Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Markın müjdəsi: 7-ci fəsil

V. Barklinin şərhləri

7-ci fəsil

1-4

TƏMİZ VƏ NATƏMİZ (Mark 7:1-4)

Bu fəsildə göstərilən bir tərəfdən İsa Məsih, digər tərəfdən fariseylər və ilahiyyatçılar arasındakı fikir ayrılıqları son dərəcə vacibdir. Çünki onlar İsanın və o dövrün ortodoksal yəhudilərinin baxışlarındakı fərqin mahiyyətini və əsasını aydın göstərir. Sual belə idi: nə üçün İsa və Onun şagirdləri ağsaqqalların ənənəsinə əməl etmirlər? Həmin ənənələr nə idi? Onların təsiri nədən ibarət idi? Əslində, Qanun yəhudi üçün iki məna kəsb edirdi: birincisi On Əmr, ikincisi, Əhdi-Ətiqin ilk beş Qanun kitabı və ya Beşlik. Düzdür, Musa peyğəmbərin beş kitabında artıq müəyyən sayda dəqiq göstəriş və qaydalar qeyd olunmuşdu. Əxlaqi məsələlərə gəlincə, orada hər insanın özü üçün şərh etməli və yerinə yetirməli olduğu bir sıra böyük əxlaqi prinsiplər verilmişdi. Yəhudilər uzun müddət bununla kifayətlənirdilər. Lakin eramızdan əvvəl V-IV əsrlərdə ilahiyyatçılar kimi tanınan möminlərin xüsusi təbəqəsi yarandı. Onlar böyük əxlaqi prinsiplərlə kifayətlənmirdilər; onların, belə demək olarsa, təriflərə və dəqiqləşdirmələrə meyilliliyi vardı. Onlar Müqəddəs Yazılarda qeyd olunan ümumi prinsipləri genişləndirmək istəyirdilər. Buna görə də həmin prinsipləri hər bir mümkün addımı və həyatda hər bir mümkün vəziyyəti tənzimləyən minlərlə kiçik norma və qaydalara bölmüşdülər. Bu qayda və normalar uzun müddət yazılmamış şəkildə qalmışdı və burada təsvir olunan epizoddan xeyli sonra yazılmışdır. Bu, yazılmamış qanun və ya ağsaqqalların adət-ənənəsi sayılırdı. Araşdırdığımız kontekstdə ağsaqqallar sözü heç də sinaqoqların rəislərini nəzərdə tutmur, daha çox keçmişin əcdadları — Hillel və Şammay kimi böyük ilahiyyatçıları nəzərdə tutur. Məsihin gəlişindən uzun illər sonra üçüncü əsrdə Mişna kimi tanınan bu qaydalar və normalar toplusu tərtib edilərək yazıya alınmışdı. Bu hissədə bəhs edilən mübahisə həmin qayda və normaların iki aspektinə toxunur.

Onlardan biri əllərin yuyulması ilə bağlıdır. İlahiyyatçılar və fariseylər İsanın şagirdlərini əlləri yuyulmamış halda yemək yediklərinə görə ittiham etdilər. Yunan mətnində bu hissədə koynos sözü istifadə olunur. Əvvəlcə bu söz adi bir şey mənasında işlənirdi, sonra müqəddəsə əks olaraq adi olanı, təqdis olunmamış, dinsiz, dünyəvi bir şey mənasını verdi. Sonda mərasim cəhətdən natəmiz və ibadət üçün yararsız bir şeyi ifadə etməyə başladı. Yəhudilərin əllərin yuyulması ilə bağlı müəyyən sərt qaydaları var idi. Qeyd etmək lazımdır ki, əllərin yuyulması gigiyena tələbləri ilə bağlı deyildi, bu, sırf paklanma mərasimi idi. Hər yeməkdən əvvəl və bütün yeməklər arasında əllər mütləq yuyulmalı idi, həm də müəyyən qaydada. Əvvəlcə əllər qum, əhəng, çınqıl və digər şeylərdən təmizlənməli idi. Əllərin yuyulması üçün su xüsusi iri daş küplərdə saxlanmalı idi ki, suyun özü də mərasim cəhətdən təmiz olsun, həm də başqa məqsədlər üçün istifadə olunmadığı, ona heç nə düşmədiyi və heç nə ilə qarışdırılmadığı aydın görünə bilsin. Yuyulma vaxtı əllər elə tutulmalı idi ki, barmaqların ucları yuxarıya baxsın. Su da elə tökülməli idi ki, biləyə qədər axa bilsin; su ən azı bir yarım yumurta qabığı qədər işlədilməli idi. Əllər sıxılmış yumruq halda yuyulmalı idi, yəni sıxılmış yumruq şəkilində həm ovucun içi, həm də digər əlin üstü ovulmalı idi. Əllərin üstündə qalan su damcıları murdar sayılırdı, çünki su murdar əllərə toxunmuşdu. Buna görə daha sonra barmaqların ucu aşağı tutulmalı və su biləkdən süzülərək barmaqların ucundan yerə tökülməli idi. Prosedur tamamlanandan sonra əllər təmiz sayılırdı.

Əl yumağa laqeyd yanaşan adamlar yəhudilərin nəzərində nəinki tərbiyə cəhətdən zəif və pinti, həm də Allahın gözündə natəmiz idilər. İnsanlar inanırdılar ki, yuyulmamış əllərlə yemək yeyən adam Şibta cininə tutulur. Bundan başqa, əllərini yumağa laqeyd yanaşan adamı guya yoxsulluq və müflis gözləyir. Yuyulmamış əllə yeyilən çörəyin faydası olmur. Bir dəfə əllərini yumağı unutmuş bir ravvin sinaqoqdan qovulan dindar kimi dəfn edilmişdi. Romalılar tərəfindən həbs edilən başqa ravvin isə əllərini yumaqdan ötrü ona içmək üçün verilən sudan istifadə edirdi. Sonda o, az qala susuzluqdan öləcəkdi, çünki susuzluğunu yatırtmaqdansa, yuyunma mərasim qaydalarına riayət etməyin daha vacib olduğunu düşünürdü.

Fariseylərin və ilahiyyatçıların nəzərində Allahın yolu məhz belə idi. Onlar bu kimi mərasimləri, ayinləri və qaydaları ibadətin mahiyyəti hesab edirdilər. İman yolunun əxlaqi mahiyyəti çoxlu qadağalar və qaydalar altında gömülmüşdü.

Bu hissənin son ayələri də təmizlik məsələsindən bəhs edir. Əşya da adi baxdıqda təmiz ola, lakin Qanunun işığında natəmiz sayıla bilərdi. Natəmizlik barədə qaydalar Levililər 11-15 və Saylar 19-da qeyd olunur. Bu gün biz murdar şeylərdən daha çox, haram və ya müqəddəs şeylərdən danışmağa üstünlük verərdik. Bəzi heyvanlar natəmiz sayılırdı (Levililər 11). Doğuş zamanı qadın, cüzamlı adam və ölülərə toxunan hər kəs murdar sayılırdı. Natəmiz sayılan adam toxunduğu hər şeyi murdar edirdi. Bütpərəst də murdar sayılırdı. Bütpərəstin toxunduğu yemək də, qab da murdar idi. Buna görə də bazardan qayıdan ortodoksal yəhudi mümkün murdarlıqdan təmizlənmək üçün başdan-ayağa yuyunurdu. Beləcə müxtəlif qablar natəmiz adamın və ya natəmiz yeməyin toxunması nəticəsində çox asanlıqla murdarlana bilərdi. Bu hissədə kasalar, dolçalar, tunc qazanlar və yataqların yuyulması dedikdə məhz bu nəzərdə tutulur. Yuxarıda qeyd olunan Mişna toplusunda belə natəmizliyin ən azı on iki bəndi əks olunur. Əgər bəzi bəndlərə nəzər salsaq, görərik ki, yəhudilər nə qədər dərinə gediblər. İçi boş saxsı qabların zahiri deyil, içi murdar ola bilərdi. Başqa sözlə, qablara çöldən kimin toxunması önəmli deyildi, kimin qabın içinə toxunması önəmli idi. Əgər belə bir qab murdar olardısa, onu sındırmaq lazım idi, üstəlik, ayağın balaca barmağına çəkmək üçün yağ yerləşəcək qədər bir qəlpə belə qalmamalı idi. Haşiyəsi olmayan düz boşqab murdar ola bilməzdi, halqası olan boşqab murdar ola bilərdi. Dəridən, sümükdən və ya şüşədən düzəldilmiş yastı əşyalar murdar ola bilməzdi, oyuqlu əşyalar isə həm içəridən, həm də çöldən murdarlana bilərdi. Əgər onlar natəmiz idilərsə, onları da sındırmaq lazım idi. Həm də qabın boğazı kifayət qədər böyük olmalı idi ki, orta ölçülü nar meyvəsi oradan rahat keçə bilsin. Qabların təmizlənməsi üçün — gil qablar sındırılmalı, digərləri suya qoyulmalı, qaynadılmalı, odda təmizlənməli, metal qablar cilalanmalı idi. Üçayaqlı stol üç ayağını da itirərdisə, murdar sayıla bilərdi. Çünki masa taxta kimi istifadə oluna, taxta isə murdarlana bilərdi. Yox, əgər bir və ya iki ayağını itirərdisə, onda murdar sayıla bilməzdi. Qapı, boltlar, qıfıllar, ilgəklər, qapı kilidləri və su borusu istisna olmaqla, metal əşyalar murdar ola bilərdi. Dəmirdə istifadə olunan ağac murdar ola bilərdi, lakin ağacda istifadə olunan dəmir yox. Buna görə də dəmir dişli taxta açar murdar ola bilərdi, ancaq taxta dişli dəmir açar yox. Biz ilahiyyatçıların qanunları və ağsaqqalların adət-ənənələrini ona görə ətraflı şəkildə nəzərdən keçirtdik ki, İsanın bütün bunların əleyhinə olduğunu görə bilək. Fariseylər və ilahiyyatçılar qoyduqları qayda və normalarda dinin mahiyyətini görürdülər: onların fikrincə, bütün bunlara riayət edənlər Allahın gözündə lütfə nail olurlar, onları pozanlar isə günah işlədirlər. Onlar fəziləti və Allaha etdikləri xidməti məhz belə təsəvvür edirdilər. İsa ilə həmin insanlar dini baxımdan müxtəlif dillərdə danışırdılar. İsa onların tələblərinin və standartlarının səhv olduğunu bildirdiyi üçün Onu pis insan hesab edirdilər. Allahın iman yoluna ayin, qayda və normalar toplusu kimi baxan insanla, iman yolunda mərhəmətli Allahı görən, qardaşlarını sevən insan arasındakı əsas fərq budur. Növbəti hissə bu mövzunu daha da inkişaf etdirir. Lakin artıq aydın görünür ki, İsanın iman yolu ilə bağlı fikirlərinin fariseylərin və ilahiyyatçıların fikirləri ilə heç bir əlaqəsi yoxdur.

5-8

ALLAHIN QANUNLARI VƏ İNSAN QAYDALARI (Mark 7:5-8)

İlahiyyatçılar və fariseylər gördülər ki, İsanın şagirdləri yeməkdən əvvəl və yemək zamanı əllərin yuyulması məsələlərində ənənənin ən incə nöqtələrinə və yazılmamış qanuna əməl etmirlər. Onlar İsadan bunun səbəbini soruşdular. İsa Məsih əvvəlcə onlara Yeşaya 29:13-dən sitat gətirdi. Yeşaya peyğəmbər insanları ürəkləri tamam başqa şeylə məşğul olduğu halda, dodaqları ilə Allaha hörmət etdiklərinə görə məzəmmət edirdi.

Əslində, İsa Məsih ilahiyyatçıları və fariseyləri iki şeydə ifşa edirdi.

1. Onların ikiüzlülüyündə. Hipokrites sözünün maraqlı və çoxmənalı tarixçəsi var. Əvvəlcə bu söz sadəcə cavab verən adamı nəzərdə tuturdu; sonra müəyyən dialoqda və ya söhbətdə cavab verən, yəni aktyor mənasını verdi. Sonda təkcə səhnədə oynayan aktyoru deyil, bütün həyatı roldan ibarət olan, qətiyyən səmimiyyəti olmayan insanı nəzərdə tutmağa başladı. Dində qanunun təcəssümünü görən, dini müəyyən zahiri qayda və normaların yerinə yetirilməsi hesab edən, onun üçün din müəyyən ayin və qadağalara riayət etməkdən ibarət olan şəxs ikiüzlüdür. Çünki insan fikri və qəlbi necə olmasından asılı olmayaraq, düzgün və lazımi şəkildə hərəkət edərsə, özünü mömin insan hesab edər. Məsələn, İsanın dövründəki yəhudi ilahiyyatçını götürək. O, qardaşlarına bütün qəlbi ilə nifrət edə, paxıllıq, qısqanclıq, kin və qürur hissi ilə dola bilərdi, amma nə qədər ki, yuyunma mərasiminə, paklıq və murdarlıq qaydalarına düzgün əməl edirdi, bütün bunların heç bir əhəmiyyəti yox idi. Belə adamlar insanın yalnız zahiri əməllərini nəzərə alır, daxillərinə isə məhəl qoymurlar. Onlar zahiri hərəkətləri ilə Allaha çox yaxşı xidmət edə, daxilən isə Ona itaətsizlik göstərə bilərlər — bu isə ikiüzlülükdür.

Mömin müsəlman gündə müəyyən sayda namaz qılmalıdır. Bunun üçün o, həmişə özü ilə namaz xalçası gəzdirir: harada olmasından asılı olmayaraq, xalçasını yerə sərər, diz çöküb namazını qılar, sonra isə yoluna davam edər. Bir adamı öldürmək üçün bıçaqla təqib edən müsəlman haqqında hekayə var. O, azanın səsinin eşidən kimi, dərhal dayandı, xalçasını yerə sərib tələsik namazını qıldı, sonra yerindən atılıb qurbanının arxasınca qaçdı. Namaz onun üçün sadəcə rəsmi bir mərasim və dini normaya zahiri riayət etmək idi, bu, qətlə heç bir şəkildə mane olmurdu. İman yolu üçün ən böyük təhlükə məhz ibadətin normalara zahiri riayət etməklə eyniləşdirilməsindədir. Möminliyi müəyyən dini əməllərlə eyniləşdirmək ən tipik səhvdir. İmanlı cəmiyyətə getmək, İncil oxumaq, ianə vermək, hətta vaxtlı vaxtında dualar etmək — bütün bunlar insanı mömin etmir. Əsas insanın qəlbində Allahın və qardaşlarının hansı yeri tutmasıdır. Əgər insanın qəlbində düşmənçilik, bədxahlıq, kin-küdurət və qürur varsa, hətta dünyada bütün dini qaydalara riayət etsə belə, onu ikiüzlüdən başqa bir şey etməz.

2. Bundan əlavə, İsa ilahiyyatçıları Allahın Qanununu insan ixtirasının nailiyyətləri ilə əvəz etməkdə günahlandırdı. Davranışlarında onlar Allahın səsinə deyil, mahircəsinə gətirdiyi dəlillərə, mübahisələrə, incə işlənmiş xırdalıqlara nəzər salır və ilahiyyatçıların məntiqli şərhlərinə qulaq asırdılar. İman yolu ixtiraçılıq üzərində qurula bilməz, o, insan ağlının məhsulu ola bilməz. İman yolu dahiyanə kəşflərin nəticəsi deyil, Allahın səsini eşitməyin və ona əməl etməyin nəticəsi olmalıdır.

9-13

QANUNSUZ QAYDA (Mark 7:9-13)

Bu hissənin dəqiq mənasını müəyyən etmək çətindir. Bu hissə qurban sözü ilə bağlıdır. Görünür, bu söz bir neçə dəfə mənasını dəyişmişdir.

1. Bu söz bəxşiş mənasını verir və xüsusi olaraq Allaha həsr olunmuş şeyləri bildirir. Qurban olan hər şey — sanki artıq qurbangahın üzərinə qoyulmuş kimidir. Başqa sözlə, bu söz adi istifadədən tamamilə çıxarılaraq, yalnız Allaha münasibətdə işlədilirdi. Pulunun və ya malının bir hissəsini Allaha həsr etmək istəyən şəxs onları Allaha qurban kimi boyun olduğunu elan edirdi. Bundan sonra onlar heç vaxt adi və gündəlik məqsədlər üçün istifadə edilə bilməzdi. Amma burada elə bir təəssürat yaranır ki, artıq həmin söz daha dar mənada işlənilməyə başlayıb. Məsələn: tutaq ki, bir adam geri qaytara bilməyən və ya qaytarmaqdan imtina edən şəxsə borc pul verir. O zaman borc yiyəsi belə deyə bilərdi: «Mənə olan borcun Allaha boyun alınmış qurbandır», yəni «Mənə olan borcun Allaha həsr olunub». Həmin andan etibarən, insan ona borc verən yoldaşına deyil, Allaha borclu sayılmış olurdu. Bu isə daha ciddidir. Buna görə də borc verən adam vəziyyətdən asanlıqla çıxa bilirdi — yəni geri qaytarılmış puldan kiçik hissəsini Məbədə ianə verib, qalanını özünə götürürdü. Hər halda, qurban ideyasının, bu cür borc münasibətlərinin ortaya atılması dini şantaj, insana olan borcu Allah qarşısında borca ​​çevirmək kimi bir şey idi. Yəqin ki, o vaxt insanlar get-gedə bu sözdən sui-istifadə edirdilər. Əgər araşdırdığımız hissədə məhz buna eyham vurulursa, onda bu hissə malını Allaha qurban olaraq həsr edən adamdan bəhs edir. Belə ki maddiyyat baxımından çətinlik çəkən valideynlər kömək üçün ona müraciət edəndə, o belə deyə bilsin: «Təəssüf edirəm, amma sizə kömək edə bilmərəm, çünki mən hər şeyi Allaha həsr etmişəm, sizə verə biləcək heç nəyim yoxdur». Nəticədə Allaha boyun alınan qurban, ehtiyacı olan valideynlərə kömək etməmək üçün bəhanəyə çevrildi. İlahiyyatçıların boyun aldıqları nəzir on əmrdən birinin — Allahın Qanununun pozulmasına səbəb olurdu.

2. Zaman keçdikcə qurban çox istifadə edilən rədd etmək andına çevrildi. Nəyisə «Qoy Allaha qurban olsun» deyən insan onu ya qardaşından, ya da özündən məhrum edirdi. Məsələn, adam «Səndən umduğum yardım qoy Allaha qurban olsun» deyəndə, qardaşına məxsus heç bir şeyə toxunmayacağına, dadına baxmayacağına, götürməyəcəyinə və istifadə etməyəcəyinə söz verirmiş kimi olurdu. Ya da əksinə, «Məndən umduğun yardım qurban oldu» deyəndə, qardaşına kömək etməkdən yayınırdı. Əgər qurban sözü bu mənada işlədilirsə, onda bu hissənin mənası belə olacaq: tutaq ki, nə vaxtsa, bəlkə də qəzəb və ya hiddət içində bir adam valideynlərinə «Məndən umduğunuz yardım qurban oldu» deyir, sonra dediklərinə peşman olur, onda ilahiyyatçılar əhdin toxunulmaz olduğunu və bir daha valideynlərinə kömək edə bilməyəcəyini bəyan edirlər. Hər necə olursa-olsun, biz bu hissənin əsl mənasının nə olduğunu tam və dəqiq bilə bilmərik. Dəqiq olan yalnız odur ki, yazılmamış qanunun qayda və normalarına ciddi riayət etmək insanın On əmr Qanununa əməl etməsinə mane olub.

İsa Məsih qayda və normaları insan ehtiyaclarından üstün tutan sistemin əleyhinə idi. Allahın əmrində deyilir ki, hər şeydən önəmli olan — məhəbbətdir; ilahiyyatçıların qanununda isə deyilirdi ki, hər şeydən əvvəl — norma və qaydalara əməl etməkdir. İsa Məsih tamamilə əmin idi ki, ehtiyacı olan birinə kömək etməyi qadağan edən hər hansı qayda və ya tələb Allahın qanununa ziddir. Biz də çox diqqətli olmalıyıq: qayda-qanunlar sevginin tələblərini yerinə yetirməyə bizə heç vaxt mane olmamalıdır. Qonşuya kömək etməyimizə mane olan istənilən şey Allaha xoş olmaz.

14-23

ƏSL MURDARLIQ (Mark 7:14-23)

Bugünkü gündə bu sözlər fərqli səslənə bilər. Bu sözlər deyildiyi vaxt Əhdi-Cədiddə isə inqilabi əks-səda doğurmuşdu. İsa Məsih ilahiyyatçılarla ənənəvi, yazılmamış qanunun müxtəlif məsələlərini müzakirə edirdi. İsa mürəkkəb dəstəmazların yersiz və mənasız olduğunu göstərdi. O göstərdi ki, ata-baba adətinə sərt şəkildə riayət etmək, əslində, Allahın Qanununun pozulması ola bilər. Burada O, daha da heyrətləndirici açıqlama verir. İsa bəyan edir ki, insana daxil olan heç bir şey onu murdarlaya bilməz, çünki o, qarnına gedir və adi, fiziki yolla ifraz olunur. Heç bir yəhudi belə düşünməmişdir, bu gün də heç bir ortodoksal yəhudi belə düşünmür. Levililər 11-ci fəsildə haram sayılan heyvanların uzun siyahısı verilir. Yəhudilərin bunu nə qədər ciddi qəbul etməsini Makkabilərin dövrünə aid bir çox nümunədən görmək olar. O dövrdə Suriya padşahı Antiox Epifan nəyin bahasına olursa-olsun, yəhudi inancının kökünü kəsmək qərarına gəlmişdi. Digər şeylərlə yanaşı, o, yəhudilərdən donuz əti yeməyi tələb etmişdi. Onu yeməyə razı olmadıqlarına görə yüzlərlə yəhudi öldürülmüşdü.

«Amma İsraildə bir çoxu qətiyyətli oldu, natəmiz şeylər yeməməyə cəsarət etdi. Onlar yeməklə murdarlanmaqdan və müqəddəs əhdə hörmətsizlik etməkdənsə, ölümü üstün tutdular və edam olundular».

(1Makkabilər 1:63-64).

Makkabilərin 4-cü kitabının 7-ci fəslində dul qadın və onun yeddi oğlundan bəhs edilir. Onlardan donuz əti yemək tələb olunmuşdu, lakin onlar imtina etdilər. Qadının birinci oğlunun dilini, qollarını və ayaqlarını kəsdilər, sonra tavada diri-diri qovurdular. İkinci oğlunun baş dərisini soydular. Oğullara bir-bir işgəncə verərək öldürdülər. Yaşlı anaları isə onları ruhlandırırdı. Onlar murdar hesab etdikləri əti yeməkdənsə, ölməyi üstün bildilər. Bu cür fanatik münasibət qarşısında İsa Məsih inqilabi bəyanat verdi — insana daxil olan heç bir şey onu murdarlaya bilməz. Bununla O, yəhudilərin əzab çəkdiyi və öldüyü qanunları şübhə altına aldı.

Buna görə də şagirdlərin heyrətlənməsi təəccüblü deyildi. İsa deyirdi ki, əşyalar və qidalar özlüyündə nə murdar, nə də dini baxımdan təmiz ola bilər. Murdarlanan yalnız insanın özüdür. O, ancaq öz əməli ilə murdarlana bilər, bu da öz növbəsində ürəkdən qaynaqlanır. İsanın sözləri heyrətamiz dərəcədə yeni bir baxış idi.

Yəhudilər təmiz və ya murdar hesab edilən şeylərin bütün təsnifatına malik idilər, indi də malikdirlər. İsa Məsih isə bir bəlağətli ifadə ilə bütün sistemin boş olduğunu göstərdi. O bəyan etdi ki, murdarlanmanın insanın yeməyi ilə heç bir əlaqəsi yoxdur, murdarlanma ürəkdən gəlir. Gəlin, İsanın nöqteyi-nəzərindən, ürəkdən nə gəldiyinə və insanı nə murdar etdiyinə baxaq.

İsa Məsih pis düşüncələri birinci yerə qoyur (dialoqisma). Günahın əməli daxili seçimdən yaranır. Məhz buna görə də İsa pis əməllərin əsasında duran pis fikirlərdən başlayır.

Sonra cinsi əxlaqsızlıq (porneyay), daha sonra zina (moyheyay) gəlir; porneyay sözünün iki böyük mənası var: cinsi həyat sahəsində hər cür günah və pisliklər. Zina sözü isə nikahda ər-arvad sədaqətinin pozulmasıdır.

Daha sonra oğurluq (klopai) gəlir. Yunan dilində soyğunçunu bildirən iki söz mövcuddur: kleptes və lestes. Lestes — quldurdur; məsələn, Barabba quldur idi (Yəhya 18:40). Quldur hamı tərəfindən qovulsa da, çox cəsur insan ola bilər. Kleptes — oğrudur. Yəhuda pul qutusundan oğurluq edəndə — oğru idi (Yəhya 12:6). Kleptes — kiçik, alçaq, hiyləgər, vicdansız oğrudur, o, quldurun sahib olduğu cəsarətə malik deyil.

Siyahıda sonra qatillik və zinakarlıq qeyd olunur — onların mənası aydındır.

Tamahkarlıq. Yunan sözü olan pleoneksiya daha çox şeyə sahib olmaq mənasını verən iki sözdən ibarətdir. Bu söz «daha çoxuna sahib olmaq üçün son dərəcə istək», «qadağan olunanı əldə etməyə təşviq edən ruh» və ya «başqalarına aid olan şeylərə zərərli meyl salmaq» kimi tərif olunur. Bu, tamah ruhudur. İnsanı nələrisə özünə xəsis kimi yığmağa deyil, şəhvətlə israf etməyə sövq edən istəkdir. Kauli bu sözün tərifini belə vermişdi: «Əldə etmək xatirinə deyil, əldə olunanlardan şəhvətlə həzz almaq üçün yaranan acgöz istəkdir». Bu, pul və maddi dəyərlərə olan həvəs deyil; bu, daha çox güc və səlahiyyətə olan acgözlük, doymaq bilməyən cismani ehtirasdır. Platon bunu belə ifadə etmişdir: «İnsanın arzusu ələk və deşikli qaba bənzəyir, o, çox çalışır, lakin heç vaxt qabı doldura bilmir». Pleoneksiya — insanın ürəyini idarə edən maddi şeylərə sahib olmaq həvəsidir, o, xoşbəxtliyi Allahda deyil, maddi şeylərdə görür.

Şər əməllər. Yunan dilində şər, zərər mənasını verən iki söz var: kakoye — özlüyündə pis bir şey və poneros — aktiv şəkildə şəri təcəssüm etdirən şəxs və ya əşya. Bu kontekstdə poneros sözü işlədilir. Poneros kimi səciyyələnən insanın qəlbində — zərər vermək istəyi üstünlük təşkil edir. Bengelin dediyi kimi, «o, istənilən cinayətdə mütəxəssisdir və istənilən adama asanlıqla zərər verə bilər».

Ceremi Teylor poneriyanı «pisliyə meyillilik, insanların uğursuzluğundan həzz alan və sevinən, qonşusuna problem yaratmaq istəyi, əsəbiliyin, davakarlığın, kinliliyin təzahürü» kimi tərif etmişdir. Poneriya təkcə ondan əziyyət çəkən adamı deyil, başqalarını da pis yola çəkir. Poneros — şər ruhdur, iblisin adlarından biridir. İnsanların ən pisi — şeytanın işini görən, başqalarını özü kimi pis etməyə çalışan insandır.

Hiyləgərlik. Yunanca dolos sözü tələ yemi mənasını verən sözdən yaranıb; bu söz siçan tələsində olduğu kimi, aldatma və hiylə qurma kimi istifadə olunur. Uzun müddət Troyanı mühasirəyə alan yunanlar guya xoş niyyətlə troyalılara nəhəng taxta at hədiyyə göndərdilər. Troyalılar şəhərin darvazalarını açıb atı götürdülər. Lakin atın içərisində yunan döyüşçüləri var idi. Onlar gecələr çıxıb Troyanı məhvə və dağıntılara qərq etdilər. Bax bu dolosdur. Bu, düşünülmüş, məkrli, hiyləgər, mahircəsinə xəyanətdir.

Pozğunluq (aselgeya). Yunanlar aselgeya sözünü «hər cür intizamı rədd edən xasiyyət», «heç bir məhdudiyyəti tanımayan, istədiyini edən, ədəbsizliyi nəyə sövq edirsə, onu edən ruh» kimi xarakterizə edirdilər. Aselgeyaya yol verən adam ədəb və həya hissindən məhrumdur. Pis insan pisliyi gizlədə bilər, lakin aselgeyaya aludə olan vicdan əzabı çəkmədən günah işlədir və hər zaman başqalarını şoka salmağa hazırdır. Aselgeyanın klassik nümunəsi — müqəddəs Yerusəlim şəhərində bütpərəst qurbangahlar tikdirən İzeveldir.

Paxıllıq. Başqalarının uğuruna və xoşbəxtliyinə həsədlə baxan gözdür.

Küfr. Yunan mətnində böhtan mənasını verən blasfemiya sözündən istifadə olunur. İnsana və Allaha qarşı yönəlmiş hərəkət və nitqi blasfemiya (küfr) adlandırırdılar.

Lovğalıq (hiperefaniya). Yunan sözü hiperefaniya — «özünü yüksək tutmaq» mənasını verir və «özündən başqa hamıya xor baxan» insanın münasibətini xarakterizə edir. Maraqlıdır ki, yunanlar bu sözü insan daxilində özünü başqaları ilə öz xeyrinə müqayisə edəndə gizli hissi ifadə etmək üçün istifadə edirdilər. O, təvazökar görünə bilər, amma ürəyində qürur duyur. Düzdür, hərdən elə olur ki, bu qürur açıq-aydın görünür. Bu cür qürurla bağlı yunanların hətta əfsanəsi də var: Uran və Geyanın oğulları olan titanlar qürurlandıqlarına görə göyü ələ keçirmək istədilər, lakin Herakl tərəfindən yerə atıldılar. Hiperefaniya da elə budur, yəni Allaha qarşı qaldırılan üsyan, «Allahın ixtiyarına müdaxilə». Buna görə onu «bütün pisliklərin zirvəsi» adlandırırlar, məhz bu səbəbdən də «Allah məğrurlara qarşıdır» (Yaqub 4:6).

Sonda ağılsızlıq (afrosyune) gəlir. Bu söz ağıl zəifliyi və dərrakənin çatışmazlığından qaynaqlanan axmaqlıq və düşüncəsizlik deyil, mənəvi çılğınlığı ifadə edir; axmaq insanı deyil, axmaqlığı seçən insanı səciyyələndirir. Doğrudan da, İsa ürəkdən gələn xarakterin dəhşətli siyahısını sadaladı. Onları diqqətlə öyrənəndə, adamın əti ürpəşir. Amma bu, üzümüzü turşudaraq sadalananlardan üz döndərməyə deyil, qəlbə səmimi nəzər salmaq çağırışdır.

24-30

MƏSİHİN ÜMUMDÜNYA QƏLƏBƏSİNİN ƏLAMƏTİ (Mark 7:24-30)

Əgər bu epizodu ümumi nəzərdən keçirsək, görərik ki, bu, İsanın həyatında ən təsirli və qeyri-adi epizodlardan biridir.

Əvvəlcə coğrafi fona baxaq. Sur və Sidon Suriyanın bir hissəsi olan Finikiya şəhərləri idi. Finikiya Karmeldən şimalda, Qalileya ilə Aralıq dənizi arasındakı sahil düzənliyində yerləşirdi. İosif Flavi deyirdi ki, Finikiya Qalileyanı əhatə edir. Sur Kefernahumdan təxminən altmış beş kilometr məsafədə şimal-qərbdə yerləşirdi.

Sur — qaya deməkdir. Şəhər sahildən uzaqda, bir-birinə təxminən bir kilometr uzunluğunda bəndlə bağlanmış və eyni zamanda təbii dalğaqıran kimi xidmət edən iki böyük qaya üzərində tikildiyi üçün belə adlandırılmışdır. Buna görə Sur qədim dünyanın ən böyük təbii limanlarından biri idi. Ancaq qayalar təkcə dalğaqıran kimi deyil, həm də müdafiə kimi xidmət edirdi. Bu səbəbdən Sur təkcə məşhur liman deyil, həm də məşhur qala idi. Sur və Sidonun dənizçiləri ulduzları izləyərək üzməyi öyrənən ilk dənizçilər idi. Əvvəllər gəmilər sahilə yaxın dayanıb, gecə limanına girməli idi. Finikiyalılar isə Aralıq dənizi boyunca üzərək, hətta «Herkules sütunları»ndan (Cəbəllüttariq boğazı) kənara çıxıb, Britaniyaya və Korniş yarımadasının qalay mədənlərinə qədər çatırdılar. Bəlkə Afrikanı da dolaşırdılar. Sidon Surdan qırx kilometr şimal-şərqdə, Kefernahumdan isə yüz kilometr aralıda yerləşirdi. Surda olduğu kimi, Sidonda da təbii dalğaqıran mövcud idi. Sidon o qədər köhnə şəhər idi ki, onun bünövrəsini qoyan adamı heç kim xatırlamırdı. Finikiya şəhərləri Suriyanın bir hissəsi olsa da, hamısı tamamilə müstəqil idi və bir-biri ilə rəqabət aparırdı. Onların öz padşahları və öz tanrıları var idi. Onlar öz sikkələrini zərb etdirirdilər, onların hakimiyyəti sərhədlərindən 25-30 kilometrə qədər ətrafa yayılırdı. Bu şəhərlərin bir tərəfi dənizə, o biri tərəfi isə Dəməşqə baxırdı. Bir çox ölkələrin gəmiləri, karvanları buradan keçirdi. İllər sonra Sidon öz əzəmətini itirdi və tənəzzülə uğradı, ticarətdə isə Sura yer verdi. Ancaq finikiyalı dənizçilər tarixə əbədi düşdülər, çünki ulduzlarla idarə olunaraq, dənizdə üzməyi öyrənən ilk onlar idi.

1. Beləliklə, ilk vacib xəbər bundan qaynaqlanır — İsa Məsih bütpərəst ölkəyə gəldi. Görəsən, bu hadisənin burada baş verməsi təsadüfdürmü? Əvvəlki epizoddan biz gördük ki, İsa təmiz və murdar yemək arasında fərq qoymur. Bəlkə də burada simvolik olaraq göstərilir ki, O, pak və natəmiz xalqlar arasında fərq qoymur. Yəhudi heç vaxt ağzını haram yeməklə murdar etməzdi, eləcə də natəmiz millətlərlə ünsiyyət quraraq həyatını murdarlamazdı. Bəlkə də İsa burada göstərmək istəyirdi ki, Allahın Padşahlığında başqa millətlər üçün də yer var və xalqları murdar saymaq olmaz.

Yəqin ki, İsa bir müddət dincəlmək üçün şimal bölgələrinə üz tutdu. Öz vətənində Ona hər tərəfdən hücum edilirdi. İlahiyyatçılar və fariseylər çoxdan Onu günahkar kimi damğalamışdılar, axı İsa onların norma və qaydalarını kobud şəkildə pozurdu. Hirod Antipa da Onu özünə təhlükə kimi görürdü. Nazaret şəhərinin sakinləri Onu elə də sevmirdilər. Vaxt gələcək O, düşmənlərinə açıq şəkildə meydan oxuyacaq, lakin həmin saat hələ gəlməmişdi. İndi O, rahatlıq axtararaq, tənha qalmaq istəyirdi. Beləcə, Onun bütpərəstlərin torpağına getməsi — qeyri-yəhudilərin arasında Allahın Padşahlığının əsası oldu. Bu epizod bütün məsihçilik tarixinin əlamətidir. Yəhudilərin Xoş Xəbəri rədd etməsi başqa millətlər üçün böyük imkanlar açdı.

2. Amma bu epizodda daha vacib bir şey var. Prinsipcə, Finikiya şəhərləri İsrail hakimiyyətinin bir hissəsi idi. Nun oğlu Yeşua rəhbərliyi altında torpaq bölgüsü aparılanda, Aşer qəbiləsinin torpağı «böyük Sidona qədər çatırdı .... qalalı Sur şəhərinə dönürdü» (Yeşua 19:28-29). Buna baxmayaraq, yəhudilər heç vaxt bu ərazini özünə tabe etdirib, ora daxil ola bilmədilər. Məgər bu, simvolik deyilmi? Silahın gücsüz olduğu yerdə İsa Məsihin hər şeyə qalib gələn məhəbbəti qalib gəldi. Yer üzündəki İsrail finikiyalılara qalib gələ bilmədi, əsl İsrail isə ona qalib gəldi. İsa, əslində, yad ölkəyə gəlməmişdi — bu torpağı Allah Ona çoxdan vermişdi. Daha doğrusu, O, yad adamların yanına gəlmədi, sadəcə vərəsəlik hüququna daxil oldu.

3. Epizodu olduqca diqqətlə oxumaq lazımdır. Qadın İsadan qızına kömək etməsini xahiş etdi. İsa da cavabında dedi ki, qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz. İlk baxışdan İsanın cavabı dəhşətli görünür. Köpəklər o dövrdə indiki kimi bəslənmirdi və gözətçinin məhəbbətindən həzz almırdı, daha çox şərəfsizliyin rəmzi idi. Yunanlar üçün it sözü həyasız və utanmaz qadınla əlaqələndirilirdi; onlar bu sözü bizim qancıq sözünü işlətdiyimiz mənfi mənada işlədirdilər. Yəhudilər üçün də bu aşağılayıcı bir söz idi: «Müqəddəs olanı itlərə verməyin» (Matta 7:6, Filipililərə 3:2 ilə müqayisə edin; Vəhy 22:15). Bəzən yəhudilər başqa millətlərə xor baxaraq onlara köpək deyirdilər. Ravvi İsa ben Levinin belə bir məsəli var idi. Bir dəfə o, bütpərəstlərin də Allahın nemətlərindən bəhrələndiyini görəndə soruşdu: «Əgər Qanunu olmayan bütpərəstlər Allahın nemətlərindən həzz alırlarsa, onda gör Allahın seçilmiş xalqı olan İsrail nə qədər xeyir-dua alacaq? Bu, bir padşahın ziyafət təşkil etdiyi zaman dəvət etdiyi qonaqları sarayın girişində oturtmasına bənzəyir. Qonaqlar dişlərində qırqovulları, kökəldilmiş quşların və danaların başlarını daşıyan itlərin saraydan necə çıxdığını gördülər. O zaman qonaqlar dedilər: «Əgər itlər bu qədər bəslənirsə, gör ziyafətin özü nə qədər dəbdəbəli olacaq»«. Yeşaya peyğəmbərin kitabında 56:11-də dünya xalqları itlərlə müqayisə edilir: «Acgöz, azğın köpəklərdir bunlar». Bir sözlə, köpək təhqiredici sözdür. Onda bəs İsanın ifadəsini burada necə izah etmək olar?

a) İsa köpək sözünü işlədəndə, kiçildici sözdən istifadə etmişdir, yəni vəhşi sahibsiz və küçə itlərini deyil, bolonka24 kimi qucaq itlərini nəzərdə tutmuşdur. Yunan dilində kiçildici sözdən geniş istifadə olunurdu. İsa köpək sözünün mənfi mənasını çıxararaq işlətmişdir.

b) Təbii ki, İsanın intonasiyası tamam başqa idi. Eyni söz intonasiyadan asılı olaraq həm ağır təhqir, həm də yumşaq müraciət kimi səslənə bilər. İnsanı həm nifrətlə, həm də mehribanlıqla «qoca hiyləgər» adlandırmaq olar. İsanın intonasiyası sözün zəhərini yox etmişdi.

c) Hər halda, İsa qapını dərhal qadının üzünə bağlamadı. O dedi ki, əvvəlcə uşaqlar doymalıdır. Əvvəlcə... Ev heyvanları üçün də ət qalacaq. Doğrudan da, Müjdə əvvəlcə İsrailə çatdırıldı. Əvvəlcə... Sonra isə digər xalqların arasında yayıldı. Qadın yunan idi (yunanların isə gözəl yumor hissi var idi). Qadın dərhal İsanın təbəssümlə danışdığını gördü. O bilirdi ki, qarşısındakı qapı hələ bağlanmayıb. O dövrdə insanlar nə bıçaqdan, nə çəngəldən, nə də salfetdən istifadə edirdilər. İnsanlar yeməyi əl ilə yeyirdilər, sonra batmış əllərini çörəyə silib atırdılar. Həmin çörək tikələri ev itlərinə çatırdı. Qadın İsaya cavab verdi: «Bəli, bilirəm, əvvəlcə uşaqlar doymalıdırlar. Məgər mən uşaqların süfrə altına tökdüyü qırıntıları ala bilmərəmmi?» Bu cavab İsanın xoşuna gəldi. Qadının alovlu imanı sadə bir imtina ilə razılaşa bilməzdi; bu qadının taleyi faciəli idi, onun xəstə bir qızı var idi. Buna baxmayaraq, yenə də ürəyində təbəssümlə cavab verəcək qədər nur vardı. Onun imanı sınandı, əsl imana malik olduğu aşkarlandı, duası eşidildi və yalvarışına cavab verildi. Həmin qadın yəhudilərin rədd etdiyi və atdığı səmavi yeməyi sevə-sevə qəbul edən bütpərəst dünyasını simvollaşdırır.

31-37

QÜSURLARIN İSLAHI (Mark 7:31-37)

Bu hissə ilk baxışda qəribə görünən səyahətin təsviri ilə başlayır. İsa Surdan Qalileya dənizinin ətrafında yerləşən bölgələrə getdi. O, cənubda yerləşən Surdan çıxıb, əvvəlcə şimala — Sidona getdi. Başqa sözlə, İsa cənuba getdi, amma şimaldan keçərək cənuba üz tutdu! Bir adamın dediyi kimi: «Bu, Xızıdan çıxıb Qubadan keçərək Şamaxıya getməyə bənzəyir».

Bu çətinlik bəzi alimlərin mətnin düzgünlüyünə şübhə ilə yanaşmasına səbəb oldu: onlar hesab edirdilər ki, burada Sidonun adı, ümumiyyətlə, çəkilməməlidir. Əslində, mətn düzgündür. Digər alimlər belə bir səyahətin ən azı səkkiz ay çəkməli olduğuna inanırlar. Bu ehtimal daha doğrudur. Bəlkə də belə uzun səyahət — fırtınadan əvvəl istirahət idi; son fırtınadan əvvəl şagirdlərlə olan uzun ünsiyyət idi.

Növbəti fəsildə Peter İsanın Məsih olduğunu dərk edir (Mark 8:27-29). Bəlkə də bu uzun səyahətin və bir yerdə qalmağın nəticəsi idi ki, Məsih barədə fikir Peterin ürəyində möhkəmləndi və əminliyə çevrildi. İsa son günlərin gərginlik və çətinliklərinə tab gətirmək üçün şagirdləri ilə uzun səfərə ehtiyac duyurdu.

Qalileyaya qayıdanda, İsa Dekapolis bölgəsindən keçdi. Orada kar və pəltək adamı İsanın yanına gətirdilər. Təbii ki, bu iki simptom bir-biri ilə sıx əlaqəlidir, çünki bu adamın danışmasını çətinləşdirən eşitmə qabiliyyətinin olmaması idi. Bu nümunə, başqa heç bir yerdə olmadığı kimi, İsanın insanları sağaltmaq üsulunu göstərir.

1. İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı ki, onunla təkbətək qalsın. İsa kara böyük həssaslıq göstərdi. Kar insanlar həmişə özlərini bir qədər çaşqın hiss edirlər. Karlıq insanı korluqdan daha çox çaşdırır. Kar adam eşitmədiyini bilir. Əgər kimsə camaatın içindən qışqırıb ona nəsə izah etməyə çalışırsa, o, daha da həyəcanlanır və özünü lap aciz hiss edir. İsa həyatı çox çətin olan bu insanın hisslərinə nəzakətlə yanaşdı.

2. İsa pantomimadakı kimi hərəkət etdi. O, barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu. O dövrdə insanlar tüpürcəyin müalicəvi xüsusiyyətlərinə inanırdılar. Roma tarixçisi Svetoni Trankvill imperator Vespasianın həyatından bir hadisəni xatırladır:

«Sadə xalqdan iki nəfər — biri kor, digəri şikəst məhkəmə zamanı ona (imperatora) yaxınlaşdı və yalvardı ki, onlara şəfa versin. Çünki tanrı Serapis yuxuda onlara göstərmişdi ki, əgər imperator korun gözünə tüpürsə, korun gözləri açılacaq, dabanı ilə şikəstin ayağına toxunmağa layiq bilsə, şikəst sağalacaq. Lakin Vespasian cəhd etmək belə istəmirdi, o, bu adamların şəfa alacağına inanmırdı. Nəhayət, dostları onu dilə tutandan sonra, böyük bir izdiham qarşısında imperator şansını sınadı və uğura nail oldu».

(Svetoni Trankvill «Vespasianın həyatı» 7).

İsa göyə baxdı ki, kar adam köməyin Allahdan gələcəyini başa düşsün, sonra sözlə onu sağaldı. İsa kar adamda bir şəxsiyyət gördü. Karın ehtiyacı və problemləri var idi. İsa onunla incə davranaraq, onun hisslərini anladı və onun başa düşdüyü dildə danışdı. Hər şey başa çatanda insanlar dedilər ki, İsa hər işin öhdəsindən yaxşı gəlir. Bu, Allahın ən başlanğıcda yaratdıqlarına verdiyi qiymətdən başqa bir şey deyil (Yaradılış 1:31). İsa Məsih yer üzünə gəlib insanların bədəninə şəfa, canlarına xilas bəxş edəndə, yenidən yaradılış işinə başlamışdı. Əzəldən hər şey yaxşı idi, amma insanın günahı hər şeyi məhv etdi. İsa Məsih günahın eybəcər hala saldığı dünyaya Allah gözəlliyini yenidən gətirdi.

Azərbaycan dilində Müqəddəs Kitab

İnsanı murdar edən nədir?
(Matta 15:1-20)
1 Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın yanına yığıldı. 2 Onlar gördülər ki, İsanın şagirdlərindən bəzisi murdar əllərlə, yəni əllərini yumamış çörək yeyir. 3 Fariseylər və bütün Yəhudilər ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı-yaxşı yumadan yemək yeməzlər. 4 Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-ənənələrə də əməl edərlər. Belə ki onlar kasaları, dolçaları, tunc qazanları və yataqları yuyub paklayarlar. 5 Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyirlər?» 6 İsa onlara dedi: «Yeşaya peyğəmbər siz ikiüzlülər üçün nə yaxşı söyləyib! Yazıldığı kimi:
“Bu xalq dodaqları ilə Mənə hörmət edir,
Amma qəlbləri Məndən uzaqdır.
7 Boş yerə Mənə səcdə edirlər,
İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”.
8 Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz». 9 Sonra İsa onlara dedi: «Öz adət-ənənənizi bərqərar etmək üçün Allahın əmrini kənara atmağı necə də yaxşı bacarırsınız! 10 Çünki Musa belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. 11 Sizsə deyirsiniz: “Bir adam atasına yaxud anasına ‹məndən umduğun yardım qurban oldu›, yəni ‹Allaha həsr olundu› desə”, 12 onda həmin adama izin vermirsiniz ki, ata-anasına yardım etsin. 13 Bununla da siz nəsildən-nəslə ötürdüyünüz adət-ənənənizlə Allahın kəlamını heç edirsiniz. Axı buna bənzər çox işlər görürsünüz».
14 İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə qulaq asın və dərk edin. 15 Kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən çıxanlardır». 16 
17 İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində Ondan soruşdular. 18 İsa onlara cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz? 19 Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur». İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi. 20 O, sözünə davam etdi: «İnsanı murdar edən insandan çıxandır. 21 Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, 22 zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar. 23 Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir».
Finikiyalı qadının imanı
(Matta 15:21-28)
24 İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi. 25 Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü. 26 Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın. 27 İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». 28 Qadınsa Ona cavab verdi: «Ya Rəbb, axı itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir». 29 İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi». 30 Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb.
Kar və pəltək bir adamın sağalması
31 İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı. 32 Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun. 33 İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu. 34 Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!» 35 O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı. 36 İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox qadağan etsə də, o qədər çox xəbər yaydılar. 37 Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır».