1-2
Burada İsa Məsihin fəaliyyətinin yeni mərhələsi başlayır. O, artıq sinaqoqlarda deyil, gölün sahilində öyrədirdi. Əvvəlcə O, ravvinlər kimi eyni üsullarla öyrədirdi. İndi isə O, yeni üsullara əl atmalı oldu.
Qeyd etmək lazımdır ki, İsa yeni üsullardan istifadə etməyə hazır idi. O, vəzlərini və təlimini sinaqoqlardakı adi toplantıdan açıq səma altında sadə insanlar kütləsinə daşımağa hazır idi. Con Vesli uzun müddət ortodoksal İngiltərə Kilsəsinin sadiq xidmətçisi idi. Bristolda isə onun dostu Corc Vaytfild açıq havada mədənçilərə vəz edirdi. Onun vəzinə qulaq asmaq üçün iyirmi minə qədər adam gəlirdi və yüzlərlə insan iman edirdi. Corc Vaytfild Con Veslini onun yanına gəlməyə dəvət edəndə, Vesli belə cavab vermişdi: «Mən rahat otaqları, yumşaq yastıqları, gözəl kafedranı sevirəm». Açıq səma altındakı vəz onu çox qıcıqlandırırdı. O öz-özünə dedi: «Əvvəlcə mən belə qəribə davranışla razılaşa bilmirdim, çünki həyatım boyu ədəb-ərkan və qurulmuş nizam-intizam normalarına sadiq qalmışdım. Hətta insan xilasının kilsədə olmamasını günah hesab edirdim». Amma Vesli açıq havada təbliğ etməklə insanların canını qazanmağın mümkün olduğunu görüb dedi: «Mən faktlara qarşı çıxa bilmərəm».
Ortodoksal yəhudilər arasında normalardan uzaqlaşmaya azadlıq və sensasiya arxasınca getmək kimi baxanlar, yəqin ki, çox idi. Lakin İsa yeni üsulları və formaları nə vaxt istifadə edəcəyini biləcək qədər müdrik, onları tətbiq etmək üçün isə kifayət qədər qətiyyətli və cəsarətli idi. Onun da Cəmiyyəti belə müdrik, qətiyyətli və cəsarətli olsaydı, yaxşı olardı. Yeni təbliğ forması həm də yeni üsullar tələb edirdi. Onlardan biri İsanın xalqa məsəllərlə danışmasından ibarət idi. Məsəl hərfi mənada bir şeyin başqa şeylə yan-yana qoyulması deməkdir, başqa sözlə, müqayisədir. Bu, ruhani, müqəddəs məna daşıyan dünyəvi hekayədir. Səmavi bir şey dünyəvi bir şeylə müqayisə edilir ki, ilahi həqiqət yer üzərindəki təsvirlərlə daha aydın və başadüşülən olsun. Nəyə görə İsa bu üsulu seçdi? Nə üçün O Özünə xas olan bu üsuldan tez-tez istifadə edirdi? Hətta dindən uzaq bir çox insanlar üçün O, misilsiz məsəllər ustası olaraq həmişəlik yaddaşda qaldı.
Hər şeydən əvvəl İsa məsəllər metodunu ona görə seçdi ki, insanlarda dinləməyə maraq yaratsın. İndi O, sinaqoqda toplaşan və ibadətin sonuna qədər birtəhər öz yerlərində qalmalı olan insanlara müraciət etmirdi. O, indi açıq səma altında istənilən vaxt dağılışmaqda sərbəst olan izdihamla danışırdı. Ona görə də insanlarda maraq oyatmaq vacib idi. Əgər onları vəz maraqlandırmasa, onlar sadəcə dağılışacaqlar. Filip Sidney şairin sirri haqqında belə deyir: «O sizin yanınıza nağılla, uşaqları oyundan ayıran, qocaları yataqdan qoparan nağılla gəlir». İnsanların diqqətini cəlb etməyin ən doğru yolu — hekayələr danışmaqdır. İsa da bunu bilirdi.
2. Bundan əlavə, İsa yəhudi müəllimlərə yaxşı məlum olan məsəllər üsuluna müraciət etdi. Məsəllərə Əhdi-Ətiqdə də rast gəlinir — ən məşhur hekayə isə bir kasıbın yeganə quzusu haqqında məsəldir. Padşah Davud Uriyanı xaincəsinə öldürtdürüb, Bat-Şevanı özünə arvad edəndə, Natan peyğəmbər bu məsəli Davuda danışdı (2Şamuel 12:1-7). Ravvinlər də, adətən, öz təlimlərində məsəllərdən istifadə edirdilər. Deyilənə görə, ravvin Meyrin çıxışının üçdə birini məhkəmə qərarları, üçdə birini şərhlər, üçdə birini isə məsəllər təşkil edirdi. Məsələn, ravvinlərin iki məsəllindən nümunə çəkək. Bu məsəldən birinin yaradıcısı rabbi Yəhuda idi (təxminən b.e.190-cı il). Bir dəfə Roma imperatoru Antoni ondan soruşmuşdu ki, əgər ruh bədəni tərk etdikdən sonra (ayrı-ayrılıqda onlar artıq günah işlədə bilməzlər), yer üzündə etdikləri günahlara görə o dünyada bir-birilərini günahlandırmağa başlasalar, insanları axirətdə necə cəza gözləyə bilər? Rabbi bu suala məsəllə cavab vermişdi:
«Bir padşahın gözəl meyvələr yetişən bağı var idi. Padşah bağa biri kor, digəri isə ayağı şikəst olan gözətçi qoydu. Ayağı şikəst olan kora dedi: «Mən bağda gözəl meyvələr görürəm. Məni ora apar ki, onları dərim və biz birlikdə yeyək». Kor razılaşdı və hər ikisi meyvələrdən yedi. Bir neçə gün keçəndən sonra bağın sahibi gəlib gözətçilərdən meyvələr haqqında soruşdu. Ayağı şikəst olan adam belə cavab verdi: «Mənim ayağım şikəstdir, mənim əlim meyvələrə çatmır, burada mənim günahım yoxdur». Kor isə: «Mən onları heç görməmişəm, mənim də günahım yoxdur» dedi. Padşah və bağ sahibi nə etdi? O, koru ayağı şikəst olan adamı aparmağa məcbur etdi və beləcə hər ikisini mühakimə etdi. Allah da beləcə insanın ruhunu bədənə qaytaracaq və hər ikisini cəzalandıracaq».
Rabbi Hiyyinin oğlu Abin iyirmi səkkiz yaşında vəfat edəndə, yas mərasimində ravvin Tserah belə məsəl çəkdi:
«Bir padşahın çoxlu işçisi olan üzüm bağı var idi. Onlardan biri xüsusilə bacarıqlı idi. Sizcə, padşah nə etdi? O, həmin işçini işindən ayırıb bağda gəzişə-gəzişə onunla söhbət etdi. İşçilər axşam padşahın yanına gündəlik qazanc üçün gələndə, həmin bacarıqlı işçi də onlarla birlikdə gəlib gündəlik maaşını tam aldı. Bunu görən başqa işçilər əsəbiləşib dedilər: «Biz bütün günü işlədik, bu adam isə cəmi iki saat işlədi. Nə üçün padşah ona da bizim kimi eyni pulu verdi?» Padşah buna belə cavab verdi: «Siz nədən narazısınız? O öz bacarığı ilə iki saat ərzində sizin bir gündə etdiyinizdən daha çox şey etdi». Rabbi Avin ben Hiyya da belədir. İyirmi səkkiz il ərzində o, başqalarının yüz ildə bildiyindən çox bildi. Budur, o, həyatdakı işini tamamlayıb, başqalarından daha tez cənnətdə gedib zəhmətinin mükafatını tam almaq hüququ qazanıb».
İsa Məsih yəhudilərin yaxşı bildiyi və başa düşdüyü məsəllər üsulundan istifadə etdi.
3. Məsəl üsulundan istifadə edərək İsa mücərrəd fikirləri konkretləşdirdi. Mücərrəd fikirləri yalnız bəzi adamlar başa düşə bilər. Əksər insanlar obraz və təsvirlərlə düşünür. Gözəllik haqqında uzun-uzadı danışmaq olar, amma bu, heç kimin ağlını və biliyini artırmayacaq. Ancaq bir insanı göstərib «Bu, gözəl insandır» desək, dərhal hər kəsə gözəlliyin nə olduğu aydın olacaq. Xeyirxahlıq haqqında çox danışa, lakin xeyirxahlığın nə olduğunu ifadə edə bilməzsiniz. Ancaq hər kəs xeyirxahlığı görəndə, onun nə olduğunu bilir. Müəyyən mənada hər bir söz nümunə ilə göstərilməlidir, hər fikir insanda təcəssüm olunmalıdır. Əhdi-Cədiddə imandan söhbət gedəndə, müəlliflər İbrahim peyğəmbərdən nümunə gətirirlər. Yəni iman anlayışı İbrahimin simasında göstərilir. İsa müdrik müəllim idi. O başa düşürdü ki, sadə ağılların mücərrəd fikirləri dərk etməsini gözləmək mənasızdır. Buna görə də O, mücərrəd fikirləri konkret hekayələrdə əks etdirir. O, bu fikirləri əməldə göstərir. İsa onları insanların başa düşə bilməsi üçün təsvir edir.
4. Məsəllərin üstünlüyü insanı düşünməyə sövq etməsindən ibarətdir. Məsəl hər şeyi hazır şəkildə təqdim etmir, lakin insanı nəticəyə gəlməyə və həqiqəti tapmağa həvəsləndirir. Uşağa ən pis köməyi onun əvəzinə iş görən edir. Əgər biz məsələni onun əvəzinə həll etsək, inşa yazsaq, bu ona kömək etməyəcək. Ona əsl köməyi tapşırığının özü etməli olduğunu məsləhət görən adam edir. İsa Məsihin də məqsədi eynidir. Əgər insan həqiqət barədə şəxsi açıqlama alırsa, o, həmişə insana ikiqat təsir edir. İsa insanları heç vaxt əqli düşüncədən uzaqlaşdırmırdı, əksinə, onları düşünməyə təşviq edirdi. İsa insanların zehnini rahatlaşdırıb yatmağa deyil, oyadıb işə salmağa çalışırdı. İsa adamları məsuliyyətdən azad etmək istəmirdi. Əksinə, onların üzərinə məsuliyyət qoymaq istəyirdi. Buna görə də O, təfəkkürlərini əvəz etmək üçün deyil, onları düşünməyə sövq etmək üçün məsəllər üsulundan istifadə edirdi. O, həqiqəti onlara örtülü şəkildə təqdim edirdi ki, onlar səy göstərib, həqiqəti özləri kəşf etsinlər, beləcə həqiqəti mənimsəsinlər.
3-9
Biz bu məsəlin şərhini Markın təfsir etdiyi yerə çatana qədər təxirə salacağıq. İndi isə İsanın təcrübədə tətbiq etdiyi məsəllərdəki təlim üsulunu nəzərdən keçirəcəyik. Hər şey yenə gölün sahilində baş verir. İsa sahilin yaxınlığındakı qayıqda oturmuşdu. Sahilin kənarlarını su yuyaraq izdiham üçün təbii amfiteatr yaradırdı. İsa izdihama danışanda, sahilin yaxınlığında toxum səpən bir əkinçi gördü. «Qulaq asın: bir əkinçi toxum səpməyə çıxdı». Məsəl metodunun mahiyyəti elə bundadır.
1. İsa orada, sonra baş verəcək hadisələrə keçmək üçün burada, indi baş verənlərdən başlayır. O, insanların düşüncəsini göylərə yönəltmək üçün indi hər kəsin gözü önündə dayanan bir nümunədən başlayır. İsa görünməyənə və təsəvvür olunmayana keçmək üçün hər kəsə aydın görünən və aşkar olandan başlayır. O, heç kəsin ağlına gəlmədiyi bir şeyə keçmək üçün hamının bildiyindən başlayır. İsa Məsihin təliminin mahiyyəti budur. O, insanları onların bilmədiyi, anlamadığı və çətin şeylərlə çaşdırmırdı. O, hətta uşağın başa düşə biləcəyi ən sadə şeylərdən başlayırdı.
2. Bununla İsa Məsih yerlə göy arasında həqiqi əlaqənin olduğuna inandığını nümayiş etdirirdi. İsa heç vaxt dünyanın qaranlıq səhra olması ilə razılaşmazdı. İsa inanırdı ki, insanlar Allahı adi, gündəlik şeylərdə görə bilərlər. Vilyam Tempel bunu belə ifadə etmişdi: «İsa insanlara Allahın yaratdıqlarını adi gündəlik şeylərdə — doğan günəşdə, yağan yağışda və böyüyən bitkidə görməyi öyrədirdi». Həvari Paul artıq çoxdan bu fikirdə idi ki, dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır (Romalılara 1:20). İsa üçün bu dünya acınacaqlı və məşəqqətli görünmürdü. O, dünyada yaşayan Allahın pənahgahını görürdü. Kristofer Ren Londonda özünün inşa etdiyi Müqəddəs Paul Kilsəsində dəfn edilib. Onun məzar daşında latın dilində sadə bir yazı var: «Əgər onun məzar daşını görmək istəyirsinizsə, ətrafınıza baxın». İsa adi gündəlik həyatdakı şeyləri onları Allaha aparan işarələrin tükənməz mənbəyi kimi görürdü, təbii ki, insanlar həmin işarələri düzgün oxuyardılarsa.
3. Məsəllərin ən vacib xüsusiyyəti onların kortəbii, improvizə edilmiş və gözlənilməz olması idi. İnsanlarla ümumi təmas nöqtələrini axtaran İsa ətrafına baxıb əkinçini görür və danışmaq üçün bir mövzu tapır. Məsəllər sakit iş otağında yaranmayıb, diqqətlə düşünülməyib və üzərində məşq edilməyib. Onların böyük təsiri ondadır ki, İsa əbədi qalan bu qısa hekayələri bədahətən nəql edirdi. Onlar mübahisənin gedişində anın tələbi ilə yaranırdı. K.J.Kadu məsəli belə tərif edir: «Məsəl həm ibadətdə, həm də mübahisədə istifadə olunan sənət əsəridir. Məsəlin bu qədər az olmasının səbəbi budur ki, onu yaratmaq üçün çox çətin şəraitdə işləyən sənətkarın istedadı lazımdır. Müqəddəs Kitabda üç tipik məsəldə rəvayətçi həyatını riskə atır. Yotam ağaclar və onların padşahı məsəlini Şekem sakinlərinə danışmışdı (Hakimlər 9:8-15). Sonra isə o qaçıb canını qurtarmağa məcbur oldu. Natan peyğəmbər yeganə qoyun haqqında məsəli ilə şərq padşahının günahını ifşa etdi (2Şamuel 12:1-7). Pis bağbanlar məsəlində İsa Özünü müdafiə etmək üçün ölüm hökmündən arqument kimi istifadə edir. Çox vaxt məsəl mübahisədə, polemikada istifadə olunur, məsəli əvvəlcədən hazırlamırlar, gözlənilməz vəziyyətin öhdəsindən gəlmək üçün mübahisə zamanı birdən çəkirlər. Ən yaxşı və uğurlu məsəllər onu çəkənin həssaslığını, yüksək şairlik məharətini, bəsirətini, sürətini və aktyorluq qabiliyyətini göstərir. Eləcə də səs-küylü mübahisə və təhlükənin ortasında onun ağlının itiliyindən xəbər verən cəsarətini göstərir».
Əgər biz İsanın məsəllərinin bədahətən yarandığını, anın tələbinə cavab verdiyini və bariz nümunəyə əsaslandığını xatırlasaq, daha çox təəccüblənəcək və heyran olacağıq.
4. İsa Məsihin məsəllərini şərh edərkən yadda saxlamalı olduğumuz vacib məqam var. Hər şeydən əvvəl onlar oxucu üçün deyil, dinləyici üçün nəzərdə tutulub. Başqa sözlə desək, insanlar iş otağında sakitcə oturub onları diqqətlə, sözbəsöz təhlil edə və araşdıra bilmirdilər.
Məsəllər asudə vaxtda öyrənmək üçün deyil, dinləyicilərə dərhal təsir etmək və onlarda reaksiya yaratmaq üçün danışılırdı. Yəni məsəlləri alleqoriya kimi şərh etmək olmaz. «Zəvvarın səyahəti» və «Kraliça pəri» — hər hadisənin, hər personajın, hər bir detalın simvolik məna daşıdığı alleqorik əsərlərdir. Ona görə də tamamilə təbiidir ki, hər bir belə alleqoriya əsəri diqqətli araşdırma tələb edir. Məsəlləri isə insanlar yalnız bir dəfə eşidirdilər. Odur ki, məsəlləri təhlil edərkən biz onda gizli və alleqorik məna axtarmamalıyıq. Yalnız dərhal gözə çarpan və şimşək kimi çaxan fikri tutmalıyıq. Məsəldə hər detalın arxasında gizli məna axtarmaq səhvdir. Belə sual vermək yerinə düşər: «Bu hekayəni ilk dəfə eşidən adamın ağlında hansı fikirlər yaranır?»
10-12
Bu hissə Müjdələrdə ən çətin hissələrdən biri hesab olunur. Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində «Allahın Padşahlığının sirri» yazılıb. Yunan dilində misteriya sözü xüsusi terminologiyaya aiddir. Bu sözün mənası son dərəcə mürəkkəb və sirli bir şey ifadə etmir. Bu söz həsr olunmayan insan üçün anlaşılmaz, həsr olunan insan üçün isə tamamilə aydın olan hansısa hadisəni ifadə edir.
Əhdi-Cədid dövründə bütpərəst ölkələrdə misteriya dinlər məşhurlaşmışdı. Onlar insanlara hansısa tanrı ilə ünsiyyət qurmağı və hətta birləşməyi vəd edirdi. Bu da guya onlara dünyəvi dəhşətlərdən və ölüm qorxusundan qurtulmağa imkan verəcək. Bu misteriya dinlərin, demək olar ki, hamısının əsasında əzab çəkən, ölən və yenidən dirilən hansısa tanrının hekayəsi dayanırdı. Həmin dinlərin hamısı hərəkət xarakteri — tanrının əzablarını təmsil edən misteriya daşıyırdı.
Ən çox İsidanın misteriyası yayılmışdı. Həmin misteriyada Osiris müdrik və xeyirxah bir padşah idi. Qəddar qardaşı Set ona nifrət edirdi. Bir dəfə o, yetmiş iki sui-qəsdçi ilə birlikdə Osirisi ziyafətə dəvət etmişdi. Orada onu ölçüsünə uyğun və hiyləgərcəsinə hazırlanmış bir tabuta girməyə razı saldılar. Osiris tabutda uzananda, onun qapağını bərk-bərk bağlayıb Nil çayına atdılar. Osirisin sadiq arvadı İsida uzun və yorucu axtarışlardan sonra onun cəsədini tapıb evə gətirdi. İsida evdə olmayanda Set yenə gəlib cəsədi oğurladı, onu on dörd hissəyə bölüb, bütün Misirə göndərdi. İsida yenidən ağrılı və yorucu axtarışa çıxdı. Nəhayət, bütün hissələri tapıb, onları sehrli gücü ilə birləşdirdi və Osirisi həyata qaytardı. Həmin andan etibarən Osiris dirilərin və ölülərin ölməz padşahına çevrildi. Misteriyanın mahiyyəti belə idi.
Həmin dinə qoşulmaq istəyən namizəd uzun müddət təmizlənmə, oruc, asket18 məşqləri keçir, həmçinin Osiris və İsidanın tarixinin daxili məzmunu ilə bağlı məsələlərdə təlimatlandırılırdı. Bundan sonra bütün dramatik hekayə iztirablar, kədər, dirilmə və qələbə ilə bitən teatr şəklində şəhnələşdirilir, emosional vəziyyət yaratmaq üçün musiqi, buxur və parlaq liturgiyadan istifadə edilirdi. Səhnə zamanı iştirakçı özünü tanrısı ilə bir hiss edir, əziyyət çəkir və onunla birgə qalib gəlirdi. O, tanrı ilə birləşərək ölümdən ölümsüzlüyə keçirdi. Mahiyyət ondan ibarət idi ki, həsr olmayanlar üçün bu, heç bir məna daşımırdı, həsr olunanlar üçünsə bu, böyük əhəmiyyətə malik idi.
Müqəddəs Kitabda sirr kimi tərcümə olunan yunan sözü misteriyanın xüsusi mənası budur. Əhdi-Cədiddə söhbət Allahın Padşahlığının sirlərindən gedəndə, bu, heç də o demək deyil ki, Allahın Padşahlığı haradasa uzaqda yerləşir və başa düşmək üçün əlçatmazdır. Bu o deməkdir ki, o, ürəyini İsaya verməyənlər üçün tamamilə anlaşılmaz və əlçatmazdır. Yalnız İsanı Rəbb kimi qəbul edən insan Allahın Padşahlığının mənasını anlaya bilər.
Növbəti hissə, doğrudan da, çətindir. Əgər görünənləri həqiqət kimi qəbul etsək, onda elə təəssürat yaranır ki, İsa deyilənlərin mənasını sadə insanlardan gizlətmək üçün qəsdən məsəllərlə öyrədir. Lakin bu hissənin ilkin mənasının nə olub-olmamasından asılı olmayaraq, bir şey tamamilə aydındır: İsa mənanı və həqiqəti gizlətmək üçün deyil, insanlara onu görməyə kömək etmək və onları dərk etməyə təşviq etmək üçün məsəllərdən istifadə edirdi. Bəs nəyə görə onda bu hissə belə formada ərsəyə gəldi? Məsələ bundadır ki, bu, Yeşaya 6:9-10-dan bir sitatdır. Bu hissə əvvəlcədən insanları çaşdırırdı. İsa Məsih onu istifadə etməzdən əvvəl iki yüz ildən çox insanları narahat edirdi. Yəhudi mətnində, bu hissə, sözün əsl mənasında, belə səslənir: «Get bu xalqa bunu çatdır: «Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qəbul etməyəcəksiniz. Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini bağla ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar ki, bunlar yenidən şəfa tapa bilsin».
İlk baxışdan belə görünür ki, Allah Yeşayaya insanları anlamaq qabiliyyətindən məhrum etmək üçün qəsdən təyin olunmuş yolla getməyi əmr edir. Bizim eradan əvvəl III əsrdə Müqəddəs Yazılar qədim ibrani dilindən yunan dilinə tərcümə olunmuşdu. Yunan versiyası olan Septuaqinta yunan dilində danışılan bütün ölkələrə yayıldığı üçün o dövrdə dünyanın ən təsirli kitablarından birinə çevrilmişdi. Septuaqintanın tərcüməçiləri bu qəribə hissədə çaşdılar və onu başqa cür tərcümə etdilər: Allah dedi: «Get bu xalqa bunu çatdır: «Siz doğrudan da eşidəcəksiniz, amma anlamayacaqsınız, siz görəcəksiniz, amma qəbul etməyəcəksiniz. Çünki bu xalq ürəyini kütləşdirdi, qulaqları ilə ağır eşidir və gözləri bağlanıb, belə ki, gözləri ilə görmürlər, qulaqları ilə eşitmirlər, ürəkləri ilə anlamırlar və Mənə sarı dönmürlər ki, onlara şəfa verim». Yunan versiyasında insanlar heç nə başa düşməsinlər deyə Allahın onları qəsdən belə küt etməyi yazılmayıb. Orada deyilir ki, insanlar özləri küt oldular ki, artıq heç nə başa düşmürdülər. Bu isə tamamilə başqa mənadır. Hər şey onunla izah olunur ki, heç kim səsin intonasiyasını hərflərlə tərcümə edə və ya yaza bilməz. Yeşaya peyğəmbər yarı istehza, yarı məyusluqla, ümumiyyətlə isə sevgi ilə danışırdı. O düşündü: «Allah məni bu xalqa Onun həqiqətini çatdırmaq üçün göndərib. Amma etdiyim xeyirxahlıq sanki onları Allahdan uzaqlaşdırır. Mən beləcə hətta divara da danışa bilərəm. Elə düşünmək olar ki, guya Allah onların qulaqlarını xeyirxahlıq üçün bağlayıb».
Buna görə də İsa insanlara məsəllər danışırdı ki, onlar mənanı dərk etsin və Allahın həqiqəti onlara aydın olsun. Lakin İsa onların gözlərində elə küt dərrakə gördü ki, bu insanlar öz eqoist düşüncələrindən, mövhümatlarından başqa hər şeyə kor olublar. Onda İsa şagirdlərinə müraciət edib dedi: «Bir dəfə Yeşaya peyğəmbərin nə dediyini xatırlayırsınızmı? Yeşaya peyğəmbər demişdi ki, o, seçilmiş İsrail xalqına Allahdan xəbər çatdıranda, onların zehni kütləşdiyinə görə, onlar heç nə başa düşmədilər. Sanki Allah onların zehnini açmadı, əksinə, bağladı. Bu gün də Mən eyni hissi keçirirəm». İsa bunu qəzəblə, qıcıqlanaraq və acı çəkərək demədi. O, bunu insanlara əbəs yerə göstərdiyi məhəbbətlə, bu xalqa böyük bəxşiş gətirən insanın kəskin kədəri, öz nadanlıqları və korluqları üzündən qəbul etmək istəmədikləri ağrılı bir təlaşla söylədi. Əgər biz bu sözlərdə qıcıqlanma yox, məyusluq eşidiriksə, onda onlar bizim üçün başqa cür səslənəcək. Biz bu sözlərdə insanların gözünü bilərəkdən kor edən və Öz həqiqətini onlardan gizlədən Allahı deyil, korazehin olmuş insanları görürük. Sanki Allahın da bu tənbəllik və korazehinliyin zirehini qırıb məhv etməsi ümidsiz görünür.
13-20
Bu məsəlin hər bir detalı dinləyicilərə yaxşı tanış idi. Çünki bu təfərrüatlar onların gündəlik həyatının ayrılmaz hissələrindən idi. Məsəldə dörd növ torpaqdan bəhs olunur.
1. Adətən, yolların kənarında torpaq bərk olurdu. Toxum belə torpağa müxtəlif yollarla düşə bilərdi. İsraildə tarlalar ot basmış cığırlarla ayrılan dar zolaqlar idi. Belə yerdə torpaq yoldan keçənlərin ayaqları altında daş kimi bərkiyirdi. Əkin zamanı əkinçi toxumları səpəndə, bir neçə toxum belə torpağa düşsə də, cücərə bilməzdi. Amma səpin başqa cür aparılırdı: eşşəyin belinə bir kisə toxum bağlayır, küncdən deşik açır, eşşəyi irəli-geri aparırdılar. Bu zaman toxum yerə tökülürdü. Toxum yerə töküldükcə istər-istəməz bir neçəsi yola düşürdü, quşlar da gəlib onları dənləyirdi. Məsihin həqiqətini ürəyinə heç cür buraxmayan bəzi insanlar da belədir. Bu, ona görə baş verir ki, dinləyicilərdə Məsihə maraq yoxdur. Marağın olmaması isə insanın Məsihin ardınca getməyə qərar verməsinin nə qədər vacib olduğunu düzgün anlamamasından irəli gəlir. Məsihçilik isə bir çox insana heç bir təsir göstərə bilmir, ona görə yox ki, insanlar ona düşmən münasibət bəsləyir, sadəcə olaraq biganə qaldıqlarına görə. Onlar elə hesab edirlər ki, məsihçiliyə həyatda yer yoxdur, onlar Məsihsiz də yaşaya bilərlər. Əgər həyat həmişə sadə və asan olsaydı, çətinliklər və göz yaşları olmasaydı, bəlkə də, onlar haqlı olardılar. Lakin hər bir insanın həyatında elə an olur ki, onun ilahi köməyə ehtiyacı yaranır. Həyatın faciəsi də odur ki, çoxları bunu çox gec dərk edir.
2. İsraildə çoxlu qayalıq yerlər var idi. Lakin onlar bərk daşlar deyil, nazik torpaq təbəqəsi ilə örtülmüş əhəngdaşından ibarət qayalıqlar idi: Qalileyanın çox hissəsi belədir. Çox sahələrdə yerin dayaz təbəqəsindən qayalıqların çıxmasını görmək mümkün idi. Belə torpağa düşən toxum yaxşı cücərirdi. Amma torpaq o qədər yumşaq və orada qida, rütubət o qədər az idi ki, günəş cücərmiş toxumları tezliklə qurudur və onlar məhv olurdu.
İşə başlamaq bitirməkdən həmişə asan olur. Məşhur bir müjdəçi demişdir: «Biz bilirik ki, göstərdiyimiz səyimizin beş faizi insanı Məsihə yönəltməyə, doxsan beş faizi isə onun Məsihdən uzaqlaşmamasına və yetkin bir üzvə çevrilməsinə sərf olunur». Bir çox insan iman yoluna gəlir, amma sonra yolunu azır. Belə insanların büdrəməsinin iki səbəbi var. Birincisi, bu öz addımlarını və əməllərini ölçüb-biçməmək, öz davranışının əhəmiyyətini, onlarla əlaqəli səyləri və riskləri əvvəlcədən qiymətləndirmək qabiliyyətinin olmamasından irəli gəlir. İkincisi, Məsihin yolu minlərlə insanı cəlb edir, ancaq bu onların həyatının mahiyyətinə təsir etməyən səthi həvəs olur. Məsihçilik insandan ya hər şeyini tələb edir, ya da heç nəyini tələb etmir. İnsan yalnız özünü tamamilə Məsihə təslim etdikdə xilas olur.
Günəşin altında bir şey varmı ki,
Ürəyimi Səndən qopara bilsin?
Ey bütün fikirlərimin Ağası, Rəbbi,
Onları yox edib tək hökmranlıq et!
3. Alaq otları və tikanlarla örtülmüş torpaq da var idi. Əgər kəndli çox tənbəl idisə, onda o, sadəcə olaraq, alaq otlarının gövdəsini kəsib, köklərini torpaqda qoyurdu. Onlar da tezliklə yenidən cücərirdi. O qədər sürətlə böyüyürdü ki, cücərmiş toxumları da boğurdu. Eynilə insan da çox vaxt həyatın maddi tərəflərinə o qədər meyl salır ki, onun Məsihə vaxtı olmur. Həyat nə qədər çox çətinləşirsə, bizim üçün əsas şeyin nə olduğunu bir o qədər aydın görmək lazımdır. Çünki Məsihi həyatımızdan sıxışdırıb çıxarmağa çalışan çox şey var.
4. Lakin İsraildə daşlardan və alaq otlarından təmizlənmiş münbit torpaq da var idi, orada toxumlar yaxşı cücərir və yaxşı inkişaf edirdi. Əgər biz, həqiqətən də, müjdənin bizə fayda gətirməsini istəyiriksə, bu məsəlin bizə öyrətdiyi üç şeyi görməyi bacarmalıyıq:
a) Biz müjdəni eşitməliyik, onu eşitmək üçün isə qulaq asmalıyıq. Çoxumuz o qədər danışmağa meylliyik ki, dinləməyə vaxtımız olmur. Fikrimizi təsdiqləməklə məşğul olmaq bizim üçün adi haldır, Məsihin fikrinə qulaq asmağa isə vaxt tapmırıq. Biz daim hərəkətdə ola bilirik, amma istirahət üçün vaxt tapa bilmirik.
b) Biz müjdəni qəbul etməliyik. Müjdəni eşidəndə, onu düşüncəmizə yedirtməliyik. İnsan ağlı qəribə və təhlükəli bir alətdir. Müdrik Allah insanı elə yaradıb ki, yad cismin düşmək təhlükəsi yarananda, göz avtomatik olaraq bağlanır. Bu, mərkəzi sinir sisteminə əsaslanan instinktiv hərəkətdir. İnsan eşitmək istəmədiyi şeylərin avtomatik olaraq zehninə daxil olmasının qarşısını alır. Elə də olur ki, insan sağlamlığını qorumaqdan ötrü xoşlamadığı dərmanı qəbul etməyə və ya xoşlamadığı müalicəyə dözməyə məcbur olur. Ağlın qapılarını həqiqətə bağlaması — birbaşa ölümə və faciəyə aparır.
c) Biz müjdəni əməldə tətbiq etməliyik. Məsəldə deyilir ki, alınan məhsul əkiləndən otuz, altmış və yüz dəfə çoxdur. Bu, böyük bir məhsuldur. Ümumiyyətlə, Qalileyanın vulkanik torpaqları məhsulu ilə məşhur idi. Məsihin həqiqəti həmişə əməllərdə və həyatda özünü göstərməlidir. Hər halda, məsihçi düşünməyə deyil, hərəkət etməyə çağırılıb.
Əgər dərindən araşdırsaq, bu məsəlin mənası belədir. Amma insanların məsəli ilk dəfə dinlədikləri zaman onun haqqında bu cür düşünməsi çox az ehtimal edilir. Bəs, görəsən, Tiberiya gölünün sahilində bu məsəli ilk dəfə eşidən izdihamda hansı məqam xüsusilə diqqət çəkdi? Yəqin ki, diqqəti ən çox belə bir məqam çəkmişdi: Toxumların bəziləri heç vaxt cücərməsə də, böyüməsə də, insan sonda yenə də gözəl məhsul alır. Bu məsəl insanlara hər şeyin o qədər də ümidsiz olmadığını, ümidsizliyə qapılmamağı göstərir. Bəzən bizə elə gəlir ki, zəhmətimiz hədər gedib. İsanın sinaqoqda təbliğ etməsinə icazə verilmədiyini, Ona şübhə ilə yanaşıldığını görəndə, şagirdlər də elə bu cür fikirləşirdilər. Elə təəssürat yaranırdı ki, İsanın müjdəsi bir çox yerdə uğur qazanmır. Buna görə də şagirdlər ruhdan düşürdülər. Lakin bu məsəl həm onlara, həm də bizə eyni şeyi deyir: «Səbir edin. İşinizi görün. Toxum səpin. Qalanını isə Allaha həvalə edin. Siz mütləq məhsulu biçəcəksiniz».
21
21-25-ci ayələr bizim üçün xüsusi maraq kəsb edir, çünki onlar bizə Müjdəni yazanların üzləşdiyi problemləri göstərir. Bu ayələrdə İsanın dörd kəlamı var. 21-ci ayədə şam haqqında təlim; 22-ci ayədə örtülü və gizlin olanın aşkara çıxması haqqında təlim; 24-cü ayədə hansı ölçü ilə ölçdüyümüzə dair mükafatlandırılacağımız haqqında təlim; 25-ci ayədə isə kimdə varsa, ona daha çox veriləcəyi haqqında təlim. Markın Müjdəsində bütün bu təlimlər bir-birinin ardınca gedir. Lakin 21-ci ayəni Mattanın Müjdəsində biz 5:15-də; 22-ci ayəni Matta 10:26-da; 24-cü ayəni Matta 7:2-də; 25-ci ayəni isə Matta 13:12-də, eləcə də Matta 25:29-da oxuyuruq. Markda bir yerdə verilən dörd təlimi Mattanın Müjdəsində bütün mətn boyu görürük. Buradan özümüz üçün belə bir nəticəyə gəlirik ki, bu ayələr arasında əlaqə və birlik axtarmağa ehtiyac yoxdur. Onların bir-biri ilə əlaqəli olmadığı tamamilə aydındır. Buna görə də biz onları ayrı-ayrılıqda nəzərdən keçirməliyik. Necə oldu ki, bu təlim Markın Müjdəsində bir yerdə, bir-birinin ardınca verilir, Mattanın Müjdəsində isə bütün mətn boyu səpələnir? Səbəbi isə budur: İsa dili çox dərindən bilirdi. O, fikrini son dərəcə həm obrazlı, həm də yığcam şəkildə ifadə etməyi bacarırdı. O, elə danışırdı ki, sözləri beyinə həkk olunurdu. Bundan başqa, yəqin ki, O, bəzi fikirləri təkrarlamalı olurdu. Axı İsa bir yerdən başqa yerə, bir dinləyicinin yanından başqa dinləyicilərin yanına gedir və beləcə təlimini təkrarlamalı olurdu. Bu səbəbdən insanlar İsanın dediklərini yadda saxlayırdılar, çünki İsa o qədər canlı danışırdı ki, Onun sözlərini unutmaq mümkün deyildi. Unudulan yalnız İsanın harada və hansı şəraitdə dediyi idi. Nəticədə Məsihin müəyyən bir vəziyyətlə əlaqəsini itirmiş bir çox kəlamı, hətta Onun adı ilə bağlı olmayan «ötəri ifadələr», aforizmlər ortaya çıxdı. Məsəllər, təlimlər insanların beyninə həkk olundu, lakin onların hansı kontekstdə deyildiyi, hansı hadisələrlə əlaqələndirildiyi unuduldu. Ona görə də bu ifadələri və təlimləri ayrıca nəzərdən keçirmək daha yaxşıdır.
Təlimlərdən birincisində deyilir ki, insanlar şamı sonradan qabın altına və ya çarpayının altına qoymaq üçün yandırmırlar. Şam görünən yerdə olmalıdır və insanların görməsinə kömək etməlidir. Buna görə də onu hər kəsin gördüyü yerə qoyurlar. Bu təlimdən aşağıdakıları öyrənə bilərik:
1. İnsanlar həqiqəti görməlidir, onu gizlətmək olmaz. Bəzən həqiqəti söyləmək təhlükəli olur. Çünki həqiqəti söyləyərkən təqib və bəlalara düçar olmaq olur. Ancaq həqiqi məsihçi nə olursa-olsun, həqiqətə sadiqdir. Martin Lüter Roma katolik kilsəsinə qarşı öz fikirlərini söyləmək qərarına gələndə, ilk növbədə indulgensiya19 satmaq praktikasına hücum etmək qərarına gəldi. İndulgensiya insanın keşişdən pulla ala biləcəyi günahların bağışlanması idi. Martin Lüter bu indulgensiyalara qarşı doxsan beş tezis yazdı. Bəs o, bu tezislərlə nə etdi? Vittenberqdə universitetlə sıx bağlı olan Bütün Müqəddəslərin Kilsəsi var idi: həmin kilsənin qapılarında universitet elanları və akademik müzakirələrin mövzuları asılırdı; şəhərdə başqa elan lövhəsi yox idi. Lüter öz tezislərini məhz həmin kilsənin qapılarından asdı. Bəs bunu nə vaxt etdi? İnsanların çoxu noyabrın biri Müqəddəslər Günündə kilsəyə gəlirdi. Bu, kilsənin yaranmasının ildönümü, bayram idi. Həmin gün çoxlu ibadətlər keçirilir, insanlar kilsəyə axışırdı. Beləcə Lüter Müqəddəslər Günündə doxsan beş tezisini kilsənin qapısına mıxladı. Əgər Lüter ehtiyat etsəydi, tezislərini heç yazmazdı. Əgər o, hər şeydən əvvəl təhlükəsizliyini düşünsəydi, tezislərini kilsə qapılarına mıxlamazdı. Lakin onları sadəcə kilsənin qapılarına mıxlamalı olsaydı və şəxsi təhlükəsizliyini düşünsəydi, tezislərinin elanı üçün heç vaxt Müqəddəslər gününü seçməzdi. Amma Lüter hiss etdi ki, həqiqəti kəşf edib və bu həqiqəti insanlara söyləməlidir. O, tezislərinin altına öz adını da yazmışdı. Həyatda elə məqamlar olur ki, biz həqiqətin nəyi tələb etdiyini, nə edilməli olduğunu, məsihçilərin nə etməli olduğunu yaxşı bilirik. Elə də olur ki, biz onları etmirik. Çünki insanların bizə münasibətinin dəyişməsindən və ya daha pis şeylərdən çəkinirik.
Biz unutmamalıyıq ki, həqiqət şamı yüksəkdə tutulmalı və şəxsi təhlükəsizlik naminə qorxaqcasına gizlədilməməlidir.
2. İnsanlar bizim məsihçi olduğumuzu görməlidirlər. Məsihçiliyin ilk vaxtlarında Məsihə mənsub olduğunu göstərmək bəzən ölümə bərabər idi. Roma imperiyası bütün dünyanı əhatə edirdi. Bu nəhəng imperiyanı bir-birinə bağlamaq üçün imperatoru bütləşdirmək lazım gəlirdi. Buna görə də imperatoru ilahiləşdirən kult yaradıldı. İmperator bütün dövlətin təcəssümü idi və ona tanrı kimi sitayiş olunurdu. Müəyyən günlərdə insanlardan imperatora qurban gətirmək tələb olunurdu. Bu da siyasi bütövlük üçün əsl sınaq idi. Belə bir qurban gətirən şəxs şəhadətnamə alırdı. Şəhadətnamə aldıqdan sonra isə gedib istədiyi allaha sitayiş edə bilərdi. Belə vəsiqələrin çoxu günümüzə qədər gəlib çatmışdır.
Məsələn:
«Filadelfiya kəndində uşaqları Eas və Hera ilə yaşayan Teokseniyalı İnarek Akeyadan qurbanlar üzrə müvəkkilə: biz mütəmadi olaraq tanrılara qurbanlar veririk və indi qanunun tələb etdiyi kimi, qurban kəsdik, ziyafətimizi etdik, qurbanlarımızdan daddıq və sizdən bizə müvafiq şəhadətnamə verməyinizi xahiş edirik. Əvvəlcədən minnətdarlığımızı bildiririk».
Bu müraciətin ardınca təsdiqləmə gəlir.
«Biz Serenus və Germ sizin qurbanınıza şəhadət edirik».
Məsihçiyə yalnız bu rəsmi aktı yerinə yetirmək və şəhadətnamə almaq lazım idi. Ondan sonra onu heç kim narahat edə bilməzdi. Amma tarix göstərir ki, minlərlə məsihçi imperatora qurban gətirməkdənsə, ölməyi üstün tuturdu. Məsihçilər Məsihə iman etdiklərini asanlıqla gizlədə və bizim dilimizlə desək, heç bir xoşagəlməzliklə üzləşmədən məsihçi qalmağa davam edə bilərdilər. Lakin onlar hesab edirdilər ki, insanların qarşısında məsihçi olduqlarını şəhadət etməlidirlər. Onlar insanların onların Kimə aid olduğunu bilməsinə görə sevinirdilər. Bugünkü məsihçi imanımızı onlara borcluyuq. Məsihə və Onun cəmiyyətinə aid olduğumuz barədə susmaq daha asandır. Lakin bizim imanımız hər kəsin görə biləcəyi çıraq kimi olmalıdır.
22-23
İsa Məsih əmin idi ki, həqiqəti gizlətmək olmaz. Bu ifadə aşağıdakılara aiddir:
1. Həqiqətin özünə. Həqiqətdə sarsılmaz bir şey var. İnsanlar həqiqətdən imtina edə, onu gizlədə, silə və ya yox etməyə çalışa bilər, amma «həqiqət böyükdür və qalib gələcək».
XVI əsrin əvvəllərində Polşa astronomu Nikolay Kopernik kəşf etdi ki, yer kürəsi kainatın mərkəzi deyil və günəş yerin ətrafında yox, yer günəşin ətrafında fırlanır. O, çox ehtiyatlı bir insan idi və kəşfini otuz il gizli saxladı. Yalnız 1543-cü ildə ölüm yatağında olanda, mətbəəçini onun «Səma sferalarının inqilabı haqqında» kitabını çap etməyə razı saldı. Kopernik həmin il öldü, lakin onun kəşfi fırtına kimi qopdu və ideyaları hamının əmlakına çevrildi.
XVII əsrin əvvəllərində italyan alimi Qalileo Qaliley Kopernik nəzəriyyəsini qəbul etdi. Ancaq 1616-cı ildə inkvizisiya tərəfindən mühakimə olundu və onun fikirləri pislənildi.
Məhkəmə belə bir qərar çıxardı: «Günəşin mərkəzdə olması və yerin ətrafında fırlanmaması ilə bağlı birinci müddəa ilahiyyat baxımından axmaq, absurd, yanlış və bidətdir, çünki Müqəddəs Yazılara ziddir... İkinci müddəa, yəni yer kürəsinin mərkəz deyil, günəş ətrafında fırlanması fəlsəfi baxımdan absurd və yalandır, ilahiyyat baxımından isə həqiqi imana ziddir».
Qaliley güzəştə getdi: razılaşmaq ölməkdən daha asan idi. O, uzun illər bu kəşf haqqında susqunluğunu qorudu. VIII Urban papalıq taxtına çıxanda Qalileo Qaliley yeni papanın sələfindən daha savadlı və daha anlayışlı olduğunu düşündü, buna görə yenə öz nəzəriyyəsi haqqında açıq şəkildə danışmağa başladı. Lakin ümidləri boşa çıxdı. Bu dəfə o, ya kəşfindən imtinaya imza atmalı, ya da işgəncəyə məruz qalmalı idi. Sonda o, kəşfindən imtina etdi: «Mən Qalileo Qaliley, yetmiş yaşımda məhbus olduğum halda, əlimi müqəddəs İncilin üzərinə basıb qarşısında diz çökərək, yerin hərəkət etdiyi səhvinə və bidətə nifrət etdiyimi elan edirəm». Qalileyin imtinası onu ölümdən xilas etdi, ancaq həbsdən yox. Hətta o öləndə, onun ailə qəbiristanlığında dəfn edilməsinə icazə verilmədi. Həqiqəti gizlətməyə çalışan təkcə katolik kilsəsi deyildi. Martin Lüter yazırdı: «İnsanlar səmanın, göyün, günəşin və ayın deyil, yer kürəsinin fırlandığını sübut etməyə çalışan özündənrazı astroloqa (o, Koperniki nəzərdə tuturdu) qulaq asırdılar... Axmaq bütün astronomiyanı təkzib etmək istəyirdi; lakin Müqəddəs Yazılarda deyilir ki, Yeşua yerə deyil, günəşə dayanmağı əmr etmişdi».
Amma zaman öz axarı ilə irəliləyirdi. Həqiqəti aşkar edən insana işgəncə verməklə hədələyə, onu axmaq adlandırıb məhkəmədə ələ salmaq olar, ancaq bu, həqiqəti dəyişmir. Endryu Melvil deyirdi: «Həqiqəti dar ağacından asmaq və ya qapalı yerdə saxlamaq sizin gücünüzdə deyil». Həqiqətə hücum etmək, qarşısını almaq, onu boğmaq və ələ salmaq olar; lakin zaman onun qisasçısı olacaq, sonda həqiqət qalib gələcək.
2. Bu ifadə bizim həyatımıza və davranışımıza aiddir. İnsan günah edəndə, instinktiv olaraq onu gizlətməyə çalışır. Adəmlə Həvva da Allahın əhdini pozanda belə etmişdilər (Yaradılış 3:8). Amma gec-tez həqiqət ortaya çıxır. Hər halda, heç kim həqiqətdən qaça bilməz. Sirri olan insan isə heç vaxt xoşbəxt olmaz. Yalan yumağında uzun müddət gizlənmək mümkün deyil, qaldı ki insan həqiqəti Allahdan gizlətsin. Bunu nəzərə alaraq, bizi həyatda utandıracaq şeylərdən çəkinməyə çalışaq.
24
1. Bu, bütün təlimlərə aiddir. İnsan nə qədər çox öyrənmək istəsə, öyrəndiklərindən bir o qədər çox fayda əldə edə bilər. Qədim parfiyalılar gənclərə yalnız işdə tərləyərkən yemək verirdilər. Tədrisdə də belədir. İnsan nə qədər çox səy göstərirsə, bir o qədər çox həzz və məmnunluq alır. Bu, xüsusilə Müqəddəs Kitabı öyrənməyə aiddir. Bəzən insan Müqəddəs Kitabın bəzi hissələrinin ona xoş gəlmədiyini hiss edə bilər; lakin həmin hissələri öyrənməyə səy göstərsə, onlar ən faydalı hissə olar. Mövzunu səthi öyrənmək çox vaxt maraqsız olur, diqqətli və intensiv öyrənmək isə həzz və heyranlıq verir.
2. Bu, ibadətə də aiddir. İbadətdə nə qədər çox iştirak ediriksə, bir o qədər çox qazanacağıq. Amma biz Allahın evinə qeyri-münasib şəkildə gələ bilərik, xüsusən:
a) Sadəcə bir şey əldə etmək üçün. Əgər bu məqsədlə gəlmişiksə, çox güman ki, ilahilər oxuyan qrupu tənqid etməyə və xidmətçinin təbliğində qüsurlar axtarmağa başlayacağıq. Biz ibadətə yalnız bizi məşğul edən bir əyləncə kimi baxacağıq. Biz imanlı cəmiyyətinə təkcə almaq üçün deyil, həm də nəsə vermək üçün gəlməliyik və unutmamalıyıq ki, ora kollektiv fəaliyyət yeridir, hər kəs ora nəsə töhfə verə bilər. Əgər özümüzdən «İbadətdən nə ala bilərəm?» deyə soruşmaq əvəzinə, «İbadət üçün nə edə bilərəm?» deyə soruşsaq, onda həmişə daha çox alacağıq.
b) Heç nə gözləmədən. Biz Allahın evinə yalnız vərdiş olaraq, həftəlik cədvəlin bəndlərindən birini yerinə yetirməkdən ötrü gələ bilərik. Lakin ibadətə Allahla görüşmək üçün gəlmək lazımdır. Onunla görüşəndə isə çox şey baş verə bilər.
c) Biz ibadətə hazırlıqsız gələ bilərik. Çox vaxt biz Allahın evinə qəlbimizdə və zehnimizdə xidmətə tamamilə hazırlıqsız şəkildə — sadəcə olaraq ibadətə getməyə tələsdiyimiz üçün gəlirik. Amma bir anlıq sakit oturub duada Allaha üz tutsaq, tamam başqa vəziyyət olar. Yəhudi ravvinlər şagirdlərinə belə deyirdilər: «Əvvəlcə təklikdə dua edən insanlar başqaları ilə birlikdə daha yaxşı dua edir».
3. İnsanlarla münasibətlərə aiddir. Bizim həyatımız çox vaxt başqalarında əksini tapır. Əgər biz narazı, əsəbi, pis əhval-ruhiyyədəyiksə, o zaman digər insanların xoşagəlməz olduğunu görəcəyik. Əgər hər kəsi tənqid etsək və onlarda qüsur tapsaq, başqaları da bizimlə eyni cür rəftar etməyə başlayacaq. Əgər biz başqalarından şübhələniriksə və onlara etibar etmiriksə, onların da bizimlə eyni cür rəftar etməsi tamamilə normaldır. Başqalarının bizi sevməsi üçün ilk növbədə biz onları sevməliyik. Dost axtaran insan başqaları ilə dost olmalıdır. İsa insanlara inandığı üçün insanlar da Ona iman etmişdilər.
25
Bu ifadə sərt ola bilər, lakin həyat göstərir ki, bu, dərin və qaçılmaz bir həqiqətdir.
1. Bu, biliyə aid həqiqətdir. İnsan nə qədər çox bilsə, bir o qədər çox öyrənə bilər. İnsan yunan qrammatikası üzərində işləməyincə, yunan ədəbiyyatının zənginliyindən xəbərdar ola bilməz. Qrammatikanın əsaslarını öyrəndikdən sonra insan daha çox şey öyrənə bilər. İnsan simfoniyanın nə olduğunu başa düşməsə, musiqidən həzz ala bilməz. Amma simfoniyanın nə olduğunu biləndə, musiqidə daha çox gözəllik kəşf edəcək. Onu da qeyd etmək lazımdır ki, insan öz biliyini daim dərinləşdirməsə, sahib olduqlarını da itirər. Əksəriyyət məktəbdə və ya universitetdə xarici dil öyrənir, lakin sonra üzərində işləməyəndə tamamilə unudur. İnsan nə qədər çox bilsə, bir o qədər yeni şeylər öyrənə bilər. Amma biliyini genişləndirməsə, tezliklə hər şeyi itirər. Yəhudi müəllimlərin belə bir sevimli məsəli vardı: «Şagirdi dana kimi böyütmək — hər gün bir az yükünü artırmaq lazımdır». Bilikdə bir yerdə dayanmaq mümkün deyil — hər gün ya artırır, ya da itiririk.
2. Bu, səylərə də aid həqiqətdir. İnsan nə qədər güclüdürsə, bədənində bir o qədər çox qüvvə toplaya bilər. İnsan bədənini nə qədər çox məşq etdirərsə, bir o qədər güclü olar və ya əksinə, bədəninin zəifləməsinə, süstləşməsinə yol verərsə, əvvəlki formasını itirər. Unutmamalıyıq ki, ruhumuz kimi bədənimiz də Allaha məxsusdur. Bir çox insan sağlamlığının qayğısına qalmadığı üçün sevdikləri işlə məşğul ola bilmirlər.
3. Bu, istənilən peşə və sənətə aiddir. İnsan nə qədər çox əllərini, gözlərini və ya ağlını inkişaf etdirirsə, bir o qədər çox şeyə nail ola bilər. Əgər o, heç vaxt yeni bir şeyə can atmadan axınla getməyə hazırdırsa, iş onun başını qatacaq və o, yerində saya-saya qalacaq. İnsan qabiliyyətlərinə laqeyd yanaşdıqca, onları itirəcək.
4. Bu, məsuliyyət hissinə də aiddir. İnsan çiyninə nə qədər çox məsuliyyət götürsə, bir o qədər də məsuliyyət daşıya bilər; nə qədər tez-tez qərarlar qəbul etsə, bir o qədər də onların öhdəsindən yaxşı gələr. Məsuliyyətdən yayınan, qərar verməkdən qaçan və daim tərəddüd edən insan sonda iradəsiz, məsuliyyət hissindən tamamilə məhrum və heç bir qərar qəbul edə bilməyən insana çevriləcək. İsa məsəllərində qeyd edir ki, yaxşı görülən işin mükafatı daha çətin və daha böyük tapşırıqdır. Təhlükə anlarında tez-tez unudulan həyatın vacib qanunu odur ki, insan nə qədər çox şeyə nail olursa, bir o qədər çoxunu əldə edə bilər. Əgər səy göstərməsək, qazandığımız hər şeyi itirəcəyik.
26-29
Bu məsəli bizə yalnız Mark söyləyir. Allahın Padşahlığı Allahın hökmranlığı deməkdir, yəni Onun iradəsinin göydə olduğu kimi, yerdə də mükəmməl şəkildə yerinə yetirildiyi gündür. Allahın kainat üçün məqsədi elə budur. Bu məsəl qısa olsa da, əbədi həqiqətləri ehtiva edir.
1. Məsəldə insanın acizliyindən danışılır. Toxumu becərən kəndli deyil, o, hətta böyümənin mexanizmini belə bilmir. Həyatın sirri toxumun özündədir. Heç bir insan həyatın sirrini dərk etməyib və sözün əsl mənasında, heç nə yaratmayıb. İnsan nəsə kəşf edə, dəyişdirə, təkmilləşdirə bilər, amma yarada bilməz. Biz Allahın Padşahlığını yarada bilmərik. O, Allaha məxsusdur. Aydın məsələdir ki, biz Allahın Padşahlığının nə gəlməsinin qarşısını ala, nə ona mane ola, nə də gəlişini tezləşdirə bilərik. Hər şeyin arxasında yalnız Allah, Onun qüdrəti və iradəsi dayanır.
2. Məsəldə Allahın Padşahlığından danışılır. Maraqlıdır ki, İsa Allahın gələcək Padşahlığını təsvir edərkən, tez-tez təbiətdəki böyümə və inkişafdan misallar çəkir.
a) Təbiətdəki böyümə və inkişaf çox vaxt gözə görünmür. Biz hər gün gördüyümüz bitkinin böyüməsini hiss etmirik. Müəyyən bir müddətdən sonra onu görəndə baş verən dəyişikliyin fərqinə varırıq. Eyni şey Allahın Padşahlığına da aiddir. Şübhə yoxdur ki, Allahın Padşahlığı yaxınlaşır. Biz bu günü və dünəni deyil, indiki dövrü və keçmişi müqayisə etsək, bunu görə bilərik. Elizabet Fray 1817-ci ildə İngiltərədəki Nyuqet20 həbsxanasını ziyarət edərkən, qadın şöbəsində üç yüz qadın və kiçik kameralara yığılmış çoxlu uşaq gördü. Onlar orada yaşayır, yemək bişirir, yeyir və döşəmədə yatırdılar. Bir qoca kişi və oğlu onların qayğısına qalırdı. Həmin qadınlar və uşaqlar, demək olar ki, çılpaq idilər. Onlar sədəqə diləndiyinə və pulları içkiyə verdiklərinə görə həbs olunmuşdular. Elizabet Fray orada doqquz yaşlı uşağın asılmaq üzrə olduğunu gördü. Həmin uşaq pəncərədən çubuq soxub iki qəpik dəyərində boya oğurlamışdı. İndi bu, ağlasığmaz görünür. Niyə? Çünki Allahın Padşahlığı yaxınlaşır; Allahın Padşahlığının böyüməsi, bitkilər kimi, gündən-günə görünməz ola bilər. Ancaq illərə baxanda, bu, göz qabağındadır.
b) Təbiət daim inkişaf edir. İnkişaf gecə-gündüz davam edir. Tanrıda inkişaf prosesində sıçrayışlar yoxdur. İnsan səyinin və xeyirxahlığının bütün problemləri ondadır ki, onlar sıçrayış xarakteri daşıyır, yəni bir addım irəli, iki addım geri. Allahın işi isə müntəzəm şəkildə gedir. O, davamlı olaraq planını açır və həyata keçirir.
«İllər bir-birini əvəzlədiyi kimi,
Allah da Öz məqsədlərini tədricən yerinə yetirir;
Sular dənizi doldurduğu kimi,
Allahın izzətinin yer üzünü dolduracağı zaman da yaxınlaşır.
c) Təbiətdə böyümə qaçılmazdır. Böyümə ilə eyni gücə malik olan heç bir şey yoxdur. Bəzən ağac böyüyərkən betonu qırır. Bəzən isə yaşıl ot asfaltlanmış yolu dəlib keçir. Böyüməyə heç nə mane ola bilməz. Allahın Padşahlığı da belədir. İnsanların üsyankarlığına və itaətsizliyinə baxmayaraq, Allah Öz işini davam etdirir və heç bir şey Allahın məqsədlərinə mane ola bilməz.
3. Bu məsəldə həm də dünyanın sonundan bəhs edilir. Biçin günü gəlir. Biçinçi yetişmiş məhsulu yığır, alaq otlarını isə kökləri ilə birlikdə məhv edir, başqa sözlə, tamamilə fərqli iki iş görür. Məhsul və mühakimə birlikdə gəlir. Bu barədə düşünərkən üç həqiqətə diqqət yetirməliyik.
a) Bu, səbir etmək çağırışıdır. İnsan yer üzünün müvəqqəti sakinidir. Buna görə də istər-istəməz fani şeylər haqqında düşünür. Allah isə əbədiyyətdə də yarada bilər, O, zamanla məhdudlaşmır. «Sənin gözündə min il ötən bir günə, bir gecə növbəsinə bənzər» (Zəbur 90:4). Biz özümüzü səbirsizliyə, tələskənliyə deyil, Allahın gəlişini səbirlə gözləməyə öyrətməliyik.
b) Bu, ümid etməyə çağırışdır. Biz ümidsizlik mühitində yaşayırıq. İnsanlar da, imanlı cəmiyyəti də dünyada ümidsizliyə qapılır. Onlar gələcəyə qorxu və dəhşətlə baxırlar. Qerbert Vells deyirdi ki, «Küləkdən qorunmaq üçün mağarada yaşamaqla başlayan insan, həyatını infeksiya ilə dolu gecəqondu xarabalığında bitirəcəkdir». Filip Qibbs iki dünya müharibəsi arasındakı dövrü təhlil edərək gələcəkdə zəhərli qazlar və maddələrin istifadəsi ilə müharibə aparmağın mümkünlüyünü əks etdirən bir kitab yazmışdı. O, təxminən belə qeyd edirdi: «Əgər küçədə zəhərli qaz iyi hiss etsəm, qaz maskası taxmayacağam. Əksinə, çıxıb dərindən nəfəs alacam, çünki biləcəyəm ki, hər şeyin sonu gəldi». Əksər insanlar düşünür ki, bəşəriyyət üçün hər şey bitib, hər şeyin sonu çatıb. Ancaq insan eyni anda həm belə düşünə, həm də Allaha iman edə bilməz. Əgər Allah bizim təsəvvür etdiyimiz kimidirsə, düşüncələrimizdə bədbinliyə yer olmamalıdır. Biz tövbə edə, peşmançılıq çəkə, büdrədiyimizi və günahkar olduğumuzu dərk edə bilərik, amma ümidsizliyə qapılmamalıyıq.
«Ey Allahın işçisi! Ruhdan düşmə,
Allahını tanı.
O zaman qaranlıq mübarizə meydanında
Hara zərbə vuracağını görəcəksən.
Çünki Allah Allahdırsa, həqiqət — həqiqət olaraq qalacaq,
Həqiqət isə qalib gəlməlidir;
Buna şübhə etmək — xəyanət etməkdir,
Tərəddüd etmək isə — günahdır».
c) Bu, hazır olmağa çağırışdır. Biz həmişə dünyanın sonuna hazır olmalıyıq, çünki o vaxt hazırlaşmaq çox gec olacaq. Axı biz, sözün əsl mənasında, Allahımızla görüşməyə hazırlaşmalıyıq. Heç bir şeyin sarsıda bilməyəcəyi səbirlə, heç vaxt ümidsizliyə aparmayan ümidlə və əbədi həyatı arzulayan hazırlıqla yaşasaq, onda Allahın lütfü sayəsində dünyanın sonu gələndə hazır olacağıq.
30-32
Bu məsəldə hər bir yəhudiyə tanış olan iki obraz var. Birincisi, İsraildə xardal toxumu nəyinsə kiçik olduğunu bildirmək üçün atalar sözünə çevrilmişdi. Məsələn, «xardal toxumu boyda iman» ifadəsi ən kiçik iman mənasını verir. Doğrudan da, xardal toxumu böyüyüb ağac olur. Səyyahlardan biri xardal ağaclarının kölgəsində atlının gizləndiyi xardal plantasiyasından danışır. Quşlar bu ağacın kiçik qara toxumlarını çox sevir, buna görə həmişə xardal ağacının başında bir yığın quş dolanır. İkincisi, Əhdi-Ətiqdə böyük imperiyalar, adətən, ağaca, tabe olan və xərac verən xalqlar isə ağacın budaqlarında gizlənən quşlara bənzədilir (Yezekel 17:22 və s.; 31:1 və s.; Daniel 4:10-21). Buna görə budaqlarında quş olan ağac burada böyük bir səltənət və onun tərkib hissəsi olan xalqlar mənasını verir.
1. Bu məsəl bizə başlanğıcda əhəmiyyətsiz görünsə də, ruhdan düşməməyimizi söyləyir. İlk baxışdan elə görünə bilər ki, biz çox şeyə nail ola bilmərik, lakin bu «kiçik olan» dəfələrlə təkrarlansa, nəticə böyük olacaq. Məsələn, boya ilə elmi təcrübəni götürək. Böyük bir qaba təmiz su doldurub, boyanı damcı-damcı suya əlavə edək. Əvvəlcə elə gəlir ki, boyanın suya heç bir təsiri yoxdur və su olduğu kimi qalır. Sonra qəfil suyun rəngi dəyişilir və getdikcə istənilən rəng alınır. Damcıların yaratdığı təsir belədir.
Bizə çox vaxt elə gəlir ki, bu və ya digər işi görmək üçün gücümüz çatmır. Ancaq unutmayaq ki, hər şeyin bir başlanğıcı var. Heç nə birdən-birə və bütöv şəkildə yaranmır. Biz əlimizdən gələni etməliyik; kiçik, lakin müntəzəm səylərin təsiri heyrətamiz nəticələr verə bilər.
2. Bu məsəl İmanlı Cəmiyyətinin hökmranlığından bəhs edir. Artıq gördüyümüz kimi, ağac və quşlar imperiyanı, onun ərazisində qorunan xalqları simvollaşdırır. İmanlı Cəmiyyəti Bir Şəxsdən başladı və bütün dünyanı əhatə etməlidir. Bu fikir iki nöqteyi-nəzərlə əsaslandırılır.
a) İmanlı Cəmiyyəti — müxtəlif fikirlərin və teoloji cərəyanların təmsil oluna biləcəyi sahədir. Biz isə bizdən fərqli düşünən hər kəsə bidətçi damğası vurmağa meyilliyik. Dünyanın ən böyük dözümlülük göstərən nümunələrindən biri Con Vesli idi. O, belə deyirdi: «Biz düşünürük və başqalarının düşünməsinə icazə veririk. Mənim fərqli düşünən insana etiraz etməyə haqqım yoxdur». Con Veslinin sevimli salamlaşma üsulu var idi: «Sənin də ürəyin mənimkindəndir? O zaman əlini uzat!» İnsanın özünün haqlı olduğuna əmin olması yaxşıdır, lakin bu ona hər kəsin səhv olduğunu düşünmək hüququnu vermir.
b) İmanlı Cəmiyyəti — bütün xalqların toplaşdığı bir padşahlıqdır. Bir dəfə yeni kilsə inşa edilirdi. Kilsənin mühüm xüsusiyyətlərindən biri pəncərələrdəki vitrajların21 rəngli olması idi. Müvafiq komitə vitrajlar üçün mövzu axtarırdı və nəhayət, himnin sətirlərində tapdı:
«Göylərdə minlərlə uşaq Allahın taxtının ətrafına toplaşıb».
Komitə vitrajların rəsmini yığmaq üçün böyük rəssamı dəvət etdi. Sənətçi işə başladı və işinə, sözün əsl mənasında, aşiq oldu. İş tamamlanandan sonra rəssam yatağına uzanıb, yuxuya getdi. Gecə vaxtı ona elə gəldi ki, onun emalatxanasından səs gəlir. Birdən orada çəkdiyi rəsmin üzərində boya ilə işləyən naməlum adam gördü.
Dayan! — rəssam qışqırdı, — sən rəsmimi korlayacaqsan.
Məncə, sən onu artıq korlamısan — deyə naməlum adam cavab verdi.
Necə yəni? — rəssam təəccübləndi.
Yəni sənin çoxlu boyaların var, sənsə uşaqların üzünü çəkəndə yalnız ağ rəngdən istifadə etmisən. Sənə kim dedi ki, cənnətdə ancaq ağ dərili uşaqlar var? — deyə yad adam soruşdu.
Heç kim — sənətçi cavab verdi.
Mən elə də bilirdim. Bax! Mən bəzi simaları sarı, bəzilərini qəhvəyi, bəzilərini qara, bəzilərini isə qırmızı edəcəyəm. Onların hamısı oradadır, çünki onlar çağırışıma cavab verdilər.
Çağırışına? — sənətçi təəccübləndi, — Sən kimsən?
Naməlum Şəxs gülümsədi:
Bir vaxtlar «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur» deyən Şəxsəm. Mən indi də bunu deyirəm.
Onda rəssam anladı ki, qarşısında dayanan Rəbbin Özüdür. Məsih həmin andaca rəssamın gözü önündə yoxa çıxdı. Üzərində qara, sarı, qırmızı, qəhvəyi və ağ simalı uşaqlar olan şəkil isə indi daha da gözəl görünürdü. Səhər yuxudan oyanan kimi, rəssam emalatxanasına qaçdı: şəkil əvvəlki kimi idi. Onda rəssam yuxu gördüyünü anladı. Baxmayaraq ki, həmin gün şəkli yoxlamaq üçün komitə gəlməli idi, rəssam fırçaları və boyaları tez götürüb, dünyada mövcud olan müxtəlif dərili və irqlərdən olan uşaqları çəkməyə başladı. Komitə üzvləri şəkili çox bəyəndilər, onlardan biri dedi: «Bəli! Doğrudan da, bu, cənnətdəki Allahın ailəsidir».
İmanlı Cəmiyyəti — Allahın ailəsidir; İsraildə xardal toxumu kiçikliyində başlayan cəmiyyətdə bu gün bütün xalqlar üçün yer var. Allahın Cəmiyyətində heç bir maneə yoxdur. Maneələri yaradan insanlardır, Allah isə Məsih vasitəsilə bütün maneələri məhv etdi.
33-34
Burada müdrik müəllim və müdrik şagirdin qısa, lakin aydın tərifi verilib. İsa Məsih təlimini Onu dinləyən insanların səviyyəsinə uyğun olaraq tədris edirdi. Bu isə hikmətli nəsihətin birinci xüsusiyyətidir. Müdrik müəllim nəyin bahasına olursa-olsun, iki təhlükədən qaçmalıdır.
a) Müdrik müəllim Özünü reklam etməkdən çəkinməlidir. O, dinləyicilərin diqqətini özünə deyil, mövzusuna yönəltməlidir. Özünü reklam etmək meyilliliyi — həqiqət hesabına təsir bağışlamaq istəyinə gətirib çıxara bilər. Müəllim ağıllı ifadələr axtarmağa başlaya və mövzunun özündən çox buna üstünlük verə bilər, yaxud şəxsi erudisiyasını22 nümayiş etdirmək istəyər, belə ki, sadə insanlar onu heç başa düşməzlər. Auditoriyanı elita ilə ələ keçirməkdə yaxşı heç nə yoxdur. Bir adamın dediyi kimi: «Əgər insan hədəfdən yuxarını vurursa, deməli, o, pis atıcıdır». Yaxşı müəllim özünü yox, fənnini sevir.
b) Müdrik müəllim üstünlük hissindən çəkinməlidir. Təlim insanlara nəsə öyrətməkdən ibarətdir, eyni zamanda dinləyicilərlə birlikdə öyrənməkdir. Yunan filosofu Platon hesab edirdi ki, öyrənmək — zehni və yaddaşı insanların artıq bildiklərindən azad etmək deməkdir. Kürsüdə oturub yuxarıdan aşağı danışan müəllim heç vaxt uğur qazanmaz. Həqiqi təlim — həqiqəti birlikdə kəşf etmək və onu bir yerdə mənimsəməkdən ibarətdir. Tədris — ağılların birgə kəşfidir. Müəllim olmaq istəyən şəxs aşağıdakı keyfiyyətlərə yiyələnməyə çalışmalıdır.
a) Müəllim anlayışlı olmalıdır. Bəzən mütəxəssis qeyri-mütəxəssisin müəyyən mövzunu niyə belə çətinliklə anladığını başa düşmür. Müəllim öz biliyini ötürməzdən və nəsə öyrətməzdən əvvəl, şagirdin gözü ilə görməyi, ağlı ilə düşünməyi bacarmalıdır.
b) Müəllim səbirli olmalıdır. Yəhudi ravvin Hillel deyirdi: «Əsəbi insan öyrədə bilməz». Hillel öyrədirdi ki, müəllimin ən mühüm keyfiyyəti müvazinətdir. Yəhudilər isə deyirdilər ki, əgər müəllim şagirdlərin materialı başa düşmədiyini görsə, onda qəzəblənmədən və qıcıqlanmadan yenidən öyrətməyə başlamalıdır. İsa da məhz belə edirdi.
c) Müəllim mehriban olmalıdır. Təhsili tənzimləyən yəhudi qaydaları şagirdlərin həddindən artıq cəzalandırılmasını və xüsusən də, onları alçaldacaq cəzaların tətbiqini qadağan edirdi. Müəllim şagirdini həmişə həvəsləndirməli və heç vaxt ruhdan salmamalıdır. Anna Buçan deyir ki, nənəsinin sevimli bir sözü var idi: «Heç vaxt gəncləri ruhdan salma və qorxutma». Müəllimin dilinin itiliyini şagirdlərinin hələ formalaşmamış zehninə qarşı istifadə etmək asandır. Müəllim tez-tez şagirdini öz istehzasının obyektinə çevirərək, onu məsxərəyə qoymaqla ucuz qələbəyə nail olmaq imtahanına düşür. Yaxşı müəllim heç vaxt belə etməz.
Burada həmçinin müdrik şagird, eləcə də İsanın hər şeyi tamlığı ilə izah edə biləcəyi kiçik bir dairə göstərilir.
a) Ağıllı şagird eşitdiyini unutmaq üçün yox, düşünmək üçün müəllimindən ayrılır. Öyrəndiklərini başa düşənə qədər «həzm edir». Yunan filosofu və müəllimi Epikteti bəzi tələbələri məyus edirdi. O deyirdi ki, fəlsəfə ondan danışmaq üçün yox, onunla yaşamaq üçün öyrədilir. O, kobud bir məcaz işlədirdi: qoyunlar çobana nə qədər ot yediklərini göstərmək üçün qusmur, yediklərindən yun və süd hasil etmək üçün həzm edir. Eləcə də müdrik şagird öyrəndiyini unutmaq və ya əldə etdiyi biliyi ilə lovğalanmaqdan ötrü yox, öyrəndiklərinin üzərində sakitcə düşünmək və həyatı üçün nə qədər əhəmiyyət kəsb etdiyini başa düşməkdən ötrü müəllimindən ayrılır.
b) Müdrik şagird daim müəllimin yanında olmağa çalışır. İsa sözünü bitirəndən sonra izdiham dağılırdı, lakin kiçik bir qrup Onun yanında qalırdı. O da hər şeyin mənasını onlara izah edirdi. Həqiqətən də, görkəmli müəllimdə bizi maraqlandıran təkcə onun tədrisi deyil, həm də özüdür. Onun təlimi nə dediklərində deyil, kimliyindədir. Məsihdən öyrənmək istəyən adam Onu izləməli və daim Onunla olmalıdır. Belə edən adam nəinki təlimi mənimsəyəcək, həm də həyatı da dərk edəcək.
35-41
Qalileya gölü fırtınaları ilə məşhur idi. Fırtına göldə qəflətən başlayır və çox vahiməli olurdu. Bir yazıçı bunu belə təsvir edir:
«Burada, adətən, aydın səma və suyun sakit səthində qəflətən dəhşətli fırtınalar tez-tez baş verir. Gölün üzərində şərqdə və şimal-şərqdə yüksələn çoxsaylı dərələr Havran zirvələrindən, Traxonitis yaylasından və Xermon dağından əsən küləklər üçün təhlükəli tələ rolunu oynayır. Həmin zirvələr arasında küləklər o qədər sıxılır ki, dərələrdən qoparaq qəflətən azadlığa qovuşur və Ginesar gölünü (Qalileya gölü) dəhşətli dərəcədə narahat edir. Gölü keçmək istəyən səyyah həmişə belə tufana düşə bilər. İsa Məsih qayıqda idi, Ona qonaqlara verilən xüsusi yer verilmişdi».
«Belə qayıqlarda, — ədəbi abidələrin birində oxuyuruq, — fəxri qonağa qayığın arxa tərəfində kiçik bir yer verilir, orada xalça və yastıq qoyulur. Sükançı da hər şeyi daha yaxşı görə bilsin deyə, qayığın arxa tərəfində, lakin bir qədər irəlidə, göyərtədə dayanır».
Maraqlıdır ki, İsa küləklə dalğalara Mark 1:25-də cinə tutulmuş insana dediyi eyni sözlərlə müraciət edir. Fırtınanın dağıdıcı gücü pis ruhun gücü kimi idi. Şagirdlər İsanın qayıqda onlarla olduğunu anlayanda, fırtına onlar üçün sakit havaya bərabər idi, ürəklərində isə sülh hökm sürürdü. Səyahət fırtınanın içində keçsə də, İsa ilə birlikdə sakit bir səyahətə çevrilirdi. Bu, böyük həqiqətdir. Fırtına hadisəsi yalnız bir dəfə baş verməyib, o, bu gün də baş verir və bizim başımıza da gələ bilər. İsa Məsih bizimlədirsə, onda həyatın ən şiddətli fırtınalarından belə rahat keçə bilərik.
1. İsa bizə kədər və qəm fırtınasında rahatlıq verir. Kədər gəlirsə, deməli, bizi gələcək həyatda izzət gözləyir. İsa ölümün qaranlığını əbədi həyat barədə şəfəq saçan düşüncəyə çevirir. İsa Məsih bizə Allahın məhəbbəti haqqında danışır.
Bir bağban haqqında köhnə hekayə var. Onun bağında çox sevdiyi məşhur gülü var idi. Günlərin bir günü bağban bağçaya gələndə görür ki, gül yoxdur. O, kədərdən qəzəbləndi və ağladı. Bu vaxt bağ sahibi ilə görüşdü, dərdini ona danışdı. «Sakit ol, — bağ sahibi dedi, — gülü mən özüm üçün dərmişəm». Biz yaxınlarımızı itirəndə və yas tutub ağlayanda, İsa Məsih bizə yaxınlarımızın Allahla birlikdə olduğunu söyləyir. O bizə çox sevdiyimiz və bir müddət ayrıldığımız insanlarla yenidən görüşə biləcəyimizə dair əminlik verir.
2. Həyat problemləri bizi şübhə və qeyri-müəyyənlik uçurumuna aparanda, İsa bizə rahatlıq verir. Elə vaxtlar olur ki, bundan sonra nə edəcəyimizi bilmirik. Hansı yolla gedəcəyimizi bilmədiyimiz üçün həyatın yolayrıcında dayanırıq. Əgər İsaya «Ya Rəbb, nə etməyimi istəyirsən?» deyə müraciət etsək, hansı yolla getmək lazım olduğunu aydın biləcəyik. Əslində, faciə nə edəcəyimizi bilməməyimizdə deyil, İsanın göstərişlərinə təvazökarlıqla əmək etməyə hazır olmamağımızdadır. Belə vaxtlarda rahatlıq tapmaq üçün Onun iradəsini axtarmaq və iradəsinə tabe olmaq lazımdır.
3. İsa bəla fırtınasının ortasında bizə rahatlıq verir. Narahatlıq — rahatlığın əsas düşmənidir. Biz özümüzə, bizə əziz olan insanlara, eləcə də gələcəklə bağlı qeyri-müəyyənliyə və bu kimi şeylərə görə narahat oluruq. Lakin İsa bizə Öz övladını əsassız yerə heç vaxt incitməyən Ata haqqında, həmçinin nə bizim, nə də yaxınlarımızın məhv edə bilməyəcəyi məhəbbət haqqında danışır. Narahatlıq fırtınasında O bizə Allahın məhəbbətinin sülhünü bəxş edir.