1-4
O dövrün adətinə görə ravvin öz şagirdlərinə lazım gələndə oxuya biləcəkləri sadə bir dua öyrədirdi. Vəftizçi Yəhya artıq öz şagirdlərinə dua etməyi öyrətmişdi. İsanın şagirdləri də dua etməyi öyrətsin deyə Onun yanına gəldilər. Burada «Rəbbin Duası»nın Luka versiyası qeyd olunub. O, Mattada yazılan duanın qısa versiyasıdır. Lakin biz ondan necə və nə üçün dua etmək barədə hər şeyi öyrənə bilərik.
1. Dua Allahın Ata adlanması ilə başlayır. Bu, məsihçilərə xas Allaha müraciətdir (Qalatiyalılara 4:6; Romalılara 8:15; 1Peter 1:17). Artıq duanın birinci sözü bizə bildirir ki, biz kiməsə deyil, Öz övladlarının ehtiyaclarını ödəməkdən zövq alan Ataya müraciət edirik.
2. İbrani dilində bu ad insanın səsləndirdiyi adi addan daha böyük məna daşıyır. Ad — insanın bütün xarakterini ifadə edir. Zəbur 9:10-da deyilir: «İsmini tanıyanlar Sənə güvənir». Bu, Allahın adının Yahve olmasından daha çox şey deməkdir. Bu o deməkdir ki, Allahın xasiyyətini və qəlbini tanıyan hər kəs sevinclə Ona güvənir.
3. «Ey Göylərdə olan Atamız» duasının ardıcıllığını xüsusi qeyd edək. Özümüz üçün bir şey istəməzdən əvvəl, Allahın izzətini elan etməli və Ona ehtiramımızı bildirməliyik. Yalnız Allaha izzət verdikdən sonra başqa istəkləri diləyə bilərik.
4. Bu dua bütün həyatı əhatə edir:
a) Həyatın indiki ehtiyaclarını. Dua Allaha gündəlik çörək üçün müraciəti göstərir. Bu, səhrada göydən enən manna haqqında Allahın əmrinə istinad edir (Çıxış 16:11-21). Naməlum gələcək üçün narahat olmağa ehtiyac yoxdur, yalnız bu gün üçün qayğı çəkməliyik.
Təkcə Sən mənimlə qalsan
Uzun yol məni qorxutmaz.
b) Həyatın keçmiş günahlarını. Dua etdiyimiz zaman biz Allahdan bağışlanma diləməliyik, çünki ən yaxşı insan belə, kamil Allahın hüzurunda günahkardır.
c) Həyatın gələcək hökmünü. Duada istifadə olunan sınaq sözü hər hansı bir imtahan kimi başa düşülməlidir. Bu, təkcə günaha şirnikləndirmək deyil, həm də çətin vaxtlarda insanın yetkinliyini və sadiqliyini sınayan istənilən vəziyyətdir. Biz bu sınaqlardan qaça bilmərik. Amma Allahla birlikdə olanda, bu sınaqlara dözə bilərik.
Bir nəfər «Ey Göylərdə olan Atamız» duasında iki mühüm məna olduğunu aşkar etdi. Əgər biz duaya «Rəbbin duası» ilə başlasaq, o bizdə təmiz istəklər oyadar. Bu da bizi həqiqi sədaqətə aparar. Əgər duamızı «Rəbbin duası» ilə bitirsək, onda Allahın önündə dua etməli olduğumuz hər şeyi ümumiləşdirmiş oluruq.
5-13
Adətən, səyyahlar axşam saatlarında yola düşürdülər ki, günorta günəşinin istisindən qaçmaq imkanları olsun. İsa belə bir səyahətçinin gecəyarı dostunun evinə necə gəldiyindən bəhs edir. Şərqdə qonaqpərvərlik hər kəsin müqəddəs borcu idi. Qonağın sadəcə ehtiyaclarını ödəmək kifayət etmirdi. Qonaq üçün böyük süfrə açılmalı idi. Kəndlərdə, adətən, çörək evdə bişirilirdi. Çörəyi elə bişirirdilər ki, bir günə çatsın. Çünki çörək tez köhnəlirdi və çətin ki, ertəsi gün kimsə onu yemək istəsin.
Səyyahın bu qədər gec gəlməsi ev sahibini çətin vəziyyətə salmışdı, çünki evində çörəyi olmadığından o, müqəddəs qonaqpərvərlik borcunu layiqincə yerinə yetirə bilmədi. Gec olsa da, ev sahibi çörək almaq üçün dostunun evinə getdi. Amma dostunun evinin qapısı bağlı idi. Şərqdə insan ancaq fövqəladə hallarda gecə vaxtı qapını döyə bilər. Qapılar, adətən, bütün günü açıq qalırdı. Çünki adamların gizlədəcək heç nəyi yox idi. Ancaq qapı kilidli olurdusa, aydın idi ki, ev sahibi narahat edilməsini istəmir. Lakin qonağı gələn ev yiyəsini dostunun qapısının bağlı olması dayandıra bilmədi. O, qapını döyməyə davam etdi.
İsraildə kasıbların evi bir otaqdan və balaca pəncərədən ibarət idi. Döşəmə palçıqdan olub, quru qamışla örtülürdü. Otaq iki hissəyə — arakəsmə ilə deyil, kiçik bir diklə bölünürdü. Otağın üçdə ikisi yerdən, digər üçdə biri isə bir qədər yüksəkdə idi. Həmin hissədə bütün gecə ocaq yanırdı, onun ətrafında bütün ailə taxtda deyil, həsirlərdə yatırdı. Ailələr böyük olurdu, hamı bir-birinə yaxın yatırdı ki, isti olsun. Əgər biri oyanardısa, istər-istəməz bütün ailəni oyadırdı. Bundan əlavə, kənddə gecə evə heyvanları — toyuqlar, xoruzlar və keçiləri də gətirirdilər.
Məgər yataqda olan bir adamın ayağa qalxmaq istəməməsi təəccüblüdür? Dostundan çörək istəyənsə təkidlə qapını döyməyə davam edirdi. Mətndə işlədilən yunan sözünün mənası məhz belədir — ev sahibinin onsuz da bütün ailənin ayıldığını anlayıb, ayağa qalxaraq lazım olanı verənə qədər qapını döymək.
İsa Məsih dedi: «Bu hekayə sizin üçün dua haqqında təlimdir». Bu məsəlin mənası inadla dua etmək deyil; yəni Allah diləməyimizdən yorulub, istədiyimizi bizə verənə qədər və ya Öz iradəsinə zidd olsa da, bizə cavab verməyə məcbur olana qədər Allahın qapısını döymək demək deyil.
Məsəl sözü hərfi mənada nəyisə yan-yana qoymaq və ya nəyisə bir şeylə müqayisə etmək deməkdir. Başqa sözlə, kiməsə nəsə öyrətmək üçün iki əşyanı bir-birinə oxşadığına, yaxud bir-birinə zidd olduğuna görə yan-yana qoyuruq. İsa sanki belə deyir: «Əgər insan inadla dostunu ona lazım olan hər şeyi verməyə məcbur edə bilirsə, səmavi Ata övladlarının ehtiyaclarını daha çox ödəyər!» O deyir: «Əgər siz pis olduğunuz halda öz övladlarınızın ehtiyaclarını ödəyə bilirsinizsə, göydə olan Atanın ehtiyacları ödəyəcəyi nə qədər yəqindir!»
Lakin bu bizi cəsarətli duadan azad etmir. Çünki istəklərimizin həqiqiliyini və səmimiyyətini ancaq səylə və əzmkarlıqla dua etməklə təsdiqləyə bilərik. Ancaq bu o demək deyil ki, ehtiyacımız olan hər şeyi Allahın əlindən almalıyıq. Biz sadəcə olaraq ehtiyaclarımızı bizdən daha yaxşı bilənə və bizə lazım olan hər şeyi səxavətlə verənə müraciət edirik. Əgər Allah dilədiyimizi verməyibsə, bu Onun bizdən əsirgəməsinə görə deyil, bizə daha yaxşısını vermək niyyətində olmasına görədir. Cavabsız qalan dua yoxdur. Aldığımız cavab gözlədiyimiz və ya istədiyimiz olmaya bilər. Amma Allah duamıza hətta cavab verməkdən imtina etsə belə, Onun rədd cavabı məhəbbət və hikmətlə diktə edilir.
14-23
İsanın düşmənləri artıq birbaşa etiraz edə bilməyəndə, Ona böhtan atmağa başladılar. Onlar iddia edirdilər ki, İsanın cinləri qovmaq səlahiyyəti Onun cinlərin başçısı ilə ittifaqına görədir. Onlar İsanın qüdrətinin Allahdan deyil, şeytandan gəldiyini deyirdilər. İsa onlara ikiqat və əsaslı cavab verdi.
Birincisi, İsa onlara çevik zərbə vurdu. Həmin dövrlərdə İsraildə çoxlu cin çıxaran və sehrbazlar vardı. İosif Flavi bu fəaliyyətin padşah Süleymana qədər olduğunu qeyd edirdi. Müdrik Süleymanın digər qabiliyyətləri arasında ot və dərman bitkiləri haqqında biliyi var idi. O, cinləri bir daha geri qayıtmamaq üçün tamamilə qovmağa imkan verən sehrli düsturlar icad etmişdi. İosif Flavi təsdiqləyir ki, o, Süleymanın üsullarının hətta onun dövründə də uğurla tətbiq olunduğunu görüb (İosif Flavi, Yəhudilərin qədimliyi 8:5,2).
İsa böhtançılara uğurlu zərbə endirir. İsa deyir: «Əgər Mən cinlərin rəisi ilə ittifaqda olduğum üçün cinləri qovmaq qabiliyyətinə malikəmsə, bəs başqalarının, sizin yaxınlarınızın cinləri də qovması barədə nə deyə bilərsiniz? Məni ittiham etməklə, siz ancaq özünüzü mühakimə edirsiniz».
İkincisi, O, təkzibedilməz dəlil gətirir. Vətəndaş müharibəsinin getdiyi padşahlıq tab gətirə bilməz. Əgər cinlərin rəisi öz tərəfdarlarını qovmaq üçün bütün gücünü sərf etsəydi, onda onun padşahlığının sonu gələrdi. Axı güclü adama ondan daha güclü adam qalib gələ bilər. İsa deyir: «Buna görə də, əgər Mən cinləri qovuramsa, bu, nəinki Mənim cinlərin rəisi ilə həmrəy olduğumu göstərmir, əksinə, cinlərin qalası dağıdılıb, güclü şər adam məğlub olub və Allahın Padşahlığı yaxınlaşıb».
Bu hissədən müəyyən həqiqətlər üzə çıxır.
1. İnsanın təbiətcə adi arqumentləri tükənib, istənilən nəticəni verməzsə, o, böhtan atmağa hazır olur. Ötən əsrin görkəmli ingilis dövlət xadimi Vilyam Qledstoun London küçələrində pis yola düşmüş qadınların mənəvi islahı probleminə böyük maraq göstərirdi. Lakin Vilyam Qledstounun siyasi rəqibləri onun marağının tamamilə fərqli və qeyri-düzgün səbəblərdən qaynaqlandığını qürurla iddia edirdilər. Böhtan ən qəddar və insaniyyətdən kənar olan vasitədir. Çünki böhtan insana çox vaxt qara yaxır. Axı insan təbiətinə görə başqasını yüksəltməyə deyil, alçaltmağa meyllidir. Düşünməyin ki, biz bu kimi günah etmirik. Axı biz insan haqqında ən pis şayiələrə nə qədər tez inanmağa hazırıq? Nə qədər tez-tez bilərəkdən biz bəyənmədiyimiz insanın pisniyyətli olduğunu qeyd edirik? Nə qədər tez-tez biz çay süfrəsi arxasında böhtan və rəzil əhvalatları təkrarlayaraq, adamın nüfuzuna xələl gətiririk? Bu barədə düşünəndə, arxayınlığımıza yer olmayacaq, özümüzü analiz etməyə ehtiyac yaranacaq.
2. Bir daha xatırladaq ki, İsa Allahın Padşahlığının yaxınlaşmasını sübut edəndə, iztirab çəkənlərin sağaldığını və xəstələrin şəfa tapdığını vurğulayırdı. İsanın məqsədi təkcə canın xilasından ibarət deyildi; Onun məqsədi tamlığı ilə şəfa vermək və xilas etmək idi.
3. Luka bu hissəni İsanın sözləri ilə bitirir: «Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır». Məsihçilikdə neytrallığa yer yoxdur. Kim yaxşılıq etməkdən çəkinərsə, avtomatik olaraq pisliyin tərəfində olur. İnsan ya yolu yarıb keçir, ya da kiminsə yolunda dayanır.
24-28
Burada insandan cinin necə qovulduğuna dair acınacaqlı və dəhşətli bir hekayə canlanır. Həmin cin rahatlıq tapmaq üçün gəzir, amma tapmır. Beləcə o, qərara gəlir ki, insanın daxilinə qayıtsın. O, insanın qəlbinin pak olduğunu, süpürülmüş və təmizlənmiş, amma boş olduğunu görür. Onda o özündən betər yeddi başqa cini də götürüb, insanın daxilinə girir. Həmin insanın halı əvvəlkindən daha betər olur.
1. Bu məsəldə əsas həqiqət ehtiva olunur: insan daxili boş qalmamalıdır. Pis düşüncələrdən, axmaq vərdişlərdən və əvvəlki həyat tərzindən azad olmaq kifayət deyil, canı boş buraxmaq olmaz. Boş qəlb həmişə təhlükəyə məruz qalır. Adam Velç tez-tez «Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun» (Efeslilərə 5:18) mövzusunda vəz edirdi. O, vəzinə belə başlayırdı: «İnsan həmişə nə iləsə dolmalıdır». Şəri qovmaq kifayət deyil. Onun yerini yaxşılıq tutmalıdır.
2. Buradan belə nəticə hasil olur ki, heç bir din yalnız qadağalara əsaslana bilməz. Gəlin daha aydın bir nümunə çəkək: bazar günü ibadətində itaət məsələsi hələ də həll olunmayıb. İnsanlar tez-tez bazar günü adamların etdikləri barədə qəzəblə danışır, sonra bazar günü qadağan olunan şeylərin siyahısını verir. Lakin bütün bu qaydaların ünvanlandığı adam soruşa bilər: «Yaxşı, bəs onda mən bazar günü nə edə bilərəm?». Əgər biz bu suala cavab verə bilmiriksə, yaxşı olar ki, ona, ümumiyyətlə, heç nə deməyək. Çünki ona qadağan olunan işlərin siyahısını natamam versək, onu bekarçılığa sürükləyərik. Şeytan da öz işini boş adam vasitəsilə yerinə yetirmək imkanı gözləyir. Din həmişə bir sıra qadağalara və tabulara çevrilmək təhlükəsi altındadır. Pisliyi ürəkdən təmizləmək vacibdir, amma pislik aradan qaldırdıqdan sonra yaxşılığı inkişaf etdirmək lazımdır.
3. Pislikdən çəkinməyin ən yaxşı yolu — yaxşılıq etməkdir. Gördüyüm ən gözəl bağ o qədər güllərlə dolu idi ki, alaq otlarına yer yox idi. Təkcə alaq otlarını çıxarmaq kifayət deyil, hər boş yerə gül əkmək lazımdır. Ruhani həyatda da eyni prinsip keçərlidir. Axı bizi tez-tez pis fikirlər narahat edir. Əgər biz yalnız «Xeyr, bu barədə daha düşünməyəcəyəm» deyiriksə, gec-tez biz bu fikrə daha çox diqqət yetirəcəyik. Bundan çıxış yolu başqa bir şey haqqında düşünmək, pis fikri yaxşı fikirlə əvəz etməkdir. Bunu və ya digər şeyi etmədən mömin olmaq olmaz; insan həyatı nəcib fikirlər və əməllərlə doldurulanda mömin olur.
27 və 28-ci ayələrdə İsa sərt olsa da, həqiqəti danışır. İzdiham arasından qışqıran qadın həyəcanlı idi. İsa isə onu reallığa qaytardı. Qəlbin coşması gözəl bir şeydir; lakin gündəlik həyatda Rəbbə itaət etmək daha gözəldir. Heç bir gözəl duyğu xeyirxah əməlləri əvəz edə bilməz.
29-32
Yəhudilər İsadan tələb etdilər ki, O, heyrətamiz bir şey etsin və bununla da Onun Allahın Məsihi olduğunu sübut etsin. İsadan bir qədər sonra, b.e. 45-ci ilində İsraildə özünü Məsih elan edən Tevda peyda oldu. O, xalqı onların gözü önündə İordan çayının sularını ikiyə bölməyə və o bir sahildən digər sahilədək quru yol açmağı vəd edərək, onunla birlikdə İordan çayına getməyə razı saldı. Sözsüz ki, sular ayrılmadı və romalılar üsyanın qarşısını asanlıqla aldılar. Yəhudilər İsadan məhz belə bir əlamət istədilər. Onlar düşünürdülər ki, İsa onlara Məsih olduğunu məhz bu yolla sübut edə bilər. Yəhudilər Allahın göndərə biləcəyi ən böyük əlamətin İsanın Özü olduğunu görə bilmədilər. Bir vaxtlar Yunus peyğəmbər ninevalılar üçün Allahın əlaməti olduğu kimi, indi də İsa yəhudilər üçün Allahın əlaməti idi. Amma xalq Onu tanımadı. Süleymanın padşahlığı dövründə Səba mələkəsi onun müdrikliyi haqqında eşidib, ondan öyrənmək üçün uzaqdan gəldi; Yunus peyğəmbər təbliğ edəndə, Nineva xalqı onun təbliğində Allahın səsini tanıdı və hamısı tövbə etdi. Qiyamət günündə bütün bu xalqlar qalxıb İsanın dövründəki yəhudiləri mühakimə edəcək. Çünki həmin dövrdə yaşayan yəhudilər digər xalqların heç vaxt malik olmadığı imtiyaza malik idilər. Ancaq yəhudilər Onu qəbul etməkdən imtina etdilər. Yəhudilərin mühakiməsi daha ağır olacaq, çünki onlar böyük imtiyaza malik idilər.
İmtiyazlar və məsuliyyət həmişə bir-biri ilə sıx bağlıdır. Gəlin bizim iki ən böyük imtiyazımız və onlardan necə istifadə etdiyimiz barədə düşünək.
1. Hər birimizin Allahın Kəlamı, Müqəddəs Kitabdan istifadə etmək imkanı var. Həmişə belə olmayıb, bu öz-özündən yaranmadı. Elə vaxtlar var idi ki, Müqəddəs Kitabın doğma dildə təbliği ölümlə cəzalandırılırdı. 1350-ci ildə Uiklif bir alimə məktub yazaraq ondan Müjdəni sadə xalqa onların öz dilində çatdırmağı xahiş edəndə belə cavab aldı: «Məsihin qanununa görə mən yaxşı bilirəm ki, sənin xahişini yerinə yetirməliyəm. Amma bu gün biz Məsihin qanunundan o qədər uzaqlaşmışıq ki, xahişini yerinə yetirsəm, öləcəyəm. Sən isə yaxşı demisən ki, insan mümkün qədər çox yaşamalıdır». Sonralar Fok qeyd edir ki, o vaxtlar insanlar gecələr oturub, Allahın Kəlamını ingilis dilində oxuyur və dinləyirdilər. «İngilis dilində yazılmış həvari Yaqubun və ya həvari Paulun məktublarını almaq üçün insanlar böyük pul ödəyir, yaxud bir araba saman verirdilər». İngiltərəyə ilk çap olunmuş Müqəddəs Kitabı Tindeyl18 vermişdi. O, bunu yoxsulluqdan, sürgündən, dost yoxluğundan, aclıqdan, susuzluqdan, soyuqdan, böyük təhlükələrdən, saysız-hesabsız toqquşmalardan əziyyət çəkməsinə baxmayaraq etdi. 1536-cı ildə o, şəhid olaraq vəfat etdi. Onun ölümündən bir qədər əvvəl hakimiyyət ingilis dilində çap olunmuş Müqəddəs Kitabları yandıranda o dedi: «Onlardan nə gözləyirdimsə, onlar məhz onu etdilər. Məni də kitab kimi yandırsalar, təəccüblənmərəm».
Müqəddəs Kitabdan daha dəyərli bir kitab yoxdur. Bizim dövrümüzdə insanların Müqəddəs Kitaba hamının eşitdiyi, amma heç kimin oxumadığı klassik bir kitab olaraq tərif verməsi kimi ciddi təhlükə var. Bizə Müqəddəs Kitaba sahib olmaq imtiyazı verilib. Bu imtiyaz üzərimizə məsuliyyət qoyur, çünki biz öz imtiyazlarımıza cavabdehik.
2. Biz Allaha istədiyimiz şəkildə xidmət edə bilərik. Bu da insan həyatı bahasına başa gələn bir imtiyazdır. Faciə ondadır ki, əksər insanlar bu imtiyazdan, ümumiyyətlə, Allaha xidmət etməmək üçün istifadə edirdilər. Bu imtiyaz da üzərimizə məsuliyyət qoyur, çünki buna görə də cavab verməli olacağıq. Əgər insan məsihçidirsə, onda Məsihin kitabı və Məsihin cəmiyyəti varsa, o, Allahın imtiyazlarının varisidir. Əgər o, bu imtiyazlara etinasızlıq edir və ya onlardan imtina edirsə, onda İsa Məsihin dövründəki yəhudilər kimi mühakiməyə məruz qalacaq.
33-36
Bu hissənin mənasını başa düşmək asan deyil. Lakin ola bilsin, o, belə məna verir.
Bədənin nuru gözdən asılıdır; əgər göz sağlamdırsa, insan kifayət qədər işıq qəbul edir. Əgər göz sağlam deyilsə, işıq onun üçün qaranlığa çevrilir. Eynilə həyatın nuru da ürəkdən asılıdır; əgər insanın ürəyi mənəvi cəhətdən sağlamdırsa, onun bütün həyatı işıq saçır; əgər ürəyi mənəvi cəhətdən korlanıbsa, bütün həyatı qaranlığa qərq olur. İsa Məsih təkidlə bizi daxili işığımızı qoruyub saxlamağa çağırır.
Bəs onda nəyə görə daxili çırağımız zəifləyir və ya sönür? Onda ürəyimizlə nə baş verir?
1. Ürəyimiz sərtləşə bilər. Bəzən əllərimizlə adət etmədiyimiz bir şey etmək məcburiyyətində qalanda, dərinin qıcıqlandığını hiss edirik və əllərimiz ağrımağa başlayır. Ancaq həmin işi tez-tez təkrarlasaq, dərimiz sərtləşir, onda biz əvvəllər bizi incidən hərəkəti çətinlik çəkmədən edə bilərik. Ürəyimizlə də eyni şey baş verir. İlk dəfə pis bir iş görəndə biz onu titrəyə-titrəyə, qorxa-qorxa edirik. Bəzən də ağrı çəkərək edirik. Sonra bu hisslər getdikcə zəifləyir, sonda vicdan əzabı çəkmədən edirik. Günah böyük səlahiyyətə malikdir — o, qəlbi və ruhu sərtləşdirir.
İnsan günaha doğru ilk addım atanda, həmişə qəlbində xəbərdarlıq nidası müşayiət olunur. Lakin o, tez-tez günah etməyə davam edirsə, zamanla günah daha onu narahat etmir və ürəyi təşvişə düşmür. Bir vaxtlar insanda qorxu yaradan və həvəssiz etdiyi davranışlar vərdiş halına çevrilir. Əgər belə vəziyyətə düşməyə icazə vermişiksə, onda buna görə yalnız özümüzü günahlandırmalıyıq.
2. Ürəyimiz hissiyyatını itirir. İnsan pisliyə çox asanlıqla alışır. Olur ki, biz dünyanın əzablarını görəndə ürəyimiz ağrıyır, amma tədricən öyrəşirik, baş verənləri təbii qəbul edir və narahat olmuruq. Əksər insanlar gənclikdə bu şeylərə daha həssas olur, nəinki yetkinlik dövründə. Bu, İsa Məsihin Çarmıxa çəkilməsinə də aiddir.
Florens Barkli balaca olarkən imanlı cəmiyyətinə necə aparıldığını danışır. İsa Məsihin əzab çəkdiyi cümə günü idi. Cəmiyyətdə Çarmıxa çəkilmə hekayəsini oxuyurdular. O, Peterin inkarı və Yəhudanın xəyanəti barədə eşitdi. Həmçinin Ponti Pilatın İsa Məsihi sorğu-suala çəkməsi haqqında eşitdi. Qız İsanın tikanlı tacını, əsgərlərin Onu vurduğunu gördü. O, İsanın Çarmıxa çəkilməsi haqqında qərarı, sonra isə dəhşətli son sözləri «Onu Çarmıxa çəkdilər» eşitdi. Elə görünürdü ki, bu hekayə cəmiyyətdə heç kimə toxunmadı. Qız isə birdən üzünü anasının paltarında gizlədib, hönkür-hönkür ağladı. Qızın səsi sakit cəmiyyəti bürüdü: «Onlar niyə belə etdilər? Niyə belə etdilər?»
Çarmıxa çəkilmə hekayəsini biz məhz bu cür qəbul etməliyik. Lakin biz onu o qədər eşitmişik ki, indi heç bir emosiya olmadan qəbul edirik. Qoy Allah bizi, bizə görə Çarmıxda çəkdiyi dəhşətli əzabı hiss etmək qabiliyyətini itirmiş ürəkdən xilas etsin.
3. Ürəyimiz açıq şəkildə üsyan edə bilər. Bəzi insanlar doğru yolu bilirlər, amma bilərəkdən yanlış yolu seçirlər. İnsan Rəbbin əlini öz çiyinlərində hiss edə, ancaq onu itələyə bilər. Ruhani gözləri açıq olan insan, Allah onu evə çağırarkən, uzaq bir ölkəyə getməyi seçə bilər. Qoy Allah bizi daşlaşmış ürəkdən qorusun.
37-44
Farisey İsanın yeməkdən əvvəl əllərini yumamasına təəccübləndi. Bu, təmizliyi qoruyub-saxlamaq üçün edilmirdi; yeməkdən əvvəl əllərin yuyulması adət idi. Qanunda deyilir ki, insan yeməkdən əvvəl əlləri müəyyən qaydada yumalı, eləcə də yeməklər arasında əllərini yumalıdır. Həmişə olduğu kimi, hər bir detal xüsusi işlənilib hazırlanmışdır. Bunun üçün su ilə dolu xüsusi daş küplər var idi, çünki adi su murdar ola bilərdi. Əlləri yumaq üçün bir yarım yumurta qabığının tuta biləcəyi qədər su istifadə olunmalı idi. Əvvəlcə barmaqların ucundan başlayaraq, biləyə qədər əllərə su tökülürdü. Sonra əlin içi yuyulurdu. Əlin içi digər əlin üstü ilə yumruq şəkildə sıxılaraq yuyulurdu. Sonda su biləkdən başlayaraq barmaqların ucuna qədər yenidən əlin üzərinə tökülürdü. Hətta bu adətin kiçik pozuntusu belə, fariseylər tərəfindən günah sayılırdı. İsa buna belə cavab verdi ki, əgər fariseylər əllərini təmiz saxladıqları qədər ürəklərini də təmiz saxlasaydılar, onda ən yaxşı insan olardılar.
Ortodoksal yəhudi aşağıdakı vəzifələri diqqətlə yerinə yetirirdi:
a) Torpağın ilk məhsulu. İlk məhsula aid olan altı məhsul — buğda, arpa, üzüm, əncir, nar, zeytun yağı, eləcə də ilk yığılmış bal Məbədə qurban olaraq təqdim gətirilirdi.
b) Teruma19. Torpağın ilk bəhrəsi Allaha qurban təqdim edilərkən, teruma kahinləri saxlamaq üçün nəzərdə tutulmuşdu. Teruma da torpağın ilk bəhrəsindən gətirilirdi. Onun həcmi bütün məhsulun 1/50 hissəsi idi.
c) Ondabir. İnsanlar ondabiri birbaşa levililərə təqdim edirdi, onlar da öz növbəsində aldıqlarının ondabirini kahinlərə verirdilər. Həmin ondabirə «yemək üçün lazım olan, torpaqda əkilən və bitən» hər şeyin ondabir hissəsi daxil idi. Fariseylərin bu məsələdə xırdaçılığı artıq onda görünürdü ki, qanunda sədəfotu təqdim olunmaması haqqında yazılsa da, onlar bunu təqdim edirdilər. Ürəyin vəziyyətindən asılı olmayaraq, ədalət və məhəbbət qanunlarına etinasızlıq etsələr də, fariseylər ondabir ödəməyi heç vaxt unutmurdular. Sinaqoqda imtiyazlı yerlər öndə yerləşirdi və üzü ibadət edənlərə baxırdı. İbadətə gələnlər üçün ən hörmətli yerlər birinci cərgələr idi. Getdikcə arxa cərgələrdə oturanlara hörmət azalırdı. Hörmət adamların nə qədər görünməsindən asılı idi! İnsanlar küçələrdə fariseylərə nə qədər çox hörmət edirdilərsə, onlar bir o qədər məmnun olurdular. Saylar 19:16-nı nəzərə alsaq, 44-cü ayənin mənası aydın olar: «Çöldə qılıncla öldürülmüş olana, bir ölüyə yaxud bir insan sümüyünə yaxud da qəbirə toxunan şəxs yeddi gün murdar sayılsın». Murdar olmaq bütün ibadətlərdən uzaqlaşdırılmaq demək idi. İnsan isə bilmədən itmiş qəbirə toxuna bilərdi. Amma bunun heç bir fərqi yox idi: bir toxunuş insanı murdar edirdi. İsa Məsih deyirdi ki, fariseylər həmin itmiş qəbirlərə bənzəyirdilər. Xalq bilməsə də, fariseylərlə ünsiyyət onlara ancaq zərər gətirirdi. Dərk etmədən onlarla təmasda olan şəxs pisliyə şərik olurdu. İnsanlar, ümumiyyətlə, şəri görməsələr də, o yayılırdı. Çünki fariseylər Allah və Onun tələbləri haqqında yanlış düşüncələrə yoluxmuşdular.
Fariseylərdə xüsusilə nəzərə çarpan qanundan iki kənara çıxma var idi. İsa da bunlara görə onları qınayırdı.
1. Onlar öz diqqətlərini zahirə yönəldirdilər. Nə qədər ki, bütün zahiri dini ayinlər yerinə yetirilirdi, onlar qane olurdular. Onların ürəkləri cəhənnəm kimi qara ola bilərdi; bəlkə də, onlara mərhəmət, hətta ədalət hissi yad idi. Amma müəyyən vaxtda müəyyən ayinləri yerinə yetirəndə, özlərini Allahın gözündə ləyaqətli insanlar hesab edirdilər. İnsan müntəzəm olaraq imanlı cəmiyyətinə gedə, Müqəddəs Kitabı səylə oxuya və cəmiyyətin ehtiyacları üçün səxavətlə verə bilər. Amma ürəyində qürur və nifrət varsa, yaxınına gündəlik münasibətlərdə mərhəmət göstərmirsə, tabeliyində olanlara qarşı haqsızlıq edirsə və öz işinə etinasız yanaşırsa, o, məsihçi deyildir. Heç kim insanlar arasında normal münasibətləri unudub, yalnız dinin zahiri normalarına riayət etməklə məsihçi ola bilməz.
2. Fariseylər təfərrüatlara xüsusi diqqət yetirirdilər. Məhəbbət və xeyirxahlıq, ədalət və səxavətlə müqayisədə əllərin yuyulması və ondabir hissənin verilməsi əhəmiyyətsiz şeydir. Çox vaxt imanlı cəmiyyətinin möminləri cəmiyyətin rəhbərliyi və idarəçiliyi ilə bağlı xırda problemlərlə məşğul olur, hətta öz aralarında mübahisə edir və dalaşırlar, lakin həqiqi məsihçi həyatının əsl problemlərini unudurlar.
45-54
İLAHİYYATÇILARIN GÜNAHI (Luka 11:45-54)
İsa Məsih ilahiyyatçılara qarşı üç ittiham irəli sürür.
1. Qanunu bilənlər kimi, onlar insanların üzərinə qanunun ağır yüklərini qoyurdular, özləri isə onlara riayət etmirdilər, çünki onlar yayınmaqda mahir usta idilər. Bu yayınmalardan bəzilərini təqdim edirik.
Qanuna görə hər yəhudi Şənbə günü yaşadığı yerdən 2000 qulac (915 metr) məsafə yol qət edə bilərdi. Amma yolun üstündən kəndir çəkilsəydi, onda həmin kəndir onun üçün küçənin sonu olacaq və o, daha 915 metr gedə bilərdi. Əgər o, cümə günü hər hansı bir yerdə iki dəfə yeyilə biləcək yemək qoyurdusa, həmin yer də onun yaşayış yeri sayılır və o, oradan daha 915 metr gedə bilərdi!
Digər işlər arasında, Şənbə günü düyün bağlamaq qadağan edilirdi: məsələn, dənizçilərin düyünləri, dəvəçilərin düyünləri, kəndir düyünləri və s. Ancaq qadın öz kəmərini bağlaya bilərdi. Ona görə də quyudan bir vedrə su çəkmək lazım gəlirdisə, vedrəyə kəndir deyil, kəmər bağlana və bu şəkildə quyudan vedrə ilə su çəkilə bilərdi!
Bundan başqa, ağır yük daşımaq qadağan idi. Lakin mərasim qanununda deyilirdi: «Sağ və ya sol əlində, ya qoynunda, yaxud çiynində bir şey daşıyan adam günahkardır; ancaq ovucun üstündə, ayaqda, ağızda, dirsəkdə, qulaqda, saçda və ya cibin tərs üzündə, ciblə köynəyin arasında, qatlanmış köynəkdə, ayaqqabıda və ya səndəldə bir şey daşıyan adam qanunu pozmur, çünki o, yükü adət etdiyi kimi daşımır».
Allahın kiməsə belə bir qanunun təyin edə biləcəyini düşünmək ağlasığmazdır və belə bir qanunun təfərrüatlarının işlənib hazırlanması dini ibadət, onlara riayət edilməsi isə ölüm-dirim məsələsi ola bilərdi. Lakin ilahiyyatçıların dini məhz bundan ibarət idi. Məhz buna görə İsanın Öz nitqində ilahiyyatçılara hücum etməsi, onların da öz növbəsində İsanı imansız bidətçi adlandırması təəccüblü deyil.
2. İlahiyyatçıların peyğəmbərlərə münasibəti ziddiyyətli idi. Onlar peyğəmbərlərə böyük ehtiram göstərdiklərini bəyan etdilər. Lakin məsələ bunda idi ki, onlar ancaq ölmüş peyğəmbərlərə hörmət edirdilər, sağ olanları isə öldürməyə çalışırdılar. Onlar ölmüş peyğəmbərlərə məqbərələr, abidələr ucaldır, diriləri isə rüsvay edir, təqib edir və öldürürdülər.
Allah Yeşaya peyğəmbərin vasitəsilə demişdi: «...pisliklə dolu təzə ay mərasimlərinizə, şənbə günlərinizə müqəddəs toplantılarınıza dözə bilmirəm». «Ey insan, Allah sənə yaxşı olanı bildirdi; ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, itaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?» (Mikeya 6:8) Peyğəmbərlərin təliminin mahiyyəti bundan ibarət idi; o isə birbaşa olaraq ilahiyyatçıların təliminə zidd idi. Buna görə də təəccüblü deyil ki, ilahiyyatçılar işlədikləri zahiri təfərrüatları ilahiləşdirərək, peyğəmbərlərə nifrət edirdilər. İsa da peyğəmbərlərin xətti ilə gedərək təlim öyrədirdi. Zəkəriyyə peyğəmbərin öldürülməsi 2Salnamələr 24:20-21-də təsvir edilmişdir.
3. İlahiyyatçılar Müqəddəs Yazıları insanlardan gizlədirdilər. Onların Müqəddəs Yazıları şərh etməsi o qədər özünəməxsus idi ki, adi insan üçün orada nəsə başa düşmək çətin idi. Buna görə də insanlar üçün Müqəddəs Yazılar tapmacalar kitabına çevrilmişdi. Onlar yanlış düşünərək Müqəddəs Yazıların həqiqi mənasını görməkdən imtina edirdilər və başqalarının onu öyrənməsinə icazə vermirdilər. Müqəddəs Yazılar ilahiyyatçıların əlində, adi insanlarda olduğu kimi, anlaşılmaz, sirli kitaba çevrilmişdi.
Eyni şey bu gün də baş verir. Bu gün də başqalarından həyat və davranış normalarına əməl olunmasını tələb edənlər var, amma özləri onları yerinə yetirməyi ağıllarına belə gətirmirlər. Bu gün də bir çoxları üçün din yalnız zahiri qaydalara riayət etməkdən ibarətdir. Bu gün də hələ Allahın Kəlamını başa düşməyi o qədər çətinləşdirənlər var ki, Allahın həqiqətini axtaran insan çaşıb qalır və nəyə inanacağını, kimə qulaq asacağını bilmir.