1-11
Məşhur Qalileya gölü üç adla tanınır: Qalileya dənizi, Tiberiya dənizi və Ginesar gölü. Gölün uzunluğu 21 kilometr, eni isə geniş yerlərdə 12 kilometrə çatır. O, yer qabığının dəniz səviyyəsindən 208 metr aşağı çökəkliyində yerləşir. Bunun nəticəsində oradakı iqlim, demək olar ki, tropikdir. Hazırda göl o qədər də məşhur deyil, lakin İsanın dövründə onun sahillərində hər birinin ən azı 15 min əhalisi olan doqquz şəhər yerləşirdi.
Əslində, Ginesar gölün qərb tərəfində uzanan gözəl düzənliyin adıdır; bu düzənliyin torpağı çox münbitdir. Yəhudilər müxtəlif sözlərin mənasını özünəməxsus şəkildə izah etməyi çox sevirdilər. Buna görə Ginesar adını izah etmək üçün bu ərazinin nə qədər gözəl olduğunu göstərən üç variantdan istifadə edirdilər. Onlar bu adları aşağıdakı sözlərdən düzəltmişdilər:
Kinnor — arfa mənasını verir, çünki «bu vadinin bəhrələri arfa səsi kimi şirindir» və ya «gölün dalğalarının səsi arfa səsi kimi qulağı oxşayır».
Qan — bağ, sar isə başçıdır, yəni «bağların şahı».
Qan — bağ, aşer — zənginlik, bolluq, yəni «bolluq bağı» deməkdir.
Burada İsanın həyatının dönüş nöqtəsi görünür. Biz Onun təbliğini sonuncu dəfə eşidəndə O, sinaqoqda idi. İndi isə, O, gölün kənarında təbliğ edir. Düzdür, O, yenə də sinaqoqda təbliğ edəcək; lakin elə bir vaxt gəlir ki, sinaqoqun qapısı Onun üzünə bağlanacaq, göl kənarı və ya yol onun məbədi, qayıq isə Onun minbəri olacaq. O, insanların Onu dinləyəcəyi hər yerdə olacaq. Con Vesli deyir: «Bizim imanlı cəmiyyətimiz qaranlıq dağları gəzən və heç bir məsihçi cəmiyyətinə mənsub olmayanlar tərəfindən qurulmuşdur. Onları da səhrada oyadan, həyatın yüksək yollarında, arxa küçələrdə, bazarlarda, dağlarda, dərələrdə izləyən, həmçinin şəhərlərin küçələrində, xiyabanlarında, kəndlərində, tövlələrdə, kəndin mətbəxlərində və başqa yerlərdə Çarmıx bayrağını qaldıran metodistlər olub. Bunu elə bir şəkildə və elə bir miqyasda ediblər ki, insanlar bu oyanışı həvarilər dövründən indiyədək görməyiblər. Vesli deyir: «Mən rahat otağı, yumşaq yastığı və gözəl minbəri sevirəm, amma çöllərdə edilən təbliğ insanların canını xilas edir». Sinaqoqun qapısı İsanın üzünə bağlananda, O, yollara üz tutub insanlara xitab edirdi.
Bu hissədə möcüzənin baş verə biləcəyi şərtlər göstərilib.
Görən gözlər. İnsana, həqiqətən, görən gözlər lazımdır. Buxarın qazan qapağını necə qaldırdığını görənlər çox olub, ancaq yalnız Ceyms Vatt və Polzunov buxar mühərriki yaradıblar. Almanın yerə necə düşdüyünü görən çox olub, ancaq yalnız İsaak Nyuton yerə düşən almanın görüntüsündən cazibə qanunu kəşf edib. Görən göz üçün dünya möcüzələrlə doludur.
Təşəbbüskarlıq. İsa balıqçılara torlarını atmağı təklif edəndə, Şimon nə qədər yorğun olsa da, bəxtini yenidən sınamağa hazır idi. Bir çox insanın bədbəxtliyi ondadır ki, onlara yalnız bir səy göstərmək lazım olduğu halda, əllərini geri çəkirlər.
İnam. Ümidsiz görünən şeyi etməyə hazır olmaq. Gecə balıq tutmaq vaxtı keçmişdi, şərait balıq ovu üçün əlverişsiz görünürdü, lakin Şimon dedi: «Vəziyyət bizim əleyhimizə olsa da, Sənin sözünə görə yenidən cəhd edəcəyik». Biz çox vaxt gözləyirik, çünki vaxtın əlverişli olmadığını düşünürük. Əgər biz mükəmməl şəraitin yaranmasını gözləsək, onda heç vaxt heç bir işə başlamayacağıq. Əgər möcüzə istəyiriksə, İsa bizi qeyri-mümkün olanı etməyə çağıranda Onun sözünə inanmalıyıq.
12-15
İsraildə iki növ cüzam geniş yayılmışdı. Onlardan biri çox qorxunc dəri xəstəliyi kimi görünsə də, əslində, ikincisi qədər ciddi deyildi. Digəri kiçik bir ləkə kimi başlayan və qolun ya da ayağın güdülü5 qalana qədər insanın ətini yeyən xəstəlik idi. Belə bir insan, sözün əsl mənasında, yeriyən meyit idi.
Levililər kitabının 13 və 14-cü fəsillərində cüzamlılarla bağlı müddəalar var. Xəstə üçün ən dəhşətli şey — təcrid olunmaq idi. Cüzam xəstəsi «Murdaram! Murdaram!» deyə qışqırmalı idi. Hara gedirdisə, tənhalığa məhkum idi. O, «murdarlığına görə düşərgədən kənarda tək» yaşamalı idi (Levililər 13:45-46). İnsan cəmiyyətdən qovulub, evini tərk etmək məcburiyyətində qalırdı. Bütün bunların nəticəsi olaraq, cüzamın psixoloji nəticələri fiziki nəticələri qədər dəhşətli idi. Bu, indi də belədir.
Doktor A.B.Makdonald Utuda rəhbərlik etdiyi cüzam koloniyası ilə bağlı məqaləsində belə yazırdı: «Cüzamlı insanın bədəni qədər ruhu da əziyyət çəkir. Nədənsə insanlar cüzama bütün digər pis xəstəliklərdən fərqli şəkildə yanaşırlar. Bu, xəstələrdə utanc, dəhşət və günahkarlıq hissi yaradır. Hərçənd digər yoluxucu xəstəliklər kimi, cüzama da təsadüfən yoluxurlar. Adamlar cüzamlılardan çəkinir və onlara xor baxırlar. Buna görə də onlar tez-tez intihar etmək barədə düşünürlər, hətta bəziləri bunu edirlər də».
Özünə nifrət etməyə başlayana qədər hamı cüzamlıya nifrət edirdi. Belə bir adam İsanın yanına gəlmişdi. O, murdar idi və İsa əlini uzadıb ona toxundu.
İsa toxunulmazlara toxundu. O, əlini hamının arxasını çevirdiyi adama uzatdı. Qarşımızda iki vəzifə durur: birincisi, özümüz özümüzə xor baxanda, ürəyimiz utancla dolanda, Məsihin əli bizə uzanır. Mark Raderford başqa bir bəxtiyarlığı əlavə etmək istəyir: «Nə bəxtiyardır bizi özümüzə olan nifrətdən qurtaranlar». Axı bu, İsa Məsihin etdiyi və hər zaman etdiyi şeydir. Birincisi, məsihçilyin mahiyyəti məhz toxunulmazlara toxunmaqda, sevgiyə layiq olmayanları sevməkdə, bağışlanmağa layiq olmayanları bağışlamaqdadır. İsa bunu etdi, biz də etməliyik.
İsa şəfa tapan cüzamlını qanunla müəyyən edilmiş kəffarə qurbanını təqdim etmək üçün göndərdi. Bu ayinin müddəaları Levililər 14-cü fəsildə verilmişdir. Yəni Onun möcüzəsi burada o dövrün müsbət təbabətini nəzərə almışdı. Möcüzə insanı qanunun normalarının yerinə yetirilməsindən azad etmirdi. Allahın bizə bəxş etdiyi ənamları və hikməti unutsaq, heç vaxt möcüzələr yarada bilməyəcəyik. Möcüzələr o zaman baş verir ki, insanın istedadı Allahın lütfü və mərhəməti ilə birləşir.
16-17
Bizim qarşımızda cəmi iki ayə var. Onları oxuduqdan sonra görürük ki, İsanın xidmətində mühüm məqam gəlib çatmışdı: Onu öldürənə qədər sakitləşməyəcək fariseylər və qanunşünaslar, Onun əleyhdarları peyda olmuşdular. Onlar heç bir maska taxmadan, günün günorta çağı meydana çıxmışdılar.
İsanı başa düşmək üçün Onun Qanuna münasibətini, eləcə də qanunşünasların və fariseylərin Ona olan münasibətini başa düşmək lazımdır. Təxminən eramızdan əvvəl 44-cü ildə Babil əsarətindən qayıtdıqdan sonra yəhudilər başa düşdülər ki, onların xalqının böyüklüyünə olan ümidləri əbədi olaraq yox olmuşdur. Ona görə Qanuna riayət etməklə böyüklüklərini qazanacaqlarına qərar verdilər. O vaxtdan bəri onlar bütün səylərini Allahın Qanununu öyrənməyə və ona riayət etməyə sərf etdilər.
Qanunun əsasını həyatın ümumi prinsiplərini müəyyən edən On Əmr təşkil edirdi. Bu əmrlər heç də baş verən hər bir hadisəyə dair normativ xarakter daşımırdı. Lakin bəzi yəhudilər həmin əmrlərin bu cür şərhini qeyri-kafi hesab edirdilər. Onların istədikləri ümumi prinsiplər deyil, bütün mümkün vəziyyətləri tənzimləyən qayda idi. Buna görə də Onlar On Əmr əsasında bu qaydaları işləyib hazırladılar.
Məsələn, Əmrlərdə deyilir: «Şənbə gününü yadda saxlayıb təqdis et». Daha sonra yazılıb ki, şənbə günü heç bir iş görülə bilməz (Çıxış 20:8-11). Lakin yəhudilər soruşdular: «İş nədir?» Sonra otuz doqquz bənddə bu anlayışı daha da təkmilləşdirdilər və bunu «atanın işləri» adlandırdılar. Ancaq bu da onlar üçün kifayət etmədi: bu bəndlərin hər biri öz növbəsində təfərrüatı ilə işlənilmişdi. Həmin qaydalar şifahi qanun adlandırıldı və hətta On Əmrdən üstün tutulmağa başladı.
Gəlin başqa bir misala baxaq. Şənbə günü qadağan edilən işlərdən biri də yük daşımaq idi. Yeremya 17:21-24-də deyilir: «Rəbb belə deyir: «Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın...» Lakin qanun müəllimləri iddia edirdilər ki, yük sözünün nə demək olduğunu dəqiq müəyyən etmək lazımdır və bu sözə belə bir tərif verildi: yük dedikdə «çəkisi əncir qurusu meyvəsinə bərabər olan qida, bir qurtum süd, bir stəkan şərab, insan bədəninin kiçik üzvünü məsh etməyə kifayət edən ətirli yağ, göz məlhəmi hazırlamağa yetəcək qədər su, gömrükdə girişə icazə verən kiçik bir kağız parçası, iki məktub yazmağa bəs edən mürəkkəb; yazı çubuğu hazırlamaq üçün istifadə edilə bilən nazik qamış» və s. nəzərdə tutulur. Beləcə Şənbə günü dərzi paltarına iynə taxıbsa, bu, qanun pozuntusu və günah sayılırdı. Şənbə günü daş qaldırıb quşa atmaq günah sayılırdı. Xeyirxahlıq bu saysız-hesabsız qayda və göstərişlərlə eyniləşdirilməyə başladı.
Başqa bir misal götürək. Şənbə günü insanı müalicə etmək iş sayılırdı. Qaydalara görə, müalicə ancaq o halda həyata keçirilə bilərdi ki, bir insanın həyatı, həqiqətən, təhlükə altında olsun. Üstəlik də xəstənin vəziyyətini yaxşılaşdıran deyil, yalnız daha da pisləşməsin deyə addımlar atıla bilərdi. Yaranı təkcə sarğı ilə bağlamaq olardı, amma heç bir dərman qoymaq olmazdı. Ağrıyan qulağa yalnız tampon qoymaq olardı, amma yenə də heç bir dərman olmadan. Buradan görünür ki, məhdudiyyətlərin sonu yox idi.
Qanunşünaslar qanunun mütəxəssisi idilər, çünki onlar bütün qayda və normaları bilir və özləri də qanunu dəyişirdilər.
Farisey adının mənası «təcrid olunmuş» demək idi. Həqiqətən də, fariseylər bütün norma və nizamnamələrə riayət etmək üçün özlərini insanlardan və normal həyatdan təcrid etmişdilər. İki məqamı qeyd edək. Birincisi, fariseylər və ilahiyyatçılar üçün bu qaydalar ölüm-dirim məsələsi idi: onlardan birini pozmaq ölümcül günah sayılırdı. İkincisi, yalnız o adamlar bu qaydalara əməl etməyə çalışırdılar ki, onların əhəmiyyətinə səmimiyyətlə inanırdılar. Çünki bütün qaydalara riayət etmək insanın həyatını son dərəcə narahat edirdi. Xalqın içərisindəki yalnız ən yaxşı adamlar bütün bu tələbləri yerinə yetirməyə çalışırdılar.
İsa belə qaydalara riayət etməyə ehtiyac olmadığını gördü. Onun nəzərində insanın ehtiyacı bütün bu qanunlardan üstün idi. Lakin ilahiyyatçılar və fariseylər üçün O, qanunu pozan, başqalarına da bunu öyrədən təhlükəli adam idi. Elə buna görə də Ona nifrət edir və sonda Çarmıxa çəkdilər. İsanın həyatının faciəsi onda idi ki, məhz dinə ciddi yanaşan insanlar Onun Çarmıxa çəkilməsini tələb edirdilər. İroniya da onda idi ki, Onu Çarmıxa çəkənlər məhz o dövrün ən yaxşı sayılıb-seçilən adamları idi.
O vaxtdan bəri İsaya rahatlıq verilmədi. Ona həmişə düşmən münasibəti bəsləyir və tənqidi baxışlarla diqqətlə izləyirdilər. Onun rəqibləri yaxınlaşan təhlükəni anlayıb birləşmişdilər və vəziyyətdən yalnız bir çıxış yolu ola bilərdi.
İsa bunu bilirdi, buna görə də rəqibləri ilə görüşməzdən əvvəl dua etmək üçün təkliyə çəkilirdi. Allahın məhəbbəti Onu insanların nifrətinə görə mükafatlandırırdı. Bəzi insanların Ona olan tənqidi münasibətinə qarşı durmaq üçün Allah Ona güc və cəsarət verirdi. Allahın sülhü Ona mübarizədə güc verirdi. Şagirdlər də öz Rəbbi kimi olmalı idilər.
18-26
Burada təsirli möcüzə var. İsraildə evlərin damları düz idi, yağış suyunun axmasına kifayət edəcək aşağıya doğru cüzi meylliyi var idi. Damlar bir-birindən kiçik bir məsafədə divardan divara çəkilmiş tirlərdən hazırlanırdı. Tirlərin arasındakı məsafələr isə əhəng məhlulu ilə bərkidilərək sıx-sıx budaqlarla örtülürdü. Eyni məhlulla budaqların üstü örtülürdü. Tirlərin arasında bərkidilən belə budaqları çıxarmaqdan asan heç nə yox idi. Başqa sözlə desək, çox vaxt evə gətirilən tabut damdan çıxarılırdı.
Bəs günahların bağışlanması ilə bağlı olan bu hissənin mənası nədir? Yadda saxlamaq lazımdır ki, İsrail sakinlərinin şüurunda günah və əzab bir-biri ilə ayrılmaz şəkildə əlaqəli idi. Əgər kimsə əzab çəkirdisə, şəkk-şübhəsiz, elə hesab olunurdu ki, günah edib. Buna görə də xəstə təqsirkarlıq və günahkarlıq hissindən daha çox əziyyət çəkirdi. İsanın iflic xəstəsinə əvvəlcə günahlarının bağışlandığını söyləməsinin səbəbi də məhz budur. Onsuz xəstə sağalacağına inanmazdı. Bu, sonrakı mübahisədə İsanın fariseylərin və ilahiyyatçıların nəzəriyyəsini necə alt-üst etdiyini göstərir. Onlar bilirdilər ki, İsanın insanların günahlarını bağışlamaq səlahiyyəti yoxdur. Lakin onların nəzəriyyələrinə görə, adam yalnız günah etdiyi üçün xəstələnir. Əgər insan şəfa tapırdısa, bu onun günahının bağışlanmasının sübutudur. Fariseylərin dəlilləri bumeranq kimi onların əleyhinə işlədi və onları susdurdu.
İnsanın dostlarının imanı ilə xilas olması heyrətamizdir. İsa dostunu Onun yanına gətirmək üçün insanların alovlu imanını görəndə, bu iman xəstənin sağalmasına kömək etdi. Bu, bu gün də baş verir.
Elə insanlar var ki, onları valideynlərinin imanı təsirləndirib. Karleyl deyirdi ki, həmişə anasının ona «Allaha iman et və doğru olanı et» dediyini eşidir. Avqustin ağılsız və əxlaqsız bir həyat sürərkən, onu sədaqətlə sevən anası kömək üçün məsihçi yepiskopa üz tutmuşdu. Yepiskop anasına demişdi ki, «Bu cür dualarla, göz yaşları ilə övladının həlak olmasını təsəvvür etmək mümkün deyil». Bir çoxumuz məmnuniyyətlə təsdiq edərik ki, biz olduğumuz və ola biləcəyimiz hər şeyə görə mömin valideynlərimizə borcluyuq.
Digərlərinə isə sevdiklərinin imanı təsir edir. Yeni evlənmiş və xoşbəxt həyat sürən Herbert Vells yeni sınaqlarla və günahlarla üzləşəndə, belə demişdi: «Evimdə bu qədər şirin və pak bir varlığın olması mənim üçün necə də böyük xoşbəxtlikdir, çünki onun qarşısında murdar, sərxoş və ya alçaldılmış görünməyi ağlıma belə gətirmək istəmirəm. Bir çoxumuz sevdiklərimizin gözlərindəki acıya, kədərə dözə bilmədiyimizə görə əxlaqsız hərəkətlər etmirik.
Şükür Allaha ki, həyatın özündə də, sevgidə də insanın qəlbini istiqamətləndirən gizli amillər var.
27-32
Qarşımızda Mattanın tanınması hekayəsi var (Matta 9:9-13 ilə müqayisə edin). İsraildə ən çox nifrət edilən insanlar vergiyığanlar idi. İsrail romalıların əsarəti altında idi, vergiyığanlar isə romalılara xidmət edirdilər, buna görə də onlara satqın və xəyanətkar kimi baxılırdı.
Romalılar, adətən, vergiyığanlara vergi iltizamı6 verirdilər. Onlar hər bir rayon üçün müəyyən məbləğdə vergi təyin edirdilər. Sonra isə vergi yığmaq hüququnu ən çox vergi toplayana verirdilər. Vergiyığan hər ilin sonunda Roma xəzinəsinə müəyyən edilmiş məbləği ödəyirdisə, onun artıq qalan məbləği özünə saxlamaq hüququ var idi. O dövrdə əhalini məlumatlandırmaq üçün nə qəzet, nə radio, nə televiziya, nə də başqa bir yol vardı. Ona görə də sadə insanlar əslində nə qədər vergi ödəməli olduğunu bilmirdilər.
Bu sistem o qədər sui-istifadə olunmuşdu ki, Əhdi-Cədid dövründə artıq ləğv edilmişdi. Təbii ki, vergilər hələ də ödənilməli idi və sui-istifadələr, istismarlar da qalmaqda idi.
İki növ vergi var idi. Əvvəlcə dövlət vergiləri yığılırdı. Buraya 14-65 yaş arası bütün kişilər və 12-65 yaş arası bütün qadınlar tərəfindən ödənilən can vergisi daxil idi. Buraya taxıl məhsulunun onda biri, şərab və yağ məhsulunun beşdə biri qədər torpaq vergisi də daxil idi. Bu vergi natura və ya pul şəklində ödənilə bilərdi. Buraya bütün insan gəlirlərinin bir faizini təşkil edən gəlir vergisi də daxil idi. Bu vergilərin yığılması şəxsi varlanma və zorakılıq üçün böyük imkanlar vəd etmirdi.
İkincisi, müxtəlif rüsumlar yığılırdı. Əsas yollardan, limanlardan, bazarlardan istifadəyə görə haqq alınırdı. Arabaya, onun hər bir təkərinə və ona bağlanan qoşqu heyvanına görə pul ödəmək lazım gəlirdi. Müəyyən malların satışından rüsumlar, habelə idxal və ixrac rüsumları tutulurdu. Vergiyığan isə hər kəsi yolda saxlaya, onu yükünü açmağa məcbur edə və istədiyi məbləği ödəməyi tələb edə bilərdi. Bir insanın ödəməyə heç nəyi olmayanda, vergiyığan ona çox vaxt faizi ilə pul təklif edir və onu daha da öz toruna salırdı.
İnsanlar vergiyığanları Nubiya7 quldurları ilə eyni tuturdular. Onlara sinaqoqa girmək qadağan edilmişdi. Roma yazıçılarından biri bir dəfə vicdanlı vergiyığanın abidəsini gördüyünü qeyd edir. Vergiyığanlar arasında dürüstlük o qədər nadir hal idi ki, belə birinə abidə ucaldılmışdı.
Buna rəğmən İsa vergiyığan Mattanı Özünə şagird olaraq seçmişdi. Matta İsanı, eləcə də həmkarlarını — vergiyığanları öz evinə, ziyafətə dəvət etdi — onun buna imkanı var idi — hamısını İsa ilə tanış etdi. Matta dərhal yenicə əldə etdiyi xoşbəxtliyi onlarla bölüşmək istədi. Con Vesli bir dəfə belə demişdi: «Heç kim cənnətə təkbaşına getməyib: o, əvvəlcə ya dostlar qazanmalı, ya da onlarla görüşməlidir». Məsihçi tapdığı bəxtiyarlığı başqaları ilə bölüşməyə borcludur.
2) İlahiyyatçılar və fariseylər buna etiraz etdilər. Onların vergiyığanla heç vaxt ünsiyyəti olmazdı. İsa onlara gözəl cavab verdi. Epiktet bir dəfə öz təlimini «xilas dərmanı» adlandırmışdı. İsa xəstənin yalnız həkimə ehtiyacı olduğunu bildirdi. Ona ən çox ehtiyacı olanlar isə Matta və onun dostları kimi insanlar idi. Yaxşı olardı ki, biz günahkara cinayətkar kimi yox, xəstə kimi baxaq. Yaxşı olardı ki, biz səhv etmiş bir insana nifrətə və qınanmağa layiq biri kimi yox, düz yolu tapması üçün köməyə və sevgiyə ehtiyacı olan bir insan kimi baxaq.
33-35
Məsihin şagirdlərinin normal həyat sürmələri ilahiyyatçılar və fariseyləri qıcıqlandırırdı. Kolli Noksun sözlərinə görə, çox hörmətli bir keşiş ona belə demişdi: «Əziz Noks, öz dinini əzaba çevirmə. Deyilənə görə, dini inancı şair Robert Börnsə kömək etmək əvəzinə, ona əziyyət vermişdi. Ortodoksal yəhudilərin fikrincə, insan yalnız həyatda özünü narahat hiss etdikdə dindar olur. Bu, fikir bu gün də aktualdır.
Yəhudilər öz dini ayinlərinə diqqətlə riayət edirdilər. Onlar bazar ertəsi və cümə axşamı günləri oruc tutur və buna sübut kimi tez-tez üzlərini ağ rəngə boyayırdılar. Düzdür, bu oruc o qədər də ciddi deyildi, çünki yalnız gün çıxandan gün batana qədər davam edirdi, ondan sonra normal yemək mümkün idi. Onlar Allahın diqqətini cəlb etmək üçün üzlərini rəngləyir, bəzən bununla da qurban gətirdiklərini zənn edirdilər. Oruc tutmaqla onlar bədənlərini Allaha qurban vermiş olurdular. Ancaq yəhudilər hətta dua prosedurunu sistemləşdirmişdilər. Günorta saat 12-də, 3-də və axşam saat 6-da dua etmək lazım idi.
İsa isə qaydalarla tənzimlənən dinə qəti şəkildə qarşı çıxırdı. O, həyatdan bir nümunə çəkir: İsraildə yeni evlənənlər bal ayı ərzində səyahətə çıxmayıb, bir həftə evdə qalır, qonaqları qarşılayardılar. Ən yaxşı paltarlarını geyinər, tez-tez tac taxardılar. Onlar şah və şahzadə hesab olunurdular. Hər kəs hər şeydə onlara itaət edirdilər. Axı bundan sonra həyatlarında bir daha belə bir həftə olmayacaqdır. Bu bayram həftəsini onlarla birlikdə keçirən seçilmiş qonaqlar nikah qəsrinin oğulları adlanırdı.
1) Qeyd etmək vacibdir ki, İsa məsihçinin həyatını dəfələrlə toy şənliyi ilə müqayisə edir. Sevinc — məsihçi həyatının əsas xüsusiyyətidir. Şagirdlərdən biri tanınmış amerikalı müəllim haqqında belə demişdi: «O mənə günəş işığında çimdiyimi hiss etdirdi». Çoxları hesab edir ki, Məsihin yolu onları istəmədiklərini etməyə məcbur edir və etmək istədiklərini etməyə mane olur. Məsələn, həyatdan zövq almaq günah sayılır, halbuki Paul Filipililərə məktub 4:4-də «Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!» deyə çağırış edir. Məşhur bir filosof sevinci «bir anlıq xoşbəxtlik» adlandırır.
2) Amma İsa eyni zamanda bilirdi ki, «bəyin onların arasından aparılacağı» günlər gələcək. Ölüm Onu qəfil yaxalamadı. İsa Çarmıxı artıq önündə görürdü. Lakin bu da Ona heç kimin ala bilməyəcəyi sevinci yaymağa mane olmadı, çünki bu, Allahdandır, O, isə həmişə yaxındadır.
36-39
Dindar insanlar bir növ keçmişə bağlı olurlar. Tərəqqi ən az imanlı cəmiyyətində hiss olunur. İsanın Allahın yolu barədə fikirləri o qədər mütərəqqi idi ki, fariseylər onları mənimsəmək istəmədilər, buna görə də onları qəbul etmədilər.
Zaman keçdikcə ağıl sağlam düşüncədəki çevikliyi itirir və yeni ideyalardan imtina edir. İsa iki nümunə göstərdi: «Heç kim təzə paltardan bir parça qoparıb köhnə paltara yamaq vurmaz. Yoxsa təzə paltar həm cırılar, həm də təzə paltardan qoparılan parça köhnə paltara yaraşmaz». Şərqdə şərab üçün dəridən tuluqlar hazırlanırdı. Onlara təzə şərab töküldükdə qıcqırır və qazlar buraxırdı. Yeni dəridən hazırlanmış tuluqlar artan təzyiqə tab gətirmək üçün kifayət qədər elastikliyə malik idi. Əgər tuluq köhnə idisə, quru və sərt olar və asanlıqla partlaya bilərdi. İsa deyir: «İcazə verməyin ki, ağlınız köhnə bərkimiş dəri kimi olsun». Köhnə şərab daha yaxşıdır deyirlər. Ola bilsin, bu, doğrudur. Amma insanlar unudurlar ki, vaxt gələcək təzə şərab da köhnələcək və heç nə onunla müqayisə edilməyəcək.
Bu hissədə İsa köhnə düşüncə tərzini pisləyir və insanları yeni biliklərdən qaçmamağa çağırır.
1) İnsanlar riskli fikirlərdən qorxmamalıdırlar. Müqəddəs Ruh mövcud olduğu üçün Allah bizi yeni biliyə aparır. Fosdik bir dəfə belə sual vermişdi: «Əgər həkimlər yalnız üç yüz il əvvəlki dərmanlardan və üsullardan istifadə etsəydilər, tibb necə inkişaf edərdi?» Yeni biliyə sahib olan insan onların tanınması üçün mübarizə aparmalıdır. Qalileo Qaliley yerin günəş ətrafında fırlandığını bəyan edəndə, onu bidətçi kafir hesab etdilər. Lister əməliyyatda antiseptiklərin istifadəsi üçün mübarizə aparmalı oldu. Simpson insanların əziyyətini yüngülləşdirən xloroformun istifadəsi üçün mübarizə aparmalı oldu. Unutmayın, əgər biz yeni ideyalara qarşı çıxırıqsa, ağlımızın zəifliyini və köhnəfikirli olduğumuzu nümayiş etdirmiş oluruq. Ona görə də Onun hikmətini və qüdrətini bilmək barədə düşünməyə dəyər.
2) Heç vaxt yeni üsullardan qorxmayın. Bu, hər zaman edilib faktı təcrübənin sona çatmasına səbəb ola bilər. Eləcə də əksinə, heç kimin bunu etməməsi faktı, bunu etmək üçün güclü bir dəlil ola bilər. Köhnəlmiş üsulla müəssisələri idarə etmək olmaz, lakin imanlı cəmiyyəti hələ də ondan köhnəlmiş üsullardan istifadə edir.
(Qərbdəki) imanlı cəmiyyəti qədər ziyarətçisini itirmiş hər hansı bir cəmiyyət çoxdan yeni üsullara əl atardı, lakin İmanlı Cəmiyyəti hələ də yeniliklərdən üz döndərməyə çalışır.
Dünyanı səyahət edərkən Kiplinq general Butun qaval səsi altında gəmiyə qalxdığını gördü. Köhnə düşüncəli və mömin Kiplinqin bu musiqi xoşuna gəlmədi. O, General But ilə tanış olur, ona qavalı, buna bənzər şeyləri sevmədiyini söyləyir. General But ona baxır və deyir: «Cavan oğlan, əgər başı üstündə dayanıb dəf vurmaqla bir nəfəri olsa belə, Məsihə gətirmək mümkün olsaydı, mən bunu öyrənərdim.
Mühafizəkarlıq8 müdrikcəsinə və ağılsızcasına olur. Həmişə çalışmalıyıq ki, düşüncələrdə və əməllərdə məhdud olmayaq. Ancaq eyni zamanda dar yolda qalmağa çalışmaq çalışmalıyıq.