Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Lukanın müjdəsi: Giriş

V. Barklinin şərhləri

LUKANIN MÜJDƏSİNƏ GİRİŞ

Ən yaxşı kitab və onun müəllifi

Lukanın Müjdəsi dünyanın ən yaxşı kitabı adlandırılır. Günlərin bir günü bir amerikalı Denneydən ona İsa Məsihin tərcümeyi-halından bəhs edən kitab məsləhət görməyi xahiş edir. Denney isə cavabında «Siz Lukanın Müjdəsini oxumağa cəhd etmisinizmi?» deyə soruşur. Rəvayətə görə, Luka mahir rəssam olub. Luka tərəfindən çəkildiyi iddia olunan Məryəmin portreti İspan kilsələrinin birində bu günə qədər qorunub saxlanılır. Müjdəyə gəlincə, tədqiqatçılar hesab edir ki, Lukanın yazdığı Müjdə İsa Məsihin indiyə qədər tərtib olunan ən yaşı tərcümeyi-halıdır. Həmişə elə zənn edilib ki, onun müəllifi Lukadır. Bu fikri dəstəkləmək üçün bizim kifayət qədər əsasımız var. Qədim dövrlərdə kitablar, adətən, məşhur adamlara aid edilirdi, heç kim də buna qarşı çıxmırdı. Lakin Luka heç vaxt erkən İmanlı Cəmiyyətinin görkəmli simalarından olmayıb. Buna görə də, əgər Luka bu Müjdəni, həqiqətən, yazmasaydı, Müjdəni onun adına çıxartmaq heç kimin ağlına belə gəlməzdi.

Luka bütpərəstlərin nümayəndəsi idi. Əhdi-Cədidin müəlliflərindən yalnız o, yəhudi deyildi. O, ixtisasca həkim idi (Kolosselilərə 4:14). Bəlkə də ona olan rəğbət elə bununla izah olunur. Deyilənə görə, keşiş insanın yaxşı, hüquqşünas pis tərəflərini, həkim isə əslində necə olduğunu görür. Luka insanların əslində necə olduqlarını görür və onları sevirdi.

Bu kitab Teofil üçün yazılmışdır. Luka onu «hörmətli Teofil» adlandırır. Belə müraciət Roma hökumətində yalnız yüksək vəzifə tutan şəxslərə şamil edilirdi. Şübhəsiz, Luka bu kitabı İsa Məsih barəsində maraqlanan kifayət qədər ciddi adama daha ətraflı danışmaq üçün yazmışdır. O, İsa Məsihə böyük maraqla yanaşan və Onun haqqında əvvəllər eşidən Teofil üçün mənzərə canlandıraraq, buna nail oldu.

Müjdəçilərin simvolları

Dörd Müjdənin hər biri müəyyən nöqteyi-nəzərdən yazılmışdır. Müjdəçilər, adətən, öz simvolu ilə tez-tez kilsənin vitraj pəncərələrində təsvir edilir. Düzdür, bu simvollar dəyişir, lakin ən tipik simvollar bunlardır.

Markın simvolu insandır. Markın Müjdəsi bütün Müjdələrin ən sadəsi, ən yığcamıdır. Onun əsas xüsusiyyətinin realizm olduğu deyilir. Markın Müjdəsi öz məqsədinə — İsa Məsihin yer üzündəki həyatının təsvirinə daha çox uyğun gəlir.

Mattanın simvolu aslandır. Matta yəhudi idi və yəhudilər üçün yazırdı: o, İsada Məsihi, gəlişi bütün peyğəmbərlər tərəfindən əvvəlcədən xəbər verilən «Yəhuda qəbiləsindən olan» aslanı görürdü.

Yəhyanın simvolu qartaldır. Qartal digər quşlardan yüksəkdə uça bilir. Deyilənə görə, Allahın yaratdıqları arasında ancaq qartal gözünü qıymadan günəşə baxa bilir. Yəhyanın Müjdəsi teoloji Müjdədir; yəni bu Müjdədə düşüncələrinin gücü bütün digər Müjdələrdən təsirlidir. Filosoflar ondan mövzular çıxarır, ömür boyu müzakirə edir, ancaq həllini yalnız əbədiyyətdə tapırlar.

Lukanın simvolu buğadır. Buğa kəsilmək üçün nəzərdə tutulmuşdu, Luka da İsanı bütün dünya üçün bir qurban kimi görürdü. Üstəlik, Lukanın Müjdəsində bütün maneələr dəf edilir və İsa həm yəhudilər, həm də günahkarlar üçün əlçatan olur. O, dünyanın Xilaskarıdır. Bunu nəzərə alaraq, gəlin bu Müjdənin xüsusiyyətlərini araşdıraq.

Luka diqqətlə araşdıran tarixçidir

Lukanın Müjdəsi ilk növbədə böyük zəhmətin nəticəsidir. Müjdənin yunan dili möhtəşəmdir. Əhdi-Cədidin digər kitablarına nisbətən bu müjdənin ilk dörd ayəsi yunan dilində ən gözəl tərzdə yazılmışdır. Həmin ayələrdə Luka deyir ki, onun müjdəsi «diqqətlə araşdırılaraq» yazılmışdır. Bunun üçün onun böyük imkanları və etibarlı mənbələri var idi. Paulun etibarlı yoldaşı kimi o, ilk İmanlı Cəmiyyətinin bütün görkəmli xidmətçilərini yaxşı tanıyırdı. Şübhəsiz ki, onlar bildikləri hər şeyi Lukaya danışmışdılar. O, Paulla birlikdə iki il Qeysəriyyə həbsxanasında olmuşdu. Çox güman, onun hər şeyi öyrənmək və araşdırmaq üçün çoxlu vaxtı və imkanları var idi. O, bunu əsaslı şəkildə etmişdi.

Lukanın əsaslı araşdırmasına digər bir nümunə Vəftizçi Yəhyanın meydana çıxmasının tarixidir. Bundan ötrü o, nə az nə çox düz altı müasirinə istinad edir. «Qeysər Tiberinin (1) hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat (2) Yəhudeyanın valisi idi. Hirod (3) Qalileyada, qardaşı Filip (4) İtureya və Traxonitis bölgəsində, Lısaniya (3) Abileniyada hökmranlıq edirdi. Xananla Qayafa (6) baş kahin idilər. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil oldu» (Luka 3:1-2). Şübhəsiz ki, biz təqdimatın mümkün qədər dəqiqliyinə riayət edən çalışqan bir müəlliflə qarşılaşırıq.

Bütpərəstlər üçün Müjdə

Luka ilk növbədə qeyri-yəhudilərdən olan məsihçilərə yazmışdı. Teofil də Luka kimi əslən bütpərəst idi; onun Müjdəsində bütpərəstlərin dərk etməyəcəyi və başa düşməyəcəyi heç nə yoxdur.

a) Gördüyümüz kimi, Luka Roma imperatoru və Roma valisinə işarə edərək tarixi göstərməklə başlayır, başqa sözlə, ilk növbədə romalıların adəti üzrə tarixi vurğulayır.

b) Mattadan fərqli olaraq, Luka İsanın yəhudi peyğəmbərliklərindəki təsvirinə az istinad edir.

c) Əhdi-Ətiqdən nadir hallarda sitat gətirir.

d) İbrani sözləri əvəzinə Luka, adətən, onların yunanca tərcümələrindən istifadə edir ki, hər bir yunan başa düşə bilsin. Məsələn, Kənançı Şimonu o, Millətçi adlanan Şimon kimi təqdim edir (Matta 10:4 ilə Luka 6:15 ilə müqayisə edin). Qolqotanı ibranicə deyil, yunanca Kəllə deyilən yer adlandırır. Hər iki dildə bu sözlərin mənası eynidir. O, İsaya xitabən heç vaxt yəhudi sözü olan Rabbi kəlməsindən deyil, müəllim mənasını verən yunan sözündən istifadə edir. Luka İsanın nəsil şəcərəsinə istinad edəndə, o, Məsihi Matta kimi İsrail xalqının atası İbrahimə deyil, bəşəriyyətin sələfi Adəmə aid edir (Matta 1:2 ilə Luka 3:38 ilə müqayisə edin).

Məhz buna görə Lukanın Müjdəsi digərlərinə nisbətən daha rahat oxunur. Luka Müjdəni yəhudilər üçün deyil, bizim kimi adamlar üçün yazıb.

Duanın Müjdəsi

Lukanın Müjdəsində duaya xüsusi diqqət yetirilir. Luka bizə daha çox İsanın həyatındakı mühüm hadisələrdən əvvəl dua etdiyini göstərir. Məsələn, İsa vəftiz olunarkən (Luka 3:21), fariseylərlə ilk toqquşmasından əvvəl (Luka 5:16), on iki həvarinin çağırışından əvvəl (Luka 6:12); şagirdlərdən onun Kim olduğunu soruşmazdan əvvəl (Luka 9:18-20); Öz ölümünü və dirilməsini qabaqcadan söyləməzdən əvvəl (9:22); görünüşünün dəyişilməsi zamanı (9:29); Çarmıxda (23:46) dua edir. Yalnız Luka bizə deyir ki, İsa sınaq zamanı Peterin imanda büdrəməsin deyə onun üçün dua edib (22:32). Yalnız Luka gecə yarısı gələn dost haqqında dua məsəlini (11:5-13) və ədalətsiz hakim haqqında məsəli (Luka 18:1-8) çəkir. Luka üçün dua həmişə Allaha açıq qapı və bütün dünyada ən qiymətli şey idi.

Qadınların Müjdəsi

Qadın İsraildə ikinci dərəcəli şəxs idi. Hər səhər yəhudi Allaha şükür edirdi ki, onu «bütpərəst, qul və ya qadın» yaratmayıb. Lakin Luka qadınlara xüsusi yer verir. İsanın doğum hekayəsi bakirə Məryəm nöqteyi-nəzərindən danışılır. Məhz Lukada biz Elizavet, Xanna, Nain şəhərindən olan dul qadın, farisey Şimonun evində İsanın ayaqlarını məsh edən qadınlar haqqında oxuyuruq. Luka bizə Marta, Məryəm və Məcdəlli Məryəmin parlaq portretlərini verir. Çox güman, Luka Makedoniyadan idi, burada qadın hər yerdə olduğundan daha azad mövqe tuturdu.

Həmd Müjdəsi

Əhdi-Cədidin digər kitablarına nisbətən Lukanın Müjdəsində Rəbbin izzətləndirilməsinə daha tez-tez rast gəlinir. Bu mədhiyyələr məsihçilərin bütün nəsilləri tərəfindən oxunan üç böyük ilahidə öz zirvəsinə çatır — Məryəmin ilahisində (1:46-55), Zəkəriyyənin xeyir-duasında (1:68-79) və Şimonun peyğəmbərliyində (2:29-32). Lukanın Müjdəsi sevinc bəxş edən işıq yayır, sanki göyün parıltısı yer üzünü işıqlandırır.

Hamı üçün Müjdə

Lukanın Müjdəsi ilə bağlı ən vacib olan şey — onun hər kəs üçün nəzərdə tutulmasıdır. Lukanın Müjdəsində bütün maneələr dəf edilir, İsa Məsih istisnasız olaraq bütün insanlara əlçatan olur.

  1. Allahın Padşahlığının qapıları samariyalıların üzünə bağlı deyil (Luka 9:51-56). Yalnız Lukanın Müjdəsində biz xeyirxah samariyalı məsəlinə rast gəlirik (10:30-36). Sağaldığına görə İsa Məsihə minnətdarlıq etmək üçün geri qayıdan cüzamlı da samariyalı idi (Luka 17:11-19). Yəhya yəhudilərin samariyalılarla əlaqəsi olmadığına dair bir məsəl çəkir (Yəhya 4:9). Luka isə heç kimin Allaha yaxınlaşmasına mane olmur.

b) Luka göstərir ki, İsa ortodoks yəhudilər tərəfindən murdar sayılan başqa millətlər haqqında tərəddüd etmədən danışır. Məhz Lukanın Müjdəsində İsa nümunə kimi Sidonun Sarfat şəhərindən olan dul qadını və Aramlı Naamanı misal gətirir (4:25-27). İsa Roma yüzbaşısını böyük imanına görə tərifləyir (7:9). Luka İsanın böyük sözlərindən sitat gətirir: «Adamlar şərqdən, qərbdən, şimaldan, cənubdan gələcək və Allahın Padşahlığında süfrəyə oturacaq» (13:29).

c) Luka kasıblara çox diqqət yetirir. Məryəm paklanmaq üçün qurban gətirəndə, bu, yoxsulların qurbanı kimi təsvir olunur (2:24). Vəftizçi Yəhyaya ən yaxşı cavab «yoxsullara Müjdə yayılır» sözləri idi (7:22). Yalnız Luka varlı adam və yoxsul Lazar məsəlini çəkir (16:19-31). Dağüstü Vəzdə İsa öyrədir: «Nə bəxtiyardır ruhən yoxsullar!» (Matta 5:3; Luka 6:20). Lukanın Müjdəsi həm də yoxsulların Müjdəsi adlanır. Lukanın ürəyi həyatı uğursuz olan hər bir insanın yanındadır.

d) İsanı didərginlərin və günahkarların dostu kimi başqalarından daha yaxşı yalnız Luka təsvir edir. Yalnız o, farisey Şimonun evində ayaqlarını ətirli yağla məsh edən, onları göz yaşı ilə isladan və saçları ilə silən qadın (7:36-50), vergiyığanların rəisi Zakkay (19:1-10), tövbə edən quldur (23:43) haqqında danışır; itmiş oğul və sevən ata haqqında məsəli yalnız Luka çəkir (15:11-32). İsa şagirdlərini təbliğ etmək üçün göndərəndə, Matta qeyd edir ki, İsa onlara samariyalıların və ya başqa millətlərin yanına getməməyi deyir (Matta 10:5). Luka isə bu barədə heç nə demir. Vəftizçi Yəhyanın təbliği haqqında məlumat verən dörd Müjdənin hamısının müəllifləri Yeşaya peyğəmbərin kitabı 40-cı fəsildən sitat gətirirlər: «Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin»; yalnız Luka sitatı təntənəli sona çatdırır: «Bütün bəşər Allahın xilasını görəcək» (Yeşaya 40:3-5; Matta 3:3; Mark 1:3; Yəhya 1:23; Luka 3:4-6). Müjdənin digər müəlliflərindən fərqli olaraq Luka Allahın sevgisinin sonsuz olduğunu qəti şəkildə öyrədir.

Ən yaxşı kitab

Lukanın Müjdəsini öyrənərkən yuxarıda sadaladığımız xüsusiyyətlərə diqqət yetirmək lazımdır. Müjdə müəllifləri arasında mən ən çox Luka ilə görüşüb söhbət etmək istərdim. Çünki Allahın məhəbbətinin hədsiz olduğunu heyrətamiz şəkildə dərk edən və bütpərəstlərin arasından iman edən bu həkim, çox güman ki, gözəl insan olub. Tanrının sonsuz mərhəməti və dərkedilməz məhəbbəti haqqında Frederik Faber yazırdı:

Allahın mərhəməti sonsuzdur,

Ucsuz-bucaqsız okean kimi.

Dəyişməz ədalətdə çıxış yolu verildi.

Bizim zəif ağlımız

Rəbbin məhəbbətini dərk edə bilməz,

Yalnız Onun dizlərinin dibində

Əzab çəkən ürəklər rahatlıq tapa bilər.

Lukanın Müjdəsi deyilənlərin doğruluğunu açıq şəkildə göstərir.