1-2
Markın Müjdəsinin on üçüncü fəsli müasir oxucunun bütün Əhdi-Cədiddə başa düşəcəyi ən ÇƏTİN yerlərdən biridir. Çünki bu fəsil Müqəddəs Kitabın başqa heç bir yerində olmadığı kimi, əvvəldən axıra qədər yəhudilərin düşüncə tərzini, yəhudi tarixini və yəhudi dünyagörüşünü əks etdirir. İsa Məsih burada o dövrün yəhudilərinə yaxşı məlum olan, lakin bir çox müasir oxuculara qəribə görünən, hətta onlara tamamilə yad gələn assosiasiyalardan, obrazlardan və anlayışlardan istifadə edir. Bununla belə, biz bu yerin üstündən keçə bilmərik, çünki o, İsanın İkinci Gəlişi haqqında bizə çox şey deyir. Lakin Məsihin İkinci Gəlişinin konsepsiyası ilə bağlı müəyyən çətinliklər var. İnsanlar onu ya tamamilə rədd edir, ya da onu İmanlı Cəmiyyətinin və məsihçi inancının yeganə doktrinası kimi görməyə üstünlük verirlər. Bəlkə də bu fəslin diqqətlə araşdırılması bizə bu problemə düzgün və sağlam baxış formalaşdırmağa imkan verəcək.
Əvvəlcə bu fəsli oxumaqda bizə kömək edəcək yəhudi tarixi və yəhudi təfəkkürünün elementləri ilə tanış olacağıq. Sonra isə bu elementləri təhlil etməyə çalışacağıq. Bundan sonra biz bu fəsli adi üsulla bölmə-bölmə təhlil edəcək, yekunda isə orada qeyd olunan və hələ də öz əhəmiyyətini qoruyub saxlayan böyük həqiqətləri işıqlandırmağa çalışacağıq.
Bu fəsli oxuyarkən xatırlamalıyıq ki, biz eyni mövzuya dəfələrlə qayıdırıq, çünki bu mövzu olmadan Əhdi-Cədiddə çox şey qaranlıq qalacaq. Yəhudilər Allahın seçilmiş xalqı olduqlarına, bir gün seçilmiş xalq kimi öz layiqli yerlərini tutacaqlarına heç vaxt şübhə etmirdilər. Onlar bu yeri adi insan yolu ilə qazana biləcəkləri fikrindən çoxdan vaz keçmişdilər. Onlar əmin idilər ki, sonda Allah bəşəriyyətin tarixinə bilavasitə müdaxilə edəcək və bu yeri onlar üçün qazanacaq. Tanrının tarixə birbaşa müdaxilə etdiyi həmin günü yəhudilər Rəbbin günü adlandırırdılar. Onlar həmçinin inanırdılar ki, Rəbbin günü gəlməzdən əvvəl dəhşət və əzab vaxtı gələcək, dünya bünövrəsinə qədər sarsılacaq və hökm gələcək. Sonra yeni dünya, yeni dövr və yeni izzət gələcək. Bu düşüncə bir növ yenilməz nikbinliyin bəhrəsidir. Yəhudilər Allahın bəşəriyyət tarixinə müdaxilə edəcəyinə tam əmin idilər. Lakin digər tərəfdən, bu düşüncə həm də bədbinliyin nəticəsidir. Çünki bizim dünyamız o qədər pisliyə aludə olub ki, hər şeyin yalnız onu məhv etməklə və yenisini yaratmaqla düzəldiləcəyi kimi fərqli bir fikrə əsaslanır. Yəhudilər dünyanın islahı və dəyişdirilməsi haqqında düşünmürdülər. Onlar bütün sistemi yenidən qurmaq haqqında fikirləşirdilər.
Gəlin Əhdi-Ətiqdə Rəbbin günü haqqında deyilənlərə baxaq. Amos peyğəmbərin kitabında 5:16-20-də deyilir:
«...Bütün meydanlardan fəğan qopacaq, bütün küçələrdə ah-zar edəcəklər. Fəğan edən mərsiyə oxuyanlarla kəndlilər yas tutmağa çağırılacaqlar. Bütün üzüm bağlarından da fəğan qopacaq, çünki aranızdan Mən keçəcəyəm» Rəbb belə deyir. Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər! Rəbbin günü siz nə əldə edəcəksiniz? Rəbbin günü də eləcə işıq yox, qaranlıq olmayacaqmı? O, zülmətdir, onda nur yoxdur».
Yeşaya peyğəmbərin kitabında 13:6-16-da Rəbbin gününün dəhşətli mənzərəsi təsvir olunub:
«Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir! ... Budur Rəbbin günü gəlir, amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, yeri səhraya döndərsin, oradakı günahkarları məhv etsin. Göydəki ulduzlar və bürclər işıq verməyəcək, günəş doğarkən tutulacaq, ay nurunu saçmayacaq. ... Buna görə də Mən Ordular Rəbbi, qızğın qəzəb günündə qeyzlə göyləri titrədəcəyəm, yer üzü lərzəyə gələcək».
Yoel peyğəmbərin kitabının ikinci və üçüncü fəsilləri Rəbbin gününün dəhşətli təsvirləri ilə doludur.
«...Rəbbin günü gəlir, ... Qaranlıq zülmətli bir gün! Buludlu və qatı qaranlıq bir gün! Göylərdə və yerdə əlamətlər göstərəcəyəm: qan, alov və tüstü dirəkləri görünəcək. Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəl günəş qaranlığa və ay qan rənginə dönəcək».
Əhdi-Ətiqdə bu cür müdhiş mənzərələrə tez-tez rast gəlirik. Rəbbin günü qəfildən sarsıntı ilə gələcək. Dünyanın Hakimi olan Allah gəlməzdən əvvəl yaradılış məhvdən sarsılacaq, təbiət qanunları məhv olacaq.
Əhdi-Ətiqlə Əhdi-Cədid arasındakı dövrdə yəhudilər azadlığın nə olduğunu bilmirdilər. Ona görə də Rəbbin gününün gəlişi ilə bağlı onların ümidlərinin və arzularının daha da kəskin olması tamamilə təbiidir. Həmin dövrdə məşhur ədəbiyyatın özünəməxsus bir janrı, vəhy mənasını verən Apokalipsislər meydana gəldi. Bu kitablar insanların Rəbbin günündə və ondan qabaq baş verəcəklərinə dair xəyalları və görüntüləri əks etdirirdi. Həmin kitablarda Əhdi-Ətiqdəki mənzərələrdən və obrazlardan istifadə edilərək, getdikcə daha çox yeni təfərrüatlar qeyd olunurdu. Amma onu da ayrıca vurğulamaq lazımdır ki, bütün bu kitablar xəyallardan və görüntülərdən ibarət idi. Bunlar təsvir olunmayanı təsvir etmək və ifadə olunmayanı ifadə etmək cəhdləri idi. Bu, nəsr deyil, poeziya idi; elm deyil, görüntü idi; hekayə deyil, bir yuxu idi. Heç kim onları futuroloqların52 əsərləri hesab etmək və gələcək hadisələri kimi görmək fikrində deyildi. Biz görəcəyik ki, bu fəslin hər detalı üçün paralelləri Əhdi-Ətiqin görüntülərində, eləcə də iki Əhd arasındakı dövrdə yazılmış ədəbiyyatda tapmaq olar. İsa Öz fikirlərini insanlara çatdırmaq üçün apokaliptik ədəbiyyatının dilindən və obrazlarından istifadə etdi. O, insanlara yaxşı məlum olan anlayışlardan istifadə etdi. Üstəlik, həm İsa, həm də insanlar başa düşürdülər ki, bunlar sadəcə bədii, obrazlı mənzərələrdir. Heç kim düşünmürdü ki, Tanrı tarixə birbaşa müdaxilə edəndə, hər şey tam olaraq məhz belə olacaq.
Amma bu hissə həm də düşüncə tərzində fərqlilikləri ifadə edir. Müjdələrin müəllifləri İsanın müxtəlif mövzularda ifadələrini toplamaq vərdişinə malik idilər. Onlar İsanın fikirlərini qələmə almaqla müdrik hərəkət etdilər. Çünki bu formada onlar təlim və nəsihət məqsədlərinə yaxşı xidmət edirdilər. Burada Mark İsanın gələcəklə bağlı bütün ifadələrini sanki bir araya gətirir. Hətta ötəri oxuyan qeyri-mütəxəssis də görə bilər ki, bütün bu ifadələr gələcəyə aid olsa da, müxtəlif aspektlərə toxunur.
Mahiyyət etibarı ilə, bu hissədə beş məqam vurğulanır.
1. Yerusəlimin dağıdılması ilə bağlı peyğəmbərlik (13:2, 14-20-ci ayələr). İsa Məsih sonradan görəcəyimiz kimi, müqəddəs şəhərin sonunu qabaqcadan görmüşdü. O, haqlı idi: Yerusəlim eramızın 70-ci ilində məhv edilmişdi, Məbəd isə yerlə yeksan edilmişdi.
2. Gələcək təqib barədə xəbərdarlıq (9-13-cü ayələr). İsa Məsih qabaqcadan xəbərdarlıq etmişdi ki, Onun ardıcılları acı və çətin günlər yaşayacaq.
3. Axır zamanın dəhşətləri və təhlükələri haqqında xəbərdarlıq (3-6 və 21-23-cü ayələr). İsa Məsih aydın görürdü ki, Onun yolunu təhrif edən insanlar gələcək. Bunun baş verməməsi qaçılmazdı. Çünki insanlar həmişə Allahın səsindən çox öz qürurlu ağıllarının səsinə qulaq asmağa üstünlük verirlər. İsa Məsih əvvəlcədən davamçılarını, İmanlı Cəmiyyətini dolduran yalan təlimlərdən qorumaq istəyirdi.
4. Məsihin İkinci Gəlişi ilə bağlı xəbərdarlıq. Məsihin dünyaya İkinci Gəlişi ilə bağlı bu xəbərdarlıq Rəbbin gününün təsvirlərindən götürülərək ifadə edilib. Həmin xəbərdarlıqlara 7-8 və 24-27-ci ayələrdə rast gəlinir. Rəbbin Günü və Məsihin dünyaya İkinci Gəlişi bir-biri ilə sıx əlaqəlidir. Bu barədə xəbərdarlığın olunması lazım idi, çünki Rəbbin günündə və Məsihin İkinci Gəlişində əslində nə baş verəcəyini heç kim bilmirdi. Burada da unutmamalıyıq ki, biz görüntü və xəyallarla üzləşirik. İsa Məsih İkinci Gəlişini yalnız peyğəmbərlər və Rəbbin günü ilə bağlı apokaliptik ədəbiyyat müəllifləri tərəfindən təsvir olunmuş görüntülərdə və tumarlarda görə bilərdi. Onları hərfi mənada qəbul etmək lazım deyil. Onlar bir növ impressionist53 rəsmlər, gələcəkdən xəbər verən adamların görüntüləridir. Onlar insanları bu hadisənin əzəməti üçün hazırlamalıdır.
5. Hər an hazır olmaq xəbərdarlığı (28-37-ci ayələr). Əgər insanlar əbədiyyət baxımından yaşayırlarsa, daim Allahın birbaşa müdaxiləsini, qiyamət gününü və Məsihin İkinci Gəlişini gözləyərək yaşayırlarsa, əgər hər şeyin vaxtını yalnız Allah bilirsə — onda hər zaman hazır vəziyyətdə olmaq lazımdır. Bu fəsildə müxtəlif mövzuların cəmləndiyini və fikirlərin Əhdi-Ətiqə, eləcə də Rəbbin gününün apokaliptik görüntülərinə və təsvirlərinə istinad etdiyini xatırlasaq, bu fəsil bizim üçün daha çox məna kəsb edəcək. Bu səbəbdən biz fəsli ayəbəayə deyil, fikirlərin yer aldığı hissələrə görə araşdıracağıq.
Beləliklə, Yerusəlimin dağıdılmasını qabaqcadan söyləyən İsanın peyğəmbərliyi ilə başlayaq. Böyük Hirodun tikdirdiyi Məbəd dünyanın möcüzələrindən biri idi. Məbədin tikilməsi eramızdan əvvəl 20-19-cu illərdə başlamış və Məsihin dövründə hələ tam başa çatmamışdı. O, Moriya dağının zirvəsində dayanırdı. Bənnalar tikinti zamanı dağın zirvəsini dağıtmadılar, əksinə, nəhəng platforma kimi bir şey düzəltdilər, binanın təzyiqini paylayan sütunlar qoyaraq, platformanı saxlayan iri hörgülü divarlar ucaltdılar. İosif Flavi yazır ki, bəzi daşların uzunluğu 15 metr, hündürlüyü 4 metr və qalınlığı 6 metrə çatırdı.
Yəqin ki, Qalileyalı şagirdləri heyrətə gətirən məhz bu cür daşlar idi. Məbədin ən əzəmətli girişi onun cənub-qərb küncündə yerləşirdi. Burada onu şəhərdən gözəl bir körpünün keçdiyi Tiropeon vadisi ayırırdı. Körpünün tağlarının uzunluğu 14 metr idi. Tikintisində istifadə olunmuş daşların bəzilərinin uzunluğu 8 metrə çatırdı. Vadinin dərinliyi 70 metr idi. Ümumi uzunluğu 100 metrdən çox olan körpünün eni 15 metr idi. Hündürlüyü təqribən 12 metr olan körpü birbaşa Padşah eyvanına aparırdı. Körpü hər biri mərmər parçasından oyulmuş Korinf sütunlarının üzərində dayanırdı. İosif Flavi Məbədi belə təsvir edir:
«Məbədin fasadı — ön divarı, yəqin ki, diqqəti daha çox cəlb edəcək başqa bir şeylə bəzədilə bilməzdi. Məbəd tamamilə ağır qızıl lövhələrlə örtülmüşdü. Günəşin ilk şüaları Məbədi alov kimi parıldadırdı, ona baxmağa çalışan insanların gözlərini qamaşdırırdı. Amma onu ilk dəfə uzaqdan görənlər üçün Məbəd qarlı zirvə kimi görünürdü. Çünki onun qızıl lövhələrlə örtülməmiş hissələri göz qamaşdıracaq qədər ağ idi. ... Bəzi daşların uzunluğu 45 qulac, hündürlüyü 5 qulac və eni 6 qulac idi» (bir qulac = 45 sm).
Məbədin parlaqlığı şagirdlərdə güclü təəssürat yaradırdı. O, insan nailiyyətlərinin və sənətinin zirvəsi kimi görünürdü. Məbəd o qədər böyük və möhkəm idi ki, sanki əbədi qalacaq kimi görünürdü. Lakin İsa ondan heç bir əsər-əlamətin qalmayacağı gün haqqında xəbərdarlıq etdi. Əlli il keçmədi ki, bu peyğəmbərlik yerinə yetdi.
İnsanın qüruru, dünya şöhrəti,
Qılınc və tac onu aldadar.
Zəhmətlə tikdiyi hər şey — qüllələr, məbədlər
Bir gün torpağa çevriləcək,
Allahın qüdrəti isə saatbasaat
Mənim məbədim, qülləm olacaq.
3-6
İsa Məsih bilirdi ki, dünyanın sonu gəlməzdən əvvəl bidətçilər54 ortaya çıxacaq. Doğrudan da, çox keçmədi ki, İmanlı Cəmiyyətində bidətçilər meydana çıxdı.
Bidət55 üç əsas səbəbə əsaslanır.
1. Özü üçün əlverişli təlim və doqmaların yaradılması. İnsanın zehni yeni fikirlər və istəklər yaratmaq qabiliyyətinə malikdir. «Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər» — məzmurçu bizə məşhur deyimdə söylədi. Məzmurçunun bəhs etdiyi axmaq adam ağlının kəm olmasına axmaq deyildi. O, ruhani cəhətdən axmaq adamdır. Onun Allahın mövcud olmadığı fikrinin əsasında, ilk növbədə, Tanrının olmaması arzusu dayanır. Çünki əgər Allah varsa, demək, onun aqibəti pis olacaq. Buna görə də o, Allahı öz təlimindən uzaqlaşdırır. Artıq məsihçilikdə anonimianlıq adlı xüsusi bir bidət öz yerini tutmuşdur. Bu cür bidət Qanunun (Musanın qanunu) ləğv edildiyi prinsipindən irəli gəlir — ona inanan bidətçilər qismən haqlıdırlar. Eləcə də yalnız lütf var deyəndə, yenə qismən haqlı çıxırlar. Bu cür bidətçilər, həvari Paulun Romalılara 6-cı fəsildə dediyi kimi, təxminən belə düşünürlər: «Siz deyirsiniz ki, Allahın lütfü istənilən günahı aradan qaldıra bilər?» — «Bəli». — «Deyirsiniz ki, Allahın lütfü istənilən günahı bağışlaya bilər?» — «Bəli». «Deyirsiniz ki, Allahın lütfü dünyada ən böyük və ən gözəl şeydir?» — «Bəli». «Onda, — deyə paradoksal bidətçilər nəticə çıxarırlar, — gəlin qəlbimizin rahatlığı üçün günah etməyə davam edək, çünki nə qədər çox günah ediriksə, bir o qədər Allaha Onun heyrətamiz lütfünü təzahür etdirməyə imkan veririk. Günah yaxşı şeydir, çünki o, lütfü təzahür etdirmək imkanı verir. Buna görə istədiyimiz hər şeyi edək». İnsanlar günah edə bilmələri üçün Allahın lütfünü təhrif edirlər. İnsanın həyatında yalnız canının önəmli olduğunu və bədənin heç bir mənası olmadığını deyən insanlar da eyni arqumentləri gətirir. Onlar iddia edirlər ki, belə olan halda, insan öz bədəni ilə istədiyini edə bilər, istəsə, nəfsini belə razı sala bilər. Beləcə insanlar çox vaxt məsihçiliyi öz tələblərinə uyğun dəyişdirməyə çalışaraq bidətçiliyə uğrayırlar. Bəlkə də məhz buna görə cəhənnəm və Məsihin İkinci Gəlişi haqqında təlim çoxlarının şüurundan silinib, çünki bu, son dərəcə xoşagəlməz təlimdir. Heç kim onu əvvəlki, vahimə oyadan formada canlandırmaq niyyətində deyil. Bəlkə də bu təlim imanlıların təfəkküründə ona görə zəifləyib ki, həmin təlimə iman heç də hamını qane etmir.
2. Bundan başqa, bidət insanın, sadəcə olaraq, həqiqətin müəyyən bir hissəsinin fərqinə varmadığına görə yarana bilər. Məsələn, Allahın həmişə yalnız bir xüsusiyyətini vurğulamaq doğru deyil. Əgər biz yalnız Allahın müqəddəsliyi haqqında düşünsək, onda heç vaxt Onunla yaxın münasibət qura bilməyəcəyik, Onun bu dünyadan tamamilə uzaq olduğunu zənn edəcəyik. Əgər yalnız Allahın ədalətini vurğulasaq, onda heç vaxt Allah qorxusundan azad olmayacağıq. Beləcə iman yolumuz bizə kömək deyil, sıxıntı verəcək. Əgər biz Allahı yalnız sevgi baxımından düşünsək, onda iman yolu bizim üçün çox sadə, sentimental bir yola çevrilə bilər. Axı Əhdi-Cədid təkcə Lukanın 15-ci fəslindən ibarət deyil. Məsihçilikdə həmişə paradoksallıq mövcuddur: Allah məhəbbətdir, lakin eyni zamanda Allah ədalətdir. İnsan azaddır, buna baxmayaraq, Allah hər şeyə nəzarət edir. İnsan fani varlıqdır, eyni zamanda əbədi yaşayan məxluq olaraq qalır. İngilis yazıçısı Q.K. Çesterton deyirdi ki, ortodoksal olmaq — bıçağın ucu ilə gəzmək deməkdir, hər iki tərəfində uçurum var. Sağa və ya sola bir addım atan kimi fəlakət qaçılmaz olur. Yunanlar demişkən, biz həyatı həmişə bütöv görməliyik.
3. Bidət insanları razı salan, məşhur və cəlbedici bir din yaratmaq istəyindən yarana bilər. Belə dini yaratmaq — ondan əzab, qınaq, təvazökarlıq, əxlaqi tələbləri aradan qaldırmaq deməkdir. Bizim vəzifəmiz məsihçiliyi insanların tələblərinə uyğunlaşdırmaq deyil, insanları məsihçiliyin tələblərinə uyğunlaşdırmaqdır.
4. Bidət həm də insanın məsihçi qardaşlığından ayrılmasından yarana bilər. Təkliyə qapılıb düşünən insan doğru düşüncədən uzaqlaşmaq riskinə uğraya bilər. İmanlı Cəmiyyətinin ənənəsi var, eləcə də İmanlı Cəmiyyətinin həqiqətin mühafizəçisi olduğu anlayışı var. Əgər insanın düşüncə tərzi onu imanlı bacı-qardaşlarından ayırırsa, deməli, düşüncə tərzində nəyinsə səhv olması mümkündür. Roma katolik kilsəsi inanır ki, əgər insanın anası — kilsədirsə, yalnız o halda Allah onun Atası ola bilər. Bu həqiqətdir.
5. Bidət insanın hər şeyi tam başa düşülən dillə ifadə etmək cəhdindən yarana bilər. Böyük paradokslardan biri də elə buradadır: biz inandığımız şeyləri anlamağa çalışmalıyıq. Ancaq unutmayaq ki, biz fani, Allah isə əbədi və dərkedilməzdir. Biz heç vaxt hər şeyi tam başa düşə bilmərik. Buna görə də, bir sıra müddəalarda açıq şəkildə ifadə oluna və ya bir sıra məntiqi müddəalarla aydın şəkildə sübuta yetirilə bilən iman açıq-aşkar ziddiyyətdir. Çestertonun dediyi kimi: «Yalnız axmaqlar cənnəti ağıllarına sığışdırmağa cəhd edir, buna görə onların başlarının çatlaması təbii haldır. Müdrik insan gözlərini göyə dikə bildiyinə görə sevinir». Nə qədər ağıllı olsaq da, yadda saxlamalıyıq ki, haradasa qarşısında baş əyəcəyimiz, heyran olacağımız və səcdə edəcəyimiz sirr qalır.
Əgər mənim kimiləri dərk edə bilsəydi,
Necə də şadlayanıqla tərənnüm edərdim.
«İman edirəm, — Tertullian dedi, — çünki bu, qeyri-mümkündür.
7-8
Burada İsa Məsih aydın şəkildə İkinci Gəlişindən bəhs edir. Ancaq onu da qeyd edək ki, O, gələcək barədə dediklərini üç mənzərədə canlandırır, bu da yəhudilərin Rəbbin günü haqqında təsəvvürlərinin tərkib hissəsidir.
Rəbbin günü gəlməzdən əvvəl müharibələr dövrü olacaq. 3Ezra 9:3-də deyilir ki, Rəbbin günü gəlməzdən əvvəl «yerlər titrəyəcək, xalqlar və başçılar çaşqınlıq içində olacaq, insanlar təlaşa düşəcək».
3Ezra 13:31-də daha sonra deyilir:
«Onlar bir-birinə qarşı — şəhər şəhərə, millət millətə, padşahlıq padşahlığa qarşı döyüşəcək».
Sibillərin56 3:633-647 peyğəmbərliyində biz oxuyuruq:
«Padşah başqa padşahı əsir götürür və onun torpaqlarını zəbt edir, xalqlar insanları məhv edir və onlara zülm verir, hökmdarlar başqa ölkələrə qaçır, ölkədəki insanlar tamam başqa cür olub, barbar imperiyası isə Elladanı57 xarabaya çevirir və firavan ölkənin sərvətini talan edir, insanlar davada bir-birinə qarşı çıxırlar».
Eyni fikirlərə 2Baruk 27:5-13-də də rast gəlinir. Burada yeni dövr gəlməzdən əvvəl baş verəcək on iki məqam sadalanır:
«Əvvəlcə çaxnaşma başlayacaq, sonra bu dünyanın qüdrətlilərini — zadəganları və varlıları öldürəcəklər. Üçüncü, çoxlarını ölüm yaxalayacaq. Dördüncü, bir çoxları qılıncdan keçiriləcək. Beşinci, aclıq və quraqlıq olacaq. Altıncı, zəlzələlər və təqiblər ... (əlyazmada buradakı yer buraxılıb) ... Səkkizinci, pis ruhi qüvvələrin və cinlərin hücumu olacaq. Doqquzuncu, alovun süqutu, onuncu — soyğunçuluq və hər cür zülm, on birinci, bədxahlıq və təmkinsizlik, on ikinci — yuxarıda sadalanan bütün pisliklər eyni vaxtda baş verəcək».
«Bütün yer əhli bir-birinə qarşı qalxacaq» (48:32). «Hər kəs bir-birinə nifrət edəcək və bir-birilərini döyüşə təşviq edəcək».
«Müharibədən salamat qayıdanlar zəlzələdən öləcək. Zəlzələdən xilas olanlar odda yanacaq, oddan sağ çıxanlar isə aclıqdan öləcək».
Tamamilə aydındır ki, İsa müharibələrdən danışarkən yəhudilərin gələcəklə bağlı təsəvvürlərinin mənzərəsindən istifadə etdi.
2. Rəbbin günündən əvvəl günəş və ay tutulmalı idi.
Bu barədə Əhdi-Ətiqdə (Amos 8:9; Yoel 2:10; 3:15; Yezekel 32:7, 8; Yeşaya 13:10; 34:4) və İsanın dövründə məşhur ədəbiyyatlarda çox deyilir.
«Gecənin ortasında qəflətən günəş və ay üç dəfə parlayacaq...
...Ulduzların çıxması da dəyişəcək»
(3Ezra 5:4-7).
2Baruk 32:1-də «Külli-İxtiyarın bütün kainatı silkələyəcəyi» vaxtdan danışılır. Sibillərin peyğəmbərliyində 3:796-806-də deyilir ki, «qılınclar gecələr ulduzlu səmada alaqaranlığa və şəfəqə yaxın görünəcək ... günəşin üzü isə günortaçağı tutulacaq. Ay işığı yer üzünə düşməyə davam edəcək, qanın sel kimi axdığı dağlardan bir əlamət gələcək». Musanın Vəsiyyəti kitabında «Günəşin buynuzları qırılacaq və qaranlığa çevriləcək. Ay işıq verməyəcək və qana çevriləcək. Ulduzların dövranı pozulacaq» (10:5) zamanından xəbər verilir.
Bir daha aydın görünür ki, İsa Məsih hamıya yaxşı tanış olan məşhur dildən istifadə edir.
3. Yəhudilər xəyal edirdilər ki, bütün xalq dünyanın dörd tərəfindən yenidən İsrailə toplanacaq. Bu fikir Əhdi-Ətiqi (Yeşaya 27:13; 35:8-10; Mikeya 1:12; Zəkəriyyə 10:6-11), eləcə də o dövrün məşhur ədəbiyyatlarını doldurur:
«Müqəddəsləri çağırmaq üçün Sionda şeypur çalın,
Qoy onlar Yerusəlimdə müjdə verən səsi eşitsinlər.
Çünki Allah İsraili ziyarət etməklə onlara rəhm etdi.
Zirvədə dur, ey Yerusəlim,
Rəbbin həm şərqdən, həm də qərbdən topladığı övladlarına bax».
(Süleymanın məzmurları 11:1-3)
«Rəbb sizi imanda şəfqət dolu mərhəmətlə,
İbrahimə, İshaqa və Yaquba görə bir yerə toplayacaq».
(Aşerin vəsiyyəti 7:5-7)
İsa Məsihin İkinci Gəlişi ilə bağlı məcazi sözlərini oxuyarkən yadda saxlamalıyıq ki, O bizə nə əbədiyyət xəritəsi, nə də gələcək üçün plan verir, sadəcə olaraq, yəhudilərin Ondan əsrlər boyu əvvəl yaxşı bildikləri və istifadə etdikləri dildən və təsvirlərdən istifadə edir. Ancaq maraqlıdır ki, İsanın dediyi və qabaqcadan söylədiyi hər şey, doğrudan da, baş verdi. O, müharibələrin baş verəcəyi barədə qabaqcadan söylədi — doğrudan da, qəddar parfiyalılar Roma imperiyasının sərhədlərinə yaxınlaşdılar. O, zəlzələlərin baş verəcəyi barədə qabaqcadan söylədi — növbəti qırx il ərzində Roma imperiyasında Laodikiyanı viran qoyan zəlzələ oldu və Pompeyi lava altında basdıran Vezuvi vulkanı püskürdü. İsa qıtlıqların olacağı barədə söylədi — doğrudan da, imperator Klavdinin dövründə aclıq oldu. Dünyanı, həqiqətən, dəhşətli dövrlər gözləyirdi. Buna görə də Roma tarixçisi Tasit hekayəsini bu sözlərlə başladı: «Baş verən hər şey tanrıların insanlar üçün xilas yox, Roma imperiyasından qisas hazırladığını təsdiqləyir». Bu hissədə yadda saxlamalı vacib faktlardan biri — İsanın İkinci Gəlişini qabaqcadan söyləməsidir. O dedi ki, yenidən gələcək. İsanın fikirlərini çatdırmaq üçün istifadə etdiyi obrazları hərfi mənada qəbul etmək olmaz.
9-13
İsa Məsih burada baş verəcək təqiblərdən danışır. İsa həmişə davamçılarına onların çətin yolu seçdiklərini qeyd edirdi. Heç kim deyə bilməz ki, o, İsa Məsihə hansı şəraitdə xidmət etməli olacağını əvvəlcədən bilməyib. Məhkəmələrə çəkilmə, sinaqoqlarda döyülmə ilə bağlı sözlər şagirdlərin yəhudilər tərəfindən təqibə məruz qalacaqlarından bəhs edir. Yerusəlim şəhərində yəhudilərin Ali Şurası fəaliyyət göstərirdi, bununla yanaşı, hər şəhər və hər kəndin öz yerli şurası var idi. Bu cür şuralarda yəhudilərin bidət hesab etdikləri imanı açıq şəkildə bəyan edənlər mühakimə olunur, sonra sinaqoqlarda döyülürdülər. Valilər və padşahlar haqqında ifadə Roma məhkəmələrindəki proseslərə aiddir. Məsələn, Paulun Feliks, Fest və Aqrippa qarşısında mühakimə olunması və s. Doğrudan da, məsihçilər məhkəmə qarşısına çıxarılanda, möcüzəli şəkildə dəstək alırdılar. Savadsız və qanundan bixəbər olan şəhidlərin məhkəmələri haqqında oxuyanda, elə təəssürat yaranır ki, sanki məhkəmə qarşısında məsihçilər deyil, hakimlər dayanır. Məsihçi imanı hətta ən sadə insanlara belə elə bir Allah qorxusu aşılayırdı ki, onlar adamlar qarşısında qorxu hiss etmirdilər. Bu da bir həqiqətdir ki, bəzən insan ən yaxın qohumları tərəfindən xəyanətə uğrayır. Gənc Roma imperiyasının lənətlərindən biri də xəbərçilər (delator) idi. Onlar hakimiyyəti razı salmaq və onun rəğbətini qazanmaqdan ötrü çəkinmədən yaxınlarını, dostlarını satmağa hazır idilər. Yəqin, ən dəhşətlisi də elə budur.
Bir dəfə nasist Almaniyasında bir nəfər azadlıq uğrunda mübarizə apardığı üçün həbs edilmişdi. O, məhbus həyata və amansız işgəncələrə mətanətlə sinə gərdi, sonda azad edildi. Heç nə onu sındıra bilmədi. Lakin çox keçmədi ki, həmin adam intihar etdi. Bu barədə eşidənlərin çoxu təəccüblənmişdi. Yalnız onu yaxından tanıyan insanlar intiharın əsl səbəbini bilirdilər — həmin adam öyrənmişdi ki, onu ələ verən öz oğlu imiş. Düşmənlərinin zülmü onu sındıra bilmədi, amma doğma insanın xəyanəti onu məhv etdi.
Ailə üzvləri arasındakı bu düşmənçilik son günlərin ən tipik, ən dəhşətli hadisəsi hesab olunurdu.
«Bütün dostlar bir-birinə qarşı çıxacaqlar».
(3Ezra 5:9)
«Onlar bir-birinə nifrət edəcək və bir-birilərini döyüşə çağıracaqlar».
(2Baruk 70:3)
«Onlar bir-birinə qarşı — qocalar gənclərə, kasıblar zənginlərə, sıravi insanlar rütbəlilərə, yoxsullar şahzadələrə qarşı vuruşacaqlar
(Yubileylər kitabı 23:19)
«Uşaqlar valideynlərindən utanacaqlar, valideynlər də uşaqlara qarşı çıxacaq». (Mişna, Sota 9:15)
«Çünki oğul atasına xor baxır, qız anasına, gəlin də qayınanasına qarşı qalxır. İnsanın düşməni öz ev əhli olub».
(Mikeya 7:6).
İnsanların bir-birinə sədaqəti pozulduqca yer üzündə həyat cəhənnəmə çevrilir. İnsan daha heç kimin sevgisinə etibar edə bilmir.
Həqiqətən, məsihçilərə nifrət edirdilər. Roma tarixçisi Tasit məsihçiliyi iyrənc bir xurafat kimi təqdim etmişdi. Svetoni Trankvill onu yeni və dəhşətli xurafat adlandırırdı. Bu nifrət əsasən məsihçiliyin ailələrdə yaratdığı parçalanmadan qaynaqlanırdı. Axı insan Məsihi anadan, atadan, oğuldan və ya qızdan daha çox sevməlidir. Üstəlik, məsihçilərə atılan böhtanlar vəziyyəti daha da çətinləşdirirdi. Şübhəsiz, bu böhtanın yayılmasında yəhudilərin də böyük əməyi olmuşdur. Ən ciddi böhtanlardan biri — məsihçilərin adamyeyən olduğu iddiası idi. Bunun təsdiqini Məsihin bədəninin və qanının iştirakına aid olan Rəbbin süfrəsi mərasiminin sözlərində tapırdılar.
Digər şeylərdə olduğu kimi, burada da sona qədər dözən xilas olacaq. Həyat qısa sprint58 qaçışı deyil, marafondur. Həyat birdəfəlik döyüş deyil, uzun bir yürüşdür. Sağlığında tərcümeyi-halının yazılmasından imtina edən məşhur bir insanın belə hekayəsi var. O deyirdi: «Son mərhələdə o qədər adamın yıxıldığını görmüşəm ki...». İnsan yolun sonuna çatmayanadək həyatı müsbət qiymətləndirmək olmaz. Con Bunyan yuxusunda görmüşdü ki, cənnət qapısından cəhənnəmin qapısına bir yol açılır. Yalnız sona qədər dözən insan xilas olacaq.
14-20
İsa Məsih romalıların mühasirəsi zamanı Yerusəlimin süqutu və başına gələn bəzi dəhşətləri qabaqcadan söylədi. Baş verənlərin ilk əlamətini görən kimi, İsa insanlara paltarlarını və mallarını götürmədən şəhəri tərk etmələri barədə xəbərdarlıq etdi. İnsanlar isə hər şeyi əksinə etdilər: onlar amansız ölümlə üzləşdikləri Yerusəlimə sığındılar. Bu barədə düşünmək belə qorxuludur.
Viranəlik gətirən iyrənc şey ifadəsi Daniel peyğəmbərin kitabından götürülüb (Daniel 9:27; 11:31; 12:11). Orijinalda işlədilən bu ifadə hərfi mənada lərzəyə salan murdarlıq deməkdir. Bu ifadə Antiox (Epifan) ilə əlaqədar yaranmışdır. Biz onun yəhudi dinini məhv etməyə, yunan düşüncə tərzini və yunan həyat tərzini necə tanıtmağa çalışdığını artıq görmüşük. Antiox Məbədin böyük qurbangahında donuz ətini qurban gətirərək və müqəddəs həyətlərdə fahişəxanalar quraraq Yerusəlimdəki Məbədi murdarlamışdı. O, hətta müqəddəs Məbəddə Zevsin nəhəng heykəlini qoyub, yəhudilərə ona səcdə etməyə əmr etmişdi. Bununla əlaqədar olaraq, 1Makkabilər 1:54-də deyilir: «Yüz qırx beşinci ilin Kislev ayının on beşinci günü padşah viranəlik gətirən iyrənc şeyib qurbangahın üzərində tikdi, Yəhudanın ətrafındakı şəhərlərdə bütlər üçün qurbangahlar qurdular». Viranəlik gətirən iyrənc şey lərzəyə salan murdarlıq deməkdir. Əvvəlcə bu ifadə bütpərəstlərin bütlərinə və onlarla əlaqəli olan hər şeyə — Antioxun Məbədi murdarladığına dair hər şeyə işarə edirdi. İsa Məsih dedi ki, bütün bunlar yenidən təkrarlanacaq. Bütün bunlar artıq 40-cı ildə baş verdi. O dövrdə özünün tanrı olduğunu iddia edən, epilepsiya xəstəsi və dəli Kaliqula Romada imperator idi. O, Yerusəlimdə heç bir büt olmayan Məbədin olduğundan xəbər tutdu və müqəddəs yerdə öz heykəlini qoymağa qərar verdi. Onun məşvərətçiləri Kaliqulanı bu fikirdən yayındırmağa çağırırdılar, çünki bunun qaçılmaz olaraq qanlı vətəndaş müharibəsinə səbəb olacağını anlayırdılar. Kaliqula inadkarlıq edib öz dediyində dayandı. Xoşbəxtlikdən, Məbədi murdarlamaq planını həyata keçirməyə macal tapmadan 41-ci ildə öldü.
Bəs İsa Məsih viranəlik gətirən iyrənc şey deyəndə, nəyi nəzərdə tuturdu? İnsanlar təkcə Məsihi deyil, həm də şərin təcəssümü olacaq və Allaha qarşı olan hər şeyi özündə cəmləşdirəcək hansısa bir qüvvənin zühur edəcəyini gözləyirdilər. Həvari Paul bu qüvvəni qanunsuz adam adlandırır (2Saloniklilərə 2:3). İlahiyyatçı Yəhya vəhy kitabında bu qüvvəni Roma ilə eyniləşdirir (Vəhy 17). İsa Məsih deyir: «Çox yaxında, günlərin bir günü siz Allahın xalqını və Onun müqəddəs məkanını məhv etməyə cəhd göstərən və şəri təcəssüm etdirən qüvvənin baş qaldıracağını görəcəksiniz». İsa Məsih gələcək dəhşətləri təsvir etmək üçün köhnə ifadədən istifadə edir. 70-ci ildə Yerusəlim gələcək Roma imperatoru Titin ordusunun əlinə keçdi. Bu mühasirənin dəhşətləri dünya tarixinin ən qaranlıq səhifələrindən birini təmsil edir. Bütün bölgənin sakinləri Yerusəlimdə toplanmışdı, şəhərin Titə təslim olmaqdan başqa yolu qalmadı. Hətta belə bir dəhşətli vaxtda şəhərin məzhəb və siyasi qruplaşma baxımından daxildən parçalanması məsələni daha da çətinləşdirmişdi. Həmin mühasirə «Yəhudi müharibəsi»nin beşinci kitabında Roma tarixçisi İosif Flavi tərəfindən təsvir edilib. O yazır ki, doxsan yeddi min insan əsarətə düşmüş, bir milyon yüz min insan isə aclıqdan və qılıncdan keçirilərək ölmüşdü:
«Aclıq daha da güclənib ailələri məhv edirdi. Evlərin yuxarı mərtəbələri acından ölən qadın və uşaqların, şəhərin küçələri qocaların meyitləri ilə dolu idi. Uşaqlar və gənclər aclıqdan şişərək bazar meydanlarında kölgə kimi dolaşır, bədbəxtliyin onları yaxaladığı yerdə qəfil ölürdülər. Onları dəfn edən də yox idi. Sağlam, hələ də qüvvəsi olanlar çoxlu sayda cəsəddən və ölümün onları nə vaxt tutacağına dair qeyri-müəyyənlikdən qorxurdular. Çoxları isə ölüm saatları gəlməzdən əvvəl qəbirlərə girib ölümlərini gözləyirdilər. Bu bəlanın içində heç kim yas tutmur, heç kim şikayət etmirdi. Aclıq bütün təbii hissləri məhv etmişdi. Dərin sükut ölüm gecəsi kimi şəhəri bürümüşdü».
Mənzərəni daha da dəhşətli edən ölüləri soyan qarətçilər idi. İosif qeyd edir ki, ot dənəsinin tapılması belə mümkün olmayanda «bəziləri çox dəhşətli vəziyyətə düşdüyündən kanalizasiya və köhnə peyin yığınlarının axtarışına çıxırdılar, əvvəllər ikrahla baxdığı şeyləri indi yeyirdilər».
O, insanların dəri kəmərləri və ayaqqabıları necə yediklərinə dair acınacaqlı mənzərələri təsvir edir. Uşağını öldürüb bişirən və yemək axtarışında olan insanlara həmin yeməyi təklif edən qadının dəhşətli hekayəsini danışır.
İsa Məsihin Yerusəlimi qarşıda gözlədiyi şiddətli günlər haqqında peyğəmbərliyi tam şəkildə yerinə yetdi. Şəhərə toplaşan yüz minlərlə insan öldü, yalnız Onun məsləhətinə qulaq asıb dağlara qaçanlar xilas oldu.
21-23
Mark 13:21-23 ayələrinin şərhinə Mark 13:3-6-da baxın.
24-27
Mark 13:24-27 ayələrinin şərhinə Mark 13:7-8-ə baxın.
28-37
1. İsa Məsihin burada söylədiyi hər şeyin Onun nəslinin dövründə baş verməli olduğunu düşünmək yanlışdır. Ancaq İsa burada da haqlı idi. Onun dedikləri İkinci Gəlişinə aid deyil və ola da bilməz, çünki O, növbəti cümlədə həmin günün nə vaxt gələcəyini bilmədiyini söyləyir. Bu cümlələr İsanın qabaqcadan söylədiyi Yerusəlimin süqutuna və Məbədin dağıdılmasına aiddir, bütün bunlar isə tam şəkildə yerinə yetdi.
2. İsa Məsih deyir ki, İkinci Gəlişinin gününü və saatını bilmir: hətta bəzi məsələlərdə O, bilavasitə Allahın iradəsinə güvənirdi — Məsihin İkinci Gəlişinin dəqiq tarixini və planını hazırlayanlara bundan ciddi xəbərdarlıq ola bilməz. Buna görə də suallar vermək, hətta Rəbbimizin buna iddia etmədiyi məsələləri araşdırmaq bizim tərəfimizdən əsl küfrdür.
3. İsa Məsih buradan əməli nəticə çıxarır. Biz Ağamızın mütləq gələcəyini bilən, amma nə vaxt gələcəyini bilməyən insanlar kimiyik. Biz əbədiyyət baxımından yaşayırıq. Lakin bu o demək deyil ki, biz qorxu, həyəcan içində yaşamalı və gözləməliyik. Əksinə, işimizi hər gün görüb, onun tamamlanmasını yaxınlaşdırmalıyıq, yəni elə yaşamalıyıq ki, Onun nə vaxt gələcəyinin bizim üçün heç bir əhəmiyyəti olmasın. Bu bizim üzərimizə mühüm vəzifə qoyur: hər gün elə yaşamalıyıq ki, Məsih həmişə həyatımızı görə bilsin, hər an Onunla şəxsən görüşməyə hazır olaq. Onda bütün həyatımız Padşahla görüşə hazırlığa çevriləcək.
Fəslin əvvəlində dedik ki, bu, çətin fəsildir. Amma burada hansı əbədi həqiqətləri vurğulaya bilərik?
1. Biz öyrənirik ki, yalnız Allah adamı tarixin sirlərinə nüfuz edə bilər: İsa Məsih Yerusəlimin taleyini əvvəlcədən görmüşdü, baxmayaraq ki, bu barədə heç kimin xəbəri yox idi. Əsl dövlət xadimi Allah adamı olmalıdır. Ölkəni idarə etmək üçün insanı Allah idarə etməlidir. Yalnız Allahı yaxşı tanıyan insan Onun bəzi planlarına və niyyətlərinə vara bilər.
2. Biz Məsihin İkinci Gəlişi haqqında bəzi şeylər öyrənirik:
a) Məsihin İkinci Gəlişi məsuliyyəti öz öhdəmizə götürərək unutduğumuz və ya laqeyd yanaşdığımız məqamları ehtiva edir.
b) Məsihin İkinci Gəlişində bəzi məqamlar İsanın yaşadığı dövrün obrazlarını və mənzərəni təsvir edir. Buna görə İsanın Özünün bunların dərinliyinə varmadığı halda, onlar haqqında uzun danışmaq və ya onlara istinad etmək mənasızdır. Bununla belə, əmin ola bilərik ki, tarix qabaqcadan müəyyən edilmiş məqsədə doğru inkişaf edir.
3. Biz öyrənirik ki, Allahı unudub dünya işlərinə qarışmaq böyük ağılsızlıqdır. Müdrik insan heç vaxt unutmur ki, Rəbb onu çağırdığı anda o, hazır olmalıdır. Bunu xatırlayaraq yaşayan insan qorxu deyil, əbədi bəxtiyarlıq duyacaq.