1-2
İsa Məsihin yer üzündəki həyatının son günlərinin başlanğıcı yaxınlaşırdı. Məsələ burasındadır ki, Pasxa və Mayasız Çörək bayramı, həqiqətən, iki fərqli bayram idi. Pasxa bayramı Nisan ayının 14-nə — təxminən aprelin 14-nə təsadüf edirdi. Mayasız Çörək bayramı isə Pasxadan yeddi gün sonra qeyd olunurdu. Pasxa böyük bayram idi. Ona Şənbə günü kimi xüsusi yanaşırdılar. Mayasız Çörək bayramını kiçik bayram adlandırırdılar. Həmin bayramda yeni işə başlamaq qadağa olunsa da, «ictimai maraqlar naminə və ya ziyanın qarşısını almaq üçün zəruri olan» işlərə icazə verilirdi. Lakin Pasxa, həqiqətən, böyük bayram idi.
Pasxa bütün yəhudilər üçün üç vacib bayramdan biri idi. Pasxa bayramı ilə yanaşı, Əllinci gün59 və Çardaqlar bayramı da vacib sayılırdı. Yerusəlimdən 25 km aralıda yaşayan bütün yetkin yəhudi kişi Pasxa bayramında Yerusəlimə gəlməli idi. Bu bayramın iki mənası var idi.
a) Pasxa bayramı tarixi əhəmiyyət kəsb edirdi (Çıxış 12). Pasxa İsrail oğullarının Misir əsarətindən qurtuluşunu xatırladırdı. Allah Misirə bir-birinin ardınca cəzalar göndərmişdi. Hər belə cəzadan sonra firon xalqı buraxacağına söz versə də, Allah onun ürəyini inadkarlaşdırdığı üçün o, verdiyi sözdən imtina edirdi. Sonda dəhşətli gecə gəldi, ölüm mələyi Misir torpağından keçib hər evdə ilk övladı öldürməli idi. İsraillilər quzu kəsməli, çəngə züfa otunu qurbanın qanına batırmalı, evlərinin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtməli idilər. Qapıda belə işarə görən ölüm mələyi həmin evdən yan keçməli idi, beləcə evin sakinləri salamat qalacaqdı. Yola düşməzdən əvvəl israillilər odda bişirilən quzu ətini və mayasız çörəyi yeməli idilər. Pasxa bayramı məhz mələyin evlərin yanından yan keçməsinin, bu qurtuluşun və bu yeməyin xatirəsi olaraq qeyd edilirdi.
b) Pasxa əkinçilik üçün vacib əhəmiyyət daşıyırdı. Bu bayram arpa biçini ilə üst-üstə düşdüyünə görə, həmin gün arpanın ilk dərzi Allaha təqdim edilirdi (Levililər 23:10, 11). Yalnız bundan sonra təzə məhsulun arpasını dükanlarda satmaq və ondan bişmiş çörəyi yemək olardı.
Pasxa bayramına qabaqcadan xüsusi hazırlıq görülürdü. Bayrama bir ay qalmış sinaqoqlarda onun mənasını izah etməyə başlayırdılar. Məktəblərdə isə hər gün uşaqlara bayramın mənasını öyrədirdilər ki, heç kim ziyafətdə nadan və hazırlıqsız iştirak etməsin. Yollar düzəldilir, körpülər təmir edilirdi. Bundan əlavə, xüsusi bir şey də edirdilər. Məsələ burasındadır ki, insanları çox vaxt yolun kənarında dəfn edirdilər. Əgər yolçu və ya zəvvar yol kənarındakı belə bir qəbir daşına toxunsa idi, o, meyitə toxunurmuş kimi qəbul edilir natəmiz sayılırdı və bayramda iştirak edə bilməzdi. Buna görə də Pasxa bayramından əvvəl yol kənarındakı bütün qəbir daşları və plitələr ağardılırdı ki, onları hamı aydın görə bilsin, zəvvarlar isə onlara toxunmadan rahat keçə bilsinlər. 120-134-cü məzmurlara ziyarət nəğməsi deyilir. Çox güman, zəvvarlar Pasxa bayramına gedərkən məhz bu məzmurları oxuyub, yollarını asanlaşdırırdılar. Deyilənə görə, onlar təpədə yerləşən Məbədə qalxarkən səyahətlərinin son nöqtəsində 123-cü məzmuru oxuyurdular.
Bayaq dediyimiz kimi, Yerusəlimdən 25 kilometr məsafədə yaşayan hər yetkin yəhudi kişi Pasxa bayramında iştirak etməli idi. Yerusəlimə isə daha çox insan axışırdı. Hər yəhudi həyatında heç olmasa bir dəfə Yerusəlimdə Pasxa yeməyi yemək arzusunda idi. Buna görə o dövrdə dünyanın bütün ölkələrindən olan zəvvarlar Pasxa bayramında Yerusəlimə axışırdılar. Bayram zamanı onlar pulsuz sığınacaq və yemək alırdılar. Düzdür, hamı Yerusəlimə sığmasa da, çoxları Yerusəlimə yaxın şəhər və kəndlərdə, o cümlədən Bet-Anya və Bet-Faqedə qalırdı. İosif Flavinin hekayəsindən Pasxa bayramında Yerusəlimə nə qədər zəvvarın gəldiyini təsəvvür etmək olar. Onun sözlərinə görə, b.e. təxminən 65-ci ilində Suriya legiti Sestius Qall imperator Neronu yəhudilər üçün onların dininin nə qədər əhəmiyyətli olduğuna inandırmaqda çətinlik çəkmişdi. Neronda təəssürat yaratmaq üçün Sestius Qall Yerusəlimin o vaxtkı baş kahinindən Pasxa bayramının birində kəsilən bütün quzuların sayını qeyd etməyi xahiş etmişdi. İosif Flaviyə görə, qurbanların sayı 256 500-ə çatmışdı. Qanuna görə, bir quzunu ən azı on nəfər yeməli idi. Beləcə Yerusəlimə gələn zəvvarların sayı üç milyona yaxın olmalı idi.
Yəhudi hakimiyyət orqanlarının narahatlığı bax elə buradan başlamışdı. Pasxa bayramı ərəfəsində insanlar çox həyəcanlı olurdular. Misirin əsarətindən qurtuluş xatirələri insanlarda Romadan yeni qurtuluş haqqında fikirlər və istəklər oyadırdı. Həmin ərəfədə millətçilik hissləri hər zamankından daha kəskin olurdu. Yerusəlimdə romalıların qərargahı və qoşunları yox idi. Valinin iqamətgahı Qeysəriyyədə yerləşirdi, Roma əsgərləri də orada idi. Pasxa zamanı xüsusi dəstələr Yerusəlimə gətirilir və Məbədin üzərində ucaldılan Antoni qalasına yerləşdirilirdi. Romalılar gözəl anlayırdılar ki, Pasxa bayramında hər şey baş verə bilər, ona görə buna yol vermək istəmirdilər. Yəhudi rəhbərləri də bilirdilər ki, hər an partlaya biləcək belə bir atmosferdə İsanın həbsi iğtişaşlara gətirib çıxara bilər. Məhz buna görə onlar ictimaiyyətin xəbəri olmadan Onu həbs etmək üçün gizli yollar və imkanlar axtarırdılar.
İsanın yer üzündəki son günləri dünyanın hər yerindən axışan yəhudilərin sıx olduğu şəhərdə keçirdi. Yəhudilər bir vaxtlar xalqının Misir əsarətindən qurtulduqları hadisəni qeyd etməyə buraya gəlirdilər. Allahın göndərdiyi bəşəriyyətin Xilaskarı məhz belə bir vaxtda Çarmıxa çəkilmişdi.
3-9
Bu hekayənin daha çox kədərli olması — İsaya göstərilən son xeyirxahlıqdan bəhs etməsidir.
İsa Məsih Bet-Anya kəndində cüzamlı Şimonun evinə gəlmişdi. O dövrdə insanlar masa arxasında deyil, alçaq skamyalarda yan uzanıb, sol əlinin dirsəyinə söykənərək, sağ əlləri ilə yemək yeyirdilər. Yemək yeyən adama yaxınlaşan insan sanki onun başının üstündə dayanmış olurdu. Əlində ağ mərmər qabda ətirli yağ olan bir qadın İsanın yanına gəldi. O dövrdə belə bir adət var idi: evə gələn və ya süfrəyə oturan qonağın üzərinə bir neçə damcı ətirli yağ damcılayırdılar. Qadının qabında isə bahalı xalis nard yağı var idi. Həmin yağ uzaq Hindistanda bitən nadir bitkinin kökündən alınırdı. Lakin qadın bahalı yağdan bir neçə damcı deyil, qabı sındırıb, içindəki yağın hamısını İsanın başına tökdü. Onun belə etməsinin bir neçə səbəbi ola bilərdi. Birincisi, qadın qabın içində olan bütün yağın istifadə olunacağını göstərmək üçün onu sındıra bilərdi. Şərqdə belə bir adət var idi — əgər çox hörmətli qonaq kasadan içirdisə, onu sonra sındırırdılar ki, daha az nəcib adamın əli ona toxunmasın. Ola bilsin, qadının niyyəti məhz belə idi. Lakin İsa Məsih bu qadının ağlına gəlməyən başqa bir şey gördü. Şərqdə belə bir adət də var idi: mərhumu əvvəlcə çimdirir, sonra bədəninə ətirli yağ çəkirdilər. Daha sonra yağ qabını sındırıb, qırıntılarını mərhumla birlikdə qəbirin içinə qoyurdular. Bilərəkdən olmasa da, qadının etdiyi məhz bu idi. Onun hərəkəti yanındakıların narazılığına səbəb olmuşdu. Axı belə ətirli yağın qiyməti üç yüz dinar dəyərində idi. Dinar isə muzdlu işçinin gündəlik maaşı idi. Bu cür ətirli yağ almaq üçün sadə insan təxminən bir il işləməli idi. Qadının bu hərəkəti süfrədə oturanlara boş yerə israf kimi göründü, çünki onu satıb pulları yoxsullara vermək olardı. Lakin İsa onların fikirlərini başa düşdü və onlara Müqəddəs Yazılardan sitat gətirdi: «Ölkədə həmişə kasıblar olacaq» (Qanunun Təkrarı 15:11). İsa Məsih sanki dedi: «Siz həmişə yoxsullara kömək edə bilərsiniz, amma Mənim üçün nəsə etməyə sizin çox az vaxtınız qalıb. O, dəfn üçün Mənim bədənimə əvvəlcədən yağ çəkib».
Bu epizod sevginin insanı necə dəyişdiyini yaxşı göstərir.
1. İsa dedi ki, qadın gözəl bir iş gördü. Yunan dilində yaxşılıq mənasını bildirən iki söz var: aqatos və kalos. Aqatos — əxlaqi cəhətdən yaxşı şey deməkdir, kalos isə nəinki yaxşı şey, həm də gözəl, xoş bir şey deməkdir. Bəzi şeylər aqatos ola bilər, yəni onlar həm yaxşı, həm də eyni zamanda sərt və ürəyə yatmayan ola bilər. Kalos isə füsunkar, şirin, hətta cazibədar olur. İsanın sözlərinə görə, bu qadının etdikləri füsunkar idi. Məhəbbət təkcə yaxşı işlər görmür, həm də gözəl işlər görməyə həvəsləndirir.
2. Əsl məhəbbətdə həmişə müəyyən israfçılıq olmalıdır. Məhəbbət kimin böyük, kimin kiçik olduğunu düşünmür, nüfuzunu qorumaq şərti ilə az vermək haqqında düşünmür. Sahib olduğu hər şeyi qurban verəndə belə, hələ az verdiyini fikirləşir. Məhəbbətdə mənafe güdmədən tədbirsizlik var.
3. Məhəbbət müəyyən işlər üçün yalnız bir dəfə imkan verildiyini görə bilir. Bizim faciəmiz həm də ondadır ki, bəzən bizdə nəsə etmək həvəsi yaranır, amma təəssüf ki, onu etmirik. Bəzən utanırıq. Bəzən də bizə elə gəlir ki, bunu etmək ədəbsizlik olar, ya da sağlam düşünəndən sonra, hətta ən adi işlərdə belə — məsələn, kiməsə təşəkkür məktubu göndərmək, kiməsə sevgimizi və ya minnətdarlığımızı bildirmək, kiməsə xüsusi bir hədiyyə vermək, yaxud xoş bir söz söyləməkdən daha ağıllı hərəkət etməyi seçirik. Əfsuslar olsun ki, belə istəklər çox vaxt başlamamış sönür. Əgər bu qadının etdiklərini daha çox insan etsəydi, bu dünya qat-qat yaxşı olardı. Qadın qəlbinin dərinliyində yaxşı başa düşürdü ki, əgər indi bunu etməsə, onda heç vaxt edə bilməyəcək. İsa Məsihə də təsir edən məhz ürəkdən gələn tədbirsiz xeyirxahlıq idi.
4. Burada yenə də İsanın Özünə olan sarsılmaz inamı göstərilir. O, artıq qarşıdakı Çarmıxı görürdü, lakin bunun son olacağını düşünmürdü. O, Xoş Xəbərin dünyaya yayılacağına inanırdı və Xoş Xəbərlə yanaşı anın təsiri altında ürəkdən sevdiyinə görə «israfçılıq» edən həmin qadının etdikləri də yayılacaqdı.
10-11
Mark mükəmməl məharətlə bu iki epizodu — Bet-Anyada məsh olunma və Yəhudanın xəyanəti epizodunu yan-yana qoyur. İsrafçı məhəbbət və dəhşətli xəyanət. Yəhuda haqqında düşünəndə həmişə dəhşətə gəlirik. Dante60 «İlahi Komediya»sında Yəhudanı cəhənnəmin ən dərin yerində — doqquzuncu qatında, soyuq və buzlu yerə yerləşdirmişdi. Həmin yer ehtirasın ani şiddətində günah işlədənlər üçün deyil, Allahın məhəbbət qanununu soyuqqanlılıqla və ölçüb-biçmiş şəklində pozanlar üçün hazırlanmışdı. Mark hər şeyi o qədər yığcam şəkildə ifadə edir ki, düşünmək üçün heç bir əsas qoymur. Lakin Yəhudanın hərəkəti haqqında bir neçə şey deyə bilərik:
1. Onu hərislik, acgözlük idarə edirdi. Matta 26:15-də deyilir ki, Yəhuda ona əvəzində nə verə biləcəklərini öyrənmək üçün hakimiyyət orqanlarının yanına getdi, hətta onlarla qiymətləşdi. Yəhya 11:57-dən öyrənmək olar ki, hakimiyyət nümayəndələri İsanı həbs etmək üçün onun harada olduğunu bilmək istəyirdi. Ola bilsin, həmin vaxta qədər İsanı qanunu pozan cinayətkar kimi qələmə vermişdilər və Onun başı üçün mükafat vəd etmişdilər. Yəhuda isə bu barədə bildiyinə görə, müəyyən edilmiş mükafatın məbləğini dəqiqləşdirmək istəyibmiş. Yəhya çox aydın yazır ki, şagirdlərin xəzinədarı kimi Yəhuda öz vəzifəsindən şəxsi mənafeyi üçün istifadə edirdi, yəni ümumi xəzinədən oğurluq edirdi (Yəhya 12:6). Yəqin, elədir ki var. Pul hərisliyi insanı dəhşətli şeylərə uğrada bilər. Pul insanı kor edə, namusdan məhrum edə, ədəb normalarını unutdura bilər. Yəhuda bəzi şeylərin həddindən artıq baha başa gələcəyini çox gec öyrəndi.
2. Onu paxıllıq və qısqanclıq əsir etmişdi. Alman şairi F. Klopştok hesab edirdi ki, Yəhuda şagirdlərə qoşulanda böyük insana çevrilmək üçün çox istedadlı və comərd idi. Lakin sonra İsanın sevimli şagirdi Yəhyaya olan paxıllığı və qısqanclığı onu narahat etməyə başladı. Məhz bu qısqanclıq Yəhudanı dəhşətli əmələ sövq etdi. Hətta Müjdələrdə belə asanlıqla görmək olar ki, həvarilər arasında dəfələrlə fikir ayrılıqları və ziddiyyətlər olub. Görünür, digər şagirdlər özlərini idarə edə və bunun öhdəsindən gələ bilmişdilər. Yəhudanın qəlbində isə qabağıalınmaz və idarəolunmaz qısqanclıq və paxıllıq hökm sürürdü. Yalnız bir neçə şey qısqanclıq və paxıllıq qədər insanın və onun ətrafındakı olanların həyatını korlaya bilər.
3. Onu şöhrətpərəstlik idarə edirdi. Biz dəfələrlə gördük ki, həvarilər Padşahlığı sırf dünyəvi anlayışlarla təsəvvür edirdilər, orada vacib yeri tutmaq arzusunda idilər. Ola bilsin, Yəhuda da bu cür düşünürdü. Bəlkə də digər şagirdlər hələ xəyallara dalmağa davam edərkən, Yəhuda artıq onların reallıqdan nə qədər uzaq olduğunu, ümumiyyətlə, bu xəyalların nə qədər yanlış olduğunu və şanslarının nə qədər az olduğunu anlamışdı. Yəqin ki, Yəhuda istədiyi hər şeyə yer üzündə nail olmaq qərarına gəlmişdi. Çox güman, bir vaxtlar Yəhudanın İsaya bəslədiyi məhəbbət nifrətə çevrilmişdi.
Vilyam Şekspir «VIII Henrix» əsərində Uolsinin dilindən Tomas Kromvelin ünvanına aşağıdakı sözləri deyir:
«Kromvel, səni çox qınayıram,
Şöhrətpərəstlikdən əl çək;
Bu günah mələklərin süqutuna səbəb oldu;
Yaradanın surətində yaranan insan
Şöhrətpərəstliyə görə
Uğur qazanacağına necə ümid edə bilər?
Özünü bu qədər sevmə».
Bəzən insanlarda elə bir izzəti-nəfs olur ki, ürəyində tutduğu məqsədə çatmaqdan ötrü həmin izzəti-nəfs sevgini, şərəfi və yaxşı olan hər şeyi məhv edir.
4. İnsanların əksəriyyəti düşünür ki, Yəhuda İsanın ölümünü istəmirdi. Amma əminliklə deyə bilərik ki, Yəhuda İsa Məsihi onun milli müstəqillik və şöhrət arzularını yerinə yetirə bilən insan kimi görürdü. O, fanatik millətçi idi. Lakin Yəhuda başa düşdü ki, İsa şüurlu şəkildə Çarmıxa — ölümə doğru gedir. Buna görə də, ola bilsin, Yəhudanın İsaya xəyanət etməsi — onun milli müstəqillik arzusunu həyata keçirməkdən ötrü sonuncu cəhdi olub. Bəlkə də o, İsanı ona görə ələ verdi ki, İsa yəhudi başçıların əlində olduğunu görüb, xilası naminə hərəkətə keçməyə məcbur qalacaq. Beləcə arzusunda olduğu qalibiyyət hərbi əməliyyatın başlanğıcı olacaq. Yəhudanın əməlinin nəticəsini görüb, aldığı pulu yəhudi hakimiyyətinin ayağına atması və gedib özünü asması hansısa mənada bu nəzəriyyəni dəstəkləyir (Matta 27:3-5). Əgər bu, həqiqətən, belədirsə, onda Yəhuda tarixin ən böyük faciəsini yaşayıb.
5. Luka və Yəhya deyir ki, şeytan Yəhudanın ürəyinə girdi (Luka 22:3; Yəhya 13:27). Sonda məhz belə də oldu. Yəhuda İsanın Onun deyil, özünün istədiyi kimi olmasını istəyirdi. Əslində, Yəhuda İsanın şagirdi olmaq üçün deyil, İsanı öz iddialı planlarını və istəklərini həyata keçirməyə vadar etməkdən ötrü Onun davamçısı oldu. Yəhuda İsanın iradəsinə tabe olmaqdan çox, Onu öz iradəsinə tabe etdirmək istəyirdi. Amma İsanın Öz yolunu — Qolqotaya gedən yolu seçdiyini görəndə, o qədər qəzəbləndi ki, gedib Onu ələ verdi. Günahın kökündə qürur dayanır, onun mahiyyəti müstəqillik əldə etmək istəyidir. Günahın kökü — Allahın istədiyini deyil, öz istədiyimizi etməyə çalışmağımızdadır. Şeytana da məhz elə bu lazımdır. O, Allaha qarşı olan, Onun qarşısında əyilməyən hər şeyin tərəfindədir. Yəhudanın ürəyinə girən məhz bu ruh oldu. Yəhuda haqqında düşünəndə, tüklərimiz ürpəşir. Amma gəlin bir daha düşünək — acgözlük, paxıllıq, qısqanclıq, şöhrətpərəstlik, hər şeyi bildiyimiz və istədiyimiz kimi etmək arzusu — məgər biz ondan çoxmu fərqlənirik? Bütün bunlar Yəhudanı İsaya xəyanət etməyə sövq etdi. Eyni xüsusiyyətlər bu gün də insanları İsaya xəyanət yoluna sövq edir.
12-16
İsa Məsihə münasibətdə bu sözü istifadə etmək qəribə görünə bilər. Lakin İsanın son həftəsi hekayəsini oxuyanda, Onun hər şeyi təşkil etmək bacarığı çox heyrətləndirir. Biz yenə də görürük ki, O, heç vaxt heç nəyi son ana qədər saxlamırdı: O, Yerusəlimə girəcəyi sıpa haqqında qabaqcadan razılaşmışdı. Şagirdlər ondan Pasxa yeməyini harada yeyəcəklərini soruşanda, İsa onları Yerusəlimdə səhənglə su daşıyan bir adamı tapmağa göndərdi: bu, əvvəlcədən danışılmış işarə idi. Məsələ burasındadır ki, səhəngdə suyu, adətən, qadınlar daşıyırdı, kişilər heç vaxt belə işlə məşğul olmurdular. Çiynində səhəng daşıyan kişi yağışlı bir gündə qadın çətirini götürən kişi kimi Yerusəlimdə izdiham arasında seçilirdi. İsa heç nəyi sonraya saxlamırdı, nə də işlərin öz axarı ilə getməsinə icazə vermirdi. O, artıq şagirdlərinin son görüşü üçün yeri qabaqcadan seçmişdi və tanıdığı adamı necə tapacağını göstərmişdi.
Yəhudilərin böyük evlərinin yuxarı otaqları olurdu. Belə evlər böyük bir qutunun üstünə daha kiçik qutu qoyulmuş qutulara bənzəyirdi. Həmin kiçik qutu yuxarı otaq idi. Oraya əsas otaqdan yan keçib, çöl pilləkənlərlə qalxırdılar. Adətən, yuxarı otaqda qonaqları qəbul edir və ya sakitlikdə istirahət edirdilər, ya da oradan anbar kimi istifadə edirdilər. Belə otaqda ravvinlər xüsusilə yaxın şagirdlərini qəbul edirdilər. İsa burada yəhudi ravvinləri kimi etdi.
Yəhudilərin günləri necə hesabladığını xatırlamalıyıq. Yeni gün axşam saat altıda başlayırdı. Axşam saat 6-ya qədər Nisan ayının 13-ü idi, yəni Pasxa bayramına hazırlıq günü idi. 14 Nisanda keçirilən Pasxa bayramı isə axşam saat 6-dan başlayırdı. Başqa sözlə, Nisan ayının 14-ü cümə günü, Nisan ayının 13-ü cümə axşamı saat 6-da başlayırdı.
Yəhudi Pasxa bayramı üçün hansı hazırlıqlar görülürdü? Birincisi, maya axtarışı adəti. Pasxa başlamazdan əvvəl ən kiçik maya qırıntıları belə evdən çıxarılmalı idi. Çünki Misirdə ilk Pasxa (Çıxış 12) mayasız çörəklə yeyilirdi (yəhudilərin mayasız çörəyi əsl çörəyə deyil, suda bişmiş peçenyeyə bənzəyir). Misirdə mayasız çörək mayalı çörəkdən daha tez bişdiyi üçün bişirilirdi. İlk Pasxa — Misir əsarətindən qurtuluş Pasxası uzun səfərə hazırlıq olduğundan tələsik yeyilməli idi. Bundan əlavə, maya — çürümə simvolu idi. Maya — acımış xəmirdir. Yəhudilər mayalanmanı çürüməyə bərabər tuturdular. Buna görə maya çürümə simvolu sayılırdı. Pasxa bayramından bir gün əvvəl evin sahibi əlinə şam götürüb mərasim keçirirdi — maya qırıntılarını tapmaq üçün evi axtarırdı. Axtarışa başlamazdan əvvəl belə dua edirdi: «Bizi əhdləri ilə təqdis edən və bizə mayadan təmizlənməyi əmr edən Allahımız, Kainatın Padşahı Yehova, Sənə alqış olsun».
Axtarış mərasiminin sonunda ev sahibi deyirdi: «Qoy evimdə olan, gördüyüm və görmədiyim bütün maya — maya deyil, yerin tozu sayılsın». Bundan başqa, Pasxadan bir gün əvvəl günortadan sonra Pasxa quzusu qurban kəsilirdi. Hamı Məbədə toplaşır və ibadətdə iştirak edən hər bir ailə başçısı öz quzusunu qurban gətirirdi. Yəhudilər inanırdılar ki, Allaha təqdim olunan əsl qurban — məhz qandır, çünki onlara görə, qan həyat demək idi. Bu, tamamilə ağlabatan baxış idi. Çünki yaralı insanın və ya heyvanın qanı axıb getdiyi kimi, həyatı da axıb gedir. Buna görə də Məbəddə ibadətdə iştirak edən hər kəs öz quzusunu kəsirdi. İbadətə gələnlərlə qurbangah arasında əllərində qızıl və ya gümüş kasa tutan iki uzun cərgə kahin dayanırdı. Kahinlərdən biri quzunun boğazını kəsəndə, digəri qanını bu kasalardan birinə yığırdı. Kasa cərgənin ən sonda dayanan və qurbangahın üzərinə qan sıçradan kahinə çatana qədər cərgə boyunca ötürülürdü. Sonra quzunun dərisini soyuyur, içalatını və piyini çıxarırdılar. Çünki quzunun içalatı və piyi qurbanlığın bir hissəsi idi. Əti isə qurban gətirən şəxsə qaytarırdılar. Əgər İosif Flavinin qeyd etdiyi rəqəmlər düzdürsə, onda Məbəddəki mənzərəni və qan içində olan qurbangahın vəziyyətini təsəvvür etmək çox çətindir. Çünki dörddə bir milyondan çox quzu qurban gətirilirdi. Quzunu odda bişirmək üçün evə aparırdılar. Onu suda bişirmək olmazdı. Qurban əti nə qazanın divarlarına, nə də başqa bir qaba toxunmalı idi. Onu yalnız nar ağacından düzəldilmiş şişə taxıb ocaqda bişirmək olardı. Şiş quzunun boğazından tutmuş budunun dibinə qədər keçməli idi. O, başı, ayaqları, hətta quyruğu ilə bütöv qızardılmalı idi.
Yemək masası bir tərəfi açıq olan kvadrat şəklində düzəldilirdi. Masa, adətən, alçaq olurdu. Qonaqlar skamyalara sol əlləri ilə söykənib, sağ əllərini yemək üçün boş saxlayırdılar. Süfrə üçün bəzi ərzaqlar lazım idi, şagirdlər onları hazırlamalı idilər:
1. Birincisi, ölüm mələyi Misirdən keçəndə qapıların üzərində qan işarəsini görüb necə yan keçdiyini və onların necə qorunduğunu xatırlamaq üçün bir quzu lazım idi.
2. İkincisi, əsarətdən çıxanda tələsik yedikləri çörəyi xatırlamaq üçün mayasız çörək lazım idi.
3. Misirdə tökdükləri göz yaşlarını və möcüzəli şəkildə Qırmızı dənizin sularından necə keçdiklərini xatırlamaq üçün qabda duzlu su lazım idi.
4. Misirdə köləliyin acılığını xatırlamaq üçün acı otlar dəsti — qıtığotu, kasnı, hindiba, kahı, itotu lazım idi.
5. Misirdə gildən kərpic hazırlamalarını xatırlamaqdan ötrü alma, xurma, nar və qoz-fındıqlardan hazırlanan Xaroşev pastası lazım idi. Pastada kərpic istehsalında istifadə olunan samanı simvolizə edən darçın budaqları var idi.
6. Dörd kasa şərab lazım idi. Kasanın tutumu dörddə bir litrdən bir az çox idi. Üstəlik, şərab və su 3:2 nisbətində qarışdırılırdı. Bayramın müəyyən mərhələlərində içilən dörd kasa şərab onlara Çıxış 6:6-7-də yazılan dörd vədi xatırlatmalı idi.
«Sizi Misirlilərin zülmündən qurtaracağam,
onların əsarətindən çıxaracağam
və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam.
Sizi Özümə xalq edəcəyəm və sizin Allahınız olacağam».
Pasxa bayramı üçün görülən hazırlıqlar bunlardır. Bayramın hər bir təfərrüatı Allahın Öz xalqını Misir əsarətindən xilas etdiyi böyük qurtuluş gününü xatırladırdı. Məhz həmin ziyafətdə bütün dünyanı günahdan xilas edən Şəxs şagirdləri ilə son dəfə süfrə başına oturmuşdu.
17-21
Yeni gün axşam saat altıda başladı. Pasxa axşamı gələndə İsa Məsih on iki şagirdi ilə yemək yeməyə oturdu. Uzun əsrlər əvvəl Misirdə qeyd olunan Pasxada yalnız bir şey dəyişmişdi — o dövrdə Pasxa ayaq üstə yeyilirdi (Çıxış 12:11). Həmin dövrdə bu, tələskənlik əlaməti idi, köləlikdən qurtulan yəhudilərin qul olduqlarına işarə idi. İsanın dövründə isə Pasxa, bir qayda olaraq, süfrə başında yeyilirdi. Bu da öz evi və öz ölkəsi olan azad insan rəmzi idi.
Bu, çox kədərli hissədir. Həmin vaxt İsanın yaddaşında «hətta etibarlı saydığım ən yaxın dostum, çörəyimi yeyən mənə xəyanət etdi» (Zəbur 41:9) mətni səslənirdi. Bu sözlər İsanın fikrindən çıxmırdı, həm də bəzi vacib məqamlara işarə edirdi.
1. İsa Məsih nə baş verəcəyini qabaqcadan bilirdi. O, böyük şücaət göstərdi, xüsusilə də son günlərdə. Axı İsa asanlıqla gizlənib həbsdən yayına bilərdi, lakin O, qorxmadan irəli getdi. Homer61 yazır ki, yunanların böyük döyüşçüsü Axilles62 son döyüşə getdiyi təqdirdə öldürüləcəyi barədə qabaqcadan xəbərdarlıq almışdı. Lakin buna belə cavab vermişdi: «Mən yenə də getmək niyyətindəyəm». İsa Onu nəyin gözlədiyini yaxşı bilərək irəli getdi.
2. İsa Yəhudanın ürəyini oxuya bildi. Maraqlıdır ki, qalan şagirdlər heç nədən şübhələnmirdilər. Onlar Yəhudanın nəyə əl atdığını bilsəydilər, şübhəsiz ki, zorla olsa da, onun qarşısını alacaqdılar. Bu bizim üçün bir dərsdir: biz bəzi şeyləri qardaşlarımızdan gizlədə bilərik, amma İsadan heç nə gizli qala bilməz. O, insanın qəlbini yaxşı bilir. O, insanın necə olduğuna bələddir.
Düşüncələrimiz gözlərinin önündə açıqdır, çılpaqdır.
Gizli günahlarımız Sənin pak rəğbətli baxışının işığındadır.
Həqiqətən, nə bəxtiyardır ürəyi təmiz olanlar!
3. Bu hissə İsanın Yəhudaya necə müraciət etdiyini göstərir:
a) İsa onu son məhəbbət çağırışı ilə səsləyir və sanki belə deyir: «Nə etmək istədiyini yaxşı bilirəm. Məgər indi də dayanmayaq fikrində olmayacaqsan?»
b) İsa ona son xəbərdarlığını edir. İsa Yəhudaya gizli planının nəticəsini əvvəlcədən göstərir. Biz də buna xüsusi diqqət yetirməliyik, çünki Allah bizimlə məhz belə danışır. O bizi məcbur etmir. Əlbəttə, İsa Yəhudanı dayandıra bilərdi. O, digər on bir şagirdə Yəhudanın nə etmək istədiyini söyləsə idi, Yəhuda heç vaxt otaqdan sağ çıxmazdı. İnsanın və ümumilikdə bəşəriyyətin mövqeyi bundan qaynaqlanır: Allah bizə azad iradə verib; Onun sevgisi bizi çağırır; Onun həqiqəti bizi xəbərdar edir, amma O, heç vaxt bizi nəyəsə məcbur etmir. İnsan Allahın məhəbbətini rədd etmək və ya Onun xəbərdarlığına məhəl qoymamaq məsuliyyəti daşıyır. Hər halda, günahlarımıza görə cavabdeh yalnız özümüzük. Yunan mifində belə bir hekayə var: iki səyyah dəniz pərilərin oxuduğu qayanın yanından keçmək istəyirdi. Dəniz pəriləri qayanın üstündə oturub o qədər gözəl nəğmə oxuyurdular ki, dənizçiləri qəti ölümə sövq edirdilər. Odissey63 isə qayadan yan keçə bilmişdi. Bunun üçün o, dənizçilərin qulaqlarını tıxadı ki, mahnını eşidə bilməsinlər, özünü isə dirəyə bağlamasını və nə olursa-olsun, nə qədər çırpınırsa çırpınsın, gözəl nəğmənin vəsvəsəsinə uymaması üçün onu dirəkdən açmamağı əmr etmişdi. Odissey özünü məcbur edərək bunun öhdəsindən gələ bilmişdi. Dəniz pəriləri adasının yanından keçən ikinci dənizçi həssas musiqiçi Orfey64 idi. O, başqa bir üsul tətbiq etdi: adanın yanından keçəndə o qədər gözəl oxudu ki, onu dinləyən dənizçilər dəniz pərilərin necə oxuduğunu hiss etmədilər. O, şirnikdirici şeyə daha güclü çağırışla cavab verdi. Allah da sərt davranmır: O, iradəmizə zidd olaraq bizi günahdan çəkindirmir. O bizdə Özünə qarşı elə bir məhəbbət oyatmağa çalışır ki, Onun səsi bizi Ondan uzaqlaşdıran istənilən səsdən daha şirin və güclü səslənsin.
22-26
İsanın və şagirdlərinin nə etdiyini daha yaxşı başa düşmək üçün əvvəlcə Pasxa bayramının necə qeyd olunduğunu araşdıraq. Bayram süfrəsinin ardıcıllığı belə idi:
1. Əvvəlcə Kidduş kasadan içirdilər. Kidduş müqəddəslik, həsr olunma və təqdis deməkdir. Bu adət Pasxa yeməyini digər adi yeməklərdən fərqləndirirdi. Ailə başçısı kasanı götürüb xeyir-dua verirdi, sonra hamı həmin kasadan içirdi.
2. Bundan sonra əllərin ilk yuyulması adəti gəlirdi. Bu mərasimi bayramağası həyata keçirirdi. O, müəyyən edilmiş ayinə uyğun olaraq əllərini üç dəfə yuyurdu. Bu barədə biz 7-ci fəsildə danışmışdıq.
3. Daha sonra cəfəri budağını və ya kahı yarpağını götürüb duzlu suya batıraraq yeyirdilər. Bu, yeməkdən əvvəl iştahaaçan məzə idi. Kahı Misirdə qapı dirəklərini qana bulayan züfa otunun, duzlu su isə Misirdə tökülən göz yaşlarının və İsrailin Qırmızı dənizin sularından təhlükəsiz keçməsinin rəmzi idi.
4. Sonra çörəyi bölmək mərasimi gəlirdi. Çörək bölünəndə iki xeyir-dua oxunurdu: «Ey yer üzündə hər şeyi bitirən və hər şeyə bərəkət verən Rəbb Allahımız, Kainatın Padşahı, Sənə alqış olsun» və «Gündəlik çörəyimizi bizə verən səmavi Atamız, Sənə alqış olsun». Süfrəyə üç mayasız çörək qoyulurdu. Ortadakı çörəyi götürüb hissələrə bölürdülər və onun balaca bir hissəsini yeyirdilər. Bu, yəhudilərə Misirdə yedikləri acı çörəyi xatırladırdı. Onlar Misirdə qul olarkən heç vaxt bütöv çörək yeyə bilmədiklərini xatırlamaq üçün bir tikə çörək yeyirdilər. Çörək bölündükdən sonra ailənin başçısı deyirdi: «Bu, atalarımızın Misir torpağında yediyi acı çörəkdir. Qoy ac olan hər kəs gəlib yesin. Qoy yoxsullar gəlib Pasxa bayramını bizimlə keçirtsin» (İndi bu bayramı başqa ölkələrdə qeyd edən yəhudilər həmin məşhur duaya əlavə söz ediblər: «Biz bayramı burada qeyd edirik, gələn il isə İsrail torpağında qeyd edəcəyik. Bu gün biz köləyik, gələn il isə azad olacağıq»).
5. Sonra Misirdən qurtuluş hekayəsi danışılırdı. İştirak edənlərdən ən kiçiyi bu günün digərlərindən nəyə görə fərqləndiyini, bütün bunların nə üçün edildiyini soruşmalı idi. Evin başçısı Pasxa bayramının qeyd olunduğu gündən xilasa qədər İsrailin bütün tarixini danışmalı idi. Pasxa adətə çevrilə bilməzdi, çünki o, həmişə Allahın qüdrətinin və mərhəmətinin xatirəsi olaraq qalırdı.
6. Sonra 113-cü və 114-cü məzmurlar oxunurdu. 113-118-ci məzmurlar isə Hallel — yəni Allaha həmd nəğmələri adlanırdı. Həmin məzmurları ilk növbədə yəhudi oğlan uşaqları yadda saxlamalı idi.
7. Bundan sonra ikinci kasadan şərab içirdilər. O, Haqqada kasası, yəni izahat və ya bəyan kasası adlanırdı.
8. İştirak edənlərin hamısı əllərini yuyub yeməyə hazırlaşırdılar.
9. Onlar belə dua edirdilər: «Ey Rəbbimiz, Allahımız, yerdə hər şeyi bitirən kainatın Padşahı, Sənə həmd olsun! Bizi əmrlərlə təqdis edən və mayasız çörək yeməyə imkan verən Allaha alqış olsun!»
Bundan sonra iştirakçılara balaca mayasız çörəklər paylanırdı.
10. Mayasız çörək tikələrinin arasına acı otlar qoyulur, Xaroşefə batırılır və yeyilirdi. Buna soi deyirdilər. Bu, yəhudilərin bir zamanlar düzəltməyə məcbur olduqları kərpicləri və köləlik dövrünü xatırladırdı.
11. Sonra əsl yemək başlayırdı. Quzu bütöv yeyilməli idi. Quzunun qalıqları məhv edilməli və adi yeməkdə istifadə olunmamalı idi.
12. Əllər yenidən yuyulurdu.
13. Mayasız çörəyin qalıqları yeyilib qurtarırdı.
14. Məsihin elçisi İlyasın gəlişi üçün şükür duası oxunur, sonra xeyir-dua adlanan üçüncü kasadan şərab içilirdi. Bu kasadakı şəraba belə xeyir-dua verirdilər: «Şərab meyvəsini yaradan kainatın Padşahı olan Allahımıza həmd olsun».
15. Sonra Hallel mahnıların ikinci hissəsi — 114-118-i məzmurlar oxunurdu.
16. Daha sonra böyük Hallel kimi tanınan dördüncü kasadan şərab içilir və 136-cı məzmur oxunurdu.
17. Sonda iki qısa dua oxunurdu.
«Gördüyün bütün işlərin Sənə tərənnüm edəcək, ey Allahımız Xudavənd. Sənin müqəddəslərin, salehlərin, Sənə izzət verənlər və bütün xalqın, İsrail nəsli, qoy Sənə həmd etsin, alqışlasın, izzətləndirsin, Sənə ehtiram göstərərək adını yüksəltsin, ey Padşahımız Allah. Çünki Sənə həmd etmək nə qədər xoşdur, adını tərənnüm etmək nə qədər sevinc bəxş edir. Sən əbədiyyətdən əbədiyyətə Var olan Allahsan».
«Ya Rəbb, Allahımız, bütün canlı varlıqlar Sənin adını tərənnüm edəcək. Bütün bəşəriyyət həmişə Sənin əzəmətini bəyan edəcək, ey Padşah Allahımız. Çünki əzəldən əbədiyyətə qədər Sən Allahsan. Səndən başqa heç bir Padşahımız və Xilaskarımız yoxdur».
Beləcə Pasxa bayramı başa çatırdı. Əgər İsanın və şagirdlərinin yediyi yemək Pasxa bayramı idisə, 13-cü və 14-cü bəndlərdə İsa Özü haqqında danışır və Özünü nəzərdə tuturdu. 16-cı bənddə qeyd olunan məzmuru oxuyub, Zeytun dağına tərəf tələsdilər.
İndi isə gəlin İsanın nə etdiyinə və şagirdlərinin yaddaşında nəyi həkk etmək istədiyinə baxaq. Biz dəfələrlə gördük ki, yəhudi peyğəmbərlər sözlərin istənilən effekti vermədiyini hiss edəndə, rəmzlərdən və dramatik hərəkətlərdən istifadə edirdilər. Məsələn, Axiya peyğəmbər əynində olan təzə paltarı götürüb on iki yerə cırdı və on qəbilənin onu padşah seçəcəyinə işarə etmək üçün onlardan onunu Yarovama verdi (1Padşahlar 11:29-32); Yeremya peyğəmbər gələcək köləliyin əlaməti olaraq qayışlarla bağlanan taxta bir boyunduruq düzəldib boynuna taxdı (Yeremya 27); Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu qırdı (Yeremya 28:10-11); Yezekel peyğəmbər də dəfələrlə belə rəmzlərdən istifadə etmişdi (Yezekel 4:1-8; 5:1-4). Onların hər biri başa düşürdülər ki, sözlər tez unudula bilər, hərəkətlər isə yaddaşda həkk olunur.
İsa Məsih da eyni şeyi etdi. O, hər şeyi insanların şüurunda daha da möhkəmlətmək üçün rəmzləri xalqının qədim bayramı ilə birləşdirdi. İsa dedi: «Baxın! Bu çörək bölündüyü kimi, Mənim bədənim də sizin üçün qırılacaq! Bu kasadan şərab axıdılan kimi, Mənim qanım da sizin üçün axıdılacaq!» Bəs kasanın Yeni Əhd simvolizə etdiyini deyəndə nə demək istəyirdi? Əhd sözü yəhudi dininə xas olan sözdür: bu dinin əsasında Allahın İsraillə bağladığı əhd dayanırdı. Bu söz razılaşma, sövdələşmə, münasibət qurmaq mənasını verir. Köhnə əhdin qəbulu Çıxış 24:3-8-də təsvir edilmişdir. Buradan aydın olur ki, əhdin qüvvədə qalması İsrailin Qanuna bütünlüklə riayət etməsindən asılı idi. Qanun pozulan kimi Allahla Onun xalqı arasında həm əhd, həm də münasibət pozulurdu.
Bu münasibətlər tamamilə Qanundan və ona əməl olunmasından asılı idi. Hakim Allah idi. Heç kim Qanuna əməl edə bilmədiyi üçün İsrail xalqı heç vaxt öz öhdəliklərini yerinə yetirə bilmədi, həmişə borclu olaraq qaldı. İsa Məsih isə burada deyir: «Mən Allahla insan arasında yeni bir əhd, yeni münasibət bağlayıram. Bu münasibətlər Qanuna deyil, Mənim tökəcəyim qana əsaslanacaq». Başqa sözlə desək, bu münasibət yalnız və yalnız sevgi üzərində qurulacaq. Yeni Əhd insanla Allah arasında Qanuna deyil, məhəbbətə əsaslanan münasibətdir. Yəni İsa deyir: «Mən hər nə edirəmsə, Allahın sizi nə qədər sevdiyini sizə göstərmək üçün edirəm». İnsanlar artıq Allahın Qanunu altında yaşamırlar. Rəbbin süfrəsi mərasiminin bizə dediyi əsas şey budur.
Bir məqamı da qeyd edək. Son cümlədə yenə də dəfələrlə gördüklərimizi görürük. İsa Məsih iki şeyə əmin idi: O, ölməli olduğunu və Onun Padşahlığının gələcəyini bilirdi. O bilirdi ki, Onu Çarmıx gözləyir. Eyni zamanda Onu izzətin gözlədiyinə də əmin idi. Çünki İsa Allahın məhəbbətinə tam əmin idi, həmçinin insanların günahkar olduğunu bilirdi. O bilirdi ki, sonda sevgi günaha qalib gələcək.
27-31
İsa hər şeyə hazır idi. Müqavimətə, anlaşılmazlıqlara, ortodoksal yəhudilərin düşmənçiliyinə, dostlarından birinin xəyanətinə, Çarmıxa çəkilmənin əzablarına və iztirablarına — O, hər şeyə hazır idi. Ancaq görünür, İsanı ən çox təsirləndirən dostlarının vəfasızlığı idi. İnsan dostlarına ən çox çətinliklə qarşılaşanda ehtiyac duyur. Amma məhz belə bir vəziyyətdə dostlar İsanı tək qoydular. İsa fiziki əzabları və qəlb acısını tamlığı ilə yaşadı. O, bu iztirablardan keçdi.
İngilis dövlət xadimi Hyu Volpalın «Yenilməzlik» romanında Piter adlı baş qəhrəman hesab edir ki, «önəmli olan həyatın özü deyil, onda göstərdiyin cəsarətdir». Piter həyatda çox şey yaşamışdı. Sonda o, həyatın zirvəsində olarkən ona «Nə bəxtiyardır cismin əzabları və iztirabları. Nə bəxtiyardır itkilər, dostların vəfasızlığı və sevgi qurbanları! Bütün dünyəvi ümidlərin iflasa uğraması üçqat bəxtiyardır. Nə bəxtiyardır insandan cəsarət tələb edən kədər, əzab, çətinliklər və həyatdan məhrumiyyətlər. Çünki insanı insan edən onlardır» deyildiyi bir səs eşitdi. Piter dua etməyə başladı: «Mənə heç nədən qorxmamaq və hər şeyə hazır olmaq üçün cəsarət ver. Sevgi, dostluq, uğur... keçəndə — qəbullanmağa, bütün bunlar mənə nəsib olmayacaqsa, əzab çəkməməyə kömək et. Məni cəsarətli et. Məni cəsarətli et».
İsa hamıdan çox bu cür mətanətə, həyatın Onun üçün hazırladığı zərbələrə əyilmədən dözmək, arxada yalnız ürəkağrıdan məyusluq, qarşıda isə əzablar gözləyəndə belə, düşüncə aydınlığını və sakitliyini qorumaq qabiliyyətinə malik idi. Hər dəfə Onun cəsarətini görəndə adamın nəfəsi kəsilir. Lakin İsa həvari Peterə onun faciəli vəfasızlığı barədə qabaqcadan deyəndə, o inanmadı.
İngiltərədə siyasi üsyan günlərində Şotland üsyançılarının lideri markiz Huntli əsir götürülmüşdü. Ona başı vurulacağı edam yerini göstərdilər və xəbərdarlıq etdilər ki, əgər Stüartlar ailəsinə sadiq qalmağa davam etsə, dərhal edam ediləcək. Markiz belə cavab vermişdi: «Siz başımı bədənimdən ayıra bilərsiniz, amma heç vaxt ürəyimi padşahımdan ala bilməzsiniz». Həmin gecə həvari Peter də eyni sözü dedi.
İsanın «hamınız Məndə büdrəyəcəksiniz» ifadəsi ilə nə demək istədiyini izləmək və bundan özümüz üçün dərs çıxarmaq maraqlı olar. Yunan dilində, orijinalda skandalen və ya skandaletron sözlərindən əmələ gələn skandalidzeyn felindən istifadə olunur. Bu da heyvanı şirnikləndirən tələdəki yem deməkdir, heyvan ona toxunanda tələ bağlanır. Buna görə skandalidzeyn sözü hər hansı bir hiylə vasitəsilə tələyə düşmək, şirnikləndirmək, aldatmaq və ya çaşdırmaq mənasını daşıyır. Həvari Peter özünə həddən artıq əmin idi, o, həyatın ən güclü insanlara belə tələ qura biləcəyini unutmuşdu. O unutmuşdu ki, ən güclü insanlar da büdrəyə bilər. O, insani zəifliyini və şeytanın sınaqlarının gücünü unutmuşdu. Ancaq bir şeyi unutmaq olmaz — Peterin ürəyi düzgün ritmlə döyünürdü. Ürəyi məhəbbətlə aşıb-daşan Peter (hətta bu məhəbbət müəyyən mənada vəfasızlıq etsə belə) ürəyi soyuq nifrətlə dolu Yəhudadan yaxşıdır. Qoy həvari Peteri vədini heç vaxt pozmayanlar mühakimə etsinlər. Peter isə İsanı sevirdi. Onun məhəbbəti uğursuzluğa düçar olsa da, qəlbində sevgisi yenidən böyüdü.
32-42
Bu hissəni oxumaq belə qorxulu gəlir. Çünki bu hissə İsanın daxilində apardığı mübarizəyə müdaxilə kimi görünür. Yuxarı otaqda çox qalmaq təhlükəli idi. Hakimiyyət nümayəndələrinin İsanı axtardığı, Yəhudanın isə Ona xəyanət etməyə hazırlaşdığı vaxt, hər an yuxarı otağa basqın edilə bilərdi. Bəs İsa hara getsin? Yəhudanın İsanı Getsemani bağında tapacağını bilməsi İsanın tez-tez oraya getdiyini göstərir. Yerusəlimin özündə də belə bağlar çox idi. Amma əhalisi çox sıx olan şəhərdə qəribə qanun var idi: Yerusəlim şəhərinin müqəddəs torpağı bağlar üçün gübrə ilə — yəni peyinlə murdarlana bilməzdi. Ona görə bəzi varlı adamların şəhərdən kənarda, Zeytun dağının ətəyində bağları olurdu, onlar orada dincəlirdilər. Çox güman ki, İsanın hətta gecə vaxtı bağa girməsinə icazə verən çox zəngin bir dostu var idi. Getsemani bağına gedərkən, İsa bir tərəfdən insanlarla yaxınlığa, digər tərəfdən isə Allahla yaxınlığa can atırdı. Allah əzəldən demişdi: «İnsanın tək olması yaxşı deyil» (Yaradılış 2:18). Bizə çətin olanda yanımızda kiminsə olmasına ehtiyacımız var. Düzdür, həmin adamın həmişə bizim üçün nəsə etməsinə ehtiyacımız yoxdur, hətta onunla danışmağa belə ehtiyacımız yoxdur. Sadəcə yanımızda kiminsə olması lazımdır. Həmin vaxt İsa da eyni hissləri yaşayırdı. Qəribədir, indicə İsa üçün ölməyə hazır olduqlarını bəyan edən insanlar Onun xahişi ilə bir saat belə oyaq qala bilmədilər. Amma onları qınamaq olmaz, çünki həmin anların gərginliyi və həyəcanı bütün güclərini tükətmişdi. Bu hissədən biz İsa haqqında bir şey öyrənirik.
1. İsa ölmək istəmirdi. Onun otuz üç yaşı var idi. Əslində, heç kim gəncliyin ən gözəl çağında ölmək istəmir. O, hələ çox az iş görmüşdü, bütün dünya hələ də xilas gözləyirdi. O, Çarmıxa çəkilməyin nə olduğunu bilirdi və instinktiv olaraq bu barədə düşünəndə diksinirdi: Bizim tez-tez etdiyimiz kimi, O Özünü yola davam etməyə məcbur etməli idi.
2. İsa hadisələrin nə üçün məhz belə baş verməsinin lazım olduğunu tam başa düşmürdü. Lakin O, bunun Allahın iradəsi olduğuna tam əmin idi. O bilirdi ki, məhz bu yolla getməlidir. İsa Məsih də bunu imanla qəbul edib, ən böyük riskə getməli idi. O da, bizim tez-tez məcbur olduğumuz kimi, başa düşmədiyimiz nələrisə qəbul etməli idi.
3. O, Allahın iradəsinə təslim oldu. Leva — arami dilində Ata deməkdir. Bu söz baş verən hər şeyin mənasını ehtiva edir. İsa insanlara arsız-arsız gülən Allaha tabe olmadı. İngilis yazıçısı Tomas Hardi öz qəhrəmanının faciəvi taleyindən danışarkən «Derbervilley nəslindən olan Tess» romanını dəhşətli sözlərlə bitirir: «Ölməzlərin sədri Tesslə zarafatını bitirdi». İradəsini yerinə yetirdiyi Allah İsa üçün belə deyildi.
O, aciz fiqurları gecə-gündüz şahmat taxtasında ora-bura gəzdirir,
Dayandırır, onlara qalib gəlir, sonra bir-bir qutuya yığır.
İsa Məsih üçün Allah belə deyildi. Hətta belə bir dəhşətli anda, Allah İsanın qarşısında bu cür müdhiş tələb qoyarkən, İsa Allaha Ata deyə müraciət etdi. «Nə mənə, nə də yaxınlarıma zərər verə bilən, hər gün bizə lütf və mərhəmət bəxş edən Rəbbin iradəsi böyükdür». Biz Allaha Ata deyə müraciət edəndə, hər şeyə tap gətirə bilərik. Bəzən nə baş verdiyini belə anlaya bilməsək də, hər zaman əmin ola bilərik ki, «Ata heç vaxt övladının göz yaşını boş yerə tökməz». İsa da buna tam əmin idi və məhz buna görə də O, yoluna davam edə bildi. Biz Onun kimi etməliyik.
Bu hissənin necə bitdiyinə diqqət yetirin: xain yaxınlaşdı. İsa buna necə reaksiya verdi? Yox, gecənin qaranlığında gizlənmək asan olsa da, O qaçmadı. İsa onunla üz-üzə görüşmək qərarına gəldi. Sona qədər İsa Öz yolundan dönmədi.
43-50
Bu epizod əsl dramdır. Hətta Mark hadisələri bəsit yazsa belə, biz bu dramın əsas personajlarını aydın görürük.
1. Xəyanətkar Yəhudanı. O bilirdi ki, hamı İsanı tanıyır. Amma düşündü ki, kimi tutacaqlarını dəqiq bilmələri üçün bu insanlara xüsusi işarə lazımdır, çünki bağda məşəlin zəif işığında ağaclardan düşən kölgələrə görə İsanı tanımaya bilərlər. Bu səbəbdən Yəhuda ən dəhşətli işarəni — öpüşü seçdi. Adətən, ravvinləri öpüşlə salamlayırdılar. Bu, sevimli müəllimə hörmət və rəğbət əlaməti idi. Ancaq burada son dərəcə xoşagəlməz bir məqamı vurğulamaq lazımdır. Yəhuda deyir: «Kimi öpsəm, İsa Odur». Eyni zamanda, o, fileyn sözünü işlədir. Ancaq Mark Yəhudanın İsanı öpdüyünü deyəndə, katafileyn sözünü işlədir. Kata sözü burada gücləndirici mənada istifadə olunur. Katafileyn isə sevdiyin birini öpmək mənasını verir.
Xəyanət işarəsi sadəcə hörmət olaraq salamlaşmanın rəsmi öpüşü deyildi. Bu, sevdiyi adamın öpüşü idi. İncil kitabında bu, ən dəhşət doğuran məqamdır.
2. İsanı həbs etməyə gələn dəstəni. Dəstə Ali Şuranı təşkil edən üç qrup — baş kahinlər, ilahiyyatçılar və ağsaqqallar tərəfindən göndərilmişdi. Mark bununla onların Ali Şuradan gəldiyini göstərir. Hətta Yerusəlim Romanın tabeliyində olduğu dövrdə belə, Ali Şuranın müəyyən polis hüququ, vəzifələri və öz polis mühafizəsi var idi. Şübhəsiz, mühafizəçilərə qoşulan dəstə əhalinin heç də yaxşı təbəqəsini təmsil etmirdi. Mark İsanı həbs etməyə gələn izdihamın həyəcanını və əsəbiliyini çatdıra bildi. Ola da bilər ki, insanlar və mühafizəçilər əsəbləri gərilmiş halda qan tökülməsinə hazır vəziyyətdə gəlmişdilər. Zorakılıq İsadan deyil, onlardan gəlirdi.
3. Az da olsa ümidi olan, qılıncını çəkib zərbə vuran adamı. Yəhya 18:10-da deyilir ki, bu adam Peter idi. Bəli, bu, Peterə çox bənzəyirdi. Bəlkə də Mark onun adını o vaxt təhlükəsiz olmadığı üçün çəkmədi. Ümumi qarışıqlıqda kimin qılınc çəkdiyini görmək mümkün deyildi, ona görə də adını çəkməmək daha təhlükəsiz idi. İnsana qarşı qılınc qaldırmaq yaxşı deyil, amma biz sevinirik ki, belə bir vəziyyətdə İsanın uğrunda qılınc çəkməyə hazır olan ən azı bir nəfər tapıldı.
4. Şagirdləri. Onların əsəbləri tamamilə pozulmuşdu. Onlar buna hazır deyildilər və qorxdular ki, onların da aqibəti İsanın aqibəti kimi olacaq. Buna görə də hamısı qaçdılar.
5. İsanın Özünü. Qəribədir, bütün bu qarışıqlıq içində yalnız İsa ağlın aydınlığını qoruyub saxlaya bilmişdi. Bu hadisəni oxuyanda elə təəssürat yaranır ki, sanki vəziyyəti Ali Şuranın mühafizəçiləri deyil, O idarə edirdi. Onun mübarizəsi bağda bitmişdi. İndi O, Allahın iradəsini yerinə yetirdiyini bilən adamın rahatlığını tapmışdı.
51-52
Çılpaq bədənini kətan örtüyə sarıyan bir gənc İsanın ardınca gedirdi. Əsgərlər onu yaxaladılar. Amma o, kətan örtükdən sıyrılıb çılpaq qaçdı.
Bu, olduqca maraqlı hissədir. İlk baxışdan həmin hissə burada tamamilə yersiz görünür. Sanki o, baş verənlərə heç nə əlavə etmir. Amma onun burada yazılmasının mütləq bir səbəbi vardı. Matta və Luka Məsihin həyatını təsvir etməkdən ötrü öz versiyaları üçün Markın Müjdəsindən əsas kimi istifadə etmişdilər. Onlar Markın Müjdəsindəki, demək olar ki, hər şeyi öz tərcümeyi-hallarına daxil etmişdilər, təkcə bu iki ayədən başqa. İnsanda elə bir təəssürat yarana bilər ki, bu epizod başqalarını yox, yalnız Markı maraqlandırırdı. Görəsən, nəyə görə bu epizod Markın diqqətini o qədər çəkdi ki, onu mətnə daxil etməyi zəruri hesab etdi? Ehtimal olunan səbəblərdən biri odur ki, həmin gənc Markın özü ola bilər. O, sanki öz adını çəkmədən «Mən də orada idim» demək istəyirdi. Həvarilərin İşləri kitabını oxuyanda, görürük ki, Yerusəlimdəki İmanlı Cəmiyyətinin görüş yeri və mərkəzi Mark adlanan Yəhyanın anası Məryəmin evi olub (Həvarilərin İşləri 12:12). Əgər belədirsə, onda ən azı Axırıncı Şam yeməyinin keçirildiyi yuxarı otağın eyni evdə olması ehtimalı var. İmanlı icmasının mərkəzi olacaq daha təbii bir yer təsəvvür etmək mümkün deyil. Əgər bunu fakt kimi qəbul etsək, onda buradan iki ehtimal çıxır:
1. Ola bilsin, Mark da Axırıncı Şam yeməyində iştirak edib. O, hələ çox gənc olduğu üçün, bəlkə də, heç kim ona əhəmiyyət verməyib. Amma o, İsaya heyran idi. Yəqin gecə vaxtı hamı evdən çıxanda, o da kətan örtüyə sarınıb onların arxasınca çıxmışdı. Ola bilsin, İsa Getsemani bağında keçirdiyi bütün vaxt ərzində Mark qaranlıqda dayanıb dinləyir və seyr edirdi. Getsemani bağında baş verən hadisələrin ətraflı təsviri buradan qaynaqlanır. Axı bütün şagirdlər yatdığı halda, İsanın orada yaşadığı mənəvi mübarizəsindən kim xəbər tuta bilərdi? Bəlkə də Mark qaranlıqda sakit dayanan və ehtiramla ən böyük idealını izləyən yeganə şahid idi.
2. Yəhyanın hekayəsindən bilirik ki, Yəhuda Axırıncı Şam yeməyi bitməzdən əvvəl otağı tərk etmişdi (Yəhya 13:30). Bəlkə də o, Məbədin mühafizəçilərini yuxarı otağa gətirəcəkdi ki, onlar İsanı gizli tuta bilsinlər, lakin oraya çatanda nə İsanı, nə də şagirdləri tapdı. Şübhəsiz, bunun ardınca Markı yuxudan oyadan səs-küylü qarşılıqlı ittihamlar və mübahisələr yarandı. Mark Yəhudanın İsanı orada tutmaq üçün Getsemani bağına getmək təklifini eşitdi. Ola bilsin, Mark tez kətan örtüyə bürünüb İsaya xəbərdarlıq etmək üçün tələsik bağa qaçdı, lakin oraya çox gec çatdı və sonrakı qarışıqlıqda az qala özünü də həbs etdirəcəkdi. Hər necə olursa olsun, Mark bu iki ayəni ona görə mətnə daxil etdi ki, bu ayələr onun haqqında bəhs etsin. Buna tam əmin ola bilərik. O, həmin gecəni heç vaxt unuda bilmədi. O, adını çəkə bilməyəcək qədər təvazökar idi. Beləcə öz adına imza ataraq sətirlər arasında oxuya bilənlərə sanki dedi: «Hələ çox gənc olsam da, mən də orada idim».
53
Mark 14:53-ün şərhinə Mark 14:55-65-ə baxın.
54
Mark 14:54-ün şərhinə Mark 14:66-72-yə baxın.
55-65
Hər şey sona doğru sürətlə irəliləyirdi.
O dövrdə Ali Şuranın səlahiyyəti məhdud idi. Çünki əsl hökmdarlar romalılar idi. Lakin Ali Şuranın dini məsələlərdə tam səlahiyyəti var idi. Görünür, onun hətta bir növ polis və məhkəmə səlahiyyəti də var idi. Hər halda o, ölüm hökmü çıxarmaq səlahiyyətinə malik deyildi. Əgər Markın burada təsvir etdiyi şey Ali Şuranın iclası idisə, bu, məhkəmə məsələsi ilə bağlı qərar verən məhkəmə iclasçılarının toplantısı kimi bir şey olmalı idi: yəni onun funksiyası təqsirləndirilən şəxsi mühakimə etmək deyil, ittihamı hazırlamaq idi, bunun əsasında təqsirləndirilən şəxs Roma məhkəməsində mühakimə olunacaqdı. İsanı mühakimə edərkən Ali Şura bütün qanunlarını pozdu. Ali Şuranın prosessual normaları Mişna bölmələrinin birində verilmişdir. Təbii ki, orada gündəlik təcrübəni əks etdirən yox, ideal normalar müəyyən edilib. Amma bunu nəzərə alsaq, qeyd etmək lazımdır ki, həmin gecə işə baxılması ilə yanaşı bir sıra qanun pozuntuları ilə müşayiət olunub.
Ali Şura yəhudilərin ali məhkəməsi idi və yetmiş bir üzvdən ibarət idi. Buraya sadukeylər (bütün kahinlər sadukey idi), fariseylər, ilahiyyatçılar, hüquqşünaslar və hörmətli ağsaqqallar daxil idi. Göründüyü kimi, Ali Şura bütün boş yerləri kooptasiya65 yolu ilə, yəni heç bir seçki keçirilmədən doldurmuşdu. Məhkəməyə baş kahin sədrlik edirdi. Məhkəmə iclası yarımdairə şəklində qurulurdu ki, məhkəmənin hər bir üzvü digər üzvləri görə bilsin. Ravvinlərin şagirdləri həyətlə üz-üzə oturmuşdular. Onlar təqsirləndirilən şəxsin əleyhinə deyil, lehinə danışa bilərdilər. Ali Şuranın rəsmi görüş yeri Məbədin həyətlərindən birində yerləşən Qassit zalı idi. Yalnız orada Ali Şuranın qəbul etdiyi qərarlar etibarlı hesab edilirdi. Məhkəmə gecə, həm də böyük bayram günü iclas keçirə bilməzdi. İfadələr fərdi qaydada verilib-götürülürdü, yalnız ən xırda təfərrüatlara uyğun gələn ifadələr etibarlı sayılırdı. Ali Şuranın hər bir üzvü — kiçikdən böyüyə qədər öz qərarını fərdi şəkildə bildirməli idi. Əgər Ali Şura ölüm hökmü çıxarırdısa, bu hökm yalnız bir gecə keçəndən sonra, yəni növbəti gün həyata keçirilə bilərdi ki, məhkəmə öz qərarına yenidən baxmaq və məhkumu əfv etmək imkanına malik olsun.
Biz görürük ki, Ali Şura bir-birinin ardınca özlərinin qoyduğu normaları pozur: iclası öz zalında keçirmədi, həm də məhkəməni gecə qurdu. Hər bir üzvün ayrı-ayrılıqda qəbul etdiyi qərarlar barədə heç nə deyilmir. Hökmün elan edilməsi ilə hökmün icrası arasında bir gecə belə keçmədi. İsanı aradan götürmək üçün yəhudi hakimiyyət orqanları öz qanunlarını pozmaqdan çəkinmədilər. Əvvəlcə yalançı şahidlər müxtəlif ifadə verdilər. Yalançı şahidlər İsanı Məbədi dağıdacağını söyləməkdə ittiham etdilər. Ola bilsin, kimsə İsanın Mark 13:2-də dediyini təsadüfən eşitmiş, onu alçaqcasına təhrif etmiş və İsanın sözlərini Məbədi məhv etmək təhlükəsinə çevirmişdir. Rəvayətə görə, Ali Şuraya belə də ifadələr də verilmişdi, Ali Şura isə onları qəbul etmək istəməmişdi. İnsanlar bir-bir ortaya çıxıb deyirdilər: «Mən cüzamlı idim, O məni pak etdi. Mən kor idim, O, gözlərimi açdı. Mən kar idim, O, eşitmək qabiliyyətini mənə qaytardı. Mən topal idim, O mənə yerimək qabiliyyəti verdi. Mən iflic idim, O məni bərpa etdi».
Nəhayət, baş kahin təşəbbüsü öz əlinə aldı. O, qanunun qəti qadağan etdiyi sualları verməyə başladı. O, köməkçi suallar verirdi, belə ki, cavabında təqsirləndirilən şəxs özünə böhtan ata bilərdi. Heç kəs özünə böhtan atmağa məcbur edilə bilməzdi, baş kahin isə məhz belə sual verirdi. O, İsadan Məsih olub-olmadığını açıq şəkildə soruşdu. İsa da bütün bu biabırçı tamaşaya son qoymağın vaxtının gəldiyini anlayaraq, tərəddüd etmədən «bəli, Mən Məsihəm» dedi. Bu, Allaha küfr etməkdə ittiham üçün əsas oldu: Ali Şura istədiyinə nail oldu. O, ölüm hökmünün verilməli olduğu bir ittiham irəli sürə bildi, buna görə də hamı çox sevindi. Biz bir daha İsanın iki böyük xüsusiyyətini görürük.
1. Onun cəsarətini. İsa bilirdi ki, belə bir cavab Onun həyatı bahasına başa gələcək. Buna baxmayaraq, cavab verməkdən çəkinmədi. Əgər O, bu ittihamı rədd etsəydi, onlar İsaya heç nə edə bilməzdilər.
2. Onun əmin olması. Hətta indi Çarmıxa çəkilmənin qaçılmaz olduğu halda, O, sonda qələbə çalacağına tam əminliklə danışmağa davam etdi. İnsanlara məhəbbət təklif etməyə Gələnin adi ədalətdən məhrum edildiyini, Ali Şuranın mühafizəçilərinin və xidmətçilərinin qəddar təhqirləri ilə alçaldıldığını görmək dəhşətli faciədir.
66-72
Bəzən bu hekayəni danışarkən Peterə qarşı ədalətsizlik göstərmiş oluruq. Biz unuduruq ki, Peter son ana qədər böyük cəsarət göstərdi. O, izdihamla əlbəyaxa döyüşməyə hazır olan adam kimi cəsarətlə qılıncını qınından çıxartdı. Qarışıqlıq içində baş kahinin xidmətçisini yaraladı. Əslində, ehtiyatlılıq onu gizlənməyə vadar etməli idi. Peterin baş kahinin həyətinə getməsi böyük cəsarət tələb edirdi. Amma o, məhz belə də etdi. Bəlkə də başqa şagirdlər qaçmışdı, amma hamı İsanı tərk edəndə, Peter sözünün üstündə durub, Onu təklikdə qoymadı.
Amma sonra onda insan təbiətinin qəribə ikiliyi özünü büruzə verdi. O, tonqalın ətrafında oturub qızınırdı. Ola bilsin, kimsə alovun içinə odun parçası atdı. Alov püskürdü və onun işığında insanlar Peteri tanıdılar. Lakin Peter İsa ilə hər hansı bir əlaqəsinin olduğunu inkar etdi. Ancaq çoxları bu vacib məqamı unudurlar — ağlı başında olan insan baş kahinin həyətini mümkün qədər tez tərk edərdi. Peter bunu etmədi. Hər şey yenidən təkrarlandı: Peter yenə İsa ilə hər hansı əlaqəni inkar etdi, amma yenə də getmədi. Üçüncü suala cavab olaraq Peter yenə İsanı inkar etdi, lakin Onu nə lənətlədi, nə də adına küfr etdi.
Burada başqa nəsə baş verdi. Ola bilsin, hər şey belə olub: Roma adətinə görə, axşam saat 6-dan səhər saat 6-ya qədər dörd saata bölünürdü. Səhər saat üçdə mühafizə dəyişirdi. Növbə dəyişərkən, latınca şəfəq, yəni xoruzların banlamağa başladığı vaxt mənasını verən qallisinium adlanan bir siqnal çalınırdı. Ola da bilər ki, Peter üçüncü dəfə İsanı inkar edəndə, sakit şəhərin üzərində Peterin qulaqlarını batıran kərənay çaldı. O, hər şeyi xatırladı və ürəyi dözmədi. Ancaq yanılmayın. Peter yalnız cəsarətli insanın düşə biləcəyi sınağa düşdü. Ehtiyatlı və təhlükəsizliyə can atan insanın Peteri sınağa boyun əydiyinə görə tənqid etməsi münasib deyil. Çünki belə şəraitdə heç vaxt özü sınağa düşməyib.
Həyatda elə anlar olur ki, insan təslim olur, artıq yükünü daşıya bilmir. Peterin həyatında da belə an yaranmışdı. Amma min nəfərdən doqquz yüz doxsan doqquzu daha tez təslim olardı. İnsanlar Peterin büdrəməsindən dəhşətə gəlməkdənsə, onun cəsarətinə heyran olsalar, daha yaxşı olardı. Lakin bir məqamı da qeyd etmək lazımdır: bütün bu hadisəni yalnız bir nəfər danışa bilərdi — o da Peterin özü.
Artıq girişdə dedik ki, Markın Müjdəsi həvari Peterin vəzləri əsasında yazılmışdır. Başqa sözlə desək, Peter insanlara İsadan necə imtina etməsi barədə kədərli hekayəsini dəfələrlə danışmışdı. Yəqin o, belə deyirdi: «Bax, mən belə etdim. Amma ecazkar İsa heç vaxt məni sevməkdən əl çəkmədi». Braunlou Nort adlı bir təbliğçi var idi. O, Allah adamı idi, lakin gəncliyində əxlaqsız həyat tərzi sürmüşdü. Bazar günlərinin birində o, vəz edəndə, kafedraya çıxmazdan əvvəl ona məktub verildi. Məktubu yazan adam Braunlou Nortun Məsihə iman etməzdən əvvəl utanılacaq bir epizodu təfərrüatı ilə qeyd etmişdi. Məktubda yazılırdı ki, əgər Braunlou vəz söyləməyə cəsarət etsə, onda o, ayağa qalxıb, bir zamanlar onun necə hərəkət etdiyini açıq şəkildə söyləyəcək. Braunlou məktubu özü ilə kafedraya götürdü, onu açıb oxudu və dedi ki, bütün bunlar həqiqətdir. Bundan sonra o, dinləyicilərə Məsih vasitəsilə necə bağışlanma aldığını, özünə və keçmişinə necə qalib gəldiyini və Məsih vasitəsilə necə yeni insan olduğunu söylədi. O, insanları Məsihə cəlb etmək və Ona yaxınlaşdırmaq üçün öz rüsvay keçmişindən maqnit kimi istifadə etdi. Peter də məhz belə etmişdi. O, insanlara deyirdi: «Mən Onu incitdim, sonra Onu çətinlikdə qoyub getdim, amma O, yenə də məni sevirdi və məni bağışladı. O sizə də eyni şeyi edə bilər».
Əgər bu epizodu lazımi anlayışla oxusanız, onda Peterin qorxaqlıq barədə hekayəsi cəsarət dastanı, utanc povesti isə onun izzət hekayəsi kimi oxunacaq.