1-13
Bu, çox aydın, eyni zamanda tükürpərdici və sətirlər arasında olduqca diqqətlə oxumalı olduğumuz hekayələrdən biridir. Çünki hekayə İsanın dövründə İsrail sakinlərinə tanış olan, lakin bizə tamamilə yad olan terminlərlə nəql edilir.
Mark onu hekayənin qalan hissəsi ilə əlaqələndirərək göstərir. Bu hadisə axşam, bəlkə də, gecə baş vermişdi. Səhnəyə gecə kölgələri daxil olduqca hekayə get-gedə daha sirli və dəhşətli xarakter alır. 4:35-də açıq şəkildə deyilir ki, İsa və Onun şagirdləri gölün o biri sahilinə gedəndə artıq axşam düşmüşdü. Qalileya gölünün uzunluğu iyirmi bir kilometr, eni isə on iki kilometrdir. Bu hekayədə göstərilən yerdə göl təxminən səkkiz kilometr təşkil edirdi, həm də yolda şagirdlər fırtınaya düşmüşdülər. Nəhayət, onlar sahilə gəlib çatdılar. Məhz sahilyanı ərazidə əhəngdaşı qayalarında çoxlu mağaralar var idi, onların çoxu dəfn üçün qəbir kimi xidmət edirdi. Həmin yer hətta günün günortaçağı qorxu yaradırdı, gecələr isə daha çox vahiməli olurdu.
Birdən qəbirlərdən cinə tutulmuş bir adam çıxdı. Bu adamın vəziyyətinin nə qədər dəhşətli olduğunu təsəvvür edə bilməsək, bu hekayədən heç nə başa düşməyəcəyik. İsa Məsih dərhal onu sağaltmadı. 8-ci ayədə deyilir ki, İsa əvvəlcə Öz adi üsulundan istifadə etdi — yəni səlahiyyətlə cinlərə adamdan çıxmağı əmr etdi. Lakin bu dəfə uğur qazana bilmədi. Onda İsa cinin adını soruşdu. O dövrdə insanlar inanırdılar ki, cinin adı məlum olanda, bir növ onun üzərində səlahiyyət əldə edilir. Qədim məntiqi düsturda deyilir: «Səni and verirəm, ey murdar ruh, kim olursan ol, mənə kim olduğunu söylə». İnsanlar inanırdılar ki, iblisin adı məlum olarsa, onda onun gücü zəifləyər. Ancaq hazırkı vəziyyətdə bu da kifayət etmədi.
Cinə tutulmuş adamın şəfaya ehtiyacı var idi. Burada ilk dəfə olaraq yamacda otlayan donuz sürüsünə rast gəlinir. Cinlər İsadan xahiş etdi ki, onları donuzların içinə göndərsin. İsa da izin verdi. Sürü qaçaraq uçurumdan aşağı, gölə atılıb orada boğuldu. Elə insanlar var ki, İsanı cinli adama şəfa vermək üçün donuzların öldürülməsindən istifadə etdiyinə görə qınayırlar. Vəziyyətə bu nöqteyi-nəzərdən baxmaq üçün tamamilə kor olmaq lazımdır. Donuzların taleyini insanın ölməz ruhunun taleyi ilə necə müqayisə etmək olar? Belə baxanda, insanlar naharda ət yediklərinə görə qəzəblənmirlər və ət yeməkdən ötrü donuz öldürülsə belə, donuz ətindən imtina etmirlər. Əgər insan aclığını doyurmaq üçün heyvan kəsirsə, onda, şübhəsiz ki, insanın canının xilası üçün donuz sürüsünün ölməsində heç bir qəbahət yoxdur. Elə qəlblər də var ki, heyvanların dərdini çox çəkir, amma milyonlarla məsihçi və möminlərin ehtiyaclarını qarşılamaqdan ötrü barmaqlarını belə tərpətmirlər. Bununla belə, biz demirik ki, Allahın yaratdığı digər məxluqların — yəni heyvanların qayğısına qalmaq lazım deyil. Allah yaratdığı hər canlını sevir. Biz demək istəyirik ki, insan nisbət hissini qoruyub saxlamalıdır. Allahın nəzərində insanın canından daha vacib heç nə ola bilməz.
14-17
Sözsüz ki, donuzotaranlar kəndlilərə fövqəladə hadisə barədə danışmaq üçün şəhərə tələsdilər. Hər şeyi bilmək istəyən insanlar hadisə yerinə gəlib, əvvəllər dəli olan adamın paltar geyindiyini və ağlı başında olduğunu gördülər. Vəhşi və çılpaq dəli adam indi sağlam və ağıllı vətəndaşa çevrilmişdi. Onda hər kəs üçün qeyri-adi, paradoksal, gözlənilməz bir şey baş verdi. Yəqin ki, adamlar baş verən hadisəni sevinclə qarşılamalı idilər. Bunun əvəzində isə onları dəhşət bürüdü. Camaat İsadan onlarla qalmağı və heyrətamiz gücünü göstərməsini xahiş edə bilərdi. Ancaq onlar İsaya yalvarmağa başladılar ki, onların bölgəsindən çıxsın. Nəyə görə? Çünki adam sağalsa da, onların donuzları məhv olmuşdu. Onlar bu kimi hadisənin bir daha təkrar olmasını istəmirdilər. Camaatın gündəlik adi həyat tərzi pozulmuşdu, onlar da istədilər ki, asayişlərini pozan adam onların yanından tez çıxıb getsin. Bəzən insan fəryad edir: «Xahiş edirəm, məni rahat buraxın!».
İnsanlar çox vaxt onları rahat buraxmalarını istəyirlər.
1. İnsanlar instinktiv olaraq deyirlər: «Mənim rahatlığımı pozma». Əgər kimsə yanımıza gəlib «Mən sizə bütün insanların daha yaxşı yaşayacağı bir dünya bəxş edəcəyəm, ancaq əvəzində dincliyiniz və rahatlığınız ən azı bir müddət pozulacaq, həm də başqaları da rahatlıq əldə edə bilsin deyə siz daha az şeylərlə kifayətlənməli olacaqsınız» desəydi, çoxumuz belə cavab verərdik: «Qoy hər şey olduğu kimi qalsın, belə daha yaxşıdır». Belə baxanda, inqilablar dövründə biz elə də yaşayırıq. Biz təkcə İngiltərədə deyil, həm də inkişaf etməkdə olan ölkələrdə yenidən bölüşdürülmə dövründə yaşayırıq. Bizim dövrümüzdə insanların əksəriyyəti əvvəlkindən daha yaxşı şəraitdə yaşayır; rahatlığın bir hissəsindən məhrum olanların narazılığı da elə bundan irəli gəlir.
Həyatın bizə borclu olması barədə nə qədər söhbətlər mövcuddur. Düzünü desək, həyat bizə heç nədə borclu deyil, əksinə, biz həyata borcluyuq. Biz yer üzünün yoxsulluğuna görə səmavi izzətindən imtina Edənin ardıcıllarıyıq. Biz Çarmıxda əzab çəkməkdən ötrü ilahi sevincdən imtina edən Şəxsin davamçılarıyıq. İnsan istəyir ki, heç kim onun dincliyini və rahatlığını pozmasın. Göylər isə başqaları daha çoxunu əldə etsin deyə, hər şeydən imtina etməyə hazırdır.
2. İnsanlar instinktiv olaraq «mənimkinə toxunma» deyirlər. Bu da eyni problemin digər tərəfidir. Heç kim sahib olduqlarını könüllü olaraq vermir. Yaşımız artdıqca daha çox şeyi mənimsəməyə çalışırıq. Qaraçıları yaxşı tanıyan Borrou yazır ki, qaraçı falçılar insanların fallarına baxarkən gənclərə həmişə həyatdan müxtəlif zövq alacaqlarını, qocalara isə yalnız var-dövlət əldə edəcəklərini vəd edirlər. «Çünki onlar (qaraçılar) insan qəlbinə yaxşı bələddirlər — axı insanda ən son ölən acgözlük hissidir». İnsanın həqiqətən iman etdiyini və öz prinsiplərinə sadiq qalıb-qalmadığını yoxlamaq üçün ondan başqalarının xatirinə yoxsullaşmağa hazır olub-olmadığını soruşmaq olar.
3. İnsanlar instinktiv olaraq «mənim imanıma toxunma» deyirlər.
a) Ya da «Məni xoşagəlməz suallarla imanda büdrətməyin». Edmund Kross məşhur Ceremi Teylorun vəzlərindəki maraqlı nöqsana işarə edir: «İngilis dilində təbliğ olunan bütün vəzlərin içində onun vəzləri çox təsirlidir. Bununla belə, onun vəzlərində kasıb insanlardan, onların problemlərindən bəhs edən bir söz belə yoxdur. Əslində, onu kasıbların mövqeyi qətiyyən maraqlandırmır. O, bu vəzləri yoxsulluğun hökm sürdüyü cənubi Uelsdə təbliğ etmişdi. Kasıb, ac, pis geyinmiş və ehtiyac içində yaşayan insanların fəryadı göylərdən mərhəmət və ədalət diləyir. Amma bu boşboğaz mömin sanki onları eşitməmişdi; o, əzabların, yoxsulluğun əhatəsində yaşadı, yazdı və təbliğ etdi, lakin çətin ki, bütün bunlardan xəbəri olsun».
Həyatın ehtiyacları və sui-istifadələrindən çox, teoloji təlim və ehkamların incəliklərini təbliğ etmək həmişə daha xoşdur. Bəzi yığıncaqlarda xidmətçilərə müəyyən mövzularda təbliğ etməmək barədə xəbərdarlıq edirlər: yalnız bu şərtlə onlar həmin toplantılarda Kəlamla bölüşə bilərlər. Qeyd etmək lazımdır ki, İsanın çətinlikləri Allah haqqında danışdığı üçün deyil, insan və onun ehtiyaclarından danışdığı üçün yaranmışdır: ortodoksal yəhudilərin narazılığına səbəb olan da elə bu idi.
b) «Şəxsi münasibətlərin imanınıza mane olmasına imkan verməyin» deyənlər də var. Bununla bağlı Ceyms Börns məşhur italyan mistik Anjela Foliqrasın həyatından maraqlı bir nümunə gətirir. O, ruhda bu dünyadan ayrılmağı bacarırdı. Trans vəziyyətindən qayıdanda isə Allahla qurduğu xoş ünsiyyətdən danışırdı. Anjela Foliqras deyirdi: «Həmin vaxt Allahın izni ilə anam vəfat etdi. Anam Allahın iradəsini izləməkdə mənim üçün böyük maneə idi. Sonra ərim vəfat etdi, çox keçmədən uşaqlarım da öldü. Getdiyim yola ilk qədəm qoyduğum vaxtda Allaha dua edirdim ki, məni onlardan xilas etsin. Ailəmi itirdiyimə görə kədərlənsəm də, əslində, onlar öldüyünə görə böyük təsəlli tapdım». Anjela Foliqrasın ailəsi onun inancına mane olurdu. Bəzi dindar qadınlar komitə iclaslarını ev işlərindən üstün tuturlar və insanlara xidmət etməkdənsə, düşünməyə daha çox vaxt ayırırlar. Onlar İmanlı Cəmiyyətinə xidmət etməkdən və ona sadiq qalmaqdan qürur duyurlar. Ancaq Allahın nəzərində bu, yanlış istiqamətidir.
c) Başqaları deyir: «Mənim imanla bağlı baxışlarımı məhv etmə». Bu cür din aforizmə əsaslanır: «Atam üçün yaxşı olan mənim üçün də yaxşıdır». Elə insanlar var ki, ümumiyyətlə, yeni bir şey öyrənmək istəmirlər, çünki onlar hər şeyi düşünmək zərurətindən və yeni nəticələrə gəlmək təhlükəsindən qorxurlar. Düşüncənin qorxaqlığı, zehnin durğunluğu, canın yuxuya getməsi — dəhşətli şeylərdir. Qadaralılar onları narahat edən Məsihi qovdular. Bu gün də çoxları bunu etməyə çalışır.
18-20
Bu hissə böyük maraq doğurur. Bu hissədən biz öyrənirik ki, hər şey Dekapolisdə baş vermişdi. Dekapolis On Şəhərin olduğuna işarə edir. İordan çayının yaxınlığında və onun şərq sahilində xüsusi statusa malik olan, əsasən də yunanların məskunlaşdığı on şəhər yerləşirdi. Bunlar — Skifopol (Bet-Şean) — İordan çayının qərb sahilində; Pella, Dion, Qadara, Filadelfiya, Hippos, Dəməşq, Gerasa, Rafana və Kanafadır. Yunanlar Makedoniyalı İsgəndərin yürüşləri və fəthləri ilə əlaqədar İsrailə və Suriyaya nüfuz etməyə başlamışdılar.
O dövrdə qurulan yunan şəhərləri olduqca qəribə mövqe tuturdu. Onlar Suriyada yerləşsələr də, müstəqil idilər. Onların öz idarə orqanları var idi, öz sikkələrini zərb etdirirdilər; onların yerli muxtariyyəti həyata keçirmək hüququ onlara bitişik ərazilərə də şamil edilirdi; onlar qarşılıqlı müdafiə və ticarət ittifaqları yaratmaq hüququna malik idilər. Onlar Makkabilər dövrünə, yəni eramızdan əvvəl II əsrin ortalarına qədər yarımmüstəqil olmuşdular. Yəhudi fatehləri Makkabilər bu şəhərləri yəhudilərin hakimiyyəti altına almışdılar. Təxminən eramızdan əvvəl 63-cü ildə Roma sərkərdəsi və dövlət xadimi Pompey bu şəhərləri yəhudilərin işğalından azad etmişdi. Lakin buna baxmayaraq, onların vəziyyəti ağır olaraq qalırdı. Həmin şəhərlər müəyyən dərəcədə müstəqil qalmağa davam edirdi, lakin oranın sakinləri Romaya vergi ödəməli və Roma ordusunda xidmət etməli idilər. Orada hərbi qarnizonlar olmasa da, çox vaxt Roma legionlarının qərargahı və komandanlığı Şərq yürüşləri zamanı oraya yerləşdirilirdi. Həmin ərazinin çox hissəsini xərac ödəyən padşahlar vasitəsilə Roma idarə edirdi və bu şəhərləri yaxşı mühafizə ilə təmin edə bilmədiyinə görə sakinlər yəhudi və ərəb istilasına qarşı bir növ müdafiə ittifaqı yaratmışdılar. Dekapolis gözəl şəhərlərdən ibarət bölgə idi; onların öz məbədləri və amfiteatrları var idi. Onlar yunan həyat tərzi sürürdülər. Onların yunan xarakterini və əhəmiyyətini bu kimi faktlar göstərir: məsələn, Siseronun müasiri olan böyük epikürçü filosof Filodem, yunan epiqramının gözəl ustası Meleager, məşhur satirik Menip və Roma imperatoru Tiberinin müəllimi olan ritorik Teodor Qadaradan idilər.
Burada çox maraqlı məqam var: əgər İsa Dekapolisdə olmuşdusa, deməli, bu, gələcək hadisələrin ilk işarələrindən biridir. Orada yəhudilər yaşasa da, prinsipcə ora Yunanıstanın ərazisi idi. Bu, Məsihin bütün dünyanı fəth etməsinə işarə idi. Həm də bu, məsihçilik tərəfindən yəhudiliyin buxovlarını qıraraq dünya arenasına çıxmasının ilk əlaməti idi. İsa Məsih Dekapolis ərazisinə qədəm qoyduğu gün mühüm bir şey baş verdi.
İndi isə, gəlin baxaq, nə üçün İsa cinə tutulmuş adamı geri göndərdi?
1. O, Məsih haqqında şəhadət etməli idi. O, adamların arasında Məsihin insan üçün nə edə biləcəyinin bariz, təkzibedilməz canlı şahidi olmalı idi. Bizim izzətimiz Məsih üçün nə edə biləcəyimizdə deyil, Məsihin bizim üçün nə edə bilməsindədir. Yenilənmiş insan — budur məsihçiliyin təkzibedilməz arqumenti.
2. O, gələcək böyük məhsulun ilk toxumu olmalı idi. Beləcə İsa Məsih ilk dəfə Dekapolisdə yunan sivilizasiyası ilə təmasda oldu. Hər şey nədənsə başlayır. Yunan zəkası və dühası tərəfindən Məsihə verilən bütün izzət Onun sağaltdığı cinə tutulmuş adamdan başladı. Məsih həmişə kimdənsə başlayır. Bəs bizdə necə? Niyə də O, cəmiyyətimizdən, çevrəmizdən və bizdən başlamasın?
21-24
Bu hekayədə faciənin bütün elementləri əks olunub. Uşaq xəstə olanda — bu, həmişə böyük faciə olur. Bildiyimiz kimi, sinaqoq rəisinin qızının on iki yaşı var idi. Yəhudi adətinə görə, on iki yaşında qız uşağı artıq qadın olmağa hazır olurdu. Sinaqoq rəisinin qızı də elə ailə qurmaq yaşlarında idi. Belə bir yaşda ölüm gəlirsə, bu, ikiqat faciəyə çevrilir. Çox güman, sinaqoq rəisi nüfuzlu insan olub. Çünki sinaqoqun rəisi sinaqoqun inzibati rəhbəri, ağsaqqallar şurasının sədri idi. O, sinaqoqun düzgün fəaliyyət göstərməsinə nəzarət edirdi, ibadətlərin aparılmasına cavabdeh idi. Özü çox vaxt ibadətlərdə iştirak etməsə də, xidmətin bölüşdürülməsinə və onların icrasına cavabdehlik daşıyırdı. Sinaqoq rəisi cəmiyyətin ən mühüm və hörmətli adamlarından biri idi. Amma qızı xəstələnəndə, onunla nəsə baş verdi — o, İsa haqqında düşünməyə başladı.
1. O öz xurafatlarını unutmalı oldu. Şübhəsiz ki, o da İsa Məsihdə sinaqoqun qapılarının haqlı olaraq üzünə bağlandığı və hər bir əsl ortodoksal yəhudinin Ondan uzaq durmalı olduğu dönük və təhlükəli bir bidətçi gördü. Lakin ehtiyaca düşəndə mövhümatlarından əl çəkəcək qədər ağıllı oldu. Xurafat — mahiyyət etibarı ilə əvvəlcədən irəli sürülmüş mühakimədir, yəni faktlarla tanış olmadan və ya onları öyrənməkdən imtina edən şəxsin verdiyi mühakimədir. Tarixi inkişafa ən çox mane olan məhz belə xurafatlar idi. Demək olar ki, hər addımbaşı belə xurafatlarla mübarizə aparmaq lazım olurdu. Ceyms Simpson xloroformu, xüsusən doğuş zamanı anestezik kimi istifadə oluna biləcəyini kəşf edəndə, onu «şeytan tələsi» icad etməkdə ittiham etdilər. İttihamçılar hesab edirdilər ki, anesteziya doğuşu asanlaşdırsa da, insanı çətin vaxtlarda Allaha yönələn səmimi fəryadlardan məhrum edir.
2. Sinaqoqun rəisi öz nüfuzunu unutmalı oldu. O, sinaqoqun rəisi ola-ola İsanın ayaqlarına düşdü. İnsanlar öz canlarını və həyatlarını xilas etməkdən ötrü çox vaxt nüfuzlarını unutmalı olurdular. Naaman da məhz belə etməli idi (2Padşahlar 5-ci fəsil). Naaman cüzam xəstəliyindən sağalmaq üçün Elişa peyğəmbərin yanına gəldi. Elişa peyğəmbər ona dedi ki, gedib İordan çayında yeddi dəfə yuyunsun. Suriya hərbi komandiri və padşahın əyanı ilə belə davranmaq olmazdı! Hətta Elişa peyğəmbər bunu şəxsən deyil, qasid vasitəsilə dedi. «Məgər Suriyada bu İordan çayından daha yaxşı çaylar yoxdurmu?» — deyə Naaman əvvəlcə fikirləşdi. Lakin sonra mənliyini boğub, incikliyini uddu və cüzamdan xilas oldu.
Yunan kinik filosofu Diogenesin məşhur bir hekayəsi var. O, dəniz quldurları tərəfindən əsir götürülmüşdü və köləliyə satılmaq üçün bazara gətirilmişdi. Diogenes ona görə sövdələşən alıcılardan birinə baxıb dedi: «Məni bu adama sat, ona ağa lazımdır». Həmin adam Diogenesi alıb, ev təsərrüfatını və oğlunun təhsilini ona həvalə etdi. Diogenesin ağası dedi: «Diogenesin evimə gəlməyi çox yaxşı oldu». Doğrudan da, yaxşı idi, amma həmin gün Diogenes nüfuzunu aşağılamağa məcbur oldu. Ancaq insanlar çox vaxt qürurlarına görə səhv addım atmağa davam edirlər və beləcə özlərini məhv edirlər.
3. Sinaqoqun rəisi qürur hissini unutmalı oldu. Sinaqoqun rəisi yaxşı bilirdi ki, özünü alçaltmalı olacaq. O, qüruruna qalib gələrək, kömək üçün Nazaretli İsanın yanına gəldi. İnsanlar, adətən, heç kimə borclu olmağı xoşlamırlar; hər kəs öz bildiyi kimi yaşamaq istəyir. Məsihin yolunda atılan ilk addım — hər şeyi Allaha borclu olduğumuzu başa düşməkdir.
4. Burada biz artıq zehni fərziyyə və düşüncə sahəsinə daxil oluruq. Zənnimizcə, bu adam dostlarını da unutmalı oldu. Bəlkə də onlar onu dilə tuturdular ki, İsanın yanına getməsin. Həm də maraqlıdır, o, İsanın yanına adam göndərmədi, özü getdi. Bəlkə də o, ölüm ayağında olan qızını tək qoymaq istəmirdi, sadəcə heç kim İsanın yanına getmək istəmədiyinə görə, Onun yanına özü getdi. Ailəsinin bu qədər tez ona «İsanı daha narahat etmə» deməsi şübhə doğurur. Elə təəssürat yaranır ki, sanki onlar İsaya müraciət etməyə ehtiyac qalmadığına görə çox sevinirdilər. Bəlkə də sinaqoqun rəisi İsanı evinə çağırmaqdan ötrü ictimai rəylərə və dostlarının məsləhətinə əhəmiyyət verməməyə məcbur oldu. Müdrik insanların fikrincə, bəziləri axmaqlıq edəndə, əslində, həyatda ən ağıllı hərəkət etmiş olurlar. Budur, qarşımızda İsanın köməyindən başqa hər şeyi unutmuş bir adam canlanır. Belə fədakarlıq sayəsində sinaqoqun rəisi İsanın Xilaskar olduğunu unutmayacaq.
25-29
Bu qadın tipik bir xəstəlikdən əziyyət çəkirdi, bu barədə yazmaq belə çətindir. Hətta Talmud kitabı bu xəstəliyi müalicə etmək üçün ən azı on bir üsul təqdim edir. Onların sırasına tonusu qaldıran, möhkəmləndirən və spazmatik vasitələr daxil olsa da, əksəriyyəti xurafatdan başqa bir şey deyildi. Məsələn, dəvəquşu yumurtasının külünü yayda kətan, qışda isə pambıq parçaya büküb üzərində gəzdirmək, yaxud ağ eşşəyin peyinində tapılan arpa toxumunu üzərində gəzdirmək və s. Təbii ki, yazıq qadın hətta bu kimi absurd müalicələri də sınamışdı. Axı problem təkcə qadının xəstə olmasında deyildi. Xəstəlik onu qanun qarşısında daim murdar edirdi, o, nə ibadətdə iştirak edə, nə də dostları və rəfiqələrinin yanında ola bilirdi (Levililər 15:25-27).
Burada Mark səthi olaraq həkimlərin ağılsızlığından danışır. Qadın neçə həkimin əlindən xeyli əzab çəksə də, bütün varını buna sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi. Yəhudi ədəbiyyatında həkimlər haqqında maraqlı ifadələrə rast gəlmək olar. Bir adam deyir: «Müalicə almaq üçün həkimlərə müraciət etdim, amma onlar gözlərimə dərman vurduqca gözümə ağ gəldi, sonda tamamilə kor oldum» (Tovit 5:10). Təxminən 200-cü ildə yazılmış Mişnada və ondan əvvəl şifahi yəhudi din qanunlarında insanın oğluna öyrədə biləcəyi peşələri və sənətləri təsvir edən bir bölmə var. Rabbi Yəhuda deyir: «Eşşək çarvadarları çox vaxt pis və əxlaqsız olurlar, dəvə çarvadarları yaxşı insanlardır, dənizçilərin çoxu günahsızdırlar, həkimlərin ən yaxşıları cəhənnəmə düşəcəklər, ən yaxşı qəssablar isə Amaleqin dostlarıdır». Lakin xoşbəxtlikdən, ədəbiyyatda başqa rəylər də var: həkimlərə ünvanlanan ən böyük təriflərdən biri Sirah oğlu Yeşuanın Hikmət kitabında əks olunub (Əhdi-Cədid və Əhdi-Cədid arasında yazılmış apokrif kitablardan biri (38:1-15-də)).
«Həkimə xidmətinə görə şərəflə ehtiram
göstər,
Çünki onu Rəbb yaradıb.
Uca Olandan həkimə şəfa vermək
qabiliyyəti verilir,
Padşahlar da ona hədiyyə verirlər.
Həkimin biliyi onun başını ucaldar,
Əyanlar ona heyranlığını bildirərlər.
Rəbb dərmanları torpağın bitkilərindən
yaradıb,
Ağıllı adam bunlara etinasızlıq göstərməz.
Bir zaman ağac parçası suyu içməli
etmədimi?
Beləcə, Rəbbin gücü bilinmədimi?
Rəbb insanlara bilik verdi ki,
Özünün ecazkar işlərində Onu
izzətləndirsinlər.
Həkim dərmanlarla şəfa verir
Və xəstənin ağrısını götürür.
Əczaçı dərmanlardan bir tərkib hazırlayır.
Allahın işləri həmişə davam edir,
Onun sayəsində dünyada sağlamlıq
bərqərar olur.
Övladım, xəstələnərkən etinasız olma,
Rəbbə dua et, O, sənə şəfa verəcək.
Yanlış yolu tərk et, əməllərini islah et,
Hər cür günahdan ürəyini təmizlə.
Buxur yandır və xatirə olaraq çörək
təqdimi ver,
İmkanın olduğu qədər bu təqdimin üzərinə
yağ təqdimi axıt.
Həkimə də yer ayır, çünki onu Rəbb
yaradıb,
Həkim səni qoyub getməsin, çünki ona
ehtiyacın var.
Bəzi vaxt uğur onların əlində olur,
Çünki onlar da Rəbbə yalvarırlar ki,
Rəbb xəstənin halını yüngülləşdirməkdə
onlara uğur,
Həyatı davam etdirmək üçün şəfa əta etsin.
Kim onu Yaradanın önündə günah
edirsə,
Qoy həkimin əlinə düşsün!»
Lakin həkimlər bu qadının xəstəliyini müalicə edə bilmədilər. Budur, indi o, İsa haqqında eşitdi. Ancaq bir problem var idi — qadının xəstəliyi xüsusi utancaqlıq xarakteri daşıyırdı; o, izdihamın içində hər şeyi açıq şəkildə deyə bilməzdi. Ona görə də heç kimin fərqinə varmadan İsaya toxunmaq qərarına gəldi. Bütün dindar yəhudilərin üst paltarlarının ətəyinə — yəni mantiyanın hər küncünə dörd qotaz tikilirdi. Qotazlar Saylar 15:38-40-dakı Rəbbin əmrlərinin xatırlatması idi. Ətəyə tikilən qotazlar həm insanın özünə, həm də ətrafındakılara bu paltarı geyinən şəxsin Allahın seçilmiş xalqına aid olduğunu xatırladırdı. Qotazlı paltar dindar yəhudini başqalarından fərqləndirən əlaməti idi. İzdihamın içindən keçən qadın məhz belə bir qotaza toxundu, toxunan kimi də sağaldığını hiss etdi. Bu qadın bütün mümkün müalicə üsullarını sınayandan sonra son ümid kimi İsanın yanına gəldi. Bir çox insanlar ümidsiz vəziyyətə düşəndə və nə edəcəklərini bilməyəndə, kömək üçün İsaya müraciət edirlər. İnsan «Ya Rəbb, məni xilas et! Mən məhv oluram!» deyə Allaha fəryad edir. Bəlkə də o, çox çətin vəziyyətlə mübarizə aparıb, böhranlı vəziyyətə düşəndə Allahdan yeni güc istəyir. Bəlkə də o, fəzilət əldə etməyə çalışmış, lakin sonda həddindən artıq yorulduğunu hiss edir. Əslində, insan vəziyyət onu Məsihə üz tutmağa məcbur edənə qədər gözləməməlidir. Bununla belə, çoxları Ona çarəsiz vəziyyətə düşəndə üz tutur. Ancaq Onun yanına hər necə gəlsək də, O bizi əliboş qaytarmaz.
«Heç kim kömək edə bilməyəndə və dəstək olmayanda,
Çarəsizə kömək et, ey Rəbbim, mənimlə qal».
30-34
Bu hissədən biz üç nəfər haqqında bir şey öyrənirik.
1. İsa Məsih haqqında. Biz İsaya insanları sağaltmağın nəyə başa gəldiyini öyrənirik. Hər dəfə O, şəfa verəndə, Ondan nəsə alınırdı. Bu, həyatın ümumbəşəri qanunudur: «mən»imizin, həyatımızın, qəlbimizin bir hissəsini qurban verməyə hazır olmasaq, heç vaxt vacib və ya böyük şeylər edə bilməyəcəyik. Pianoçu hansısa əsərin partiturasını23 sadəcə məharətlə ifa etsə, mükəmməl ifaya nail ola bilməz. Əgər pianoçu və ya musiqiçi bütün məharətini üzə çıxarmırsa və əlindən gələni etmirsə, sonda yorğunluq hiss etmirsə, onun ifası parlaq olmayacaq. Eynilə aktyor da, əgər hər dəfə avtomat kimi sadəcə düzgün intonasiya ilə öz rolunu tələffüz etsə və jestləri təkrarlasa, böyük aktyor ola bilməz. Onun göz yaşları əsl göz yaşları olmalıdır, hissləri də gerçək olmalıdır. O, rola varlığı ilə varmalıdır. Allahın Sözünü çatdıran təbliğçi kafedranı nəyisə itirmiş kimi tərk etməlidir.
Əgər insanlara kömək etmək niyyətindəyiksə, varlığımızın bir hissəsini qurban verməyə hazır olmalıyıq; hər şey bizim insanlara olan münasibətimizdən asılıdır. Böyük ədəbi tənqidçi Metyu Arnold bir dəfə orta təbəqəli insanlar haqqında belə demişdi: «Bu insanlara, onların geyimlərinə, oxuduqları kitablara, düşüncələrini formalaşdıran boz maddəyə baxın. Məgər pul adamı onlar kimi olmaq bədbəxtliyindən qurtara bilərmi?» Onun dedikləri mübahisəlidir, çünki fikirlərinin mənbəyi nifrətdir. Metyu Arnold insanlara ikrah hissi ilə baxırdı, belə adam isə insanlara kömək edə bilməz.
Gəlin başqa nümunəyə nəzər salaq. Musa peyğəmbər Sina dağında olarkən, dağın ətəyində yəhudilər qızıl dana düzəldəndə onun davranışını xatırlayın. O, Allaha yalvardı ki, əgər insanları günahlarına görə bağışlamazsa, onun adını da Allahın kitabından silsin (Çıxış 32:30-32).
Mayersdə həvari Paul həlaka gedən bütpərəst dünyaya baxaraq deyir:
«Onların xilas olub əbədi yaşamaları üçün
Canımı qurban vermək arzusu kərənayın səsi kimi ürəyimi dəlib keçir, titrədir».
Məsihin böyüklüyü də ondadır ki, O, başqalarına kömək etməyə hər an hazır olub. Bu köməyin qiyməti — Onun həyatı idi. Biz də təkcə malımızı deyil, canımızı və gücümüzü başqaları üçün qurban verməyə hazırıqsa, demək, Onun izi ilə gedirik.
2. Bu hissədə şagirdlər haqqında nəsə öyrənirik. Burada sağlam düşüncə deyilən bir şeyin məhdudiyyəti çox aydın görünür. Şagirdlər vəziyyətə sağlam gözlə baxırdılar. Axı İsa Onu sıxışdıran belə bir izdihama toxunmaqdan və itələnməkdən necə qaça bilərdi? Sağlam baxışlı adamlar hər şeyi məhz belə görür. Acı fakt olsa da, şagirdlərin hər şəfanın İsaya nəyə başa gəldiyini anlamadıqları indi aydın olur. İnsan şüurunun həssassızlığı həyatda faciəyə çevrilə bilər. Biz çox vaxt başqalarının nələr yaşadığını təsəvvür belə etmirik. Müəyyən sahələrdə təcrübəmizin olmamasının başqalarına nəyin bahasına başa gəldiyini təsəvvür etmirik. Bu və ya digər şeyləri asanlıqla əldə etdiyimizə görə, bunun başqaları üçün nə qədər böyük zəhmət tələb etdiyini və nə qədər baha başa gəldiyini anlamırıq. Bu səbəbdən çox sevdiyimiz insanları tez-tez incidirik. İnsan Allahdan ona sağlam düşüncə verməsini istəyə bilər. Lakin yaxşı olar ki, insan başqalarının qəlbini duymaq və oxumaq üçün Allahdan incə və zəngin intuisiya diləsin.
3. Bu hissədə biz qadın haqqında da öyrənirik. Burada biz insan etiraf etdiyi vaxt əldə etdiyi rahatlıq barədə öyrənirik. Hər şey o qədər çətin idi, o qədər alçaldıcı idi ki... Ancaq qadın İsaya bütün həqiqəti söyləyən kimi dəhşət və qorxu yox oldu, ürəyini rahatlıq bürüdü. Qadın gördü ki, İsa Məsih ona qarşı çox mehribandır.
Rəbbə necə yararlı ola bilərsən deyə
Səmərəsiz fikirlərə qapılma,
Onun səndən tələb etdiyi yararlıq —
Ona olan ehtiyacını hiss etməyindir.
İsa kimi başa düşən bir adama etiraf etmək çətin deyil.
35-39
Yəhudilərin yas mərasimləri həm həyəcanlı, həm də lazımınca işlənib hazırlanmışdı. Yas mərasimlərin əsas məqsədi tənhalığı və ölüm vasitəsilə son ayrılığı vurğulamağa yönəlirdi; yəhudilərə zəfərli yekun qələbə ideyası yad idi. Bir adam ölən kimi bunu hamıya bildirmək üçün ucadan mərsiyələr oxunurdu. Qəbir başında mərsiyələr təkrarlanırdı. Yas tutanlar ölülərin üstünə əyilib, səssiz dodaqlardan cavab diləyir, öz sinələrinə döyür, saçlarını yolur, paltarlarını cırırdılar. Paltarlar da müəyyən qayda və normalara uyğun cırılmalı idi. Adətən, bunu mərhumun cəsədi dəfn olunmağa aparıldıqdan sonra edirdilər. Paltar yuxarıdan ürəyə qədər cırılmalı idi, yəni yalnız sinə görünməli idi, beldən aşağı cırmaq olmazdı. Valideynlər paltarlarını sol tərəfdən — ürəyin üstünə qədər, digərləri isə sağ tərəfdən cırırdılar. Qadınlar paltarlarını evdə cırmalı idilər, lakin bədənləri görünməsin deyə onlardan əvvəlcə alt paltarlarını dal-qabaq geyinmələri tələb olunurdu. Onlar üst paltarlarını cırıb, otuz gün ərzində belə gəzirdilər. Yeddi gün keçəndən sonra paltarın cırılan hissəsini yüngülcə tikmək olardı, ancaq tikişlər hamıya aydın görünməli idi. Otuz gündən sonra paltar bərpa olunurdu.
Dəfn mərasimində fleyta ifaçıları mühüm rol oynayırdı. Qədim dövrdə — Romada, Yunanıstanda, Finikiyada, Aşşurda və İsraildə fleyta fəryadları ölüm və faciə ilə bağlı idi. Qanuna görə, kişi nə qədər kasıb olsa da, arvadının dəfni üçün ən azı iki fleytaçalan tutmalı idi. U.Teylor Hastinqsin «Məsihin və Müjdənin Lüğəti» kitabında fleytaçıların istifadəsinə dair iki maraqlı nümunə gətirir və bu adət-ənənənin nə qədər geniş yayıldığını göstərir. Roma imperatoru Klavdiyin dəfn mərasimində də fleytaçılar ifa edirdilər. Eramızın 67-ci ilində romalılar tərəfindən Yodfatın işğal edilməsi xəbəri Yerusəlimə çatanda, İosif Flavinin sözlərinə görə, «camaatın əksəriyyəti mərsiyələr oxumaq üçün fleytaçıları tutmuşdular». Fleytanın səsi, ağlayanların fəryadı, mərhuma oxunan mərsiyələr, cırıq paltarlar, yolunmuş saçlar, yəqin ki, matəm günlərində yəhudinin evini acınacaqlı və kədərli vəziyyətə salırdı. Ailədən kimsə öləndə yas tutan adam nə işləməli, nə başına yağ çəkməli, nə də ayaqqabı geyinməli idi. Hətta ən kasıb adam da üç gün işini dayandırmalı idi. O, alver etmək üçün yola düşməməli idi. İşə qoyulan qadağa hətta qulluqçulara da şamil edilirdi. Adam başını aşağı salaraq oturmalı, üzünü qırxmamalı və ya «təsəlli tapmaq üçün heç bir işlə məşğul olmamalı idi». O, Əyyub, Yeremya peyğəmbərin kitabları, eləcə də Yeremya peyğəmbərin mərsiyələr kitabından başqa, nə Qanun, nə də digər peyğəmbərlərin kitablarını oxuya bilərdi, çünki bu kitabları oxumaq sevinc sayılırdı. O, ancaq öz evində yemək yeməli, ətdən və şərabdan çəkinməli idi. Otuz gün ərzində o, şəhərini və ya kəndini tərk edə bilməzdi.
O dövrdə masa arxasında deyil, yerdə oturub stuldan stol kimi istifadə edərək, yemək adət idi. Yumurtaya kül və duz səpərək yemək kimi bu günə qədər qorunub saxlanılan adət də var idi. Başqa bir qəribə adət də var idi: mərhumun evindən və üç qonşunun evindən evdə olan suyu götürürdülər. İnsanlar inanırdılar ki, ölüm mələyi qılıncla yaxınlıqdakı suya ölüm zərbəsi endirir.
Çox təsirli bir adət də var idi: əgər hələ evlənməmiş gənc adam ölürdüsə, dəfn mərasiminin bir hissəsi kimi bir növ nikah mərasimi keçirilirdi. Yas saxlayan şəxs bütün matəm müddətində Qanuna riayət etməkdən azad edilirdi. Çünki həmin vaxt insanın özündə olmadığı və kədərdən ağlını itirdiyi ehtimal olunurdu. O, sinaqoqda iştirak etməli idi. Sinaqoqa girəndə isə hamı ona başsağlığı verib «yaslı adama təsəlli verən nə bəxtiyardır» deməli idi. Yəhudi dua kitabında yas saxlanılan evdə yemək yeməzdən əvvəl oxunmalı olan xüsusi dua var idi.
40-43
Talita qum — arami dilində ifadədir. Bəs necə oldu ki, arami ifadəsi yunan dilinə daxil oldu? Bunun yalnız bir səbəb ola bilər. Mark bütün məlumatları birbaşa həvari Peterdən alırdı. Əlbəttə, İsraildən kənarda Peter çox vaxt yunanca danışmağa məcbur olurdu. Lakin Peter həmin hadisədə iştirak etmişdi; o, İsanın seçdiyi üç nəfərdən biri idi və möcüzənin necə baş verdiyini görmüşdü. O, İsanın səsini unutmamışdı. «Talita-qum» kəlməsi onun yaddaşında ömürlük həkk olunmuşdu və tez-tez səslənirdi. O, daim İsanın kəlməsində səslənən məhəbbəti, incəliyi və qayğıkeşliyi xatırlayırdı. Bu, o qədər real idi ki, Peter bu barədə yunan dilində belə düşünə bilmirdi, çünki onun yaddaşında bu sözlər yalnız İsanın səsi ilə qalmışdı. Bu kiçik epizod təzadlarla doludur.
1. Burada valideynlərin ümidsizliyi ilə İsanın ümidi arasında ziddiyyət var. Onlara dedilər: «Müəllimə əziyyət verməyin, artıq heç kim kömək edə bilməz». İsa dedi: «Qorxma, yalnız iman et!» Bir tərəfdən ümidsizlik, digər tərəfdən ümid danışırdı.
2. Bu, valideynlərin hədsiz kədəri ilə İsanın sakitliyi arasındakı ziddiyyət idi. Onlar kədərdən inildəyir, qışqırıb-ağlayır, saçlarını yolur və paltarlarını cırırdılar, İsa Məsih isə Özünü idarə edir, sakitliyini və zehninin aydınlığını qoruyurdu.
Bəs İsanın sakitliyi haradan qaynaqlanırdı? Onun Allaha tamamilə etibar etməsindən. Əgər Allah bizimlədirsə, ən dəhşətli müsibətləri belə cəsarətlə qarşılaya bilərik. İnsanlar İsa Məsihə gülürdülər, çünki Onun ümidinin əsassız olduğunu düşünürdülər. Lakin məsihçi həyatının həqiqəti ondan ibarətdir ki, insanlar üçün tamamilə qeyri-mümkün görünən şeylər Allah yanında olarsa, mümkün olur. Yəni insani nöqteyi-nəzərindən qeyri-mümkün görünən şeylər, Allahın olduğu yerdə mübarək həqiqətə çevrilir. Camaat İsaya güldü, lakin Allahın nə edə biləcəyini görəndə, gülüşləri heyrətə çevrildi. Hər şeyə cəsarətlə qalib gəlmək olar, hətta ölümə belə, əgər bu, Rəbbimiz İsa Məsihdə Allahın məhəbbəti ilə edilirsə.