1-7
Roma İmperiyasında həm vergilərin tutulması, həm də hərbi xidmətə çağırılanların qeydiyyatı üçün müntəzəm olaraq siyahıyaalmalar aparılırdı. Düzdür, yəhudilər hərbi xidmətdən azad idilər. Buna görə də İsraildə siyahıyaalma əsasən vergiyə cəlb olunmaq üçün keçirilirdi. Prosesin Misir və Suriyada necə təşkil edildiyinə və Yəhudeyanın da Suriyanın bir hissəsi olmasına dair etibarlı mənbədən məlumatımız var. Bu məlumat Misir şəhər və kəndlərinin zibilliklərində, eləcə də səhrada tapılmış papiruslarda yazılan faktiki sənədlərdən gəlir.
Belə siyahıyaalmalar hər on dörd ildən bir keçirilirdi. 20-ci ildən 270-ci ilə qədər aparılan siyahıyaalmaların faktiki sənədləri günümüzə qədər gəlib çatmışdır. Əgər bu on dörd illik intervala Suriyada dəqiq əməl olunurdusa, deməli, sözügedən siyahıyaalma eramızdan əvvəl 8-ci ildə aparılıb və daha dəqiq desək, İsa həmin ildə doğulub. Bəlkə də Luka bir az səhvə yol verib. Məsələ burasındadır ki, Kvirini3, doğrudan da, eramızdan əvvəl 6-cı ildə Suriyanın hökmdarı olub. Lakin bundan əvvəl — eramızdan əvvəl 10-7-ci illərdə həmin yerlərdə rəsmi vəzifəsi olub. Çox güman, məhz onun fəaliyyətinin ilk dövründə də siyahıyaalma aparılmalı idi.
Bəzi alimlər siyahıyaalma zamanı hər kəsin öz şəhərinə gəlməli olması fikri ilə mübahisə edirdilər. Amma budur, Misirdən olan etibarlı hökumət fərmanı:
«Misirin perfekti Qay Vibi Maksim əmr edir:
«Siyahıyaalma vaxtının gəldiyini nəzərə alaraq, hər hansı səbəbdən öz kəndindən kənarda yaşayan hər kəsə siyahıyaalmanı lazımi qaydada keçirmək və onlara ayrılan torpaq sahələrini becərmək üçün evlərinə qayıtmağı əmr edirəm»».
Əgər Misirdə belə idisə, yəqin ki, qəbilə münasibətlərinin hələ də yaxşı qorunduğu Yəhudeyada da belə idi: insanlar öz ata-baba şəhərinə gəlməli idilər. Budur, Əhdi-Cədid məlumatlarının etibarlılığına dair bir nümunə.
Bet-Lexem Nazaretdən yüz otuz kilometr aralıda yerləşirdi. O dövrdə səyahət imkanları çox primitiv idi. Şərq karvansarası ümumi həyətə baxan bir sıra tövlələrdən ibarət idi. Səyahətçilər özləri ilə lazımi qidaları götürürdülər. Karvansaranın sahibi heyvanlar üçün qida və yer, yemək bişirmək üçün od ilə təmin edirdi. Bet-Lexemdə yer yox idi. Yusif və Məryəm otaq tapmadığına görə, Məryəm Körpəni karvansaranın həyətində dünyaya gətirdi. Körpənin sonra bələndiyi bələk kvadrat parçadan ibarət idi, bələyin üstündən diaqonal şəkilində lent bağlanırdı. Körpə əvvəlcə kvadrat parçaya bükülür, sonra isə lentlə bir neçə dəfə sarınırdı. Axur kimi tərcümə edilən söz isə heyvanların qidalandığı yer deməkdir; çox güman, ya pəyə, ya da yem təknəsi deməkdir.
Mehmanxanada yerin olmaması İsa və Onun gələcək taleyi baxımından simvolik məna daşıyırdı. Onun üçün yer yalnız Çarmıxda tapıldı. O, insanların qəlbinə yol axtarırdı, amma tapmadı. O, indiki dövrdə də axtarır, lakin inadla rədd edilir.
8-20
İsanın doğulması xəbərini ilk olaraq çobanların alması çox gözəldir. Ortodoks yəhudilər çobanlara xor baxırdılar. Axı çobanlar qanunun bütün müddəalarına, yəni digər norma və qadağalarda olduğu kimi, əllərin yuyulması ilə bağlı bütün xırda göstərişlərə əməl edə bilmirdilər. Onların sürüləri çox diqqət tələb edirdi. Buna görə də ortodoks yəhudilər onlara yuxarıdan aşağı baxırdılar. Allahın xəbəri ilk olaraq məhz onlara, tarlaların sadə adamlarına göndərildi.
Amma görünür, onlar qeyri-adi çobanlar idilər. Artıq bildiyimiz kimi, Məbəddə hər səhər və hər axşam Allaha birillik toğlu qurban gətirilirdi. Məbədi qurbanlıq yararlı quzularla təmin etmək üçün Məbəd rəhbərliyi sürü saxlayırdı. Məlumdur ki, bu sürülər Bet-Lexem yaxınlığında otarılırdı. Bəlkə də bu çobanlar Məbəd üçün seçilən quzu sürüsünü də otarırdılar. Məbədin sürüsünü otaran çobanların dünyanın günahını Öz üzərinə götürməkdən ötrü təyin edilmiş Allahın Quzusunu ilk görənlər olduğunu fərz etmək xoş təsir bağışlayır.
Artıq bildiyimiz kimi, yəhudi ailəsində oğlan uşağı dünyaya gələndə yerli musiqiçilər onun doğumunu sadə musiqi ilə bildirmək üçün valideynlərin evinin yaxınlığında toplaşırdılar. İsa Bet-Lexemdə karvansarada anadan olduğu üçün bu mərasim baş tuta bilməzdi. Amma yerdəki musiqinin əvəzinə səmavi musiqinin səslənməsi və İsa üçün ən yaxşı müğənnilərin oxuya bilmədiyi mahnıları mələklərin oxuması necə də möhtəşəmdir.
Bu barədə oxuyanda, Allahın Oğlunun doğulmasının çox pis şəraitdə baş verməsi fikri bizi sarsıdır. O, ümumiyyətlə, doğulmaq üçün nəzərdə tutulmuşdusa, bunun sarayda və ya qəsrdə olacağını gözləmək olardı. Avropa monarxlarından biri saraydan gizlicə çıxmağı və insanlar arasında özünü tanıtmadan gəzməyi xoşladığı üçün saray əyanlarını tez-tez narahat edirdi. Şəxsi təhlükəsizliyini əsas gətirərək bunu etməməyi ondan xahiş edəndə isə belə cavab vermişdi: «Mən insanların necə yaşadıqlarını bilmədən onlara hökmranlıq edə bilmərəm». Məsihçi imanı bizim Allahımızın həyatımızı bildiyinə dair əsas fikri təsdiqləyir. Çünki O Özü bu həyatı yaşayıb və adi insanlar üzərində xüsusi üstünlüklərdən imtina edib.
21-24
Bu hissədə görürük ki, İsa hər bir yəhudi oğlanı kimi üç qədim ayinlərdən keçib:
1) Sünnət. Hər bir yəhudi oğlan doğulduqdan sonra səkkizinci gündə sünnət edilirdi. Bu mərasim o qədər müqəddəs idi ki, hətta Şənbə günündə də həyata keçirilə bilərdi, halbuki qətiyyən zəruri olmayan bütün digər işləri yerinə yetirmək qanunla qadağan idi. Sünnət olunanda oğlana ad qoyurdular.
2) İlk övladın təqdis olunması. Qanuna görə (Çıxış 13:2), həm uşaqlarda, həm də heyvanlarda hər ilk doğulan erkək Allaha həsr olunurdu. Bu qanun insanlara həyat verən Allahın mərhəmətinə şəhadət edirdi. Əgər bu qanun sözün əsl mənasında yerinə yetirilsəydi, ümumən bəşəriyyətin varlığına xələl gətirərdi. Ona görə də «ilk övlad üçün fidyə» adlı ayin var idi (Saylar 18:16). Qanun müəyyən edirdi ki, beş şekel gümüş məbləği (təxminən 72,25 qr. gümüş) qarşılığında valideynlər oğullarının Allaha əvəzini ödəyə bilərdilər. Bu pul kahinlərə verilirdi, amma doğumdan sonrakı otuz birinci gündən tez olmamaq şərti ilə. Bundan sonra ödənişi təxirə salmaq olmazdı.
3) Uşaq dünyaya gəldikdən sonra paklanma mərasimi. Oğlan dünyaya gətirən qadın qırx gün, qız dünyaya gətirən qadın isə səksən gün murdar sayılırdı. O, gündəlik ev işlərini görə bilərdi, lakin Məbədə gedə və ya istənilən dini ayində iştirak edə bilməzdi (Levililər 12). Bu müddət bitəndən sonra o, Məbədə yandırma qurbanı üçün bir quzu və günah qurbanı üçün bir körpə göyərçin gətirməli idi. Bu, kifayət qədər bahalı qurban idi, buna görə də Qanunda (Levililər 12) yazılmışdır ki, əgər qadın quzu ala bilmirsə, onun yerinə ikinci göyərçini gətirə bilər. Quzu əvəzinə iki göyərçin qurbanın kəsilməsi «kasıbın qurbanı» adlandırılırdı. Məryəm də məhz belə bir qurban gətirdi. Bir daha görürük ki, İsa dəbdəbədən kənar, hər qəpiyin hesabının tutulduğu, çörək qazanmağın nə qədər çətin olduğunu bilən və sabahkı günə ümidi olmayan adi bir ailədə anadan olub. Biz həyatın ehtiyac və çətinliklərini yaşayanda, yada salmalıyıq ki, İsa dolanmağın nə qədər çətin olduğunu bilirdi.
Bu üç adət qədim olduğu qədər də qəribədir, lakin onların əsasında övladın Tanrının hədiyyəsi olduğuna dair əqidə var. Stoiklər deyirdilər ki, uşaqlar valideynlərə mülk kimi deyil, müvəqqəti sahib olmaq üçün verilir. İnsan Allahın nemətlərindən heç birinə görə övladdakı qədər böyük məsuliyyət daşımır.
25-35
Elə bir yəhudi yox idi ki, xalqını seçilmiş xalq hesab etməsin. Bununla belə, yəhudilər başa düşürdülər ki, onlar inanclarına görə əvvəlcədən yəhudi xalqı üçün müəyyən edilmiş dünyanın əzəmətinə sırf insan gücü ilə nail ola bilməyəcəklər. Onların əksəriyyəti seçilmiş xalq olduqlarına görə bir gün bütün millətlərə hökm edəcəklərinə inanırdılar. Onlar elə hesab edirdilər ki, vaxtı çatanda hansısa böyük səmavi qəhrəman yer üzünə enəcək. Bəziləri Davudun nəslindən İsrailin əvvəlki şöhrətini bərpa edəcək yeni padşahın doğulacağına inanırdılar. Üçüncü qrup insanlar isə inanırdı ki, Tanrı Özü hansısa fövqəltəbii yolla tarixin gedişinə müdaxilə edəcək. Amma bütün bu qruplarla yanaşı, «ölkədə dinc» adlanan daha kiçik bir qrup da var idi. Onlar zorakılıq və güc, ordular və əlamətlər xəyal etmirdilər. Onlar Allah gələnə qədər daimi dua və həyatı sakit şəkildə seyr etməyə inanırdılar. Bütün ömürləri boyu sakit və ümidlə Onu gözləyirdilər. Şimeon onlardan biri idi: duada ehtiramla, təvazökar və sədaqətli ümidlə Allahın Öz xalqına təsəlli verəcəyi günü gözləyirdi. Allah Müqəddəs Ruh vasitəsilə Şimeona söz vermişdi ki, o, Allahın məsh etdiyi Padşahı görənə qədər ölməyəcək. Şimeon Onu Körpə İsada tanıdı və təsəlli tapdı. O, başa düşdü ki, Tanrı onu sülhlə buraxır. Onun sözləri isə İmanlı Cəmiyyətinin böyük və sevimli ilahilərindən birinə çevrildi.
34-cü ayədə Şimeon İsanın fəaliyyətinin və taleyinin bir növ xülasəsini ifadə edir:
1) O, İsraildə bir çox adamın yıxılmasının səbəbkarı olacaq. Bu sözlər qəribə və qəddarcasına səslənsə də, ədalətlidir. İnsanı təkcə Allah mühakimə etmir, həm də insan özü-özünü mühakimə edir. Onun mühakiməsi İsa Məsih haqqında verdiyi qərardan asılı olacaq. Əgər insan bu cür fəzilət və gözəlliyə rast gələrək, onlara ürəkdən məhəbbətlə cavab verərsə, deməli, o, Allahın Padşahlığına aiddir. Əgər insan Onunla görüşdükdən sonra soyuq və laqeyd qalarsa və ya şüurlu şəkildə Ona qarşı düşmənçilik edərsə, lənətlənəcək və məhkum olunacaq. İnsan ya Məsihi sidq ürəkdən qəbul edə, ya da Onu rədd edə bilər.
2) O, bir çox adamın ucalmasının səbəbkarı olacaq. Seneka deyirdi ki, insanların çoxunun göylərdən onlara uzadılan və onları qaldıracaq bir ələ ehtiyacı var. İsanın əli insanı əvvəlki həyatından yeni həyata, günahdan xeyirxahlığa, rüsvayçılıqdan izzətə qaldırır.
3) O, insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunub. Heç kim İsaya biganə və laqeyd qala bilməz. Biz ya Ona təslim oluruq, ya da Ona qarşı vuruşuruq. Çox vaxt qürurumuz məğlubiyyətimizi etiraf etməyə imkan vermir ki, bizi qələbəyə doğru aparsın. Həyatın faciəsi də elə budur.
36-40
Xanna da «ölkədə dinc» qrupuna aid idi. Onun haqqında yalnız burada deyilənləri bilirik. Lakin bu qısa təsvirdə belə, Luka tam bir görüntü verir.
1) Xanna dul idi. O, kədərli və qəm-qüssə ilə dolu həyat yaşamışdı. Belə həyat tərzi insanı sərtləşdirə, amansız, kinli və Allaha itaətsiz etmək gücündə olsa da, Xannanı sərtləşdirə bilməmişdi. Lakin belə həyat tərzi həm də insanın daha mehriban, mülayim, rəğbətli olmasına kömək edə bilər. Sınaqlar həm imanımızı zəiflədə, həm də onu gücləndirə bilər. Hər şey bizim Allahla münasibətimizdən asılıdır. Əgər biz Onu zalım hesab ediriksə, Ona üsyan etməyə və qəzəblənməyə başlayırıq. Biz onu Atamız kimi qəbul ediriksə, əmin olarıq ki, Atanın əli heç vaxt əlavə göz yaşı tökməyimizə icazə verməz.
2) Onun səksən dörd yaşı var idi. O qocalsa da, ümidini heç vaxt itirməmişdi. İnsan qocalanda gücünü, zahiri gözəlliyini itirir. Həyat qəlbimizi sərtləşdirə, bəslədiyimiz ümidləri söndürə bilər və biz hər şeyə kədərli halda boyun əyib acizcəsinə gördüklərimizlə kifayətlənirik. Lakin yenə də, hər şey bizim Allahla necə münasibət qurmağımızdan asılıdır. Əgər biz Onu uzaq və laqeyd hesab etsək, ümidsizliyə qapıla bilərik. Lakin Onun bizimlə yaxından sıx bağlı olduğuna, həyatımızın gedişini yönləndirdiyinə inansaq, onda bizi yaxşı şeylərin gözlədiyinə əmin ola bilərik və bu ümid bizi ruhlandıracaqdır.
Bəs necə oldu ki, Xanna ruh yüksəkliyini qoruyub saxlaya bildi?
1) O, Məbədi tərk etmirdi. O, həyatını Allahın Məbədində Allahın övladları ilə keçirdi. Allah bizə iman anamız olmaq üçün Öz Cəmiyyətini verdi. Ona xidmət edən insanlarla birlikdə olmaq fürsətini əldən versək, özümüzü əvəzsiz xəzinədən məhrum etmiş olarıq.
2) O, dua etməyi heç vaxt dayandırmadı. Ümumi ibadət böyük gücdür, amma şəxsi ibadət də mühüm rol oynayır. Bir nəfər çox düzgün ifadə etmişdir: «Ən yaxşı dua edən o kəsdir ki, əvvəlcə təklikdə dua edir». Ötən illər ərzində Xannanın yaşadıqları onun ürəyini sərtləşdirmədi və imanını sarsıtmadı, çünki o, gündən-günə gücümüzün mənbəyi olan, zəifliyimizi Onun gücündə kamilləşdirdiyimiz Allahla ünsiyyət qururdu.
41-52
Bu hissə Müjdədə böyük əhəmiyyət kəsb edir. Qanuna görə, Yerusəlimdən təxminən iyirmi beş kilometr məsafədə yaşayan hər yetkin yəhudi Pasxa bayramında şəhərə gəlməli idi. Əslində, harada yaşamasından asılı olmayaraq, hər bir yəhudi həyatında bir dəfə də olsun bu bayramda iştirak etmək istəyirdi.
Yəhudi oğlan on iki yaşında olanda kişi sayılırdı. Bu zaman o, qanunun oğlu hesab edilir və qanunun bütün öhdəliklərini öz üzərinə götürürdü. Beləliklə, on iki yaşlı İsa ilk dəfə Yerusəlimə Pasxa bayramında gəldi. Biz müqəddəs şəhərin, Məbədin və müqəddəs ayinlərin Onda necə təəssürat yaratdığını təsəvvürümüzdə canlandıra bilərik.
Valideynləri geri qayıdanda, O, şəhərdə qaldı. Valideynlərinin Onun yoxluğunu dərhal fərq etməməsi onların diqqətsizliyi ilə bağlı deyildi. Adətən, qadınlar daha yavaş getdikləri üçün kişilərdən əvvəl yola düşürdülər. Kişilər daha gec yola düşür və daha sürətlə yeriyirdilər. Onlar yalnız axşam düşərgəsində görüşdülər. İsa ilk dəfə idi ki, Pasxa bayramında iştirak edirdi. Yusif elə zənn edə bilərdi ki, O, anası ilə gedib. Məryəm isə Onun Yusiflə getdiyini daha çox güman edə bilərdi. Buna görə də düşərgəyə çatana qədər Onun yoxluğunun fərqində olmadılar.
Valideynləri, təbii ki, Onu tapmaq məqsədilə Yerusəlimə qayıtdılar. Pasxa bayramı müddətində Ali Şura Məbədin həyətinə yığışaraq, maraqlananların iştirakı ilə dini sualları müzakirə edirdi. Valideynləri İsanı orada tapdılar. Yeniyetmə bir oğlanın yaşca özündən çox böyük adamların qarşısında böyük-böyük danışdığı səhnəni təsəvvür etmək lazım deyil. «Onlara qulaq asır, suallar verirdi» ifadəsi valideynlərindən öyrənən şagirdi xarakterizə edir. İsa müzakirəyə qulaq asırdı və ciddi bir tələbə kimi səylə bilik axtarırdı.
Burada biz İsanın tərcümeyi-halında mühüm yerlərdən birini tapırıq. «Atanla mən, — Məryəm dedi, — nigaran qalıb səni axtarırdıq». İsa dedi: «Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?» Fikir verin, İsa Yusifdən ata adını necə yumşaq, lakin qətiyyətlə götürüb Allaha yönəldir. İsa Allahla xüsusi münasibətlərinin olduğunu dərk edir. Körpə ikən O, axurda və ya anasının sinəsində olanda bu münasibətləri dərk edə bilməzdi, bu ağlasığmazdır. Lakin zaman keçdikcə O öyrənir, düşünürdü. İndi isə Yerusəlimdə bu ilk Pasxa bayramı zamanı kişi kimi yetkinləşərək açıq-aydın başa düşdü ki, O, Allahın Oğludur.
Qarşımızda İsanın Kim olduğunu anladığı günün hekayəsi canlanır. Baxın, bu kəşf Onu qürurlandırmadı. Bu Onun təvazökar valideynlərinə, həlim Məryəmə və qeyrətli Yusifə xor baxmasına səbəb olmadı. İsa onlarla birlikdə Nazaretə getdi və onlara itaətli oldu. Allahın Oğlu kimi O, yer üzündəki valideynlərinin də mükəmməl oğlu idi. Əsl ruhani insan dünyəvi əlaqələrinə xor baxmaz, yalnız qüsursuz sədaqətlə dünyadakı vəzifələrini yerinə yetirər.