Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Romalılara məktub: 16-cı fəsil

V. Barklinin şərhləri

16-cı fəsil

1-2

TÖVSİYƏ MƏKTUBU (Romalılara 16:1-2)

Bir şəxs işə girəndə onu yaxşı tanıyan, xarakterini və qabiliyyətlərini qiymətləndirə bilən başqa birindən tövsiyə məktubu almaq üçün müraciət edir. Başqa şəhərdə yaşamağa gedəndə də, həmin şəhərdəki insanları tanıyan adamın tövsiyə məktubunu özü ilə aparır. Belə məktublar qədim dövrlərdə xüsusilə xarakterik idi. Onlar syustatikayi epistol, tərif və ya tövsiyə məktubları kimi tanınırdı. Papirus üzərində yazılmış və Misir səhrasında tapılan qalıqlardan yenidən bərpa olunmuş bir çox belə məktublar bu günə qədər gəlib çatmışdır. Məsələn, Misirdə zeytun yetişdirən Mistarion adlı şəxs xidmətçisini baş kahin Stotoetisin yanına göndərir və ona aşağıdakı məzmunda bir tövsiyə məktubu verir:

«Mən Mistarion sevimli Stotoetisə salam göndərirəm. Mən zeytunlarım üçün nizə almaq məqsədilə Blastusu yanına göndərirəm. Amma çalış onu saxlama. Bilirsən ki, o mənə hər an lazımdır.

Adanın baş kahini Stotoetisə».

Həmin tövsiyə məktubu ağasının adından gedən Blastusu təqdim edir. Beləcə Paul da Romadakı imanlı cəmiyyəti üçün Fibi bacını təqdim edir. Fibi Korinf limanlarından biri olan Kenxreya kəndindən idi. Paul bəzən onu cəmiyyətin xidmətçisi adlandırır. Lakin çox güman, o, imanlı cəmiyyətində bu rəsmi vəzifəni tutmamışdır. İmanlı Cəmiyyətinin tarixində elə bir dövr olmayıb ki, qadınların fəaliyyəti xüsusi yer tutmasın. Bu, erkən məsihçilik dövründə xüsusilə nəzərə çarpırdı. Tamamilə suya batırılaraq vəftiz olunmaqda, xəstələri ziyarət etməkdə, kasıblara yemək paylamaqda qadınlar imanlı cəmiyyətinin fəaliyyətində mühüm rol oynasalar da, orada heç bir rəsmi mövqe tutmurdular.

Paul əvvəlcədən Fibi bacı üçün səmimi qarşılanma hazırlayır. O, Romadakı məsihçilərdən Allaha həsr olunmuş insanların bir-birini qəbul etməli olduğu kimi, Fibini də Rəbb naminə qəbul etmələrini xahiş edir. Məsihin ailəsində heç kim özünü qərib hiss etməməlidir. Məsihdəki qardaşlar arasında rəsmi təqdimə də ehtiyac yoxdur. Çünki onlar bir Atanın oğulları və qızlarıdır, buna görə də hamısı bacı-qardaşlardır. Buna baxmayaraq, bütün imanlı cəmiyyətləri Məsihdəki insanları və qardaşları lazım olduğu kimi qəbul etmir. Elə də olur ki, imanlı cəmiyyətlər, xüsusən də kilsə təşkilatları yad adamı qəbul etməkdə maraqlı olmayan qapalı birliklərə çevrilir. Paulun məsləhəti bu gün də əhəmiyyətlidir: əgər aramızda bir qərib peyda olarsa, onu özünü Allaha həsr olunmuş insanların bir-birini qəbul etməli olduğu kimi qəbul edək.

3-4

EV TOPLANTISI (Romalılara 16:3-4)

Əhdi-Cədiddə Priskila və Akila qədər məşhur evli cütlük yoxdur. Bəzən Priskilanı Priska da adlandırırlar. Priskila Priska adının kiçildilmiş və əzizləmə formasıdır. Gəlin əvvəlcə onların həyatından bizə məlum olan faktlara nəzər salaq.

Onlar ilk dəfə Həvarilərin işləri kitabı 18:2-də xatırlanır. Oradan məlum olur ki, onlar əvvəllər Romada yaşamışlar. Bizim eranın 52-ci ilində imperator Klavdi yəhudiləri qovmaq haqqında fərman vermişdi. Antisemitizm yeni bir fenomen deyil. Müasir dövrdə olduğu kimi, yəhudilərə qədim dövrdə də nifrət edilirdi.

Romadan qovulan Priskila və Akila Korinfdə məskunlaşmışdılar. Onlar da Paul kimi sənətkar idilər və çadır düzəldirdilər. Buna görə Paul onlarda qalırdı. Paul Korinfdən çıxıb Efesə gedəndə, Akila və Priskila da onunla birlikdə Efesdə yerləşdilər (Həvarilərin işləri 18:18).

Artıq Akila və Priskila ilə əlaqəli ilk hadisə çox xarakterik idi. Efesə gözəl danışıq qabiliyyəti olan bilikli Apollo gəldi. Lakin Apollo yalnız Rəbbin yolunun əsaslarını öyrənmişdi və məsihçi inancının mənasını hələ tam bilmirdi. Buna görə də Akila və Priskila onu evlərinə qəbul etdilər, onunla dostlaşdılar və Rəbbin yolunu ona izah etdilər (Həvarilərin işləri 18:24-26). Akila və Priskila ilk gündən özlərini açıq ürəkli və açıq qapılı insanlar kimi təqdim etdilər.

Biz onlar haqqında bir daha oxuyanda, onlar hələ də Efesdə idilər. Paul Efesdən Korinflilərə birinci məktubunu yazanda, orada olan Akila və Priskiladan, eləcə də onların ev toplantısından salamlar çatdırır (1Korinflilərə 16:19). Onda hələ kilsə binaları yox idi. Priskila və Akilanın evi məsihçilərin görüş yeri kimi xidmət edirdi.

Biz onlar haqqında növbəti dəfə oxuyanda, onlar artıq Romada idilər. İmperator Klavdinin yəhudiləri Romadan qovmaq fərmanı artıq icra olunmurdu. Təbii ki, bir çox digər yəhudilər kimi, Akila və Priskila da Romaya — öz əvvəlki yerlərinə və sənətlərinə qayıtdılar. Bildiyimizə görə, onlar xidmətlərini davam etdirdilər, yəni onların evi yenə məsihçilərin görüş yeri idi.

Sonuncu dəfə onlar haqqında 2Timoteyə 4:19-da oxuyuruq və yenə Efesdə yaşadıqlarını görürük. Paulun son məktublarından birində biz onunla birlikdə bir çox çətinliklərin öhdəsindən gələn bu cütlüyə salamlar göndərdiyini görürük.

Priskila və Akila qəribə köçəri həyat tərzi keçirirdilər. Akila özü Kiçik Asiyanın Pontu şəhərindən idi (Həvarilərin işləri 18:2). Onlar əvvəlcə Romada, sonra Korinfdə, Efesdə, sonra yenidən Romada və yenidən Efesdə yaşadılar. Amma harada yaşamalarından asılı olmayaraq, onların evi həmişə məsihçilərin toplantı yeri, məsihçi qardaşlığının mərkəzi idi. Hər ev toplantı yeri, yəni İsa Məsihin məskunlaşacağı yer olmalıdır. Harada olmasından asılı olmayaraq, Priskila və Akilanın evi dostluq, qardaşlıq və məhəbbət saçırdı. Qərib bir adam yad bir şəhərə, yad ölkəyə gələndə, onun üçün ən dəyərli şey yanına gedəcək tanışların olmasıdır. Belə bir yer tənhalığı aradan qaldırır və adamı vəsvəsələrdən qoruyur. Bəzən biz ev haqqında başımızı soxacağımız, qapıları bağlayacağımız və dünyadan gizlənə biləcəyimiz bir yer kimi düşünürük. Lakin ev əslində açıq qapıları olan bir yer olmalıdır. Açıq qapılar, səxavətli əl və sevən ürək — budur, məsihçi həyatının əsas əlamətləri.

Priskila və Akila haqqında bütün bunlar etibarlı məlumatlardır. Lakin güman etmək olar ki, onların təsiri bununla da yekunlaşmırdı. Müqəddəs Priska kilsəsi hələ də Romada Aventin təpəsində dayanır. Priskilanın qəbiristanlığı deyilən bir yer də var. Bu qəbiristanlıq qədim Roma Akvili ailəsinin dəfn yeridir. Orada 91-ci ildə Roma konsulu olan Akilius Glabrio dəfn edilmişdir. Bu, romalının ala biləcəyi ən böyük vəzifə idi. Onun məsihçi kimi şəhid olması ehtimalı yüksəkdir. Yəqin ki, o, Məsihi qəbul edən və imanına görə şəhid olan Romanın ilk aristokratlarından və zadəganlarından biri idi. İnsanlar Roma İmperiyasında azadlıq əldə edəndə, adətən, onlar məşhur bir ailənin soyadını öz adları kimi qəbul edirdilər. Akiliev soyadında ən tipik qadın adı Priska idi. Akilius adı isə Akila ilə çox oxşardır. Budur, qarşımızda iki maraqlı ehtimal yaranır:

1) Ola bilsin, Akila və Priskila bir vaxtlar qul olub, sonradan azadlıq almışdılar. Yəni Akiliyev ailəsinin azad olmuş qullarından biri idi. Ola bilsin, onlar Akiliyev ailəsinə məsihçiliyin toxumlarını o qədər dərindən səpmişdilər ki, bu ailənin üzvlərindən olan Akilius Glabrio nəinki Roma konsulu, həm də məsihçi olub.

2) Amma başqa bir ehtimal da təsəvvür etmək olar. Qəribədir ki, Əhdi-Cədiddə Akila və Priskila adlarının qeyd edildiyi altı halın dördündə Priskilanın adı ərinin adından əvvəl gəlir. Halbuki ərin adı adət üzrə birinci olmalı idi. Ola bilsin, Priskila, ümumiyyətlə, qul deyil, xanım idi, Akiliyevlər ailəsində doğulmuşdu. Yəqin ki, məsihçi toplantılarının birində bu aristokrat xanım çadır tikən təvazökar yəhudi sənətkarı ilə tanış olub və onlar bir-birlərinə aşiq olublar. Ola bilsin, məsihçilik irqi və sinfi maneələri, imkan və mənşə baryerlərini qırmışdı. Beləliklə, Roma aristokratı və yəhudi sənətkarı Məsihə xidmət etmək üçün məsihçi məhəbbətində əbədi birləşmişdilər.

Bunlar sadəcə heç vaxt tam əmin ola bilməyəcəyimiz fərziyyələrdir. Lakin bir şeyə əminik ki, Korinfdə, Efesdə və Romada bir çox insan Priskila və Akila, eləcə də onların ev toplantıları sayəsində canlarının xilasına nail olmuşdular.

5-11

HƏR KƏS ÜÇÜN TƏRİF SÖZÜ (Romalılara 16:5-11)

Şübhəsiz ki, bu adların hər birinin arxasında qəhrəman məsihçi hekayəsi olan bir həyat dayanır. Biz bu insanların heç birinin həyatı ilə tanış olmasaq da, bəzilərini özlüyümüzdə təsəvvür edə bilərik. Bu fəsildə iyirmi dörd ad çəkilir və iki maraqlı nəticə çıxarmaq olar.

1) İyirmi dörd addan altısı qadın adıdır. Bunu yadda saxlamaq lazımdır, çünki Paul tez-tez imanlı cəmiyyətində qadınların mövqeyini aşağılamaqda günahlandırılır. Əgər biz Paulun bu məsələ ilə bağlı fikirlərini bilmək istəyiriksə, o zaman onun imanlı cəmiyyətində qadınların gördüyü işləri necə yüksək qiymətləndirdiyini göstərən buna bənzər hissəni oxumaq yerinə düşər.

2) Bu hissədə sadalanan iyirmi dörd addan on üçünə Romadakı imperator sarayı ilə bağlı sənədlərdə və qeydlərdə rast gəlinir. Bu adların çoxu tipik olsa da, düşündürücüdür. Filipililərə 4:22-də Paul «qeysərin sarayında işləyən» möminlərdən danışır. Çox güman, onların əksəriyyəti qul idi. Lakin bununla belə, məsihçiliyin erkən mərhələdə imperator sarayına nüfuz etməsi maraqla qarşılanır.

Andronikos və Yuniya cütlüyü maraq yaradır. Yuniya, çox güman, qadın adıdır. Bu o deməkdir ki, erkən məsihçilik dövründə qadın həvari kimi tanınırdı. Həmin dövrdə İsa Məsih haqqında Xoş Xəbəri dünyaya yaymaq üçün göndərilən insanlara həvari deyilirdi. Paul deyir ki, Andronikos və Yuniya Məsihi ondan əvvəl qəbul etmişdilər. Bu o deməkdir ki, onlar hələ Stefanın dövründə Məsihə iman etmişdilər. Onlar, çox güman, Yerusəlimdəki ilk məsihçi cəmiyyəti ilə əlaqədə idilər.

Ampliyat adı ilə bağlı maraqlı bir hekayə var. Bu adi qul adıdır. Qədim məsihçi katakombalarından biri olan Domitsilla qəbiristanlığında Ampliyat adını daşıyan bəzəkli məqbərə var. Qəbrin üzərində oyulmuş dekorativ hərflərlə Ampliyat adı yazılıb. Qəbrin üzərində yalnız bir adın həkk olunması (Roma vətəndaşının üç adı olurdu: ad, ləqəb və soyad) Ampliyatın qul olduğunu göstərir. Lakin bəzədilmiş türbə və dekorativ yazı onun imanlı cəmiyyətində yüksək vəzifə tutduğunu göstərir. Bu da onu təsdiq edir ki, erkən məsihçilikdə sinfi təbəqə fərqi o qədər aradan qaldırılmışdı ki, qul imanlı cəmiyyətinin ağsaqqalı ola bilərdi. Sosial fərqlər buna mane olmurdu. Paulun Məktubunda adını çəkdiyi Ampliyat ilə Domitsilla qəbiristanlığında dəfn edilən Ampliyatın eyni adam olub-olmadığı bilinmir. Amma mümkün olmaq ehtimalı yüksəkdir.

«Aristobulun ailəsindən olanlara» ifadəsinin arxasında da bir hekayə dayana bilər. Romada «ailə» dedikdə təkcə ailə üzvləri və yaxın qohumlar deyil, qulluqçular da nəzərdə tutulurdu. Uzun illər əvvəl Romada Böyük Hirodun Aristobulus adlı nəvəsi yaşamışdır. O, Hirodun böyük mülkündən heç nə miras almadan, adi bir adam kimi yaşayırdı. Lakin o, imperator Klavdinin yaxın dostu idi. Aristobulun ölümündən sonra onun qulluqçuları qanuni olaraq imperatorun mülkü oldular. Amma onlar «Aristobulun ailəsi» kimi tanınan xüsusi qrup yaratdılar. Buna görə də, bu ifadə bir vaxtlar Böyük Hirodun nəvəsi Aristobula məxsus olan, sonradan isə imperatorun himayəsinə keçən yəhudi qullar üçün işlədilə bilər. Həmin ifadədən əvvəl və sonra duran iki adı nəzərə alsaq, bu amil daha inandırıcı səslənir. Apellis yəhudi adı — Abelin yunan analoqu ola bilər. Hirodion adı isə Böyük Hirodun soyadı ilə əlaqəsi olan şəxsə daha uyğundur.

«Narkisin ailəsindən» ifadəsinin arxasında başqa bir maraqlı hekayə dura bilər. Narkis o dövrdə adi bir ad idi. Lakin o dövrdə bütün Narkislərin ən məşhuru, pis ad çıxaran imperator Klavdinin azad etdiyi katibi idi. Deyilənə görə, o, təxminən doqquz milyon manat sərvət qazanmışdı. Narkisin gücü onda idi ki, imperator Klavdiyə ünvanlanan bütün məlumatlar onun əlindən keçirdi. O istəməsəydi imperatora heç nə çatdırılmırdı. O, xahişlərinin imperatora çatmasını istəyən insanlardan külli miqdarda rüşvət alaraq sərvət qazanmışdı. Klavdi öldürüləndən və Neron taxta çıxandan sonra, Narkis bir müddət sağ qaldı. Lakin sonra onu intihar etməyə vadar etdilər. Bu zaman onun bütün var-dövləti, «ailəsi», xidmətçiləri imperator Neronun mülkü oldu. Çox güman ki, burada da onun keçmiş qullarının adı çəkilir. Əgər adı çəkilən Aristobul, həqiqətən də, Böyük Hirodun nəvəsi idisə və Narkis imperator Klavdinin katibi idisə, bu o deməkdir ki, o dövrdə imperator sarayında çoxlu qullar Məsihi qəbul etmişdilər. Məsihçiliyin təsiri artıq imperiyanın ən yüksək təbəqələrinə gedib çatmışdır.

12-16

GİZLİ QƏHRƏMANLIQ HEKAYƏLƏRİ (Romalılara 16:12-16)

Şübhəsiz ki, hər bir adın arxasında qəhrəmanlıq hekayəsi gizlənir. Amma biz onlardan yalnız bir neçəsini araşdıra bilərik.

1) Paul, çox güman, əkiz bacılar olan Trifena və Trifosaya salamını təbəssümlə çatdırır. Sanki onlar ayrı-ayrı ailələrdəndir. Bu salamlar siyahısında Paul üç dəfə «Rəbbin xidmətində zəhmət çəkmiş» kimi tərcümə olunan yunan sözündən istifadə edir. O, bu sözü 6-cı ayədə Məryəm, 12-ci ayədə isə Trifena, Trifosa və Persis üçün istifadə edir. Paul burada «əldən düşənə qədər işləmək» mənasını verən kopian felindən istifadə edir. Beləcə Paul Trifena və Trifosun Rəbb üçün nə qədər zəhmət çəkdiyini vurğulayır. Lakin maraqlısı budur ki, Trifena və Trifos adları tərcümədə müvafiq olaraq incə və zərif deməkdir. Paul sanki belə demək istəyirdi: «Sizi incə və zərif adlandırmaq olar, amma adlarınızın əksinə olaraq, Rəbdən ötrü pəhləvan kimi xidmət edirsiniz». Bu salamını göndərərkən Paulun təbəssümünü təsəvvür etmək çətin deyil.

2) Əhdi-Cədidin naməlum mühüm hekayələrindən biri Rufus və onun anasının adı ilə bağlıdır. Rufusun anası eyni zamanda Paula da analıq etmişdi. Görünür, Rufus Roma imanlı cəmiyyətində müqəddəsliyi ilə ad çıxaran ən ağıllı üzvlərindən biridir. Bu da aydındır ki, Paul ona olan xeyirxahlığına görə Rufusun anasına özünü borclu bilirdi. Görəsən, Rufus kim idi? Gəlin Mark 15:21-ə nəzər salaq. Orada Məsihin çarmıxını Qolqotaya qədər daşıyan Kirenalı Şimon haqqında oxuyuruq. Həmin mətndə deyilir ki, o, İsgəndər və Rufusun atası idi. Əgər insanı oğullarına görə tanıyırlarsa, bu o deməkdir ki, həmin insan özü tanınmasa da, oğulları yaxşı tanınır. Mark Müjdəsini hansı imanlı cəmiyyəti üçün yazmışdı? O, Müjdəsini Roma cəmiyyəti üçün yazmışdı və onun orada tanıdıqları İsgəndər və Rufus idi. Deməli, biz burada İsanın Çarmıxını daşıyan Şimonun oğlu ilə qarşılaşırıq.

O gün Şimon üçün dəhşətli gün idi. O, Şimali Afrikadakı uzaq Kirenadan olan yəhudi idi. Şübhəsiz ki, o, Yerusəlimdə bir dəfə də olsun Pasxa bayramını qeyd etmək üçün bütün ömrü boyu pul toplamışdı. O, həmin gün böyük sevinc hissi ilə şəhərə daxil olarkən, qəflətən Roma əsgəri nizəsinin sapı ilə onun çiyninə vurdu və onu cinayətkarın çarmıxını daşımağa məcbur etdi. Görün indi o necə qəzəbli idi! Bu alçaltma ona necə bir qəzəb gətirmişdi! Məgər Kirenadan uzaq yolu bunun üçün gəlmişdi? O, uzaq yolu Pasxanın möhtəşəmliyini dadmaq üçün qət etmişdi, amma əvəzində belə bir dəhşətli alçaltma ilə üz-üzə qalmışdı! Çox güman, o, Qolqotaya çatan kimi çarmıxı atıb ikrah hissi ilə oradan uzaqlaşacağını düşünürdü.

Ancaq gözlənilməz bir şey baş verdi. Görünür, Qolqotaya gedən yolda Şimon yanında addımlayan İsanın necə alçaldıldığını görüb təsirlənmişdi. O, yəqin ki, qalıb izləmək qərarına gəlmişdi. Budur, Çarmıxda əzab çəkən Şəxs əbədi olaraq Şimonu Özünə bağladı. Qolqotaya gedən yolda təsadüfi görüş Şimonun həyatını kökündən dəyişdi. O, yəhudilərin Pasxa bayramını qeyd etmək üçün Yerusəlimə gəlmişdi, amma Yerusəlimi Məsihin xidmətçisi kimi tərk etdi. Evə qayıdanda, görünür, həyat yoldaşına və oğullarına şahidi olduqlarını və yaşadıqlarını danışmışdı.

Belə təxminlər ortaya çıxır: Antakyaya ilk gələn Kiprli və Kirenalılar bütpərəstlərə Müjdəni təbliğ etdilər (Həvarilərin işləri 11:20). Şimon da bu Kirenalılar arasında idimi? Bəlkə Rufus da onlarla idi? Məsihçiliyi bütün dünyaya yaymaq yolunda ilk addımı onlarmı atdılar? Bəlkə onlar məsihçi cəmiyyətinə yəhudiliklə bağlarını qırmaqda kömək ediblər? Ola bilərmi ki, bu gün biz məsihçi imanımızı Kirenalı bir adamın Qolqotaya gedən yolda çarmıx daşımağa məcbur olduğu o qəribə hadisəyə borcluyuq?

Gəlin Efesə, izdiham Paulu öldürmək istəyəndə efesli Artemidanın xidmətçiləri tərəfindən qaldırılan üsyana nəzər salaq. Camaatın qarşısına kim çıxıb danışdı? İsgəndər adlı bir adam (Həvarilərin işləri 19:33). O, Paul ilə birlikdə təhlükəyə sinə gərən başqa bir imanlı qardaş ola bilərdimi? Anaları isə Paulun çətin anında ona kömək edib təsəlli verdi, məhəbbət göstərdi. Halbuki öz ailəsi məsihçi olduqdan sonra ondan imtina etmişdi. Bunlar bizim təxminlərimizdir, çünki İsgəndər və Rufus geniş yayılmış adlar idi. Amma yenə də olma ehtimalı böyükdür. İstənilən halda, bütün bunlar Qolqotaya gedən yolda həmin «təsadüfi» görüşün heyrətamiz nəticəsi ola bilər.

3) Arxasında daha heyrətamiz bir hekayənin ola biləcəyi başqa bir ad var — o, Nereydir. 95-ci ildə bütün Romanı sarsıdan bir hadisə baş verdi. Çox görkəmli adamlardan ikisi məsihçi olduqlarına görə məhkum edildi. Bunlar Romanın keçmiş konsulu Flavi ​​Klemens və onun damarlarında kral qanı axan həyat yoldaşı Domatsilla idi. O, keçmiş imperator Vespasianın nəvəsi və o dövrdə hökmranlıq edən imperator Domisianın qardaşı qızı idi. Flavi ​​Klemens və Domatsillanın iki oğlu əslində imperatorluğun varisləri olmalı idi. Lakin Flavi ​​Klemens edam edildi, Domastilla isə Pontius adasına sürgün edildi. Uzun illər sonra Paul Domatsillanın «Məsih uğrunda iztirab çəkdiyi» mağaranı görmüşdü. Məsələ budur ki, Flavi ​​Klemens və Domatsillanın xidmətçisinin adı Nerey idi. Ola bilərmi ki, qul Nerey keçmiş konsul Flavi ​​Klemensin və imperator qanından olan şahzadə Domatsillanın Məsihi qəbul etməsinə vəsilə olub? Bəlkə də bunlar fərziyyələrdir, amma həqiqət də ola bilər.

Bu hekayəyə daha bir faktı əlavə etmək qalır. Flavi ​​Klemens imperator Neronun dövründə Roma meri olan Flavi ​​Sabinin oğlu idi. Həmin vaxt Neron məsihçiləri vəhşicəsinə təqib edirdi. O, məsihçiləri 64-cü ildə Romanı yandırmaqda günahlandırırdı. Yanğın nəticəsində şəhər çox pis vəziyyətə düşmüşdü. Ola bilsin, vali kimi Flavi ​​Sabin Neronun əmri ilə edamlara nəzarət etməli idi. Məhz o zaman Neron məsihçilərin üzərinə qatran çəkib, öz bağçası üçün canlı məşəl etməyi, onları heyvanların dərisinə salıb vəhşi ov itlərinin qabağına atmağı və Tiber çayında boğmaq üçün gəmilərə bağlamağı əmr etmişdi. Ola bilsin, ölümündən otuz il əvvəl Flavi ​​Klemens yüzlərlə şəhidin cəsarətini görmüş və onların belə bir şəkildə açıq gözlə ölümə getməsinə heyrətlənmişdi. Beş ayədə olan adlar və salamlar. Bunlar qəlbləri fəth edən xatirələr silsiləsidir!

17-20

SON ÇAĞIRIŞ (Romalılara 16:17-20)

Paul Romalılara məktubunu başa çatdırmaqda çətinlik çəkirdi. O, artıq bütün salamlarını çatdırmışdı. Məktubunu bitirməzdən əvvəl bir daha Romadakı məsihçiləri istənilən pis təsirdən çəkinməyə çağırır, hətta onlara yalvarır. Paul Cəmiyyət və məsihçi qardaşlığı üçün dağıdıcı olan iki xüsusiyyəti qeyd edir:

1) Qardaşlar arasında təfriqə salan insanlar var. İmanlı Cəmiyyətinin sülhünü pozan hər kəs böyük məsuliyyət daşıyır. Bir dəfə keşiş icmasına yeni qəbul edilmiş adamla söhbət edirdi. Hər halından görünürdü ki, bu adam İsa Məsihin məhəbbəti ilə idarə olunmur. O, keşişdən hansısa icmanı tanıyıb-tanımadığını soruşdu və müsbət cavab aldıqdan sonra kinayə ilə əlavə etdi: «Mən o icmanın axırına çıxdım». Elə insanlar var ki, fitnə-fəsad törətmələri ilə fəxr edir və zəhərli nifaq toxumu səpməyə çalışırlar. İmanlı Cəmiyyətində nifaq salan hər kəs bir gün Cəmiyyətin Başçısı qarşısında buna görə cavab verəcəkdir.

2) Başqalarının yoluna maneələr qoyan insanlar da var. Başqasının məsihçi olmasını çətinləşdirən adam buna görə cavab verməli olacaq. Davranışı pis örnək olan, başqalarına pis təsir bağışlayıb büdrəmə olan, təlimi ilə məsihçi imanını zəiflədən adam da bir gün cəzasını alacaq. Bu, asan cəza olmayacaq. Çünki İsa övladlarının ayağından vuranlara qarşı sərt olacaq.

Bu hissədə iki maraqlı sözlə qarşılaşırıq. Birincisi, yağlı və yaltaq nitq kimi tərcümə olunan krestoloqiya sözüdür. Yunanlar krestoloqos insanları «özünü etibarlı göstərib, pis hərəkət edən insan» kimi təyin edirdilər. Bu, mömin ifadələr arxasında insanlara pis təsir göstərən və onları birbaşa hücumlarla deyil, hiylə ilə yanlış yola yönəldən, Məsihə qulluq etdiyini iddia edib, əslində isə imanı məhv edən şəxsdir. İkincisi, Müqəddəs Kitabda «sadəlövh adamlar» kimi tərcümə olunan akeraios sözüdür. Yunan dilində akeraio sözü qatqısı olmayan metal, şərab və ya südü bildirmək üçün istifadə olunur. Akeraio sözü tamamilə təmiz və qüsursuz bir şeyi bildirir. Məsihçi dürüstlüyünə və səmimiliyinə heç bir şübhə olmayan şəxsdir.

Bu hissəyə daha bir qeyd əlavə edilməlidir. Aydın məsələdir ki, Roma imanlı cəmiyyətində daxili iğtişaşlar hələ üzə çıxmamışdı. Paul ümid edir ki, Roma cəmiyyəti onların öhdəsindən gəlib, onlara qələbə çalacaq. O, müdrik çoban idi. İnanırdı ki, xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha yaxşıdır. Bəzi imanlı cəmiyyətləri çox vaxt çətin vəziyyət yaranana qədər hadisənin inkişafına icazə verirlər, çünki heç kimin problemi öz üzərinə götürməyə cəsarəti çatmır. Əksər hallarda problemlə bağlı tədbir görmək gec olur. Əgər vaxtında müvafiq tədbirlər görülsə, yanğının qığılcımını asanlıqla söndürmək olar. Lakin meşə yanğınını söndürmək, demək olar ki, mümkün deyil. Paul təhlükəni müdrikliklə və öz vaxtında həll edirdi.

Bu hissə bizi ciddi düşünməyə vadar edən bir cümlə ilə bitir. Paul deyir ki, sülh qaynağı olan Allah şeytanı tezliklə ayaqlarımızın altında əzəcək. Yaddan çıxarmamalıyıq ki, Allahın sülhü — zəhmət və qələbə gətirən sülhdür. Sülhə həm də kompromislərlə, müəyyən prinsiplərdən və qərarlardan qaçmaqla nail olmaq olar. Amma bu cür sülh ətalətdən irəli gəlir və məğlubiyyətə aparır. Məsihçi həmişə bilməlidir ki, Allahın sülhü dünyəvi şeylərə boyun əyməklə əldə edilən sülh deyil; dünyəvi şeylərə qalib gəlməklə əldə edilən sülhdür.

21-23

SONDA GÖNDƏRİLƏN SALAMLAR (Romalılara 16:21-23)

Paul vasitəsilə salamlarını göndərən dostlar haqqında öyrənmək maraqlı olardı.

Timotey — Paulun sağ əli, onun ən yaxın yoldaşı və Paula görə, onun davamçısı idi. Heç kim Timotey qədər Paulun fikirlərini oxuya bilmirdi (Filipililərə 2:19-20).

Luki — çox güman, Paul və Barnabanı missioner səfərinə göndərən Antakya peyğəmbərlərindən və müəllimlərindən biri olan Kirenalı Lukidir (Həvarilərin işləri 13:1).

Yason — Salonikidə Paula qonaqpərvərlik göstərən və izdihamın əlindən əziyyət çəkən həmin Yason ola bilər (Həvarilərin işləri 17:5-9).

Sosipater isə imanlı cəmiyyətinin ianələrindən pay götürən və onu Paul ilə Yerusəlimə aparan Pir oğlu Veriyalı Sopater ola bilər (Həvarilərin işləri 20:4).

Qay — Paulun Korinfdə vəftiz etdiyi həmin Qay ola bilər (1Korinflilərə 1:14). Birinci və axırıncı dəfədir ki, biz bu məktubu Paulun diktəsi ilə yazan şəxsin, katibin adını öyrənirik. Çünki Terti öz adından da salam yazmışdı. Heç bir görkəmli insan təvazökar köməkçilərin yardımı olmadan böyük işlər görə bilməz. Bütün digər katiblər bizə naməlum qalır. Terti isə bizim üçün Paulun diktəsi ilə yazan həmin təvazökar, anonim katiblərdən biridir.

Bütün fəslin çox maraqlı tərəfi odur ki, Paul insanları bir cümlə ilə xarakterizə edir. Burada iki nümunə var. Qonaqpərvər Qay və Kvart qardaş. Qapıları hamının üzünə açıq olan qonaqpərvər və ya ürəyi qardaş sevgisi ilə dolu olan adam kimi tarixə düşmək necə böyük xoşbəxtlikdir. Nə vaxtsa bizi də bir cümlə ilə xarakterizə edəcəklər. Görəsən, o hansı cümlə olacaq?


  1. Pleyada — bir dövrün, cərəyanın ən görkəmli xadimlər dəstəsi;↩︎

  2. Nissalı Qriqori (d. 335 — ö. 394, Kappadokiya) — məsihçi yazıçısı, ilahiyyatçısı, Nissa şəhərinin yepiskopu, kilsə müqəddəsi, Kappadokiya kilsə atalarından biri.↩︎

  3. Epiktet (təx. 50 — 138) — qədim yunan filosofu.↩︎

  4. Esxatologiya — dünyanın, bəşəriyyətin sonu haqqında dini təsəvvürlərin məcmusu.↩︎

  5. Publi Vergili Maron (15 oktyabr e.ə. 70 — 21 sentyabr e.ə. 19, Brindizi, İtaliya, Roma imperiyası) — Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şair. E.ə. 70-19-cu illərdə yaşamışdır. Romanın klassik şairi və ən qüdrətli ədəbi xadimlərindən biri sayılır↩︎

  6. Qay Svetoni Trankvill (lat. Gaius Suetonius Tranquillus; təq. 70 və ya təq. 69, bilinmir — təq. 126 və ya 140, Roma imperiyası) — Qədim Roma tarixçi və yazıçısı, ensiklopedist-alim, imperator Adrianın şəxsi katibi. Latın dilində yazdığı "On iki sezarın həyatı" adlı bioqrafik məcmuəsi Qədim Roma tarixi üzrə mühüm mənbələrdəndir. Svetoninin digər əsərləri fraqmental şəkildə saxlanmışdır.↩︎

  7. Matrona — qədim romalılarda: böyük ailə anası.↩︎

  8. Akvinalı Foma (həmç. Foma Akvinat və ya Tomas Akvinat, lat. Thomas Aquinas; 1225 — 7 mart 1274) — orta əsr filosofu və ilahiyyatçısı, sxolastikanın sistemləşdiricisi, tomizmin banisi.↩︎

  9. Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24 — 79, Stabie, İtaliya, Roma imperiyası) — Qədim Roma yazıçısı və filosofu.↩︎

  10. Plutarx (yun. Πλούταρχος, ən tezi 45 və ən geci 50 — təq. 120, bilinmir) — Roma imperiyası dövründə yaşamış yunan tarixçisi, bioqrafı və filosofu. Orta platonçuluq məktəbinin təmsilçisi sayılır.↩︎

  11. Kiçik Plini — qədim Romada hüquqşünas, yazıçı və hakim.↩︎

  12. Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 — təq. 120, Roma imperiyası) — Roma tarixçisi.↩︎

  13. Hücrə — məscid, təkyə, karvansara və s. yanındakı kiçik otaqlardan hər biri.↩︎

  14. Pretor (lat. praetor, lat. prae-ire — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi.↩︎

  15. Afínalı Afinaqór (təq. 133, Afina — təq. 190, Afina) — məsihçi apologeti və ilahiyyatçısı, Müqəddəs imanlı cəmiyyətinin ağsaqqalı.↩︎

  16. Roma Forumu (şəhər mərkəzi; Forum Romanum, daha çox Forum Magnum və ya sadəcə olaraq Forum adlanır) — Qədim Romanın inkişaf etdiyi mərkəzi ərazidir. Ticarət, fahişəlik, ibadət və ədaləti idarə etmək burada baş verirdi. Sosial mərkəz də bura idi.↩︎

  17. Bazilika — antik dövrdə və orta əsrdə: içərisi sütunlarla iki hissəyə bölünən böyük bina.↩︎

Azərbaycan dilində Müqəddəs Kitab

Salamlar və xahişlər
1 Kenxreyadakı cəmiyyətin xidmətçisi olan bacımız Fibi barədə sizə zəmanət verirəm. 2 Onu Rəbdə olduğu üçün müqəddəslərə layiq tərzdə qəbul edin, nə ehtiyacı varsa, siz ona kömək edin. Çünki o, çoxlarına və şəxsən mənə də hamilik edib.
3 Məsih İsada həmkarlarım olan Priskila və Akilaya salam söyləyin. 4 Onlar mənim həyatım üçün öz canlarını təhlükəyə saldılar. Onlara yalnız mən yox, başqa millətlərin bütün cəmiyyətləri də təşəkkür edir. 5 Onların evində toplanan cəmiyyətə də salam söyləyin.
Asiya vilayətindən Məsih üçün ilk məhsul olan sevimli qardaşım Epenetə salam çatdırın.
6 Sizin üçün xeyli zəhmət çəkmiş Məryəmə salam söyləyin.
7 Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın.
8 Rəbdə mənə sevimli olan Ampliyata salam söyləyin.
9 Məsihdə həmkarımız olan Urbana və mənə sevimli olan Staxisə salam çatdırın.
10 Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin.
Aristobulun ailəsindən olanlara salam çatdırın.
11 Soydaşım Hirodiona salam söyləyin.
Narkisin ailəsindən Rəbdə olanlara salam çatdırın.
12 Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam söyləyin.
Rəbbin xidmətində xeyli zəhmət çəkmiş sevimli Persisə salam çatdırın.
13 Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin.
14 Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla birlikdə olan bacı-qardaşlara salam çatdırın.
15 Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin.
16 Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir.
17 Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun. 18 Çünki belə adamlar Rəbbimiz Məsihə deyil, öz qarınlarına qulluq edirlər; onlar yağlı və yaltaq nitqləri ilə sadəlövh adamların ürəklərini tovlayırlar. 19 Sizin itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız. 20 Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun!
21 Həmkarım Timotey, soydaşlarım Luki, Yason və Sosipater sizə salam göndərir.
22 Bu məktubu yazıya alan mən Terti də Rəbbin ismi ilə sizə salam söyləyirəm.
23 Məni və bütün cəmiyyəti qonaq saxlayan Qayın sizə salamı var.
Şəhərin xəzinədarı olan Erast və Kvart qardaş da sizə salam göndərir. 24 
Allaha əbədi izzət olsun
25 Allah mənim elan etdiyim Müjdəyə və İsa Məsih barədə vəzə görə, əzəldən bəri gizli saxlanmış sirri aydınlaşdıran vəhyə uyğun olaraq, sizi qüvvətləndirməyə qadirdir; 26 bu həmin sirdir ki, indi aşkar olmuş və əbədi Allahın əmrinə əsasən peyğəmbərlərin Yazıları vasitəsilə bütün millətlərin iman gətirib itaət etməsi üçün bəyan edilmişdir; 27 o yeganə və müdrik Allaha İsa Məsih vasitəsilə əbədi izzət olsun! Amin.