Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 13-cü fəsil

V. Barklinin şərhləri

13-cü fəsil

1-5

ƏZAB VƏ GÜNAH (Luka 13:1-5)

Burada iki fəlakətdən bəhs edilir ki, onlar haqqında dəqiq məlumatımız yoxdur, biz onlar haqqında yalnız fərziyyə irəli sürə bilərik.

Birincisi, burada Pilatın qurban gətirən zaman öldürdüyü qalileyalılar xatırlanır. Gördüyümüz kimi, qalileyalılar həmişə hansısa siyasi məsələlərə qarışmaq təhlükəsi ilə üzləşirdilər, çünki onlar təbiətlərinə görə çox üsyankar idilər. Məhz həmin vaxt Ponti Pilatın başı ciddi bəlada idi. O, haqlı olaraq qərara gəldi ki, Yerusəlimin yeni, daha yaxşı su təchizatı sisteminə ehtiyacı var. Pilat onu tikməyi və tikintini Məbədin pulu ilə ödəməyi təklif etdi. Bu, ağlabatan qərar idi və xərclər obyektiv əsaslandırılırdı. Ancaq bu iş üçün Məbədin pulunu xərcləmək fikri yəhudilərin şiddətli müqavimətinə səbəb oldu. Camaat toplaşmağa başlayanda Pilat əsgərlərinə əmr etdi ki, onların aralarına girib camaatı dağıtsınlar. Onlar belə də etdilər. Lakin əsgərlər onlara verilən əmrdən daha çox zorakılığa yol verdilər və nəticədə çoxlu yəhudi öldürüldü. Çox güman, qalileyalılar üsyanda iştirak edirdilər. Biz bilirik ki, Ponti Pilat və Hirod düşmən münasibətində idi və yalnız Pilat İsa Məsihi Hirodun məhkəməsinə göndərəndən sonra onlar barışdılar (Luka 23:6-12). Ola bilsin, Pilatla Hirod arasındakı düşmənçilik bu hadisələrdən sonra olub.

Şiloah qülləsinin on səkkiz adamın üstünə aşmasına gəlincə, bu məsələ daha qaranlıqdır. Azərbaycan dilindəki Müqəddəs Kitabda, digərlərində olduğu kimi, onlar günahkar adlandırılır. Lakin bəzi ilahiyyatçılar hesab edirlər ki, onları günahkar deyil, borclu adlandırmaq lazımdır. Bəlkə də bu tapmacanın açarı məhz bundadır. Belə fərziyyə olunurdu ki, onlar, doğrudan da, yəhudilərin nifrət etdiyi Pilatın su kəmərində işləyirdilər. Belə olan halda, qazanılan pullar Allaha məxsus idi, buna görə də, könüllü şəkildə Ona qaytarılmalı idi. Axı onlar Allahdan oğurlanmışdı. Çox güman, xalq arasında yayılan şayiələr qüllənin dağılmasını və on səkkiz nəfərin ölümünü onların gördüyü işlərlə əlaqələndirirdi.

Lakin bu hissə təkcə tarixi xarakterli problemləri əks etdirmir. Yəhudilərdə günah və əzab bir-biri ilə sıx əlaqəli idi. Bir vaxtlar Elifaz Əyyub peyğəmbərə demişdi: «Kimdir günahsız məhv olan? İndi yada sal» (Əyyub 4:7). Bu qəddar və ürək ağrıdan bir fəlsəfə idi. Əyyub peyğəmbər də bunu yaxşı başa düşürdü. Lakin İsa bu fəlsəfəni fərdi şəxsə münasibətdə kəskin şəkildə inkar edirdi. Bildiyimiz kimi, ən çox əziyyət çəkən möminlərdir. İsa Məsih daha sonra dinləyicilərinə deyir ki, əgər tövbə etməsələr, onlar da həlak olacaq. O, bununla nə demək istəyirdi? Ən azı bir şey aydındır: O, eramızın 70-ci ilində Yerusəlimin dağıdılmasını qabaqcadan görmüş və bu barədə xəbərdarlıq etmişdir (Luka 21:21-24 ilə müqayisə edin). İsa əvvəlcədən görmüşdü ki, əgər yəhudilər öz intriqalarını, üsyanlarını, sui-qəsdlərini, siyasi məqsədlərini davam etdirsələr, onlar milli intihara məruz qalacaqlar. O, dərk edirdi ki, sonda Roma müdaxilə edib bu xalqı məhv edəcək. Məhz belə də oldu. İsanın sözlərinin mahiyyəti odur ki, yəhudilər yer üzündə səltənət və hökmranlıq üçün səy göstərib, Allahın Padşahlığını inkar etsələr, onların aqibəti dəhşətli olacaq.

Sualın bu cür ifadəsi ilk baxışda paradoksal vəziyyət yarada bilər. İsa demək istəyirdi ki, fərdi insana münasibətdə günah və əzab bir-biri ilə əlaqəli deyil; lakin bütün xalqın günahı və əzabı bir-biri ilə bağlıdır. Yanlış yol seçən xalq sonda bunun üçün əziyyət çəkəcək. Amma tək deyil və təkbaşına mövcud ola bilməz. Bu, xalqın həyatı ilə sıx bağlıdır. İnsan tez-tez öz xalqının seçdiyi yola və zorakılığa etiraz edir, lakin nəticələrindən qaçmaqda acizdir. Beləcə insan istəmədiyi vəziyyətin qurbanı olur. O, əzab çəkməsində günahkar deyil, iztirablar onun səhvindən qaynaqlanmır. Xalq birliyi təmsil edir, o öz yolunu seçir və buna uyğun olaraq da öz seçiminin bəhrəsini biçir. Şəxsi əzabları günaha bağlamaq düzgün deyil. Lakin əminliklə demək olar ki, Allahın iradəsinə tabe olmaqdan boyun qaçıran xalq istər-istəməz fəlakətə uğrayacaq.

6-9

DAHA BİR FÜRSƏT HAQQINDA MÜJDƏ VƏ SON FÜRSƏTİN TƏHLÜKƏSİ (Luka 13:6-9)

Qarşımızda həm mərhəmət saçan, həm də dəhşətli xəbərdarlıq kimi səslənən bir məsəl var.

1. Əncir ağacının böyüməsi üçün hər şərait var idi. Üzüm bağında əncir, alma ağaclarını və qaratikanları görmək qeyri-adi hal idi. Ağaclar böyüməsi üçün kifayət qədər torpaq olan hər yerdə əkilirdi. Budur, qarşımızda bir fakt dayanır: əncir ağacı böyümək və meyvə vermək üçün əlverişli imkanlara baxmayaraq, onlardan istifadə etməmişdir. İsa dəfələrlə həm birbaşa, həm də dolayı yolla insanlara xatırladırdı ki, onlara verilmiş imkanlardan necə istifadə etdiklərinə görə mühakimə olunacaqlar. Bizim dövrümüzdə belə bir deyim var: «Bizim əlimizdə məktəblilərin məsuliyyətsizliyi ilə istifadə etdiyimiz tanrıların qüdrəti və səlahiyyəti var». Heç bir nəslə bizdəki qədər əmanət verilməyib. Buna görə də biz Allahın qarşısında misli görünməmiş məsuliyyət daşıyırıq.

2. Məsəldə deyilir ki, bəhrəsizlik bədbəxtlik gətirir. Belə iddia olunur ki, bizim dünyamızda bütün təkamül prosesi faydalı bir şey yaratmağa yönəlib. Bundan başqa, əldə edilən faydalı keyfiyyətlər və xassələr birləşib möhkəmlənir, faydasız olan hər şey isə məhv olur. «Bu dünyaya nə fayda gətirmisən?» kimi sual təsirli ola bilər.

3. Bu məsəl həm də öyrədir ki, həyatda öz mənfəətini güdənlər xeyir-duaya sahib ola bilməzlər. Əncir ağacı torpaqdan güc və mineral maddələr alırdı, lakin heç bir bəhrə gətirmirdi. Onun günahı bunda idi. Nəticə etibarilə, əksər insanları da həyatdan daha çox qazanıb, az qoyanlar və az qazanıb daha çox qoyanlar kimi iki yerə bölmək olar.

Müəyyən mənada hamımız həyata borcluyuq. Biz bu dünyaya kiminsə həyatını riskə atmaq bahasına gəlirik və sevdiyimiz insanların qayğısı olmadan heç vaxt sağ qala bilməzdik. Bizim iştirakımız olmadan biz sivilizasiyanı və azadlığı miras aldıq. Ancaq biz dünyanı əvvəlkindən daha yaxşı etməyə borcluyuq. Avraam Linkoln deyirdi: «İstəyirəm mən öləndə desinlər ki, mən alaq otlarını çıxarıb, böyüyəcəyini düşündüyüm hər yerdə çiçəklər əkmişəm». Bir tələbəyə mikroskopla bakteriya göstərildi. Tələbə bakteriyaların bir nəslinin necə yaranıb məhv olduğunu, sonra isə onların yerini tutan yeni nəslin yarandığını öz gözləri ilə gördü. O, bir nəslin digərini necə əvəz etdiyini seyr edirdi. Sonda o dedi: «Gördüklərimdən sonra nəsil zəncirinin zəif bəndi olmamaq üçün əlimdən gələni etməyə çalışacağam».

10-17

MƏRHƏMƏT QANUNDAN ÜSTÜNDÜR (Luka 13:10-17)

Bu, İsanın sonuncu dəfə sinaqoqa baş çəkməsi idi. Aydındır ki, həmin vaxt baş kahinlər Onun hər bir hərəkətini izləyir və Onu tutmaq üçün əlverişli zaman gözləyirdilər. Budur, İsa on səkkiz il beli bükülü qalan qadını sağaltdı. Bundan sonra sinaqoqun rəisi çıxış etdi. Onun sözləri İsaya ünvanlansa da, o, etirazını birbaşa İsaya deməyə cəsarət etmədi, amma şəfa almaq üçün öz növbəsini gözləyən insanlara üz tutdu. Çünki İsa bu qadına Şənbə günü şəfa vermişdi. Şəfa isə həmin günü iş hesab olunurdu. Buna görə də İsa Şənbə gününün qanununu pozmuşdu. Lakin İsa Öz əleyhdarlarına onların qanunlarına istinad edərək cavab verdi. Ravvinlər dilsiz heyvanlara qarşı amansız rəftarı pisləyirdilər. Hətta qanun Şənbə günü heyvanları tövlədən çıxarıb onlara su verməyi qadağan etmirdi. İsa belə nəticəyə gəldi: əgər Şənbə günü heyvanı tövlədən çıxarıb suya apara bilirsinizsə, bu yazıq qadını da xəstəlikdən azad etmək Allahın gözündə nə qədər doğrudur.

1. Sinaqoq rəisi və onun kimiləri qayda sistemini xalqın ehtiyaclarından üstün tuturdular. Onları öz xırda qanunlarına riayət etmək qadına kömək etməkdən daha çox maraqlandırırdı. İnkişaf etmiş sivilizasiyanın ən mühüm problemlərindən biri insanın sistemə olan münasibətidir. Müharibə vaxtı insan şəxsiyyət kimi yoxa çıxır: o, şəxsiyyət olmağı dayandırır və yalnız silahların, hərbi istehsalın canlı hissələri kimi birləşən müəyyən qrupların üzvü olur, yəni başqa sözlə desək, qırğına göndərilən əsgərə çevrilir. İnsan sadəcə reyestrdə bir elementə çevrilir. Sidney və Beatris Vebb statistika üzrə görkəmli iqtisadçı və ekspertlər idi. Lakin Herbert Vells Beatris Vebb haqqında deyirdi ki, onun ən təəssüf doğuran mənfi cəhəti «insanlara canlı rəqəmlər kimi baxmasıdır».

Məsihin yolunda insan sistemdən üstündür. Bu bir faktdır ki, Məsihin yolu bir çox cəhətdən demokratiyanı təbliğ edir, sadə insanların ləyaqətini qoruyur və təmin edir.

İmanlı cəmiyyətinin iyerarxiyasında elə insanlar var ki, (onları məsihçi adlandırmaq səhv olardı) onlar Allaha ibadətdən daha çox cəmiyyəti idarəetmə üsullarına üstünlük verirlər. Təəssüf ki, imanlı cəmiyyətində mübahisələrin və ixtilafların əksəriyyəti məhz hüquq məsələləri ilə bağlı yaranır. Biz həmişə Allahı və insanları sevdiyimizdən daha çox sistemə ibadət etmək təhlükəsi ilə üzləşə bilərik.

2. İsa Məsihin davranışı və Onun əməlləri bizə göstərir ki, insanın bir saniyə olsa belə, zərurətdən çox əziyyət çəkməsi Allahın planı deyil. Yəhudi qanunlarına görə, əgər insanın həyatı təhlükə altında olardısa, yalnız onda Şənbə günü ona kömək etmək olardı. Əgər İsa bu qadının sağalmasını başqa günə təxirə salsaydı, heç kim Onu tənqid etməzdi. Lakin O, əgər qadına bu gün şəfa vermək mümkündürsə, onun əzabını sabaha qədər uzatmağın yolverilməz olduğunu təkid etdi. Həyatda da belədir. Hansısa yaxşı planın icrası texniki detal işlənilmədiyi halda, daha bir və ya iki razılaşma əldə olunana qədər təxirə salınır. Latın atalar sözündə deyilir ki, tez verən ikiqat verir. Bu günün işini sabaha qoymaq olmaz.

18-19

MƏSİHİN PADŞAHLIĞI (Luka 13:18-19)

İsa bu məsəldən bir neçə dəfə müxtəlif məqsədlər üçün istifadə etmişdir. Şərqdə xardal bağ bitkisi deyil, tarla bitkisidir. O, həqiqətən, bir ağacın ölçüsünə qədərə böyüyür. Onun hündürlüyü, adətən, iki və ya iki metr yarıma çatır. Bir səyyah yazır ki, o, üç metr yarımdan çox hündürlüyə malik xardal ağacına rast gəlib. Həmin ağac hətta atlı adamdan da hündür idi. Xardal ağacının ətrafında, adətən, çoxlu quş dəstələrini görmək olar. Çünki quşlar kiçik qara xardal toxumlarını sevir.

Matta 13:31-32-də də həmin məsəl fərqli vurğu ilə verilib. Orada belə yazılıb: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur».

Matta və Lukadakı məsəlin mənası əhəmiyyətli dərəcədə fərqlidir. Matta qeyd edir ki, xardal toxumu bütün toxumların ən kiçiyidir, Luka bu barədə bir söz belə demir. Mattanın Müjdəsində məsəlinin mənası budur ki, ən böyük nailiyyətlər az şeydən başlaya bilər. Allahın Padşahlığı da belədir. Lakin Lukanın Müjdəsində fikir başqa istiqamətə — xardal ağacının budaqlarında sığınacaq tapan quşlara yönəlir. Şərqdə böyük ağac güclü bir səltənətin simvolu idi. Onun himayəsi altında sığınacaq tapan rəiyyət xalqları isə simvolik olaraq budaqlarında gizlənən quşlar kimi təsvir edilmişdir (Yezekel 31:6; 17:23 ilə müqayisə edin).

Dəfələrlə gördüyümüz kimi, Luka bütün dünyanın Məsihi qəbul edəcəyi vaxt haqqında düşünən universalist21 idi. Burada məsəlinin mənası odur ki, Allahın Padşahlığı bütün millətlərdən olan insanların sığınacaq və Allahın himayəsini tapacağı qüdrətli Padşahlığa çevriləcək. Biz Lukanın bu konsepsiyasından çox şey öyrənə bilərik və ondan nəsə öyrənməyimiz faydalı olardı.

1. Allahın Padşahlığında dinin müxtəlif təriqətləri üçün yer var. Heç bir insan və ya imanlı cəmiyyəti həqiqət üzərində monopoliyaya malik deyil. Bu haqqı mənimsəmək, ancaq başqalarında səhv və yanlışlıq görmək sonda bəlaya, məyusluğa və çəkişmələrə gətirib çıxara bilər. İsa Məsihin təməl daşı olduğu bütün məzhəblər ilahi həqiqətin aspektini təşkil edir.

2. Allahın Padşahlığında müxtəlif həyat təcrübəsinə yer var. Əgər biz hamının Məsihi eyni şəkildə qəbul etməli olduğunu təkid edib, vahid təcrübə yaratmağa çalışırıqsa, Allahın işinə böyük ziyan vururuq. Məsələn, elə insan var ki, qəfildən Allaha qayıda və həmin hadisəni təsvir edə, Məsihin həyatına daxil olduğu günü, saatı, hətta dəqiqəni dəqiq qeyd edə bilər. Elə insan da var ki, çiçəyin ləçəkləri günəşə doğru açıldığı kimi, ürəyi sakit və qeyri-adi əlamət olmadan açıla və Məsihə iman edə bilər. Hər ikisinin yaşadıqları Allahdandır və hər ikisi Allaha məxsusdur.

3. Allahın Padşahlığında müxtəlif ibadət formaları üçün yer var. Bir adam mürəkkəb ayin və xüsusi liturgiya vasitəsilə Allahla ünsiyyət qurmağa çalışır, digəri isə sadə ünsiyyətlə Onunla əlaqə qurur. İmanlı cəmiyyətinin böyüklüyü də ondadır ki, insan orada onu Allaha yaxınlaşdıran qardaşlığı və ibadət formasını tapa bilər. Amma qoy o düşünməsin ki, bu, Allaha gedən yeganə yoldur, ona görə də digər möminləri tənqid etmək yersizdir.

4. Allahın Padşahlığında bütün insanlar üçün yer var. Dünyada insanları müxtəlif damğalar və sərhədlər ayırır. Lakin Allahın Padşahlığında varlı və yoxsul, böyük və kiçik, məşhur və qeyri-məşhurlar arasında heç bir fərq yoxdur. İmanlı cəmiyyəti yer üzündə bütün fərqlərin aradan qaldırılmalı olduğu bir yerdir.

5. Allahın Padşahlığında bütün millətlər üçün yer var. Müasir dövrdə bəzən milli dəyərlərə daha çox diqqət yetirilir. Lakin onların Allah gözündə heç bir əhəmiyyəti yoxdur. Vəhy 21:16-da Müqəddəs Şəhərin ölçüləri verilmişdir: bu, hər tərəfi təxminən 2400 kilometr və sahəsi 5 160 000 kvadrat kilometr olan kvadratdır. Müqəddəs şəhərdə yer üzünün bütün xalqları üçün yer var.

20-21

ALLAHIN PADŞAHLIĞININ MAYASI (Luka 13:20-21)

İsa Məsih bu məsəli öz evindən götürmüşdü. O vaxtlar çörək evdə bişirilirdi. Acı xəmir çörək bişirilərkən saxlanılan və bütün müddət ərzində mayalanmağa davam edən xəmirin kiçik bir hissəsidir. Yəhudi təfəkküründə maya çox vaxt pis təsirin rəmzi idi. Çünki yəhudilər acımanı çürümə ilə əlaqələndirirdilər. İsa dəfələrlə anasının xəmirə bir parça maya qoyduğunu və bunun xəmirin keyfiyyətini necə dəyişdirdiyini görmüşdü. O dedi: «Mənim Padşahlığım da bax belə gəlir». Bu məsəlin iki şərhi var. Birinci şərhdən bəzi məqamları qeyd edək.

1. Allahın Padşahlığı kiçik bir şeydən yaranır. Azacıq maya xəmirin kiçik hissəsini təşkil edir, lakin onun bütün xüsusiyyətini tamamilə dəyişir. Hər kəs bilir ki, məhkəmə zalında və ya otaqda bir adam problemi necə böyüdə və ya sülh yarada bilər. Allahın Padşahlığı özünü Allaha həsr etmiş ayrı-ayrı kişi və qadınlardan başlayır. Ola bilsin, biz yaşadığımız yerdə Məsihin yeganə şahidiyik, buna görə də bizim işimiz Allahın Padşahlığı üçün maya olmaqdır.

2. Allahın Padşahlığının fəaliyyəti görünməz şəkildə özünü göstərir. Biz onun necə fəaliyyət göstərdiyini görmürük. Lakin Allahın Padşahlığı davamlı olaraq məqsədini yerinə yetirir. Allahın Padşahlığı gəlir. Tarixdən azacıq məlumatı olan hər kəs bunu görməlidir. Romalıların ən böyük mütəfəkkiri olan Seneka belə yazırdı: «Biz quduz iti boğuruq, qəzəbli öküzü qırğına göndəririk; xəstə mal-qaranı kəsirik ki, xəstəliyi sürüyə yoluxmasın; zəif və eybəcər doğulan uşaqları çayda boğuruq». Eramızın 60-cı illərində bu, normal hal idi. Amma bizim dövrümüzdə bu kimi hadisələr baş vermir, çünki yavaş-yavaş və qətiyyətli şəkildə Allahın Padşahlığı gəlir.

3. Allahın Padşahlığı daxildə inkişaf edir. Maya xəmirə qatılmayanda onu dəyişməyə gücü yetməz. O, xəmirin içinə qatılmalıdır. İnsana xaricdən təsir etməklə onu dəyişmək mümkün deyil. Yeni məskən, yeni şərait, maddi səviyyənin yaxşılaşması yalnız zahiri dəyişikliyə səbəb ola bilər. Məsihin yolu isə, əksinə, yeni insanlar yaradır. Dünya da onlarla birlikdə dəyişəcək. Məhz buna görə də imanlı cəmiyyəti dünyada mühüm rol oynayır. İmanlı cəmiyyəti yeni insanların bərkidiyi dəmirçixanadır.

4. Allahın Padşahlığı öz gücünü xaricdən alır. Xəmir öz-özünə dəyişə bilməz. Biz də beləyik. Biz çox çalışsaq da, uğursuzluğa düçar oluruq. Həyatımızı dəyişmək üçün bizim kənardan — gücümüzdən daha artıq olan zahiri gücə ehtiyacımız var. Bizim Həyatın Ağasına ehtiyacımız var. O bizə qalib həyatın sirrini deməyə həmişə hazırdır. Bu məsəlin ikinci şərhi ondan ibarətdir ki, mayanın təsiri müşahidəçiyə görünməsə də, onun nəticəsi hər kəsə aydındır. Çünki xəmir köpüb qabaran kütləyə çevrilir. Məhz buna görə maya məsihçiliyin qaynayan enerjisinin rəmzidir. Salonikdəki məsihçilər haqqında deyirdilər: «Dünyaya çaxnaşma salan bu adamlar gəlib buraya da çıxdı» (Həvarilərin İşləri 17:6). Din heç vaxt tiryək kimi təsir göstərməyib. O, heç vaxt insanları sakitləşdirməyib, insanları pisliyi təbii qəbul etməyə təşviq etməyib. Həqiqi məsihçilik dünyada ən güclü təlimdir. O, bir insanın həyatına dəyişiklik gətirdiyi kimi, cəmiyyətin də həyatında dəyişiklik yaradır. Görkəmli ispan mistiki Unamuno demişdir: «Mənim Allahım insandan biganəliyi götürür, amma ona izzət verir». Allahın Padşahlığı insanla Allahı barışdırır, eyni zamanda onda narahatlıq yaradır. Bu narahatlıq Allahın dəyişdirici qüvvəsi yer üzündən bütün pislikləri silməyənə qədər səngiməyəcək.

22-30

TƏHLÜKƏ (Luka 13:22-30)

Bu sualı verən şəxs inanırdı ki, Allahın Padşahlığı yalnız yəhudilərə məxsusdur və qeyri-yəhudilər oraya, ümumiyyətlə, buraxılmayacaqlar. Lakin İsanın cavabı onu təəccübləndirdi.

1. İsa izah etdi ki, Allahın Padşahlığına getmək üçün heç kimin cibində vəsiqə yoxdur: insan onu apardığı mübarizəyə görə mükafat kimi alır. İsa dedi: «Dar qapıdan girməyə çalışın». Yunan dilində çalışın sözü can çəkişmə, güclü mübarizə deməkdir. Yəni, Allahın Padşahlığına girmək hüququ uğrunda mübarizə ruhun güclü, coşqun can çəkişməsidir. Buna görə də hamımız ciddi təhlükə qarşısındayıq. Əgər bir insan Məsihə üz tutubsa, deməli, onun üçün nəzərdə tutulan yolu keçdiyini zənn etmək və sonda öz məqsədinə çatmış kimi sakitcə kənarda durduğunu güman etmək asandır.

Lakin Məsihin yolu donmuş və durğun halda olmamalıdır. Məsihin «Mənimlə yığmayan dağıdır» sözlərinə görə, insan həmişə irəli getməlidir, əks halda, o geridə qalacaq və getdikcə geriləyəcək. Məsihin yolu daim dağ yolu ilə dağın zirvəsinə qədər qalxmaqdır. Lakin bu, dünyada həmişə əlçatmaz olaraq qalır. Everest zirvəsinə qalxarkən həlak olan iki cəsur alpinist haqqında belə deyilir: «Son görüşdə onlar inadla zirvəyə can atırdılar». Dağ yamacında dünyasını dəyişən Alp dağlarının bələdçisinin məzarı üzərində bu sözlər həkk olunub: «O, dağa qalxarkən öldü». Məsihçi üçün yaşamaq — həmişə yuxarı və irəli getmək deməkdir.

2. İnsanlar özlərinə haqq qazandırmağa çalışırlar: «Biz Sənin qarşında yeyib-içmişik. Sən bizim küçələrdə öyrədirdin». Bəziləri düşünürlər ki, məsihçi sivilizasiyasında yaşadıqlarına görə artıq hər şeylə təmin olunublar. Lakin bu cür düşünən insanlar öz cahillikləri və ruhani korluqları ilə yalnız bütpərəstlərlə öz aralarında fərq qoyurlar. Çünki məsihçi cəmiyyətində yaşayan hər kəs məsihçi sayıla bilməz. O, sadəcə məsihçilərin əsrlər boyu əkdiyi üstünlük və xeyir-dualardan zövq ala bilər. Lakin onun hər şeyin yaxşı olacağına ümid edərək, kənarda qalmasına heç bir əsası yoxdur. Əslində, bu onun üçün çağırış olmalıdır: «Bəs sən nə töhfə vermisən? Sən onun qorunması və kamilləşməsi üçün nə etmisən?» Axı biz başqalarının zəhmətinin bəhrəsi ilə yaşaya bilmərik.

3. Buna baxmayaraq, Allahın Padşahlığında sürprizlər də olacaq. Mümkündür ki, bu dünyanın dahi və məşhurları axirətdə kiçik bir yer tutsunlar, bu dünyada görünməyənlər isə o biri dünyada şahlıq mövqeyində ola bilsinlər. Dəbdəbəyə və hörmətə alışmış qadın haqqında bir əfsanə var. O öləndə Mələk onun ruhunu o biri dünyaya — onun yeni evinə apardı. Onlar gözəl sarayların yanından keçəndə, qadın hər dəfə düşünürdü ki, növbəti saray onunkudur. Amma onlar əsas küçədən keçib, çoxlu kiçik evlərin olduğu yerə gəldilər. Nəhayət, onlar ucqar bir yerə çatdılar. Orada daxma kimi bir ev var idi. Mələk dedi:

— Bu sizin evinizdir.

— Necə yəni? — qadın dedi. — Mən belə evdə yaşaya bilmərəm.

— Bağışlayın, — mələk cavab verdi. — Sizin bura göndərdiklərinizdən biz bundan başqa bir şey inşa edə bilmədik.

Göylərdə yer üzündən fərqli ölçülərlə ölçürlər. Bu səbəbdən yer üzündə birinci olan orada sonuncu, yer üzündə sonuncu olan isə birinci olacaq.

31-35

CƏSARƏT VƏ NƏVAZİŞ (Luka 13:31-35)

Bizim qarşımızda Lukanın Müjdəsinin ən maraqlı hissələrindən biri dayanır. Çünki bu hissə bizi İsanın digər möcüzəli əməlləri ilə tanış edir.

1. İlk baxışdan biz sanki qeyri-adi xəbərlər əldə edirik ki, fariseylərin heç də hamısı Məsihlə düşmənçilik etmirdilər. Gördüyümüz kimi, hətta onlardan bəziləri İsanı gözləyən təhlükə barədə xəbərdarlıq edir və təhlükəsiz yerə getməyi tövsiyə edirdilər. Müjdələr bizə fariseylər haqqında tam təsəvvür yaratmır. Yəhudilər özləri də yaxşı bilirdilər ki, fariseylərin pisi də var, yaxşısı da. Yəhudilər onları yeddi qrupa bölürdülər.

a) Çiyin fariseyləri. Onlar bütün yaxşı işlərin siyahısını çiyinlərində daşıyır və elə edirdilər ki, hamı onları görsün.

b) «Bir az gözlə» deyən fariseylər. Onlar xeyirxah əməli sabaha təxirə salmaq üçün həmişə bəhanə tapa bilirdilər.

c) Yaralanmış və ya qan içində olan fariseylər. Küçələrdə heç vaxt qadınla, həyatı yoldaşı ilə, anası və ya bacısı ilə danışan farisey görmək olmazdı. Lakin bəzi fariseylər üçün bu, kifayət deyildi. Onlar yoldan keçən qadına da baxmaq istəmirdilər. Onlar hətta gözlərini yumurdular ki, qadınları görməsinlər. Buna görə də daş-divarlara dəyib yaralanırdılar. Sonda da möminlik əlaməti kimi göyərmələrini nümayiş etdirirdilər.

d) Qozbel fariseylər. Bu fariseylər təvazökarlıqlarını nümayiş etdirərək əyilib yeriyirdilər. Onlar yəhudi dininin ən ikiüzlü nümayəndələri idilər.

e) Hesab tutan fariseylər. Onlar həmişə yaxşı işlərini hesablayırdılar ki, Allaha borclu olduqlarını, yoxsa Allahın onlara borclu olduğunu bilsinlər.

f) Utancaq və ya qorxaq fariseylər. Onlar daim Allahın qəzəbindən qorxaraq yaşayırdılar. Robert Börnsdə olduğu kimi, din onların yaşamasına kömək etmirdi, əksinə, onları təqib edirdi.

g) Allahı sevən fariseylər. Onlar İbrahim peyğəmbər kimi imanla və mərhəmət göstərərək yaşayırdılar. Ola bilsin ki, yeddi fariseydən yalnız biri mömin olub, altısı isə ikiüzlü idi. Lakin bu hissə göstərir ki, hətta fariseylər arasında İsaya hörmət edən və pərəstiş edənlər də var idi.

2. Bu hissədə İsa Onun fəaliyyətini dayandırmaq istəyən Qalileya padşahı — Hirod Antipaya müraciət edir. Tülkü yəhudilərdə üç rəmzi məna daşıyır: birincisi, o, ən hiyləgər heyvan sayılırdı; ikincisi, o, ən zərərli heyvan hesab olunurdu; üçüncüsü isə, o, dəyərsiz və yararsız bir insanın simvolu idi.

Hökmdarı tülkü adlandırmaq üçün cəsarətli insan olmaq lazımdır. Bir dəfə ingilis kralı VIII Henrinin iştirak etdiyi Vestminster Abbatlığında ingilis islahatçı Latimer vəzlə çıxış edirdi. Latimer minbərdən öz xütbəsinə belə sözlərlə başladı: «Latimer! Latimer! Ehtiyatlı ol! İngilis kralı səni dinləyir!» Sonra isə əlavə etdi: «Latimer! Latimer! Ehtiyatlı ol, padşahların Padşahı səni dinləyir».

İsa Allahın göstərişlərinə itaət etdi və yer üzündəki padşahı razı salmaq və ya ondan qurtulmaq üçün işini bir gün belə təxirə salmaq niyyətində deyildi.

3. İsanın Yerusəlimin aqibətinə ağlaması böyük məna kəsb edir. Çünki bu, İsanın həyatı haqqında, həqiqətən, nə qədər az məlumatlı olduğumuzu bir daha göstərir. Təbii ki, İsa Öz məhəbbətini Yerusəlimdə dəfələrlə göstərməsəydi, bu cür deməzdi. Lakin üç Müjdənin heç birində belə bir ziyarətə dair əlamət yoxdur. Bu bir daha sübut edir ki, Müjdələrdə İsanın həyatının yalnız qısa təsviri bizə gəlib çatmışdır.

Nifrətlə rədd edilən sevgi qədər heç bir şey insan qəlbini incidə bilməz. Sevən bir ürək üçün ən böyük faciə — səmimi niyyətinin soyuqqanlılıqla rədd edilməsidir. Yerusəlimdə İsanın başına gələn də elə bu idi. O, indiyə qədər insanların ürək qapısını döyür, lakin insanlar Onu inkar edirlər. Amma bir həqiqəti də danmaq olmaz ki, Allah sevgisini qəbul etməyən şəxs Onun qəzəbinə məruz qalacaq.

Azərbaycan dilində Müqəddəs Kitab

Tövbəyə çağırış
1 Bu vaxt orada olan bəzi adamlar İsaya xəbər verdilər ki, Pilat bəzi Qalileyalıların qanını kəsdikləri qurbanların qanına qatmışdı. 2 İsa buna belə cavab verdi: «Siz elə bilirsiniz ki, bu aqibətə uğramış Qalileyalılar bütün digər Qalileyalılardan daha betər günahlı idilər? 3 Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız. 4 Yaxud Şiloah qülləsi on səkkiz adamın üstünə aşıb onları öldürəndə onların Yerusəlim sakinlərinin hamısından təqsirkar olduqlarını fikirləşirsiniz? 5 Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız».
Barsız əncir ağacı
(Matta 21:18-19; Mark 11:12-14)
6 Sonra İsa bu məsəli danışdı: «Bir adamın bağında bir əncir ağacı əkilmişdi. Bu adam gəlib ağacda meyvə axtardı, amma tapmadı. 7 O, bağbana dedi: “Bura bax, üç ildir ki, mən gəlib bu əncir ağacında meyvə axtarıram, amma tapmıram. Onu kəs! Nə üçün bu ağac əbəs yerə torpağı tutur?” 8 Bağbansa cavabında belə dedi: “Ağa, bir il də buna əl dəymə. Mən onu belləyib dövrəsinə peyin tökərəm. 9 Gələn il bu ağac meyvə gətirsə, yaxşıdır, yox, gətirməsə, onu kəsərsən”».
Şənbə günü şəfa vermək olarmı?
10 İsa bir dəfə Şənbə günü sinaqoqlardan birində təlim öyrədirdi. 11 Orada on səkkiz il daxilində xəstəlik ruhu olan beli bükülmüş bir qadın var idi. O, belini heç düzəldə bilmirdi. 12 İsa bu qadını görəndə çağırıb dedi: «Ey qadın, sən azarından azad oldun». 13 İsa əllərini qadının üstünə qoyanda o dərhal dikəlib Allahı izzətləndirməyə başladı. 14 Amma sinaqoqun rəisi İsanın Şənbə günü şəfa verdiyinə hiddətlənib camaata belə xitab etdi: «İş görmək üçün altı gün var, o günlər gəlin və şəfa alın, Şənbə günü yox». 15 Rəbb isə ona belə cavab verdi: «Ey ikiüzlülər, sizlərdən hər biriniz Şənbə günündə öz öküzünün ya eşşəyinin bağını açıb tövlədən su içməyə aparmırmı? 16 İbrahimin qızı olan bu qadını da on səkkiz il ərzində Şeytan buxovlamışdı. Şənbə günü bu qadının buxovlarını açmaq lazım deyildimi?» 17 İsa bunları deyəndə Ona qarşı çıxanlar hamısı utandı. Camaatın hamısı isə Onun etdiyi bütün izzətli işlərinə görə sevinirdi.
Xardal toxumu və maya məsəlləri
(Matta 13:31-33; Mark 4:30-32)
18 Sonra İsa dedi: «Allahın Padşahlığı nəyə bənzəyir? Onu nəyə bənzədim? 19 O, bir adamın bağçasına əkdiyi xardal toxumuna bənzəyir. O toxum böyüyüb ağac olur. Göydə uçan quşlar onun budaqlarında yuva qurur».
20 İsa yenə dedi: «Allahın Padşahlığını nəyə bənzədim? 21 O, xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».
Dar qapı
(Matta 7:13-14,21-23)
22 İsa şəhər və kəndləri gəzib təlim öyrədərək Yerusəlimə tərəf gedirdi. 23 Bir nəfər Ondan soruşdu: «Ya Rəbb, xilas tapanların sayı az olacaqmı?» İsa onlara belə cavab verdi: 24 «Dar qapıdan girməyə çalışın. Sizə bunu deyirəm: çoxları bu qapıdan girməyə can atacaq, amma girə bilməyəcək. 25 Ev yiyəsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyərək deyəcəksiniz: “Ey ağam, bizə qapını aç!” O isə cavabında sizə deyəcək: “Mən sizin haradan gəldiyinizi bilmirəm!” 26 Siz o vaxt belə deyəcəksiniz: “Biz Sənin qarşında yeyib-içmişik. Sən bizim küçələrdə öyrədirdin”. 27 O isə sizə deyəcək: “Ey haqsızlıq edənlərin hamısı, Mən sizin haradan gəldiyinizi bilmirəm, Məndən uzaq olun!” 28 İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın Padşahlığında, özünüzü isə bayıra atılmış görəndə aranızda ağlaşma və diş qıcırtısı olacaq. 29 Adamlar şərqdən, qərbdən, şimaldan, cənubdan gələcək və Allahın Padşahlığında süfrəyə oturacaq. 30 Budur, elə axırıncılar var ki, birinci olacaq, elə birincilər var ki, axırıncı olacaq».
Yerusəlimin aqibəti
(Matta 23:37-39)
31 O zaman bəzi fariseylər gəlib İsaya dedilər: «Buradan çıx get, çünki Hirod Səni öldürmək istəyir». 32 İsa onlara dedi: «Gedin o tülküyə deyin: “Budur, Mən bu gün və sabah cinləri qovub camaatı sağaldacağam və üçüncü gün işimi bitirəcəyəm”. 33 Yenə də bu gün, sabah və o biri gün yoluma davam etməliyəm. Çünki peyğəmbər Yerusəlimdən kənarda öldürülə bilməz!
34 Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz! 35 Baxın, eviniz viran qalır. Mən sizə bunu deyirəm:
“Rəbbin ismi ilə Gələnə alqış olsun!”
deyənə qədər Məni bir daha görməyəcəksiniz».