Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Markın müjdəsi: 6-cı fəsil

V. Barklinin şərhləri

6-cı fəsil

1-6

ÖZ VƏTƏNİNDƏ RƏDD EDİLMƏK (Mark 6:1-6)

Nazaretə qayıtmaqla İsa Özünü ağır sınaqlara məruz qoydu. O, doğma şəhərinə qayıtmışdı. İnsanı uşaqlıq illərindən tanıyan adamlardan daha sərt tənqidçilər yoxdur. İsa yalnız doğma evinə və qohumlarına baş çəkməklə səfərini qısamüddətli etmək niyyətində idi. Şagirdləri də Onunla gəlmişdi, yəni O, doğma şəhərinə ravvin, müəllim kimi gəlmişdi. Ravvinlər şagirdlərin müşayiəti ilə ölkəni gəzirdilər. Budur, İsa da müəllim kimi şagirdləri ilə gəlmişdi.

O, sinaqoqa gedib təlim verməyə başladı. Lakin Onun təlimi heyrətlə deyil, müəyyən dərəcədə nifrətlə qarşılandı. İnsanlar keçmişinə bələd olduqları adamın danışmasından özlərini təhqir olunmuş hiss edirdilər. Yaxın tanışlıq nifrətə səbəb olmuşdu. Onların İsanı dinləməkdən imtina etmələrinin iki səbəbi vardı. Onlar deyirdilər: «Məgər bu Adam həmin dülgər deyilmi?» Yunan dilindəki orijinal mətndə dülgər — tektondur. Tekton sözü təkcə ağacla işləyən dülgər deyil, ümumiyyətlə, usta, sənətkar deməkdir. Homerə görə, tekton gəmilər, evlər və məbədlər tikirdi. Qədim zamanlardan indiyə kimi kiçik şəhərlərdə, kəndlərdə yaşayan, quş qəfəsindən tutmuş evə qədər hər şey tikən insanlara rast gəlmək olardı. Onlar divar tikə, dam təmir edə və darvaza düzəldə bilən, bir sözlə, əlindən hər iş gələn usta idi. Onlar ən sadə alətlərlə istənilən işin öhdəsindən gələ bilirdilər. İsa da belə ustalardan biri idi. Amma məsələ bunda idi ki, nazaretlilər İsaya usta olduğu üçün xor baxırdılar. İsa peşəkar ilahiyyatçı deyil, xalqın sadə bir nümayəndəsi idi. Buna görə də Ona xor baxırdılar.

Vilyam Kruks İngiltərədəki fəhlə hərəkatının əsas liderlərindən biri idi. O, çox kasıb bir ailədə doğulmuşdu. Vilyam tez-tez anasının bacı və qardaşlarını necə dolandıracağını bilmədiyi üçün ağladığını görürdü. O, dəmirxanada işləməyə başladı, gözəl sənətkara çevrildi və ən cəsur, dürüst insanlardan biri oldu. Sonra o, siyasətlə maraqlanmağa başladı və London ətrafı kisik şəhərlərin ilk leyborist meri oldu. Vilyam Kruksun mer olduğuna görə özünü alçalmış hiss edən insanlar həmin vaxt da var idi. Bir dəfə qadınlardan biri ictimaiyyət qarşısında böyük nifrətlə qışqırdı: «Bu sadə oğlanı — Kruksu mer etdilər, amma o, sadə fəhlədən heç nə ilə fərqlənmir». Camaatın içindən bir nəfər — Vilyam Kruksun özü ona tərəf döndü və papağını çıxararaq dedi: «Tamamilə haqlısınız, xanım, mənim sadə işçidən heç bir fərqim yoxdur».

İsa sadə işçi olduğuna görə nazaretlilər Ona xor baxırdılar. Bizim üçün Onun izzəti elə bundadır. Çünki bu o deməkdir ki, Allah yer üzünə gələndə, heç bir xüsusi mövqeyə iddia etmədi. O, sadə həyatı qəbul edərək ən adi işlərlə məşğul oldu. Mənşə, var-dövlət, nəsil-şəcərənin əsl insanlığa heç bir dəxli yoxdur. İngilis şairi Aleksandr Popun yazdığı kimi:

İnsanı insan edən ləyaqətdir,

Ləyaqətsizlik isə onu tərbiyəsiz edir.

Zahiri görünüş yalnız dəri və əzələdir.

Robert Börns belə yazırdı:

Kral öz köməkçisini general təyin edər,

Amma o, heç kəsi vicdanlı edə bilməz.

Bununla belə mükafatlar, şirin sözlər və bu kimi şeylər

Ağlı və şərəfi əvəz edə bilməz.

İnsanı ləyaqətinə görə deyil, xarici görünüşünə və geyiminə görə mühakimə etməkdən həmişə ehtiyat etməliyik.

2. Nazaretlilər deyirdilər: «Məgər bu Adam Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada — bizim aramızda yaşamırmı?» Onların İsaya Məryəmin oğlu demələri, çox güman, Yusifin öldüyünə dəlalət edirdi. İsanın həyatındakı sirlərdən birinin açarı məhz buradadır. İsa öləndə cəmi otuz üç yaşı var idi, ancaq Nazareti otuz yaşında tərk etmişdi (Luka 3:23). Nə üçün O, bu qədər çox gözləmişdi? Bütün dünya qurtuluşu gözlədiyi vaxt nə üçün O, Nazaretdə bu qədər yubanmışdı? Səbəb o idi ki, Yusif cavan yaşlarında ölmüşdü. İsa anasının, bacı-qardaşlarının qayğı və təminatını öz üzərinə götürmüşdü. İsa yalnız onlar özlərinə baxacaq qədər böyüyəndə, Nazareti tərk etmişdi. O, kiçik işlərdə sadiq qaldı. Buna görə də Allah Ona çox şeyi etibar etdi.

Amma nazaretlilər Ona xor baxırdılar, çünki Onun ailəsini tanıyırdılar. Tomas Kempbell kifayət qədər böyük şair idi, atasının isə poeziyadan, ümumiyyətlə, xəbəri yox idi. Kempbellin ilk kitabı çapdan çıxanda, onlardan birini atasına göndərdi. Qoca kitabı əlinə götürüb, içindəkilərə yox, üz qabığına baxdı. «Kimin ağlına gələrdi ki, bizim Tom belə bir kitab yarada bilər?» — deyə qoca təəccübləndi. Bəzən doğmalıq hörmətə deyil, həddindən artıq laqeydliyə gətirib çıxarır. Bəzən biz insanlarla çox yaxın olduğumuz üçün onların böyüklüyünü görə bilmirik. Bütün bunların nəticəsi olaraq İsa Nazaretdə heç bir möcüzə edə bilmədi. Nazaretdə ab-hava münasib deyildi. Bəzi şeyləri isə yalnız yaxşı atmosferdə etmək mümkündür.

1. Əgər insan müalicə olunmaq istəmirsə, onu sağaltmaq mümkün deyil. Marqo Askvit İngiltərənin baş naziri Nevil Çemberlenin ölümündən bəhs edir. Marqo Askvit Nevil Çemberlenin həkimi Lord Horder ilə danışmışdı. «Sən elə də yaxşı həkim deyilsən» — Marqo Askvit ona dedi. — Çünki Nevil Çemberlen Vinston Çörçilldən cəmi bir neçə yaş böyük idi və deməliyəm ki, o, güclü insan idi. Onu sevirdinmi?» «Mən onu çox sevirdim — deyə həkim cavab verdi. — İnsanda simpatiya oyatmayan adamlardan xoşum gəlir, çünki kifayət qədər yaraşıqlı adam görmüşəm. Çemberlen təvazökarlıqdan əziyyət çəkirdi. O, yaşamaq istəmirdi. İnsan belə deyəndə, onu xilas edə biləcək həkim olmur». İstəyirsiniz buna iman deyin, istəyirsiniz yaşamaq eşqi deyin, amma yaşamaq istəyi olmadan heç kim həyata davam edə bilməz.

2. Belə qeyri-münasib mühitdə təbliğ etmək mümkün deyil. Əgər imanlıların heç olmasa yarısı başa düşsə idi ki, təbliğin təsiri onlardan asılıdır, onda bizim imanlı cəmiyyətlərimiz tamamilə başqa cür olardı. Gözləmə mühitində ən əhəmiyyətsiz səy belə, camaatı alovlandıra bilər. Hətta tənqid və ya nəzakətli laqeydlik mühitində belə, qeyri-adi ruhlandırıcı ifadələr təsirsiz ola bilər.

3. Pis atmosferdə sülh münasibətləri inkişaf edə bilməz. Nifrət etmək üçün toplaşan insanlar nifrət edəcəklər; əgər onlar anlamaqdan imtina etsələr, səhv başa düşəcəklər. Əgər adamlar yalnız öz düşüncələrini anlamaq üçün toplaşırlarsa, onda başqalarını başa düşməyəcəklər. Əgər insanlar Məsihi sevdikləri üçün toplaşırlarsa və bir-birilərini başa düşməyə çalışırlarsa, onda hətta bir-birilərindən çox uzaqda olan insanlar da İsada birləşə bilərlər. Bizim üzərimizə böyük məsuliyyət düşür, çünki biz İsa Məsihin işinə həm kömək edə, həm də mane ola bilərik. Biz Onun üçün qapını geniş aça, eyni zamanda qapını Onun üzünə bağlaya bilərik.

7-11

PADŞAHIN ELÇİLƏRİ (Mark 6:7-11)

Əgər biz əvvəlcə yəhudilərin İsa Məsihin dövründə necə geyindiyinə nəzər salsaq, bu hissənin mənasını daha yaxşı başa düşə bilərik. Paltar beş hissədən ibarət idi.

1. Alt paltarı xiton uzun köynəyə bənzəyirdi. Sidon və ya tunika ikiqat bükülmüş və bir tərəfdən tikilmiş uzun parçadan hazırlanırdı; o, topuğa qədər çatırdı. Yuxarı künclərdə qollar üçün deşiklər açılırdı. Paltar, adətən, baş üçün dəlik kəsilmədən satılırdı: bu, köynəyin yeni olduğunu göstərirdi və alıcı boyun hissəsini istədiyi formada kəsə bilərdi. Bundan əlavə, boyun hissənin forması kişilər və qadınlar üçün fərqli idi: qadınlarda uşağı əmizdirdiklərinə görə daha aşağıdan kəsilirdi. Ən sadə formada həmin alt paltarı yanları kəsilmiş sadə bir kisəni xatırladırdı. Daha müasir modellərdə uzun, sıx qollar olurdu. Bəzən belə köynək öndən açıq olur və cübbə kimi bağlanırdı.

2. Üst paltar — mantiya — gündüzlər plaş, gecələr isə ədyal rolunu oynayırdı; Bu, eni 2 metr, uzunluğu 1-3 metr, hər tərəfi təxminən 45 santimetr dərinlikdə qatları olan parça idi. Hər qatın yuxarı hissəsində qol üçün deşiklər kəsilirdi. Mantiya, demək olar ki, kvadrat şəkilində olurdu. Adətən, belə bir mantiya, uzunluğu 2 metr, eni isə təxminən 75 santimetr olan bir-birinə tikilmiş iki parçadan hazırlanırdı. Arxa hissədə yuxarıdan aşağıya qədər tikiş vurulurdu. Amma yaxşı mantiyalar bir parçadan hazırlanırdı. Yeri gəlmişkən, İsanın paltarı məhz belə idi (Yəhya 19:22). Mantiya geyimin əsas hissəsi idi.

3. Kəmər. Kəməri yuxarıda adları çəkilən geyimlərin üzərindən taxırdılar. İşləmək və ya qaçmaq rahat olsun deyə, köynəyin və ya tunikanın ətəyi kəmərin altına sıxılırdı. Bəzən tunika yuxarıdan kəmərin altına bərkidilirdi, beləcə kisə forması yaranırdı. Belə kisənin içində bağlama daşımaq olardı. Kəmər, adətən, belə ikiqat bağlanırdı. Bu, pul daşımaq üçün cib rolunu oynayırdı.

4. Papaq üçün bir kvadrat metr pambıq və ya kətan parçadan istifadə olunurdu. Papaq ağ, mavi və ya qara, bəzən rəngli ipək parçadan hazırlanırdı. O, çarpaz formada bükülür və başın arxasını, yanaq sümüklərini və gözlərini günəşin istisindən qoruyurdu. Baş örtüyü asanlıqla açılan yun parçadan olan bir lentlə bərkidilirdi.

5. Səndəllər ayaqqabı rolunu oynayırdı. Bunlar dəridən, ağacdan və ya toxunmuş otdan hazırlanmış altlıqlar idi; kənarlarında ilgəklər olurdu, onları ayaqda saxlamaq üçün həmin ilgəklərə kəmər keçirilirdi.

Torbanın mənası isə belə idi:

a) Həmin torba səyyah üçün adi səyahət çantası ola bilərdi. Onu keçi dərisindən hazırlayırdılar. Keçinin dərisi elə soyulurdu ki, heyvanın orijinal forması — baş, ayaqlar, quyruq hissəsi saxlansın. Belə bir çantanın hər tərəfdən kəməri var idi və çiyinə taxılırdı. Çantada çobanlar, səyyahlar bir neçə günlük tədarük — çörək, kişmiş, zeytun və pendir daşıyırdılar.

b) Lakin torba sözünün mənası tamamilə fərqli bir şey də ola bilərdi. Yunan mətnində pera sözündən istifadə edilir, bu da sədəqə toplamaq üçün çanta mənasını verə bilər. Kahinlər və dindarlar tez-tez məbədlər və tanrıları üçün ianə toplamaqdan ötrü belə çantalarla çölə çıxırdılar. Onlara «qəniməti kənddən kəndə artan dindar quldurlar» deyirdilər. Özünü Suriya ilahəsinin qulu adlandıran bir adamın yetmiş dəfə səyahət edəndən sonra hər dəfə ilahəsinə dolu bir torba gətirdiyini bildirən yazı indiyədək qorunub saxlanır.

Əgər mətndə torba sözü birinci mənada işlədilirdisə, o zaman İsa şagirdlərinə yemək üçün heç nə götürməmələrini söyləmişdi. Onlar hər şeydə Allaha güvənməli idilər. Əgər mətndə torba sözü ikinci mənada işlədilirdisə, onda İsa şagirdlərinə demişdi ki, yırtıcı kahinlər kimi olmasınlar. Onlar almalı deyil, verməli idilər.

Burada iki məqamı qeyd etmək lazımdır.

1. Ravvinlərin qanunu tələb edirdi ki, Yerusəlimdəki Məbədə girən şəxs əsasını, ayaqqabısını və pulu olan kəmərini çıxarıb kənara qoymalıdır. Müqəddəs yerə girərkən bütün gündəlik istifadə olunan əşyaları kənara qoymaq lazımdır. Ola bilsin ki, İsa məhz bunu nəzərdə tuturdu. Bununla da şagirdlərinə demək istəyirdi ki, onların daxil olduğu hər bir təvazökar ev Məbədin həyətləri qədər müqəddəsdir.

2. Şərqdə qonaqpərvərliyə müqəddəs vəzifə kimi baxılırdı. Kəndə girən qərib insan gecələmək üçün yer axtarmamalı idi — kənd özü ona qonaqpərvərlik göstərməli idi. İsa şagirdlərinə dedi ki, əgər onlara qonaqpərvərlik göstərilməsə və insanlar qapılarını, qulaqlarını onlara bağlasalar, onda oranı tərk edib tozunu ayaqlarından çırpmalıdırlar. Ravvinlərin qanununda deyilirdi ki, bütpərəstlərin torpağından evinə — İsrailə qayıdan hər bir adam natəmiz ölkədən çıxarkən ən kiçik toz zərrəsini belə üstündən çırpmalıdır. Yəhudilər bununla bir daha hər formada göstərirdilər ki, yəhudinin bütpərəst ölkənin toz-torpağı ilə belə, heç bir əlaqəsi ola bilməz. İsa sanki deyirdi: «Əgər onlar sizi dinləməkdən imtina etsələr, onda ortodoksal yəhudinin qeyri-yəhudi evinə etdiklərini siz də onlara edə bilərsiniz. Sizin onlarla heç bir əlaqəniz ola bilməz». Beləliklə, biz görürük ki, Məsihin şagirdi son dərəcə sadəlik, kamil iman və səxavətlə fərqlənməli idi; həmişə almağa yox, verməyə hazır olmalı idi.

12-13

PADŞAHIN NƏSİHƏTİ VƏ MƏRHƏMƏTİ (Mark 6:12-13)

Burada İsa şagirdləri göndərən zaman onların gördüyü iş haqqında qısa hesabat verilmişdir.

1. Şagirdlər insanlara İsanın müjdəsini çatdırırdılar. Orijinal mətndə elçi ilə göndərilən xəbər mənasını verən sözdən istifadə edilir. Adamlarla danışmaq üçün göndərilən həvarilər özlərindən heç bir xəbər yaymırdılar, yalnız İsanın onlara söylədiklərini çatdırırdılar. Onlar öz fikirlərini deyil, Allahın həqiqətini çatdırırdılar. Peyğəmbərlərin gətirdiyi xəbər həmişə bu sözlərlə başlayırdı: «Rəbb belə deyir!» İnsanlara vacib xəbər çatdıran şəxs ilk növbədə onu Allahdan almalıdır.

2. Şagirdlər Padşahın xəbərini çatdırırdılar və o, belə səslənirdi: «Tövbə edin». Düzü, bu onlar üçün o qədər də yaxşı xəbər deyildi. Tövbə etmək düşüncə tərzini dəyişdirmək, sonra isə davranışını həmin yeni düşüncə tərzinə uyğunlaşdırmaq deməkdir. Tövbə etmək — ürəyini və əməllərini dəyişmək deməkdir. Tövbə mütləq iztirablarla müşayiət olunur. Çünki bu, həyatda yanlış yolda olduğumuzu dərk etdiyimizi göstərir. Tövbə rahatlığı əldən alır, çünki həyatda köklü dəyişikliyə səbəb olur.

Buna görə tövbə edənlər azdır. Əksəriyyət öz dincliyini pozmaq istəmir. Ledi Akvit «nə üçün yaşadıqlarını bilməyən» insanlardan danışırdı. Nə qədər insan aktiv fəaliyyətə nifrət edərək bu cür yaşayır. Onlar üçün həyat «günəşin heç vaxt batmadığı yerdir». Məqsədinə çatmaq üçün həyatını məhv edən hansısa aktiv başkəsən-quldur konkret məqsədi olmayan və həyatda heç bir hədəfə istiqamətlənməyən iradəsiz avara insanlardan daha çox cəlbedici olur.

Q.Senkeviçin «Hara gedirsən?» kitabında maraqlı yer var. Gənc romalı Vinitsi məsihçi bir qıza aşiq olur. Qız isə oğlanı məsihçi olmadığı üçün tanımaq istəmir. O, kiçik məsihçi qrupunun gecə toplantısına qədər qızı izləyir və heç kimin onu tanımadığı yerdə vəzə qulaq asır. O, həvari Peterin vəzini eşidir, onun qəlbində qeyri-adi bir şey baş verir. «O hiss edir ki, bu təlimin ardınca getsə, bütün əvvəlki düşüncələrini, vərdişlərini, xarakterini, varlığını odda yandırmalı, həyatını tamamilə yeni məzmunla doldurmalı olacaq». Tövbə elə budur. Yaxşı, bəs rahatlığından əl çəkməyən insan necə olacaq? Nəinki soyğunçu, oğru, qatil, həyat yoldaşına xəyanət edən adam Allaha dönə bilər. Həmçinin eqoist, laqeyd, mərkəzdə yalnız insanın özünün durduğu həyatdan, Tanrının mərkəz olduğu həyata keçmək də mümkündür. Belə dönüş də iztirablara səbəb olur.

Viktor Hüqonun «Səfillər» romanında yepiskopun belə bir sözü var: «Mənim varlığım həmişə bəzilərini narahat edib, çünki ab-havam onlara təsir edirdi; mənim varlığım onlarda elə bir təəssürat yaradırdı ki, sanki qapı açıq qalıb və onları yel çəkir». Tövbə — sentimental təəssüf hissi deyil; xeyr, tövbə inqilabi təsir bağışlayır, buna görə də insanlar ondan qorxurlar.

3. Şagirdlər insanlara padşahın mərhəmətini və bağışlanmasını gətirirdilər. Şagirdlər insanlara təkcə Onun qəti tələbini deyil, həm də onlara kömək və şəfa gətirirdilər. Onlar yoxsul, cinə tutulmuş kişi və qadınları xilas edirdilər. Məsihçilik əzəldən təkcə canın xilası üçün deyil, insanın bütünlükdə xilası üçün səy göstərir. Məsihçilik insanları təkcə mənəvi məhv olmaqdan xilas etmək üçün deyil, həm də fiziki iztirablarını yüngülləşdirmək üçün onlara əl uzadır. Həvarilərin insanları yağla məsh etməsi diqqət çəkir. Qədim dövrlərdə yağa bütün xəstəlikləri sağaldan dərman kimi baxırdılar. Böyük yunan həkimi Qalen demişdir: «Xəstə bədənin müalicəsi üçün bütün vasitələrdən ən yaxşısı yağdır». Məsihin xidmətçilərinin əlində köhnə vasitələr yeni güc tapırdı. Qəribə görünsə də, onlar o dövrün məhdud imkanlarından və biliklərindən istifadə edirdilər, Məsihin Ruhu isə şəfa verənlərə yeni güc, köhnə vasitələrə yeni keyfiyyət verirdi. Allahın gücü adi şeylərdə izhar olundu və insanların imanına xidmət etdi.

Beləcə on iki həvari Padşahın müjdəsini və bağışlanmasını insanlara çatdırdı. İmanlı Cəmiyyətinin bu gün və əbədi vəzifəsi elə budur.

14-15

İSA HAQQINDA ÜÇ FİKİR (Mark 6:14-15)

Həmin vaxta qədər İsa Məsih haqqında şayiələr bütün ölkəyə yayılmışdı. Onun haqqında xəbər padşah Hiroda da çatmışdı. Ola bilsin, Hirod İsa haqqında ona görə gec eşitmişdi ki, onun Qalileyadakı rəsmi iqamətgahı əhalisinin yarısı bütpərəst olan Tiberiya şəhərində yerləşirdi. Bildiyimizə görə, İsa orada heç vaxt olmamışdı. On iki şagirdin xidməti İsanın izzətini bütün Qalileyaya yaydı, beləliklə, Onun adı hamının dilinə düşdü. Bu hissə bizə İsa haqqında üç fikir çatdırır.

1. Vicdansız insanın fikri. Hirod Vəftizçi Yəhyanın ölümünə görə məsuliyyət daşıyırdı, çünki Vəftizçi Yəhyanın edamına razılıq vermişdi. Pislik edən insana bütün dünya düşmən olar. İnsan hətta düşüncələrinə belə hakim deyil, buna görə düşünəndə, beynində etdiyi pisliklər canlanır. İnsan özündən qaça bilməz, mənliyi onu ittiham edəndə, həyat dözülməz olur. O, daim ifşa olunacağı və bir gün etdiyi vəhşiliklərinin qurbanına çevriləcəyi qorxusu ilə yaşayır.

Bir dəfə bir məhbus həbsxanadan qaçmışdı. İki gün sonra o, ac, donmuş və yorğun halda yenidən tutuldu. O belə demişdi: «Qaçmağın mənası yox idi. Bir an olsun belə, sakitliyim olmadı. Mən daim tutulmaq qorxusu ilə yaşayırdım. Təqibçilərin əlindən qurtulmaq ümidim yox idi. Nə yatmağa, nə də yeməyə vaxtım var idi». Təqib olunmaq — cinayət törədən insanın həyatını müəyyən edən sözdür. Hirod Antipa İsa haqqında eşidəndə, ilk növbədə, elə düşündü ki, öldürdüyü Vəftizçi Yəhya ondan qisas almaq üçün qayıdıb. Buna görə günahkarın həyatı təqib olunan həyat olduğu üçün günaha görə ödənilməli olan qiymət həmişə alınandan daha yüksəkdir.

2. Millətçinin fikri. Bəzi yəhudilər İsanı zühur edən İlyas peyğəmbər hesab edirdilər. Yəhudilər Məsihin gəlişini gözləyirdilər. Məsih haqqında çoxlu müxtəlif fikirlər var idi. Lakin ən çox yayılmış fikir qalib padşah ideyası idi: belə ki, Məsih əvvəlcə yəhudiləri azad edəcək, sonra onları bütün dünyaya qalib gələn yürüşə aparacaqdı. Bu ideyanın əsas fikri o idi ki, Məsihin gəlişindən əvvəl peyğəmbərlərin ən böyüyü İlyas Onun carçısı və sələfi kimi yenidən yer üzünə gələcək. Bu günə qədər yəhudilər Pasxa bayramı zamanı süfrənin ətrafına İlyas peyğəmbərin yeri adlanan boş stul, üzərinə isə bir kasa şərab qoyurlar. Dua zamanı qapını geniş açırlar ki, İlyas peyğəmbər içəri girib, çoxdan gözlənilən Məsihin gəldiyi xəbərini gətirə bilsin. Budur, İsanı öz istəklərinin icraçısı kimi görmək istəyən bir adamın fikri. Belə bir adam İsanı itaət etməli olduğu Şəxs kimi deyil, öz məqsədləri üçün istifadə edə biləcəyi Biri kimi görür. Belə insanlar Allahın iradəsindən çox öz iddialı planları üçün mübarizə aparırlar.

3. Allahın səsini eşitmək istəyən insanın fikri. İsanı peyğəmbər kimi görən bəzi yəhudilər də var idi. Yəhudilər başa düşürdülər ki, artıq üç yüz ildən çoxdur peyğəmbərlərin səsi eşidilmir. Bu onları çox narahat edirdi. Yəhudilər ravvinlərin qanundakı problemlərlə bağlı əsaslı mübahisələrini eşidirdilər. Onlar sinaqoqda əxlaqi mövzularda vəzlərə qulaq asırdılar. Lakin üç əsr idi ki, onlar «Rəbb belə deyir» deyən səsi eşitmirdilər. Həmin günlərdə yəhudilər Allahın həqiqi səsinə qulaq asdılar və İsada Allahın səsini eşitdilər. İsa sadəcə bir peyğəmbər deyildi: O, insanlara təkcə Allahın səsini deyil, həm də Allahın gücünü və həyatını çatdırdı. Amma İsanı peyğəmbər kimi görənlər, peşmanlıqdan əzab çəkən Hiroddan və öz dövrünü gözləyən millətçilərdən həqiqətə daha yaxın idilər. Bundan əlavə, İsanı peyğəmbər kimi görənlər daha da irəli gedib Onda Allahın Oğlunu görə bilərdilər.

16-29

PİS QADININ QİSASI (Mark 6:16-29)

Bu hekayə — əsl dramdır. Gəlin əvvəlcə bu səhnəyə — bu hadisənin harada baş verdiyinə baxaq: ayrı qaya üzərində tikilmiş Maxeron qalası dərələrlə əhatə olunmuş və Ölü dənizin şərq sahili üzərində ucalırdı. Bu, dünyanın ən əlçatmaz qalalarından biri idi. Yeraltı zindan bu günə qədər qorunub saxlanıb. Səyyahlar Vəftizçi Yəhyanın zəncirləndiyi divardakı dəmir bəndləri və qarmaqları görə bilərlər. Bu qaranlıq və kimsəsiz qalada Vəftizçi Yəhya son günlərini yaşayıb.

Gəlin dramdakı personajlara nəzər salaq. Hirodun ailəsində nikah münasibətləri dolaşıq və ağlasığmaz idi. Ailədaxili münasibətləri isə o qədər mürəkkəb idi ki, onları dəqiq müəyyənləşdirmək mümkün deyildi. İsa doğulanda Böyük Hirod padşahlıq edirdi. Bet-Lexemdə körpələrin qətliamına görə məsuliyyət daşıyan o idi (Matta 2:16-18). Böyük Hirod dəfələrlə evlənmişdi. Ömrünün sonlarına yaxın o, hər şeydən dəlicəsinə şübhələnməyə başlamışdı və bir-bir ailə üzvlərini öldürtdürürdü. Hətta o vaxtlar belə bir yəhudi atalar sözü yaranmışdı: «Hirodun donuzu olmaq onun oğlu olmaqdan yaxşıdır». Hirodun birinci arvadı Dorida idi, ondan Antipater adlı bir oğlu var idi. Hirod sonralar oğlunu öldürtmüşdü. Bundan sonra Hirod Mariamna ilə evlənmişdi, ondan İsgəndər və Aristovul adlı iki oğlu olmuşdu (Hirod Aristovulu da öldürtmüşdü). Bu hekayədəki əsas cani Hirodiya Aristovulun qızı idi. Sonra Böyük Hirod Süleymanın qızı Mariamna ilə evləndi və ondan Hirod Filip adlı bir oğlu oldu. Hirod Filip ögey qardaşı Aristovulun qızı, yəni qardaşı qızı Hirodiya ilə evləndi. Hirodiyadan Hirod Filipin Şalomit adlı bir qızı var idi — Qalileyanın tetrarxı Hirod Antipanın qarşısında rəqs edən həmin qız idi. Sonra Hirod Malfaka ilə evləndi, ondan iki oğlu oldu — Arxela və Hirod Antipa. O, nəzərdən keçirdiyimiz hissədə həmin Hiroddur. Hirodiyanın birinci əri və Şalomitin atası Hirod Filip Böyük Hirodun bölgələrindən heç nə miras almadı və Hirod Antipanın onu ziyarət etdiyi Romada yaşadı. O, Hirodiyanı orada yoldan çıxartdı və əri Hirod Filipi tərk edib onunla evlənməyə razı saldı. Hirodiyanın kim olduğuna diqqət yetirin:

a) O, Hirod Antipanın ögey qardaşının — Aristovulun qızı, yəni onun qardaşı qızı idi.

b) Həm də Hirod Antipanın başqa ögey qardaşının — Hirod Filipin arvadı idi. Deməli, həm də onların gəlini idi.

Hirod Antipanın birinci arvadı ərəb ölkəsi olan Nəbatiyənin padşahı Aretanın qızı idi. Baş verən hadisələrdən sonra o, atasının yanına qaçdı. Atası qızının namusunun qisasını almaq üçün Hirod Antipanın torpaqlarını işğal edib, ona ağır məğlubiyyət yaşatdı. Bu dəhşətli mənzərəyə daha bir məqam əlavə etmək olar: Böyük Hirod vaxtilə Yerusəlimli Kleopatra ilə evlənmişdi və bu evlilikdən onun Filip Tetrarx adlı oğlu doğulmuşdu.

Filip Tetrarx sonradan Şalomitlə evlənmişdi. Şalomit isə eyni vaxtda

a) ögey qardaşı Hirod Filipin qızı və

b) digər ögey qardaşı Aristovulun qızı olan Hirodiyanın qızı idi.

Beləcə Şalomit eyni zamanda Filip Tetrarxın həm qardaşı qızı, həm də böyük qardaşının nəvəsi idi.

Bunu izləmək asan olsun deyə cədvəl şəklində təqdim etmək daha yaxşı olardı (növbəti səhifəyə baxın) (P.S. На следующей странице должна быть таблица). Tarixdə Böyük Hirodun ailəsində olduğu kimi mürəkkəb və qarışıq nikah münasibətlərinə nadir hallarda rast gəlinir. Qardaşının arvadı — gəlini ilə evlənməklə Hirod Antipa yəhudi qanunlarını, bütün ədəb və əxlaq normalarını pozmuşdu (Levililər 18:16; 20:21).

Bu zinakar evliliyə — Hirod Antipa bilərəkdən qardaşının arvadını yoldan çıxardığına görə Vəftizçi Yəhya onu ifşa etdi. Rəiyyətinin həyatı və ölümü üzərində hakimiyyətə malik olan şərqin zalım hökmdarını məzəmmət etmək cəsarət tələb edirdi. Vəftizçi Yəhyanın cəsarəti və rastlaşdığı hər pisliyi qınaması Vəftizçi Yəhyanın gününə həsr olunmuş Anqlikan duasında belə təsvir olunub:

«Ey uca Allah, Sənin qulun Vəftizçi Yəhya möcüzəvi şəkildə doğulan və tövbə təbliği ilə Xilaskarımız olan Oğluna yol hazırlamaq üçün göndərildi. Bizə kömək et ki, onun təliminə əməl edək və yaşadığı müqəddəs həyatından nümunə götürək, onun təbliğ etdiyi kimi, həqiqətən də, tövbə edək; onun kimi həmişə həqiqəti söyləyək, şər və pisliyi cəsarətlə qınayaq və həqiqət uğrunda səbirlə əzab çəkək».

Vəftizçi Yəhyanın ifşasına baxmayaraq, Hirod yenə də ona hörmət edir və ondan qorxurdu. Çünki Yəhyanın xeyirxahlığı və səmimiliyi göz qabağında idi. Amma Hirodiya belə deyildi. O, Yəhya ilə düşmənçilik edirdi və onu yolundan götürmək qərarına gəldi. O, Hirodun ad günü şərəfinə saray əyanlarının və hərbi rəhbərlərin iştirakı ilə təşkil olunan ziyafəti fürsət kimi dəyərləndirdi. Hirodiyanın qızı Şalomit ziyafətdə rəqs etdi. Hətta o dövrlərdə bu kimi cəmiyyətlərdə solo rəqslər iyrənc və əxlaqsız pantomima hesab olunurdu. Padşah qanından olan şahzadənin özünü belə alçaltmasına inanmaq çətindir. Bu cür rəqslər peşəkar fahişələrin sənəti idi. Onun belə bir rəqsi Şalomitin və onu bu rəqsə həvəsləndirən anasının xarakterini aşkara çıxarır. Lakin Hirod çox razı qaldı və Şalomitə istədiyi mükafatı təklif etdi. Hirodiya uzun müddət axtardığı və gözlədiyi fürsəti əldən vermədi. Hirod onun kininə uyaraq Yəhyanın edam olunmasını əmr etdi.

Hər bir qəhrəmanın obrazı bizə nəsə öyrədə bilər.

1. Hirod burada bütün əzəməti ilə göstərilir.

a) O, çox qəribə adam idi. O, eyni zamanda Vəftizçi Yəhyadan həm qorxur, həm də ona hörmət edirdi. Hirod Yəhyanın vəzlərindən qorxsa da, eyni zamanda onu dinləməkdən həzz alırdı. Dünyada davranış və qavrayış baxımından insanlar qədər qəribə məxluq yoxdur. İnsanın fərqli xüsusiyyəti odur ki, o, müxtəlif, hətta əks fikir və hissləri özündə birləşdirir. Bosuel «London gündəliyi» kitabında yazır ki, ibadətdə ola-ola vəzi dinləməkdən zövq aldığı vaxt eyni zamanda sonradan bir fahişəni otel otağına necə aparacağını düşünürdü. İnsanın bütün mürəkkəbliyi ondadır ki, həm günahlı, həm də yaxşı niyyətlər ona eyni anda qalib gəlir.

İngilis yazıçısı Robert Lyuis Stivenson insanlar haqqında belə deyir: «İnsanlar fahişəxanada və ya cəza meydançasında saman çöpündən yapışırmış kimi xeyirxahlıqdan yapışmağa çalışırlar». İngilis hakim Normann Birket mühakimə və müdafiə etdiyi cinayətkarlar haqqında belə deyirdi: «Bəlkə də onlar qaçmağa çalışırlar, amma bacarmırlar, çünki hansısa zadəganlığa məhkumdurlar, bütün ömürləri boyu amansız bir ovçu — yaxşı olmaq arzusu onları təqib edir». Hirod Yəhyadan qorxa bilərdi, özünə və təliminə nifrət edə bilərdi, lakin sehrindən qurtula bilmirdi. Hirod da adi bir insan idi. Biz də onun kimi deyilikmi?

b) Hirod bir anlıq təsir altına düşdü. O, heç düşünmədən Şalomitə tələsik söz verdi. Ola bilsin ki, o, bunu sərxoş halda etdi. İnsan danışmazdan əvvəl özünü bu qədər unutmamalıdır. Sağlam düşüncəni unudub sonradan utanmamaq üçün zəifliyin köləsi olmaq lazım deyil.

c) Hirod şayiələrdən qorxurdu. O, Şalomitə verdiyi sözə əməl etdi, çünki əyanlarının yanında verdiyi sözü pozmaq istəmirdi. Hirod onların istehzalarından, onu iradəsiz hesab edəcəklərindən qorxurdu. İnsanların çoxu doğru olanı etmək üçün cəsarətləri çatmadığına görə sonradan peşmanlığını çəkdikləri şeyləri edirlər. İnsanların əksəriyyəti öz yalançı dostlarının istehzasından qorxduqları üçün istəmədikləri pis işləri görürlər.

2. Şalomit və Hirodiya da burada bütün əzəməti ilə göstərilir. Hirodiyanın xarakterində də müəyyən bir fədakarlığı qeyd etmək lazımdır. Burada təsvir edilən hadisədən bir neçə il sonra Hirod imperatordan padşah titulu istəmək üçün Romaya getdi. Lakin imperator Hiroda padşah titulu vermək əvəzinə, həyasızcasına bunu istəməyə cürət edib, itaətsizliyə yol verdiyinə görə onu Qalliyaya göndərdi. Hirodiyaya dedilər ki, Hirodu sürgündə müşayiət etmək məcburiyyətində deyil, istədiyi yerə gedə bilər. Amma o, qürurla cavab verib, ərinin ardınca gedəcəyini bildirdi. Hirodiyanın nümunəsi qəzəbli qadının nəyə qadir olduğunu göstərir. Dünyada yaxşı qadından yaxşı, pis qadından da pis heç nə yoxdur. Yəhudi ravvinlərinin maraqlı bir məsəli vardı: yaxşı qadın pis kişiyə ərə gedə bilər, çünki onu da özü qədər yaxşı edə bilər. Lakin yaxşı kişi heç vaxt pis qadınla evlənməməlidir, çünki qadın istər-istəməz onu öz səviyyəsinə endirəcək. Hirodiyanın problemi ondadır ki, o, günahını ona xatırlatmağa cəsarət edən yeganə insanı məhv etmək istəyirdi. O öz bildiyi kimi hərəkət etmək istəyirdi və buna görə kimsənin ona nəsə deməsini istəmirdi. O, günahına sakitcə davam etmək üçün Vəftizçi Yəhyanın öldürülməsinə nail oldu. O, unutmuşdu ki, Vəftizçi Yəhya ilə görüşməsə də, bir gün mütləq Allahla görüşməli olacaq.

3. Burada Vəftizçi Yəhya da aydın şəkildə göstərilir. O, cəsur insan kimi göstərilir. Yəhya səhranın və çöllüyün oğlu idi. Buna görə də Maxeron qalasının qaranlıq katakombalarında həbs onun üçün əsl işgəncə idi. Lakin Vəftizçi Yəhya ölümü xəyanətdən üstün tutdu. O, həqiqət naminə yaşadı və onun uğrunda da öldü. İnsanlara Allahın səsini çatdıran şəxs vicdanı və şüuru təcəssüm etdirir. İnsanların əksəriyyəti çox vaxt vicdanının səsini susdurur. Buna görə də Allahın adından danışan insan həyatını həmişə riskə atır.

30-34

XALQIN HİSSLƏRİ (Mark 6:30-34)

Missionerlik səfərindən qayıdan həvarilər gördüyü işləri İsaya söylədilər. İzdiham öz tələb və istəklərində o qədər israrlı idi ki, həvarilər yeməyə belə vaxt tapmadılar. Buna görə də İsa dincəlmək üçün şagirdlərini Onunla birlikdə gölün o biri tərəfinə — sakit bir yerə getməyə dəvət etdi.

Burada biz, necə deyərlər, məsihçi həyatının ritmini görə bilərik. Məsihçi həyatı insanın yanından Allahın hüzuruna, Allahın hüzurundan insanın yanına daimi keçid prosesidir. Bu, yuxu və iş ritmi kimidir. İstirahət etmədən işləmək olmur, yuxu isə ancaq işləyib yorulanda gəlir. Həyatda həmişə iki təhlükə olur. Birincisi, daimi fəaliyyətlə bağlıdır: axı heç kim istirahətsiz işləyə bilməz. İnsanın Allahla ünsiyyət üçün kifayət qədər vaxtı yoxdursa, o, məsihçi həyatı yaşaya bilməz.

Bəlkə də həyatımızdakı bütün çətinliklər Allaha bizimlə danışmaq imkanı verməməyimizdən irəli gəlir. Çünki biz susub Onu dinləməyi belə bacarmırıq. Allaha bizə yeni ruhani enerji və güc verməsi üçün nə vaxt, nə də imkan veririk, çünki Onun bizimlə danışacağı vaxtı gözləmirik. Məgər Onunla, hər bir xeyirxahlıq bəxş edən Rəbb ilə ünsiyyət qurmasaq, həyatın yükünü necə daşıya bilərik? Biz bu gücü yalnız Allahla təklikdə qaldığımız vaxt ala bilərik.

Ancaq ikinci bir təhlükə də var — reallıqdan uzaqlaşma. Möminlik əməldə görünməlidir, əks halda bu, həqiqi möminlik deyil. Əməllərlə dəstəklənməyən dua — həqiqi dua deyil. Allahla ünsiyyət insanlardan qaçmaq üçün deyil, ona layiq olmaq üçün qurulur. Məsihçi həyatının ardıcıllığı da elə ondadır ki, Allahla təkbətək görüşəndən sonra meydanda insanlara xidmət edilsin. Amma İsanın Özü və şagirdləri üçün axtardığı istirahət alınmadı: camaat İsanın və həvarilərin necə getdiyini gördü. Həmin yerdə qayıqla sahildən sahilə qədər olan məsafə 6,5 kilometr, göl ətrafında quruda isə 15 kilometr idi. Sakit bir gündə və ya qarşıdan əsən küləkli gündə göldən qayıqla o biri tərəfə keçmək daha çox vaxt aparırdı. Belə günlərdə enerjili və məqsədyönlü insan hətta qayıqdan əvvəl o biri tərəfə çata bilərdi. Adamlar belə də etdilər. İsa və şagirdləri qarşı sahildə qayıqdan düşəndə, orada izdiham vardı, hansı ki bu izdihamdan onlar uzaqlaşıb bir az rahatlıq tapmaq istəyirdilər.

Normal insan bu vəziyyətdən əsəbiləşərdi: İsa istədiyi və layiq olduğu istirahətdən məhrum olmuşdu. Onun təkliyə çəkilmək istəyi pozulmuşdu. Başqası olsaydı, qəzəblənərdi, amma İsa camaatın hisslərindən təsirləndi. İsa insanlara baxdı — onlar olduqca ciddi idilər, yalnız İsanın onlara verə biləcəyi şeyə ehtiyac duyurdular. Onlar çobanını itirmiş qoyunlara bənzəyirdilər. O, bununla nə demək istəyirdi?

1. Çobansız qoyunlar yolunu tapa bilməz. Əgər biz tək qalsaq, həyatda itmiş olarıq. İngilis iqtisadçı politoloqu Con Elliot Kernz insanları «yağış yağanda özünü meşədə itmiş uşaqlar kimi hiss edən» adamlara bənzədirdi.

Dante ilahi komediyasına bu sözlərlə başlayır: «Həyatımın yarısını keçəndə özümü qaranlıq meşədə yolunu azmış biri kimi gördüm». Həyat çox vaxt insanı çıxılmaz vəziyyətə sala bilir. Adam yolayrıcında dayanırmış kimi dayanır və hansı yolla gedəcəyini bilmir. Biz yolumuzu yalnız İsa bizə rəhbərlik edəndə və Onun ardınca gedəndə tapa bilərik.

2. Çoban olmasa, qoyunlar otlaq və yem tapa bilməz. Bu həyatda dolanışıq üçün yemək axtarmağa məcburuq. Yolumuza davam etmək üçün bizə güc lazımdır; ruhlanmağımız üçün bizə ilham lazımdır. Həyat üçün bu gücü bizə yalnız Gündəlik həyat çörəyimiz olan İsa verə bilər. Bu gücü başqa yerdən alan adam məmnun qalmır. Ürəyi narahat, ruhu yorğun olur.

3. Çoban olmadan qoyunlar onları təhdid edən təhlükələr qarşısında tamamilə acizdir. Onlar quldurlara və yırtıcılara qarşı müdafiəsizdir. Həyat insana tək yaşaya bilməyəcəyini öyrədib. İnsan dünyəvi vəsvəsələrə və ona qalib gələn pisliklərə qarşı müdafiəsizdir. Yalnız İsa ilə biz qəlbimizi ləkəsiz saxlaya bilərik. Onsuz müdafiəsizik, Onunla isə təhlükəsizlikdəyik.

35-44

İSANIN ƏLİNDƏ KİÇİK ŞEY BÖYÜK OLUR (Mark 6:35-44)

Maraqlıdır ki, İsanın göstərdiyi möcüzələrin heç biri Onun şagirdlərində bu möcüzə qədər təəssürat yaratmadı. Buna görə də bu barədə dörd Müjdənin hamısında bəhs edilir. Biz artıq gördük ki, Markın Müjdəsində, həqiqətən də, həvari Peterin vəzlərindən xatırlatmalar var. Bu hekayə o qədər sadə və dramatik şəkildə danışılır ki, doğrudan da, şahid ifadəsi kimi çatdırılır. Gəlin bəzi aydın və real detallara diqqət yetirək. Camaat yaşıl otların üstündə oturdurulmuşdu. Peter sanki hər şeyi yenidən öz təsəvvüründə canlandırırdı. Bu qısa təsvir bizə çox şey çatdırır. Yaşıl ot yalnız yazın sonunda, aprelin ortalarında ola bilərdi. Bu möcüzə də məhz bu vaxt baş verə bilərdi. İlin bu vaxtında günəş günorta saat altıda batır, belə ki, bütün hadisə günortadan sonra baş vermişdi. Markın dediyi kimi, camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturmuşdu. Orijinalda cərgə kimi tərcümə olunan və xüsusi vurğulanan prasiay sözündən istifadə olunur. Yunan dilində bu söz, adətən, bağdakı tərəvəz bitkilərinin sırasını təsvir etmək üçün istifadə olunur. Cərgələrlə oturan dəstə bağçalardakı tərəvəz bitkiləri sıralarına bənzəməli idi. Sonra artıq qalan çörək və balıq hissələri yığıldı və on iki zənbil doldu. Heç bir ortodoksal yəhudi zənbilsiz (kofinos) səyahət etməzdi. Romalılar hətta yəhudilərə və onların zənbillərinə lağ edirdilər.

Bu zənbillər dibinə doğru genişlənən dar boğazlı küp formasında hörülürdü. Yəhudilərin zənbillərindən ayrılmamasının iki səbəbi vardı: birincisi, ortodoksal yəhudi, həqiqətən, halallıq baxımından təmiz yemək yediyinə əmin olmaq üçün bu səbətdə ərzaq daşıyırdı; ikincisi, bir çox yəhudi dilənçilik etdiyinə görə aldığı sədəqəni zənbilində saxlayırdı. Bəs nə üçün məhz on iki səbət yığılmışdı sualının cavabı sadədir: şagirdlərin sayına görə. Onlar qalıqları qənaətlə zənbillərə yığdılar ki, israfçılıq olmasın. Bu epizodda İsanın və Onun şagirdlərinin baş verənlərə ziddiyyətli münasibətini qeyd etmək yerinə düşərdi.

1. Biz bu epizodda insan ehtiyacına iki müxtəlif reaksiya gördük. Şagirdlər artıq gec olduğunu, camaatın çox yorğun və ac olduğunu görəndə dedilər: «Bura çöllükdür, artıq gecdir. Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər». Onlar əslində «bu adamlar yorğun, acdırlar, onları burax, qoy başqası onların qayğısına qalsın» dedilər. İsa şagirdlərinə cavab verdi: «Onlara yeməyi siz verin». İsa əslində belə dedi: «Bu insanlar yorğun və acdırlar; onlar üçün nəsə etmək lazımdır». Başqalarının çətinliklərini və əziyyətini yaxşı bilən, lakin onlar üçün nəsə etmək məsuliyyətini başqasının üzərinə atmaq istəyən insanlar həmişə var. Amma elə insanlar da var ki, başqasının çətinliyini görüb hansısa şəkildə kömək etməyə özünü borclu bilir. «Qoy başqaları onların qayğısına qalsın» deyənlər kimi, «ehtiyacı olan qardaşa mən qulluq etməliyəm» deyənlər də var.

2. Biz burada həm də metod və vasitələrə iki fərqli münasibət görürük. İsa şagirdlərinə xalqa yemək verməyi əmr edəndə, onlar cavab verdilər ki, bunun üçün iki yüz dinar lazım olacaq. Dinar (denarius) — qədim Roma gümüş sikkəsi, muzdlu işçinin gündəlik əmək haqqıdır. Əslində, şagirdlər İsaya belə dedilər: «Biz altı ay ərzində belə bu izdihamı doyuracaq qədər pul qazana bilmərik». Şagirdlər dedilər ki, onlarda olan dənizdə bir damladır.

İsa dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onların beş çörəyi var idi. Bunlar müasir dövrün çörəyinə yox, daha çox bulkasına bənzəyirdi. Yəhyanın Müjdəsi 6:9-da oxuyuruq ki, bunlar yoxsulların istifadə etdiyi arpa çörəkləri idi: bu, ən ucuz və ən bərk çörək idi. Bundan əlavə, onların təxminən sardina boyda iki balığı var idi. Duzlu balıqlar şəhəri mənasını verən Tarixeya şəhəri o dövrdə çox məşhur idi — oradan duzlu balıq bütün dünyaya yayılırdı. Duzlu kiçik balıq ədviyyat kimi quru çörəklə yeyilirdi.

Ümumiyyətlə, bu, çox az yemək idi. Lakin İsa olanı götürüb möcüzə etdi. İsanın əlində kiçik şeylər həmişə böyük olur. Bəzən insana elə gəlir ki, onun İsaya verəcək istedadı və ya maddi sərvəti azdır. Lakin bu, şagirdlərdə olduğu kimi, ümidsizlik üçün əsas olmamalıdır. Heç bir halda «Nə etsəm də faydası olmayacaq» deməməlisiniz. Əgər biz özümüzü İsaya təslim etsək, Onun bizim vasitəmizlə nə edə biləcəyini təsəvvür edə bilmərik.

45-52

FIRTINANIN YATIRILMASI (Mark 6:45-52)

Aclar doyan kimi İsa şagirdləri yola saldı, yalnız bundan sonra camaatı buraxdı. O, nə üçün belə etdi? Mark bu barədə heç nə demir. Lakin çox güman ki, biz bunun izahını Yəhyanın Müjdəsində tapa bilərik. Yəhya deyir ki, izdiham doyandan sonra onlarda İsanı padşah etmək istəyi yarandı. Bu isə İsanın istəyinə uyğun deyildi. Çünki səhrada sınaq zamanı O, məhz bu yolu rədd etmişdi. O, hadisələrin belə cərəyan edəcəyini qabaqcadan görə bilirdi və istəməzdi ki, şagirdləri millətçilik hisslərinin bu partlayışına yoluxsunlar və əsirinə çevrilsinlər. Qalileya həmişə üsyan ocağı olub. Əgər bu hərəkat indi dayandırılmasaydı, cuşa gəlmiş yəhudilər arasında hər şeyi məhv edəcək və iştirak edənlərin hamısının ölümünə səbəb olacaq bir üsyan başlaya bilərdi. Beləcə İsa şagirdlərini bu hərəkata yoluxmasınlar deyə yola saldı, sonra isə camaatı sakitləşdirib onlarla vidalaşdı. İsa tək qalanda dua etmək üçün dağa çıxdı.

Problemlər sürətlə Ona hücum çəkirdi — ortodoksal yəhudilərin düşmənçiliyi, Hirod Antipanın qorxusu və şübhəsi, Onun iradəsinə zidd olaraq Onu milli Məsihi etmək istəyən cuşa gəlmiş adamlar. Məhz bu zaman İsanı ağır fikirlər bürüdü və O, mənəvi cəhətdən çox yükləndi.

Bir neçə saat O, Allahla tək qaldı. Artıq qeyd etdiyimiz kimi, bu hadisələr aprelin ortasında baş verməli idi, bu da Pasxa ərəfəsinə təsadüf edirdi. Pasxada ay, bizdə olduğu kimi, tam bədirlənir. Yəhudilər üçün gecə axşam saat 6-dan səhər 6-ya qədər davam edirdi və dörd hissəyə bölünürdü: axşam saat 6-dan axşam saat 9-a qədər, axşam 9-dan gecə yarısına qədər, gecə yarısından saat 3-ə qədər və gecə 3-dən səhər 6-ya qədər. Təxminən səhər saat 3-də İsa dağın yamacından gölə baxdı. Həmin yerdə gölün eni cəmi altı kilometr təşkil edirdi. İsa ay işığında mənzərəni tam görə bilirdi. O, şagirdlərinin qayıqda küləyə qarşı sahilə çıxmağa çalışdığını gördü.

Baxaq görək, bundan sonra nə baş verdi. Şagirdlərini və dostlarını çətin vəziyyətdə görən İsa problemlərini unutdu. Dua vaxtı bitmişdi, indi hərəkət etmək vaxtı idi. O Özünü unudub, dostlarına kömək etməyə getdi. Bəli, İsa məhz belədir: kömək istəyən insanın səsi Ona digər səslərdən daha uca səslənir. Dostlarının Ona ehtiyacı vardı və O getməli idi.

Bundan sonra nə baş verdiyini bilmirik, yəqin ki, heç vaxt da bilməyəcəyik. Bütün bu epizod sirrə bürünüb və izah tələb edir. Amma biz bilirik ki, İsanın onların yanına gələndən sonra güclü külək dayandı. İsa onların yanında olanda hər şey yaxşı idi. Avqustin bu epizod haqqında belə demişdir: «O, dalğaları tapdalayaraq gəldi, artan hər bir qarışıqlığı eyni şəkildə ayaqları ilə tapdalayır. Məsihçilər, axı siz nədən qorxursunuz?» Bu, minlərlə insan tərəfindən təsdiqlənmiş sadə bir həqiqətdir: Məsihlə birlikdə olanda tufan səngiyir, çaşqınlıq sülhə çevrilir, mümkün olmayan mümkün olur, dözülməz olan şeylər düzəlir, insanlar ən böhran vəziyyətlərin öhdəsindən gəlir. Əgər biz Məsihlə bir yol gediriksə, biz də fırtınanın öhdəsindən gələcəyik.

53-56

EHTİYACI OLAN İNSANLAR (Mark 6:53-56)

İsa ayağını sahilin o biri tərəfinə qoyan kimi, camaat dərhal Onu yenidən mühasirəyə aldı. O, bəzən izdihama ürək ağrısı ilə baxırdı. Çünki bir neçə nəfəri çıxmaq şərti ilə, demək olar ki, adamların çoxu yalnız Ondan nəsə almaq üçün gəlirdi. Onlar nəsə almaq üçün gəlirdilər; onlar israrlı tələbləri, ehtiyacları ilə gəlirdilər. Bir sözlə, onlar İsadan öz məqsədləri üçün istifadə etməyə gəlirdilər. Amma bu izdihamın içində almaq yox, vermək istəyənlər az da olsa olsaydı, hər şey tamam başqa cür olardı. Bir tərəfdən, İsaya Ondan nəsə almaq üçün gəlməyimiz tamamilə normaldır. Çünki biz çox şeyi yalnız Ondan ala bilərik. Lakin sadəcə olaraq həmişə almaq, əvəzində heç nə verməmək eyibdir. Ancaq təəssüf ki, insan təbiəti belədir!

1. Elə insanlar var ki, ailələrini öz məqsədləri üçün istifadə edirlər. Bu, xüsusilə gənclərə aiddir. Onlar öz ailə üzvlərinə yalnız onların rahatlığının təminatçısı kimi baxırlar: onlar orada yeyib-içir, yatırlar. Onlar üçün hər şey edilir. Lakin biz nəinki həmişə almalı, həm də üzərimizə düşəni etməliyik.

2. Bəziləri dostlarından öz məqsədləri üçün istifadə edirlər. Bəzi insanlar yalnız bizə işi düşəndə zəng edirlər. Bəzi insanlar başqalarının varlığını yalnız özləri köməyə ehtiyac duyanda xatırlayır, həmin adamlardan xeyir gəlməyəndə isə onları unudurlar.

3. Başqaları imanlı cəmiyyətindən öz məqsədləri üçün istifadə edirlər. İmanlı cəmiyyəti onlar üçün yalnız uşaqları vəftiz etməyə, cavanları evləndirməyə və ölüləri basdırmağa lazımdır. Onlar köməyə ehtiyac duyduqları anlar istisna olmaqla, nadir hallarda cəmiyyətdə görünürlər. Onlara elə gəlir ki, imanlı cəmiyyəti onlara xidmət etmək üçün mövcuddur, özlərinin isə cəmiyyətə heç bir borcu yoxdur.

4. Bəziləri Allahdan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Belələri yalnız Allaha ehtiyac duyduqları vaxt Onu xatırlayırlar. Onlar Allaha yalnız diləklərini və tələblərini yerinə yetirsin deyə dua edirlər. Kimsə bunu belə təsvir etmişdir: Amerika mehmanxanalarında əmrə müntəzir adamlar var. Zəngi basan kimi, həmin adam qapıda görünür: o sizə lazım olan hər şeyi alır və gətirir. Bəzi insanlar da Allaha əmrə müntəzir adam kimi baxırlar. Əgər özümüzə diqqətlə baxsaq, görərik ki, hamımız müəyyən qədər bu cür günahlara yol veririk. Biz İsaya məhəbbətimizi, xidmətimizi, sədaqətimizi təklif etsək və Ondan daha az kömək tələb etsək, İsanı daha çox sevindirmiş olarıq.

Azərbaycan dilində Müqəddəs Kitab

İsa Öz yurdunda rədd edilir
(Matta 13:53-58; Luka 4:16-30)
1 İsa oradan ayrılıb Öz yurduna gəldi. Şagirdləri də Onun ardınca gəlirdi. 2 Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedi: «Bu Adamda belə şeylər haradandır? Bu necə hikmətdir, Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir? 3 Bu Adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?» Onların İsaya acığı tutdu. 4 İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar». 5 Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi. 6 İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı.
On İki şagirdə verilən vəzifə
(Matta 10:1-15; Luka 9:1-6; 10:1-12)
7 İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi. 8 Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə – nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər, 9 ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər. 10 İsa onlara dedi: «Harada bir evə girsəniz, çıxanacan orada qalın. 11 Harada sizi qəbul etməyib sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın». 12 Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar. 13 Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər.
Yəhyanın edamı
(Matta 14:1-12; Luka 9:7-9)
14 Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır». 15 Digərləri isə deyirdilər: «Bu, İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir». 16 Amma Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!»
17 Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı 18 və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır». 19 Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi. 20 Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq, onu həvəslə dinləyirdi.
21 Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi. 22 Ziyafət zamanı Hirodiyanın qızı içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim». 23 Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm». 24 Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını». 25 Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən». 26 Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi. 27 Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu 28 və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi. 29 Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.
İsa beş min nəfəri doydurur
(Matta 14:13-21; Luka 9:10-17; Yəhya 6:1-14)
30 Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər. 31 İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar.
32 Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər. 33 Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar. 34 İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı.
35 Vaxt keçirdi. Şagirdləri gəlib İsaya dedilər: «Bura çöllükdür, artıq gecdir. 36 Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər». 37 Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Bəlkə gedib iki yüz dinarlıq çörək alaq və onlara verək ki, yesinlər?» 38 Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var». 39 İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar. 40 Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu. 41 İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdürdü. 42 Hamı yeyib-doydu. 43 Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu. 44 Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi.
İsa suyun üstü ilə yeriyir
(Matta 14:22-33; Yəhya 6:15-21)
45 Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə – Bet-Saydaya keçsinlər. 46 İsa camaatı yola salandan sonra dua etmək üçün dağa çıxdı. 47 Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı. 48 O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi. 49 Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar. 50 Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!» 51 Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı. 52 Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər.
İsa Ginesarda xəstələrə şəfa verir
(Matta 14:34-36)
53 İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar və qayığı bağladılar. 54 Onlar qayıqdan düşən kimi camaat İsanı tanıdı 55 və qaçıb ətraf yerləri gəzib-dolaşdılar. İsanın harada olduğunu eşidəndə xəstələri yataqlar üstündə oraya gətirməyə başladılar. 56 İsanın getdiyi hər yerdə – kəndlərdə, şəhərlərdə, obalarda xəstələri gətirib meydanlara qoyurdular. Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı.