Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: 1-ci fəsil

V. Barklinin şərhləri

1-ci fəsil

1-4

TARİXÇİNİN ÖN SÖZÜ (Luka 1:1-4)

Lukanın ön sözü ilk üç ayədə unikaldır, çünki burada ilk dəfə müəllif özü səhnəyə daxil olur və «mən» əvəzliyindən istifadə edir. Bu hissədə üç şeyə diqqət yetirilməlidir:

1) Bu, bütün Əhdi-Cədiddə yunan dilində yazılmış ən gözəl hissədir. Luka burada eynilə böyük yunan tarixçilərinin istifadə etdikləri ön söz formasından istifadə edir. Məsələn, Herodot öz yazılarına belə başlayır: «Bu, Halikarnaslı Herodotun tədqiqatının nəticəsidir». Sonrakı tarixçi Halikarnaslı Dionisi öz tarixinin lap əvvəlində belə yazır: «Yazmağa başlamazdan əvvəl mən bir qədər tanış olduğum ən bilikli insanların ağzından, qismən də romalıların yazdığı və təriflədikləri hekayələrdən məlumat topladım». Luka da onun üçün əlçatan olan ən yaxşı nümunələri istinad edərək öz kitabına ahəngdar yunan dili ilə başlayır. Görünür, Luka fikirləşirdi ki, o, dünyanın ən böyük tarixini yazır, buna görə də yalnız ən yaxşı formada yazılmalıdır. Qədim əlyazmaların bəziləri çox gözəl tərtib edilmiş, nazik bənövşəyi perqament üzərində gümüş mürəkkəblə yazılmışdır; çox vaxt mirzə Allahın və ya İsa Məsihin adını qızılla qeyd edirdi. Doktor Borem hər cümə günü maaş zərfindən ən yeni və par-par parıldayan sikkələri çıxaran və bazar günü ianə qabına atmaq üçün kənara qoyan yaşlı işçidən danışır. Tarixçinin, mirzənin, fəhlənin eyni məqsədi vardı: İsa ən yaxşısına layiqdir. Onlar əllərindəkinin ən yaxşısını Uca Yaradana verdilər.

2) Maraqlıdır ki, Luka ona qədər yazılanlarla kifayətlənmədi. O özündən yazmağı lazım bildi. Həqiqi din heç vaxt başqa mənbələrdən götürülə bilməz, o, həmişə dərin şəxsi kəşf, açıqlama olub. Professor Artur Qossip deyirdi ki, hər dörd Müjdə böyük əhəmiyyət kəsb edir, lakin onlardan daha üstün olanı bizim şəxsi təcrübəmizin diktə etdiyi Xoş Xəbərdir. Luka da İsa Məsihi özü üçün kəşf etmişdi.

3) Müqəddəs Kitabda Müqəddəs Yazıların ilahi ilham olduğunu bu qədər aydın şəkildə nümayiş etdirən başqa bir kitab yoxdur.

Heç kim bu kitabın ilahi ilhamın nəticəsi olduğunu inkar etməyəcək, lakin buna baxmayaraq, Luka onun ən diqqətli tədqiqatın nəticəsi olduğunu vurğulamaqla başlayır. İlahi ilham əlini ağdan-qaraya vurmayan, boş fikirlərlə oturub nəyisə gözləyən adama deyil, düşünən, axtaran, araşdıran insana nazil olur. Həqiqi ilham o zaman gəlir ki, insanın axtaran ağlı Allahın ruhunun gizli həqiqəti ilə birləşir. Allahın sözü nazil olur amma onu axtaran insanlara nazil olur. «...axtarın, tapacaqsınız...» (Matta 7:7).

5-25

VƏD EDİLMİŞ OĞUL (Luka 1:5-25)

Zəkəriyyə Aviya bölüyündən olan bir kahin idi. Harunun nəslindən olan hər kəs irsi olaraq kahin seçilirdi. Bu o demək idi ki, normal ibadət etmək üçün çoxlu kahin var idi. Buna görə də onlar iyirmi dörd növbəyə bölünmüşdülər. Yalnız Pasxa, Əllinci Gün və Çardaqlar bayramında bütün kahinlər xidmət edirdilər. İlin qalan vaxtlarında hər növbə bir həftə olmaqla iki dəfə xidmət göstərirdi. Xidmətlərini sevən kahinlər növbələrini səbirsizliklə gözləyirdilər. Bu onların həyatlarının kulminasiya nöqtəsi idi.

Kahin yalnız yəhudi nəslindən olan qadınla evlənə bilərdi. Zəkəriyyənin arvadı Elizavet kimi Harunun nəslindən olan bir qadınla evli olmaq xüsusilə təqdirəlayiq hesab edilirdi.

Ümumilikdə iyirmi minə yaxın kahin var idi. Buna görə də hər növbə minə yaxın kahindən ibarət idi. Növbələşmə püşkatma yolu ilə bölüşdürülürdü. Hər gün səhər və axşam bütün xalqın adından yandırma qurbanı — un və zeytun yağından ibarət taxıl təqdimi ilə birlikdə ləkəsiz və qüsursuz birillik toğlu, eləcə də şərabdan ibarət içmə təqdimi olan qurbanlar gətirilirdi. Səhər və axşam qurbanından əvvəl buxur qurbangahında Rəbbin xoşuna gələn ətir — yandırma təqdimi gətirilirdi. Ola bilsin, bir çox kahinlər həyatlarında bir dəfə də olsun buxur qurbanı təqdim etmək şərəfinə nail olmayıblar; amma kiməsə belə şərəf nəsib olardısa, həmin gün onun həyatında ən böyük gün sayılırdı. Ona görə də kahinlər onu xəyal edir, həsrətlə həmin anı gözləyirdilər. Həmin gün püşk Zəkəriyyəyə düşdü və o, şübhəsiz ki, çox təsirləndi.

Lakin Zəkəriyyə və Elizavetin həyatı faciəvi idi. Onlar sonsuz idilər. Yəhudi ravvinləri deyirdilər ki, yeddi cür adam Allahdan uzaq düşür. Siyahının əvvəlində arvadı olmayan və ya arvadı olub da uşağı olmayan yəhudi gəlirdi. Sonsuzluq boşanma üçün qanuni səbəb idi. Zəkəriyyənin onun üçün belə bir əlamətdar gündə şəxsi və ailəvi kədəri haqqında düşünüb dua etməsində təəccüblü heç nə yox idi. Məhz həmin vaxt Rəbbin Mələyi ona görünüb dedi ki, o, ümidini itirsə də, onun bir oğlu doğulacaq.

Məbədin içəri həyətində, kahinlərin həyətində buxur yandırılır və qurbanlar kəsilirdi. Qurbanlar təqdim olunarkən xalq qonşu həyətə, israillilərin həyətinə doluşurdu. Axşam qurbanını təqdim edən kahinin buxur yandırdıqdan sonra iki həyəti ayıran pərdəyə yaxınlaşmaq və xalqa xeyir-dua vermək kimi şərəfli vəzifəsi var idi. Camaat Zəkəriyyənin Məbəddə bu qədər ləngiməsinə heyrət etdi. Oradan çıxanda isə danışa bilmədi, adamlar onun Məbəddə görüntü gördüyünü başa düşdülər. Beləliklə, xoş xəbərdən dili tutulan Zəkəriyyə həftəlik növbəsini bitirib evinə getdi; Allahın xəbəri gerçəkləşdi və Elizavet hamilə qaldığına görə sevindi.

Burada mühüm bir həqiqət vurğulanır: Allahın Məbədində Zəkəriyyəyə Allahın xəbəri gəldi. Biz çox vaxt Allahdan bir xəbər eşitmək istəyirik. Bernard Şounun «Müqəddəs Yoxanna» pyesində Janna d’Ark Tanrının səsini eşidir. Dofin isə əsəbiləşərək «Ah sizin bu eşitdiyiniz səslər, səslər» deyir, «niyə bu səsləri mən eşitmirəm? Nə qədər olmasa kral mənəm, siz yox!». «Onlar sizin də qulağınıza gəlir, amma siz onları eşitmirsiniz, — deyə Janna d'Ark cavab verir. — Siz axşam düzənlikdə oturub onlara qulaq asmamısınız. Axşam kilsə zəngləri çalınanda siz sadəcə xaç çəkirsiniz. Amma bütün ürəyinizlə dua edib zənglərin cingiltisinə qulaq assanız, siz də mənim kimi səslər eşidəcəksiniz». Janna d'Ark Allahın səsini eşitmək üçün ona verilən fürsətdən istifadə etdi. Zəkəriyyə də Məbəddə olarkən Allahın səsini gözləyirdi. Allahın səsini Zəkəriyyə kimi dinləyənlər onu Allahın Məbədində eşidilir.

26-38

BAKİRƏ MƏRYƏMƏ MÜJDƏ (Luka 1:26-38)

Məryəm Yusifə nişanlı idi. Nişan bir il davam edir və evlilik kimi məcburi sayılırdı. Nişanı yalnız boşanma yolu ilə ləğv etmək olardı. Qızın nişanlandığı kişi ölərdisə, qanunun nəzərində o, dul sayılırdı. Qanunda bizim üçün qəribə bir ifadə var: «dul qalmış qız».

Bu hissədə biz məsihçi inancının ən mübahisəli bakirə qızın dünyaya uşaq gətirməsi doktrinası ilə üz-üzə qalırıq. Bakirə qızın dünyaya uşaq gətirməsi Allahın gücünün müdaxiləsini nəzərdə tutur, bu möcüzə əqlən başa düşülmür.

Təəccüblüsü odur ki, elm adamı, «sevimli həkim» (Kolosselilərə 4:14) olan Luka digər müjdəçilərə nisbətən İlahi körpənin doğulması ilə bağlı bütün təfərrüatları daha dərindən araşdırır və bunu iman edən, Allahın hikməti ilə dolan insanlara xas şəkildə edir. O, Allahın əməllərinin onun ağlının hüdudlarından kənara çıxmasından qorxmur. Luka bu incə həqiqəti o qədər sadə dillə, müstəsna saflıq və səmimiyyətlə çatdırır ki... Bu hekayədə şübhə kölgəsi, qəbahətli heç nə qalmır.

Dünyanın Xilaskarının mənşəyi məsələsi Məsihin bütün davamçıları və bütün həqiqi məsihçilik üçün vacibdir.

İsa Məsihin bakirə qızdan doğulması məsələsini nəzərdən keçirərkən Allahın Musa peyğəmbərə ünvanladığı sözləri həmişə xatırlamalıyıq: «Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır» (Çıxış 3:5); «yazılanlardan kənara çıxmayın» (1Korinflilərə 4:6); «Şübhəsiz ki, möminliyin sirri böyükdür: O, cismən zühur etdi» (1Timoteyə 3:16). Allahın cismən zühur etməsi böyük bir sirdir. Kim ona nüfuz edə və ya kim onu tam dərk edə bilər? Göylərin ən uca qatlarına sığmayan Uca Tanrının insan şəklini alıb insanlara oxşar olmasını kim izah edə bilər (Filipililərə 2:7)?

İnsanlar əbəs yerə Allahı məhdudlaşdırmağa çalışırlar. Allah heç bir sərhəd tanımır. «Bütün bəşərin Allahı Rəbb Mənəm. Mənim edə bilməyəcəyim bir şey varmı?» (Yeremya 32:27). Məryəmin təvazökarlığına və imanına diqqət yetirin: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun».

39-45

BƏXTİYARLIQ PARADOKSU (Luka 1:39-45)

Bu hissə Məryəmin bəxtiyarlığını təsvir edən bir növ lirik mahnıdır. Bəxtiyarlıq paradoksu heç bir yerdə onun həyatında olduğu qədər aydın görünmür. Məryəm Allahın Oğlunun Anası olmaq üçün əvvəlcədən təyin edilmişdi. Təbii ki, belə bir lütfə nail olduğuna görə onun qəlbi heyrət və böyük sevinclə dolu idi. Eyni zamanda bu bəxtiyarlıq onun ürəyini iti bıçaq kimi deşirdi. Bu o demək idi ki, o, bir gün Oğlunun Çarmıxa çəkildiyini görəcək.

Allah tərəfindən seçilmək çox vaxt həm xoşbəxtliyin zirvəsi, həm də Çarmıx əzabı deməkdir. Maraqlıdır ki, Allah insanı sakit, rahat həyat və özündənrazı halda sevinc içində yaşamaq üçün seçmir. Allah insanı başının, ürəyinin və əlinin verə biləcəyi hər şeyi tələb edən bir iş üçün seçir. Allah işçiləri Öz üzüm bağına çağırır. Janna d’Ark ömrünün sonuna az qaldığını başa düşəndə, o, yalnız bir şeydən ötrü dua etdi: «Mənim yalnız bir ilim qaldı. Ya Rəbb, məni lazım bildiyin kimi istifadə et». Bunu dərk edən insan xidmətlə bağlı olan çətinliklərdən, kədərdən şikayətlənmir. Çətinliklər və kədər onu şərəfləndirəcək, çünki o, Allah naminə iztirab çəkmişdir.

Draqunlar1 Riçard Kemeronu tutanda onu öldürdülər və gözəl əllərini kəsərək atasının yanına göndərdilər ki, onları tanıyıb-tanımadığını soruşsunlar. Atası isə — Bu mənim əziz oğlumun əlləridir, — deyə cavab verdi. Qoy mənə və əzizlərimə heç vaxt haqsızlıq etməyən Allahın iradəsi olsun». Dərdin açdığı yaralar onların da Allahın planının bir hissəsi olduğunu biləndə sağalır. Böyük ispan mömini öz xalqı üçün belə dua edirdi: «Ey Allahım, onların rahatlığını al, amma onlara izzət ver». Müasir dövrün böyük təbliğatçılarından biri demişdir: «İsa Məsih dünyaya həyatı asanlaşdırmaq üçün deyil, insanları böyük etmək üçün gəlmişdir».

Bəxtiyarlığın paradoksu eyni zamanda həm insanı ən böyük sevinclə sevindirir, həm də ona dünyanın ən böyük işini tapşırır.

46-56

MÖHTƏŞƏM İLAHİ (Luka 1:46-56)

«Qəlbim Rəbbi ucaldır» maqnifikatı2 İmanlı Cəmiyyətinin ən böyük ilahilərindən birinə çevrilib. Bu ilahi bütün Əhdi-Ətiq boyu izlənilir, xüsusilə 1Şamuel 2:1-10-da Xannanın həmd Məzmuruna yaxındır. Deyilənə görə, din xalqın tiryəkidir. Stenli Consun dediyi kimi: «Məryəmin ilahisi dünyanın ən təsirli sənədidir». Bu ilahidə Allahın etdiyi üç dəyişiklikdən bəhs edilir:

1) Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı. Bu, mənəvi dəyişiklikdir. Məsihçiliklə qürur bir araya sığmır. Niyə? Çünki insan öz həyatını Məsihin həyatı ilə müqayisə edirsə, artıq onun qüruruna yer qalmır.

Bəzən insanda kəskin utanc hissi yaradan nəsə baş verir. O, Henrinin kənddə böyümüş bir gənc haqqında hekayəsi var. Məktəbdə o, bir qızla eyni partada otururdu. Onlar bir-birilərini sevirdilər. Sonra həmin gənc şəhərə getdi, pis yola düşdü, cibgir, oğru oldu. Günlərin bir günü yaşlı bir qadının pul kisəsini oğurladı. Oğurluğu «uğurlu» alınmışdı və o özündən razı halda küçədə gedərkən, qəflətən hələ də şirin, saf və məsum olan sevgilisini gördü. Birdən-birə kim olduğu gözlərinin önünə gəldi. Utandığından üzünü dəmir dirəyə söykəyib «Allahım, mən ölsəm yaxşıdır» dedi. Beləcə o özünü gördü.

Məsih insana özünü kənardan görmək imkanı verir və bu yolla onun qüruruna ölümcül zərbə vurur. Mənəvi dəyişiklik məhz belə başlayır.

2) Hökmdarları taxtlarından endirdi, məzlumları yüksəltdi. Bu, sosial dəyişiklikdir. Dünyanın rütbələri və ya təbəqələri arasındakı fərq məsihçiliyə yaddır.

Mureti orta əsrlərin sərgərdan, kasıb alimi idi. İtaliyanın şəhərlərindən birində o xəstələnir, onu evsiz və səfillər üçün xəstəxanaya yerləşdirirlər. Həkimlər onun başa düşmədiyini zənn edərək, səhhətini latın dilində müzakirə edirlər: ondan tibbi təcrübələr üçün istifadə etmək qərarı verilmişdi. O, həkimlərə baxıb elmi dildə cavab verir: «Məsihin uğrunda öldüyü insanı dəyərsiz hesab etməyin».

Məsihin bütün insanlar üçün etdiklərini dərk edəndə, biz sadə bir insan haqqında danışmaq hüququndan məhrum oluruq: onda sosial dərəcələrə bölmə artıq əhəmiyyətsiz olmur.

3) Acları nemətlərlə doydurdu, varlıları isə əliboş yola saldı. Bu, iqtisadi dəyişiklikdir. Qeyri-məsihçi cəmiyyəti hər kəsin mümkün qədər çox pul yığmağa çalışdığı cəmiyyətdir. Məsihçi cəmiyyətində isə başqalarında çox az olduğu halda heç kim çox şeyə sahib ola bilməz. Bu, hər kəsin ancaq vermək üçün əldə edə biləcəyi bir cəmiyyətdir.

Məryəmin maqnifikatı gözəldir, lakin bu gözəlliyin böyük partlayış təhlükəsi var. Məsihçilik İsanın hər bir ardıcılında dəyişiklik yaradır və dünyaya əsaslı dəyişiklik gətirir.

57-66

ONUN ADI YƏHYADIR (Luka 1:57-66)

İsraildə oğlan uşağının dünyaya gəlməsi böyük sevinclə qarşılanırdı. Doğum vaxtı çatanda ailənin yaxınları və yerli musiqiçilər evin qarşısına toplaşırdılar. Uşaq dünyaya gələndən dərhal sonra onun cinsiyyəti açıqlanırdı. Əgər oğlan doğulardısa, musiqiçilər alətlərində çala-çala mahnı oxuyur, hamı bir-birini təbrik edir, şadlıq olurdu. Qız doğulardısa, musiqiçilər sakitcə və təəssüflə dağılışardılar. Hətta belə bir deyim də var idi: «Oğlanın doğulması dinc sevinc, qız doğulması dinc kədər gətirər». Buna görə də Elizavetin evində xüsusi ikiqat sevinc var idi. Nəhayət, onun övladı oldu və o, bu övlad oğlan uşağı idi.

Səkkizinci gün oğlanı sünnət edir və ona ad qoyurdular. Qızlara isə doğulandan sonra bir ay ərzində istənilən gün ad verilə bilərdi. İsraildə ad böyük əhəmiyyət daşıyırdı. Adlar, adətən, uşağın doğulması ilə bağlı bəzi halları və ya hər hansı vəziyyəti bildirirdi, məsələn, Esavla Yaqub kimi (Yaradılış 25:25-26). Adlar bəzən uşağın zahiri görünüşünə görə qoyulurdu. Məsələn, Lavan ağ və ya sarışın deməkdir. Bəzən uşaq atasının adını alırdı. Çox vaxt ad valideynin sevincini ifadə edirdi. Məsələn, Şaul və Şamuel Allahdan istənilmiş, yalvarışla alınmış deməkdir. Bəzən ad valideynlərin imanlarını ifadə edirdi. Məsələn, İlyas — mənim Allahım deməkdir. Yəni İlyas peyğəmbərin valideynləri insanlar Baal bütünə sitayiş edən dövrdə həqiqi Allaha iman etdiklərini bəyan etmişdilər.

Elizavet bütün qonşularını təəccübləndirərək oğlunun adının Yəhya olacağını bildirdi. Zəkəriyyə də bunu istədiyini göstərdi. Yəhya adı Yohanan sözünün qısa formasıdır, yəni Rəbb mərhəmətlidir deməkdir. Uşağa bu adın verilməsini Allah əmr etmişdir. Bu ad valideynlərin onlara verilən gözlənilməz sevincə görə minnətdarlığını göstərir.

Bütün qonşular, o cümlədən heyrətamiz hekayəni eşidənlərin hamısı bir sual verdi: «Bu körpə böyüyüb kim olacaq?» Axı hər bir uşaq özündə bir çox istedadlar gizlədir. Yaxşı bir latın dilinin müəllimi dərsə başlamazdan əvvəl həmişə tələbələrinin qarşısında baş əyirdi. Niyə belə etdiyini soruşanda o, belə cavab vermişdi: «Axı heç kim bilmir ki, bu oğlanlar gələcəkdə kim olacaqlar». Ailədə uşağın doğulması ikiqat məna daşıyır. Birincisi, bu, ər-arvadın sahib ola biləcəyi ən böyük nemətdir. Bunun üçün Allaha minnətdarlıq edirlər. İkincisi, bu, həyatda ən böyük məsuliyyətlərdən biridir, çünki uşaq özündə bir çox istedadlar gizlədir və bu istedadların üzə çıxıb-çıxmayacağı valideynlərdən, müəllimlərdən asılıdır.

67-80

ATANIN SEVİNCİ (Luka 1:67-80)

Zəkəriyyə oğlu ilə bağlı böyük bir görüntü gördü. O, oğlunu irəlidə gedən və Rəbbin yolunu hazırlayan peyğəmbər kimi gördü. Bütün dindar yəhudilər Allahın məsh etdiyi Məsihin gələcəyinə ümid edirdilər və o günün gəlişini səbirsizliklə gözləyirdilər. Onların əksəriyyəti inanırdı ki, Məsihdən əvvəl Onun gəlişini bildirəcək və Ona yol hazırlayacaq bir şəxs peyda olacaq. Çoxu buna görə İlyas peyğəmbərin qayıdacağına inanırdı (Malaki 4:5). Zəkəriyyə oğlunun Allahın Padşahının gəlişinə bələdçilik edəcəyini qabaqcadan görmüşdü. 75-77-ci ayələrdə Məsihə gedən yolun etapları aydın şəkildə təsvir olunur.

  1. Əvvəlcə — hazırlıq. Bütün həyatımız bizi Məsihlə görüşməyə hazırlayır. Valter Skott gəncliyində hərbçi olmaq arzusunda idi. Lakin bədbəxt hadisə nəticəsində o, şikəst qaldı və arzusundan vaz keçməli oldu. O, köhnə Şotlandiya salnamələrini və cəngavər romanlarını oxumağa başladı, beləcə böyük yazıçı, tarixi romanların banisi oldu. Yaşlı bir kişi onun haqqında belə demişdi: «O özü-özünü kəşf etdi; lakin bunu yalnız sonra başa düşdü». Həyatda Allah hər şeyi elə təşkil edir ki, biz Məsihə gələk.

  2. Sonra bilik, zülmətdə oturanların üzərinə nur gəlir. Məsihə qədər insanların Allah haqqında əsaslı biliyi yox idi. Yunanlar Allahı sevinc və kədər hissləri olmayan, insanlara soyuqqanlılıqla baxan biri kimi təsəvvür edirdilər, Ondan kömək gözləmək olmazdı. Yəhudilərə görə, Allah tələbkar, adı qanun olan və hakim kimi fəaliyyət göstərən Biri idi və ondan qorxurdular. İsa Məsih insanlara məhəbbətin nə olduğunu söyləmək üçün gəldi. İnsanlar heyrətlənərək sevinc içində deyirdilər: «Biz Allahın belə olduğunu təsəvvür etmirdik». Bəşər Oğlunun əsas məqsədlərindən biri insanlara Allahın əslində Kim olduğunu açıqlamaq idi.

  3. Sonra bağışlanma gəlir. Biz açıq-aydın başa düşməliyik ki, bağışlanma təkcə günahların bağışlanması deyil, həm də Allahla həqiqi münasibətlərin bərpasıdır. Heç nə bizi günahlarımızın nəticələrindən azad edə bilməz. Keçmişi geri qaytarmaq mümkün deyil. Amma günaha görə Allahdan uzaq düşməyimiz dostluğa, uzaq olan Tanrı yaxın Olana və zəhmli Tanrı insanı səmimi sevən Birinə çevrilir.

4) Nəhayət, sülh yoluna yönəldilmək. İbrani dilində sülh təkcə çətinlikdən azad olmaq deyil, həm də insanın ən yüksək rifahına nail olmaq üçün kömək edən hər şey deməkdir. Yalnız Məsih insanlara ölümə deyil, həyata aparan yola ayaq basmaq imkanı verdi.

Azərbaycan dilində Müqəddəs Kitab

Kitabın Teofilə həsr olunması
1 Hörmətli Teofil, çoxları aramızda baş vermiş hadisələrin tarixçəsini yazmağa cəhd göstərib. 2 Əvvəldən bəri Kəlamı öz gözləri ilə görənlər və Ona xidmət edənlər bu hadisələri bizə nəql etdiyi kimi 3 mən də əvvəlcədən hər şeyi diqqətlə araşdırıb bunları sənə ardıcıllıqla yazmağı münasib bildim. 4 Belə ki sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən.
Vəftizçi Yəhyanın doğulması əvvəlcədən bildirilir
5 Yəhudeya padşahı Hirodun dövründə Aviya bölüyündən olan Zəkəriyyə adlı bir kahin var idi. Arvadı da Harun nəslindən idi, adı Elizavet idi. 6 Onların hər ikisi Allahın gözündə saleh idi və Rəbbin qoyduğu əmr və qaydaların hamısına nöqsansız əməl edirdilər. 7 Amma Elizavet sonsuz olduğuna görə onların övladı yox idi. Hər ikisinin yaşı çox idi.
8 Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra edirdi. 9 Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü. 10 Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi. 11 Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü. 12 Zəkəriyyə bunu görüb təlaşa düşdü və çox qorxdu. 13 Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy. 14 Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək. 15 Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq. 16 O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək. 17 Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüdrəti ilə Rəbbin önündə gedəcək». 18 Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb». 19 Mələk ona cavab verdi: «Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm. 20 Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən».
21 Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət edirdi. 22 O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa işarə edirdi və lal olaraq qaldı.
23 Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı. 24 Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı və beş ay evindən çıxmadı. 25 O deyirdi: «Bunu mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb məni el arasında xəcalətdən qurtardı».
İsanın doğulması əvvəlcədən bildirilir
26 Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, 27 Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. 28 Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». 29 Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. 30 Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. 31 Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. 32 O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. 33 O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». 34 Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». 35 Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. 36 Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. 37 Çünki Allah üçün mümkün olmayan şey yoxdur». 38 Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.
Məryəmlə Elizavetin görüşü
39 O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı. 40 O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı. 41 Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub 42 uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır! 43 Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib? 44 Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi. 45 Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!»
Məryəmin həmd ilahisi
46 Məryəm isə dedi:
47 «Qəlbim Rəbbi ucaldır,
Ruhum Xilaskarım Allaha görə şadlanır,
48 Çünki O Öz qulunun yazıq halını gördü.
Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq,
49 Çünki Qadir Olan mənim üçün böyük işlər etdi,
Onun adı müqəddəsdir!
50 Onun mərhəməti də nəsildən-nəslə
Ondan qorxanlara göstərilər.
51 O, qolu ilə qüdrətli işlər gördü,
Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı.
52 Hökmdarları taxtlarından endirdi,
Məzlumları yüksəltdi.
53 Acları nemətlərlə doydurdu,
Varlıları isə əliboş yola saldı.
54-55 Rəbb qulu İsrailin imdadına çatdı,
Ata-babalarımıza vəd etdiyi kimi
İbrahimə və onun nəslinə əbədilik
Mərhəmət göstərməyi yada saldı».
56 Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı.
Vəftizçi Yəhyanın doğulması
57 Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. 58 Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. 59 Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. 60 Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq». 61 Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur». 62 Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular. 63 O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi. 64 Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı. 65 Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. 66 Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi.
Zəkəriyyənin peyğəmbərliyi
67 Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi:
68 «Alqış olsun İsrailin Allahı Rəbbə!
Çünki Öz xalqına nəzər salıb onları satın aldı.
69 O, qulu Davudun nəslindən
Bizə qüdrətli Xilaskar yetirdi.
70 Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi
71 Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi.
72 Beləcə ata-babalarımıza mərhəmət göstərib
Öz müqəddəs Əhdini xatırladı.
73 Atamız İbrahimə and içdiyi kimi
Bizə elə güc verdi ki,
74-75 Düşmənlərimizin əlindən qurtulub
Həyatımız boyu qorxmadan Rəbbin önündə
Müqəddəslik və salehliklə Ona ibadət edək.
76 Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan,
Çünki Rəbbin önündə gedəcəksən,
Onun yolunu hazırlayacaqsan.
77 Onun xalqına günahlarının bağışlanması ilə
Xilas olunmaları barədə bildirəcəksən.
78 Axı Allahımızın ürəyi mərhəmətlidir,
Onun bu mərhəmətinə görə
Ucalarda bizim üçün Günəş doğacaq ki,
79 Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın,
Ayaqlarımızı sülh yoluna yönəltsin».
80 Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı.