Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Romalılara məktub: 15-ci fəsil

V. Barklinin şərhləri

15-ci fəsil

1-6

QARDAŞLIĞIN FƏRQLƏNDİRİCİ ƏLAMƏTLƏRİ (Romalılara 15:1-6)

Paul hələ də məsihçi qardaşların bir-biriləri qarşısında öhdəliklərini müzakirə edir. Xüsusilə, imanda daha güclü qardaşların imanda zəif olanlara qarşı öhdəliklərini vurğulayır. Bu hissədə qardaşlığı səciyyələndirən vacib xüsusiyyətlər çox yaxşı açıqlanır.

1) Məsihçi qardaşlığı qarşılıqlı hörmətlə xarakterizə olunmalıdır. Ancaq bu hörmət bir-birinə qarşı diqqətsiz və sentimental iddiasızlığa çevrilməməlidir. Hörmət həmişə qardaşın xeyrinə və onun imanda möhkəmlənməsinə yönəlməlidir. Bu, tənbəllikdən irəli gələn dözümlülük deyil. Bu, insanı davamlı tənqidə məruz qoymaq əvəzinə onu sevgi ilə əhatə edib, daha möhkəm imana ruhlandırmaqdır.

2) Məsihçi qardaşlığı Müqəddəs Yazıların öyrənilməsi ilə fərqlənməlidir. Müqəddəs Yazıların öyrənilməsi məsihçilərə cəsarət verir. Bu mənada, Müqəddəs Yazılar iki cəhətdən vacibdir:

(a) Müqəddəs Yazılar Allahın insanlarla rəftarına dair faktlar verir: bu faktlar açıq-aydın göstərir ki, insanlarla pis rəftar etməkdənsə və cəzadan qaçmaqdansa, həmişə Allahla düzgün münasibətdə olmaq və əziyyət çəkmək daha yaxşıdır. İsrailin tarixi göstərir ki, sonda əməllərin əvəzi qanuna uyğundur: yəni möminlər mükafatlandırılacaq, pislər isə layiqli cəzasını alacaqlar. Müqəddəs Yazılar göstərir ki, Rəbbin yolları həmişə asan olmur. Lakin nəticədə onlar zaman və əbədiyyət baxımından faydalı, məqsədyönlü həyata aparan yeganə yoldur.

(b) Müqəddəs Yazılar bizə Allahın böyük və qiymətli vədlərini verir. Deyilənə görə, pastor Aleksandr Vaytın imanlıları ziyarət edərkən, evdən çıxanda Müqəddəs Yazılardan sitat gətirmək vərdişi var idi. Bunu edəndə həmişə belə deyirdi: «Bu ayəni dilinin altına qoy və konfet kimi sovur». Bu vədlər heç vaxt Sözünü pozmayan Allahın vədləridir. Bu baxımdan, Müqəddəs Yazı onu öyrənən insana kədərdə rahatlıq və mübarizədə ruhlandırma verir.

3) Məsihçi qardaşlığı ruhun gücü ilə, yəni əzmkarlıqla seçilməlidir. Əzmkarlıq — insanın həyata olan münasibətidir. Biz yenə də hupomone sözü ilə qarşılaşırıq. Bu səbirdən daha böyük şeydir. Bu, təkcə həyatın gerçəkliklərini qəbul edən güc deyil, həm də onları qəbul edərək izzətə çevirən gücdür.

4) Məsihçi qardaşlığı ümidlə xarakterizə olunmalıdır. Məsihçi həmişə realistdir; o, heç vaxt pessimist ola bilməz. Məsihçi ümidi ucuz bir şey deyil, nikbinliyi uzaqgörənlikdən, mümkün çətinlikləri görə bilməməkdən və həyat təcrübəsinin olmamasından qaynaqlanan kor zehnin bəhrəsi deyil. Ehtimal etmək olar ki, ümid etmək gənclərə aid xüsusiyyətdir. Lakin dahi rəssamlar başqa fikirdə idilər. İngilis rəssamı Vatts ümidi eyni adlı əsərində əlində lira tutmuş arıq və beli bükülmüş insan şəklində təsvir etmişdir. Onun lirasında yalnız bir sim qalmışdır. Məsihçi ümidi hər şeyə qatlaşır və dözür, amma yenə də ümidsizliyə qapılmır, çünki bu ümid Allaha iman üzərində qurulmuşdu. Bu iman insana, onun fəzilətinə və ya nailiyyətlərinə görə olan iman deyil. Bu, Allahın gücünə olan imandır.

5) Məsihçi qardaşlığı birliklə xarakterizə olunmalıdır. İmanlı Cəmiyyəti nə qədər dəbdəbəli bəzədilsə də, xidməti və musiqisi nə qədər mükəmməl olsa da, ianələri nə qədər səxavətli olsa da, birliyini itirmişsə, demək, məsihçi qardaşlığının ən vacib elementini itirmişdir. Lakin bu o demək deyil ki, fikir ayrılığı, mübahisə və müzakirə olmayacaq. Bu o deməkdir ki, məsihçi qardaşlığının bir hissəsi olanlar icmanın məsələlərini ləyaqətli şəkildə həll edirlər. Onlar başa düşürlər ki, onları birləşdirən Məsih onları ayıra biləcək fərqliliklərdən müqayisə olunmaz dərəcədə böyükdür.

6) Məsihçi qardaşlığı şükranla xarakterizə edilməlidir. İnsandan onda nəyin — qəzəbli narazılıq və ya sevincli minnətdarlığın üstünlük təşkil etdiyini soruşmaqla yoxlamaq olar. Qədim yunan stoik filosofu Epiktet deyirdi: «Mən, balacaboy, axsaq qoca Allaha həmd etməkdən başqa nə edə bilərəm?» Məsihçi həyatı dəyərləndirməlidir, çünki onun Məsihi var. O, sirrini özündə saxlayır və əmindir ki, Allah hər şeyin ən yaxşısını edəcək.

7) Ancaq məsihçi qardaşlığı üçün ən vacib şey odur ki, o öz nümunəsini, ilhamını və hərəkətverici qüvvəsini «Özünü razı salmayan» İsa Məsihdən alır. Paul burada Zəbur 69:9-dan sitat gətirir. Paul «imanı gücsüz olanların zəifliklərinə dözmək» zərurəti haqqında danışarkən, o, Məsihin «Çarmıxını necə daşıdığını» (bastatsein) təsvir etmək üçün istifadə edilən eyni sözü təkrarlayır. İsa Məsih Özünü razı salmaqdansa, başqa insanlara xidmət etməyi seçməklə, hər bir davamçısının öyrənməli olduğu bir nümunə qoydu.

7-13

ÜMUMBƏŞƏR, HAMI ÜÇÜN OLAN İMANLI CƏMİYYƏTİ (Romalılara 15:7-13)

Paul bu müraciətində İmanlı Cəmiyyətinin bütün üzvlərini birliyə çağırır ki, imanda zəif və güclü olanlar Məsihdə bir bədən kimi olsunlar, həm yəhudilər, həm də bütpərəstlər qardaşlığın ümumi yollarını tapsınlar. Onların bir çox fərqli baxış nöqtələri ola bilər. Amma Məsih birdir, yəhudiləri və bütpərəstləri birləşdirən bağ onların Məsihə olan ümumi sədaqətidir. Məsihin işləri eyni dərəcədə yəhudilər və bütpərəstlər üçün nəzərdə tutulmuşdu. O, yəhudi olaraq doğulmuş və yəhudi qanunlarına tabe idi. Məsihin yəhudi kimi doğulması ona görə idi ki, yəhudilərin əcdadlarına verilən bütün böyük vədlər yerinə yetsin və xilas ilk növbədə yəhudilərə gəlsin. Lakin Məsih təkcə yəhudilər üçün deyil, həm də başqa millətlər üçün gəldi.

Bu fikrin onun öz ağlının məhsulu olmadığını və yalançı təlimi təmsil etmədiyini sübut etmək üçün Paul Əhdi-Ətiqdən dörd sitat gətirir. Paul onları Əhdi-Ətiqin yunanca Septuaginta tərcüməsindən (eramızdan əvvəl III əsrdə Əhdi-Ətiq 70 alim tərəfindən İsgəndəriyyədə yunan dilinə tərcümə edilmişdir) sitat gətirir. Buna görə də onlar bizə məlum olan mətnlərdən fərqlənir. Paul Zəbur 18:50; Qanunun təkrarı 32:43; Zəbur 117:1; Yeşaya 11:10-dan sitat gətirir. Bu ayələrin hamısında o, bütpərəstlərin imana gəlməsi ilə bağlı qədim peyğəmbərlikləri görür. O, əmindir ki, Məsih bütün insanları xilas etmək üçün bu dünyaya gəldiyi kimi, İmanlı Cəmiyyəti də insanlar arasında fərq qoymadan hamısını qəbul etməlidir. Məsih hamının, hər kəsin Xilaskarıdır. Buna görə Onun Cəmiyyəti də ümumbəşər olmalıdır.

Sonra Paul məsihçi imanının prinsipini yenidən təkrarlayır. Məsihçi inancının böyük anlayışları yenidən dəyər qazanır.

1) Ümid. Şəxsi təcrübəyə əsaslansaq, ruhdan düşmək asandır. Gözümüzün qabağında baş verən hadisələr bizi asanlıqla ümidsizliyə sala bilər.

Çox çətin bir dövrdə imanlı icmasında baş verən hadisə haqqında hekayə var. İcmanın toplantısı ağsaqqalın duası ilə başlayır. O, Allaha «lütfü bütün insanlara nazil olan yenilməz qüdrət Sahibi və əbədi Allah» kimi müraciət edir. Duadan sonra xidmət başlayır. İmanlı icmasının ağsaqqalı toplaşanlara müraciət edir: «Qardaşlar, cəmiyyətimizdə ümidsiz vəziyyət yaranıb. Bu vəziyyəti aradan qaldırmaq üçün edə biləcəyimiz heç nə yoxdur». Burada ya onun dedikləri həqiqət deyildi, ya da onun duası onun üçün heç bir mənası olmayan boş sözlər idi.

Dəfələrlə deyilib ki, ümidsiz vəziyyət deyə bir şey yoxdur: yalnız müəyyən situasiyalarda bütün ümidlərini itirmiş insanlar var. Deyilənə görə, İkinci Dünya Müharibəsinin ağır günlərində Fransanın təslim olmasından dərhal sonra İngiltərə Nazirlər Şurasının iclası keçirilir. İngiltərə Nazirlər Şurasının sədri Çörçill vəziyyəti ən ağır şəkildə təsvir edir. İngiltərə tək qalmışdı. O, sözünü bitirən kimi kabinetə sükut çökür, nazirlərin bəzilərinin üzlərində ümidsizlik var idi. Bəziləri isə mübarizədən geri çəkilməyə hazır görünürdü. Çörçil məyus simalara baxıb sözünü belə bitirir: «Cənablar, hesab edirəm ki, elə də ümidsiz vəziyyətdə deyilik». Məsihçi ümidində də ümidi qıra bilməyən bir şey var. Bu, Allahın varlığına olan inamdır. Nə qədər ki, İsa Məsihin mərhəməti var, heç kim ümidsiz deyil. Nə qədər ki, Allahın qüdrəti var, heç bir vəziyyət ümidsiz deyil.

2) Sevinc. Sevinc və həzz arasında əsaslı fərq var. Kinik filosoflar açıq-aşkar bəyan edirdilər ki, həzz pis bir şeydir. Qədim yunan filosofu, kinik fəlsəfə məktəbinin banisi Antisfen həzz almaqdansa dəli olmağı üstün tutan qəribə bir fikir ifadə etmişdir. Kinik filosoflar iddia edirdilər ki, həzz iki ağrı arasında bir fasilədir. «Siz ağrı verən bir şeyə can atırsınız və onu əldə edirsiniz. İstəyinizə çatanda ağrılı vəziyyətdə bir fasilə yaranır: siz bu andan həzz alırsınız, həzz gedir və ağrı geri qayıdır». Həzz belə olur. Lakin məsihçi sevinci mühitdən asılı deyil: onun mənbəyi bizim şüurumuzdadır. O, hər yerdə mövcud olan Rəbb Allahın varlığına əmindir. Həm də ona əmindir ki, heç bir şey bizi Allahın məhəbbətindən ayıra bilməz.

3) Sülh. Qədim filosoflar ataraksiya adlandırdıqları qayğısız həyat axtarırdılar. Onlar həm sarsıdıcı zərbələrə, həm də həyatın kiçik gündəlik çətinliklərinə dözən sülhə nail olmaq istəyirdilər. Demək olar ki, bu gün bu sülh əldən çıxıb. Bu sülhə iki hal mane olur:

a) Daxili gərginlik. İnsanlar tənha, təcrid olunmuş həyatı yaşamağa üstünlük verirlər. Nə qədər ki, insan özü ilə savaşıb, ikili şəxsiyyət olur, onun üçün rahatlıq və sülhdən söhbət gedə bilməz. Bu vəziyyətdən yalnız bir çıxış yolu var — özünü Məsihə həsr etmək. Çünki həyatı Məsih tərəfindən idarə olunan insanlar bu daxili gərginlikdən azaddırlar.

b) Zahiri narahatlıq. Bir çox insanları həyatda fürsətlər və dəyişkənlik xəyalı təqib edir. İngilis fantastika yazıçısı Herbert Vells bir dəfə Nyu-York limanında gəmiyə necə mindiyindən danışır:

«Hava dumanlı idi. Birdən dumanın içindən başqa bir gəminin silueti peyda oldu. Gəmilər, sözün əsl mənasında, bir-birindən bir neçə metr aralı keçdi».

Gözlənilmədən Herbert Vells həyatda böyük təhlükə adlanan bir məqamla üzləşdi. Belə bir vəziyyətdə narahat olmamaq mümkün deyil, çünki həyəcan və qorxu insanlara xas xüsusiyyətdir. Daimi narahatlıq və qorxudan yeganə çıxış yolu Allahın heç vaxt övladına boş iztirab buraxmayacağına əmin olmaqdır. Həyatda elə hadisələr baş verə bilər ki, qəbullanması çətin olur. Əgər biz Allahın bizə olan sevgisinə arxayınıqsa, ürəyi incidən və ağlı heyrətə salan belə hadisələri təmkinlə qəbul edəcəyik.

4) Güc. Bu, insana hər şeydən çox lazımdır. Məsələ onda deyil ki, biz yaxşılıqla pisliyin fərqini bilmirik. Məsələ ondadır ki, biz yaxşılıq edib, pislikdən uzaq dururuq. Problemlərin öhdəsindən gəlmək, H.Vellsin dediyi kimi, «niyyətlərimizin gizli nəcibliyi» reallığa çevirmək lazımdır. Ancaq bunu heç vaxt təkbaşına edə bilmərik. Yalnız Məsihin qüdrəti zəifliyimizi doldurduqda biz həyatımızı düzgün istiqamətləndirə bilərik. Biz təkbaşına heç nə edə bilmərik, amma Allahın köməyi ilə hər şeyi edə bilərik.

14-21

SÖZLƏR İNSANIN NECƏ OLDUĞUNU GÖSTƏRİR (Romalılara 15:14-21)

Bu hissədəki bir neçə sətir Paulun xarakterini aydın şəkildə göstərir. Paul məktubunu yekunlaşdırır və Romaya planlaşdırdığı səfəri üçün zəmin hazırlamağa başlayır. Bu hissədə biz həmfikirləri əldə etmək üçün Paulun bəzi üsullarını görürük:

1) Paul nəzakətli insan kimi davranır. Burada heç bir qınaq yoxdur. Paul qardaşlarında nöqsan axtarmır, onlarla qəzəbli və sərt tonda danışmır. O, yalnız imanlı qardaşlara onların yaxşı bildiklərini xatırladır, onların Allaha və bir-birilərinə xidmətdə çox şeyə nail ola biləcəklərinə inamlarını gücləndirir. Paulu ən çox maraqlandıran insanın kim olduğu deyil, gələcəkdə kim ola biləcəyi idi. Paul onların nöqsanlarından xəbərdar idi, onları olduqları kimi günahkar məxluqlar, deyil, gələcəkdə ola biləcəkləri mömin qardaşları kimi görürdü. Rəvayətə görə, bir dəfə italyan heykəltəraş Mikelancelo üzərində işləmək üçün nəhəng formasız mərmər parçasını götürərək, içindəki mələyi azad etmək niyyətində olduğunu demişdi. Paul da eyni şeyi edirdi: o, imanlılar üzərinə daim tənqidlər yağdırıb onları incitmirdi. O, dürüst və ciddi danışırdı, lakin məqsədi insanın indi ola bilmədiyi, gələcəkdə isə çata biləcəyi möminliyə kömək etmək idi.

2) Paul yalnız bir izzətə iddia edirdi — Məsihin xidmətçisi olmağa. Bunu ifadə etmək üçün o, məşhur bir sözdən istifadə edir — leitourgos. Qədim Yunanıstanda bəzi dövlət vəzifələri — liturgiyes (leitougriayi) — var idi. Bu vəzifələr bəzi insanların üzərinə qoyulur, bəzən də vətənini sevən insanlar tərəfindən könüllü icra edilirdi.

Vətənpərvər vətəndaşların, adətən, könüllü olaraq üzərlərinə götürdükləri beş vəzifə bunlardır:

a) Xoregiya, yəni xor yaratmaq vəzifəsi. Antik dövrün böyük şairləri Esxil, Sofokl və Evripid ölməz pyeslərini səhnələşdirəndə, onlarda həmişə şeir deyən xor çıxış edirdi. Böyük dramatik sənət festivalları zamanı, məsələn, tanrı Dionisin şərəfinə təşkil olunan mərasimdə ardıcıl olaraq on səkkiz drama səhnələşdirilirdi. Xalqını sevən insanlar könüllü olaraq öz vəsaitləri hesabına xoru dəstəkləyir, hazırlayır, öyrədir, lazım olan hər şeylə təchiz edirdilər.

b) Qumnaziarxiya. Afinalılar on qəbiləyə bölünmüşdü, onların arasında çoxlu görkəmli idmançılar da var idi. Bayramlar zamanı bütün qəbilələrdən olan komandaların bir-biri ilə yarışdığı məşhur məşəl qaçışı keçirilirdi. Belə yarışlarda qalib gəlmək böyük şərəf idi. Afinanın vətənpərvər vətəndaşları öz qəbilələri üçün yarışan komandaları seçib, məşq etdirirdilər.

c) Hestiastis. Xüsusi günlərdə tayfalar ümumi ziyafət və şənliklər üçün bir araya toplaşırdılar: səxavətli vətəndaşlar belə bayramların xərclərini qarşılayırdılar.

d) Arxeteoriya. Bəzən afinalılar orakuldan məsləhət almaq üçün səfirləri ya başqa şəhərə, ya da Delfi və ya Dodona göndərirdilər. Belə olan halda, şəhərin şərəfini qorumaq üçün mümkün olan hər şeyi etmək lazım idi. Belə bir səfirliyin təşkili üçün yenə də könüllü olaraq pul verən vətənpərvərlər var idi.

d) Trierarxiya. Qədim Afinada dənizçilik güclü inkişaf etmişdi. Afinalıların ən vətənpərvər hərəkətlərindən biri o idi ki, döyüş gəmilərini könüllü olaraq bir il ərzində hər şeylə təchiz edirdilər. Qədim dövrlərdə leitourgos sözünə verilən məna belə idi. Sonralar həmin vətənpərvərlik hissi zəifləyəndə, bu öhdəliklərin yerinə yetirilməsi məcburiyyətə çevrildi. Zaman keçdikcə bu söz istənilən xidməti təyin etmək üçün istifadə olunmağa başladı. Daha sonra isə tanrıların şərəfinə məbəddə xidmət mənasını qazandı. Buna baxmayaraq, bu söz həmişə öz ilkin mənasını — fədakar, nəcib xidmət mənasını saxlamışdır. Necə ki, qədim Afina sakini sevimli şəhərinə xidmət məqsədilə var-dövlətini qurban verib, bu əməli özü üçün şərəf hesab edirdi, Paul da əlində olan hər şeyi Məsihin qurbangahına qoyub, Onun xidmətçisi olduğuna görə xoşbəxt idi.

3) Ümumiyyətlə, Paul özünü Məsihin əlində alət kimi görürdü. Paul özünün etdiklərindən danışmır, Məsihin onunla və onun vasitəsilə etdiklərindən danışır. Paul heç vaxt bir şey haqqında «mən bunu etdim» deməzdi, həmişə «Məsih bunu mənim vasitəmlə etdi» deyərdi. Bir dəfə təbliğçilərdən biri ibadət zamanı dedi: «Əgər bir nəfər özünü tamamilə və qeyd-şərtsiz olaraq Müqəddəs Ruha təslim etsəydi, görün Müqəddəs Ruh onun vasitəsilə nələr edərdi!» Deyilənə görə, D.L.Mudi bu sözləri eşidəndə öz-özünə deyir: «Niyə də mən həmin adam olmayım?» Bu an onun bütün həyatını dəyişir. Bütün dünya Müqəddəs Ruhun D.L.Mudi vasitəsilə nə etdiyini bilir. Böyük hadisələr o zaman baş verir ki, insan nə edə biləcəyi barədə düşünməyi dayandırıb, Allahın onun vasitəsilə nələr edə biləcəyini düşünməyə başlayır.

4) Paul Müjdənin çatmadığı yerlərdə onu təbliğ etməyə çalışırdı. Deyilənə görə, Devid Livinqston London Missionerlər Cəmiyyətində könüllü olanda, ondan missioner kimi hara getmək istədiyini soruşublar. Livinqston da belə deyib: «Hara lazımdır, ora. Əsas odur ki, irəli gedim». O, Afrikaya gedəndə uzaqdan yüzlərlə kəndin Allah üçün necə yandığını görmüşdü. Paulun yeganə arzusu o idi ki, Allahın Müjdəsini heç vaxt eşitməyən insanlara Müjdə çatdırsın. Məqsədini izah etmək üçün Paul Yeşaya peyğəmbərin kitabı 52:15-dən sitat gətirir. «Lakin o, çox millətləri heyrətə salacaq, Onun qarşısında padşahlar ağzını yumacaq. Çünki onlar bilmədiklərini görəcək, eşitmədiklərini anlayacaq».

22-29

İNDİKİ VƏ GƏLƏCƏK PLANLAR (Romalılara 15:22-29)

Burada Paul özünün indiki və gələcək planlarından danışır.

1) Paul iki səbəbə görə gələcəkdə İspaniyaya getmək niyyətində idi. Birincisi, İspaniya Avropanın uzaq qərbində yerləşirdi. Bir tərəfdən bu, o dövrdə sivil dünyanın sərhədi idi. Təkcə bu amil Paulun orada təbliğ etmək istəyinə səbəb ola bilərdi. Allahın Müjdəsini yerin ucqarlarına çatdırmaq arzusu Paula xas xüsusiyyət idi.

2) Həmin vaxt İspaniyada bir növ dahilik partlayışı yaşanırdı. Roma İmperiyasının bir çox böyük adamları ispan mənşəli idi. Məsələn: epik şair Lukan, epiqramma ustası Martsial, dövrünün ən böyük natiqlik müəllimi Kvintilian. Üstəlik, Neronun əvvəlcə tərbiyəçisi, sonra isə baş naziri olmuş böyük stoik filosof Seneka da ispan idi. Bəlkə də Paul özlüyündə fikirləşirdi ki, əgər o, ispanların qəlbinə toxunsa və onları Məsihə yönəldə bilsə, bunun fövqəladə nəticələri ola bilər.

3) Paulun niyyəti tezliklə Yerusəlimə getmək idi. Onun ürəyində onun üçün qiymətli olan bir planı vardı: gənc imanlı cəmiyyətlərində Yerusəlimdəki yoxsul imanlılar üçün pul yığmağı təşkil edirdi. Bu pullara, şübhəsiz, orada çox böyük ehtiyac var idi. Yerusəlim kimi bir şəhərdə çox vaxt Məbəd və Məbədin ehtiyacları üçün işləməklə pul qazanmaq olardı. Bütün kahinlər və Məbədin rəhbərliyi sadukeylər idi. Sadukeylər isə İsanın ən qatı düşmənləri sayılırdılar. Çox güman, Yerusəlimdə Məsihi qəbul etmiş bir çox insanlar işlərini itirib, yoxsulluq içində yaşamağa məcbur olmuşdular və gənc imanlı cəmiyyətlərinin onlara edə biləcəyi köməyə ehtiyacları vardı. Lakin yardımı Yerusəlimə çatdırmaq üçün Paulun bu qədər səy göstərməsinin başqa səbəbləri də var idi:

a) O, şəxsən özünü buna borclu bilirdi. Paulu Yerusəlim İmanlı Cəmiyyətinin ağsaqqalları başqa millətlərə həvari kimi göndərmək qərarına gələndə, ona bu barədə nəsihət vermişdilər. Paul bu nəsihəti unutmurdu. O, Qalatiyalılara məktubda belə yazmışdı: «Yalnız yoxsulları yad etməyimizi istədilər, mən də məhz bunu icra etməyə səy göstərdim» (Qalatiyalılara 2:10). Beləliklə, o, az da olsa, bu nəsihətə əməl etmək niyyətində idi.

b) Praktikada imanlılara Cəmiyyətin birliyini göstərmək üçün bundan daha yaxşı yol yoxdur. Bu, gənc imanlı cəmiyyətlərə göstərirdi ki, onlar təcrid olunmuş qruplar və icmalar deyil, bütün dünyaya yayılmış böyük Cəmiyyətin üzvləridir. Yardım etməyin əhəmiyyəti ondan ibarətdir ki, biz təkcə yerli icmanın deyil, həm də qlobal icmanın üzvləriyik.

c) Məsihçiliyi əməldə göstərmək üçün bundan daha yaxşı yol yox idi. Məsihçi alicənablığı və səxavəti haqqında danışmaq asan idi; bu halda Məsihin sözlərini Məsihin əməllərinə çevirmək imkanı var idi.

Məhz bu səbəbdən Paul Yerusəlimə, oradan da İspaniyaya səfər etməyi planlaşdırırdı. Bildiyimizə görə, Paul İspaniyaya gedib çıxa bilmədi. Çünki Yerusəlimdə o, uzun müddət həbsdə qaldı və sonda ölümü ilə nəticələnən çətinliklərlə qarşılaşdı. Sanki bu, böyük pionerin heç vaxt həyata keçirə bilmədiyi planlarından biri idi.

30-33

AÇIQ GÖZLƏ TƏHLÜKƏYƏ DOĞRU (Romalılara 15:30-33)

Əvvəlki hissənin son sözlərindən belə aydın olur ki, Paulun İspaniyaya getmək planı heç vaxt baş tutmadı. Bildiyimizə görə, o, Yerusəlimə gedəndə həbs edildi və sonrakı dörd ilini həbsdə keçirdi — iki ili Qeysəriyyədə, iki ili Romada. Burada bir daha onun güclü xarakteri ortaya çıxır.

1) Paul Yerusəlimə gedəndə nə etdiyini bilirdi və qarşıda onu gözləyən təhlükələrdən xəbərdar idi. Paul da Rəbbi kimi (Luka 9:51) Yerusəlimə doğru qəti addımlarla yollandı. Sarsılmaz cəsarət məhz odur ki, insan onu gözləyən təhlükələri gözə alaraq irəliləyir. İsa Məsihin nümayiş etdirdiyi cəsarət də elə budur. Məsihin bütün davamçıları da belə cəsarət nümayiş etdirməlidirlər.

2) Bu halda Paul xahiş edir ki, Romadakı imanlı cəmiyyəti onun üçün dua etsin. Axı bizi sevənlərin hərarətli duası ilə əhatə olunduğumuzu bilə-bilə getmək böyük lütfdür. Aramızdakı məsafə nə qədər uzaq olsa da, biz mərhəmətli Allahın taxtı önündə görüşə bilərik.

3) Paul vidalaşarkən onlara xeyir-dua verir. Bu, şübhəsiz ki, onlara verə biləcəyi yeganə şey idi. Hətta verəcək bir şeyimiz olmasa belə, dostlarımız və sevdiklərimiz üçün Allaha dua edə bilərik.

4) Paul sülh bəxş edən Allahın xeyir-duasını Romaya verdi, özü də sülh bəxş edən Allah ilə birlikdə Yerusəlimə, onu gözləyən təhlükələrlə doğru getdi. Qəlbində Allahın sülhü olan insan qorxuya qalib gələrək istənilən təhlükə ilə üzləşə bilər.

Azərbaycan dilində Müqəddəs Kitab

İmanınız günbəgün artsın
1 Biz imanı güclü olanlar imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq. 2 Hər birimiz yaxşılıq naminə inkişaf etdirmək məqsədi ilə qonşumuzu razı salaq. 3 Çünki Məsih də Özünü razı salmadı. Necə ki yazılıb: «Səni təhqir edənlərin təhqirləri altında qaldım». 4 Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun. 5 Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki, 6 hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz.
7 Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin. 8 Mən də bunu bildirirəm: Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin; 9 beləcə başqa millətlər də Allahın mərhəmətinə görə Onu izzətləndirsinlər. Necə ki yazılıb:
«Buna görə millətlər arasında
Sənə şükür edəcəyəm,
İsminə tərənnüm söyləyəcəyəm».
10 Yenə deyilir ki:
«Ey millətlər, Onun xalqı ilə birgə sevinin!»
11 Başqa bir yerdə:
«Ey bütün millətlər, Rəbbə həmd edin!
Ey bütün ümmətlər, Onu mədh edin!»
12 Yeşaya da belə deyir:
«Yesseyin Kökü gələcək,
Millətlərə hökmran olmaq üçün ucalacaq,
Millətlər Ona ümid bağlayacaq».
13 Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.
Məsihin xidmətçisi
14 Ey qardaşlarım, mən sizin barənizdə əminəm ki, siz yaxşılıqla dolu, hər cür biliklə kamilsiniz və bir-birinizə nəsihət verməyə qadirsiniz. 15 Amma Allahın mənə bəxş etdiyi lütflə bəzi məsələləri sizə xatırlatmaq üçün bu sözləri cəsarətlə yazmışam. 16 Həmin lütfə görə mən başqa millətlər üçün Məsih İsanın xidmətçisi oldum ki, bir kahin kimi Allahın Müjdəsini vəz edim və başqa millətlər Müqəddəs Ruhla təqdis edilərək Allaha məqbul olan qurban olsunlar. 17 Beləcə Allaha xidmət etdiyimə görə Məsih İsa ilə fəxr edirəm. 18-19 Başqa millətləri itaətə gətirmək üçün Məsihin mənim vasitəmlə söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın Ruhunun qüdrəti ilə etdiklərindən başqa bir şey barədə danışmağa cəsarət etmərəm. Belə ki mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin Müjdəsini yayıb qurtardım. 20 Bununla birgə, Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım. 21 Amma necə ki yazılıb:
«Onun haqqında xəbəri olmayanlar görəcək,
Eşitməyənlər anlayacaq».
Paulun Romaya getmək niyyəti
22 Bu səbəbdən sizin yanınıza gəlmək niyyətim bir neçə dəfə əngəlləndi. 23 İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır, illərdir ki, yanınıza gəlməyi arzu edirdim. 24 Buna görə İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm və əvvəl qısa müddət də olsa, dostluğunuzdan zövq alandan sonra məni oraya yola salasınız. 25 Amma indi mən müqəddəslərə yardım etmək üçün Yerusəlimə gedirəm. 26 Çünki Makedoniya və Axayyada olanlar Yerusəlimdə müqəddəslər arasındakı kasıblar üçün ianə yığmağı məsləhət bildilər. 27 Əlbəttə, özləri məsləhət bildilər, həm də əslində onlara borcludurlar. Çünki başqa millətlər Yerusəlim müqəddəslərinin ruhani nemətlərinə şərik oldularsa, maddi nemətləri ilə onlara xidmət etməyə borcludurlar. 28 Beləcə bu işi başa çatdırıb əldə olunan səmərəni onlara çatdırandan sonra sizin yerlərdən keçib İspaniyaya gedəcəyəm. 29 Bilirəm ki, yanınıza gələndə Məsihin tam xeyir-duası ilə gələcəyəm.
30 Ey qardaşlar, Rəbbimiz İsa Məsihin xatirinə, Ruhun məhəbbəti naminə sizə yalvarıram, Allaha mənim üçün etdiyiniz dualarda mənimlə birlikdə mübarizə aparın ki, 31 Yəhudeyada olan imansızlardan xilas olum və Yerusəlimə olan yardımımı müqəddəslər qəbul etsin. 32 Beləliklə, istəyirəm ki, Allahın iradəsi ilə sevinclə yanınıza gəlib sizinlə könlümü fərəhləndirim. 33 Qoy sülh qaynağı olan Allah sizin hamınızla olsun. Amin.