Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Markın müjdəsi: 9-cu fəsil

V. Barklinin şərhləri

9-cu fəsil

Mark 9:1 ayəsinin şərhinə Mark 8:39-da baxın.

2-8

DAĞIN ZİRVƏSİNDƏKİ İZZƏT (Mark 9:2-8)

İsa Məsihin həyatındakı bu hadisə bir sirdir. Biz yalnız onu anlamağa çalışa bilərik. Mark deyir ki, bu, Filip Qeysəriyyəsindəki hadisədən altı gün sonra baş vermişdi. Luka isə bunun səkkiz gündən sonra baş verdiyini deyir. Burada heç bir ziddiyyət yoxdur. Onların hər ikisi «təxminən bir həftədən sonra» anlamına gəlir. Həm şərq, həm də qərb kilsələri İsa Məsihin görünüşünün dəyişilməsi gününü avqustun 6-sı qeyd edirlər. Həmin günün, həqiqətən də, avqustun 6-sı olub-olmaması fərq etməz. Əsas odur ki, hamı onu xatırlasın.

Rəvayətə görə, Məsihin görünüşünün dəyişilməsi Tavor dağında baş verib. Şərq kilsəsində Məsihin görünüşünün dəyişilməsi bayramı taborion adlanır. Bəlkə də bunun səbəbi Zəbur 89:13-də Tavor dağının adının çəkilməsidir. Amma bu, uğurlu variant deyil. Tavor dağı Qalileyanın cənubunda, Filip Qeysəriyyəsinin isə şimalında yerləşir. Bundan əlavə, Tavor dağının hündürlüyü üç yüz metrdən çox deyildi. İsanın dövründə onun zirvəsində bir qala var idi. Çox güman ki, bu hadisə hündürlüyü təxminən 4500 metr olan və Filip Qeysəriyyəsinə yaxın olan başı qarlı Xermon dağında baş verib. Təkliyə daha çox orada çəkilmək olardı. Lakin orada nə baş verdiyini biz deyə bilmərik. Nə baş verdiyini anlamağa çalışarkən, biz hörmətlə təzim etməliyik. Mark deyir ki, İsanın libası gözqamaşdırıcı ağ rəng aldı. Burada Mark, adətən, cilalanmış mis, qızıl, mavi polad və ya qızıl günəş işığının parlaqlığını ifadə etmək üçün istifadə olunan stilbeyn sözünü işlədir. Parıltı dayananda bulud hər kəsin üzərinə kölgə saldı.

Yəhudi dünyagörüşündə Tanrının hüzuru həmişə buludla əlaqələndirilir. Musa da Allahla buludda görüşmüşdü. Allah Hüzur çadırına buludun içində gəlmişdi. Süleyman peyğəmbərin dövründə Məbədin açılışında bulud Məbədi doldurmuşdu. Yəhudilər xəyal edirdilər ki, Məsih yer üzünə gələndə Allahın hüzuru buludla Məbədi yenidən dolduracaq (Çıxış 16:10; 19:9; 33:9; 1Padşahlar 8:10; 2Makkabilər 2:8). Buludun Məbədə kölgə salması Məsihin gəlişinə işarədir. Hər bir yəhudi bu ifadəni məhz belə başa düşərdi.

İsa Məsihin görünüşünün dəyişilməsinin iki mənası var.

1. Bu, İsanın Özü üçün çox vacib idi. İsa qərar verməli idi. O, Yerusəlimə getməyə qərar verdi, bu isə Çarmıxı götürüb daşımağa bərabər idi. Tamamilə aydındır ki, O, getməzdən əvvəl düzgün qərar verib-vermədiyini yoxlamalı idi. Dağın zirvəsində O, qərarının ikiqat təsdiqini aldı.

a) Onunla Musa və İlyas peyğəmbər görüşmüşdü. Musa peyğəmbər İsrailin ali qanunvericisi idi. İsrail xalqı ona Allahın Qanununa görə borclu idi. İlyas peyğəmbər isə peyğəmbərlərin ilki və ən böyüyü idi. İnsanlar ona həmişə Allahın səsini çatdıran peyğəmbər kimi baxırdılar.

Bu iki böyük tarixi şəxsiyyətin İsa ilə görüşməsi o demək idi ki, qanunvericilərin ən böyüyü və peyğəmbərlərin ən böyüyü Ona «Get!» demişdilər. Bu o demək idi ki, onlar keçmişdə arzuladıqları hər şeyin İsada yerinə yetdiyini görürdülər. Bu o demək idi ki, onlar bütün tarix boyu arzuladıqları, gözlədikləri və ümid etdikləri hər şeyi Onda görürdülər. Həmin an İsa əmin oldu ki, O, doğru yoldadır. Çünki bəşəriyyətin bütün tarixi oraya — Çarmıxa yönləndirirdi.

b) Allah İsa ilə danışdı. Həmişə olduğu kimi, İsa nə istədiyini demədi. O, «Nə etməyimi əmr edirsən?» sözləri ilə Allaha üz tutdu. Allah Ona belə cavab verdi: «Sevimli Oğlumun etməli olduğunu edirsən. Belə də davam et!»

Həmin dağda İsa nəinki Çarmıxa çəkilmənin qaçılmaz olduğunu gördü, həm də bir daha təsdiqini aldı.

2. Bu, İsanın şagirdləri üçün çox vacib idi.

a) Onlar İsanın Yerusəlimə ölmək üçün gedəcəyini bildirməsindən sarsılmışdılar. İsanın sözləri onların Məsih haqqında təsəvvürlərini tamamilə alt-üst edirdi. Onlar hələ də sarsıntı içində idilər və heç nə başa düşə bilmirdilər. Elə bir şey baş verirdi ki, onlar nəinki çaşıb qalmışdılar, həm də ürəkləri parçalanırdı. Hər şeyi başa düşə bilməsələr də, Məsihin görünüşünün dəyişilməsi onlara bir növ istiqamətləndirici işarə verirdi. İsa Çarmıxa çəkilsə də, çəkilməsə də, onlar Allahın İsanı necə Öz Oğlu adlandırdığını eşitmişdilər.

b) Bu hadisə onları müəyyən mənada Məsihin izzətinin şahidi etdi. Şahid — əvvəlcə görən, sonra gördüyünə şahidlik edən şəxsdir. Bu hadisə onlara dağda Məsihin izzətini göstərdi. İndi isə onlar bu möhtəşəm hadisəni ürəklərində saxlamalı və bu barədə dərhal deyil, vaxtı gələndə insanlara danışmalı idilər.

9-13

MÜJDƏÇİNİN TALEYİ (Mark 9:9-13)

Təbii ki, üç şagird dağdan enərkən çaşqınlıq içində idilər. Birincisi, İsa onlara gördükləri barədə danışmağı qadağan etmişdi. İsa bilirdi ki, onlar hələ də güclü və səlahiyyətli Məsih ideyasının təsiri altındadırlar. Əgər onlar dağın başında baş verənlərdən, Allahın izzətinin necə göründüyündən, Musa ilə İlyas peyğəmbərin zühur etməsindən danışsalar, bu, hər kəsin gözləntisinə uyğun gələcəkdi. Axı bu, insanların dilində və qulağında Allahın dünya xalqları üzərindəki qisas alan gücünün yaxınlaşmasının müqəddiməsi kimi səslənə bilərdi! Şagirdlər hələ məsihçiliyin nə olduğunu öyrənməli idilər. Onları yalnız bir şey — Çarmıxa çəkilmə və sonrakı dirilmə öyrədə bilərdi.

Çarmıxa çəkilmə onlara məsihçiliyin nə olduğunu göstərəcək. İsanın Məsih olduğuna O, ölülərdən diriləndən sonra əmin olacaqdılar. Yalnız və yalnız bundan sonra onlar dağın zirvəsində baş verən möhtəşəm hadisələr haqqında danışa bilərdilər. Onda onlar hər şeyi lazım olduğu kimi, yəni Allahın qüdrətinin tarixə hücum müqəddiməsi kimi yox, Allahın məhəbbətinin Çarmıxa çəkilməsinin müqəddiməsi kimi görəcəkdilər. Lakin şagirdlərin zehni hələ də suallarla dolu idi. Onlar İsanın dirilmə ilə bağlı sözlərinin nə demək olduğunu başa düşmürdülər. Onların davranışları da başa düşmədiklərini göstərirdi. İsa Çarmıxa çəkiləndə onlar hər şeyin sonunun gəldiyini düşünən insanların sırasında idilər. Amma buna görə onları qınamaq olmaz. Məsələ bundadır ki, onlar Məsih haqqında tamamilə başqa təsəvvürlərin altında böyümüşdülər. Buna görə də İsanın dediklərini başa düşə bilmirdilər. Onda şagirdlər onları sarsıdan şeyin nə olduğunu soruşdular. Yəhudilər inanırdılar ki, Məsih gəlməmişdən əvvəl İlyas Onun elçisi kimi gəlməlidir (Malaki 4:5-6).

Ravvinlərin rəvayətində deyilirdi ki, İlyas peyğəmbər Məsihdən üç gün əvvəl gəlməlidir. O gələndə birinci gün İsrailin zirvələrində dayanıb, ölkənin viranəliyinə yas tutacaq. Sonra yerin bir tərəfindən o biri tərəfinə qədər eşidiləcək uca səslə deyəcək: «Yer üzünə sülh gəlir! Yer üzünə sülh gəlir!» İkinci gün qışqıracaq: «Yer üzünə yaxşılıq gəlir! Yer üzünə yaxşılıq gəlir!» Üçüncü gün isə belə qışqıracaq: «Yer üzünə Yeşua (xilas) gəlir! Yer üzünə Yeşua gəlir!» O, hər şeyi düzəldəcək. O, axır günlərdə baş verən bütün ailə ixtilaflarını düzəldəcək, ayin və mərasimlərlə bağlı bütün mübahisəli məsələləri həll edəcək, insanları pak edəcək, haqsız yerə sürgün edilənləri geri qaytaracaq və haqsız olaraq qəbul olunanları qovacaq. İlyas peyğəmbər İsrailin dünyagörüşündə heyrətamiz bir yer tuturdu. İsraillilər düşünürdü ki, İlyas sanki həmişə onlar üçün, istər cənnətdə, istərsə də yer üzündə olsun, nəsə edir. O, sonun müjdəçisi olacaqdır. Şagirdlərin təəccüblənməsi təbii idi: «Əgər İsa Məsihdirsə, bəs onda İlyasa nə oldu?» İsa hər bir yəhudinin başa düşə biləcəyi tərzdə cavab verdi: «...İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun başına gətirdilər. İnsanlar Allahın iradəsini unudub, öz iradələrinə uyğun şəkildə ona zülm etdilər». İsa Vəftizçi Yəhyanın həbs edilməsini və Hirodun əli ilə necə öldürüldüyünü nəzərdə tuturdu.

Sonra İsa yenə şagirdlərin diqqətini eşitmək istəmədikləri, lakin Onun fikrincə, hərtərəfli başa düşməli olduqları fikrə yönəltdi. Onlar özlərinə açıq şəkildə dilə gətirilməyən sualı verməli idilər: «Əgər onlar Məsihin elçisi ilə belə davranıblarsa, onda Məsihin başına nələr gətirərlər?» İsa, sözün əsl mənasında, onların fikirlərini alt-üst etdi. Onlar İlyas peyğəmbərin və Məsihin gəlişini, Allahın tarixə qəfil müdaxiləsini və eyni zamanda İsrailin qələbəsi hesab etdikləri göylərin sarsıdıcı qələbəsini gözləyirdilər. İsa istəyirdi ki, onlar həqiqətin gözünə dik baxsınlar: elçi vəhşicəsinə öldürülmüşdü, Məsihi də eyni aqibət gözləyirdi — Çarmıxa çəkilmək. Lakin onlar yenə də başa düşmədilər. Onların bu həqiqəti qəbul etməməyinin həmişəki kimi bir səbəbi var idi: insanlar öz ideyalarına aludə olduqlarına, Allahın nə etdiyini isə görməkdən imtina etdiklərinə görə heç nə başa düşə bilmirdilər. Onlar hər şeyin Allahın buyurduğu kimi deyil, öz istədikləri kimi olmasını istəyirdilər. Onların düşüncələrinin yanlışlığı Allahın həqiqətini görmələrinə mane olurdu.

14-18

DAĞDAN ENƏRKƏN (Mark 9:14-18)

Peter məhz belə vəziyyətlərdən qaçmaq istəyirdi. Dağın zirvəsində, Allahın hüzurunda Peter dedi: «Nə yaxşı ki biz buradayıq». Sonra o, Musaya, İlyasa və İsa Məsihə üç çadır qurub orada qalmaq istədi. Dağın zirvəsində həyat o qədər gözəl, Allaha o qədər yaxın idi ki... Buradan aşağı enmək nəyə lazım idi ki? Amma insan dağdan yerə enməlidir, həyatın mənası elə bundadır. Bir nəfərin dediyi kimi, dinə tərki-dünyalıq yox, təkliyə çəkilmək lazımdır. İnsanın təkliyə çəkilməyə ehtiyacı var, çünki o, Allahla ünsiyyət qurmalıdır. Əgər insan Allahla təkliyə çəkilərkən qardaşlarından təcrid olunarsa, onların kömək fəryadına qarşı kar və göz yaşlarına qarşı kor olarsa — bu, iman yolu deyil. Təklik insanı tərki-dünya etməməlidir. Təkliyə çəkilmə insanlara gündəlik həyatın tələblərinin öhdəsindən daha yaxşı gəlməyə təkan verməlidir.

İsa dağdan enərkən belə bir vəziyyətin şahidi oldu. Bir ata lal ruhuna tutulmuş oğlunu şagirdlərinin yanına gətirmişdi. Oğlanın cinə tutulması bəlli idi, şagirdlər isə heç nə edə bilmirdilər. İlahiyyatçılar bu vəziyyətdən istifadə etdilər. Şagirdlərin acizliyi təkcə onları deyil, həm də Rəblərini aşağılamaq üçün ilahiyyatçılara şərait yaratdı. Məhz bu vəziyyət hər şeyi bu qədər xoşagəlməz edirdi. Buna görə bu kimi vəziyyətlər — məsihçinin davranışı, sözləri, həyatın müəyyən tələblərinin öhdəsindən gəlmək qabiliyyəti və ya qeyri-mümkünlüyü başqaları tərəfindən təkcə imanlını deyil, həm də İsa Məsihi mühakimə etmək üçün istifadə olunur. Viktor Mürrey «Məsihçi təhsili» kitabında yazır: «Bəzi insanlar İmanlı Cəmiyyəti haqqında danışarkən gözlərində boş baxış yaranır. Axı bu, fövqəltəbii cəmiyyətdir, Məsihin bədəni, Onun bakirə gəlini, Allahın peyğəmbərliklərinin keşikçisi, xilas olanların bəxtiyar qrupudur. Onun kənar adamların Müqəddəs Aqata kilsəsində və digər kilsələrdə görə bilməyəcəyi başqa romantik titulları da var».

İnsanın peşəsinin nə olmasından asılı olmayaraq, camaat onu əməlinə görə qiymətləndirir. İnsanlar onun haqqında fikir yürüdərkən onun Rəbbini də mühakimə edirlər. Bu dəfə də belə oldu. Lakin sonra İsa gəldi. Onu görən insanlar heyrətləndilər. İnsanların İsa Məsihin hələ də nur saçdığını gördüklərini demək olmaz. Onda İsanın bu barədə danışmağı qadağan etməsi mənasız olardı. Kütlə Onun hələ də Xermon dağının boş yamaclarında olduğunu zənn edirdi. Onların başı mübahisəyə o qədər qarışmışdı ki, İsanın nə vaxt gəldiyini görmədilər. İsa məhz lazımi anda onların arasında idi. Bu, gözlənilməz, qəfil, lakin yerində gəliş onları təəccübləndirdi. Buradan İsa haqqında iki şey öyrənirik.

1. İsa Çarmıxa çəkilməyə hazır idi, lakin eyni zamanda Onun qarşısında duran istənilən gündəlik problemlə qarşılaşmağa hazır idi. Həyatın gərgin anlarının öhdəsindən layiqincə gəlsə belə, adi məişət problemlərinə görə əsəbiləşmək insan təbiətinə xas olan xüsusiyyətdir. İnsanlar çox vaxt taleyin sarsıdıcı zərbələrinə qəhrəmancasına tab gətirirlər, lakin kiçik zədələr üzündən əsəbiləşir və üzülürlər. Bir çox insanlar böyük bir bədbəxtliyi və ya itkini sakitliklə qarşılayırlar. Amma dadsız hazırlanan şam yeməyinə və ya gecikən qatara görə özlərindən çıxırlar. Maraqlıdır ki, İsa Çarmıxa doğru sakit gedə və gündəlik həyat problemlərinin öhdəsindən də təmkinlə gələ bilirdi. Məsələ burasındadır ki, O, çoxları kimi təkcə çətin anlarda deyil, daim Allaha üz tuturdu. O, daim Onunla yaşayırdı.

2. O, dünyaya dünyanı xilas etmək üçün gəlmişdi. Eyni zamanda O Özünü tamamilə ayrı-ayrı insanların problemlərinə həsr edir, onlara kömək də edirdi. Bütün bəşəriyyətə məhəbbət Müjdəsini çatdırmaq daha asandır, nəinki hər bir günahkarı ayrı-ayrılıqda sevmək. İnsanlara qarşı ümumi sentimental sevgi hiss etmək çox asandır, lakin onlardan birinə kömək etmək üçün öz yolundan üz döndərməyin çətin olacağını başa düşmək də bir o qədər asandır. İsanın qarşılaşdığı hər insana Özünü tamamilə həsr etmək kimi bir ənamı var idi.

19-24

İMAN FƏRYADI (Mark 9:19-24)

Bu hissə İsanın ürəyindən qopan fəryadla başlayır. O, təzəcə dağın zirvəsində idi və qarşısındakı çətin tapşırığı gördü. O, dünyanı xilas etmək üçün həyatını qurban verməyi seçdi. İndi isə dağdan enərkən O, ən yaxın ardıcıllarını, seçilmişlərini ruhdan düşmüş və aciz vəziyyətdə gördü. Bunu görən İsa sanki Özü də ruhdan düşmüşdü. Bəlkə də həmin anda İsa insan təbiətini dəyişdirmək və dünyəvi insanları Allahın xalqına çevirmək cəhdinə görə ümidsizliyə qapılmışdı. Bəs belə bir anda İsa Özünü necə apardı? O dedi: «Uşağı yanıma gətirin!» Biz çətin vəziyyətlərin öhdəsindən gəlməyi və ya onlara necə yanaşmağı bilməyəndə, aktual problemlərə müraciət edirik. İsa sanki deyirdi: «Mən nə vaxtsa şagirdlərimi dəyişdirə biləcəyəmmi, ya yox, bilmirəm, amma indi bu uşağa kömək edə bilərəm. Gəlin gələcək üçün ümidsizliyə qapılmadan indiki problemi həll edək». Belə etməklə həmişə məyusluqdan xilas ola bilərsiniz. Dünyanın vəziyyəti haqqında düşünərək, ümidsizliyə qapılmaq olar. Ən yaxşısı böyük dünyanın bir küncündə iş görməkdir. Bəzən insan İmanlı Cəmiyyətindəki vəziyyəti görüb ümidsizliyə qapıla bilər. Belə olan halda, cəmiyyətinizdə işə başlamaq lazımdır. İsa insanların gec öyrənməyindən heyrətə gələrək hərəkətsiz qalmadı. O, problem yarandıqca onları həll etdi. Kinqslinin yazdığı kimi:

Bəzən yorucu da olsa,

Əlimizdəki işi görək.

Lazım gəlsə, topal itə

Hasardan keçməyə kömək edək.

Bədbinlik və ümidsizlikdən qaçmağın ən asan yolu əlimizdən gələni etməkdir. İsa oğlanın atası qarşısında möcüzənin baş verməsi üçün şərt qoydu: «İman edən üçün hər şey mümkündür». İsa sanki deyirdi: «Uşağın sağalması Məndən deyil, səndən asılıdır». Bu, sırf ilahiyyat yox, universal bir həqiqətdir. Ümidsizliklə bir işə başlamaq — işi çarəsizliyə gətirib çıxartmaq, bir işə inamla başlamaq — onu mümkün etmək deməkdir. Bir dəfə Kavur30 demişdi ki, dövlət xadiminə hər şeydən əvvəl «mümkündür hissi» lazımdır. Əksər insanların üzərində lənət kimi qeyri-mümkünlük hissi var. Ona görə də möcüzələr baş vermir. Oğlanın atasının münasibəti aydın görünür. O, İsanın Özünü axtarmağa gəlmişdi. İsa dağın zirvəsində olduğu üçün xahişini şagirdlərə bildirməli idi. Şagirdlər isə onu çox məyus etmişdilər. Onun imanı o qədər sarsılmışdı ki, İsanın yanına gələndə, öncə «Bacarırsansa mənə kömək et» dedi. Amma İsa ilə üz-üzə gələndə onun imanı yenidən alovlandı: «İnanıram! — deyə qışqırdı, — əgər məndə hələ də bir şübhə və tərəddüd varsa, onları məndən götür, mənə qeyd-şərtsiz iman bəxş et».

Bəzən insan imanlı cəmiyyətindən və ya hansısa bir insandan gözlədiyindən daha az alır. Belə vəziyyətdə, imanlı cəmiyyətindən yan keçərək cəmiyyətin Başçısına, imanlı cəmiyyətin xidmətçisindən yan keçərək İsanın Özünə müraciət etməlisiniz. Bəzən imanlı cəmiyyəti bizi məyus edə bilər. Amma biz mübarizəmizi Məsihlə birlikdə aparırıqsa, O bizi heç vaxt məyus etməyəcək.

25-29

UĞURSUZLUĞUN SƏBƏBİ (Mark 9:25-29)

Yəqin ki, İsa uşağı və atasını kənara çəkdi. Lakin camaat onların səslərini eşidib yanlarına gəldi. İsa hərəkətə keçdi. Oğlanı tamamilə əldən salan son qıcolmalar tutdu, nəhayət, o sağaldı.

İsa ilə təklikdə qalan şagirdlər Ondan uğursuzluqlarının səbəbini soruşdular. Şübhəsiz, onlar İsanın onları Allahın Padşahlığını təbliğ etmək, xəstələrə şəfa vermək və cinləri qovmaq üçün necə göndərdiyini xatırlayırdılar (Mark 3:14, 15). Bəs nə üçün indi bu qədər uğursuz oldular? İsa sadə cavab verdi ki, bu kimi şəfalar çox dua tələb edir. O, sanki onlara belə dedi: «Siz Allaha kifayət qədər yaxın deyilsiniz». İsa onlara güc və səlahiyyət vermişdi, lakin bu gücü və səlahiyyəti saxlamaqdan ötrü şagirdləri daim dua etməli idilər. Burada bizim üçün də vacib dərs var. Ola bilsin, Allah bizə hansısa ənamı verib, amma Allahla sıx təmasımız olmasa, ənam sönəcək və məhv olacaq. Bu həqiqət istənilən ənama aiddir. Allah insana təbliğ etmək üçün böyük ənam verə bilər. Lakin o, Allahla daim ünsiyyətdə olmasa, onun sözləri təsiredici gücünü itirəcək. Allah insana musiqi istedadı və ya mahnı oxumaq qabiliyyəti verə bilər. Lakin o, Allahla daim ünsiyyətdə olmasa, öz ənamından mənfəəti üçün istifadə edən mütəxəssis olaraq qalacaq. Bu isə çox dəhşətlidir. Düzdür, bu o demək deyil ki, insan heç də öz istedadından mənfəəti üçün istifadə etməməlidir. Xeyr. O, bununla pul qazana bilər. Amma bu halda da sənətindən zövq almalıdır, çünki o, bu istedaddan Allahın məqsədləri üçün də istifadə edir. Deyilənə görə, ötən əsrin məşhur İsveç opera müğənnisi Cenni Lind hər dəfə səhnəyə çıxmazdan əvvəl tək qalıb dua edərdi: «Allahım, bu gün düzgün oxumağıma kömək et». Əgər biz Allahla bu cür ünsiyyətə girməsək, nə qədər istedadlı olsaq da, iki şeyi itirmiş olarıq.

1. Biz insanı ucaldan əhəmiyyəti itiririk. Biz insana zəifliyində əzəmət verən həmin həyat gücünü itiririk. Biz artıq Allaha könüllü olaraq xidmət etmirik, öz vəzifəmizi yerinə yetiririk. Beləcə enerjili canlı bədən gözəl bir cəsədə çevrilir.

2. Biz təvazökarlığımızı itiririk. Biz Allahın izzəti üçün istifadə etməli olduqlarımızı şəxsi məqsədlərimizdən ötrü istifadə etməyə başlayırıq. Beləcə ənam gücünü itirir. Allahın izzətinə xidmət etməli olan ənam özünü yüksəltməyə xidmət edəndə, həmin heyrətamiz ruh yox olur. Burada bizim üçün xəbərdarlıq var. Şagirdlər güc və səlahiyyətlərini birbaşa İsadan almışdılar. Lakin onlar bunları dua ilə möhkəmlətmədiklərinə görə, gücləri yox oldu. Allahdan hansı ənamı alırıqsa alaq, onu yalnız özümüz üçün istifadə etsək, itirmiş olarıq. Lakin Allahla davamlı ünsiyyətdə ənamlarımızı qoruyub inkişaf etdirə bilərik.

30-32

SONU GÖRMƏK (Mark 9:30-32)

Biz İsanın həyatında mühüm mərhələ ilə qarşılaşırıq. İsa ölkənin Onu təhlükə gözləməyən şimal hissəsini tərk etdi və Onu Çarmıx gözləyən Yerusəlimə doğru getdi. Bəzən O, ətrafında çoxlu insan görmək istəmirdi. O, yaxşı başa düşürdü ki, əgər təlimini seçdiyi şagirdlərin qəlbinə həkk edə bilməsə, gördüyü işlər əbəs olacaq. İstənilən müəllim özündən sona bir neçə təlim və ya nəzəriyyə qoya bilər. Ancaq İsa bilirdi ki, bu, kifayət deyil.

İsa Özündən sonra verdiyi təlimi ürəyində həkk etdirən bir qrup insanı geridə qoymalı idi. Bu dünyanı fiziki olaraq tərk etməzdən əvvəl əmin olmalı idi ki, Onun demək istədiyini, gəlişinin məqsədini az da olsa anlayan insanlar var. Bu dəfə Onun dediklərində daha çox əzab hiss olunur: Onun ölümü ilə bağlı bu ifadəni əvvəlki ifadələri ilə müqayisə etsək (Mark 8:31), bir cümlə əlavə etdiyini görərik: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək...» Kiçik qrupda bir xain var idi və İsa bunu bilirdi. İsa Yəhudanın nə düşündüyünü, bəlkə də, onun özündən də yaxşı bilirdi. O, «Bəşər Oğlu insan əllərinə təslim ediləcək» deyəndə, nəinki faktı bəyan etdi, həm də ürəyində xəyanət düşünən bir insana sonuncu dəfə müraciət etdi. Lakin şagirdlər hələ də başa düşmürdülər.

Onlar dirilmə ilə bağlı hissəni başa düşmədilər. Onlar vəziyyətin faciəsini yavaş-yavaş dərk etməyə başladılar, lakin Dirilmənin baş verməsinin vacibliyini anlamırdılar. Bu möcüzə onlar üçün çox anlaşılmaz idi. Onlar bunu yalnız icra olunandan sonra başa düşdülər. Ancaq fərqinə varmadan, daha çox sual verməyə qorxurdular. Onlar bildiyindən daha çoxunu öyrənməkdən qorxan adamlar kimi idilər. Bəzən adam həkimdən diaqnozunu öyrənir və bunu pis hesab edir. O, diaqnozun təfərrüatlarını başa düşmür, lakin başqa bir şey öyrənməkdən qorxduğu üçün heç bir sual vermir. Şagirdlər də belə etdilər. Bəzən şagirdlərin deyilənləri başa düşmədiklərinə təəccüblənirik. Amma bu, insan beyninin xüsusiyyətidir: nəyi ki görmək istəmir, onu qəbul etmir. Məgər biz də belə deyilikmi? Biz dəfələrlə müjdəni eşitmişik. Biz bilirik ki, müjdə onu qəbul edənlərə izzət, qəbul etməyənlərə isə faciə gətirir. Buna baxmayaraq, bir çoxumuz bu gün də onu tam qəbul etməkdən və əvvəlki kimi həyatımızı onun üzərində qurmaqdan uzağıq. İnsanlar hələ də müjdənin onları məmnun edən tərəflərini qəbul edir, qalanlarını anlamaqdan imtina edirlər.

33-35

ƏSL ŞÖHRƏTPƏRƏSTLİK (Mark 9:33-35)

Heç bir epizod şagirdlərin həqiqi məsihçiliyin mənasını nə qədər az başa düşdüklərini bundan yaxşı göstərmir. İsa dəfələrlə şagirdlərə Yerusəlimdə Onu nələr gözlədiyi barədə danışmışdı. Onlar isə hələ də İsanın Padşahlığı haqqında sırf dünyəvi baxımdan düşünürdülər və özlərini Onun baş nazirləri kimi təsəvvür edirdilər. Amma ürəklərinin dərinliyində bilirdilər ki, özlərini yaxşı aparmırlar. İsa onlardan nə barədə mübahisə etdiklərini soruşanda, cavab verməyə söz tapmadılar, utandıqlarından susdular. İsa hansısa məsələyə nəzər salanda, dərhal o məsələyə aydınlıq gəlir. Şagirdlər İsanın heç nə eşitmədiyini və görmədiyini zənn edəndə, birincilik uğrunda mübahisəni tamamilə normal hesab edirdilər. Amma elə ki bu mübahisəni İsanın hüzurunda açmalı oldular, onda onun nə qədər əhəmiyyətsiz olduğunu gördülər. Hər şeyə İsanın gözü ilə baxan kimi məsələnin mahiyyəti dərhal dəyişir.

Hər hansı bir işi görməzdən əvvəl özümüzdən soruşsaq ki, «Əgər İsa yanımda olsaydı, mən bunu edə bilərdimmi?» və ya nəsə deməzdən əvvəl özümüzdən soruşsaq ki, «Əgər İsa bunu eşitsəydi, mən belə danışa bilərdimmi?» onda biz çox şey etməz və çox şeyi deməzdik. Amma məsihçi həyatının mahiyyəti ondan ibarətdir ki, «əgər» mövcud deyil: hər bir görülən və deyilən şey İsanın hüzurunda edilir və deyilir. Qoy Allah bizi Onun hüzurunda etməkdən və söyləməkdən utanacağımız əməllərdən və sözlərdən qorusun.

İsa bu məsələyə çox ciddi yanaşdı. Markın dediyi kimi, O oturdu və on iki şagirdi yanına çağırdı. Ravvin müəllim vəzifəsini yerinə yetirəndə, rəsmi açıqlama və ya qərar verəndə, adətən, oturub nəsihət verməyə başlayırdı. İsa qəsdən əvvəlcə ravvin və nəsihətçi kimi oturdu, bundan sonra isə şagirdləri ilə danışdı. Onlara dedi ki, əgər onlar Padşahlıqda mühüm mövqe tutmaq niyyətindədirlərsə, onda iddia ilə deyil, xidmətçi kimi başlamalıdırlar. İsa onların iddialı planlarını rədd etmədi, əksinə, onlara düzgün istiqamət verdi. Hakimlik arzusunun yerinə, O, xidmət arzusunu qoydu. Başqalarını onlara xidmət göstərməyə məcbur etmək arzusunun yerinə, başqaları üçün xidmət etmək istəyi qoydu.

Bu, heç də həyata ideal baxış deyil, ən sağlam baxışdır. Doğrudan da, cəmiyyətə həqiqi töhfələr vermiş kimi xatırlanan insanlar öz-özünə «Mən dövlətdən və cəmiyyətdən necə istifadə edib nüfuzumu artıra bilərəm? Özümü necə razı sala bilərəm?» deyənlər deyil, «İstedadımı ictimai xidmət üçün necə istifadə etməliyəm?» deyənlərdir. Stenli Boldvin31 mərhum lord Kerzona bu sözlərlə ehtiramını bildirmişdi: «Mən heç kimin deyə bilməyəcəyi bir neçə kəlmə demək istəyirəm. Baş nazir insan təbiətini aydın görür. Onu yox, məni baş nazir təyin edəndə, onun dərin məyusluqdan necə əziyyət çəkdiyini iki dəfə görmüşəm. Həmin vaxt ona dedim ki, xarici işlər naziri olmaqdansa, müdafiə komitəsinin sədri kimi ölkəsinə daha yaxşı xidmət edə bilər. O, çox məyus olmuşdu, lakin heç vaxt nə sözlə, nə baxışla, nə də dolayısı yolla məyusluğunu nümayiş etdirdi. O, kinli deyildi, həmişə ondan gözlədiyimi edirdi və faydalı hesab edilən yerdə canla-başla öz vəzifəsini yerinə yetirirdi. Bu insanın böyüklüyü onun yüksək dövlət vəzifələrinə çatmasında deyil, istənilən vəzifədə vətənə xidmət etməyə hazır olmasındadır». Əsl fədakarlıq nadir keyfiyyətdir, amma fədakarlıq özünü göstərən yerdə insanlar bunu unutmur. Yunanların Spartalı Pedaretlə bağlı bir rəvayəti var idi. Ölkəni idarə etmək üçün 300 spartalı seçiləndə, Pedaret namizədlərdən biri idi. Lakin onun adı seçilmişlər siyahısında yox idi. Pedaretin dostlarından biri ona dedi: «Təəssüf ki, sən seçilməmisən. Sən vətəninə müdrikcəsinə xidmət edərdin». Pedaret isə belə cavab verdi: «Mənsə sevinirəm ki, Spartada məndən daha yaxşı üç yüz nəfər var». Budur, heç bir kin olmadan birinci yeri başqasına verməyə hazır olan insanın nümunəsi. Əgər insanlar «mən özüm üçün nələr əldə edə bilərəm» prinsipi ilə yox, «mən başqaları üçün nə edə bilərəm» prinsipi ilə yaşasaydılar, bütün iqtisadi problemlər həllini tapardı. İnsanlar özlərini nüfuzunu artırmağa deyil, vətənə xidmətə həsr etsələr, bir çox siyasi problemlər öz həllini tapardı. İmanlı cəmiyyətlərin ağsaqqalları öz mövqelərinə əhəmiyyət vermədən imanlılara xidmət etsələr, onda cəmiyyəti parçalayan bütün mübahisələrin və fikir ayrılıqlarının qarşısını almış olarlar. İnsanın həqiqi böyüklüyündən və dəyərindən danışarkən, İsa dünyanın ən böyük təcrübi həqiqətlərindən birini izah etdi.

36-37

KÖMƏKSİZLƏRƏ KÖMƏK — MƏSİHƏ KÖMƏKDİR (Mark 9:36-37)

Burada İsa sağlam iddianın qeyri-sağlam iddiadan daha vacib olduğunu vurğulayır.

İsa balaca bir uşağı götürüb şagirdlərin arasına qoydu. Uşaq insanın karyerasına kömək edə, nüfuzunu yüksəldə bilməz, həm də ona maddi sərvət verə bilməz. Əksinə, uşağa maddi nemətlər vermək, onun qayğısına qalmaq, onun üçün hər şey etmək lazımdır. İsa Məsih isə deyir: «Əgər insan cəmiyyətdə nüfuzu olmayan, yardıma ehtiyacı olan yoxsul, sadə bir adamı qəbul edərsə, o Mənim əziz qonağım olacaq. Bundan başqa, o, Allahın əziz qonağı olacaq». Uşaq köməyə ehtiyacı olan və maddi cəhətdən təmin olunmalı olanların tipik nümunəsidir. Məhz belə insanlarla ünsiyyət qurmaq, onlara kömək etmək lazımdır. Bu epizodda bizim üçün xəbərdarlıq var. Bizim üçün nüfuzlu və faydalı olan insanların dostluğunu və rəğbətini axtarmaq çətin deyil. Bizə narahatlıq gətirib, eyni zamanda bizim köməyimizə ehtiyacı olan insanlarla təmasdan qaçmaq da çətin deyil. Bu dünyanın nüfuzlu və qüdrətli adamlarının rəğbətini qazanmaq, sadə, təvazökar insanlara isə məhəl qoymamaq çətin deyil. Hansısa təntənəli yığıncaqda məşhur insanla tanışlığa can atmaq, kasıb qohumdan isə qaçmaq asandır. Əslində, İsa burada deyir ki, biz bizim üçün nəsə edə biləcək insanları deyil, bizim onlar üçün nəsə edə biləcəyimiz insanları axtarmalıyıq. Çünki belə etməklə biz İsanı axtarmış oluruq. Başqa sözlə desək, «...siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz» (Matta 25:40).

38-40

DÖZÜMLÜLÜK DƏRSİ (Mark 9:38-40)

Dəfələrlə vurğuladığımız kimi, İsa Məsihin dövründə insanlar cinlərin varlığına inanırdılar. İnsanlar inanırdılar ki, həm fiziki, həm də ruhi xəstəliklər pis ruhların zərərli təsirindən başqa bir şey deyil. Cinləri qovmağın da tipik bir yolu var idi. Əgər kimsə daha güclü bir ruhun adını bilirdisə və cinə onun adı ilə çıxmağı əmr edirdisə, elə güman olunurdu ki, cin müqavimət göstərməkdə acizdir. Cin daha güclü bir adın qarşısında tab gətirə bilmirdi. Burada söhbət elə bu barədədir. Yəhya İsanın qüdrətli adından istifadə edərək cinləri qovan bir adam gördü və həmin adamın şagirdlərdən biri olmadığına görə ona bunu qadağan etdi. Lakin İsa izah etdi ki, heç kim eyni zamanda vacib bir şey edə və Onun düşməni ola bilməz. Sonra İsa böyük prinsipi izah etdi: «Çünki əleyhimizə olmayan bizim tərəfimizdədir».

Bu, demək olar ki, hər kəsin öyrənməli olduğu dözümlülük dərsidir.

1. Hər bir insanın düşünmək haqqı var. Hər bir insanın fikirlərini müstəqil şəkildə ifadə etmək və hansısa qənaətə gələnə qədər müstəqil düşünmək haqqı var. Biz bu haqqa hörmətlə yanaşmalıyıq. Bəzən insanlar başa düşmədiklərini ləkələməyə tələsirlər. Vilyam Penn bir dəfə demişdi: «Başa düşmədiyinizə xor baxmayın və onu rədd etməyin». Yəhudanın məktubunun 10-cu ayəsində isə deyilir: «Amma bu adamlar başa düşmədikləri hər şeyə şər atırlar».

Yadda saxlamalıyıq:

a) Allahın çoxlu yolları var. Tennison deyirdi ki, «Allah məqsədini müxtəlif yollarla həyata keçirir». Servantes bir dəfə demişdi: «Allah Özününküləri müxtəlif yollarla göylərə aparır». Yer kürə formasındadır, əgər iki nəfər tamamilə əks istiqamətə getsə, eyni yerə çata bilər. İnsan uzun müddət Allahı izləyirsə, həmin yollar onu Allaha doğru aparır. Xilasa gedən yolun bir insanda və ya imanlı cəmiyyətində olduğunu düşünmək təhlükəlidir.

b) Unutmamalıyıq ki, həqiqət həmişə insan ağlından üstündür. Heç kim bütün həqiqəti başa düşə bilməz. Dözümlülüyün əsasında hər şeyi olduğu kimi qəbul etmək və ya heç nədə tam əmin ola bilməmək fikri dayanmır. Dözümlülüyün əsasında həqiqət spektrinin ölçüsünün sadə şəkildə başa düşülməsi dayanır. Con Morli demişdir:

«Dözümlülük həqiqətin bütün imkanlarına (bütün çalarlarına) hörmət etməkdir; onun müxtəlif yaşayış yerlərində yaşadığını, müxtəlif rəngli paltarlar geyindiyini və müxtəlif dillərdə danışdığını etiraf etməkdir; bu, mexaniki şablonlar, rəsmi fikirlər və ya cəmiyyətin zorakılığı deyil, bir insanın azadlığına səmimi hörmətdir; bu, iman və ümiddən üstün bir mərhəmətdir».

Dözümsüzlük təkəbbür və cəhalət əlamətidir. Çünki bu, insanın inanmaq üçün yalnız bir həqiqətin olduğuna inandığını göstərir.

2. Biz hər bir insanın təkcə müstəqil düşünmək hüququnu deyil, onun uyğun bildiyini söyləmək hüququnu da tanımalıyıq. Bütün demokratik azadlıqlardan ən qiymətlisi — söz azadlığıdır. Təbii ki, bəzi məhdudiyyətlər də var. Əxlaqı, eləcə də sivil və imanlı cəmiyyətinin əsaslarını məhv etməyə yönəlmiş təlimi təbliğ edən şəxslə mübarizə aparılmalıdır. Amma bu o demək deyil ki, onu məhv etmək və ya zorla sıradan çıxarmaq, ona səhv etdiyini sübut etmək lazımdır. Bir dəfə Volter söz azadlığı anlayışını gözəl bir cümlə ilə ifadə etmişdi: «Sənin dediklərinə nifrət edirəm, amma bunu söyləmək haqqın uğrunda ölümə gedərəm».

3. Yadda saxlamalıyıq ki, hər hansı bir əqidə və ya inanc tərbiyə etdiyi insanlara görə mühakimə olunmalıdır. Doktor Çalmers bunu lakonik şəkildə belə ifadə etmişdi: «İmanlı cəmiyyətinə yalnız məsihçilərin xeyirxahlığı kimi baxılır». Məsələ İmanlı Cəmiyyətini kimin və necə idarə etməsi deyil, onun hansı insanları yetişdirməsidir.

Şərqdə belə bir məsəl var. Bir adamın opal daş-qaşı olan gözəl üzüyü var idi. Bu üzüyü taxan hər kəsin xarakteri yumşaq olurdu. Üzüyü gözmuncuğu kimi taxırdılar. Üzük nəsildən nəslə keçib həmişə heyrətamiz təsirini göstərirdi. Bir gün o, üç oğlu olan və üçünü də eyni dərəcədə sevən bir ataya keçdi. Üzüyü ötürmək vaxtı çatanda o nə etməli idi? Ata daha iki üzük aldı. Bu üzüklər orijinala o qədər bənzəyirdi ki, onları heç kim ayırd edə bilmirdi. Ata ölüm ayağında olanda, oğullarını növbə ilə yanına çağırdı və hər birinə ürək sözlərini deyərək üzüyü bağışladı. Hər dəfə də bərk-bərk tapşırdı ki, bunu digər qardaşlarına deməsin. Oğullar hər birində eyni üzük olduğunu biləndə, üzüklərdən hansının orijinal və möcüzəvi təsirə malik olması ilə bağlı böyük mübahisə düşdü. İş məhkəməyə qədər gedib çıxdı. Hakim üzükləri diqqətlə yoxlayandan sonra dedi: «Mən onlardan hansının sehrli olduğunu deyə bilmərəm. Amma siz özünüz bunu hamıya göstərə bilərsiniz». Oğullar çox təəccübləndilər. «Axı əsl üzüyü taxan insanın xasiyyəti dəyişir. Ona görə mən də, şəhərdəki digər insanlar da həyat tərzinizdən hansınızda əsl üzük olduğunu biləcək. Odur ki, mehriban, səmimi və müdrik həyat tərzi sürün, əməllərinizdə ədalətli olun. Kim bu tələblərə cavab verərsə, əsl üzüyün sahibi odur». Beləcə hər kəs düzgünlüyünü həyat tərzi ilə sübut etməli idi. Əgər hansısa əqidə və ya inanc insanı yaxşı edərsə, onları mühakimə etmək olmaz. Bunu nəzərə alaraq, daha səbirli olaq.

4. Bir insanın inancına nifrət etmək olar, amma özünə yox. Bir insanın nəzəriyyəsini məhv etmək istəyi ola bilər, lakin onun ölümünü arzulamaq olmaz.

Məndən — üsyançı, bidətçi,

Mənfur bir varlıqdan

Uzaqlaşmaq üçün o, sədd çəkdi.

Amma onu da çevrəmizə alıb

Sevgi ilə biz qalib gəldik.

41-42

MÜKAFAT VƏ CƏZALAR (Mark 9:41-42)

Bu hissədən çıxan nəticə sadə, aydın və faydalıdır.

1. Burada deyilir ki, Məsih naminə insanlara edilən xeyirxahlıq və kömək mükafatsız qalmayacaq. Ehtiyacı olan hər bir insan Məsihə əziz və yaxındır. Buna görə də biz ona kömək etməyə borcluyuq. Əgər İsa cismani şəkildə aramızda olsaydı, köməyə ehtiyacı olan insana ən yaxşı şəkildə kömək edərdi. İndi isə kömək etmək borcu bizim üzərimizə düşür. Maraqlıdır ki, kömək etmək çox vaxt asanlıqla başa gəlir. Bir stəkan soyuq su da ənamdır. Qeyri-mümkün və imkanı xaricində olanı etməyə ehtiyac yoxdur. Ancaq sadə yardım göstərmək üçün bacardığımızı etməliyik. Bir dəfə bir missioner qadın maraqlı hekayə danışmışdı. O, Afrikada ibtidai sinifdə «İsanın adı ilə mənə bir stəkan soyuq su verin» mövzusunda bölüşürdü. Günlərin bir günü o, evinin eyvanında oturmuşdu ki, bir qrup yerli yükdaşıyan ağır yüklə kəndin meydanına girdi. Onlar yorğun idilər, bərk susamışdılar. Onlar dincəlmək üçün oturdular və bütpərəst yerlilərdən içməyə su istədilər. Lakin başqa qəbilədən olduqları üçün onlara deyildi ki, özləri su tapsınlar. Yorğun yükdaşıyanlar oturmuşdu. Birdən missioner qadın gördü ki, afrikalı qızlardan ibarət kiçik bir qrup başlarında su səhəngi ilə məktəbin qapısından çıxdı. Təəccüblənən yükdaşıyanlar suyu götürüb içdilər və səhəngləri qızlara qaytardılar. Qızlar qaça-qaça missioner qadının yanına gəlib dedilər: «Biz İsanın adı ilə susayanlara su verdik». Balaca uşaqlar mövzunu və öz borclarını hərfi mənada qəbul etmişdilər. Kaş ki daha çox insan bunu etsəydi! Bizdən yalnız sadə xeyirxahlıq tələb olunur. Bir vaxtlar Məhəmməd peyğəmbər belə bir söz demişdir: «İnsana haqq yolunu göstərmək, susuza su içirmək, qardaşına gülümsəmək — bütün bunlar mərhəmətdir».

2. Amma bunun əksi də doğrudur: kömək etmək əbədi mükafat almaq deməkdir. İmanda zəif qardaşı büdrətmək — əbədi cəzaya məhkum olmaq deməkdir. Düzdür, əslində, cəza ağırdır. Burada qeyd olunan dəyirman daşı — həcmcə böyük daşdır. İsraildə iki növ dəyirman var idi: əllə məişətdə istifadə edilən daşlar və heyvanların dartdığı ağır dəyirman daşları. Burada adı çəkilən dəyirman daşı ikinci növə aiddir, o, eşşəklər tərəfindən dartılırdı. Boynunda belə dəyirman daşı ilə dənizə atılan adamın sağ qalmaq şansı yox idi. Belə bir cəza və edam, həqiqətən də, Roma və İsraildə tətbiq edilirdi. İosif Flavi qeyd edir ki, qalileyalılar çevriliş edərək «Hirodun tərəfdarlarını götürüb göldə boğdular». Roma tarixçisi Svetoni Trankvill imperator Avqust Oktavian haqqında belə danışırdı: «Oğlu Qayın müəllimi və qulluqçuları onun xəstəliyindən istifadə edərək, acgözlüklə əyaləti qarət etməyə başlayanda, Avqust onların boyunlarına daş salıb çaya atmağı əmr etdi». Günah dəhşətlidir, amma başqalarına günah etməyi öyrətmək daha dəhşətlidir. Amerikalı yazıçı O’Henrinin belə bir hekayəsi var: balaca bir qızın anası ölmüşdü. Onun atası evə gəlir, pencəyini çıxarır, əlinə qəzet alıb oturur, tənbəki çubuğu yandırıb, ayaqlarını buxarının üstünə qoyurdu. Qızı onun yanına gəlib, özünü tənha hiss etdiyi üçün atasından onunla oynamasını istəyirdi. Atası çox yorğun olduğunu bildirir və qızına çöldə oynamağı məsləhət görürdü. O, küçəyə çıxır və nəticədə qaçılmaz hadisə baş verir — küçə qadınına çevrilir. O öldü, ruhu isə göylərə gedir. Həvari Peter onu görüb İsa Məsihə deyir: «Ağa, əxlaqsız bir qız göylərə gəlib. Gəl onu birbaşa cəhənnəmə göndərək». İsa Məsih isə cavabında deyir: «Xeyr, onu içəri buraxın, qoy içəri gəlsin». Amma sonra Onun baxışları sərtləşir: «Bu balaca qızı ilə oynamaqdan imtina edib küçəyə göndərən adamı içəri buraxma — onu cəhənnəmə göndər. Allah günahkara qarşı sərt deyil, başqalarını günaha sövq edənlərə qarşı sərtdir. Belələri istər şüurlu, istərsə də şüursuz şəkildə zəif adamı yolundan büdrədir».

43-48

UĞRUNA HƏR ŞEYİN QURBAN VERİLƏCƏYİ MƏQSƏD (Mark 9:43-48)

Bu hissədə əsas bir həqiqət şərq dili ilə izah edilir — həyatda elə məqsəd var ki, uğrunda hər şeyi qurban vermək olar. Fiziki cəhətdən bu, insanın sağ qalmaqdan ötrü bir üzvünü və ya orqanını itirməli olacağı anlamına gələ bilər. Bəzən hansısa orqanın cərrahi yolla amputasiyası insanın həyatını xilas etməyin yeganə yolu olur. Eyni şey ruhani sahədə də baş verə bilər.

Yəhudi ravvinlərin bədənin hissələrinin ayrı-ayrılıqda necə günah edə biləcəyi ilə bağlı deyimləri var idi. «Gözlər — günahın vasitəçisidir». «Gözlər və ürək — günahın iki quludur». «Ehtiras yalnız görənlərin ürəyində yuva salar». «Gözünün ardınca gedənin vay halına, çünki gözlər aldadır». İnsan bədəninin müəyyən instinktləri və müəyyən orqanları günaha sövq edir. İsanın sözləri hərfi mənada qəbul edilməməlidir — bu məcazi mənada işlədilən şərq ifadəsi o deməkdir ki, həyatda hər bir qurbanın öz məqsədi var. Bu hissədə cəhənnəmin sönməz od ifadəsi dəfələrlə təkrar edilir.

Əhdi-Cədiddə cəhənnəmin sönməz odu haqqında Matta 5:22, 29, 30; 10:28; 18:9; 23:15, 33; Luka 12:5; Yaqub 3:6-da danışılır. Bu ifadə hərfi mənada cəhənnəm kimi tərcümə olunur. Onun öz tarixçəsi var; Bu ifadə özlüyündə pis keçmişi olan Hinnom sözünün formasıdır (Ben-Hinnom vadisi Yerusəlimin xaricində idi). Bu, oda sitayiş etmək və balaca uşaqları oda qurban gətirmək üçün vaxtilə Axazın düzəltdiyi dərə idi. «Ben-Hinnom dərəsində buxur yandırdı və Rəbbin İsrail övladları önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğullarını odda yandırdı (Barklidə və rus dilindən digər tərcümələrdə — oğullarını qurban olaraq yandırmaq) (2Salnamələr 28:3). Bu dəhşətli bütə sitayişi Menaşşe da etmişdi (2Salnamələr 33:6). Buna görə Hinnom vadisi İsrail tarixində bütpərəst adətlərinin ən vahiməli yerlərindən biri kimi təsvir olunur. Yoşiya öz islahatları vaxtında oranı murdar yer elan etdi. «Yoşiya Ben-Hinnom dərəsində olan Tofeti murdar etdi ki, heç kəs oğlunu ya qızını Molek üçün oda qurban verməsin» (1Padşahlar 23:10) Beləcə vadi murdar sayılandan sonra Yerusəlimin tullantılarını yandırmaq üçün yerə çevrildi. Nəticədə, həmin yer iyrənc qurdların çoxaldığı, nəhəng zibilyandırma sobasında olduğu kimi hər şeyin həmişə yandığı və közərdiyi murdar bir yer hesab edildi. «Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür» ifadəsi İsrailin Yeşaya 66:24-dəki qatı düşmənlərinin taleyinin təsvirindən götürülmüşdür. Bütün bunların nəticəsində ora cəhənnəmin prototipinə və ya simvoluna, pis insanların ruhlarının əzab çəkəcəyi və yanacağı yerə çevrildi. Talmud kitabında da cəhənnəm odu həmin mənada istifadə olunur. «Qanun sözünə əməl etməyən günahkar axirətdə cəhənnəmi miras alacaq». Beləliklə, cəhənnəm cəza yerini ifadə edir. Bu söz hər bir yəhudinin beynində ən qorxunc və ən dəhşətli mənzərəni canlandırırdı. Elədir ki var. Amma uğrunda hər şeyi qurban verməli olduğunuz məqsəd nədir? Bu məqsəd iki yolla xarakterizə olunur. O, iki dəfə həyat, bir dəfə isə Allahın Padşahlığı adlanır. Allahın Padşahlığını necə xarakterizə edə bilərik?

Allahın Padşahlığının tərifini Rəbbin «Ey göylərdə olan Atamız» duasından götürə bilərik. Duada yan-yana iki xahiş var: «Padşahlığın gəlsin; göydə olduğu kimi yerdə də Sənin iradən olsun». Yəhudi üslubunun ən fərqli xüsusiyyəti paralellikdir. Paralellik — iki ifadənin yan-yana düzülməsidir, ikincisi ya birincini təkrarlayır, ya onu vurğulayır, ya da mənasını açıqlayır. Zəburun hər ayəsi bunu əyani nümayiş etdirir. Buna görə də hesab edə bilərik ki, «Ey göylərdə olan Atamız» duasında hər kəlmə digərini ya izah edir, ya da mənasını gücləndirir. Onları bir araya gətirsək, belə bir tərif əldə edərik: «Allahın Padşahlığı Onun mükəmməl iradəsinin göydə olduğu kimi yerdə də cəmiyyəti tərəfindən həyata keçirilməsidir». Daha sadə şəkildə desək, Allahın iradəsinin yerinə yetirilməsi insanı Allahın Padşahlığının vətəndaşı edir. Nəticədə ortaya çıxan tərifi bu hissənin təfsirinə tətbiq etsək, onun belə bir məna daşıdığını görərik: Allahın iradəsini yerinə yetirmək hər cür fədakarlığa, özünü tərbiyə etməyə və özündən imtina etməyə dəyər. Yalnız Allahın iradəsinin yerinə yetirilməsi — əsl həyat və sonsuzadək rahatlıqdır. Origen bu ifadəni simvolik olaraq başa düşmüşdü. O, hesab edirdi ki, bu ifadə belə bir məna verə bilər: İmanlı Cəmiyyətini Bədən kimi təmiz saxlamaq üçün bir günahkarı və ya bidətçini qardaşlıqdan uzaqlaşdırmaq lazım gələ bilər.

Amma bu ifadənin belə başa düşülməsi insanları incidir. Bəlkə də, bu, Allahın iradəsini yerinə yetirmək üçün bizə dəyərli olan bəzi zövqlərdən imtina etmək, vərdişlərdən əl çəkmək deməkdir. Belə olan halda, heç kim digərini əvəz edə bilməz. Bütün bunlar fərdi seçim ​​məsələsidir. Əgər həyatımızda hər hansı bir şey bizə Allahın iradəsini yerinə yetirməyə mane olursa, bu və ya digər vərdişi nə qədər əhəmiyyətli olmasından asılı olmayaraq, onu özümüzdən uzaqlaşdırmalıyıq. Ola bilsin, belə bir vərdişin kökünü kəsmək cərrahi əməliyyat kimi ağrılı olacaq. Amma həqiqi həyatı, əsl xoşbəxtliyi və əsl rahatlığı dadmaq istəyiriksə, bunu etməliyik. Bu, çox sərt səslənə bilər, əslində isə, sadəcə həyatın reallığıdır.

49-50

MƏSİHÇİ HƏYATININ DUZU (Mark 9:49-50)

Bu ayələr Əhdi-Cədidin ən çətin ayələrindəndir. Şərhçilər artıq onlarla müxtəlif variantlar təklif ediblər. Amma əvvəl vurğuladıqlarımızı yadda saxlasaq, izahı daha asan olar. İsa insanların unuda bilmədiklərini tez-tez qeyd edirdi. Lakin çox vaxt insanlar bu ifadəni əzbərləyib onun hansı məqsədlə və hansı vəziyyətdə deyildiyini unudurlar. Buna görə də İsanın bir-biri ilə əlaqəsi olmayan kəlamlarının toplusu bizə gəlib çatır. Çünki müəllifin yaddaşında onlar bu ardıcıllıqla qalıb. Bu hissə də əzbərləmənin bir nümunəsidir. Biz bu iki ayənin İsanın üç ayrı-ayrı, bir-biri ilə əlaqəsi olmayan kəlamları olduğunu nəzərə almasaq, onda onların mənasını başa düşə bilmərik. Müjdəni yazan müəllifin yaddaşında bu ifadələr məhz belə ardıcıllıqla qalıb. Çünki duz sözü hər üçündə də istifadə olunur. Başqa sözlə, bu, İsanın duz sözünü müxtəlif təsvirlər üçün metafora kimi istifadə etdiyi kiçik kəlamlar toplusudur. Buna görə də, bu üç ifadə arasında hətta uzaqdan uzağa belə əlaqə axtarmağa ehtiyac yoxdur. Onlar sitat ardıcıllığı ilə ayrı-ayrıca şərh edilməlidir.

1. Hamı odla duzlanacaq. Yəhudi qanunlarına görə, hər bir qurban qurbangahda Allaha təqdim edilməzdən əvvəl duzlanmalı idi (Levililər 2:13). Bu qurban duzu əhdin duzu adlanırdı (Saylar 18:19; 2Salnamələr 13:5). Məhz bu duzun əlavə olunması qurbanı Allah dərgahında məqbul edirdi. Allahın əhdinə əsasən bu duzun əlavə olunması vacib idi. Buna görə də İsanın bu kəlamının mənası belədir: «Məsihçi həyatının Allahı razı salması üçün o, qurban duzlandığı kimi oddan keçməlidir». Alov — həyatı Allaha məqbul edən duzdur. Bəs bu nə deməkdir? Əhdi-Cədidə görə alov iki şeylə əlaqələndirilir.

a) Təmizlənmə ilə. Alov metalı bütün qatqılardan ayıraraq təmizləyir. Yəni, alov həyatı təmizləyən hər şeyi nəzərdə tutur — məsələn, insanın günaha qalib gəlməsinə kömək edən özünütərbiyəni; insan canını saflaşdıran və möhkəmləndirən həyat təcrübəsini. Belə olan halda — özünütərbiyə və məsihçi itaətkarlığı ilə təmizlənmiş həyat Allahı razı salır».

b) Məhv etməklə. Bu halda, həmin ifadə təqibə işarə edir. Təqib və zülmün sınaqlarına, çətinliklərinə və təhlükələrinə tab gətirmiş həyat Allahı razı salır. İsa Məsihə olan sədaqətinə görə əmlakını və həyatını könüllü olaraq riskə atan insan Allah üçün əzizdir. İsanın ilk ifadəsini belə qəbul etmək olar: özünü tərbiyə yolu ilə təmizlənmiş və Məsihə olan sədaqətinə görə məruz qaldığı təqiblərə tab gətirən həyat Allahı razı salır və yüksək qiymətləndirilir.

2. Duz yaxşı şeydir, amma duz dadsız olarsa, ona nə ilə dad vermək olar? Bu ifadəni şərh etmək daha çətindir. Başqa şərhlərin olmadığını söyləmək çətindir, amma bizə elə gəlir ki, bunu belə başa düşmək olar: duzun iki faydalı xüsusiyyəti var. Birincisi, dad verir. Duzsuz yumurta dadsızdır. Hamı bilir ki, yeməyə duz əlavə edilməsə, dadsız olur. Bundan əlavə, duz konservant kimi istifadə olunurdu: yeməklər xarab olmasın deyə duzlanırdı. Yunanlar deyirdilər ki, duz ölü bədəndə ruh kimi fəaliyyət göstərir. Ət tez xarab olur, lakin duz ilə duzlansa, təzəliyini qoruyub saxlayır. Sanki əti duzlayanda ona əlavə həyat verilir. Duz xarab olmaqdan qoruyur.

Axı məsihçilər bütpərəst dünyaya ona kömək etmək üçün göndərilmişdi. Bütpərəst dünya iki xüsusiyyəti ilə fərqlənirdi. Birincisi, yorğunluq və toxluq. Qədim dünyanın dəbdəbəsi və bolluğu sübut edirdi ki, insanlar bu cansıxıcı toxluqda dadını itirmiş həyatda həyəcanlı bir şey axtarırlar. İngilis şairi Endryu Arnoldun yazdığı kimi:

O sərt bütpərəst dünyaya iyrənc, gizli ikrah düşdü;

Yorğunluq, ehtiras, şəhvət həyatı cəhənnəm etdi.

Romalı bir zadəgan sərinlikdə uzanıb

Axmaqcasına Appian yolunda irəlilədi.

O, ziyafətlər təşkil edir, azğın halda içki içir,

Başını çiçəklərdən çələnglərlə bəzəyirdi.

İnadkar zaman isə nə sürətlə, nə də ləng gedirdi.

Bu yorğun və tox dünyaya məsihçilik gəldi. Duz yeməkləri dadlandırdığı kimi məsihçilər də dünyaya yeni bir dad verməli idilər. İkincisi, qədim dünya çox pozulmuşdu. Qədim dövrdə yaşayan insanlar bunu özləri də yaxşı bilirdilər. Yuvenal32 Romanı çirkli kanalizasiya ilə müqayisə edirdi. Saflıq tamamilə yox olmuşdu, iffət haqqında söhbət belə getmirdi. Belə bir pozulmuş dünyaya məsihçilik gəldi. Məsihçilik bu dünyanın zəhərinə qarşı dərman olmalı, pozğunluğa təmizləyici təsir göstərməli idi. Duz əti çürüməkdən qoruduğu kimi, məsihçilik də dünyada hökm sürən çürüməyə qarşı mübarizə aparmalı idi.

Beləliklə, İsa Məsih bu bəyanatında məsihçilərə çağırış edir:

«Dünyanın yalnız məsihçiliyin gətirə biləcəyi dad və saflığa ehtiyacı var. Əgər məsihçi öz saflığını itirərsə, onda bu dünya onu necə əldə edə bilər?» Əgər imanlı Məsihin qüdrəti ilə dünyanın pozğunluğunu məhv etməsə, pozğunluq sərbəst şəkildə «çiçəklənəcək».

3. Qoy sizdə duz və aranızda da sülh olsun. Burada isə duz təmizlik mənasında işlənir. Qədimdə yaşayan insanlar deyirdilər ki, duz dünyanın ən təmiz elementidir. Çünki o, ən təmiz elementlərdən — günəşdən və dənizdən alınır. Duzun ağ olması saflığın simvolu kimi xidmət edirdi. Buna görə də bu ifadənin mənası belədir: «Daxilinizdə Məsihin Ruhunun təmizləyici təsiri olsun. Eqoistlik, tamahkarlıq, kin, qəzəb və paxıllıqdan uzaq olun, əsəb, pis xasiyyət və nəfskarlıqdan təmizlənin. Yalnız o zaman qardaşlarınızla sülh içində yaşaya biləcəksiniz». Başqa sözlə, İsa deyir ki, yalnız eqoizmdən uzaq və Məsihdə qalan insan həqiqi qardaşlıqda yaşaya bilər.

Azərbaycan dilində Müqəddəs Kitab

1 İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək».
İsanın görünüşü dəyişir
(Matta 17:1-13; Luka 9:28-36)
2 Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi. 3 Onun libası göz qamaşdırıcı ağ rəng aldı. Yer üzündə heç bir paltar təmizləyən onu belə ağ edə bilməzdi. 4 O an İlyas və Musa onlara göründü. Onlar İsa ilə söhbət edirdi. 5 Peter sözə başlayıb İsaya dedi: «Rabbi! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». 6 O bilmirdi ki, nə desin, çünki onları dəhşət bürümüşdü. 7 Bu zaman bir bulud onların üzərinə kölgə saldı. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!» 8 Birdən ətrafa baxanda artıq yanlarında İsadan başqa kimsəni görmədilər.
9 Dağdan enərkən İsa şagirdlərinə qadağan etdi ki, Bəşər Oğlu ölülər arasından dirilənə qədər orada gördüklərini heç kimə deməsinlər. 10 Onlar da bu sözü ürəklərində saxladılar, amma bir-birlərindən soruşdular ki, ölülər arasından dirilmək nə deməkdir. 11 Ondan soruşdular: «Elə isə niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» 12 İsa onlara belə dedi: «Düzdür, əvvəlcə İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib alçaldılmalıdır? 13 Lakin sizə deyirəm: artıq İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun başına gətirdilər».
Oğlandan cin çıxarılır
(Matta 17:14-20; Luka 9:37-43)
14 Onlar şagirdlərin yanına gələndə böyük bir izdihamın toplaşdığını və bir neçə ilahiyyatçının şagirdlərlə mübahisə etdiyini gördülər. 15 İsanı görən kimi bütün izdihamı heyrət bürüdü və qarşısına qaçıb Onu salamladılar. 16 İsa adamlardan soruşdu: «Onlarla nə barədə mübahisə edirsiniz?» 17 Camaat arasından biri Ona cavab verdi: «Müəllim! Mən Sənin yanına lallıq ruhuna tutulmuş oğlumu gətirmişəm. 18 Ruh onu harada tutursa, yerə çırpır, uşağın ağzı köpüklənir, dişlərini qıcıdır və qıc olur. Şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar». 19 İsa da cavabında onlara dedi: «Ey imansız nəsil! Nə vaxta qədər sizinlə qalacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı yanıma gətirin!» 20 Uşağı Onun yanına gətirdilər və İsanı görən kimi ruh dərhal uşağı sarsıtdı. Uşaq yerə yıxılıb yuvarlanırdı və ağzından köpük daşırdı. 21 İsa onun atasından soruşdu: «Bu uşaq nə vaxtdan belə hala düşüb?» Uşağın atası dedi: «Körpəlikdən bəri. 22 Bu ruh onu həlak etmək üçün dəfələrlə oda və suya atıb. Amma bacarırsansa, bizə kömək et, bizə rəhmin gəlsin!» 23 İsa ona dedi: «“Bacarırsansa” nə sözdür? İman edən üçün hər şey mümkündür!» 24 Uşağın atası dərhal fəryad qopararaq dedi: «İman edirəm, kömək et ki, imansızlığım yox olsun!» 25 İsa camaatın qaçıb gəldiyini görəndə natəmiz ruha qadağan edib dedi: «Ey lallıq və karlıq ruhu, Mən sənə əmr edirəm, bu uşağın içindən çıx və bir daha ora girmə!» 26 Ruh çığırıb uşağı sarsıdaraq çıxdı. Uşaq ölü kimi düşdü və çoxları dedi: «O öldü!» 27 Lakin İsa uşağın əlindən tutub qaldırdı və o, ayağa qalxdı.
28 İsa evə girəndən sonra şagirdləri təklikdə Ondan soruşdular: «Bəs nə üçün biz o ruhu qova bilmədik?» 29 İsa onlara cavab verdi: «Bu cür ruhlar yalnız dua ilə çıxa bilər».
İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir
(Matta 17:22-23; Luka 9:43-45)
30 Onlar oranı tərk edib Qalileyadan keçirdilər. İsa istəmirdi ki, kimsə bundan xəbər tutsun. 31 Çünki şagirdlərinə təlim öyrədirdi. Onlara belə deyirdi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək və Onu öldürəcəklər. Öldürüldükdən üç gün sonra O diriləcək». 32 Lakin şagirdlər bu sözü başa düşmədilər və Ondan soruşmaqdan da qorxurdular.
Ən böyük kimdir?
(Matta 18:1-9; Luka 9:46-50; 17:1-2)
33 Onlar Kefernahuma gəldilər. İsa evdə olanda şagirdlərdən soruşdu: «Yol boyu nə barədə mübahisə edirdiniz?» 34 Heç kim dillənmədi, çünki yol boyu öz aralarında kimin ən böyük olması barədə mübahisə etmişdilər. 35 İsa oturub On İki şagirdi yanına çağıraraq dedi: «Əgər bir kəs birinci olmaq istəyirsə, hamıdan axırıncı və hamının xidmətçisi olsun». 36 O, balaca bir uşağı götürüb şagirdlərin arasına qoydu və sonra uşağı qucağına alıb onlara dedi: 37 «Kim Mənim adımla belə uşaqlardan birini qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni yox, Məni Göndərəni qəbul edər».
38 Yəhya Ona dedi: «Müəllim, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizim ardımızca gəlmədiyinə görə ona mane olduq». 39 İsa onlara dedi: «Ona mane olmayın! Elə bir adam yoxdur ki, Mənim adımla möcüzə göstərsin və sonra Məni pisləsin. 40 Çünki əleyhimizə olmayan bizim tərəfimizdədir. 41 Məsihə məxsus olduğunuz üçün kim sizə bir kasa su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq.
42 Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. 43 Əgər əlin səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata şikəst olaraq daxil olmağın iki əllə cəhənnəmə, sönməz oda düşməyindən yaxşıdır. 44  45 Əgər ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata topal olaraq daxil olmağın iki ayaqla cəhənnəmə atılmağından yaxşıdır. 46  47 Əgər gözün səni pis yola çəkərsə, onu çıxart. Sənin tək gözlə Allahın Padşahlığına daxil olmağın iki gözlə cəhənnəmə atılmağından yaxşıdır. 48 Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür. 49 Çünki hamı odla duzlanacaq. 50 Duz yaxşı şeydir, amma əgər duz dadsız olarsa, ona nə ilə dad vermək olar? Qoy sizdə duz və aranızda da sülh olsun».