Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 12-ci fəsil

V. Barklinin şərhləri

12-ci fəsil

1-12

CƏSARƏT VƏ GÜVƏN ƏQİDƏSİ (Luka 12:1-12)

Bunu oxumaqla biz yəhudilərin təbliğ üsulu ilə — «mirvariləri ard-arda düzmək» mənasını verən harazla də tanış ola bilərik. Bu hissə müasir təbliğ metodologiyasının tələb etdiyi kimi deyil, bir-biri ilə əlaqəsi olmayan mirvarilərin düzülüşüdür. Ancaq bu mətndə ən vacib fikri vurğulamaq mümkündür.

1. Mətndə qadağa olunmuş günah, yəni ikiüzlülükdən bəhs edilir. Əvvəllər ikiüzlü sözü cavab verən insan mənasını daşıyırdı; ikiüzlülük etmək isə cavab vermək demək idi. Əvvəlcə bu söz hər hansı söhbət və ya dialoq zamanı adi sual-cavab mübadiləsini ifadə etmək üçün istifadə olunurdu; sonra bu söz pyesdəki dialoqa tətbiq olunurdu, daha sonra isə hərəkət edən obraza aid edilirdi. İkiüzlü heç vaxt səmimi davranmır; o, həmişə rola girir. İkiüzlülüyün əsasında qeyri-səmimiyyət dayanır. Allah özünü məsum göstərməyə çalışan insandan çox günahını gizlətməyən dürüst insana üstünlük verir.

2. Mətndə həm də qorxmazlığı ilə xarakterizə olunan həyata düzgün münasibətdən bəhs olunur. Gəlin qorxmazlığın iki səbəbini müzakirə edək.

a) İnsanın insan üzərindəki səlahiyyəti qətllə məhdudlaşır. O, başqasının həyatına son qoysa da, canını ala bilməz. 1914-1918-ci illərin Birinci Dünya Müharibəsi zamanı İngiltərənin «Panç» adlı jurnalında Belçika kralı Albertə «Budur, siz hər şeyi itirdiniz» deyən alman imperatorunun karikaturası yerləşdirilmişdi. Albert ona belə cavab vermişdi: «Amma canımı hələ itirməmişəm». Allahın qüdrəti isə istənilən insanın canını məhv edə bilər. Ona görə də insandan yox, Allahdan qorxmaq daha məntiqlidir. Con Noksu dəfn edəndə, kimsə onun haqqında belə demişdi: «O, insandan qorxmadığı qədər Allahdan qorxurdu».

b) Allah hər bir insanın xüsusi şəkildə qayğısına qalır. Onun üçün biz heç vaxt izdihamın içində itmiş sayılmırıq. Matta deyir ki, iki sərçə bir qara pula satılmırmı? (Matta 10:29) Luka isə bu hissədə belə deyir: «Beş sərçə iki qara pula satılmırmı?» Əgər bir adam iki qara pul xərcləməyə hazır idisə, o, dörd deyil, beş quş alırdı, yəni əlavə olaraq biri də verilirdi, sanki quşun heç bir dəyəri yox idi. Amma insanlar tərəfindən qara pul qədər qiymətləndirilməyən kiçik quşu belə Allah unutmur. İnsanın başındakı saçlar belə sayılıb. Sarışın insanlarda orta hesabla 145 000, qaraşınlarda 120 000, kürənlərdə isə saçların sayı 90.000 təxmin edilmişdir! Yəhudilər Allahın hər şeyin qayğısına qaldığına o qədər əmin idilər ki, hətta kiçik otun öz qoruyucu mələyi olduğuna inanırdılar. Heç birimiz qorxmamalıyıq, çünki hər kəs «Allah mənim qayğıma qalır» deyə bilər.

3. Mətndə həmçinin bağışlanmaz günah — Müqəddəs Ruha qarşı küfr haqqında danışılır. Həm Mattada, həm də Markda deyilir ki, İsa bu barədə ilahiyyatçılar və fariseylər Onun şəfa verməsini Allahın gücü ilə deyil, cinlərin hökmdarının birliyinin nəticəsi kimi izah etdikdən sonra danışır (Matta 12:31-32; Mark 3: 28-29). Onlar Allahın mərhəmətini və qüdrətini birbaşa görə bilirdilər, lakin bunu şeytanın işi adlandırırdılar. Nə baş verdiyini başa düşmək üçün biz İsa Məsihin Müqəddəs Ruh haqqında sırf məsihçi baxımından deyil, yəhudilərin Onu başa düşdüyü kimi danışdığını unutmamalıyıq. Həmin vaxt İsanı dinləyənlərin bu barədə heç bir təsəvvürü yox idi.

Yəhudilərin təsəvvürünə görə, Allahın Ruhu iki vacib funksiyanı yerinə yetirirdi: birincisi, Allah Öz Ruhu vasitəsilə insanın ruhuna və qəlbinə təsir edir; ikincisi, insan Müqəddəs Ruh vasitəsilə həqiqəti dərk edir. Amma insan bir müddət öz bacarığından istifadə etməsə, onu itirər. Əgər biz uzun müddət hər hansı bir bədənimizin üzvünü istifadə etməsək, o, atrofiyaya uğrayacaq.

Çarlz Darvin deyir ki, gəncliyində o, musiqi və poeziyanı çox sevirdi, lakin sonra özünü biologiyaya həsr edəndən sonra onları unutdu. Buna görə də onun üçün poeziya get-gedə bütün mənasını itirdi, musiqini isə o, yalnız səs-küy kimi qəbul edirdi; o deyirdi ki, yenidən yaşamalı olsaydı, onlardan zövq almaq qabiliyyətini itirməmək üçün poeziya oxumağa, musiqi dinləməyə vaxt tapmağa çalışardı.

Eynilə biz də Allahı tanımaq qabiliyyətini itirə bilərik. Allahın Kəlamını dönə-dönə rədd etməklə, öz yolumuzu seçməklə, gözlərimizi və qulaqlarımızı Allaha bağlayıb, Onu görməkdən və Onu eşitməkdən imtina etməklə, biz Onu o qədər unudacağıq ki, hətta görəndə belə, tanıya bilməyəcəyik. Onda şər bizim üçün yaxşı, xeyir isə şərə çevriləcək. İlahiyyatçıların və fariseylərin başına gələn məhz bu idi: onlar özlərini o qədər kor etmişdilər ki, Allah onlara Özünü aşkar edəndə, onlar dedilər: «Səndə cin var».

Nəyə görə bu günah bağışlanmazdır? Çünki belə vəziyyətdə insan tövbə etmək iqtidarında deyil. Əgər insan günah etdiyini dərk etmirsə, Allahın lütfü ona təsir etmirsə, o, tövbə edə bilməz. Xeyr, Allah onu Öz ürəyindən kənarlaşdırmayıb, əksinə, o, dəfələrlə Allahı dinləməkdən imtina etdiyinə görə özünü kənarlaşdırıb. Bu o deməkdir ki, bağışlanmaz bir günah işlətdiyindən qorxan insan, əslində, onu etməmişdir. Çünki insan bu günahı edirsə, Allah qarşısında o qədər kar olur ki, artıq günahkar olduğunu hiss etmir.

4. Bu mətndə sadiqliyə görə alınan mükafatdan danışılır. Mükafat — heç də maddi bir şey deyil. Bu mükafat ondan ibarətdir ki, biz Cənnətə gedəndə İsa deyəcək: «Afərin, yaxşı və sadiq qulum, ağanın sevincinə şərik ol» (Matta 25:21).

5. Mətndə Müqəddəs Ruhun köməyindən də bəhs edilir. Dördüncü Müjdədə Müqəddəs Ruhun sevimli adı — Parakletdir. Parakletos yaxında dayanan, hər an kömək etməyə hazır olan deməkdir. O, məhkəmədə şahid və ya müdafiəçimiz kimi çıxış edə bilər; çətin vaxtlarda qorxmaq lazım deyil, çünki bizə kömək etməyə hazır olan Müqəddəs Ruh yanımızdadır.

13-34

MADDİ DƏYƏRLƏRİN ƏHƏMİYYƏTİ (Luka 12:13-34)

İsraildə sakinlər tez-tez həll olunmayan mübahisələri və iddiaları ilə hörmətli bir ravvinə müraciət edirdilər. İsa pulla bağlı mübahisəyə qarışmaq istəməsə də, bu xahiş Onun davamçılarına var-dövlətlə necə davranmalı olduqlarını söyləməsi üçün bir fürsət oldu. İsa həm bolluq içində yaşayan varlılara, həm də mal-dövləti olmayanlara müraciət etdi.

  1. Zənginlər üçün İsa Məsih ağılsız varlı adam məsəlini çəkdi. Buna müvafiq olaraq iki məqamı qeyd etmək lazımdır.

a) Varlı adam yalnız özünü düşünürdü. Başqa heç bir məsəldə bu qədər «mənim» və «mən» əvəzliyi yoxdur. Bir dəfə bir şagirddən «mənim» əvəzliyinin hansı nitq hissəsinə aid olduğunu soruşanda, o, belə cavab verdi: «Bunlar aqressiv əvəzliklərdir». Axmaq zəngin adam aqressiv-eqoist insan idi.

Bir gənc eqoist qadın haqqında deyirdilər: «Yudit şimaldan, cənubdan, şərqdən və qərbdən Yuditlə məhdudlaşan kiçik bir dünyada yaşayır». Başqa eqoist insan haqqında belə deyilirdi: «Onun dünyası mənliklə doludur». Zəngin adam bolluq əldə edəndə, başqa insanlarla bölüşməyi ağlına belə gətirmədi. Onun münasibəti məsihçi həyatının normalarına tamamilə zidd idi. Özünü inkar etmək əvəzinə, o, acgözlüklə özünü təsdiq etməyə çalışırdı; insanlarla bölüşmək əvəzinə, o, bolluğu özündə qoruyub saxlamağa çalışırdı.

Con Vesli öz həyatında belə bir qayda qoymuşdu ki, bacardığı qədər hamını xilas etsin və hər şeyi versin. O, Oksford Universitetində oxuyanda, ildə 30 funt sterlinq alırdı, onda da 2 funt-sterlinqini başqalarına verirdi. Onun gəliri 60, 90 və 120 funt-sterlinqə yüksələndə, o, xərclərini 28 funt-sterlinqlə məhdudlaşdırıb, qalanlarını da başqalarına verirdi. Gümüş qablar şöbəsinin baş mühasibi vetodan hesabat tələb edəndə, o, belə cavab verdi: «Mənim Londonda iki və Bristolda iki gümüş çay qaşığım var. Məndə olan gümüş yalnız budur. Ətrafımda bu qədər insanın çörəyə ehtiyacı olduğu halda, mən daha gümüş almayacağam».

Romalıların belə bir məsəli var idi: «pul dəniz suyu kimidir», yəni insan nə qədər çox içirsə, bir o qədər susayar. Nə qədər ki, insan maddi dəyərlərə ağılsız varlı kimi can atır, getdikcə daha çoxuna sahib olmağa çalışacaq. Bu isə birbaşa məsihçi istəklərinə ziddir.

b) Varlı adam yalnız indiki həyat haqqında düşünürdü. Onun bütün planları yer üzündəki həyatla məhdudlaşırdı. Bir dəfə bir gənc adam yaşlı kişi ilə söhbət edirdi.

  • Mən yaxşı peşə sahibi olacağam — şöhrətpərəst adam dedi.

  • Bəs sonra nə? — qoca ondan soruşdu.

  • Sonra mən öz işimi quracağam — deyə gənc cavab verdi.

  • Daha sonra? — qoca soruşdu.

  • Çoxlu pul yığacağam.

  • Sonra?

  • Qocalanda isə, yəqin ki, işimi buraxacağam və qazandığım pullarla yaşayacağam.

  • Sonra nə olacaq?

  • Sonra da ki, yəqin, öləcəyəm.

  • Bəs ondan sonra? — gənc ürəyi dəlib-keçən sualı eşitdi.

Ölümdən sonra həyat barədə sualdan yayınan insan bir gün dəhşətli sarsıntıya məruz qalacaq.

2. Lakin İsa kasıblara bir şey ötürmək istəyirdi. Bütün bu hissə boyunca bir aydın fikir görünür ki, insan öz düşüncələrində və qayğılarında yer üzərindəki sərvətə sahib olmağa səy göstərməməlidir. İsa Məsih heç vaxt insanlara tənbəl, israfçı və qeyri-ciddi həyat tərzi sürməyi öyrətməmişdir. O öyrədirdi ki, insanlar onlardan asılı olan hər şeyi etsin, qalan şeylərdə isə Allaha güvənsin. Bununla əlaqədar olaraq İsa 27-ci ayədə zanbaqlar haqqında danışır. Eyni zamanda O, yay yağışından sonra çiçəkləri dağların yamaclarını bürüyən al-anemonu20 nəzərdə tutur. Yamaclar al rəngə bürünür. Anemonlar bir gün içində çiçək açır və solur. İsraildə meşə və odun az olduğu üçün sobalar quru ot və yabanı çiçəklərlə yandırılırdı. İsa deyir: «Əgər Allah quşların və çiçəklərin qayğısına belə qalırsa, sizin daha çox qayğınıza qalacağı nə qədər yəqindir».

İsa onlara dedi: «Əvvəlcə Allahın Padşahlığını axtarın». Gördüyümüz kimi, İsa Allahın Padşahlığı dedikdə, insanın göydə olduğu kimi, yer üzündə də Allahın iradəsini yerinə yetirdiyi həyatını nəzərdə tutur. Başqa sözlə, İsa deyir: «Elə yaşayın ki, Allahın iradəsinə tabe olasanız və ona əməl edəsəniz, bundan da razı qalasanız. Çünki nə qədər insan çürüyüb gedən xəzinələri toplamaq üçün böyük səy göstərir. Heç vaxt itirməyəcəyiniz xəzinələri əldə etməyə çalışın ki, əbədi həyata daxil olduğunuz zaman sizə əlavə olaraq veriləcək».

İsraildə insanların sərvəti bahalı paltarlardan ibarət idi. Güvə o paltarları elə korlayardı ki, insan sonda yoxsullaşa bilərdi. Lakin insan ürəyini mərhəmət, xeyirxahlıq və qüsursuzluq «paltar»ı geyindirərsə, yer üzündə ona heç bir şey zərər vura bilməz. Əgər o, səmavi xəzinələri axtararsa, qəlbi həmişə göylərə yönələr. Ancaq yerdəki xəzinələri əldə edərsə, qəlbi yerə bağlanmış olar. Lakin elə gün gələcək ki, o, bütün bu xəzinələri tərk etməli olacaq, çünki ispan atalar sözündə deyildiyi kimi: «Kəfənin cibi yoxdur».

35-48

HAZIR OLUN (Luka 12:35-48)

Bu hissə ikiqat mənaya malikdir. Kiçik mənada bu hissə Məsihin İkinci gəlişindən, böyük mənada isə Allahın insanı Özü ilə görüşə hazırlayaraq, bir gün hökmünə çağıracağı vaxtdan bəhs edir.

Orada öz Ağası ilə görüşməyə hazır olan qul təriflənir. Şərqdə uzun, geniş büzmə-büzmə paltarlar işləməyə mane olurdu. Ona görə də işləməyə hazırlaşan adam öz paltarını kəmərinin altına yığırdı ki, onu açmaq rahat olsun. Şərqdə çıraq yağla dolu qabda pambıq fitildən ibarət idi. İşığın sönməməsi üçün fitili tez-tez tənzimləmək, lampanı isə yağla doldurmaq lazım idi.

Əbədiyyətin və Hökm gününün nə vaxt gələcəyini heç kim bilmir. O zaman biz Allahın hüzurunda necə dayanmaq istərdik?

1. Biz istəyərdik ki, O bizi iş başında tapsın. Bizim həyatımız tamamlanmamış işlərlə doludur. Elə işlər var ki, tamamlanmayıb. Elə işlər də var ki, ya yarımçıq qalıb, ya da daha uyğun vaxta qədər təxirə salınıb, yaxud da heç başlanmayıb. Dahi insanlar bilirlər ki, onların yerinə yetirməli olduğu tapşırıq var.

Necə ki, ingilis şairi Con Kite yazırdı:

Qorxduğum odur ki, bir anda bütün həyatım yanacaq,

Toz kimi yox olacağam,

Kitablar da mərək kimi zəngin məhsulla dolmayacaq...

Digər ingilis şairi Lui Stivenson yazırdı:

Səhər şeypurunun nidası hələ də qulaqlarımda cingildəyir;

Səhər şehi hələ də otların üstündə parıldayır.

Birdən işdə donub qaldım — təkrar zəng səsləri eşidib, narahat oldum:

Tezliklə axşam zəngi çalacaq, iş isə hələ bitməyib.

İsa Məsih demişdir: «Mən yerinə yetirməyi tapşırdığın işi» tamamladım (Yəhya 17:4). İnsan gecə gəlməzdən əvvəl işi yarımçıq qoymamalıdır.

2. Çox istərdik ki, Allah bizi qardaşlarımızla sülh və birlik içində yaşadığımız vaxt tapsın. Axı qardaşlarınızla nifaqda ola-ola başqa dünyaya köçmək dəhşətlidir. İnsan günəş batmazdan əvvəl qardaşları ilə barışmalı və qəzəbini yatırmalıdır: çünki heç kəs hansı gün batımının sonuncu olacağını bilmir. Həvari Paul efeslilərə müraciət etdi: «Günəş batmazdan əvvəl qəzəbinizi soyudun...» (Efeslilərə 4:26).

3. Allah gələndə Onunla barışıq içində olmaq istərdik. Allahla görüşəndə bizim üçün ən vacibi Ona olan münasibətimiz olacaq: özümüzü yad Şəxsin və ya düşmənin yanına gedirmiş kimi hiss edəcəyik, yoxsa Onun qucağında rahatlanmağa hazır olacağıq? Bu bölümün ikinci hissəsində İsa müdrik və axmaq ev idarəçisinin təsvirini verir. Şərqdə ev idarəçisi, demək olar ki, qeyri-məhdud səlahiyyətə malik idi. Özünün də qul olmasına baxmayaraq, onun qulları idarə etmək səlahiyyəti var idi. Etibarlı ev idarəçisi ağasının bütün təsərrüfatını və mülkünü idarə etdi. Axmaq ev idarəçisi iki səhvə yol verdi.

1. O öz-özünə dedi: «Nə qədər ki, ev sahibi yoxdur, istədiyimi edəcəyəm». O unutdu ki, etdiklərinin hesabını verəcəyi gün gələcək. Çoxumuz həyatı ayrı-ayrı epizodlara bölürük. Biz gah Tanrının olduğunu xatırlayırıq, gah da Onun haqqında düşünmürük. Biz müqəddəs olanı murdardan ayırmağa çalışırıq. Lakin məsihçiliyin ruhunu düzgün dərk ediriksə, onda bilirik ki, həyatın Allahsız bir hissəsi yoxdur. Biz hər zaman Onun hüzurunda işləyir və yaşayırıq.

2. O öz-özünə dedi: «Ağamın gəlişinə qədər hər şeyi qaydasına salmaq üçün hələ çox vaxtım var». Qarşıda hələ çox vaxt olduğu barədə fərziyyədən təhlükəli bir şey yoxdur. İsa Məsih dedi: «Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz» (Yəhya 9:4). Yaşlı bir adam insanlarla görüşmək üçün onları evinə uzaq bir tarixdə dəvət etmir. O «Bu gün!» deyir. İnsan özü üçün «sabah» sözünü kəşf edən kimi, həyatını təhlükəyə atır.

Bu hissə bilik və imtiyazın həmişə məsuliyyətlə bağlı olduğu barədə xəbərdarlıqla sona çatır. Günahı yaxşı bilən, lakin günah işlədən şəxs üçün ikiqat, xeyirxah işləri görməyə bütün imkanları olan şəxs üçün də ikiqat mühakimə olacaq.

49-53

MƏN DÜNYAYA SÜLH DEYİL, QILINC GƏTİRMƏYƏ GƏLMİŞƏM (Luka 12:49-53)

Allahın Məsh olunmuşunu Məsih İsada görən insanlar üçün bu sözlər soyuq duş kimi təsir etməli idi. Onlar Məsihi qalib padşah kimi görürdülər. Onlar düşünürdülər ki, Məsihin dövrü — qızıl dövr olacaq.

1. Yəhudi təsəvvürlərinə görə, od, demək olar ki, həmişə hökmün rəmzidir. Buna görə də İsa Öz Padşahlığının gəlişini Qiyamət gününün gəlişi kimi görürdü. Yəhudilər əmin idilər ki, Allah başqa millətləri bir, onları isə başqa bir meyarla mühakimə edəcək. Onlara görə, bütün günahların bağışlanması üçün yəhudi olmaq kifayət idi. Biz İsa Məsihin Müjdəsindən mühakimə elementini nə qədər aradan qaldırmağa çalışsaq da, hökm dəyişməz və amansız olaraq qalır.

2. Müqəddəs Kitabın Azərbaycan dili tərcüməsində 50-ci ayə belə səslənir: «Bu vəftiz yerinə yetib qurtaranadək nə qədər sıxıntı çəkməliyəm!» Yunanca baptizeyn sözü suya batırmaq deməkdir. İztirablara gəlincə bu söz iztirablara qərq olmaq deməkdir. Bu söz çox vaxt metaforik mənada istifadə olunur. Məsələn, bu söz dənizdə batan gəmiyə münasibətdə işlədilir. O, həm də sərxoşluq edən bir şəxsə münasibətdə istifadə edilə bilər. Bu söz, həmçinin, suallar altında qalan imtahan verən tələbə üçün də istifadə edilə bilər. Ancaq bu söz çox vaxt dəhşət yaşayan, lakin hələ də «Mən sudan və oddan keçdim» deyə bilən insana münasibətdə istifadə olunur.

İsa məhz bu mənada deyir: «Məni keçməli olduğum dəhşətli iztirab gözləyir. Mən ondan keçib qalib olana qədər, həyatım gərginliklə dolu olacaq». O, həmişə qarşısında Öz Çarmıxını görürdü. Onun taleyi yəhudilərin Allahın məsh olunmuş padşah haqqında fikirlərindən nə qədər fərqli idi. İsa qisas alan ordu və zəfər bayrağı ilə deyil, Özünü qurban vermək və çoxlarının günahını Öz üzərinə götürmək niyyəti ilə gəldi.

Təqib olunan, insanları sevən bir Bet-Lexem cəngavəri var idi.

Əsgərləri quzular, şeypur çalanları — sərçələr idi.

Onun silahı Çarmıx, tikanlı tacı isə dəbilqəsi idi,

Bizə görə O, qan tökdü.

3. Onun gəlişi ixtilaflara səbəb olmalı idi, belə də oldu. Romalıların məsihçiliyə nifrət etmələrinin əsas səbəblərindən biri də elə bu idi — o, ailələri ayırırdı. İnsan dəfələrlə kimi daha çox sevdiyinə — yaxınlarını və qohumlarını, yoxsa Məsihi sevdiyinə qərar verməli idi. Məsihçiliyin mahiyyəti ondadır ki, Məsihə sədaqət hər şeydən, hətta yer üzündəki ən dəyərli bağlılıqdan üstün olmalıdır. İnsan həmişə hər şeyi qurban verməyə hazır olmalıdır, Məsih İsanın tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab etməlidir (Filipililərə 3:8).

54-59

VAXT TAMAM OLUR (Luka 12:54-59)

Yəhudilər hava haqqında proqnoz verməyi bacarırdılar. Onlar qərbdən — Aralıq dənizindən buludu görəndə, bilirdilər ki, yağış yağacaq. Səhralardan cənub küləyi əsəndə bilirdilər ki, hər şeyi qurudan qızmar külək yaxınlaşır. Lakin səmanın əlamətlərini bilən bu müdriklər, zamanın əlamətlərini ya öyrənmək istəmir, ya da öyrənə bilmirdilər. Əgər onlar bunu diqqətlə araşdırsaydılar, Allahın Padşahlığının gəlişini biləcəkdilər.

İsa çox mənzərəli bir misal çəkib, məsləhət verdi: əgər kimsə səni məhkəmə ilə hədələyirsə, o zaman iş məhkəməyə getməzdən əvvəl rəqibinlə razılığa gəlməyə çalış. Çünki əks halda səni həbs və cərimə gözləyir. İsa burada qabaqcadan xəbərdarlıq edir ki, müttəhim kim olursa-olsun, faktlar onun xeyrinə olmayacaq. Buna görə əgər o, müdrikdirsə, nə qədər ki, vaxtı var, Allahla barışsın. İsa və Onun davamçıları həmişə düşünürdülər ki, onların çox az vaxtı var, Allahın Padşahlığı və Qiyamət Günü yaxındır. Miltonun müasiri olan Endryu Marvell deyirdi ki, o, «zamanın yaxınlaşan arabası»nın səsini eşidir. Axı təxirəsalınmaz işləri sabaha, ilk növbədə isə, Allahla barışmağı təxirə salmaq olmaz. Axırıncı ayədə son qəpik-quruşu ödəmək haqqında oxuyuruq. Biz əvvəllər pul haqqında danışmışdıq. Buna görə də Məsihin dövründə yəhudilərin pul sistemi haqqında məlumatı sistemləşdirmək yaxşı olar. Dövriyyədə dəyərinə görə qeyd olunan sikkələr aşağıda verilib. Onları o dövrdə ən çox yayılmış sikkənin dinara nisbətində veririk:

Lepton — nazik sikkə deməkdir. Bu, ən kiçik sikkə idi və dəyəri 1/2 kodrant və ya 1/4 qəpik idi. Mark 12:42-də qeyd olunan həmin dua qadının ianəsi idi. Bir kodrant iki leptona bərabər idi və müvafiq olaraq 1/64 dinar və ya 1/2 qəpik idi. O, Matta 5:26-də qeyd olunur.

Assari (qara pul) — 2/11 qəpiyə bərabər idi. Həmin pul Matta 10:29 və Luka 12:6-da qeyd olunur.

Bir dinar təxminən 31 gümüş qəpiyə bərabər idi. Dinar fəhlənin bir günlük maaşı idi (Matta 20:2), yaxud da Tiberinin dövründə muzdlu əsgərin gündəlik maaşı idi. Xeyirxah samariyalının mehmanxana sahibinə verdiyi məhz həmin sikkələr idi (Luka 10:35).

Dirhəm — Roma dinarına bərabər olan gümüş Yunan sikkəsi idi.

Didrahmon və ya yarım şekel müvafiq olaraq iki dinara bərabər idi. Bu, Məbəddəki hər bir yəhudinin ödədiyi vergi idi. Yəhuda İskaryot 30 didrahmona (gümüş pula) Məsihə xəyanət etdi.

Şekel, gümüş şekeli — yunan statiri, 4 dirhəmə və ya müvafiq olaraq 4 dinara bərabər idi. Məhz bu sikkə balığın ağzında tapılmışdı (Matta 17:27).

Mina — on mina məsəlində qeyd olunan sikkədir (Luka 19:11-27). Bir mina 100 dirhəmə və ya 100 dinara, yəni 31 gümüş pula bərabər idi.

Talant — düzdür, bu, sikkə deyil, gümüşün çəkisinin ölçüsü idi və 69 mina, yaxud 6000 dinara bərabər idi. Talantdan Matta 18:24-də və əmanət pul məsəlində bəhs edilir (Matta 25:14-30).

Azərbaycan dilində Müqəddəs Kitab

İsa ikiüzlülüyə qarşı xəbərdarlıq edir
(Matta 10:26-33)
1 Bu vaxt saysız-hesabsız adam bir-birini sıxışdıra-sıxışdıra oraya yığıldı. İsa əvvəl şagirdlərinə danışmağa başladı: «Fariseylərin mayasından, yəni ikiüzlülükdən özünüzü gözləyin. 2 Elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 3 Buna görə də qaranlıqda dediyiniz gün işığında eşidiləcək, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bəyan olunacaq.
4 Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. 5 Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun! 6 Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allahın qarşısında yaddan çıxmır. 7 Sizin başınızdakı saçlar belə, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.
8 Mən sizə deyirəm: insanlar qarşısında Məni iqrar edən hər kəsi Bəşər Oğlu da Allahın mələkləri qarşısında iqrar edəcək. 9 Amma insanlar önündə Məni inkar edən özü də Allahın mələkləri önündə inkar olunacaq. 10 Bəşər Oğluna qarşı bir söz deyən hər kəs bağışlanacaq; amma Müqəddəs Ruha küfr edən bağışlanmayacaq.
11 Sizi sinaqoqlara, başçıların və hökmdarların qarşısına gətirəndə özünüzü necə müdafiə edəcəyiniz və yaxud nə deyəcəyiniz barədə qayğı çəkməyin. 12 Müqəddəs Ruh sizə o anda nə deməli olduğunuzu öyrədəcək».
Var-dövlət və insan həyatı
13 İzdihamdan bir nəfər İsaya dedi: «Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün». 14 İsa ona belə cavab verdi: «Ey insan, Məni kim üzərinizə hakim ya vəkil qoyub?» 15 Sonra İsa onlara dedi: «Diqqətli olun, hər cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın həyatı var-yoxunun bolluğundan asılı deyil».
16 İsa onlara bu məsəli danışdı: «Bir varlının torpağı bol məhsul verdi. 17 Bu adam ürəyində düşündü: “Məhsulumu qoymağa yerim yoxdur. Axı nə edim?” 18 Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikəcəyəm. Bütün taxılımı və malımı oraya yığaram. 19 Canıma deyərəm: ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”. 20 Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?” 21 Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı da elə olacaq».
Qayğı çəkməyin
(Matta 6:20-21,25-34)
22 İsa Öz şagirdlərinə belə dedi: «Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. 23 Can yeməkdən, bədənsə geyinməkdən daha vacibdir. 24 Qarğalara baxın: onlar nə əkir, nə də biçir, nə anbarları, nə də zirzəmiləri var. Amma Allah onları yedizdirir. Siz quşlardan nə qədər qiymətlisiniz! 25 Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 26 Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğısını çəkirsiniz? 27 Zanbaqların necə böyüdüyünə baxın: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 28 Ey imanı az olanlar, bu gün çöldə olub sabah ocağa atılan otu Allah belə geyindirirsə, sizi geyindirəcəyi nə qədər yəqindir! 29 “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” deyə axtarıb narahat olmayın. 30 Çünki dünyadakı bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir. 31 Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək.
32 Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü. 33 Əmlakınızı satın və sədəqə verin. Özünüzə köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər. 34 Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq».
Bilinməyən gün və saat
(Matta 10:34-36; 24:42-51; Mark 13:32-36)
35 «Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın. 36 Toy ziyafətindən qayıdan ağasını gözləyən adamlara oxşayın. Onlar ağaları gəlib qapını döyən kimi qapını açmağa hazır olurlar. 37 Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizə doğrusunu deyirəm: o özü qurşaqlanıb qullarını süfrəyə oturdacaq və gəlib onlara xidmət edəcək. 38 Ağa istər gecəyarı, istər ondan gec, səhərə yaxın gəlib qulları oyaq görsə, o qullar necə də bəxtiyardır!
39 Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun hansı saatda gələcəyini bilsəydi, evinin yarılmasına imkan verməzdi. 40 Beləcə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək».
41 Peter dedi: «Ya Rəbb, bu məsəli ancaq bizə danışırsan, yoxsa hamıya?» 42 Rəbb cavab verdi: «Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı idarəçi kimdir? 43 Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! 44 Sizə həqiqəti deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. 45 Amma həmin qul ürəyində “ağam gec gələcək” deyərsə, başqa nökər və qarabaşları döyməyə, yeyib-içməyə, sərxoşluğa uymağa başlayarsa, 46 o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, ona ağır cəza verəcək və onu sədaqətsizlərlə bir yerdə saxlayacaq.
47 Ağasının istəyini bilib hazır olmayan və onun istəyinə əməl etməyən qul çox döyüləcək. 48 Bilməyib o cəzaya layiq iş görənsə az döyüləcək. Kimə çox verilibsə, ondan çox da istəniləcək. Kimə çox tapşırılıbsa, ondan daha çox tələb olunacaq.
49 Mən yer üzünə od yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı! 50 Mənim alacağım bir vəftiz var. Bu vəftiz yerinə yetib qurtaranadək nə qədər sıxıntı çəkməliyəm! 51 Siz düşünürsünüz ki, Mən yer üzünə sülh gətirməyə gəlmişəm? Xeyr, sizə deyirəm ki, Mən ayrılıq gətirməyə gəlmişəm! 52 Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birindən ayrılaraq üç nəfərə qarşı iki nəfər, iki nəfərə qarşı üç nəfər olacaq. 53 Çünki ata oğlundan, oğul atasından, ana qızından, qız anasından, qayınana gəlinindən, gəlin də qayınanasından ayrılacaq».
Əlamətləri anlamaq
(Matta 16:2-3)
54 İsa camaata bunu da dedi: «Siz qərb tərəfdən qalxan buludu görəndə dərhal “yağış yağacaq” deyirsiniz, bu da olur. 55 Cənub küləyinin əsməsini görəndə “qızmar isti olacaq” deyirsiniz, bu da olur. 56 Ey ikiüzlülər, yer üzünün və göyün görünüşünü seçə bilirsiniz, bəs onda nə üçün indiki zamanı seçə bilmirsiniz?
57 Nə üçün düzgün olan şeyə özünüz qərar vermirsiniz? 58 Səni ittiham edənlə birgə hakimin yanına gedəndə yolda ikən onunla barışmağa çalış. Yoxsa səni hakimin qabağına sürüyər, hakimsə məhkəmə icraçısına ötürər, o da səni zindana atar. 59 Sənə bunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan».