Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 3-cü fəsil

V. Barklinin şərhləri

3-cü fəsil

1-6

ALLAHIN ELÇİSİ (Luka 3:1-6)

Luka Vəftizçi Yəhyanın meydana çıxmasını tarixin ən mühüm hadisələrindən biri hesab edir. Luka üçün bu, o qədər əhəmiyyətli idi ki, o, Yəhyanın meydana çıxmasını altı fərqli şəkildə təsvir edir.

  1. Tiberi Avqustun varisi idi, buna görə də Roma İmperiyasında ikinci ən əhəmiyyətli adam idi. Artıq eramızın 11-ci və ya 12-ci illərində Avqust onu hakimiyyətinə şərik etdi, lakin Tiberi yalnız 14-cü ildə təkbaşına hökmdar oldu. Buna görə də onun hakimiyyətinin on beşinci ili 28-29-cu ilə təsadüf edir. Luka Vəftizçi Yəhyanın ortaya çıxmasını o dövrün adət-ənənələrinə uyğun olaraq Roma imperatorunun hökmdarlığı fonunda müəyyən edir.

  2. Luka sonrakı üç tarixi İsraildə tetrarxların hökm sürdüyü siyasi quruluşla əlaqələndirir. Dörd bölgəyə bölünən Fessali və Qalileya kimi əyalətlərdə hökmdar tetrarx titulu daşıyırdı. Sonralar bu sözün mənası genişlənmiş və ümumiyyətlə, istənilən ərazinin hökmdarını bildirməyə başlamışdır. Təxminən 40 il padşahlıq edən Böyük Hirod eramızdan əvvəl 4-cü ildə vəfat etdi. O, səltənətini üç oğlu arasında bölüşdürdü. Bu da ilk dəfə Roma hökuməti tərəfindən qəbul edildi.

a) Hirod Antipa Qalileyanı və Pereyanı miras aldı. O, eramızdan əvvəl 4-cü ildən eramızın 39-cu ilinə qədər padşahlıq etmişdir. Buna görə də İsanın həyatı Hirodun padşahlığı dövründə və Qalileyanın sərhədləri daxilində keçmişdi.

b) Hirod Filip İtureyanı və Traxonitis bölgəsini miras aldı. O, eramızdan əvvəl 4-cü ildən eramızın 33-cü ilinə qədər hökmranlıq etdi. Qeysəriyyə Filipin şərəfinə Filip Qeysəriyyəsi adlandırıldı, çünki şəhəri o, tikdirmişdi.

c) Arxela Yəhudeya, Samariya və İdumeyanı miras aldı. O, çox pis padşah idi. Yəhudilər axırda bezib onu taxtdan salmaq xahişi ilə Romaya üz tutdular və Roma Yəhudeyadakı daimi iğtişaşlardan narazı qalaraq, Yəhudeyaya vali təyin etdi. Nəticədə romalılar Yəhudeyaya birbaşa nəzarət etməyə başladılar. Həmin dövrdə ⸻ 25-37-ci illərdə Yəhudeyanın valisi Ponti Pilat idi. Beləliklə, Luka bir cümlə ilə bizə vaxtilə Böyük Hiroda məxsus olan səltənətin bölünməsinin təsvirini verir.

3) Lisaniya haqqında heç nə məlum deyil.

4) Luka dünya əhəmiyyətli hadisələri və İsraildəki daxili siyasətin ən mühüm məqamlarını qeyd edərək, İsrailin dini həyatına nəzər salır və baş kahinlər ⸻ Xanan və Qayafanın dövründə Vəftizçi Yəhyanın zühur etdiyini qeyd edir. Lakin heç vaxt eyni vaxtda iki baş kahin olmamışdır. Bəs bu iki adı verməklə Luka nə demək istəyir? Baş kahin yəhudi cəmiyyətinin həm mülki, həm də dini rəhbəridir. Qədim dövrlərdə baş kahin vəzifəsi irsi və ömürlük idi. Lakin romalıların gəlişi ilə bu vəzifə hər cür intriqaların obyektinə çevrildi. Bütün bunların nəticəsində bizim eradan əvvəl 37-ci ildən bizim eranın 26-cı ilinə qədər olan dövrdə iyirmi səkkiz baş kahin dəyişmişdi. Xanan bizim eranın 7-ci ilindən 14-cü ilinə qədər baş kahinlik etmişdi. Bizi maraqlandıran dövrdə o, vəzifədə deyildi, lakin ondan sonra onun dörd oğlu baş kahin oldu, Qayafa isə onun kürəkəni idi. Qayafa vəzifə etibarilə baş kahin olsa da, əslində, hakimiyyətə Xanan nəzarət edirdi. Təsadüfi deyil ki, həbs olunduqdan dərhal sonra İsa ilk dəfə Xananın yanına gətirildi (Yəhya 18:13), baxmayaraq ki, həmin vaxt o, vəzifədə deyildi. Buna görə də Luka öz adını Qayafanın adı ilə əlaqələndirdi: Qayafa baş kahin olsa da, Xanan Yəhudeyanın dini cəhətdən ən nüfuzlu şəxs olaraq qalırdı.

4-6-cı ayələr Yeşaya 40:3-5-dən götürülən sitatdır. Şərqdə padşah öz rəiyyətini yoxlamaq istəyəndə yolları qaydaya salsın deyə xalqa xəbərdarlıq etmək üçün adam göndərirdi. Beləcə Vəftizçi Yəhya Padşahın elçisi kimi təqdim olunur. Yəhya insanların ürəklərini və həyatlarını hazırlaması üçün onlara çağırış edərək «Budur, Rəbb gəlir, Rəbbin yolunu hazırlayın», yəni həyat tərzinizi dəyişin deyir. Həyatımızdan istifadə etməsi üçün onu Rəbbə verməyə borcluyuq.

7-18

VƏFTİZÇİ YƏHYA TÖVBƏYƏ ÇAĞIRIR (Luka 3:7-18)

Bu hissədə Vəftizçi Yəhyanın təbliği yer alır.

Yəhya səhrada yaşayırdı. Səhra kolluqlar və quru kövşənliklə4 örtülmüşdü. Bəzən bir qığılcımdan səhra alovlanır, zəhərli ilanlar dəhşət içində sürünə-sürünə yuvalarından və torpağın çatlarından çıxırdı. Yəhya vəftiz olunmaq üçün yanına gələn bəzi insanları onlarla müqayisə edirdi.

Yəhudilər Allahın planlında xüsusi yer tutduqlarına şübhə etmirdilər. Onlar inanırdılar ki, Allah başqa millətləri bir ölçü, yəhudiləri isə başqa ölçü ilə mühakimə edəcək. Onlar elə düşünürdülər ki, insan yəhudi olduğuna görə Allahın hökmündən azad olur. Onların fikrincə, İbrahimin oğlu Allahın hökmündən azaddır. Vəftizçi Yəhya isə onlara deyirdi ki, irqi imtiyazların heç bir əhəmiyyəti yoxdur, Allah insanı mənşəyinə görə deyil, həyatına görə mühakimə edəcək.

Yəhyanın təbliği üç səbəbə görə vacibdir:

1) Bu təbliğ insanlara sahib olduqlarını paylaşmağı öyrətməklə başlayır. Bu, ictimai əmr idi. Mənası da o idi ki, başqaları korluq çəkdiyi halda, Allah çox şeydən həzz alan insanı heç vaxt bağışlamayacaq.

2) Bundan əlavə, bu təbliğ insandan tələb edir ki, o öz işindən əl çəkməsin, çalışqanlıqla öz xilasına töhfə versin. Qoy vergiyığan layiqli vergiyığan kimi qalsın; əsgər yaxşı əsgər olsun. İnsan Allaha onu yerləşdirdiyi yerdə qulluq etməlidir.

Zənci mahnılarından birinin sözlərində belə deyilir.

Bir Padşah və Uca Rəbb var, O, tezliklə gələcək.

O gələndə məni əlimdə kərki ilə pambıqda görəcək.

Mən Onun səmavi ordusunun səsini eşidəcəyəm,

O gələndə məni əlimdə kərki ilə pambıqda görəcək.

Bir nəfəri kənara atdılar və onu işgəncə ilə öldürdülər.

O gələndə məni əlimdə kərki ilə pambıqda görəcək.

Ona nifrət etdilər, rədd etdilər, xor baxdılar, Çarmıxa çəkdilər.

O gələndə məni əlimdə kərki ilə pambıqda görəcək.

O gələndə müqəddəslər və mələklər başına tac qoyacaqlar,

«Rədd edilmiş adama hosanna» deyə oxuyacaqlar.

O gələndə, mən də pambıqda Onun önündə diz çökəcəyəm.

Yəhya əmin idi ki, insan ən yaxşı halda öz işi ilə Allaha xidmət edə bilər.

3) Yəhya yalnız Allahın elçisi olduğunu bilirdi. Padşahın gəlişi hələ qabaqdadır, mühakiməsi də Özü ilə gələcək. Kürək böyük yastı taxtadan ibarət idi; biçilmiş taxıl kürəklə havaya atılırdı, ağır olan buğda yerə düşür, samanı isə külək aparırdı. Saman taxıldan ayrıldığı kimi, Padşah da salehləri günahkarlardan ayıracaq.

Beləliklə, Vəftizçi Yəhya hökm gününün təsvirini verdi. Əgər insan Allah, qonşuları qarşısında borcunu yerinə yetiribsə, vicdanla gündəlik işinin öhdəsindən gəlibsə, belə bir hökmü sakitcə gözləyə bilərdi.

Vəftizçi Yəhya bütün dövrlərin ən uğurlu təbliğatçılarından biri idi. Günlərin bir günü məşhur xütbədən sonra keşişi təbrik edəndə, o soruşmuşdu: «Vəz kimə necə təsir etdi?» Vəftizçi Yəhya insanları hərəkət etməyə çağırırdı. O, dini incəliklərdən yox, həyatdan danışırdı.

19-20

VƏFTİZÇİ YƏHYANIN HƏBSİ (Luka 3:19-20)

Vəftizçi Yəhya ədalətli həyat tərzini kəskin və açıq şəkildə təbliğ edirdi. Beləliklə, o özünə problem yaratdı. Hirod onun həbs olunmasını əmr etdi. İosif Flavi deyir ki, Hirod «xalq üzərində böyük təsiri olan Yəhyanın xalqı özünə tabe etdirəcəyindən və üsyana başlayacağından qorxurdu. Çünki xalq onun dediyi hər şeyi etməyə hazır görünürdü». Bu, sözsüz ki, həqiqətdir. Lakin Əhdi-Cədid müəllifləri daha ciddi səbəb göstərirlər. Hirod Aqrippa Hirodiya ilə evləndiyinə görə Yəhya onu məzəmmət elədi.

Həmin evlilikdə münasibətlər çox mürəkkəbdir. Böyük Hirodun çoxlu arvadı var idi. Hirodiya ilə evlənən və Yəhyanı həbs edən Hirod Antipa Böyük Hirodun və samariyalı qadın Malfakanın oğlu idi. Hirodiya Böyük Hirodun və Mariamnanın oğlu Aristovulusun qızı idi. Gördüyümüz kimi, Böyük Hirod öz hökmranlığını Arxela, Hirod Antipa və Hirod Filip arasında bölmüşdü. Böyük Hirodun başqa bir arvadından başqa bir oğlu var idi, onun da adı Mariamna idi. Mariamna baş kahin Şimonun qızı idi. Mariamnanın oğlu Hirod atasının mülkündən pay almadı, Romada fərdi olaraq yaşadı və Hirodiya ilə evləndi. Əslində, o, Hirodiyanın əmisi idi, çünki həm o, həm də atası Aristovul Böyük Hirodun müxtəlif arvadlardan olan oğulları idi. Hirod Antipa Romaya səfərlərinin birində Hirodiyanı yoldan çıxartdı, onu ögey qardaşından ayırdı və onunla evləndi. O, eyni zamanda onun gəlini idi, yəni ögey qardaşının arvadı və qardaşı qızı idi, başqa sözlə, digər ögey qardaşı Aristovulusun qızı idi.

Bütün bunlar yəhudilərə son dərəcə iyrənc görünürdü, çünki bütün normalara zidd idi. Şərqdə zalım hökmdarı qınamaq təhlükəli idi, lakin Yəhya buna cəsarət etdiyinə görə tutuldu və Ölü dənizin sahilindəki Maxeron qalasında həbs edildi. Səhra adamını yeraltı zindana salmaqdan daha qəddar bir şey düşünmək mümkün deyildi. Bundan əlavə, onun başı narazı Hirodiyanı razı salmaq üçün kəsilmişdi (Matta 14:5-12; Mark 6:17-29).

Həqiqəti demək həmişə təhlükəlidir. Amma özünü haqqa xidmətə həsr edən insan ömrünü həbsxanada başa vursa da və ya edam olunsa da, son nəticədə qalibdir. Bir dəfə Şotlandiya hökmdarı qraf Morton islahatçı Endryu Mellvili hədələyərək demişdi: «Sizin yarınızı asıb və ya ölkədən çıxarmayana qədər bu ölkədə sakitlik olmayacaq». Mellvili isə hədə-qorxuya belə cavab vermişdi: «Əlahəzrət, siz öz saray əyanlarınızı belə qorxuda bilərsiniz. Mənim üçün havada və ya yerdə çürüməyimin fərqi yoxdur. Allaha şükür olsun ki, Onun həqiqətini asmaq və ya qovmaq sizin səlahiyyətinizdə deyil». Platon bir dəfə demişdi ki, müdrik insan həmişə haqsızlıq etməkdənsə, haqsızlığa məruz qalmağı üstün tutur. İnsan özündən soruşmalıdır ki, son nəticədə kimin yerində olmaq istərdi ⸻ Hirod Antipanın, yoxsa Vəftizçi Yəhyanın?

21-22

İSANIN VƏFTİZİ (Luka 3:21-22)

Kilsə mütəfəkkirləri həmişə «Nəyə görə İsa vəftiz olunmaq üçün Yəhyanın yanına getdi?» sualına cavab axtarıblar. Yəhyanın vəftizi ⸻ tövbə vəftizi idi, biz isə İsanın günahsız olduğunu yaxşı bilirik. Bəs onda nəyə görə İsa vəftiz olunmağa getdi? Erkən İmanlı Cəmiyyətində elə zənn edirdilər ki, O, bunu anasının xahişi ilə, onu razı salmaq üçün etmişdi. Amma bunun başqa səbəbi var idi.

Hər bir insanın həyatında bütün ömrünə xüsusi məna verən müəyyən mərhələlər, həlledici məqamlar olur. İsanın həyatında da belə oldu. Biz İsanın bütün həyatına təkrar-təkrar baxmaq məcburiyyətindəyik. İlk vacib məqam Onun on iki yaşında ikən Yerusəlimdəki Məbədi ziyarət etməsi və əhəmiyyətini dərk etməsi oldu. Vəftizçi Yəhyanın peyda olduğu vaxt İsanın təxminən otuz yaşı var idi (Luka 3:23). Yəni ən azı on səkkiz il keçmişdi. Bu müddət ərzində O, yer üzündəki müstəsna vəzifəsini daha dərindən dərk etmişdi. Buna baxmayaraq, O, Nazaretli kənd dülgəri olaraq qalmışdı. Çünki bir gün Nazaretlə vidalaşacağını və Özünü böyük missiyasına həsr edəcəyini bilirdi.

Yəhya peyda olanda insanlar onu dinləmək və vəftiz olunmaq üçün dəstə-dəstə gəldilər. Bütün ölkədə Allaha misli görünməmiş maraq yaranmışdı. Elə bu vaxt İsa anladı ki, Onun zamanı çatıb. Məsələ İsanın Özünü günahkar hiss etməsi və ya tövbə etmək istəyinin yaranmasında deyildi. Yəhya şəhadət edir ki, o, Məsihin İsrailə zahir olması üçün su ilə vəftiz etməkdən ötrü gəlib (Yəhya 1:31). Məsihin vəftizi Onun üçün də, İsrail üçün də böyük əhəmiyyət kəsb edirdi. Vəftizçi Yəhya Onun haqqında Müqəddəs Ruhla vəftiz edən Allahın Quzusu kimi şəhadət edir (Yəhya 1:29-32-33). Səmavi Ata Onun haqqında Oğlu kimi şəhadət edir. O, vəftiz olunanda Allah Onunla danışdı. Səhv etməyin: vəftiz zamanı baş verənlər həm də İsanın şəxsi təcrübəsi idi. Allahın səsi Ona çatdı və Allahın Ondan razı olduğunu bildirdi. Ancaq Allahın səsi daha çox şey etdi: Onun bütün yolunu qabaqcadan göstərdi.

Allah Ona dedi: «Sən Mənim Sevimli Oğlumsan, Səndən razıyam». Bu ifadə iki hissədən ibarətdir «Sən Mənim Sevimli Oğlumsan» ⸻ Zəbur 2:7-dən olan hissə. Bu ayə həmişə Məsihi Padşah kimi təsvir olunduğunu göstərir. «Səndən razıyam» ifadəsi Yeşaya 42:1-in bir hissəsidir və Yeşaya 53-cü fəsildə həyatı iztirabla başa çatan Rəbbin xidmətçisinin təsviridir. Bu onu göstərir ki, İsa vəftiz olunarkən, birincisi, Allahın məsh olunmuş Padşahının Məsih olduğunu bir daha dərk etdi. İkincisi, O dərk etdi ki, bu Onu iztirablara və Çarmıxa aparacaq. Çarmıx İsanın taleyində gözlənilməz hal olmadı: O, missiyasını dərk etdiyi andan qarşıda Onu Çarmıx gözləyəcəyini bilirdi.

23-38

İSA MƏSİHİN NƏSİL ŞƏCƏRƏSİ (Luka 1:23-38)

Bu hissə dərin məna ifadə edən bir fikirlə başlayır. Burada deyilir ki, İsa xidmətə başlayanda ən azı otuz yaşında idi. Dünyanın Xilaskarı olmaq missiyasını dərk etdiyi halda, nəyə görə İsa otuz ilini Nazaretdə keçirdi? Deyilənə görə, Yusif gənc ikən ölmüşdü və İsa anasına, kiçik bacılarının qayğısına qalmalı olmuş, onlar böyüyənə qədər Nazareti tərk etmək haqqını Özündə hiss etməmişdi. Səbəb hər nə olursa-olsun, bir şey aydındır ki...

  1. İsa dünyanı xilas etmək kimi böyük vəzifəni üzərinə götürməzdən əvvəl ailəsində daha təvazökar xarakterli müxtəlif tapşırıqları yerinə yetirməli idi. İsa ailəsinin gündəlik ehtiyaclarının öhdəsindən gəlməklə, Özünü üzərinə düşəcək böyük tapşırığa hazırlayırdı. O, talantlar haqqında məsəli danışarkən sadiq xidmətçilərinə deyir: «Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam» (Matta 25:21-23). Bunu deyəndə, O, şübhəsiz ki, Öz təcrübəsindən də danışırdı. Kimsə ölmüş anası haqqında belə demişdi: «Onun həyatına baxanda yarımçıq qalan kiçik bir şey də görmürəm». İsa bütün sadə işləri sədaqətlə yerinə yetirdiyi üçün Ona dünyada ən böyük vəzifə verildi.

  2. O Öz təlimini əməllərində göstərə bilirdi. Əgər O, heç bir qohumluq əlaqəsi və öhdəliyi olmayan səfil biri olsaydı, insanlar Ona deyə bilərdi: «Sənin insani vəzifələr və münasibətlər haqqında danışmağa nə haqqın var? Məgər sən onları nə vaxtsa yerinə yetirmisən?» Amma İsa təkcə «Öyrətdiyim kimi yaşa» demirdi, «Mənim etdiyim kimi et» deyirdi. Tolstoy həmişə sevgi ilə yaşamaqdan danışırdı. Lakin arvadı onun haqqında bunları demişdi: «Onun içində isti münasibət çox azdır. Onun mehribanlığı ürəkdən deyil, yalnız prinsiplərindən irəli gəlir. Onun tərcümeyi-halında fəhlələrə vedrələrlə su daşımaqda necə kömək etdiyi yazılacaq. Amma heç kim bilməyəcək ki, o, heç vaxt arvadının dincəlməsinə imkan verməyib, otuz iki ildə bir dəfə də olsun uşağına su verməyib, bir neçə dəqiqə çarpayısının yanında oturmayıb ki, mən də bir az dincəlim». Heç kim İsa haqqında belə bir şey deyə bilməzdi. İsa nəyi təbliğ edirdisə, onu də tətbiq edirdi.

3) İnsanlara kömək etmək üçün onların necə yaşadıqlarını bilmək lazımdır. İsa Nazaretdə otuz il yaşadığı üçün insanın gündəlik çörəyini necə qazandığını, işləyən adamın sabahkı günə necə ümidsiz olduğunu yaxşı bilirdi, borclarını ödəməkdən imtina edən pis müştəriləri tanıyırdı. İlahi təcəssümün möcüzəsi ondan ibarətdir ki, həyatda İsanın bilmədiyi heç bir problem yoxdur.

Burada İsanın şəcərəsi yer alır. Yəhudilər şəcərə ilə maraqlanırdılar. Xüsusən də yəhudi kahinlərinin Harunun nəslindən olduğunu sübut edən şəcərə ilə. Onlar salnamələrlə birlikdə saxlanılırdı. Ezra və Nehemyanın dövründə biz öz şəcərələrini təqdim edə bilmədiklərinə görə vəzifəsini itirmiş kahinlər haqqında oxuyuruq (Ezra 2:62; Nehemya 7:63-65).

Lakin İsa Məsihin burada verilmiş şəcərəsinin özəlliyi onun Matta 1:1-17-də verilmiş şəcərəsindən fərqliliyindədir. Bu şəcərənin özəlliyi həm də ondadır ki, yalnız Luka İbrahimdən Adəmə qədər İsanın nəsil şəcərəsini aydın şəkildə göstərir. İbrahimdən Davuda qədər nəsil şəcərəsi Luka və Mattada eynidir, lakin Davuddan Yusifə qədər fərqlidir. İnsanlar Əhdi-Cədidi öyrənməyə başlayandan bəri bu fərqləri izah etməyə çalışırlar.

Ən qədim izahatlardan biri budur ki, Mattanın qeyd etdiyi İsa Məsihin nəsil şəcərəsi ⸻ İsanın atalığı İbrahim oğlu Yusifdən miras aldığı padşah şəcərəsidir. Bütün şəcərədə ilahi məntiq hiss olunur. Qeyd edək ki, kişi nəslindən keçən bu şəcərədə Matta 39 dəfə «törədi» sözünü işlədir: «İbrahimdən İshaq, İshaqdan Yaqub törədi»... və beləliklə, 28 nəsil sadalanır. Ancaq Müqəddəs Ruhdan ilham almış müjdəçi Matta «Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu» yazmaqla, Məsihin İsrailin padşahı olaraq İbrahimin, Davudun, Süleymanın nəslindən gəldiyini göstərir.

Lukada Məsihin şəcərəsi Məryəmin nəslindən keçir. Diqqət yetirin ki, Məryəmin şəcərəsi, Mattada olduğu kimi, Davud üzrə Süleymanla deyil, Davudun başqa oğlu Natanla gedir. Bununla da aydın olur ki, həm Yusif, həm də Məryəm ⸻ İbrahimin nəslindən və Davudun padşah nəslindəndir. Buna görə də mələk Məryəmə dedi: «...Rəbb Allah Ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq» (Luka 1:32-33).

İsanın şəcərəsi ilə bağlı aşağıdakı iki məqamı da qeyd etmək lazımdır:

1) Lukada İsanın bir insan olaraq mənşəyi vurğulanır. Bu Onun insanlar arasında bir insan olduğunun əsl həqiqətinə diqqət çəkir. O, illüziya və ya yarımtanrı deyildi. İnsanları xilas etmək üçün O, sözün əsl mənasında, insan olmuşdu.

2) Matta nəsil şəcərəsini sıralayarkən İbrahim peyğəmbərdə dayanır. Luka isə Adəmə qədər gedib çıxır. Mattaya görə, İsa yəhudilərə aiddir; Luka üçün O, bütün bəşəriyyətə aiddir, çünki mənşəyi yəhudiliyin banisinə deyil, bütün bəşəriyyətin atasına aparır. Luka hətta İsanın bütün əcdadlarına münasibətdə milli və irqi sərhədləri aradan qaldırır.

Azərbaycan dilində Müqəddəs Kitab

Vəftizçi Yəhyanın gəlişi
(Matta 3:1-12; Mark 1:1-8; Yəhya 1:19-28)
1 Qeysər Tiberinin hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat Yəhudeyanın valisi idi. Hirod Qalileyada, qardaşı Filip İtureya və Traxonitis bölgəsində, Lisaniya Abileniyada hökmranlıq edirdi. 2 Xananla Qayafa baş kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil oldu. 3 O da İordan çayının ətrafındakı bütün bölgəni dolaşaraq insanların öz günahlarının bağışlanması üçün tövbə edib vəftiz olunmasını vəz edirdi. 4 Necə ki Yeşaya peyğəmbərin kitabında yazılıb:
«Səhrada nida edənin səsi gəlir:
“Rəbbin yolunu hazırlayın,
Onun keçəcəyi yerləri düz edin.
5 Hər dərə yüksəldiləcək,
Hər dağ və təpə aşağı endiriləcək,
Yoldakı əyriliklər düzələcək,
Kələ-kötür yerlər hamar ediləcək.
6 Bütün bəşər Allahın xilasını görəcək”».
7 Yəhya vəftiz olunmaq üçün yanına gələn camaata deyirdi: «Ey gürzələr nəsli! Üzərinizə gələcək qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8 İndi isə tövbəyə layiq bəhrələr verin. Ürəyinizdə “atamız İbrahimdir” deməyə başlamayın. Mən sizə deyirəm ki, Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 9 Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır».
10 Camaat ondan soruşurdu: «Bəs biz nə edək?» 11 Yəhya onlara belə cavab verdi: «İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün». 12 Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdular: «Müəllim, biz nə edək?» 13 Yəhya onlara dedi: «Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın». 14 Bəzi əsgərlər də gəlib ondan soruşdular: «Bəs biz nə etməliyik?» Yəhya da onlara cavab verdi: «Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin».
15 Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: «Görəsən bu, Məsihdirmi?» 16 Yəhya onların hamısına belə cavab verdi: «Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 17 Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq».
18 Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi. 19 Amma Yəhya hökmdar Hirodu qardaşı arvadı Hirodiyanı aldığına və etdiyi hər cür pis işlərə görə məzəmmət etdikdə 20 Hirod etdiyi bütün pis işlərə bunu da əlavə edərək Yəhyanı zindana saldırdı.
İsanın vəftiz olunması
(Matta 3:13-17; Mark 1:9-11)
21 Bütün xalq vəftiz olunanda İsa da vəftiz olundu. O dua edərkən göy yarıldı, 22 Müqəddəs Ruh bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».
İsanın nəsil şəcərəsi
(Matta 1:1-17)
23 İsa Öz xidmətinə başlayanda təxminən otuz yaşında idi. İnsanların zənnincə, O bu nəsildən idi: Yusif Oğlu Eli oğlu 24 Mattat oğlu Levi oğlu Melki oğlu Yannay oğlu Yusif oğlu 25 Mattitya oğlu Amos oğlu Nahum oğlu Hasli oğlu Naqqay oğlu 26 Mahat oğlu Mattitya oğlu Şimi oğlu Yoseh oğlu Yoda oğlu 27 Yoxanan oğlu Reşa oğlu Zerubbabil oğlu Şealtiel oğlu Neri oğlu 28 Melki oğlu Addi oğlu Kosam oğlu Elmadam oğlu Er oğlu 29 Yeşua oğlu Eliezer oğlu Yorim oğlu Mattat oğlu Levi oğlu 30 Şimeon oğlu Yəhuda oğlu Yusif oğlu Yonam oğlu Elyaqim oğlu 31 Melea oğlu Menna oğlu Mattata oğlu Natan oğlu Davud oğlu 32 Yessey oğlu Oved oğlu Boaz oğlu Salmon oğlu Naxşon oğlu 33 Amminadav oğlu Admin oğlu Arni oğlu Xesron oğlu Peres oğlu Yəhuda oğlu 34 Yaqub oğlu İshaq oğlu İbrahim oğlu Terah oğlu Naxor oğlu 35 Seruq oğlu Reu oğlu Peleq oğlu Ever oğlu Şelah oğlu 36 Qenan oğlu Arpakşad oğlu Sam oğlu Nuh oğlu Lemek oğlu 37 Metuşelah oğlu Xanok oğlu Yered oğlu Mahalalel oğlu Qenan oğlu 38 Enoş oğlu Şet oğlu Adəm oğlu Allah oğlu.