Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 6-cı fəsil

V. Barklinin şərhləri

6-cı fəsil

1-5

GÜCLƏNDİRİLMİŞ MÜXALİFƏT (Luka 6:1-5)

Bu, İsaya qarşı açıq şəkildə düşmənçiliyin sürətlə artdığını göstərən iki nümunədən biridir. Çünki İsa birbaşa Şənbə gününü pozmaqda ittiham olunurdu. İsa şagirdləri ilə birlikdə taxıl zəmilərinin arasından keçirdi. Şagirdlərin sünbül qoparması özlüyündə günah deyildi. Əhdi-Ətiqin əmrlərinin birində deyilir ki, taxıl zəmisindən keçən hər bir şəxs başaqları əlləri ilə qopara bilər, ancaq zəmiyə oraq vura bilməz (Qanunun Təkrarı 23:25). Başqa bir gündə heç kim şagirdlərə bir söz belə deməzdi; lakin onlar bunu Şənbə günü edirdilər. Şənbə günü taxıl biçmək, taxıl döymək, xırmanı sovurmaq və yemək bişirmək qadağan edilirdi. Belə baxanda, şagirdlər bu dörd qadağanın hamısını pozmuşdular. Sünbülləri qoparmaqla onlar sanki taxıl biçirdilər, ovuclarında ovub qabıqlarını təmizləməklə taxıl döyürdülər və beləcə xırmanı sovurmaq qadağasını pozmuş olurdular. Buğdanı yedikdə isə sanki Şənbə günü yemək hazırlayırdılar. Bütün bunlar bizə son dərəcə qəribə görünə bilər, amma unutmayaq ki, tələbkar fariseylərin nəzərində bu, ölümcül günah sayılırdı: Qanunun qaydaları pozulmuşdu, bu isə ölüm-dirim məsələsi idi.

Fariseylər şagirdləri ittiham etdilər, lakin İsa onlara cavab olaraq Əhdi-Ətiqdən sitat gətirdi. O, 1Şamuel 21:1-6-da bəhs olunan bir hadisədən — padşah Davud və adamlarının ac olduqları vaxt Məbəddə təqdis çörəklərini necə yediklərindən danışdı. Hər Şənbə günü səhər Allahın hüzurunda Müqəddəs yerdə on bir dəfə ələnmiş undan bişən on iki çörək qoyulurdu. İsrailin hər qəbiləsinin sayına görə bir çörək təqdim olunurdu. İsa Məsihin dövründə həmin təqdis çörəkləri uzunluğu 90 santimetr, eni 50 santimetr, hündürlüyü isə 20 santimetr olan nəhəng qızıl masanın üzərinə qoyurdular. Masa Məbəddə Müqəddəs yerin şimal divarı boyunca qoyulurdu. Təqdis çörəkləri Rəbbə təqdim olunurdu, onları ancaq kahinlər yeyə bilərdilər (Levililər 24:5-9). Lakin padşah Davudun ehtiyacı norma və qaydalardan daha üstün idi.

Ravvinlərin özləri deyirdi: «Siz Şənbə üçün yox, Şənbə sizin üçün yaradılıb». Beləcə ravvinlər ən yaxşı əsaslandırmalarında etiraf edirdilər ki, insanın ehtiyacı mərasim qanunlarından daha üstündür. Əgər onlar insan ehtiyaclarının qanundan üstün olduğunu hesab edirdilərsə, onda Bəşər Oğlu Öz məhəbbətində və mərhəmətində Şənbə gününün Ağası kimi Şənbədən üstün deyilmi? Məhəbbətini göstərməsi üçün Onun Şənbə günündən istifadə etməsi daha yəqin deyilmi? Fariseylər mərhəmət tələblərini unutmuşdular, çünki onlar qanunun qaydalarına həddindən çox bağlanmışdılar. Bundan başqa, onların İsanı və Onun şagirdlərini zəmilərdən keçərkən izləmələri böyük maraq oyadır. Aydındır ki, onlar İsanı addımbaaddım izləyir, həmin andan etibarən isə açıq-açığına hər addımını tənqidi və düşməncəsinə qarşılayırdılar.

Bu hissədə biz mühüm bir həqiqətə rast gəlirik. İsa fariseylərdən soruşdu: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı?» Təbii ki, onlar müsbət cavab verdilər, lakin heç vaxt oxuduqlarının əsl mənasına varmamışdılar. Müqəddəs Kitabı diqqətlə oxumaq, əvvəlindən axırına kimi yaxşı bilmək, ondan sərbəst şəkildə sitat gətirmək və istənilən imtahanından keçmək, amma əsl mənasını dərk etməmək də olar. Nə üçün fariseylər Müqəddəs Kitabın əsl mahiyyətini dərk etmirdilər? Nə üçün biz də çox vaxt Müqəddəs Kitabın əsl mənasını dərk etmirik?

1) Çünki onlar Müqəddəs Yazılara obyektiv yanaşmırdılar. Onlar Müqəddəs Yazıları Allahın iradəsini öyrənmək üçün yox, orada öz fikirlərini və ideyalarını dəstəkləyən sitat tapmaq üçün öyrənirdilər. Çox vaxt insanlar ilahi prinsiplərini Müqəddəs Kitabda tapmaq əvəzinə, öz ilahiyyatını ona əlavə edirlər. Onu oxuyarkən biz «Ya Rəbb, eşit, qulun Səninlə danışır» deyil, «Ya Rəbb, danış, çünki qulun Səni dinləyir» deməliyik.

2) Onlar Müqəddəs Kitabı susayaraq oxumurdular. Ehtiyac nə olduğunu bilməyən insan heç vaxt Müqəddəs Yazıların dərin mənasını dərk edə bilməz. İnsan ehtiyac içində olanda Müqəddəs Kitab onun üçün yeni məna kəsb etməyə başlayır. Yepiskop Batler öləndə, onu narahatlıq hissi bürümüşdü.

  • Əlahəzrət, — kahin ona dedi, — məgər siz İsa Məsihin Xilaskar olduğunu unutmusunuz?

  • Mən haradan bilim ki, O mənim Xilaskarımdır? — deyə yepiskop cavab verdi.

  • Müqəddəs Yazıda deyilir ki, yanıma gələni heç vaxt kənara atmaram.

Batler buna belə cavab verdi:

  • Mən bu sözləri min dəfə oxumuşam, amma bu günədək onların əsl mənasını anlamamışam. İndi rahat ölə bilərəm.

Canının xilasına ehtiyac duyması onun üçün Müqəddəs Yazıların xəzinələrini açdı. Biz Allahın Kəlamını qərəzsiz və susamış ürəklə oxumalıyıq. O zaman Müqəddəs Kitab bizim üçün dünyanın ən böyük kitabı olacaq.

6-11

İSA MƏSİHİN AÇIQ MEYDAN OXUMASI (Luka 6:6-11)

Bu vaxt İsanın rəqibləri artıq açıq-aydın şəkildə Ona qarşı çıxırdılar. O, Şənbə günü sinaqoqda öyrədirdi. İlahiyyatçılar və fariseylər isə İsanın Şənbə gününü pozmaqda ittiham etmək üçün, Onun kimisə sağaldıb-sağaltmadığını görməkdən ötrü oraya gəlirdilər. Biz burada maraqlı bir nüansı qeyd edə bilərik. Mattanın Müjdəsi 12:10-13-də və Markın Müjdəsi 3:1-6-da təsvir edilən hadisəni Lukanın Müjdəsindəki hadisə ilə müqayisə etsək, görəcəyik ki, yalnız Luka əli qurumuş adamın sağ əlinin xəstə olduğunu göstərir. Bəli, burada baş verənlərin təfərrüatları ilə maraqlanan və danışan həkimdir.

İsa Məsih həmin adama şəfa verməklə açıq şəkildə qanunu pozdu. Müalicə etmək işləmək demək idi, Şənbə günü işləmək isə qadağan idi. Düzdür, əgər xəstəlik xəstənin həyatı üçün təhlükə yaradırdısa, ona kömək etmək olardı. Məsələn, qanun göz və ya boğaz xəstəliklərində kömək etməyə icazə verirdi. Lakin bu adam heç bir təhlükəyə məruz qalmadan rahatlıqla sabahı gözləyə bilərdi. İsa Məsih isə vacib bir prinsip qoydu: qanundan və qaydalardan asılı olmayaraq, Şənbə günü yaxşı iş görən doğru edir. İsa sual verdi: «Sizdən soruşuram, hansına icazə var, Şənbə günü kiminsə canını xilas etməyə, yoxsa məhv etməyə?» Fariseylər bu sualın nəyə eyham olunduğunu başa düşmüşdülər, çünki İsa əli qurumuş adamı sağaltdığı vaxt onlar İsanı öldürmək üçün əllərindən gələni etməyə çalışırdılar. İsa bir can qurtarmağa, onlar isə onu məhv etməyə çalışırdılar.

Bu hekayədə üç personaj canlanır.

1) Birincisi, əli qurumuş adam. Onun haqqında aşağıdakıları qeyd etmək olar:

a) Apokrif Müjdələrin birində, yəni Əhdi-Cədiddə yer almayan Müjdələrin birində bu adamın bənna olduğunu və İsanın yanına gələrək «Mən bənna idim, zəhmətimlə çörək pulu qazanırdım. Yalvarıram Sənə, məni sağlamlığıma qovuşdur, çünki dilənməyə utanıram» deyə qeyd edilir. O, zəhməti ilə pul qazanmaq istəyən insan idi. Allah həmişə halallıqla işləməyə çalışan insana rəğbətlə baxar.

b) O, qeyri-mümkün olanı sınamağa hazır olan bir insan idi. İsa ona qurumuş əlini uzatmağı təklif edəndə, o, mübahisə etmədi, əksinə, itaət etdi və İsanın ona verdiyi qüdrətlə şəfasına qovuşdu. Ümumiyyətlə, «mümkün deyil» ifadəsi məsihçilərin lüğətindən xaric edilməlidir. Böyük bir alimin dediyi kimi: «Çətin və qeyri-mümkünün arasındakı yeganə fərq — qeyri-mümkün olanın daha çox vaxt tələb etməsindədir».

2) İkincisi, İsa Məsih. Burada cəsarətlə meydan oxumanın gözəl atmosferi hiss olunur. İsa bilirdi ki, Onu diqqətlə izləyirlər, lakin bir an belə tərəddüd etmədən əli qurumuş adamı sağaltdı. O, həmin adama ayağa qalxıb ortaya çıxmasını əmr etdi. Belə bir işi hansısa bir küncdə etmək olmazdı. Veslinin vəzçilərindən birinin düşmən şəhərinə gedib təbliğ etməsi barədə bir hekayə var. Həmin vaiz şəhər meydanında toplantı barədə elan etmək üçün köməkçi olaraq özünə şəhər carçısı tutmuşdu. Lakin carçı bu barədə qorxa-qorxa elan edirdi. Onda vaiz onun əlindən zəngi alıb çaldı və var-gücü ilə qışqırdı: «Bu axşam filan vaxtı, filan yerdə filankəs təbliğ edəcək. Həmin şəxs mənəm». Əsl məsihçi düşmənin onu qorxutmağa cəhd etməsindən asılı olmayaraq, öz iman bayrağını ləyaqətlə ucaldır.

3) Nəhayət, fariseylər. Onlar xəstəyə şəfa Verənə var gücü ilə nifrət edirdilər. Onlar bizim üçün öz qayda-qanunlarını Allahdan daha çox sevən insanların bariz nümunəsidir. Biz bunun imanlı cəmiyyətində dəfələrlə baş verdiyini görürük. Mübahisə iman məsələlərinə deyil, cəmiyyət idarəçiliyinə və s. kimi məsələlərə yönəlir. Bir dəfə Leyton belə demişdi: «İmanlı cəmiyyətinin idarəçiliyi ümumi qaydalara tabe deyil; lakin sülhün, həmfikir olmanın, sevginin və qeyrətin orada hökm sürməsi məcburidir». Hətta bu gün də sistemə sədaqətin Allaha sədaqətdən üstün olmaq təhlükəsi var.

12-19

İSA HƏVARİLƏRİNİ SEÇİR (Luka 6:12-19)

Burada İsa Məsih həvarilərini seçir. Nə üçün onları seçdiyini bilmək maraqlı və faydalı olardı; çünki Onun eyni səbəblərə görə insanlara ehtiyacı vardı.

1) Markın Müjdəsi 3:14-də deyilir ki, İsa bu adamları «Onun yanında olsunlar» deyə seçdi. Bunu iki səbəbə görə etdi:

  1. İsa onları Özünə dost olaraq seçdi. İsanın insan dostluğuna ehtiyac duyması təəccüblüdür. Məsihçi inancının mahiyyəti bizə ehtiram və təvazökarlıqla deməyə imkan verir ki, Allah insanlarsız xoşbəxt deyil. Çünki Allah Atadır. Hər insan Onun vasitəsilə xilas olana qədər Onun ürəyi sızlayır.

  2. İsa sonun yaxınlaşdığını bilirdi. Əgər O, başqa bir zamanda yaşasaydı, bəlkə də, təlimini bütün bəşəriyyətin mülkiyyətinə çevirəcək bir kitab yazardı. Lakin həmin şəraitdə İsa ona görə şagirdlər seçdi ki, Öz təlimini onların ürəyində həkk edə bilsin. Onlar bir gün bütün insanlara Xoş Xəbəri çatdırmaq üçün hər yerdə İsanın ardınca getməli idilər.

2) İsa Məsih şagirdlərini davamçılarının arasından seçdi. Onlar getdikcə daha çox İsa haqqında öyrənməyə çalışırdılar. Əsl məsihçi Rəbb ilə üz-üzə görüşməli, Onun Kim olduğunu tanımalı, Rəbb haqqında getdikcə daha çox öyrənən adamdır.

3) İsa onları həvari olmaq üçün seçdi. Yunanca həvari sözü göndərilmiş deməkdir, elçi və ya səfirə şamil edilir. Həvarilər Onun elçiləri olmalı idilər. Bir dəfə balaca bir qız uşaq ibadətində Məsihin şagirdləri haqqında dərsə qulaq asırdı. O, həvari sözünün mənasını tam başa düşməmişdi, çünki hələ çox balaca idi. Evə gələndə valideynlərinə dedi ki, dərsdə İsanı əks etdirən insanlar haqqında danışırdılar.

Səfir — öz ölkəsini başqa ölkədə təmsil edən şəxsdir. O, ölkəsinin etibarlı bir modelidir. O, ölkəsi barədə fikirlər yaradan etibarlı nümunədir. Məsihçi təkcə sözdə deyil, bütün həyatı və əməlləri ilə Məsihin həqiqi elçisi olmalıdır.

Həvarilər haqqında bunları qeyd etmək olar:

1) Onlar adi insanlar idi. Onların arasında nə varlı, nə məşhur, nə nüfuzlu, nə də xüsusi təhsili olan adam var idi. Bu adamlar sadə xalqın nümayəndələri idi. İsa Məsih sanki deyirdi: «Mənə on iki sadə insan verin, Mən dünyanı dəyişdirəcəyəm». İsa Məsihin işi böyük adamların əlində deyil, sizin və mənim kimi adi insanların əlindədir.

2) Onlar qəribə birlik təşkil edirdilər. Məsələn, onlardan ikisini — Mattanı və Millətçi adlanan Şimonu götürək. Matta vergiyığan idi, ona görə də satqın və dönük idi. Millətçi adlanan Şimon isə fanatik millətçi idi. O, hər an xainləri və hər bir romalını öldürməyə hazır idi. Lakin vergiyığan Matta və Millətçi Şimon həvarilər arasında sülh içində yaşayırdılar. Bu da Məsihin möcüzələrindən biri idi. Həqiqi məsihçilər nə qədər fərqli olsalar da, sülh və harmoniya içində yaşamağı bacarırlar. Gilbert Çesterton9 və onun qardaşı Sesil haqqında belə deyilirdi: «Onlar həmişə mübahisə edir, amma heç vaxt dalaşmırdılar». İnsanların uyğunsuzluq problemləri yalnız Məsihdə həll edilə bilər. Çünki bir-birinin tam əksi olan insanlar Məsihə bəslənən məhəbbətdə birləşə bilərlər. Əgər biz, həqiqətən, Onu seviriksə, onda bir-birimizi sevəcəyik.

20-26

DÜNYA MALININ HÜDUDLARI (Luka 6:20-26)

Lukanın Müjdəsində İsanın vəzi əsasən Mattanın Müjdəsindəki Dağüstü Vəzə uyğundur (Matta 5-7). Vəzlərin hər ikisi bəxtiyarlıq siyahısı ilə başlayır. Lukanın və Mattanın versiyaları arasında fərq var, lakin bir şey aydındır — bu vəzlərin hər ikisi insanların qəlblərini və düşüncələrini xüsusi bir şəkildə sarsıtmaq və dəyişdirmək qabiliyyətinə malikdir. Onlar filosofun və ya müdrikin tərtib edə biləcəyi qanunlara oxşamır. Bəxtiyarlıqların hər biri müəyyən çağırışdır.

Deyslann onlar haqqında belə deyir: «İsanın vəzi gərgin bir atmosferdə elan olunmuşdu. Bu, sakitcə parlayan ulduzlar deyil, heyrət və dəhşət ildırımları ilə müşayiət olunan şimşək çaxmasıdır». Bu vəzlər bütün ümumi qəbul edilmiş normaları alt-üst edir. İsanın xoşbəxt adlandırdığı adamları dünya bədbəxt adlandırır; İsanın bədbəxt adlandırdığı adamları isə dünya xoşbəxt sayır. Təsəvvür edin ki, kimsə belə deyir: «Nə xoşbəxtdir yoxsul olanlar, vay varlıların halına!» Bu cür demək dünyəvi rifah barədə anlayışları tamamilə yox etmək deməkdir.

Bəs bunun açarı haradadır? Biz onu 24-cü ayədə tapırıq. İsa Məsih deyir: «...vay halınıza, ey varlılar! Çünki artıq təsəllinizi almısınız». Başqa sözlə, siz istədiyiniz bütün nemətləri almısınız. İsanın işlətdiyi və almısınız kimi tərcümə olunan söz hesabın tam şəkildə ödənilməsi deməkdir. İsa sanki deyir: «Əgər siz bütün varlığınızla dünya malını əldə etməyə çalışır və bunun üçün bütün gücünüzü sərf edirsinizsə, onu əldə edəcəksiniz. Amma bundan başqa heç vaxt heç nə əldə etməyəcəksiniz». Bir sözlə, «siz həlak oldunuz». «Ancaq nə olursa-olsun, Allaha və Məsihə sədaqətinizi qorumaqdan ötrü var-gücünüzlə səy göstərsəniz, başınıza hər cür bəlalar gələcək; dünyanın gözündə siz bədbəxt görünəcəksiniz, buna baxmayaraq, mükafat alacaqsınız. Bu mükafat əbədi sevinc olacaq». Burada uşaqlıqdan tutmuş son günümüzə qədər dəyişməz seçimlə üzləşirik. Siz dərhal həzz və qazanc vəd edən asan yolu tutacaqsınız? Yoxsa sizdən böyük zəhmət tələb edən, bəlkə də, əziyyətlə dolu çətin yolu seçəcəksiniz? Bu fani zövqlərdən və qazancdan yapışacaqsınız, yoxsa daha böyük xeyir-duanı əldə etməkdən ötrü gözləməyə hazır olub, fani şeyləri qurban verəcəksiniz? Siz səylərinizi dünyəvi sərvətlərə sərf edəcək, yoxsa bütün diqqətinizi Məsihə yönəldəcəksiniz? Əgər dünyəvi yolu seçsəniz, Məsihin xeyir-dualarından əl çəkməlisiniz. Əgər Məsihə xidmət etməyi seçsəniz, dünyanın zövqlərindən uzaq durmalısınız.

İsa Məsih bu iki yoldan hansının xoşbəxtliyə aparacağını aydın şəkildə göstərdi. F.R.Molbi deyirdi: «İsa Məsih şagirdlərinə vəd etdi ki, onlar qorxmaz, qəribə şəkildə xoşbəxt və daima təqiblərə məruz qalacaqlar». Öz prinsiplərinə görə həmişə böyük bəlalar yaşayan G.K.Çesterton bir dəfə belə demişdi: «Mən isti suyu sevirəm. Çünki o, çirki təmizləyir». İsanın təliminin mahiyyəti ondan ibarətdir ki, insanların Göylərdə alacağı sevinc yer üzündə çəkdikləri əzab və təqiblərə görə artıqlaması ilə mükafatlandırılacaqlar. Həvari Paulun dediyi kimi: «...müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır» (2Korinflilərə 4:17).

Bu bəxtiyarlıqlar insanı seçim qarşısında qoyur: «Sən dünya yolunda, yoxsa Məsihin yolunda xoşbəxt olacaqsan?»

27-38

QIZIL QAYDA (Luka 6:27-38)

İsa Məsihin heç bir əmri düşmənlərimizi sevmək əmri qədər müzakirələrə və mübahisələrə səbəb olmamışdır. Həmin əmri yerinə yetirməzdən əvvəl bunun nə demək olduğunu başa düşmək lazımdır. Yunan dilində sevmək mənasını verən üç söz var. Birincisi, eran sözüdür — kişinin qadına bəslədiyi ehtiraslı sevgi. İkincisi, fileyn sözüdür — insanın öz yaxınlarına, əzizlərinə bəslədiyi məhəbbət, yəni ürək bağlılığı bildirir. Amma burada İsa üçüncü mənada işlənilən agapan sözünü işlədir. Buna görə, gəlin bu sözə daha yaxından nəzər salaq. Agapan sözü qonşuya qarşı səmimi şəkildə bəslənilən xeyirxahlıq hissini ifadə edir. Bizə nə etməsindən asılı olmayaraq, biz ona yaxşılıqdan başqa nəsə arzulamağı özümüzə heç vaxt icazə verməyəcəyik və şüurlu şəkildə onunla mehriban davranmaq üçün hər cür səy göstərəcəyik. Bu vacibdir. Axı biz düşmənlərimizi yaxınlarımızı və əzizlərimizi sevdiyimiz qədər sevə bilmərik. Bu, qeyri-təbii, qeyri-mümkündür, hətta yanlış olardı. Amma biz onun hərəkətlərindən, təhqirindən, pis rəftarından və zərər verməsindən asılı olmayaraq, ona yalnız yaxşılıq arzulamaq üçün səy göstərə bilərik.

Buradan mühüm bir həqiqət ortaya çıxır. Yaxınlarımıza və əzizlərimizə olan sevgi bizim şüurumuzdan və iradəmizdən asılı deyil. Biz sadəcə sevirik. Düşmənlərimizə göstərdiyimiz məhəbbət isə ürəkdən çox iradəmizdən asılıdır. Məsihin lütfü ilə biz sevgini içimizdə oyandıra və göstərə bilərik.

Bu hissə məsihçi etikasına dair iki mühüm faktı ortaya qoyur.

1) Məsihçi etikası müsbətdir. O, müsbət şeylər etməyə çalışması ilə xarakterizə olunur. İsa Məsih bizə Qızıl qayda verir, bu da başqalarından gözlədiyimizi onlar üçün etməyimizi tələb edir. Həmin qaydaya mənfi formada müxtəlif inanclı bir çox yazıçılarda rast gəlmək olar. Bir adam böyük yəhudi müəllimi olan Hilleldən bir ifadə ilə ona bütün qanunu öyrətməsini xahiş edəndə, Hillel belə cavab vermişdi: «Özünə rəva bilmədiyin şeyi başqasına etmə. Bütün qanun bundan ibarətdir, qalan hər şey onun təfsiridir». İsgəndəriyyənin böyük yəhudisi Filon belə demişdi: «Sevmədiyin şeyləri başqasına etmə». Yunan natiq İsokrat öyrədirdi: «Səni qıcıqlandıran şeyləri başqalarına etmə». Stoiklərin əsas qaydalarından biri belə idi: «Özün üçün istəmədiyini başqasına etmə». Konfutsidən hər insan üçün qayda ola biləcək bir sözün mövcud olub-olmadığını soruşanda, Konfutsi belə cavab vermişdi: «Qarşılıqlıq. Özün üçün rəva bilmədiyini başqasına etmə».

Yuxarıdakı ifadələrin hamısı mənfi şəkildə səslənir. Onlardan çəkinmək o qədər də çətin deyil; amma başqalarına bizimlə rəftar etmələrini istədiyimiz kimi davranmaq, başqa məsələdir. Məsihçi etikasının mahiyyəti pis əməllərdən çəkinmək deyil, Allaha xoş olan əməlləri səylə yerinə yetirməkdir.

2) Məsihçi etikası «iki min addım yol»a əsaslanır (Matta 5:41-ə bax). İsa adi davranışın müxtəlif aspektlərini sadalayır və dərhal «hansı tərifə layiqsiniz?» sualı ilə onların hamısını rədd edir. İnsanlar tez-tez qonşularından heç də daha pis olmadıqlarını iddia edirlər. Bəlkə də bu, belədir. Amma İsa Məsih soruşur: «Siz adi insandan nə qədər yaxşısınız?» Özümüzü qonşu ilə müqayisə etmək lazım deyil. Bəlkə də qonşu ilə müqayisədə daha yaxşı olmağımız mümkündür; lakin biz öz əməllərimizi Allahın hərəkətləri ilə müqayisə etməliyik, onda onlar bizi ifşa edəcək.

3) Bəs bu cür məsihçi həyat tərzinə ruhlandıran nədir? Bizim arzularımız Allahın arzularına bənzəyəcək. Çünki O, yağışını həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Allah Onu sevindirən və incidən insana qarşı mərhəmətlidir; O, məhəbbətini möminlərə və günahkarlara bərabər şəkildə göstərir. Məhz bu cür sevgiyə köklənmək lazımdır; əgər biz düşmənlərimizə yaxşılıq etməyə can atsaq, həqiqətən, Allahın övladları olacağıq.

38-ci ayədə qəribə bir ifadə ilə rastlaşırıq: «sizə qucaq-qucaq veriləcək». Məsələ bundadır ki, yəhudilər beldən kəmərlə bağlanan topuqlarına qədər uzun mantiya geyirdilər. Ətəyi qatlayıb içində nəsə daşımaq olardı. Ona görə də müasir dillə desək, bu fikri belə ifadə etmək olar: «Çantanın ağzınadək tökəcəklər».

39-46

HƏYAT STANDARTLARI (Luka 6:39-46)

Mətn bir sıra fərdi ifadələrdən ibarətdir. Gəlin iki ehtimal təsəvvür edək. Ola bilsin, Luka İsa Məsihin müxtəlif məsələlərə dair dediklərini bir araya gətirib, bununla da həyat üçün bir növ qaydalar və normalar toplusunu təqdim edir. Ola da bilsin ki, bu, yəhudi vəzlərinin bir nümunəsidir. Yəhudilər təbliğə karaz deyirdilər, bu da muncuqları bir-birinin ardınca düzmək deməkdir. Ravvinlər hesab edirdilər ki, təbliğçi mövzunu qısa izah etməli və dinləyicilərin marağı itməsin deyə tez başqa mövzuya keçməlidir. Bu səbəbdən yəhudi vəzləri əlaqəsiz mövzular toplusu kimi görünə bilər. Bu parça dörd hissəyə bölünür:

1) 39 və 40-cı ayələr. İsa qeyd edir ki, müəllim şagirdinə öz bildiyindən çox şey verə bilməz. Bununla O bizə də xəbərdarlıq edir ki, biz ən yaxşı müəllimə müraciət etməliyik. Çünki O bizə daha çox bilik verə bilər. Digər tərəfdən, nəzərə almalıyıq ki, özümüzün bilmədiyi şeyləri başqalarına öyrədə bilmərik.

2) 41 və 42-ci ayələr. İsa sanki zarafatla Öz dinləyicilərinə gözündə tir ola-ola qardaşının gözündəki çöpü çıxarmağa çalışan adamı təsvir edir. İsa Məsih öyrədir ki, heç kimin nöqsanı ola-ola başqalarını tənqid etməyə haqqı yoxdur. Başqa sözlə desək, biz başqalarını qətiyyən tənqid etməməliyik, çünki «ən yaxşı insanların belə daxilində pisliklər var, ən pis insanlarda isə elə əxlaq ola bilər ki, günahı onun üzərinə atmaq çətin olsun».

3) 43 və 44-cü ayələrdə Məsih bizə xatırladır ki, insanı yalnız bəhrələrinə görə mühakimə etmək olar. Bir dəfə bir müəllimə dedilər: «Mən sizin nə dediyinizi eşitmirəm, çünki əməlləriniz sözlərinizi batırır». Tədris və təbliğ — «insan tərəfindən ifadə edilən həqiqətdir». Yaxşı sözlər heç vaxt yaxşı əməlləri əvəz edə bilməz. Bunu bu gün də xatırlatmağa dəyər. Bizi müxtəlif ictimai hərəkatlar narahat edir. Biz bu hərəkatlara tək kitablarla, pamfletlərlə10, müzakirələrlə qalib gələ bilmərik. Məsihçiliyin üstünlüyü ruhani insanın imtiyazlarını üzə çıxaran həyatda özünü göstərir.

4) 45-ci ayə. İsa Məsih insanlara xatırladır ki, ağız ürəkdə baş verənlərdən xəbər verir. Əgər qəlbdə Allahın Ruhuna yer yoxdursa, ağız Allah haqqında danışa bilməz. Əgər insan diqqətlə söz seçmirsə və sərbəst danışırsa, yəni ağlına gələni deyirsə, heç bir şey insanın ürəyinin vəziyyətini onun danışığı qədər aydın göstərə bilməz. Əgər yoldan keçən adamdan filan yerin harada olduğunu soruşsanız, biri kilsənin, o biri filan kinoteatrın, digəri stadionun, dördüncüsü pivəxananın yaxınlığında olduğunu söyləyəcək. Təsadüfi verilən suala cavablar insanın düşüncələrinin və maraqlarının harada olduğunu göstərir. Bizim nitqimiz bizi ifşa edir.

47-49

YEGANƏ HƏQİQİ TƏMƏL (Luka 6:47-49)

Bu məsəlin arxasında nə olduğunu aydın başa düşmək üçün biz onu Mattada da nəzərdən keçirməliyik (Matta 7:24-27). Lukanın Müjdəsində çaylara lazımi yer verilmir, çünki Luka İsrail əsilli olmadığına görə oranın şəraiti haqqında dəqiq təsəvvürə malik deyildi, Matta isə İsraildə yaşadığına görə oranı yaxşı tanıyırdı. Məsələ burasındadır ki, İsraildəki çaylar qumlu çaylaq yaradaraq yayda tamamilə quruyurdu. Lakin sentyabrda yağışlar başlayandan sonra quru çaylaqlar coşqun axınlara çevrilirdi. Çox vaxt insanlar ev tikmək üçün yer axtaranda əlverişli qumlu ərazilər tapıb orada ev inşa edirdilər. Yalnız daşqın zamanı evi dağıdan gur çayın ortasında ev tikdiklərindən xəbər tuturdular. Müdrik adam ev tikmək üçün qayalıq axtarırdı. Orada ev tikmək daha çətin idi. Çünki bünövrəni qoymaq üçün əvvəlcə çox iş görmək lazım idi. Qış gələndə isə o, layiqincə mükafatlandırılırdı, onun evi möhkəm və etibarlı yerdə dayanırdı. Həm Lukada, həm də Mattada qeyd olunan bu məsəl həyatı möhkəm təməl üzərində qurmağın nə qədər vacib olduğunu göstərir. Həm də nəzərə almaq lazımdır ki, yeganə düzgün təməl — İsa Məsihin təlimidir. Bəs ağılsız bənnanın qərarını necə izah etmək olar?

1) O, az işləməyə çalışırdı. Evin bünövrəsini qoymaq üçün qayanı oymaq çox çətin və yorucu işdir. Evi qum üzərində inşa etmək daha rahat və asandır. İsa Məsihin ardınca getməkdənsə, öz yolumuzla getmək bizim üçün daha asan ola bilər, lakin öz yolumuzda məhv olacağıq; İsa Məsihin yolu isə bizi həm bu dünyada, həm də o biri dünyada xoşbəxt həyata aparır.

2) O, uzaqgörən deyildi. O, altı aydan sonra evlə nə baş verəcəyini heç düşünmürdü. Həyatda hər bir qərar həm indiki vəziyyətə, həm də rifah naminə gələcəyə nəzər salmaqla qəbul edilir. Gələcəkdə əldə edəcəyi rifahı fani zövqlərə dəyişməyən insan nə xoşbəxtdir. Hər şeyə bu günün nöqteyi-nəzərindən deyil, əbədiyyət nöqteyi-nəzərindən yanaşan adam nə xoşbəxtdir. Çətin yolun çox vaxt ən yaxşısı olduğunu və uzaqgörənliyin dünyanı dərk etməyin düzgün yanaşma olduğunu başa düşəndə, ​​həyatımızı İsa Məsihin təliminə əsaslandıracağıq. Onda heç bir tufan həyatımızı sarsıda bilməz.

Azərbaycan dilində Müqəddəs Kitab

Şənbə günü haqqında təlim
(Matta 12:1-8; Mark 2:23-28)
1 Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri sünbülləri qırır və ovuclarında ovub yeyirdilər. 2 Fariseylərdən bəzisi dedi: «Siz nə üçün Şənbə günü qadağan olunan işləri görürsünüz?» 3 İsa onlara cavab verdi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı? 4 O, Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini götürüb yedi, yanındakılara da verdi». 5 Sonra İsa onlara dedi: «Bəşər Oğlu Şənbə gününün Sahibidir».
Əli qurumuş adamın şəfası
(Matta 12:9-14; Mark 3:1-6)
6 Başqa bir Şənbə günü İsa yenə də sinaqoqa girib təlim öyrədirdi. Orada sağ əli qurumuş bir adam var idi. 7 İlahiyyatçılar və fariseylər İsanı ittiham etməyə bəhanə tapmaq üçün Ona göz qoyurdular ki, görsünlər, Şənbə günü şəfa verəcək ya yox. 8 Amma İsa onların nə düşündüklərini bilib əli qurumuş kişiyə dedi: «Ayağa qalx və qabağa çıx!» O adam da ayağa qalxıb ortaya çıxdı. 9 Sonra İsa onlara dedi: «Sizdən soruşuram, hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas, yoxsa məhv etməyə?» 10 İsa ətrafındakıların hamısına baxdı və o adama dedi: «Əlini uzat!» O da elə etdi və əli əvvəlki halına qayıtdı. 11 Onlarsa qəzəbdən coşub İsaya nə edə biləcəkləri barədə bir-biri ilə müzakirə etməyə başladılar.
On İki şagird
(Matta 10:1-4; Mark 3:13-19)
12 O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi. 13 Gün açılanda şagirdlərini yanına çağırdı və onlardan on iki nəfəri seçib həvari adlandırdı: 14 Peter adını verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yəhya, Filip, Bartalmay, 15 Matta, Tomas, Halfay oğlu Yaqub, Millətçi adlanan Şimon, 16 Yaqub oğlu Yəhuda və sonralar xəyanətkar olan Yəhuda İskaryot.
İsa xəstələrə şəfa verir
(Matta 4:24-25; Mark 3:7-12)
17 İsa onlarla birgə aşağı endi və düzəngahda dayandı. Orada çox sayda şagirdlərindən ibarət izdiham var idi. Bütün Yəhudeyadan, Yerusəlimdən, Sur və Sidon yaxınlığındakı sahil bölgələrindən çoxlu adam 18 Onu dinləmək və öz xəstəliklərindən sağalmaq üçün gəlmişdi. Natəmiz ruhlardan əzab çəkənlər də şəfa tapdılar. 19 Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrət hamını sağaldırdı.
İsanın Dağüstü vəzi
(Matta 5:1-12)
20 İsa Öz şagirdlərinə nəzər salıb dedi:
«Nə bəxtiyarsınız, ey yoxsullar!
Çünki Allahın Padşahlığı sizindir.
21 Nə bəxtiyarsınız, ey indi aclıq çəkənlər!
Çünki doyacaqsınız.
Nə bəxtiyarsınız, ey indi ağlayanlar!
Çünki güləcəksiniz.
22 Bəşər Oğluna görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə nə bəxtiyarsınız! 23 O gün sevinin və sevincdən atılıb-düşün! Çünki göydə mükafatınız böyükdür. Axı onların ata-babaları da peyğəmbərlərlə belə davranıb.
24 Amma vay halınıza, ey varlılar!
Çünki artıq təsəllinizi almısınız.
25 Vay halınıza, ey indi tox olan sizlər!
Çünki aclıq çəkəcəksiniz.
Vay halınıza, ey indi gülənlər!
Çünki yas tutub ağlayacaqsınız.
26 Bütün adamlar sizin barənizdə yaxşı şeylər danışanda vay halınıza! Axı onların ata-babaları da yalançı peyğəmbərlərlə belə davranıb.
Düşmənlərinizi sevin
(Matta 5:38-48)
27 Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, 28 sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin.
29 Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. 30 Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə. 31 İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.
32 Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. 33 Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. 34 Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. 35 Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır. 36 Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.
Mühakimə etməyin
(Matta 7:1-5)
37 Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. 38 Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək».
39 İsa onlara yenə də bir məsəl çəkdi: «Kor koru apara bilərmi? İkisi də çuxura düşməzmi? 40 Şagird müəllimindən üstün deyil, amma tam təlim alandan sonra hər şagird öz müəllimi kimi olacaq. 41 Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 42 Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən: “Qardaşım! Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.
Ağac və bəhrə
(Matta 7:15-20; 12:33-35)
43 Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz. 44 Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər. 45 Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar.
Ağıllı bənna və ağılsız bənna
(Matta 7:21,24-27)
46 Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz? 47 Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: 48 o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib. 49 Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar».