Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Markın müjdəsi: 10-cu fəsil

V. Barklinin şərhləri

10-cu fəsil

1-12

SEVİNCƏ VƏ KƏDƏRƏ (Mark 10:1-12)

İsa Məsih cənuba doğru getməyə davam etdi. O, Qalileyanı tərk edib Yəhudeyaya gəldi. O, hələ Yerusəlimə girməmişdi, amma addım-addım, mərhələ-mərhələ hadisənin baş verəcəyi son məkana yaxınlaşırdı. Fariseylər İsanı sınamaq məqsədilə Ona boşanma haqqında sual verdilər. Sualın bir neçə səbəbi ola bilərdi. Ümumiyyətlə, bu, mübahisəli sual idi, ravvinlər arasında mübahisə və müzakirə mövzusu idi. Bəlkə də fariseylər, həqiqətən, İsanın fikrini bilmək istəyirdilər. Bəlkə də onlar İsanın möminliyini sınamaq istəyirdilər. Ola bilsin, İsa bu mövzuda artıq danışmışdı. Matta 5:31-32-də İsa nikah və təkrar evlənmək mövzusunda danışır. Bəlkə də fariseylər ümid edirdilər ki, O dediklərini təkzib edəcək və çaşqınlıq içində qalacaq. Ola bilsin, fariseylər Onun nə deyəcəyini bilirdilər və beləcə öz arvadını boşayıb başqası ilə evlənən Hirod Antipada ona qarşı düşmənçilik oyadacaqdılar. Bəlkə də fariseylər İsanın yalançı təlim gətirdiyini sübut etmək üçün Musanın Qanununu necə inkar etdiyini eşitmək istəyirdilər. Bir şey tamamilə aydın idi — İsaya verilən sual təkcə ravvin məktəbləri üçün akademik maraq kəsb etmirdi, həm də o dövrün ən aktual suallarından biri idi. 

Nəzəri cəhətdən ideallığına görə o dövrdə yəhudi nikahının tayı-bərabəri yox idi. İffət ən böyük xeyirxahlıq sayılırdı. »Biz inanırıq ki, Allah iffətsizlik günahından başqa, bütün günahlara qarşı səbirlidir». »İffətsizlik Allahı izzətdən salır». »Yəhudi bütpərəstlik, qətl və ya zina etməkdənsə, həyatını qorumaq üçün özünü qurban versə, daha yaxşıdır». »Kişi gəncliyində evləndiyi arvadını boşayanda, səcdəgah belə göz yaşı axıdır». Nəzəriyyə ideal idi, amma təcrübə tamam başqa idi. Hər şeyi korlayan o idi ki, yəhudi qanunlarına görə qadın əşya sayılırdı, onun heç bir hüququ yox idi, o, ailə başçısı sayılan ərinin tam tabeliyində idi. Kişi, demək olar ki, istənilən səbəbə görə arvadını boşaya bilərdi, lakin qadın yalnız bir neçə səbəbə görə boşanma tələb edə bilərdi. »Qadının razılığı olsa da, olmasa da, onu boşamaq olardı. Kişini isə yalnız razılığı olduğu halda boşamaq olardı». Qadının boşanması üçün əsas səbəblər arasında ərinin cüzam xəstəliyinə tutulması, bakirə qıza təcavüz etməsi və ya arvadını nikahdan əvvəl bakirəliyini itirməkdə yalandan ittiham etməsi, iyrənc bir işlə, məsələn, dərini aşılamaqla məşğul olması göstərilə bilərdi. Yəhudilərin boşanma qanunu Qanunun Təkrarı 24:1-ə istinad edirdi. Bütün problemlərin kökündə bu ayə dayanırdı. Orada deyilir: «Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən çıxararsa, evdən çıxmış qadın sonra başqa kişiyə ərə gedə bilər». Əvvəllər talaq kağızı çox sadə, təxminən belə idi: «Qoy bu sənin üçün boşanma bildirişim, məktubum və azadlığa dair sənədim olsun ki, istədiyin şəxslə evlənə biləsən». Zaman keçdikcə bu məktub daha mürəkkəb bir forma aldı:

«Dünyanın yaradılışından bəri ... gün ... həftə ... ay ... il, ... çayın ətrafında yerləşən şəhərdə istifadə olunan geri sayıma görə, ... şəhərin sakini mən ..., .... oğlu bəyan edirəm ki, ... gündən etibarən öz istəyimlə və heç bir məcburiyyət olmadan .... qızından imtina edirəm, səni geri göndərirəm, indiyə qədər mənim həyat yoldaşım olan ... qızı, istədiyin şəxslə evlənməkdə azadsan və heç kim sənə mane olmayacaq. Bu, Musanın və İsrailin qanunlarına uyğun olaraq, talaq kağızın, imtina aktın, boşanma və ayrılıq şəhadətnaməndir».

Əhdi-Cədid dövründə belə bir boşanma sənədini yalnız ixtisaslı ravvin yaza bilərdi. Bundan sonra, talaq kağızı ravvinlər məhkəməsi tərəfindən yoxlanılır və daha sonra Ali Şuraya təqdim edilirdi. Ancaq bütün boşanma proseduru son dərəcə sadə və tamamilə ərin iradəsindən asılı olaraq qalırdı. Lakin büdrəmə daşı Qanunun Təkrarı 24-1-də deyildiyi kimi, qanunla şərh olunurdu. Orada deyilir ki, kişi arvadında ləyaqətsiz bir şey tapdığı üçün onu boşaya bilər. Bəs bu ifadə nə demək idi?

Bu mövzunun izahı iki istiqamətdə verilirdi. Problemi son dərəcə ciddi həll edən Şammay məktəbi var idi. Bu məktəbin nümayəndələri ləyaqətsiz bir şey deyildikdə yalnız və yalnız zinanı nəzərdə tuturdular. Hətta qadın İzevel kimi dəhşətli olsa belə, onlar inanırdılar ki, əgər o, zina etməyibsə, bu, boşanma üçün əsas ola bilməz. Digər bir istiqamət də Hillelin məktəbi idi. Bu məktəbin nümayəndələri isə həmin ifadəni daha geniş şəkildə şərh edirdilər. Onların fikrincə, qadını boşamaq üçün şam yeməyini dadsız hazırlaması, küçədə veyillənməsi, tanımadığı kişi ilə danışması, ərinin yanında onun qohumlarına hörmətsizlik etməsi, həyasız olması (səsi qonşuyadək gedib çatan) kifayət idi. Ravvin Akiba hətta bir qədər irəli gedərək bəyan edirdi ki, əgər kişi arvadından daha gözəl qadın tapsa, boşana bilərdi. İnsanlar günahın təbiətinə görə həmin ifadənin daha sadə şərhinə üstünlük verirdilər. Nəticədə ən adi səbəblərdən, hətta heç bir səbəb olmadan boşanmalar get-gedə adi hal alırdı. İş o yerə gəlib çatdı ki, İsa Məsihin dövründə qadınlar ailə qurmaqdan qorxmağa başladılar. Çünki nikahın təməli çox zəif idi. İsa bu sözlərini söyləyəndə, qadınları müdafiə edərək nikahın əhəmiyyətini göstərməyə çalışırdı. 

Bəzi məqamları qeyd etmək lazımdır. İsa Musanın Qanunundan sitat gətirdi və sonra əlavə etdi: Musa bu əmri «ürəyiniz inadkar olduğuna görə yazdı». Bu, iki şeydən birini ifadə edə bilər: çünki insanlardan yaxşısını gözləmək olmazdı, yaxud Musa get-gedə pisləşən vəziyyətə nəzarət etməyə çalışırdı. Əslində, bu, boşanmağa icazə verməkdən çox, boşanmaların sayını hansısa qanunla azaltmaq, tənzimləmək, nəzarət etmək cəhdi idi. 

Hər halda, İsa aydın şəkildə bildirdi ki, Onun fikri Qanunun Təkrarı 24:1-də yazılanlara uyğundur. Öz fikirlərini təsdiqləmək üçün O, daha qədim mənbələrə — Yaradılış 1:27 və 2:24-ə istinad edir. O hesab edirdi ki, nikah öz təbiətinə görə iki insanı sıx birləşdirən sarsılmaz bir ittifaqdır. Bu ittifaqı heç bir insan qanunları və qaydaları pozula bilməz. O, əmin idi ki, kainat belə qurulduğuna görə, nikah mütləq sabitliyi və birliyi əks etdirməlidir. Musanın bəzi müvəqqəti vəziyyəti tənzimləyən heç bir qanunu bunu dəyişə bilməz.

Lakin çətinlik ondadır ki, Mattanın Müjdəsində müvafiq yerdə uyğunsuzluq var. Burada Markın Müjdəsində İsanın boşanma haqqında qadağası mütləq xarakter daşıyır. Matta 19:3-9-da göstərilir ki, İsa boşandıqdan sonra təkrar evlənməyi qəti qadağan edir. Yalnız bir səbəbə görə — zinaya görə boşanmağa icazə verir. Çox güman, Mattanın Müjdəsindəki versiya doğrudur. Əslində, həmin şey Markın Müjdəsində də nəzərdə tutulur. Yəhudi qanunlarına görə zina nikahı etibarsız edirdi. Həqiqət də bundadır ki, xəyanət nikah bağlarını məhv edir. Zinaya yol veriləndən sonra birlik istər-istəməz pozulur. Boşanma yalnız baş verənləri təsdiqləyir. Bu hissənin mahiyyəti, əslində, ondan ibarətdir ki, İsa Öz dövrünün azad cinsi əxlaqını islah etməkdə israr edir.

Nikaha sırf zövq almaq niyyəti ilə girənlər yadda saxlamalıdırlar ki, evlilikdə məsuliyyət var. Nikahda yalnız fiziki ehtiraslarını təmin etməyə çalışanlar bunun həm də ruhani birlik olduğunu unutmamalıdırlar. İsa ailə ocağının ətrafında qoruyucu sipər qoydu.

13-16

ALLAHIN PADŞAHLIĞI BELƏLƏRİNƏ MƏXSUSDUR (Mark 10:13-16)

Hər bir yəhudi qadın xəyal edirdi ki, uşaqlarına böyük və məşhur bir ravvin xeyir-dua versin. Onlar uşaqlarını birinci ad günlərində belə insanların yanına gətirməyi sevirdilər. Həmin günü uşaqlarını İsanın yanına məhz bu səbəbdən gətirmişdilər. Bu epizodun gözqamaşdıran gözəlliyini yalnız baş verdiyi anı xatırlamaqla başa düşmək olar. İsa Çarmıxa çəkilmək ərəfəsində idi. O, bunu yaxşı bilirdi. Çarmıxa çəkilmənin dəhşətli kölgəsi Onun gözləri önündə dururdu. Məhz belə vaxtlarda O, uşaqlara zaman ayırdı. Daim zehni gərginlikdə olsa da, O, uşaqları qucağına almaq, bəlkə də, onlarla oynamaq üçün vaxt tapdı. Şagirdlərin tərbiyəsiz və rəhmsiz olduğunu düşünmək lazım deyil. Onlar sadəcə İsanı qorumaq istəyirdilər. Onlar nə baş verdiyini elə də yaxşı anlamırdılar. Lakin qarşıda gözləyən çətinliyi hiss edə bilir və İsanın gərgin vəziyyətdə olduğunu görürdülər. Buna görə də heç kimin Onu narahat etməsini istəmirdilər. Onlar başa düşmürdülər ki, belə bir vaxtda İsa uşaqların yanında olmasını necə istəyə bilər. Amma İsa dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər!» Bununla belə, bu epizod bizə çox şey deyir: İsa uşaqları, uşaqlar isə Onu sevirdi. O, sərt, tutqun, kefsiz adam ola bilməzdi. Yəqin ki, O, mehribanlıq saçır, ürəkdən gülümsəyir və qəhqəhə çəkirdi. Bir nəfər belə demişdir ki, əgər hansısa məsihçinin qapısında uşaq oynamırsa, o adamın imanına inanmaq olmaz.

Bu kiçik epizod İsanın insan təbiətinə parlaq işıq salır. İsa dedi: «Allahın Padşahlığı belələrinə məxsusdur». Maraqlıdır, İsa uşaqlarda nəyi çox sevirdi və nəyi qiymətləndirirdi?

1. Uşağın təvazökarlığını. Düzdür, özünə vurğun, özünü reklam edən uşaqlar var. Lakin bu, nadir hallarda olur və demək olar ki, həmişə uşaqla pis rəftarın nəticəsindən irəli gəlir. Adətən, məşhurluq uşağı utandırır. Çünki hələ şöhrət, yüksək vəzifə və nüfuz haqqında düşünməyə öyrəşməyib, öz «mən»inin əhəmiyyətini hələ kəşf etməyib.

2. Uşağın itaəti. Uşaq çox vaxt itaətsizlik göstərir, lakin nə qədər paradoksal görünsə də, onun təbii itaət etmək instinkti var. O, insanı qardaşlarından və Allahdan uzaqlaşdıran qürur və yalançı müstəqilliyin nə olduğunu hələ bilmir.

3. Uşağın sadəlövhlüyü.

a) Valideynlərin nüfuzu. Müəyyən yaşa qədər uşaq atasının hər şeyi bildiyinə və atasının həmişə haqlı olduğuna inanır. Uşaq tezliklə böyüyür, acizliyini dərk edir, onun fikrincə, hər şeyi bilən birinə güvənir.

b) Uşağın digər insanlara münasibətdə göstərdiyi etibar. Uşaq başqa insanlardan pislik gözləmir. O, tamamilə yad bir adamla dostluq edə bilər. Tanınmış bir adam deyirdi ki, aldığı ən yaxşı tərif — günlərin bir günü tamamilə yad bir oğlanın yaxınlaşıb, ondan ayaqqabısının bağını bağlamasını istəməsi olub. Uşaq hələ bilmirdi ki, yad adamlardan ehtiyat etmək lazımdır. O, hələ də hamıya güvənirdi. Bəzən bu güvən ona təhlükə yaradır. Çünki uşağın etibarından sui-istifadə edən ləyaqətsiz insanlar var. Buna baxmayaraq, etibar — gözəl şeydir.

4. Uşaq kinli deyil. O, hələ kin və düşmənçilik saxlamağı öyrənməyib. Hətta ona qarşı haqsızlıq edəndə belə, o bağışlayır və unudur. Həqiqətən də, Allahın Padşahlığı belələrinə məxsusdur.

17-22

XEYİRXAHLIĞIN ÖLÇÜ VAHİDİ NƏDİR? (Mark 10:17-22)

Bu, Müjdələrdəki ən parlaq hekayələrdən biridir.

1. Bu adamın İsanın yanına necə gəldiyinə və İsanın onu necə qarşıladığına diqqət yetirin. O qaçıb İsanın qarşısında diz çökdü. Tezliklə cinayətkar kimi məhkum olunacaq Nazaretli kasıb peyğəmbərin qarşısında diz çökən bu zəngin gənc aristokratda heyrətamiz nəsə vardı. «Ey yaxşı Müəllim!» — deyə gənc müraciət etdi. İsa dərhal ona etiraz etdi: «Heç bir tərif lazım deyil! Mənə yaxşı demə! Bu sözü Allah üçün saxla!» İsa sanki onun gənclik şövqünün üzərinə bir qazan soyuq su töküb soyutmaq istəyirdi. Burada bizim üçün də bir dərs var. Buradan aydın görünür ki, gənc adam İsanın yanına gələndə hədsiz dərəcədə həyəcanlı idi. O da aydın görünür ki, İsa onda böyük təəssürat yaratmışdır. İsa Məsih hər təbliğçinin, hər kahinin və hər müəllimin yadda saxlamalı və etməli olduğu iki şeyi etdi. Birincisi, O dedi: «Dayan və düşün! Sən indi çox həyəcanlısan. Həyəcandan titrəyirsən! Mənim bir anlıq coşub-daşan insanlara ehtiyacım yoxdur. Nə etdiyini sakitcə düşün». Xeyr, İsa gənci həvəsdən salmaq istəmirdi. O, gəncə əvvəlcə hər şeyi götür-qoy etməyi məsləhət gördü. İkincisi, O, belə dedi: «Sənin Mənə olan sentimental məhəbbətin sayəsində məsihçi ola bilməzsən. Allaha bax!» Təbliğ və nəsihət onun üçün nəzərdə tutulub ki, həqiqət insan vasitəsilə ötürülsün. Burada ən böyük nəsihətçilərin və müəllimlərin məruz qaldığı təhlükə var. Təhlükə ondadır ki, tələbə, məktəbli, gənc adam müəllim və ya təbliğçiyə bəslədiyi sevgini Allaha olan sevgi zənn edəcək. Nəsihətçi və müəllim diqqəti həmişə özünə deyil, Allaha yönəltməlidir. Həqiqi təlim və nəsihət həmişə özünü unudur. Əlbəttə, insan öz «mən»ini və şəxsi sədaqətini təlimdən tamamilə silə bilməz. Hətta insanlar bunu istəsəydilər belə, edə bilməzdilər. Ancaq bu, hələ hər şey deyil: müəllim də, nəsihətçi də, yalnız Allahın şəhadət barmaqlarıdır.

2. Təkcə əmrlərə əməl etmək kifayət deyil. Başqa heç bir yerdə məsihçi inancının çox vacib elementi bu qədər aydın şəkildə göstərilmir. İsa yaxşı güzəran üçün zəruri olan əmrlərdən sitat gətirdi. Gənc oğlan onların hamısına əməl etdiyini söylədi. Diqqət yetirin ki, bir əmr istisna olmaqla, bütün əmrlər insandan bir şeydən çəkinməyi tələb edir. İstisna olan əmr yalnız ailəyə təsir edir. Əslində, gənc belə demişdi: «Həyatım boyu heç kimə pislik etməmişəm». Bu, tamamilə doğru idi. Amma sual başqa idi: «Kimə yaxşılıq etmisən?» Bu gəncə isə sual daha kəskin şəkildə ünvanlandı: «Bütün malınla, bütün var-dövlətinlə, verə biləcəyin hər şeylə başqalarına nə yaxşılıq etmisən? İmkan daxilində başqalarına kömək etmək, təsəlli vermək, onların güc tapması üçün nə etmisən?»

Əmrlərə riayət etmək, ümumiyyətlə, nəsə etməkdən çəkinməkdir. Məsihçiliyin mahiyyəti isə nəsə etməkdir. Məhz bu mənada, bir çoxumuz kimi, həmin zəngin gənc zəif idi.

3. İsa mahiyyət etibarilə ona çağırış edib, sanki belə dedi: «Bu əxlaqi hörmətdən əl çək. Xeyirxahlığa nədənsə çəkinmək kimi baxma. Özünü və sahib olduğun hər şeyi götür və başqaları üçün qurban ver. Məhz onda əsl xoşbəxtliyi həm yer üzündə, həm də əbədiyyətdə tapacaqsan». Ancaq gənc adam bunu edə bilmədi. Onun böyük mülkü var idi və bu mülkü qurban verməyi heç vaxt ağlına gətirməmişdi. Ona belə bir təklif ediləndə, o, bunu bacarmadı. Düzdür, o, heç vaxt oğurluq etməmişdi, fırıldaqçı deyildi. Amma heç vaxt səxavətli də olmamışdı, heç nəyi qurban verməmişdi. Özünü buna məcbur etməmişdi. Ləyaqətli insan o kəsdir ki, başqasının malını mənimsəmir. Məsihçi isə insanlara verməlidir. Əslində, İsa gənc oğlanı əsas və son dərəcə vacib bir sualla üz-üzə qoydu: «Əsl məsihçiliyə nə qədər ehtiyacın var? Bunun üçün var-dövlətindən vaz keçməyə hazırsanmı?» Gəncin bu suala cavabı belə oldu: «Mən onu istəyirəm, amma o qədər də çox yox». Robert Luis Stivensonun33 «Ballantranın sahibi» romanında belə bir səhnə var: ev sahibi son dəfə ata ocağını tərk edir və kədərli halda qoca nökərə deyir: «Yəqin, sən elə düşünürsən ki, mən heç vaxt heç nəyə peşman deyiləm?» Nökər dedi: «Xeyr, düşünmürəm ki, yaxşı insan olmaq üçün hər şeyə sahib olduğunuz halda, siz pis insan olasınız». «Xeyr, hər şeyə deyil, — deyə ev sahibi etiraz edir, — burada səhv edirsiniz. İstəksizlik xəstəlikdir». Məhz bu istəksizlik xəstəliyi İsaya tərəf gələn gəncin həyatında ölümcül rol oynadı. Çoxumuz bu xəstəlikdən əziyyət çəkirik. Çoxları xeyirxahlığı arzulayır, lakin çox az adam ona görə dəyər ödəmək istəyir.

İsa Məsih adama məhəbbətlə baxdı. Onun bu baxışı bizə çox şey deyir.

  1. Məhəbbət haqqında. İsa gənci sevdiyi üçün ona qəzəblənmədi. Bu, qəzəb dolu deyil, məhəbbət dolu baxış idi.

  2. İsanın baxışında insanı cəngavərliyə çağırış var idi. Bu baxış insanı rahat həyatından qoparıb, məsihçi olmaq riskinə sövq edirdi.

  3. Bu baxışda hüzn var idi. Bu, ən ağır kədər idi. Bir insanın imkanı olduğu halda bilərəkdən ola biləcəyi insana çevrilməkdən imtina etməsini görmək çox ağır idi.

İsa Məsih bizə məhəbbətlə baxır və bizi iman yolunda cəngavər olmağa çağırır. Allah eləməsin ki, O bizə — sevimlilərinə, Onun bizi görmək istədiyi kimi olmaqdan imtina etdiyimizə görə kədərlə baxsın.

23-27

SƏRVƏTİN TƏHLÜKƏSİ (Mark 10:23-27)

Şübhəsiz ki, İsa və həvarilər, ona verilən çağırışdan imtina edən aristokratı gözdən itənədək izlədilər. Sonra İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!» Yunan dilində sərvət kimi tərcümə olunan hremata sözü istifadə olunur (Barklidə pul kimi tərcümə olunub). Aristotel bu sözün tərifini belə vermişdir: «Dəyəri sikkələrlə ölçülən hər şey». Bəzilərinə təəccüblü gələ bilər ki, nəyə görə bu ifadə şagirdləri belə heyrətləndirdi? Onların heyrəti iki dəfə vurğulanır. Onları heyrətləndirən İsanın yəhudi normalarını tamamilə alt-üst etməsi idi. Yəhudilərin əxlaq normaları sadə idi. Onlara görə, rifah və işlərində uğur qazanmaq yaxşı əlamət sayılırdı. Əgər bir insan zəngin idisə, deməli, Allah onu layiq bilmiş və xeyir-dua vermişdir. Var-dövlət gözəl xasiyyətin və Allahın insandan razı qalmasının əlaməti idi.

Məzmurçu bunu belə izah edir: «Gəncliyimdən qocalığımadək salehin tərk edildiyini, nəslinin çörək üçün diləndiyini görməmişəm» (Zəbur 37:25). Buna görə də şagirdlərin heyrətlənməsi təəccüblü deyil. Onlar iddia edərdilər ki, insan nə qədər zəngindirsə, Allahın Padşahlığına daxil olma ehtimalı bir o qədər çoxdur. İsa dediklərini onlar daha yaxşı başa düşsün deyə, Öz ifadəsini bir qədər açıqlayaraq təkrarladı. «Var-dövlətinə bel bağlayanlar üçün Allahın Padşahlığına daxil olmaq necə də çətindir». Heç kim İsa kimi var-dövlətin və sərvətin təhlükəsini bu qədər aydın görmədi. Bu hansı təhlükələrdir?

1. Maddi dəyərlər insanı bu dünyaya bağlayır. O, bu var-dövlətə o qədər sərmayə qoyub ki, onun üçün başqa bir şey təsəvvür etmək çətindir. Xüsusilə bu dəyərləri tərk etmək onun üçün çətindir. Günlərin bir günü bir adam məşhur qədim qəsrə, onun ətrafındakı bağa və əraziyə baxandan sonra dedi: «Belə şeylərə görə insanın ölməsi çətindir». Sərvətin təhlükəsi ondadır ki, o, insanın maraqlarını, düşüncələrini yer üzünə bağlayır.

2. Maddiyyata maraq göstərən insan hər şeyə qiymət və dəyər baxımından baxmağa başlayır. Şotlandiyalı çobanın arvadı qəzetə çox maraqlı məktub yazmışdı. Onların dağlarda, tənhalıqda böyüyən sadə uşaqları var idi. Amma sonra əri şəhərdə ev aldı və uşaqlar da ora köçdülər. Onlar getdikcə çox dəyişdilər, özü də pisə doğru. Məktubun son abzasını təqdim edirik: «Uşağı böyütmək üçün daha yaxşı olan nədir — təklik, məhdud dost çevrəsi, amma gözəl əxlaq, sadə səmimi fikirlər, yoxsa heç nəyin dəyərini bilməyən geniş ünsiyyət çevrəsi?» Tamamilə maddi nemətlərə qərq olmuş insan hər şeyə dəyər baxımından deyil, qiymət baxımından yanaşır. O, hər şeyi pulla ala biləcəyini düşünür və unudur ki, dünyada qiyməti ölçülməyən, pulla alına bilməyən şeylər də var. İnsanın ehtiyac duyduğu hər şeyin müəyyən bir məbləğə ala biləcəyini düşünməsi dəhşətlidir.

3. İsa deyərdi ki, maddi nemətlərə sahib olmağın iki tərəfi var:

a) Bu, insan üçün ciddi sınaqdır. Çətinliyə tab gətirə bilən yüz nəfərdən yalnız biri rifaha düzgün yanaşa bilər. Firavanlıq insanı çox vaxt təkəbbürlü, lovğa, özündən razı, dünyapərəst edir. Yalnız yaxşı insan firavanlığa düzgün yanaşa bilər.

b) Bu, məsuliyyətdir. İnsan həmişə iki meyarla mühakimə olunur — sərvətini necə əldə edib və ondan necə istifadə edir. İnsan nə qədər çox var-dövlətə sahibdirsə, bir o qədər məsuliyyəti böyükdür. O, sərvətindən eqoistcəsinə, yoxsa səxavətlə istifadə edir? O, var-dövlətindən sərvət sahibi kimi, yoxsa Allahın mülkünə sahib olduğunu xatırlayaraq istifadə edir? Şagirdlər elə düşündülər ki, əgər İsa həqiqəti söyləyibsə, demək, xilas olmaq şansı çox azdır. Onda İsa Məsih xilas haqqında təlimi qısa şəkildə konkretləşdirdi. O dedi: «Əgər insanın xilası onun səylərindən asılı olsaydı, heç kim xilas ola bilməzdi. Xilas Allahın hədiyyəsidir, Allah üçün isə hər şey mümkündür». Yalnız özünə və sərvətinə güvənən insan heç vaxt xilas ola bilməz. Lakin xilasedici gücə və Allah sevgisinə inanan insan, xilas ola bilər. İsanın demək istədiyi bu idi. Eyni fikri həvari Paul da öz məktublarında izah edir. Həmin fikir bizim üçün əsas olaraq qalır.

28-31

MƏSİH HEÇ KİMƏ BORCLU DEYİL (Mark 10:28-31)

Peter hələ də bu barədə düşünməyə davam edirdi. O, indicə İsanın «Ardımca gəl!» çağırışına məhəl qoymayan bir adam görmüşdü. O, həm də İsanın bu adam haqqında dediyi «Bu adam özü üçün Allahın Padşahlığının qapılarını bağladı» sözlərini eşitmişdi. Peter bu adamın hərəkətlərini, özünün və dostlarının davranışı ilə müqayisə etməyə bilməzdi. Bu adam İsanın Onun ardınca getmək çağırışına qulaq asmadı, lakin Peter və dostları Onun çağırışını qəbul etdilər. Buna görə də Peter İsadan birbaşa özünün və dostlarının bunun əvəzində nə alacağını soruşdu. İsanın cavabı üç hissəyə bölünür.

1. İsa Məsih dedi ki, Onun və Müjdənin xatirinə hər şeyi tərk edən insan, yüz dəfə artığını alacaq. İlk İmanlı Cəmiyyətində hər şey, sözün əsl mənasında, belə idi. Bir insanın Məsihə iman etməsi evini, dostlarını və yaxınlarını itirməsinə səbəb ola bilər, lakin İmanlı Cəmiyyətinə qoşulması ona itirdiyindən daha böyük, qəlbinə daha yaxın bir ailə verir. Bütün bunları biz həvari Paulun timsalında görürük. Şübhəsiz, Paul Məsihə iman edəndə, evinin qapıları onun üzünə bağlanmışdı. Ailəsi ondan imtina etmişdi. Buna baxmayaraq, o, Qərbi və Cənubi Avropanın, Kiçik Asiyanın bir çox şəhər və kəndlərində Məsihdə onu qarşılamağa hazır olan həm ev, həm də ailə tapmışdı. Onun ailə həyatını tərənnüm edən müxtəlif terminləri necə işlətməsi də maraqlıdır. Romalılara 16:13-də Paul Rufusun anası haqqında öz anası kimi danışır. Filimona 10-cu ayədə o, Onisim barəsində həbsdə ikən doğulan bir oğul kimi danışır. O dövrdə hər bir məsihçi ilə eyni hadisələr baş verirdi: ailəsi onu rədd etdikdə, o, Məsihin böyük ailəsinə daxil olurdu.

Kanadanın Saskaçevan əyalətinin hinduları Məsihin ilk təbliğçilərinə heyran olmuşdular. Ata Allah ideyası onları sevindirmişdi; bundan əvvəl onlar Allahı yalnız ildırımda, şimşək çaxarkən və tufan gurultusunda görürdülər. Qəbilə başçılarından biri vaizdən soruşmuşdu:

  • Mən sizin Allaha Atamız deyə dediyinizi eşitdim.

  • Bəli — deyə vaiz cavab vermişdi.

  • Allah sənin Atandır? — deyə qoca rəhbər yenidən soruşmuşdu.

  • Bəli — deyə vaiz cavab vermişdi.

  • Onda O mənim də Atamdır?

  • Əlbəttə.

Birdən qəbilə başçısının üzü işıqlandı. O, əlini qabağa uzadıb nəsə kəşf edirmiş kimi dedi:

  • Onda biz qardaşıq.

Bəzən elə olur ki, məsihçi olmaq istəyən adam onun üçün əziz olan bağları qurban verməyə məcbur olur, lakin məsihçi olandan sonra bütün dünyanı və bütün cənnəti əhatə edən bir ailənin və qardaşlığın üzvünə çevrilir.

2. İsa buna iki şey, iki sadə söz əlavə etdi — əzab-əziyyətlə birgə. Bu da yaşadığımız dünyada mükafat almaq, maddi qurbanlara görə maddi təzminat almaq problemini dərhal gündəmdən çıxarır. Bu sözlər iki şeydən bəhs edir: birincisi, İsanın dürüstlüyündən. O, heç vaxt asan yolla getməyi təklif etməyib. O, insanlara açıq deyirdi ki, Onun ardınca getmək üçün ödənilməli olan yüksək dəyər var. İkincisi, İsa heç vaxt davamçılarını bəxşiş qarşılığında qazanmağa çalışmadı. İsa onlara çağırış etdi. O, sanki deyirdi: «Siz mütləq mükafatınızı alacaqsınız, amma əvvəlcə özünüzü kifayət qədər cəsarətli və risk etməyə hazır olduğunuzu göstərməlisiniz». Bundan əlavə, İsa gələcək dünya haqqında başqa fikir də söyləyir. O, heç vaxt söz verməmişdi ki, hətta bu dördölçülü dünyada, belə demək mümkünsə, haqq-hesab çəkiləcək. İsa insanları bu dünyada mükafatdan ötrü mübarizə aparmağa çağırmadı. O, insanları əbədiyyətdə xeyir-dua qazanmağa çağırdı. Allah mükafatını təkcə bu dünyada vermir.

3. Sonra İsa qısa xəbərdarlıq etdi — «Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq». Əslində, bu xəbərdarlıq Peterə ünvanlanmışdı. Ola bilsin, Peter həmin vaxt fikrində öz əhəmiyyətini, mükafatını düşünür və onları kifayət qədər yüksək qiymətləndirirdi. İsa ona dedi: «Sonda hər şeyi Allah qiymətləndirəcək. Bir çox insanlar adamların gözündə yaxşı görünürlər, lakin Allahın hökmü insan fikirlərini alt-üst edə bilər. Üstəlik, bir çoxları elə düşünə bilər ki, onların yaxşı şansı var. Amma sonda görəcəklər ki, Allah onları tamam başqa cür qiymətləndirir». Bu, qürura qarşı xəbərdarlıqdır. Bu, insanın mühakiməsinin yalnız onun qəlbinin bütün niyyətlərini bilən Allaha aid olduğuna dair xəbərdarlıqdır. Bu, səmavi hökmün yer üzündəki izzəti alt-üst edə biləcəyi barədə xəbərdarlıqdır.

32-34

SONUN YAXINLAŞMASI (Mark 10:32-34)

Budur, bəsit sözlərlə vurğulanan parlaq bir mənzərə. İsa şagirdləri ilə birlikdə Yerusəlimə — son hadisələrin baş verəcəyi məkana girdi. İsa Öz yolunu seçdi. O, qətiyyətlə və tərəddüd etmədən Yerusəlimə, Çarmıxa çəkilmək üçün getdi. Mark bütün mərhələləri aydın şəkildə göstərir: İsa şimala doğru — Filip Qeysəriyyəsinə getdi, sonra cənuba üz tutdu və Qalileyada qısa müddət qaldı. O, həmçinin Yəhudeyaya da getdi və bir müddət İordan çayının o tayında qaldı. Budur, Yerusəlimə gedən yolda son səhnə. Bu səhnədən biz İsa haqqında bəzi məqamları öyrənirik.

1. Bu səhnə bizə Onun tək olduğunu göstərir. Şagirdlər arxada, İsa isə qabaqda təkbaşına gedirdi. Şagirdlər gözlənilən faciənin qaçılmaz olduğunu əvvəlcədən hiss edib o qədər sarsılmışdılar ki, Ona yaxınlaşmağa qorxurdular. Müəyyən qərarları insan özü verməlidir. Əgər İsa on iki şagirddən cavab istəsəydi, onların edə biləcəyi yeganə şey — Onu yolundan saxlamaq olacaqdı. Bəzi problemləri insan özü təkbaşına həll etməlidir. Metyu Arnold «Tənhalıq» şeirində deyir:

Bu həqiqətdir — onu yoxlayın və öyrənin:

Sən tək idin, tək də olacaqsan.

Bəzən heç kimlə məsləhətləşmədən özün qərar verməlisən. Bəzən də özünü dəhşətli dərədəcə tənha hiss edərkən səyahətə çıxmalısan. Amma belə anlarda da insan tək deyil, çünki Allah ona heç vaxt olmadığı qədər yaxındır.

Vityer bunu belə görür:

İrəlidə — heç nə, arxada da heç nə,

Boşluğa addım atan yalnız imandır.

Sonda əlbət bir qaya tapır.

Biz burada İsa üçün vacib tənhalığı — Allahın Ona təsəlli üçün verdiyi zəruri tənhalığı görürük.

2. Bu səhnə bizə İsanın cəsarətindən danışır. İsa Onu gözləyən aqibəti barədə üç dəfə xəbərdarlıq etdi. Markın təsvir etdiyi kimi, hər dəfə bu xəbərdarlıqlar daha qorxunc olur və onlara dəhşətli detallar əlavə edilirdi.

Əvvəlcə (Mark 8:31), öncədən edilən sadə bir xəbərdarlıq; ikinci dəfə (Mark 9:31) — xəyanət barədə xəbərdarlıq. İndi isə, üçüncü dəfə — İsa deyir ki, Onu ələ salacaq, Ona tüpürəcək və qamçılayıb öldürəcəklər. İsa Məsih xilasın qiymətini daha yaxşı başa düşdükcə, Onun təsəvvüründə mənzərə getdikcə aydınlaşırdı. İki cür cəsarət mövcuddur.

Cəsarət var ki, bir növ instinktiv reaksiya, refleks kimi olur, məsələn, günün günortaçağı insan qəflətən təhlükəyə düşəndə, fikirləşməyə vaxt tapmadan cəsarətlə reaksiya verir. Bir çox insanlar bir göz qırpımında qəhrəman olurlar. Amma elə cəsarət də var ki, insan qorxulu anın yaxınlaşmasını uzaqdan görür, geriyə dönməyə, təhlükədən qaçmağa vaxtı olur, amma buna baxmayaraq, irəli gedir.

Təbii ki, belə cəsarət daha əhəmiyyətlidir — yaxınlaşan təhlükəni şüurlu, düşünülmüş şəkildə gözləmək. İsa Məsih məhz belə cəsarət nümayiş etdirdi. Əgər Onun haqqında deməyə başqa söz tapılmasa belə, O, bütün dövrlərin ən böyük qəhrəmanlarından biridir.

3. Bu səhnə İsanın təsiredici gücünü göstərir. Bu ana qədər şagirdlər bundan sonra nə baş verəcəyini bilmirdilər. Onlar İsanın Məsih olduğuna əmin idilər, həm də Onun ölməyə hazırlaşdığını bilirdilər. Lakin onların təsəvvüründə bu iki məqam bir-birinə uyğun gəlmirdi. Şagirdlər tamamilə çaşqınlıq içində idilər, amma yenə də Onun ardınca gedirdilər. Onlar yalnız bir şeyi başa düşürdülər ki, İsanı sevirlər. Onlar istəsələr də, istəməsələr də, Ondan ayrıla bilməzdilər. Onlar həyatın və imanın əsl mahiyyətini öyrəndilər: onlar İsanı o qədər sevirdilər ki, Onu başa düşə bilməsələr belə, qəbul etməyə hazırdırlar.

35-40

ŞÖHRƏTPƏRƏST YANAŞMA (Mark 10:35-40)

Bu, çox maraqlı hissədir.

1. Buradan biz Mark haqqında nəsə öyrənirik. Müjdəçi Matta da eyni epizodu təsvir edir (Matta 20:20-23), lakin onun təqdimatında İsanın Padşahlığının sağında və solunda oturmağı xahiş edən Yaqub və Yəhya deyil, onların anası Şalomitdir.

Bu epizod bizə Markın səmimiyyətini və dürüstlüyünü göstərir. Deyilənə görə, bir dəfə saray rəssamı Oliver Kromvelin34 portretini çəkir. Kromvelin üzü ziyillərlə dolu idi, rəssam onu razı salmaq üçün bunu portretdə çəkmir. Portreti görən Kromvel deyir: «Apar onu! Məni üzümdəki ziyillərlə birlikdə çək, vəssalam». Markın məqsədi bizə şagirdləri, ziyilləri və hər şeyi göstərmək idi. Mark haqlı idi, çünki on iki şagird müqəddəs deyildi, onlar adi insanlar idi. İsa məhz bizim kimi insanlarla dünyanı dəyişməyə başladı. O, bunu bacardı.

2. Buradan biz Yaqub və Yəhya haqqında nəsə öyrənirik.

a) Biz onların şöhrətpərəst olduğunu öyrənirik. İsanın tam qələbəsindən sonra onlar Onun baş nazirləri olmaq istəyirdilər. Ola bilsin ki, İsanın onları dəfələrlə müzakirə üçün seçməsi, Onun seçdiyi üç nəfərdən ikisi olması onların şöhrətpərəstliyinə səbəb olmuşdu. Bəlkə də onlar başqalarından daha varlı həyat yaşayıblar. Onların ataları muzdlu işçilər tutmuşdur (Mark 1:20). Bəlkə də onlara elə gəlirdi ki, yüksək ictimai mövqeləri onları birinci yerə layiq edir. Hər halda, onlar özlərini yer üzündəki padşahlıqda birinci yeri tutmağa iddialı olan insanlar kimi göstərirdilər.

b) Biz görürük ki, onlar İsanı səhv başa düşmüşdülər. Təəccüblü olan onların buna iddia etməsi deyildir, belə bir anda iddia etmələri idi. Maraqlıdır ki, onların bu xahişi İsanın ölümünü ən dəqiq şəkildə söylədiyi vaxta təsadüf edir. Bu onu göstərir ki, onlar İsanın dediklərini tamamilə başa düşməmişdilər. Onları Məsihin yer üzündə qüdrət və izzəti sahibi olması ideyasından azad etməkdə sözlər aciz idi. Bunu yalnız Çarmıx edə bilərdi.

c) Bununla belə, hər şey Yaqub və Yəhyanın əleyhinə olsa da, onların çaşdığını göstərsə də, bu epizod onların İsaya nə qədər inandığından xəbər verir. Təəccüblüdür ki, onların şüurunda şöhrət hələ də Qalileyalı dülgərlə əlaqələndirilirdi — ortodoksal yəhudi rəhbərlərinin düşmənçiliyinə və amansız müqavimətinə məruz qalmış, indi isə Çarmıxa çəkilmək təhlükəsi ilə üzləşmiş Qalileyalı dülgərlə. Bu onların heyrətamiz etibarını və sədaqətini göstərir. Yaqub və Yəhya səhv etmiş ola bilərdilər, lakin onların sadiq ürəkləri var idi. Onlar İsanın sonda qələbə çalacağına heç vaxt şübhə etmədilər.

3. Buradan biz İsanın nə qədər böyük olduğunu öyrənirik. Azərbaycan dilindəki Müqəddəs Kitab İsanın ifadəsinin hərfi mənasında dəqiq tərcüməsini verir — «Mənim içdiyim kasadan siz də içə bilərsinizmi? Mənim vəftiz olduğum kimi siz də vəftiz ola bilərsinizmi?» İsa burada iki yəhudi metaforasından istifadə etdi.

Yəhudi adətinə görə, padşah ziyafətdə qonaqlarına kasada şərab verirdi. Buna görə də kasa Allahın insanlara göndərdiyi sevinc və iztirabların metaforasına çevrilmişdi. Məzmurçu xoşbəxt həyatdan və Allahın ona göndərdiyi xoşbəxt anlardan danışarkən, «Ağzınadək camımı doldurursan» deyirdi (Zəbur 23:5). O, həmçinin pislərin aqibətindən danışanda «Rəbb əlində bir cam tutub» deyirdi (Zəbur 75:9). Yeşaya peyğəmbər İsrailin başına gələn bəlalar və müsibətlər haqqında düşünəndə yazırdı ki, Yerusəlim «Rəbbin əlindən qəzəb kasasını alıb» içdi (Yeşaya 51:17). Kasa — Allahın insanlara göndərdiklərinin rəmzidir.

İsanın işlətdiyi başqa bir ifadə, sözün əsl mənasında, adamı azdırır. İsa vəftizindən danışır. Yunan dilində baptideyn feli batırmaq mənasını verir. Ondan alınan keçmiş zaman şəkilçisi (baptismenos) batırılmış deməkdir. Adətən, iztirablara qərq olmuş mənasını verir. Məsələn, sərxoş adam haqqında deyirlər ki, o, sərxoşluğa qərq olub; bədxərc haqqında deyirlər ki, o, borca batıb; əzab çəkən adam haqqında deyirlər ki, o, qəmə batıb. Müəllimin qarşısında oturub imtahan verən oğlan haqqında deyirlər ki, o, dərin fikrə qərq olub. Həmin söz, adətən, qəzaya uğrayan və dalğalarda itib-batan gəmiyə də aid edilirdi. Bu metafora məzmurçunun işlətdiyi metaforaya çox yaxındır. Zəbur 42:7-də biz oxuyuruq: «Sənin ləpələrin, dalğaların başımdan aşdı». Zəbur 124:4-də isə yazılıb: «Sular bizi yuyub-aparardı, sellər üstümüzü basardı».

İsanın burada işlətdiyi ifadənin vəftizlə heç bir əlaqəsi yoxdur. İsa əslində deyir: «Mənim yaşadığım iztirabları siz də yaşaya bilərsinizmi? Siz də Mənim qərq olduğum nifrət, ağrı və ölümə qərq ola bilərsinizmi?» İsa həmin iki şagirdə deyir ki, Çarmıx olmadan çələng olmaz. Səmavi Padşahlıqda böyüklüyün ölçü vahidi Çarmıxdır (Çarmıxa çəkilmədir). Düzdür, gələcəkdə onlar Müəllimlərinin yaşadıqlarını yaşayacaqlar, Yaqubun başını Hirod Aqrippa kəsəcək (Həvarilərin İşləri 12:2), Yəhya şəhid kimi ölməsə də, Məsih üçün çox əziyyət çəkəcək. Kor-koranə olsa da, onlar Müəllimlərinin çağırışını qəbul etdilər.

4. İsa Yaqub və Yəhyaya dedi ki, hər şeydə son qərar Allaha məxsusdur. Hər kəsin taleyini həll etmək Allahın ixtiyarındadır. İsa heç vaxt Özünü Allahın yerinə qoymadı. Onun bütün həyatı Allahın iradəsinə itaətdən ibarət idi. O, bunun nə qədər vacib olduğunu bilirdi.

41-45

XİLASIN DƏYƏRİ (Mark 10:41-45)

Yaqub və Yəhyanın hərəkəti digər şagirdlərdə dərin qəzəb doğurdu. Onlara elə gəldi ki, Yaqub və Yəhya başqalarından üstün olmağa və vicdansızlıqla imtiyaz qazanmağa çalışırlar. Yenə də kimin böyük olması ilə bağlı mübahisə başladı. Vəziyyət ciddi idi. İsa dərhal müdaxilə etməsəydi, həvarilər arasında yaranmış dostluq tamamilə pozulardı. O, şagirdləri yanına çağırıb onlara Səmavi Padşahlıqla yerdəki padşahlıq arasında olan fərqi izah etdi. Yerdəki padşahlıqlarda böyüklük güc və səlahiyyətlə ölçülür. Bu böyüklüyü müəyyən edən amil bir adamın neçə nəfəri idarə etməsi ilə bağlı idi. Həmin adamın arxasında nə qədər hazır nökər ordusu var idi? O, iradəsini nə qədər insana aşılaya bilərdi? Qısa müddətdən sonra Roma imperatoru Qalba padşahın əzəməti barədə bütpərəstlərin fikrini ifadə edərək bildirdi ki, o, indi imperatordur və hər kəslə istədiyini edə bilər. İsanın Padşahlığında böyüklüyün meyarı xidmət idi. Böyüklük başqalarını özünə xidmət etdirməkdə deyil, başqalarına xidmət etməkdədir. İnsan «Mən burada nə fayda əldə edə bilərəm?» yox, «Mən nə yaxşılıq edə bilərəm?» deyə düşünməlidir. İnsanlar buna ideal münasibət kimi baxırlar, halbuki bu, ən ağlabatan münasibətdir. Bu, iş həyatının birinci qaydasıdır. Brüs Barton35 qeyd edir ki, bir avtomobil şirkəti öz işçilərini rəqiblərindən daha çox avtomobilin altına salmaqla onların çirklənmədən qorxmadıqlarını nümayiş etdirir, bununla da müştərilərini heyran etməyə çalışır. Başqa sözlə, onlar daha çox xidmət göstərməyə hazır olduqlarını nümayiş etdirirlər.

Digər tərəfdən, sadə işçi saat beşdə evə gedib dincələ bilər, şirkət rəhbərinin pəncərələrində isə gecə yarısına qədər işıq yanar. Əlavə xidmət göstərməyə hazır olmaq insanı şirkət rəhbəri edər. İnsan münasibətlərinin mərkəzində mümkün qədər az iş görüb, mümkün qədər çox almaq prinsipi dayanır. Ancaq insanlar həyatdan götürdüklərindən daha çoxunu verməyə hazır olanda, onların da, başqalarının da həyatı daha xoşbəxt və firavan olacaq. Kiplinqin «Məryəm oğlu» şeirində insanların işlərində rəhbər tutmalı olduğu prinsiplər göstərilir:

Maaşının nə olacağını,

Necə geyinib doyacağını düşünsən,

Villi, oğlum, dənizə getmə,

Çünki onun sənə heç vaxt ehtiyacı olmayacaq.

Sənə verilən hər əmrin mənasını soruşsan,

Onu başqaları ilə müzakirə etsən,

Villi, oğlum, yer üzünə enmə,

Çünki ora sənsiz daha yaxşı olar.

Əgər gördüyün işlə kifayətlənsən,

Əməyinlə öyünsən,

Villi, oğlum, mələklər ardınca gələ bilər,

Onda bir daha yer üzündə heç vaxt lazım olmayacaqsan!

Dünyanın xidmətə ideal kimi yanaşan insanlara ehtiyacı var. Başqa sözlə, dünyanın İsanın sözlərini anlayan insanlara ehtiyacı var. Sözlərini təsdiqləmək üçün İsa Özündən misal çəkdi. O, malik olduğu qüdrət və səlahiyyətlə həyatını istədiyi kimi qura bilərdi, lakin Özünü və bütün gücünü başqalarına xidmət etmək üçün həsr etdi. İsanın sözlərinə görə, O gəlmədi ki, Ona xidmət etsinlər. Gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin. Bu, Müjdənin ən böyük ifadələrindən biridir. Lakin təəssüf ki, onu yanlış təfsir etmiş və qeyri-düzgün istifadə etmişdilər. İnsanlar Məsihin məhəbbətlə satınalma nəzəriyyəsini əsaslandırmağa çalışırdılar.

Çox keçmədən insanlar özlərinə sual verməyə başladılar: «Məsih canını kimin uğrunda fidyə verdi?» Origen isə belə sual vermişdi: «O, çoxlarını satın almaq üçün Öz canını kimə fidyə verdi? Bəlkə iblisə? Çünki fidyə — İsanın həyatı ödənilməyənə qədər iblis bizi əlində möhkəm tutmuşdu. Çünki o, canımıza sahib olacağı düşüncəsinə aldanmışdı və bizi əlində saxlayacağına görə nə qədər əzab çəkəcəyini təsəvvür etmirdi». Bu, çox qəribə bir nəzəriyyə idi. Guya İsanın həyatı şeytana fidyə kimi ödənilib ki, şeytan insanları köləlikdən azad etsin. Lakin sonra guya şeytan başa düşdü ki, belə bir fidyə tələb etməsi ona baha başa gələ bilər. Nissalı Qriqori36 bu nəzəriyyənin zəif tərəfini, yəni şeytanın Allahla bərabər tutulmasını, Onunla bərabərhüquqlu sövdələşməyə girməsinə imkan verildiyini gördü. Nissalı Qriqori Tanrının qurduğu hiylə haqqında nəzəriyyəni inkişaf etdirdi. Guya İsanın bədən şəklində zahir olması iblisi aldatmışdı. O, İsanı sadə bir insan hesab etdiyi üçün Onu özünə tabe etdirməyə çalışmış, bununla da gücünü itirmişdi. Yenə də bu qəribə fikir — guya Tanrı hiylə vasitəsilə şeytana qalib gəlməli idi. Lakin iki əsr keçməmiş Böyük Qriqori yenidən bu fikrə qayıtdı; o, fantastik bir metafora işlətdi: İsa Məsihin bədəndə zahir olması livyatanı37 tutmaq üçün qurulmuş böyük bir hiylə idi. Guya Məsihin ilahiliyi qarmaq, bədəni isə tələ yemi idi. Yemi iblisə atanda guya onu udub, ancaq qarmaqla birlikdə udduğundan əbədi məğlub olub.

Nəhayət, bu fikrin ən gülünc və iyrənc formasını XII əsrin sxolastik filosofu və ilahiyyatçısı Lombardlı Peter38 irəli sürmüşdür. O deyirdi: «Çarmıxa çəkilmə şeytanın tutulması üçün bir siçan tələsi, onun yemi isə Məsihin qanı idi». Bütün bunlar insanlar qiymətli və gözəl obrazdan soyuq dini təlim qurduqda nə baş verdiyini göstərir.

Məsələn, «Kədər sevginin qiymətidir» deyəndə, sevginin həmişə kədərlə müşayiət olunduğunu nəzərdə tuturuq. Lakin bu qiymətin kimə ödənildiyinin izahını verməyə belə cəhd etmirik. Məsələn, azadlığı ancaq qan, zəhmət, göz yaşı, tər bahasına almaq olar deyərək, amma bu dəyərin kimə ödənildiyini heç vaxt öyrənməyə çalışmırıq. İsanın bu kəlamı faktı ifadə etməyin sadə və məcazi üsulu idi. O fakt ki, insanları günahdan Allaha tərəf döndərmək üçün O Öz həyatını qurban verməlidir. Bu o deməkdir ki, bizim xilasımızın qiyməti Məsihin Çarmıxa çəkilməsidir. Biz bundan uzağa gedə bilmərik, buna ehtiyac da yoxdur. Biz yalnız onu bilirik ki, Çarmıx vasitəsilə bizim üçün Allaha yol açıldı.

46-52

YOL KƏNARINDAKİ MÖCÜZƏ (Mark 10:46-52)

İsanın yolunun sonu yaxınlaşırdı. Yerixo Yerusəlimdən cəmi 25 km məsafədə yerləşirdi. Gəlin bu mənzərəni təsəvvür etməyə çalışaq. Əsas yol düz Yerixodan keçirdi. İsa Pasxa bayramına gedirdi. Görkəmli bir ravvin və ya müəllimi belə səfərdə, adətən, onun mülahizələrini dinləyən xalq və şagirdləri müşayiət edirdi. Beləcə onlar həm öyrənir, həm də öyrədirdilər. Yəhudi qanunlarına görə, Yerusəlimdən 25 km-dən çox məsafədə yaşayan on iki yaşından yuxarı hər bir yəhudi kişi Pasxa bayramında Yerusəlimə gəlməli idi. Təbii ki, bu qanunun əhatə dairəsinə düşən hər kəs onu yerinə yetirə bilmirdi. Yerusəlimə gələ bilməyənlər Pasxa bayramında zəvvarların keçdiyi şəhər və kəndlərin küçələrində düzülüb, onlara «xoş səyahət» arzulayırdılar. Buna görə həmin vaxt Yerixonun küçələrində həmişəkindən daha çox adam dayanmışdı. Çünki bir çoxları ortodoksalların gücü ilə mübarizəyə girən cəsarətli Qalileyalıya baxmağa can atırdılar. Yerixonun bir özəlliyi var idi. Yerusəlim Məbədində xidmət üçün iyirmi min kahin və bir o qədər də levili təyin edilmişdi. Onların hamısı eyni vaxtda xidmət edə bilməzdi. Buna görə də Məbəddə növbə ilə xidmət edən iyirmi altı növbəyə bölünmüşdülər. Növbəsi çatmayan kahinlərin və levililərin çoxu Yerixoda yaşayırdı. Həmin gün izdihamın içində, yəqin ki, çox sayda kahin və levili də var idi. Pasxa bayramında onlar yalnız xüsusi hallarda Məbəddə xidmət edirdilər. Amma ola bilsin, çoxları hələ xidmətə qoşulmamışdılar. Şübhəsiz, onların hamısı Yerusəlimə gəlmək niyyətində olan üsyankarı görməyə can atırdılar. Yəqin ki, həmin gün camaat arasında çoxlu soyuq və kinli baxışlar var idi. Çünki onlar başa düşürdülər ki, İsa haqlı olduğu təqdirdə Məbəddə onların xidmətinə ehtiyac olmayacaq.

Yerixonun şimal darvazasında Bartimay adlı bir dilənçi oturmuşdu. Ayaq səslərini eşidib nə baş verdiyini, yoldan kimlərin keçdiyini soruşdu. İsanın yoldan keçdiyini eşidəndə, Onun diqqətini cəlb etmək üçün möhkəm qışqırdı. Bu fəryad, təbii ki, İsanın təlimlərinə qulaq asanları narahat etdi. Onlar Bartimayı sakitləşdirməyə çalışdılar. Lakin o, korluqdan şəfa tapmaq üçün belə gözəl fürsəti əldən vermək istəmirdi, o qədər ucadan təkidlə qışqırdı ki, izdiham ayaq saxladı. Onu İsanın yanında gətirdilər.

Bu, çox ibrətamiz hekayədir. Çünki burada möcüzənin baş verməsi üçün şərtlər adlandıra biləcəyimiz çox şey görə bilərik.

1. Bartimayın yenilməz təkidi. İsa ilə üz-üzə görüşmək üçün onu heç nə dayandıra bilməzdi. O, nə olur olsun problemlərini bölüşəcəyi şəxslə görüşmək istəyirdi. Bartimayın İsanı görmək istəyi dumanlı, sönük, sentimental bir istək deyildi, var-gücü ilə içdən gələn bir istək idi. Məhz belə istək möcüzə yaradır.

2. O, İsanın çağırışına dərhal cavab verdi. Belə ki, İsaya daha tez çatmaq üçün üst paltarını da atdı. Çoxları İsanın çağırışını eşidir, amma belə cavab verirlər: «İşlərimi bitirənə qədər gözlə». Bartimay isə İsa onu çağıran kimi həmin anda gəldi. Bəzi fürsətlər yalnız bir dəfə olur. Bartimay instinktiv olaraq bunu hiss etdi. Bəzən içimizdə hansısa vərdişdən əl çəkmək, həyatımızı pislikdən və ədalətsizlikdən təmizləmək, özümüzü İsaya daha çox həsr etmək istəyi hiss edirik. Ancaq çox vaxt biz fürsəti qaçırırıq, bəlkə də, o, heç vaxt geri qayıtmayacaq.

3. Onun bir arzusu var idi — görmək. Çox vaxt İsaya olan heyranlığımız yalnız qeyri-müəyyən bir həvəsdən ibarət olur. Adətən, həkimə müəyyən bir problemlə müraciət edirik. Diş həkiminə diş ağrısına görə deyil, xəstə dişə görə müraciət edirik. Eynilə biz də İsaya konkret problemlərlə yaxınlaşmalıyıq. Bu isə özünü analiz etməklə əlaqədardır. Əksər insanlar bundan qaçmağa çalışırlar. Əgər biz də Bartimay kimi təcili və konkret problemlərlə İsaya müraciət etsək, arzumuz gerçəkləşəcək.

4. Bartimay İsa haqqında tamamilə yanlış təsəvvürə malik idi: o, İsanı Davudun Oğlu çağırdı. Bu, Məsihin titulu olsa da, özündə İsraili milli əzəmətə aparacaq, Davud qəbiləsindən olan qalib padşahın, Məsihin ideyasını ehtiva edirdi. Həmin vəziyyətdə İsa haqqında belə fikir tamamilə yersiz idi. Ancaq Bartimay inanırdı. Onun imanı ilahi təsəvvüründən dəfələrlə böyük idi. Biz heç vaxt İsa haqqında tam anlayışa malik ola bilmərik. Bundan söhbət belə gedə bilməz. Amma iman mütləqdir. Bir dəfə müdrik yazıçı demişdi: «İnsanlardan düşünməyi tələb etmək lazımdır. Onların məsihçi olmamışdan əvvəl ilahiyyatçı olmalarını gözləmək olmaz». İman yolu Məsihi məhəbbətlə qəbul etməkdən, bizə lazım olanı yalnız Onun verə biləcəyi hissini dərk etməkdən başlayır. Hətta hər şeyi ilahi cəhətdən qəbul edə bilməsək də, insan qəlbinin çağırışa cavab verməsi kifayətdir.

5. Sonda çox vacib bir məqam var. Baxmayaraq ki, Bartimay əsas yolda dilənçilik edirdi, onda minnətdarlıq hissi yüksək səviyyədə inkişaf etmişdi. Gözləri açılandan sonra o, İsanın ardınca getdi. Onun problemi həll olunanda, o, eqoistcəsinə öz yolu ilə getmədi. O, ehtiyacdan başladı, minnətdarlığa keçdi və sonda sədaqətlə bitirdi. Əsl şagirdliyin addımları da elə bunlardır.

Azərbaycan dilində Müqəddəs Kitab

Boşanma haqqında
(Matta 19:1-12)
1 İsa oradan ayrılıb Yəhudeya bölgəsinə və İordan çayının o biri tayına getdi. Yenə çoxlu adam Onun başına yığıldı və O, adətinə görə yenidən təlim öyrətməyə başladı.
2 Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «Kişinin öz arvadını boşamağa icazəsi varmı?» 3 İsa onlara cavab verdi: «Musa sizə nə əmr etdi?» 4 Onlar dedi: «Musa kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə verdi». 5 İsa da onlara belə dedi: «O bu əmri ürəyiniz inadkar olduğuna görə yazdı. 6 Allah yaradılışın başlanğıcından “onları kişi və qadın olaraq yaratdı”. 7 “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq 8 və ikisi bir bədən olacaq”. Artıq onlar iki deyil, bir bədəndir. 9 Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».
10 Onlar evdə olarkən şagirdlər İsaya bu barədə yenə sual verdilər. 11 İsa onlara belə cavab verdi: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir. 12 Ərindən boşanıb başqasına gedən qadın da zina edir».
İsa uşaqlara xeyir-dua verir
(Matta 19:13-15; Luka 18:15-17)
13 Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Şagirdlərsə onlara qadağan etdilər. 14 Bunu görən İsa acıqlanaraq onlara dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur. 15 Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz». 16 Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi.
Var-dövlət və Allahın Padşahlığı
(Matta 19:16-30; Luka 18:18-30)
17 İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» 18 İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. 19 Onun əmrlərini bilirsən: “Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Kimisə aldatma. Ata-anana hörmət et”». 20 Bu adamsa İsaya dedi: «Müəllim, bunların hamısına gəncliyimdən bəri riayət edirəm». 21 İsa ona məhəbbətlə baxaraq dedi: «Sənin bir şeyin çatışmır: get nəyin varsa, satıb yoxsullara payla. Onda göydə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl». 22 Bunu eşidən adam pərt oldu. Kədərlənib getdi, çünki var-dövləti çox idi.
23 İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!» 24 Onun sözlərindən şagirdləri heyrət bürüdü. Amma İsa yenə onlara cavab verib dedi: «Övladlarım, Allahın Padşahlığına daxil olmaq nə qədər çətindir! 25 Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». 26 Onlar daha da təəccüblənərək bir-birlərinə dedilər: «Elə isə, kim xilas ola bilər?» 27 İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür».
28 Peter Ona belə deməyə başladı: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik». 29 İsa cavab verdi: «Sizə doğrusunu deyirəm: Mənimlə Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki, 30 indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın. 31 Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq».
İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir
(Matta 20:17-19; Luka 18:31-34)
32 Onlar yola çıxıb Yerusəlimə gedirdilər. İsa onların qabağında gedirdi. Şagirdləri isə heyrət bürümüşdü, Onun ardınca gələnlər qorxu içində idi. İsa On İki şagirdi yenə bir tərəfə çəkib başına gələcək hadisələr barədə danışmağa başladı: 33 «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edib başqa millətlərə təslim edəcəklər. 34 Onlar Bəşər Oğlunu ələ salacaq, Ona tüpürəcək və qamçılayıb öldürəcəklər. O, üç gündən sonra diriləcək».
Kim üstündür?
(Matta 20:20-28)
35 Zavdayın oğulları Yaqub və Yəhya Ona yaxınlaşıb dedilər: «Müəllim, istəyirik ki, dilədiyimizi bizim üçün edəsən». 36 İsa onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?» 37 Onlar İsaya dedilər: «Sən izzətlənəndə qoy birimiz sağında, o birimiz solunda otursun». 38 Amma İsa onlara dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içdiyim kasadan siz də içə bilərsinizmi? Mənim vəftiz olduğum kimi siz də vəftiz ola bilərsinizmi?» 39 Onlar dedilər: «Bilərik». İsa onlara dedi: «Mənim içdiyim kasadan siz də içəcəksiniz, Mənim vəftiz olduğum kimi siz də vəftiz olacaqsınız. 40 Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Ora kimlər üçün hazırlanıbsa, onlara veriləcək».
41 Bunu eşidən on şagirdin Yaqubla Yəhyaya acığı tutmağa başladı. 42 Onda İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbəri sayılanlar onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. 43 Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. 44 Aranızda birinci olmaq istəyən hamının qulu olsun. 45 Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
Kor Bartimayın gözləri açılır
(Matta 20:29-34; Luka 18:35-43)
46 Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu. 47 Nazaretli İsanın orada olduğunu eşitdikdə «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» deyə bağırmağa başladı. 48 Çox adamsa ona qadağan edib susdurmaq istədisə də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı. 49 İsa dayanıb dedi: «Onu çağırın». Onlar bu kor adamı çağıraraq dedilər: «Cəsarətli ol, qalx, O səni çağırır». 50 O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi. 51 İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni, gözlərim açılsın». 52 İsa ona dedi: «Get, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.