Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 10-cu fəsil

V. Barklinin şərhləri

10-cu fəsil

1-16

QURBAN ÜÇÜN İŞÇİLƏR (Luka 10:1-16)

Bu ayələr xidmətin daha da genişlənməsindən, artıq on iki deyil, yetmiş şagirddən bəhs edir. Yəhudilər üçün yetmiş rəqəmi rəmzi xarakter daşıyırdı.

a) Bu, səhrada xalqa rəhbərlik etmək və onları idarə etmək üçün yükünü Musa ilə bölüşməli olan ağsaqqalların sayıdır (Saylar 11:16-17, 24-25).

b) Yəhudilərin Ali Şurası da yetmiş üzvdən ibarət idi. Əgər İsanın yetmiş şagirdini bu iki rəhbər orqanla müqayisə etsək, oxşar vəzifələr görərik.

c) Bundan əlavə, belə hesab olunurdu ki, bütün dünya xalqlarının sayı yetmişdən ibarətdir. Luka geniş düşüncəli bir insan olduğu üçün, çox güman, o, yer üzünün hər bir xalqının Rəbbi tanıyacağı və sevəcəyi günü düşünürdü.

Gəlin maraqlı əlavə məlumatları da qeyd edək. İsanın məhvə məhkum etdiyi şəhərlər arasında Korazin şəhəri də var idi. Görünür, İsa orada çox böyük işlər görmüşdü. Müjdələrin tarixində bu şəhərin adı çəkilmir, ona görə biz İsanın orada etdiyi nə bir əməli, nə də Onun orada dediyi bir kəlməsi haqqında bilirik. Bu onu göstərir ki, biz İsanın həyatı haqqında çox az şey bilirik. Müjdələr İsa Məsihin tərcümeyi-halı deyil, yalnız Onun həyatının oçerkidir17 (Yəhya 21:25).

Bu ayələrdən biz təbliğçi və dinləyici haqqında son dərəcə vacib məlumatları öyrənə bilərik.

1) Təbliğçi maddi dəyərlərlə yüklənməməlidir. O, yüksüz səyahət etməlidir. Axı maddi rifah içində batmaq çox asandır. Günlərin bir günü doktor Conson bir sarayla və onun sakinlərinin həyat tərzi ilə tanış olandan sonra qəmgin şəkildə dedi: «Ölüm haqqında düşüncələri dözülməz edən məhz bunlardır». Yerin nemətləri göyləri düşüncələrimizdən sıxışdırıb çıxarmamalıdır.

2) Təbliğçi bütün diqqətini ona tapşırılan işlərə yönəltməlidir. O, rastına çıxan hər insanı salamlamamalıdır. Elişa peyğəmbər qulu Gehaziyə də bu cür tapşırıq vermişdir (2Padşahlar 4:29). Bu, hörmətsizlik göstərmək göstərişi deyil. Bu, bir xatırlatmadır ki, Allah adamı onu daha böyük şeylər gözlədiyi halda, diqqətini yayındırmamalı və kiçik işlərlə məşğul olmamalıdır.

3) Təbliğçi öz vəzifəsini layiq olduğu mükafat almaq naminə yerinə yetirməməlidir. Ona təklif olunan yeməyi yeməli, daha yaxşı şərait və yaxşı yemək axtarmaq üçün evbəev gəzməməlidir. Artıq o dövrdə müftəxorlar mövcud idi. Təxminən eramızın 100-cü ilində yazılmış və imanlı cəmiyyətinin ilk qaydası olan «On İki Həvarinin Təlimi» oxucunu peyğəmbərlərin bir şəhərdən digərinə sərgərdan gəzməsi barədə xəbərdarlıq edir. Həmin nizamnamədə yazılıb ki, bir evdə üç gündən çox qalan və heç bir iş görməyən peyğəmbər yalançı peyğəmbərdir. Əgər Müqəddəs Ruhla danışan peyğəmbər pul və ya yemək tələb edirsə, o da yalançı peyğəmbərdir! İşçinin maaş almaq hüququ var, lakin Çarmıxa çəkilmiş Məsihin xidmətçisinin dəbdəbə axtarmağa haqqı yoxdur.

4) Allahın Kəlamını eşidənin üzərinə böyük məsuliyyət düşür. İnsan öyrənmək imkanı olduğu halda öyrənmədiyi üçün mühakimə olunacaq. Uşağa nə icazə veririksə, çox vaxt böyüklərdə onu qınayırıq. Biz vəhşi insanları bağışlayırıq, amma mədəni insanı cəzalandırırıq. Məsuliyyət — imtiyazın digər tərəfidir.

5) Allahın çağırışını rədd etmək dəhşətlidir. Eşidilən hər bir vəd lənətə çevrilə bilər. Əgər insan bu vədləri qəbul edərsə, o, ən böyük izzəti qazanar, amma onları inkar edərsə, onlar bir gün onun əleyhinə şəhadət edə bilər.

17-20

İNSANIN HƏQİQİ BƏXTİYARLIĞI (Luka 10:17-20)

Geri qayıdan yetmiş şagird İsa Məsihin adı ilə qazandıqları qələbəyə görə sevincdən atılıb-düşürdülər. İsa onlara dedi: «Mən Şeytanın ildırım kimi göydən düşməyini görmüşdüm». Bunun mənasını başa düşmək asan deyil. Bu ifadəni iki şəkildə şərh etmək olar.

1) Birincisi, «Mən qaranlığın və şər qüvvələrin məğlub olduğunu gördüm; şeytanın qalası süquta uğradı və indi Allahın Padşahlığı gəlir» mənasını verə bilər. Bu, şeytanın üzərində son qələbənin nə qədər uzaq olmasından asılı olmayaraq, İsanın şeytanın və onun qaranlıq qüvvələrinin ölümcül zərbə almasını bildiyini ifadə edə bilər.

2) Lakin İsa təkəbbürdən də xəbərdarlıq edə bilərdi. Müqəddəs Yazılara görə, Allaha qarşı üsyanın səbəbi elə qürur idi, nəticədə şeytan bir vaxtlar mələklərin rəhbəri olduğu göylərdən qovuldu. Ola bilsin ki, İsa yetmiş şagirdə belə demişdi: «Siz qalib gəldiniz; ancaq qürurdan çəkinin, çünki bir vaxtlar mələklərin başı olan şeytan da qürurlandı və cənnətdən qovuldu».

Şübhəsiz, İsa şagirdlərini qürur və özünə əmin olmaqdan çəkindirməkdə davam edirdi. Şagirdlərə, həqiqətən də, səlahiyyət verilmişdi. Lakin onların ən böyük sevinci o idi ki, adları göylərdə yazılmışdı.

Doğrudan da, ən böyük lütf insanın etdikləri deyil, Allahın insan üçün etdikləridir. Düzdür, bu da bir həqiqətdir ki, xloroformun kəşfi digər kəşflərə nisbətən dünyanı daha çox əzabdan xilas etdi. Bir adam xloroformdan istifadənin təşəbbüskarı olan cənab Ceyms Simpsondan soruşdu: «Ən böyük kəşfiniz nədir?». Əslində, o, Simpsonun «Xloroform» deyəcəyini gözləyirdi. Ancaq Simpson dedi: «Ən böyük kəşfim — İsa Məsihin mənim Xilaskarım olmasıdır».

Hətta ən dahi insan da Allaha yalnız belə deyə bilər:

Ey Allahım, hüzuruna gəldim

Çılpaq idim, geyindirdin;

Kasıb idim, Sarayını mənə verdin;

Məni qanınla pak etdin;

Sevginlə əhatə etdin.

Qürur insan üçün göylərə gedən yolu bağlayır. Lakin təvazökarlıq onu Allahın hüzuruna aparır.

21-24

TƏKZİBEDİLMƏZ BƏYANAT (Luka 10:21-24)

Bu hissədə üç böyük fikir əksini tapır.

1. 21-ci ayədə sadəliyin hikmətindən bəhs edilir. Sadə ağıl, təhsilli bir ağlın anlaya bilmədiyi həqiqətləri qəbul edə bilər. Bir dəfə Arnold Bennet demişdi: «Əsl möhtəşəm kitab yalnız ətrafındakı dünyanı ilk dəfə görən uşağın gözü ilə yazıla bilər». Ancaq çox ağıllı olmaq da mümkündür. İnsan elə bir elmi dərəcəyə çata bilər ki, burnundan uzağı görməyə bilər. Kimsə belə bir söz demişdir: əslində alimin böyüklüyü — onun nə qədər təvazökar olmağındadır. Məsihin yolu Əhdi-Cədid haqqında bütün nəzəriyyələri bilmək demək deyil. Məsih haqqında bütün təlim və nəzəriyyələrin biliyi də deyil. Məsihin yolu — Məsih haqqında nəyisə bilmək deyil, Məsihin Özünü tanımaqdır. Bunun üçün dünyəvi hikmət yox, səmavi lütf lazımdır.

2. 22-ci ayə İsa ilə Allah arasındakı xüsusi münasibətdən bəhs edir. Bu münasibət dördüncü Müjdədə aydın şəkildə xarakterizə olunur. Orada deyilir: «Kəlam bəşər olub» (Yəhya 1:14); yaxud İsa Məsihin dilinə belə sözləri qoyur: «Mən və Ata birik» və ya «Məni görən, Atanı görmüş olur» (Yəhya 10:30; 14:9). Yunanlar Allahı tanımırdılar. Onlar üçün maddə ilə ruh, insanla Tanrı arasında dərin uçurum var idi. Onlar deyirdilər ki, Allahı tanımaq çox çətindir, Allahı tanıdıqdan sonra başqalarına Onun haqqında danışmaq mümkün deyil. Lakin dünyaya gələn İsa Məsih dedi: «Məni görən, Atanı görmüş olur». İsa insanlara təkcə Allah haqqında danışmırdı, O, daha çox Allahı göstərirdi. Çünki İsa Allahın ağlına və ürəyinə malik idi.

3. 23 və 24-cü ayələrdən biz öyrənirik ki, İsa bütün tarixin icra olunmasıdır. İsa Məsih deyir: «Bütün peyğəmbərlərin, möminlərin və padşahların səbirsizliklə gözlədikləri və görmək istədikləri Şəxs Mənəm». Matta öz Müjdəsində «Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi» yazarkən məhz bunu nəzərdə tuturdu (Matta 2:15, 17, 23 ilə müqayisə edin). İsa Məsih bəşəriyyətin can atdığı zirvə, yönəldiyi məqsəd, Allah adamlarının həmişə arzuladıqları xəyal idi. Əgər biz bunu müasir fəlsəfənin terminologiyası ilə ifadə etmək istəsək, onda, yəqin, belə deyərdik: biz təkamülə, insanın Məsihdə dəyişməsinə inanırıq. İsa bu təkamül prosesini tamamlayır, çünki insan Allahla məhz Onda görüşür. O, eyni zamanda həm insan, həm də ilahi kamilliyi təcəssüm etdirir.

25-37

SƏNİN QONŞUN KİMDİR (Luka 10:25-37)

Əvvəlcə gəlin əraziyə nəzər salaq. Yerusəlimdən Yerixoya gedən yol çox təhlükəli idi. Yerusəlim dəniz səviyyəsindən 601 metr yüksəklikdə, Yerixonun yaxınlığında yerləşən Ölü dəniz isə dəniz səviyyəsindən 396 metr aşağıda yerləşir. Nəticədə 32 kilometrə yaxın məsafədə yol təxminən 1000 metrə qədər aşağı enir. Yol dar qayalı dərələrlə dolanır və əyri-üyrülüklərlə doludur. Bu da oranı quldurlar üçün əlverişli mühitə çevirirdi. Yeromun dediyinə görə, hələ V əsrdə bu yol «Qırmızı və ya Qanlı Yol» adlanırdı. XIX əsrdə isə oradan təhlükəsiz və sağ-salamat keçmək üçün yerli şeyxlərə pul ödəmək lazım idi. Hətta 1930-cu illərin əvvəllərində, bir səyahətçinin dediyinə görə, o, bu yoldan keçmək niyyətində olarkən, ona gün batmazdan əvvəl evə qayıtması barədə xəbərdarlıq edilmişdi. İşində mahir olan məşhur oğru avtomobilləri saxlayır, yoldan keçənləri soyur və polis hadisə yerinə gələnə qədər gizlicə dağlarda gözdən itirdi. İsa Öz məsəlində Yerusəlimdən Yerixoya gedən yolda faktiki vəziyyəti təsvir etmişdi.

İndi isə məsəldə iştirak edən insanlara nəzər salaq. Onlar kimdir?

a) Birincisi, səyyahdır. Aydın məsələdir ki, o, ehtiyatsız və tədbirsiz bir insan idi. İnsanlar nadir hallarda təkbaşına Yerusəlimdən Yerixoya gedən yolda özləri ilə mal və ya qiymətli əşyalar götürürdülər. Təhlükəsizliyi təmin etmək üçün insanlar dəstə-dəstə toplanır, keşikçilərlə və ya karvanlarla birlikdə səyahət edirdilər. İsanın çəkdiyi məsəldə düşdüyü vəziyyətə görə yalnız səyyah özü günahkar idi.

b) İkincisi, kahindir. O, tələsik halda həmin adamdan yan keçdi. Şübhəsiz ki, o, ölülərə toxunan hər kəsin yeddi gün murdar sayılacağını bilirdi (Saylar 19:11). Düzdür, o, səyyahın öldüyünü dəqiq bilməsə də, onun öldüyünü zənn etdi. Ölüyə toxunmaqla o, Məbəddə xidmət etmək növbəsini itirə bilərdi. Buna görə də risk etmək istəmədi. O, ayin tələblərini mərhəmət normalarından üstün hesab edirdi. Məbəd və Məbəddəki xidmət onun üçün insan iztirabından daha vacib idi.

c) Üçüncü adam Levili idi. Görünür, o, əvvəlcə səyyaha yaxınlaşmışdı, sonra isə yan keçib yoluna davam etmişdi. Quldurlar çox vaxt müxtəlif növ tələlər qururdular. Onlardan biri özünü yaralı kimi göstərirdi, ehtiyatsız səyyah isə ona kömək etmək üçün əyiləndə, qalanları səyyahın üstünə atılaraq onu məğlub edirdilər. Levililər «hər şeydən əvvəl təhlükəsizlikdir» şüarı ilə yaşayan insanlardan idilər. Kiməsə kömək etmək üçün özlərini riskə atmazdılar.

d) Ən axırıncısı samariyalıdır. Çox güman, İsanın dinləyiciləri gözləyirdilər ki, indi söhbət pis insan haqqında gedəcək. Mənşəcə samariyalı olmaq mütləq deyildi. Yəhudilər samariyalılarla əlaqə saxlamırdılar. Lakin görünür, haqqında danışılan samariyalı səyahət edən tacir və mehmanxanada tez-tez qalan qonaq idi. Yəhya 8:46-da yəhudilər İsanı samariyalı adlandırırlar. Bu ləqəb çox vaxt bidətçiyə və əcdadların qanunlarını pozan adamlara verilirdi. Çox güman, burada söhbət samariyalıdan, yəni ləyaqətli ortodoksal insanlar tərəfindən xor baxılan insandan gedir.

Onun iki xarakterik xüsusiyyətini qeyd etmək lazımdır:

1. Onun sözünə inanırdılar! Mehmanxana sahibi ona inanmışdı. Ola bilsin ki, həmin samariyalı teoloji baxışları ilə seçilmirdi, amma o, dürüst insan idi.

2. Yalnız o, kömək etməyə hazır oldu. Əcdadlarının qanunlarına münasibətdə nə qədər azğın olsa da, onun qəlbində Allah sevgisi var idi. Çünki ortodoksal dindarların çox vaxt real köməkdən daha çox Allahın təlimi ilə maraqlanması, eləcə də möminlər tərəfindən xor baxılan adamın öz qonşusunu həqiqətən sevməsi qeyri-adi hal deyil. Çünki axirətdə biz dinimizə görə deyil, yaşadığımız həyat tərzimizə görə mühakimə olunacağıq.

Sonda gəlin məsəlin əxlaqi nəticəsinə nəzər salaq. Sualı verən qanunşünas onu ciddi şəkildə vermişdi. İsa ondan «Qanunda nə yazılıb? Orada nə oxuyursan?» soruşdu. Ciddi ortodoksal yəhudilər biləklərinə kiçik dəri qutucuqlar bağlayırdılar. Həmin qutucuqlarda onlar Müqəddəs Yazılardan qeyd olunmuş bəzi ayələri — Çıxış 13:1-10; 11,16; Qanunun Təkrarı 6:4-9; 11:13-20 — saxlayırdılar. «Allahın Rəbbi sev» Qanunun Təkrarı 6:4 və 11, 13 ayələrindəndir. Başqa sözlə, İsa qanunşünasa dedi: «Biləyinə taxdığın Müqəddəs Yazılara bax, onda sualına cavab tapacaqsan». Həmin sitata qanunşünas Levililər kitabı 19:18-dən başqa bir sitat da əlavə etdi. Orada qonşunu özün kimi sevmək əmr edilir. Lakin dəqiqləşdirmələrə üstünlük verən ravvinlər «qonşu» anlayışının tərifini axtarırdılar. Həm də onlar «qonşu» anlayışını yalnız yəhudilərə aid edirdilər. Məsələn, bəziləri bütpərəst bir qadının ən çətin anında, yəni doğuş zamanı ona kömək etməyi qanun pozuntusu hesab edirdilər. Çünki bununla belə dünyaya başqa bir bütpərəstin doğulmasına töhfə vermiş olurdular. Buna görə qanunşünasın «Bəs mənim qonşum kimdir?» sualı normal idi.

İsanın cavabı üç məqama toxunur:

1. Səyyahla olduğu kimi, başına gələn bəlanın səbəbkarı insanın özü olsa belə, ona kömək etmək lazımdır.

2. Təhlükə ilə üzləşən istənilən millətdən olan şəxs — bizim qonşumuzdur. Bizim sevgimiz Allah sevgisi qədər böyük olmalıdır.

3. Yardım praktik olmalı və təkcə şəfqət hissi ilə məhdudlaşmamalıdır. Təbii ki, həm kahinin, həm də levilinin yaralı səyahətçiyə yazığı gəlmişdi, buna baxmayaraq, onlar heç nə etməmişdilər. Əsl şəfqət və mərhəmət əməldə göstərilməlidir. İsa qanunşünasa dediyi sözləri bizə də deyir: «Get, sən də elə et».

38-42

ZİDDİYYƏTLİ XASİYYƏT (Luka 10:38-42)

1. Burada bir-birinə zidd temperamentlər göstərilir. Biz iman yolunda heç bir yerdə insanların temperamentinə kifayət qədər yer verməmişik. Bəziləri təbiətcə aktiv, digərləri sakitdir. Aktiv insan üçün sakit oturub düşünən adamı anlamaq çətindir. Sakitliyə və təfəkkürə meylli insan isə daim məşğul olan insana yuxarıdan aşağı baxa bilər. Burada doğru və ya təqsirli insan yoxdur, Allah hər kəsi eyni yaratmayıb. Sadə insan Allaha belə dua edə bilər:

Ey bütün qazanların, tavaların və hər şeyin olan Rəbbi,

Əgər mənə heyrətamiz işlər görüb, mömin olmaq,

Gecəyarı Sənin haqqında danışmaq,

Alaqaranlıqda Səni düşünmək,

Cənnət qapısını axtarmaq nəsib deyilsə,

O zaman məni yemək bişirməkdə, qab yumaqda mömin et.

Digəri isə heç nə etməyəcək, sadəcə çox düşünüb dua edəcək. Amma hər ikisi Allaha xidmət edir. Allahın həm Məryəmə, həm də Martaya ehtiyacı var.

2. Amma bu ayələrdən biz daha çox şey öyrənirik — onlar bizə süni xeyirxahlığı göstərir. İsa ölmək üçün Yerusəlimə gedirdi. Onun daxilində Öz iradəsini Allahın iradəsinə tabe etdirmək üçün gərgin mübarizə gedirdi. İsanın Bet-Anya kəndinə gəlişi sevincli hal idi. Marta süfrəni evdə olan ən yaxşı nemətlərlə bəzəməyə çalışırdı. Buna görə də o, qayğı çəkir, narahat olur və biş-düş edirdi. İsanın istəmədiyi elə bu idi. Onun rahatlığa ehtiyacı var idi. Qarşısında Çarmıxı görərək daxilən gərgin halda O, Bet-Anyaya sakit bir yer tapmaq üçün getmişdi. O, daim tələbkar olan kütlədən uzaqlaşmaq istəyirdi. Bu rahatlığı Ona Məryəm verirdi, Marta isə mehribanlığı və qonaqpərvərliyi ilə rahatlığını pozurdu. «Yalnız bir şey lazımdır» ifadəsi ilə, İsa, bəlkə də, demək istəyirdi ki, «Mənə bol yemək lazım deyil. Bir sadə yemək yetər». Məsələ bundadır ki, Məryəm Onu başa düşdü, Marta isə yox.

Həyatın çətinliklərindən biri də elə budur. Biz insanlara qarşı mehriban olmaq istəyirik, amma öz bildiyimiz kimi. Lakin nəyisə düzgün etmədiyimizi biləndə, inciyirik və elə düşünürük ki, bizi qiymətləndirmirlər. Əgər, həqiqətən də, mehriban olmaq istəyiriksə, o zaman ilk növbədə kömək etmək istədiyimiz insanın qəlbinə nəzər salmalı və bütün planlarımızı unudub, yalnız onun nəyə ehtiyacı olduğunu düşünməliyik. İsa Martanı sevirdi, Marta da Onu sevirdi. Lakin Marta İsaya qarşı özünəməxsus şəkildə mehriban idi. Bu isə o deməkdir ki, İsanın qəlbi istirahətə ehtiyac duyduğu vaxtda Marta Ona qarşı pis davranırdı. İsa Məryəmi sevirdi, Məryəm də Onu sevirdi. Məryəm Onu başa düşürdü.

Azərbaycan dilində Müqəddəs Kitab

İsa yetmiş nəfəri vəz etməyə yollayır
(Matta 10:5-16; 11:21-24; Mark 6:7-13; Luka 9:1-6)
1 Bu hadisələrdən sonra Rəbb başqa yetmiş nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi. 2 Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. 3 Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. 4 Özünüzlə nə kisə, nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın. 5 Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin. 6 Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq. 7 Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. 8 Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. 9 Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”. 10 Amma hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin: 11 “Sizin əleyhinizə çıxaraq şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizə yaxınlaşıb”. 12 Sizə bunu deyirəm: qiyamət günü Sodomun halı o şəhərin halından daha asan olacaq.
13 Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdi. 14 Amma qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq. 15 Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən.
16 Sizi dinləyən kəs Məni dinləyir, sizi rədd edən Məni rədd edir. Məni rədd edənsə Məni Göndərəni rədd edir».
Yetmiş şagird qayıdır
17 Yetmiş şagird sevinə-sevinə qayıtdı və dedi: «Ya Rəbb, Sənin adınla cinlər belə, bizə tabe olur!» 18 İsa onlara belə cavab verdi: «Mən Şeytanın ildırım kimi göydən düşməyini görmüşdüm. 19 Baxın Mən sizə səlahiyyət vermişəm ki, ilanları, əqrəbləri və düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç nə sizə zərər vurmayacaq. 20 Bununla belə, ruhların sizə tabe olduğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazılıb».
İsanın sevinci
(Matta 11:25-27; 13:16-17)
21 İsa o vaxt Müqəddəs Ruhda şadlanıb dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. 22 Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulun kim olduğunu Atadan başqa heç kəs bilməz. Atanın kim olduğunu da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs bilməz».
23 Sonra İsa şagirdlərə sarı dönüb onlara ayrıca dedi: «Nə bəxtiyardır o gözlər ki, sizin gördüklərinizi görür! 24 Sizə bunu deyirəm: bir çox peyğəmbərlər və padşahlar sizin gördüklərinizi görmək istədilər, amma görmədilər, eşitdiklərinizi eşitmək istədilər, amma eşitmədilər».
Xeyirxah Samariyalı
25 Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?» 26 İsa ondan soruşdu: «Qanunda nə yazılıb? Orada nə oxuyursan?» 27 Bu adam İsaya belə cavab verdi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”». 28 İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan». 29 Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim qonşum kimdir?»
30 İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər. 31 Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi. 32 Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. 33 O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi. 34 Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi. 35 Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm”. 36 Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?» 37 Qanunşünas cavab verdi: «Ona mərhəmət göstərən». İsa da ona dedi: «Get, sən də elə et».
İsa Marta və Məryəmin evində
38 İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi. 39 Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı. 40 Marta isə işin çoxluğundan çaşıb-qalmışdı. O, İsaya yaxınlaşıb dedi: «Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin». 41 Rəbb isə ona belə cavab verdi: «Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. 42 Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq».