Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 8-ci fəsil

V. Barklinin şərhləri

8-ci fəsil

1-3

YOLDA (Luka 8:1-3)

Gözlənilən vaxt gəlib çatdı. İsa Məsih səyahətdə idi. Artıq sinaqoqlar əvvəlki kimi Onun üzünə açıq deyildi. İsa Öz xidmətinə Allahdan xəbər gətirən hər bir şəxsin həssas dinləyicilər tapacağına ümid etdiyi yerdən — imanlılar toplantısından başladı. Lakin səmimilik əvəzinə O, müqavimətlə qarşılaşdı. Həssas dinləyicilərin əvəzinə ittiham etmək üçün bəhanə axtaran, açıq-aşkar və soyuqqanlılıqla Onu izləyən ilahiyyatçılar və fariseylərlə qarşılaşdı. Buna görə O, açıq yollara, dağların yamaclarına və gölün sahilinə üz tutdu.

1) Burada əvvəllər də gördüyümüz bir fakt diqqətimizi çəkir. Bu hissədə əmlakları ilə İsaya xidmət edən qadınların adları çəkilir. Ravvinlərə maddi yardım göstərmək həmişə Allahı razı salan xidmət hesab olunurdu. Əgər İsanın sadiq davamçıları Ona kömək edirdilərsə, bu, o vaxtı ictimai təcrübəyə tam uyğun idi. Bununla belə, biz həm İsanın şagirdlərinə, həm də adı çəkilən qadınlara münasibətdə bu qrupun nə qədər müxtəlif olduğuna diqqət yetirməliyik. Onların arasında daxilindən yeddi cin çıxmış Məcdəlli Məryəm, yəni Məcdəl şəhərindən olan Məryəm də var idi. Aydın məsələdir ki, onun qaranlıq və pis keçmişi olub. Onların arasında padşah Hirodun eşikağası Xuzanın arvadı Yoxanna da var idi. Padşahın çoxlu əmlakı və gəliri olduğundan onun eşikağası maliyyə işlərini idarə edirdi. Roma imperiyasında Roma imperatorunun maraqlarını güdən ev idarəçisi var idi. Hətta senat tərəfindən təyin olunan prokonsullarının belə ev idarəçiləri var idi. Ev idarəçisi sarayın ən etibarlı və vacib əyanı sayılırdı. Beləliklə, biz qaranlıq keçmişi olan Məcdəlli Məryəmi və saray əyanı olan Yoxannanı birlikdə görürük.

Bu, İsanın böyük nailiyyətlərindən biridir: O, şəxsi keyfiyyətlərini itirmədən müxtəlif insanları birlikdə yaşamağa ruhlandırır. G.K.Çesterton qurdla quzunun bir yerdə yaşayacağını söyləyən Yeşaya 11:6-ya istinad edərək qeyd edir:

«Bu mətn çox sadə şərh olunur. İnsanlar elə hesab edirlər ki, qurd quzunun yanında olanda, o, quzuya bənzəməyə başlayır. Amma bu, quzunun qurda göstərdiyi zorakılıq və birbaşa təcavüzü olardı. Bu o deməkdir ki, əgər əvvəl qurd quzunu yeyirdisə, indi quzu qurda çevrilib. Lakin bu mətnin çətinliyi ondadır ki, qurd öz vəhşi təbiətində qala-qala quzunun yanında ola bilməsidir. İmanlı cəmiyyətinin də məqsədi məhz bu kimi problemləri həll etmək idi. Sonda məhz bu möcüzəyə də nail oldu».

Hər şeydən əvvəl, imanlı cəmiyyəti müxtəlif keyfiyyətlərə və temperamentə malik olan insanları gündəlik işlərdə birləşdirməyi öyrənməlidir. Əgər biz bu işin öhdəsindən gələ bilmiriksə, deməli, günah bizdədir. Çünki İsa Məsihdə buna nail olmaq mümkündür, O, buna nail olunmuşdur da.

2) Həmin siyahıda biz köməyi praktiki olan bir qrup qadınla tanış oluruq. Qadınlara təbliğ etmək qadağan idi, amma onlar bacardıqlarını edirdilər. Yaşlı bir çəkməçi kişi ömrü boyu keşiş olmaq istəyirdi, amma o, arzusuna nail ola bilmədi. Onun bir dostu var idi — ilahiyyat fakültəsinin gənc tələbəsi. Gənc ilk dəfə kilsədə minbərdən öyrədəndə, qoca çəkməçi ondan xahiş etdi ki, ona ayaqqabı tikməyə icazə versin. Yaşlı kişi istəyirdi ki, özü qalxa bilmədiyi kilsə minbərindən təbliğ edən keşiş onun əl zəhməti ilə tikdiyi ayaqqabını geyinsin.

Əsas işi heç də həmişə ön planda duran adam görmür. Əgər dövlət məmurlarının çoxu ailələri tərəfindən dəstəklənməsəydi, bir həftə belə işlərini görə bilməzdilər! İnsan istənilən bacarığı ilə Məsihə xidmət edə bilər. Onun ən vacib xidmətçilərinin çoxu arxa planda dayanır, onlar görünmürlər, lakin həyatda mühüm rol oynayırlar.

4-15

ƏKİNÇİ VƏ TOXUM (Luka 8:4-15)

Bu məsəldə İsa dinləyicilərinə yaxşı tanış olan bir mənzərədən istifadə etdi. Ola bilsin, O, bu məsəli əkinçinin toxum səpdiyini görərkən çəkib. Məsəl dörd cür torpaqdan bəhs edir.

1) İsraildə ictimai torpaqlar uzun dar zolaqlara bölünürdü. Zolaqlar arasında hər kəsin istifadə edə biləcəyi cığırlar salınırdı. Həmin sərt cığırlara düşən toxumun böyümək şansı yox idi.

2) Bundan əlavə, daşlı torpaq da var idi. Burada təkcə daşlar deyil, həm də nazik torpaq qatı ilə örtülmüş iri əhəngdaşı təbəqəsi olan torpaq nəzərdə tutulur. Həmin torpaqda nə nəmlik, nə də qidalı maddələr vardı. Onun üzərində cücərən bitki quruyub ölməyə məhkum idi.

3) Əkin zamanı tikanlı torpaq kifayət qədər təmiz görünürdü. İstənilən torpaq sahəsini şumlamaqla təmiz göstərmək olar, bununla belə, orada alaq otlarının toxumları və yabanı otların kökləri qalır. Yaxşı toxum və alaq otları birlikdə inkişaf edir və böyüyür. Lakin alaq otları daha sürətli böyüdüyü üçün yaxşı toxum bitkisini boğur.

4) Bəhrəli torpaq kifayət qədər dərin, təmiz və yaxşı becərilən torpaqdır. 9 və 10-cu ayələr həmişə sirli olub. Sanki İsa bilərəkdən məsəllərlə danışır ki, insanlar deyilənlərin mənasını başa düşə bilməsinlər. Amma Onun sözlərinin mənasını dinləyicilərindən bilərəkdən gizlətməsinə inanmaq çətindir. Bu ayələrin müxtəlif şərhləri mövcuddur.

1) Matta 13:13-də həmin ayələr bir qədər fərqli şəkildə ifadə edilir. Matta deyir ki, İsa bir çoxlarının gördüyü halda, ağıllı düşünə bilmədikləri üçün məsəllərlə danışırdı. Matta sanki işarə edir ki, ibrətli hekayə mane olmur, əksinə, insanlara İsanın dediklərini anlamağa kömək edir.

2) Matta dərhal Yeşaya peyğəmbərin kitabı 6:9-10-dan sitat gətirir: «Get bu xalqa bunu çatdır: «Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini yum ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönüb şəfa tapmasınlar»».

Beləcə bu hissədə İsanın təlimi daha çox tədris obyektinə deyil, Onun bu təlim formasına müraciət etməyə məcbur qalmasının səbəbi izah edilir.

3) Əslində, İsa bunu nəzərdə tutmuşdur: insanların qavrayışı o qədər qaba, ağır və kütdür ki, Allahın həqiqəti onlara çatdıqda, onu ayırd edib dərk edə bilmirlər. Burada təqsirkar Allah deyil. İnsanlar o qədər tənbəlləşib və xurafat onları o qədər kor edib ki, görmək istəmədiklərini görməkdən çəkinirlər. Onlar Allahın həqiqətini dərk etmək qabiliyyətini tamamilə itiriblər.

Gəlin bu məsəlin iki təfsirinə nəzər salaq.

1) Bəziləri məsəlin mənasını onda görürlər ki, Allah Kəlamının taleyi kimin ürəyinə səpilməsindən asılıdır.

a) Yol kənarı dedikdə — Allahın Kəlamını dərk etməkdən imtina edən korazehin insanlar nəzərdə tutulur.

b) Daşlı torpaq dedikdə — Allahın Kəlamını qəbul edən, lakin onu öyrənməyən və bunun nəticəsini dərk etməyən insanlar nəzərdə tutulur. Buna görə də çətinliklər yaranan kimi imanları sönür.

c) Tikanlı yer dedikdə — ağlı və ürəyi şəxsi işlərlə məşğul olan insanlar nəzərdə tutulur, belə ki, onların ürəyində Allahın işlərinə yer qalmır.

Bununla belə, unutmaq olmaz ki, ürəyimizdən Allahın işlərini sıxışdırıb çıxaran dünyəvi problemlər mütləq pis əməllər olmur: bəzən ən təhlükəli düşmən — yaxşı şeylər olur.

d) Münbit torpaq — yaxşı, mömin insanlar deməkdir. Yaxşı dinləyici üç yaxşı iş görür: birincisi, o, diqqətlə dinləyir. İkincisi, eşitdiklərinin mənasını tam dərk edənə qədər onları ağlında və ürəyində saxlayır. Üçüncüsü, dərk etdiklərinə uyğun şəkildə hərəkət edir. Başqa sözlə, eşitdiklərini tətbiq edir.

2) Başqaları bu məsəldə ümidsizliyə qarşı nəsihət görürlər. İsanın hansı vəziyyətdə olduğunu düşünün: O, sinaqoqlardan qovulurdu; ilahiyyatçılar, fariseylər və din rəhbərləri Ona qarşı çıxırdılar. Onun şagirdləri isə istər-istəməz ruhdan düşürdülər.

İsa Öz məsəlində məhz onlara müraciət etdi: «Hər bir əkinçi bilir ki, səpilən toxumların bir hissəsi məhv olur, çünki hamısı bitə bilməz. Amma bu onu ruhdan salmır və əkini dayandırmağa vadar etmir. İsa bilir ki, hər şeyə rəğmən, bol məhsul biçəcək. İsa bizi maneələrin və məyusluqların gözlədiyini də bilir. Bilir ki, bizim düşmənlərimiz və rəqiblərimiz var. Amma biz heç vaxt ruhdan düşməməliyik, çünki sonda bol məhsul yığacağıq».

Bu məsəl bizim üçün Allahın Kəlamını necə dinləməli olduğumuza dair xəbərdarlıq ola bilər. Eləcə də şübhələri necə kənara atmağın və heç bir maneənin Allahın bol məhsulunu vaxtında yığmağımıza mane olmayacağına əminliyimizin təsdiqi ola bilər.

16-18

HƏYATIN QAYDALARI (Luka 8:16-18)

Qarşımızda üç atalar sözü dayanır, hər biri də gözəl nəsihətdir.

1) 16-cı ayə məsihçi həyatının açıq təbiətini vurğulayır. Məsihçilik gündəlik həyatda daha yaxşı tanınır. Məsihçi öz inancını bütün dünyaya bəyan etməmək üçün həmişə səbəb tapa bilər. Demək olar ki, hər bir insan başqalarından fərqlənəcəyindən narahatdır. Çox vaxt insanlar qəbul edilmiş normalardan kənara çıxanları təqib edirlər.

Bir yazıçı öz toyuqları haqqında hekayə yazmışdı. Toyuq hinində biri istisna olmaqla, bütün toyuqlar eyni rəngdə idi. Toyuqlar onu dimdikləyərək öldürdülər. Hətta heyvanlar aləmində belə, fərqli olmaq cinayətdir. Ancaq nə qədər çətin olsa da, bizim borcumuz — Məsihə aid olduğumuzu və Ona xidmət etdiyimizi göstərməkdən heç vaxt utanmamaqdır. Əgər biz düşünsək və Müqəddəs yerdə Allahın hüzuruna daxil olsaq, borcumuz yaxşılığa çevriləcək.

İngiltərə kraliçası II Elizabetin tacqoyma mərasimindən əvvəl bütün evlərə və mağazalara bayraqlar asılmışdı. Həmin vaxt mən kəndarası yol ilə gedirdim və bir kolun yanında qalayçı dayanacağına rast gəldim. O, bir çadırdan ibarət idi, lakin onun ətrafında, demək olar ki, çadırla eyni ölçüdə ingilis bayrağı dalğalanırdı. Bununla köçəri qalayçı sanki demək istəyirdi ki, mən və sahib olduqlarım ölkəmin bayrağı altındadır. Məsihçi də nə qədər təvazökar mövqe tutsa da, Kimin bayrağı altında yaşadığını insanlara göstərməkdən utanmamalıdır.

2) 17-ci ayədə hər hansı sirri saxlamağın mümkünsüzlüyü vurğulanır. Biz isə həmişə nəyisə gizlətməyə çalışırıq:

a) İlk öncə özümüzdən. Hansısa addımlarımızın acı nəticələrini qabaqcadan bilsək də, bəzi hərəkət və vərdişlərimizə göz yumuruq. Biz, xəstəliyin əlamətlərini bildiyi halda, qəsdən gözlərini bağlayan adama bənzəyirik. İnsanın hansı inanılmaz axmaqlığa qadir olduğunu heç kim bilmir.

b) Yaxınlarımızdan nəyisə gizlətməyə çalışırıq. Ancaq gec-tez bu və ya digər şəkildə sirr açılır. Həqiqəti gizlədən insan bədbəxtdir. Gizlədəcək heç nəyi olmayan insansa xoşbəxtdir. Deyilənə görə, bir dəfə bir memar qədim yunan filosofu Platona hər otağın insanların gözündən gizli qalacağı bir ev tikməyi təklif edib. Platon isə ona belə cavab verib: «Əgər mənə hər otağına hər kəsin baxa biləcəyi bir ev tiksən, sənə ikiqat pul ödəyəcəyəm». Açıq və səmimi olan insan xoşbəxtdir.

c) Bəzən biz Allahdan belə nəyisə gizlətməyə çalışırıq. Ancaq bu, qeyri-mümkündür. Yaxşı olardı ki, Müqəddəs Kitabda deyilənləri daim xatırlayaq: «Sən məni görən Allahsan» (Yaradılış 16:13).

3) 18-ci ayədə ümumbəşəri qanun buyurulur: «...kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn etdiyi şey də əlindən alınacaq». Əgər fiziki cəhətdən sağlam bədənə və ruha malik olan insan özünə qulluq edərsə, getdikcə daha böyük nailiyyətləri əldə etməyə qadir olacaq. Əgər insan əllərini yana salsa, onda süstləşəcək, qərarsız olacaq və sahib olduğu qabiliyyətləri itirəcək. Tələbə nə qədər çox öyrənsə, bir o qədər çox öyrənə bilər. Yox, təhsilini davam etdirməkdən imtina etsə, bildiklərini də unudar. Başqa sözlə, həyatda daimi heç nə yoxdur. Biz ya irəli gedir, ya da geridə qalırıq. İrəli getməyən, mütləq geri qalacaq. Axtaran həmişə tapar; axtarmağı dayandıran isə əlində olanı da itirər.

19-21

HƏQİQİ QOHUMLUQ (Luka 8:19-21)

İsanın yer üzündə olduğu müddətdə Onun ailə üzvlərinin Onunla razılaşmadığını görmək çətin deyil. Mark 3:21-də deyilir ki, «İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib». Matta 10:36-da İsa şagirdlərinə xəbərdarlıq edir ki, insanın düşməni öz ev əhli olacaq. O, bunu Öz acı təcrübəsindən bilib danışırdı.

Bu hissə praktik əhəmiyyətə malik böyük bir həqiqəti ifadə edir. Çox vaxt insan özünü doğmalarından çox yad insanlara daha yaxın hiss edir. İnsanlar arasında ən yaxın münasibət — qan qohumluğu deyil, qəlb və düşüncə oxşarlığıdır. Yalnız ümumi məqsədləri, ortaq prinsipləri və ümumi maraqları olan insanlar bir-birinə, həqiqətən, yaxın olurlar.

Gəlin artıq tanış olduğumuz Allahın Padşahlığının tərifini xatırlayaq. Göydə Allahın iradəsi mükəmməl şəkildə yerinə yetdiyi kimi, yer üzündə Onun cəmiyyətində Allahın Padşahlığı təzahür olunur. İsanın kamilliyi də məhz onda idi ki, O Öz iradəsi ilə Allahın iradəsinin vəhdətinə nail olmuşdu.

Buna görə də, yeganə məqsədi Allahın iradəsini öz iradəsinə çevirmək olan bütün insanlar İsanın həqiqi ailəsinə aiddir. Biz deyirik ki, bütün insanlar Allahın övladlarıdır. Bu doğrudur, çünki Allah həm möminləri, həm də günahkarları sevir. Lakin Allahla həqiqi qohumluq həmişə etik cəhətdən şərtlənir. İnsan Müqəddəs Ruhun köməyi ilə öz iradəsini tamamilə Allahın iradəsinə tabe etdirəndə, Allahla həqiqi qohumluq yaranır.

Stoiklər bəyan edirdilər ki, həyatda xoşbəxtliyə aparan yeganə yol ancaq budur. Onlar deyirdilər ki, nə olursa-olsun, insanın başına nə gəlirsə-gəlsin — istər sevinc, istərsə də kədər, istər qələbə, istərsə də məğlubiyyət, istər gəlir, istərsə də zərər, istər günəşin parlaması, istərsə də kölgənin qaranlığı — hər şeydə Allahın iradəsi var. Bunu dərk etməyən insan başını kainata döyür, bu da ona əzabdan başqa bir şey vermir. İnsan Allaha güvənib «Mənimlə istədiyini et» deyəndə, demək, xoşbəxtliyin yolunu tapmışdır.

Bundan iki həqiqət ortaya çıxır:

1) Dünyəvi vəfadan üstün olan bir vəfa var, yer üzündə hər şeydən üstün olan bir şey var. Bu mənada İsa Məsih tələbkar Ağadır. Çünki O, insanın qəlbini heç kimlə və heç nə ilə bölüşmür. Sevgi — müstəsna bir hissdir. Yalnız birini sevmək və eyni anda yalnız bir ağaya xidmət etmək mümkündür.

2) Bu, həqiqətən, çətindir, amma böyük möcüzə də elə bundadır: insan özünü tamamilə Məsihə bağlayanda, bütün dünyanı əhatə edən bir ailənin üzvünə çevrilir. Nə qədər çətinliyə məruz qalsa da, o, əvəzini alacaq. Con Oksenhemin yazdığı kimi:

Məsihdə nə qərb, nə şərq, nə cənub, nə də şimal bir-birindən ayrılmaz,

Yaşayan Allah bizi ünsiyyətə cəlb etdi.

Xilas edilmiş ürəklərə hər yerdə xoşbəxtlik var,

Onun xidmətində və işində birləşirlər.

Dünyanın harasında yaşayırsan-yaşa,

Əlini mənə uzat, ey qardaşım,

Məsihin ailəsinə daxil olmusansa,

Bil ki, mənim üçün çox əzizsən.

Şərq, qərb, şimal, bir də cənub

Alqış söyləməkdə birləşir

Məsih İsada biz həm qardaşıq, həm də dost

Yer üzündə əbədi.

İsa Məsihdə Allahın iradəsini axtaran adam göylərin və yerin bütün möminlərinin ailəsinə daxil olur.

22-25

FIRTINANIN YATIRILMASI (Luka 8:22-25)

Luka bu hadisəni son dərəcə qısa, lakin mənzərəli təsvir edir. Çox güman, İsanın gölü keçməyə qərar verməsinin bir səbəbi də onların yorğun olması və istirahətə ehtiyaclarının olması idi. Onlar qayıqla gedəndə, O, yuxuya getdi.

Yatan İsanı təsəvvür etmək nə qədər də xoşdur. Biz yorulduğumuz kimi, O da yorulurdu və yatmağa ehtiyacı vardı. Gölün o tayına keçməyi O, şagirdlərinə həvalə etdi: onlar balıqçılar olduğuna görə İsa onlara güvəndi, qayğılarını Allaha həvalə etdi, çünki bilirdi ki, göldə də, quruda olduğu kimi, Allah Onunladır.

Ancaq birdən fırtına qopdu. Qalileya dənizi qəfildən coşan fırtınalarla məşhurdur. Səyyahlardan biri belə nəql edir:

«Günəş batar-batmaz göldə qəfil şiddətli külək əsdi və bütün gecə davam etdi. Səhəri gün sahilə çatanda, gölün səthi qaynayan girdaba bənzəyirdi».

Qalileya gölündə fırtınaların qəfil qopmasının səbəbi var. Məsələ ondadır ki, Qalileya gölü Aralıq dənizinin səviyyəsindən 208 metr aşağıda yerləşir. Ətrafında düzənlik, daha sonra isə dağlar uzanır. Çaylar düzənlikdə dərin çaylaq açıb, sanki külək aerodinamik borulardan keçərək dağlardan gələn soyuq küləyi gölə əsdirir və beləcə fırtınalar yaranır. Həmin səyyah belə bir fırtınada çadırlarını necə bərkitməyə çalışdıqlarını təsvir edir:

«Biz bütün kəndirləri ikiqat bağlamalı olduq. Hətta bundan sonra da küləyin təsirindən yırğalanan çadırımızı saxlamaq üçün bədənimizin ağırlığını ona salmalı olduq ki, fırtına onu yerindən qoparıb aparmasın».

Həmin gün qayıq məhz belə qəfil fırtınaya düşdü. İsanın və Onun şagirdlərinin həyatı təhlükədə idi. Şagirdlər İsanı oyatdılar və O, küləyə qadağan edib tufanı yatırdı. İsanın etdikləri təkcə keçmişə aid deyildi. Bu səyahətin əsl mənası ondadır ki, İsanın olduğu yerdə tufan səngiyir.

1) İsa Məsih peyda olanda, sınağın tufanı səngiyir. Bəzən imtahan insana dəfedilməz bir qüvvə ilə hücum edir. Stivensonun bir dəfə dediyi kimi, «Edinburqun Kaledoniya vağzalını tanıyırsınızmı? Qaranlıq, soyuq səhərlərin birində mən orada şeytanla qarşılaşmışdım». Bəzən hamımız şeytanla üz-üzə qalmalı oluruq. Əgər biz təkbaşına sınaqlar fırtınası ilə qarşılaşsaq, məhv olarıq, lakin Məsih sınaqların öz gücünü itirdiyi bir sükut bəxş edir.

2) İsa coşqunluq tufanını yatırır. Coşqun insanın həyatı ikiqat ağırdır. Bir dəfə bir adam istiqanlı və coşqun xarakterli dostu ilə görüşüb ona deyir:

  • Görürəm, sən hərarətli xarakterini cilovlaya bilmisən.

  • Xeyr, — deyə dostu cavab verir, — mən xasiyyətimi cilovlamamışam, bunu edən İsa Məsihdir.

Ürəyin qəmlidirsə, dolub-daşır qəzəbdən,

Fikirlərin durmadan zəhərləyirsə hər an.

Göz yaşlarına görə tutqun görünür səma.

Bil ki, bütün kədəri, acı-acı sözləri,

Püskürən hərarəti, yalnız O bağışlayar.

Bəxtiyarlığa çatdırıb, cana rahatlıq verər.

İsa Məsih bizə sülh və qalib gəlmək üçün güc verməsə, biz məhvə məhkumuq.

3) İsa kədər tufanını yatırır. Kədər və əzab hər kəsin həyatında baş verir, çünki iztirab çox vaxt sevginin cəzasıdır. İnsan sevirsə, əziyyət çəkməli olur. Bir kişi həyat yoldaşını itirəndən sonra belə demişdi: «Elə bil kimsə başımı sığallayırdı ki, kədərlənməyim». Belə bir vaxtlarda İsanın əlləri göz yaşlarını silir və yaslı ürək toxtayır.

26-39

CİNLƏRİN QOVULMASI (Luka 8:26-39)

Əgər biz — özümüzün cinlər haqqında nə düşündüyümüzdən asılı olmayaraq, — onların Qadara məmləkətində yaşayanlar və cinlərə tutulmuş adam üçün real olduğunu dərk etməsək, bu hissədən heç vaxt heç nə başa düşə bilməyəcəyik. Cinlərə tutulmuş adam başqaları üçün böyük təhlükə yaradırdı, buna görə də o, cinlərin məskəni sayılan qəbirlərin arasında yaşayırdı. İsa Məsihin cinlərə tutulmuş adamı xilas etməkdən ötrü hansı cəsarətlə hərəkət etdiyini qeyd etmək yerinə düşər. Cinlərə tutulmuş adam böyük gücə malik idi, bu da ona zəncirləri və bağları qırmağa imkan verirdi. Həmyerliləri ondan o qədər qorxurdular ki, onun həyatını yüngülləşdirmək üçün heç nə etmirdilər. İsa isə onu sakitcə və qorxmadan qarşıladı. İsa cinlərə tutulmuş adamdan adını soruşanda, o, «legion» deyə cavabı verdi (Roma legionu 6 min əsgərdən ibarət idi).

Donuz epizodu ətrafında problem yaradan insanlar həddindən artıq çoxdur. Hətta İsanı cinləri günahsız donuzların içinə göndərdiyinə görə mühakimə edirlər. Bu, qəddar və ədəbsiz hərəkət kimi qiymətləndirilir. Əgər cinlərə tutulmuş adamın aşkar dəlilləri olmasaydı, o sağaldığına inanmazdı. Onu ancaq bir şey sağalda bilərdi — o, cinlərin onu necə tərk etdiyini gözləri ilə görməli idi. Məgər donuz sürüsü ilə insanın əbədi yaşayan canını müqayisə etmək olarmı? İnsanın canı donuzların canı bahasına xilas olarsa, şikayət etməliyikmi? Bir halda ki, insan şəfa tapırsa, buna görə donuzların ölümündən şikayətlənmək təhrif edilmiş möminlik deyilmi? Biz nisbət hissi haqqında unutmamalıyıq. Əgər bir adamı onun sağaldığına inandırmaq üçün donuzların ölümü lazım gəlirsə, bu hadisənin baş verdiyinə görə etiraz etmək ağlabatandırmı?

Gəlin müxtəlif insanların buna necə reaksiya verdiyinə baxaq.

1) Qadara məmləkətinin sakinləri İsadan onları tərk etmələrini xahiş etdi.

a) Onların həyat nizamının pozulması xoşuna gəlmədi. İsanın gəlişinə qədər onların həyatı dinc idi, buna görə onlar İsaya nifrət etdilər. Bir çox insanlar İsaya nifrət edirlər, çünki O onların qurduqları həyat nizamını pozur. Əgər İsa bir adamdan «Bu vərdişindən əl çəkməlisən, həyatını dəyişməlisən» tələb edərsə, işəgötürənə «Sən məsihçi ola-ola insanları belə şəraitdə işləməyə məcbur edə bilməzsən», mənzilini kirayə verən ev sahibinə «Belə gecəqondu üçün insanlardan bu qədər kirayə pulu götürə bilməzsən» deyərsə, bəlkə, hamı Ona «get, bizi rahat burax» deyəcək.

b) Onlar öz donuzlarını insan canından üstün tuturdular. Həyatın ən böyük təhlükələrindən biri də elə insanların mallarını insandan üstün tutmasıdır. Məhz buna görə gecəqondular və pis şərait yaranır. «Öz köynəyim bədənə yaxındır» prinsipi ilə yaşayaraq eqoist olmuşuq, hətta hansısa yorğun adam tükənənə qədər işləməli olsa belə, özümüz üçün dinclik, rahatlıq tələb edirik. Lakin bu dünyada insandan vacib heç nə yoxdur.

2) Bəs görün şəfa alan insan necə reaksiya verdi. O, İsanın yanında qalmaq üçün Ona yalvardı. Amma İsa onu evinə göndərdi. Məsih haqqında şəhadət etmək, eləcə də məsihçi mərhəmətini göstərmək — evdən başlayır. Çünki bizi ümumiyyətlə tanımayan insanlar arasında yaşamaq və Məsih haqqında təbliğ etmək daha asandır. Məsih isə bizə deyir ki, biz Onun bizi yerləşdirdiyi yerdə Onun haqqında vəz edək. Əgər siz emalatxanada, büroda, məktəbdə, fabrikdə, işlədiyiniz və ya yaşadığınız yerdə yeganə məsihçi olsanız belə, şikayət etməməlisiniz. Əksinə, bunu Məsihin çağırışı kimi qəbul edin: «Get və qarşına çıxan hər bir insana sənin üçün nə etdiyimi söylə».

40-56

EVİN TƏK QIZININ SAĞALMASI (Luka 8:40-42 və 49-56)

Burada kədərdən sonra böyük sevinc doğduğu aydın görünür. Luka bir qızın faciəvi ölümünü çox aydın şəkildə təsvir edir:

a) O, valideynlərinin yeganə qızı idi. Bu barədə yalnız Luka qeyd edir: valideynlərin ocağı sönmüşdü.

b) Onun cəmi on iki yaşı var idi. Bu o deməkdir ki, qızcığaz yetkinlik astanasında idi, çünki Şərqdə uşaqlar Qərbə nisbətən daha tez inkişaf edirlər. Ola bilsin, bu yaşda o, artıq evlilik haqqında düşünürdü. Budur, həyat şəfəqi birdən zülmətə çevrildi.

c) Yair sinaqoqun rəisi idi, yəni o, sinaqoqa və ibadətlərin icrasına cavabdeh insan idi. O, soydaşlarının gözündə ən yüksək vəzifəyə və hörmətə nail olmuş, şübhəsiz ki, ictimai nərdivanla qalxmaq və yer üzündəki şöhrətpərəstliyini təmin etmək üçün çox səy göstərən imkanlı insan idi. Birdən həyat ona qarşı səxavətli və üzünə güldüyü vaxt əlindən ən qiymətli şeyi almağa çalışır. Hekayə çox kədərlidir.

Ağıçı15 qadınlar artıq evə gəlmişdilər. Bizim üçün bu, dəhşətli görünə bilər. Amma pulla ağıçıları dəvət etmək mərhuma hörmət əlaməti idi, buna görə insanlar bu adətdən heç vaxt əl çəkmirdilər. Qız ölmüşdü. Hamı buna əmin idi. Ancaq İsa qızı həyata qaytardı. Burada praktiki bir məqamı qeyd etmək yerinə düşər. İsa dərhal qıza yemək verməyi əmr etdi. Ola bilsin, İsa qızcığazı düşündüyü qədər ananı da düşünürdü. Qızının ölümü ilə yaranan ağrıdan dirilmənin sevincinə kəskin keçid onu həddindən artıq həyəcanlandıra bilərdi. Bəzən insanı xilas etmək üçün onu nə iləsə məşğul etmək lazımdır, hətta vacibdir də. Ola bilsin, insan təbiətinə yaxşı bələd olan İsa Öz müdrikliyi ilə həddindən artıq həyəcanlanan qadını sakitləşdirmək üçün onu məşğul etmək istədi. Ancaq bu hekayədə bizim üçün daha maraqlı olan Yairdir.

1) O, «mən»liyini boğmağı bacaran insan idi. Axı o, sinaqoqun rəisi idi. Həmin ərəfələrdə sinaqoqun qapıları İsanın üzünə tam bağlanmasa da, artıq bağlanmaq üzrə idi. Çox güman, Yair İsaya pərəstiş etmirdi və Onu qanunu pozan şəxs hesab edirdi. Lakin kəskin ehtiyaca düşəndə, özünü alçaltdı və kömək üçün İsaya müraciət etdi. Məşhur «Roland haqqında mahnı»da imperator Böyük Karlın cəngavəri Roland 778-ci ildə İspaniya yürüşü zamanı bütün mühafizəçilərlə birlikdə Ronseval dərəsində sarasenlər tərəfindən mühasirəyə alınaraq məhv edilmişdi. Rolandın nəhəng Yatmunddan aldığı səsi 48 kilometrə qədər yayılan Olifan şeypuru var idi. Onun səsi o qədər güclü idi ki, şeypurun səsi gələndə quşlar ölü kimi yerə düşürdü. Rolandın Olivye adlı dostu ona yalvardı ki, o, şeypuru çalsın və imperator Karl şeypurun səsini eşidib geri qayıtsın və onlara kömək etsin. Ancaq Roland kömək istəmək üçün çox qürurlu idi. Onun əsgərləri bir-bir döyüşdə həlak oldu, sonda o, tək qaldı. Ölüm ayağında isə o, bütün gücünü toplayıb şeypuru çaldı və Böyük Karl onun səsini eşidib Rolanda kömək etməyə tələsdi. Lakin çox gec idi — Roland ölmüşdü, çünki vaxtında kömək istəməyi qüruruna sığışdırmamışdı.

Qeyri-ciddi insanlara elə gəlir ki, həyatlarının ağası özləridir. Lakin insanlar öz qürurunu boğub, hər şeyə təkbaşına nail olmaq üçün aciz olduqlarını təvazökarlıqla etiraf etsələr, Allahın möcüzələrinə və mərhəmətinə nail olacaqlar. Ona görə də insanlar Allaha üz tutmalı və ehtiyaclarını Ona bildirməlidirlər. Diləyin, sizə veriləcək. Diləmədən nəsə veriləcəyini gözləmək olmaz.

2) Yair, şübhəsiz ki, iman adamı idi. Yaşadığı hisslər nə olursa-olsun, o, mərsiyə oxuyan qadınların ağıları ilə tam razılaşmırdı: o, arvadı ilə birlikdə qızlarının yatdığı otağa girdi. O, möcüzənin baş verəcəyinə ümid edirdi. Əlbəttə, çox narahat idi: «Axı nə qədər olmasa, heç kim İsanın nə edəcəyini bilmir». Biz də İsanın bizim üçün nələr edə biləcəyini bilmirik. Ən pis günlərdə biz Onun tükənməz xəzinələrinə, sonsuz mərhəmətinə və yenilməz gücünə güvənə bilərik.

İZDİHAM İÇİNDƏ GİZLƏNMƏDİ (Luka 8:43-48)

Bu hekayə ilk İmanlı Cəmiyyətində qeyri-adi təəssürat yaratmışdı. Bu qadının Filip Qeysəriyyəsindən olan bütpərəst olduğu hesab olunurdu. Böyük kilsə tarixçisi Evsebi16 (e. 300-cü il) deyir ki, rəvayətə görə, bu qadın sağaldığını unutmamaq üçün doğma şəhərində heykəl ucaltmışdır. Deyilənə görə, bu heykəl bütpərəst tanrılara sitayişi bərpa etməyə çalışan imperator Yulianın dövrünə qədər orada qalmışdı. Yulian bu heykəli dağıdıb yerinə öz heykəlini qoysa da, onun heykəli göy gurultusu ilə məhv oldu.

Qadının utanması və titrəməsi onun Qanuna görə murdar olmasına əsaslanırdı (Levililər 15:19-33). Xəstəliyi onu cəmiyyətdən təcrid etmişdi. Buna görə də o, açıq-aşkar İsaya yaxınlaşmadı, izdihamın arasında gizlicə Onun arxasından gəlib paltarının ətəyinə toxundu. Məhz bu səbəbdən İsanın Ona kimin toxunduğu sualı onu belə heyrətləndirdi.

Bütün dindar yəhudilərin geyimlərinin ətəyi dörd tərəfdən qotazlarla bəzədilirdi, hər qotazın üzərinə bənövşəyi qaytan taxılırdı (Saylar 15:37-41; Qanunun Təkrarı 22:12). Hər dəfə yəhudi paltarını geyinəndə, qotazlar onun seçilmiş xalqa aid olduğunu və Allahın Qanunlarına riayət etməyə borclu olduğunu xatırlatmalı idi. Bir qədər sonra, yəhudilərin həyatı daim təhlükə altında olduğuna görə, onlar həmin qotazları alt paltarlarına taxırdılar. Yəhudilər bu gün də həmin ayinə riayət edirlər, onlar dua zamanı çiyinlərinə və başlarına atdığı şallarına mavi saplı qotazlar taxırlar. Lakin İsanın dövründə onlar hələ də üst geyimlərə taxılırdı. Xəstə qadın bu qotazların birinə toxunmuşdu.

Biz yenə də həkim Lukaya xas olan qeydlərlə qarşılaşırıq. Mark deyir ki, bu qadın «neçə həkimin əlindən xeyli əzab çəkmiş, bütün varını buna sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi» (Mark 5:26). Luka həkimləri qınamamaq üçün cümlənin son hissəsini yazmır.

Maraqlıdır ki, İsa bu qadınla üz-üzə dayananda, orada onlardan başqa sanki heç kim yox idi. Axı bütün bunlar camaat arasında baş vermişdi. Lakin həmin an izdiham unudulmuşdu. İsa qadınla elə danışdı ki, sanki dünyada ondan başqa heç kim yoxdur. Cəfakeş qadın heç kimə lazım deyildi, İsa da bütün diqqətini məhz heç kimə lazım olmayan qadına yönəltmişdi.

Axı biz insanlara damğa vurub, cəmiyyətdə tutduğu mövqeyə uyğun davranmağa meyilliyik. İsa üçün heç bir süni damğa mövcud deyildi. İstər sinaqoqun rəisi, istərsə də xəstə qadın olsun, hər ikisi Onun üçün iztirab çəkən insanlar idi. Məhəbbət insanları heç vaxt cəmiyyətdəki roluna görə qiymətləndirmir.

Günlərin bir günü bir vacib adam Tomas Karleyli ziyarət etməyə gəldi. Karleyl məşğul olduğu üçün fikrini işdən yayındırmaq niyyətində deyildi. Amma arvadı qonağı yuxarıya, ərinin iş otağına dəvət etdi və əri müdrik adamı görsün deyə qapını azca açdı. Qapını açanda onlar Karleylin işinə necə daldığını və hər şeyi unutduğunu gördülər — həmin vaxt Karleyl onu məşhur edən kitablar yazırdı. «Bu, dünyanın danışdığı Tomas Karleyldir və o mənim ərimdir». Həmin an onun arvadı Karleylə məşhur bir insan kimi yox, çox sevdiyi əri kimi baxdı.

Şübhəsiz, hamı hesab edərdi ki, izdihamın içində bu xəstə və natəmiz qadın onların diqqətinə layiq deyil. İsa üçün o, köməyə ehtiyacı olan əzabkeş qadın idi. Buna görə də, gördüyümüz kimi, O, izdihamı tamamilə unudub, bütün diqqətini ona yönəltdi. «Allah hər birimizi elə sevir ki, sanki yalnız bizi sevir».

Azərbaycan dilində Müqəddəs Kitab

İsanın ardınca gedən qadınlar
1 Bu hadisədən sonra İsa şəhərləri və kəndləri gəzməyə başladı. O, Allahın Padşahlığını vəz edərək Müjdəni yayırdı. On İki şagird Onunla birgə idi. 2 Həmçinin şər ruhlardan və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar, daxilindən yeddi cin çıxmış Məcdəlli adlanan Məryəm, 3 Hirodun eşikağası Xuzanın arvadı Yoxanna, Şoşanna və bir çox başqa qadınlar İsa ilə idi. Bu qadınlar əmlakları ilə onlara xidmət edirdilər.
Səpilən toxum məsəli
(Matta 13:1-23; Mark 4:1-20)
4 Böyük izdiham toplaşanda, insanlar hər şəhərdən İsanın yanına gələndə İsa onlara bir məsəl danışdı: 5 «Bir əkinçi toxumunu səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü, ayaq altında tapdalandı və göydə uçan quşlar onları dənlədi. 6 Bəzisi daşlığa düşdü və cücərincə susuzluqdan qurudu. 7 Bəzisi tikanlar arasına düşdü. Tikanlar toxumla birgə boy atıb onu boğdu. 8 Başqaları isə münbit torpağa düşdü və böyüyüncə yüz qat artıq səmərə verdi». İsa bunları deyərək nida etdi: «Eşitməyə qulağı olan eşitsin!»
9 Şagirdləri isə Ondan soruşdular: «Bu məsəlin mənası nədir?» 10 O dedi: «Allahın Padşahlığının sirlərini bilmə qabiliyyəti sizə verilmişdir. Başqalarına isə hər şeyi məsəllərlə danışıram ki,
“Gördükləri halda görməsinlər,
Eşitdikləri halda anlamasınlar”.
11 Məsəlin mənası budur: toxum Allahın kəlamıdır. 12 Yol kənarına düşənlərsə kəlamı eşidənlərdir. Sonra iblis gəlir və iman etməyib xilas olmasınlar deyə kəlamı onların ürəyindən götürüb aparır. 13 Daşlığa düşənlərsə kəlamı eşidəndə sevinclə qəbul edənlərdir. Lakin onlarda kök olmadığına görə bir müddət iman edir və sınaq vaxtı gələndə imandan dönürlər. 14 Tikanlar arasına düşənlərsə bunlardır: kəlamı eşidirlər, amma get-gedə bu həyatın qayğılarından, var-dövlətindən, zövqlərindən boğulur və yaxşı bəhrə vermirlər. 15 Münbit torpağa düşənlərsə bunlardır: belə insanlar kəlamı eşidib xeyirxah və sadiq ürəkdə saxlayırlar. Bunlar səbirlə səmərə verir.
Çıraq məsəli
(Mark 4:21-25)
16 Heç kim çırağı yandırıb onu qabla örtməz yaxud yatağın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər. 17 Çünki elə gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq. 18 Buna görə də necə dinlədiyinizə diqqət edin. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn etdiyi şey də əlindən alınacaq».
İsanın anası və qardaşları kimdir?
(Matta 12:46-50; Mark 3:31-35)
19 İsanın anası və qardaşları Onun yanına gəldi. Amma izdihama görə Ona yaxınlaşa bilmədilər. 20 İsaya xəbər verdilər: «Anan və qardaşların bayırda dayanıb Səni görmək istəyirlər». 21 İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım Allahın kəlamını eşidib ona əməl edənlərdir».
İsa tufanı yatırır
(Matta 8:23-27; Mark 4:35-41)
22 Bir gün İsa Öz şagirdləri ilə bir qayığa mindi və onlara dedi: «Gəlin gölün o biri sahilinə keçək». Onlar yola düşdülər. 23 Onlar qayıqda gedərkən İsanı yuxu apardı. Göldə tufan qopdu. Qayıq su ilə dolmağa başlayanda onlar təhlükəli vəziyyətə düşdülər. 24 Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ustad, Ustad, biz həlak oluruq!» İsa durub küləyə və qalxan sulara qadağan etdi. Tufan dayandı və sükut çökdü. 25 Onda O, şagirdlərinə dedi: «Sizin imanınız haradadır?» Onlarsa qorxu və heyrət içində qalıb bir-birlərindən soruşurdular: «Bu Adam kimdir ki, həm küləklərə, həm suya əmr verir, onlar da itaət edir?»
Cinə tutulmuş adam sağaldılır
(Matta 8:28-34; Mark 5:1-20)
26 Sonra onlar Qalileyanın qarşısında yerləşən Gerasalıların diyarına gəldilər. 27 İsa qayıqdan sahilə düşəndə şəhərdən olan bir nəfər Onunla qarşılaşdı. Cinlərə tutulmuş və xeyli vaxtdır ki, paltar geyməyən bu adam evdə yox, qəbir mağaralarında yaşayırdı. 28 O, İsanı görən kimi bağırıb Onun qarşısında diz çökdü və bərkdən çığıra-çığıra dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Yalvarıram Sənə, mənə əzab vermə!» 29 Çünki İsa natəmiz ruha əmr etmişdi ki, həmin adamdan çıxsın. Bu ruh o adamı çoxdan tutmuşdu. Buna görə də o adamı qorumaq üçün onu zəncir və buxovlarla bağlamışdılar. O isə zəncirləri qıraraq cin tərəfindən çölə qovulurdu. 30 İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Adım Qoşundur». Çünki onun daxilinə çox cin girmişdi. 31 Onlar dibsiz dərinliyə düşmələrini əmr etməsin deyə İsaya yalvarırdılar.
32 Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. Cinlər İsaya yalvardılar ki, donuzların içinə girməyə izin versin. İsa da onlara izin verdi. 33 Cinlər adamdan çıxıb donuzların içinə girdi. Sürü də uçurumdan aşağı, gölə atılıb boğuldu.
34 Donuz otaranlar bunları görüb qaçdılar, bu xəbəri şəhər və kəndlərdə yaydılar. 35 Camaat nə baş verdiyinə tamaşa etməyə çıxdı. Onlar İsanın yanına gəldilər, daxilindən cinlər çıxmış adamın İsanın ayaqları yanında geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər. 36 Hadisəni görənlərsə cinə tutulmuş adamın necə sağaldığını camaata danışdılar. 37 Gerasalıların ətraf diyarındakı bütün xalq İsadan xahiş etdi ki, oranı tərk etsin, çünki onları böyük qorxu bürümüşdü. İsa da qayığa minib geri qayıtdı. 38 Daxilindən cinlər çıxmış kişi İsanın yanında qalmaq üçün Ona yalvardı. 39 Amma İsa ona «qayıt evinə və Allahın sənə etdiyi hər şeyi danış» deyərək onu buraxdı. Bu adam da gedib İsanın ona etdiyi hər şeyi bütün şəhərə yaydı.
Qızın dirilməsi və qadının şəfa tapması
(Matta 9:18-26; Mark 5:21-43)
40 İsa geri qayıtdıqda xalq Onu qəbul etdi, çünki hamı Onu gözləyirdi. 41 Bu vaxt Yair adlı sinaqoq rəisi olan bir kişi gəlib İsanın ayaqlarına düşdü və Ona yalvardı ki, evinə gəlsin. 42 Çünki onun on iki yaşın içində olan bircə qızı var idi və o, can üstə idi. İsa oraya gedərkən izdiham Onu sıxışdırırdı.
43 Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri ona şəfa verə bilməmişdi. 44 Bu qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı. 45 İsa dedi: «Mənə toxunan kim idi?» Lakin hamı bunu inkar edəndə Peter dedi: «Ustad, izdiham Səni əhatə edib sıxışdırır». 46 Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki Məndən qüvvət çıxdığını bildim». 47 Qadınsa gizlənə bilmədiyini gördükdə titrəyərək gəlib İsanın ayağına düşdü. Bütün xalq qarşısında Ona nə səbəbdən toxunduğunu və o anda necə sağaldığını İsaya nəql etdi. 48 İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get».
49 İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən bir nəfər gəlib dedi: «Qızın öldü. Müəllimi daha narahat etmə». 50 Amma İsa bunu eşidəndə sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et! Qızın xilas olacaq». 51 İsa onun evinə gələndə Peter, Yəhya, Yaqub və qızın ata-anasından başqa heç kimi Özü ilə evə girməyə qoymadı. 52 Hamı qız üçün ağlayıb nalə çəkirdi. Amma İsa dedi: «Ağlamayın, o ölməyib, sadəcə olaraq yatıb». 53 Onlarsa qızın öldüyünü bildiklərinə görə İsaya güldülər. 54 Amma İsa qızın əlindən tutub səslədi: «Qızcığaz, qalx!» 55 Qızın ruhu bədəninə qayıtdı və o dərhal ayağa qalxdı. İsa dedi ki, qıza yemək versinlər. 56 Qızın ata-anası mat qaldı. Amma İsa onlara tapşırdı ki, bu hadisə barədə heç kəsə danışmasınlar.