1-5
Lukanın Müjdəsindən öyrənirik ki, yəhudilər İsaya qarşı nə qədər dərin, şiddətli kin bəsləyirdilər. Gördüyümüz kimi, yəhudilər İsanı küfrdə, Allahı təhqir etməkdə ittiham etdilər. Lakin onlar İsanı Pilatın məhkəməsinə başqa bir ittihamla gətirdilər. Çünki yaxşı bilirdilər ki, Pilat yəhudilərin dini mübahisələri ilə məşğul olmaq istəməz. Onlar İsanı milləti yoldan çıxararaq, Qeysərə vergi verməyə mane olmaqda və Özünü Məsih, Padşah adlandırmaqda ittiham edib Ponti Pilatın yanına gətirdilər (Luka 23:12). Pilat yəhudiləri dinləmək istəsin deyə, onlar İsaya qarşı siyasi ittiham irəli sürməli idilər. Onlar bunun yalan ittiham olduğunu bilirdilər. Pilat da bunu bilirdi. Pilat İsadan soruşdu: «Yəhudilərin Padşahı Sənsənmi?» İsa ona çox qəribə cavab verdi: «Sənin dediyin kimidir». İsa nə müsbət, nə də mənfi cavab verdi. Onun sözünün məğzi bu idi: «Ola bilsin, Mən yəhudilərin Padşahı olduğumu iddia edirdim, amma sən də yaxşı bilirsən ki, Mən ittihamçılarımın işlətdiyi mənada nəzərdə tutmamışam. Mən siyasi inqilabçı deyiləm. Mənim Padşahlığım — Məhəbbət Padşahlığıdır». Pilat bunu yaxşı başa düşürdü, buna görə də İsanı sorğu-sual etməyə davam etdi. Yəhudi hakimiyyət orqanları isə ittihamları artırmağa davam edirdi. İsa susurdu. Bəzən susmaq sözlərdən daha bəlağətlidir, çünki susmaq sözlə ifadə edilə bilməyənləri ifadə edə bilər.
1. Elə susqunluq var ki, heyrət və heyranlığı ifadə edir. Gurultulu alqışlar ifaçı üçün böyük tərifdir. Lakin alqışların yersiz olacağını başa düşən tamaşaçıların nəfəs saxlaması daha çox bəyənməni bildirir. İnsanı sözlərlə tərifləyəndə və ya təşəkkür edəndə, xoş olur. Amma sözlə ifadə edilə bilməyəcəyini söyləyən gözlərdə tərif və ya minnətdarlıq görmək daha xoşdur.
2. Nifrət dolu susqunluq var. İnsanlar hər hansı bir bəyanatı, mübahisəni və ya üzrxahlığı susmaqla cavablandırmağa, cavab verməyə belə layiq olmadıqlarını nümayiş etdirməyə meyillidirlər. Etirazlara cavab olaraq dinləyici dönüb gedir və onları cavabsız qoyur.
3. Qorxu susqunluğu var. Bəzi adamlar danışmaqdan qorxduqları üçün susurlar. Daxili qorxu onlara bildiklərini və lazım olanları söyləməyə mane olur. Qorxu onları susmağa vadar edə bilər.
4. Yaralı qəlbin susqunluğu var. Həqiqətən, yaralı və incimiş insan etiraz etməz və qarşılıqlı olaraq təhqirə yol verməz, söyüş söyməz. Ən dərin kədər lal kədərdir. O, qəzəbdən, məzəmmətdən və sözlə ifadə edilə bilən hər şeydən təsirlidir. Belə kədər səssizcə öz dərdini qəbul edir.
5. Faciəli susqunluq var. Bu susqunluq deyəcək bir söz qalmayanda olur. İsanın susmağı da bu səbəbdən idi. O, bilirdi ki, yəhudi rəhbərləri ilə anlaşmaya nail olmaq mümkün deyil. O bilirdi ki, sonda Pilata müraciət etmək mənasız olacaq. Bilirdi ki, onlarla bütün əlaqə pozulub: yəhudilərin nifrəti dəmir pərdə kimi idi, heç bir söz onu dəlib keçə bilməzdi. Həm də Pilatın izdihamdan qorxması onunla İsa arasında sözlərin keçə bilmədiyi bir maneə yaratdı. İnsanın belə ürəyə sahib olması dəhşətlidir, hətta İsa da belə adamlarla danışmağın mənasız olduğunu bilirdi. Allah bizi belələrindən qorusun!
6-15
Biz Barabba haqqında yalnız İncildə yazılanlardan bilirik: o, oğru deyil, quldur idi. Yəqin ki, insanlar onun həyasız cəsarətinə və təkəbbürünə heyran olmuşdular. Onun kim olduğunu təxmin etmək olar. İsraildə üsyanlar tez-tez baş verirdi. Orada hər an üsyan baş qaldıra bilərdi. Sikarii, yəni üstündə xəncər daşıyan adlanan yəhudi bir qrup var idi. Onlar öz qurbanlarına açıq hücum edən amansız millətçi fanatiklər idi. Onlar xəncərlərini paltarlarının altına gizlədir və hər fürsətdə istifadə edirdilər. Ola bilsin, Barabba da onlardan biri idi. O, quldur olsa da, cəsur, özlüyündə vətənpərvər insan idi. Onun məşhur olması aydın məsələdir. İnsanlar bu hissəni oxuyanda, izdihamın cəmi bir həftə əvvəl İsanı Yerusəlimə daxil olanda alqışlarla qarşılamasında, indi isə Onun Çarmıxa çəkilməsini tələb etməsində sirli bir şey görüblər. Amma burada sirli heç nə yoxdur. Məsələ bundadır ki, həmin izdiham tamamilə başqa izdiham idi. Məsələn, həbsi götürək. İsanı gizli şəkildə həbs etdilər. İsanın şagirdləri qaçdılar və təbii ki, Müəllimlərinin həbs olması barədə hamıya xəbər yaydılar. Lakin onlar bilmirdilər ki, Ali Şura öz qanunlarını pozmağa və gecə məhkəməyə bənzər tamaşa qurmağa hazırdır. Buna görə də izdiham arasında İsanın tərəfdarları çox ola bilməzdi. Yaxşı, bəs onda kütlənin içində kimlər var idi? Gəlin bir daha düşünək: insanlar bilirdilər ki, adət üzrə bir məhbus Pasxa bayramında azadlığa buraxılır. Ona görə yalnız Barabbanın azad olunmasına nail olmaq məqsədilə oraya toplaşa bilərdilər. Çox güman, həmin izdiham Barabbanın yoldaşlarından ibarət idi. Onlar Pilatın Barabbanı yox, İsanı azad edə biləcəyini hiss edəndə, özündən çıxdılar. Baş kahin üçün bu, sanki göydən düşən bir şans idi. Vəziyyət onun xeyrinə idi. O, Barabbanın populyarlığını qaldırıb aranı qızışdırmağa başladı və buna müvəffəq oldu. Çünki izdiham elə Barabbanı azad etmək üçün gəlmişdi. Xeyr, kütlənin əhval-ruhiyyəsi belə tez və kəskin şəkildə dəyişməmişdi, əslində, onun tərkibi dəyişmişdi. Hər halda, xalq seçim qarşısında idi: onun qarşısında İsa və Barabba dayanmışdı. Xalq Barabbanı seçdi.
1. Camaat qanun yerinə qanunsuzluğu seçdi. Kütlə İsaya deyil, qanunu pozan cinayətkara üstünlük verdi. Əhdi-Cədiddə günahı ifadə etmək üçün digərləri ilə yanaşı anomiya sözü istifadə olunur, bu da qanunsuzluq, özbaşınalıq deməkdir. İnsanın qəlbində həmişə qanuna qarşı çıxmaq, hər şeyi öz bildiyi kimi etmək, çərçivəni aşmaq, itaətdən çıxmaq və hər cür nizam-intizama laqeyd yanaşmaq istəyi var. İngilis yazıçısı Redyard Kipling «Mandalay» şeirində qoca əsgərin dili ilə belə deyir: «Mən şərin və xeyirin eyni dəyərə malik olduğu Süveyşin o tayına getmək istəyirəm. Orada on əmr yoxdur, insan istədiyini edə bilər». Axı bəzən çoxumuz On Əmrin olmamasını istəyərdik.
Beləcə izdiham qanunsuzluğa üstünlük verən insanlardan ibarət idi.
2. Onlar müharibəni sülhdən üstün tutdular, insanların qanını tökən qulduru dünyanın Hökmdarından üstün tutdular. Təxminən üç minillik bəşər tarixində üst-üstə toplasaq müharibə olmayan heç yüz otuz il olmaz. İnsanlar ağılsızlıqlarına görə həmişə problemlərini heç nəyi həll etməyən müharibə ilə həll etməyə çalışıblar. Bu vəziyyətdə də izdiham dinc insandan daha çox döyüşçüyə üstünlük verən insanların etdiyi kimi etdi.
3. Onlar nifrəti və şiddəti sevgidən üstün tutdular. Barabba və İsa iki fərqli obrazı simvollaşdırır: Barabba — qəlbdə nifrəti, silahdan istifadəni, zorakılığı simvollaşdırır. İsa isə sevgini simvollaşdırır və insanlara sevgi yolunu təklif edir. Həyatda çox vaxt olduğu kimi, insanların qəlbində nifrət hökm sürürdü, onlar sevgini rədd etdilər. İnsanlar qələbəyə öz yolları ilə getməyə üstünlük verdilər. Onlar başa düşmədilər ki, əsl qələbə yalnız sevgi ilə qazanıla bilər.
Bu hissədə «qamçılatdıqdan sonra» sözünün arxasında böyük bir faciə durur. Romada qamçılamaq cəzası dəhşətli idi. İnsanı irəli əyib elə bağlayırdılar ki, kürəyi çölə qabarsın. Qamçı uzun dəri kəmərdən düzəldilirdi, uclarına qurğuşun parçaları və sümüklər bərkidilirdi. Belə qamçı ilə, sözün əsl mənasında, insanın belini kəsik-kəsik edirdilər. Bəzən belə qamçı insanın gözünü qoparıb çıxarırdı. Bəziləri onun altında ölür, bəziləri dəli olurdu. Çox az adamın bu cür qamçılandıqdan sonra ağlı başında qalırdı. İsa da bu cür cəzalandırılmışdı.
16-20
Romada hökm və mühakimə müəyyən edilmiş düsturla həyata keçirilirdi. Hakim İllum dutsi ad krutsem platset hökmünü elan edirdi — yəni «Bu adam Çarmıxa çəkilməlidir». Bundan sonra hakim mühafizəçilərə müraciət edib deyirdi: «İ, mileye, ekspedi kritsem» — «Əsgər, get Çarmıxı hazırla». Çarmıx hazırlanana qədər İsa əsgərlərin əlində idi. Valinin iqamətgahı və qərargahı vali sarayında yerləşirdi, əsgərlər isə qərargahın mühafizə koqortasından66 idi. Unutmayaq ki, əsgərlərin istehzaları başlamazdan əvvəl İsa qamçılanmışdı. Ola bilsin, bütün baş verənlərə nisbətən əsgərlərin istehzası İsaya elə də çox toxunmurdu. Yəhudilər kin və nifrətlə dolub-daşırdı. Pilat İsanın edamına məsuliyyətdən qorxduğu üçün razılıq vermişdi. Bəli, əsgərlərin etdikləri çox qəddarcasına idi, amma kinsiz idi — onların gözündə İsa Çarmıxa çəkilməyə məhkum edilənlərdən biri idi. Əsgərlər kin-küdurətsiz kobud zarafat kimi kral hakimiyyəti üçün kazarma pantomimalarını oynayırdılar. Bu, bir çox gələcək təhqirlərin əlaməti idi. Məsihçilərə həmişə zarafat obyekti kimi baxılıb. Pompeyin divarlarında belə bir mənzərə cızılmışdı: Çarmıxa çəkilmiş eşşəyin qarşısında diz çökmüş məsihçi və başı üzərində «Anaksimen öz tanrısına sitayiş edir» yazısı. İnsanlar bizim imanımızı ələ salanda və lağ edəndə, İsaya daha çox istehza etdiklərini unutmayın. Bu sizə kömək edəcəkdir.
21-28
Çarmıxa çəkilmənin müəyyən edilmiş qaydası dəyişdirilmədi. Cinayətkar Çarmıxını dörd əsgərin əhatəsində edam yerinə özü daşımalı idi. Qabaqda döyüşçülərdən biri cinayətkarın günahını bildirən bir lövhə daşıyırdı. Sonra bu lövhə Çarmıxa bərkidilirdi. Edam yerinə getmək üçün ən uzun yol seçilirdi: məhkum edilmiş adamı hər küçədən və hər döngədən aparırdılar ki, mümkün qədər çox insan onu görə bilsin. Edam yerinə çatandan sonra Çarmıx yerə qoyulurdu. Məhkum Çarmıxa uzadılır və əlləri mismarlanırdı; ayaqlar mıxlanmırdı, sadəcə möhkəm bağlanırdı. Çarmıxa çəkilənin ayaqları arasında yəhər adlanan çıxıntı bərkidilirdi. Çarmıx şaquli şəkildə qoyulanda, adamın ağırlığı onun üzərinə düşürdü. Əks halda, mismarlar ovucların ətini qoparardı. Bundan sonra Çarmıx qaldırılaraq yuvaya yerləşdirilirdi və ölümə məhkum olan bu formada asılırdı. Çarmıx hündür olmurdu və üst dirəyi olmadan T hərfi şəklində hazırlanırdı. Bəzən Çarmıxa çəkilmiş adam bir həftə asılı qalıb, yavaş-yavaş aclıqdan və susuzluqdan ölürdü. Bəzən də dözülməz iztirab ağlını başından çıxarırdı.
Həmin gün Kirenalı Şimon üçün pis günlərdən biri olmalı idi. İsrail işğal edilmiş ölkə idi, hər kəs romalılar tərəfindən istənilən işə zorla cəlb edilə bilərdi. Bunun üçün Roma nizəsi ilə çiyinə yüngülcə toxunmaq kifayət idi. Şimon Şimali Afrikadakı Kirenadan idi. Əlbəttə ki, o, Yerusəlimə Pasxa bayramında iştirak etmək üçün gəlmişdi. Belə uzaq bir ölkədən gəlməkdən ötrü o, illər boyu qənaət etməli və özünü çox şeydən məhrum etməli idi. Yəqin, ömründə bir dəfə Yerusəlimdə Pasxa bayramını qeyd etmək onun böyük arzusu idi. Sonra bu hadisə baş verdi. Ola bilsin, Şimon əvvəlcə çox qəzəblənmişdi. Bəlkə də o, romalılara nifrət edirdi, Çarmıxını daşımalı olduğu cinayətkara da nifrət edirdi. Amma sonra onunla nə baş verdiyini bilməyə haqqımız var. Ola bilsin ki, onun yeganə istəyi Qolqotaya çatan kimi Çarmıxı yerə atıb aradan tez çıxmaq idi. Amma ola da bilsin, hər şey başqa cür olub: bəlkə də İsa onu məftun etdiyi üçün Şimon orada qaldı.
Şimon bu hissədə İsgəndər və Rufusun atası kimi tanınır. Görünür, Müjdəni oxuyanlar onu bu xüsusiyyətindən tanımalı idilər. Çox güman ki, Markın Müjdəsi əvvəlcə Romadakı İmanlı Cəmiyyəti üçün yazılmışdır. İndi isə həvari Paulun Romalılara məktubunu oxuyaq (16:13) «Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin». Rufus o qədər məşhur məsihçi idi ki, o, Rəbb tərəfindən seçilmişdi. Rufusun anası isə Paul üçün o qədər qiymətli idi ki, ona ana deyə müraciət edirdi. Çox güman, Şimonla Qolqotada qeyri-adi nəsə baş vermişdi.
İndi keçək Həvarilərin İşləri 13:1-ə. Burada Paul və Barnabanı başqa millətlər üçün ilk böyük əhəmiyyətli missioner səyahətinə göndərən insanların siyahısı verilib. Adlar arasında Niger adlı Şimeon da var. Şimeon — Şimon adının formalarından biridir. Niger, adətən, Afrikadan olan qaradərili insana deyilirdi. Ola bilsin ki, burada biz eyni Şimonla yenidən görüşürük. Ola bilsin, Qolqotaya gedən yolda Şimonun başına gələn hadisə onu əbədi olaraq İsaya bağlamış və məsihçiyə çevirmişdi. O da mümkündür ki, Şimon sonradan Antakyadakı İmanlı Cəmiyyətinin ağsaqqalı olmuş və qeyri-yəhudilərə ilk missioner səyahətinin təşkilində iştirak etmişdi. Hətta ola bilər ki, Şimon Çarmıxı Qolqotaya daşımağa məcbur olduğuna görə bütpərəstlər üçün Müjdə yolu açılmışdı. Bu isə o deməkdir ki, həmin Pasxa günündə əvvəlcə qəzəblənən Kirenalı bir zəvvar adsız Roma zabiti tərəfindən İsanın Çarmıxını daşımağa məcbur edildiyinə görə biz (qeyri-yəhudilər) məsihçi olduq.
İsaya ağrıkəsici ədviyyat qatılmış şərab təklif edildi. Lakin O, şərabdan imtina etdi. Hər dəfə Çarmıx kimi edam cəzası baş verəndə Yerusəlimin mömin və hörmətli qadınları cinayətkarın ağlasığmaz əzabını azaltmaq üçün ona spirtli şərab içirdirdilər. Eyni şərabı İsaya da təqdim etdilər, lakin O, içməkdən imtina etdi. İsa ölümün acısını yaşamağa və Allahın hüzuruna ayıq başla gəlməyə qərar verdi. Əsgərlər püşk atıb Onun paltarlarını aralarında bölürdülər. Biz artıq Onun dörd əsgərin əhatəsində edam yerinə necə getdiyini gördük. Həmin əsgərlər əlavə mükafat olaraq edam edilənlərin paltarlarını — alt köynəklərini, üst paltarlarını və ya mantiyanı, səndəllərini, kəmərlərini və baş örtüklərini alırdılar. Dörd kiçik paltarı öz aralarında böləndən sonra əsgərlər mantiya67 kimə düşəcək deyə Çarmıxın yanında püşk atmağa başladılar. Çünki mantiyanı hissələrə bölmək mənasız olardı.
İsa iki quldur arasında Çarmıxa çəkildi. Bu, simvolik idi. Hətta yer üzündəki ömrünün sonunda İsa günahkarların yanında idi.
29-32
Yəhudi rəhbərləri İsanı ələ salmağa davam edirdilər: «İsrailin Padşahı Məsih qoy indi Çarmıxdan düşsün ki, biz də görüb iman edək». Amma bu, səhv söz idi. General Butun dediyi kimi: «Biz İsa Məsihə məhz Çarmıxdan düşmədiyinə görə inanırıq». İsanın ölməsi zəruri idi. Çünki İsa insanlara Allahın məhəbbəti haqqında danışmaq üçün gəldi, üstəlik, O Özü Allah sevgisinin təcəssümü idi. Əgər O, Çarmıxa çəkilməkdən imtina etsəydi, ya da Çarmıxdan düşsəydi, deməli, Tanrının sevgisinin həddi vardr; deməli, bu sevginin insanlar uğrunda qurban getmək istəmədiyi bir şey vardır; deməli, bu sevginin keçə bilməyəcəyi bir həddi vardır. Lakin İsa Onun üçün qabaqcadan təyin olunmuş yoldan keçdi və Çarmıxda öldü. Bu o deməkdir ki, Allah sevgisi, sözün əsl mənasında, sərhəd tanımır. Kainatda elə bir şey yoxdur ki, bu sevgi insanlar uğrunda qurban getməyə hazır olmasın. Elə bir şey yoxdur ki, hətta Çarmıxdakı ölüm belə, insanlar naminə dözə bilməsin. Biz Çarmıxa baxanda, İsa Məsih bizə deyir: «Allah sizi bu qədər çox sevir: Onun məhəbbəti sərhəd tanımır. Onun məhəbbəti istənilən əzaba tab gətirə bilər».
33-41
Bu son mənzərə o qədər dəhşətli idi ki, hətta göyün üzü də qeyri-təbii şəkildə qaraldı. Sanki baş verənlərə hətta təbiət belə dözə bilmirdi. Gəlin bu səhnədə iştirak edən insanlara nəzər salaq.
1. Birincisi, İsa Məsihə baxaq. O, iki söz söylədi.
a) İsa uca səslə nida edərək dedi: «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» Bu fəryadın arxasında bizim üçün bağlı olan bir sirr var. Bəlkə də vəziyyət belə idi: İsa bizim həyatımızı yaşadı, işimizi gördü, bizim düşdüyümüz imtahanlarla üzləşdi, yaşadığımız sınaqlara dözdü. O, həyatın gətirəcəyi hər şeyi — dostların vəfasızlığını, düşmənlərin nifrətini və kin-küdurətini, həyatın acısını yaşadı. Bu məqama qədər İsa həyatın hər cür acısını daddı, yalnız bir şey istisna olmaqla — O, heç vaxt günahın nəticəsinin nə olduğunu bilmədi. Günah, ilk növbədə, bizi Allahdan uzaqlaşdırır, bizimlə Allah arasında sədd çəkir, keçilməz bir divar ucaldır. İsa Məsihin həyatda yaşamadığı yalnız bu idi. Çünki O, günahsız idi. Bəlkə də həmin anda O, məhz bu hissləri yaşadı — günah işlətdiyinə görə deyil, Özünü bəşəriyyətlə və insani olan hər şeylə eyniləşdirilmək üçün. O, bu yolu keçməli idi. Bu dəhşətli və amansız anda İsa, həqiqətən, Özünü insanın günahı ilə eyniləşdirdi. Bu da ilahi paradoksdur — İsa günahkar olmağın nə demək olduğunu daddı. Belə bir hiss onun üçün ikiqat ağrılı olmalı idi, çünki bundan əvvəl O, Allahdan ayrı düşməyin nə olduğunu bilmirdi. Bax, buna görə O bizim vəziyyətimizi yaxşı anlaya bilir. Bax, buna görə günahlarımız bizi Allahdan ayrı salanda, heç vaxt Ona üz tutmaqdan qorxmamalıyıq. İsa bütün bunları yaşadığı üçün bu yoldan keçənlərə kömək edə bilər. Onun nüfuz edə bilməyəcəyi elə bir dərinlik və hiss yoxdur.
b) İsa uca səslə qışqırdı. Bu barədə həm Matta (25:50), həm də Luka (23:46) xəbər verir. Yəhya İsanın yüksək səslə qışqırdığını qeyd etmir, lakin o, İsanın «Tamam oldu» deyərək öldüyünü bildirir (Yəhya 19:30). «Tamam oldu» sözü elə həmin uca səslə qışqırmaq idi. İsa zəfər nidası ilə öldü, Onun tapşırığı yerinə yetirildi, işi tamamlandı, O, qələbə qazandı. Qorxunc zülmət yenidən işıqla əvəz olundu, İsa zəfər qazanan qalib kimi evinə — Allahın hüzuruna getdi.
2. İkincisi, Çarmıxın yanında dayananlara, İlyas peyğəmbərin gəlib-gəlməyəcəyini görmək istəyənlərə nəzər salaq. Hətta Çarmıxın dəhşət doğuran mənzərəsi belə, onların maraqlarını azaltmadı. Amansız ölüm onlarda nə ehtiram, nə də mərhəmət hissi oyatdı. İsa ölərkən belə onlar eksperiment keçirməyə qərarlı idilər.
3. Üçüncüsü, yüzbaşıya nəzər salaq. Roma ordusundakı yüzbaşı müasir alaydakı komandirə bərabərdir. O, çox yürüşlər etmiş və döyüşlər görmüşdü. O, dəfələrlə adamların necə öldüyünü görmüşdü. Amma heç vaxt İsanın öldüyü kimi ölüm görməmişdi. Buna görə də İsanın Allahın Oğlu olduğuna əmin oldu. Əgər İsa yaşamağa, öyrətməyə və şəfa verməyə davam etsəydi, O, çoxlarının diqqətini çəkə və məhəbbətini qazana bilərdi. Lakin İsanın Çarmıxdakı ölümü birbaşa insanların ürəyinə təsir etdi.
4. Dördüncüsü, olub-keçənlərə uzaqdan baxan qadınlara nəzər salaq. Onlar sarsılmış, qəm içində idilər, buna baxmayaraq, onlar da orada idilər. Onlar İsanı o qədər sevirdilər ki, Onu burada da qoyub gedə bilməzdilər. Hətta insanın ağlı onu başa düşmək istəməyəndə belə, sevgi insanı özünə cəlb edir. Sevgi və yalnız sevgi insanı İsaya bağlayır, heç bir sarsıntı bu münasibəti poza bilməz.
Diqqət yetirilməsi lazım olan başqa bir məsələ də var: «O anda Məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı». Məbədin pərdəsi Ən Müqəddəs yeri ayıran pərdədir, oraya heç kim girə bilməz. Bu fakt bizə simvolik olaraq aşağıdakıları deyir:
a) Allaha gedən yol artıq açıqdır. Yalnız baş kahin ildə bir dəfə, Kəffarə günündə Ən Müqəddəs yerə daxil ola bilərdi. İndi isə pərdə iki yerə parçalanmışdı və Allaha gedən yol hamı üçün açıq idi.
b) Ən Müqəddəs yerdə Allah Özünü insanlara izhar etdi. İsanın ölümü ilə Allahı gizlədən pərdə parçalandı, insanlar Onu görə bildilər. Artıq Allah insanlardan gizli deyil. Onlar daha təxmin etməyə, kor kimi əl ilə yoxlamağa ehtiyac duymurlar. İnsanlar İsaya baxıb deyə bilirlər: «Allah belədir. Allah məni bax belə sevir».
42-47
İsa Məsih cümə günü günorta saat üçdə öldü, ertəsi gün Şənbə günü idi. Gördüyümüz kimi, yeni gün axşam saat altıda, yəni İsa öləndə başladı. Artıq Şənbə gününə hazırlaşmaq vaxtı idi, vaxt isə çox az idi. Çünki axşam saat 6-da Şənbə qanunu qüvvəyə minirdi və hər hansı bir iş görmək qadağan idi. Arimateyalı Yusif tez hərəkətə keçdi. Çox vaxt cinayətkarların cəsədləri dəfn edilmirdi, onları sadəcə Çarmıxdan çıxarıb leşyeyən qartallara və vəhşi itlərə yem edirdilər. Ehtimallara görə, Qolqotada Çarmıxa çəkilmişlərin kəllələri hər yerə səpələndiyi üçün oranı «Kəllə yeri» adlandırırdılar. Arimateyalı Yusif Pilatın yanına getdi. Adətən, cinayətkarlar ölməzdən əvvəl bir neçə gün Çarmıxdan asılı qalırdılar. Buna görə də Pilat İsanın Çarmıxa çəkiləndən altı saat sonra öldüyünü biləndə təəccübləndi. Lakin yüzbaşıdan təsdiqlənmə alandan sonra İsanın cəsədini Yusifə təhvil verdi. Ümumiyyətlə, Yusif bizim üçün xüsusi maraq kəsb edir.
1. Ola bilsin ki, Ali Şurada baş verən proseslərlə bağlı bütün məlumatlar ondan qaynaqlanıb. Çünki İsanın şagirdlərindən heç biri orada iştirak edə bilməzdi. Amma, ola bilsin, Yusif orada idi. Əgər belədirsə, o zaman Müjdənin yazılmasında onun əməyi də var.
2. Onun obrazı müəyyən mənada dramla müşayiət olunur: çünki o, Ali Şuranın üzvü idi, amma onun İsanın müdafiəsi haqqında danışdığına və ya Onun xeyrinə bir söz dediyinə dair bizim heç bir məlumatımız yoxdur. Yusif İsa öləndə Ona məzar verdi, lakin İsa sağ olanda susdu. Bu da çoxlarının faciəsidir — biz əklillərimizi hansısa insanın məzarı üçün saxlayırıq, o öləndə onu tərifləyirik. Yaxşı olardı ki, çələngdəki güllərdən bir neçəsini onlara verib, onlar sağ ikən bir neçə minnətdarlıq sözü deyək.
3. Amma Yusifi çox qınamaq olmaz. Çünki bəzi insanlarda olduğu kimi, ona da İsanın Çarmıxa çəkilməsi İsanın həyatından daha çox təsir etmişdi. Yusif İsanın sağlığında yalnız Onun təsiredici gücünü hiss etmişdi, başqa heç nə. Amma öldüyünü görəndə — yəqin ki, Yusif edamda iştirak etmişdi — onun ürəyi məhəbbətlə dolmuşdu. Əvvəlcə yüzbaşı, sonra Yusif. Maraqlıdır, İsanın «Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm» sözləri necə də tez yerinə yetməyə başladı (Yəhya 12:32).