1-6
Müjdədə İsanın Şənbə günü xəstələri sağaltması ilə bağlı yeddi hadisə qeyd olunur. Lukanın Müjdəsində biz Şimon Peterin qayınanasının (4:38), əli qurumuş adamın (6:6) və on səkkiz il beli bükülmüş qadının (13:13) sağalmasını gözdən keçirdik. Bundan əlavə, Yəhya Bet-Xasda hovuzunda iflic olan bir adamın (Yəhya 5:9) və anadangəlmə korun (Yəhya 9:14) sağalması hekayəsindən bəhs edir. Mark Kefernahum sinaqoqunda cinə tutulmuş adamın başqa bir sağalmasından danışır (Mark 1:21).
Belə möcüzəvi şəfaların siyahısı İsaya qarşı sevgi oyatmalı idi. Lakin faciə ondadır ki, Şənbə günü İsa vasitəsilə baş verən şəfalar qanunşünasların və fariseylərin İsaya qarşı nifrətini getdikcə daha da artırırdı. Onlar əmin idilər ki, qarşılarında təhlükəli və şübhəli bir Şəxs dayanır və Onu nəyin bahasına olursa-olsun, dayandırmaq lazımdır. İsanın başına gələnləri başa düşmək üçün nəzərə almaq lazımdır ki, o dövrün ortodoksal yəhudiləri Onu qanunu pozan hesab edirdilər. Çünki O, Şənbə günü şəfa verir, deməli, Şənbə günü işləyir və beləcə qanunu pozurdu.
Budur, Şənbə günü bir farisey İsanı nahara dəvət etdi. Qanunda həmin Şənbə yeməyini tənzimləyən çoxlu kiçik qaydalar var idi. Sözsüz ki, Şənbə günü yemək hazırlamaq qadağan idi. Bu, iş hesab olunurdu. Bütün yeməklər cümə günü hazırlanmalı idi. Əgər yemək isti veriləcəkdisə, onu elə saxlamaq lazım idi ki, yenidən qızdırmağa ehtiyac olmasın. Beləliklə, Şənbə gününə qədər saxlanmalı olan yeməklərlə bağlı normalar tərtib edilmişdi: yeməyin quru və sulu olmasından asılı olmayaraq, onu «yağa, peyinə, duza, təbaşirə və ya qumun içinə qoymaq olmaz. Eləcə də yeməyi nəm saman, dəri və ya yaş tərəvəzlərə qoymaq olmaz, yalnız quru saman, dəri və tərəvəzlərə qoymaq olar. Yeməyi paltara, tutuquşunun lələklərinə və ya kətan kəndirə büküb, meyvələr arasına qoymaq olar». Məhz belə qaydalara riayət edilməsini fariseylər və qanunşünaslar dinin vacib cəhəti hesab edirdilər. Onların İsanı başa düşməməsində təəccüblü heç nə yoxdur. Ola bilsin ki, fariseylər İsanın nə edəcəyini öyrənmək üçün hidropos22 xəstəliyinə tutulan adamı qəsdən evinə gətirdilər. Onlar İsaya göz qoyurdular. Göz qoymaq sözü orijinalda «maraq və xaincəsinə nəzarət» deməkdir. İsa güclü nəzarət altında idi. Bununla belə, İsa tərəddüd etmədən xəstəni sağaltdı. İsa onların nə düşündüklərini yaxşı bilirdi, onlara öz qanunlarından sitat gətirdi və həyat təcrübələrindən misal çəkdi. İsraildə, adətən, quyular açıq idi və dəfələrlə bədbəxt hadisəyə səbəb olurdu (Çıxış 21:33 ilə müqayisə edin). Qanun və təcrübə quyuya düşmüş heyvanı xilas etməyə icazə verirdi. İsa kəskin və istehza ilə soruşdu: «Əgər Şənbə günü heyvana kömək etmək olarsa, bəs niyə insana kömək etmək olmaz?»
Bu hissədən biz İsa və Onun əleyhdarları haqqında nəsə öyrənirik.
1. Bu hissə İsanın hər şeyə necə səbirlə yanaşdığını göstərir. Daim xaincəsinə nəzarət altında olmaqdan daha dözülməz və əzabverici bir şey yoxdur. Belə vəziyyətlərdə insanlar çox vaxt özlərinə nəzarəti itirir, çünki əsəbləri buna tap gətirmir. Onlar əsəbi olurlar. Əsəbilikdən daha ağır günahlar olsa da, heç bir günah bu qədər ağrı və iztirab doğurmur. Lakin belə vəziyyətlərdə insanların əksəriyyəti daxilən sınsa da, İsa sakit qaldı. Biz Məsihlə yaşayanda, O bizi də eyni mükafatla mükafatlandıra bilər.
2. Qeyd etmək lazımdır ki, İsa heç vaxt qonaqpərvər insanların dəvətlərini rədd etməmişdir. O, sona qədər insanlarla görüşməyə can atırdı. İnsanları dəyişmək və ya onları Özünə cəlb etmək ümidi zəif olsa da, O, heç vaxt ən kiçik fürsəti belə əldən vermirdi. O, hətta düşməninin dəvətini belə rədd etməzdi. Axı düşmənlərlə görüşüb söhbət etməkdən imtina etsək, onları dosta çevirmək mümkün olmaz.
3. Qanunşünaslarda və fariseylərdə ən diqqət çəkən cəhət — onların sağlam düşüncəyə malik olmaması idi. Onlar əhəmiyyətsiz norma və qaydalarını formalaşdırmaq və yerinə yetirmək üçün hər şeyə hazır idilər, lakin Şənbə günü xəstənin vəziyyətini yüngülləşdirməyi günah hesab edirdilər.
Əgər möminin yalnız bir xahişinin yerinə yetirilməsinə icazə verilsəydi, o, müdrikcəsinə sağlam düşüncə istəyərdi. Çox vaxt bir cəmiyyətdə sülh xırdalıqlara görə pozulur. Məhz onlar çox vaxt «insanları bir-birindən ayırır və bir-birini sevmək əmrini pozur». Ağıllı insan bu xırdalıqlara əhəmiyyət verməz. Həyatı o qədər xırdalıqlarla doldurmaq olar ki, heç bir işıq yeri görünməsin. Yalnız vacib problemlərə əhəmiyyət verəndə, hər şey öz yerinə düşəcək, məhəbbət isə birinci olacaq.
7-11
İsa qonaqlara əbədi həqiqəti çatdırmaq üçün adi nümunədən istifadə etdi. Əgər ziyafətə hansısa daha az hörmətli qonaq digərlərindən tez gəlib süfrə başında oturardısa, birdən ondan daha hörmətli biri gələrsə, ev sahibi süfrə başında oturan qonağa «Bu adama yer ver» deyərsə, son dərəcə xoşagəlməz bir vəziyyət yaranardı. Yox, əgər qonaq bilərəkdən aşağı başda əyləşərsə, ev sahibi də onu daha şərəfli bir yerə dəvət edərsə, qonağın təvazökarlığı ona daha da şərəf gətirər.
Təvazökarlıq həmişə böyük insanları fərqləndirən əlamət olub.
Məsələn, ingilis yazıçısı Tomas Hardi kifayət qədər məşhur olanda, istənilən qəzet və ya jurnal onun əsərlərini dərc etmək üçün çoxlu pul ödəməyə hazır idi. Onda hər dəfə o, şeirlərini göndərəndə, redaktorun onları qəbul etməkdən imtina etməsi halında, hər ehtimala qarşı ünvan və möhür olan bir zərf əlavə edirdi. Hətta məşhur olmasına baxmayaraq, o, yazılarının rədd edilə biləcəyini etiraf edəcək qədər təvazökar idi.
Dahi və məşhur bir insan haqqında deyirdilər ki, o, heç vaxt zala birinci girməzdi, amma həmişə belə deyərdi: «Əvvəlcə siz buyurun, daha sonra mən». Bir dəfə səhnəyə çıxanda zal ucadan alqışlara qərq oldu. Onda o, ayaq saxlayıb, onun arxasınca gedən adamı qabağa buraxdı, sonra kənarda dayanıb, həmin adamı alqışlamağa başladı. Onun ağlına belə gəlmirdi ki, əslində, alqışlar onun üçündür. O, alqışların başqası üçün nəzərdə tutulduğunu fikirləşirdi. Yalnız kiçik insan böyük olduğunu düşünür.
Bəs təvazökar necə qalmaq olar? Bunun üçün nə lazımdır?
1. Birincisi, bəzi həqiqətləri unutmamalıyıq. Nə qədər bilikli olsaq da, biliyimiz bütün bəşəriyyətin ümumi biliyi ilə müqayisədə azdır. Hətta çox şey əldə etsək də, yenə də azdır. Özümüzə nə qədər qiymət versək də, öləndə və ya xidmətdən ayrılanda, həyat və iş həmişəki kimi öz axarı ilə davam edəcək.
2. İkincisi, hər şeyi mükəmməllə müqayisə etmək lazımdır. Yalnız mütəxəssisi dinləyəndə, biliklərimizin nə qədər az olduğunu anlayırıq.
Bir çox qorodki23 oyunçuları növbəti çempionatdan sonra toxmaqlarından imtina ediblər. Çoxları dahi musiqiçinin ifasına qulaq asandan sonra, çıxış etməkdən imtina ediblər. Rixard Vaqnerin bir çox müasirləri onun ifa etdiyi musiqi, dram və epik mətnin vəhdətini misilsiz hesab edərək, opera yazmaqdan imtina ediblər. Bir çox təbliğçilər əsl müqəddəsin Allah haqqında necə danışmasını dinlədikdən sonra özlərini əhəmiyyətsiz hesab edərək məyusluğa qapılıblar. Əgər öz həyatımızı Rəbbin həyatı ilə, ləyaqətsizliyimizi Onun qüsursuz paklığı ilə müqayisə etsək, qürurumuz və lovğalığımız yox olacaq.
12-14
Bu hissə xüsusi diqqətə layiqdir, çünki burada İsa bizim səxavətimizin niyyətini yoxlamağı tələb edir.
İnsan özünü borclu hissi etdiyi üçün verə bilər. Axı biz çox vaxt Allaha və insanlara vergi ödədiyimiz kimi veririk.
2. Digərləri şəxsi mənfəətlərinə görə verirlər. Şüurlu və ya şüursuz olsa da, onlar ianələrinə investisiya kimi baxırlar. Onlar öz bəxşişlərinin həyat kitabının sağ tərəfinə yazılmasını Allahın verəcəyi töhfə kimi görürlər.
Xəzinəyə bir qəpik qoyaraq,
Təvazökarlıqla göylərə baxdı,
Elə düşündü ki, bu, bir həftəlik töhfə
Cənnətdə əbədi həyat üçün girovdur.
Belə bəxşişin səxavət və mərhəmətlə heç bir əlaqəsi yoxdur, sadəcə dərrakəli eqoizmin təzahürüdür.
3. Başqaları qürur hissi ilə verirlər. Belə bəxşiş qorxulu ola bilər. Bu halda həmin adama «yox» demək daha yaxşıdır, nəinki ona qürurla bəxşiş vermək. Çünki bəxşiş verən şəxs verdiyi şəxsə yuxarıdan aşağı baxır. O, hətta özündən razı şəkildə ona dərs verə bilər. İnsanlar üzərindəki səlahiyyətini nümayiş etdirərək verməkdənsə, heç verməmək daha yaxşıdır. Ravvinlər deyirdi ki, ən yaxşı bəxşiş — gizli olan bəxşişdir. Çünki bəxşişin kimə verilməsi, alanın isə onu kimdən aldığını bilməməsi yaxşıdır.
4. Digərləri verməyə bilmədikləri üçün verirlər. Bu yeganə həqiqi xeyir-duadır. Allahın Padşahlığının qanununda deyilir: mükafat almaq üçün verən şəxs onu almayacaq; lakin heç bir mükafat düşünmədən verən adam layiqincə mükafatlandırılacaqdır. Əsl bəxşiş — sevgi dolu ürəkdən gələn bəxşişdir. Bir yazıçı minnətdarlığı «hələ çiçəklənməmiş çiçəklərin xoş qoxusu» kimi tərif edirdi. Eynilə bəxşişlərin də bəzi formaları müəyyən edilə bilər. Lakin Allah dünyanı sevdiyi üçün ona xeyir-dua verir. Biz də eynisini etməliyik.
15-24
Yəhudilər Allah zühur edəndə nə baş verəcəyi ilə bağlı bir sıra ənənəvi fikirlərə malik idilər. Onlar Allahın bəşər tarixinin gedişinə birbaşa müdaxilə edəcəyini və yeni əsrin qızıl dövrünün başlayacağını gözləyirdilər. Onların təsəvvürlərindən biri Məsihin ziyafəti ilə bağlı idi. Həmin gün Allah öz seçilmiş xalqı üçün böyük bir ziyafət təşkil edəcək və orada başqa yeməklərlə yanaşı, nəhəng su heyvanı Livyatandan hazırlanan yeməklər də təqdim olunacaq. İsa Məsihə iman edən şəxs məhz bu ziyafət haqqında düşünürdü. Onlara görə, İsa qonaqların yaşadıqları xoşbəxtlikdən danışarkən yəhudiləri nəzərdə tuturdu. Çünki adi ortodoksal yəhudi heç vaxt təsəvvürünə belə gətirməzdi ki, bütpərəstlər və günahkarlar Allahın bu ziyafətinə dəvət oluna bilər. Buna görə də İsa onlara bu məsəli söylədi. İsraildə ziyafət təşkil edən adam bu barədə əvvəlcədən xəbər verir, dəvətnamələr paylayır, lakin ziyafətin saatını göstərmirdi. Müəyyən olunmuş saatda, hər şey hazır olanda, ağa qullarını qonaqları çağırmaq üçün göndərirdi. Dəvəti qəbul edib sonra isə getməkdən imtina etmək ev sahibini ağır təhqir etmək demək idi.
Məsəldə ev sahibi — Allahdır. Dəvət olunan qonaqlar isə yəhudilərdir. Yəhudilər ömrü boyu Allahın birbaşa tarixə müdaxilə edəcəyi günü xəyal edirdilər. Lakin Allah bunu edəndə, yəhudilər Onun dəvətini rədd etdilər. Küçələrdən və döngələrdən dəvət olunan yoxsullar — vergiyığanlar və günahkarlar İsanı, sadiq yəhudilərin heç vaxt etmədiyi kimi, səmimiyyətlə qarşıladılar. Yollar və çəpərlər boyunca dəvət olunan insanlar bütpərəstlərdir, onlar üçün Allahın ziyafətində hələ çox yer var. Müqəddəs Kitab məşhur şərhçisinin dediyi kimi, «təbiət və lütf boşluğa qarşı müqavimət göstərir». Buna görə yəhudilər Allahın dəvətini rədd edəndə Onun süfrəsi boş qaldı, onda Allah başqa millətlərə dəvət göndərdi.
Lakin təəssüf ki, məsəldəki dəvət anlayışı bir zamanlar səhv başa düşüldü və təfsir olundu. Qəzəblənən ev sahibi dedi: «Get... gəlməyə vadar et». Bir vaxtlar Avqustin bu cümləni dini təqiblərə haqq qazandırmaq üçün istifadə etmişdi. Bu ifadə insanları zorla Məsihi qəbul etmək əmri kimi şərh edilmişdir. Ondan inkvizisiyaya, barmaqların sıxılması, ölüm və həbs təhlükəsi, bidətçilərə qarşı yürüşlərə — məsihçiliyin utanmalı olduğu hər şeyə haqq qazandırmaq üçün istifadə edilmişdir. Biz həmişə bu mətni başqa — «Bizi məcbur edən Məsihin məhəbbətidir» (2Korinflilərə 5:14) mətni ilə birgə oxumalıyıq. Allahın Padşahlığı yalnız bir şeyi — sevməyi təşviq edir. Məsəldə Allahın dəvətini rədd edən yəhudilər üçün açıq bir təhlükə və günahkarların, rədd edilmişlərin və bütpərəstlərin heç vaxt yuxularında belə görmədikləri gözəl izzətə nail olacaqlarından başqa, əbədi və mühüm həqiqətlər var. Məsəldə dəvət olunmuş qonaqlar imtina ilə bərabər öz bəhanələrini də çatdırırlar. Bu gün insanlar eyni bəhanələri gətirirlər.
1. Birincisi dedi ki, torpaq alıb, gedib ona baxmalıdır. O öz işlərini Allahın dəvətindən üstün tutdu. Bizim dövrümüzdə də insanlar dünyəvi işlərlə o qədər məşğuldurlar ki, onlar ibadət və duaya vaxt tapmırlar.
2. İkincisi beş cüt öküz aldığını və onları yoxlamalı olduğunu qeyd etdi. O, yeniliyi və öz marağını Məsihin çağırışından üstün tutdu. Çox vaxt yeni əmlak əldə edən insanların başı maddi şeylərə o qədər qarışır ki, ibadətdə iştirak etməyə vaxt tapmırlar. Elə insanlar var ki, yeni maşın alıb belə deyirlər: «Əvvəllər bazar günləri biz kilsəyə gedirdik, indi isə bütün günü şəhərdən kənara çıxırıq». Biz yeni oyunlara, yeni hobbilərə, hətta yeni dostlara Allaha məxsus vaxtımızı necə də asanlıqla ayırırıq.
3. Üçüncüsü qısa və qətiyyətlə dedi: «Mən yeni evlənmişəm, gələ bilmirəm». Əhdi-Ətiqin heyrətamiz və mərhəmət dolu qanunlarından biri belə səslənir: «Təzə evlənən adam döyüşə getməsin. Ona heç bir iş tapşırmayın. Qoy bir il evində sərbəst qalıb aldığı arvadı sevindirsin» (Qanunun Təkrarı 24:5). Güman ki, dəvətdən imtina edən bu adam həmin qanuna istinad edirdi. Təəssüf ki, yaxşı işlər Allahın çağırışının üstündən xətt çəkir. İnsanın evi — ən rahat yerdir, amma ondan eqoistcəsinə istifadə etmək təhlükəlidir. Axı daxilində Allahla sülhdə yaşayan, nikahda da sülhdə yaşayan insan olacaq. Qardaşlarına kömək edənlər bir-biri üçün faydalıdır. Evin mühiti o zaman bərəkətli olur ki, orada yaşayanlar Allahın ailəsinin üzvü olduqlarını unutmurlar.
Allahın Padşahlığının ziyafəti
Növbəti hissəyə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, 1-14-cü ayələr ziyafət və şam yeməyindən bəhs edir. İsanın Öz Padşahlığını və oradakı xidmətini bayram, ziyafət kimi təsəvvür etməsi olduqca heyrətamizdir. Allahın Padşahlığı həyatda ən sevincli səbəbdir. Düzdür, bunu həyatda sevinməkdən qorxan məsihçilərin şiddətli qınanması kimi qiymətləndirmək olar. Çünki hər dövrdə özlərini həyatın bütün gözəlliklərindən məhrum edən məsihçilər olub. Roma imperatoru Mürtəd Yulian günəş parıldasa da, onu heç vaxt görməyən solğun və zəif məsihçilər haqqında danışırdı.
İngilis şairi Suinbern də İsa Məsihin nüfuzunu belə sözlərlə ləkələyirdi:
«Sən qalib gəldin, ey solğun bənizli Qalileyalı,
Dünya da Sənin boz nəfəsinə çevrildi».
Sərt mühitdə böyüyən digər ingilis yazıçısı Con Reskin danışır ki, bir dəfə ona əl ilə idarə olunan gəlincik hədiyyə verildi, lakin dindar xalası gəlinciyi onun əlindən alaraq demişdi: «Məsihçi uşaqların oyuncaqlara ehtiyacı yoxdur». Hətta A.B.Bryus kimi böyük və ağıllı bir alim İsanın oynadığını və ya gülümsədiyini təsəvvür edə bilmədiyini söyləmişdir. İngiltərədə metodist hərəkatının banisi Con Veslinin səhvlərindən biri də onun Bristol yaxınlığındakı Kinqsvudda bütün oyunların, hətta həyətində belə oyunların qadağan edildiyi məktəb qurması idi. Onun fikrincə, «uşaqlıqda oynayan yetkinlikdə də oynayar». Həmin məktəbdə tətil də yox idi. Uşaqlar səhər saat dörddə yuxudan oyanır, günün ilk saatlarını duada keçirirdilər. Cümə günləri isə günorta saat üçə qədər oruc tuturdular. Bu sistem tənqidçilər tərəfindən insanın təbiətinə zidd dəlilik kimi qiymətləndirilirdi.
Unutmayaq ki, İsa Allahın Padşahlığını ziyafətə bənzədirdi. Qəmginlik məsihçiyə ziddir. Böyük ingilis filosofu Lokk sevinci «insanın birdən-birə üzərinə tökülən gözəllik» adlandırır. Elə bir sevinc yoxdur ki, məsihçiyə qadağan edilsin. Çünki o, həmişə toy ziyafətində olan insana bənzəyir.
25-33
İsa bunu Yerusəlimə gedərkən söylədi. O bilirdi ki, Çarmıxa çəkilməyə gedir. Onun ardınca gələn izdiham isə düşünürdü ki, O, tezliklə padşah taxtına çıxıb hökmdarlıq edəcək. Məhz buna görə İsa bunu onlara söylədi. Məsih onlara aydın şəkildə izah etdi ki, Onun ardınca gedən insanı səlahiyyət və izzət gözləmir, ondan İsaya sadiqliyini sübut etməyə hazır olması gözlənilir. Bunun üçün insan həyatda dəyərli olan hər şeyi qurban verməli, Çarmıxda can çəkişməyə bənzər iztirablara hazır olmalıdır.
İsanın sözü laqeyd və hərfi mənada qəbul edilməməlidir. Təsəvvürlərimiz onları başa düşməyə kömək edə bilər. Şərq dillərində məcazi məna çox istifadə olunur. Onlar sadə insan üçün başa düşülən və əlçatandır. İsa yaxınlarına nifrət etmək barədə danışanda, əslində, bizim Ona bəsləməli olduğumuz məhəbbətin heç bir başqa məhəbbətlə müqayisə oluna bilməyəcəyini nəzərdə tutur.
Bu hissədə iki mühüm həqiqət var.
1. İsanın ardınca Onun şagirdi olmadan getmək, əsgər olmadan ordunu müşayiət etmək olar. İnsan güc sərf etmədən hər hansı bir işin tərəfdarı ola bilər. Bir dəfə bir alim tələbə haqqında belə demişdi: «O mənim mühazirələrimdə iştirak etsə də, mənim tələbəm olmayıb». Qərb imanlı cəmiyyətlərinin çatışmayan cəhətlərindən biri ondan ibarətdir ki, orada İsa Məsihin təsadüfi yol yoldaşları çox olsa da, həqiqi şagirdləri azdır.
2. İsanın ardınca getmək niyyətində olan adam, ilk növbədə, hər şeyi götür-qoy etməlidir. Bu məsəldəki adamın inşa etmək istədiyi qüllə, çox güman, üzüm bağı üçün idi. Belə gözətçi qüllələri çox vaxt məhsulu oğrulardan qorumaq üçün üzüm bağlarında tikilirdi. Natamam tikinti həmişə yararsız olur.
İnsan istənilən işə başlayanda hər zaman riskləri nəzərə almalıdır. Şotlandiya kilsəsinin standartlarına uyğun olaraq həyata keçirilən nikah mərasiminin əvvəlində vaiz deyir: «Evlilik düşünmədən və ağılsızlıqla deyil, düşünülərək, ehtiram və Allah qorxusu ilə bağlanır». Həm kişi, həm də qadın hər şeyi ölçüb-biçməlidir.
Eləcə də Məsihin ardınca gələn şəxs eyni şeyi etməlidir. Əgər kimsə Məsihin onun qarşısına qoyduğu tələblərdən qorxursa, bilməlidir ki, bu yolda o, tək deyil. Onu dar və çətin yolda çağıran Şəxs hər addımda onunla olacaq və yolun sonunda onu qarşılayacaq.
34-35
Bəzən İsanın sözləri təhlükə kimi səslənir. Əgər insan həmişə başqalarında nöqsan tapırsa, tənqid və şikayət edirsə, tezliklə o, hər şeydən narazı qalacaq, qəzəbi mənasız və təsirsiz olacaq. Ancaq həmişə sevgi ilə davranan adam birdən-birə ciddi danışmağa başlasa, o zaman onun demək istədiyini mütləq dinləməyə başlayacağıq. İsa, əslində, belə deyir: bir əşya öz keyfiyyətini itirirsə və məqsədini yerinə yetirə bilmirsə, onu atmaqdan başqa çarə qalmır.
İsa burada məsihçi həyatının rəmzi kimi duzdan istifadə edir. Duzun ən vacib xüsusiyyətləri hansılardır? İsraildə duzu ən çox aşağıdakı məqsədlər üçün istifadə edirdilər:
1. Duzdan konservləşdirici vasitə kimi istifadə edirdilər. O, ən qədim konservləşdirici vasitə kimi tanınır. Yunanlar deyirdilər ki, duz ölü əşyaya yeni can verir. Duzsuz yemək xarab olur, duz isə yeməyi təzə saxlayır. Bu o deməkdir ki, məsihçiliyin vəzifəsi dünyanı xarab olmaqdan və tənəzzüldən qorumaqdır. Məsihçi öz dostlarının və həmkarlarının, imanlı cəmiyyəti isə millətin vicdanına çevrilməlidir. Məsihçi elə adam olmalıdır ki, yanında şübhəli hekayələr danışılmasın, ikimənalı sözlərdən istifadə olunmasın, vicdansız bir hərəkət edilməsin. O öz ətrafına yaxşı təsir göstərməlidir. İmanlı cəmiyyəti qorxmadan bütün pislikləri pisləməli və yaxşı olan hər şeyi dəstəkləməlidir. İmanlı cəmiyyəti nə insanların qorxusuna, nə də xarici mənfəət naminə susmalıdır.
2. Duz ədviyyat kimi istifadə olunurdu. Duzsuz yemək — çox dadsız olur. Məsihçi həyata dad gətirən şəxs olmalıdır. Başqalarını ruhdan salan və insanlara qaranlığa qərq edən məsihçilik — əsl məsihçilik deyil. Məsihçi öz cəsarəti, ümidi, şənliyi və xeyirxahlığı ilə insanların həyatına yeni bir maraq gətirən şəxsdir.
3. Duz gübrə kimi istifadə olunurdu. Duz faydalı bitkilərin yetişdirilməsini asanlaşdırırdı. Məsihçi insanların daha yaxşı olmasına kömək etməli və pis insanların pis olmasına mane olmalıdır. Biz hamımız elə insanlar tanıyırıq ki, onların yanında heç vaxt özümüzə müəyyən şeylər etməyə icazə vermirik. Eləcə də, əksinə, elə insanlar tanıyırıq ki, onların yanında tək olanda heç vaxt etməyəcəyimiz işləri edirik. Elə əxlaqlı insanlar da var ki, onların yanında yaxşılıq etmək, şən, mehriban və cəsarətli olmaq asandır. Məsihçi səmavi nemətlə elə nəfəs almalıdır ki, onun yanında xeyirxah əməllər çiçəklənsin, pis əməllər isə solsun. Bu, məsihçinin çağırışıdır. Əgər o, yüksək məqsədinə etinasız yanaşırsa, onda onun həyatının heç bir mənası yoxdur. Faydasızlıq — bədbəxtlik gətirir. Qulağı olan eşitsin (Matta 11:15).