1-6
Beləliklə, son mərhələyə gəlib çatdıq. İsa Məsih Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı, daha sonra Qalileyaya getdi, Yəhudeyaya və İordan çayının o tayındakı bölgələrə baş çəkdi, sonda Yerixodan keçib üzünü Yerusəlimə tutdu. Burada bəzi məqamları qeyd etmək lazımdır, əks halda, bütün epizodu başa düşmək çətin olacaq. İlk üç Müjdəni oxuyanda elə təəssürat yaranır ki, sanki İsa Məsih Yerusəlimə ilk dəfədir gəlir. Müəlliflər İsanın Qalileyada gördüyü işlərə daha böyük diqqət yetirirlər. Unutmayaq ki, Müjdələr həcminə görə üç illik xidmət hekayəsini özündə cəmləyən kiçik əsərlərdir. Müəlliflər onları xüsusi maraqlandıran və onlara yaxşı məlum olan epizodları diqqətlə seçməyə məcbur olublar. Dördüncü Müjdəni oxuyanda isə biz İsanın tez-tez Yerusəlimə getdiyini görürük (Yəhya 2:13; 5:1; 7:10). İsa Məsih, adətən, böyük bayramlarda Yerusəlimə gedirdi. Burada heç bir ziddiyyət yoxdur. İlk üç Müjdənin müəlliflərini ən çox İsanın Qalileyadakı, dördüncünün isə Yəhudeyadakı təbliği maraqlandırırdı. Üstəlik, ilk üç Müjdədə İsanın Yerusəlimə tez-tez səfər etdiyinə dair dolayı işarələr var: məsələn, Onun Bet-Anyada yaşayan Marta, Məryəm və Lazarla yaxın dostluğu (bu, İsanın onlara dəfələrlə baş çəkdiyini göstərir); Arimateyalı Yusiflə gizli dostluğu; İsa Məsihin Matta 23:37-dəki «Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, siz isə istəmədiniz!» ifadəsi və s. İsa Məsih Yerusəlim sakinlərinə dəfələrlə müraciət etməsəydi, onların soyuqqanlılığı ilə qarşılaşmasaydı, bu sözü deməzdi. Eşşək məsələsi də bununla izah olunur. İsa Məsih son ana qədər ümidini kəsmədi. O, nə ilə qarşılaşacağını bilirdi və artıq hər şeyi dostları ilə əvvəlcədən müzakirə etmişdi. O, şagirdlərini «bu sıpa Rəbbə lazımdır» deyə parol sözü ilə kəndə göndərmişdi. Xeyr, İsa Məsih bu qərarı ehtiyatsızlıqdan verməmişdi. Onun bütün həyatı bunun üzərində qurulmuşdu.
Bet-Faqe ilə Bet-Anya Yerusəlimin yaxınlığında yerləşən kəndlər idi. Ola bilsin ki, Bet-Faqe əncir evi, Bet-Anyaya isə xurma evi deməkdir. Çox güman, bu iki kənd bir-birinə yaxın idi. Çünki yəhudi qanunlarından bilirik ki, Bet-Faqe Yerusəlimdən Şənbə yolu qədər uzaqlıqda, yəni təxminən bir kilometr kənarda yerləşirdi. Bet-Anya isə Pasxa bayramı zamanı Yerusəlim izdihamlı olduğundan zəvvarların gecələdiyi tanınmış yerlərdən biri idi. İsrail peyğəmbərləri insanlara Allahın Sözünü çatdırmaq üçün maraqlı üsullardan istifadə edirdilər. Xalq onları dinləmək istəməyəndə, onlar sanki «Əgər qulaq asmaq istəmirsinizsə, onda etdiklərimə baxın» deyə əyani üsullardan istifadə edirdilər (xüsusilə 1Padşahlar 11:30-32-ə bax). Bu əyani üsulları biz dramatizə edilmiş xəbərdarlıq və ya vəz adlandırardıq. İsa Məsih də burada belə bir üsuldan istifadə edir. Onun sözləri, hərəkətləri və iddiaları Məsih olduğunu bəyan edir. Ancaq Onun etdiklərini diqqətlə və düzgün qeyd etmək lazımdır. Zəkəriyyə peyğəmbərin kitabında (Zəkəriyyə 9:9) belə bir bəyanat var: «Ey Sion qızı, böyük sevinclə coş, ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O ədalətli və xilaskardır. O itaətkardır və bir eşşəyə — eşşəyin balası olan sıpaya minib gəlir». Hər şey Padşahın dünyaya gəlişinə işarə edirdi. İsraildə eşşəyə elə də xor baxılmırdı, əksinə, o, nəcib heyvan sayılırdı. Padşah döyüşə atın üzərində gedərdi, dinc vaxtda isə eşşəyə minərdi.
Çestertonun eşşəyin adından deyilən bir şeiri var:
Balıqlar uçanda, meşələr gəzəndə,
Tikanlıqda əncir bitəndə,
Ay qan rənginə dönəndə,
Xoşagəlməz bağırtı ilə,
Mən dünyaya göz açdım.
Yersiz çıxan qanad kimi
Böyük başlı və qulaqlı,
Dördayaqlıların içində
Şeytanın parodiyası.
Üstü-başı tökülmüş.
Yer üzünün "izqoy"u,
Azğın iradəyə sahib
Səfillərin səfili.
Məni ac saxlayın, qamçılayın,
Lal olub deməyəcəm sirrimi.
Axmaqlar! Vaxtı ikən mənim də
Həm şiddətli, həm də şirin
Olub gözəl günlərim.
O günün qışqırıqları
Qulağımı batırır
Ayaqlarım altında
Xurma budaqları xışıldayır.
Bu, heyrətamiz bir şeirdir. Bugünkü gündə hamı eşşəyə xor baxır, amma İsa Məsihin dövründə o, şahanə heyvan sayılırdı. Bundan başqa, biz İsanın hansı padşah tituluna iddia etdiyinə diqqət yetirməliyik. O, dünyaya həlim və təvazökar şəkilində gəldi, sülhlə və sülh naminə gəldi. Xalq Onu Davudun Oğlu kimi qarşılasa da, əslində, heç nə başa düşmədi. Məhz həmin vaxt üçün Süleymanın Məzmurları adlanan yəhudi şeirləri yazılmışdı. Orada Davud Oğlunun surəti xalqının təsəvvür etdiyi və gözlədiyi kimi təsvir olunur. Onun təsviri belə idi:
Ya Rəbb, Sənə məqbul olan vaxtda, nəzər salıb,
Qulun İsrail üzərində padşahlıq edəcək Davud oğlunu qaldır.
Onu qüvvətləndir ki, ədalətsiz hökmdarları sarsıtsın,
Yerusəlimi məhv edən və onu tapdalayan xalqlardan təmizləsin.
Qoy O, müdriklik və ədalətlə günahkarları irsindən məhrum etsin,
Günahkarları dəmir əsa ilə qırsın,
Qürurunu saxsı qab kimi çilik-çilik etsin.
O, allahsız millətləri ağzından çıxan sözlə yox edəcək.
Onun sözlərindən millətlər qaçacaq,
O, günahkarları ürəklərinin niyyətinə görə məzəmmət edəcək...
Bütün millətlər Ondan qorxacaq,
Çünki O, ağzından çıxan sözlə yer üzünü əbədi olaraq məhv edəcək.
(Süleymanın məzmurları 17:21-25, 39)
İnsanların fikrində Məsih haqqında təsəvvürlər məhz bu cür canlanırdı. Onlar dünyanı sarsıdacaq və pisliyi məhv edəcək bir padşah gözləyirdilər. İsa bunu bilirdi, lakin O, eşşəyin üzərinə minərək, Özünü hamıya həlim və təvazökar Biri kimi zahir etdi.
Həmin gün eşşəyin belində Yerusəlimə daxil olan İsa dünyanın Padşahı olmağa iddia etdi. Onun hərəkətləri insanların ümid etdiyi və gözlədiyi hər şeyə zidd idi.
7-10
Gətirilən sıpanın üzərinə hələ heç kəs minməmişdi. Belə də olmalı idi, çünki başqa məqsədlərdən ötrü istifadə edilmiş heyvan müqəddəs mərasim üçün istifadə edilə bilməzdi. Qırmızı düyə ilə də belə oldu (Saylar 19:2; Qanunun Təkrarı 21:3). Bu mənzərə bizə insanların baş verənlərin mənasını səhv başa düşdüyünü göstərir. Qarşımızda uzun müddət Allahın Padşahlığını arzulayan və onu bütpərəstlər üzərində qələbə kimi başa düşən kütlə canlanır. Bütün bunlar Şimon Makkabinin İsrail düşmənlərinin məğlubiyyətindən yüz əlli il sonra Yerusəlimə daxil olmasını xatırladır. «Yüz yetmiş birinci ilin ikinci ayının iyirmi üçündə Yəhudilər alqışlarla, xurma budaqları ilə, liralarla, sinclərlə, çənglərlə, ilahilərlə və nəğmələrlə oraya daxil oldular. Çünki böyük bir düşmən darmadağın edilərək İsraildən kənara atılmışdı» (1Makkabilər 13:51). Onlar İsa Məsihi qalib kimi qarşılamaq istədilər, lakin Onun necə qələbə istədiyini başa düşmədilər. Camaatın İsaya səsləndirdiyi nidalar artıq onların düşüncə tərzindən xəbər verir.
Yehu padşah olaraq məsh ediləndə, camaat paltarını Yehunun ayağı altına sərdiyi kimi, indi də paltarlarını İsanın önündə yerə sərdilər (2Padşahlar 9:13). «Rəbbin ismi ilə gələnə alqış olsun!» Bu, Zəbur kitabı 118:26-dan olan sitatdır. Həmin nidalarla bağlı üç məqamı qeyd etmək lazımdır.
1. Zəvvarlar böyük bayramda iştirak etmək üçün Məbədə gəlib çatanda, adətən, bu cür salamlanırdılar.
2. «Rəbbin ismi ilə Gələn» — bu, Məsihin başqa bir titulu idi. Məsih haqqında danışarkən yəhudilər həmişə Gəlməli Olandan danışırdılar.
3. Amma bu sözlərin əsas mənası yalnız yuxarıda qeyd olunan Zəbur ayəsinin mənşəyinin tarixindən aydın olur. Eramızdan əvvəl 167-ci ildə Suriyada taxtı Antiox adlı bir padşah tutdu. O, ellinizmin missioneri olmağı, yəni hər yerdə yunan həyat tərzini, yunan mənəvi mədəniyyətini və yunan dinini tanıtmağı özünə borc hesab etdi, hətta bunun üçün güc tətbiq etmək lazım olsa belə. O, İsraildə də eyni şeyi etməyə çalışdı.
Antiox İsraili bir müddətlik fəth etmişdi. Həmin dövrdə evdə Qanunun surətinin saxlanılması və ya oğlan uşaqlarının sünnət edilməsi cinayət sayılırdı. Bu cür cinayətin nəticəsi ölümlə cəzalandırılırdı. Antiox Məbədin qapılarını murdarladı, Yehovaya ibadət edildiyi yeri Zevsin ibadətgahına çevirdi, böyük yandırma qurbangahında qurbanlar kəsməklə yəhudiləri açıq-aşkar təhqir etdi. Məbədin ətrafındakı binaları isə fahişəxanalara çevirdi. O, yəhudi inancını məhv etmək üçün əlindən gələn hər şeyi etdi.
Məhz həmin dövrdə eramızdan əvvəl 163-cü ildə Yəhuda Makkabi peyda oldu. O, bir sıra möhtəşəm qələbələrdən sonra Antioxu İsraildən rədd etdi. O, Məbədi təmizlədi və yenidən təqdis etdi. Bu hadisə bu günə qədər Yeniləşmə və ya Hanukka Bayramı kimi qeyd olunur. Böyük ehtimalla, Zəbur 118 böyük təqdis olunma (yenilənmə) gününü və Yəhuda Makkabinin qazandığı qələbəni qeyd etmək üçün yazılmışdır. Bu, qalibin məzmurudur.
Həmin epizod göstərir ki, İsa — Məsih olmaq hüququna dəfələrlə iddia edib və eyni zamanda insanlara Məsih haqqında yanlış təsəvvürə malik olduqlarını göstərməyə çalışıb. Amma insanlar bunu görmürdülər. Onların salamı məhəbbət Padşahına deyil, İsrailin düşmənlərini əzəcək qalib birinə yönəlmişdi.
9 və 10-cu ayədə hosanna sözü istifadə olunur. Bu söz həmişə səhv başa düşülür. Onu şükür mənasında işlədirlər, halbuki bu, yəhudilərin «xilas et» sözündən yaranan transliterasiyadır39. Bu sözə Şamuelin İkinci kitabı 14:4 və İkinci Padşahlar kitabı 6:26-da eyni mənada rast gəlinir. Burada insanlar padşahdan kömək və müdafiə istəyərək, həmin sözdən istifadə edirlər. Hosanna deyə qışqıran insanlar İsanı çoxlarının başa düşdüyü kimi alqışlamırdılar. Bu, Məsih gələndən sonra tarixin gedişinə müdaxilə etmək və Öz xalqını xilas etmək üçün Allaha yönələn yalvarış idi. Heç bir yerdə İsanın cəsarəti bu epizodda olduğu qədər aydın görünmür. Yaranan vəziyyətlə bağlı İsa Yerusəlimə gizlicə girib, Onu öldürmək niyyətində olan hakimiyyətdən gizlənə bilərdi. Amma İsa, əksinə, Yerusəlimə elə daxil oldu ki, hamının diqqəti Ona yönəldi. İnsanlara onların əsrlər boyu fikirlərinin yanlış olduğunu demək çox riskli idi. Bütöv bir xalqın arzusunu kökündən qoparmağa çalışan insan böyük təhlükəyə məruz qalır. Lakin İsa Məsih burada bilərəkdən məhz belə etdi. Biz İsanın son dəfə yəhudilərə məhəbbət və cəsarətlə xitab etdiyini görürük.
11
Bu sadə ayə İsa Məsihin iki xüsusiyyətini açıqlayır.
1. Biz görürük ki, İsa gördüyü işləri məqsədli şəkildə yekunlaşdırır. Son bir neçə gün ərzində O, məqsədyönlü hərəkət edirdi. Xeyr, O, naməlum təhlükəyə ehtiyatsızlıqla atılmadı. O, vəziyyəti düzgün qiymətləndirərək addım atdı. Ətrafına göz gəzdirib, komandir kimi həlledici döyüşə hazırlaşaraq, həm rəqibin, həm də Öz gücünü qiymətləndirdi.
2. Burada biz İsa Məsihin gücünü haradan aldığını görürük: O, sakitcə Bet-Anya kəndinə qayıdıb, insanlarla döyüşə girməzdən əvvəl Allahın üzünü axtardı. İsa Allahla hər gün vaxt keçirtdiyi üçün insanların üzünə cəsarətlə baxa bilirdi.
Bu hissədən biz on iki şagird haqqında bəzi şeylər öyrənirik: onlar Məsihin yanında idilər; onlar artıq başa düşürdülər ki, İsa şəksiz ölümə gedir, onların düşüncəsinə görə, ölüm axtarır. Bəzən biz Məsihin şagirdlərini son günlərdə Ona kifayət qədər sadiq olmadıqlarına görə tənqid edirik. Lakin onların həmin vaxtda İsanın yanında olmaları şagirdlərin xeyrinə danışır. Onlar baş verənləri yaxşı başa düşməsələr də, İsanın yanında idilər.
12-14
Əncir ağacı haqqında Markın nəql etdiyi hekayə iki hissəyə bölünsə də, biz ona bütövlükdə nəzər salacağıq. Hekayənin bir hissəsi bir günün səhərində, ikincisi isə növbəti günün səhərində baş vermişdi. Xronoloji olaraq, bu iki epizod arasında Məbədin təmizlənməsi baş verib. Lakin hekayənin mənasını tam başa düşmək üçün onu bütövlükdə nəzərdən keçirmək lazımdır.
Çox güman, bu hekayə Əhdi-Cədiddə ən çətin hekayələrdən biridir. Onun hərfi başa düşülməsi, demək olar ki, çətinlik yaradır. Hekayə anlayış üçün çətindir. Adamda elə təəssürat yaranır ki, sanki bu hekayənin İsa ilə heç bir əlaqəsi yoxdur. Bəs biz bu barədə nə deyə bilərik? Əgər bu əhvalatı, həqiqətən, baş vermiş bir hadisə kimi başa düşmək lazımdırsa, o zaman o, dramatik tənqid, peyğəmbərlik rəmzi və əyani xəbərdarlıq kimi qəbul edilməlidir. Belə olan halda, hekayədə iki şeyin pisləndiyini hesab etmək olar.
1. Yerinə yetirilməyən vədlər qınanır. Ağacda yarpaqların olmasını meyvənin vəd olunması sanmaq olar, lakin ağacda meyvə yox idi. İlk növbədə bu, bütün tarixi Allahın Seçilmişinin gəlişinə hazırlıqdan ibarət olan İsrail xalqının qınanmasıdır. Tarix boyu İsrail söz verib ki, Seçilmiş Şəxs gələndə, Onu sevə-sevə qəbul edəcək. Lakin O gələndə, verilən söz boşa çıxdı. Ədəbiyyatda həyatı üç hissədən ibarət olan insanlar haqqında çoxlu hekayələr var. Adam gənc olanda onun haqqında deyirlər: «O, çox istedadlıdır, mütləq böyük nailiyyətlər əldə edəcək». Böyüyəndə və heç bir iş görməyəndə onun haqqında deyirlər: «İstəsəydi, nəyəsə nail olardı». Qocalanda isə belə deyirlər: «İstəsəydi, həyatda çox şeyə nail olardı». Belə bir insanın bütün həyatı — heç vaxt yerinə yetirilməmiş bir vəd haqqında hekayədir. Əgər burada təqdim olunan hadisəni dramatik tənqid kimi nəzərə alsaq, onda o, yerinə yetirilməmiş vədlərin qınanması kimi qiymətləndirilməlidir.
2. Əməlsiz iman qınanır. Bütün bunları belə başa düşmək olar: ağac sanki budaqlarına görə bəhrəli olduğunu iddia edir. «İnsan bəhrəsindən tanınar» fikri bütün Əhdi-Cədid boyu açıq-aydın deyilir. «Onları bəhrələrindən tanıyacaqsınız» (Matta 7:16). «İndi isə tövbəyə layiq bəhrələr verin» (Luka 3:8). «Mənə «ya Rəbb, ya Rəbb» deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək» (Matta 7:21). Əgər iman yolu insanı daha yaxşı və faydalı, eləcə də evini xoşbəxt etməyibsə, onunla ünsiyyətdə olan insanları xoş və sadə insanlara çevirməyibsə, deməli, o, heç də imanlı deyil. İnsan «sevdiyi» Müəlliminə — İsa Məsihə bənzəmədən Onun davamçısı olduğunu iddia edə bilməz. Əgər hekayə hərfi mənada başa düşülsə və dramatizə edilmiş məsəl kimi şərh edilirsə, onun mənası belə olmalıdır. Ancaq bu dərsləri nə qədər münasib hesab etsək də, onları hekayədən çıxarmaq olduqca çətindir. Çünki əncirin yetişməsinə altı həftə qalmış əncir ağacından meyvə gözləmək tamamilə ağılsızlıq olardı.
Bəs onda nə deyək? Lukanın Müjdəsində bu hadisə, ümumiyyətlə, qeyd olunmayıb. Buna baxmayaraq, barsız əncir ağacı haqqında bir məsəl yer alıb (Luka 13:6-9). Həmin məsəl qeyri-müəyyən şəkildə bitir: üzüm bağının sahibi ağacı kökündən qoparmaq istəyir, bağban isə yalvarır ki, bir az da gözləsin və ağaca bir daha möhlət versin. Sonda belə nəticəyə gəlirlər: əgər əncir ağacı bəhrə verərsə, onu saxlayacaqlar, yox, verməsə, onda kökündən qoparacaqlar. Ola bilərmi ki, indi araşdırdığımız hadisə müjdəçi Lukada əksini tapan məsəlin davamı olsun? İsrail xalqına fürsət verilmişdi, amma o, bəhrə gətirmədi. İndi onu kökündən qoparmağın vaxtı gəlib çatmışdı. Bet-Anyadan Yerusəlimə gedən yolda bir ədəd əncir ağacının olduğu güman edilir, bunun həqiqət olması mümkündür. Yəqin ki, İsa Məsih şagirdlərinə belə demişdi: «Sizə barsız əncir ağacı haqqında danışdığım məsəli xatırlayırsınızmı? İsrail hələ də bəhrəsizdir və bu ağac kimi quruyacaq». Ola bilsin, insanlar İsanın bəhrəsizliyin aqibəti ilə bağlı dediklərini bu ağacla əlaqələndirməyə başlayıblar və hekayə məhz belə yaranıb.
Qoy hər bir oxucu bu hekayəni istədiyi kimi başa düşsün. Amma fikrimizcə, onun hərfi mənada başa düşülməsi çətinliklərə səbəb olacaq. Biz düşünürük ki, bu hadisə bir növ barsız ağac məsəli ilə bağlıdır. Hər halda, bundan belə dərs çıxarmaq olar: bəhrəsizlik ölümlə nəticələnir.
15-19
Əgər Məbədin və onun həyətlərinin harada yerləşdiyi barədə aydın təsəvvürə malik olsaq, onda bütün bunları daha yaxşı başa düşə bilərik. Əhdi-Cədiddə bir-biri ilə əlaqəli olan iki söz istifadə olunur: müqəddəs yer, ibadətgah mənasını verən hieron və məbəd mənasını verən neos. Müqəddəs yer Məbədin bütün ərazisini əhatə edirdi. Məbədin ərazisi isə Sion dağının bütün zirvəsini əhatə edirdi və təxminən on iki hektar yer tuturdu. Məbəd uzunluğu 300-400 metr olan hündür divarla əhatə olunmuşdu. Bununla belə, divarların hündürlüyü hər tərəfdən fərqli idi. Məbədin qabağında bütpərəstlər üçün nəzərdə tutulmuş geniş həyət var idi. Oraya həm yəhudi, həm də qeyri-yəhudi olan hər kəs girə bilərdi. Bütpərəstlərin həyətinin içində üzərinə lövhələr bərkidilmiş alçaq bir divar uzanırdı. Həmin lövhələrdə xəbərdarlıq edilirdi ki, bu xətti pozan istənilən bütpərəst ölüm cəzasına məhkum ediləcək. Növbəti həyət qadınların həyəti adlanırdı. Bu həyət ona görə belə adlanırdı ki, yalnız qurban təqdim etmək istəyən qadın bir qədər içəriyə daxil ola bilərdi. Sonra israillilərin həyəti gəlirdi. Böyük bayramlarda bütün imanlı icması oraya toplaşırdı. Məhz buradan insanlar qurbanlıq heyvanları kahinlərə verirdilər. Tam mərkəzdə kahinlərin həyəti var idi. Əsl Məbəd, naos, kahinlərin həyətində yerləşirdi. Həyətlərlə birlikdə bütün ərazi müqəddəs yer və ya ibadətgah, hieron idi. Kahinlərin həyətindəki binanın özü isə naos Məbədi idi.
Təsvir edilən epizod bütpərəstlərin həyətində baş vermişdi. Tədricən bütpərəstlərin həyəti, demək olar ki, dünyəvi xarakter almışdı. Həmin yer əvvəllər dua və hazırlıq yeri kimi düşünülmüşdü. Lakin İsa Məsihin dövründə orada alqı-satqı mühiti hökm sürürdü, bu da duaya çox mane olurdu. Amma daha pisi o idi ki, həmin ticarət zəvvarların talan edilməsinə xidmət edirdi. Hər bir yəhudi yarım şekel, yəni işçinin təxminən iki günlük qazancı məbləğində illik Məbəd vergisi ödəməli idi. Vergi xüsusi sikkə ilə ödənilməli idi. Gündəlik məqsədlər üçün yunan, roma, suriya, misir, finikiya və tir sikkələri istifadə olunurdu. Məbəd vergisi isə Pasxa dövründə məbəd şekeli ilə ödənilməli idi. O dövrdə Pasxa bayramında yəhudilər dünyanın hər yerindən axışaraq müxtəlif sikkələrlə Yerusəlimə gəlirdilər. Onlar pullarını məbəd yarım şekelə dəyişdirərkən, sərraflara şekelin 1/12-i məbləğində komisyon haqqı ödəməli idilər. Əgər sikkələr verginin məbləğindən çox olardısa və onlara pul qaytarmaq lazım gələrdisə, onda onlar şekelin daha 1/12 hissəsini ödəməli idilər. Beləcə zəvvarların əksəriyyəti 1/12 şekel vergisinə əlavə olaraq 1/6 şekeli, yəni gündəlik maaşın yarısını ödəməli olurdu. Bu isə çoxları üçün az məbləğ deyildi. Göyərçin satanlara gəlincə, göyərçinlər qurbanlıq sisteminin bir hissəsi idi (Levililər 12:8; 14:22; 15:14). Qurbanlıq heyvan qüsursuz olmalı idi. Göyərçinləri şəhərdə çox ucuz qiymətə almaq olardı, lakin Məbədin gözətçiləri onlarda mütləq qüsur tapacaqdılar. Buna görə də göyərçinin qiyməti şəhərdə 20 dəfə aşağı olsa da, ibadətə gələnlərə onları məbəddəki dükanlardan almağı tövsiyə edirdilər. Hər şey əsl fırıldaqlıq kimi görünürdü. Ancaq vəziyyəti daha da ağırlaşdıran o idi ki, bütün bu alqı-satqı baş kahin Xannanın ailəsinə aid idi. Yəhudilərin özləri bu sui-istifadəni çoxdan görürdülər. Talmudda deyilir ki, ravvin Şimon ben Qamliel Məbəddəki bir cüt göyərçinin qızıl sikkə dəyərində olduğunu eşidəndə, qiymətin gümüş sikkəyə endirilməsini tələb etmişdi. İsanı qəzəbləndirən də məhz yazıq zəvvarların aldadılması idi. Şərqi yaxşı tanıyan 18-ci əsrin görkəmli alimi Laqranj40 Məkkədə də eyni sistemin mövcud olduğunu deyir. Nəticədə Allahı axtaran və Onun hüzuru ilə dolmaq istəyən zəvvar, mümkün qədər çox qazanc əldə etməyə can atan tacirlərlə başqa zəvvarların dalaşdığı yerdə səs-küyə qərq olurdu. İsa Məsih Məbəd həyətlərini xarakterizə etmək üçün çox güclü bir metaforadan istifadə etdi. Yerusəlimdən Yerixoya gedən yol quldurların ucbatından pis ad qazanmışdı. Bu dar və dolama yol dağ dərələrin arasından keçirdi. Dağlarda quldurların gizləndiyi və səyyahlara pusqu qurduqları çoxlu mağaralar var idi. İsa Məsih dedi: «Məbədin həyətindəki quldurlar Yerixoya gedən yolda olan quldurlardan daha dəhşətlidir».
16-cı ayədən görünür ki, İsa heç kimə Məbədin həyətindən nəsə keçirməyə icazə vermirdi. Məsələ bundadır ki, Məbədin həyətlərinin içindən keçərək şəhərin şərq hissəsindən birbaşa Zeytun dağına getmək mümkün idi. Artıq qeyd etdiyimiz Mişna qanunları toplusunda belə yazılmışdı: «Heç kim dağda yerləşən Məbədə əşyalarla, səndəllə, çanta ilə, dağarcıqla41, pul kisəsi ilə, ya da tozlu ayaqla girməməli, yaxud yolunu qısaltmaq üçün oradan keçməməlidir». İsa yəhudilərə öz qanunlarını xatırlatdı. Həmin dövrdə yəhudilər Məbədin bayır həyətlərinin müqəddəsliyi haqqında, demək olar ki, fikirləşmirdilər, onlar öz işləri ilə məşğul olarkən onlardan yol kimi istifadə edirdilər. İsa Məsih onların diqqətini öz qanunlarına yönəltdi və öz peyğəmbərlərindən sitat gətirdi (Yeşaya 56:7 və Yeremya 1:11). Beləliklə, İsanı bu qədər qəzəbləndirən nə idi?
1. O, zəvvarların qarət olunmasına görə qəzəbləndi. Məbədin məmurları onlara mömin və ya sadəcə insan kimi deyil, öz məqsədləri və qazancları üçün vasitə kimi baxırdılar. İnsanın insan tərəfindən istismarı həmişə Allahın qəzəbinə səbəb olur. Xüsusilə istismar din pərdəsi altında həyata keçirilirsə, Allahın qəzəbinə ikiqat məruz qalır.
2. O, Allahın müqəddəs məkanının murdarlanmasına görə qəzəbləndi. İnsanlar Allahın evində Onun varlığı barədə unutdular; ibadətgahı qazanc mənbəyinə çevirərək murdarladılar.
3. Bəlkə İsanın qəzəblənməyinin səbəbi daha böyük idi? O, Yeşaya peyğəmbərin kitabından 56:7-dən sitat gətirdi: «Mənim evim bütün xalqlar üçün dua evi adlandırılacaq». Bununla belə, həmin dua evində bütpərəstlər üçün tikilən və onu aşanları ölümlə cəzalandırılan bir divar var idi. Ola bilər ki, İsanın qəzəbi yalnız yəhudilərin ibadət tərzi ilə bağlı idi və O, yəhudilərə Allahın təkcə onları deyil, dünyanı sevdiyini xatırlatmaq istəyirdi.
20-21
Mark 11:20-21 ayələrinin şərhinə Mark 11:12-14-də baxın.
22-26
İndi isə gəlin Markın lənətlənmiş əncir ağacının hekayəsi ilə əlaqələndirdiyi ifadəyə qayıdaq. Biz İsanın kəlamlarının insanların beynində necə həkk olunduğuna dəfələrlə diqqət yetirmişik, hətta Onun dediklərini hansı məqsədlə qeyd etdiyini unutsalar belə. Burada da həmin vəziyyətdir. Dağları yerindən tərpədəcək iman haqqında fikir həm Matta 17:20-də, həm də Luka 17:6-da qeyd olunur. Lakin bu fikir hər Müjdədə fərqli kontekstdə istifadə olunur. Məsələ burasındadır ki, İsa bu fikri bir neçə dəfə söyləyib, bunu deməsinin səbəbi isə unudulub. Yaxınlarımızı bağışlamağın zəruriliyi ilə bağlı ifadə Matta 6:12-də və 14-də tamamilə fərqli bir kontekstdə istifadə olunur. Buna görə həmin ifadələrə konkret hadisələrlə bağlı deyil, İsanın dəfələrlə təkrar etdiyi ümumi qaydalar kimi baxmaq lazımdır.
Bu hissədə biz necə dua etmək lazım olduğuna dair üç göstəriş tapırıq.
1. İmanla dua etmək lazımdır. Dağları yerindən tərpətmək ifadəsi o dövrdə çətinlikləri aradan qaldırmaq mənasında istifadə olunan tipik bir ifadə idi. Xüsusilə, bu ifadə müdrik müəllimləri xarakterizə etmək üçün istifadə edilirdi. Şagirdlərinin beynində yaranan çətinlikləri aradan qaldıra bilən yaxşı müəllimi — dağları yerindən tərpədən müəllim adlandırırdılar. Bir dəfə məşhur ravinin təlimini eşidən bir adam demişdi ki, «o, sanki dağları yerindən tərpədən Reş Laxişi görüb». Buna görə bu ifadənin mənası belədir: əgər biz inansaq, etdiyimiz dua istənilən çətinliyin öhdəsindən gələ bilməyimiz üçün bizə güc verəcək. Bu, çox sadə səslənsə də, iki şeyə işarə edir. Birincisi, problemlərimizi və çətinliklərimizi Allahın əlinə verməyə hazır olduğumuzu göstərir. Bu da artıq özlüyündə ciddi sınaqdır. Bəzən məsələ onda olur ki, biz istəməməli olduğumuz şeyləri əldə etmək, heç vaxt əl atmamalı və ağlımızı məşğul etməməli olduğumuz bir işin həyata keçməsi üçün yolunu tapmaq istəyirik. Bütün problemlərimizin ən vacib sınaqlarından biri özümüzə belə sual verməkdir: «Mən bu problemlə Allaha müraciət edə bilərəmmi? Bu işdə Ondan kömək istəyə bilərəmmi?» İkincisi, bu, Allah kömək əlini bizə uzadarsa, qəbul etməyə hazır olacağımızı göstərir. Çox vaxt insanlar artıq qəbul etdikləri qərarın və atdıqları addımların təsdiqinə ehtiyac duyanda kömək istəyirlər. Əgər biz Allahın rəhbərliyini itaətkarlıqla qəbul etməyə hazır deyiliksə, Allaha üz tutub Ondan kömək və rəhbərlik diləmək mənasızdır. Ancaq problemlərimizlə Allaha müraciət etsək, Onun göstərişini qəbul edəcək qədər itaətkar və cəsarətli olsaq, onda fiziki və ruhani çətinliklərin öhdəsindən gəlmək üçün güc alacağıq.
2. Ümid və intizarla dua etmək lazımdır. Hamıya məlumdur ki, müvəffəqiyyət qazanmaq ümidi ilə edilən hər şeyin şansı ikiqat çoxdur. Həkimə getdiyi zaman ona yazılan dərmanın etibarlılığına inanmayan xəstənin sağalma şansı, həkimin onu sağalda biləcəyinə əmin olan adamdan daha azdır. İnsan heç vaxt yalnız borc xatirinə dua etməməlidir, dua boş bir rituala çevrilməməlidir.
Leonard Merrikin «Konrad gəncliyinin axtarışında» adlı kitabında belə bir epizod var: «Sizcə, duaya cavab həmişə gəlirmi? — deyə Konrad soruşdu. «Həyatımda çox dualar etmişəm, hər dəfə də özümü inandırmağa çalışmışam ki, bütün dualarım qəbul olunub. Amma ürəyimin dərinliyində həmişə bilirdim ki, dualarım cavabsız qalır. Bəli, mən istəyimə nail olmuşam, amma onu da deyim ki, həddindən artıq gec...» Cənab İrketsonun incə, zərif əli alnının üstündən düşdü.
«Bir dəfə, — deyə o, sözə başladı, — mən dostumla küçədə gəzişirdim. Yaz ayları idi. Adətən, həmin vaxt kirayəçilər evlərini boyamaq niyyətinə düşürlər. Biz boyalı evin divarına söykənmiş əl nərdivanına yaxınlaşdıq. Nərdivana yaxınlaşan dostum onun qarşısında papağını çıxartdı. Yəqin ki, bu mövhumat barədə bilmiş olarsınız. Dostum universitet məzunu və kifayət qədər savadlı adam idi. Mən dedim: «Siz, doğrudan da, bu cəfəngiyyata inanırsınız?» O dedi: «Y-yox, mən buna inanmıram, amma onu rədd etmək fürsətini də heç vaxt əldən vermirəm». Birdən kilsə keşişinin səsi dəyişdi, o, təntənəli, həyəcanlı və səmimi şəkildə dedi: «Düşünürəm ki, bir çox insan dua edəndə mənim dostum kimi edir, onlar duanın təsirli olduğuna inanmasalar da, heç vaxt dua etmək fürsətini əldən vermirlər». Burada böyük həqiqət var. Əksər insanlar üçün dua yalnız dini bir ayin və ya zəif bir ümiddir. Dua isə hərarətli gözlənti olmalıdır. Bəlkə də bütün problem ondadır ki, biz Allahın bizim cavabımızı təsdiqləyəcəyini gözləyirik, ona görə də Onun cavabının nə vaxt gələcəyini bilmirik.
3. Bu, mərhəmət duası olmalıdır. Sərt insanın duası onun düşmənçiliyinin divarını dəlib keçə bilməz. Niyə? Biz Allaha üz tutanda bir-biri ilə heç bir əlaqəsi olmayan insanlar arasında əlaqə yaratmalıyıq. Allah hər şeyi sevgi üzərində qurur, çünki O, məhəbbətdir. Əgər insan hər şeyi kin və düşmənçilik üzərində qurursa, o özü ilə Allah arasında sədd çəkmiş olur. Belə bir insan duasına cavab almaq üçün əvvəlcə Allahdan onun qəlbini düşmənçilik ruhundan təmizləməsini və əvəzinə sevgi ruhu ilə doldurmasını istəməlidir. Yalnız bundan sonra o, Allaha üz tuta və Ondan cavab ala bilər.
27-33
Məbədin müqəddəs həyətləri arasında iki məşhur üstüörtülü arkada42 var idi. Biri şərq, digəri isə bütpərəstlərin həyətinin cənub tərəfində yerləşirdi. Həyətin şərq tərəfində Süleymanın eyvanı var idi — hündürlüyü 10 metrdən çox olan Korinf sütunlarının yaratdığı əzəmətli arkada. Həyətin cənub tərəfində isə daha əzəmətli arkada — diametri 2 metr və hündürlüyü 10 metr olan dörd sıra ağ mərmər sütunlardan ibarət padşah portiki var idi; ümumi isə 162 sütun var idi. Adətən, ravvinlər bu sütunların altında gəzişərək dərs deyirdilər. Belə arkadalar qədim dövrün əksər böyük şəhərlərində olub. Onlar günəşdən, küləkdən və yağışdan qoruyurdular. Qədim dövrün dini-fəlsəfi təlimlərinin əksəriyyəti məhz orada yaranıb. Ən məşhur fəlsəfi məktəblərdən biri stoiklər məktəbi olub. Həmin məktəb öz adını Afinada boyalı bəzəklərlə örtülmüş Portik — Stoya Poikiledən almışdır. Məktəbin banisi Zenon orada gəzişə-gəzişə təlim verirdi. Stoya sözü portik və ya arkada mənasını verir, stoiklər isə portikin məktəbi idi. Məbədin məhz bu arkadalarında İsa Məsih gəzişərək təlim verirdi.
Beləliklə, bir qrup seçilmiş baş kahin və hüquqşünaslar, yəni ilahiyyatçılar, ravvinlər və ağsaqqallar İsanın yanına gəldilər. Əslində, onlar bu üç qrupdan ibarət olan Ali Şura tərəfindən göndərilmişdilər. Onlar İsa Məsihə adi sual verdilər. Sadə bir insan İsanın hərəkətlərindən — bütpərəstlərin Həyətini adi, hətta rəsmi olaraq tanınan tacirlərdən təmizləməsindən heyrətə gələrdi. Buna görə də fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Sən bu işləri hansı səlahiyyətlə edirsən?» Onlar ümid edirdilər ki, İsanı çıxılmaz vəziyyətə salacaqlar: əgər O, şəxsi səlahiyyətlə hərəkət etdiyini desə, daha böyük zərər gətirməməsi üçün Onu allahlıq iddiasına tutulmuş adam kimi təqsirləndirərək həbs edə bilərlər. Əgər O, bunu Allahın qüdrəti ilə etdiyini desə, onda Allah heç kimə Onun evinin həyətində asayişi pozmaq və iğtişaş salmaq səlahiyyəti verməz söyləyib, küfr etməkdə ittiham edə bilərdilər. İsa onların nəyə eyham etdiklərini aydın görürdü və Onun cavabı onları daha da çətin vəziyyətə saldı. O, dedi ki, əgər onlar Onun sualına cavab versələr, onda onların sualına cavab verəcək: «Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan?» Ali Şuranın nümayəndələri iki cavab arasında seçim etməli idilər.
Əgər desəydilər ki, Yəhyanın vəftizi «göydən» idi, onda İsadan «Niyə ona qarşı çıxdınız?» deyə başqa bir sual alacaqdılar. Bir də Yəhyanın vəftizinin Allahdan gəldiyini desəydilər, İsa onlara xatırladacaqdı ki, Yəhya insanları Ona tərəf yönəltdi, buna görə də O, artıq səmavi tanınmaya malikdir və başqa heç bir səlahiyyətə ehtiyacı yoxdur. Əgər Ali Şuranın bu üzvləri Yəhyanın xidmətinin ilahiliyini qəbul etsəydilər, İsanın Məsih olduğunu da qəbul etməli olardılar. Lakin onlar başa düşürdülər ki, əgər Yəhyanın fəaliyyətinin sırf insandan gəldiyini desələr, onda onların sözləri üsyana səbəb ola bilərdi. Çünki hamı Yəhyanı nəinki həqiqi peyğəmbər, hətta şəhid hesab edirdi. Buna görə də onlar bilmədiklərini söyləməyə və İsaya suallarına cavab verməmək seçimini verməyə məcbur oldular. Bu hekayə həqiqəti görməkdən imtina edən insanların başına gələnlərin aydın təsviridir. Onlar qaçmağa və aldatmağa məcbur olurlar, sonda isə çıxılmaz vəziyyətə düşürlər. Həqiqəti qəbul etmək istəməyənlər getdikcə ümidsiz vəziyyətə düçar olacaqlar.