Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 15-ci fəsil

V. Barklinin şərhləri

15-ci fəsil

1-7

ÇOBANIN SEVİNCİ (Luka 15:1-7)

Əhdi-Cədiddə bütün məsihçilərin Lukanın Müjdəsinin on beşinci fəsli qədər yaxşı bildiyi və sevdiyi başqa fəsil yoxdur. Bu fəsil İsa Məsihin insanlara nazil etdiyi Xoş Xəbərin mahiyyətini açıqladığı üçün onu «Müjdənin daxilindəki Müjdə» adlandırırlar.

Orada qeyd olunan məsəllər müəyyən hadisələrin məhsulu idi. İsa Məsihin günahkar kimi qələmə verilən insanlarla ünsiyyət qurması ilahiyyatçıları və fariseyləri qıcıqlandırırdı. Fariseylərlə ilahiyyatçılar qanuna riayət etməyənlərin hamısını günahkarların böyük bir qrupuna aid edərək, onları avam sayırdılar və onlardan uzaq durmağa çalışırdılar. Öz qızını belə birinə ərə vermək — onun əl-qolunu bağlayıb çarəsiz halda aslanın yeminə çevirməyə bənzər idi. Fariseylərin bu kimi günahkarlara qarşı hökmü belə səslənirdi: «Ona pul etibar etmə, ondan dəlil qəbul etmə, ona heç bir sirr vermə, onu yetimə himayədar etmə, onu səfərdə müşayiət etmə». Fariseyə belə bir adamı ziyarət etmək və ya onu evində qəbul etmək qadağan idi. Hətta mümkün qədər onunla işgüzar əlaqələr qurmaq da qadağan edilirdi. Fariseylər qanunun bütün xırda qaydalarına əməl etməyən insanlarla istənilən təmasdan qaçırdılar. Məhz buna görə onlar İsanın təkcə cəmiyyətdən kənarda deyil, həm də günahkar insanlarla bir yol getdiyini görəndə heyrətə gəlirdilər. Onlara görə, belələri ilə ünsiyyət qurmaq ortodoks yəhudini murdar edirdi. Əgər ortodoks yəhudilərin, İsanın dediyi kimi, «Göydə tövbə edən bircə günahkara görə daha çox sevinc olacaq» deyil, «Allah qarşısında sağalmış bir günahkar üçün göydə sevinc olacaq» dediklərini xatırlasaq, bu məsəllərin mənasını daha yaxşı başa düşə bilərik. Onlar günahkarların xilasını gözləmirdilər, əksinə, onları təqib edirdilər.

Beləcə İsa onlara itmiş qoyun haqqında məsəli və onu tapan çobanın sevinci barədə danışdı. Yəhudeyada çobanın həyatı çətin və təhlükələrlə dolu idi. Otlaqlar az idi. Mərkəzi yaylanın eni cəmi bir neçə kilometrdən ibarət idi: bir tərəfdə vəhşi qayalar və sıldırımlar, digər tərəfdə vəhşi səhra var idi. Təbii ki, heç bir çəpər olmadığı üçün qoyunlar ora-bura dolaşır, tez-tez gözdən itirdi. İngilis iqtisadçısı Adam Smit çobanlar haqqında belə yazırdı:

«Əgər gecələr kaftarların ulayan, torflu, xəndəkli bir yaylada ayıq və tədbirli, dərisi havadan codlaşmış və günəşdən qaralmış, qoyunlarını göz bəbəyi kimi qoruyan, əsasına söykənmiş və silahlanmış çobanla rastlaşsanız, onda nə üçün çobanın birdən-birə yəhudi xalqının tarixində önə çıxdığını başa düşəcəksiniz; onların çobanı padşah ilə eyni tutmasının və onu bəxtiyarlıq simvolu saymasının, Məsihin çoban haqqında tipik fədakarlıq nümunəsi kimi danışmasının səbəbini anlayacaqsınız».

Qoyunlara görə çoban şəxsən məsuliyyət daşıyırdı. Əgər qoyun itirdisə, çoban onun necə öldüyünü göstərmək üçün heç olmasa dərisini evə gətirməli idi. Çobanlar mahir ləpirçi idilər və uzun kilometrlərlə təpələr arasında itmiş qoyunların izinə düşürdülər. Çoban qoyunlarından ötrü hər gün həyatını riskə atırdı.

Ey yaxşı çoban, bizi özün xilas et,

Çünki sənə ehtiyacımız var.

Öz çəmənliklərində bizi otla,

Bizi canlı suya apar.

Biz Səninik, izin ver ki,

Gəncliyimizdən ardınca gedək:

Bütün quzularını Sən günahdan qoru.

Hamını qəbul edəcəyinə söz verirsən,

Hamıya Sən «Gəl!» deyirsən.

Günahları bağışlayırsan,

Məhəbbətinlə sülh verirsən!

Ey Xilaskar Məsih, Sən bizi satın aldın,

Biz Səninik əbədi.

Sürülərin əksəriyyəti fərdi şəxslərə deyil, kənd icmalarına məxsus idi. Belə sürünü, adətən, iki və ya üç çoban otarırdı. Onlar vaxtında sürü ilə evə qayıdıb, dağlarda itmiş qoyunu axtarmağa gedən bu və ya digər çoban haqqında xəbər çatdırırdılar. Bütün kənd həmin çobanı intizar içində gözləyirdi. Kimsə onu itmiş qoyunla birlikdə görəndə, hər yerdən sevinc və minnətdarlıq nidaları eşidilirdi.

İsa Məsihin dediyinə görə, Allah da həmin çoban kimidir. Necə ki, çoban itmiş qoyunu evə gətirəndə sevinir, günahkar tövbə edib Onun hüzuruna qayıdanda, Allah da elə sevinir. Böyük övliya24 demişkən: «Allah da itmişləri tapmağın sevincinin nə olduğunu bilir».

Bu, heyrətamiz bir fikir, mübarək bir həqiqətdir: Allah insanlardan daha şəfqətlidir. Ortodoks yəhudi vergiyığanlara və günahkarlara məhv edilməkdən başqa heç nəyə layiq olmayan insanlar kimi yanaşırdı. Amma Allah yox. İnsanlar günahkarın islah olunacağına ümidini kəsə bilər, amma Allah yox. Düzdür, Allah yoldan azmayan insanları sevir. Lakin itmiş adamın yolunu tapıb evə qayıtdığını görəndə, ürəyi sevincdən cuşa gəlir. Allaha qayıtmaq amansız qınaqlarla dolu insanların yanına getməkdən min dəfə asandır.

8-10

İTMİŞ PUL MƏSƏLİ (Luka 15:8-10)

Bu hissədə bəhs edilən dirhəm kiçik gümüş sikkə idi. İsraildə kəndlinin evində belə bir sikkəni itirmək çox asan idi, onu tapmaq isə çox vaxt apara bilərdi. Evlər, adətən, qaranlıq olurdu, çünki evlərin diametri təxminən 45 santimetr olan yalnız kiçik bir yuvarlaq pəncərəsi var idi. Palçıqdan düzəlmiş döşəmə quru qamışla örtülürdü. Belə bir döşəmədə sikkə axtarmaq — ot tayasında iynə axtarmağa bərabər idi. Bunun üçün qadın pulun parıltısını görəcək və ya onun cingiltisini eşidəcək deyə evdə döşəməni süpürməyə başlayırdı.

Qadını səylə axtarışa sövq edən iki səbəb ola bilər.

1. Həddindən artıq ehtiyacı. Əlbəttə, bizim dövrdə bir dirhəm sikkənin dəyəri elə də yüksək olmaz. Lakin İsanın dövründə İsraildə bu, işçinin bir günlük maaşından çox idi. İnsanlar güc-bəla ilə dolanır və tez-tez aclıq təhlükəsi ilə üzləşirdilər. Ola bilsin, qadın bu sikkəni ona görə səylə axtarırdı ki, ailəsinin yeməyə heç nəyi yox idi.

2. Amma ola da bilsin, səbəb başqa idi. Ailəli qadınlar bir-birinə gümüş zəncirlə bağlanmış on gümüş sikkədən hazırlanmış baş örtüyü taxırdılar. Çox vaxt qızlar baş örtüyü üçün bu on sikkəni toplamaqdan ötrü illər boyu qənaət edirdilər, bu da qiymətinə görə, demək olar ki, nişan üzüyünə bərabər idi. Həmin baş örtüyü qadın paltarının elə ayrılmaz hissəsi idi ki, hətta borcunu ödəmək üçün onu qadından almaq olmazdı. Ola bilsin, bu qadın məhz bu sikkələrdən birini itirmişdi. Buna görə də, istənilən digər qadının öz nişan üzüyünü axtaracağı kimi, həmin qadın da onu o cür səylə axtarırdı.

İstənilən halda, itmiş sikkənin parıltısını görəndə və onu yenidən əlində tutanda qadının sevincini təsəvvür etmək çətin deyil. İsa deyir ki, Allah da o cür sevinir. Bir günahkar evə qayıdanda Allahın və bütün mələklərin sevinci — ailəsini aclıqdan xilas edəcək sikkəni tapan bu qadının sevincinə bənzəyir, yəni pulla belə qiymətləndirilə bilməyən ən dəyərli əşyanı itirib yenidən tapan qadının sevinci kimidir.

Heç bir farisey Allahın belə olduğunu düşünməmişdi. Böyük yəhudi alimlərdən biri etiraf etdi ki, bu, İsa Məsihin Allah haqqında insanlara açıqladığı ən yeni həqiqətdir. Allah, həqiqətən, insanları axtarır. Yəhudilər inanırdılar ki, əgər insan diz üstə sürünə-sürünə Allahın önünə gəlsə və bağışlanmaq üçün Ona yalvarsa, bəlkə Allah onu bağışlayar. Lakin yəhudi heç vaxt ağlına belə gətirməzdi ki, Allah Özü itmiş günahkarları axtarır. Xoşbəxtlikdən, biz Allahın bizi axtaran məhəbbətinə inanırıq. Çünki biz Onun məhəbbətinin itmişləri axtarıb xilas etmək üçün gələn Allahın Oğlu İsa Məsihdə təcəssüm olunduğunu görürük.

11-32

SEVƏN ATA HAQQINDA MƏSƏL (Luka 15:11-32)

Bu məsəl haqlı olaraq bütün zamanların və xalqların ən böyük hekayəsi adlandırılıb. Yəhudi qanunlarına görə, ata öz əmlakını sərbəst idarə edə bilməzdi. Böyük oğul mirasın üçdə ikisini, kiçik oğul isə üçdə birini alırdı (Qanunun Təkrarı 21:17). Atanın əmlak idarəçiliyindən təqaüdə çıxacağı təqdirdə ölümündən əvvəl əmlakını bölüşdürmək qərarı qeyri-adi hal deyildi. Lakin kiçik oğlunun tələbi çox insafsız idi. O, mahiyyət etibarilə, atasına «Sən öləndə onsuz da mülkü böləcəksən, var-dövlətdən payıma düşəni indi ver və icazə ver gedim» demişdi. Atası etiraz etmədi. O bilirdi ki, oğlu yalnız ehtiyaca düşəndə və nədənsə məhrum olanda nəsə öyrənəcək. Oğlunun tələbini kədərlə yerinə yetirdi. Oğul mülkdən öz payını götürüb, dərhal ata evini tərk etdi. Lakin o, qısa zamanda pullarını xərclədi və sonda donuzları otarmağa məcbur qaldı. Qanuna görə yəhudinin etməməli olduğu işlə məşğul oldu, çünki qanun donuz otaran hər kəsi lənətləyirdi. Burada İsa «...özünə gəlib...» deməklə günahkar bəşəriyyətə onun indiyə qədər aldığı ən böyük tərifi verdi. O, deyirdi ki, insan Allahsız yaşayanda, deməli, hələ özünə gəlməyib, hələ də özünü tapmayıb, əsl «mən»ini yalnız evinə qayıdanda tapır. İsa insanın dönməz günahkar olduğuna inanmırdı. O öyrədirdi ki, insanı lənətləməklə Allahı izzətləndirmək olmaz. O, inanırdı ki, insan Allahı tapmayana qədər özünü tam tapmamış olur.

Beləliklə, itmiş oğul evə qayıtmaq qərarına gəldi və atasından onu oğul kimi deyil, qul, müqaviləli qulluqçu, gündəlik fəhlə kimi geri almasını xahiş etdi. Adi qul ailə üzvü sayılırdı, müqaviləli qulluqçu isə istənilən an qovula bilərdi — onun ailədə heç bir hüququ yox idi. Budur, itmiş oğul evə qayıtdı. Əgər biz ən yaxşı yunan mətninin bir versiyasına nəzər salsaq görərik ki, atası oğluna işə götürmək haqqında danışmağa belə imkan vermədi, sözünü kəsdi və təşəbbüsü öz əlinə aldı. Burada geyim — şərəf və hörməti, üzük — səlahiyyəti simvollaşdırır. Çünki əgər hansısa şəxs başqasına möhürlü üzüyü verirdisə, deməli, hüquq və səlahiyyəti onun ixtiyarına vermiş olurdu. Ayaqqabı — oğlunun bütün hüquqlarının ona qaytarılmasının rəmzi idi, çünki ayaqqabı geyinən qullar yox, ailənin uşaqları idi. (Şimali Amerikanın zənci qullarının mahnılarından birində gözəl dövr haqqında xəyal edilərək belə sətir var: «Bir gün Allahın bütün övladlarının ayaqqabısı olacaq». Ayaqqabı onlar üçün azadlığı simvolizə edirdi). Sonra ziyafət təşkil edildi ki, hər kəs itmiş oğulun qayıdışına sevinsin.

Gəlin burada dayanaq və bu məsəldə hansı həqiqətlərin əks olunduğuna baxaq.

1. Bu məsəli itmiş oğul adlandırmaq olmaz. Çünki onun qəhrəmanı itmiş oğul deyil, sevən atadır. Burada oğulun günahından daha çox atanın sevgisindən bəhs edilir.

2. Bu məsəldən biz Allahın mərhəməti haqqında öyrənirik. Ata oğlunun qayıtmasını səbirlə gözlədi, çünki oğul hələ uzaqda ikən atası onu gördü. Oğul atasının evinə qayıdanda, atası onu qınamadan bağışladı. Bəzən insanlara bağışlanma minnət kimi bəxş olunur. Bundan daha pisi isə odur ki, bəzən insanı sözlə bağışlayır, amma eyhamla günahını xatırladırlar.

Bir dəfə ABŞ prezidenti Avraam Linkolndan soruşdular ki, üsyankar cənublular məğlub edilib, Amerika ailəsinə qayıtmağa məcbur ediləndə, onlarla necə rəftar olunacaq? Soruşanlar Linkolndan onun intiqam alacağını söyləyəcəyini gözləyirdilər, lakin o, belə cavab verdi: «Mən onlarla elə davranacağam ki, sanki onlar bizi heç vaxt tərk etməmişdi». Allahın məhəbbətinin möcüzəsi də ondadır ki, O bizimlə eyni cür davranır.

Lakin məsəl bununla bitmir. Böyük qardaş kiçik qardaşının qayıtmasına görə çox üzülür. Böyük qardaş günahkarın xilas olmaqdansa, məhv olmasını arzulayan, özünü isə saleh sayan fariseyləri simvollaşdırır. Böyük qardaş haqqında da bir neçə söz demək olar.

1. Onun davranışı göstərir ki, o, illər boyu atasına itaət etməyə ona can-dildən xidmət etmək kimi deyil, bir borcun yerinə yetirilməsi kimi baxırdı.

2. Onun davranışı onda şəfqət hissinin yoxluğunu göstərir. Onun fikrincə, itmiş oğul «mənim qardaşım» yox, «sənin oğlundur». O özünü haqlı hesab edənlərdən, başqalarına isə badalaq vuracaq insanlardan biri idi.

3. Onun pis düşüncələri var idi. Böyük qardaşa qədər heç kim fahişələrin adını çəkməmişdi. Şübhəsiz ki, o, qardaşını özünün gizlicə xəyal etdiyi günahlarda ittiham edirdi. Biz bir daha heyrətamiz bir həqiqətlə qarşılaşırıq: Allaha etiraf etmək — insanlara etiraf etməkdən daha asandır. Allah Öz hökmlərində bir çox dindar insanlardan qat-qat mərhəmətlidir. İnsanlar bağışlamaqdan imtina etdikdə belə, Allah bağışlaya bilər. Allahın bu cür sevgisi qarşısında biz ancaq Ona heyran ola, həmd edə və Onu sevə bilərik.

Üç itki

Sonda bir şey başa düşməliyik ki, bu üç səbəb eyni həqiqəti çatdırmağın üç yoludur. Onların arasında müəyyən fərqlər var. Axı qoyunlardan biri öz axmaqlığına görə itmişdi. O, düşünmədiyi üçün itmişdi. Əgər bir çox insan vaxtında düşünsəydi, günaha yol verməzdi. Sikkə itəndə, bunda da onun günahı yox idi. Bir çox insanlar haqq yolundan azdırılır, bundan əlavə, başqasına günah öyrədən də Allah qarşısında günah işlədir. Oğul bilərəkdən haqq yolundan azdı. O, amansızcasına atasına arxa çevirdi.

Allahın sevgisi insanı ağılsız əməllərinə, sınağa boyun əyməsinə, hətta qəsdən etdiyi üsyanına görə bağışlaya bilər.

Azərbaycan dilində Müqəddəs Kitab

İtmiş qoyun məsəli
(Matta 18:12-14)
1 Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. 2 Fariseylər və ilahiyyatçılar isə «bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir» deyə deyinirdilər.
3 Amma İsa onlara bu məsəli çəkdi: 4 «Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı? 5 Tapanda isə onu sevinclə çiyinlərinə qoyar. 6 Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: “Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!” 7 Sizə bunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq.
İtmiş pul məsəli
8 Yaxud on dirhəmi olan hansı bir qadın bir dirhəmini itirsə, çıraq yandırıb evi süpürərək onu tapanadək diqqətlə axtarmaz? 9 Tapanda öz rəfiqələrini və qonşularını çağırıb deyər: “Mənimlə birlikdə sevinin, itirdiyim dirhəmi tapmışam!” 10 Sizə bunu deyirəm: Allahın mələklərinin önündə də tövbə edən bir günahkara görə sevinc olur».
İtmiş oğul məsəli
11 İsa bunu da danışdı: «Bir adamın iki oğlu var idi. 12 Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da varını onların arasında bölüşdürdü.
13 Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi. 14 Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı. 15 Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi. 16 Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi.
17 Onda oğlan özünə gəlib dedi: “Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm! 18 Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: ‹Ata, mən göyə və sənə qarşı günah etdim. 19 Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et›”. 20 O durub öz atasının yanına getdi.
Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. 21 Oğul dedi: “Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm”. 22 Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın. 23 Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq! 24 Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı”. Beləliklə, şadlıq etməyə başladılar.
25 Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi. 26 O, nökərlərdən birini yanına çağırıb soruşdu: “Bu nədir?” 27 Nökər ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib”. 28 Böyük oğul isə hirsləndi və içəri girmək istəmədi. Atası bayıra çıxıb ona yalvardı. 29 Amma o, atasına belə cavab verdi: “Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə, qıymadın ki, dostlarımla şadlıq edim. 30 Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərf edib. Amma o qayıdanda sən onun üçün kökəldilmiş dananı kəsdin”. 31 Atası isə ona dedi: “Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir. 32 Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı!”»