Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 7-ci fəsil

V. Barklinin şərhləri

7-ci fəsil

1-10

YÜZBAŞININ İMANI (Luka 7:1-10)

Bu hekayədə baş obraz Roma yüzbaşısıdır; o, adi insan deyildi.

1) Bunu onun rütbəsi sübut edir. Roma ordusunun yüzbaşısı bölüyün baş çavuşu mövqeyində idi. Həmin yüzbaşılar ordunun əsas sütununu təşkil edirdilər. Əhdi-Cədiddə harada yüzbaşıların adı çəkilirsə, onlar haqqında hörmətlə danışılır (Luka 23:47 və Həvarilərin İşləri 10:22; 22:26; 23:17-23-24; 24:23; 27:43 ilə müqayisə edin). Tarixçi Polibi11 Roma ordusunun yüzbaşılarını belə səciyyələndirir: onlar «təhlükəli vəziyyətlərə həvəsli deyil, komandanlıqda və daimi rəhbərlikdə etibarlı insanlar olmalıdırlar; döyüşə can atmamalıdırlar, lakin böyük təhlükə yaranarsa, öz mövqelərini sona qədər saxlamağa, lazım gələrsə, ölməyə hazır olmalıdırlar». Yüzbaşı cəsurların cəsuru olmalıdır, əks halda o, bu rütbəni nə ala, nə də onu doğrulda bilərdi.

2) Yüzbaşı öz qulu ilə fərqli davranırdı. O, qulunu sevirdi və onun sağalması üçün əlindən gələni etməyə hazır idi. Roma qanunlarına görə, qul heç bir haqqı olmayan canlı alət idi; ağasının onun üzərində tam hüququ var idi, hətta onu öldürə də bilərdi. Romalı müəlliflərdən biri fermerə kənd təsərrüfatı alətlərinin illik inventarını aparmağı, köhnə və xarab olanları atmağı tövsiyə edir; o, qullarla da belə etməyi məsləhət görür. Adətən, işləmək qabiliyyətini itirmiş qul ölmək üçün küçəyə atılırdı. Yüzbaşının quluna münasibəti isə tamam başqa idi.

3) Yüzbaşı dindar bir adam idi. İnsan təkcə sinaqoq tikməkdə maraqlı olmamalıdır. Düzdür, romalılar nizam-intizamın qorunmasına töhfə verdiklərini düşünərək, insanların dini inanclarını təşviq edirdilər. Onlar dinə xalqın tiryəki kimi baxırdılar. Buna əsaslanaraq imperator Avqust sinaqoqların tikilməsini tövsiyə etmişdi. İngilis tarixçisi Gibbonun məşhur bir ifadəsində deyildiyi kimi: «Roma İmperiyasında mövcud olan müxtəlif dinlər sadə insanlar üçün həqiqət, filosoflar üçün yanlışlıq, hakimiyyət üçün faydalı bir şey hesab olunurdu». Lakin bu yüzbaşı inzibati hakimiyyətin ədəbsiz nümayəndəsi deyildi — o, həqiqi dindar idi.

4) Onun yəhudilərlə dostluq əlaqələri var idi. Yəhudilər bütpərəstlərə xor baxdıqlarına görə, bütpərəstlər də yəhudilərə nifrət edirdilər. Antisemitizm heç də yeni bir fenomen deyil. Romalılar yəhudiləri alçaq irq, yəhudiliyi isə barbar xurafatı adlandırırdılar, onların insanlığa hörmətsizliklərindən danışır, onları eşşək başına sitayiş etməkdə və guya hər il öz Tanrılarına yadelli bir insanı qurban gətirməkdə günahlandırırdılar. Düzdür, çoxsaylı tanrılardan və bütpərəstliyin əxlaqsız adətlərindən məyus olan bir çox bütpərəstlər yəhudilərin monoteist dinini və sərt etikasını qəbul edirdilər. Ancaq bu hekayə yüzbaşı ilə yəhudilər arasında dostluq əlaqələrinin mövcudluğundan xəbər verir.

5) Yüzbaşı təvazökar bir insan idi. O, yaxşı bilirdi ki, ortodoks yəhudiyə bütpərəstin evinə baş çəkmək, eləcə də öz evində bütpərəsti qəbul edib, onunla ünsiyyət qurmaq qadağandır (Həvarilərin İşləri 10:28). Yüzbaşı hətta şəxsən İsanın yanına gəlməyə belə cəsarət etmədi, yəhudi dostlarından Onun yanına getmələrini xahiş etdi. Başqalarına əmr etməyə öyrəşmiş insan əsl əzəmət qarşısında heyrətamiz təvazökarlıq göstərdi.

6) Yüzbaşı mömin insan idi. Onun imanı ən ağlabatan dəlillərə əsaslanırdı. O, Allah haqqında öz baxışlarına əsaslanaraq, indiki ilə gələcək dünya arasında bənzətmə aparırdı. Əgər o, yüzbaşı olaraq belə səlahiyyətə malik idisə, onda İsanın səlahiyyəti nə qədər yəqindir? O, İsanın yanında «Ya Rəbb, bilirəm ki, Sən qulumu sağalda bilərsən» deyən bir imanla gəldi. Əgər bizim də bu cür imanımız olsaydı, bizim üçün möcüzələr baş verər və həyatımız başqa cür olardı.

11-17

MƏSİHİN ŞƏFQƏTİ (Luka 7:11-17)

Bu mətndə, əvvəlki mətndə olduğu kimi, yenidən həkim Luka danışır. 10-cu ayədə «sağlam olduğunu gördülər» kimi tərcümə olunan söz sağ-salamat, 15-ci ayədə «durub oturdu» sözü isə yataqda oturan xəstəni bildirir. Nain şəhəri Kefernahumdan bir günlük piyada səyahəti qədər aralıda və Elişa peyğəmbərin şunemli qadının uşağını diriltdiyi En-dor və Şunem şəhərləri arasında yerləşirdi (2Padşahlar 4:18-37). Bu günə qədər Naindən En-dora gedən yolda ölülərin basdırıldığı qaya qəbirlərdən ibarət məzarlıq var.

Bu hekayə bir çox cəhətdən Əhdi-Cədiddə ən sevimli hekayədir.

1) O, həyatdakı kədər və iztirablardan bəhs edir. Adətən, dəfn mərasiminin başında simbal12 və tütək çalan, ciyiltili səslərlə fəryad edən peşəkar yas tutanlardan ibarət orkestr və xor olurdu. «Dul ananın yeganə oğlu» — həm sərt, həm də sadə səslənən bu cümlədə böyük kədər var.

«Elə bir gün yoxdur ki, kədər kiminsə qəlbini sındırmasın».

İngilis şairi Şelli həmkarına Con Kitsa yas tutaraq yazır:

Nə qədər ki, göy mavidir, çöllər yaşıllaşır,

Gecə keçir, yenidən səhər açılır,

İnsanlar aybaay kədərə qərq olur,

Hər yeni il yeni kədər doğurur.

Roma şairi Vergilinin13 ölməz bir ifadəsi var: «əşyalar da ağlayır». Biz sınıq qəlblər dünyasında yaşayırıq.

2) Luka bəşəriyyətin əzabından əlavə İsanın şəfqətini də təsvir edir. İsanın dul qadına rəhmi gəldi, yəni O, çox təsirləndi. Yunan dilində şəfqət sözünü daha güclü ifadə edəcək başqa söz yoxdur. Həmin söz Müjdələrdə tez-tez istifadə olunur (Matta 14:14; 15:32; 20:34; Mark 1:41; 8:2).

O dövr üçün bu, heyrətamiz möcüzə idi. Antik dövrün ən nəcib doktrinası stoisizm idi. Stoiklər hesab edirdilər ki, Allah ən çox laqeydliyi və hissizliyi ilə xarakterizə olunur. Onlar fikirlərini belə əsaslandırırdılar: əgər bir insan digərində kədər və ya təəssüf, sevinc və ya gözəl əhvali-ruhiyyə hissi yarada bilirsə, onda ən azından bir anlıq olsa belə, ona təsir edir. Əgər ona təsir edə bilirsə, deməli, ondan daha güclüdür. Amma heç kim Allahdan güclü ola bilməz; buna görə də heç kim Ona təsir edə bilməz; bu səbəbdən Allah bütün hisslərdən məhrumdur. Burada isə adamlar insan kədərindən bərk təsirlənən Allahın Oğlu haqqında heyrətamiz konsepsiya ilə qarşılaşdılar.

Böyük kədər, dərdimizə

Dərdli Adam şərik oldu.

Çoxlarımız üçün İsanın şəfqəti Allahın və Rəbbimiz İsa Məsihin Atasının ən qiymətli xüsusiyyətidir.

3) Luka təkcə İsanın şəfqətindən deyil, həm də Onun heyrətamiz qüdrətindən danışır. İsa yaxınlaşıb mafəyə toxundu: bu, tabut deyildi, çünki şərqdə insanlar tabutlarda dəfn olunmurdu; bunun üçün çox vaxt uzun hörmə zənbillər istifadə olunurdu. Budur, gərgin an yarandı. Bir şərhçinin dediyi kimi, «İsa ölümə şikar etdiyini iddia etdi».

İsa ölüm möhürü ilə möhürlənmiş bir gəncin həyatına iddia etdi. O, nəinki həyatın Ağası, həm də ölümün Ağasıdır. Çünki O, ölümə qalib gəldi və dedi: «Mən yaşadığım üçün siz də yaşayacaqsınız» (Yəhya 14:19).

18-29

SON SINAQ (Luka 7:18-29)

1) Vəftizçi Yəhya İsanın yanına adamlar göndərdi ki, Onun Gəlməli olan Məsih olub-olmadığını, yoxsa başqasının gəlməsini gözləməli olduqlarını soruşsunlar.

Belə vəziyyətdə Vəftizçi Yəhyanın açıq-aşkar şübhələri bir çox tədqiqatçıları çaşdırdı. Bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

a) Bəziləri Vəftizçi Yəhyanın şagirdlərini İsanın yanına şəxsi imanını təsdiqləmək üçün deyil, onları imanda möhkəmləndirmək üçün göndərdiyini iddia edirlər. O, Məsih barəsində tam əmin idi, lakin şübhə edən onun şagirdləri idi. Yəhya istəyirdi ki, onların da təkzibedilməz dəlilləri olsun.

b) Digərləri Yəhyanın İsanı tələsdirmək istədiyini düşünürlər, çünki o, hesab edirdi ki, qəti addım atmağın vaxtı gəlib çatıb.

c) Lakin ən yaxşısı olan — sadə izahdır. Gəlin Vəftizçi Yəhyanın hansı şəraitdə olduğunu xatırlayaq. Səhranın və ucsuz-bucaqsız çöllərin övladı olan Yəhya həbs edilmişdi. Onun vəziyyətini Şotlandiya dağlıqlarının rəhbərlərindən birinin həbs olunaraq saxlandığı və bu günə qədər qorunan zindana görə qiymətləndirə bilərik. Zindanda yalnız kiçik bir pəncərə var idi; daş divarda bu günə qədər əl və ayaq izləri görünür, burada o, hər gün həvəslə gözlərini vadiyə və təpələrin silsiləsinə dikmək üçün pəncərəyə tərəf çəkilirdi. O bilirdi ki, bir daha bu çöllükləri gəzə bilməyəcək. Dar divarlar arasında boğulan Yəhya bu sualı verdi, çünki ağır həbs şəraiti onu taqətdən salmışdı.

2) İsa Məsihin cavabına diqqət yetirin. O, faktları göstərdi. Xəstələr, əzabkeşlər və yoxsullar Xoş Xəbəri eşitdilər, Onun səlahiyyətini və qüdrətini öz üzərində hiss etdilər. Cavabında İsa sanki «Allahın rəhmi bizimlədir» deyir. Unutmayaq ki, Allahın Padşahlığı ağrının yüngülləşdiyi, kədərin sevincə çevrildiyi, əzab və ölümün qalib gəldiyi yerdir. İsa sanki dedi: «Geri qayıdıb Yəhyaya deyin ki, Allahın məhəbbəti bizimlədir».

3) Elçilər gedəndən sonra İsa Yəhyaya və onun fəaliyyətinə haqq qazandırdı. İnsanlar küləyin sarsıtdığı qamış deyil, Yəhyanı görmək və eşitmək üçün səhraya axışırdılar. Bu, iki şeydən birini ifadə edə bilər:

a) İordan çayının sahillərində ən tipik mənzərə küləklə yellənən qamışlar idi. Yellənən qamışlar atalar sözünə çevrilmişdi. Buna görə də insanlar qamışa deyil, qeyri-adi fenomenə baxmaq üçün oraya gedirdilər.

b) Lakin İsa dəyişkənliyi də nəzərdə tuta bilərdi. Yəni camaat səhraya orada küləyin təsirindən qamış kimi yırğalanan dəyişkən bir insanı yox, möhkəm ağac kimi dayanan sarsılmaz insanı görməyə gedirdi. Onlar şah sarayından olan nəfis toxunmuş paltar geymiş insanı görməyə getməmişdilər. Bəs onda nəyə baxmağa getmişdilər?

a) Birincisi, İsa Vəftizçi Yəhya haqqında xoş sözlər söylədi. O dövrdə insanlar gözləyirdilər ki, Allahın məsh olunmuş Padşahı zühur etməzdən əvvəl İlyas peyğəmbər Ona yol hazırlamaq və Onun haqqında bəyan etmək üçün qayıdacaq (Malaki 4:5). Yəhya Haqq-Taalanın müjdəçisi idi.

b) İkincisi, İsa onun məhdudiyyətlərini açıq şəkildə qeyd etdi: Allahın Padşahlığında ən kiçik olan ondan üstündür. Nəyə görə? Bəzi şərhçilər bunu Yəhyanın imanda bir anlıq olsa da, guya şübhə etməsi ilə əlaqələndirirlər. Amma əsas məsələ bunda yox, tarixi iki yerə bölən Yəhyanın dönüş nöqtəsi olmasındadır. Yəhya insanları tövbəyə çağırandan sonra İsa Məsih dünyaya zühur etdi, əbədiyyət zamana, göylərsə yer üzündəki həyata müdaxilə etdi. Allah İsa Məsihin cismində yerə gəldi və yer üzündəki həyat dəyişməli idi. Biz tarixi Məsihin doğulmasından əvvəl və Məsihin doğulmasından sonrakı dövrlərə ayırırıq. Məsih bəşəriyyətin keçmişini bu günündən, eləcə də gələcəyindən ayıran xətt üzərində dayanır. Buna görə də İsadan sonra yaşayanlar və Onu qəbul edənlərin hamısı Ondan əvvəl yaşayanlardan daha çox bəxtiyarlığı əldə edəcəklər. İsanın dünyaya zühuru zamanı, həmçinin, həyatı iki hissəyə ayırır. «...kim Məsihdədirsə, yeni yaradılışdır...» (2 Korinflilərə 5:17).

Şəhid Bilninin dediyi kimi: «İsa Məsihin günahkarları xilas etmək üçün dünyaya gəldiyini oxuyanda, sanki qaranlıq bir gecənin ortasında mənim üçün işıq parladı».

30-35

İNSANLARIN İNADKARLIĞI (Luka 7:30-35)

Bu hissədə iki xəbərdarlıq var.

1) Birincisi, mətn iradə azadlığının təhlükələrindən bəhs edir. İlahiyyatçılar və fariseylər Allahın onlara olan niyyətlərini pozmaqda müvəffəq oldular. Məsihçiliyin ən böyük həqiqəti ondadır ki, Allah Öz davamçılarını qüdrətlə deyil, məhəbbətlə cəlb edir. Burada Allahın necə kədərləndiyini görmək olar. Axı biz də sevdiyimiz insanların ölümə doğru getdiyini və onlara kömək etməyə imkan vermədiyini görəndə, bizim üçün də faciəli olur. Belə ki, onların kim ola biləcəyinə, nə baş verəcəyinə, onları hansı vəziyyətin gözləyəcəyinə yalnız heyfsilənmək qalır. Bu, həqiqətən, ürəkağrıdan haldır.

Vilyam Vatsonun «İtirilmiş işıq» şeiri fariseylərin təhlükəsindən xəbər verir:

Zərif, sadiq əllər yumşaq bir toxunuşla

İnadkar qəlbi sakitləşdirə bilərdi.

Dürüst, nurlu gözlər inadkar qəlbi sakitləşdirib,

Ataya yönəldə bilərdi.

Amma özündənrazı əllər və gözlər

Uzaq ulduzlar kimi itmiş oğulun əzablarına soyuqdur.

Həqiqətən də, «indiyə qədər deyilmiş və ya yazılmış sözlər arasında ən faciəlisi — «bu, belə ola bilərdi»« sözləridir. Gilbert K.Çestertonun dediyi kimi: «Tanrı ideal şəkildə düşünülmüş poema deyil, bir pyes yazdı və bu pyesin ifaçıları, yəni aktyorları və rejissorları böyük çaşqınlıq yaratdılar». Qoy Allah bizi azad iradəmizdən istifadə edərək, Onun niyyətlərini rədd edib, həyatımızı və Onun ürəyini qırmaqdan qorusun!

2) İkincisi, bu hissə insanların inadından bəhs edir. Vəftizçi Yəhya peyda oldu, bir zahid kimi asket həyat yaşadı, lakin ilahiyyatçılar və fariseylər dedilər ki, o, cinlərin onun ağlını əlindən alan əcaib adamdır. Ondan sonra İsa gəldi. O, adi insanların həyatını yaşayır və onlara qarışırdı, ilahiyyatçılar və fariseylər isə Onu dünya zövqlərinə meyilli olmasında ittiham etdilər. Hər kəs bilir ki, bəzən uşaqların heç nəyi bəyənmədiyi, ya da bizim hər şeydən narazı olduğumuz günlər olur. Bəzən insanın qəlbi o qədər inadla dolur ki, o, narazılığı ilə Allahın istənilən çağırışından üz döndərə bilər.

3) Ancaq bəziləri Allahın çağırışlarına cavab verir və sonda «hikmət öz övladlarının hamısı tərəfindən təsdiq olunur». İnsanlar öz iradəsindən sui-istifadə edə, Allahın iradəsini isə rədd edib, inadkar olduqlarına görə Onun bütün çağırışlarına qarşı kor və kar qala bilərlər. Əgər Allah zorakılıq göstərib, insanlara onların poza bilməyəcəyi Öz iradəsinin dəmir zəncirlərini bağlasaydı, dünya avtomatlarla dolu olardı, onda heç bir problem olmazdı. Amma Allah daha təhlükəli bir yol — sevgi yolunu seçdi. Sonda sevgi qalib gələcək.

36-50

GÜNAHKAR QADININ MƏHƏBBƏTİ (Luka 7:36-50)

Bu hadisə o qədər gözəl təsvir edilib ki, Lukanın həm də yazıçı kimi məharətini göstərir.

1) Hadisə farisey Şimonun evində baş verir. O dövrdə varlı adamların evləri bağın ortasında kvadrat formasında tikilirdi. Evin ətrafında, adətən, gözəl bağ salınır və fəvvarə olurdu. İsti mövsümdə yeməyi, adətən, orada yeyirdilər. Əgər belə bir evdə nahar yeməyində ravvin-müəllim iştirak edirdisə, onda oraya müxtəlif insanlar gəlirdi, onlara müəllimin hikmət xəzinələrini dinləməyə icazə verilirdi. Günahkar qadının nahar yeməyində iştirak etməsi elə bununla izah olunur.

Qonaq qəbul edərkən üç adət-ənənəyə əməl olunurdu: ev sahibi qonağı qarşılayır, əlini onun çiyninə qoyub, salamlayaraq öpürdü. Evin sahibi məşhur ravvinə olan hörmətini bu cür göstərirdi. Yollar, adətən, tozlu olurdu, ayaqqabılar isə səndəllərdən — yəni ayağa bağlanan qayışlı altlıqdan ibarət idi. Ona görə də qonağın ayaqları həmişə soyuq su ilə yuyulurdu ki, təravətlənsin. Bundan əlavə, xoş ətirli bir çubuq yandırılırdı, ya da qonağın üzərinə bir damcı qızılgül yağı damcıladırdılar. Yaxşı ədəb qaydaları bütün bu adətlərə riayət etməyi tələb edirdi, lakin araşdırdığımız hadisədə onların heç birinə əməl edilməmişdi.

Şərqdə insanlar süfrə başında oturmur, uzanırdılar. Onlar sol əlin dirsəyinə söykənərək alçaq çarpayılara uzanırdılar. Sağ əl boş qalırdı, həm də səndəlləri ayaqdan çıxarıb, ayaqlarını arxaya uzadırdılar. Bununla da, qadının niyə arxada, İsanın ayaqlarının yanında dayandığı izah olunur.

2) Şimon bir farisey kimi «həsr olunmuş»lardan idi. Maraqlıdır, nə üçün o, İsanı evinə dəvət etdi? Bunun üç səbəbi ola bilər.

a) Ola bilsin ki, o, İsaya heyran olub, Ona rəğbət bəsləyirdi. Çünki fariseylərin heç də hamısı Ona düşmənçilik bəsləmirdilər (Luka 13:31 ilə müqayisə edin). Amma onun İsaya qarşı nəzakətsiz davranışı belə bir ehtimalın əsassız olduğunu göstərir.

b) Bu da mümkündür ki, Şimon İsanın sözlərində və ya hərəkətlərində səhv tutmaq, sonra da Ona qarşı ittiham irəli sürmək niyyəti ilə evinə qonaq dəvət etsin. Ola bilsin, Şimon təxribatçı rolunda çıxış edirdi. Lakin bu ehtimal da əsassızdır, çünki 40-cı ayədə Şimon İsanı «müəllim» adlandırır.

c) Çox güman, Şimon məşhur insanları dəvət edən şöhrətpərəst adam idi. O, bir qədər nifrətlə gənc Qalileyalını onunla nahar etməyə dəvət edir. Bu da hörmətin adi davranış normalarına etinasızlıqla qəribə birləşməsini izah edir.

3) İsanın ayaqlarının yanında duran qadın cəmiyyət içində əxlaqsız qadın kimi tanınırdı. Şübhəsiz ki, o, izdiham içində İsanı dinləyənlərdən biri idi. Qadın İsada ona rüsvay həyatdan qurtulmağa kömək edəcək əli gördü. Bütün yəhudi qadınlarda olduğu kimi, onun boynunda da ağ mərmər bir qabda ətirli yağ var idi. Bu, çox baha yağ idi. Qadın yağı İsanın ayaqlarına tökmək istədi. Yağ onun yeganə əmlakı idi. Ancaq İsanı görəndə ağladı, göz yaşları Onun ayaqlarına süzüldü. Başıaçıq yəhudi qadının çölə çıxması ədəbsizliyin zirvəsi idi. Qız ailə qurarkən başını bağlayır və bir daha insanların arasında saçları açıq şəkildə gəzmirdi. Bu qadının isə uzun saçlarını açıq qoyması onun İsadan başqa heç kimi görmədiyini göstərir. Bu, zehnin və ürəyin İsaya fərqli münasibətini bildirir.

1) Şimonun heç nəyə ehtiyacı olmadığından məhəbbəti də yox idi. Buna görə də o, bağışlanma almadı. Şimon özünü insanların və Tanrının gözündə layiqli insan hesab edirdi.

2) Qadının isə ehtiyacı həddindən artıq böyük idi, buna görə də ehtiyacını ödəyə bilən Allaha münasibətdə məhəbbət dolu idi. O, bağışlanma aldı.

Özündənrazılıq insanları Allahdan uzaqlaşdırır. Amma maraqlısı odur ki, insan nə qədər səmimidirsə, bir o qədər günahkar olduğunu dərk edir. Həvari Paul günahkarlardan danışaraq, «günahkarlardan ən betəri mənəm» demişdi (1Timoteyə 1:15).

Assizli Fransisko14 isə deyirdi: «Heç yerdə məndən daha rəzil və bədbəxt günahkar yoxdur». Doğrudan da, yaxşı deyilib — günahın ən pisi özünü günahsız hesab etməkdir. Lakin Allaha duyulan ehtiyac hissi günahkarın üzünə həmişə bağışlanma qapısını açacaq. Çünki Allah Məhəbbətdir. Məhəbbət isə kiminsə ona hər şeydən çox ehtiyacı olanda qalib gəlir.

Azərbaycan dilində Müqəddəs Kitab

Yüzbaşının imanı
(Matta 8:5-13)
1 İsa Ona qulaq asan camaata sözlərini deyib qurtarandan sonra Kefernahuma daxil oldu. 2 Orada bir yüzbaşının çox dəyərli qulu xəstələnib ölüm yatağına düşmüşdü. 3 Bu yüzbaşı İsa haqqında eşidəndə gəlib qulunu sağaltsın deyə Yəhudilərin bəzi ağsaqqallarını Onun yanına göndərdi. 4 Onlar İsanın yanına gəlib Ona ürəkdən yalvardılar və belə dedilər: «Bu adam Sənin köməyinə layiqdir. 5 Çünki o bizim millətimizi sevir və bizim üçün sinaqoq tikdirib». 6 İsa onlarla birlikdə yola düşdü. O, evə yaxınlaşarkən yüzbaşı bəzi dostlarını yollayıb Ona belə xəbər göndərdi: «Ya Rəbb, zəhmət çəkmə. Mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. 7 Bu səbəbə görə yanına gəlməyə də özümü layiq bilmədim. Amma bir söz söylə ki, xidmətçim sağalsın. 8 Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 9 Bunu eşidən İsa yüzbaşıya heyrət etdi. O dönüb ardınca gələn camaata dedi: «Sizə deyirəm: heç İsraildə də bu qədər böyük iman görmədim». 10 Göndərilən adamlar evə qayıdanda xəstə qulun sağlam olduğunu gördülər.
Dul qadının oğlu dirilir
11 Bundan bir az sonra İsa Nain adlanan bir şəhərə getdi. İsanın şagirdləri və böyük bir izdiham Onu müşayiət edirdi. 12 O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi. 13 Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: «Ağlama!» 14 Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: «Ey cavan oğlan, sənə deyirəm: qalx!» 15 Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi. 16 Hamını qorxu bürüdü. «Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!» və «Allah Öz xalqına nəzər saldı!» – deyərək Allahı izzətləndirdilər. 17 İsa barəsindəki bu xəbər bütün Yəhudeyaya və ətraf bölgəyə yayıldı.
İsa Məsih və Vəftizçi Yəhya
(Matta 11:2-19)
18 Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağırıb 19 göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» 20 Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”» 21 Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruhlara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı. 22 İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. 23 Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»
24 Yəhyanın elçiləri getdikdən sonra İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? 25 Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözəl paltar geyinib cah-calal içində yaşayanlar padşah saraylarında qalırlar. 26 Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. 27 Bu o adamdır ki, onun haqqında yazılıb:
“Budur, Sənin önündə Öz elçimi göndərirəm.
O Sənin qabağında yolunu hazırlayacaq”.
28 Sizə deyirəm: qadından doğulanlar arasında Yəhyadan üstün olan yoxdur. Amma Allahın Padşahlığında ən kiçik olan ondan üstündür».
29 Yəhyanın vəftiz etdiyi xalqın hamısı, hətta vergiyığanlar da bunu eşitdikdə Allahın ədalətini təsdiq etdilər. 30 Amma fariseylər və qanunşünaslar Yəhyanın vəftizindən imtina etdilər və bununla Allahın onlar barəsindəki iradəsini rədd etdilər.
31 İsa sözünü davam etdirdi: «Bu nəslin adamlarını nəyə bənzədim? Onlar nəyə bənzəyir? 32 Bazar meydanında oturan və
“Biz sizə tütək çaldıq, sizsə oynamadınız,
Biz mərsiyələr oxuduq, sizsə ağlamadınız”
deyib bir-birini səsləyən uşaqlara bənzəyirlər. 33 Çünki Vəftizçi Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və siz deyirsiniz: “O, cinə tutulmuşdur”. 34 Bəşər Oğlu gəldikdə yeyib-içdi və siz deyirsiniz: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” 35 Amma hikmət öz övladlarının hamısı tərəfindən təsdiq olunur».
İsa günahkar qadını bağışlayır
36 Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə girdi və süfrəyə oturdu. 37 Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, fariseyin evində İsanın süfrəyə oturduğundan xəbər tutanda ağ mərmər bir qabda ətirli yağ gətirdi. 38 Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi.
39 İsanı evinə dəvət etmiş farisey bunu görüb öz-özünə belə dedi: «Əgər bu adam peyğəmbər olsaydı, Ona toxunanın kim və nə cür qadın olduğunu bilərdi, çünki bu qadın günahkardır». 40 İsa ona xitab edib belə söylədi: «Şimon, Mənim sənə sözüm var». O da dedi: «Müəllim, buyur». 41 «Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi. 42 Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək?» 43 Şimon cavab verdi: «Güman edirəm, o adam ki ona daha çox bağışlandı». İsa ona «düz seçmisən» dedi. 44 Sonra İsa qadına tərəf baxıb Şimona dedi: «Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim, sən Mənim ayaqlarımı yumaq üçün Mənə su da vermədin. Bu qadınsa ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi. 45 Sən Məni öpmədin, bu qadınsa Mən evə girəndən bəri ayaqlarımı hey öpür. 46 Sən başıma zeytun yağı çəkmədin. O isə ayaqlarıma ətirli yağ çəkdi. 47 Buna görə də sənə deyirəm: bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıbsa, az sevər».
48 Sonra İsa qadına dedi: «Sənin günahların bağışlandı». 49 Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladılar: «Bu adam kimdir ki, günahları da bağışlayır?» 50 Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get».