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir».
22 İsa şagirdlərə də belə dedi: «Elə günlər gələcək ki, Bəşər Oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz. 23 Adamlar sizə “bax, O oradadır” yaxud “bax, buradadır” deyəcək. Gedib onların arxasınca düşməyin! 24 Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər Oğlu da Öz günündə elə olacaq. 25 Amma əvvəlcə O, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır.
26 Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq. 27 Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Sonra daşqın gəlib hamısını məhv etdi. 28 Lutun günlərində də belə idi: insanlar yeyib-içir, alıb-satır, əkir, tikirdi. 29 Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürd yağdı və hamısını məhv etdi. 30 Bəşər Oğlunun zühur edəcəyi gündə də belə olacaq.
31 O gündə özü damda, əşyası isə evin içində olan adam onları götürmək üçün aşağı enməsin. Eləcə də tarlada olan geri qayıtmasın. 32 Lutun arvadını yadınıza salın! 33 Kim canını qorumaq istəsə, onu itirəcək, amma kim canını itirsə, onu yaşadacaq. 34 Sizə deyirəm: o gecə bir yataqda olan iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. 35 Birlikdə dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq». 36 
37 Ona müraciət edib dedilər: «Ya Rəbb, bu hadisələr harada olacaq?» O isə onlara dedi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar».