1-13
Bu məsəlin şərhi müəyyən çətinliklər yaradır. O, hər yerdə rast gəlinən fırıldaqçılardan bəhs edir. İdarəçi yaramaz və israfçıdır. Qul olmasına baxmayaraq, o, ağasının mülkünü idarə edirdi. Əksər sahibkarlar İsraildən kənarda yaşayırdılar. Məsəldəki sahibkar onlardan biri ola bilərdi. O, mülkünü etibar etdiyi qullarından birinə təhvil vermişdi. İdarəçi isə ağasının əmlakını qarət edirdi.
Borclular da fırıldaqçı idilər. Onların borcları ödənilməmiş kirayədən ibarət idi. Borc çox vaxt pulla deyil, məhsulun müəyyən bir hissəsi ilə ödənilirdi. Ona görə də idarəçinin ağlına gözəl fikir gəldi. O, borcluların borclarını xeyli azaltmaq üçün borc dəftərlərində saxta qeydlər apardı. Bundan o, iki mənfəət güdürdü. Birincisi, borclular indi sahibkara deyil, ona borclu qalırdılar; ikincisi, daha önəmlisi, onları öz cinayətinə şərik etmişdi; buna görə də lazım gələndə onları şantaj edə bilərdi.
Görünür, sahibkarın özü də fırıldaqçı idi. Çünki o, qulunun fırıldağından qətiyyən şoka düşmədi, hətta idarəçisinin hiyləsini təriflədi.
Məsəlin şərhindən çıxan nəticənin çətinliyi ondadır ki, Luka ondan dörd dərs hasil edir.
8-ci ayədə deyilir ki, bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. Bu o deməkdir ki, dünyəvi insan öz rifahı və rahatlığına can atdığı kimi məsihçi də salehliyə can atsaydı, onda daha yaxşı olardı. İnsan öz rahatlığına, hobbisinə, idmana və bağına imanlı cəmiyyətinə olandan on dəfələrlə çox vaxt, pul və səy sərf edir. Biz dünyəvi işlərimizə sərf etdiyimiz vaxt, enerji qədər məsihçi həyatımıza sərf etsək, onda o, həqiqi və təsirli olacaqdır.
2. 9-cu ayə öyrədir ki, bu dünyanın sərvətindən özümüzə dostlar qazanmaq üçün istifadə edək. Bu isə həyatın həqiqi və əbədi dəyəridir. Bunu iki sahədə tətbiq etmək olar:
a) Əbədi həyat sahəsində. Ravvinlərin belə bir sözü var idi: «Varlılar bu dünyada kasıblara, kasıblar isə axirətdə varlılara kömək edər». Erkən İmanlı Cəmiyyətinin müəllimi olan Amvrosi öz mülkü üçün yeni, daha böyük anbarlar tikən axmaq varlı haqqında belə deyirdi: «Varlıların anbarı — kasıbların ehtiyacları, dul qadınların evləri, uşaqların ac qarnıdır». Yəhudilər inanırdılar ki, yoxsullara edilən sədəqə və mərhəmət axirətdə savab kimi yazılacaq. Həqiqi sərvət insanın topladığı şeylərdə deyil, səxavətlə payladığı şeylərdədir.
b) Dünyəvi sahədə. İnsan asan, qayğısız həyata can ataraq öz var-dövlətini eqoistliklə xərcləyə, ya da dostları və qardaşlarının həyatını asanlaşdıra bilər. Nə qədər alim onların ali təhsil alması üçün pul xərcləyən varlı adamlara minnətdardır! Nə qədər insan çətin anlarında onlara kömək edən varlı dostlarına minnətdardır! Var-dövlət özlüyündə günah deyil, amma insanın üzərinə böyük məsuliyyət qoyur: var-dövlətini insanlara sərf edən adam düzgün yoldadır. Çünki o, üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır.
3. 10 və 11-ci ayələrdən çıxan üçüncü dərs odur ki, insanın kiçik bir işi yerinə yetirməsi ilə ona daha böyük işdə etibar edilib-edilməməsini müəyyənləşdirmək olar. Axı dünyada, doğrudan da, belədir. Heç kim kiçik vəzifədə düzgünlüyünü və bacarığını nümayiş etdirmədən irəli çəkilmir.
Lakin İsa bu prinsipi əbədi həyata da aid edir. O, mahiyyət etibarı ilə belə deyir: «Yer üzündə sizə sizin olmayan sərvət həvalə olunub. Onlar yalnız müvəqqəti olaraq sizə tapşırılıb. Siz onları sadəcə idarə edirsiniz. Onlar əbədi olaraq sizə aid deyil. Siz öləndə, hər şeyi burada qoyub gedəcəksiniz. Göylərdə isə, əksinə, əbədi sizin olanları alacaqsınız. Göylərdə alacaqlarınız isə yer üzündə sizə əmanət olunan şeyləri necə istifadə etməyinizdən asılıdır».
4. 13-cü ayədə bir qulun iki ağaya qulluq etməsinin mümkün olmadığı qayda verilir. Qul ağanın tam ixtiyarında idi, bundan başqa, o, yalnız ağasına məxsus idi. Müasir dövrdə qulluqçu və ya fəhlə iki işi birdən görə bilir — birini müəyyən edilmiş vaxtda, digərini isə boş vaxtlarında. Məsələn, insan gündüzlər işçi, axşamlar isə musiqiçi kimi çalışa bilər. Çoxları yalnız əlavə işlərdə maraq tapır. Lakin qulun boş vaxtı yox idi. Günün hər dəqiqəsi, enerjisinin hər damlası ağasına məxsus idi. Qulun, ümumiyyətlə, vaxtı yox idi. Ona görə də Allaha xidmət etmək heç vaxt əlavə məşğuliyyət və ya boş vaxtların məşğuliyyəti olmamalıdır. Əgər insan Allaha xidmət etməyə qərar veribsə, həyatının hər anı, bütün gücü və imkanları Allaha məxsusdur. Allah — ən tələbkar Ağadır. Biz ya tamamilə Ona məxsusuq, ya da yox.
Buna görə də, «dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin» (Kolosselilərə 3:17).
14-18
Bu mətni üç hissəyə bölmək olar.
1. Bu hissə fariseyləri məzəmmət etməklə başlayır. Burada deyilir ki, fariseylər «Ona istehza ilə baxırdılar», yəni hərfi mənada İsaya gülür, «ağız-burun əyirdilər». Yəhudilər, adətən, biznes uğurlarına xeyir-dua kimi baxırdılar. Onlar üçün insanın sərvəti nə qədər mömin olduğunu göstərirdi. Fariseylər xalq qarşısında öz möminliklərini nümayiş etdirir və maddi rifahı bunun mükafatı hesab edirdilər. Lakin onlar insanlar qarşısında nə qədər ucalırdılarsa, Allah qarşısında bir o qədər iyrənc görünürdülər. İnsanın özünü mömin hesab etməsi pis haldır. Amma bundan daha pisi maddi rifahını möminliyinin təkzibedilməz sübutu kimi göstərməkdir.
2. İsa Məsihdən əvvəl Allah insanlarla Qanun və peyğəmbərlər vasitəsilə danışırdı. Sonra İsa peyda oldu və Allahın Padşahlığını təbliğ etməyə başladı. Onun təbliğinə görə, Allahın Padşahlığına müxtəlif qrupdan olan insanlar — vergiyığanlar və günahkarlar daxil ola bilərdilər. Halbuki ilahiyyatçılar və fariseylər onların Allahın Padşahlığına daxil olması üçün maneələr qurmuşdular. Lakin İsa qəti şəkildə vurğuladı ki, Allahın Padşahlığı Qanunun sonu demək deyil. Düzdür, O, ənənəvi mərasim qanununun xırda qaydalarını ləğv etdi. Amma bu, məsihçiliyin qanundan kənar daha sadə yol təklif etdiyi fikrinə gətirib çıxarmamalıdır.
Böyük Əmrlər dəyişməz olaraq qalmaqda davam edirdi. Yəhudi əlifbasının bəzi hərfləri bir-birinə çox bənzəyir və bir-birindən yalnız seriflə — hərfin üstündə və ya altında kiçik bir xətlə fərqlənir. Qanundan belə bir nöqtə itməyəcək.
3. Qanunun dəyişməzliyini nümayiş etdirmək üçün İsa iffət qanununu verir. İsanın verdiyi bu aydın, birmənalı ifadə yəhudilərin müasir həyat tərzi kontekstində oxunmalıdır. Yəhudilər sədaqəti və iffəti üstün tuturdular. Ravvinlər deyirdilər ki, zinadan başqa, Allah bütün günahları bağışlayar. «Allah azğınlığı görəndə Onun izzəti çəkilir». Yəhudinin bütpərəstlik, qətl və ya zina etməyindənsə, həyatını qurban verməsi daha yaxşı olardı.
Lakin faciə bunda idi ki, evlilik getdikcə əsl mənasını itirirdi. Yəhudi qanunlarına görə qadın sadəcə əşyadan başqa bir şey deyildi. Qadın yalnız əri cüzam xəstəliyinə tutulduqda, əqidəsinə, vətəninə xəyanət etdikdə və ya bakirə qıza təcavüz etdikdə ondan boşana bilərdi. Digər hallarda qadının heç bir haqqı yox idi. Qadın ona edilən zülmə görə haqqını tələb edə bilmirdı; istisna hal kimi talaq kağızı aldıqda onun cehizi geri qaytarılırdı. Qanunda deyilir: «Boşanmaq üçün qadının razılığının olub-olmaması vacib deyildi, əsas kişinin razılığı idi». Musanın Qanununda (Qanunun Təkrarı 24:1) deyilir: «Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən» çıxarsın.
Talaq kağızında yazılırdı: «Bu boşanma məktubunu və azad olunma aktını sənə verirəm ki, istədiyin şəxslə evlənə biləsən». Həmin talaq kağızı iki şahidin iştirakı ilə imzalanmalı idi. Boşanma üçün tələb olunan hər şey elə bundan ibarət idi.
Əsas məsələ Musanın Qanununun «ləyaqətsiz bir şey» ifadəsinin şərhində idi. İsa Məsihin dövründə bu ifadənin iki fərqli şərhi var idi. Ravvin Şammay məktəbinin nümayəndələrinə görə bu, yalnız və yalnız zina idi. Ravvin Hillel məktəbinin nümayəndələri isə iddia edirdilər ki, bu söz istənilən mənanı ifadə edə bilər. Məsələn, «əgər qadın yeməyi xarab etmişsə, başıaçıq küçəyə çıxarsa, tanımadığı kişi ilə danışardısa, ərinin yanında onun qohumları haqqında hörmətsizcəsinə danışardısa, deyingən qadın idisə, səsi qonşuya gedib çatardısa» və s. Ravvin Akiba bir qədər də irəli gedərək deyirdi ki, əgər kişi indiki həyat yoldaşından daha gözəl qadın tapardısa, arvadını boşaya bilərdi. Aydındır ki, insanın günahlı təbiəti üstünlük təşkil etdiyi üçün ravvin Hillelin nəzəriyyəsi daha məqbul hesab olunurdu. Bu səbəbdən İsa Məsihin dövründə vəziyyət o yerə gəlib çatmışdı ki, qızlar ərə getməkdən imtina edirdi və ailə həyatı dağılmaq təhlükəsi ilə üzləşirdi.
İsa Məsih isə nikah bağının müqəddəs olduğunu bəyan etdi. Eyni fikirə Matta 5:31-32-də də rast gəlinir. Burada yeganə istisna — zinadır.
Bəzən bizə elə gəlir ki, biz pis dövrdə yaşayırıq. Lakin İsanın dövründəki nəsil bundan heç də yaxşı deyildi. Ailə həyatını məhv etməklə biz məsihçi həyatının əsaslarını məhv edirik. İsa burada qanunu elan edir, onun pozulması ilə bəşəriyyət öz varlığını təhlükə altına qoyur.
19-31
Bu məsəl elə ustalıqla yazılmışdır ki, bir dənə də olsun artıq ifadəyə rast gəlinmir. Gəlin orada təsvir olunan adamlara daha yaxından nəzər salaq.
1. Birincisi — zəngin adam. Onun haqqında deyilən hər söz yaşadığı dəbdəbəli həyatdan xəbər verir. O, tünd qırmızı və incə kətandan paltar geyinərdi. Adətən, baş kahinlərin paltarları belə təsvir olunur; o dövrdə həmin paltarlar çox baha idi. Zəngin hər gün cah-calal içində kef edərdi. Orijinalda «cah-calal içində kef edərdi» ifadəsi, adətən, ağzının dadını bilən və bahalı yeyib-içən insanlara şamil edilirdi. Zəngin adam isə hər gün belə yeyib-içirdi. Bununla o, şübhəsiz ki, dördüncü əmri pozmuş olurdu. Bu əmr təkcə Şənbə günü işləməyi qadağan etmir, həm də deyir ki, «Altı gün işləyin» (Çıxış 20:9).
Sadə insanların həftədə bir dəfə ət yeyəndə sevindiyi, həftənin altı günü zəhmət çəkməli olduqları məmləkətdə varlı adam bekarçılığı və laqeydliyi təcəssüm etdirirdi. Lazar isə varlı adamın süfrəsindən düşən qırıntıları gözləyirdi. O vaxtlar nə bıçaq, nə çəngəl, nə də salfet var idi. Yemək əllə yeyilirdi. Varlılar əllərini çörəyə silir, sonra da onu atırdılar. Lazarın gözlədiyi çörək qırıntıları həmin dilimlər idi.
2. İkincisi — Lazar. Nə qədər qəribə səslənsə də, amma məsəllərdə xatırlanan yeganə ad Lazardır. Lazar ibranicə Eleazar adının latınlaşdırılmış formasıdır, mənası «Allah mənim dayağım və köməyimdir» deməkdir. Lazar o qədər kasıb və zəif idi ki, yaralarını yalayan itləri qovmağa belə gücü çatmırdı.
Bu dünya belədir. Amma hər şey dəyişir — axirətdə Lazar İbrahimin qucağında izzət içində, zəngin adam isə cəhənnəm əzabında idi. Bəs zəngin adamın günahı nə idi? Axı o, Lazarı evinin darvazasından çıxarmağı əmr etməmişdi. Süfrəsindən atılan çörəyi Lazarın götürməsinə də etiraz etməmişdi. Yanından keçəndə təpiklə vurmamışdı. Varlı adam Lazara qarşı qəsdən qəddar davranmamışdı. Varlı adamın günahı onda idi ki, o, sadəcə olaraq Lazara əhəmiyyət verməmiş, onun vəziyyətini adi hal kimi qəbul etmişdi. Lazar əzab çəkərkən və ac yatarkən, varlı adam dəbdəbə içində kef çəkirdi. Bir nəfərin onun haqqında dediyi kimi: «Varlı adam etdiyi əməllərə görə deyil, etmədiyi əməllərə görə cəhənnəmdə əzab çəkməli oldu».
Zəngin adamın günahı o idi ki, o, əzab və ehtiyaca sakitliklə baxa bilirdi, qəlbi mərhəmət və şəfqətdən uzaq idi. O, qardaşının əziyyət çəkdiyini və ac olduğunu gördü, amma kömək etmək üçün barmağını qımıldatmadı. O, qonşusunun iztirabını görməzlikdən gəldiyi üçün cəzalandırıldı. İbrahim peyğəmbərin Lazarı varlı adamın qardaşlarını xəbərdar etmək üçün göndərməkdən imtina etməsi qəddar görünə bilər. Amma tamamilə aydındır ki, əgər insanlara Allahın Kəlamı verilibsə və onlar təsəlliyə, köməyə, kədərini azaltmağa ehtiyacı olan adamlar gördükləri halda bu onlarda mərhəmət hissi oyatmırsa, demək, onlara kömək edəcək heç nə yoxdur. Necə də dəhşətli xəbərdarlıqdır: varlı adam pis işlərə görə deyil, yaxşı heç nə etmədiyinə görə günah işlətmişdir.