1-13
Biz artıq İsa Məsihin həyatında olan mühüm məqamları nəzərdən keçirmişik. Burada onlardan ən vacibi yer alıb. Vəftizçi Yəhyanın zühuru ilə Onun saatı gəldi, vəftiz olunarkən isə Allah Ondan razı olduğunu bildirdi. Bu zaman İsa Öz xidmətinin astanasında idi. Xidmət etməzdən əvvəl insan hər şeyi götür-qoy etməlidir. İsanın sınağı göstərir ki, O, insanları Allaha yönəltmək üçün qəti qərar vermişdir. O, qüdrət və izzətdən imtina edib iztirab və Çarmıx yolunu seçmişdir.
Bu mətni ətraflı təhlil etməzdən əvvəl iki ümumi məqamı qeyd etmək lazımdır:
Bu, Əhdi-Cədidin ən müqəddəs hadisələrindən biridir. Çünki bu hadisəni yalnız O danışa bilərdi. Yəqin ki, daxilində gizli yaşadığı bu təcrübəni şagirdlərinə Özü danışmışdı.
Ola bilsin, bu vaxt artıq İsa başa düşmüşdü ki, Ona müstəsna səlahiyyət verilib. Sınaqlarla bağlı əsas məqam odur ki, bəzi xüsusi sınaqlar yalnız heyrətamiz möcüzələr göstərməyə qadir olan insan üçün təhlükəli ola bilər. Biz gücümüz xaricində olan daşları çörəyə çevirmək və ya Yerusəlimdəki Məbədin damından tullanmaq üçün şirnikləndirilmirik. Bəzi sınaqlar yalnız müstəsna qabiliyyətlərə malik olan və onlardan necə istifadə edəcəyini bilən insanları yoldan çıxara bilər.
Əvvəlcə hadisələrin baş verdiyi səhnəni — vəhşi səhranı xatırlayaq. Yəhudeyanın əhalisinin böyük bir qismi Cənubi İsrailin əsas hissəsi olan mərkəzi yaylada məskunlaşmışdı.
Bu yayla və Ölü dəniz arasında 55 kilometr uzunluğunda və 23 kilometr enində Yeşimon, yəni «Məhv edilmə» adlanan ölü, ümidsiz səhra uzanırdı: təpələr sanki tozdan ibarət idi, əhəngdaşı qabarmış və dağılmış kimi görünürdü; qayalar çılpaq, kənarları kələ-kötür idi; yer atların dırnaqları altında qulaqbatırıcı səslə uğuldayırdı, sanki yerin altı boşluq idi. Səhra qırmızı-qaynar soba kimi istidən alışıb yanırdı və hündürlüyü 350 metrdən çox olan dik qayalarla Ölü dənizə baxırdı. Həmin dəhşətli səhrada İsa sınağa çəkildi.
Bu üç sınaq heç də təsvir edildiyi kimi asan baş verməyib. İsa qəsdən səhraya çəkildi və qırx gün ərzində insanların qəlbini Allaha necə yönəldəcəyi barədə fikirləşməyə başladı. Bu, Çarmıxa qədər davam edən uzun bir mübarizə idi. Mətn bu sözlərlə bitir: «İblis ... bir müddət Onu tərk etdi».
İlk sınaq daşı çörəyə çevirmək oldu. Axı səhra qumluq deyildi, əksinə, çörəyə bənzəyən kiçik əhəngdaşı parçaları ilə örtülmüşdü. Yoldançıxaran sanki İsaya belə dedi: «Əgər insanların sənin ardınca getməsini istəyirsənsə, onlara maddi fayda verəcək heyrətamiz möcüzələrindən istifadə et». O, insanları Özünə cəlb etməkdən ötrü dilənçi payı verməyi təklif etdi. İsa bu təklifə Qanunun Təkrarı 7:3-dən sitat gətirərək cavab verdi. Başqa sözlə desək, insan heç vaxt təkcə maddi nemətlərlə kifayətlənməyəcək.
Məsihçiliyin vəzifəsi yeni şərait yaratmaq deyil, baxmayaraq ki, İmanlı Cəmiyyətinin nüfuzu və səsi həmişə insanların həyatını yaxşılaşdırmaq üçün bütün cəhdləri və səyləri dəstəkləməlidir. Məsihçiliyin vəzifəsi yeni insan yaratmaqdır. Bu yeni insanlar isə yeni şərait yaradacaqlar.
İkinci sınaqda biz İsanın bütün dünyanın göründüyü bir dağda dayandığını görürük. Yoldançıxaran Ona deyir: «Əgər Sən mənə səcdə etsən, bütün bunlar Sənin olacaq». Bu, güzəştə getmək imtahanı idi. İblis sanki eyham vuraraq deyir: «İnsanları əlimdə saxlayıram. Onlara belə yüksək tələblər qoyma. Gəl sövdələşək. Şərə bir az güzəştə get, insanlar da Sənin ardınca gedəcəklər». İsanın cavabı isə belə oldu: Allah — Allahdır, həqiqət — həqiqətdir, yalan isə yalandır. Şərlə döyüşdə güzəştə getmək olmaz, çünki yazılıb: «Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et» (Qanunun Təkrarı 6:13; 10:20). İsa yenə də Müqəddəs Yazılardan sitat gətirir.
Biz daim dünya standartlarına uyğunlaşaraq ürəkləri və canları fəth etmək cəhdi ilə qarşılaşırıq. İngilis yazıçısı Çesterton deyirdi ki, insanlar dünyada hər şeyi boz işıqda görməyə öyrəşiblər, lakin məsihçilər qaraya qara, ağa isə ağ kimi baxmağa məcburdurlar. Karleylin dediyi kimi, «məsihçi həmişə müqəddəsin sonsuz gözəlliyini və günahın sonsuz dəhşətini dərindən dərk etməlidir».
3) Üçüncü sınaqda biz İsanı Məbədin qülləsində görürük. Burada Süleymanın eyvanı ilə Padşah eyvanı birləşir və 150 metr dərinlikdə Qidron vadisinə sıldırım bir qaya açılır. Bu, insanları qeyri-adi şeylərlə şirnikləndirmək sınağı idi. Amma İsa cavab verir: «Allahın Rəbbi sınama» (Qanunun Təkrarı 16). Allahın qüdrəti ilə mənasız təcrübələr etmək olmaz. İsa bilirdi ki, əgər möcüzələr yaratmağa başlasa, O, yalnız bir anlıq sensasiya olacaq; O, həm də bilirdi ki, sensasiya yalnız qısa müddət ərzində insanların diqqətini cəlb edəcək.
Xidmət və əzabın çətin yolu Çarmıxa aparır, Çarmıxdan sonra isə əzəmətə. Hər üç sınaqda şeytan Məsihə öz yolunu təklif etsə də, O rədd etdi.
14-15
Səhradan qayıdan kimi İsa bildi ki, Onun vaxtı gəlib çatıb. O, necə davranacağına dair birdəfəlik qərar verdi. İndi isə O, xidmətinə haradan başlayacağına dair qərar verməli idi.
1) O, Qalileyadan başladı. Qalileya İsrailin şimal hissəsində yerləşən, qırx kilometrin səksən kilometrə (40X80km) ölçüdə bir bölgə idi. Qalileya sözü «Dairə» deməkdir və yəhudi olmayan xalqların əhatəsində olduğu üçün ibrani sözü olan Qalildən gəlir. Buna görə də yeni cərəyanlar Qalileyanın həyatına böyük təsir göstərirdi, mühafizəkar meyllər isə əhəmiyyətsiz rol oynayırdı. Bu ərazidə xüsusilə sıx məskunlaşma var idi. Vaxtilə bu bölgənin hökmdarı olmuş qədim tarixçi İosif Flavi yazır ki, burada ən azı 15 min nəfər əhalisi olan 204 kənd və şəhər var idi. Qalileyada üç milyon insanın necə yaşadığını təsəvvür etmək çətindir.
Buradakı torpaq münbit idi. O vaxt belə bir deyim vardı «Qalileyada altı min zeytun ağacı yetişdirmək Yəhudeyada bir uşaq böyütməkdən daha asandır». Gözəl iqlim və suyun bolluğu Qalileyanı İsrailin bağına çevirmişdi. Üzüm, zeytun, əncir, şam, limon, qırmızı yarpaqlı əncir, nar, qoz, palıd, xurma, sidr, sərv, xınaçiçəyi, ağ şam ağacı, firon ənciri (sikomor), mərsin, badam, oleandr kimi ağacların siyahısı bizə torpağın nə qədər münbit olduğunu göstərir.
Qalileyanın sakinləri İsrailin dağlıları hesab olunurdular. İosif Flavi onlar haqqında belə deyir: «Onlar həmişə yenilikləri qəbul etməyə hazır, təbiətlərinə görə hər zaman dəyişməyə meylli idilər və üsyanlarda məmnuniyyətlə iştirak edirdilər. Onlar qiyam qaldıran rəhbərin arxasınca getməyə həmişə hazır idilər. Tez əsəbiləşir və tez-tez mübahisə edərdilər». Onlar haqqında «çox cəsarətlidirlər» deyirdilər, «hər zaman xeyirdən çox şöhrətə can atırdılar».
Məhz belə bir ərazidə İsa öz xidmətinə başladı. Ora Onun vətəni idi. Orada O, ilk vaxtlarda, qəlbləri Onun təbliği ilə canlanan dinləyicilər tapdı.
2) O, sinaqoqda başladı. Sinaqoq dini həyatın mərkəzi idi. Yalnız bir Məbəd var idi — o da ki Yerusəlimdə. Lakin qanun on yəhudi ailəsinin yaşadığı hər yerdə sinaqoq tikməyi nəzərdə tuturdu. İnsanlar ibadət etmək üçün sinaqoqda toplaşırdılar. Onlar orada heç bir qurban gətirmirdilər. Qurban gətirmək üçün Məbəd var idi, sinaqoqlar isə təlim üçün nəzərdə tutulmuşdu. Bəs necə oldu ki, İsa sinaqoqda öyrətmək imkanı əldə etdi? Xüsusi təhsili olmayan Nazaretli dülgər sinaqoqda təbliğ etmək imkanını necə əldə etdi?
Sinaqoqdakı xidmət üç hissədən ibarət idi.
a) Dua ilə keçirilən şəxsi ibadət.
b) Müqəddəs Yazıların oxunması. Müqəddəs Yazıları ibadətdə iştirak edən yeddi adam oxuya bilərdi. Onlar Müqəddəs Yazıları oxuduqca tərcüməçi çətin başa düşülən ibrani dilindən arami və ya yunan dilinə tərcümə edirdi: qanunu oxuyarkən — bir ayəni, peyğəmbərlərin kitabını oxuyarkən — eyni anda üç ayəni.
c) Təlim. Sinaqoqda dinləyicilərə mütəmadi olaraq dərs deyən peşəkar kahin yox idi. Sinaqoq ağsaqqalı sadəcə olaraq ibadətdə iştirak edən hörmətli birini danışmağa dəvət edir, sonra söhbət və müzakirə başlayardı. Beləcə İsa sinaqoqda danışmaq imkanı əldə etmiş oldu.
Həmin vaxt sinaqoq və onun minbəri Onun üzünə açıq idi.
Bu hissə «hamı Onu izzətləndirirdi» sözləri ilə bitir. İsanın xidmətinin bu dövrü Qalileyanın baharı adlanır. O, Allahın küləyinin nəfəsi kimi gəldi. Ona qarşı müxalifət hələ formalaşmamışdı. İnsanların qəlbi canlı sözə ac idi. Onlar İsanın Öz dövrünün ortodoksal əqidəsinə necə zərbə vuracağını hələ dərk etmirdilər. Adamlar Xoş müjdə yayan insanı həmişə dinləyirlər.
16-30
İsanın ziyarət etdiyi ilk şəhərlərdən biri Onun doğma şəhəri Nazaret oldu. Nazaret kənd deyildi. O, Müqəddəs Kitabda yunancadan tərcümədə şəhər mənasını verən polis sözü ilə adlandırılmışdır. Burada 20 minə qədər sakin yaşaya bilərdi. O, İzreel düzündən çox da uzaqda olmayan Qalileyanın alçaq dağları arasında bir dərədə yerləşirdi. Oğlan uşağına yamacında şəhərin dayandığı dağın zirvəsinə qalxmaq kifayət idi ki, gözləri önündə bir neçə kilometrədək uzanan gözəl mənzərə açılsın.
İngilis səyyahı Corc Adam Smit dağın zirvəsindən açılan mənzərəni belə təsvir edir:
Müşahidəçinin gözü önündə İsrailin tarixi canlanırdı. Onun qarşısında Devoranın Baraqla döyüşdüyü Esdraelon düzənliyi uzanırdı. Hansı ki, həmin düzənlikdə Gideon orada qələbə qazanmış, fəlakət Şaulu məhv etmiş və Yoşiya döyüşdə ölmüşdü. Onun önündə Navotun üzüm bağı və Yehunun İzeveli öldürdüyü yer var idi. Buradan bir vaxtlar Elişa peyğəmbərin yaşadığı Şunem şəhəri görünürdü. Buradan İlyas peyğəmbərin Baal kahinləri üzərində böyük qələbə qazandığı Karmel şəhəri və uzaqdan Aralıq dənizi və adalar görünürdü.
Nazaretin üzərində ucalan dağın başından təkcə İsrailin tarixi görünmürdü. Həm də müşahidəçinin gözü qarşısında dünya və dünyaya gedən üç yol uzanırdı: biri cənubdan Yerusəlimə doğru uzanan zəvvarların yolu idi; digəri Misirdən Dəməşqə gedən karvanların keçdiyi böyük Dənizkənarı yol idi; o biri isə Ərəbistandan gələn karvanların və Roma imperiyasının legionlarının şərq sərhədlərinə doğru hərəkət etdiyi böyük Şərq yolu idi.
İsanın sivilizasiyadan uzaq yerdə böyüdüyünü düşünmək yanlış olardı. O, hər tərəfdən tarixlə əhatə olunmuş şəhərdə və o dövrün ölkələrini birləşdirən yolların yaxınlığında böyümüşdü.
Biz artıq sinaqoqda ibadətin necə keçirildiyini nəzərdən keçirdik. Bu ayələr bizə bu barədə daha aydın təsəvvür yaradır. Təbii ki, İsa əlinə kitab götürmədi, çünki o vaxt hamı tumarlarda yazırdı. O, Yeşaya peyğəmbərin kitabının 61-ci fəslindən oxudu. 20-ci ayədə haqqında danışılan xidmətçi sinaqoqda müxtəlif vəzifələri yerinə yetirirdi: o, Müqəddəs Yazıların tumarlarını gətirib aparır, təmizlik işlərinə baxır, sinaqoqun damından gümüş şeypur ilə üç dəfə Şənbə gününün başlandığını elan edirdi; həm də yerli məktəbdə müəllim idi. Bundan başqa, 20-ci ayədə deyilir ki, İsa oturdu. Bu bizdə elə təəssürat yarada bilər ki, O, sözünü bitirmişdi. Amma, əksinə, O, nitqinə yenicə başlayırdı. Məsələ burasındadır ki, natiq oturaraq danışır, ravvinlər də oturaraq dərs deyirdilər.
Onu dinləyən yəhudiləri qəzəb bürüdü, çünki İsa qeyri-yəhudiləri tərifləyirdi. Yəhudilər seçilmiş xalq olduqlarına o qədər əmin idilər ki, başqalarına xor baxırdılar. Onlar elə güman edirdilər ki, «Allah qeyri-yəhudiləri cəhənnəm odu üçün yanacaq kimi yaratmışdır». Budur, onların tanıdığı bu gənc İsa Allahın bütpərəstlərə üstünlük verdiyini təbliğ edir. Onlar birdən anlamağa başladılar ki, yeni təlimdə onların yuxularında belə təsəvvür etmədikləri fikirlər var.
Burada daha iki məqamı qeyd etmək lazımdır.
İsa, adətən, Şənbə günləri sinaqoqa gedirdi. Yəqin ki, orada baş verən bir çox şeylə İsa razılaşmırdı və çox şey Onu qane etmirdi, amma yenə də ora gedirdi. Sinaqoqlarda ibadət çox vaxt idealdan uzaq idi; lakin İsa Allahın buyurduğu gündə Allaha ibadət edən insanlarla bir araya gəlmək fürsətini heç vaxt əldən vermirdi.
İsa ilə Vəftizçi Yəhya arasındakı fərqi başa düşmək üçün İsanın Yeşaya peyğəmbərin kitabından oxuduğu yerə diqqət yetirmək vacibdir. Vəftizçi Yəhya qiyamətin gəlişini təbliğ edirdi. Onun təbliğini dinləyən insanlar dəhşətdən lərzəyə gəlirdi. İsa isə insanlara Müjdəni — Xoş Xəbəri gətirdi. İsa da Allahın qəzəbini görürdü, lakin bu, sevgidən irəli gələn qəzəb idi.
31-37
Biz Kefernahum haqqında, ən azı Nazaret haqqındakı qədər bilmək istərdik. Lakin İsanın bu qədər böyük işlər gördüyü gölün ətrafındakı bu şəhərin dəqiq yerini belə bilmirik.
Bu hissə xüsusilə maraqlıdır, çünki Luka ilk dəfə murdar ruhun tutulmasından bəhs edir. İsanın qüdrəti və möcüzələri insanları heyrətləndirmişdi və bu, təəccüblü deyildi. Şərqdə cinləri qovmaq qabiliyyətinə malik olan çoxlu insanlar var idi, lakin onlar bunun üçün sirli və anlaşılmaz vasitələrdən istifadə edirdilər. Məsələn, sehrbazlar xəstənin burnuna bir üzük taxırdılar, uzun-uzadı sehrli sözlər oxuyurdular, sonra onun yanında yerləşdirilmiş su qabından qəflətən su şappıltısı eşidilirdi — bununla da cin yoxa çıxırdı. Bu vəhşi atributlar İsanın dediyi bir əmrdən necə də fərqlənirdi! İnsanlar onun böyük səlahiyyətinə heyran qalmışdılar.
İsanın səlahiyyəti tamamilə yeni bir şey idi. Təlim zamanı ravvinlər öz ifadələrinin hər birini sitatlarla təsdiqləyirdilər. Həmişə deyirdilər ki, «belə bir atalar sözü var...» və ya «filan ravvin deyib ki...» Onlar həmişə kiminsə nüfuzuna istinad edirdilər. Peyğəmbərlər danışanda deyirdilər: «Xudavənd Rəbb belə deyir». Bununla da onlar onları Göndərənin nüfuzuna istinad edirdilər. İsa isə deyir: «Mənsə Sizə deyirəm». Sözlərini təsdiqləmək üçün Onun başqa nüfuza ehtiyacı yox idi. Nüfuz da, güc də Onda təcəssüm olunmuşdu. İsa inandırıcı danışırdı və nə danışdığını da yaxşı bilirdi.
İnsan həyatının bütün sahələrində mütəxəssislərin nüfuzu var. Musiqiçilər deyirlər ki, Toskanini dirijorluq etmək üçün ayağa qalxanda o, nüfuzu ilə ətrafa təsir edir və bütün orkestr bunu hiss edirdi. Texniki məsləhətə ehtiyacımız olanda, mütəxəssisə müraciət edirik. İsa Məsih dirilmə və həyatdır. O danışır və insanlar bilirlər ki, Onun dedikləri insan təcrübəsindən üstündür — O, Allahdır.
38-39
Burada həkim-Luka yazır. «Yüksək qızdırma içində yatırdı» — sırf tibbi ifadədir. Lukanın burada işlətdiyi yunan ifadəsi ağır xəstəlikdən əziyyət çəkən insanı göstərir. Yunan tibb müəllifləri qızdırmanı iki növə bölürdülər — güclü və zəif.
Luka bu xəstəliyin nə olduğunu yaxşı bilirdi.
Bu qısa epizodda üç mühüm həqiqət var:
İsa xidmət etməyə həmişə hazır idi. O, sinaqoqdan təzəcə çıxmışdı. Hər bir keşiş xidmətdən sonra özünü necə hiss etdiyini yaxşı bilir. O, qəlbi ilə bütün gücünü xidmətinə sərf etmişdi və indi istirahətə ehtiyacı var idi. Xidmətdən sonra izdiham və ya xəstələrin iniltisi onu heç də narahat etmirdi. Lakin İsa sinaqoqdan çıxıb Şimon Peterin evinə girən kimi insan iztirabı ilə üz-üzə gəldi. O demədi ki, yorğundur, istirahətə ehtiyacı var, bir kəlmə də narazılıq etmədən xidmətini davam etdirdi.
İngiltərənin Qurtuluş Ordusundan olan insanlar İkinci Dünya Müharibəsində almanların Londona hava hücumları zamanı xanım Bervikin fədakar xidmətlərindən danışırlar. Xanım Bervik təqaüdə çıxıb Londona köçməzdən əvvəl Liverpulda Xilas Ordusunun sosial şöbəsinə rəhbərlik edirdi. Bombardman zamanı insanların ağlına qəribə fikirlər gəlirdi: onlar elə düşünürdülər ki, hətta bombardmanlar zamanı onun evi daha təhlükəsizdir, ona görə də ora toplaşırdılar. Xanım Bervik təqaüdə çıxsa da, insanlara kömək etmək arzusu onu tərk etmirdi. O, ilk yardım dəstini yığdı və pəncərədən sadə bir qeyd asdı: «Əgər sizə kömək lazımdırsa, qapını döyün». İsa insanlara kömək etməyə həmişə hazır idi. Məsihçilər də belə etməlidir.
2) Möcüzələr göstərmək üçün İsanın insan izdihamına ehtiyac yox idi. Əgər söhbət xüsusi adamlardan gedirsə, bir çox insanlar vaxtları da, istəkləri də olmasa, kütlə qarşısında nəsə etməyə hazırdırlar. Bəziləri özlərini cəmiyyətdə əla, evdə isə ədəbsiz aparırlar. Adətən, insan yad adama nəzakətlə, minnətdarlıqla yanaşır, onun qədrini bilir, amma yaxınlarına isə tam əksinə davranır. İsa möcüzələrə tamah salan izdihamdan uzaqda, Kefernahumda sadə bir kənd evində bütün gücünü və səlahiyyətini göstərməyə hazır idi.
3) Şimon Peterin qayınanası sağalan kimi, o anda durub onlara xidmət etməyə başladı. O başa düşdü ki, insanlara xidmət etmək üçün sağlamlığı yenidən bərpa olunub. Qadın insanların onun üçün nəsə edəcəyini gözləmədi: o, dərhal yemək hazırladı, doğmalarına və İsaya xidmət etməyə başladı. Analar həmişə belədir. Biz də unutmamalıyıq ki, əgər Allah bizə əvəzsiz sağlamlıq və güc bəxş edibsə, demək, onları bizə insanlara xidmət edə bilməyimiz üçün verib.
40-44
İsa təkbaşına dua etmək üçün səhər tezdən evdən çıxdı. O, insanların ehtiyacını yalnız ona görə ödəyə bilirdi ki, sübh tezdən Allahla təklikdə qalırdı. Bir dəfə Birinci Dünya Müharibəsi illərində Qərb Cəbhəsində Müttəfiqlərin Baş Qərargahının iclası təyin olundu. Təyin olunmuş vaxtda baş komandan marşal Foşdan başqa hamı yerində idi. Onu yaxından tanıyan zabitlərdən biri dedi: «Mən onu haradan tapacağımı bilirəm». O, zabit yoldaşlarını baş qərargahın yaxınlığındakı xarabalığa dönmüş kilsəyə apardı. Onlar baş komandiri xaraba qurbangahın qarşısında diz çökərək dua edərkən tapdılar. Baş Qərargahla görüşməzdən əvvəl marşal Foş Allah qarşısında səcdə etməli idi.
İzdiham Onun təklikdə qalmasına mane olduğu üçün İsa nə şikayətləndi, nə də narazılıq etdi. Dua etmək vacibdir, amma insanların ehtiyacları da bir o qədər vacibdir. Görkəmli missioner müəllim Florens Olshorn missioner hazırlığı məktəbinə rəhbərlik edirdi. O, insan təbiətinə yaxşı bələd idi və qab-qacaq yumaq lazım gələndə «dua edirəm» deyib kənara çəkilən adamları sevmirdi. Dua etmək lazımdır, amma duaya görə məsuliyyəti ertələmək olmaz. Dua insanı bəşəri ehtiyaclardan uzaq salmamalıdır. Əksinə, onu insanların ehtiyaclarını ödəməyə hazırlamalıdır. Bəzən istəmədən belə duanı tez bitirib işə başlamaq lazımdır.
3) İsa cinlərin danışmasına icazə vermirdi. Biz dəfələrlə İsanın dilindən susmağın vacib olduğu barədə eşidirik. Niyə? Sadə bir səbəbə görə: yəhudilərin Məsih haqqında öz baxışları var idi. Onların təsəvvürünə görə, Məsih qartalın boynunu ayağı ilə tapdalayan və romalıları İsraildən qovacaq qalib bir padşah olmalı idi. İsraildə həmişə kimsə üsyan etməyə hazır vəziyyətdə idi. Üsyan qığılcımları həmişə içəridə yanır, tez-tez də üzə çıxırdı. İsa bilirdi ki, əgər Onun Məsih olduğu məlum olarsa, dərhal üsyan başlayacaq. İnsanlar Onun Məsih olduğunu dərk etməzdən əvvəl, onlara Məsihin qalib padşah deyil, əzab çəkən bir qul olduğunu öyrətməli idi. O, insanlara susmağı əmr edirdi, çünki onlar hələ Məsihliyin nə olduğunu bilmirdilər. Lakin O bilirdi ki, insanlar yanlışlıqla başlasalar, bu, şübhəsiz ki, ölümə və məhvə səbəb olacaq.
4) Burada biz ilk dəfə Lukanın Müjdəsində Allahın Padşahlığı barədə qeydə rast gəlirik. İsa Allahın Padşahlığını elan etmək üçün gəlmişdi (Mark 1:15). Bu Onun təbliğinin mahiyyətidir. O, Allahın Padşahlığı dedikdə nəyi nəzərdə tuturdu? Allahın Padşahlığı dedikdə İsa...
a) keçmişi nəzərdə tuturdu. İbrahim, İshaq və Yaqub Padşahlıqda idilər. Onlar uzun əsrlər əvvəl yaşamışdılar (Luka 13:28).
b) indiki zamanı nəzərdə tuturdu. O dedi: «Allahın Padşahlığı sizin daxilinizdədir» (Luka 17:21).
c) gələcəyi nəzərdə tuturdu. Allah insanlara Allahın Padşahlığını gələcəkdə verməli idi və insanlar bu barədə Allaha dua etməli idilər.
Bəs necə olur ki, Allahın Padşahlığı eyni zamanda həm keçmiş, həm indi, həm də gələcəkdə ola bilir? Gəlin «Ey göylərdə olan Atamız» duasına nəzər salaq. Onda yan-yana iki dilək var: «Sənin Padşahlığın gəlsin; Göydə olduğu kimi yerdə də Sənin iradən olsun» (Matta 6:10). Zəburun hər ayəsindən göründüyü kimi, eyni fikri iki dəfə təkrarlamaq yəhudilərə xas xüsusiyyət idi; üstəlik, fikrin ikinci hissəsi birinci hissənin ideyasını izah edir, inkişaf etdirir və ya gücləndirir. Gəlin bu iki ifadəni birləşdirək: «Padşahlığın gəlsin; Göydə olduğu kimi yerdə də Sənin iradən olsun». İkinci ifadə birincini izah edir: yəni Allahın Padşahlığı yer üzündəki insanlardan ibarət cəmiyyətdir. Orada Allahın iradəsi göydə olduğu kimi qüsursuz şəkildə həyata keçirilir. Əgər insan keçmişdə Allahın iradəsini qüsursuz yerinə yetiribsə, deməli o, Allahın Padşahlığındadır; əgər kimsə indiki zamanda Allahın iradəsini qüsursuz yerinə yetirirsə, o, Allahın Padşahlığındadır; lakin bütün insanların Allahın iradəsini qüsursuz yerinə yetirəcəyi gün hələ çox uzaqdadır; buna görə də Allahın Padşahlığının tamamlanması gələcəkdədir; buna görə də Allahın Padşahlığı eyni zamanda keçmiş, indi və gələcəyə aiddir.
İnsanlar öz hərəkətlərində dəyişkəndirlər: bəzən Allahın iradəsini yerinə yetirirlər, bəzən də onu pozurlar. Buna görə də İsa Məsih Allahın Padşahlığının həm təməli, həm də təcəssümüdür. O, insanlara Onun etdiyi kimi etməyə imkan vermək üçün gəldi. Allahın iradəsini yerinə yetirmək — Allahın Padşahlığının sakini olmaq deməkdir. Buna görə də belə dua etmək lazımdır: «Ey Allahım, Öz Padşahlığını mənim daxilimdə qur».