Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 9-cu fəsil

V. Barklinin şərhləri

9-cu fəsil

1-9

PADŞAHIN ELÇİLƏRİ (Luka 9:1-9)

Qədim dövrlərdə xəbərlər yalnız ağızdan-ağıza yayılırdı. Qəzetlər yox idi, kitablar əl ilə yazılırdı. Həcmcə Lukanın Müjdəsi və Müqəddəs Həvarilərin İşləri kitabına bərabər olan kitablar çox baha idi. İnsanlar radio və televiziyanı xəyallarından belə keçirmirdilər. Məhz buna görə İsa şagirdlərini Allahın Padşahlığını təbliğ etməyə göndərdi. İsanın Özü də məkan və zaman cəhətdən məhdud idi. Ona görə də İsanın şagirdləri Onun dodaqları olmalı idilər.

Onlar yüksüz yola düşməli idilər, çünki yük olmadan sürətlə, həm də uzaqlara səyahət etmək olar. İnsan nə qədər çox yüklə yüklənirsə, bir o qədər də olduğu yerə bağlanır. Allahın oturaq müjdəçilərə ehtiyacı var. Lakin eyni zamanda O, dünyəvi zövqlərdən imtina etməyə və Onun təhlükəli tapşırıqlarını yerinə yetirməyə hazır olanlara da ehtiyac duyur. Əgər hansısa şəhərdə onları qəbul etmirdilərsə, onlar oradan çıxarkən ayaqlarının tozunu çırpmalı idilər. Ravvinlər bütpərəst bir ölkədə səyahət etdikdən sonra İsrailə qayıdanda, ayaqlarına yapışmış hər bir toz zərrəsini ayaqlarından çırpırdılar. Ravvinlər bütpərəst ölkədən qayıdarkən necə davranırdılarsa, şagirdlərə kənddə və ya şəhərdə eyni şəkildə davranmaq əmri verilmişdi. Əgər insanlar onlara təklif olunan imkandan imtina edirdilərsə, onda özləri özlərini məhvə doğru aparırdılar.

Padşah Hirodun reaksiyasından artıq aydın olur ki, on iki şagirdin xidməti son dərəcə uğurlu keçmişdi. Camaat çaş-baş qalmışdı. Bəlkə, onların gözlədikləri İlyas peyğəmbər artıq gəlib? Bəlkə də vəd olunmuş böyük peyğəmbər gəlib? (Qanunun Təkrarı 18:15) Amma ləkələnmiş vicdan hər şeydən qorxduğu kimi, Hirodun qəlbində də qorxu var idi. O qorxurdu ki, boynunu vurduğu Vəftizçi Yəhya onu təqib etmək üçün yenidən peyda olacaq.

İsanın şagirdlərinə «Allahın Padşahlığını vəz etsinlər» tapşırığı ilə yanaşı, dəfələrlə təkrarlanan «vəz edib xəstələri sağaltsınlar» sözlərini də qeyd etmək vacibdir. Bu sözlər özlüyündə insanın həm bədəninə, həm də onun canının qayğısına qalmasını birləşdirir. Nə qədər təsəlliverici olsa da, amma on iki şagirdin xidməti təkcə sözlə müjdələməkdən deyil, həm də əməllərdən ibarət idi. Allahın Padşahlığı barədə təbliğ yalnız əbədi həyat haqqında Xoş Xəbərlə məhdudlaşmırdı, həm də insanlara yer üzündəki həyat şəraitini dəyişdirməyi təklif edirdi. Bu, «o biri dünyada ziyafət» dinindən tamamilə fərqlidir. Bu vəz təsdiq edirdi ki, insanın sağlam bədəni sağlam ruhu qədər Allahın nəzərində ayrılmaz hissədir. İmanlı Cəmiyyətinə dünyəvi maddi dəyərlərin heç bir ciddi əhəmiyyət kəsb etmədiyi barədə dəfələrlə təkrarlanan iddialar qədər heç nə zərər verməyib. Otuzuncu illərdə işsizlik bir çox hörmətli ailələrə böyük zərbə vurmuşdu. Ataların ixtisas səviyyəsi bekarçılıqdan aşağı düşürdü. Evdar qadınlar mümkün qədər qənaət etməyə çalışırdılar. Uşaqlar nə baş verdiyini başa düşmürdülər, sadəcə daim ac olduqlarını bilirdilər. Bütün bunlar insanları ya sərtləşdirirdi, ya da iradəsini qırırdı. Belə insanlara maddi dəyərlərin əhəmiyyətsizliyini demək məsuliyyətsizlik olardı, xüsusən də bunu kifayət qədər imkanlı adam deyərdisə.

Bir dəfə Qurtuluş ordusunun generalı Butu yoxsullara Müjdəni təbliğ etmək əvəzinə onlara yemək və çörək təklif etdiyinə görə mühakimə etmişdilər. Qoca döyüşçü buna kəskin reaksiya vermişdi: «İnsanların ayaqları soyuqdan donan zaman onların qəlblərini Allah sevgisi ilə isitmək olmaz».

Əlbəttə, maddi dəyərlərə həddindən artıq önəm vermək mümkündür. Lakin onların əhəmiyyətini aşağılamaq da təhlükəlidir. İsa Məsihin şagirdlərini Allahın Padşahlığını təbliğ etmək və xəstələri sağaltmaq, yəni bədəni və canı xilas etməkdən ötrü göndərdiyini unutmaq — İmanlı Cəmiyyəti üçün təhlükəlidir.

10-17

BEŞ MİN İNSANIN DOYMASI (Luka 9:10-17)

İsanın yalnız bu möcüzəsi bütün dörd Müjdədə xatırlanır (Matta 14:13; Mark 6:30; Yəhya 6:1 ilə müqayisə edin). Bu möcüzə yaxşı xəbərlə başlayır. İsanın şagirdləri həvarilik missiyasını başa vuraraq geri qayıtmışdılar. İsa heç vaxt olmadığı kimi onlarla tək qalmağa ehtiyac duyurdu. Buna görə də onlarla birlikdə İordan çayının o biri tayında, Ginesar gölünün şimal-qərb sahilində yerləşən Bet-Sayda kəndinə getdi. Xalq Onun harada olduğunu biləndə dəstə-dəstə Onun ardınca düşdü. İsa da onları xoş qarşıladı.

İsa burada bütün ilahi mərhəməti ilə qarşımıza çıxır. Əksər insanlar çətinliklə əldə etdikləri sakitliyin pozulmasından narazı qalar. Əgər səs-küylü bir izdiham şəxsi ehtiyacları ilə bizim ən yaxın dostlarımızla qurduğumuz ünsiyyəti pozsa idi, özümüzü necə hiss edərdik? Bəzən biz o qədər məşğul oluruq ki, özümüz üçün ayırdığımız vaxtı kiminsə pozmasına icazə vermirik. Lakin İsa üçün insan ehtiyacları hər şeydən üstün idi.

Axşam oldu, evə qayıtmaq üçün yol uzun idi, insanlar isə ac və yorğun idilər. İsa şagirdləri təəccübləndirərək onlara yemək verməyi əmr etdi. Çörəyi bölməzdən əvvəl İsa dua edib xeyir-dua verdi. Yəhudilərdə belə bir atalar sözü var idi: «Şükür edilməyən hər şey Allahdan oğurlanmış sayılır». İsraildə hər evdə hər yeməkdən əvvəl belə dua edilirdi: «Ey Var Olan Allahımız, yer üzünün Padşahı, torpaqda gözəl nemətlər bitirdiyinə görə adın uca tutulsun». İsa bütün nemətlər üçün Allaha şükür etmədən heç vaxt yemək yeməzdi. Bu hekayədən biz çox şey öyrənirik.

1) İsa Məsih ac insanların halına acıyırdı. Görəsən, İsa insanların əzablarını yüngülləşdirmək və aclıqlarını doydurmaq üçün nə qədər vaxt sərf edib? Bunu öyrənmək çox maraqlı olardı. Onun indi də kömək edən insan əllərinə ehtiyacı var. Məsələn, ac ailəsini doydurmaq üçün ömrünü yemək hazırlamaqla keçirən ananın əllərinə. Şəfqət bacısının əllərinə. Yaxınının dərdini yüngülləşdirmək üçün vaxtını və həyatını qurban verən həkimin, qohumun və ya valideynin əllərinə. Ömrünü daha yaxşı həyat şəraiti uğrunda mübarizəyə həsr edən ictimai xadimin əllərinə. Onların fəaliyyəti bir çox boşboğazların təbliğindən qat-qat faydalı və təsirlidir.

2) İsanın köməyi səxavətli idi. Çörək artıqlaması ilə qalmışdı. Məhəbbətdə nəyinsə daha çox və nəyinsə daha az ciddi hesabı yoxdur. Allah da belə edir. Bir kisə toxumu səpdikdən sonra biz məhsulu seyrəldib, saxlamalı olduğumuzdan daha çoxunu atmalı oluruq. Allah dünyanı elə yaradıb ki, xalqlar bol nemətləri vicdanla bölüşdürsələr, hər kəsə artıqlaması ilə çatar.

3) Həmişə olduğu kimi, İsanın bu əməlində də əbədi həqiqət var. İsa Məsihdə bütün ehtiyaclar qarşılanır. Ruhumuz susuzdur. Hər bir insanın daxilində həyatını həsr edə biləcəyi bir fəaliyyət obyekti tapmaq arzusu var. Ürəklərimiz Onda dinclik tapmayınca, narahatdır. Həvari Paul Filipililərə 4:19-da deyir: «Sizin hər ehtiyacınızı isə Allahım ... ödəyəcək», hətta «səhra»nın ortasından keçsəniz belə.

18-22

BÖYÜK KƏŞF (Luka 9:18-22)

Burada İsanın həyatındakı mühüm məqamlardan biri təsvir edilir. O, Yerusəlimə getmək istəyəndə şagirdlərinə sual verdi (Luka 9:51). O, orada Onu nələrin gözlədiyini yaxşı bilirdi. Bu səbəbdən cavab Onun üçün son dərəcə vacib idi. O, Çarmıxda öləcəyini bilirdi. Lakin ölməzdən əvvəl kiminsə Onun, həqiqətən, Kim olduğunu başa düşüb-düşmədiyini bilmək istəyirdi. Heyranedici cavab hər şeyi aydın etdi. Peterin ağzından «Sən Allahın Məsihisən» açıqlamasını eşitmək İsanı çox sevindirdi.

Lakin Onun şagirdləri təkcə İsanın Məsih olduğunu deyil, həm də bunun nə demək olduğunu bilməli idilər. Uşaqlıqdan onlara deyirdilər ki, hamı Allahdan yəhudiləri dünya hakimiyyətinə aparacaq qalib bir Padşah gözləyir. Ola bilsin, Peter bu sözləri deyəndə gözləri həyəcandan parıldayırdı. Lakin İsa onlara Allahın Məsh olunmuşunun Çarmıxda ölmək üçün bu dünyaya gəldiyini söyləməli idi. O, şagirdlərin Allah və Onun məqsədləri haqqında fikirlərini alt-üst etməli idi. O, çox vaxt bunu Öz vəzifəsi kimi görürdü. Şagirdləri Onun Kim olduğunu bilirdilər, indi isə onlar bu kəşfin nə demək olduğunu öyrənməli idilər.

Bu hissə özündə iki böyük ümumi həqiqəti əks etdirir.

1) İsa əvvəlcə insanların Onun haqqında nə düşündüklərini soruşdu. Sonra isə qəfildən şagirdlərindən «Bəs siz nə deyirsiniz? Sizcə, Mən kiməm?» deyə soruşdu. Biri var İsa haqqında deyilənləri bilmək, biri də var İsanın Kim olduğunu şəxsən dərk etmək. İnsan imtahan verə və İsa haqqında deyilənləri təkrarlaya, Məsih haqqında dünyanın bütün dillərində yazılmış kitabları oxuya və eyni zamanda Məsihin ardıcılı olmaya bilər. Bizim imanımız ikinci mənbəyə əsaslanmamalıdır. İsa kiməsə «İnsanların Mənim haqqımda nə dediyini və nə yazdığını deyə bilərsinizmi?» sualı ilə müraciət etmir. O, şəxsən bizdən soruşur: «Bəs sən nə deyirsən? Səncə, Mən kiməm?» Paul demir ki, «Mən nəyə inandığımı bilirəm». O deyir: «Kimə iman etdiyimi bilirəm» (2Timoteyə 1:12). Məsihçinin imanı — sadəcə iman iqrarından ibarət deyil. Məsihçi Məsihi şəxsən tanıyır.

2) İsa dedi ki, O, «Yerusəlimə getməli... öldürülməli»dir. Lukanın Müjdəsində İsanın «getməliyəm», «etməliyəm», «olmalıyam» dediyi yerlərə diqqət yetirmək vacibdir. «...Mən Atamın evində olmalıyam» (Luka 2:49). «Mən o biri şəhərlərə də Allahın Padşahlığının Müjdəsini yaymalıyam...» (Luka 4:43). «Yenə də bu gün, sabah və o biri gün yoluma davam etməliyəm...» (Luka 13:33) O, dəfələrlə şagirdlərinə deyir ki, Çarmıxa getməlidir (Luka 9:22; 17:25; 24:7). İsa bilirdi ki, O, tapşırığı yerinə yetirməlidir. Allahın iradəsi Onun iradəsi idi. İsanın Allahın Onu nə üçün dünyaya göndərdiyi məqsəddən başqa yer üzündə heç bir məqsədi yox idi. Məsihin ardıcılı, Rəbbi kimi, ona tapşırılan işi yerinə yetirməlidir.

23-27

MƏSİHƏ XİDMƏTİN ŞƏRTLƏRİ (Luka 9:23-27)

İsa burada Öz ardıcıllarına xidmətin şərtlərini açıqlayır:

1) İnsan özünü inkar etməlidir. Bu nə deməkdir? Alimlərdən biri bunun mənasını belə izah edir: «Peter bir dəfə Rəbbini inkar etdi. Başqa sözlə, o, «Mən Onu tanımıram» dedi. Özündən imtina etmək — «Mən özümü tanımıram» deməkdir. Bu öz həyatını kənara qoymaq, şəxsi «mən»ini yox imiş kimi qəbul etməkdir. Adətən, biz özümüzü o qədər qiymətləndiririk ki, sanki dünyada bizim «mən»imizdən vacib heç nə yoxdur. Əgər biz özümüzü İsaya həsr ediriksə, «mən»imizi unutmalıyıq.

2) İnsan öz Çarmıxını götürməlidir. İsa Çarmıxa çəkilməyin nə olduğunu bilirdi. Onun təxminən on bir yaşı olanda qalileyalı Yəhuda Romaya qarşı üsyan etmişdi. Yəhuda Nazaretdən cəmi yeddi kilometr aralıda yerləşən Zippori şəhərindəki padşah arsenalına basqın etmişdi. Romalıların qisası sürətli və amansız idi. Zippori tamamilə yandırılmışdı, sakinlər əsarət altına alınmışdı, iki min üsyançı isə digər üsyan qaldırmaq istəyən insanlara xəbərdarlıq olsun deyə, yollar boyunca qurulmuş Çarmıxlara çəkilmişdi.

Öz Çarmıxını götürmək — İsa Məsih uğrunda bu kimi cəzalar çəkməyə hazır olmaq deməkdir. Bu o deməkdir ki, biz Ona göstərdiyimiz sədaqətimizdən ötrü insanın bizə verə biləcəyi ən pis işgəncələrə dözməyə hazır olmalıyıq.

3) İnsan canını qurban verməli, eyni zamanda nəyin bahasına olursa-olsun, onu qoruyub saxlamalıdır. Onun üçün bütün dünya standartları və normaları dəyişdirilib. O, «Nə qədər ala bilərəm?» yox, «Nə qədər verə bilərəm?» deyə düşünməlidir. «Təhlükəsiz olan nədir?» yox, «Necə düzgün edə bilərəm?» fikirləşməlidir. O demir «Necə edim ki, çox olmasın?». O deyir: «Əlimdən gələn nə edə bilərəm?» İmanlı başa düşməlidir ki, həyat ona özü üçün saxlamağa deyil, başqaları uğrunda qurban vermək üçün verilib. Rahat yaşaması üçün deyil, həyatını Məsihin işinə həsr etmək üçün bəxş olunub.

4) İsaya sədaqət mükafatlandırılır, xəyanət isə cəzalandırılır. Əgər biz bu həyatda Ona sadiq olsaq, O da bizə əbədi həyatda sadiq olacaq. Əgər biz bu dünyada Onun ardınca getməyə səy göstərsək, O, axirətdə bizi Özününkü kimi qəbul edəcək. Amma dilimizlə Onu iqrar edir, həyatımızla inkar ediriksə, gün gələcək, O da bizi inkar edəcək.

5) Bu hissənin son ayəsində İsa deyir ki, burada duranlardan bəzisi Allahın Padşahlığını görmədən ölməyəcək. İsa bununla sanki deyir: «Bu nəsil keçməmiş siz Allahın Padşahlığının gəldiyini görəcəksiniz». Şübhəsiz ki, həmin vaxt artıq gəlib çatmışdır. Dünyaya elə bir şey gəldi ki, maya xəmiri acıtdığı kimi, bəşəriyyətin həyatı da dəyişməyə başladı. Bədbin düşüncələri kənara qoyub, dünyanı yavaş-yavaş, lakin qətiyyətlə dəyişən nur haqqında düşünsək, bizim üçün daha asan olar.

«Kədərlənmə, canım» mahnısının aşağıdakı misraları bunu təsdiq edir:

Dünyadakı dalğalar dəniz kimi coşub-daşır;

Külək qorxunc səslər çıxarıb, hiddətlə vıyıldayır.

Amma bax! Xilaskarın sənə nəzər salaraq,

Hər an yanında olub, sevə-sevə izləyir.

O bizim həyatımıza nəzər salıb, qoruyur.

İstədiyini verib, xoşbəxtliyə çatdırır.

Buradakı əziyyətimiz uzun çəkməz, qısadır,

Rəbbimizlə birlikdə son döyüşə hazırıq.

Çətin həyat yolumuz tezliklə sona çatacaq,

Xilaskarımız bizi Öz yanına aparacaq.

Kədərlənmə, ey könlüm, əksinə, Rəbdə sevin.

Vətənimiz göylərdir, xoşbəxt sığınacağımız.

Gəlin həmişə sevinək: ​​Allahın Padşahlığı gəlir. «Budur, mən tez gəlirəm» kəlməsi ilə bizə xatırlatdığı hər əlamətə görə Allaha şükür edək.

28-36

ŞÖHRƏTİN ZİRVƏSİ (Luka 9:28-36)

Biz İsanın yer üzündəki həyatında daha bir mühüm dönüş nöqtəsi ilə qarşılaşırıq. Gəlin xatırlayaq ki, O, Çarmıxa çəkilmək üçün Yerusəlimə getməyə hazırlaşırdı. O, şagirdlərindən «Sizcə, mən Kiməm?» soruşanda, biz artıq Onun həyatının ən mühüm məqamlarından birini nəzərdən keçirdik. Burada isə İsanın heç vaxt Özü etməyə cəsarət etməyəcəyi bir şey var idi: O, Allahın razılığı olmadan heç vaxt bir addım atmazdı. Bu epizodda biz görürük ki, O, Atadan gözlədiyi həmin razılığı aldı.

Biz İsanın görünüşünün dəyişdiyi dağda əslində nə baş verdiyini bilmirik. Bildiyimiz yalnız odur ki, orada, həqiqətən, heyrətamiz bir şey baş vermişdi. İsa həyatında həlledici addım atmaq üçün Allahın razılığını almaqdan ötrü həmin dağa çıxdı. Orada Musa peyğəmbərlə İlyas peyğəmbər Ona göründülər. Musa peyğəmbər İsrailin ən böyük qanunvericisi, İlyas peyğəmbər isə peyğəmbərlərin ən böyüyü idi. Budur, İsrailin həyatında, düşüncəsində və imanında mühüm rol oynayan ən böyük şəxsiyyətlər İsanın qərarını bəyəndilər və Ona «Cəsarətli ol» dedilər.

İndi İsa rahat Yerusəlimə gedə bilərdi. O əmin oldu ki, ən azı kiçik bir şagird qrupu Onun Kim olduğunu bilir. O əmin oldu ki, İsrailin tarixi boyunca peyğəmbərlərin dedikləri və xalqın ümidi Yerusəlimdə gerçəkləşəcək. O əmin oldu ki, Allah Onun əməllərini bəyəndi.

Bu hissədə mənalı bir ifadə var. Orada üç həvari haqqında deyilir ki, onlar «yuxudan ayılanda İsanın ehtişamını ... gördülər».

1) Həyatda çox şey gözümüzdən qaça bilir, çünki zehnimiz yatır. Bunun da müəyyən səbəbləri var.

a) Xəbərdarlıq. Bizim beynimiz öz təsəvvürlərimizlə və ya fikirlərimizlə o qədər məşğul olur ki, sanki beynimiz üçün başqa heç nə mövcud deyil. Yenilik çoxdandır ki, qapını döyür, biz isə yatmış adamlar kimi, nə eşidir, nə də oyanırıq.

b) Zehnin durğunluğu. İnsanların əksəriyyəti, sadəcə olaraq, stress düşüncəsini rədd edir. Platon deyirdi: «Tədqiq edilməmiş həyatı yaşamağa dəyməz». Bəs bizim aramızdan kim həyatın problemləri haqqında düşünüb, sonra da onları diqqətlə və sona qədər ölçüb-biçir? Bir dəfə bir müdrik adam dünyanın imansızlıq problemlərindən əmma ilə danışan bir insan haqqında deyirdi ki, o, bu problemlərin dərinliyinə varıb onlarla mübarizə aparsaydı, yaxşı olardı. İnsanların zehni o qədər ləngdir ki, onlar hətta həyatın aktual problemlərindən qaçır və şübhələrini belə dilə gətirməkdən çəkinirlər.

c) Rahatlığa can atmaq istəyi. İnsanda rahatlığını pozan istənilən düşüncənin yaranmasına müqavimət göstərən bir növ qoruyucu mexanizm var. O, həyat gətirən hər düşüncəni o qədər inadla susdura bilir ki, sonda ağlı qəflət yuxusuna düşür.

2) Amma həyat düşüncəmizi oyadan təəssüratlarla doludur. Onların arasında...

a) Kədər və çətinlik var. Bir gün mükəmməl səsə malik olan, lakin mahnılarını yaşamayan gənc müğənni belə rəy eşitdi: «Əgər həyatınızda kədər yaşasanız, böyük müğənni olarsınız». Kədər bizi çox vaxt amansızcasına qəflət yuxusundan oyadır, lakin bu anı biz göz yaşları ilə dərindən duyur və özümüzü daha dəqiq ifadə edirik.

b) Sevgi. Robert Brauninqin iki sevgili haqqında belə bir hekayəsi var: oğlan qıza baxdı, qız da oğlana — «və birdən onlar ayıldılar». Əsl məhəbbət insanı oyadır və onun üçün əvvəllər xəyalına belə gətirmədiyi üfüqlər açır.

c) Nəyəsə və ya kiməsə ehtiyac hissi. İnsan həll olunmayan problemlə, qarşısıalınmaz imtahanla, cavabı olmayan sualla, çox çətin tapşırıqla qarşılaşmayana qədər gündəlik həyatını yarıyuxulu halda uzun illər yaşaya bilər. Belə məqamlarda insanın «göylərin ətəyindən yapışıb ağlamaq»dan başqa çarəsi qalmır. Bu ehtiyac insanı oyadır və onu Allaha tərəf yönəldir. Biz həmişə Allaha dua etməliyik: «Ya Rəbb, mənə oyaq qalmağa qüvvət ver ki, Səni həmişə eşidə bilim».

37-45

CİNƏ TUTULMUŞ OĞULUN SAĞALMASI (Luka 9:37-45)

İsa dağın zirvəsindən enər-enməz, yenidən insan qayğıları və kədəri ilə üzləşdi. İsanın şagirdlərinə üz tutmuş bir adam gəldi və onlardan cinə tutulmuş yeganə oğluna kömək etmələrini xahiş etdi. 42-ci ayədə Luka məcazi sözdən istifadə edir. Oğlan İsaya yaxınlaşarkən cin onu yerə atıb sarsıtdı. Lukanın istifadə etdiyi söz rəqibini nokaut edən boksçuya və ya rəqibini yerə atan güləşçiyə aid edilir. Çox güman, uşağın qıcolmadan titrədiyini görən insanlarda riqqət hissi oyanmışdı, İsanın şagirdləri isə ona kömək etməkdə tamamilə aciz idilər. Lakin İsa gələndə, sakit halda və ustalıqla uşağı sağaltdı və atasına qaytardı.

Bu hadisədən iki həqiqət ortaya çıxır.

1) İsanın dağın zirvəsində görünüşünün dəyişməsi Onun həyatında vacib məqam idi, lakin bu, uzun çəkə bilməzdi. Əslində, nə dediyini bilməyən Peter dağda daha çox qalmaq istədi. O, həmin ehtişamda qalmaq üçün orada üç çardaq qurmaq istədi. Lakin dünyaya enməyə məcbur idilər. Həyatda bəzən elə anlar olur ki, onları uzatmaq istəyirik. Ancaq belə yüksəkliklərdən sonra biz yenidən mübarizəyə qayıtmalıyıq. Çünki bu kimi zirvələr bizə gündəlik həyatda güc verir.

Karmel dağında Baal peyğəmbərləri ilə böyük mübarizədən sonra İzevelin hədələrini eşidən İlyas peyğəmbər səhraya qaçdı və süpürgə ağacının altında uzanıb yuxuya getdi. Orada Rəbbin mələyi onun üçün iki dəfə yemək hazırladı. Sonra belə bir ifadə gəlir: «O qalxdı və yeyib-içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə qədər getdi» (1 Padşahlar 19:8). Dağın zirvəsinə Allahın hüzurunda qalmaq üçün deyil, orada aldığımız gücü günlərlə davam etdirə bilməyimiz üçün qalxmalıyıq. Böyük tədqiqatçı Kapitan Skottun haqqında deyirdilər ki, o, xəyalpərəst və praktikliyin qəribə birləşməsini təmsil edir. Üstəlik, xəyal qurduqdan sonra o özünü praktik tərəfdən göstərirdi. Dağın zirvəsində daim qalmaq mümkün deyil, amma bu təcrübə olmadan həyat uğursuz olur.

2) İsanın uğuru burada olduğu qədər heç bir yerdə belə aydın təsvir edilməyib. O, dağdan enəndə vəziyyət ümidsiz görünürdü. Sanki insanlar nə edəcəklərini bilmədiklərinə görə ora-bura vurnuxurdular. Onun şagirdləri gücsüz və çaşqınlıq içində idilər. Oğlanın atası məyus olmuşdu və üzülürdü. Belə bir çaşqınlıq içində İsa peyda oldu. O, dərhal vəziyyəti əlinə aldı və nizamsızlıq əvəzinə rahatlıq gəldi. Bəzən bizə də elə gəlir ki, vəziyyət ümidsizdir, sanki heç nə etmək mümkün deyil, hər şey əlimizdən sürüşüb gedir. Yalnız həyatımızın Ağası Özünə xas olan səlahiyyətlə həyatı sakit şəkildə idarə etməyə qadirdir.

3) Sonda yenə də hadisə İsanın Çarmıxa çəkilməsi ilə başa çatır. Burada O, qələbə qazandı, cinlərə üstün gəldi və insanların təxəyyülünü heyrətləndirdi. Onlar İsanı Padşah elan etməyə hazırlaşarkən, İsa onlara dedi ki, qurban olmağa gedir. Əslində, məşhurluq yolu ilə getmək Onun üçün asan olardı. Lakin İsa Öz böyüklüyünə görə bu yolu rədd etdi və Çarmıxa çəkilməyi seçdi. O, başqalarını daşımağa çağırdığı Çarmıxdan yayınmağı ağlına belə gətirmədi.

46-48

BÖYÜKLÜK (Luka 9:46-48)

Şagirdlər İsanın təbliğ etdiyi Allahın Padşahlığını yer üzündəki padşahlıq kimi təsəvvür etdikləri üçün onların arasında ən yüksək vəzifə uğrunda rəqabət gedirdi. Bir zamanlar benediktinli rahib Beda demişdi ki, İsanın şagirdləri arasında bu çəkişmə Onun Peter, Yəhya və Yaqubu Özü ilə dağın başına aparması və bununla da başqalarında qısqanclıq oyatması ilə yaranmışdı.

İsa onların ürəklərində nə baş verdiyini bilirdi. O, bir uşağı götürüb yanına, ən şərəfli yerə qoydu. İsa dedi ki, bu uşağı qəbul edən Onu qəbul etmiş olur, kim Onu qəbul edirsə, Allahı qəbul etmiş olur. Görəsən, bu sözlərin mənası nə deməkdir? İsanın şagirdləri Onun seçilmiş davamçıları idilər. Bu uşağın isə nə fəxri, nə də rəsmi vəzifəsi vardı. İsa şagirdlərinə demək istəyirdi ki, əgər onlar insanların gözündə əhəmiyyət kəsb etməyən kəsləri fədakarlıqla sevməyə və həyatlarını onlara xidmət etməyə həsr etməyə hazırdılarsa, onda Ona və Allaha xidmət etmiş olacaqlar. Əgər onlar bu kimi əhəmiyyətsiz görünən işləri yerinə yetirərək yaşamağa hazırdılarsa, dünyanın əzəmətinə və izzətinə can atmaqdan imtina edirlərsə, o zaman Allahın nəzərində böyük olacaqlar. Axı insanlar Allaha müxtəlif niyyətlə xidmət edir:

1) Bəziləri çağırış qazanmaq üçün xidmət edir. İngilis yazıçısı Arçibald Kronin həkim işləyərkən tanış olduğu bir tibb bacısından bəhs edir. İyirmi il ərzində o, iyirmi kilometrlik əraziyə baxırdı. Kronin deyir: «Mən onun sakitliyinə, möhkəmliyinə və ruh yüksəkliyinə heyran olurdum». O, bir dəfə də olsun gecə vaxtı işə təcili çağırılmasından imtina etməmişdi. Əməkhaqqısı isə çox aşağı idi.

Bir dəfə gecə, xüsusilə gərgin iş günündən sonra, mən ona dedim:

  • Qulaq asın, nəyə görə siz özünüzə daha böyük maaş tələb etmirsiniz? Allah şahiddir, siz buna layiqsiniz.

  • Əgər Allah buna şahiddirsə, bundan başqa mənə heç nə lazım deyil.

O, insanlara deyil, Allaha xidmət edirdi.

Əgər biz Allaha xidmət ediriksə, deməli, ən son düşündüyümüz şey nüfuz olmalıdır. Çünki ən böyük yaxşılıqlar etsək belə, bu Onun üçün kifayət deyil.

2) Başqaları vəzifə xatirinə xidmət edir. İmanlı Cəmiyyətində hər hansı bir tapşırıq və ya vəzifə almış şəxs buna şərəf kimi yox, məsuliyyət kimi baxmalıdır. Ancaq təəssüf ki, imanlı cəmiyyətində çoxları kimə xidmət etdiklərini yox, özləri haqqında daha çox düşünürlər. Britaniyanın baş nazirlərindən biri vəzifəyə təyin olması münasibəti ilə təbrikləri qəbul edərkən belə demişdi: «Mənə sizin təbrikləriniz yox, dualarınız lazımdır». Vəzifəyə sahib olmaq şərəf deyil, xidmət üçün seçilmək deməkdir.

3) Bundan başqa, adamlar şöhrət qazanmaq xatirinə xidmət edirlər. Bir çoxları insanların onlara təşəkkür etdiyi və ya təriflədiyi, onların xidməti və ya səxavəti hamıya məlum olduğu müddətcə səylə xidmət etməyə və ya qurban verməyə hazırdır. İsa Məsih isə birbaşa deyir: «Qoy sağ əlinin nə etdiyini sol əlin bilməsin». Əgər biz yalnız şəxsi mənfəətimiz üçün veririksə, deməli, xeyirxah işin böyük hissəsi puç olub.

49-56

TOLERANTLIQLA BAĞLI İKİ DƏRS (Luka 9:49-56)

Qarşımızda tolerantlıqla bağlı iki dərs var. İsraildə cinləri qovmağı bacardıqlarını iddia edən çoxlu cindarlar var idi. Yəhya bu adamı rəqib kimi gördü və təbii olaraq, onu kənarlaşdırmağa çalışdı. Lakin İsa ona icazə vermədi.

Qalileyadan Yerusəlimə gedən birbaşa yol Samariyadan keçirdi, yəhudilərin çoxu bu yoldan çəkinirdi. Yəhudilərlə samariyalılar arasında əsrlər boyu çəkişmə mövcud olduğundan (Yəhya 4:9), samariyalılar öz torpaqlarından keçməyə çalışan zəvvarlara mane olmaq, hətta onlara zərər vermək üçün əllərindən gələni edirdilər. İsanın bu yolla Yerusəlimə getməyə qərar verməsi, doğrudan da, qəribə idi. Bundan daha qəribəsi Onun samariyalı kəndində qonaqpərvərliklə qarşılanmaq istəməsi idi. Belə etməklə O, yəhudilərlə düşmən kəsilən bir xalqa dostluq əlini uzatmış olurdu. Lakin samariyalılar nəinki Ona qonaqpərvərlik göstərdilər, həm də dostluq təklifini rədd etdilər. Şübhəsiz ki, Yaqubla Yəhya bu kəndi məhv etmək üçün göydən alov yağdırmaq təklif edərkən, tərifə layiq olduqlarını düşündülər. Ancaq İsa yenə də onlara icazə vermədi.

İsa, hər yerdə olduğu kimi, burada da şagirdlərinə səbirli olmağı öyrədir. Tolerantlıq müxtəlif səbəblərdən — itirilmiş bir fəzilətdir, lakin tolerantlığın mövcud olduğu yerdə, belə demək olarsa, yanlış motivasiya olur. İmanlı Cəmiyyətinin bütün nüfuzlu xidmətçiləri arasında Con Veslidən daha yaxşı tolerantlıq nümunəsi yoxdur. O deyirdi ki, «Kiməsə mənim fikrimdən fərqli fikirdə olmağı qadağan etmək — öz saçım olduğu halda başqasına parik taxmağı qadağan etməyə bənzəyir. Buna hüququm çatmır. Amma parikini çıxarıb onun tozunu düz üzümə silkələsə, ondan qısa zamanda qurtulmağı özümə borc biləcəyəm. Lakin mən çoxlarını Tanrının yalnız onların arasında olduğunu güman etməyə sövq edən ruhani dar düşüncədən, partiya qeyrətindən, axmaqlıqdan, pafoslu fanatizmdən çəkinməyə qərar verdim. Biz özümüz düşünürük və başqalarına da düşünməyi qadağan etmirik». Onun qardaşı Çarlzın oğlu Samuel katolik inancını qəbul edəndə, Vesli ona yazdı: «Hansı kilsədə olmağının — istər bunda, istərsə də başqasında — mənim üçün heç bir fərqi yoxdur. Sən bunda da, o birində də ya xilas ola, ya da lənətli ola bilərsən. Qorxduğum yalnız odur ki, göylərdən doğulmayasan». Metodistlər isə insanları «Kim Allahı sevirsə, gəlsin» sözləri ilə Rəbbin süfrəsində iştirak etməyə dəvət edirlər.

«Yalnız bizim inancımız və adətlərimiz doğrudur» fikri İmanlı Cəmiyyətinə daha çox bədbəxtlik gətirdi, nəinki başqa şeylər. Bir dəfə Oliver Kromvel barışmaz şotlandlara yazırdı: «Məsih naminə sizə yalvarıram, etiraf edin ki, siz də səhv edə bilərsiniz». T.R.Qlover isə belə məsəl çəkir: «Sənin etmək istədiyini başqası başqa cür edərdi. Bunu unutma».

Allaha aparan yollar çoxdur. Onun hər bir insanın ürəyinə özünəməxsus yanaşması var. Allah Özünü müxtəlif yollarla açır. Heç bir insan, heç bir imanlı cəmiyyəti Onun həqiqəti üzərində monopoliyaya malik deyil.

Amma o da vacibdir ki, bizim tolerantlığımız laqeydliyə deyil, sevgiyə əsaslanmalıdır. Avraam Linkoln düşmənlərinə qarşı çox yaxşı davrandığı üçün tənqid olunanda və ona düşmənlərini məhv etməlidir deyiləndə, Linkoln möhtəşəm bir cavab vermişdi: «Məgər düşmənlərimi dosta çevirəndə onları məhv etmirəmmi?» İnsan fikirlərində yanılırsa belə, onu düşmən hesab etmək, onunla mübarizə aparmaq yersizdir. Onu məhəbbətlə haqq yoluna yönəldilməsi lazım olan itmiş qardaş kimi qəbul etmək lazımdır.

57-62

İSANIN SƏMİMİYYƏTİ (Luka 9:57-62)

Qarşımızda İsanın ardınca getmək istədiklərini iddia edən üç iddiaçıya Onun söylədiyi sözlər durur.

1) Onlardan birincisinə İsa belə nəsihət verdi: «Mənim ardımca getməzdən əvvəl hər şeyi ölçüb-biç». Heç kim kimisə ittiham etməməlidir ki, onu aldadıb İsanı izləməyə vadar etdilər. Biz hətta deyə bilərik ki, insanlar özlərinə qarşı ən yüksək tələblər qoyanda İsa onları tərifləyir. Bəlkə də biz «imanlı cəmiyyətinə mənsub olmaq elə də əhəmiyyətli deyil» anlayışı ilə mübarizə aparmamaqla ona böyük ziyan vurmuşuq. Ancaq bunun əhəmiyyətli bir fərqinin olduğunu da söyləməliyik. Bəlkə də biz az olacağıq, amma cəmiyyətə gələnlər Məsihə əsl sadiq olanlar olacaq.

2) İsanın ikinci iddiaçıya dediyi sözlər sərt səslənir, lakin onları belə şərh etmək olmaz. Çox güman, həmin adamın atası ölməmişdi, onun ölməyinə hələ çox var idi. Yəqin o, «atamın ölümündən sonra Sənin ardınca gedəcəyəm» demək istədi. Şərqdə xidmət edən bir ingilis məmuru Oksford və ya Kembricdə oxumaq üçün təqaüd təklifi alan istedadlı gənc bir ərəbdən danışırdı. Gənc bu təklifə belə cavab vermişdi: «Atamı dəfn edəndən sonra oraya gedəcəyəm». Onun atasının isə qırxa yaxın yaşı vardı.

İsa demək istəyirdi ki, hər şey öz vaxtında edilməlidir. Əgər fürsət əldən verilsə, çox güman, bu iş heç vaxt görülməyəcək. Bu adam üçün ruhani cəhətdən qısır mühitindən xilas olmaq asan deyildi. Əgər o, bu imkanı əldən versə, onda heç vaxt oradan qopa bilməyəcək.

Psixoloqlar deyirlər ki, əgər nəcib hisslər vaxtında əməldə özünü büruzə verməsə, onların nə vaxtsa əməldə özünü göstərməsi ehtimalı azdır. Hiss hərəkəti əvəz edir. Məsələn, belə bir misal çəkək: tutaq ki, ürəyimiz bizə başsağlığı, minnətdarlıq və ya təbrik məktubu yazmağı deyir. Əgər bu iş sabaha saxlanılsa, çox güman, məktub heç vaxt yazılmayacaq. Ürəklərimiz təsirlənəndə, İsa bizi hərəkətə keçməyə təşviq edir.

3) İsanın üçüncü şəxsə verdiyi cavabda heç kimin inkar edə bilməyəcəyi bir həqiqət var. Heç bir əkinçi geriyə baxa-baxa düz şırım şumlaya bilməz. Bəzi insanların ürəyi keçmişdə qalır. Onlar keçmiş illərə baxa-baxa, keçmişin qızıl günlərini həsrətlə xatırlaya-xatırlaya irəli getməyə çalışırlar. Böyük vaiz Vatkinson nəql edir ki, bir dəfə dəniz sahilində nəvəsi ilə gəzişərkən qoca bir keşiş onlara yaxınlaşır. Qocanın əhvalı pis idi, bundan başqa, bu qədər dərdin içində onu yüngülcə gün də vurmuşdu. Uşaq onların söhbətinə qulaq asırdı, amma onu düzgün başa düşmürdü. Qoca ilə vidalaşandan sonra uşaq Vatkinsona dedi: «Baba! Ümid edirəm ki, sən heç vaxt qürubdan əziyyət çəkməyəcəksən». Məsihçi qüruba doğru yox, sübh çağına doğru gedir. Allahın Padşahlığının parolu «Geri!» deyil, «İrəli!»dir. İsa üçüncü yol yoldaşına «ardımca gəl!» demədi, ona «geri qayıt!» dedi. Bununla İsa ona «Mən ləng xidməti qəbul etmirəm» demək istədi və sərbəst qərar verməkdə onu rahat buraxdı.

Azərbaycan dilində Müqəddəs Kitab

On İki şagirdə verilən vəzifə
(Matta 10:1-15; Mark 6:7-13)
1 İsa On İki şagirdi yanına çağırıb bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün onlara qüdrət və səlahiyyət verdi. 2 Onları göndərdi ki, Allahın Padşahlığını vəz edib xəstələri sağaltsınlar. 3 İsa onlara dedi: «Yol üçün heç nə – nə əsa, nə torba, nə çörək, nə pul, nə də iki köynək götürün. 4 Hansı evə girsəniz, orada qalın və oradan da yola çıxın. 5 Harada sizi qəbul etməzlərsə, o şəhərdən çıxarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın». 6 Onlar da yola düşüb hər yerdə Müjdəni yayaraq və şəfa verərək kənd-kənd dolaşdılar.
Yəhyanın edamı
(Matta 14:1-2; Mark 6:14-16)
7 Hökmdar Hirod baş verən bütün hadisələr barədə eşitdi və çaşıb-qaldı. Çünki bəziləri «Yəhya ölülər arasından dirilib», 8 digərləri «İlyas zühur edib», başqaları da «qədim peyğəmbərlərdən biri dirilib» deyirdi. 9 Hirod isə dedi: «Yəhyanın boynunu mən vurdurdum, bəs haqqında bu xəbərləri eşitdiyim Adam kimdir?» Hirod Onu görməyə can atırdı.
İsa beş min nəfəri doydurur
(Matta 14:13-21; Mark 6:30-44; Yəhya 6:1-14)
10 Həvarilər İsanın yanına qayıdıb gördükləri işlər haqqında Ona danışdılar. Sonra İsa yalnız onları Özü ilə götürüb Bet-Sayda adlanan bir şəhərə apardı. 11 Amma camaat bu barədə xəbər tutub Onun ardınca düşdü. İsa onları xoş qarşıladı, onlara Allahın Padşahlığından danışdı və şəfaya möhtac olanları sağaltdı.
12 Artıq gün batırdı. On İki şagird İsanın yanına gəlib Ona dedi: «Camaatı burax, qoy ətrafdakı oba və kəndlərə gedib gecələsinlər və bir şey alıb yesinlər. Axı biz burada çöllük yerdəyik». 13 Amma İsa onlara dedi: «Onlara yeməyi siz verin». Şagirdlər Ona cavab verdilər: «Beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur. Bəlkə biz gedib bütün bu camaat üçün bir şey alaq?» 14 Orada beş minə yaxın kişi var idi. İsa şagirdlərinə dedi: «Onları dəstə-dəstə, əlli-əlli oturdun». 15 Şagirdlər də eləcə edib hamını oturtdular. 16 İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra onları bölüb şagirdlərə verdi ki, camaata paylasınlar. 17 Hamı yeyib-doydu. Artıq qalan hissələr on iki zənbilə yığıldı.
Peterin Məsihi tanıması
(Matta 16:13-20; Mark 8:27-30)
18 Bir gün İsa tək dua edirdi. Şagirdlər də yanında idi. İsa onlardan soruşdu: «Camaatın dediyinə görə Mən kiməm?» 19 Onlar belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, qədim peyğəmbərlərdən biri dirilib». 20 İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter cavab verdi: «Sən Allahın Məsihisən». 21 İsa şagirdlərinə qadağan edib əmr etdi ki, bunu heç kəsə danışmasınlar.
İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir
(Matta 16:21-28; Mark 8:31–9:1)
22 O dedi: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir».
23 Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin. 24 Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənim uğrumda canını itirirsə, onu xilas edəcək. 25 İnsan bütün dünyanı qazanıb canını məhv edər yaxud itirərsə, ona nə xeyri var? 26 Kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün, Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq. 27 Amma sizə həqiqəti deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığını görmədən ölməyəcək».
İsanın görünüşü dəyişir
(Matta 17:1-8; Mark 9:2-8)
28 Bu sözləri söyləyəndən təxminən səkkiz gün keçmişdi. İsa Özü ilə Peter, Yəhya və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı. 29 İsa dua edərkən üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ rəng aldı. 30 O anda iki nəfər İsa ilə söhbət etməyə başladı. Onlar Musa və İlyas idi. 31 Onlar ehtişam içində göründülər və İsanın Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar. 32 Peter və onun yoldaşları dərin yuxuya dalmışdılar. Yuxudan ayılanda isə İsanın ehtişamını və yanında duran iki kişini gördülər. 33 Onlar İsanın yanından gedəndə Peter İsaya dedi: «Ustad! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». Əslində o nə dediyini bilmirdi. 34 Peter bunu deyən zaman bir bulud gəldi və onların üzərinə kölgə saldı. Buluda daxil olarkən onları dəhşət bürüdü. 35 Buluddan bir səs gəldi: «Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!» 36 Səs kəsiləndə onlar İsanı tək gördülər. Şagirdlər bunu sirr olaraq saxlayıb o günlərdə gördüklərini heç kimə danışmadılar.
Oğlandan cin çıxarılır
(Matta 17:14-21; Mark 9:14-29)
37 Ertəsi gün onlar dağdan enəndə İsanı böyük bir izdiham qarşıladı. 38 Camaat arasından bir kişi çığırdı: «Müəllim, yalvarıram, oğluma nəzər sal, o mənim yeganə balamdır. 39 Bir ruh onu tutur, o birdən bağırır. Ruh onu ağzından köpük gələnəcən sarsıdır. Ona əziyyət verib güc-bəla ilə onu tərk edir. 40 Mən şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar». 41 İsa da ona cavab verdi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər Mən sizinlə qalıb sizə dözəcəyəm? Oğlunu yanıma gətir». 42 Oğlan İsaya yaxınlaşarkən cin onu yerə atıb sarsıtdı. Amma İsa natəmiz ruha qadağan etdi, oğlanı sağaldıb atasına qaytardı. 43 Hamı Allahın əzəmətinə təəccüblənirdi.
İsa öləcəyi barədə yenə xəbər verir
(Matta 17:22-23; Mark 9:30-32)
Onlar hamısı İsanın etdiyi işlərə heyrət edərkən O, şagirdlərinə dedi: 44 «Bu sözlərə qulaq asın: Bəşər Oğlu insan əllərinə təslim edilmək üzrədir». 45 Lakin şagirdlər bu sözü başa düşmədilər. Bu sözün mənası onlar üçün gizli qaldı və Ondan bu söz barədə soruşmaqdan da qorxurdular.
Ən böyük kimdir?
(Matta 18:1-5; Mark 9:33-40)
46 Şagirdlər aralarında kimin ən böyük olduğu barədə mübahisə etməyə başladılar. 47 Amma İsa onların ürəklərindən keçəni bilib bir balaca uşağı götürüb yanına qoydu. 48 Sonra onlara dedi: «Kim Mənim adımla bu uşağı qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni Göndərəni qəbul edər. Sizin aranızda hamıdan kiçik olan ən böyükdür».
49 Yəhya cavabında dedi: «Ustad, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizimlə birgə getmədiyinə görə ona mane olduq». 50 Amma İsa ona dedi: «Ona mane olmayın! Əleyhinizə olmayan sizin tərəfinizdədir».
Samariyalılar İsanı qəbul etmirlər
51 Dünyadan ayrılacağı günlər yaxınlaşdıqca İsa Yerusəlimə getmək qərarına gəldi. 52 İsa qabağınca elçilər göndərdi. Onlar İsanın gəlişi münasibəti ilə hazırlıq işləri görmək üçün gedib Samariyalıların bir kəndinə girdilər. 53 Lakin Samariyalılar İsanı qəbul etmədilər, çünki O, Yerusəlimə doğru gedirdi. 54 Şagirdlərdən Yaqubla Yəhya bunu görüb dedilər: «Rəbb, bunları məhv etmək üçün bir əmrlə göydən alov yağdırmağımızı istəyirsənmi?» 55 Amma İsa dönüb onlara qadağan etdi. 56 Sonra onlar başqa bir kəndə yollandılar.
İsanın şagirdi olmaq nə deməkdir
(Matta 8:19-22)
57 Onlar yol boyu gedərkən bir nəfər İsaya dedi: «Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 58 İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur».
59 Bir başqasına İsa dedi: «Ardımca gəl». O isə dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 60 İsa ona dedi: «Qoy ölülər öz ölülərini dəfn etsin. Sənsə get, Allahın Padşahlığını bəyan et».
61 Yenə başqa bir adam dedi: «Ya Rəbb, Sənin ardınca gələrəm, amma əvvəl icazə ver evimdəkilərlə vidalaşım». 62 Lakin İsa ona dedi: «Kotanı tutub geriyə baxan Allahın Padşahlığına layiq deyil».