1-10
Bu hadisədə iki şey bir-biri ilə sıx bağlıdır.
1. İsa Məsihin insanlara acıması. Biz bir daha İsada insanlara olan mərhəmətin təzahürünü görürük. İsanın ən çox diqqət çəkən cəhəti Onun insanlara qarşı hədsiz nəzakətli davranışı idi. Nəzakətlilik isə həyatda xırda şeylərə xüsusi diqqət yetirməkdir. İsa camaata baxdı: insanlar artıq üç gün idi ki, Onun yanında idilər. Həm də İsa bilirdi ki, insanların evə getməsi üçün yolları çox uzundur. İnsanlara Allahın həqiqətinin və məhəbbətinin əzəmətini çatdırmalı olan İsa ətrafına toplaşan insanların evə gedərkən yolda başlarına nə gələcəyini düşünməyə bilərdi. Lakin İsa belə deyildi. O, Allahdan uzaq düşmüş qəlblə və ya yorğun bədənlə qarşılaşan kimi, dərhal köməyə can atırdı. Təəssüf ki, çoxları köməyə can atmaq niyyətində olmur.
Günlərin bir günü konfransda bir adamla tanış olmuşdum. Onunla qaldığımız şəhərə gedən yol barədə müzakirə edirdik. «Düzdür, — həmsöhbətim dedi, — doğrudan da, yol çox pis vəziyyətdədir. Bu gün maşınla gedəndə həmin yolda qəza baş verdiyini gördüm». «Bəs siz dayanıb kömək etdinizmi?» — deyə mən soruşdum. «Xeyr, — o, cavab verdi, — yolda yubanmaq istəmirdim». Bəli, kiməsə yardım etməklə bağlı xoşagəlməz hadisələrdən qaçmaq insana xas olan xüsusiyyətdir. Köməyə ehtiyacı olana şəfqət göstərib, ona köməyə can atmaq isə göylərin xüsusiyyətidir.
2. İsa Məsih şagirdlərinə çağırış verdi. İsanın izdihama rəhmi gələndə və onlara yemək vermək istəyəndə, şagirdlər dərhal ərazi ilə bağlı çətinlikləri qeyd etdilər. Çünki onların olduğu yerdə çörək tapmaq təcrübi baxımdan mümkün deyildi. İsa onlardan soruşdu: «Bəs insanlara kömək etmək üçün əlinizdə nəyiniz var?» Şəfqət çağırışa çevrildi. İsa sanki deyirdi: «İnsanlara kömək etmək məsuliyyətini başqasının üzərinə atmağa çalışmayın. Deməyin ki, əgər nəyimizsə olsaydı, kömək edərdik. Deməyin ki, belə şəraitdə kömək etmək mümkün deyil. Əlinizdə olanı verin və nə baş verəcəyinə baxın».
Yəhudilərin qeyd etdikləri ən şən bayramları arasında Purim bayramıdır. Bu bayram Ester kitabında bəhs edilən qurtuluşun şərəfinə martın 14-də qeyd olunur. Həmin gündə hamı bir-birinə hədiyyə verir. Bayramın adəti belədir ki, hər bir insan nə qədər kasıb olursa-olsun, özündən də kasıb adamı tapıb ona hədiyyə verməlidir. İsanın başqaları kimi yardım etmək üçün qabaqcadan tədbir görməyə vaxtı yox idi. O, vaxtının gəlməsini və bunun üçün münasib şəraitin yaranmasını gözləmirdi. İsa deyir: «Əgər başqasını çətinlik içində olduğunu görsən, ona hər cür kömək et. Axı əslində nəyə qadir olduğunu bilmirsən». Bu epizodda iki maraqlı məqam var. Birincisi, bu hadisə Qalileya dənizinin uzaq şərq sahilində, Dekapolis adlı bölgədə baş verib. Bəs dörd mindən ibarət bu böyük izdiham nə üçün toplaşmışdı? Şübhəsiz, bu marağa kar və pəltək adamın sağalması səbəb olub. Lakin Müqəddəs Kitabın şərhçilərindən biri olduqca maraqlı fikir söyləyir. Mark 5:1-20-də biz İsanın cinə tutulmuş insanı sağaltması haqqında oxumuşduq. Həmin hadisə Dekapolisdə baş vermişdi. Nəticədə qadaralılar İsadan onların məmləkətini tərk etməsini xahiş etmişdilər. Sağalmış adam isə İsa ilə getmək istəmişdi. Amma İsa onu öz xalqının yanına göndərmişdi ki, Rəbbin ona nə etdiyini onlara danışsın. Ola bilərmi ki, bu böyük izdihamın bir hissəsi həmin şəfa almış adamın şəhadəti nəticəsində İsanın yanına gəlsin? Doğrudanmı, qarşımızda tək bir şahidin Məsih üçün edə biləcəyinin bariz nümunəsi canlanır? Həqiqətənmi, həmin izdihamda Məsihə üz tutan və bir nəfərin şəhadəti sayəsində canlarını qazanan insanlar var idi? Con Bunyan deyir ki, o, iman etməsinə görə günəş şüaları altında isinən bir neçə yaşlı qadından «göylərdən doğulma, Allahın onların qəlbində gördüyü işlər haqqında» təsadüfən eşitdiyi söhbətə borcludur. Yaşlı qadınlar Allahın onlara nə verdiyi, onlar üçün nə etdikləri barədə danışırdılar. Ola bilsin, Dekapolisdə çoxları Məsihin cinə tutulmuş adam üçün nə etdiyini eşitdiklərinə görə həmin izdihama qatılmışdılar.
İkinci maraqlı məqam da budur ki, epizodda yeddi zənbildən (sfiris), Mark 6:43-də isə beş minin doydurulması ilə bağlı oxşar epizodda on iki səbətdən (kofinos) danışılır. Zənbil — yəhudilərin yemək daşıdıqları, dar boyunlu, dibinə doğru genişlənən, daha çox suvarma qabına bənzəyən bir səbətdir. Sfuris səbəti gövdə quruluşunda idi; belə bir səbətdə həvari Paulu Dəməşq divarından endirmişdilər (Həvarilərin İşləri 9:25). Belə zənbillərdən bütpərəstlər də istifadə edirdilər. Bu hissədə təsvir olunan hadisə Qalileya dənizinin əks şərq sahilində yerləşən və əsasən bütpərəstlərin məskunlaşdığı Dekapolisdə baş vermişdi. Bəlkə də Mark 6-cı fəsildə təsvir olunan beş min nəfərin doydurulması hadisəsinə yəhudilərə göydən yemək verilməsi, bu hissədə isə dörd min nəfərin doydurulmasına bütpərəstlərə göydən yemək verilməsi kimi baxılmalıdır? Bu iki epizoddan İsanın yer üzünə həm yəhudilərin, həm də başqa millətlərin aclığını doydurmaq üçün gəldiyini fərz edə bilərikmi? Doğrudan da, Allah Məsih vasitəsilə insanlara qucağını açıb.
11-13
İsa Məsihin yaşadığı dövrdə insanlar Allahı fövqəltəbii şeylərdə axtarırdılar. İnsanlar inanırdılar ki, Məsih gələndə heyrətamiz işlər baş verəcək. Bu fəsli sona qədər oxuyanda fariseylərin, əslində, hansı əlamətləri gözlədiklərini daha yaxşı başa düşəcəyik. İndi isə onu deyə bilərik ki, yalançı məsihlər peyda olanda — bu isə o dövrdə tez-tez baş verirdi — onlar insanlara heyrətamiz şeylərin baş verəcəyini vəd edərək, özlərinə cəlb edirdilər. Məsələn, onlar İordan çayının sularını kəsəcəklərini, ortasında isə yol açacaqlarını, yaxud bir sözlə şəhərin divarlarını dağıdacaqlarını vəd edirdilər. Fariseylər də İsadan buna oxşar əlamət tələb edirdilər. Onlar istəyirdilər ki, təbiətin bütün qanunlarına zidd olaraq səmada heyrətamiz bir əlamət görünsün və insanları heyrətə salsın. İsa Məsih isə hesab edirdi ki, belə bir tələb insanların gündəlik həyatda Allahın iş görən əlini görə bilməməsindən irəli gəlir. İsa üçün bütün dünya əlamətlərlə dolu idi — tarlada bitən taxıl, çörəyin mayalanması və s. Yer üzündə hər şey İsaya Allahdan bəhs edirdi. O düşünmürdü ki, Allah bəşəriyyətin tarixinə başqa cür də müdaxilə etməlidir. O bilirdi ki, gözü olan hər kəs üçün Allah hər yerdə mövcuddur.
Həqiqətən, mömin insan imanlı cəmiyyətinə Allahı görmək üçün gəlmir: o, Allahı hər yerdə görür; o, müqəddəs yerləri təşkil etmir, adi yerləri müqəddəsləşdirir. Şairlərin bildiyi, duyduqları da elə bu idi. Məhz buna görə də onlar şair olublar. Elizabet Barret Brauninq yazırdı:
Yer üzündə hər şeyə səmavi şeylər hopdurulub
Hər kol, hər ağac Allah tərəfindən tozlandırılır;
Bunları görənlər ehtiramdan ayaqqabılarını çıxarır;
Görməyənlər isə əyilib böyürtkən yığır.
Tomas Edvard Braun isə yazırdı:
Bağ çox gözəldir, bunu Allah da bilir!
Qızılgül ləkləri, haşiyələnmiş gölməçələr,
Ayıdöşəyi ilə örtülmüş mağaralar -
Əsl zövq və rahatlıq mənbəyi.
Axmaqsa hələ də Tanrının olmadığını iddia edir,
«Nə bağda, nə də günün sərinliyində Tanrı yoxdur» deyir!
Amma daxilimdə bir əlamət var;
Əminəm, Allah qəlbimdə yaşayır.
Başqa bir şair də belə yazır:
Bir adam Allahdan əlamət istədi
Hər gün günəş sədəfdə doğub,
Al qırmızı rəngdə batdı;
Ulduzlar hər gecə parlaq libasda çıxdı;
Susamış otları hər səhər şeh qidalandırdı,
Taxıl biçin, meyvə şərab verdi,
Adam isə heç nəyi görə bilmədi.
Görən gözü, hiss edən ürəyi olan bir insan üçün gündüzün və gecənin möcüzəsi, eləcə də bizi əhatə edən hər şeyin əzəməti — Allahdan gələn əlamətdir.
14-21
Bu epizod şagirdlərin obrazını aydın göstərir. Onlar Qalileya dənizinin o biri sahilinə getdilər, lakin özləri ilə çörək götürməyi unutdular. Bu hissənin mənasını əvvəlki kontekstdə nəzərdən keçirəndə daha asan başa düşülür. İsa Məsih fariseylərin tələb etdiyi əlamət və Onun Hirod Antipada yaratdığı qorxu haqqında düşünürdü. O dedi: «Ehtiyatlı olun, Hirodun mayasından özünüzü gözləyin». Yəhudilər üçün maya pisliyi simvolizə edirdi. Maya — əvvəlki acımış xəmirdən qalan xəmir parçası idi. Yəhudilər mayalanmanı çürümə ilə eyniləşdirirdilər, buna görə də maya onlar üçün pisliyin rəmzi idi. Bəzən yəhudilər maya sözünü bizim «ilk günah» və ya «insan təbiətinin korlanması» ifadəsini işlətdiyimiz kimi işlədirdilər. Ravvin İsgəndər deyirdi: «Sən iradəni yerinə yetirmək istəyimizdən xəbərdarsan. Bəs bizə nə mane olur? Xəmirdəki maya, dünyaya olan meyilliliyimiz. Qoy bunlardan qurtulmaq üçün Sənin iradən olsun». Başqa sözlə desək, insana Allahın iradəsini yerinə yetirməyə mane olan — insan təbiətinin qüsurluğu, ilk günahı, insanı murdarlayan mayadır. Beləliklə, Məsihin dediklərinin mənası belə səslənir: «Fariseylərin və Hirodun zərərli təsirindən çəkinin. Fariseylərin və Hirodun getdiyi yolla getməyin».
Bəs bu ifadənin mənası nədir? Fariseylərlə Hirodun nə əlaqəsi var? Fariseylər indicə İsadan əlamət tələb etdilər. Yəhudi üçün Məsihin möcüzələr göstərməsini, milli zəfər və yəhudilərin siyasi hökmranlığını təşkil etməsini təsəvvür etməkdən asan heç nə yox idi (bunu tezliklə görəcəyik). Hirod isə xoş güzəran, güc, sərvət, təsir və nüfuz əldə etməyə çalışırdı. Müəyyən mənada həm fariseylər, həm də Hirod üçün Allahın Padşahlığı yer üzündəki padşahlıqdan ibarət idi. Onlar üçün Allahın Padşahlığı yer üzündəki qüdrət, əzəmət və güc yolu ilə əldə edilə bilən qələbələrə əsaslanırdı. İsa şagirdlərini sözgəlişi xəbərdar etməklə sanki onları tezliklə baş verəcək hadisələrə hazırlayırdı. O, sanki belə demək istəyirdi: «Siz tezliklə Mənim Allahın məsh Olunmuş Məsihi olduğumu başa düşəcəksiniz. Bunu dərk edəndə, fariseylərin və Hirodun düşündüyü kimi güc və izzət baxımdan düşünməyin». Amma İsa həmin vaxt şagirdlərinə heç nə izah etmədi. Çətin günlər hələ qabaqda idi. Şagirdlər isə buna qətiyyən əhəmiyyət vermədilər və İsanın sözlərini başa düşmədilər. Onlar yalnız özləri ilə çörək götürməyi unutduqları barədə düşündülər. Əgər xoş bir şey baş verməsə, onda ac qalmalı olacaqdılar. İsa gördü ki, onların fikri ancaq çörəkdədir. Ola bilsin, İsa onlara qıcıqla yox, astagəl uşağı özünün aşkar edə biləcəyi həqiqətə aparırmış kimi, təbəssümlə sual verirdi. İsa şagirdlərinə xatırlatdı ki, O, artıq iki dəfə nəinki böyük izdihamı doydurdu, hətta onlara ehtiyaclarından daha artığını verdi. O, sanki deyirdi: «Niyə bu qədər narahatsınız? Məgər əvvəl nə baş verdiyini xatırlamırsınız? Məgər əvvəlki günlər sizə öyrətməyib ki, Mənimlə olanda belə şeylərdən narahat olmaq lazım deyil?» Maraqlıdır, biz əvvəlki günlərimizin hamısını yadda saxlamırıq. Çox vaxt keçmişdə yaşadığımız təcrübə bizi bədbinliklə doldurur, bizə bu və ya digər işin öhdəsindən gələ bilməyəcəyimizi göstərir; həyata ümidsiz baxmağı öyrədir. Ancaq başqa təcrübə də var. Dərd gəldi, amma əyilmədik. İmtahanlar hücum çəkdi, biz isə onlara qalib gəldik. Xəstəlik gəldi, biz yenidən sağaldıq. Problem həllolunmaz kimi görünürdü, amma onu həll edə bildik. Biz çıxılmaz vəziyyətə düşdük, lakin yenə də çıxış yolu tapdıq. Biz ən çətin sınaqlardan keçdik, ancaq onlar bizi sındıra bilmədi. Biz də bəzən bəzi şeylərdə koruq. Əgər biz həyat dərslərini düzgün qiymətləndirsəydik, «qeyri-mümkündür» fikri bizi bədbinliyə yox, ümidə bağlayardı və Allahın bizi buraya qədər sağ-salamat çatdırdığına heyrət edərdik. Qarşıda bizi nə gözləməsindən asılı olmayaraq, Allahın bizə rəhbərlik edəcəyinə əmin olardıq.
22-26
Korluq bu günə qədər Şərqin lənəti olaraq qalır. O dövrdə korluğa qismən göz xəstəliyi, qismən də günəşin amansız şüası səbəb olurdu. Bütün bunlar insanların gigiyena və təmizlik haqqında təsəvvürlərinin olmaması ilə daha da ağırlaşırdı. Çox vaxt gözləri irinlə dolu, milçəklərin oturduğu bir insanı görmək olardı. İnfeksiya hər yerə yayılırdı, korluq isə bəla olmuşdu.
Bu epizodu yalnız Mark təqdim edir, orada isə çox maraqlı məqamlar var.
Burada İsanın hədsiz alicənab rəftarını görmək olar. O, kor adamın əlindən tutub, onunla tək qalmaq üçün kənddən kənara apardı. Nəyə görə? Görünür, bu adam anadangəlmə kor idi. Axı gözləri açılandan sonra izdiham arasında yüzlərlə insan görəcəkdi, bu da onu tamamilə çaşdıracaqdı. İsa bilirdi ki, ən yaxşısı onu gözləri açılandan sonra yaşayacağı şokun elə də güclü olmayacağı bir yerə aparmaqdır. Həqiqətən, dahi həkimlərin və müəllimlərin üstün bir keyfiyyəti var: dahi həkim xəstənin ağlına və ürəyinə yol tapır; o, xəstənin ümidini və qorxularını yaxşı başa düşür; o, sözün əsl mənasında, onun halına acıyaraq, şəfqət hissi bəsləyir. Eləcə də dahi müəllim şagirdinin ağlına yol tapır. O, şagirdinin problemlərini, çətinliklərini və nədə büdrəməsini görür. Məhz buna görə İsa belə şöhrət qazana bilmişdi. O, kömək etməyə çalışdığı insanların ağlına və ürəyinə yol tapa bilmişdi. Onun insanlarla alicənab davranmaq ənamı var idi, çünki onların düşüncələri ilə düşünür, hissləri ilə hiss edirdi. Qoy Allah bizə də Məsihin ənamını nəsib etsin!
2. İsa Məsih kor adamın başa düşə biləcəyi üsullardan istifadə edirdi. Qədim dövrlərdə insanlar tüpürcəyin müalicəvi xüsusiyyətinə inanırdılar. Əgər əzilmiş və ya yanmış barmağımızı ilk reaksiyamızda ağzımıza qoyduğumuzu xatırlasaq, bu inanc bizim üçün o qədər də qəribə görünməyəcək. Təbii ki, kor adam da eyni inanclara inanırdı, İsa isə onun inandığı müalicə üsulunu tətbiq etdi. İsa müdrikcəsinə hərəkət etdi. O, sadə insanlar üçün anlaşılmaz söz və hərəkətlərlə başlamadı. O, insanlarla elə danışır, elə davranırdı ki, sadə ağıllar Onu yaxşı başa düşə bilsin. Elə dövrlər olub ki, anlaşılmazlıq böyüklük əlaməti sayılırdı. İsanın isə daha böyük əzəməti var idi — sadə ağılın başa düşə biləcəyi bir əzəmət.
3. Bu möcüzənin unikallığı da ondadır ki, o, mərhələ-mərhələ baş verdi. Adətən, möcüzələr qəfil həyata keçirilirdi. Bu dəfə isə görmə qabiliyyəti tədricən bərpa olundu.
Burada simvolik həqiqət var. Heç kim Allahın bütün həqiqətlərini bir anda bütöv şəkildə görə bilməz. Müjdəçiliyin təhlükələrindən biri odur ki, insana Məsihə iman edən kimi dərhal yetkin məsihçiyə çevriləcəyi təlqin edilir. İmanlı Cəmiyyətinə mənsub olmağın təhlükələrindən biri də budur ki, bu mənsubiyyət yanlış şərh olunur: sanki İmanlı Cəmiyyətinə üz tutan insan dərhal yolun sonuna gəlib çatır. Lakin belə deyil. Əksinə, insanın Məsihə iman etməsi və İmanlı Cəmiyyətinə qoşulması — yolun başlanğıcıdır. Bu yol — Məsihin tükənməz xəzinələrinin kəşf yoludur. Amma insan yüz, min və ya milyon il yaşasaydı, yenə də mərhəmətə ehtiyac duyar, İsa Məsihin sonsuz möcüzəsindən və gözəlliyindən getdikcə daha çox şey öyrənməli olardı. Mayers «Müqəddəs Paul» şeirində həvari Paulun dili ilə belə sözlər deyir:
Qoy heç kim düşünməsin ki, işi birdən-birə,
Bir andaca tamamlaya bilib.
Çünki işə sübh tezdən başlasa belə,
Gün batanda çox az iş gördüyünü görəcək.
Doğrudan da, insanın bir günün içində iman etməsi — böyük lütfdür. Amma bu da bir həqiqətdir ki, insan hər gün imanını yeniləməlidir. Allahın lütfü ilə insan həyatı boyu Allahı dərk etməyə davam edə bilər. Lakin Allah onu tanıdığı kimi, onun Allahı tanıması üçün əbədiyyət tələb olunur.
27-30
Filip Qeysəriyyəsi Qalileyanın xaricində, Hirod Antipaya tabe olan ərazidə deyil, Tetrarx Filipin ərazisində yerləşirdi. Bu şəhərin heyrətamiz tarixi var. Qədim dövrlərdə o, Baal-Xermon adlanırdı, çünki bir vaxtlar həmin ərazi Baal bütünə ibadət mərkəzi sayılırdı. İndi o, qədim yunan dilində Paneas sözündən yaranan Baniyas adlanır. Bu yer dağın yamacında yerləşirdi, yunan təbiət tanrısı Panın doğulduğu yer hesab edilən mağara olduğu üçün belə adlanırdı. Dağın döşündəki mağaradan İordan çayının mənbəyi sayılan çay çıxırdı. Bir qədər yüksəkdə, təpənin yamacında tanrı olduğu güman edilən dünyanın hökmdarı, Roma imperatoru, ilahi Qeysərin şərəfinə Filip Tetrarxın ağ mərmərdən tikdiyi parlaq bir məbəd ucalırdı. Maraqlıdır ki, Peter məhz burada evsiz-eşiksiz Qalileyalı dülgərin simasında Allahın Oğlunu gördü. Oranın havasından qədim bütpərəst dininin qoxusu gəlirdi. Hər yerdə Baal bütünün şərəfinə ibadət abidələri ucalırdı. Yunanıstanın klassik tanrıları bu ərazidə dolaşırdı. Yəqin ki, insanlar heyvandarlıq və təbiət tanrısı Panın fleytasının səslərini eşidir və oğrun-oğrun meşə pərilərini izləyirdilər. İordan çayı yaddaşlarda İsrailin tarixini və ölkənin fəthini özündə təcəssüm etdirən yeni epizodlar canlandırırdı. Aydın şərq günəşində müqəddəs məkanın mərmərinin parıldaması bütün insanlara Qeysərin tanrı olduğunu xatırladırdı. Məhz orada, bütün dinlərin və bütün tarixin fonunda Peter ölümə doğru gedən Nazaretli sərgərdan Müəlliminin Allahın Oğlu olduğunu kəşf etdi. Əhdi-Cədiddə İsanın şəxsiyyətini bu qədər aydın göstərən başqa yer yoxdur. Markın Müjdəsində bu epizod kitabın düz ortasına düşür, bu da təsadüfi deyil, məqsədyönlü şəkildə edilib. Çünki bu, İncildə İsanın tərcümeyi-halında ən yüksək nöqtədir. Bu, müəyyən mənada İsanın həyatında böhranlı andır. Şagirdlərin Onun haqqında nə fikirləşməsindən asılı olmayaraq, O bilirdi ki, irəlidə Onu Çarmıx gözləyir. Bütün bunlar uzun sürə bilməzdi. Onun rəqibləri zərbə endirmək üzrə idi. İsanı indi bir sual narahat edirdi — O, ümumiyyətlə, insanlara təsir edə bilibmi? O, nəyəsə nail ola bilibmi? Başqa sözlə, kimsə Onun, həqiqətən, Kim olduğunu başa düşübmü? Əgər O, insanlar arasında yaşaya-yaşaya, onları öyrədə-öyrədə heç kim Onda Allahı görməyibsə, deməli, gördüyü bütün işləri boşa çıxıb. Xalqa gətirdiyi müjdəni çatdırmaq üçün Onun yalnız bir yolu var idi — müjdəni insanların qəlbinə yazmaq. Buna görə İsa hər şeyi yoxlamaq qərarına gəldi. O, şagirdlərindən insanların Onun haqqında nə düşündüklərini soruşdu, onlardan xalqın ümumi fikrini öyrəndi, şayiələri dinlədi. Tam sükut çökəndə isə Onun üçün böyük əhəmiyyət kəsb edən sualı verdi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Birdən Peter ürəyinin dərinliyində çoxdan bildiyi həqiqəti dərk etdi. İsa — Məsih, Məsh olunmuş, Allahın Oğlu idi. Bu cavab İsaya boş yerə zəhmət çəkmədiyini göstərdi.
İndi biz başqalarının dəfələrlə verdiyi və ya cavab verməyə çalışdıqları, lakin ətraflı cavablandırılmalı olan bir suala gəlib çıxdıq. Əks halda, bütün Müjdə anlaşılmaz olaraq qalacaq. Peter İsanın Allahın Oğlu olduğunu deyən kimi, İsa dərhal ona bu barədə heç kimə danışmamağı əmr etdi. Nəyə görə? Çünki əvvəlcə İsa həm Peterə, həm də digər şagirdlərinə həqiqi Məsih olmağın nə demək olduğunu izah etməli idi. İsanın qarşısında duran vəzifəni başa düşmək və nəyə görə bunun bu qədər vacib olduğunu anlamaq üçün, əvvəlcə İsanın dövründə yəhudilərin Məsih haqqında təsəvvürlərinin necə olduğunu ətraflı müzakirə edək.
Yəhudilər Allahın seçilmiş xalqı olduqlarını tarix boyu unutmurdular. Buna görə onlar dünyada həmişə xüsusi yerə iddia edirlər. Əvvəlcə onlar bu mövqeyə, bizim dilimizlə desək, adi yolla nail olmaq istəyirdilər. Onlar padşah Davudun dövrünü tarixin ən böyük günləri hesab edirdilər. Padşah Davudun qəbiləsindən yeni bir padşahın gələcəyi, onları salehlik və qüdrət baxımından əzəmətli edəcəyi günü xəyal edirdilər (Yeşaya 9:1; Yeremya 22:4; 23:5; 30:9).
Lakin zaman keçdikcə aydın oldu ki, adi yollarla onlar heç vaxt arzuladıqları əzəmətə nail ola bilməyəcəklər. On qəbilə Aşşura aparıldı və əbədi olaraq itirildi. Yerusəlim babillilər tərəfindən fəth edildi, yəhudilər isə köləliyə aparıldı. Sonra yəhudilər farsların, yunanların, daha sonra romalıların əsarəti altına düşdülər. Əsrlər boyu yəhudilər əsl azadlığın və müstəqil olmağın nə demək olduğunu bilmədilər və təbii olaraq, artıq padşah Davudun qəbiləsindən gələn böyük padşah haqqında düşünmədilər.
Bu səbəbdən yəhudilər yeni düşüncələrə qapılmağa başladılar. Düzdür, padşah Davudun qəbiləsindən gələn böyük padşah ideyası hələ də qüvvədə idi. Lakin onlar Allahın tarixin gedişinə bilavasitə müdaxilə edəcəyi və adi yollarla əldə edilə bilmədiklərini fövqəltəbii vasitələrlə ala biləcəkləri günü daha çox arzulayırdılar. Onlar insan gücü ilə edə bilmədiklərini səmavi qüdrətin həyata keçirə biləcəyi gücü axtarırdılar. Əhdi-Ətiq və Əhdi-Cədid arasındakı dövrdə həmin yeni dövrün gəlişi və Allahın yer üzünə müdaxiləsi ilə bağlı xəyallardan və «peyğəmbərlik»lərdən bəhs edən çoxlu kitablar yazılmışdı. Həmin kitablar Apokalipses kimi tanınır. Bu da, sözün əsl mənasında, vəhylər deməkdir. Apokalipses kitabları gələcəyi açıqlamalı idi. İsanın dövründə yəhudilərin Məsih, Onun fəaliyyəti və yeni dövr haqqında təsəvvürlərinin nə olduğunu öyrənmək üçün məhz həmin kitablara müraciət etməliyik. İsanın dediklərini məhz bu ideyaların fonunda araşdırmaq lazımdır.
Bu kitablarda bəzi əsas ideyalar əksini tapır. Onların təsnifatı burada «İsa Məsihin dövründə yəhudi xalqının tarixi» kitabını yazan Şürerə25 görə verilmişdir.
1. Məsihin gəlişindən əvvəl insanların başına müsibətlər gələcək. Bu, Məsihin doğulacağı, yeni dövrün başlayacağı doğum sancıları olacaq. Yer üzündə ağlasığmaz əzablar və dəhşətlər tüğyan edəcək; bütün şərəf və ləyaqət normaları məhv ediləcək; dünya həm fiziki, həm də mənəvi cəhətdən xaosa çevriləcək.
Namus rüsvayçılığa çevriləcək,
Güc nifrət səviyyəsinə endiriləcək,
Dürüstlük yox olacaq,
Gözəllik pozğunluğa çevriləcək...
Özü haqqında düşünməyən insanlarda paxıllıq püskürəcək,
Sülhsevər insanın gözlərini şəhvət bağlayacaq,
Çoxlarında başqalarına zərər vermək üçün pislik baş qaldıracaq,
Qan tökmək üçün ordular qalxacaq.
Sonda hamısı birlikdə məhv olacaqlar».
(2Baruh 27)
Onda «yer titrəyəcək, xalqlar təlaşa düşəcək, insanlar iğtişaş törədəcək, rəhbərlər çaşqınlıq, başçılar narahatlıq içində» olacaq (3Ezra 9:3).
«Alovlu sözlər göydən yerə enəcək. İnsanlar arasında çaxan böyük şimşəklər görünəcək; hər kəsin və hər şeyin anası olan yer üzü həmin günlərdə Əzəldən Var Olanın əlindən titrəyəcək. Dənizdəki balıqlar, yerdəki heyvanlar, müxtəlif növ saysız-hesabsız uçan quşlar, insanlar və yer üzündə bütün dənizlər Əzəldən Var Olanın hüzurunda lərzəyə gələcək, hər yerdə çaxnaşma olacaq. Uca dağları, nəhəng təpələri O, yerindən oynadacaq, qaranlıq dərinliklər hamıya görünəcək. Ən yüksək dağlardakı dərin dərələr cəsədlərlə dolu olacaq, qayalardan qan axacaq, çaylar düzənlikləri basacaq ... Allah hər şeyi müharibə və qılıncla mühakimə edəcək, göydən kükürd, daşlar, dolu və yağış yağacaq, bütün bunlar aramsız və dəhşətli olacaq. Ölüm dördayaqlı heyvanları yaxalayacaq. Torpaq həlak olanların qanı ilə, heyvanlar isə ətlə doyacaq».
(Sibillərin peyğəmbərliyi 3:363 və s.)
Mişnada Məsihin gəlişinin əlaməti belə təsvir olunur:
«Təkəbbürlük, şöhrətpərəstlik artır; üzüm bağları yaxşı məhsul versə də, şərab baha satıldı; hökumət bidətə çevrildi. Tədris dayandırıldı, sinaqoqlarda şəhvətə yol verildi. Qalileya məhv edildi. Qablan viran qaldı. Vilayətin sakinləri şəhərbəşəhər gəzdi, heç yerdə şəfqətə rast gəlmədi. Savadlının müdrikliyinə nifrət edildi, möminliyə xor baxıldı, həqiqət yoxa çıxdı. Oğlanlar qocaları təhqir etdi, qocalar uşaqların səviyyəsinədək düşdü. Oğul atasını alçaltdı, qızlar anaya, gəlin qayınanaya qarşı çıxdı. İnsanın düşməni öz ev əhli oldu».
Yəhudilərin fikrincə, Məsihin gəlişinə yaxın dünya parçalanmalıdır, münasibət bağları zəifləməlidir, fiziki və əxlaqi normalar yerlə-yeksan olmalıdır.
2. Məhz bu xaosda Məsihin sələfi və elçisi İlyas peyğəmbər gələcək. O, Məsihin yolunu hazırlayaraq, dağıdılmış şeyləri bərpa etməli, xaosda nizam-intizam yaratmalıdır. Hər şeydən əvvəl isə o, mübahisəli məsələləri həll etməli idi. Yəhudilərin yazılmamış qanunu, hətta pul, əmlak, habelə tapılan əşyalar barədə mübahisələr «İlyas peyğəmbər gələnə qədər» gözləməsini nəzərdə tuturdu. İlyas peyğəmbər gələndə, Məsihi çox gözləmək lazım gəlməyəcək.
3. Sonra Məsih gələcək. Məsih sözü Xristos sözü ilə eyni məna daşıyır. Məsih — yəhudi sözüdür, Xristos isə yunan sözü olub, yəni Məsh olunmuş deməkdir. Adətən, yeni padşah padşahlıq etmək üçün məsh edilirdi, Məsih də Allahın məsh olunmuş Padşahı idi. Məsih sözünün ad deyil, bir titul olduğunu xatırlamaq vacibdir. Bəzən Məsih Davud qəbiləsindən gələn padşah kimi, çox vaxt isə dünyanı yenidən qurmaq və sonda Allahın seçilmiş xalqının hüquqlarını müdafiə etmək üçün tarixə müdaxilə edəcək böyük fövqəlbəşəri Şəxsiyyət təsəvvür edilirdi.
4. Bütün millətlər birləşib Allah yolunun müdafiəçisinə qarşı qalxacaqlar.
«Xalqların padşahları qisas almaq məqsədilə bu ölkəyə hücum edəcəklər. Onlar Uca Tanrının Məbədini dağıtmağa və ən nəcib insanları məhv etməyə çalışacaqlar. Mənfur padşahlar bütpərəstlərlə əhatə olunaraq şəhərin ətrafında taxtlarını quracaqlar. O zaman Allah gur səslə üsyankar cahil xalqlara müraciət edəcək və qüdrət Sahibinin hökmü onları mühakimə edəcək, onların hamısı Əbədi Yaşayanın əli ilə məhv olacaqlar».
(Sibillərin peyğəmbərliyi 3:363-372)
«Bütün xalqlar Onun səsini eşidəndə, hər kəs öz torpağını tərk edib, bir-birinə qarşı apardığı müharibələri dayandıracaq. O zaman sanki Onu məğlub etmək istəyən saysız-hesabsız izdiham toplaşacaq».
(3Ezra 13:33-34)
5. Nəticədə düşmənin bütün qüvvələri tamamilə məhv ediləcək. İsgəndəriyyəli26 Filon demişdi ki, Məsih «yürüşə çıxıb müharibə edəcək və böyük, çoxsaylı xalqları məğlub edəcək. (Məsh olunmuş) onları mühakimə edəcək və əməllərini onların qarşısına qoyacaq. Onları dirilərin mühakiməsinə təslim edəcək, məzəmmət edib cəzalandıracaq» (3Ezra 12:32-33).
«O günlərdə heç kim — nə qızıl, nə də gümüşlə xilas ola biləcək,
Heç kim qaça bilməyəcək, döyüş üçün dəmir olmayacaq,
Heç kəsin zirehi olmayacaq,
Tuncun heç bir faydası qalmayacaq,
Nə qalaya qiymət veriləcək, nə qurğuşun arzulanacaq.
Yer üzündəki hər şey məhv ediləcək».
(Xanok 52:7-9)
Məsih tarixin düşmənlərini əzib məhv edən ən sarsıdıcı qalibi olmalı idi.
6. Bu hadisələrin ardınca Yerusəlimin xilası və bərpası gələcək. Bəzən bununla mövcud şəhərin təmizlənməsini, çox vaxt isə göydən enən yeni Yerusəlimi təsəvvür edirdilər. Yəhudilərə görə, köhnə evlər söküləcək, yenilərində isə «bütün sütunlar və dayaqla yeni olacaq, ornamentlər əvvəlkilərdən daha böyük olacaq» (Xanok 90:28-29).
7. Dünyanın dörd bir yanına səpələnmiş yəhudilər bu şəhərə toplanacaqlar. Bu gün hər yəhudi gündəlik duasında Allaha belə dua edir: «Dünyanın dörd bir yanından səpələnmiş bizi toplamaq üçün bayrağı qaldır».
Süleymanın doqquzuncu məzmurunda gözəl bir mənzərə təsvir edilir:
«Sionda şeypur çalın və möminləri bir yerə yığın ki,
Müjdəçinin səsi Yerusəlimdə eşidilsin,
Çünki Allah İsraili ziyarət edərkən ona rəhmi gəldi.
Zirvəyə qalx, ey Yerusəlim,
Rəbbin şərqdən və qərbdən bir yerə topladığı övladlarını qoru.
Rəbbə görə sevinərək onlar şimaldan gəlirlər,
Allah onları uzaq adalardan topladı,
Onlar üçün uca dağları düzənliyə çevirdi,
Onlar yolda ikən təpələr aralanıb onlara yol, meşələr sığınacaq verdi;
Allah onlar üçün hər növ ətirli ağaclar yetişdirdi ki,
İsrail öz Allahının izzətində irəliləyə bilsin.
Ey Yerusəlim, gözəl paltarını geyin,
Ən sevimli paltarını hazırla,
Çünki Allah bizim haqqımızda həmişə yaxşı söz söyləyib,
Qoy Rəbb İsrail və Yerusəlim haqqında dediyini yerinə yetirsin.
Qoy İsraili Öz izzətli adı ilə ucaltsın.
Qoy Allahın mərhəməti əbədi olaraq İsrailin üzərində olsun».
Bu yeni dünyanın necə yəhudiləşmiş olacağını görmək asandır. Milliyyətçi ünsür hər yerdə üstünlük təşkil edirdi.
8. İsrail dünyanın mərkəzinə çevriləcək, qalan millətlər isə ona tabe olacaq. Bəzən bunun hətta dinc bir fəth olacağı güman edilirdi.
«Bütün adalar və bütün şəhərlər deyəcək: görün əbədi Tanrı bu insanları necə də sevir! Onlara rəğbət bəsləyir və kömək edir ... Gəlin hamımız gedib yerə yıxılaq və əbədi, qüdrətli Padşaha yalvaraq. Gəlin təntənəli şəkildə Məbədə yürüş edək, çünki O — yeganə hökmdardır».
(Sibillərin peyğəmbərliyi 3:690 və s.)
Ancaq bütpərəstləri daha çox başqa bir aqibət gözləyir — tam məhv edilmə. İsrail buna sevinəcəkdi.
«O, bütpərəstləri məhv etmək üçün gələcək,
Onların bütün bütlərini qıracaq,
O zaman İsrail xoşbəxt olacaqsan,
Qartalın boynuna, qanadına oturacaqsan (söhbət Romadan gedir, qartal məhv edilməlidir).
Onlar yox ediləcək, səni isə Allah yüksəldəcək...
Sən zirvədən baxıb düşmənlərini cəhənnəmdə görəcəksən,
Onları tanıyıb sevinəcəksən».
(Musanın Vəsiyyəti 10:8-10)
Bu, çox kədərli mənzərə idi. İsrail düşmənlərini cəhənnəmdə görüb sevinəcək. Hətta dünyasını dəyişən israillilər də yeni dünyaya qovuşmaq üçün diriləcək.
9. Sonda, nəhayət, əbədi davam edən yeni dövr — sülh və xeyirxahlıq dövrü gələcək. İsanın dövründə yəhudilərin zehninə hakim olan məsihçilik ideyaları bax belə idi. Yəhudilər millətçi idilər, hər an zorakılığa, məhv etməyə, qisas almağa hazır idilər. Düzdür, onlar Allahın kamil Padşahlığına can atırdılar, lakin oraya gedən yolları qan və digər xalqların sonsuz tabelik zəncirindən keçirdi. İndi isə İsa Məsih və Onun üzərində işləməsi və öyrətməsi lazım gələn mühit haqqında düşünün. Buna görə də Onun şagirdlərə həqiqi Məsihliyin nə olduğunun mahiyyətini izah etmək üçün onları yenidən öyrətməsi təəccüblü deyil. Eləcə də yəhudilərin sonda Onu bidətçi kimi Çarmıxa çəkmələri təəccüblü deyil. Belə bir atmosferdə Çarmıxa çəkilməyə yer yox idi, həmçinin şəfqətli sevgiyə də yer az idi.
31-33
Bu hissəni Məsih haqqında yəhudilərin fikirlərini öyrəndiklərimizi nəzərə alaraq oxumaq lazımdır. İsa Məsih məsihçiliyi əzab və ölümlə əlaqələndirəndə, şagirdlər belə ifadələri ağlasığmaz və inanılmaz hesab edirdilər. Onlar həyatları boyu Məsihi məğlubedilməz bir qalib kimi düşünürdülər, indi isə sarsıdıcı sözlər eşidirdilər. Məhz buna görə Peter belə təkidlə etiraz edirdi. Bütün bunlar onun üçün ağlasığmaz görünürdü. Bəs nə üçün İsa Peteri bu qədər sərt şəkildə məzəmmət etməyə başladı? Çünki Peter iblisin İsanı sınağa çəkdiyi fikirləri ucadan dedi. Qarşıda İsanı Çarmıx gözləyirdi. O bilirdi ki, Çarmıxdakı ölümün öhdəsindən gəlmək üçün Onun gücü və səlahiyyəti var. İsa səhrada olduğu kimi, yenidən sınaqlara qalib gəldi. İndi isə iblis yenə İsanı sınağa çəkirdi ki, İsa yıxılıb ona səcdə etsin və Allahın yolu ilə deyil, onun yolu ilə getsin. Bəzən düşmən bizimlə yaxşı münasibətdə olduğumuz dostumuzun dili ilə danışır. Olur ki, insan yaxşı niyyətlə və mahiyyətcə düzgün, lakin bəlalarla, itkilərlə, qurbanlarla bağlı olan və insanların düşmənçiliyinə səbəb olan davranış tərzi seçir; ən yaxın dostu isə onu dayandırmağa çalışır. Mən bir adam tanıyırdım, o, az qala xoşagəlməz hadisələrlə üzləşəcək yolla gedəcəkdi. Dostlardan biri onu fikrindən daşındırmağa çalışmışdı. «Unutma, — həmin adamın dostu demişdi, — sənin arvad-uşağın var. Sən bunu etməməlisən». Doğrudan da, bəzi insanlar bizi o qədər sevirlər ki, bizi bəlalardan xilas edib, təhlükəsizliyimizi qorumağa çalışırlar.
Tennisonun «Qaret və Linet» poemasında Lot və Belisentin kiçik oğlundan bəhs edilir. Onun görüntüsü var idi, buna görə kral Arturun cəngavəri olmaq istəyirdi. Anası Belisent onu buraxmaq istəmirdi. «Məgər məni tək qoyub gedəcəksən? — deyə anası soruşdu. — Qaret, atan çox qocalıb, əriyə-əriyə gedir». Qaretin qardaşlarının hər ikisi artıq kral Arturun sarayında idilər. «Yanımda qal, canım-oğlum — anası dedi, — sən hələ uşaqsan». Oğluna təsəlli verməkdən ötrü anası oğlu yanında qalarsa ov təşkil edəcəyinə və ona şahzadə qız tapacağına söz verdi. Lakin gəncin öz görüntüsü var idi, sevən ana isə onu evdə saxlamaq üçün hər cür bəhanələr tapırdı. Sevən adam nə etdiyini anlamadan sevdiyi insanla yoldan çıxaranın səsi ilə danışır. Amma Qaret bütün bunlara belə cavab verdi:
«Ay ana, məni yanında necə saxlaya bilərsən? Ayıbdır.
Mən böyük kişiyəm, kişi işi ilə də məşğul olmalıyam.
Maralları izləmək deyirsən?
Yox. Padşahın ardınca getməliyəm.
Saleh yaşamalı, həqiqəti söyləməli, pisliyi yox etməli,
Padşahın ardınca getməliyəm.
Yoxsa nə üçün doğulmuşam?»
Beləliklə, Qaret görüntünün onu çağırdığı yerə getdi. Ən təhlükəli olan da odur ki, şeytan sevdiyimiz və qayğımıza qalan insanların dili ilə bizə hücum edir. Həmin gün İsa ilə də belə oldu. Buna görə də O, sərt cavab verdi. Hətta məhəbbətin yalvaran səsi belə, Allahın səsini bizim üçün boğmamalıdır.
34
Markın Müjdəsindəki bu hissə məsihçi inancının təməlini və o qədər vacib məqamları ehtiva edir ki, az qala buranı cümləbəcümlə təhlil etmək lazım gəlir. Əgər insan hər gün bu cümlələrdən birini ürəyində saxlasa və həyatda onları rəhbər tutsa, bu, bəs qədərdən də çox edər.
Burada iki məqam diqqət çəkir:
1. Birincisi, İsanın heyrətamiz dürüstlüyü. Heç kim deyə bilməz ki, onu aldadaraq İsanın ardınca getməyə sövq ediblər. İsa heç vaxt insanlara asan yol vəd edərək, Öz tərəfinə çəkməyə çalışmayıb. O, insanlara rahat yol vəd etməyib. O, insanlara izzət vəd edib. Bir insana Çarmıxını daşımağa hazır olduğunu söyləmək, ona cinayətkar kimi baxılacağını, hər an ölməyə hazır olduğunu söyləmək demək idi. Böyük başçılar həmişə dürüst olublar. İkinci Dünya Müharibəsi dövründə ölkə rəhbərliyini öz üzərinə götürən Vinston Çörçil insanlara ancaq «qan, əmək, göz yaşı və tər» vəd etmişdi. Böyük italyan vətənpərvər Cüzeppe Qaribaldi ordusuna könüllüləri belə sözlərlə çağırmışdı: «Mən sizə nə maaş, nə mənzil, nə də müavinət verə bilərəm; mən yalnız aclıq, susuzluq, çətin keçidlər, döyüşlər və ölüm təklif edə bilərəm. Qoy vətənini dildə deyil, ürəkdən sevən arxamca gəlsin». «Əsgərlər, düşmənin üstün qüvvələrinə qarşı bütün səylərimiz boşa çıxdı. Sizə təklif edə biləcəyim tək şey — aclıq, susuzluq, məhrumiyyət və ölümdür; lakin vətənini sevən hər kəsi ardımca gəlməyə səsləyirəm». İsa Məsih insanlara asan həyat vəd edərək, heç vaxt Özünə tərəf çəkməyə çalışmayıb; O, insanlara çağırış edərək daxillərində yatmış zadəganlığı oyatmağa çalışıb, onlara ən çətin yolu izləməyi təklif edib. İsa həyatı asanlaşdırmaq üçün deyil, ona məna vermək üçün gəlib.
2. İsa heç vaxt insanları Özünün keçə bilmədiyi və yaşamadığı nəyəsə çağırmayıb. Bu, insanların arxasınca getməyə hazır olduqları başçılara xas olan xarakterdir. Fars padşahı Daranı təqib edən Makedoniyalı İsgəndər tarixin ən heyrətamiz qəhrəmanlıqlarından birini etmişdi. On bir günə onun ordusu altı yüz altmış kilometrdən çox yol qət etmişdi. Su çatışmazlığı səbəbindən onlar təqibi dayandırmaq istəyirdilər. Bu barədə yunan tarixçisi Plutarx27 belə deyir: «Onlar çətin vəziyyətə düşmüşdülər. Bir neçə makedoniyalı qatırların üzərində tuluqlarda su daşıyaraq yol gedirdi və günorta çağı Makedoniyalı İsgəndərin olduğu yerə çatdı. Onu susuzluqdan boğulan görüb, dərhal dəbilqəni su ilə doldurdular və ona verdilər. O, suyu kimə apardıqlarını soruşdu. Onlar da söylədilər ki, suyu uşaqlarına aparırlar, amma onun da — Makedoniyalı İsgəndərin həyatını xilas etmək istəyirlər. Sonra Makedoniyalı İsgəndər dəbilqəni əlinə alıb, ətrafına baxdı və gördü ki, ətrafdakıların hamısı əllərini uzadıb, acgözlüklə suya baxır. O, bir qurtum belə içmədən minnətdarlıqla suyu geri qaytarıb dedi: «Mən tək içsəm, o biriləri məyus olacaq». Əsgərlər onun nəfsini necə saxladığını və onlara qarşı comərdlik göstərdiyini görüb qışqırdılar və onları cəsarətlə irəli aparmasını xahiş etdilər. Sonra atlarına minib onları qamçılamağa başladılar. Əsgərlər dedilər ki, belə bir padşaha sahib olduqlarına görə həm yorğunluğa, həm də susuzluğa qalib gələ biləcəklər, çünki özlərini ölümsüz hesab edirlər». Özünün etməyə hazır olmadığını heç vaxt xalqından tələb etməyən bir liderin arxasınca getmək asandır.
Kvint Fabi Kunktator28 adlı məşhur Roma sərkərdəsi günlərin bir günü öz heyəti ilə düşmənin çətin mövqeyini tutmağın mümkünlüyünü müzakirə edirdi. Zabitlərdən biri öz planını təklif etdi. O dedi: «Ancaq bu plan bir neçə insanın həyatı bahasına başa gələcək». Kunktator ondan soruşdu: «Onlardan biri olmağa hazırsınızmı?» İsa yuxarıda oturub piyada kimi insanların həyatı ilə oynayan liderlərdən deyildi. O, insanlardan tələb etdiyi hər şeyə Özü tab gətirməyə hazır idi. İsanın bizi Çarmıxı daşımağa çağırmaq hüququ var idi, çünki Çarmıxı birinci Özü daşımışdı.
3. İsa Onun ardınca getmək istəyən insanlara deyir: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin...». Bu tələb hərfi oxunsa, onda onun mənası daha yaxşı başa düşülür. «Özünə «Yox!» de». Məsihin ardınca getmək istəyən şəxs həmişə özünə «yox», İsaya isə «hə» deməlidir. O, zövq aldığı komfortuna «yox» deməlidir. İnsan şəxsi maraqlarına əsaslanan davranışından əl çəkməlidir; o, qulağına pıçıldayan instinktlərdən və qadağa olunmuş şeyləri sınamaq istəyindən əl çəkməlidir. O, İsa Məsihin səsinə və çağırışına «hə» cavabını verməkdən qorxmamalıdır. İnsan, bir vaxtlar həvari Paulun dediyi kimi, deməlidir: «Artıq mən yaşamıram, Məsih məndə yaşayır; indi mən öz istəklərimə tabe olmaq üçün deyil, Məsihin iradəsinə tabe olmaq üçün yaşayıram və əsl azadlığı bunda tapıram».
35
Elə şeylər var ki, insan onları qoruduqda itirər, istifadə etdikdə isə qorumuş olar. Buraya insanın istedadı və bacarıqları da aiddir. İnsan onlardan istifadə edərsə, onları təkmilləşdirər. Onlardan istifadə etməkdən imtina edərsə, nəticədə onları itirər. Geniş mənada bu prinsip həyatın hər sahəsinə aiddir. Tarix canını qurban verən, lakin əbədi həyat qazanan insanların adları ilə doludur. Beləcə dördüncü əsrdə şərqdə Telemax adlı bir rahib yaşayıb. O özünü duaya, Rəbb haqqında düşüncələrə və oruca həsr edə bilsin deyə hər kəsdən təcrid olunmaq qərarına gəlmişdi və bu yolla canını əbədi ölümdən xilas etmək istəyirdi. O, tənhalığında yalnız Allahla ünsiyyət axtarırdı. Lakin bir gün nəyisə səhv etdiyini hiss etdi. Günlərin bir günü duadan qalxaraq anladı ki, onun həyatı fədakarlığa deyil, Allaha olan eqoist sevgiyə əsaslanır. O başa düşdü ki, əgər Allaha xidmət etmək istəyirsə, onda insanlara xidmət etməlidir, şəhərlər günah içində bata-bata məsihçiyə səhrada yaşamaq yaraşmaz, insanların xilasa ehtiyacı var. Sonda səhranı tərk edib, o dövrün ən böyük şəhəri olan Romaya getdi. Yol boyu o, sədəqə diləyərək yaşadı. O dövrdə məsihçilik artıq Romanın rəsmi dininə çevrilmişdi. Telemax Romaya gələndə böyük sərkərdə Stilixon29 qotlar üzərində qələbə qazandığı üçün onun şərəfinə triumf təşkil olunmuşdu. Roma əvvəlkinə nisbətən çox dəyişmişdi — indi insanlar bütpərəst məbədlərə deyil, məsihçi kilsələrinə axışırdılar. Küçələrdə yürüşlər gedir və şənliklər təşkil olunurdu, Stilixo şəhərin küçələrində atın belində gedir, yanında isə gənc imperator Honorius var idi.
Bütün bunlara baxmayaraq, Romada hələ də qladiator döyüşlərinin keçirildiyi arena dururdu. Artıq məsihçilər şir və vəhşi heyvanlara yem kimi atılmırdı. İndi orada müharibədə əsir düşənlər bayramlarda Roma xalqını əyləndirərək və cəmiyyətin aşağı təbəqələrinin qaniçən bağırtı sədaları altında ölənədək döyüşürdülər. Telemax arenaya tərəf yollandı. Kolizeydə səksən min tamaşaçı var idi. Araba yarışları başa çatırdı. Qladiatorlar döyüşə hazırlaşan vaxt tamaşaçılar arasında həyəcan və gərginlik artırdı. Nəhayət, onlar «Qeysərə salam olsun! Ölməyə hazır olanlar səni salamlayır!» qışqıra-qışqıra arenaya daxil oldular. Döyüş başladı. Telemaxı dəhşət bürüdü: Məsihin uğrunda öldüyü insanlar məsihçi xalqının əyləncəsi üçün bir-birilərini öldürürlər. Telemax arenanın hasarından atılıb döyüşən qladiatorların arasına girdi. Onlar bir anlıq dayandılar. «Qoy oyun davam etsin!» deyə izdiham guruldadı. Qocanı kənara itələdilər, o, hələ də tərki-dünya adamın paltarında idi. Ancaq qoca yenə də qladiatorların arasına girdi. Camaat ona daş atmağa başladı və qladiatorlardan onu öldürüb, arenadan çıxarmağı tələb etdi. Oyunların rəisi əmr verdi, qladiatorun qılıncı parıldadı və Telemax yerə yıxılaraq öldü. Birdən izdiham susdu. Baş verənlər insanları dəhşətə saldı: mömin zahid öldürülmüşdü. Birdən hamı qətlin nə demək olduğunu anladı. Həmin andan etibarən bu kimi oyunlar dayandırıldı və bir də heç vaxt bərpa olunmadı. Telemax ölümü ilə onlara son qoydu. İngilis tarixçisi Qibbon Telemax haqqında belə deyir: «Onun ölümü sağlığından daha çox bəşəriyyətə fayda gətirdi». Ölümü ilə o, səhrada tənhalıqda sakit yaşamaqla heç vaxt əldə edə bilmədiyi şeylərə nail oldu.
Allah bizə həyatı qorumaq üçün yox, israf etmək üçün verib. Əgər daim faydamızı, rahatlığımızı, təhlükəsizliyimizi ölçüb-biçərək yaşasaq, məqsədimiz mümkün qədər uzun və qayğısız həyat yaşamaq olsa, yalnız özümüzü düşünüb can yandırsaq, onda həyatımızı itirmiş olacağıq. Ancaq sağlamlığımızı, vaxtımızı, əmlakımızı və rahatlığımızı unudaraq, İsa Məsih, eləcə də Onun uğrunda öldüyü insanların yaxşılığı naminə həyatımızı qurban versək, onu qazanmış oluruq.
Əgər həkimlər, elm adamları və ixtiraçılar eksperimentlər aparmaq istəməsəydilər, görəsən, dünya necə olardı? Əgər hər kəs yalnız evdə dinc qalmaq istəsəydi, tədqiqatçı və alimlər olmasaydı, həyat necə olardı? Əgər hər qadın uşaq sahibi olmaq riskindən imtina etsəydi, nə olardı? Əgər bütün insanlar sahib olduqları hər şeyi yalnız özlərinə sərf etsəydilər, sonda nə baş verərdi? Həyatın mənası da onu qoruyub saxlamaq və əzizləməkdə deyil, riskə atıb israf etməkdədir. Düzdür, bu yolda insan yorula, tükənə, bəzən taqətdən belə düşə bilər; amma hər gün yanmaq — hər gün paslanmaqdan daha yaxşıdır. Çünki Allaha və xoşbəxtliyə gedən yol budur.
36-37
İnsan müəyyən mənada həyatda böyük uğurlar qazana bilər, eləcə də, əksinə, tamamilə mənasız həyat yaşaya bilər. İsa Məsih sanki soruşur: «Həyatın mənasını nədə görürsünüz?» Çox vaxt olur ki, insan həyatda bəzi şeyləri səhv qiymətləndirir, vurğunu yanlış yerdə vurur və bunu çox gec anlayır.
1. İnsan mənfəət naminə namusunu qurban verə bilər. Maddi dəyərlərə sahib olmaq arzusunda olaraq, onları əldə etməkdən ötrü vicdansızlığa yol verə bilər. Dünya insanı mənfəət naminə şərəfsiz işlərə sövq edən vəsvəsələrlə doludur. Bir kitabda parçanı cüzi də olsa əskik etməkdən ötrü parçanı ölçən zaman baş barmağından istifadə edən satıcıdan bəhs edilir. Hekayənin müəllifi deyir ki, o, axirətdə canının xilasından qoparıb, pul kisəsinə qoyurdu. Hər bir insan gec-tez bir suala cavab verməlidir: «Mənim həyat həyatım Allahın gözündə necə görünür?» Axı Allah hər kəsin yanına gələcək müfəttişdir.
2. Digərləri şöhrət naminə prinsiplərdən imtina edirlər. Axı xoş xasiyyətli, şən, şirin, itaətkar bir insanın problemi daha az olur. Öz prinsiplərinə sadiq bir insan isə çox vaxt bəyənilmir. Şekspirdə VIII Henriyə sədaqətlə xidmət edən böyük kardinal Volsinin belə bir portreti var.
«Əgər padşaha xidmət etdiyim qədər
Allahıma yarısı qədər xidmət etsəydim,
O, bu yaşımda çılpaq vəziyyətdə
düşmənlərimin əlinə düşməyə qoymazdı».
İnsan axır-əvvəl başa düşəcək ki, başqalarının onun haqqında nə düşündüyü deyil, Allahın onun haqqında nə düşündüyü önəmlidir. İnsanın taleyini ictimai rəy deyil, Allahın hökmü həll edir.
3. Başqaları ucuz şeylərdən ötrü əbədi olanları qurban verirlər. Ucuz uğur əldə etmək həmişə daha asandır. Məsələn, yazıçı ani ucuz şöhrətdən ötrü həqiqi böyük olanını əldən verə bilər. Musiqiçi tez unudulan əhəmiyyətsiz əsərləri ifa edir, halbuki həqiqi və əbədi qalan musiqi yaza bilər. Digərləri daha gəlirli və rahat işi seçir, qardaşlarına xidmət edə biləcəkləri işdən isə üz döndərirlər. Bəziləri ömrünü xırda şeylərin arxasınca düşüb, böyük şeyləri əldən verməklə keçirir. Başqa bir qadın sevdiklərinə xidmət etməkdən və övladlarını böyütməkdənsə, kef və «azad həyat»a üstünlük verir. Ancaq illər keçib-gedir və həyat həmişə həqiqi dəyərləri ortaya qoyur, yalançı dəyərləri isə ifşa edir. Ucuz şeylər əbədi sürmür.
4. Yekunda deyə bilərik ki, insanlar ani nələrdənsə ötrü əbədi qalanı qurban verirlər. Əgər hər şeyə əbədiyyət işığında baxsaq, çox bəlalardan qurtulmuş olarıq. İndi zövq verən şeylərin çoxu sonradan fəlakətə çevrilə bilər. Ən yaxşı sınaq — əbədiyyət sınağıdır, hər şeyə Allahın gözü ilə baxmaq istəyidir. Belə bir insan heç vaxt həyatını onun canını məhv edən şeylərə sərf etməz.
38
Bu hissədə İsanın əminliyi diqqət çəkir. O, indicə ölümündən danışırdı. Qarşıda Onu Çarmıxın gözlədiyinə şübhə etmirdi, amma qələbənin də gözlədiyinə əmindir. Bu parçanın birinci hissəsi sadə həqiqəti ifadə edir. Padşah Öz Padşahlığına qayıdanda, Ona sadiq qalanlara sadiq qalacaq. Padşahın gəlişi ilə bağlı xoşagəlməz aqibətdən qaçmaq istəyənlər isə, padşahlığın bütün faydalardan yararlana biləcəyinə ümid edə bilməz. Hərbi əməliyyatda iştirak etməkdən imtina edən adam, əməliyyat müvəffəqiyyətlə başa çatdıqdan sonra mükafat gözləyə bilməz. İsa Məsih deyir: «Bu gün məsihçilik çətin və düşmən kəsilən dünyada çətinliklərlə üzləşir. Məsihçi kimi davranmaqdan utanan, kimin tərəfində olduğunu göstərməkdən qorxan adam gələcəkdə Allahın Padşahlığında yer tutmağa ümid edə bilməz».
Bu parçanın ikinci hissəsi daha çox düşündürür. İsa Məsih deyir: «...burada duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək». İnsanların əksəriyyəti bu ifadəni Məsihin İkinci Gəlişinə işarə kimi qəbul edirlər. Bu da insanları çox çaşdırır. Çünki belə olan halda, İsa səhv etmiş olardı, axı həmin nəsil Allahın Padşahlığının qüdrətli gəlişini görmədən öldü.
Lakin burada heç də Məsihin İkinci Gəlişi nəzərdə tutulmayıb. Məsələni daha ətraflı nəzərdən keçirək. İsa Məsih cəmi bir dəfə İsrailin hüdudlarından kənarda olub. Onda da İsrailin sərhədindən çox uzaqlaşmamışdı, yalnız Sur və Sidona baş çəkmişdi. İsrail kimi kiçik bir ölkədə çox az adam Onun haqqında eşitmişdi. İsrail şimaldan cənuba təxminən iki yüz kilometr, qərbdən şərqə isə təxminən altmış beş kilometr ərazidə yerləşirdi, əhalisi dörd milyona yaxın idi. İsanın belə kiçik bir ölkədən kənara səyahət etmədiyi halda, dünyanın fəthindən danışması qəribə olardı. Bundan başqa, belə kiçik ölkədə O, ortodoksal yəhudi rəhbərlər və hakimiyyətdə olanlar arasında Özünə qarşı elə nifrət və düşmənçilik oyatmışdı ki, çox güman, bidətçi və dönük bir insanın ölümündən başqa heç nəyə ümid edə bilməzdi. Belə bir vəziyyətdə məsihçiliyin gələcəyinin olmadığını, böyük ehtimalla onun tamamilə məhv olacağını və yer üzündən silinəcəyini dərk edib, ümidsizliyə qapılanlar çox olmalı idi. İnsan nöqteyi-nəzərindən bu pessimistlər tamamilə haqlı idilər.
İndi isə gəlin, əslində, nə baş verdiyinə baxaq. Otuz il keçmədən məsihçilik Kiçik Asiyada yayıldı, Antakyada böyük məsihçi icması yarandı, Misirə qədər nüfuz etdi, İsgəndəriyyədə də imanlılar günbəgün çoxaldı. Məsihçilik Aralıq dənizini keçərək Romaya qədər çatdı və bütün Yunanıstanı əhatə etdi. Məsihçilik, qarşısıalınmaz sel kimi, o dövrün bütün dünyasını bürüdü. Hətta orada olanların çoxunun sağlığında bütün gözləntilərə əks olaraq, məsihçiliyin qüdrətlə gəlməsi heyrət doğuran bir həqiqət idi. İsa heç də səhv etməmişdi, O, tamamilə haqlı idi. Maraqlıdır ki, İsa heç vaxt ümidini itirmirdi. İnsan korazehinliyinin, şüurlarının güclü müqaviməti, Çarmıxa çəkilmə və ölüm qarşısında O, sonda qələbə çalacağına heç vaxt şübhə etmədi. Çünki heç vaxt Allaha şübhə etmədi. O, tamamilə əmin idi ki, insanlarla mümkün olmayan şey Allahla mümkündür.