1-12
Biz artıq demişdik ki, məsəli alleqoriya kimi qəbul etmək və hər bir detalda məna axtarmaq olmaz. İsa Məsihin məsəlləri başlanğıcda oxunmaq üçün yox, nəql etmək üçün nəzərdə tutulmuşdu. Məsəllərin mənası onları ilk eşidən insanlarda yaranan fikirlərə əsaslanırdı. Lakin bu məsəl müəyyən mənada istisnadır. Bu, bir növ məsəl ilə alleqoriyanın hibrididir. Düzdür, bütün detallar daxili məzmunu daşımır, amma yenə də həmişəkindən daha çoxdur. Bu, İsanın yəhudi təfəkkürünün və yaradıcılığının ayrılmaz hissəsi olan obrazlarda danışması ilə izah olunur. Üzüm bağının sahibi — Allahdır; üzüm bağı isə İsrail xalqıdır. Bu alleqoriya yəhudilərə yaxşı tanış idi. Əhdi-Ətiqdə bu alleqoriya Yeşaya 5:1-7-də çox aydın şəkildə təsvir olunur. Oxuduğumuz hissənin bəzi təfərrüatları və ifadələri məhz oradan götürülüb. Həmin üzüm bağı yaxşı salınmışdı. Bağ quldurlardan və vəhşi heyvanların hücumundan qorunmaq üçün sərhədlərini müəyyən edən hasarla əhatə olunmuşdu. Üzüm bağında şərab üçün çəllək və üzümü ayaqla sıxmaq üçün şərab presi var idi. Presin altında isə sıxılmış şirənin yığıldığı çəllək var idi. Üzüm bağında şərabın saxlandığı, eləcə də üzümçülərin yaşadığı bir qüllə də var idi. Məhsul yığımı zamanı üzümçülər oğruların üzüm bağına girməməsini oradan izləyirdilər. Üzümçülər tarix boyu İsrail hökmdarlarını simvollaşdırıb. Üzüm bağının sahibinin göndərdiyi qullar isə peyğəmbərləri simvolizə edib. Allahın xidmətçisi və ya qulu adi titullardır. Musa (Yeşua 14:7) və Davud (2Şamuel 3:18) peyğəmbər də belə çağırılırdı. Eyni titula tez-tez peyğəmbərlərin kitablarında rast gəlinir (Amos 3:7; Yeremya 1:25; Zəkəriyyə 1:6). Oğul — İsanın Özüdür. İsa Məsihi dinləyənlər hər şeyi yaxşı başa düşürdülər, çünki bütün obrazlar və təsvirlər onlara yaxşı tanış idi. Həm də hekayənin özü İsanın dövründə İsraildə baş verə bilərdi. Ölkədə tez-tez zəhmətkeş əhalinin iğtişaşları baş qaldırırdı. Bir çox mülkədar və torpaq sahibləri xaricdə yaşayırdı. Bu, İsraildəkindən daha dinc və rahat həyat axtaran yəhudilər və ya pullarını üzüm bağlarına yatıran romalılar ola bilərdi. Qanuna görə, üzüm bağının sahibi yalnız beşinci ilində üzüm bağının icarə haqqını ala bilərdi (Levililər 19:23-25). Belə olan halda, icarə haqqı məhsul şəklində ödənilirdi; bu, məhsulun müəyyən razılaşdırılmış payı və ya yetişən məhsulun həcmindən asılı olmayaraq, müəyyən edilmiş məbləğ şəkilində ola bilərdi. Hekayənin özü elə də fövqəladə deyil, o, hadisələrin real vəziyyətini əks etdirir. Məsəlin özü çox mənalıdır. Çünki Allahın Özündən bəhs edir:
Məsəl Allahın səxavətliliyindən bəhs edir. Üzüm bağı işin asan və səmərəli aparılması üçün lazım olan hər şeylə təchiz edilmişdi. Allah insanlara bəxş etdiyi dünyaya görə çox səxavətlidir.
2. Məsəl Allahın etibar etməsindən bəhs edir. Bağın sahibi bağını üzümçülərin ixtiyarına buraxaraq, işi bildikləri kimi idarə etməyə izin verib getdi. Allah da bizə o qədər etibar edir ki, həyatımızı bildiyimiz kimi idarə etmək ixtiyarını öhdəmizə buraxır. Bir adamın dediyi kimi, «Allahın əksər şeyi özümüzün etməsinə icazə verməsi çox gözəldir».
3. Məsəl Allahın səbrindən bəhs edir. Dəfələrlə üzüm bağının sahibi üzümçülərə borclarını ödəmək imkanı verib. Bağın sahibi onlara layiq olmadıqları səbri göstərib.
4. Məsəl Allahın ədalətinin son qələbəsindən bəhs edir. Bəlkə də insanlar Allahın səbrindən istifadə edirlər, amma sonda ədalət qalib gələcək. Allah itaətsizliyə çox dözər, lakin sonda hərəkətə keçər.
Məsəl İsa Məsihdən bəhs edir:
1. Məsəl İsa Məsihin Özünü xidmətçi deyil, Allahın Oğlu hesab etdiyini göstərir. O, bilərəkdən Özünü peyğəmbərlərdən ayırır. Onlar xidmətçi idilər. İsa Məsih isə Oğul idi. Onun vasitəsilə Allah son sözünü söylədi. Bu məsəl yəhudi hökmdarlarına qəsdən edilən çağırış idi: İsa aydın şəkildə onlara Məsih olduğunu bildirirdi.
2. Məsəl İsanın öləcəyini bildiyini göstərir. Çarmıxa çəkilmə Onun üçün gözlənilməz hadisə deyildi. İsa bilirdi ki, Onun seçdiyi yol Onu Çarmıxa apara bilər. O, bunu bilə-bilə geri çəkilmədi — Onun cəsarətinin böyüklüyü də məhz bundadır.
3. Məsəldən öyrənirik ki, İsa sonda əldə edəcəyi qələbəyə əmin idi. O bilirdi ki, Onunla pis rəftar edəcəklər və sonda ölümə təslim ediləcək. Lakin bunun son olmadığını, rədd ediləndən sonra izzətə çatacağını da bilirdi.
Məsəl insandan bəhs edir:
1. Üzümçülər bağın sahibi hər hansı bir tədbir görmək üçün çox uzaqda olduğuna görə varisi öldürmək və üzüm bağına yiyələnmək qərarına gəldilər. «Yəqin bağın sahibi ölüb, buna görə ona əhəmiyyət verməsək də olar». İnsanlar hələ də Allahın iradəsinə zidd hərəkət edib cəzasız qala biləcəklərini düşünürlər. Amma Allah, sözün əsl mənasında, Var Olan, yaşayan Allahdır. İnsanlar azadlıqlarından və Allahın səbrindən öz xeyri üçün istifadə etməyə çalışırlar, lakin haqq-hesab günü mütləq gələcək.
2. Əgər insan öz imtiyazlarından və vəzifəsindən imtina edirsə, onlar başqasına veriləcək. Məsəl tarixin sonrakı gedişini — yəhudilərin rədd edilməsini və onların sahib olduqları imtiyazların və vəzifələrin qeyri-yəhudilərə keçməsini təsvir edir. Məsəl İmanlı Cəmiyyəti üçün çox şey ifadə edən Əhdi-Ətiqdən bir sitatla bitir: bənnaların rədd etdiyi daş haqqında sitat Zəbur 118:22-23-dən götürülüb. Rədd edilmiş daş bütün binanı birləşdirən guşədaşına, tağın və ya tağtavanın əsas daşına, ən vacib daşına çevriləcəkdir. Bu ayə erkən məsihçi yazıçılarını heyran edirdi. Həmin ifadə Həvarilərin İşləri 4:11-də, 1Peter 2:4-7-də; Romalılara 9:32-33-də; Efeslilərə 2:20-də sitat kimi gətirilir və ya ona istinad edilir. Zəbur kitabında daş dedikdə əvvəlcə İsrail xalqı nəzərdə tutulurdu. Özlərini kainatın memarı hesab edən böyük xalqlar İsrail xalqını kiçik və əhəmiyyətsiz hesab edirdilər. Lakin məzmurçu inanırdı ki, əhəmiyyətsiz hesab edilən xalq bir gün Allahın planına görə dünyanın ən böyük xalqına çevriləcək. Məsihçi yazıçıları məzmurçunun sözlərində İsa Məsihin ölümü və dirilməsi ilə bağlı peyğəmbərliyi görürdülər.
13-17
Bu epizodun arxasında tarixin acı təcrübəsi dayanır. Böyük Hirod Romadan asılı padşah kimi İsraili idarə edir və Romaya xərac verirdi. Hirod Romaya sadiq idi. Romalılar ona hörmət edirdilər və ona çox azadlıq vermişdilər. B.e.ə. 4-cü ildə Hirod ölümündən əvvəl öz padşahlığını üç hissəyə böldü. Hirod Antipa Qalileya və Pereyanı, Hirod Filip şimal-şərqdəki vəhşi bölgələri — Traxonitis bölgəsini, İtureya və Abileniyanı aldı. Arxela isə ölkənin cənub hissəsini, o cümlədən Yəhudeya və Samariyanı miras aldı. Hirod Antipa və Hirod Filip qısa zamanda padşahlığını möhkəmləndirdilər və bir sözlə, yaxşı və müdrikcəsinə idarə etdilər. Lakin Arxela tamamilə uğursuz oldu. B.e. 6-cı ilində romalılar müdaxilə edib öz hakimiyyətlərini qurmağa məcbur oldular. Vəziyyət o qədər ciddiləşdi ki, İsraili xərac ödəyən yarımmüstəqil ölkə kimi saxlamaq mümkün deyildi. Roma onu əyalətə çevirməyə və üzərinə vali qoymağa məcbur oldu. Roma əyalətləri iki cür idi. Sakitliyin hökm sürdüyü və qoşunların mövcudluğu tələb olunmayan əyalətlərə senat nəzarət edirdi. Həmin yerləri prokonsullar idarə edirdi. İğtişaşların baş verdiyi və qoşunların saxlanılması lazım olan yerlər isə imperatorun nəzarəti altında idi. Oranı idarə edən prokuratorlar43 idi. İsrail ikinci qrupa daxil idi. Xərac da, mahiyyətcə, birbaşa imperatora ödənilirdi. Başçı Kvirini44 vergilərin miqdarını və ümumi idarəçiliyi düzgün müəyyən etmək üçün ilk növbədə ölkədə əhalinin və əmlakın siyahıyaalınmasını apardı.
Əhalinin daha sakit olan hissəsi bunu qaçılmaz kimi qəbul etdi, lakin Qalileyalı Yəhuda45 adlı bir insan üsyan qaldırmağa nail oldu. O, bəyan etdi ki, «vergi tutmaq quldarlığın tətbiqinə bərabərdir». Yəhuda xalqı ayağa qalxmağa səslədi və dedi ki, Allah onları bu köləlikdən yalnız əllərindən gələni etdikləri vaxt qurtaracaq. O deyirdi ki, yəhudilərin yalnız bir hökmdarı və ağaları var — bu da Allahdır. Romalılar, həmişə olduğu kimi, tez Yəhudanın öhdəsindən gəldilər, lakin onun döyüş çağırışı səngimirdi. «Romalılara vergi vermək yoxdur» şüarı bütün fanatik yəhudi vətənpərvərlərin şüarına və paroluna çevrildi.
Əsasən üç növ vergi yığılırdı.
1. Torpaq vergisi bütün taxılın onda birini, şərab və meyvə məhsulunun beşdə birini təşkil edirdi. Bu vergi qismən natura46, qismən də nağd şəkildə ödənilirdi.
2. Gəlir vergisi insanın gəlirinin 1%-ni təşkil edirdi.
3. Adambaşına düşən vergi. Bu vergini on dörd yaşından tutmuş altmış beş yaşına qədər olan bütün kişilər və on iki yaşından tutmuş altmış beş yaşına qədər olan bütün qadınlar ödəməli idilər. Adambaşına düşən vergi bir dinardan ibarət idi, yəni bir işçinin gündəlik maaşı qədər idi. Həmin vergi sadəcə yaşamaq imtiyazı verildiyinə görə hamı tərəfindən ödənilirdi.
Fariseylər və hirodçular İsaya çox incə bir sual verdilər. Onlar yaltaqlanmaqdan başladılar. Onların iki məqsədi var idi: İsaya olan şübhələrini dağıtmaq və Ona cavabdan yayınmaq imkanı verməmək. Fariseylərin və hirodçuların verdiyi sual hiylənin mükəmməl nümunəsi idi. Yəqin onlar elə düşünürdülər ki, İsanı eyni dərəcədə iki təhlükəli pislik arasında seçim etmək məcburiyyətində qoydular. Əgər O, «qanuna görə vergi ödənməlidir» desə, adi insanlar arasında nüfuzunu həmişəlik itirəcək. Xalq Ona xain və qorxaq kimi baxacaq. Əgər O, vergi ödəməyin qanuna zidd olduğunu desə, onda onlar bu barədə romalılara bildirə və İsanı inqilabçı kimi həbs etdirə bilərlər. Çox güman, onlar İsaya çıxış yolu olmayan tələ qurduqlarına əmin olmuşdular. İsa Məsih isə dedi: «Mənə bir dinar gətirin, baxım». Yeri gəlmişkən, qeyd edə bilərik ki, Onun Özünün bir sikkə belə pulu yox idi. Sonra İsa soruşdu: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» Sikkənin üzərində Tiberinin təsviri, əzəmətli imperatorun portreti var idi. Bütün imperatorlar Qeysər titulunu daşıyırdılar. Sikkənin ətrafında yazılmışdı ki, bu sikkə Avqustun oğlu ilahi Tiberi Qeysərindir. Arxa tərəfində isə «Roma xalqının Ali Baş Kahini» ifadəsi yazılmışdı. Bu epizodu başa düşmək üçün unutmamalıyıq ki, qədim dövrdə yaşayan insanlar sikkə ilə aşağıdakı məqamları əlaqələndirirdilər:
1. Onlar sikkədə səlahiyyət əlaməti görürdülər. Kimsə xalqı fəth edən kimi və ya uğurlu üsyançı olan kimi ilk növbədə öz sikkəsini kəsdirirdi. İnsanlar padşah titulu və hakimiyyətin son sübutunu məhz bunda görürdülər.
2. Sikkələrin dövriyyədə olduğu yerlərdə padşahın hakimiyyəti möhkəm idi. Padşahın gücü onun pulunun ödəniş vasitəsi kimi qəbul edildiyi ərazi ilə ölçülürdü.
3. Sikkənin üzərində padşahın təsviri və yazısı olduğuna görə bəzi adamlar sikkənin onun şəxsi mülkü olduğuna inanırdılar.
Buna görə də İsa Məsih belə cavab verdi: «Tiberinin sikkələrindən istifadə etməklə, hər nə cür olursa-olsun, siz onun İsraildəki siyasi gücünü tanımış olursunuz. Sikkələr onun mülkiyyətidir, çünki üzərində onun təsviri və yazısı var. Bu pulu ona verməklə, siz yalnız artıq ona məxsus olanı verirsiniz. Pulu ona verin, amma unutmayın, həyatda elə sahələr var ki, Qeysərə deyil, Allaha məxsusdur».
Bu, həm dünyəvi, həm də dini hakimiyyəti tanıdığı üçün insan tərəfindən formalaşdırılan ən mühüm prinsipdir. Görkəmli ingilis tarixçisi Akton bu ifadəni belə izah edir: «Bu sözlər... dünyəvi hakimiyyətə... əvvəl heç vaxt sahib olmadığı müqəddəslik bəxş etdi, eyni zamanda onun üçün heç vaxt tanımadığı sərhədlər qoydu. Bu sözlər mütləqiyyətin ləğvini və azadlığın şəfəqini elan etdi». Bu ifadə eyni zamanda həm dövlətin hüquqlarını, həm də vicdan azadlığını tanıdı.
Ümumiyyətlə, Əhdi-Cədid məsihçi və dövlət arasındakı əlaqənin üç konsepsiyasını təsvir edir.
1. Dövlət Allah tərəfindən əvvəlcədən müəyyən edilmişdi. Dövlət qanunları olmasaydı, insanların həyatı xaosa çevrilərdi. İnsanların birgəyaşayışı yalnız onların birgəyaşayış qanunlarına tabe olmağa razı olduqları halda mümkündür. Dövlət olmasaydı, insanlar bir çox dəyərli xidmətlərdən yararlana bilməzdilər. İnsan özü üçün su, kanalizasiya, nəqliyyat, sosial sığorta təşkil edə bilməzdi. Dövlət həyatı asanlaşdıran və yaxşılaşdıran bir çox xidmətlər təklif edir.
2. İnsan dövlətin təklif etdiyi bütün nemətlərdən istifadə edə bilməz. Roma dövləti və hakimiyyəti qədim dünyaya əvvəllər ona məlum olmayan təhlükəsizlik hissi yaratmışdır. Bəzi ərazilər istisna olmaqla, dənizlər quldurlardan, yollar soyğunçulardan təmizlənmişdi, vətəndaş müharibələri sülhlə, zalım hökmdarların tərsliyi Roma ədaləti ilə əvəz olunmuşdu. İ.C. Qodspidin yazdığı kimi, «Roma imperiyasının əzəməti ondan ibarət idi ki, o, problemli dünyaya sülh gətirdi. Onun hakimiyyəti altında Kiçik Asiya və Şərq uzun müddət nə əvvəl, nə də sonra heç vaxt bilmədikləri sülh və təhlükəsizlik tapdı. Bu, Paks Romana — Roma dünyası idi. Roma hakimiyyəti altında əyalət sakini öz biznesini idarə edə, ailəsi üçün çörək pulu qazana, poçt yazışmaları apara, təhlükəsiz səyahət edə bilərdi. Bütün bunlar Romanın güclü əli sayəsində olurdu. Bu gün də insan dövlətdən aldığı imtiyazlardan istifadə edə-edə vətəndaşlıqla bağlı öhdəliklərindən imtina edə bilməz.
3. Lakin bütün bunlar müəyyən həddə qədərdir. Bununla bağlı maraqlı bir fikir söylənmişdir. Sikkənin üzərində Qeysərin təsviri var idi, buna görə sikkə onun mülkiyyəti idi. İnsan özündə Tanrının surətini daşıyır — Allah insanı Öz surətində yaradıb (Yaradılış 1:26). Bu səbəbdən insan Allaha məxsusdur. Buradan belə bir nəticəyə gəlmək olar ki, əgər dövlət lazımi hüdudlarda qalırsa və insana yalnız ədalətli tələblər irəli sürürsə, onda insan ona sadiq qalıb xidmət etməlidir. Hər halda, insan da, dövlət də Allaha məxsusdur. Yox, əgər dövlətlə Allahın tələbləri arasında ziddiyyət yaranarsa, Allaha sədaqət hər şeydən üstün olmalıdır. Amma bu da bir həqiqətdir ki, normal şəraitdə məsihçinin inancı insanı digər insanlardan daha yaxşı vətəndaş etməlidir.
18-27
Markın Müjdəsində bu, sadukeylərin xatırlandığı yeganə yerdir. Həm də burada sadukeylər onlara xas olan xarakterdə təsvir olunurlar. Sadukeylər yəhudilər arasında elə də böyük dəstə təşkil etmirdilər: onlar aristokrat və varlılar təbəqəsindən idilər; sadukeylər dəstəsinə kahinlər də daxil idi. Adətən, baş kahin sadukeylər arasından seçilirdi. Sadukeylər varlılar və aristokrat təbəqəsindən olduqlarına görə həmişəki kimi sazişçi olurdular. Çünki hər şeydən əvvəl sərvətlərini, rahatlıqlarını və imtiyazlarını qorumaq istəyirdilər. Onların arasında ölkəni idarə etməkdə romalılarla əməkdaşlığa hazır olan insanlar da var idi.
Bəzi məsələlərdə onlar fariseylərdən çox fərqlənirdilər. Birincisi, onlar yalnız Müqəddəs Yazıların yazılı qeydlərini tanıyır və diqqətlərini əsasən Əhdi-Ətiqin ilk beş kitabı olan Beşliyə yönəldirdilər. Onlar fariseylər üçün vacib olan ənənəvi şifahi hüququn qanun və normalarını tanımırdılar. Sadukeylər yalnız Musanın yazılı qanununa əsaslanırdılar. İkincisi, onlar nə əbədi həyata, nə cinlərin, nə də mələklərin varlığına inanırdılar. Onlar iddia edirdilər ki, Müqəddəs Kitabın ilk kitabında əbədi həyat barədə işarə belə yoxdur, buna görə də əbədi həyata inanmırdılar. Bu əsasla sadukeylər İsaya fərdi dirilmə inancına lağ edən sualla müraciət etdilər. Yəhudi hüququnda levirat47 adlı bir qurum var idi; onun qaydaları Qanunun Təkrarı 25:5-10-da əksini tapıb.
Əgər qardaşlar bir evdə yaşayırdılarsa (bu bənd sadukeylərin sitat gətirdiyi qanundan çıxarılıb) və onlardan biri varis qoymadan dünyasını dəyişirdisə, o biri qardaş onun dul qalmış arvadını almalı və ölən qardaşın nəslini davam etdirməli idi. Uşaq doğulanda o, birinci ərin nəsli sayılırdı. Bu qanun iki səbəbdən — adın silinməməsindən və ailədə mülkiyyətin saxlanılmasından ötrü verilmişdi. Maraqlıdır ki, Yunan qanunlarında da buna bənzər normalar var idi. Əgər bir yunanın böyük var-dövləti və yalnız bir qızı var idisə, qız qadın olduğu üçün mirası birbaşa ala bilməzdi. Amma yunan var-dövlətini və subay qızını istədiyi adama verə bilərdi. Həmin adam mirasa sahib olmaq üçün hətta artıq sahib olduğu arvaddan boşanmalı olsa belə, yunanın qızını almalı idi. Əgər ata vəsiyyətnamə qoymadan vəfat etmişsə, ən yaxın qohumu onun varis qızını özünə arvad olaraq tələb edə bilərdi. Bu, eyni prinsipdir. Onun məqsədi ailədə mülkü saxlamaqdır.
Düzdür, sadukeylərin yeddi qardaş haqqında hekayə ilə bağlı verdiyi sual mübaliğə ola bilər, lakin bu sual hamının yaxşı bildiyi yəhudi qanunlarına əsaslanırdı. Sadukeylərin sualı belə idi: əgər levirat qanununa əsasən bir qadın növbə ilə yeddi qardaşın arvadı olubsa, qiyamət günündə ölülər diriləndə, o, kimin arvadı olacaq? Onlara elə gəlirdi ki, sualı bu şəkildə verməklə, dirilmə haqqında fikrinin gülünc olduğunu sübut etmiş oldular. İsa Məsihin cavabı isə iki hissəyə bölünür. Birincisi, O bizim dediyimiz kimi, dirilmə prinsipinə toxunur. İsa bəyan edir ki, dirilmədən sonra köhnə fiziki qanunlar artıq qüvvədə olmayacaq. Dirilən adamlar mələklər kimi olacaqlar, evlilik kimi fiziki və maddi problemlərin onlara heç bir aidiyyəti olmayacaq. Əslində, İsa yeni heç nə demədi. Xanok peyğəmbərin kitabında belə bir vəd var: «Siz səma mələkləri kimi böyük sevinc içində yaşayacaqsınız». Barukun Apokalipsisində48 salehlərin «mələklər kimi» olacağı deyilir. Eləcə də ravvinlərin yazılarında deyilirdi ki, gələcək həyatda «nə yemək, nə içmək, nə dünyaya uşaq gətirmək, nə işgüzar münasibətlər, nə qısqanclıq, nə nifrət və münaqişə olacaq. Salehlər başında çələng Allahın izzətinə bürünəcəklər». İsa Məsih qeyd edir ki, gələcək həyatı indiki həyat baxımından düşünmək olmaz.
Daha sonra İsa dirilmə faktına toxunur. İsa sadukeylərin çox yüksək qiymətləndirdiyi və əbədi həyata dair heç bir dəlili olmadığını iddia etdikləri Musanın beş kitabındakı dəlillərə istinad edir. İsa Məsih orada belə dəlillər tapır. Çıxış 3:6-da Allah deyir ki, O, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıdır. Əgər Allah hətta indi ulu babaların Allahıdırsa, bu o deməkdir ki, onlar hələ də sağ olmalıdırlar, çünki yaşayan Allah ölülərin deyil, dirilərin Allahıdır. Əgər İbrahim, İshaq və Yaqub kimi ulu babalar sağdırsa, onda dirilmə faktı sübuta yetirilib. İsa sadukeylərin hücumlarını dəf edir. Bu hissədəki mövzu bizim anlayışımızdan daha üstün və təcrübəmizdən xaric olsa da, onda iki əbədi və çox qiymətli həqiqət öz əksini tapıb.
1. Sadukeylər göyləri yerə bənzətməklə yanılmışdılar. İnsanlar həmişə belə ediblər. Məsələn, ovçu olan hindular cənnəti münbit ov yeri kimi təsəvvür edirdilər. Təbiətcə döyüşçü olan normanlar Valhallanı49 (ölülər diyarını) bütün günü döyüşə biləcəkləri yer kimi təsəvvür edirdilər; gecələr ölülər diriləcək, yaralılar isə sağalacaq. Hər axşam ziyafət edib, məğlub düşmənlərin kəllələrindən hazırlanmış kasalardan şərab içəcəklər. Dəbdəbə bilməyən bədəvi köçəri müsəlmanlar cənnəti həyatın cismani zövqlərlə dolu olduğu bir yer kimi təsəvvür edirdilər. Yəhudilər dənizə nifrət edirdilər, buna görə də cənnəti dənizin olmayacağı yer kimi təsəvvür edirdilər. Bütün insanlar ağrı və kədərdən qaçmağa çalışırlar: cənnətdə nə göz yaşı, nə də ağrı olacaq. İnsanlar həmişə cənnəti istədikləri kimi təsəvvür ediblər. Onlar cənnət deyəndə gözəl bir məkan təsəvvür edirlər. Birinci Dünya Müharibəsi illərində İngiltərə qəzetində vətəni uğrunda şəhid olanlar haqqında qısa bir şeir dərc olunmuşdu:
Onlar şiddətli döyüşü tərk etdilər,
Ağır döyüşdən sonra çox yoruldular.
Cənnətin qapısı üzlərinə açıq idi,
Orada nə mühafizə, nə tikanlı məftil,
Nə də partlayış səsləri vardı.
Hər yer yaşıllığa bürünmüş,
Sakitlik hökm sürürdü,
Təpələr günəşin işığında,
Mavi dərələr yan-yana sakit yatırdı.
Üfüq boyu gözəl səmanın fonunda
Kiçik meşələr görünürdü.
Dizə qədər otların içində
İri ağac səmaya ucalırdı,
Ağır-ağır yeriyən tənbəl inəklər
Yaşıl çəmənlikdə otlayırdı.
Birdən kilsənin zəngi çalındı.
«İlahi, bu ki İngiltərədir» — biri dedi
«Bu da tennis meydançası».
Burada sözlə ifadə olunmayan gözəllik və həqiqət var. Amma həvari Paulun Yeşaya peyğəmbərin sözlərinə (Yeşaya 64:4) istinad edərək (1Korinflilərə 2:9), nə dediyini unutmamalıyıq: «Allahın Onu sevənlər üçün hazırladıqlarını nə göz görüb, nə qulaq eşidib, nə də insan ürəyi dərk edib». Əbədi həyat təsəvvür edə biləcəyimizdən daha möhtəşəm və əzəmətli olacaq.
2. Sonda İsa Məsih dirilmənin qaçılmaz və Allahla insan arasındakı əlaqənin pozulmaz olduğunu təsdiq edir. Allah İbrahimin, İshaqın və Yaqubun sağlığında onların dostu idi. Bu dostluğu ölüm poza bilməzdi. Allah Ona xidmət edənlərin və Onu sevənlərin Allahı olmaqdan vaz keçə bilməz. Məzmurçunun dediyi kimi: «Amma daim Səninlə olmuşam, mənim sağ əlimdən tutmusan. Nəsihətinlə mənə yol göstərirsən, sonra məni şərəfə çatdıracaqsan» (Zəbur 73:23-24). O, Allahla münasibətinin nə vaxtsa pozulacağını təsəvvür belə edə bilməzdi. Bir sözlə, ölüm nədir bilməyən bir şey varsa, o da yalnız sevgidir.
28-34
İlahiyyatçılar və sadukeylər bir-birilərini bəyənmirdilər. İlahiyyatçıların vəzifəsi Qanunu və onun bir çox qayda və normalarını şərh etmək idi. İlahiyyatçıların işi yazılmamış ənənəvi qanunu bilmək və tətbiq etmək idi. Sadukeylər isə həmin ənənəvi qanunu, ümumiyyətlə, qəbul etmirdilər. Yəqin ki, ilahiyyatçılar sadukeylərin məğlubiyyətini görəndə çox sevindilər. Onlar o dəqiqə ravvin məktəblərində tez-tez mübahisə edilən bir sualla İsaya müraciət etdilər.
Yəhudilikdə bir növ ikili tendensiya var idi: bir tərəfdən Qanunu yüzlərlə, minlərlə qayda və normaya qədər genişləndirir, digər tərəfdən bütün Qanunu bir cümləyə, bir ümumi müddəaya sığdırır, belə demək mümkünsə, iman yolunu qısa xülasə etməyə çalışırdılar. Bir gün yəhudi dinini qəbul edən bir yunan ravvin Hilleldən bir cümlə ilə Qanunu öyrətməsini xahiş etdi. Hillel dedi: «Özünə rəva bilmədiyini başqasına rəva görmə. Qanun bundan ibarətdir. Qalanları isə şərhdir. Get və öyrət»«. Akiba isə belə demişdi: «Qanunun ən böyük və əsas prinsipi «Qonşunu özün kimi sev» əmridir». Saleh Şimon bu fikri belə ifadə etmişdi: «Dünya üç şeyə — Allahın Qanununa, Ona edilən ibadətə və məhəbbətlə idarə olunan əməllərə əsaslanır». Şammay öyrədirdi ki, Musa peyğəmbər Sina dağında 613 nəsihət və göstəriş aldı, yəni bir ilin günlərinin sayına görə 365 və insanların nəsillərinin sayına görə 248 göstəriş aldı. Padşah Davud 15-ci məzmurda bu 613 göstərişi on birə endirdi.
Ya Rəbb, çadırında kim qalar? Müqəddəs dağında kim məskən salar?
Kamillik yolu ilə gedən,
Əməlisaleh olan,
Ürəkdən həqiqəti söyləyən,
Dilinə böhtan gəlməyən,
Dostuna yamanlıq etməyən,
Qonşusunu təhqir etməyən,
Şərəfsizə xor baxan,
Rəbdən qorxanlarasa hörmət edən,
Zərərinə olsa belə, andından geri dönməyən,
Sələmlə pul verməyən,
Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan.
Yeşaya peyğəmbər onları altı bəndə endirir (Yeşaya 33:15):
1. Salehlik yolu ilə gedən,
2. Doğru sözlər danışan,
3. Zorakılıqla əldə edilən qazancı rədd edən,
4. Əlini rüşvətdən uzaq tutan,
5. Qatillərin qurduğu qəsdə fikir verməyən,
6. Pisliyə qarşı gözlərini yuman
Yüksəkliklərdə yaşayacaq, təpələrin başındakı qalalar onun dayağı olacaq.
Mikeya peyğəmbər 6-dan 3-ə salır (Mikeya 6:8):
Ey insan, Allah sənə yaxşı olanı bildirdi;
Ədalət yaratmaqdan,
Məhəbbət göstərməyi sevməkdən,
İtaətkarcasına Allahınla bir yol getməkdən başqa
Rəbb səndən nə istəyir ki?
Yeşaya peyğəmbər bu üç göstərişi ikiyə endirdi (Yeşaya 56:1):
Ədaləti qoruyun,
Salehliyə əməl edin.
Nəhayət, Habaqquq peyğəmbər bu göstərişləri birə endirir (Habaqquq 2:4):
Amma saleh adam imanı ilə yaşayacaq.
Bu onu göstərir ki, ravvinlər nəinki Qanunu genişləndirməyə, həm də onu xülasə etməyə çalışmışdılar. Əslinə baxanda, bunlar iki fəlsəfi məktəbdən ibarət idi: biri Qanunun daha vacib və daha az əhəmiyyətli tərəflərinin olduğuna, başa düşmək və yadda saxlamaq vacib olan böyük prinsiplərin olduğuna inanırdı. Uzun illər sonra Avqustinin dediyi kimi, «Allahı sev və istədiyini elə». Amma bu cür münasibətə etiraz edən və saysız-hesabsız qaydaların yerinə yetirilməsini məcburi hesab edənlər də olub. Onlar qaydaların əhəmiyyəti arasında fərq qoymağa cəhd göstərməyi belə son dərəcə təhlükəli hesab edirdilər. İsaya bu sualı verən ilahiyyatçı yəhudi dünyagörüşündə ən mühüm məsələsinə toxundu. İsa Məsih cavabında iki böyük əmri bir araya gətirərək dedi: «Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir». Bir cümlə yəhudilik imanının bütün etiqadını ehtiva edir (Qanunun Təkrarı 6:4). Buna şema deyilirdi. Şema — dinləmək mənasını verən felin qədim ibrani dilində əmr formasıdır və adını yuxarıda qeyd olunan ayədən almışdı.
Bu ayə üç halda istifadə edilirdi.
Sinaqoqlarda ibadət həmişə bu ayə ilə başlayırdı. Bu gün də belədir. Bütün şema Qanunun Təkrarı 6:4-9; 11:13-21; Saylar 15:37-41-də verilib. Bu, Allahın tək Allah olduğuna dair bəyanatdır. Bu, yəhudi monoteizminin əsası idi.
Şemadan üç parça dua qutucuqlarına — filakterisa qoyulurdu (Matta 23:5). Filakteris ortodoksal yəhudinin dua zamanı alnına və biləyinə taxdığı, iman etiqadını xatırladan kiçik dəri qutucuqlardır. Həmin dua qutucuqlarının taxılmasının əsasını və göstərişini yəhudi Qanunun Təkrarı 6:8-də tapırdı.
Şema mezuza50 adlandırılan kiçik silindrdə saxlanılırdı və indi də saxlanılır. Mezuza hər bir yəhudi evinin qapısına və evin hər otağının qapısına bərkidilir ki, yəhudilərə hər girişdə və çıxışda Allahı xatırlatsın.
İsa Məsih bu cümləni ilk əmr kimi söyləyəndə, hər bir yəhudi Onunla razılaşmalı idi. «Qonşunu özün kimi sev». Bu, Levililər kitabından 19:18-dən olan sitatdır. Orijinal mətndə qonşu sözü yəhudini, yəni həmqəbilədən olan adamı nəzərdə tuturdu. Bu qayda nifrət edilə bilən bütpərəstlərə şamil edilmirdi. Lakin İsa bu sözləri yəhudilərə aid etmədən sitat gətirdi. O, köhnə Qanunu götürüb, onu yeni məna ilə doldurdu.
İsa Məsih yeni bir şey etdi — O, bu iki əmri birləşdirdi. Əvvəllər heç bir ravvin bunu etməmişdi. Təxminən b.e.ə. 100-cü ildə naməlum müəllif tərəfindən patriarxların adından On İki Patriarxın Vəsiyyətnaməsi adı altında bir sıra traktatlar yazılmışdı.
İssakarın vəsiyyətnaməsində (5:2) biz oxuyuruq:
«Rəbbi sev, qonşunu da sev,
Kasıblara və zəiflərə şəfqətlə davran».
Həmin vəsiyyətnamədə (7:6) biz yenə oxuyuruq:
«Mən Rəbbi, eləcə də hər kəsi bütün qəlbimlə sevmişəm».
Danın Vəsiyyətnaməsində isə yazılıb:
«Ömrünüz boyu Rəbbi və bir-birinizi sadiq ürəklə sevin».
Lakin İsaya qədər heç kim bu iki əmri birləşdirməmişdi. İsa Məsih üçün iman yolu — Allahı və insanları sevmək demək idi. O, deyərdi ki, insan Allaha olan sevgisini ancaq insanlara göstərdiyi sevgi ilə sübut edə bilər. İlahiyyatçılar belə şərhi böyük məmnuniyyətlə qəbul etdilər və bu cür məhəbbətin bütün qurbanlardan daha üstün olduğunu təsdiqlədilər. Beləcə İsanın sözləri Onun dövründə yaşayan insanların və xalqının ən ali istəklərinə cavab verdi. Əhdi-Ətiq dövründə Şamuel peyğəmbər demişdi: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan, qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır» (1Şamuel 15:22). Huşə peyğəmbər isə Allahın belə dediyini eşitmişdi: «Çünki Mən qurban deyil, məhəbbət istəyirəm» (Huşə 6:6). Amma məhəbbəti ayinlərlə əvəz etmək həmişə daha asandır. Allaha edilən həqiqi ibadətə həyat prinsipi kimi deyil, İmanlı Cəmiyyətinin funksiyası kimi yanaşmaq həmişə daha asandır. Kahin və levili yaralı səyyahın yanından sakitcə keçə bildilər, çünki onlar məbəddə keçirilən ibadət mərasiminə tələsirdilər. Bu ilahiyyatçı isə müasirlərindən daha irəli getdi və İsanın hörmətini qazandı.
İsa ona «Sən çox irəli getmisən. Bəlkə daha da irəli gedib Mənim düşüncə və hərəkət tərzimi qəbul edəcəksən. O zaman sən Allahın Padşahlığının əsl vətəndaşı olacaqsan» deyəndə, yəqin ki, Onun gözlərində sevgi və yalvarış var idi.
35-36
Bu hissəni başa düşmək bizim üçün çətindir. Çünki burada başa düşmədiyimiz fikirlər səsləndirilir və sübutlardan istifadə olunur. Ancaq Yerusəlim Məbədinin həyətində dinləyən izdiham üçün burada anlaşılmaz və çətin bir şey yox idi. İnsanlar Müqəddəs Yazıların bu cür mübahisə və istifadə üslubunu yaxşı bilirdilər. Ona görə biz əvvəlcə bu hissəni bir az aydınlaşdırmağa çalışacağıq. Azərbaycan dilində Müqəddəs Kitabda 35-ci ayə belə tərcümə olunub: «Niyə ilahiyyatçılar Məsih Davudun Oğludur deyirlər?» Əhdi-Cədidin ilk kitablarında indiki kimi, Məsih sözü heç vaxt xüsusi isim kimi istifadə edilmirdi. Faktiki olaraq, bu hissədə həmin söz müəyyən artiklla işlənir. Ona görə də o, burada hərfi mənasında tərcümə edilməlidir. Məsih və Maşiah eyni mənaya malik olan yunan və ibrani sözləridir — Məsh olunmuş. Bu titul ona görə işlədilirdi ki, qədim zamanlarda padşah təyin olunanda, onu padşahlığa məsh edirdilər, yəni sözün hərfi mənasında onun başına yağ çəkirdilər. Bu gün də məsh edilmə tacqoyma mərasiminin bir hissəsidir. Beləcə Məsih — Allahın məsh olunmuş Padşahını, Öz xalqını xilas etmək üçün Allahdan gələcək böyük Padşahı bildirir. Buna görə İsa «Niyə ilahiyyatçılar Məsih Davudun Oğludur deyirlər?» sualı verəndə, heç də Özünü nəzərdə tutmurdu. Əslində, O soruşur: «İlahiyyatçılar gələcək Allahın məsh etdiyi Padşahın Davud padşahın oğlu olduğunu necə iddia edə bilərlər?» Bunu sübut etmək üçün İsa bu arqumenti irəli sürür. O, Zəbur 110:1-dən sitat gətirir: «Rəbb mənim Ağama dedi: «... Sağımda otur»«.
Yəhudilər bütün məzmurların padşah Davud tərəfindən yazıldığına inanırdılar. Onlar inanırdılar ki, bu məzmur gələcək Məsihdən bəhs edir, padşah Davud isə Gəlməli Olanı öz Rəbbi adlandırır. İsa da sual verir ki, padşah Davud onun oğlu olduğu güman edilən şəxsə necə Rəbb deyə müraciət edə bilər? İsa burada nə öyrətmək istəyir? Davudun Oğlu — Məsihin bütün titullarından ən xarakterik olanı idi. Yəhudilər padşah Davudun nəslindən Gəlməli Olan, Allahın göndərəcəyi Xilaskarı gözləyirdilər (Yeşaya 9:2-7; 11:1-9; Yeremya 23:5 və ardı, 33:14-18; Yezekel 34:23 və ardı, 37:24; Zəbur 89:20 və ardı). İnsanlar, xüsusən izdiham içində İsanı bu adla çağırırdılar (Mark 10:47 və ardı; Matta 9:27; 12:23; 15:22; 21:9,15). İsanın, doğrudan da, padşah Davudun oğlu olması, yəni onun nəslindən gəlməsi bütün Əhdi-Cədiddə rast gəlinir (Romalılar 1:3; 2Timoteyə 2:8; Matta 1:1-17; Luka 3:23-38).
Yuxarıda qeyd edilən Mattanın və Lukanın Müjdəsində İsanın nəsil şəcərələri Onun, həqiqətən, padşah Davudun nəslindən olduğunu sübut etməli idi. İsa Məsih padşah Davudun oğlu olduğunu inkar etmir. İsa deyir ki, O, padşah Davudun oğludur, hətta nəinki oğlu, həm də Rəbbidir. Lakin bütün problem onda idi ki, Davud oğlu titulunu qalib Məsih ideyası, siyasi və milli ideyalar, məqsəd və səylərlə sıx bağlayırdılar. Buna görə də İsa deyirdi ki, hamının dərk etdiyi kimi Davud oğlu titulu Ona aid deyil, çünki O — Rəbdir. Rəbb sözü (yunanca kürios) yəhudi Yazılarının yunan dilindəki versiyasında Yahve (Yehova) sözünün birbaşa tərcüməsidir. Bu addan istifadə edəndə insanların düşüncələri həmişə Allaha yönəlirdi. Eyni zamanda İsa deyirdi ki, O, yer üzündə Özü üçün səltənət qurmaq üçün deyil, insanlara Allahı tanıtmaq üçün gəlib. Burada da İsa həmişə israrla çalışdığı şeyi edir: O, insanları yer üzündə imperiya quracaq qalib və mübariz Məsih ideyasından azad etmək, əvəzində Allahın məhəbbətini insanlara çatdıracaq qul-Məsihi, Allahın qulu ideyasını aşılamaq istəyir.
37-40
Əhdi-Cədidin ayələrə bölünməsi ilk dəfə XVI əsrdə Stefan tərəfindən edilib. Deyirlər ki, o, bunu evdən mətbəəyə gedən yolda edirmiş. Bu hissə elə də yaxşı bölünməyib. Bəlkə də həmin yer düzəldilməli olan bir neçə yerdən biridir. Çox güman, camaat böyük məmnuniyyətlə teoloji söhbətlərdən çox ilahiyyatçıların ifşasını dinləyirdi. Bəzi insanlar ifşa edən söhbətlərdən daha böyük həzz alır, nəinki adi söhbətlərdən.
İsa Məsih burada ilahiyyatçılara qarşı bir neçə ittiham irəli sürür. İlahiyyatçılar uzun paltarda gəzməyi xoşlayırdılar. Ətəkləri yerlə sürünən uzun paltarlar nüfuzlu insanın əlaməti idi: belə paltar geyinən adam nə tələsə, nə də işləyə bilirdi. Onu bekar və hamının hörmət etdiyi insanlar geyinirdi. Amma ola da bilsin ki, bu ifadənin başqa mənası var. Saylar 15:38-ci ayəyə əsasən, yəhudilər Allahın seçilmiş xalqı olduqlarını xatırlatmaq üçün üst geyimlərinin ətəyinə qotaz tikirdilər. Ola bilsin, ilahiyyatçılar xüsusi mövqelərini vurğulamaq üçün geyimlərinin ətəyinə böyük qotaz taxırdılar (Matta 23:5 ilə müqayisə edin). Hər necə də olsa, ilahiyyatçılar diqqəti özlərinə cəlb edəcək şəkildə geyinməyi xoşlayırdılar. Onlar xoşlayırdılar ki, insanlar onları bazar meydanlarında böyük hörmətlə salamlasınlar. Rabbi titulun özü «mənim müəllimim» deməkdir. Belə müraciət onların şöhrətpərəstliyini daha da artırırdı. Eləcə də ilahiyyatçılar sinaqoqlarda bütün hörmətli insanların oturduğu baş kürsüdə və Müqəddəs Yazıların saxlandığı Əhd sandığının önündə oturmağı xoşlayırdılar. Baş kürsüdə oturanların bir üstünlüyü var idi: onları görməmək mümkün deyildi. İbadətə gələnlər onlara hörmətlə baxırdılar. Ziyafətlərdə ilahiyyatçılar yuxarı başı tutmağı xoşlayırdılar. Qədim dövrdə ziyafət zamanı rütbələr siyahısına ciddi riayət olunurdu. Birinci yer sahibin sağ tərəfində, ikincisi yer isə sol tərəfində tutulurdu. Daha sonra nömrələmə sahibin sol tərəfindən başlayaraq, masanın ətrafında dolanırdı. Hansısa insanın cəmiyyətdəki əhəmiyyətini onun tutduğu yerə görə asanlıqla müəyyən etmək olardı.
Onlar dul qadınların evlərini yeyib-dağıdırdılar. Bu, çox ciddi ittihamdır. Özü də mənşəcə farisey olan tarixçi İosif Flavi yəhudi tarixindəki intriqa dövrlərindən danışarkən deyir: «Fariseylər əcdadlarının qanunlarını mükəmməl bildiklərinə görə öyünürdülər və insanları inandırırdılar ki, Allah onları (fariseyləri) yüksək qiymətləndirir... Beləcə onlar bəzi qadınlara öz fikirlərini aşılayaraq onları ovsunlamışdılar». Yəqin ki, bunun arxasında bu səbəblər dururdu: ilahiyyatçı verdiyi təlimə və nəsihətlərə görə məvacib ala bilmirdi. Güman edilir ki, onların hər birinin öz sənəti var idi, bununla da dolanışığını təmin edirdilər. Eyni zamanda ilahiyyatçılar xalqı inandırırdılar ki, bir ravvinə rahat həyat bəxş etməkdən yüksək vəzifə və imtiyaz ola bilməz, ravvini bu cür dəstəkləyən hər bir şəxs səmavi akademiyada yüksək mövqe qazanacaq. Müxtəlif dini şarlatanlar qadınları və sadə insanları aldadırdılar. İlahiyyatçıların və fariseylərin uzun duaları məsələ çevrilmişdi. Deyirdilər ki, onların duaları Allaha deyil, insanlara hesablanıb. Onlar elə yerlərdə və elə bir şəkildə dua edirdilər ki, hamı onların nə qədər mömin olduqlarını görə bilsin. Bu hissədə İsa, həmişə olduğu kimi, üç şeyə qarşı xəbərdarlıq edir.
1. Şöhrət və yüksək vəzifə qazanmaq istəyinə qarşı xəbərdarlıq.
Bu gün də bir çox insanlar İmanlı Cəmiyyətində Allahın xalqına ürəkdən xidmət etmək istədikləri üçün deyil, buna layiq olduqlarını düşündükləri üçün hansısa vəzifəyə sahib olurlar. Çoxları İmanlı Cəmiyyətində vəzifəyə məsuliyyətdən çox imtiyaz kimi baxırlar.
2. Xüsusi hörmətdən zövq almaq istəyinə qarşı xəbərdarlıq. Demək olar ki, hamı ona hörmətlə yanaşmasını istəyir, insanın təbiəti belədir. Lakin məsihçiliyin əsası məhz ondan ibarətdir ki, insan yüksəlməyə yox, kiçilməyə hazır olmalıdır. Monastırların birində abbat51 vəzifəsini tutmalı olan mömin rahib haqqında bir hekayə var. Onun görünüşü o qədər təvazökar idi ki, monastıra çatanda heç kim onu rahib kimi qəbul etmədi. Buna görə onu mətbəxə qab yumağa göndərdilər. O, heç bir söz demədən, ona tapşırılan vəzifəni tutmağa belə cəhd etmədən qab-qacaq yumağa getdi və nökərin görməli olduğu digər işləri də yerinə yetirdi. Anlaşılmazlıq bir qədər sonra — yepiskop monastıra gələndə aradan qaldırıldı. Beləcə təvazökar rahib öz əsl vəzifəsini tutdu. Sırf hörmət və ehtirama görə vəzifədə olan adam xidmətinə böyük səhvlə başlayır. Yalnız öz baxışlarını dəyişəndən sonra o, Allahın və insanların xidmətçisi ola bilər.
3. Dindən və iman yolundan öz xeyri üçün istifadə etmək cəhdlərinə qarşı xəbərdarlıq. Bu gün də dini əlaqələr şəxsi mənfəət və irəliləyiş üçün istifadə edilə bilər. Ancaq bu, İmanlı Cəmiyyətinə ona vermək üçün deyil, ondan nəsə almaq üçün gedənlərə qarşı xəbərdarlıqdır.
41-44
Məbəddə bütpərəstlər üçün nəzərdə tutulmuş həyətlə qadınların həyəti arasında gözəl bir darvaza var idi. Ola bilsin, İsa mübahisələrdən və Məbədin keçidlərindəki müzakirələrdən sonra sakit qalmaq üçün bütpərəstlərin həyətinə getdi. Qadınların həyətində öz formasına görə «Borular» adlanan on üç ədəd qutu var idi. Onların hər biri müəyyən məqsədlər üçün — məsələn, qurbanlıq taxıl, şərab və ya yağ almaq üçün nəzərdə tutulmuşdu. Həmin yerdə gündəlik təqdimlər və Məbəd xərcləri üçün ianə qutuları da var idi. Bir çox insanlar qutulara böyük məbləğdə ianə atırdılar. Budur, dul bir qadın gəldi və qutuya yunanca lepton adlanan iki qara qəpik qoydu. Lepton hərfi mənada nazik deməkdir. Bu, dinarın 1/124-i olan ən kiçik sikkə idi. Lakin İsa dedi ki, bu kasıb dul qadın ianə qutusuna hamıdan çox pul atdı. Çünki başqaları asanlıqla verə biləcəklərini verdilər, onların pulu hələ çox idi. Dul qadın isə dolanmaq üçün əlində nə var idisə, hamısını verdi. Bu bizim üçün ianə verməyin gözəl nümunəsidir.
1. Əsl ianə xeyirxah və qurban verən ürəkdən irəli gəlməlidir. İanənin qədəri önəmli deyil, əsas ianəni verən adam üçün onun dəyərli olmasıdır. Əsl səxavətli insan o kəsdir ki, verdiyi bəxşiş onu incitsə belə, ürəkdən verir. Əksər adamın Allah yolunda ianə verməsini xeyirxahlıq və fədakarlıq adlandırmaq olmaz. Çox az adam Allahın işlərinə daha çox ianə vermək üçün rahatlıqlarından məhrum olmağa hazırdır. Əgər ianələr dilə tutmaq yolu ilə əldə edilirsə (əksəriyyəti verməkdən imtina edir) və bunun əvəzində ianə verənlər əyləncə və ya maddi dəyərlər şəklində nəsə almırlarsa, demək, bu, İmanlı Cəmiyyətinin əsl tənəzzülünə və məsihçiliyin uğursuzluğuna işarədir. Yalnız bəzilərimiz bu hekayəni utanmadan oxuya bilər.
2. Həqiqi ianə vermək tədbir görməməkdir. Bəlkə bu qadının yalnız qəpik-quruşu var idi, bəlkə də, bu, əhəmiyyətsiz pul idi, amma bir şey aydındır — qadın əlində olan hər şeyi Rəbbə verdi. Bunda böyük həqiqət var. Bizim faciəmiz də elə bundadır: biz heç də nə özümüzü, nə həyatımızı, nə də hansısa fəaliyyətimizi tamlığı ilə Məsihə həsr edirik. Demək olar ki, həmişə özümüz üçün nəsə saxlayırıq. Çox nadir hallarda əlimizdə olanları qurban verməyə və özümüzdən imtina etməyə hazır oluruq.
3. İki qəpik qurban verən bir insanın səxavətinin nümunəsinin Əhdi-Cədid və İsa Məsihin dövründən bizə qədər gəlib çatması heyrətamiz və diqqətəlayiqdir. Bəzilərimizə elə gələ bilər ki, onun Məsihə verə biləcəyi maddi sərvətləri və ya şəxsi bəxşişi azdır. Lakin belə adam özündə olanları toplayıb Onun ixtiyarına versə, İsa dünya və bizim üçün ağlımıza belə gətirmədiyimiz şeylər edə bilər.